|

|

XIX əsrin 40-50ci illərində İranda yaranmış Bəhai Dini dünya dinləri
arasında ən cavanıdır. Tam müstəqil dini təlim olmasına baxmayaraq, onu
bəzən yalnış olaraq «islam təriqəti» və yaxud «islam daxilində
reformasiya hərəkatı» kimi təqdim edirlər.
Bəhai Dini
XIX əsrin ikinci yarısında İrandan Azərbaycan, Türkiyə, Orta Asiya,
Rusiya, Avropa və Şimali Amerikaya, XX əsrin 30-50-ci illərində isə
Cənubi Amerika, Afrika, Avstraliya və Okeaniya adalarına yayılaraq,
hazırda onun dünyanın 235 ölkəsində 6 milyondan çox ardıcılı vardır. Bu
dini qəbul etmiş millətlərin, xalqların və etnik qrupların sayı 2100
keçmiş, Bəhai Dini ədəbiyyatı 802 dilə tərcümə edilmişdir.
Bəhailər vahid beynəlxalq təşkilatda – Bəhailərin Beynəlxalq Birliyində
birləşmişdir. Bu Beynəlxalq Dini Qurumun Ali Ruhani və İnzibati orqanı,
«Allahın Uca Ədalət Evi» və Müqəddəs ziyarətgahları İsrailin Xayfa və
Əkka şəhərlərində yerləşmişdir.
Bəhailərin beynəlxalq Birliyi
– planetimizdə sülhü, qlobal ekologiyanı və insan haqlarını qorumaq, xalqların
iqtisadi, sosial və mədəni inkişafına nail olmaq yollarında BMT-nin bir sıra
orqanları – EKOSOS, YUNİSEF, YUNEP ilə əməkdaşlıq edir. Birlik hər il planetimizin
müxtəlif yerlərində təhsil, səhiyyə, ekologiya, insan hüquqları sahəsində 1500-ə
qədər Layihə həyata keçirir. ABŞ, Kanada, Avstraliya və bəzi Avropa, Asiya və
Afrika ölkələrində Bəhai İcmaları nüfuzlu dini azlıq sayılırlar.
Bəhai dininin tarixi, Hz.
Bab, Hz. Bəhaullah və Hz. Əbdül-Bəha dövrünün dramatik hadisələrlə dolu ilkin
çağları barədə bir çox kitablar yazılmışdır. Bizim elektron kitabxabamızdada
bu kitablardan bəzilərinin azəri dilinə tərcüməsi var:
1. Nəbil Zərəndi. Dan
yerinin şəfəqləri.
2. Con Esslemont. Bəhaullah və Yeni
Era.
***
XIX əsrin əvvəllərində İran ölkəsinin insanları min il əvvəl qeybə
çəkilmiş On ikinci imam Mehdi Sahib-əz-Zamanın (Qaimin) tezliklə zühur
edəcəyini
gözləyirdilər. İnanırdılar ki, O, əvvəlki görkəmində qayıdacaq, özünü
Ali hökmdar elan edəcək, Yerdə zülmün kökünü kəsib, ədaləti bərpa
edəcəkdir. Mehdinin yaxın günlərdə zühur etməsinə inam şeyxilər
təriqətində daha güclü idi. Təriqətin lideri Şeyx Əhməd Əhsainin
nəzərincə, Mehdinin hakimiyyəti mistik xarakterli olacaqdır. Onun
şöhrəti dünyəvi deyil, ruhani səciyyə daşıyacaqdır. Onun qələbələri
insan qəlblərinin qalalarını fəth etməkdən ibarət olacaqdır. Müsəlmanlar
İlahi Zühurun 1260-cı ildə (yəni 1844-cü il) baş verəcəyini
gözləyirdilər. Çünki imam Həzrət Əlinin (ə.s.) dilindən nəql olunan
hədisdə deyilirdi ki, «Ağac ilində (1260) İlahinin doğru yol göstərən
ağacı dünyaya gələcəkdir». İmam Cəfər Sadiq (ə.s.) də Mehdi barədə
demişdir: «60-cı illərdə Onun fəaliyyəti üzə çıxacaq və adı tez-tez
xatırlanacaq».
Həmin illər Xristian dünyasında da insanlar həyacan içində idi: Asiyada
Yozef Volf, İngiltərədə Edvard İrvinq, Pensilvaniyada Uilyam Miller,
Almaniyada Leonard Kolber bir-birilərindən xəbərsiz – Tövrat və İncil
yazılarının tədqiqi əsasında 1844-cü ildə (1260) İsa Məsihin ikinci
zühurunun baş verəcəyini söyləyirdilər.
U.
A. Spayser «Müasirlik peyğəmbərliklər işığında» kitabında yazırdı:
«Müqəddəs Yazıların tədqiqatçıları ümumi bir rəyə gəliblər ki, Daniyel
Peyğəmbərin bəşəriyyət üçün təyin etdiyi 2300 il sona çatır və orada
1844-cü il Qiyamət Günü kimi göstərilmişdir».
Bəhai Dini 1844-cü il mayın 23-də Həzrət Bab (ərəbcə «qapı» deməkdir)
İranın Şiraz şəhərində Öz İlahi Missiyasını elan etdiyi gün nazil olmuşdur. O
bildirir ki, gəlişində əsas məqsəd insanları Müqəddəs Kitablarda vəd
olunmuş və zamanın sonunda Zühür edəcək kəsin gəlişilə mücdələmək və
onları bu fövqaladə hadisəyə hazırlamaqdır. O yazırdı: «Mən ancaq bu
Qüdrətli kitabın hərfiyəm və bu hüdüdsuz dəryanın damlasıyam. O zühur
edəndə Mənim əsl təbiətim, Mənim sirlərim, müammalarım və eyhamlarım
aşkar və anlaşılan olacaqdır...»
Şeyxi təriqətinin 18 nəfər üzvü Həzrət Baba iman gətirərək, Yeni Dinin
mücdəsini insanlara çatdırmaq üçün İranın şəhər və kəndlərinə
səpələnirlər. Həzrət Babın mənəvi dirçəlişə, xurafatdan, mövhumatdan
uzaqlaşmağa, ədalətə və qardaşlığa, qadınların əsarətdən azad edilməsinə
dair alovlu çağırışları İranda Yaxın və Orta Şərqi lərzəyə gətirən
babilər hərəkatına səbəb olur (bax: Nəbil Zərəndi,
Dan
yerinin şəfəqləri).
Bir sıra Qərb tədqiqatçılarının etirafına görə Həzrət Babın sosial
ideyaları öz qabaqçıllığına görə XIX əsr Avropa ictimai fikrini
dəfələrlə arxada qoyurdu (bax: Fransa səfirliyinin məmuru L. M. Nikola
və Avstriyanın hərbi atteşesi Alfred fon Qumensin əsərləri). Babilər
hərəkatının geniş vüsət almasından qorxuya düşmüş şah hökuməti və
ruhanilər həzrət Babı məhv etmək qərarını verirlər. Həzrət
Bab Təbrizə
gətirilir və 1850-ci il iyulun 9-da camaat qarşısında edam edilir.
Hökumət qoşunları 150 min insanı qətlə yetirdikdən, işgəncə və olmazın
əzablara məruz qoyduqdan sonra Babilər hərəkatı yatırılır.
***
Azərbaycanda bu
hərəkata Həzrət Babın ən yaxın ardıcılı, Azərbaycanın görkəmli şairə qadını
Tahirə Qürrətüleyn başçılıq edirdi. Tahirə xanım Həzrət
Babın gətirdiyi Yeni İlahi qaydalara uyğun olaraq İslam şərqində çadrasını atmış
ilk müsəlman qadını idi. (bax: Ə. Cəfərzadə «Azərbaycanın aşıq və şair qadınları»,
Bakı, «Gənclik» nəşriyyatı, 1991; Ə. Cəfərzadə «Zərintac Tahirə», Bakı, Göytürk,
1996). Hərəkat yatırılarkən Tahirə Qürrətüleyn xüsusi qəddarlıqla qətlə
yetirilmişdir.
Zəncanda
1850-ci il babi üsyanı zamanı üsyançılar arasında Zeynəb adlı çox gənc
azərbaycanlı qız da olmuşdur. Tarix elmləri doktoru, professor Zülfəli
İbrahimov bu qəhrəman qız haqqında yazmışdır: «Son dərəcə şücaətli
olduğuna görə zəncanlılar bu qıza «Şahnamə»nin qəhrəmanı Rüstəmin adını
vermişdi. Xalq ona Rüstəmə deyirdi». Başqa tədqiqatçı, tarix elmləri
doktoru, professor Sabir Gəncəli yazır: «Şah qoşunları dəfələrlə hücum
edib, Rüstəmənin müdafiə etdiyi istehkamı tutmağa cəhd göstərmişdilərsə də
buna müvəffəq ola bilməmişdilər. Rüstəmə döyüşdə deyil, yatdığı yerdə
cəsus əliylə öldürülmüşdür».
İllər keçəcək və təqribən 70 il sonra Sovet hakimiyyəti dövründə çadranı
atmaq və qadın azadlığı Azərbaycanda kütləvi hərakata çevriləcək, bu
hərakat 30-40-cı illərdə Türkiyə və Orta Asiyaya, 50-ci və sonrakı
illərdə İslam Şərqinin bir sıra ölkələrinə yayılacaqdır. Bakı
meydanlarının birində ucaldılmış çadrasını atan «Azad qadın» heykəli
Azərbaycan bəhailəri üçün Tahirə Qürrətüleyn və Zeynəbin daşa dönmüş
arzuları idi.
Həmin vaxtlarda babilik hərəkatı Şimali Azərbaycanda da öz ardıcıllarını
tapırdı. Həzrət Bab öz missiyasını e’lan etdiyi vaxt onun şagirdlərindən
biri Molla Sadıq Vənəndli Ordubadın Vənənd kəndinin və ətraf kəndlərin
adamlarını öz ətrafına toplayaraq bu təlimi onlara çatdırır. Qısa vaxt
ərzində bütün Naxçıvan və Zəngəzur mahalında on min nəfərə qədər onun
tərəfdarı yaranır. Rus hökuməti general Behbudovu beş min nəfərlik ordu
ilə Molla Sadiq Vənəndliyə qarşı göndərir. O zaman artıq həkimiyyətdən
salınmış Naxçıvan xanı və onun naibi Şeyxəli bəy də bu təlimin
tərəfdarlarından idilər (bax: M. S. Ordubadi «Həyatım və mühitim»,
Azərnəşr, Bakı, 1996).
İranda babilik hərəkatı yatırılan zaman hərəkatın fəal üzvi Mirzə Hüseyn
Əli – Bəhaullah (ərəbcə – «Allahın Nuru») Osmanlı dövlətinin ərazisinə
sürgün olunur. Həzrət Bəhaullah 1863-cü il aprelin 21-də Bağdad
şəhərində özünü Həzrət Babın öncədən mücdələdiyi İlahi Zühür elan edir
və bəşəriyyətə Allahdan Yeni İlahi Təlimin (Dinin) Nazil olduğunu
bildirir.
O,
bəyan edir ki, Onun gəlişilə Yerdə Əbədi Sülh Erası qurulacaq. Bu Yeni
Erada bəşəriyyət vahid Vətəndə, Dinlər vahid Dində birləşəcək,
planetimizdə ədalət, əmin-amanlıq, qardaşlıq bərqərar olacaq,
mövhumatların, xurafatların, zülmün kökü kəsiləcək, qadın və kişi
huquqları bərabərləşəcək, elmlə din harmoniya əldə edəcək, bəşəriyyət
yaxın min ildə qüdrətli inkişafa nail olacaqdır.
Həzrət Bəhaullahın Bağdaddakı fəaliyyətindən narahat olan İran şahı
Osmanlı hökmdarına müraciət edir. Sultanın göstərişi ilə Həzrət
Bəhaullah Bağdaddan uzaqlaşdırılıraq İstambula, oradan Ədirnəyə, sonra
Əkka şəhərinə (Fələstinə) gətiriləcək həbsxanaya salınır. Rəsmən iki
hökmdarın – Türkiyə sultanının və İran şahının məhbusu olduğu halda, O,
həbsxanadan Fransa imperatoru III Napoleona, rus imperatoru I
Aleksandra, Alman kayzeri Vilhemə, Avstriya imperatoru Frans İosifə,
İngiltərə kraliçası Viktoriyaya, Türkiyə sultanına və İran şahına
məktub göndərərək, onlardan Missiyasını tanımağı tövsiyə edir.
Həzrət Bəhaullah Xristian Dini ruhani başçılarına, o cümlədən Roma
papası IX Piyə müraciət edərək bildirir ki, Məsih Onun şəxsində Zühür
etmiş və O, insanların mənəvi cəhətdən təmizlənməsi üçün qanunlar
gətirmişdir.
Həzrət Bəhaullah 40 il məhbəs və sürgün həyatını yaşadıqdan sonra
1892-ci ildə dünyasını dəyişir. Ölümdən əvvəl böyük oğlu Əbdülbəha
Abbası (1844-1921) Əmrin Mərkəzi və Bəhai Yazılarının səvhsiz və
qüsursuz şərhçisi təyin edir. Əbdülbəha Abbasın rəhbərliyi dövründə
Bəhai Dini dünyanın 37 ölkəsinə yayılır və icmalarda Bəhai inzibati
quruluşunun özülü – Yerli Şuraların (Məhfillərin) yaradılmasına
başlanılır.
XIX əsrin ikinci yarısında Bəhai İcmaları Şimali Azərbaycanın Bakı,
Balaxanı, Gəncə, Bərdə, Şəki və digər yerlərində fəaliyyt göstərirdi.
Qeyd edək Bakı
və Balaxanı İcmaları, ümumiyyətlə, dünyanın ən qədim Bəhai İcmalarından
hesab olunurlar. 1860-70-ci illərdə Bakı İcmasının yaradılmasında
Azərbaycanın xalq şairi Mikayıl Müşfiqin babası Xızılı Mirzə Əbdülqədir
İsmayılzadə böyük rol oynamışdır. Artıq 80-cı illərin əvvəllərində bu
icmalarda yüzlərlə insan var idi. Bakı İcmasının arxivində həmin İcmanın
adına 1887-ci ildə alınmış Çadrovu küçəsi (indiki Mirzağa Əliyev) 216
nömrəli evin mülkiyyət hüququna dair sənəd vardır.
Bəhai İcmaları Azərbaycanda
yaranan gündən hər cür dini fanatizmi, mövhumat və cəhaləti pisləmiş, maarifçiliyi,
uşaqlara, xüsusən də qızlara dünyəvi təhsilin verilməsini, qadınların cəmiyyətdə
və ailədə hüquqlarının qorunmasını təbliğ etmiş, dinlər və xalqlar arası dialoq
və əməkdaşlığa can atmışlar. Respublikamızda çox az adam bilir ki, ilk dəfə
azərbaycanlı qızlara təhsil verilməsi
bəhailər tərəfindən edilmişdir. Bu cür fəaliyyətlər fanatik ruhanilərin xoşuna
gəlməmiş, nəticədə Bakı, Mərdəkan, Balaxanı, Bərdə və Şamaxıda bəhailərə qarşı
ciddi təzyiqlər olmuşdur. Mərdəkan məscidinin axundu İbrahimxəlil biləndə ki,
yeganə oğlu Molla Sadiq Bəhai Dinini qəbul edib və onun ən fəal təbliğatçısı
olub, qəzəblənərək onun ölümünə fitva verir. 1901-ci ildə Bakı qoçuları Molla
Sadiqi neft quyusuna ataraq qətlə yetirirlər. Hazırda şəhid Molla Sadiqin qəbri
Mərdəkan qəbirstanlığındadır (bax: Əzizə Cəfərzadə, «İşığa doru», Bakı, Şirvannəşr,
1998).
Bəhai Dini təliminin
fərdlərə, cəmiyyətə və bütövlükdə bəşəriyyətə təklif etdiyi sosial tərəqqi və
maarifçilik yolu Azərbaycanın bir çox görkəmli şəxslərinin diqqətini özünə cəlb
etmiş, onların hörmət və rəğbətini qazanmışdır. Azərbaycanın maarifpərvər şairi
Seyid Əzim Şirvani (1835-1888) bəzi yazılarında Bəhai Dini təliminə öz rəğbətini
bildirmişdir. Digər görkəmli maarifçi şair Mirzə Ələkbər Sabir (1862-1911) Balaxanı
Bəhai Dini İcması ilə sıx əlaqədə olmuş, bir müddət İcmanın maddi və mənivi
dəstəyini almışdır. Şair İcmanın üzvi – Kərbəlai İbrahimlə daha yaxın dostluq
münasibətləri saxlamış, bir müddət onun evində yaşamışdır. Kərbəlai İbrahimin
yaxın qohumu 70 yaşlı Mərziyyə Rzayevanın (hazırda Bakı şəhərinin sakini, təqaüdçü)
dediklərinə görə M. Ə. Sabir Balaxanıda yaşadığı dövrlərdə İcmanın bəzi tədbirlərində
qonaq kimi iştirak etmişdir. Lakin şairin Bəhai Dinini qəbul etməsi haqqında
rəsmi sənəd olmadığından (arxiv materiallarda bu haqda məlumat yoxdur), onun
bu Dini təlimə mənsubiyyəti haqqında danışmaq bir qədər çətindir. Lakin şairin
«Əhvalpürsanlıq yaxud qonuşma» satirik şerində onun Babilərə rəğbəti duyulur.
Azərbaycan xalqının maariflənməsində, mədəniyyətinin inkişafında mesenat
kimi xidmətlər göstərmiş milyonçu Musa Nağıyev (1849-1919) və xalq şairi
Əliağa Vahidin müəllimi, Qafqaz türkləri arasında «ustad şair» kimi
tanınmış Əbdülxaliq Yusifzadə də Bakı Bəhai Dini İcmasının üzvləri
olmuşlar. Musa Nağıyev uzun illir Bakı Ruhani Məhfilinin (Şurasının)
üzvi kimi də fəaliyyət göstərmişdir. Milyonçunun şəxsi nüfuzu bəhailərə
qarşı açıq təzyiqlərin qarşısının alınmasında xüsusi rol oynamışdır.
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, bir sıra tarixi və
fəlsəfi mahiyyətli əsərlərin müəllifi Hüseyn Cavid (1884-1941) bəzi
məlumatlara görə Almaniyada olan zaman Bəhai Dinini qəbul etmiş, bu
təlimin maarifçilik, humanizm, tərəqqipərvər ideyalarını öz əsərlərində
əks etdirmişdir. Professor Rafael Hüseynov Hüseyn Cavidin həyatına həsr
etdiyi tədqiqat əsəri, «Vaxtdan uca» kitabında qeyd edir ki, H. Cavid öz
dostları ilə görüşərkən onları bəhailərə məxsus tərzdə «Allah-u-Əbha»
(yəni Allah Nurluların Nurlusudur) deyə salamlayırmış. H. Cavidin oğlu
Ərtoğrul Bəhai gəncləri ilə, xüsusən də Ətaullah Qasımovla (1938-ci ildə
represiyaya məruz qalmış bəhai Fərəc Qasımovun oğlu) yaxın dostluq
əlaqələri saxlamışdır.
Azərbaycanda opera sənətinin banisi, akademik Üzeyir Hacıbəyov
(1885-1948) özünün publisistik məqalələrinin birində Bəhai Dini
ardıcıllarının mütərəqqi maarifçilik meyllərindən danışır.
Sovet hakimiyyəti dövründə, 20-ci illərin sonu, 30-cu illərin
əvvəllərində bəhailərə qarşı güclü ideoloji təzyiq kampaniyası başlayır.
Həmin dövrün mərkəzi və yerli
qəzetlərində rus və azərbaycan dillərində sifarişli
məqalələr çıxır, ayrı-ayrı «tədqiqatçıların», «elmi» əsərləri dərc
olunur. Həmin yazılarda bəhailər «dünya imperializminin cəsusları» elan
edilirlər. Cəmiyyətdə bəhailərə qarşı «zəhərləmə» kampaniyası aparılır.
İdeoloji təzyiqlər
1937-ci ildə özünün kulminasiya nöqtəsinə çatır və açıq təqiblərə
çevrilir. 1937-1938 –ci illər ərzində bütün Azərbaycanı həbslər və
sürgünlər dalğası bürüyür. Naxçıvan, Bərdə, Şəki, Sabirabad, Səlyan, və
digər icmalar demək olar ki, dağıdılır. Bakı, Balaxanı, Gəncə icmaları
ciddi itkilər versə də, onları dağıtmaq mümkün olmur. NKVD-nin qısa
araşdırmalarından sonra 38 nəfərə ölüm hökmü çıxarılır. 1938-ci ilin
oktyabrında Bakı Bəhai İcmasının binası (Çadrovı küçəsi, 216) dövlət
tərəfindən müsadirə edilir. Təqiblər 1949-cu ilə kimi davam
etdirilmişdir.
1956-cı ildə SSRİ-də siyasi abı-havanın yumşalmasına baxmayaraq,
icmaların bərpası qeyri-mümkün şəraitdə idi. İcma üzvləri müxtəlif
mənzillərdə on-on iki nəfərlik qruplar şəklində görüşmək məcburiyyətində
idilər. Yerli Ruhani Məhfil (Şura) seçki yolu ilə deyil, qrupdakı
təkliflər əsasında seçilirdi, Məhfil üzvlərinin sayı doqquz deyil, 5-6
nəfər ilə məhdudlaşırdı. Xaricdəki dindaşlarla əlaqə yalnız 60-cı
illərdə mümkün oldu. O da təsadüfi xarakter daşıyırdı. Bayramlar, süud
və mövlud günləri çox konspirativ şəkildə keçirilirdi.
Andropovun qısa hakimiyyəti dövründə, 1982-ci ilin noyabrında KQB-nin
xüsusi qrupu Bakı şəhərində əməliyyat keçirərək, İcmanın üzvləri
İsmullah Qasımovu, Səriyyə Əsədovanı və İzzəddin Əyyubovu bir günlük
həbsə məruz qoyur və onlar 7 saat ərzində ağır psixoloji təzyiq altında
dindirilirlər. İcma üzvlərinə bir yerə yığılmaq, hətta telefonla
bir-birilərini «Allah-u-Əbha» kəlməsi ilə salamlamaq qadağan edilir. Bu
qadağalar yalnız 1987-ci ildə götürülür. 1988-ci ildən etibarən Bəhai
İcması açıq fəaliyyətə keçir. 1989-cu ildə dövlətlə münasibətlər bərpa
olunur. 1990-cı ildə Bakı Ruhani Məhfilinə, 1992-ci ildə isə Azərbaycan
Milli Ruhani Məhfilinə açıq seçkilər keçirilir.
Bu dövrdə icmanın fəaliyyəti üçün əlverişli
şəraitlər yarandı. Bir sıra tədbirlər – bayramlar, konfranslar artıq açıq
şəkildə həyata keçirilir, bəzi sosial-iqtisadi layihələr ictimai əlaqələr xətti
ilə aparılan işlər icmanın Azərbaycan cəmiyyətində tanınmasına imkan verirdi. 1993-cü ildə Əmrin Əli,
Ruhiyyə xanım Rəbbaninin Azərbaycana səfəri,
onun bir sıra rəsmi dövlət adamları ilə keçirdiyi görüşlər, həmçinin Bakı Dövlət
Universiteti tələbələri qarşısında etdiyi çıxışları Bakı icmasının həyatında ən
əlamətdar hadisələrdən biri idi.
Dördillik Plan ərzində Azərbaycanda Ə.Naxçıvani
adına İnstitut Şurasının yaradılması, “Ruhi” və uşaq əxlaq dərslərinin təşkili,
fərdi və kollektiv təbliğ kampaniyaları Bakı və Sumqayıt icmalarında həm
fərdlərin, həm də təsisatların fəallığını artıraraq, onların canlanmasına və
həmin icmaların keyfiyyətcə inkişafına səbəb oldu. Bu da həmin icmaların
Beşillik Plan dövrünə daha mütəşəkkil formada daxil olmasına şərait yaratdı.
Son illər Azərbaycan cəmiyyətində Bəhai dininə
marağın artması və ona qarşı münasibətin yaxşılaşması müşahidə olunur.
1995-2002-ci illər ərzində qəzet və jurnallarda Bəhai dini haqqında müxtəlif
səpgidə məqalələr çıxmıç, icmanın nümayəndələri dövlət və qeyri-dövlət
qurmlarının təşkil etdiyi din, sülh, terrorizm və digər ictimai problemlərə həsr
olunmuş konfrans, seminar və digər yığıncaqlara dəvət olunmuşlar.
1990-cı ildə Gəncə, Balaxanı, sonrakı illər Sumqayıt, Naxçıvan,
Bakıxanov, Səlyan İcmaları bərpa olunur. Onların bəzilərində Yerli
Məhfillər yaradılır. Hazırda bəhailər Respublikamızın 18 yaşayış
məntəqəsində yaşayır. Onların yalnız 9-da icmalar vardır. Qalan yerlərdə
bəhailər ailə və ayrı-ayrı fərdlərdən ibarətdir. Bakı İcması 1993-cü
ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınır. 2001-ci ildə
DQİDK-də təkrar qeydiyyata götürülür. 2002-ci ildə Sumqayıt İcması
dövlət qeydiyyatına alınmaqla Azərbaycan Bəhai İcmasının dövlətlə
münasibətlərində yeni mərhələyə qədəm qoymuşdur.
Bakı və Sumqayıt
icmalarının nümayəndələri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
ilə əməkdaşlıq edir və icmalar tərəfindən qaldırılmış
zəruri məsələlərin müsbət həllinə
gələ bilirlər.
|
 |