|

|
Epistle to the Son of the Wolf
- by Baha’u’llah
İsfahanli
müjtəhid
Şeyx
Məhəmməd Tağıya
ünvanlanmış Mübarək
Lövhə
I. Qurdun oğluna məktub
II.
Akkanın
məqamı barədə
III.
Qeydlər
Bənzərsiz, Vahid, Qüdrətli, hər şeyi Bilən və Hikmət Sahibi olan Allahın adı
ilə!
əmd olsun Allaha – fani olmayan Əbədiyə, zavala uğramayan Daimiyə, dəyişməz Qaimə
ki, Öz qüdrəti ilə hər şeydən üstündür, Öz əlamətləri ilə aşkar və Öz sirləri
ilə gizlidir. O Öz əmri ilə Uca Sözün bayrağını məxluqat aləmində ucaltdı və «O
nə istəyirsə, edir» bayrağını kainata sancdı. O, o kəsdir ki, xalqı hidayət
etmək üçün Öz əmrini zahir etdi, Öz dəlilini və sübutunu aşkara çıxarmaqdan ötrü
ayələrini nazil etdi, insan kitabının
müqəddiməsini bəyan ilə bəzəyərək, dedi: «Rəhman Quranı öyrətdi, insanı
yaratdı, ona danışmağı öyrətdi»[1]. Ondan başqa Allah yoxdur,
O – Bənzərsiz, Vahid, Qüdrətli, Qüvvətli və Kəramətlidir.
Səxavət səmasının üfüqündən parlayan nur və
Adlar səltənətinin Sahibi olan Allahın İradə şəfəqindən saçılan xeyir-dua Ən
Böyük Vasitəçiyə və Ən Uca Qələmə nəsib olsun ki, Allah Onu ən gözəl adların
məzhəri və ən uca sifətlərin məşriqi etdi. Və Onun sayəsində aləmin üfüqündən
tövhid nuru parladı, insanlar arasında birlik hökmü verildi. Bununla da insanlar
nurlu çöhrələrlə Uca Üfüqə üz tutdular və Bəyan dilinin irfan səltənətində
dediklərini təsdiq etdilər: «Mülk və Mələkut, Əzəmət və Cəbərut aləmləri
Qüdrətli, Qüvvətli və Mərhəmətli Allaha məxsusdur».
Ey görkəmli alim, bu Məzlumun sədasını eşit!
Həqiqətən, o sənə Allah xatirinə nəsihət verir və bütün hallarda səni Allaha
yaxınlaşdıracaq şeylərdən söz açır. Şübhəsiz, O – Ehtiyacsız və Ucadır. Bil ki,
insanların qulaqları bütün Kitablarda, Yazılarda və Lövhələrdə xatırlanan bu
Gündəki sədanı eşitmək üçün yaradılmışdar. Əvvəlcə öz qəlbini təmənnasızlıq suyu
ilə paklaşdır, başını təqva çələngi ilə, vücüdunu isə Allaha təvəkkül zinəti ilə bəzə. Sonra yerindən qalxıb üzünü Əzəl Hökmdarının
hökmü ilə bütün aləm əhlinin ətrafına toplaşacağı Əzəmətli Evə tut və de:
«Allahım, ey Mənim Allahım, Məqsudum, Məbudum,
Ağam, Rəhbərim, mənim son İstəyim və Ümidim! Görürsən ki, mən üzümü Sənə
çevirmişəm, Sənin səxavətinin ipindən yapışmışam, Sənin Kəramətinin ətəyindən
tutmuşam, Sənin Özünün müqəddəsliyini və Zatının paklığını etiraf etmişəm, Sənin
Birliyini və Bənzərsizliyini təsdiq etmişəm. Şəhadət verirəm ki, Sən –
Bənzərsiz, Vahid, Yeganə və Əbədisən! Sən mülk aləmində Özünə şərik tutmamısan
və yer üzündə özünə bənzərini yaratmamısan. Odur ki, bütün yaranmışlar Sənin
Əzəmət Dilinin onları yaratmazdan əvvəl söylədiklərinə şəhadət verir:
«Həqiqətən, Sən – Allahsan və Səndən başqa Allah yoxdur!» Sən əzəldən Öz
bəndələrinin zikrindən ucasan və Öz məxluqatının vəsfindən üstünsən. Ya Rəbb,
görürsən ki, cahil Sənin elm dəryanı, susuz Sənin bəyan kövsərini, zəlil Sənin
şərəf çadrını, yoxsul Sənin sərvət xəzinəni, sualı olan Sənin hikmət məşriqini,
zəif Sənin qüdrət şəfəqini, miskin Sənin səxavət səmanı və lal Sənin zikr
səltənətini axtarır.
Ey mənim Allahım və Sultanım, şəhadət verirəm
ki, Sən məni zikrin və tərifin üçün, Sənin Əmrinə kömək etmək üçün yaratdın, mən
isə Sənin düşmənlərinə kömək etdim; o kəslərə ki, onlar Sənin Əhdini pozdular;
Sənin kitabını bir kənara atdılar, Səni və Sənin əlamətlərini inkar etdilər.
Aman, aman mənim qəflət və xəcalətimdən, mənim xəta və ədalətsizliyimdən ki,
məni Sənin Birlik dəryanın dərinliklərinə və Mərhəmət dənizinin ənginliklərinə
varid olmağa qoymadılar. Aman, aman və yenə də aman, aman mənim bəd halımdan və
böyük günahımdan! Ey mənim Allahım, Sən məni Kəlamını ucaltmaq və Sənin Əmrini
izhar etmək üçün vücuda gətirdin, lakin qəflətim mənə mane oldu və məni elə
bürüdü ki, mən Sənin nişanələrini məhv etmək, Sənin dostlarının, Sənin
əlamətlərinin şəfəqlərinin, Sənin vəhyinin məşriqlərinin və Sənin sirlərinin
xəzinələrinin qanını tökmək üçün ayağa qalxdım.
Ya Rəbb, ya Rəbb, ya Rəbb, ya Rəbb, ya Rəbb,
ya Rəbb, ya Rəbb, ya Rəbb, ya Rəbb! Şəhadət verirəm ki, mən öz zülmümlə Sənin
ədalət ağacının meyvələrini yerə tökdüm və öz günahımın alovu ilə məxluqatından
Sənə yaxın olan kəslərin ürəklərinə od vurdum və bəndələrindən Sənə sadiq olan
şəxslərin ciyərlərini yandırdım. Aman, aman mənim qəddarlığımdan; aman, aman
mənim zülmümdən! Aman, aman mənim uzaqlığımdan, qəflətimdən, cəhalətimdən,
zillətimdən, inkar və etirazımdan! Neçə-neçə günlərdə Sən öz bəndələrinə və
dostlarına məni qorumağı əmr etdin, mən isə onları Sənə və Sənin etibarlı
kəslərinə zərər yetirməyə təhrik etdim. Neçə-neçə gecələrdə Sən Öz mərhəmətin
sayəsində məni xatırladın və məni Öz yoluna hidayət etdin, mən isə Səndən və
Sənin əlamətlərindən üz döndərdim. And olsun şərəfinə, ey tövhid əhlinin istəyi
və dünyadan əlini üzənlərin könüllərinin arzusu, mən özümə Səndən başqa
yardımcı, Səndən savayı hökmdar, pənah və sığınacaq tapmadım! Ah, ah, Səndən üz
döndərməklə mən həya örtüyümü yandırdım, Sənə etiraz etməklə öz ləyaqət pərdəmi
cırdım. Kaş mən yerə girəydim və mənim bəd əməllərim Sənin bəndələrin arasında
aşkara çıxmayaydı! Ya Rəbb, görürsən ki, bu günahkar Sənin əfv və əta şəfəqinə
üz tutub, bu zülm dağı Sənin mərhəmət və şəfqət səmanı arzulayır. Ah, ah, mənim
böyük günahlarım Sənin mərhəmət büsatına yaxınlaşmağıma mane oldu və mənim
hədsiz xətalarım Sənə yaxınlıq məkanından məni uzaq saldı. Mən o kəsəm ki, Sənin
yanında həddini aşdı, Sənin Əhd və Misaqını pozdu və elə işlər tutdu ki, Sənin
ədalət şəhərinin sakinləri və ölkələrində olan fəzilətinin şəfəqləri onları
görüb göz yaşı tökdü. Ey mənim Allahım, şəhadət verirəm ki, mən Sənin
əmrlərindən boyun qaçırıb öz nəfsimin göstərişlərinə tabe oldum, Sənin
Kitabındakı hökmləri atıb öz ehtirasımın kitabından yapışdım. Ah, ah, mənim
zülmüm nə qədər artdısa, Sənin mənə mehribanlığın bir o qədər artdı; mənim
günahlarımın alovu nə qədər şölələndisə, Sən öz fəzlin və mərhəmətinlə onları
gizlətdin. And olsun qüdrətinə, ey aləmin Məqsudu və insanların Məhbubu, Sənin
səbrin məni cəsarətləndirdi və Sənin dözümün məni cürətləndirdi. Ey mənim
Allahım, görürsən ki, mən xəcalətimdən göz yaşı tökür və qəflətimdən nalə
çəkirəm. And olsun əzəmətinə, mən özümə Sənin səxavət sarayının gölgəsindən
başqa bir məskən və Sənin mərhəmət qübbənin altından özgə bir sığınacaq
tapmadım! Görürsən ki, mən Sənin: «Ümidsiz olmayın!» sözlərini eşitdikdən sonra
da məyusluq və ümidsizlik dəryasına qərq olmuşam. And olsun qüdrətinə, mənim
zülmüm ümidimin ipini qırdı və mənim günahlarım Sənin ədalət kürsünün qarşısında
üzümü qara etdi. Ya Rəbb, görürsən ki, bu atılmış meyid Sənin səxavət qapında
dayanıb və utancaq halda Sənin fəzilət əlindən Əfv kövsərini diləyir. Sən mənə
dil verdin ki, Səni zikr və tərif eyləyim, amma mən elə şeylər danışdım ki,
onlar Sənin seçilmişlərindən Sənə yaxın olan kəslərin ciyərlərini yandırdı və
Sənin müqəddəs məkanlarının sakinlərindən Sənə sadiq olan şəxslərin ürəklərinə
od saldı. Sən mənə göz verdin ki, Sənin əlamətlərini müşahidə edim, Sənin
ayələrini və yaradıcılığının təzahürlərini görüm, amma mən Sənin istədiklərini
bir kənara atıb elə işlər tutdum ki, Sənin sədaqətli məxluqların və təmənnasız
bəndələrin onları görüb fəryad eylədi. Sən mənə qulaq verdin ki, Sənin zikr və
tərifini, Sənin səxavət səmandan və iradə asimanından nazil olanları eşidim.
Amma ah, ah, mən Sənin əmrindən boyun qaçırdım və bəndələrinə Sənin etibar
etdiyin kəsləri və Sənin dostlarını incitməyi əmr etdim. Və Sənin ədalət
kürsünün qarşısında elə hərəkət etdim ki, Sənin məmləkətində olan tövhid əhli və
sadiqlər bunu görüb nalə çəkdi. Ey Mənim Allahım, bilmirəm Sənin səxavət
dənizinin dalğaları önündə hansı günahımdan söz açım, Sənin lütf və mərhəmət
günəşlərinin şüaları yanında hansı xətamdan danışım.
Bu anda Səni and verirəm Kitabının sirlərinə,
elmində gizli olan şeylərə və Sənin mərhəmət ümmanındakı sədəflərdə saxlanan
gövhərlərə – məni Öz Kitabında xatırladığın və Öz Lövhələrində vəsf etdiyin
kəslərdən eylə! Ey mənim Allahım, Sən bu kədərdən sonra mənə hansısa sevinc, bu
sıxıntıdan sonra hansısa genişlik və bu yoxsulluqdan sonra hansısa sərvət bəxş
edə bilərsənmi?! Ah, ah! Sən minbərləri Səni zikr etmək, Sənin Sözünü ucaltmaq
və Sənin Əmrini izhar etmək üçün yaratdın, mən isə onlara Sənin Əhdini ən yüksək
dərəcədə pozmaq üçün qalxdım və bəndələrə elə sözlər çatdırdım ki, Sənin əzəmət
çadırlarında olanlar və Sənin elm şəhərlərinin sakinləri onları eşidib nalə
çəkdilər. Neçə-neçə zamanlar Sən Öz əta asimanından bəyan süfrəni nazil etdin,
mən isə onu inkar etdim; neçə-neçə anlar Sən məni Öz mərhəmət çaylarına doğru
çağırdın, mən isə onlardan üz döndərib nəfsimin və ehtirasımın ardınca getdim.
And olsun şərəfinə, bilmirəm hansı günahıma görə Səndən bağışlanmağımı diləyim
və Sənin qarşında tövbə edim, hansı zülmümə görə Sənin səxavət sarayına və
kəramət məqamına üz tutum. Mənim günahlarım və xətalarım elə bir həddə çatıb ki,
hesablayanlar onları saymaqda və yazanlar onları yazmaqda acizdir. Ey zülməti
nura döndərən və Turda sirləri aşkara çıxaran, səndən diləyim budur ki, mənim
bütün hallarda sənə təvəkkül
etməyimə və bütün işlərimi Sənin ixtiyarına buraxmağına yardımçı ol! Ey mənim
Allahım, Sənin hökm qələminin və təqdir barmağının yazdığı şeylərə razı olmağıma
şərait yarat! Həqiqətən, Sən istədiyin şeyə qadirsən və göylərdə və yerdə
olanların ixtiyarı Sənin əlindədir! Səndən başqa Allah yoxdur, Sən – hər şeyi
Bilən və Hikmət Sahibisən!»
Ey Şeyx! Bil ki, bəndələrin iftiraları, inkar
və etirazları Kainatın Sahibinin inayət ipindən yapışan və mərhəmət ətəyindən
tutan kəsə zərər yetirməz. And olsun Allaha, Bəha öz istəyi isə danışmır. Onu
danışdıran o Kəsdir ki, bütün şeyləri Öz zikri və tərifi üçün dilə gətirdi.
Ondan başqa Allah yoxdur, O – Bənzərsiz, Vahid, Qüdrətli və İxtiyar Sahibidir!
İti göz, eşidən qulaq, nurlu qəlb və açıq ürək
sahipləri doğrunu yalandan ayırd edib seçə bilərlər. Məzlumun dilindən süzülən
bu münaçatı oxuyun, pak qəlb və təmiz qulaqla onun üzərində düşünün ki, bəlkə
təmənnasızlıq ətrini duydunuz, özünüzə və bəndələrə rəhm etdiniz: İlahi! Ey
Mənim Məbudum və Məqsudum! Ey Kərim və Rəhim! Canlar səndəndir və qüvvətlər
Sənin qüdrətli əlindədir. Sən kimi ucaltsan, mülk aləmindən keçər və «onu ali
məqama qaldırdıq» məqamına yetişər. Kimi alçaltsan, torpaqdan da aşağı düşər,
hətta heçlik ondan yaxşı olar. Pərvədigara, bütün ziyankarlığımıza,
günahkarlığımıza və azğınlığımıza baxmayaraq, düzlük məkanını axtarır və Sənin
övliyalarını görməyi arzulayırıq. Əmr Sənin əmrindir, hökm Sənə məxsusdur və
qüdrət aləmi Sənin fərmanına tabedir. Sən nə etsən, sırf ədalətdir, bəlkə də
xalis fəzilətdir. Sənin «Rəhman» adının təzahürlərindən birinin nuru yer üzündən
günahların izini silib məhv edər və Sənin zühur gününün nəsimlərindən biri
dünyanı yeni libasla bəzəyər. Ey Güc Sahibi, gücsüzlərə güc bəxş elə və
ölmüşlərə həyat əta et ki, bəlkə Səni tapalar, Sənin agahlıq dəryana qovuşalar
və Sənin Əmrində dönməz olalar. Əgər dünyanın müxtəlif dillərindən Sənin
tərifinin ətri hər yana yayılarsa, hamısı ürəyə yatar və ruha xoş gələr. İstər
ərəbcə olsun, istər farsca. Əgər bundan məhrum olarsa, onda nəyi isə xatırlamağa
dəyməz. İstər sözlər olsun, istər mənalar. Pərvərdigara, Səndən diləyimiz budur
ki, hamıya yol göstər və bələdçilik eylə! Sən – Qadir, Güclü, hər şeyi Bilən və
Görənsən!»
Allahdan arzumuz budur ki, səni ədalət və
insafa doğru yönəltsin, gözlərdən və baxışlardan gizli olan şeyləri sənə
anlatsın. Həqiqətən, O – Qüdrət və İxtiyar Sahibidir! Xahişimiz budur ki, zahir
olanlar barədə düşünəsiniz, ədalət və insafla danışasınız – bəlkə düzlük və
saflıq günəşinin nurları işıq saçaraq sizi nadanlıq zülmətindən xilas etdi və
aləmi bilik nuru ilə işıqlandırdı. Bu Məzlum mədrəsələrə getməyib və
mübahisələrdə iştirak etməyib. Canıma and olsun, Mən Özüm Özümü zuhur
etdirməmişəm. Məni Allah Öz istəyi ilə zühur etdirib. Həzrət Sultana – Uca və
Şərəfli Allah ona kömək olsun! – ünvanlanmış Lövhədə Məzlumun dilindən bu sözlər
süzülüb:
«Ey Sultan, Mən bəndələrdən biri idim və Öz
yatağımda yatmışdım. Birdən Sübhanın nəsimləri Mənim üzərimə əsdi və Mənə bütün
şeylərin elmini öyrətdi. Bu, Mənim tərəfimdən deyil – yox, Qüdrətli və hər şeyi
Bilən Kəs tərəfindəndir. O, Mənə yerlə göy arasında Öz nidamı ucaltmağı əmr
etdi. Bunun nəticəsində Mənim başıma elə işlər gəldi ki, ariflər onları görüb
göz yaşı tökdülər. Mən insanların yanında heç bir elm oxumamışam və mədrəsələrə
daxil olmamışam. Bunu Mənim olduğum şəhərin əhalisindən soruş, onda yəqin
bilərsən ki, Mən yalançılardan deyiləm. Bu, elə bir yarpaqdır ki, onu Qüdrətli
və Tərifəlayiq Rəbbinin iradəsinin yelləri hərəkətə gətirir. Həmin pak yellər
əsərkən, o, tərpənməz qala bilərmi?! Adlar və sifətlər Sahibinə and olsun ki,
yox! Onlar onu istədikləri kimi hərəkət etdirirlər. Əzəli Varlığın qarşısında
fani vücud bir heçdir. Beləliklə, Onun qaçılmaz Əmri gəldi və aləm əhli arasında
Onu zikr etmək üçün Məni danışdırdı. Mən Onun əmri qarşısında yalnız bir ölü
kimi oldum. Rəhman və Rəhim Rəbbinin iradəsinin əli Məni dəyişdirdi».
İndi yaxşı olar ki, cənabınız özünü Uca
Qələmin çeşməsindən süzülən təmənnasızlıq suyu ilə paklaşdırsın, Allah xatirinə
əvvəllər və sonralar zahir olmuş və ya nazil edilmiş şeylər üzərində düşünsün və
sonra da bacardığı qədər dünyadakı müxtəlif firqələrə mənsub insanların
ürəklərində gizlənmiş kin və ədavət odunu hikmət və bəyanın gücü ilə söndürməyə
çalışsın. Peyğəmbərlərin göndərilməsindən və Kitabların nazil olmasından məqsəd
Allahın tanınmasına və bəndələr arasında birlik və ülfət yaranmasına nail
olmaqdır. Amma indi görürük ki, Allahın qanunlarını ədavət və çəkişmələrin
səbəbinə və mənbəyinə çevirmişlər. Necə də təəssüfləndirici və acınacaqlı haldır
ki, insanların əksəriyyəti öz yanlarında olanlardan yapışmışlar və onlarla
məşğul olurlar, Allahın yanında olanlardan isə qafil və bixəbərdirlər.
De: «İlahi, İlahi! Mənim başımı ədalət çələngi
ilə, bədənimi insaf bəzəyi ilə zinətləndir! Həqiqətən, Sən lütf və mərhəmət
Sahibisən!»
Ədalət və insaf – bəndələri qoruyan iki
mühafizəçidir. Buna görə də dünyanın islahına və insanların qorunmasına səbəb
olan dəyişməz və mübarək kəlamlar izhar edilir. Lövhələrin birində Məzlumun
qələmindən bu sözlər çıxmışdır: «Haqq – Onun cəlalı daha da artsın! – insan
mədənindən məna gövhərlərini çıxarmaq üçün gəlib. Burada söhbət Onun Əmrinin
Məşriqlərindən və Onun bilik ləllərinin xəzinələrindən gedir. Belə ki, Allah –
taalanın Özü görünməzdir və insanların nəzərlərindən gizlidir. Gör, Rəhman Allah
Quranda nə nazil edib: «Gözlər Onu dərk etməz, amma o, gözləri dərk edər. O –
Lətif və hər şeydən Xəbərdardır»[2].
Bu gün Allahın dini və Allahın məzhəbi odur
ki, müxtəlif məzhəblər və çoxsaylı təriqətlər ədavətə səbəb olmasın. Bütün bu
qaydalar, qanunlar, möhkəm və mətin yollar bir mənbədən aşkara çıxıb və bir
məşriqdən parlayıb. Aradakı fərqlər isə vaxtın və zamanın, əsrin və dövranın
tələbinə görə meydana çıxıb.
Ey Bəha əhli! Hümmət kəmərini möhkəm bağlayın
ki, bəlkə aləm əhli arasındakı məzhəb çəkişmələri və münaqişələrinə son qoyuldu.
Allaha və onun bəndələrinə məhəbbət naminə bu böyük və əhəmiyyətli işə başlayın.
Dini düşmənçilik və ədavət dünyanı yandıran bir alovdur və onu söndürmək çox
çətindir. Yalnız Allahın qüdrətli əli bəşəriyyəti bu dəhşətli bəladan xilas edə
bilər. İki dövlət arasında baş vermiş müharibəyə nəzər salın: tərəflər öz
mallarından və canlarından keçdilər, nə qədər kəndlər yerlə-yeksan oldu.
Bu Kəlam Bəyan taxçasında yanan çırağa bənzər:
«Ey aləm əhli, hamınız bir ağacın meyvəsi və bir budağın yarpağısınız». Hədsiz
məhəbbət, birlik, səmimiyyət və mehribanlıqla davranın. And olsun Həqiqət
Günəşinə, birlik nuru bütün aləmi işıqlandırıb nura boyayar. Hər şeydən agah
olan Haqq bu sözlərin doğruluğuna şahid olmuşdur və şahiddir.
Cəhd edin ki, bəşəriyyəti qorumaq və hifz
etmək məqamı olan bu uca və ülvi məqama çatasınız. Bu məqsəd – məqsədlərin
sultanı, bu istək – istəklərin hökmdarıdır. Lakin ədalət günəşinin üfüqü zülmün
qara buludundan xilas olmayınca, bu məqama çatmaq müşkül məsələdir. Qara bulud
isə yanlış xəyallar və mövhumat mücəssəməsi olan İran üləmalarıdır. Biz gah
şəriət dilində, gah da təriqət və həqiqət dilində danışmışıq. Ən yüksək
məqsədimiz və ən son niyyətimiz də bu uca və ülvi məqamın meydana çıxması olub.
Buna Allahın şahid olması kifayətdir.
Ey Bəha əhli, bütün insanlarla birlik və
dostluq ruhunda ünsiyyət saxlayın. Əgər sizdə başqalarında olmayan bir söz və ya
bir cövhər varsa, onu məhəbbət və mehribanlıq dili ilə hər kəsə söyləyin və
göstərin. Əgər o, sözünüzü qəbul edərsə və dedikləriniz ona təsir bağışlayarsa,
deməli, məqsədə çatmısınız. Əks təqdirdə isə onu öz ixtiyarına buraxın və ona
dua edin, cəfa yox! Mehriban danışıq könülləri cəzb edər və ruha qida verər,
sözlərin içindəki mənaya, bilik və hikmət günəşinin doğduğu üfüqə bənzər.
Qeyd olunan bu məqamlarda «üləma» dedikdə, o
kəslər nəzərdə tutulur ki, zahirdə özlərini elm libasına bürümüşlər, amma
batində ondan məhrumdurlar. Bununla əlaqədar olaraq, Həzrət Sultana ünvanlanmış
Lövhədə «Fatimənin – ona Allahın salavatı olsun! – Kitabı» adı ilə Əbha
Qələmindən nazil olmuş «Gizli kəlamlar»dan bir neçə parça xatırlanmışdır: «Ey
elmi tanınan çahillər! Nə üçün çobanlıq iddiası edirsiniz, lakin batində
qoyunlarımın canavarısınız. Siz səhərdən qabaq çıxan ulduz kimi zahirdə parlaq
və işıqlısınız, batində isə Mənim şəhər və diyarımın karvanlarının yolunu
azmasına və həlakına səbəb olursunuz».
Və həmçinin buyurur: «Ey zahirdə bəzənmiş,
batində əsgiklər! Sizi duru, acı suya bənzəyirsiniz ki, zahirdə çox lətif və
gözəl görünür, lakin ilahi dad sərrafı onun bir damcısını belə qəbul etməz.
Bəli, Günəş işığı həm torpaqda, həm də aynada təcəlli edir, lakin təcəllisinin
fərqi yerdən ta Fərqidan ulduzuna qədərdir, bəlkə də bu fərq intəhasızdır».
Həmçinin buyurur: «Ey həvəsin cövhəri! Çox
səhərlər Laməkan Allahın məşriqindən sənin mənzilinə gəldim və səni rahatlıq
yatağında mənimlə yox, başqası ilə məşğul olan gördüm. Onda ruh Şimşəyi kimi
İzzət Səltənətinin çadırına qayıtdım və öz yaxın yerlərimdə müqəddəs qoşunlara
bir şey söyləmədim».
Həmçinin buyurur: «Ey dünya bəndəsi! Çox
səhərlər mənim İnayətimin nəsimi sənin üzərinə əsdi. Səni qəflət yatağında
yatmış gördü. Onda sənin halına ağlayaraq geri döndü».
Amma həqiqətən elm və əxlaq bəzəyi ilə
zinətlənmiş üləmalar dünyanın bədənində başa bənzərlər və ümmətlərin görən
gözləridirlər. Bəndələrin doğru yola yonəldilməsi həmişə o müqəddəs şəxslərin
öhdəsində olmuşdur. Allahdan diləyimiz budur ki, onları Onun məhəbbətini və
razılığını qazanmağa müvəffəq eyləsin! Həqiqətən, O – insanların Mövlası,
dünyanın və axirətin Rəbbidir!
Ey Şeyx! Eşitmişik ki, cənabınız Bizdən üz
döndərib və Bizə etiraz edib; belə ki, insanlara Məni lənətləməyi əmr edib və
bəndələrin qanını tökməyə fitva verib. Allah bu sözləri deyən kəsi
mükafatlandırdı:
Qazıya itaət edirəm, amma onun bu hökmünə
təəccüblənirəm ki, mənim qanımın Hill və Hərəmdə[3] axıdılmasına fitva verib.
Doğrusunu deyirəm, Allahın yolunda başa gələn
hər şeyi ürək sevər və ruh bəyənər. Onun yolunda öldürücü zəhər xalis baldır və
hər bir əzab saf sudur.
Həzrət Sultana ünvanlanmış Lövhədə buyurulub:
«And olsun Haqqa! Mən Onun yolunda nə bəlalardan qorxuram, nə də Onun
məhəbbətində müsibətlərdən çəkinirəm. Çünki Allah bəlaları bu yaşıl otlağın şehi
və Özünün yeri və göyü işıqlandıran çırağının piltəsi etmişdir».
Qəlbini Qoruyan və Qəyyum Allahın Kəbəsinə
tərəf çevir və sonra da əllərini elə qətiyyətlə yuxarı qaldır ki, bunun
sayəsində bütün məxluqatın əlləri aləmlərin Rəbbi olan Allahın fəzl səmasına
doğru ucalsın. Sonra üzünü Ona doğru elə çevir ki, bunun nəticəsində bütün
yaranmışlar onun parlaq və nurlu üfüqünə üz tutsunlar. Və de:
«Ya Rəbb, görürsən ki, mən Sənin səxavət
səmana və kəramət dəryana üz tutmuşam və Səndən başqa hamıdan üz döndərmişəm.
Səni and verirəm, Turdakı zühurunun nurlarına və «Bağışlayan» adının üfüqündən
parlayan fəzl günəşinin şüalarına, məni bağışla və mənə rəhm et! Sonra Öz Uca
Qələminlə mənim üçün elə bir şey yaz ki, məni Sənin adınla məxluqat aləmində
ucaltsın. Ya Rəbb, mənim Sənə üz tutmağıma yardımçı ol və məni o dostlarının
sədasını eşitməyə müvaffəq eylə ki, nə dünyanın qüvvəti onları zəiflətdi, nə də
insanların hakimiyyəti onlara mane oldu. Və onlar üzlərini Sənə doğru çevirərək,
dedilər: «Allah bizim Rəbbimizdir, göylərdə və yerdə olanların da Rəbbidir!»
Ey Şeyx, düzünü deyirəm: Möhürlənmiş şərabın
ağzı Qəyyum Allahın adı ilə açıldı. Özünü ondan məhrum etmə. Bu Məzlum Allah
xatirinə danışır. Sən də Allah xatirinə nazil və zahir olan şeylər barədə düşün
– bəlkə bu mübarək Gündə həqiqi Feyz Sahibinin feyzləri sənə nəsib ola və sən
məhrum qalmayasan. Bu, Allah üçün çətin iş deyil. Torpaqdan yaranmış Adəm
Allahın sözü sayəsində ərşə ucaldı, balıq ovlayan bir kəs ilahi hikmətə sahib
oldu. Həzrət Əbuzər qoyun otaran çoban idi – insanların başçısına çevrildi.
Ey Şeyx! Bu Gün zahiri elmlərin və fənlərin
günü olmamışdır və deyildir. Belə ki, göründüyü kimi, o elmlərdən bir kəlmə də
bilməyən kəs irfan məclisinin yuxarı başında qızıl taxtda oturub, elm və fənn
sahibləri isə məhrum qalıblar. Burada o elmlər nəzərdə tutulur ki, sözlə
başlayır və sözlə qurtarır. Amma müəyyən təsiri və nəticəsi olan, bəndələrin
dinclik və rahatlığına səbəb olan elmlər Allahın yanında məqbul olmuşdur və
məqbuldur. Əgər Mənim səsimi eşitsən, yanında olanlardan əl çəkər və o məqama üz
tutarsan ki, orada mərhəmətli Rəbbinin hikmət və bəyan dənizi dalğalanır və Onun
inayətinin xoş ətri hər yana yayılır.
Burada keçmiş işlərdən bəzilərini xatırlatmağı
lazım bildik ki, bəlkə bu, ədalət və insafın baş qaldırmasına səbəb oldu. Həzrət
Sultan – mərhəmətli Rəbb olan Allah ona kömək etsin! – İsfahana getməyə
hazırlaşarkən, bu Məzlum icazə alıb imamların – onlara Allahın salavatı olsun! –
müqəddəs və nurlu məqbərələrini ziyarət etməyə yollandı. Qayıdandan sonra
paytaxtın havası çox isti olduğu üçün Biz Ləvasana getdik. Biz ora yollandıqdan
sonra Həzrət Sultanın – uca və Mübarək Allah ona yardımçı olsun! – əhvalatı baş
verdi. O zaman qarışıqlıq yarandı və qəzəb tonqalı şölələndi. Bir çoxlarını həbs
etdilər, o cümlədən də bu Məzlumu. And olsun Allaha, Biz qətiyyən o xoşagəlməz
işə qarışmamışıq və təhqiqat zamanı da Bizim təqsirsir olduğumuz sübuta yetib.
Bununla belə Bizi tutdular və o vaxtlar sultanın iqamətgahı olan Niyavərandan
ayağı yalın, başı açıq, piyada və zəncirlənmiş halda Tehran həbsxanasına
apardılar. Bizimlə gedən zalım süvarilərdən biri papağımızı başımızdan götürdü
və cəlladlardan və fərraşlardan ibarət bir dəstə Bizi sürətlə aparıb dörd ay
ərzində misli görünməmiş bir yerdə saxladılar. Bu Məzlumun və digər məzlumların
saxlandığı həbsxana dar və qaranlıq mağaradan da pis idi. Həbsxanaya daxil olan
kimi Bizi zülmət bir dəhlizə saldılar. Oradan Biz üç pilləkanla aşağı düşüb
müəyyən edilmiş yerə çatdıq. Bu, qaranlıq bir yer idi və Bizim yoldaşlarımız
təqribən yüz əlli nəfər mal oğrusundan, insan qatilindən və quldurdan ibarət
idi. Bu qədər adam olmasına baxmayaraq, orada Bizim gəldiyimiz yoldan başqa açıq
bir yer yox idi. Qələm oranı təsvir etməkdə acizdir və oradakı üfunətli iyi
sözlə ifadə etmək mümkünsüzdür. Həmin adamların əksəriyyətinin libası və yatağı
yox idi. O zülmət və üfunətli yerdə Bizim nələr çəkdiyimizi bircə Allah bilir.
Sözü gedən həbsxanada Biz gecə-gündüz
babilərin əməlləri və əhvalı barədə düşünürdük. Və fikirləşirdik ki, görəsən, nə
üçün yüksək mənəviyyata və idraka malik olan bu camaat belə bir əmələ əl atdı,
yəni Şah həzrətlərinə qarşı bu cür cəsarətə və hərəkətə yol verdi. Nəhayət, bu
Məzlum belə qərara gəldi ki, həbsxanadan çıxdıqdan sonra bütün səyini o
insanların islahına sərf etsin.
Gecələrin birində yuxu aləmində olarkən, hər
tərəfdən bu uca kəlmələri eşitdik: «Həqiqətən, Biz Sənin Özün və Sənin Qələminlə
Sənə uğur bəxş edərik. Başına gələnlərdən kədərlənmə və qorxma, çünki Sən əmin –
amanlıqda olanlardansan. Tezliklə Allah yerin xəzinələrini aşkara çıxarar və bu
da o kəslərdir ki, Sənin Özünlə və Sənin Adınla Sənə kömək göstərərlər. Bununla
da Allah ariflərin ürəklərini dirildər».
Bu Məzlum həbsxanadan çıxdıqdan sonra Həzrət
padşahın – Allah – taala onu qorusun! – əmrinə əsasən, uca İran dövlətinin və
yüksək Rusiya dövlətinin nümayəndələrinin müşayiəti ilə İraqi – ərəbə yollandı.
Ora çatdıqdan sonra Allahın yardımı, Rəbbin fəzl və mərhəməti sayəsində ayələr
leysan yağışı kimi nazil olmağa başladı və dünyanın hər tərəfinə göndərildi. Və
bütün bəndələrə, xüsusən bu camaata hikmətli tövsiyələr və şəfqətli
məsləhətlərlə nəsihət verdik və fitnə – fəsadı, çəkişmə, münaqişə və müharibəni
onlara qadağan etdik. Nəhayət, Allahın fəzli sayəsində qəflət və nadanlıq
ayıqlığa və müdrikliyə çevrildi, silah islahla əvəz olundu.
«Ta» torpağında[4] həbsxanada olduğumuz zaman
daimi əziyyətlər və dəhşətli qoxulardan çox az yatırdıq. Arabir yuxuya gedəndə
hiss edirdik ki, başımızın üstündən sinəmizə nəsə axır. Sanki uca bir dağın
zirvəsindən böyük bir çay yerə tökülürdü. Bu səbəbdən elə bil bütün əzalarım od
tutub yanırdı. O anlarda dilimizdə elə sözlər səslənirdi ki, heç kəsin onları
eşitməyə qüdrəti çatmazdı.
Bu camaata ünvanlanan Lövhələrdə nazil olmuş
bəzi kəlamları xatırladırıq ki, qoy hər kəs bu Məzlumun aqillər və ədalət və
insaf mücəssəmələri tərəfindən qəbul olunan və bəyənilən şeylərə əməl etdiyini
tam yəqinliklə bilsin:
«Ey Allahın şəhərlərindəki dostları və
ölkələrindəki sevimliləri! Bu Məzlum sizə etibarlı və dəyanətli olmağı tövsiyə
edir. Xoş o şəhərin halına ki, bunların nuru ilə işıqlandı! Bunlar insanın
məqamını ucaldar və dünyada olanların üzünə əmin – amanlıq qapılarını açar. Xoş
o kəsin halına ki, bunlardan yapışar və bunların dəyərini bilər. Vay o kəsin
halına ki, bunların əhəmiyyətini inkar edər!»
Və başqa bir məqamda bu sözlər nazil olub:
«Biz Allahın qullarına və kənizlərinə ismətli
və çəkingən olmağı əmr etdik ki, onlar ehtiras yuxusundan durub yerin və göyün
Qurucusu olan Allaha üz tutsunlar. Üfüqləri işıqlandıran Günəş İraq tərəfdən
parladığı zaman Biz bəndələrə belə əmr etdik. Məhbusluğum, bəlalarım və zalım
bəndələrin əli ilə başıma gələnlər Mənə zərər yetirməz. Mənə zərər yetirən o
kəslərin əməlləridir ki, özlərini Mənə mənsub edirlər, amma elə işlər tuturlar
ki, qəlbim və qələmim onları görüb ağlayır. Yer üzündə fitnə – fəsad törədən,
insanların mallarını əlindən alan, sahiblərinin izni olmadan evlərə daxil olan
kəslər tövbə edib Mərhəmətli və Bağışlayan Allaha doğru dönməyənə qədər Mən
onlardan uzağam».
Başqa bir məqamda: «Ey yer əhli! Allahın
razılığını qazanmağa tələsin və Onun qaçılmaz və dəyişməz Əmrini izhar etmək
üçün necə lazımdırsa, cihad edin. Biz Allahın yolunda hikmət və söz qoşunu ilə,
yaxşı əxlaq və əməllərlə cihad etmək hökmünü verdik. Qüvvətli və Qüdrətli Allah
tərəfindən belə əmr olundu. Yer üzü islah olunduqdan sonra onda fitnə – fəsad
törədən kəslərin şərəfi yoxdur. Allahdan qorxun, ey insanlar və zalımlardan
olmayın!»
Başqa bir məqamda: «Aranızda olan heç kəsi
incitməyin. Biz yer əhlinin birlik və ittifaqından ötrü gəlmişik. Bəndələr
arasında Mənim bəyan dənizimdən izhar olanlar buna şəhadət verir, lakin
insanların əksəriyyəti açıq – aşkar bundan uzaqdır. Əgər kimsə Allahın yolunda
sizi incidir, yaxud zərər yetirsə, səbr edin və hər şeyi Eşidən və Görən Allaha
təvəkkül edin. O, həqiqətən, hər şeyə şahiddir, hər şeyi görür və Öz
hökmranlığı sayəsində nə istəyirsə, edir. Həqiqətən, O, Qadir və Qüdrətlidir.
Əzəmətli və Qüvvətli Allahın Kitabında çəkişmə və münaqişə sizə qadağan olunub.
Sizin özünüzə və aləm əhlinə faydalı olan şeylərdən yapışın. Özünün ən Böyük Adı
ilə zühur edən Əzəl hökmdarı sizə belə əmr edir. Həqiqətən, O – Əmr və Hikmət
Sahibidir!»
Başqa bir məqamda: «Qan tökməkdən çəkinin. Dil
qılıncını bəyan qınından çıxarın ki, bəlkə onun vasitəsilə qəlb şəhərlərini fəth
edə bildiniz. Biz sizin aranızdan qətl hökümünü götürdük. Həqiqətən, Allahın
mərhəməti bütün yaranmışları əhatə edir – bunu bilin».
Başqa bir məqamda: «Ey insanlar, yer üzündə
fitnə-fəsad törətməyin, qan tökməyin, nahaq yerə xalqın malını yeməyin və məlun
boşboğazların ardınca getməyin.
Başqa bir məqamda: «İlahi Bəyanın Günəşi qürub
etməz və batmaz. Bu gün Sidrətül – müntəhadan bu uca kəlam eşidildi: «Mən o
kəslərləyəm ki, Məni sevər, Mənim əmrlərimi yerinə yetirər və Mənim Kitabımda
qadağan olunan şeylərdən əl çəkər».
Başqa bir məqamda: «Bu gün – Allahı zikr və
tərif etmək, Ona xidmət göstərmək günüdür. Özünüzü bundan məhrum etməyin.
Sözlərin hərfləri və Kitabın sözləri sizsiniz. Siz Allahın inayət əli ilə
mərhəmət torpağında əkilmiş və kəramət yağışları ilə bəslənmiş fidanlarsınız. O
sizi müşriklik küləklərindən və küfr qasırğalarından qoruyaraq, Öz şəfqət əlləri
ilə böyütmüşdür. İndi yarpaqlamaq və bar vermək vaxtıdır. İnsan ağacının
meyvələri gözəl əməllər və xoş xasiyyətlər olmuş və var. Bu meyvələri
qafillərdən gizlətməyin. Əgər qəbul edərlərsə, məqsədə çatmısınız və həyatınızın
mənası aşkara çıxıb. Əks təqdirdə isə qoyun onlar öz boş söhbətləri ilə
əylənsinlər.
Ey Allah adamları, çalışın ki, dünyanın
müxtəlif məzhəblərinə mənsub insanların qəlbləri sizin dözüm və şəfqət suyunuzla
yuyulub kin və ədavətdən təmizlənsin və Həqiqət Günəşindən saçan nura qabil və
layiq olsun».
«İşraqat» Lövhəsinin dördüncü «İşraq»ında
xatırlatmışıq: «Hər bir Əmrə köməkçi gərəkdir. Bu zühurun müzəffər qoşunu
bəyənilən əməllər və xoş xasiyyətlərdir. Bu qoşunun başçısı və sərkərdəsi isə
Allah xofudur ki, hər şeyi bürüyüb və hər şeyə hakim kəsilib».
«Təcəliyyat» kitabının üçüncü «təcəllisində
xatırlatmışıq: «Varlığın yüksəliş və tərəqqisinin səbəbi elmlər, fənlər və
sənətlərdir. Elm bir növ varlığın qanadı və tərəqqinin nərdivanıdır. Onu
öyrənmək hamıya lazımdır. Lakin o elmləri ki, onlardan yer əhlinə xeyir dəyir; o
elmləri yox ki, sözlə başlayır və sözlə qurtarırlar. Elm və sənət əhlinin
dünyadakı insanların boynunda böyük haqqı var. Ana Kitab bu aydın məqamda buna
şəhadət verir».
Həqiqətən, insanın əsil xəzinəsi onun elmidir,
insana şərəf, nemət, fərəh, sevinc və şadlıq bəxş edən odur. Xoş ondan yapışan
kəslərin halına və vay qafillərin halına! Cənabınız bütün hallarda bəndələri
ruhani keyfiyyətlərin və gözəl əməllərin meydana çıxmasına səbəb olan şeylərə
dəvət etməlidir ki, hamı varlığın yüksəlişinə xidmət edən işlərdən agah olsun və
tam hümmət ilə uca məqama və yüksək zirvəyə can atsın. İnsanların
tərbiyələnməsinə səbəb olan birinci amil Allah xofudur. Xoş buna nail olanların
halına!
Əbha Qələminin Behiştin ilk lövhəsində
xatırlatdığı ilk kəlam budur:
«Doğrusunu deyirəm, bütün aləm əhli üçün ən
etibarlı mühafizə və möhkəm qala Allah xofudur. O, bəşəriyyətin hifz olunması
üçün ən böyük səbəb və dünyanın qorunması üçün ən böyük amildir. Bəli, varlıqda
elə bir əlamət mövcuddur ki, o, insanın yaramaz və nalayiq işlər tutmasına mane
olur və onlardan çəkindirir. Onun adını «həya» qoymuşlar. Lakin bu xüsusiyyət
müəyyən sayda insanlarla məhdudlaşır, hamı bu keyfiyyətə malik olmamışdır və
deyildir. Ona görə də dövranın sultanları və dünyanın alimləri dindən
yapışmalıdır. Çünki o, Allahdan savayı hər kəsdə Allah xofunun yaranmasına səbəb
olur».
Behiştin ikinci lövhəsində xatırlatdığımız
ikinci kəlam budur: «Bəyan Qələmi bu anda qüdrət məzhərlərinə və iqtidar
məşriqlərinə, yəni hökmdarlar və sultanlara – Allah onlara yardımçı olsun! –
nəsihət verərək, onlara dindən yapışmağı tövsiyə edir. Çünki dünyanın nizama
salınması və insanların əmin-amanlığı üçün ən böyük vasitə odur. Dinin
əsaslarının sarsılması cahillərin qüvvətlənməsinə, cəsarətlənməsinə və
cürətlənməsinə səbəb olur. Doğrusunu deyirəm, dinin yüksək dəyərini azaldan
şeylər şər adamların qəflətini artırar, bu isə sonda hərcmərcliklə nəticələnər.
Eşidin, ey bəsirət sahibləri; ibrət alın, ey göz sahibləri!»
Ümid edirik ki, cənabınız deyilənləri diqqətlə
dinləyəcək və insanları ayıldaraq, öz yanlarında olanlardan Allahın yanında
olanlara yönəldəcəkdir. Haqqdan diləyimiz budur ki, insaf nurunu və ədalət
günəşini qəflətin qara buludundan xilas edib aşkara çıxarsın. Heç bir nur
ədalətin nuru ilə müqayisəyə gəlməz. Dünyanın nizama salınmasının və insanların
rahatlıq tapmasının səbəbi odur.
Bəyan səhifəsində bu uca kəlam yazılıb və qeyd
olunub: «De: Ey dostlar, çalışın ki, Allahın yolunda bu Məzlumun və sizin
başınıza gələn müsibətlər insanlar arasında hədər getməsin. Paklığın ətəyindən
tutun, etibar və dəyanətin ipindən yapışın. Aləmin islahına diqqət yetirin,
nəfsin istəklərinə yox! Ey bu Məzlumun tərəfdarları! Dünyanın çobanları
sizsiniz: qoyunları nəfs və ehtiras canavarlarından xilas edin və Allahdan
çəkinmək zinəti ilə bəzəyin. Bu anda Əzəli Qələmdən nazil olan qəti hökm
belədir. And olsun Allaha, əxlaq və ədəb qılıncı dəmir qılınclardan itidir. Bu
anda fitrət[5] car çəkərək deyir: Ey
insanlar, Gün gəlib çatdı və Rəbbim məni elə bir nurla zühur etdirdi ki, onun
parıltısı önündə bütün bəyan günəşləri tutuldu. Rəhmandan çəkinin və qafillərdən
olmayın».
Behiştin üçüncü lövhəsində yazdığımız belədir:
«Ey insan oğlu, əgər fəziləti nəzərdə tutsan, öz xeyrinə olanlardan əl çək və
başqalarına faydalı olan şeylərdən yapış. Əgər ədaləti nəzərdə tutsan,
başqalarına o şeyi rəva gör ki, özünə rəva görürsən. Təvazökarlıq insanı şərəf
və qüdrət səmasına ucaldar, təkəbbür isə zillət və rəzalət məqamına endirər».
Gün-əzəmətli, Çağırış – böyükdür! Lövhələrin
birində bu uca sözləri qeyd etmişik: «Əgər ruh aləmi tamamilə eşitmə qüvvəsinə
çevrilərsə, onda demək olar ki, o, Uca Üfüqdən yüksələn bu çağırışı eşitməyə
layiqdir. Yalan nağıllara uymuş bu qulaqlar isə buna layiq olmamışdır və
deyildir. Xoş bunu eşidənlərin və vay bundan qafil olanların halına!»
Haqqdan – Onun cəlalı daha da artsın! –
diləyimiz və arzumuz budur ki, sərvət və iqtidar məşriqlərinin, izzət və ixtiyar
şəfəqlərinin yəni yer üzünün hökmdarlarının – Allah onlara yardımçı olsun! –
Böyük Sülhə nail olmasına kömək göstərsin. Millətlərin rahatlığı üçün ən böyük
səbəb budur. Dünyanın sultanları – Allah onlara uğur bəxş etsin! – ittifaq edib
aləmin qorunması üçün ən böyük vasitə olan bu işdən yapışmalıdırlar. Ümid edirik
ki, onlar bəndələrin asayişinə səbəb olan bu işə başlayacaqlar. Onlar böyük bir
məclis təşkil etməli, ölkələrin hökmdarları, yaxud onların vəzirləri həmin
məclisdə iştirak edərək birlik və ittifaq barədə qərar çıxarmalı, silahdan əl
çəkib islaha üz tutmalıdırlar. Əgər bir sultan başqa bir sultana hücum çəkərsə,
digər sultanlar onun qarşısını almaq üçün ayağa qalxmalıdırlar. Belə olan
surətdə yalnız onların öz ölkələrində əmin-amanlığın qorunması üçün zəruri olan
miqdardan savayı, qoşunlara, hərbi alət və sursatlara ehtiyac qalmayacaqdır.
Əgər onlar bu böyük Xeyirə nail olsalar, bütün məmləkətlərin əhalisi rahatlıq və
sevinc içərisində öz işlərinə məşğul olar, əksər bəndələrin naləsi və fəryadı
kəsilər. Allahdan diləyimiz budur ki, onların Öz istədiyi və razı olduğu işləri
görməsinə yardımçı olsun. Həqiqətən, O – yerin və göyün Rəbbi, dünyanın və
axirətin Sahibidir! Ən yaxşısı və ən üstünü odur ki, həmin məclisdə böyük
sultanların özləri iştirak etsinlər və qərar çıxarsınlar. Bu işə və onun
icrasına başlayan hər bir sultan Allahın yanında sultanların başçısı
sayılacaqdır. Xoş onun halına, onun yeri cənnətdir!
Hər dəfə bu yerlərdə əskərliyə çağırış növbəsi
çatanda, hər tərəfdən böyük nalə qopur. Bütün dövlətlər hər il əskərlərinin
sayını artırır, çünki hərbi nazirlər bu işə hərisdirlər və «yenə də varmı?» -
deyirlər. Bildiyimizə görə, İran dövləti də – Allah ona yardımçı olsun! –
əskərlərinin sayını artırmaq istəyir. Bu Məzlumun fikrincə, indi yüz min
nəfərlik nizami və təchiz olunmuş ordu kifayətdir. Ümid edirik ki, o həzrət
ədalət nurunu artıracaqdır. And olsun Allaha, ədalət – ən güclü qoşundur.
Qəlbləri və könülləri hər şeydən əvvəl və ilk növbədə fəth edən odur, varlığın
sirlərini aşkara çıxaran, məhəbbət və səxavət bayrağını ucaldan odur.
İlahi bilik xəzinələrində elə bir elm
mövcuddur ki, ona əməl edilməsi mümkün qədər qorxunu aradan qaldırır. Onun elə
bir qaydası var ki, gərək uşaqlıqdan ona əməl olunsun. Belə olduqda, xeyli fərq
edir və qorxu nə qədər azalırsa, cəsarət bir o qədər artır. Əgər Allahın İradəsi
kömək göstərərsə, qeyd edilən məsələ barədə bəyan qələmindən geniş bir şərh
nazil olacaqdır. Ola bilsin ki, elmlərin və fənlərin səviyyələri haqqında da
dünyanın və insanların yeniləşməsinə səbəb olacaq bir şey izhar edildi. Həmçinin
Qırmızı Kitabda Uca Qələmlə elə bir söz yazılıb ki, o söz bəndələrin gizli
qüvvəsini bütünlüklə aşkara çıxaracaq və bəlkə də onu ikiqat artıracaq.
Allah-taaladan diləyimiz budur ki, bəndələrinin Onun istədiyi və razı olduğu
işləri görməsinə yardımçı olsun.
Bu günlərdə hər tərəfdən düşmənlər baş
qaldırıb və ədavət alovu şölələnib. Ey yer əhli, canıma və canınıza and olsun,
bu Məzlumun hakimiyyət əldə etmək niyyəti olmayıb və yoxdur. Onun məqsədi yalnız
dünyadakı məzhəblər arasında ixtilaf yaranmasına və xalqlar arasında nifaq
düşməsinə səbəb olan amilləri aradan qaldırmaqdır ki, hamı rahat və asudə olub
öz işi ilə məşğul olsun. Xahişimiz budur ki, dostlar bu ətəyi yalanların tozuna
bulaşdırmasınlar və özlərinin möcüzə saydıqları şeyləri xatırlamaqla Bizim
şənimizi, məqamızı, müqəddəslik və paklığımızı azaltmasınlar.
Alqışlar olsun Allaha! Bu gün elə bir gündür
ki, ağlı olanlar bu Məzlumun rəyini öyrənməli və Haqqdan şərəf və rahatlıq
gətirən şeyləri istəməlidirlər. Lakin əksinə, hamı bu parlayan və işıq saçan
nuru söndürməyə çalışır və cəhd edir. Hər kəs onu nədəsə təqsirləndirməyə, yaxud
Ona bir irad tutmağa səy göstərir. İş o yerə çatıb ki, bu Məzlumun barəsində
xatırlanmağa belə layiq olmayan şeyləri izhar ediblər. Dostlardan biri Böyük
Şəhərə[6] toplaşmış insanların
birindən eşidib ki, guya hər il vətəndən Akkaya əlli min tümən məbləğində pul göndərilir. O, bu sözü böyük
təəssüflə xatırlatdı. Məlum deyil ki, burada mühasib kim olub, katibliyi kim
eləyib.
Xülasə, bu Məzlum başına gətirilənlərə və
haqqında deyilənlərə dözüb və səsini çıxarmayıb. Çünki Bizim istəyimiz Haqqın –
Onun cəlalı daha da artsın! – İnayəti və Onun hər şeydən üstün olan mərhəməti
sayəsində sözün gücü ilə yer üzündən çəkişməni, münaqişəni və qan tökülməsini
yox etməkdir. Biz hər bir halda onların dediklərinin müqabilində səbrdən
yapışmış və onları Haqqın ixtiyarına buraxmışıq. Lakin bu sözün cavabında
deyirik: əgər onun söylədiyi doğrudursa, onda o, Varlığın Sahibinə, görünən və
görünməz Aləmlərin Sultanına şükr etməlidir ki, O, İrandan elə bir şəxsi zühur
etdirib ki, məhbəsdə ola-ola, köməkçisi və yardımçısı olmadan İranı ələ keçirib
və hər il ondan vergi alır. Əgər o, insaf əhlidirsə, onda belə bir məqamı
məzəmmət yox, tərif etməlidir. Və kim bu Məzlumun vəziyyətindən agah olmaq
istəyirsə, cavabı belədir ki, bir çox gecələr və gündüzlər dünyanın əsirləri və
aləmin məzlumları yeməksiz gecəni səhər etmişlər, gündüzü axşam. Biz belə
şeyləri xatırlatmağı xoşlamamışıq və xoşlamırıq, o sözləri deyəndən də şikayət
etməmişik və etmirik. Bu məhbəsdə bir neçə ləyaqətli şəxs daş yonmaqla
yaşayışlarını təmin etmişlər və bəzi vaxtlar da Allahın təamı, yəni aclıqla
qidalanmışlar.
Uca və Mübarək Allahdan diləyimiz budur ki,
hamının ədalətli və insaflı olmasına yardım göstərsin və hamını tövbə edərək Ona
doğru qayıtmağa müvəffəq eyləsin. Həqiqətən, O – Eşidən və Cavab Verəndir!
Pak və ucasan, ey mənim Allahım! İlahi,
görürsən ki, Mənimlə ünsiyyəti olmayan kəslər bu Məzlumun başına nələr
gətirdilər. Onlar Mənə zərər yetirmək və əzab vermək üçün elə ayağa qalxdılar
ki, qələmlər bunu yazmaqda, dillər söyləməkdə və lövhələr onları daşımaqda
acizdir. Sən Mənim qəlbimin naləsini və varlığımın fəryadını eşidirsən, Sənin
Əhd və Misaqını pozan kəslərin Sənin şəhərlərindəki etibarlı şəxslərinin və
məmləkətlərindəki seçilmişlərinin başına nələr gətirdiklərindən xəbərdarsan. Ya
Rəbb, Səni and verirəm dünyadakı aşiqlərinin fəryadına və onların Sənə yaxınlıq
məqamından uzaq düşdükləri üçün çəkdiyi nalələrə, Sənin məhəbbətindən ötrü
axıdılan qanlara və Sənin yolunda yanan ciyərlərə, Öz dostlarını Sənin Muxtar[7] adının sirlərindən qafil
olan kəslərin zülmündən qoru! Ya Rəbb, bütün şeylərdən üstün olan qüdrətinlə
onlara köməklik göstər, onlara səbr və dözüm ver! Həqiqətən, Sən – Qüdrətli,
Qüvvətli və Mərhəmətlisən. Səndən – feyz və səxavət Sahibindən başqa Allah
yoxdur!
Bu günlər bəziləri ədalət və insafı bir kənara
qoyub ədavət qılıncı və kin – küdurət nizəsi ilə hücuma keçmişlər. Halbuki
insafı olan kəslər əslində aləmin rədd etdiyi və insanların qovduğu şəxsə kömək
göstərməli, yaxşılıq və düzlük yolunu tutmalıdırlar. İnsanların əksəriyyəti
indiyə qədər bilmirlər ki, bu Məzlumun istəyi nədir və O nə üçün saysız-hesabsız
bəlalara tab gətirmişdir. Xülasə, Mənim qəlbimin dili: «Kaş mənim xalqım
biləydi!»- söyləyir və bu Məzlum hər şeydən əlini üzüb bu uca kəlamı deyir:
«Dalğalar Qoruyan və Qəyyum Allahın Gəmisini əhatə edib. Ey Dənizçi, tufanlardan
qorxma! Qüdrət və İxtiyar Sahibi olan Allahın istədiyi kəslərdən başqa bütün
bəndlərin qəlbini qorxuya salan bu zülmətdə Sabahları İşıqlandıran Kəs
səninlədir!»
Ey Şeyx! And olsun Məhbəs səmasından doğan və
parlayan Həqiqət Günəşinə ki, bu Məzlumun dünyanı islah etməkdən özgə məqsədi
olmayıb. Hər bir anlayan, görən, bilən və xəbərdar olan kəs buna şəhadət verər.
O, bəla anlarında səbr və dözüm ipindən yapışıb və düşmənlərin Onun başına
gətirdiklərinə razı olaraq, deyib: «Ey mənim Allahım, Mən Sənin istəyindən ötrü
Öz istəyimdən və Sənin İradənin zahir olması naminə Öz iradəmdən əl çəkdim.
Şərəfinə and olsun, mən Özümü və Öz varlığımı yalnız Sənin əmrinə xidmət üçün
istəyirəm, Öz vucudumu yalnız Sənin yolunda fəda etməkdən ötrü sevirəm. Ya Rəbb,
sən görür və bilirsən ki, Bizim ədalət və insaf gözlədiyimiz kəslər zülm və
amansızlıqla əleyhimizə qalxdılar. Onlar zahirdə Mənimlə olsalar da, batində
Məni hörmətdən salmağa çalışan düşmənlərimə kömək etdilər. İlahi, İlahi, şəhadət
verirəm ki, Sən bəndələrini Sənin Əmrinə kömək etmək və Sənin Kəlamını ucaltmaq
üçün yaratdın, lakin onlar Sənin düşmənlərinə kömək etdilər. Səni and verirəm
bütün varlığı bürüyən Əmrinə və görünən və görünməz aləmlərə hakim olan Adına,
yer əhlini Öz ədalətinin nuru ilə bəzə və onların qəlblərini Öz biliyinin ziyası
ilə işıqlandır! Ya Rəbb, Mən Sənin qulun və qulunun oğluyam. Mən şəhadət verirəm
Sənin birliyinə və təkliyinə. Sənin zatının paklığına və varlığının
müqəddəsliyinə! Ya Rəbb, görürsən ki, Sənin etibarlı kəslərin xain məxluqlarının
və ifratçı bəndələrinin əlində qalıb. Və bilirsən ki, Sənin Bizdən də yaxşı
tanıdığın kəslər Bizim başımıza nələr gətirdilər. Onlar elə işlər tutdular ki,
bunun nəticəsində Sənə yaxın olan məxluqlarının pərdəsi cırıldı. Səndən diləyim
budur ki, Sənin Vəyh Məşriqinin və İlham Məzhərinin günlərində itirdiklərini
geri qaytarmaqda onlara yardımçı olasan. Həqiqətən, Sən istədiyin şeyə qadirsən,
göylərdə və yerdə olanların cilovu Sənin ədindədir!»
Beləcə Fitrətin sədası və fəryadı yüksəldi və
O, uca səslə car çəkərək, dedi: «Ey insanlar, and olsun Allaha, Mən Məni zühur
etdirənə və göndərənə yetişdim. Bu, elə bir gündür ki, Tur onda Danışana, Kərmel
onu göndərənə, Sidrə onu Öyrədənə gülümsəyir. Allahdan qorxun və inkar
edənlərdən olmayın! Allahın fəzli sayəsində zahir olanlardan özünüzü məhrum
etməyin. Adlar Sahibi olan Rəbbinizin adı ilə ölməzlik Kövsərinə yaxınlaşın,
sonra da Qüdrətli və Bənzərsiz Allahı zikr edərək ondan için!»
Biz bütün hallarda bəndələri yaxşı işlər
görməyə və qadağan olunmuş əməllərdən çəkinməyə çağırmışıq. Varlığın Sahibi
şahiddir ki, bu Məzlum Haqqdan insanlar üçün yalnız birliyə, ülfətə, səmimiyyətə
və ittifaqa səbəb olan şeyləri diləmişdir. And olsun Allaha, bu Məzlum
gizlətməyə qadir olmamışdır, çünki O, istədiyini aşkara çıxarır. Həqiqətən, O –
Qüdrət və İxtiyar sahibidir!
Həzrət Sultana ünvanlanmış Lövhədə nazil olan
uca sözlərin bəzilərini bir daha xatırladırıq ki, cənabınız deyilənlərin Allah
tərəfindən olduğuna tam yəqinlik hasil etsin:
«Ey Sultan, Mən bəndələrdən biri idim və Öz
yatağımda yatmışdım. Birdən Alqışlananın nəsimləri Mənim üzərimə əsdi və Mənə
bütün şeylərin elmini öyrətdi. Bu, Mənim tərəfimdən deyil – yox, Qüdrətli və hər
şeyi Bilən Kəs tərəfindəndir. O, Mənə yerlə göy arasında Öz nidamı ucaltmağı əmr
etdi. Bunun nəticəsində Mənim başıma elə işlər gəldi ki, ariflər onları görüb
göz yaşı tökdülər.
Mən insanların yanında heç bir elm oxumamışam
və mədrəslərə daxil olmamışam. Bunu Mənim olduğum şəhərin əhalisindən soruş,
onda yəqin bilərsən ki, Mən yalançılardan deyiləm. Bu, elə bir yarpaqdır ki, onu
Qüdrətli və Tərifəlayiq Rəbbinin iradəsinin yelləri hərəkətə gətirir. Bərk
yellər əsərkən, o, tərpənməz qala bilərmi?! Adlar və sifətlər sahibinə and olsun
ki, yox! Onlar onu istədikləri kimi hərəkət etdirirlər. Əzəli Varlığın
qarşısında fani vücud bir heçdir. Beləliklə, Onun qaçılmaz əmri gəldi və aləm
əhli arasında Onu zikr etmək üçün Məni danışdırdı. Mən Onun əmri qarşısında
yalnız bir ölü kimiydim. Rəhman və Rəhim Rəbbinin iradəsinin əli Məni
dəyişdirdi. Məgər bir kəs özbaşına elə şeylər danışa bilərmi ki, buna görə həm
yüksək, həm də aşağı təbəqədən olan bəndələr ona etiraz etsin?! Qələmə əzəli
sirləri Öyrədənə and olsun ki, yox! Bunu yalnız Qüdrətli və qadir Allahdan kömək
alan kəs edə bilər.
Ey Sultan, bu Məzluma ədalət gözü ilə bax,
sonra Onun başına gələnlər barədə haqq ilə hökm ver. Çünki Allah səni bəndələr
arasında Özünün kölgəsi və ölkədə olan kəslər üçün Öz qüdrətinin nişanəsi edib.
Bizimlə o kəslər arasında hakimlik et ki, heç bir dəlil və aydın Kitab olmadan
Bizə zülm etdilər. Ətrafında olan kəslər səni özlərinə görə sevirlər, bu Qulam
isə səni sənin özünə görə sevir və yalnız bunu istəyir ki, sən fəzilət məkanına
yaxınlaşasan və üzünü ədalətə tərəf tutasan. Sənin Rəbbin dediklərimə şahiddir.
Ey Sultan, əgər sən Uca Qələmin səsini və
Sidrətül-Müntəhanın budaqları üzərində Adların Yaradıcısı, yerin və göyün Xaliqi
olan Allahı zikr edən Əbədiyyət Göyərçininin nəğməsini eşitsən, elə bir məqama
yetişərsən ki, varlıqda Həzrət Məbudun Təzahürlərindən başqa bir şey görməzsən,
öz hakimiyyətinə malik olduğun ən cılız bir şey kimi baxar və onu istəyən şəxsə
verərək, üzünü Allahın Üzünün nurları ilə işıqlanmış Üfüqə tutarsan və
hakimiyyət yükünə yalnız Uca və Ulu Rəbbinə kömək etmək üçün dözərsən. O zaman
Səma sakinləri sənə xeyir-dua verər. Əgər sən Allahın adı ilə tanınan qüdrətin
sayəsində həmin məqama ucalsan, onda görərsən ki, bu ülvi məqam necə də xoşdur!
Cənabınız və ya bir başqası deyib: «Tövhid
surəsini tərcümə etsinlər, qoy hamıya məlum və aydın olsun ki, Allah doğmamış və
doğulmamışdır. Babilər isə Onun[8] Rəbbaniyyətinə və
İlahiliyinə qaildirlər».
Ey Şeyx! Bu məqam – özünü fani etmək və
Allahda baqi olmaq məqamıdır. Əgər həmin söz söylənirsə, o, Mənim tam və mütləq
yoxluğuma işarə edir. Bu, elə bir məqamdır ki, Mən öz xeyrim və zərərim, həyatım
və dirilməyim barədə düşünmürəm.
Ey Şeyx! Əsrin üləmaları Bəyan sidrəsinin
irfan Turunda İmran oğluna[9] nur saçmasına nə deyirlər?
O Həzrət Sidrədən söz eşitdi və qəbul etdi, lakin insanların əksəriyyəti bu
məqamı dərk etməkdən məhrumdurlar, çünki Allahın yanında olanları unudub öz
yanlarında olanlarla məşğuldurlar. Fenderesk Seyyidi bu barədə yaxşı deyib:
Bu sözü heç bir zahiri ağıl anlaya bilməz-
İstər o, Əbu Nəsrə məxsus olsun, istərsə də
Əbu Əli Sinaya[10]!
Bəs Xatəmi-Ənbiyanın[11] – ondan başqa
hamının ruhu Ona fəda olsun! – bu kəlamına nə deyirlər?! O buyurur: «Siz mütləq
öz Rəbbinizi on dörd gecəlik Ayı gördüyünüz kimi görəcəksiniz». Və Həzrət
Əmirəleyhissalam[12] «Tutunciyyə xütbəsin»də
buyurur: «Turdakı ağacdan Musa ilə danışan Kəsin zühurunu gözləyin». Həmçinin
Hüseyn ibn Əli – Əleyhissalam buyurur: «Əgər Səndən başqasında Səndən olmayan
zühur qüdrəti olsaydı, o Sənə məzhər olardımı?! Kordur o göz ki, Səni görmür».
Övliyaların – onlara Allahın salavatı olsun! –
dilindən çıxmış bu cür sözlər məşhurdur və mötəbər kitablarda mövcuddur. Xoş o
kəsin halına ki, tam düzgünlüklə baxar və danışar! Xoşbəxt o kəsdir ki,
insanların Məqsudunun bəyan Kövsərinin köməyi ilə özünü yanlış xəyallardan və
mövhumatdan təmizlədi, uca və şərəfli Allahın adı ilə şübhə pərdələrini cırdı,
aləmdən və aləmdəkilərdən keçərək, Böyük Məhbəsə doğru yollandı.
Ey Şeyx! Vəhy nəsimləri başqalarından seçilir
və İlahi Söz kitablar arasında günəş kimi parlayıb işıq saçır. Xoş o kəsin
halına ki, bunu görər, anlayar və deyər: «Həmd olsun Sənə, ey aləmin Məqsudu və
şükr olsun Sənə, ey sadiqlərin qəlbinin Məhbubu!»
Bəndələr Rəbbanilik və İlahilikdən danışarkən,
Bizim nəyi nəzərdə tutduğumuzu anlamamışlar. Əgər anlasalar, öz yerlərindən
qalxıb: «Biz Allahın qarşısında tövbə etdik!» - deyərlər. Həzrət Xatəmi-ənbiya –
Ondan başqa hamının ruhu Ona fəda olsun! – buyurur: «Bizimlə Allah arasında
müxtəlif hallar var. Bəzən Biz O oluruq, O da Biz; bəzən də O – O olur, Biz də
Biz!»
Bundan əlavə, nə üçün siz Əbha Qələmindən
nazil olan digər məqamları yada salmamısınız? Bu Məzlumun dili əksər gündüzlər
və gecələr bu uca kəlmələri söyləyib: «Allahım, ey Mənim Allahım! Şəhadət
verirəm ki, Sən – Vahid və Bənzərsizsən: Allah – Sənsən və Səndən başqa Allah
yoxdur. Sən əzəldən Özündən başqasının zikrindən və Özündən qeyrisinin
tərifindən uca olmusan, həmişə də belə olacaqsan – əvvəl və sonra necə
olmusansa, elə də qalacaqsan. Ey Əzəl Hökmdarı, Səni and verirəm ən Böyük Adına,
Bəyan Turundakı zühur günəşinin nuruna və kainatdakı elm dənizinin dalğalarına –
Mənə elə bir kömək göstər ki, Məni Sənə yaxınlaşdırsın və Səndən başqa hamıdan
əlimi üzməyimə səbəb olsun. And olsun şərəfinə, ey kainatın Allahı və məxluqatın
Məqsudu, Mən üzümü Sənin yerinin hər bir parçasına sürtmək istəyirəm ki, bəlkə
Sənin övliyalarının qədəm basdığı torpağa qovuşmaq şərəfinə nail olam!»
And olsun Allaha! Mövhumat bəndələri Yəqinlik
Üfüqündən uzaq salıb və yanlış xəyallar onları Möhürlənmiş Şərabdan məhrum edib.
Doğrusunu söyləyirəm və Allah xatirinə deyirəm, bu Bəndə və bu Məzlum özünün var
və mövcud olduğunu söyləməyə utanır, o da qalsın ki, bundan yüksək məqamlara
iddia etməyə! Bəsirətli insan yer üzərində gəzdikcə, xəcalət çəkir, çünki tam
yəqinliklə anlayır ki, onun nemətinin, sərvətinin, izzətinin, ucalığının,
yüksəlişinin və qüdrətinin səbəbi Allahın izni ilə bütün insanların ayaqları
altında olan torpaqdır. Bu məsələdən agah olan şəxs, əlbəttə, təkəbbürdən,
lövğalıqdan və qürrələnməkdən təmizlənir və uzaq olur. Bütün bu deyilənlər Allah
tərəfindəndir. Həqiqətən, O, buna şahid olmuşdur və şahiddir, çünki O – hər şeyi
Bilən və hər şeydən Xəbərdardır.
Haqqdan təmiz qulaqlar, iti gözlər, açıq
ürəklər və həssas qəlblər diləyin ki, bəlkə bəndələr məqsədi anladılar və
üzlərini Yara tərəf tutdular. Bu Məzlumun başına elə bəlalar gəlib ki, gözlər
ona bənzərini görməyib. Bununla belə o heç vaxt Əmrin izharıni dayandırmayıb və
dünyanın asayişinə, birliyinə, ittifaqına, abadlığına və xalqların rahatlığına
səbəb olan şeyləri hökmdarların və sultanların – Allah-taala onlara yardımçı
olsun! – hüzuruna çatdırıb. O cümlədən, III Napoleondan iki-üç kəlmə eşitdik və
buna görə də Ədirnədə olarkən, ona bir lövhə göndərdik. Amma o, cavab vermədi.
Biz Böyük Məhbəsə varid olduqdan sonra onun nazirindən bir məktub aldıq.
Məktubun əvvəli fars dilində, axırı isə onların öz dilində yazılmışdı. O,
iltifatlı sözlərdən sonra qeyd etmişdi ki, xahişinizə əsasən, məktubunuzu
çatdırdım, amma bu vaxta qədər cavab verilməyib; lakin biz İstambuldakı xüsusi
nazirimizə və o ərazidəki konsulumuza tapşırıq vermişik; sizin nə sözünüz olsa,
deyin, icra ediləcəkdir.
Onun bu sözlərindən aydın olurdu ki, bu
Bəndənin zahiri işləri islah etmək məqsədi güddüyünü zənn etmişdir. Buna görə də
«Surətül-Heykəl»də onun[13] adına bir sıra ayələr
nazil oldu. Onlardan bəzilərini xatırladırıq ki, cənabınız bu Məzlumun Əmrinin
Allah üçün və Allah tərəfindən olduğunu bilsin:
«Ey Paris hökmdarı! Keşişə xəbər ver ki, daha
zəngləri çalmasın. Haqq olan Allaha and olsun, ən güclü Zəng Ən Böyük Adın
qiyafəsində zühur etdi və Uca, Ulu Rəbbinin İradəsinin barmaqları əbədiyyət
Səltənətində Əbha adına onu çaldı. Beləcə Böyük Rəbbinin ayələri yenidən nazil
oldu ki, hər şeyi Bilən və Hikmət Sahibi olan Rəbbinin istədiyi kəslərdən savayı
yer üzündəki bütün tayfaların nalə çəkdiyi, şəhərlərin bünövrəsinin
silkələndiyi, dinsizlik tozunun bəndələri bürüdüyü bu günlərdə sən yerin və
göyün qurucusu olan Allahı zikr edəsən. De: İxtiyar Sahibi nur buludları
üzərində gəldi ki, Rəhman adının Nəsimi ilə məxluqatı diriltsin, aləmi
birləşdirib bütün insanları səmadan Nazil olan bu Süfrənin başına toplasın.
Məbada, Allahın sizə göndərdiyi nemətə qarşı nankorluq edəsiniz. Bu, Sizin üçün
yanınızda olanlardan daha xeyirlidir, çünki yanınızda olanlar – ötəri, Allahın
yanında olanlar isə əbədidir. Həqiqətən, o, istədiyi kimi hökm verəndir.
Mərhəmətli Rəbbinizin yanından əfv nəsimləri əsməkdədir. Ona üz tutan kəslər
günahlardan, bütün əzab və xəstəliklərdən təmizlənər. Xoş ona üz tutanların və
vay ondan üz döndərənlərin halına!
Əgər sən qəlbinin qulağı ilə bütün şeylərə
diqqət yetirsən, onlardan bu sözləri eşidərsən: «Əzəli Varlıq Əzəmətli Şərəfi
ilə gəlmişdir». Bütün şeylər Rəbbinin tərifini söyləyir. Onlardan bəziləri
Allahı tanıyır və Onu zikr edir; bəziləri isə Onu xatırlayır, amma tanımır. Biz
aydın lövhədə belə əmr etmişik.
Ey hökmdar, Əbədiyyət dəryasının arxasındakı
müqəddəs və bəyaz məkandan ucalan bu Turdakı yaşıl ağacdan şölələnən bu Odun
nidasını eşit: «Həqiqətən, Məndən – Bağışlayan və Mərhəmətlidən başqa Allah
yoxdur». Biz Müqəddəs Ruhla kömək etdiyimiz Kəsi[14] göndərdik ki, uca və
şərəfli Rəbbinizin İradə üfüqündən parlayacaq bu Nur[15] barədə sizə xəbər versin.
Artıq onun əlamətləri Qərbdə zahir olmuşdur. Allahın günlərin ən yaxşısı etdiyi
və Rəhmanın göylərdə və yerdə olanlara nur saçdığı bu Gündə Ona üz tutun. Allaha
xidmət etmək və onun Əmrinə kömək göstərmək üçün ayağa qalx. Həqiqətən, O sənə
görünən və görünməz qoşunlarla kömək göstərəcək və səni günəşin nur saçdığı hər
şeyin sultanı edəcəkdir. Çünki sənin Rəbbin hamıdan Qüdrətli və Qüvvətlidir.
Artıq Rəhmanın nəsimləri bütün məxluqatın
üzərinə əsməkdədir. Xoş o kəsin halına ki, onların ətrini duydu və pak qəlblə
onlara üz tutdu. Vücudunu Mənim Adımla, dilini Mənim zikrimlə, qəlbini Mənim
məhəbbətimlə bəzə, çünki Mən – Uca və Qüdrətliyəm. Biz sənin üçün yalnız o şeyi
istəyirik ki, o sənə malik olduqlarından və yer üzünün bütün xəzinələrindən daha
xeyirlidir. Həqiqətən, sənin Rəbbin hər şeyi Bilən və hər şeydən Xəbərdardır.
Mənim Adımla bəndələr arasında ayağa qalx və de: «Ey yer əhli! Üzünüzü sizə üz
tutan Kəsə doğru çevirin. Həqiqətən, O sizin aranızda Allahın Üzü, sizin üçün
Onun sübutu və Dəlilidir. O sizin yanınıza elə nişanələrlə gəlmişdir ki, alimlər
onları anlamaqda acizdir». Turdakı ağac aləmin sinəsi üzərində deyir və Müqəddəs
Ruh xalqlar arasında car çəkir: «Artıq insanların Məqsudu açıq-aşkar
hökmranlıqla gəlmişdir».
Ey hökmdar, elm səmasının ulduzları töküldü,
çünki onlar Mənim Əmrimin doğruluğunu özlərinin malik olduğu şeylərlə isbat
etməyə çalışır və Allahı Mənim Adımla zikr edirdilər. Odur ki, Mən Öz Şərəfimlə
onların yanına gələndə, onlar Məndən üz döndərdilər. Bil ki, onlar etibardan
düşmüşlər. Bu, Ruhun[16] sizə xəbər verdiyi
şeydir. O, haqq ilə gəldiyi zaman yəhudi alimləri ona etiraz etdilər və hətta
elə işlər tutdular ki, Müqəddəs Ruh bunu görüb nalə çəkdi və Allaha yaxın kəslər
göz yaşı tökdü.
De: Ey rahiblər tayfası! Kilsə və məbədlərdə
guşənişin olmayın. Mənim icazəmlə onlardan çıxın, sonra da özünüzə və bəndələrə
xeyir verən işlərlə məşğul olun. Qiyamət gününün Sahibi sizə belə əmr edir.
Mənim məhəbbətimin qalasında guşənişin olun – əgər siz ariflərdənsinizsə, həqiqi
guşənişinlik budur. Evdə guşənişin olan kəs əslində bir ölü kimidir. İnsan gərək
bəndələrə faydalı olan əməllər nümayiş etdirsin. Meyvəsi olmayan kəslər
yandırılmağa layiqdir. Rəbbiniz sizə belə nəsihət verir. Həqiqətən, O – Qüdrətli
və Səxavətlidir. İzdivac edin ki, sizdən sonra kimsə yerinizi tutsun. Həqiqətən,
Biz sizə xəyanəti qadağan etdik, etibarlı olmağı yox! Siz öz nəfsinizin
qaydalarından yapışıb Allahın qaydalarını bir kənara atmaqmı istəyirsiniz?!
Allahdan qorxun və cahillərdən olmayın. Əgər Mənim yerimdə Məni xatırlayan bir
insan olmasaydı, Mənim adlarım və sifətlərim necə aşkara çıxardı?! Düşünün və o
kəslərdən olmayın ki, pərdə arxasında qaldılar və yatanlardan oldular.
Evlənməyən Kəs[17] xainlərin əli ilə
törədilən işlərə görə məskən salmağa, yaxud başını qoyub yatmağa bir yer
tapmadı. Onun müqəddəsliyi sizin bildiyiniz və özlüyünüzdə təsəvvür etdiyiniz
şeylərlə əlaqədar deyildi, əksinə, Bizim yanımızda olanlara bağlı idi. Soruşun,
bəlkə Onun yer üzündəki bütün insanların gümanlarından üstün olan məqamını
anlaya bildiniz. Xoş bunu anlayanların halına!
Ey hökmdar! Biz sənin müharibə[18] etmək qərarınla əlaqədar
Rusiya hökmdarının sualına cavab kimi dediyin sözləri eşitdik. Həqiqətən, sənin
Rəbbin hər şey Bilən və hər şeydən Xəbərdardır. Sən demişdin: «Mən öz yatağımda
yatarkən, zülm çəkib Qara dənizdə qərq olan bəndələrin fəryadı məni yuxudan
oyatdı». Biz belə eşitdik və Rəbbin dediklərimə şahiddir. Şəhadət veririk ki,
səni yuxudan oyadan onların fəryadı deyildi, sənin öz ehtiraslarının səsi idi;
bununla Biz səni sınadıq və sənin qüsurunu tapdıq. Dediklərimin mənasını başa
düş və anlayanlardan ol! Biz zahiri həyatda sənə bəxş etdiyimiz məqamı
gözləyərək, sənə ağır söz demək istəmirik. Həqiqətən, Biz ədəbi seçmişik və onu
Allaha yaxın kəslərin xasiyyəti etmişik. Bu, həqiqətən, böyüklü-kiçikli bütün
insanlara yaraşan bir libasdır. Xoş o kəsin halına ki, onu öz vücudunun bəzəyi
edər və vay o kəsin halına ki, bu böyük fəzldən məhrum olar. Əgər sən sözünün
yiyəsi olsaydın, Qüdrət və Hikmət Sahibi tərəfindən sənə göndərilən zaman
Allahın Kitabını bir kənara atmazdın. Bununla Biz səni sınadıq və sənin iddia
etdiklərinə uyğun olmadığını gördük. Ayağa dur və itirdiklərini geri qaytar!
Tezliklə dünya və sənin malik olduqların
fənaya uğrayar və hökmranlıq sənin və səndən əvvəlki əcdadlarının Rəbbi olan
Allaha qalar. Sən işləri öz ehtiraslarının təhriki ilə görməməlisən. Bu Məzlumun
naləsindən çəkin və Onu zalımların oxlarından qoru. Sənin etdiklərinə görə
məmləkətinin işləri pozular və əməllərinin cəzası olaraq, hökmranlıq əlindən
çıxar. O zaman sən özünün açıq-aşkar ziyana düşdüyünü görərsən. Əgər sən bu
Əmrin köməyinə qalxmasan və bu doğru yolla Ruhun ardınca getməsən, sənə tabe
olan tayfaları iğtişaşlar bürüyəcək. Sən öz qüdrətinəmi güvənirsən?! Canıma and
olsun, əgər sən bu Möhkəm İpdən yapışmasan, o, çox davam etməyəcək və tezliklə
zavala uğrayacaq. Biz görürük ki, arxadan səni zillət izləyir, sən isə
qafillərdənsən. Odur ki, sən böyüklük məqamından ucalan sədanı eşitməli, malik
olduqlarını bir kənara atmalı və deməlisən: «Mən burdayam, ey göylərdə və yerdə
olanların Allahı!»
Ey hökmdar! İraq torpağında olduğumuz zaman
fəraq saatı yetişdi. Biz islam hökmdarının[19] əmrinə əsasən, onun
yanına üz tutduq. Onun yanına gələn kimi nifaq əhli başımıza elə işlər gətirdi
ki, yazmaqla qurtarmaz. Behişt sakinləri və müqəddəs məkanların əhli bunu görüb
nalə çəkdi, lakin insanlar qalın pərdə arxasında qaldılar.
Sonra Biz deyirik: «Bizim vəziyyətimiz
günbəgün, hətta saatbasaat ağırlaşdı; axırı Bizi məhbəsdən çıxarıb aşkar bir
zülmlə Böyük Zindana saldılar. Əgər kimsə: «Bunlar hansı günaha görə həbs
olunublar? – deyə soruşurdusa, onlar deyirdilər: «Bunlar yeni din gətirmək
istəyirlər». Əgər siz köhnə dinə üstünlük verirsinizsə, onda Tövratda və İncildə
buyurulanları niyə tərk etdiniz? Bunu aydınlaşdırın, ey insanlar! And olsun
canıma, bu gün sizin qaçıb gizlənəcəyiniz bir yer yoxdur! Əgər Mənim təqsirim
Məndən əvvəl Allahın Rəsulu Məhəmmədin, Ondan əvvəl Ruhun (İsanın), Ondan əvvəl
isə Kəlimin (Musanın) etdiyidirsə və əgər Mənim günahım Allah kəlamını ucaltmaq,
Onun əmrini izhar etməkdirsə, o zaman Mən – günahkarların birincisiyəm. Və Mən
bu günahı göylərin və yerin səltənətinə dəyişmərəm».
Sonra Biz deyirik: «Bəla nə qədər artdısa,
Bəhanın Allaha və onun Əmrinə məhəbbəti də bir o qədər artdı; belə ki,
qafillərin qoşunlarının Mənim başıma gətirdikləri Mənə mane ola bilmədi. Əgər
onlar Məni torpaq altında basdırsalar da, Məni buludlar üzərində əyləşib
Qüdrətli və Qadir Allahı çağıran halda görəcəklər. Mən özümü Allahı yolunda fəda
etdim, Onun məhəbbətini və razılığını qazanmaq üçün bəlalara can atdım. İndi
Mənim içərisində olduğum və dünyada heç kəsin dözə bilməyəcəyi bəlalar buna
şahiddir. Mənim hər bir tüküm Turdakı Ağacın dediyini söyləyir və Mənim hər bir
damarım Allahı çağıraraq, deyir: «Kaş mən aləmin dirçəlişi və onda olanların
birliyi naminə Sənin yolunda tikə-tikə olaydım!» Hər şeyi Bilən və hər şeydən
Xəbərdar olan Allah tərəfindən əmr belə müəyyən olunmuşdur.
Bil ki, təbəələr sizin aranızda Allahın
əmanətləridir. Özünüzü necə qoruyursunuzsa, onları da eləcə qoruyun. Ehtiyatlı
olun ki, qurdları qoyunlara çoban etməyəsiniz, lövğalıq və təkəbbür sizin
fəqir-füqəraya diqqət yetirməyinizə mane olmasın. Mənim Adımla təmənnasızlıq
üfüqündən parla, sonra da Qüdrətli və Qadir Rəbbinin əmrinə uyğun olaraq, üzünü
Səltənətə doğru tut!»
Sonra Biz dedik: «Məmləkətin bədənini Mənim
adımın bəzəyi ilə zinətləndir və Mənim Əmrimin təbliği üçün ayağa qalx. Bu, sənə
malik olduqlarından daha xeyirlidir. Allah bunun sayəsində hökmdarlar arasında
sənin adını ucaldar. Həqiqətən, O hər şeyə qadirdir. İnsanlar arasında Allahın
adı və qüdrəti ilə gəz ki, səndən aləm əhlinə Onun əlamətləri görünsün».
Sonra Biz dedik: «De: Ey insanlar, özünüzü
Rəhmana mənsub etdiyiniz halda Şeytanın törətdiklərini törətmək sizə yaraşarmı?!
And olsun sübhanın Camalına ki, yox! Əgər ariflərdənsinizsə, bunu bilin.
Qəlblərinizi dünya sevgisindən, dillərinizi iftiradan, əzalarınızı isə sizin
Qüdrətli və Tərifəlayiq Allaha yaxınlaşmağınıza mane olan şeylərdən təmizləyin.
De: Dünya sizin Vəhy Məşriqindən üz döndərməyinizə və sizə faydası olmayan
şeylərə üz tutmağınıza səbəb olur. Həqiqətən, bu gün sizin Allaha tərəf üz
tutmağınıza mane olan şey əslində dünyadır. Ondan uzaqlaşın və Böyük Mənzərəyə –
bu parlaq və nurlu məkana yaxınlaşın. Ey insanlar, qan tökməyin və heç kəsi
haqsız mühakimə etməyin. Hər şeyi Bilən və hər şeydən Xəbərdar olan Allah
tərəfindən sizə belə əmr olunur. Yer üzündə onun islah olunmasından sonra
fitnə-fəsad törədənlər Kitabda müəyyən edilmiş hədləri aşan kəslərdir. Həddini
aşanların yeri isə əzablı olacaqdır».
Sonra Biz dedik: «İnsanların malına xəyanət
etməyin. Yer üzündə etibarlı olun və kasıbları Allahın öz fəzli sayəsində sizə
bəxş etdiyi şeylərdən məhrum etməyin. Həqiqətən, O sizə malik olduqlarınızdan
ikiqat artığını əta edəcəkdir. O, doğrudan da, Səxavətli və Kəramətlidir.
Ey Bəha əhli! Qəlb şəhərlərini hikmət və söz
qılıncları ilə fəth edin. Öz ehtiraslarının təhriki ilə münaqişə edən kəslər
açıq-aşkar pərdə arxasında qalanlardır. De: Hikmət qılıncı yaydan hərarətli,
dəmir qılıncdan itidir – əgər ariflərdənsinizsə, bunu bilin. Mənim adım və
qüdrətimlə onu sıyırın, sonra da onun vasitəsilə öz ehtiraslarının qalasına
sığınmış kəslərin könül şəhərlərini fəth edin. Əbha Qələmi sizə belə əmr edir,
halbuki O qafillərin qılıncları altda oturub. Əgər başqasının günahından xəbər
tutsanız, onu gizlədin ki, Allah da sizin günahınızı gizlətsin. Həqiqətən, O –
Gizlədən və böyük fəzl Sahibidir. Ey varlılar tayfası! Bir yoxsul gördükdə, onun
qarşısında təkəbbür etməyin. Nədən yarandığınız üzərində düşünün. Sizin hamınız
bulanıq sudan yaranmısınız».
Daha sonra Biz dedik: «Dünyaya bir insan
bədəni kimi baxın. Onu xəstəliklər bürümüşdür və onun sağalması onda olanların
birliyindən asılıdır. Bizim qoyduğumuz yola toplaşın və ixtilaf doğuran yollarla
getməyin. Dünya və onun əhalisinin halı barədə düşün. O kəs ki, aləm Ondan ötrü
xəlq olunmuşdur, qafillərin əli ilə törədilən işlər nəticəsində ən bərbad bir
diyarda[20] məhbəsə salınmışdır. Və
O, məhbəs üfüqündən insanları Ulu və Böyük Allahın dan yerinə doğru səsləyir.
Sən malik olduğun sərvətlərin faniliyini bilə-bilə onlarlamı öyünürsən?! Yoxsa
yer üzünün bir qarışına hakim olmağınamı sevinirsən?! Halbuki Bəha əhlinin
nəzərində bütün bunların bir ölü qarışqanın gözünün qarası qədər də dəyəri
yoxdur. Onları dünya əhlinin ixtiyarına burax, sonra da üzünü aləmin Məqsuduna
doğru tut. Hanı özünə güvənənlər və onların sarayları?! Onların qəbrlərinə baxıb
ibrət götür, çünki Biz onları baxanlar üçün bir ibrət etmişik. Əgər Vəhy
ətirləri səni tutsa, sən mülkdən qaçıb Mələkuta üz tatarsan və malik olduqlarını
bu kəramətli Mənzərəyə yaxınlaşmaqdan ötrü qurban verərsən».
Biz əmr etdik ki, Həzrət Ruhun (İsanın)
tərəfdarlarından biri bu Lövhəni göndərsin. Və o, Bizə bildirdi ki, Lövhəni və
onun tərcüməsini göndərib. Elm – Qüdrətli və hər şeyi Bilən Allaha məxsusdur.
«Surətül - Heykəl»in bir hissəsi Rusiya
imperatoru həzrətlərinə – Uca və Mübarək Allah ona yardımçı olsun! – ünvanlanmış
lövhədir: «Ey Rus hökmdarı! Hökmran və Müqəddəs Allahın nidasını eşit və üzünü
cənnətə doğru çevir – o məkana ki, orada Səma Sakinləri arasında ən Gözəl
adlarla, xilqət aləmində isə nurlu və şərəfli Allahın adı ilə tanınan Kəs qərar
tutmuşdur. Ayıq ol ki, heç bir şey sənin Rəhmli və Mərhəmətli Rəbbinə üz
tutmağına mane olmasın. Həqiqətən, Biz sənin gizli söhbətdə öz Mövlana
dediklərini eşitdik. Buna görə də Mənim inayətimin ətri yayıldı və mərhəmətimin
dənizi dalğalandı. Və Biz sənə haqq ilə cavab verdik. Həqiqətən, sənin Rəbbin
hər şeyi Bilən və Hikmət Sahibidir! Mən «Ta» zindanında zəncirlər və qandallar
altında olarkən, sənin səfirlərindən biri Mənə kömək göstərdi. Bununla da Allah
sənin üçün elə bir məqam yazdı ki, Ondan başqa heç kəsin elmi o məqamı dərk edə
bilməz. Ayıq ol ki, bu məqamı dəyişdirməyəsən».
Sonra Biz dedik: «Budur Ata gəldi və Oğul (İsa
Məsih) müqəddəs vadidə deyir: mən burdayam, ey mənim Allahım, mən burdayam!»
Tur dağı Evin ətrafına fırlanır və Ağac ən uca səslə nida edir: «Budur, Mərhəmət
Sahibi buludlar üzərində gəldi! Xoş Ona yaxınlaşanların və vay Ondan uzaqda
qalanların halına!»
Bu qəti Əmri yaymaq üçün insanlar arasında
ayağa qalx, sonra da xalqları Qüdrətli və Böyük Allaha doğru dəvət et! O
kəslərdən olma ki, Allahı Onun adlarından biri ilə çağırır, Adlar Sahibi
gəldikdə isə Ona qarşı küfr edir, Ondan üz döndərir və axırda aşkar bir zülmlə
Onun əleyhinə fitva verirlər. Bax, sonra da o günləri xatırla ki, Ruh (İsa)
gəlmiş və Hirod Onun əleyhinə hökm çıxarmışdı. O zaman Allah qeyb qoşunları ilə
Ruha kömək etmiş və haqq ilə Onu qorumuşdu. Və Öz vədinə uyğun olaraq, Onu başqa
bir torpağa göndərmişdi. Həqiqətən, O istədiyi kimi hökm verəndir. Doğrudan da,
sənin Rəbbin istədiyi kəsi qoruyar – istər o, dənizin ortasında olsun, istər
əjdəhanın ağzında, istərsə də zalımların qılıncı altda!»
Sonra Biz dedik: «Bir daha Mənim məhbəsimdən
ucalan sədamı eşit ki, cəlalımın məzhərlərindən camalımın başına nələr
gəldiyindən xəbər tutasan və qüdrətimlə yanaşı nə qədər səbrim, qüvvətimlə
yanaşı nə qədər dözümüm olduğunu biləsən. Canıma and olsun, əgər sən Qələmimdən
nazil olanları anlasan, Əmrimin xəzinələrindən, adlarımın dənizlərindəki sirr
gövhərlərimdən və sözlərimin mənalarından agah olsan, Allahın şərəfli və uca
Səltənətinə çatmaq şövqü ilə özünü Allahın yolunda fəda edərsən. Bil, Mənim
cismim düşmənlərin qılıncı altda və bədənim saysız-hesabsız bəlalar içində olsa
da, ruhum elə bir şadlıq içərisindədir ki, insanların heç bir sevinci onunla
müqayisəyə gəlməz!»
Həmçinin kraliça həzrətlərinə[21] – uca və mübarək Allah
ona yardımçı olsun! – ünvanlanmış lövhədən bəzi ayələri xatırladırıq. Məqsədimiz
budur ki, bəlkə Vəhyin ətri cənabınızı tuta və siz Allah xatirinə Əmrə xidmət
etməyə başlayasınız, hökmdarlara – Allah onlara uğur bəxş etsin! – ünvanlanmış
Lövhələrdən hansı onlara çatmayıbsa, çatdırasınız. Bu, böyük bir iş və böyük bir
xidmətdir. O torpaqda məşhur alimlər çoxdur, o cümlədən bir çox seyidlər vardır
ki, öz böyüklüyü və yüksək məqamı ilə şöhrət tapmışlar. Onlarla məşvərət edin və
Uca Qələmdən nazil olanları onlara göstərin ki, bəlkə onlar aləmin islahına və
insanların qəlbini təmizlənməsinə kömək göstərələr, ürəklərdə yığılıb gizli
qalan kin və ədavət atəşini ilahi nəsihətlər Kövsərinin suyu ilə söndürələr. Bu
işdə uğuru Haqdan diləyirik. Və bu, Onun üçün çətin deyildir.
«Ey Londondakı kraliça! Kainatın sahibi olan
Rəbbinin ilahi Sidrədən ucalan nidasını eşit: «Məndən – Qüdrət və Hikmət
Sahibindən başqa Allah yoxdur!» Yer üzündə olanları burax və məmləkətinin başını
cəlallı Rəbbinin zikr çələngi ilə bəzə. Həqiqətən, O, aləmə Özünün ən böyük
şərəfi ilə gəldi və İncildə xatırlananlar həyata keçdi. Şam torpağı2
xilqətin sahibi olan Rəbbinin qədəmləri ilə şərəfləndi və vüsal şərabının xumarı
Cənubu və Şimalı bürüdü. Xoş o kəsin halına ki, Rəhmanın ətrini duydu və bu
nurlu səhərdə Camalın Məşriqinə üz tutdu. Budur, Məscidül-Əksa Əbha Rəbbinin
nəsimlərindən həyacana gəldi. Bətha3 Uca və Ulu Allahın nidasından
titrədi. Onların hər bir daşı bu əzəmətli Adla Rəbbi zikr etdi.»
Sonra Biz dedik: «Biz sənə Allah xatirinə
xəbərdarlıq edirik və istəyirik ki, sənin adın yerin və göyün xaliqi olan
Rəbbinin zikri ilə ucalsın. Həqiqətən, O, dediklərimə şahiddir. Bizə xəbər çatıb
ki, sən qul və kəniz alverini qadağan etmisən. Bu, Allahın bu ecazkar Zühurda
hökm etdiyinə uyğundur. Allah bunun mükafatını sənə yazacaqdır. Həqiqətən, O,
yaxşı işlər görən qadın və kişilərin əcrini verəcəkdir; bir şərtlə ki, sən hər
şeyi Bilən və hər şeydən xəbərdar olan Allah tərəfindən sənə göndərilənə tabe
olasan. Ayələri nazil edən Kəs tərəfindən aydın göstərişlər gəldikdən sonra üz
çevirib təkəbbür göstərən şəxsin isə Allah əməlini hədər edəcəkdir. Həqiqətən,
O, hər şeyə qadirdir. Əməllər Allaha üz tutulduqdan sonra qəbul olunacaqdır.
Haqqdan üz döndərən kəs xilqət içərisində ən qalın pərdə arxasında qalandır.
Qüdrətli və Qadir Allah tərəfindən belə müəyyən edilmişdir.
Biz həm də eşitmişik ki, sən məşvərət
səlahiyyətini xalq nümayəndələrinin ixtiyarına vermisən. Sən yaxşı iş görmüsən,
çünki bununla işlərin bünövrəsi möhkəmlənər və sənin kölgəndə olan bütün yüksək
və aşağı rütbəli insanların qəlbi rahatlıq tapar. Lakin onlar bəndələrin
etimadını doğrultmalı və özlərinə bütün yer üzündə olanların vəkilləri kimi
baxmalıdırlar. Tədbir və Hikmət Sahibi tərəfindən göndərilmiş bu Lövhədə onlara
verilən nəsihət belədir. Və hər bir kəs Məclisə üz tutduğu zaman qoy nəzərlərini
Uca Üfüqə doğru çevirsin və desin: «Ey mənim Allahım, Səni and verirəm şərəfli
Adına, Sənin bəndələrinin işlərini düzəltməkdə və Sənin şəhərlərini abad etməkdə
mənə yardımçı ol! Həqiqətən, Sən hər şeyə qadirsən!» Xoş o kəsin halına ki,
Məclisə Allah xatirinə daxil olar və insanlar arasında tam ədalətlə hökm verər.
Bil ki, o kəs səadətə çatanlardandır.
Ey burada və başqa diyarlarda olan Məclis
üzvləri! Əgər siz ariflərdənsinizsə, dünyanı və onun halını yaxşılaşdıran işlər
barədə tədbir tökün və danışın. Baxın, dünya insan bədəninə bənzəyir: o, sağlam
və kamil şəkildə xəlq olunub, amma müxtəlif və çeşidli səbəblərdən onu
xəstəliklər bürüyüb. Onun halı bir gün də yaxşılaşmayıb, əksinə, xəstəliyi daha
da ağırlaşıb, çünki o öz nəfslərinin atına minərək sərgərdən qalan bacarıqsız
həkimlərin ixtiyarında olub – yalnız aləmlərin Rəbbi olan Allahın istədiyi
kəslərdən başqa! Və əgər müəyyən bir əsrdə onun əzalarından biri mahir həkimin
sayəsində yaxşılaşıbsa da, digər əzaları əvvəlki halda qalıb. Beləcə hər şeyi
Bilən və hər şeydən Xəbərdar olan Allah sizi agah edir. Bu gün Biz onun təkəbbür
şərabından məst olmuş adamların əli altında olduğunu görürük ki, onlar nəinki bu
ecazkar və əzamətli Əmri, hətta öz xeyirlərini də anlamırlar».
Sonra Biz dedik: «Dünyanın sağalması üçün
Allahın təyin etdiyi ən böyük dərman və ən mükəmməl vasitə yer üzündəki
insanların bir Əmrdə və bir şəriətdə birləşməsidir. Bu isə yalnız və yalnız
mahir, kamil və Allahdan yardım alan təbibin sayəsində mümkün ola bilər. Canıma
and olsun, həqiqət budur və bundan başqa hər şey açıq-aşkar azğınlıqdan savayı
bir şey deyildir. Hər dəfə ən Böyük Vasitə gələndə və Əzəl Məşriqindən Nur
parlayanda, bacarıqsız həkimlər Ona mane olmuş və Onunla aləmin arasını bulud
kimi kəsmişlər. Buna görə də onun xəstəliyi sağalmamış və o, indiyə qədər öz
xəstəliyində qalmışdır. Onlar onu qorumağa və sağaltmağa qadir olmamışlar və
bacarıqsız həkimlərin əli ilə törədilənlər insanlar arasında Qüdrətin Məzhəri
olan Kəsə istədiyini həyata keçirməyə imkan verməmişdir.
Bu günlərə nəzər salın: Əzəli Camal ən Böyük
Adla aləmi dirçəltmək və insanları birləşdirmək üçün gəldi. Onlar isə iti
qılınclarla Onun əleyhinə qalxıb elə işlər tutdular ki, Ruhül-əmin[22] bunu görüb göz yaşı
tökdü. İş o yerə çatdı ki, Onu ən xaraba bir şəhərdə[23] məhbus etdilər və
möminlərin əlini Onun ətəyindən kəsdilər. Onlara: «Aləmi islah edən Kəs
gəlmişdir» - deyiləndə. Onlar söylədilər: «Bu, bir həqiqətdir ki, O, fitnə-fəsad
törədənlərdəndir». Halbuki onlar Onunla ünsiyyətdə olmamışdılar və görmüşdülər
ki, O, bircə an da Özünü qorumağa çalışmır. O hər zaman azğınların əlində
olmuşdur. Bir dəfə Onu həbs etmiş, digər dəfə ölkədən çıxarmış, başqa bir dəfə
isə bu şəhərdən o şəhərə sürgün etmişlər. Onlar Bizə qarşı belə hökm vermişlər
və Allah dediklərimdən xəbərdardır».
Fitnə-fəsad barəsindəki bu ittiham həmən
ittihamdır ki, bundan əvvəl Fironlar Həzrət Kəlimullaha[24] qarşı irəli sürmüşlər.
Rəhmanın Quranda nazil etdiyini oxu. Uca və Mübarək Allah buyurur: «Həqiqətən,
Biz Musanı ayələrimizlə və açıq-aşkar bir üstünlüklə Fironun, Hamanın və Qarunun
yanına göndərdik. Onlar isə dedilər: «Bu sehrbazdır, yalançıdır». O onların
yanına dərgahımızdan haqq ilə gəldikdə, onlar dedilər: «Onunla birlikdə iman
gətirənlərin oğlanlarını öldürün, qadınlarını isə diri saxlayın». Amma
kafirlərin hiyləsi yalnız boşa çıxar. Firon dedi: «Qoyun mən Musanı öldürüm, qoy
o da Rəbbini köməyə çağırsın. Doğrusu, mən onun sizin dininizi dəyişdirəcəyindən
və yer üzündə fitnə-fəsad törədəcəyindən qorxuram». Musa dedi: «Mən Qiyamət
Gününə inanmayan hər bir təkəbbür sahibindən mənim Rəbbim və sizin Rəbbiniz olan
Allaha pənah aparıram».
Həmişə aləmi islah edən Kəsi fitnəkar
bilmişlər və Onun barəsində hamının eşitdiyi sözləri söyləmişlər. Hər dəfə Zühur
Günəşi İlahi İradə səmasının üfüqündən parlayanda, bəziləri inkara, bəziləri
etiraza, bir çoxları da iftiralara əl atmışlar və bəndələri Xilqət Sahibinin
inayət çayından məhrum etmişlər. Necə ki, indi bu Məzlumu görməyən və Onunla
ünsiyyətdə olmayan kəslər Onun barəsində cənabınızın eşitdiyi sözləri
söyləmişlər və söyləyirlər. Deyin: «Ey insanlar! Bəyan Günəşi fəzl səmasının
üfüqündən parlayır və Turda Danışanın Zühur nuru dinlərin qarşısında işıq saçır.
Ürəyinizi, qəlbinizi, qulağınızı və gözünüzü Rəhmanın Bəyan Kövsəri ilə
təmizləyib paklaşdırın, sonra da diqqət yetirin. And olsun Allaha, bütün
şeylərdən: «Budur, Haqq gəlmişdir!» - nidasını eşidərsiniz. Xoş insaflı
olanların və Ona üz tutanların halına! [25]
Mübarək Sidrə[26] haqqında deyilən sözlərin
yalan olduğuna hər bir bəsirətli alim və xəbərdar arif şəhadət verər. Şübhəsiz,
cənabınız Həzrət Kəlim (Musa) barədə nazil olmuş ayələri görmüş və oxumuşdur.
Uca və Mübarək Allah buyurur: [Firon] dedi: «Biz səni körpə uşaqkən yanımıza
alıb böyütmədikmi? Sən illərcə yanımızda qalmadınmı? Axırda sən elədiyini
elədin. Sən nankorun birisən!» [Musa] dedi: «Mən onu edərkən cahillərdən idim.
Buna görə də sizdən qorxub qaçdım. Sonra Rəbbim mənə hikmət verdi və məni öz
elçilərindən biri etdi».[27] Başqa bir məqamda isə Uca
və Mübarək Allah buyurur: «[Musa] əhalidən xəbərsiz şəhərə daxil oldu. Orada iki
nəfərin vuruşduğunu gördü. Onlardan biri öz adamlarından, digəri isə
düşmənlərindən idi. [Musanın] adamlarından olan kəs düşməninə qarşı (mübarizədə)
Ondan kömək istədi. Musa onu vurub öldürdü və dedi: «Bu, Şeytanın əməlidir.
Həqiqətən, o, (insanı yolundan) azdıran açıq-aşkar bir düşməndir». (Sonra) dedi:
«Ey Rəbbim! Şübhəsiz ki, Mən özüm-özümə zülm etdim. Buna görə məni bağışla!»
Allah onu bağışladı. Həqiqətən, O – Bağışlayan və Rəhmlidir. (Musa) dedi: «Ey
Rəbbim! Mənə bəxş etdiyin nemətə görə mən əsla günahkarlara arxa olmayacağam».
(Musa) qorxaraq, o şəhərdə səhəri nigarancılıq içində qarşıladı. Bir də nə görsə
yaxşıdır: dünən ondan imdad diləyən kəs fəryad çəkib yenə onu köməyə çağırır.
Musa ona dedi: «Sən doğrudan da, açıq-aşkar bir azğınsan!» (Musa) onların hər
ikisinin düşməni olan kəsi yaxalamaq istədikdə, o, dedi: «Ey Musa! Sən dünən
birini öldürdüyün kimi məni də öldürməkmi istəyirsən?! Sən yer üzündə yalnız bir
zülmkar olmaq istəyirsən və (yer üzünü) islah edənlərdən olmaq istəmirsən[28]. İndi pak və təmiz qulaq
və göz sahibi olmaq lazımdır ki, ədalət və insafa üz tutasan. Həzrət Kəlim
(Musa) həm öz zülm və azğınlığını etiraf etdi, həm də qorxub qaldığını və asi
olduğunu. Və Allahdan – Onun cəlalı daha da artsın! – bağışlanmasını diləyib bu
şərəfə nail oldu.
Ey Şeyx! Haqq – Onun cəlalı daha da artsın! -
hər dəfə Öz Məzhərləri vasitəsilə zühur edib, «O, nə istəyirsə edir və necə
istəyirsə hökm verir» bayrağı ilə gəlib. Heç bir kəs bu zaman «necə və nə üçün»
deməməlidir. Kim deyibsə, əslində Rəblər Rəbbi olan Allahdan üz döndərib. Zühur
günlərində belə işlər baş verib və mövcud olub. Bu Məzlum barəsində də elə
şeylər deyiblər ki, Allaha yaxın və sadiq olan kəslər onların yalan olduğuna
şəhadət vermişlər və verirlər. And olsun Allaha, bu ətək həmişə təmiz olmuş və
olmaqdadır, hərçənd indi bəziləri onu nalayiq və yalan iftiralarla bulaşdırmaq
istəyirlər. Lakin Allah bilir, onlar isə bilmirlər. Onlar Allahın qüdrət və
qüvvəti sayəsində dünyanın bütün firqələri qarşısında ayağa qalxıb hamını Uca
Üfüqə doğru çağıran Kəsi inkar etmişlər. Və o kəslərə üz tutmuşlar ki, onlar
daim pərdə və örtük arxasında qalmış və özlərini qorumaqla məşğul olmuşlar. İndi
də bir çoxları yalan və iftira söyləməklə məşğuldurlar və onların ürəklərə və
könüllərə şübhə salmaqdan özgə məqsədləri olmamışdır və yoxdur. Kim Böyük
Şəhərdən[29] bu torpağa üz tutursa,
dərhal teleqrafla xəbər verirlər ki, o, müəyyən məbləğdə pul oğurlayaraq, Akkaya gedib. Alim, kamil və fazil bir
şəxs ömrünün sonlarında Müqəddəs Torpağa üz tutub ki, guşənişin olsun. Amma onun
barəsində elə sözlər yazıblar ki, Allaha yaxın və sadiq olan kəslərin naləsi
ucalıb.
Mərhum Həzrət Müşirüd-dövlə Mirzə Hüseyn xan –
Allah onu bağışlasın! – bu Məzlumu tanıyırdı və şübhəsiz, bu Məzlumun Astanaya[30] gəlişinin təfsilatı, Onun
sözləri və əməlləri barədə dövlət xadimlərinə məlumat vermişdi. Gəlişimizin ilk
günü dövlətin mehmandarı[31] Bizi qarşılayıb ona
tapşırılmış yerə apardı. Həqiqətən də, dövlət tərəfindən bu Məzluma hədsiz
məhəbbət və inayət göstərildi. Ertəsi gün şahzadə Şücaüd-dövlə və Mirzə Səfa
səlahiyyətli vəzir mərhum Müşrüd-dövlənin nümayəndəsi kimi Bizim yanımıza təşrif
gətirdilər. Həmçinin uca dövlətin bəzi nazirləri, o cümlədən, mərhum Kamal Paşa
və bir çox başqaları Bizim görüşümüzə gəldilər. Bu Məzlum Allaha təvəkkül
edərək, heç bir ehtiyacını və mətləbini bildirmədən dörd ay o torpaqda qaldı.
Onun əməlləri hamıya məlum və aydın idi. Bunu kinli yalançılardan başqa heç kəs
inkar edə bilməz. Allahı tanıyan kəs Ondan başqasını tanımaz. Biz bu cür işləri
xatırlamağı xoşlamamışıq və xoşlamırıq.
İranın bir çox böyük adamları nə vaxt o şəhərə
(İstambula) gəliblərsə, qapılar ağzını kəsdirib pul və ənam almaq üçün
əllərindən gələni etmişlər. Bu Məzlum isə əgər İranın şərəfini yüksəltməmişdirsə
də, onun alçalmasına səbəb olan işlər də tutmamışdır. Mərhum Həzrətin
(Müşirüd-dövlənin) bu əməli onun bu Məzlumun dostu olmasından deyil, hikmətin
tələbindən və gizli olaraq nəzərdə tutduğu xidmət istəyindən irəli gəlmişdir.
Mən şəhadət verirəm ki, o, dövlətə xidmətində sədaqətli idi, xəyanət onun yanına
yol tapa bilməzdi. Bu məzlumların Böyük Məhbəsə (Akkaya) gəlişinin səbəbkarı da o olmuşdur. Lakin o öz əməllərində
səmimi olduğu üçün yaxşılıqla xatırlanmağa layiqdir. Bu Məzlumun istəyi və
məqsədi həmişə dövlətin və millətin yüksəlişi və tərəqqisi olmuşdur, Öz
Məqamının yüksəlişi yox! İndi bəziləri bir çoxlarını da başına toplayıb bu
Məzlumu hörmətdən salmağa çalışırlar. Lakin bu Məzlum uca və Mübarək Allahdan
diləyir ki, onların Ona doğru qayıtmasına köməklik göstərsin, onları
itirdiklərini geri qaytarmağa və Onun mərhəmət qapısında tövbə etməyə müvəffəq
eyləsin. Həqiqətən, O – Bağışlayan və Mərhəmətlidir.
Ey Şeyx! İllər boyunca qoruyub bəslədiyim və
gecə-gündüz üzümün qarşısında xidmət göstərən şəxsin[32] başıma gətirdiklərinə
görə, həqiqətən, Qələmim Mənim halıma ağlayır və Lövhəm göz yaşı tökür. İş o
yerə çatdı ki, xidmətçilərimdən Seyyid Məhəmməd adlı birisi onu yoldan çıxardı.
Bağdaddan Mənimlə birlikdə mühacirət edib bu Böyük Məhbəsə gəlişimə qədər
yanımda olan mömin bəndələrim buna şəhadət verər. Onlar Mənim başıma elə işlər
gətirdilər ki, buna görə bütün alimlər fəryad etdi, bütün ariflər nalə çəkdi və
insaf əhli göz yaşı tökdü.
Allahdan diləyimiz budur ki, qafilləri ədalətə
və insafa doğru yönəltsin və onlara bilmədiklərini anlatsın. Həqiqətən, O – Fəzl
və Kəramət Sahibidir. Ya Rəbb, bəndələrini Öz fəzl qapından məhrum etmə və
onları Öz yaxınlığının büsatından qovma! Onlara cəlal nurlarını duymaqda və
mövhumat və xəyal pərdələrini yırtmaqda köməklik göstər! Həqiqətən, Sən –
Ehtiyacsız və Ucasan! Səndən – qüdrət və Fəzilət sahibindən başqa Allah yoxdur.
And olsun yəqinlik səmasının üfüqündən
parlayan Dəlil Günəşinə! Bu Məzlum gecə-gündüz insanların qəlbini paklaşdırmaqla
məşğul olub ki, bilik nuru nadanlıq zülmətinə qalib gəlsin.
Ey Şeyx! Dəfələrlə deyilib və yenə də deyilir.
Biz qırx il ərzində Allahın inayəti və Rəbbin hər şeyə nüfuz edən güclü iradəsi
sayəsində Sultan həzrətlərinə – Allah ona yardımçı olsun! – kömək etmişik. Bu
kömək ədalət və insaf sahiblərinə bəlli və aydındır. Bunu həddini aşmış
günahkarlardan və şübhə edən kinlilərdən savayı heç kəs inkar etməz. Ən qəribəsi
odur ki, dövlətin vəzirləri və millətin etimad göstərdiyi şəxslər indiyə qədər
bu açıq-aşkar xidmətə diqqət yetirməyiblər, yaxud bunu görüb hansı səbəbdənsə
qeyd etməyiblər. Bu qırx ildən əvvəl hər il bəndələr arasında mücadilə və
münaqişələr baş verirdi. Sonra hikmət və bəyan, nəsihət və irfan qoşunları
sayəsində onların hamısı səbrin möhkəm ipindən tutdular və dözümün nurlu
ətəyindən yapışdılar. Belə ki, bu məzlum camaatın başına gətirilənlərə dözdülər
və hər şeyi Allahın ixtiyarına buraxdılar. Baxmayaraq ki, Mazandaranda və Rəştdə
bir çoxlarına ən ağır işgəncələrlə əzab verdilər. O cümlədən, sözün həqiqi
mənasında təslim səmasının üfüqündən parlayan bir nur olan həzrət Hacı Nəsiri
öldürdükdən sonra gözünü çıxartdılar və burnunu kəsdilər. Zülm elə bir yerə
çatdı ki, xarici ölkələrin əhalisi buna hönkürüb ağladı, ətraf məmləkətlər
gizlicə qadınlara və uşaqlara yardım göstərdilər.
Ey Şeyx! Qələm baş verənləri xatırlamağa
utanır. «Sad» torpağında[33] zülm tonqalı elə
alovlandı ki, hər bir insaflı adam nalə çəkdi. Canına and olsun, elm və irfan
şəhərlərindən elə nalə və fəryad ucaldı ki, iman və təqva əhlinin ciyəri yandı.
İki parlaq nur olan iki Həsən o torpaqda tərəddüd etmədən canlarını fəda
etdilər. Dövlət, sərvət və izzət onlara mane ola bilmədi. Onların başına nələr
gəldiyini Allah bilir və insanların əksəriyyəti bilmir. Onlardan əvvəl cənab
Kazım və yanında olanlar, sonra isə Həzrət Əşrəf hamılıqla şəhidlik şərbətini
böyük şövq və iştiyaqla içdilər və Ulu Rəfiqə qovuşdular. Həmçinin Sərdar Əziz
xanın vaxtında Allahı tanıyan cənab Mirzə Mustafanı və yanında olanları tutub
Ulu Rəfiqə və nurlu Üfüqə doğru göndərdilər. Xülasə, hər bir şəhərdə zülmün
əlamətləri aşkar və aydın idi. Elə bir zülmün ki, onun tayı-bərabəri olmayıb.
Bununla belə heç kəs müdafiəyə qalxmadı. Həzrət Sultana ünvanlanmış Lövhəni
aparan Həzrət Bədi barədə düşün, gör o, necə can verdi. Təmənnasızlıq cıdırında
at çapan o şəxs ömrünün qiymətli çələngini Yeganə Yarın ayaqları altına atdı.
Ey Şeyx! Əgər bu işlər inkar ediləcəksə, onda
hansı iş etiraf olunmağa layiqdir?! Allah xatirinə danış və susanlardan olma.
Həzrət Nəcəfəlini tutdular və o, hədsiz şövq və cazibə ilə şəhidlik məqamına
tələsdi. O zaman bu sözləri söylədi: «Biz Bəhanı və qan bahasını tapdıq». Bunu
deyib canını tapşırdı. Molla Əlicanın uca könlünün üfüqündən parlayan
təmmannasızlıq nurunun işığına nəzər salın. Ulu Kəlamın ətri və Uca Qələmin
qüdrəti onu elə cəzb etmişdi ki, şəhidlik meydanı ilə eyş-işrət eyvanının onun
üçün fərqi yox idi, əksinə, birincisi daha üstün idi. Cənab Əbabəsir və Seyyid
Əşrəf Zəncani barədə düşünün. Əşrəfin anasını gətirdilər ki, oğluna nəsihət
versin. Lakin anası onu böyük şəhidlik şərəfinə nail olmağa təşviq etdi.
Ey Şeyx! Bu camaat adlar körfəzindən keçib və
təmənnasızlıq dəryasının sahilində çadır qurub. Onlar çəkinmədən yüz min canı
fəda edərlər, amma düşmənlərin istəyincə danışmazlar. Onlar Allahın istəyindən
yapışıblar və insanların malik olduqlarından qurtulublar. Onlar başlarını
verdilər, amma nalayiq bir söz demədilər. Düşünün, sanki onlar təmənnasızlıq
dəryasından su içiblər – dünya həyatı onların Allah yolunda şəhid olmasına mane
ola bilmədi.
Mazandaranda Allah bəndələrindən bir çoxunu
qırdılar. Hakim uydurmalar əsasında bir çoxlarının malını müsadirə etdi. O
cümlədən, bildirdi ki, onlar silah toplayıblar. Amma yoxlama zamanı bir
tüfəngdən başqa bir şey tapılmadı. Sübhanallah! Bu cammatın silaha ehtiyacı
yoxdur, çünki onlar aləmi islah etmək üçün çalışırlar. Onların qoşunu gözəl
əməllər, silahı xoş xasiyyətlər, sərkərdəsi isə Allahdan çəkinməkdir. Xoş insaf
edənin halına! And olsun Allaha, bu camaat səbr, təmkin, barışma və razılaşma
nəticəsində ədalət mücəssəməsinə çevrilmişdir. Onlar dözümdə elə bir məqama
yetişmişlər ki, öldürülmüşlər, amma heç kəsi öldürməmişlər. Halbuki yer üzünün
bu məzlumlarının başına gələnlərə bənzər müsibətləri nə dünya tarixi qeyd edib,
nə də insanların gözü görüb. Bəs nə üçün bunlar bu böyük bəlalara dözüb onları
dəf etməyə çalışmayıblar? Bu təslimçilik və sakitliyin səbəbi nədir? Səbəb – Uca
Qələmin gecə-gündüz qoyduğu qadağa və işlərin kainat Sahibinin qüdrət və
qüvvətinin ixtiyarına buraxılmasıdır.
Bədinin atası barədə düşünün. O məzlumu
tutdular və əmr etdilər ki, bu Məzlumu pisləyib lənətləsin. Lakin o, Allahın
inayəti və Rəbbin mərhəməti sayəsində şəhidlik yolunu seçdi və bu şərəfə nail
oldu. Əgər Allah yolunda şəhid olanları hesablamaq istəsəniz, onları sayıb
qurtara bilməzsiniz. Həzrət Seyyid İsmayılı – ona Allahın salamı və inayəti
olsun! – yada salın. O, günəş çıxmazdan qabaq evimin qapısı ağzını öz əmmaməsi
ilə süpürdü, sonra evin qarşısındakı çayın sahilində öz əli ilə canını fəda
etdi. Sözün təsirinə baxın! Bütün bu şəxslərə əvvəlcə Bizi pisləyib lənətləməyi
əmr etdilər, lakin onların heç biri öz iradəsini Allahın iradəsindən üstün
tutmadı.
Ey Şeyx! Əvvəl Həzrət Zəbih bir nəfər idi,
indi bu Məzlum sizin üçün o şeyləri aşkar etdi ki, insaf əhlinin heyrətlənməsinə
səbəb olur. Allah xatirinə insaf elə və öz Rəbbinə xidmət üçün ayağa qalx.
Həqiqətən, O sənə elə mükafat verər ki, yer üzünün dəfinələri, hökmdarların və
sultanların xəzinələri onunla müqayisəyə gəlməz. Bütün işlərdə Allaha təvəkkül et və hər şeyi Onun ixtiyarına
qoy. O sənə elə bir əcr verər ki, Kitabda onun böyük olduğu göstərilmişdir. Bu
iki günlük ömürdə elə işlər tut ki, onlardan razılıq ətri yayılsın və onlar
qəbul bəzəyi ilə zinətlənsin. Həbəşistanlı Həzrət Bilalın əməli qəbul olunduğu
üçün onun «sin»i aləmin «şin»indən üstün tutuldu. Bu gün bütün məzhəblər birlik
və ittifaq nuru ilə nurlanmalıdırlar. Xülasə, dünyadakı bəzi məzhəblərin
təkəbbür və xudbinliyi bilik sarayını xaraba qoymuş, ədalət və insaf evini viran
etmişdir.
Ey Şeyx! Bu Məzlumun başına misli görünməmiş
bəlalar gəlmişdir, lakin Biz qəlbləri paklaşdırmaq və Allah kəlamını ucaltmaq
naminə bütün bunlara səbr və razılıqla dözmüşük. «Mim» torpağında[34] həbsdə olduğumuz zaman
bir gün Bizi üləmaların ixtiyarına verdilər. Sonrası məlumdur ki, nələr oldu.
Əgər cənabınız haçansa Sultan həzrətlərinin anbarında olsa, qoy oranın naibi və
rəisindən xahiş etsin ki, biri Qarakəhər, digəri isə Səlasil adı ilə məşhur olan
o iki zənciri ona göstərsinlər. And olsun ədalət günəşinə ki, bu Məzlum dörd ay
ərzində bu iki zəncirdən biri ilə bağlanıb əzab çəkmişdir:
Yaqub mənim kədərimin az bir qismini
çəkmişdir, Əyyubun bütün bəlaları mənim bəlalarımın bir hissəsidir!
Həmçinin Eşq şəhərində[35] Hacı Məhəmməd Rzanın
şəhid olması barədə düşünün. Dünyanın zalımları o məzlumun başına elə müsibətlər
gətirdilər ki, bir çox xaricilər ağlayıb nalə çəkdilər. Belə ki, məlum olduğuna
görə onun bədəninə otuz iki yara vurulmuşdu. Bununla belə (möminlərdən) heç kəs
əmri pozmadı və əlini qaldırmadı. Onlar hər bir halda kitabın hökmünü öz
iradələrindən üstün tutdular. Baxmayaraq ki, o şəhərdə bu camaatdan bir çoxları
var idi və indi də var.
Xahişimiz budur ki, Sultan Həzrətləri – uca və
mübarək Allah ona yardımçı olsun! – Özü bu işlər barədə düşünsün, ədalət və
insafla hökm çıxarsın. Bu son illərdə İran şəhərlərinin əksəriyyətində bu
camaatın öldürülməsinə və heç kəsi öldürməməsinə baxmayaraq, belə müşahidə
olunur ki, bir çoxlarının qəlbindəki ədavət əvvəlkindən də artıq özünü göstərir.
Ən gözəl əməllərdən biri əmirlər yanında məzlumları düşmənlərindən müdafiə
etməkdir. Şübhəsiz, bəziləri eşidib ki, o şəhərdə bu məzlum insanlar hakimin
yanında öz qatillərini müdafiə etmiş və onların cəzasını yüngülləşdirməyi xahiş
etmişlər. İbrət götürün, ey bəsirət sahibləri!
Ey Şeyx! Bu möhkəm ayələr Lövhələrin birində
Əbha Qələmindən nazil olmuşdur: «Ey bəndə, Adlar Sahibi olan Allahın yolunda hər
cür bəla və müsibətlərə dözən, hətta «Ta»[36] torpağında həbs olunan bu
Məzlumun sədasını eşit! O insanları Uca Cənnətə doğru çağırdı, onlar isə onu
tutub şəhərlərdə və ölkələrdə gəzdirdilər. Neçə-neçə gecələr Məni sevdiklərinə
görə Mənim dostlarımın gözlərindən yuxuları qaçdı; və neçə-neçə günlər məzhəblər
Mənim əleyhimə qalxdı. Bir dəfə Mən özümü ən uca dağın başında, başqa bir dəfə
isə «Ta» məhbəsində zəncirlər və qandallar arasında gördüm. And olsun Allaha,
bütün hallarda Mən Allaha şükr edib tərif söylədim, Onu zikr edib Ona üz tutdum,
Ondan razı olub Ona itaət göstərdim. Beləcə günlərim keçdi. Axırda Mən bu
Məhbəsə düşdüm və buna görə yer titrədi, göylər ağladı. Xoş o bəndənin halına
ki, Gizli olan Kəs əlamətlər bayrağı ilə gəldiyi zaman öz yanlış gümanlarından
əl çəkdi. Biz bu ən böyük zühur barədə insanlara xəbər vermişdik, amma insanlar
qəribə bir məstlik içərisindədirlər. Bundan əlavə Hicaz tərəfdən nida ucalmış və
səsləyərək, demişdi: «Xoş sənin halına, ey Akka,
çünki Allah səni özünün ən şirin sədasının məkanı və ən böyük əlamətinin məşriqi
etdi. Sən necə də xoşbəxtsən ki, sənin üzərində ədalət taxtı quruldu və sənin
üfüqündən lütf və inayət günəşi parladı. Xoş bu ən böyük Zikrə ədalətlə yanaşan
insaf əhlinin halına və vay bütün qafillərin və şübhə edənlərin halına!»
Bəzi şəhidlərin ölümündən sonra Dinlər
Sahibinin Əmr səmasından «Bürhan lövhəsi» («Dəlil Lövhəsi») nazil oldu: «O –
Qüdrətli, hər şeyi Bilən və Hikmət Sahibidir! Zalımların əlləri ilə törədilənlər
nəticəsində Bətha (Məkkə)
gəmisini ədavət küləkləri bürüdü. Ey elmi ilə məşhur olan kəs! Sən o kəslərin
əleyhinə fitva verdin ki, aləmin kitabları onlardan ötrü ağladı və bütün
dinlərin kitabları onlara şahid oldu. Ey uzaqda qalmış kəs, həqiqətən, sən qalın
bir pərdə arxasındasan. And olsun Allaha, sən o kəslərin əleyhinə hökm verdin
ki, onların sayəsində iman üfüqləri işıqlandı. Mərhəmətli Rəbbinin Vəhy
Məşriqləri və Əmr Məzhərləri buna şəhadət verir. Onlar öz canlarını və mallarını
Onun düz yolunda qurban verdilər. Sənin zülmündən Allahın dini hər yerdə nalə
çəkdi, sən isə əylənərək sevinənlərdən oldun. Mənim qəlbimdə sənə və bəndələrdən
heç kəsə qarşı kin yoxdur. Hər bir arif sənin və sənə bənzəyənlərin açıq-aşkar
cəhalətdə olduğunu görür. Əgər sən nə etdiyini anlasaydın, özünü oda atardın,
yaxud evindən çıxıb dağlara üz tutardın və Qüdrətli, Qadir Allah tərəfindən
sənin üçün müəyyən edilmiş məqama qayıdana qədər nalə çəkərdin. Ey xəyali
varlıq, yanlış gümanlar və mövhumat pərdələrini cır ki, bu nurlu üfüqdən
parlayan Elm Günəşini görə biləsən. Sən Peyğəmbər övladını tikə-tikə etdin və
özlüyündə elə güman eylədin ki, Allahın dininə kömək göstərmisən. Beləcə nəfsin
səni yoldan çıxardı və sən qafillərdən oldun. Sənin əməlindən Səma Sakinlərinin
və aləmlərin Rəbbi olan Allahın əmri ətrafına toplaşan kəslərin qəlbləri yandı.
Sənin zülmündan Bətulənin[37] ciyəri əridi və Behişt
əhli öz kəramətli məqamında nalə çəkdi.
Allah xatirinə insaf elə! Ruh (İsa Məsih) haqq
ilə gəldiyi zaman yəhudi ruhaniləri hansı dəlillərə əsaslanıb Onun əleyhinə hökm
çıxardılar?! Allahın Rəsulu Məhəmməd haqq ilə batili ədalətlə ayıran Kitab ilə
gəlib onun nuru ilə yer üzünün zülmətini işıqlandırdığı və ariflərin qəlbini
cəzb etdiyi zaman münafiqlər və bütpərəst üləmalar hansı sübutlarla Onu inkar
etdilər?! Həqiqətən, o dövrdə cahil üləmalar hansı dəlillərə əl atmışdılarsa,
sən də bu gün həmin dəllilərdən istifadə edirsən. Fəzilət mülkünün Sahibi bu
Böyük Məhbəsdə buna şəhadət verir. Sən onların yolu ilə getdin, hətta zülmdə
onları da ötüb keçdin və özlüyündə elə zənn etdin ki, dinə kömək göstərib hər
şeyi Bilən və Hikmət Sahibi olan Allahın şəriətini müdafiə etdin. Haqq olan
Allaha and olsun, sənin zülmündən Böyük sirlərin Bilicisi[38] nalə çəkdi, göylərdə və
yerdə olanların üzərinə ədalət nəsimlərini əsdirən Allahın şəriəti göz yaşı
tökdü. Sən elə zənn edirsən ki, verdiyin fitvadan xeyirmi götürəcəksən?! And
olsun Adlar Sultanına ki, yox! Sənin ziyanda olduğuna o Kəs şəhadət verir ki,
bütün şeylər haqqında biliklərin yazıldığı Qorunan Lövhə Onun yanındadır.
Ey qafil, sən Məni görməmisən, Mənimlə
ünsiyyətdə olmamısan və bircə an da Mənimlə oturub-durmamısan. Bəs necə
insanlara Məni lənətləməyi əmr etdin?! Bu işdə sən özünə və öz nəfsinəmi tabe
oldun, yoxsa öz Rəbbinəmi?! Əgər sən doğru deyənlərdənsənsə, əlamət göstər. Biz
şəhadət veririk ki, sən Allahın Qanununu atıb öz nəfsinin qanunlarını tutmusan.
Heç bir şey Onun elmindən gizli qala bilməz; həqiqətən, O – Bənzərsiz və hər
şeydən Xəbərdardır.
Ey qafil, Rəhmanın Quranda nazil etdiyini
eşit: «Sizə salam verən bir şəxsə: «Sən mömin deyilsən!» - deməyin»[39]. Əgər sən
eşidənlərdənsənsə, Əmr və Xilqət aləmlərini ovcunda tutan Kəs belə hökm
etmişdir. Sən isə Allahın hökmünü buraxıb öz nəfsinin hökmündən yapışmısan. Elə
isə vay sənin halına, ey şübhə edən qafil! Əgər sən Məni inkar edirsənsə, onda
öz malik olduğunu hansı dəlillə sübuta yetirirsən? Göstər onu, ey Allaha şərik
qoşan və onun aləmləri bürüyən hökmranlığından üz döndərən kəs!
Bil, əsil alim o kəsdir ki, Mənim Zühurumu
etiraf etdi, Mənim elm dəryamdan içdi, Mənim məhəbbət səmamda uçdu, Məndən
savayı hər şeydən əl çəkdi və Mənim ecazkar bəyanımın səltənətindən nazil
olanlardan yapışdı. Həqiqətən, O – bəşər aləmi üçün bir göz, məxluqatın bədəni
üçün dirilik ruhu kimidir. Ucadır mərhəmətli Allah ki, insanı ayıltdı və onu Öz
əzəmətli və qüdrətli Əmrinin xidmətinə qaldırdı. Belə bir kəsə Mənim qüvvətli və
qüdrətli Adımla möhürlənmiş şərabımdan içmiş Səma Sakinləri və Böyüklük
sarayında yaşayanlar xeyir-dua verər. Əgər sən bu uca məqama çatanlardansansa,
onda Səma Qurucusu olan Allah tərəfindən bir əlamət göstər. Və əgər sən öz
acizliyini anlayırsansa, onda nəfsini cilovla, sonra da öz Mövlana doğru qayıt,
bəlkə O sənin günahlarından keçdi; o günahlardan ki, onların ucbatından Sidrənin
yarpaqları yandı, qaya nalə çəkdi və ariflər göz yaşı tökdü. Sənin ucbatından
İlahilik pərdəsi cırıldı, Gəmi qərq oldu, Dəvə şikəst oldu və Ruh (İsa) uca
məqamında nalə çəkdi. Sənin və aləm əhlinin yanına Allahın dəlilləri və ayələri
ilə gəlmiş Kəsə etirazmı edəcəksən?! Gözlərini aç ki, hökmran, haqq və aşkar
olan Allahın İradə üfuqündən parlayan bu Məzlumu görəsən. Sonra ürəyinin
qulağını aç ki, qüdrətli və gözəl Allah tərəfindən haqq ilə ucaldılan Sidrənin
dediklərini eşidəsən. Bu Sidrə sənin zülmündən və sənin kimilərin qəddarlığından
başına gələnlərə baxmayaraq, ən uca səslə car çəkib hamını Sidrətül – Müntəhaya
və Uca Üfüqə doğru dəvət edir. Xoş o kəsin halına ki, ən Böyük əlaməti gördü və
o qulağın halına ki, Onun ən uca sədasını eşitdi! Vay bütün üz döndərib günaha
batanların halına!
Ey Allahdan üz döndərən kəs! Əgər sən Sidrəyə
insaf gözü ilə baxsan, onun budaqları, şaxələri və yarpaqları üzərində öz
qılıncının izlərini görərsən, halbuki Allah səni onu tanımaq və ona xidmət
göstərmək üçün xəlq edib. Düşün, bəlkə öz zülmünü anlayıb tövbə edənlərdən
olasan. Sən elə zənn edirsən ki, Biz sənin zülmündən qorxuruq? Bil və agah ol
ki, Biz yerlə göy arasında Uca Qələmin sədasını ucaltdığımız ilk gündən
canımızı, bədənimizi, övladlarımızı və malımızı Ulu və Böyük Allahın yolunda
qurban vermişik. Və aləm əhli və Səma sakinləri arasında bununla fəxr edirik. Bu
doğru yolda başımıza gələnlər buna şəhadət verir. And olsun Allaha, ciyərlərimiz
yandı, bədənlərimiz çarmıxa çəkildi, qanımız töküldü, bununla belə gözlərimiz
hər şeyi Görən və hər şeyə Şahid olan Rəbbin inayət üfüqünə dikildi. Bəlalar nə
qədər artdısa, Bəha əhli öz məhəbbətini bir o qədər artırdı. Onların sadiqliyinə
Rəhmanın Quranda nazil etdiyi şəhadət verir. O buyurur: «Əgər doğru
deyirsinizsə, onda ölüm istəyin»[40]. Özünü pərdələr arxasında
qoruyanlar yaxşıdır, yoxsa özünü Allahın yolunda fəda edənlər?! İnsaf elə və
yalan səhrasında sərgərdan qalanlardan olma! Rəhmanın məhəbbət Gövsəri onları
elə tutdu ki, nə aləmin orduları, nə də insanların qılıncları onların Səxavətli
və Kəramətli Rəblərinin əta dəryasına üz tutmalarına mane ola bilmədi.
And olsun Allaha! Bəlalar Məni acizləşdirmədi
və üləmaların etirazları Məni zəiflətmədi. Mən insanların qarşısında demişəm və
deyirəm: «Budur, fəzl qapısı açıldı və Ədalət Məzhəri aydın əlamətlər və tutarlı
dəlillərlə Qüdrətli və Qadir Allah tərəfindən gəldi». Mənim Hüzuruma gəl ki,
İmran oğlunun (Musanın) irfan Turunda eşitdiyi sirləri eşidəsən. Mərhəmətli
Rəbbinin zühur Məşriqi öz Böyük Məhbəsindən sənə belə əmr edir. Bununla bərabər
Fitrətin sədası və fəryadı bir daha ucaldı və dedi: «Tur nida edərək deyir: «Ey
Bəyan əhli! Rəhmandan çəkinin. Mən üzərimdə Danışan Kəsə qovuşdum və mənim
sevincimin cazibəsi yer üzünün daşlarını və torpağını bürüdü». Sidrə deyir: «Ey
Bəyan əhli! Haqq ilə zühur edənə qarşı insaflı olun. Əslində Allahın Kəlim
(Musa) üçün aşkara çıxardığı nur zühur etmişdir. Bütün bəsirət və elm sahibləri
buna şəhadət verir».
Ey Şeyx! Bu zühurun bəzi şəhidləri xatırlandı,
eyni zamanda onların barəsində bəyan səltənətindən nazil olan bəzi ayələr qeyd
olundu. Ümid edirik ki, əlinizi aləmdən üzüb deyilənlər barədə düşünəcəksiniz.
İndi Mirzə Hadi Dövlətabadi və Sadi
İsfahaninin «Ta» torpağındakı əhvalatı barədə düşünmək lazımdır. Birincisi
özünün «babi» adlandırıldığını eşidən kimi təşvişə düşdü; belə ki, vüqarını və
təmkinini itirdi, minbərlərə qalxıb layiq olmayan sözlər söylədi. Əzəldən bəri
aləmdəki gil parçaları hakimiyyət eşqi ilə elə işlər görmüşlər ki, bu,
bəndələrin yolunu azmasına səbəb olmuşdur. Lakin cənabınız elə bilməsin ki, hamı
o şəxslər kimidir. Bu zühurun şəhidlərinin dönməzliyi, qətiyyəti, əzmkarlığı,
etibarı, dəyanəti və vüqarı ona görə xatırlandı ki, cənabınız bundan agah olsun.
Hökmdarlara və digərlərinə ünvanlanmış Lövhələrdən müəyyən parçaların
gətirilməsindən məqsəd budur ki, qoy cənabınız tam yəqinliklə bilsin: bu Məzlum
Allahın Əmrini gizlətməyib və Ona əmr edilənləri dünyanın gözü qarşısında ən
aydın bir nitqlə deyib və çatdırıb. Lakin Hadi və başqa ları kimi zəif şəxslər
Allahın Əmrini dəyişdilər, iki günlük dünya həyatına uyğun hərəkət etdilər və
elə sözlər dedilər ki, ədalətin gözü ağladı və Uca Qələm nalə çəkdi. Halbuki
onlar Əmrin mahiyyətindən xəbərsiz olmuş və olmaqdadırlar. Bununla belə bu
Məzlum Allah xatirinə Əmri izhar etmişdir.
Ey Hadi, sən Mənim qardaşımın yanına gedib onu
görmüsən. İndi də bu Məzlumun məkanına üz tut ki, bəlkə Vəhy nəsimləri və İlham
yelləri sənə kömək göstərə və məqsədə çatdıra. Bu gün əlamətləri görməyə nail
olan hər bir kəs Günəşi kölgədən fərqləndirdiyi kimi haqqı batildən seçər və
məqsədi anlayar. Allah şahiddir ki, bütün deyilənlər Allah xatirinə deyildi –
bəlkə cənabınız insanları doğru yola istiqamətləndirə və dünyanın məzhəblərini
yanlış gümanlardan və mövhumatdan xilas edə. Sübhanallah, indiyə qədər Məndən üz
döndərənlər və Məni inkar edənlər bilmirlər ki, Müjdəçinin, yəni Nöqtənin
yanında olanlar kimdən idi. Elm-aləmlərin Rəbbi olan Allaha məxsusdur!
Ey Şeyx! Səy göstər və Əmrin xidmətinə qalx!
Bu gün möhürlənmiş şərab hamının qarşısında aşkardır. Rəbbinin adı ilə onu al,
sonra da onun – Bənzərsiz və Qüdrətlinin zikri ilə iç! Bu Məzlum gecə-gündüz
ürəklərin birləşməsi və qəlblərin paklaşması ilə məşğul olub. Ötən illər İranda
baş vermiş hadisələr, doğrudan da, Allaha yaxın və sadiq kəslərin kədərlənməsinə
səbəb olub. Hər il qətl, qarət və taraclar baş verib, qan tökülüb. Bir il
Zəncanda böyük dəhşət doğuran hadisələr oldu. Həmçinin bir il Neyrizdə, başqa
bir il Təbərsidə müsibətlər baş verdi, axırda «Ta» torpağındakı hadisələr oldu.
O vaxtdan bəri bu Məzlum, Allahın – Onun cəlalı daha da ucalsın! – köməyi ilə
camaata lazım olanı başa salıb. Onlar özlərinin və insanların yanında olanlardan
əl çəkib Allahın yanında olanlara üz tutublar. İndi Sultan həzrətləri –
Allah-taala onu hifz etsin! – gərək bu camaatla inayət və mehribanlıqla rəftar
etsin. Bu Məzlum İlahi Kəbənin önündə söz verir ki, bu camaatdan sədaqət və
etibardan başqa bir şey görünməyəcək və onlar elə bir iş tutmayacaqlar ki,
Sultan həzrətlərinin dünyanı bəzəyən rəyinə zidd olsun. Hər bir millət öz
sultanının məqamını gözləməli, ona itaət göstərməli, onun əmrini yerinə
yetirməli, hökmünə tabe olmalıdır. Sultanlar – Allahın əzəmət, ucalıq və
qüdrətinin məzhərləridir. Bu Məzlum heç vaxt heç kəsə yaltaqlanmayıb. Hamı buna
şahiddir və bunu təsdiq edər. Sultanların məqamını gözləmək Allah tərəfindən
buyurulmuşdur və peyğəmbərlərin və övliyaların sözlərindən məlum və aydın olur.
Həzrət Ruh – əleyhissalamdan soruşdular: «Ey Allahın Ruhu, qeysərə vergi vermək
caizdir, ya yox?» Buyurdu: «Bəli, qeysərinkini qeysərə, Allahınkını Allaha
verin». Beləliklə, O, bunu qadağan etmədi. Və bəsirət sahiblərinin nəzərində bu
iki söz əslində birdir, çünki əgər qeysərinki Allah tərəfindən verilməsəydi, O,
bunu qadağan edərdi. Həmçinin mübarək ayədə buyurur: «Allaha, Peyğəmbərə və
özünüzdən olan ixtiyar sahiblərinə itaət edin»[41]. Burada «ixtiyar
sahibləri» dedikdə, ilk növbədə imamlar – onlara Allahın salavatı olsun! –
nəzərdə tutulur. Çünki məhz onlar Allahın qüdrət məzhərləri, əmr mənbələri, elm
xəzinələri və hökm şəfəqləridir. İkinci növbədə və ikinci məqamda hökmdarlar və
sultanlar nəzərdə tutulur. Yəni o hökmdarlar ki, onların ədalət nuru ilə aləmin
üfüqləri işıqlanır. Ümid edirik ki, Sultan həzrətlərindən ədalət nuru parlayacaq
və həmin nur bütün xalqları və məzhəbləri bürüyəcək. Hər bir kəs onun üçün
Haqqdan o şeyi diləməlidir ki, bu gün lazımdır.
İlahi, İlahi! Ey Mənim Ağam, Pənahım, Məqsudum
və Məhbubum! Səni and verirəm elmində gizli olan sirlərə, inayətinin ətrini
yayan əlamətlərə, səxavət dəryanın dalğalarına, fəzilət və kəramətinin
asimanına, Sənin yolunda tökülən qanlara, Sənə məhəbbətdən yanan ciyərlərə, Öz
qüdrətin və hökmranlığınla Sultan həzrətlərinə yardımçı ol! Qoy ondan elə işlər
zahir olsun ki, Sənin Kitablarında, səhifələrində və Lövhələrində Əbədi qalsın!
Ya Rəbb, Öz qüdrətli Əlinlə onun əlindən tut, Öz biliyinin nuru ilə onu
nurlandır, Öz xasiyyətlərinin bəzəyi ilə onu zinətləndir! Həqiqətən, Sən nə
istəsən, ona qadirsən və bütün şeylərin cilovu Sənin əlindədir. Səndən –
Bağışlayan və Səxavətlidən başqa Allah yoxdur!
Müqəddəs Pavel romalılara məktubunda yazır:
«Hər bir kəs Öz üzərində olan hökmdara tabe olsun, çünki Allah tərəfindən
olmayan hökmdar yoxdur, mövcud olan hökmdarlar da Allah tərəfindən təyin
olunmuşdur. Buna görə də hökmdara müqavimət göstərən kəs Allahın qurduğuna qarşı
çıxır». Daha sonra deyir: «Çünki o, Allaha xidmət edir və bəd əməl işlədənə
Allahın qəzəbini tətbiq edən qisasçıdır». O, buyurur ki, hökmdarların meydana
gəlməsi, onların möhtəşəmlik və qüdrəti Allah tərəfindəndir.
Bu cür sözlər keçmiş hədisələrdə də xatırlanıb
və üləmalar onları görüb və eşidib. Ey Şeyx, uca və mübarək Allahdan diləyimiz
budur ki, sənin aləmlərin Rəbbi olan Allahın səxavət səmasından nazil olanlardan
yapışmağına köməklik göstərsin. Üləmalar Sultan həzrətləri ilə birləşib
bəndələrin mühafizəsinə, qorunmasına, rifahına və yaxşı yaşamasına səbəb olan
işlər görməlidirlər. Ədalətli hökmdar Allaha hamıdan yaxındır. Böyük Məhbəsdə
danışan Kəs buna şəhadət verir. Allahdan başqa Allah yoxdur. O – Bənzərsiz,
Vahid, Qüdrətli, hər şeyi Bilən və Hikmət Sahibidir!
Əgər cənabınız Allah xatirinə bircə saat
əvvəllər və sonralar baş vermiş işlər üzərində düşünsə, öz yanında olanlardan əl
çəkib Allahın yanında olanlara üz tutar və Allah Kəlamının ucalmasına səbəb
olar. Məgər xilqətin əvvəlindən indiyə qədər İlahi İradənin Məşriqindən parlayan
elə bir nur və ya Zühur olubmu ki, yer üzündəki tayfalar Onu qəbul etsin və
Əmrinə iman gətirsin?! Beləsi kim olub və onun adı nədir? Həzrət Xatəmdən
(Məhəmməddən) – Ondan başqa hamının ruhu ona fəda olsun! – tutmuş Həzrət Ruha
(İsaya) və Ondan əvvəl İlk Vəhyə qədər hamısı zühur çağlarında müxtəlif bəlalara
düçar olmuşlar. Bəzilərinə dəli demişlər, bəzilərini yalançı adlandırmışlar və
elə işlər tutmuşlar ki, Qələm onları yazmağa utanır. And olsun Allaha, onların
başına gələn işlərə görə bütün məxluqlar nalə çəkdi, amma insanların əksəriyyəti
açıq-aşkar cəhalətdə qaldı. Allahdan diləyimiz budur ki, onların Ona doğru
qayıtmasına və Onun mərhəmət qapısı önündə tövbə etməsinə köməklik göstərsin.
Həqiqətən, O, hər şeyə qadirdir.
Bu an Mənim Uca Qələmimin sədası yüksəlir və
deyir: «Budaqlarından[42] birinə verdiyin nəsihəti
həzrət Şeyxə də ver ki, bəlkə Sənin sözlərinin nəsimi onu cəzb edə və aləmlərin
Rəbbi olan Allaha yaxınlaşdıra».
«Sərvətin olanda səxavətli ol; olmayanda isə
şükr elə. Başqalarına münasibətdə etibarlı ol, qoy alnın açıq, üzün ağ olsun.
Kasıblar üçün xəzinə, varlılar üçün nəsihətli ol. Köməyə çağırana cavab ver və
öz vədinə vəfalı ol. İşlərdə insaflı, cəmiyyət arasında sakit ol.
Mühakimələrində ədalətli, insanlara qarşı təvazökar ol. Zülmətdə çıraq ol,
qəmginlərə sevinc gətir, susuzlara dəniz ol, sənə pənah gətirənlərə havadarlıq
et, məzlumlara kömək göstər, onların əlindən tut və arxa ol. Əməllərində
çəkingən ol. Qəriblərə vətən, xəstələrə şəfa, sığınacaq istəyənlərə qala ol.
Korlara göz ol, azanlara yol göstər. Həqiqətin üzünə gözəllik, etibarın vücuduna
bəzək, əxlaqın evinə dirək, aləmin bədəninə ruh, ədalət qoşunlarına bayraq və
yaxşılıq üfüqünə nur ol. Pak torpağa düşən şeh, elm dənizində üzən gəmi ol.
Səxavət səmasının ulduzu, hikmətin başının tacı, dünyanın alnının işığı,
itaətkarlıq ağacının meyvəsi ol. Allahdan diləyimiz budur ki, səni paxıllığın
hərarətindən və ədavətin soyuğundan qorusun. Həqiqətən, O, yaxındadır və cavab
verəndir».
Mənim dilim Budaqlarımdan birinə belə
söyləmişdi və Biz bunu öz dostlarımıza da xatırlatmışdıq – o kəslərə ki, onlar
mövhumatdan əl çəkib aləmlərin Rəbbi olan Allahın iradə üfüqündən Yəqinlik
Günəşinin parladığı gün onlara əmr etdiyimizdən yapışdılar. Bu, həmən gündür ki,
Bəyan Quşu Mərhəmətli Rəbbinin adı ilə budaqlar üzərində nəğmə oxudu. Xoş o
kəsin halına ki, şövq qanadlarında Qiyamət gününün Sahibi olan Allaha doğru
uçar!
Haqq olan Allah bilir və Onun etibarlı
kəslərinin hamısı şahiddir ki, bu Məzlum daim böyük xətər qarşısında olub.
Baxmayaraq ki, Allahın yolunda çəkdiyim bəlalar olmasaydı, Mənim varlığımın
ləzzəti və həyatımın Mənə bir xeyri olmazdı. Bəsirət əhlinə və nəzərlərini Böyük
Mənzərəyə dikənlərə gizli deyil ki, Mən əksər vaxtlar bir qul kimi bircə sapdan
asılı qılınc altında oturmuşam və həmən anda və ondan sonra nə baş vərəcəyini
bilməmişəm. Və bütün bu hallarda Biz aləmlərin Rəbbi olan Allaha şükr etmişik.
Mənim qəlbimin dili gecə-gündüz bu münacatı söyləyib:
«Sübhansan, ey Mənim Allahım! Əgər Sənin
yolundakı bəlalar olmasaydı, Sənin həqiqi aşiqlərinin məqamı necə aşkar edilərdi
və sənin məhəbbətindəki sınaqlar olmasaydı, Sənin müştaqlarının şərəfi nə ilə
təsbit olunardı?! And olsun qüdrətinə, Səni sevənlərin munisi gözlərinin yaşı,
Səni istəyənlərin həmdəmi qəlblərinin naləsi, Sənə doğru can atanların qidası
ciyərlərinin parçalarıdır. Sənin yolunda öldürücü zəhər necə də ləzzətlidir,
Sənin Sözünü ucaltdığıma görə düşmənlərin atdığı oxlar necə də əzizdir! Ey Mənim
Allahım və Ağam, Öz Əmrinin yolunda Mənə nə istəyirsənsə dadızdır, Öz
məhəbbətində Mənə nə təyin etmisənsə, göndər. And olsun qüdrətinə, Mən Sənin
istədiyindən başqa heç nəyi istəmirəm və Sənin sevdiyindən başqa heç nəyi
sevmirəm. Mən bütün hallarda Sənə təvəkkül edirəm. Həqiqətən, Sən –
Ehtiyacsız və Ucasan! Ey Mənim Allahım, Səndən diləyim budur: bu zühura kömək
üçün elə kəsləri meydana çıxar ki, Sənin adına və hökmranlığına layiq olsunlar,
Sənin məxluqatın arasında Səni xatırlasınlar və Sənin məmləkətində Sənin qələbə
bayraqlarını ucaltsınlar. Onları Öz xüsusiyyətlərin və göstərişlərinlə
zinətləndir. Səndən – Qoruyan və Qəyyumdan başqa Allah yoxdur!»
Bu zaman Fitrətin sədası dönə-dönə ucaldı və
nida edərək dedi: «Ey yer əhli! And olsun Allaha, Mən sizin aranızda Allahın
Fitrətiyəm. Məbada, Məni inkar edəsiniz. Allah Məni elə bir nurla zühur etdirdi
ki, onun işığı göylərdə və yerdə olanları bürüdü. Ey insanlar, Mənim zühuruma,
təzahürümə və işığıma insafla yanaşın və zalımlardan olmayın».
Ey Şeyx! Bu Məzlum uca və mübarək Allahdan
diləyir ki, O sənə insaf qapısını açdırsın və sənin vasitənlə Öz əmrini bəndələr
arasında aşkar etsin. Həqiqətən, O – Qüdrətli, Qüvvətli və Mərhəmətlidir!
Ey Şeyx! Haqdan dilə ki, insanların
qulaqlarını, gözlərini və qəlblərini təmizləsin və onları nəfsin təhriklərindən
hifz eləsin. Çünki qərəz – böyük bir mərəzdir. O, insanı Həzrət Mövcudu
tanımaqdan məhrum qoyur və onun yəqinlik günəşinin şüalarını görməsinə mane
olur. Allahın fəzl və mərhəmətindən diləyimiz və arzumuz budur ki, bu böyük
maneəni aradan qaldırsın. Həqiqətən, O – Qüvvətli, Qalib və Qadirdir.
Bu an Nurlu Məkanın sağ tərəfindən nida
ucaldı: «Allahdan başqa Allah yoxdur. O – Əmr və Hikmət Sahibidir. «Bürhan
Lövhəsi»nin1 qalanını Şeyxə çatdır ki, bəlkə o, bunun sayəsində
Mərhəmətli Rəbbinin zühur üfüqünə cəzb oluna, möhkəm ayələr və uca dəlillərlə
Əmrin köməyinə qalxa və Dəlil Dilinin dediklərini bəndələr arasında söyləyə.
Hökmranlıq – aləmlərin Rəbbi olan Allaha məxsusdur».
«Kitabi-İqan»ı, Rəhmanın Paris hökmdarına[43] ünvanlanmış Lövhədə nazil
etdiklərini və digər bu kimi Yazıları oxu ki, bundan əvvəl nələr baş verdiyindən
agah olasan. Və yəqin edəsən ki, Biz yer üzü islah olduqdan sonra onda
fitnə-fəsad törətmək istəyində olmamışıq. Biz səmimi şəkildə və Allah xatirinə
bəndələrə xəbərdarlıq etmişik. Kim istəyibsə, qəbul edib və kim istəməyibsə, üz
döndərib. Həqiqətən, Bizim mərhəmətli Rəbbimiz – Ehtiyacsız və Tərifəlayiqdir.
Ey yer üzünün məzhəbləri! Bu gün sizə heç bir şey və heç bir ad xeyir verməz –
yalnız bu Addan başqa ki, Allah onu xilqət aləmində olanlar üçün Öz Əmrinin
məzhəri və Öz gözəl adlarının Məşriqi etmişdir. Xoş o kəsin halına ki, Rəhmanın
ətrini duydu və dönməzlərdən oldu! Və bu gün sizə nə elmləriniz və sənətləriniz
xeyir verər, nə də sərvətləriniz və ad-sanınız. Onların hamısını bir kənara
ataraq, Yazıların, Səhifələrin və bu aydın Kitabın müfəssəl şəkildə izah etdiyi
Uca Sözə doğru üz tutun. Ey insanlar, yanlış gümanlar və xəyallar qələminin
yazdığı şeylərdən əl çəkin. And olsun Allaha, yəqinlik üfüqündən bilik günəşi
parlamışdır!
Ey qafil, əgər səndə Bizim dediklərimizə şübhə
varsa, bil ki, Biz o şeyə Şəhadət veririk ki, Allah Özü göyləri və yeri xəlq
etməzdən qabaq Ona şəhadət vermişdir: həqiqətən, Ondan – Qüdrətli və
Mərhəmətlidən başqa Allah yoxdur. Biz şəhadət veririk ki, O Öz mahiyyətinə görə
Vahiddir, Öz sifətlərinə görə Vahiddir; varlıqda Onun bənzəri, aləmdə Onun
şəriki yoxdur. O. Peyğəmbərlər göndərmiş və Kitablar nazil etmişdir ki, onlar
insanlara Doğru Yolun müjdəsini versinlər.
Sultan sənin hərəkətlərindən xəbərdar ola-ola
onlara gözmü yummuşdur? Yoxsa Allahın yolunu bir kənara qoyub heç bir dəlil və
Kitab olmadan sənin yolunu tutan bir dəstə qurdun ulaması onu qorxuyamı
salmışdır?! Biz eşitmişdik ki, İran vilayətləri ədalət bəzəyi ilə zinətlənib.
Lakin araşdırarkən, onların zülm mənbəyi və zorakılıq məşriqi olduğunu
aydınlaşdırdıq. Biz ədalətin zülmün pəncəsi altında olduğunu gördük. Allahdan
diləyimiz budur ki, Öz qüvvəsi və hökmranlığı ilə onu xilas etsin. Həqiqətən, O
bütün göylərdə və yerdə olanlardan üstündür. Heç kəs Allah əmrinin başına
gələnlərlə əlaqədar başqasına etiraz etməməlidir. Uca Üfüqə üz tutmuş hər bir
kəs dözüm ipindən yapışmalı, Qoruyan və İxtiyar Sahibi olan Allaha təvəkkül
etməlidir. Ey Allahın dostları, hikmət bulağından için, hikmət fəzasında uçun,
hikmət və bəyan ilə danışın! Qüdrətli və hər şeyi Bilən Rəbbiniz sizə belə əmr
edir.
Ey qafil, ad-sanına və iqtidarına güvənmə! Sən
günəşin dağlar başında qalmış son şüasına bənzəyirsən. Tezliklə Ehtiyacsız və
Uca Allahın İradəsi ilə o, zavala uğrayar. Sənin və sənə bənzəyənlərin ad-sanı
da belədir və bu, Ana Lövhəni yanında saxlayan Kəs tərəfindən hökm olunmuşdur.
Hanı Allahla döyüşən kəslər, hanı Onun əlamətlərini inkar edənlər və Onun
hökmranlığını dananlar?! Hanı Onun seçilmişlərini qətlə yetirənlər və Onun
övliyalarının qanını tökənlər?! Düşün, bəlkə öz əməllərinin qoxusunu duydun, ey
şübhə edən cahil! Sizin ucbatınızdan Rəsul (Məhəmməd) nalə çəkir, Bətul (Fatimə)
fəryad edir, ölkələr xaraba qalıb, bütün vilayətləri zülmət bürüyüb. Ey üləmalar
tayfası! Sizin ucbatınızdan millətin şərəfi alçaldı, islamın bayrağı endi və
onun əzəmətli taxtı devrildi. Hər dəfə ayıq bir şəxs islamın şənini ucaldan bir
işdən yapışmaq istədikdə, sizin hay - küyünüz ucalıb onun öz istəyini həyata
keçirməsinə mane oldu və beləliklə, ölkə böyük bir ziyanda qaldı.
Ey Mənim Uca Qələmim! Xatırla O İlanı[44] ki, onun zülmündən
məxluqat nalə çəkdi və övliyaların bədəni titrədi. Adlar Sahibi bu gözəl məqamda
sənə belə əmr edir. Sənin zülmündən Bətul fəryad etdi, sən isə özünü Rəsulun
nəslindən zənn edirsən. Nəfsin sənə belə təlqin etdi, ey olmuşların və
olacaqların Rəbbi Allahdan üz döndərən kəs! Özün insaf elə, ey İlan! Hansı
günahlarına görə sən peyğəmbər övladlarını sancdın və onların malını qarət
etdin? Bununla səni «ol!» əmri ilə yaradan Kəsə qarşı kafirlik etmədinmi?! Sən
peyğəmbər övladları ilə elə rəftar etdin ki, heç Ad və Səmud əhli Saleh və Hud
ilə, yəhudilər isə Varlığın Ağası olan Allahın Ruhu (İsa) ilə elə rəftar
etməmişdilər. Sən Rəbbinin ayələrini inkarmı edirsən?! Halbuki onlar Əmr
səmasından nazil olan kimi dünyanın bütün kitabları onların qarşısında itaət
göstərdi. Düşün ki, bəlkə öz əməlini anladın, ey yolunu azmış qafil! Tezliklə
səndən əvvəlkilər kimi səni də əzab yelləri bürüyəcək. Gözlə, ey Görünən və
görünməz aləmlərin Sahibi olan Allaha şərik qoşan kəs! Bu, həmən gündür ki,
Allah Öz Rəsulunun dili ilə onun barəsində xəbər verib. Düşün ki, bəlkə Rəhmanın
Quranda və bu yazılı Lövhədə nazil etdiklərini anlayasan. Bu, elə bir gündür ki,
Vəhy Məşriqi aydın əlamətlərlə gəlmişdir və bütün sayanlar həmin əlamətləri
hesablamaqda acizdir. Bu, elə bir gündür ki, iybilmə qabiliyyəti olan hər bir
kəs xilqətdə Rəhmanın ətrini duyur və görmə qabiliyyəti olan hər bir kəs
Səltənətlər Sahibinin mərhəmət çayına doğru tələsir. Ey qafil! And olsun Allaha,
Qurbanın[45] əhvalatı təkrar olundu və
qurbanlıq fəda olduğu məkana üz tütdü, lakin sənin əlinlə törədilənlər sayəsində
geri dönmədi, ey inadkar bədxah! Sən elə zənn edirsən ki, şəhidlik bu Əmrin
şəninə əskiklikmi gətirəcək? And olsun Allahın Vəhy Xəzinəsi etdiyi Kəsə ki,
yox! Əgər anlayanlardansansa, bunu bil! Vay sənin halına, ey Allaha şərik qoşan
kəs və o kəsləri halına ki, heç bir parlaq dəlil və aydın kitab olmadan səni
özlərinə başçı seçmişlər! Səndən əvvəl neçə-neçə zalımlar Allahın nurunu
söndürmək üçün ayağa qalxmışlar və neçə-neçə fitnəkarlar o qədər qətl və
qarətlər törətmişlər ki, onların zülmündən insanların ürəkləri və könülləri nalə
çəkmişdir, zülmün heykəli ədavət taxtında bərqərar olduğu üçün Ədalət Günəşi
görünməz olmuşdur, lakin insanlar bunu başa düşmürlər. Ey cahil, sən peyğəmbərin
övladlarını öldürüb onların malını qarət etdin. De: Səncə, bu mallar, yaxud
onların sahibləri Allaha asimi olmuşdular? İnsaf elə, ey pərdə arxasında qalan
cahil! Sən insafı atıb zorakılığı tutmusan. Buna görə bütün məxluqat nalə çəkir,
sən isə qafilsən. Sən böyükləri qətlə yetirdin, kiçikləri qarət etdin. Məgər sən
elə zənn edirsən ki, zülm ilə yığdıqlarını yeyə biləcəksən? Canıma and olsun ki,
yox! Hər şeydən xəbərdar olan Kəs sənə belə xəbərdarlıq edir. And olsun Allaha,
nə malik olduqların sənə xeyir gətirəcək, nə də zorakılıqla topladıqların. Hər
şeyi Bilən Rəbbin buna şəhadət verir. Sən Əmrin nurunu söndürmək üçün ayağa
qalxdın. Amma tezliklə Onun əmri ilə sənin öz nurun sönəcək. Həqiqətən, O –
Qüdrətli və Qadirdir. Nə dünyanın işləri, nə də insanların gücü Onu aciz qoya
bilməz. O Öz hökmranlığı sayəsində nə istəyirsə edir və necə istəyirsə, hökm
verir. Dəvə haqqında düşün. Adi heyvanlardan olmasına baxmayaraq, Rəhman onu elə
bir məqama ucaltdı ki, dünyanın dilləri onu xatırlayıb tərif söylədi. Həqiqətən,
O, göylərdə və yerdə olanların hamısından üstündür. Ondan – Qüdrətli və
əzəmətlidən başqa Allah yoxdur. Beləcə Biz Lövhənin səmasının üfüqlərini söz
günəşləri ilə bəzədik. Xoş o kəsin halına ki, onlara yetişdi və onların nuru ilə
işıqlandı! Vay üz döndərənlərin, inkar edənlərin və qafil olanların halına! Həmd
olsun Allaha – aləmlərin Rəbbinə!»
Ey Şeyx! Biz sənə Behişt Bülbülünün
nəğmələrini eşitdiririk və Allahın qaçılmaz əmri ilə Böyük Məhbəsdə nazil olmuş
ayələri göstəririk ki, bunların sayəsində sənin gözlərin işıqlansın və qəlbin
əminlik hasil etsin. Həqiqətən, O – Səxavətli və Kəramətlidir. Dəlilin qüvvəsi
ilə Mərhəmətli Rəbbinin Əmrinə xidmət üçün ayağa qalx! Əgər sən imanından
qorxursansa, bu Lövhəni götür və onu öz təvəkkülünün qoltuğunda saxla. Məhşər
meydanına daxil olduğun zaman Allah səndən hansı dəlilə əsasən bu zühura iman
gətirdiyini soruşanda, həmin Lövhəni çıxar və de: «Bu mübarək, şərəfli və
ecazkar Kitaba əsasən!» O zaman hamının əli sənə doğru ucalar, onlar Lövhəni
səndən alıb gözlərinə sürtərlər və ondan aləmlərin Rəbbi olan Allahın sözlərinin
ətrini duyarlar. Əgər Allah bu zühurdakı əlamətlərinə iman gətirdiyinə görə sənə
əzab verəcəksə, onda Allahın Rəsulu Məhəmmədə, ondan əvvəl Məryəm oğlu İsaya,
ondan əvvəl Kəlimə (Musaya), ondan əvvəl Xəlilə (İbrahimə) və qüdrətli və hər
şeyi əhatə edən Rəbbinin iradəsi ilə yaranmış İlk Zühura qədər bütün digər
zühurlara iman gətirməyən kəslərə hansı dəlillə əzab verəcək?! Beləcə Biz səndən
əvvəl birisinə ayələri nazil etdik və bu gün onları bir daha sənin üçün
xatırlatdıq ki, bəlkə sən anlayasan və yəqin əhlindən olasan. Ey elmdən danışan
kəs! Bu Əmr o qədər aşkardır ki, gizlədilə bilməz və o qədər aydındır ki, örtülə
bilməz. Həqiqətən, o – göyün ortasında parlayan Günəş kimidir. Şübhə edənlərdən
və ədavət əhlindən başqa heç kim onu inkar etməz.
Bu an yaxşı olar ki, Həzrət Məqsuda üz tutaq
və bu uca kəlmələrdən yapışaq:
«İlahi, İlahi! Əmrinin çırağını hikmət yağı
ilə yandırdın. Onu müxalif küləklərdən hifz elə. Çıraq da Sənindir, şüşə də
Sənin. Göydəki və yerdəki bütün şeylər Sənin qüdrətli ovcundadır. Hakimlərə
ədalət ver, üləmalara insaf. Sən elə qüdrətlisən ki, Qələminin hərəkəti ilə
qaçılmaz Əmrinə yardım etdin və Öz dostlarına yol göstərdin. Qüdrət və iqtidar
Sahibi Sənsən. Səndən – Qüvət və İxtiyar Sahibindən başqa Allah yoxdur!» De:
«İlahi, İlahi! Həmd olsun Sənə ki, Qəyyum adının səxavətli əli ilə möhürlənmiş
şərabını mənə içirtdin. Səni and verirəm zühur şəfəqinin nurlarına, yüksək
kəlamının gücünə, bircə hərəkəti ilə məxluqatın qəlbini cəzb edən Uca Qələminin
qüdrətinə – Sultan həzrətlərini Sənin Əmrinə kömək göstərməyə, Sənin zühur
üfüqünə üz tutmağa və Sənin Üzünün nurlarına diqqət yetirməyə müvəffəq eylə! Ya
Rəbb, onun Sənə yaxınlaşmasına yardımçı ol, sonra ona göylərin və yerin
qoşunları ilə kömək eylə! Ey Adlar Sahibi və Səma Qurucusu, Səni and verirəm
Əmrinin nuruna və inayət Sidrənin işığına, o həzrətin Sənin Əmrini bəndələrin
arasında yaymasına şərait yarat! Sonra Öz mərhəmətinin, fəzlinin və səxavətinin
qapılarını onun üzünə aç! Həqiqətən, Sən «ol!» sözünlə istədiyin şeyə qadirsən!»
Ey Şeyx! İşlərin cilovu ilahi qüvvət və
rəbbani qüdrətlə ələ alınmışdı. Qüvvət və Qüdrət sahibi hər şeyi əlində
saxlayırdı. Heç kəs fitnə-fəsid törətməyə qadir deyildi. Lakin onlar lütf və
inayətin qədrini bilmədikləri üçün öz əməllərini cəzasını almışlar və alırlar.
Məmurlar Uzun İpin gizli hərəkətini görüb hər tərəfdə müxalif məzhəbin
nümayəndələrini Bizə qarşı təhrik edir və onlara kömək göstərirdilər. Böyük
Şəhərdə (İstambulda) bir dəstəni bu Məzlumun əleyhinə çıxmağa sövq etdilər. İş o
yerə çatdı ki, o torpaqda məmurlar dövlətin və millətin alçalmasına səbəb olan
işlərə əl atdılar. Əksəriyyətin yanında insaflı bir şəxs kimi tanınan, əməlləri
məqbul və ticarətdə məşhur olan möhtərəm seyidlərdən biri Beyruta tərəf
yollandı. O cənabın bu Məzlumun dostu olduğunu nəzərə alıb teleqrafla İran
mütərciminə xəbər verdilər ki, sözü gedən Seyid öz adamı ilə birlikdə müəyyən
məbləğdə nağd pul və digər şeylər oğurlayıb Akkaya yollanmışdır. Bu hərəkətdən məqsəd bu Məzlumu gözdən salmaq
olmuşdur. Lakin, heyhat, bu diyarın əhalisi belə nalayiq sözlər nəticəsində
sadiqlik və düzgünlüyün doğru yolundan uzaqlaşan deyil. Xülasə, onlar hər
tərəfdən hücuma keçmişlər və qarşı tərəfə kömək göstərirlər. Bununla belə bu
Məzlum Haqqdan diləyir ki, hamını bu günlərə layiq olan şeylərə müvəffəq
eyləsin. Və gecə-gündüz bu möhkəm kəlmələri nəzərdən keçirərək deyir: «İlahi,
İlahi»! Səni and verirəm fəzlinin Günəşinə, elminin dəryasına və ədalətinin
səmasına! İnkarçıların təsdiq etməsinə, üz döndərənlərin qəbul etməsinə,
iftiraçıların ədalətli və insaflı olmasına köməklik göstər! Ya Rəbb, onların
Sənə doğru qayıdıb Sənin fəzilət qapının önündə tövbə etməsinə yardımçı ol!
Həqiqətən, Sən istədiyin şeyə qadirsən, göylərdə və yerdə olan hər bir kəsin
ixtiyarı Sənin əlindədir. Həmd olsun Allaha – aləmlərin Rəbbinə!»
Tezliklə ürəklərdə və qəlblərdə gizli olanlar
aşkara çıxacaq. Bu, həmən gündür ki, həzrət Loğman onun barəsində öz oğluna
danışmışdı. Şərəfli Rəbb ondan xəbər vermiş və bu uca kəlamı ilə Öz Dostunu[46] agah etmişdi: «Ey oğlum!
Bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın içində, yaxud göylərdə və ya
yerin təkində gizlənsə də, Allah hər şeyi ortaya gətirəcək. Həqiqətən, Allah
bütün incə işləri bilən və hər şeydən Xəbərdardır»[47]. Bu gün gözlərdən qaçan
və ürəklərdə gizli olan hər şey zühur taxtının önündə aşkar və bəlli olacaq. Heç
bir şey Onun elmindən gizli qala bilməz. O eşidir və görür. Həqiqətən, O hər
şeyi Eşidən və Görəndir.
Çox qəribədir ki, etibarlı ilə xəyanətkar
arasında fərq qoyulmur. Kaş İran məmləkətinin padşahı – Allah onun hökmranlığını
daimi etsin! – uca İran dövlətinin bu tərəflərdə olan konsullarından soruşaydı
və bu Məzlumun əməllərindən və hərəkətlərindən agah olaydı. Xülasə, Əxtər və
başqalarından ibarət bir dəstəni təhrik edib cürbəcür iftiralar yaymaqla məşğul
oldular. Bu, son dərəcə aydın və məlum bir məsələdir ki, bir kəsin bəndələr
tərəfindən rədd edildiyini və ölkələrdən qovulduğunu gördükdə, onu kin qılıncı
və ədavət oxu ilə əhatə edirlər. Bu, aləmlərin Rəbbi olan Allahın yolunda ilk
dəfə deyil ki, belə zülm baş verir, ilk piyalə deyil ki, yerə atılır, ilk pərdə
deyil ki, cırılır. Bu Məzlum sakit və səssiz halda Böyük Məbhəsdə özü ilə
məşğuldur və Allahdan başqa hər şeydən əlini üzüb. Zülm elə bir həddə çatıb ki,
dünyanın qələmləri onu yazmaqda aciz və gücsüzdür. Bu məqamda baş verən hadisəni
xatırlatmaq lazımdır ki, bəlkə bəndələr, ədalət və düzlük ipindən yapışalar:
Cənab Hacı Şeyx Məhəmmədəli – ona daim Allahın
şərəfi nəsib olsun! – məşhur tacirlərdən biri olub. Böyük Şəhərin (İstambulun)
əhalisinin əksəriyyəti onu tanıyır. Son dövrdə İranın Astanadakı (İstambuldakı)
səfirliyinin gizlicə təhrikçiliklə məşğul olması o sadiq mömini pərişan etmişdi.
Nəhayət, o, bir gecə özünü dənizə atdı. Təsadüfən orada olan bəndələr onu
dənizdən çıxardılar. Onun bu əməlini hərə bir cür yozdu və hərə bir söz danışdı.
Başqa bir gecə o, bir cameyə getdi. O yerin xidmətçisi danışırdı ki, bu şəxs
gecəni oyaq qaldı və səhərə qədər münacat və dua oxumaqla, yalvarıb sızlamaqla
məşğul oldu. Sonra onun səsi kəsildi. Xidmətçi onun yanına getdi və gördü ki,
canını tapşırıb. Onun yanında boş bir şüşə gördü və məlum oldu ki, o, zəhər
içib. Xülasə, xidmətçi hədsiz heyrət içində bu barədə camaata xəbər verdi. Onun
iki vəsiyyətnaməsi tapıldı. Birincisində o, Allahın vahidliyini, Onun Uca
Zatının bənzəri və oxşarının olmadığını, Onun varlığının təsvirə, tərifə və
sözlərə sığmadığını təsdiqləyir və etiraf edirdi. Həmçinin o, peyğəmbərlərin və
övliyalarını zühurunu təsdiqləyir və Kainatın Ağası olan Allahın Kitablarında
yazılanları qəbul etdiyini bildirirdi. İkinci vərəqdə o, bir münacat yazmış və
vərəqin sonunda bu sözləri qeyd etmişdi: «Bu bəndə və Allahın dostları mat
qalmışlar. Belə ki, bir məqamda Uca Qələm hamıya pozuculuq, münaqişə və
çəkişməni qadağan edib. Başqa bir məqamda da Uca Qələmdən bu ali kəlam nazil
olub: «Əgər bir kəs hüzurda kiminsə pis məqsədi olduğunu görsə, onun əleyhinə
çıxmamalı və onu Allahın ixtiyarına buraxmalıdır». Bu möhkəm hökm bir tərəfdən
aydın və sabitdir, digər tərəfdən hüzura yaxın kəslər elə sözlər danışırlar ki,
insan qüvvəsi onlara dözməkdə və onları eşitməkdə aciz və gücsüzdür. Buna görə
də bu bəndə bu böyük günahı seçdi. Allahın səxavət dəryasından və Rəbbin
mərhəmət səmasından diləyir və arzulayıram ki, fəzl və əta qələmi ilə bu
bəndənin günahlarını pozsun. Günahlarım çox, xətalarım saysızdır, lakin mən Onun
Səxavət ipindən yapışmışam və Kəramət ətəyindən tutmuşam. Allah şahiddir və Onun
dərgahına yaxın kəslər bilirlər ki, bu bəndə xəyanətkarların sözlərini eşitməyə
tab gətirmədi, ona görə də bu işə əl atdı. Əgər O, mənə əzab verərsə, həqiqətən,
Onun hərəkəti tərifə layiqdir; əgər məni bağışlayarsa, Onun əmrinə sözsüz itaət
olunmalıdır».
İndi qoy cənab Şeyx sözün təsiri barədə
düşünsün ki, bəlkə xəyal solundan yəqinlik sağına doğru üz tuta. Bu Məzlum
Allahın Əmrində heç kəsə qarşı riyakarlıq etməyib və Allah kəlamını insanların
gözü qarşısında ən uca səslə bəyan edib. Kim istəyibsə, qəbul edib, kim
istəməyibsə, üz döndərib. Lakin əgər bu açıq, aşkar və aydın şeylər inkar
olunacaqsa, onda bəsirət sahibləri tərəfindən hansı şey qəbul və təsdiq bəzəyi
ilə zinətlənəcək?! Biz uca və mübarək Allahdan diləyirik ki, sözü gedən şəxsi
(Hacı Şeyx Məhəmmədəlini) bağışlasın və onun günahlarını yaxşı işlərə çevirsin.
Həqiqətən, O – Qüdrətli, Qüvvətli və Mərhəmətlidir.
Bu zühurda elə işlər baş verib ki, elm və fəzl
məzhərləri, ədalət və insaf məşriqləri onları qəbul etməyə bilməzlər. Bu gün siz
səmavi bir güclə ayağa qalxıb elmin qüdrətilə dünyadakı insanların şübhələrini
yox etməlisiniz ki, hamı paklaşıb Böyük Dəryaya üz tutsun və Allahın
istədiyindən yapışsın.
Xülasə, hər üz döndərən kəs bir sözdən
yapışaraq Haqqa etiraz edir. Sübhanallah! Onlar övliyaların və seçilmişlərin
ilahilik və rəbbanilik barədə dediklərini etiraz və inkar vasitəsinə
çevirmişlər. Həzrət Sadiq buyurub: «Bəndəlik bir cövhərdir, onun mahiyyəti isə
ilahilikdir». Həzrət Əmir ruh barədə sual verən ərəblərin cavabında buyurub:
«Üçüncüsü, (insan) ruhudur ki, ilahi və səmavidir, O, ilahi bir qüvvədir,
bölünməz bir cövhərdir, özü-özlüyündə mövcuddur». Daha sonra O – Ona salam
olsun! – deyib: «Və O, ulu Allahın mahiyyəti, Xoşbəxtlik Ağacı, Sidrətül-Müntəha
və Cənnət məkanıdır». Həzrət Sadiq buyurub: «Bizim Qaimimiz gələndə, yer üzü
onun Rəbbinin nuru ilə işıqlanacaq». Həmçinin Əbi Abdullahdan – ona salam olsun!
– uzun bir hədis nəql olunub. Həmin hədisin mətnində o cümlədən bu uca sözlər
vardır: «Bundan əlavə, şərəfli və cəlallı Qüdrət Sahibi mələklərlə birlikdə
buludlardan enər». Və Əzəmətli Quranda isə buyurur: «Məgər onlar Allahın bulud
kölgələrində gəlməsinimi gözləyirlər?»[48] Müfəzzəlin hədisində isə
deyilir: «Qaim arxasını Hərəmə söykəyib mübarək əlini uzadacaq və o, heç bir
ziyan çəkmədən işıq saçacaq. Və O, deyəcək: «Bu, Allahın əlidir, Allahın sağ
əlidir. O, Allahın yanından və Allahın əmri ilə gəlmişdir». Bu hədisləri necə
mənalandırıblarsa, qoy Uca Qələmin əsərlərini də eləcə mənalandırsınlar. Həzrət
Əmir buyurub: «Mən o Kəsəm ki, Ona nə bir ad, nə də bir sifət verilər». Həmçinin
söyləyib: «Mənim zahirim imamdır, batinim isə Görünməz və Dərkolunmazdır». Əbu
Cəfər ət-Tusi deyib: «Mən Əbi Abdullaha dedim: «Siz Allahın Kitabında xatırlanan
Yolsunuz, siz Zəkatsınız, siz Həccsiniz». O dedi: «Ey filankəs! Biz şərəfli və
cəlallı Allahın Kitabında xatırlanan Yoluq, Biz Zəkatıq, Biz Orucuq, Biz Həccik,
Biz Müqəddəs ayıq, Biz Müqəddəs şəhərik, Biz Allahın Kəbəsiyik, Biz Allahın
qibləsiyik və Biz Allahın Üzüyük». Cabir rəvayət edir ki, Əbi Cəfər –
əleyhissalam ona deyib: «Ey Cabir! Bəyana (ifadəyə) və Məaniyə (mənalara) diqqət
yetir!» Sonra O – ona salam olsun! – deyib: «Bəyan odur ki, sübhan Allahı
tanıyasan və biləsən ki, Ona bənzər bir şey yoxdur, Ona itaət edəsən və heç bir
şeyi Ona şərik qoşmayasan. Məani odur ki, biz Onun mənasıyıq, böyrüyük, əliyik,
diliyik, əmriyik, hökmüyük və haqqıyıq. Biz bir şeyi istəyiriksə, əslində onu
Allah istəyir. Və Allah o şeyi arzulayır ki, biz arzulayırıq». Yenə də Həzrət
Əmir-əleyhissalam buyurub: «Mən görmədiyim Rəbbə necə itaət edə bilərəm?!» Başqa
bir məqamda isə O, buyurur: «Mən elə bir şey görmədim ki, ondan əvvəl, yaxud
ondan sonra və ya onun yanında Allahı görməyim».
Ey Şeyx! Deyilənlər üzərində düşün ki, bəlkə
Qəyyumun adının gücü ilə Möhürlənmiş Şərabdan içəsən və hamının dərk etməyə aciz
olduğu şeyi anlayasan. Hümmət kəmərini möhkəm bağla və uca səltənətə doğru can
at ki, bəlkə nazil olduğu zaman vəhy və ilhamın ətrini duyasan və ona qovuşasan.
Doğrusunu deyirəm: İlahi Əmrin oxşarı və bənzəri olmayıb və yoxdur. Mövhumat
pərdələrini cır. Həqiqətən, O Öz fəzli sayəsində sənə yardım və kömək edəcəkdir.
Çünki O – Qüvvətli, Qalib və Qüdrətlidir. Nə qədər ki, vaxt var və mübarək Sidrə
insanlar arasında uca səslə danışır, özünü məhrum etmə. Allaha təvəkkül
et və işlərini Ona tapşır. Sonra Böyük Məhbəsə gəl ki, qulaqların eşitmədiyini
eşidəsən və gözlərin görmədiyini görəsən. Məgər bütün bunlardan sonra kiminsə
şübhə etməsi üçün dəlil qalırmı? Öz Əmrində qayım olan Allaha and olsun ki, yox!
Doğrusunu deyirəm: bu gün «O, Allahın rəsulu və peyğəmbərlərin sonuncusudur» -
mübarək kəlamı: «O gün insanlar aləmlərin Rəbbi qarşısında duracaqlar» - ayəsi
ilə yekunlaşdı. Bu böyük mərhəmətə görə Allaha şükr elə!
Ey Şeyx! Vəhy nəsimləri heç zaman başqasına
bənzəməyib və bənzəmir. İndi Sidrətül – Müntəha özünün saysız-hesabsız meyvələri
ilə sənin gözünün qarşısındadır. Əvvəlki insanlar kimi özünü mövhumata aludə
etmə. Bəyanın özündən Allahın Fitrəti görünür və aşkar olur. Hamının şahidi
Odur. Buna görə də Onun Öz zühurunu isbat üçün heç kəsə ehtiyacı olmayıb və
yoxdur. İndi aydın ayələrdən və möhkəm kəlmələrdən ibarət təqribən yüz cild
ayələri nazil edən Kəsin İradə səmasından nazil olub və hazırdır. Gərək sən uzaq
məqsədə, yüksək sonluğa və uca zirvəyə can atasan ki, aləmlərin Rəbbi olan
Allahın zahir etdiklərini eşidəsən və görəsən.
Adlar Səltənəti Sahibinin Görüşlə bağlı
Quranda nazil etdiyi ayələr üzərində bir qədər düşün, bəlkə doğru yolu tapdın və
insanların da düz yola yönəlməsinə səbəb oldun. Bu gün sizin kimisi Əmrin
xidmətinə qalxmalıdır. Bu Məzlumun zilləti də, sizin izzətiniz də hər ikisi
keçib gedəcək. Cəhd elə, bəlkə elə bir əmələ nail olasan ki, onun ətri aləmdən
kəsilməsin. Görüş barədə elə ayələr nazil olub ki, inkarçılar üçün rədd etmək və
qəbul etməmək imkanı qalmayıb. Uca və Mübarək Allah buyurur: «Allah o Kəsdir ki,
gördüyünüz kimi, göyləri dayaqsız ucaltdı, sonra Öz taxtına qalxdı, Günəşi və
Ayı Özünə tabe etdi: onların hərəsi müəyyən vaxta qədər fırlanar. O, işləri
yoluna qoyar və ayələri müfəssəl izah edər ki, bəlkə siz Rəbbinizlə
görüşəcəyinizə yəqinlik hasil edəsiniz»[49]. Yenə buyurur: «Hər kəs
Allahla görüşəcəyinə ümid bəsləyirsə, bilsin ki Allahın müəyyən etdiyi vaxt
mütləq gələcəkdir. O, hər şeyi Eşidən və Biləndir»[50]. Daha sonra Allah-taala
buyurur: «Allahın əlamətlərini və Onunla görüşəcəklərini inkar edənlər Mənim
mərhəmətimdən ümidini üzənlərdir. Onları şiddətli bir əzab gözləyir»[51]. Həmçinin buyurur: «Onlar
dedilər: «Məgər biz torpağa qarışıb yox olandan sonra yenidənmi yaradılacağıq?»
Bəli, onlar Rəbbi ilə görüşəcəklərini inkar edənlərdir»[52]. Həmçinin buyurur: «Bil
ki, onlar öz Rəbbi ilə görüşəcəklərinə şübhə edirlər. Bil ki, O, həqiqətən, hər
şeyi əhatə edəndir»[53]. Həmçinin buyurur:
«Bizimlə görüşəcəklərinə ümid bəsləməyən, dünyanı bəyənib ona bel bağlayan və
əlamətlərimizdən qafil olan kəslərin – məhz onların etdikləri günahlara görə
yerləri cəhənnəmdir»[54]. Həmçinin buyurur:
«Onlara açıq-aydın ayələrimiz oxunduğu zaman Bizimlə görüşəcəklərinə ümid
etməyənlər: «Bundan ayrı bir Quran gətir və ya onu dəyişdir» - deyərlər. De:
«Mən onu özbaşına dəyişə bilmərəm. Mən ancaq Mənə gələn vəhyə tabe oluram. Əgər
Rəbbimə asi olsam, böyük günün əzabından qorxuram»[55]. Həmçinin buyurur: «Sonra
biz yaxşı işlər görən şəxsə – Musaya (bəxş etdiyimiz neməti) tamamlamaq və ona
hər şeyi ətraflı izah etmək üçün bir hidayət və mərhəmət olaraq Kitab verdik ki,
bəlkə onlar öz Rəbbləri ilə görüşəcəklərinə inanalar»[56]. Həmçinin buyurur: «Onlar
o kəslərdir ki, Rəbbinin ayələrini və onunla görüşəcəklərini inkar etdilər.
Onların bütün əməlləri puça çıxmışdır. Buna görə də Biz qiyamət günü onlar üçün
heç bir tərəzi qurmayacağıq. Küfr etdiklərinə, ayələrimi və peyğəmbərlərimi
məsxərəyə qoyduqlarına görə budur onların cəzası – cəhənnəm!»[57] Həmçinin buyurur:
«Musanın hekayəti sənə gəlib çatdımı? O zaman O, bir od görüb ailəsinə belə
demişdi: «Siz yerinizdə durun, Mənim gözümə bir od sataşdı. Bəlkə ondan sizə bir
köz gətirdim, yaxud odun yanında bir bələdçi tapdım». O, odun yanına çatanda,
nida gəldi: «Ya Musa! Mən, həqiqətən, Sənin Rəbbinəm. Başmağını çıxart, çünki
Sən müqəddəs Tuva vadisindəsən! Mən Səni (peyğəmbər) seçdim. Sənə vəhy olunanı
dinlə! Mən, həqiqətən, Allaham. Məndən başqa Allah yoxdur. Elə isə mənə itaət
et!»[58] Həmçinin buyurur: «Məgər
onlar öz-özlüklərində Allahın göyləri, yeri və onların arasındakıları ancaq
haqq-ədalətlə və müəyyən bir müddət üçün yaratdığını düşünmürlərmi? Həqiqətən,
insanların əksəriyyəti Rəbbi ilə görüşəcəyini inkar edir»[59]. Həmçinin buyurur: «Məgər
onlar Böyük bir gündə diriləcəklərini düşünmürlər? O gün bütün insanlar
aləmlərin Rəbbinin qarşısında duracaqlar!»[60]. Həmçinin buyurur: «Biz
Musaya Kitab verdik. Sən Onunla görüşəcəyinə şübhə etmə!»[61] Və buyurur: «Xeyr! O
zaman ki, yer dağılıb parça-parça olacaq, Rəbbin gələcək və mələklər səf-səf
duracaq»[62]. Həmçinin buyurur: «Onlar
Allahın nurunu ağızları ilə söndürmək istəyirlər. Amma kafirlərin xoşuna gəlməsə
də, Allah Öz nurunu tamamlayar»[63]. Həmçinin buyurur: «Musa
müddətini başa vurub ailəsi ilə birlikdə yola çıxdığı zaman Tur dağı tərəfdə bir
od gördü. Ailəsinə dedi: «Siz (burada) durun. Mən bir od gördüm. Bəlkə ondan
sizə bir xəbər, yaxud bir köz gətirdim ki, qızınasınız». (Musa) ona çatdıqda,
vadinin sağ tərəfində olan mübarək yerdəki ağacdan nida gəldi: «Ya Musa!
Həqiqətən, Mən – aləmlərin Rəbbi olan Allaham!»[64].
Bütün İlahi kitablarda görüş vədəsi aydın
şəkildə ifadə olunub. Bu görüşdən məqsəd Haqq olan Allahın – Onun cəlalı daha da
artsın! – ayələrinin Məşriqi, dəlillərinin Şəfəqi, gözəl adlarının Məzhəri və
ali sifətlərinin Mücəssəməsi ilə görüşməkdir. Allah Mahiyyətinə görə və
Özlüyündə həmişə görünməz, əlçatmaz və dərkolunmaz olmuşdur. Deməli, «görüş»
dedikdə, Onun bəndələr arasında Canişini olan Kəslə görüş nəzərdə tutulur. Və
Onun özünün də bənzəri və oxşarı olmayıb və yoxdur. Belə ki, əgər Onun bənzəri
və oxşarı olarsa, Onun zatının müqəddəsliyi və varlığının hər cür oxşarlardan və
bənzərlərdən uzaq olması necə sübuta yetər?! Xülasə, görüş və Zühur məqamları
barədə «Kitabi-İqan»da nazil olub və bu, insaf əhli üçün kifayət edər.
Allah-taaladan diləyimiz budur ki, hamının tam düzgünlüyə çatmasına kömək
göstərsin və hamını Özünə yaxınlaşdırsın. Həqiqətən, O – Qüvvətli və
Qüdrətlidir, Ondan başqa Allah yoxdur. O – Eşidən, Danışan, Qüdrətli və
Tərifəlayiqdir.
Ey elmi ilə məşhur olan kəs! Bəndələri yaxşı
işlərə sövq et və gecikənlərdən olma. İti gözlə nəzər sal. Bəyan Səltənətinin
Sahibinin və İrfan aləminin Sultanının Əmrinə əsasən Həqiqət Günəşi Akka məhbəsi səmasının üfüqündən
parlayır və işıq saçır. Etirazlar onu örtə bilməyib, minlərlə və səf-səf ordular
ona mane olmayıb. Cənabınız üçün daha heç bir bəhanə yeri qalmayıb. Ya sən qəbul
etməlisən, ya da nözənbillah, bütün Peyğəmbərləri inkara qalxmalısan!
Ey Şeyx! Şiə məzhəbinin tərəfdarları barədə
düşün. Gör onlar yanlış gümanların və mövhumatın əli ilə nə qədər imarətlər
tikiblər və neçə-neçə şəhərlər salıblar. Nəhayət, bütün o mövhumat qurğuşuna
çevrilib Aləmin Ağasına dəydi. Və o məzhəbin başçılarından biri də zühur günü
Onu qəbul etmədi. Onun mübarək adını çəkəndə hamı: «Allah Onun gəlişini
tezləşdirsin!» söyləyirdi. Lakin O Həqiqət Günəşinin zühur günündə hamı: «Allah
Onun cəzasını tezləşdirsin!» - dedi. Göründüyü kimi, onlar Varlığın Cövhərini,
görünən və görünməz aləmlərin Sahibini dar ağacından asdılar və elə iş tutdular
ki, Lövhə ağladı, Qələm nalə çəkdi, sadiqlərin fəryadı ucaldı və Allaha yaxın
kəslərin göz yaşları axdı.
Ey Şeyx! Düşün və insafla danış. Şeyx Əhsainin
tərəfdarları Allahın köməyi ilə elə bir şeyi dərk etdilər ki, digər məzhəblər
ondan məhrum olub pərdə arxasında qaldılar. Xülasə, hər dövrdə və hər əsrdə Vəhy
Məşriqlərinin, İlham Məzhərlərinin və İlahi Bilik Xəzinələrinin zühur günlərində
ixtilaflar baş verib və bunun da səbəbkarı yalançı və imansız şəxslər olmuşlar.
Bu məsələnin şərhi caiz deyil. Cənabınız mövhumatçıların düşüncələrinə və şübhə
edənlərin gümanlarına yaxşı bələddir və onları yaxşı bilir.
Bu gün bu Məzlum cənabınızdan və ilahi elm
piyaləsindən içmiş, Ədalət Günəşinin nurlu kəlmələrindən işıqlanmış digər
üləmalardan xahiş edir ki, heç kəsin xəbəri olmadan bir nəfəri
müəyyənləşdirsinlər və onu bu tərəflərə göndərsinlər. Qoy o, bir müddət Kipr
adasında qalsın və Mirzə Yəhya ilə ünsiyyətdə olsun ki, bəlkə Əmrin
mahiyyətindən, ilahi hökm və buyuruqların mənbəyindən agah ola bildi. Əgər bir
qədər düşünsən, Haqqın – Onun cəlalı daha da artsın! – hikmət, qüdrət və
hökmranlığına şəhadət verərsən. Əmrdən xəbərsiz olan və bizimlə olmayan bir sıra
şəxslər elə sözlər söyləmişlər ki, bütün şeylər və eləcə də əmin, Allahdan razı
olan və Allahın razı olduğu kəslər həmən qafil şəxslərin yalan dediyinə şəhadət
vermişlər. İndi əgər cənabınız hümmət göstərsə, Əmrin həqiqəti aləm əhlinə bəlli
olar və insanlar bu ağır və qorxulu zülmətdən qurtular. Bəhadan başqa kim
insanların gözü qarşısında danışa bilər və Ondan savayı kim Qoşunların Rəbbi
olan Allah tərəfindən əmr olunanları söyləməyi bacarar?!
İndi bu qafil şəxs rövzəxanlıq ipindən
yapışıb. And olsun Allaha ki, o, açıq-aşkar yalançıdır. Çünki bu camaatın
etiqadına görə, Həzrət Qaim zühur edərkən, imamlar – onlara Allahın salamı
olsun! – qəbirlərindən qalxmışlar. Bu, şəksiz bir həqiqətdir. Haqqdan diləyimiz
budur ki, Uca Qələmin çeşməsindən süzülən yəqinlik suyundan mövhumatçılara pay
versin və beləliklə, hamı Onun günlərinə layiq olan şeylərə yetişsin.
Ey Şeyx! Bəlaların qızğın çağında bu Məzlum bu
sözləri yazmaqla məşğuldur. Hər tərəfi zülm və zorakılıq alovu bürüyüb. Bir
yandan da xəbər gəlib ki, «Ta» torpağında dostları həbs ediblər. Halbuki Günəş
və Ay, çöllər və dənizlər şəhadət verir ki, bu firqənin üzvləri vəfa zinəti ilə
bəzənmişlər və dövlətin tərəqqisindən, məmləkətin asayişindən və millətin
rahatlığından başqa bir işə əl atmamışlar və atmayacaqlar.
Ey Şeyx! Dəfələrlə demişik ki, Biz bir çox
illər padşah həzrətlərinə kömək göstərmişik. Neçə illərdir ki, İranda heç bir
münaqişə baş verməyib. Müxtəlif məzhəblərə mənsub pozucu şəxslərin cilovu
Qüdrətli Ovucda saxlanıb. Heç kəs həddini aşa bilməyib. And olsun Allaha, bu
camaat heç zaman fitnə-fəsad əhli olmamışdır və deyildir. Onların könülləri
təqva nuru ilə nurlanmış, Allaha məhəbbət bəzəyi ilə zinətlənmişdir. Onlar daim
aləmin islahına çalışmışlar və çalışırlar. Onların istəyi budur ki, ixtilaflar
aradan qalxsın, kin və ədavət atəşi sönsün və beləliklə, bütün yer üzü vahid bir
ölkə halına gəlsin.
Digər tərəfdən, Böyük Şəhərdəki (İstambuldakı)
İran səfirliyinin üzvləri var gücləri və qüvvələri ilə bu məzlumları incitməklə
məşğuldurlar. Lakin onlar bir şey istəyirlər, Allah isə başqa şey istəyir. İndi
hər bir diyarda Haqqın etibarlı kəslərinin başına gələnlər barədə düşünün. Bəzən
onları oğurluqda ittiham etmiş, bəzən də onlar haqqında dünyada misli-bərabəri
olmayan iftiralar söyləmişlər. İndi cənabınız insafla desin: səfirliyin öz
təbəəsini oğurluqda ittiham etməsinin xarici ölkələrdə təsiri və nəticəsi nədən
ibarətdir? Bu hadisəyə görə bu Məzlum xəcalət çəkdi. Ona görə yox ki, bu ittiham
bu Bəndənin incidilməsinə səbəb oldu. Xəcalətin səbəbi odur ki, əcnəbi səfirlər
İran səfirliyindəki bir sıra mötəbər şəxslərin tədbir və düşüncə səviyyəsindən
xəbər tutdular.
Sən o kəsləri ittiham edirsən ki, Allah
Yeddinci təbəqədəki xəzinəni onlara etibar etmişdir.
Xülasə, onlar yüksək rütbəli şəxslərin
axtarıb-arayıb rəyini soruşmalı olduğu bir məqam Sahibinin nurunu söndürməyə
çalışır və cəhd göstərirlər. Lakin bu hadisə baş verərkən, məlum olduğu kimi,
cənab səfir Müknül-Mülk Mirzə Möhsün xan – Allah ona yardımçı olsun! – Astanada
(İstambulda) deyildi. Bütün bu işlər ona görə baş verir ki, onlar İran şahı
həzrətlərinin – mərhəmətli Allah ona yardımçı olsun! – müqəddəs irfan məkanına
məhrəm olanları xoşlamadığını düşünürlər. Allah şahiddir ki, bu Məzlum həmişə
dövlətin və millətin şərəfini yüksəldən işlərdən yapışıb və Allahın buna şahid
olması kifayətdir.
Bəha əhli barədə Uca Qələmdən bu sözlər nazil
olub: «Onlar elə kişilərdir ki, əgər qızılla dolu şəhərlərə daxil olsalar,
onlara fikir verməzlər və əgər gözəl qadınlarla dolu ölkəyə girsələr, onlara
diqqət yetirməzlər». Nəsihət verən və hər şeyi Bilən Kəs Bəha əhli barədə Uca
Qələmdən belə nazil etmişdir. Və Paris imperatoru həzrətlərinə[65] ünvanlanmış Lövhənin
sonunda bu uca sözlər nazil olmuşdur: «Sən malik olduğun sərvətlərin faniliyini
bil-bilə, onlarlamı öyünürsən?! Yoxsa yer üzünün bir qarışına hakim olmağına
sevinirsən?! Halbuki Bəha əhlinin nəzərində bütün bunların bir ölü qarışqanın
gözünün qarası qədər də dəyəri yoxdur. Onları dünya əhlinin ixtiyarına burax,
sonra da üzünü aləmin Məqsuduna doğru tut!»
Allahdan – Onun cəlalı daha da artsın! – başqa
heç kəs bu Məzlumun nələr çəkdiyindən agah deyil. Hər gün Astanadakı
(İstambuldakı) səfirlikdən Bizim əleyhimizə bir söz eşidilir. Sübhanallah! Bütün
tədbirlər bu Bəndənin incidilməsinə səbəb olan işlərə yönəlib. Amma onlar
bilmirlər ki, Allahın yolunda alçalmaq əslində bir şərəfdir. Qəzetlərdə belə
sözlər yazılır: «Akkaya
sürgün olunmuş bir sıra şəxslərin fırıldaqçılığı və onların bəzi adamlara etdiyi
zülmlər haqqında» və ilaxır. Ədalət məzhərlərinə və insaf məşriqlərinə bu cür
yazıların məqsədi məlum, niyyəti aydındır. Xülasə, cürbəcür təzyiq zülm və
zorakılıq üsullarına əl atırlar. And olsun Allaha, bu Məzlum bu sürgün yerini
heç vaxt Uca Vətəninə dəyişməz. Bəsirət əhlinin nəzərində Allahın yolunda
çəkilən zillət açıq-aşkar izzət və böyük bir məqamdır. Əvvəldə demişik:
«Sübhansan, ey mənim Allahım! Əgər Sənin yolundakı bəlalar olmasaydı, Sənin
həqiqi aşiqlərinin məqamı necə aşkar edilərdi və Sənin məhəbbətindəki sınaqlar
olmasaydı, Sənin müştaqlarının şərəfi nə ilə təsbit olunardı?!»
Alçaqlıq o həddə çatıb ki, hər gün bir iftira
yaymaqla məşğuldurlar, lakin bu Məzlum gözəl səbr ipindən yapışıb. Kaş İran
məmləkətinin padşahı Astanada (İstambulda) baş verənlərin hesabatını istəyəydi
və beləliklə, işin əsil mahiyyətindən agah olaydı. Ey Sultan, səni and verirəm
mərhəmətli Rəbbinə, bu hadisəyə ədalət gözü ilə bax! Bu gün elə bir ədalətli
şəxs varmı ki, Allahın Öz Kitabında nazil etdiklərinə əsasən hökm versin? Elə
bir insaflı adam varmı ki, heç bir dəlil və sübut olmadan Bizim başımıza
gətirilənlərə insafla qiymət versin?!
Ey Şeyx! İnsanların davranışı barədə düşün.
Elm və hikmət şəhərlərinin sakinləri heyrət edirlər ki, görəsən nə üçün özünü
dünyada ən bilikli, ən haqlı və ən mömin məzhəb sayan şiə məzhəbi zühur Günü üz
döndərdi və misli-bərabəri olmayan bir zülm törətdi. O cümlədən, bu barədə
düşünmək lazımdır ki, həmin məzhəb yaranandan indiyə kimi o qədər üləmalar gəlib
və onlardan biri də zühurun mahiyyətindən agah olmayıb. Bəs bu qəflətin səbəbi
nə olub? Əgər Biz bunu desək, onların əzaları parça-parça olar. Onlara düşünmək
lazımdır, hətta min illər boyu düşünmək gərəkdir ki, bəlkə elm dəryasından bir
qətrəyə yetişələr və bu gün qafil olduqları şeyi anlayalar.
Biz Rəbbinin əlamətlərinin məşriqi olan «Ta»
torpağında gəzərkən, minbərlərin şikayətini və onların Uca və Mübarək Allaha
müraciətini eşitdik. Onlar nida edib deyirdilər: «Ey aləmin Allahı və insanların
Ağası! Sən bizim halımızı və bəndələrinin zülmündən nələr çəkdiyimizi görürsən.
Sən bizi Səni zikr və tərif etməkdən ötrü yaradıb meydana gətirdin. Lakin Sənin
günlərində qafillərin bizim üzərimizdən nələr dediyini eşidəndə, and olsun
qüdrətinə, bizim ciyərimiz yandı və əzalarımız titrədi. Ah, ah, kaş Sən bizi
yaratmayaydın və meydana gətirməyəydin!» Bu sözlərdən Allaha yaxın kəslərin
ürəkləri yandı və sadiqlərin naləri ucaldı.
Biz dəfələrlə görkəmli üləmalara Allah
xatirinə nəsihət verdik və onları Uca Üfüqə doğru dəvət etdik ki, bəlkə zühur
günlərində insanların Məqsudunun bəyan dəryasının dalğalarından öz paylarını
götürələr və ondan bilmərrə məhrum qalmayalar. Lövhələrin əksəriyyətində hər
şeydən üstün olan Mərhəmətin səmasından bu böyük nəsihət nazil olub. Biz
demişik: «Ey əmirlər və üləmalar tayfası! Akka
üfüqündən ucalan sədanı eşidin. Həqiqətən, o sizi Allahın Öz vəhy şəfəqinə və
nur məşriqinə çevirdiyi məqama yönəldir, yaxınlaşdırır və istiqamətləndirir. Ey
aləm əhli! Budur, Əzəl Hökmdarının yanından ən Böyük Ad gəldi və Onun elmində
gizli olan, Onun ismət xəzinəsində saxlanan və Uca Qələmlə Rəblərin Rəbbi olan
Allahın Kitablarında yazılan bu zühur barədə bəndələrə müjdə verdi. Ey «Şin»[66] əhalisi! Siz Başların
Ağası olan Allahın sayəsində Mənim hər göydən üstün olan inayət və mərhəmətimi
unutmusunuzmu?»
«Kitabı-Əqdəs»də belə nazil olub: «De: Ey
üləma tayfası! Allahın Kitabını öz yanınızda olan qaydalar və elmlərlə ölçməyin,
çünki O, məxluqat arasında Haqqın tərəzisidir. İnsanların yanında olan şeylər bu
böyük tərəzidə çəkilər, həm də öz-özünə – bunu bilin! Mənim inayət gözüm sizin
halınıza ağlayır, çünki siz gecə-gündüz, səhər-axşam çağırdığınız Kəsi
tanımadınız. Ey insanlar, ağ üzlərlə və işıqlı könüllərlə o mübarək və qırmızı
məkana üz tutun ki, orada Sidrətül-müntəha car çəkir: «Həqiqətən, Məndən –
Qoruyan və Qəyyumdan başqa Allah yoxdur!» Ey İrandakı üləma tayfası! Sizlərdən
kiminsə qüdrəti çatarmı ki, kəşf və irfan meydanında Mənə rəqib olsun, yaxud
hikmət və bəyan səhnəsində Mənimlə yarışsın?! Mərhəmətli Rəbbimə and olsun ki,
yox! Dünyada olanların hamısı fanidir, bu isə Qüdrətli və Sevimli Rəbbinizin
Üzüdür. Ey insanlar! Biz elmləri Məlumu tanımaqdan ötrü müəyyən etdik, siz isə
onu bütün gizli işləri aşkara çıxaran Kəsin nuru qarşısında özünüz üçün bir
pərdəyə çevirdiniz. De: Bu, elə bir səmadır ki, orada Ana Kitab saxlanılır –
bunu anlayın. Bu, o Kəsdir ki, Onun sayəsində qaya dilə gəldi və Sidrə mübarək
torpaqda ucalan Tur dağında nida etdi: «Hökmranlıq – hər şeyin Sahibi, qüdrətli
və Mehriban Allaha məxsusdur!» Biz mədrəsələrə daxil olmamışıq və sizin
yazdıqlarınızı oxumamışıq. Eşidin, bu Ümmi sizi əbədi Allaha doğru dəvət edir.
əgər siz başa düşsəniz, bu sizə yer üzünün bütün xəzinələrindən xeyirlidir. O
kəs ki, vəhy səmasından nazil olanı şərh edərək, onu əsil mənasından
uzaqlaşdırır, o, həqiqətən, Allahın Uca kəlamını təhrif etmiş olur və Aydın
Kitabda ziyana uğrayanlardan birinə çevrilir».
Bununla bərabər Biz Fitrətin naləsini eşitdik
və ona dedik: «Ey Fitrət, nə üçün Mən gecələr sənin fəryadını, gündüzlər naləni
və səhərlər fəğanını eşidirəm?» O dedi: «Ey ən Böyük Ad ilə zühur etmiş Aləmin
Ağası! Qafillər Sənin Ağ Dəvənin vətərini kəsdilər, Qırmızı Gəmini batırdılar və
istədilər ki, Sənin Nurunu söndürsünlər və Əmrinin üzünü örtsünlər. Buna görə də
mənim naləm və bütün şeylərin fəryadı ucaldı, lakin insanların əksəriyyəti
bundan qafil qaldı». Bu gün Fitrət Bizim səxavətimizin ətəyindən yapışıb və
Bizim ətrafımızda təvaf edir.
Ey Şeyx! Mənim hüzuruma gəl ki, heç bir
məxluqun gözünün görmədiyini görərsən və heç bir varlığın qulağının eşitmədiyini
eşidəsən. Bəlkə bunun sayəsində özünü mövhumat bataqlığından xilas edib o uca
məqama üz tutasan ki, orada bu Məzlum nida edir: «Hökmranlıq – Qüdrətli və
Tərifəlayiq Allaha məxsusdur!» Ümid edirik ki, cənabınızın səyi ilə bəndələrin
qanadları nəfs və ehtiras palçığından təmizlənəcək və ilahi məhəbbət fəzasında
uçmağa qabil olacaq. Palçığa batmış qanadlar uçmağa qadir olmamışdır və
deyildir. Ədalət və insaf məzhərləri buna şəhadət verirlər, lakin insanlar şübhə
içərisində qalmışlar.
Ey Şeyx! Bəndələr hər tərəfdən Bizə qarşı elə
etirazlar etmişlər ki, Qələm onları yazmaqdan utanır. Bununla belə, böyük
mərhəmətimiz üzündən insanların səviyyələrinə uyğun olaraq, onlara cavablar
verilmişdir ki, bəlkə rədd və inkar alovundan uzaqlaşıb təsdiq və qəbul nuru ilə
işıqlanalar. Amma insaf az tapılır, ədalət yoxa çıxıb. O cümlədən, bəzilərinə
cavab olaraq, bu möhkəm ayələr ilahi elm səltənətindən nazil olub:
«Ey Mənim üzümün nuruna üz tutan kəs! Yer
üzünün sakinlərini mövhumat bürüyüb və onların yəqinlik üfüqünə, onun şüalarına,
təzahürlərinə və nurlarına üz tutmasına mane olur. Yanlış xəyallar onları
Qəyyumdan uzaqlaşdırıb. Onlar öz ehtiraslarının təhriki ilə danışırlar, lakin
bunu anlamırlar. Onların bəziləri deyir: «Doğrudanmı ayələr nazil oldu?» De:
«Bəli, səmaların Rəbbi tərəfindən!» «Saat yetişdimi?» «And olsun aydın
dəlillərin Məzhərinə, artıq o ötüb keçdi! Artıq Haqq günü yetişdi, Haqq dəlil və
sübut ilə gəldi. Meydan quruldu və insanlar təşvişə və iztiraba düşdü. Artıq
zəlzələ başlandı və müxtəlif tayfalar Qüdrətli və Əzəmətli Allahın qorxusundan
nalə çəkdilər». De: «Dəhşətli səs ucaldı və gün – Vahid və İxtiyar Sahibi olan
Allaha məxsusdur!» «Fəlakət bitdimi?» De: «Bəli, and olsun Rəbblər Rəbbinə!»
«Qiyamət başlandımı?» «Hətta Qəyyum öz əlamətlər səltənəti ilə gəldi!»
«İnsanların yerə yıxıldığını gördünmü?» «Bəli, and olsun Uca və Ulu Rəbbimə!»
«Möcüzələr tamamlandımı?» «And olsun sifətlər Sahibinə, hətta dağlar toza
döndü!» Onlar dedilər: «Haradadır cənnət və cəhənnəm?» De: «Bunlardan biricisi
Mənə qovuşmaqdır, digəri isə sənin nəfsindir, ey şübhə edən müşrik!» Onlar
dedilər: «Biz mizan-tərəzini görmədik». De: «Bəli, and olsun mərhəmətli Rəbbimə
ki, onu bəsirət sahiblərindən başqa kimsə görə bilməz!» «Ulduzlar töküldümü?»
De? «Bəli, Qəyyum Sirr torpağında[67] olarkən! İbrət götürün,
ey bəsirət sahibləri!» Biz qüdrət əlimizi əzəmət və iqtidar qoltuğundan
çıxaranda bütün əlamətlər aşkar oldu. Vədə tamam olanda, Carçı car çəkdi və
Xilqətin Sahibi olan Rəbbinin qüdrəti qarşısında Tur əhli tərəddüd səhrasında
huşunu itirdi. Şeypur deyir: «Sur çalındımı?» De: «Bəli, and olsun zühur
Sultanına! O zaman ki, O, «Rəhman» adının taxtında qərar tutdu!» zülmət gecə
Nurlar mənbəyi olan Rəbbinin mərhəmət şəfəqi ilə işıqlandı. Rəhmanın nəsimi əsdi
və bədən qəbirlərindəki ruhlar ehtizaza gəldi. Qüdrətli və Səxavətli Allah
tərəfindən əmr belə müəyyən olundu. Qafil olanlar dedilər: «Göy nə zaman
yarıldı?» De: «Siz qəflət və azğınlıq məzarlarında olduğunuz zaman!» Qafillərdən
eləsi var ki, gözünü ovxalayıb sağa-sola baxır. De: «Sən korsan, bu gün sənə bir
sığınacaq yoxdur». Onlardan eləsi var ki, deyir: «İnsanlar bir yerə toplaşdımı?»
De: «Bəli, and olsun Rəbbimə! Sən mövhumat yatağında olduğun zaman!» Onlardan
eləsi var ki, deyir: «Doğrudanmı Fitrət ilə Kitab nazil oldu?» De: «Fitrət özü
heyrətdədir. Çəkinin, ey qəlb sahibləri!» Onlardan eləsi var ki, deyir: «Mən
korlara bir yerdəmi olacağam?» De: «Bəli, and olsun buludlar üzərində oturan
Kəsə! Cənnət sirli qızılgüllərlə bəzənib. Cəhənnəm isə günahkarların odu ilə
alovlanır». De: «Zühur üfüqündən nur parladı və Misaq gününün Sahibi gələrkən,
bütün aləm işıqlandı». Şübhə edən kəslər ziyana uğradı, iman nuru ilə Yəqinlik
Şəfəqinə üz tutan kəslər isə uğur qazandı. Xoş sənin halına, ey nəzərlərini Mənə
dikən şəxs! Çünki sənin üçün bu Lövhə nazil oldu – elə bir Lövhə ki, onun
sayəsində insanların ruhu qanad açdı. Onu qoru və oxu! Canıma and olsun, o sənin
Rəbbinin mərhəmət qapısıdır. Xoş o kəsin halına ki, axşam – səhər onu oxuyar.
Biz elm dağını parça-parça edən və insanların ayaqlarını titrədən bu Əmr barədə
sənin sözlərini eşitdik. Sənə, eləcə də Qüdrətli və Bağışlayan Allaha üz tutan
bütün kəslərə Mənim şərəfim nəsib olsun! Lövhə başa çatdı, amma söhbət bitmədi.
Səbr elə, çünki sənin Rəbbin Səbrlidir.
Bu ayələri Biz əvvəllər – Akka məhbəsinə daxil olduğumuz ilk çağlarda nazil etmiş və sənə
göndərmişdik ki, sən Əmrin qüdrət və hökmranlıqla gəlişi zamanı onların yalançı
dillərinin nələr söylədiyini biləsən. Yanlış gümanların bünövrəsi dağıldı,
mövhumat səması yarıldı, amma insanlar hələ də şübhə edir və inadkarlıq
göstərirlər. Onlar qüdrət üfüqündən əlamətlər səltənəti ilə gəldikdən sonra da
Allahın dəlilini və sübutunu inkar etdilər. Onlar Bizim əmr etdiklərimizi
buraxıb Kitabda qadağan olunan işlərə əl atdılar. Onlar Allahlarını atıb
ehtiraslarını tutdular. Bil ki, onlar qəflət və azğınlıq içərisindədirlər. Onlar
ayələri oxuyur və onları inkar edirlər, aydın dəlilləri görür və onlardan üz
çevirirlər. Bil ki, onlar qəribə bir şübhə içərisindədirlər.
Biz Öz dostlarımıza Allahdan çəkinməyi tövsiyə
etmişik, çünki bu, yaxşı əməllərin və xasiyyətlərin mənbəyidir. Bu, Bəha
şəhərindəki ədalət qoşunlarının sərkərdəsidir. Xoş o kəsin halına ki, onun nurlu
bayrağının kölgəsinə daxil olar və ondan yapışar. Həqiqətən, O,
«Qəyyümül-Əsma»da Xatırlanan Qırmızı Gəminin sərnişinlərindən biridir.
De: Ey Allah adamları! Vücudunuzu etibar və
dəyanət bəzəyi ilə zinətləndirin. Sonra Rəbbinizə yaxşı əməllər və gözəl
xasiyyətlər qoşunu ilə kömək göstərin. Biz Öz Kitablarımızda, Yazılarımızda,
Səhifələrimizdə və Lövhələrimizdə fitnə-fəsad və çəkişməni sizə qadağan etmişik.
Bununla Biz sizin yüksəliş və ucalmağınızdan başqa bir şey istəməmişik. Səma və
onun ulduzları, Günəş və onun şüaları, ağaclar və onların yarpaqları, dənizlər
və onların dalğaları, yer və onun xəzinələri buna şəhadət verir. Allahdan
diləyimiz budur ki, Öz dostlarına yardımçı olsun və onların bu mübarək, qüdrətli
və ecazkar məqamda lazım olan şeylərə çatmasına köməklik göstərsin.
Başqa bir Lövhədə Biz demişik: «Ey nəzərlərini
mənim üzümə dikən kəs! Bəndələrə Allahdan qorxmağı tövsiyə et! And olsun Allaha,
bu Rəbbinin əskərlərinin birinci sərkərdəsidir. Onun qoşunları yaxşı xasiyyətlər
və gözəl əməllərdir. Bütün əsrlər və qərinələr boyu ürək və könül şəhərləri
bununla fəth olunub və qələbə və zəfər bayraqları bütün bayraqlardan yuxarı
sancılıb».
İndi sənin üçün etibardan danışacaq və Allahın
– Əzəmətli Ərşin sahibi olan Rəbbinin yanında onun məqamını xatırladacağıq.
Günlərin bir günündə Biz Öz Yaşıl Adamıza yollandıq. Ora daxil olan kimi onun
çaylarının axdığını, ağaclarının çiçəkləndiyini və günəşin şüalarının ağaclar
arasında oynadığını gördük. Üzümüzü sağa döndərəndə, Biz elə şey gördük ki,
qələm onun təsviri üçün hərəkətə gəlmir; qələm o ən incə, ən şərəfli, ən mübarək
və ən uca məqamda Kainatın Ağasının gözlərinin müşahidə etdiyi şeyi təsvir edə
bilməz. Sonra Biz üzümüzü sola çevirdik və uca Behişt gözəllərindən birini
gördük: o, bir nur sütununun üzərində dayanıb ən yüksək səslə deyirdi: «Ey yerin
və göyün sakinləri! Mənim Camalıma, Nuruma, Zühuruma və Parıltıma nəzər salın!
Haqq olan Allaha and olsun, Mən - etibaram, onun zühuru və gözəlliyiyəm, ondan
yapışan, onun rütbəsini və məqamını bilən, onun ətəyindən tutan kəs üçün
mükafatam. Mən Bəha əhli üçün ən böyük zinətəm və xilqət aləmində olanlar üçün
şərəfli bəzəyəm. Mən aləmin rifahı üçün ən böyük səbəbəm və yer əhli üçün
əminlik üfüqüyəm». Beləcə Biz bəndələri Xilqətin Sahibinə yaxınlaşdıran şeyi
sənin üçün nazil etdik.
Bu Məzlum həmişə aləm əhlini onları ucaldan və
Allaha yaxınlaşdıran şeylərə dəvət edib. Uca Üfüqdən elə bir şey parlayıb ki,
heç kəs üçün tərəddüd, etiraz və inkar fürsəti qalmayıb. Lakin bunun qafillərə
bir xeyri olmayıb və onların ziyanlarından başqa heç nəyi artmayıb.
Ey Şeyx! Üləmalar Sultan həzrətləri – Allah
ona yardımçı olsun! – ilə birləşib gecə-gündüz dövlətin və millətin şənini
ucaldan işlərdən yapışmalıdırlar. Bu camaat var qüvvəsi ilə insanların
paklaşmasına və işlərin yaxşılaşmasına çalışır və bununla məşğul olur. Bu aydın
Lövhədə Uca Qələmdən nazil olanlar buna şəhadət verir.
Bir çox işlər ilk baxışdan asan və sadə
görünür, lakin insanların əksəriyyəti bundan qafildir və vaxtın zay edilməsinə
səbəb olan işlərlə məşğuldur. Bir gün Astanada (İstambulda) Kamal Paşa bu
Məzlumun hüzuruna gəldi. Söhbət faydalı işlərdən düşdü. O dedi ki, müxtəlif
dillər öyrənmişdir. Cavabında söylədik: «Siz bütöv bir ömrü tələf etmisiniz.
Cənabınız kimi şəxslər və digər dövlət məmurları bir məclis təşkil etməli və o
məclisdə müxtəlif dillər içərisindən bir dili, eləcə də mövcud əlifbalardan
birini seçməli, yaxud yeni bir əlifba və dil yaratmalıdırlar ki, bütün dünyanın
məktəblərində uşaqlara onu öyrətsinlər. Belə olan surətdə insanlar iki dilə
yiyələnəcəklər: birincisi, öz vətənlərinin dilinə; ikincisi, bütün dünya
əhalisinin danışdığı dilə. Əgər bu deyiləni həyata keçirsələr, bütün yer üzü
vahid bir ölkə halına gələr və insanlar müxtəlif dilləri öyrənməkdən və
öyrətməkdən azad olar». Bizim hüzurumuzda o, bunu qəbul etdi və xeyli sevinc və
şadlıq izhar elədi. Sonra Biz ona dedik ki, bu məsələni dövlətin nazirlərinə və
məmurlarına çatdırsın və bunun təsiri digər məmləkətlərə də yayılsın. Sonralar
o, dəfələrlə Bizim hüzurumuza təşrif gətirdi, lakin bu məsələ ilə bağlı bir söz
demədi. Halbuki deyilən məsələ aləm əhlinin birliyinə və ittifaqına səbəb
olacaqdı. Biz ümid edirik ki, İran dövləti bunu qəbul edib həyata keçirəcək.
Hal-hazırda yeni əlifba və təzə dil ixtira olunub. Əgər istəsəniz, sizə
göndərərik. Məqsədimiz budur ki, hamı insanların zəhmət məşəqqətini azaldan
işlərdən yapışsın və öz vaxtını layiqli şeylərə sərf edib başa çatdırsın.
Həqiqətən, Allah – Yardımçı, hər şeyi Bilən, tədbirli və hər şeydən xəbərdardır.
İnşaallah, İran indiyə qədər məhrum olduğu
şeyə yetişər və onunla bəzənər. De: «Ey Sultan! Çalış ki, bütün aləm əhli sənin
ədalət günəşinin şüaları ilə nurlansın. Bu Məzlum etibar, sədaqət, saflıq və
faydalı işlərdən başqa heç bir şeyi nəzərdə tutmayıb və tutmur. Onu xainlərdən
saymayın!» Sübhansan Sən, ey mənim Allahım, Ağam və Pənahım! Sultan həzrətlərinə
Sənin əmrlərini və hökmlərini yerinə yetirməkdə, bəndələrin arasında Sənin
ədalətini bərqərar etməkdə köməklik göstər! Həqiqətən, Sən – Fəzilətli,
Səxavətli, qüdrətli və Qadirsən! Allahın Əmri Onun fəzlinin əlaməti olaraq
gəldi. Xoş bunu bilənlərin və bunu anlayanların halına! Xoş o kəsin halına ki,
göylərdə və yerdə olan hər şeydən əlini üzüb Haqdan yapışdı.
Ey Şeyx! Ən böyük dəryanın sahilinə yollan,
sonra da Allahın «Qəyyumül-Əsma»da Bəha əhli üçün müəyyən etdiyi Qırmızı Gəmiyə
daxil ol. O, qurudan və dənizdən keçər. Kim ona daxil olarsa, nicat tapar və kim
ondan üz döndərərsə, həlak olar. Ona daxil olub bu şərəfə yetişdiyin zaman üzünü
Qoruyan və Qəyyum Allahın Kəbəsinə doğru tut və de: «Ey mənim Allahım! Səni and
verirəm ən şərəfli nuruna və Sənin bütün nurların ən şərəflidir!» O zaman
Səltənətin bütün qapıları sənin üzünə açılar və sən gözlərin görmədiyi şeyi
görər, qulaqların eşitmədiyi şeyi eşidərsən. Bu Məzlum sənə necə nəsihət
veribsə, elə də nəsihət verir və sənin üçün yalnız onu istəyir ki, sən aləmlərin
Rəbbi olan Allahın birlik dəryasına daxil olasan. Bu gün elə bir gündür ki,
bütün şeylər nida edərək, insanlara bu zühurun müjdəsini verir. Bu zühur
vasitəsilə Qüdrətli və Tərifəlayiq Allahın elmində gizli olan və saxlanan şeylər
aşkara çıxdı.
Ey Şeyx! Bəyan Göyərçinlərinin İrfan
Sidrəsinin budaqları üzərində oxuduğu mahnıları eşitdin. İndi isə Hikmət
quşlarının Uca Cənnətdən yüksələn nəğmələrini dinlə! Həqiqətən, onlar sənə qafil
olduğun şeyləri anladırlar. Qüvvət və Qüdrət Dilinin ariflərin Məqsudu olan
Allahın Kitablarında nələr söylədiyinə qulaq as! Bu an Uca Behiştin qütbündəki
Sidrətül – müntəhadan bir səda yüksəlir və Mənə əmr edir ki, Yazılarda və
Lövhələrdə nazil olanları və Özünü bu Böyük Xəbərdən və Doğru Yoldan ötrü fəda
edən Müjdəçinin söylədiklərini sənə çatdırım. O deyib və onun dediyi həqiqətdir:
«Mən Onun zikrində bu cövhəri yazdım: Həqiqətən, Mənim heç bir işarəm və Bəyanda
xatırlanan heç bir şey Ona işarə edə bilməz». Daha sonra o şərəf və cəlal Sahibi
bu əzamətli Zühur və Böyük Xəbər barədə deyir: «O elə uca və möhtəşəmdir ki,
Özündən başqa heç kəs vasitəsilə tanına bilməz, yaxud Öz məxluqatının işarəsi
ilə göstərilə bilməz. Mən Özüm ilk bəndəyəm ki, Ona və Onun ayələrinə iman
gətirdim və Onun irfan cənnətindəki bağçalardan Onun sözlərinin meyvələrini
dərdim. Bəli, and olsun Onun şərəfinə! O – Haqqdır. Ondan başqa Allah yoxdur.
Hər şey Onun əmri ilə mövcuddur».
Həqiqət Göyərçini ilahi Sidrənin budaqlarında
bu sözlərlə nəğmə oxumuşdur. Xoş o kəsin halına ki, onu eşitmək şərəfinə nail
oldu və onun hər kəlməsində gizlənmiş ilahi Bəyan dəryalarından götürüb içdi.
Başqa bir məqamda da Bəyanın nidası ən uca budaqdan yüksəldi. O uca və mübarək
Kəs dedi: «Doqquzuncu ildə siz bütün yaxşı şeyləri görəcəksiniz». Və başqa bir
məqamda buyurur: «Doqquzuncu ildə siz Allahın hüzuruna qovuşacaqsınız». İrfan
şəhərlərində uçan Quşların oxuduğu bu nəğmələr Rəhmanın Quranda nazil
etdiklərinə uyğundur. Xoş bunu görənlərin və buna nail olanların halına!
Ey Şeyx! And olsun Allaha, mərhəmət çayı axır,
Bəyan dənizi dalğalanır, zühur Günəşi parlayır və işıq saçır. Təmiz ürək, açıq
qəlb və açıq-aşkar doğruçu bir dil ilə Müjdəçidən, yəni İlkin Nöqtədən zahir
olmuş bu uca kəlmələri oxu! O – onun bəyani daha da şərəflənsin! – Həzrət Əzimə
müraciətlə deyib: «Bu, sənə cavab verməzdən əvvəl sənə vəd etdiyimiz şeydir.
Bəyandan doqquz il keçənə qədər səbr elə. O zaman isə de: «Həmd olsun Allaha –
yaradanların ən gözəlinə!» De: «O elə bir Xəbərdir ki, Allahdan savayı heç kəs
onu əhatə edə bilməz. Və siz belə bir gündən xəbərsizsiniz». Doqquzuncu ildə bu
Əzəmətli Zühur İlahi İradənin məşriqindən parlayıb işıq saçdı. Şübhə edən
qafillərdən savayı heç kəs onu inkar etməz. Allahdan diləyimiz budur ki,
bəndələrinin Ona doğru qayıtmalarına və fani həyatlarında etdiklərinə görə üzr
istəmələrinə köməklik göstərsin. Həqiqətən, O – Tövbələri Qəbul edən, Bağışlayan
və Mərhəmətlidir!
Başqa bir məqamda O, buyurub: «Mən özüm ilk
bəndəyəm ki, Ona və Onun ayələrinə iman gətirdim». Həmçinin farsca Bəyanda
buyurub: «O, həmən Kəsdir ki, bütün məqamlarda: «Həqiqətən, Mən – Allaham!» -
söyləyir və ilaxır – Onun şərəfi və cəlalı daha da artsın! İlahilik və
Rəbbanilik ifadə edən sözlərin hansı məqsəd güddüyü barədə əvvəldə deyildi.
Həqiqətən, Biz pərdələri cırdıq və insanları Başların Ağası olan Allaha
yaxınlaşdıran şeyləri aşkara çıxardıq. Xoş o kəsin halına ki, aləmlərin Rəbbi
Allahın Əmrinə əsasən göylərdə və yerdə olan bütün şeyləri bürüyən bu Fəzldə
ədalət və insafa nail oldu!
Ey Şeyx! İnsaf qulağı ilə İncilin nəğmələrini
dinlə! O – Onun bəyani daha da şərəflənsin! – gələcəkdən xəbər verərək, buyurur:
«Amma o Günü və o saatı nə bir kəs bilir, nə səmada olan mələklər, nə də Oğul –
yalnız Ata bilir». Bu məqamda «Ata» dedikdə, Haqq olan Allah – Onun cəlalı daha
da artsın! – nəzərdə tutulur. Həqiqi tərbiyəçi və Mənəvi Müəllim Odur!
İoil buyurur: «Çünki Rəbbin Günü çox əzəmətli
və dəhşətlidir. Kim ona tab gətirər?!» Birincisi, onun İncildə yazılmış möhtəşəm
kəlamında buyurur: «Heç kəs Zühur anından agah deyil. Hər şeyi Bilən və hər
şeydən xəbərdar olan Allahdan başqa heç kəs bunu bilmir». İkincisi, zühurun
əzəmətini xatırladır. Həmçinin Quranda buyurur: «Onlar bir-birindən nə haqqında
soruşurlar? Böyük Xəbər haqqında!»[68] Budur o Xəbər ki, onun
böyüklüyü barədə əvvəlki və sonrakı kitabların əksəriyyətində yazılıb. Budur o
Xəbər ki, onun sayəsində Qoruyan, Yardımçı və Köməkçi Allahın istədiyi kəslərdən
başqa bütün aləm əhlinin əzaları titrədi. Zahiri gözlə də göründüyü kimi,
Allahın istədiyi kəslərdən savayı bütün bəndələri və yer üzündə olan bütün
şeyləri həyacan və heyrət bürüdü.
Ey Şeyx! Əmr – əzəmətli, Xəbər – böyükdür.
Səbr və təmkinlə aydın ayələr, ali kəlamlar və bu günlərdə zahir olan bütün
şeylər üzərində düşün ki, bəlkə Kitablarda gizlənmiş sirləri anlayasan və
bəndələri doğru yola istiqamətləndirməyə çalışasan. İeremiyanın sədasını həqiqi
qulağınla eşit. O buyurur: «Ah, O Gün necə də əzəmətlidir» və onun misli –
bərabəri yoxdur!» Əgər cənabınız insafla baxarsa, Günün əzəmətindən agah olar.
Hər şeyi bilən bu Nəsihətçinin səsini eşit və özünü görünən və görünməz
varlıqları bürüyən mərhəmətdən məhrum etmə. Həzrət Davudun nəğməsini dinlə. O,
buyurur: «Məni Möhkəmlənmiş Şəhərə kim gətirəcək?» Möhkəmlənmiş Şəhər Akkadır ki, Böyük Məhbəs adlandırılıb
və möhkəm divarlara və qalaya malikdir.
Ey Şeyx! İsayanın Öz Kitabında söylədiklərini
oxu! O, deyir: «Yüksək bir dağa qalx, ey xoş müjdəli Sion! Var gücünlə səsini
ucalt, ey xoş Müjdəli Yerusəlim! Ucalt, qorxma; Yəhudi şəhərlərinə de: Budur,
sizin Allahınız! Budur, Rəbbiniz Allah qüvvətlə gələcək və Onun qolları
hökmranlıq edəcək!» Bu Gün bütün əlamətlər görünməkdədir. Böyük bir Şəhər
səmadan endirilmişdir və Sion Haqqın zühurundan ehtizaza gəlib şadlanır, çünki
hər tərəfdən Allahın sədasını eşidir. Bu gün Yerusəlim yeni bir Müjdəyə qovuşub,
çünki əncirin yerində azad sərv dayanıb. Yerusəlim dünyanın bütün məzhəblərinin
ziyarət yeridir və «Qüds» adlandırılır. O, Sion və Fələstinlə birlikdə bu
ərazidə yerləşir. Buna görədir ki, buyurur: «Xoş o kəsin halına ki, Akkaya
mühacirət edər». Amos buyurur: «Rəbb Siondan hayqırar, Onun sədası Yerusəlimdən
gələr; və çobanların komaları nalə çəkər və Kərmelin zirvəsi quruyar». Kərmel
İlahi Kitabda «Allahın təpəsi» və «Allahın üzümlüyü» adlandırılıb. Bu, o
məkandır ki, Zühur sahibinin mərhəməti sayəsində bu günlərdə Şərəf Çadırı onun
üzərinə yüksəlib. Xoş ora varid olanların və ora üz tutanların halına! Həmçinin
buyurur: «Bizim Allahımız gələcək və O, susmayacaq».
Ey Şeyx! Aləmlərin Məqsudunun Amosa müraciətlə
buyurduğu bu sözlər üzərində düşün. O deyib: «Elə isə Allahınla görüşə hazırlaş,
ey İsrail! Çünki budur o Kəs ki, dağları qurdu, küləyi yaratdı, insana onun
fikrini bildirdi: O Kəs ki, dan yerini zülmətə çevirər və yer üzünün
yüksəkliklərində gəzər. O – Rəbbdir, qoşunların Allahı – Onun adıdır». Buyurur
ki, dan yerini zülmətə çevirər. Məqsəd budur ki, əgər Turda danışan Kəsin zühuru
zamanı bir şəxs özünü həqiqi sübh bilərsə, o, Allahın qüvvəti və qüdrəti ilə
qaranlığa çevrilər. O, yalançı sübhdür, amma özünü həqiqi sübh bilir. Vay onun
halına və vay o kəslərin halına ki, aləmlərin Rəbbi Allah tərəfindən heç bir
aydın dəlil olmadan onun ardınca gedər.
İsaiya buyurur: «O gün təkcə Allah
yüksələcəkdir». Və zühurun əzəməti barədə buyurur: «Rəbbin zəhmi və Onun
əzəmətinin gücü qarşısında qayanın içinə gir və torpağın altında gizlən». Başqa
bir məqamda isə buyurur: «Səhra və quru torpaq sevinəcək, məskunlaşmamış ərazi
şadlanacaq və nərgiz tək çiçəklənəcək. Büsbütün çiçəklənəcək və hədsiz dərəcədə
sevinəcək: ona Livanın şərəfi, Kərmelin və Şaronun parlaqlığı veriləcək; onlar
Rəbbin şərəfini və bizim Allahımızın nurunu görəcəklər». Bu parçaların şərhə
ehtiyacı yoxdur: onlar günəş kimi parlaq və aşkar, nur kimi işıqlı və aydındır.
Hər bir insaflı kəs bu sözlərin ətrindən irfan bağçasına yol tapar və aləm
əhlinin əksəriyyətinin məhrum qaldığı və pərdələndiyi şərəfə nail olar. De: Ey
insanlar, Allahdan qorxun və hay - küyçülərin şübhələrinə uymayın, çünki onlar
Allahın Əhd və Misaqını pozdular və Onun göylərdə və yerdə olan hər şeyi bürüyən
mərhəmətini inkar etdilər.
Həmçinin buyurur: «Qorxaq ürəklilərə deyin:
möhkəm olun və qorxmayın – budur sizin Allahınız!» Bu mübarək ayə Zühurun
əzəmətinə və Əmrin böyüklüyünə dəlalət edir. Belə ki, surun sədası aləmi
iztiraba salacaq, titrəyiş və qorxu hamını bürüyəcəkdir. Xoş o kəsin halına ki,
təvəkkül və təmənnasızlıq
nuru ilə işıqlandı; o günün fəlakətləri ona mane olmaz və onu qorxutmaz.
Bəyan Dili Rəhmanın əmrinə əsasən belə
söylədi. Həqiqətən, O – Qüdrətli, Qüvvətli, Qalib və Qadirdir. İndi qulaq və göz
sahibləri gərək hər birində məna və bəyan dəryaları gizlənmiş bu ali sözlər
üzərində düşünsünlər ki, bəlkə Dinlər Sahibinin Kəlamı Onun bəndələrini tam
birlik və sevinclə son məqsədə və uca zirvəyə, yəni bu sədanın yüksəldiyi üfüqə
çatdırdı.
Ey Şeyx! Əgər sən hətta iynənin gözü qədər də
bu sözlərin ətrini duysan, dünyanı və dünya əhlini buraxıb Həzrət Məqsudun
Üzünün nurlarına üz tutarsan. Xülasə, Həzrət Ruhun (İsanın) kəlamlarında
saysız-hesabsız mənalar gizlənmişdir. O, bir çox mətləbləri bəyan etmiş, lakin
eşidən və görən olmadığı üçün onların əksəriyyətini gizli saxlamışdır. Necə ki,
buyurur: «Lakin indi siz onlara tab gətirə bilməzsiniz». O Vəhy Şəfəqi buyurur
ki, sonrakı xəbərləri o Gün Vəd olunmuş Həzrət söyləyəcəkdir. Necə ki,
«Kitabi-Əqdəs»də, hökmdarlara ünvanlanmış Lövhələrdə, «Lövhi-Rəis»də və
«Lövhi-Fuad»da yer üzündə baş verən işlərin əksəriyyəti haqqında xəbərlər
qabaqcadan Uca Qələmdən süzülmüş və nazil olmuşdur. «Kitabi-Əqdəs»də belə nazil
olmuşdur: «Ey «Ta» torpağı! Heç bir şeydən kədərlənmə! Allah səni aləmdəkilərin
sevinc mənbəyi etmişdir. Əgər O, istəsə, sənin taxtını elə bir şəxsə bəxş edər
ki, o, ədalətlə hökmranlıq edər və canavarların dağıtdığı Allahın qoyunlarını
bir yerə yığar. Həmin şəxs sevinc və mehribanlıqla üzünü Bəha əhlinə tutar. O,
Haqqın yanında məxluqatın cövhəri sayılar. Və hər zaman Allahın şərəfinə, eləcə
də Əmr Səltənətində olanların şərəfinə layiq görülər».
Bu ayələr əvvəllər nazil olub, indi isə bu
ayələr nazil edilir: «İlahi, İlahi! Bəha Səni çağırır və Səni and verir Üzünün
nurlarına, Əmr dənizinin dalğalarına və Bəyan Günəşinin şüalarına ki, Sultanın
ədalətli və insaflı olmasına köməklik göstər. Əgər istəsən, əmr və hökm taxtını
onunla bərəkətləndir. Həqiqətən, Sən istədiyin şeyə qadirsən. Səndən – Eşidən və
Cavab Verəndən başqa Allah yoxdur!».
«Sevin, ey «Ta» torpağı, çünki Allah səni
zühur şəfəqinin doğduğu nur üfüqü etmişdir və səni elə bir adla adlandırmışdır
ki, onun vasitəsilə fəzl günəşi parlamış, yerə və göylərə işıq saçmışdır.
Tezliklə sənin vəziyyətin dəyişiləcək və səndə xalq hakimiyyəti qurulacaq.
Həqiqətən, sənin Rəbbin hər şeyi Bilən və əhatə edəndir. Rəbbinin mərhəmətinə
əmin ol, O Öz lütf nəzərlərini səndən çəkməyəcək. Tezliklə sən iztirabın ardınca
rahatlıq tapacaqsan. Ecazkar Kitabda işlər belə müəyyən olunub».
Həmçinin «Lövhi-Fuad»da, Paris hökmdarına
ünvanlanmış Lövhədə və digər Lövhələrdə elə şeylər nazil olub ki, onları görən
bir insaf sahibi Haqqın – Onun cəlalı daha da artsın! – qüdrətinə, əzəmətinə və
elminə şəhadət verər. Əgər insanlar ədalətlə baxsalar, bu mübarək ayənin
sirrindən agah olar və onu dərk edərlər: «Elə bir yaş və quru şey yoxdur ki,
aydın Kitabda olmasın»[69]. Lakin bu gün insanların
etirazları onların Əzəli Nazil Edən Kəs tərəfindən haqq ilə göndərilənləri dərk
etməsinə mane olur. Sübhanallah, aydın əlamətlər hər tərəfi bürüyüb, buna
baxmayaraq, bəndələrin əksəriyyəti onları görməkdən və anlamaqdan məhrumdur.
Haqqdan diləyimiz budur ki, uğur bəxş etsin və bunun sayəsində hamı Böyük
Dəryadakı Sədəflərdə gizlənmiş gövhərlərdən agah olsun və desin: «Həmd olsun
Sənə, ey aləmin Allahı!»
Ey insaf əhli! İlahi bəyan və bilik dəryasının
dalğalarına nəzər salın və düşünün ki, zahiri və batini dilinizlə şəhadət
verəsiniz: hər şeyin elmi Onun yanındakı Kitabdadır, heç bir şey Onun elmindən
gizli qala bilməz. Həqiqətən, O Öz qayıdışı zamanı Bəyan taxtına qalxarkən,
gizli olan şeyləri aşkara çıxardı. Nə nazil olubsa, sözbəsöz yer üzündə həyata
keçib və keçməkdədir. Heç kəs üçün üz döndərmək və etiraz etmək imkanı qalmayıb,
lakin insaf bir kənara atıldığı üçün insanların əksəriyyəti öz yanlış
xəyallarına əsasən danışmaqdadırlar.
İlahi, İlahi! Bəndələrinin Sənin İradə Səmanın
üfüqündən parlayan yəqinlik nuruna üz tutmasına mane olma! İlahi, onları Öz
əlamətlərinin dəryalarından məhrum etmə! Ya Rəbb, onlar Sənin şəhərlərindəki
bəndələrin və Sənin ölkələrindəki qullarındır. Əgər Sən onlara rəhm etməsən, kim
onlara rəhm edəcək?! İlahi, möhumat dəryasında qərq olanların əllərindən tut, Öz
qüvvətin və hökmranlığınla onları xilas et, sonra da onlara Öz qüdrətinin
qolları ilə nicat ver! Həqiqətən, Sən istədiyin şeyi etməyə qadirsən və göylərdə
və yerdə olan bütün şeylərin cilovu Sənin sağ əlindədir.
Həmçinin İlkin Nöqtə buyurur: «Ona Onun Öz
gözü ilə baxın, əgər başqasının gözü ilə baxsınız, heç vaxt Onu tanımağa və
anlamağa müvəffəq ola bilməzsiniz». Bu sözlər bu ən böyük zühura aiddir. Xoş
insaflıların halına! Həmçinin buyurur: «Onun zühurunun bir illik nütfəsi[70] bütün Bəyandan
qüvvətlidir». Bəyanın və əvvəlki kitabların bu müjdələri çoxsaylı kitablarda
müxtəlif adlarla qeyd olunub ki, bəlkə insanlar əzəmətli Ərşin Rəbbi olan
Allahın İradə üfüqündən parlayıb işıq Saçana qarşı insaflı oldular.
Ey Şeyx! Bəyan əhlinə de: «Bu mübarək kəlam
üzərində düşünün. O, buyurur: «Bütün Bəyan Onun Cənnətindəki yarpaqlardan yalnız
biridir». İnsaf edin, ey insanlar və aləmlərin Rəbbi olan Allahın Kitabında
ziyana uğrayanlardan olmayın!» Bu gün bu mübarək Sidrə öz dadlı, təzə və ecazkar
meyvələri ilə sənin gözünün qarşısındadır. Ondan başqa hər şeydən əlini üzüb Ona
diqqət yetir. Allahın Öz Əzəmətli Adının və Böyük Xəbərinin qədəmləri ilə
zinətləndirdiyi bu Məqamda qüvvət və qüdrət Dili belə söyləyir.
O, həmçinin buyurur: «Bu əmrin əvvəlindən
doqquz il keçməyincə məxluqatın həqiqi varlığı aşkara çıxmayacanq. Sənin bütün
bu gördüklərin Biz onları ətlə örtməyənə qədər bir nütfədən ibarət idi. Elə isə
o vaxtadək səbr et ki, başqa bir xilqəti görəsən. O zaman de: «Həmd olsun Allaha
– yaradanların ən gözəlinə!» Həmçinin zühurun qüdrətini xatırladaraq deyib:
«Allahın üzə çıxaracağı Kəsə yer üzündəki ən böyük şəxsi rədd etmək halaldır,
belə ki, bütün məxluqat Onun ovcundadır və hər şey Ona baş əyir. O andan[71] sonra siz əmri mütləq
biləcəksiniz». Və buyurur: «Tam yəqinliklə bil ki, təsbit olunmuş və qaçılmaz
əmrə əsasən, O – Onun cəlalı daha da artsın, qüdrəti çoxalsın, müqəddəsliyi
yüksəlsin, böyüklüyü böyüsün, məqamı daha da şərəflənsin! – hər bir şeyi onun
özü vasitəsilə tanıdır. Elə isə kim Onu Ondan başqasının vasitəsilə tanıya
bilər?!» Daha sonra O – Onun şərəfi və cəlalı daha da artsın! – deyir: «Amandır,
amandır, Onun zühur günlərində Bəyan Vahidi[72] sizi Ondan pərdələməsin!
Belə ki, bu Vahid Onun yanında yalnız bir məxluqdur. Və amandır, amandır,
Bəyanda nazil olan sözlər sizi Ondan pərdələndirməsin!» Yenə də O – Onun ucalığı
daha da artsın! – deyir: «Ona yalnız Onun gözü ilə bax. Kim Ona Onun gözü ilə
baxarsa, Onu dərk edər, əks halda pərdə arxasında qalar. Əgər sən Allahı istəyir
və Onu görməyi arzulayırsansa, Onu istə və Ona bax!» Həmçinin buyurur: «Əgər
Allahın üzə çıxaracağı Kəsin ayələrindən birini oxusan, bu, bütün Bəyanı
əzbərləməkdən daha yaxşıdır. Çünki o gün o bir ayə səni xilas edəcək, amma bütün
Bəyan səni xilas etməyəcək».
De: Ey Bəyan əhli! İnsaf edin, insaf edin,
yenə də insaf edin və insaf edin! Və o kəslərdən olmayın ki, gecə-gündüz Allah
əmrinin Məzhərini xatırladılar, amma O, fəzl ilə gələndə və zühur üfüqü
işıqlananda,Onun əleyhinə elə fitva verdilər ki, bunun nəticəsində Mələkut və
Cəbərut əhli, eləcə də hər şeyi Bilən və Hikmət Sahibi olan Allahın İradəsi
ətrafına toplaşanlar nalə çəkdilər.
Bu uca kəlam üzərində düşünün. O, buyurur:
«Mən, həqiqətən, Ona, Onun dininə, Onun Kitabına, Onun dəlillərinə, Onun
yollarına və bütün bunlara bağlı Ondan zahir olanlara iman bəsləyirəm. Mən Ona
bağlılığımla fəxr edirəm və Ona olan imanımdan şərəf duyuram». Həmçinin buyurur:
«Ey Bəyan əhli! Öz həddinizi bilin, çünki Bəyan Nöqtəsi kimi bir Kəs Allahın
bütün şeylərdən əvvəl üzə çıxaracağı Kəsə iman bəsləyir. Həqiqətən, Mən bununla
göylərin və yerin səltənətində olanlar qarşısında fəxr edirəm». And olsun
Allaha, kainatın bütün zərərləri Bəyandan üz döndərənlərin zülmündən nalə çəkib
fəryad etməklə məşğuldur. Görəsən, göz və qulaq sahibləri hara getdilər?! Uca və
Mübarək Allahdan diləyimiz budur ki, onları onlar üçün faydalı olan şeylərə
çatdırsın və yönəltsin; və onları onlar üçün zərərli olan şeylərdən
uzaqlaşdırsın. Həqiqətən, O – Qüvvətli, Qalib və Qadirdir.
O həmçinin buyurur: «Allahın zühurundan sonra
özünüzü Ondan pərdələndirməyin. Belə ki, Bəyanın ucaltdığı hər bir şey bir üzük
kimi Mənim əlimdədir və Mən Özüm isə, həqiqətən, Allahın üzə çıxaracağı Kəsin –
Onun zikri daha da Şərəflənsin! – əlində bir üzüyəm. O necə istərsə, nə üçün
istərsə və nə ilə istərsə, dəyişdirər. Həqiqətən, O – Qoruyan və Ucadır!»
Həmçinin buyurur: «Həqiqətən, əgər O, yer üzündə olan hər kəsi peyğəmbər edərsə,
onlar Allahın yanında peyğəmbər sayılarlar». Həmçinin buyurur: «Allahın üzə
çıxaracağı Kəsin zühur günündə yer üzündəki bütün insanlar Onun nəzərində
bərabər olacaqlar. O, kimi peyğəmbər edəcəksə, həmən şəxs əvvəli olmayan
əvvəldən axırı olmayan axıra qədər peyğəmbər sayılacaq, çünki bu, Allahın işi
olacaq. Və O, kimi övliya edəcəksə, həmən şəxs bütün aləmlərdə övliya sayılacaq,
çünki bu, Allahın işi olacaq. Belə ki, Allahın İradəsi yalnız Onun iradəsi
vasitəsilə aşkara çıxar və Allahın istəyi yalnız Onun istəyi vasitəsilə təzahür
edər. Həqiqətən, O – Qalibiyyətli, Qüdrətli və Ucadır».
Xülasə, hər bir məqamda O, insanların qəbul
etməsinə, yüksəlişinə, tərəqqisinə və doğru yola istiqamətlənməsinə səbəb olan
sözlər söyləmişdir. Lakin bir dəstə insafsız pərdəyə və yolu kəsən səddə
çevrilərək, bəndələrin Onun Üzünün nurlarına üz tutmasına mane olmuşdur.
Allahdan diləyimiz budur ki. Öz hökmranlığı ilə onların kənarlaşdırsın və Öz
qüdrəti ilə onları ələ keçirsin. Həqiqətən, O – Qüdrət, Qüvvət və Hikmət
Sahibidir!
O həmçinin buyurur: «Həqiqətən, O – Onun zikri
daha da şərəflənsin! – Günəşə bənzər. Əgər Günəşin qarşısında saysız-hesabsız
güzgülər olarsa, onların hərəsi öz imkanı çərçivəsində Günəşin şüalarını əks
etdirər. Və əgər Günəşin qarşısında heç nə olmazsa, o yenə də doğar və qürub
edər, güzgülər isə pərdə arxasında qalar. Mən bu insanlardan nəsihətimi
əsirgəmədim və onların öz Rəbbləri olan Allaha üz tutması, öz Yaradanları olan
Allaha iman gətirməsi üçün bütün tədbirlərə əl atdım. Əgər Onun zühur günündə
bütün yer üzündə olanlar Ona iman gətirsələr, Mənim vücudum sevinəcəkdir, çünki
hamı öz varlığının zirvəsinə çatacaq, öz Məhbubunun camalına qovuşacaq, xilqət
aləmində mümkün olan həddə öz Məqsudunun təzahürlərini dərk edəcəkdir. Əks
təqdirdə isə Mənim könlüm kədərlənəcəkdir. Mən bütün şeyləri bunun üçün tərbiyə
etmişəm. Belə olan halda kimsə necə pərdə arxasında qala bilər?! Mən bunun üçün
Allahı çağırmışam və çağıracağam. Həqiqətən, O – yaxındadır və cavab verəndir!»
Həmçinin O, buyurur: «Onlar nə Şərqə, nə də
Qərbə məxsus olan o Ağaca hətta mömin adını da verməyə razı olmurlar, əgər razı
olsaydılar, Onu kədərləndirməzdilər». Ey dünyanın qulağı, bu sözlərin Adlar
Şəfəqinin İradə məşriqindən necə acizliklə çıxdığını eşitdinmi? O buyurur ki,
hər şeyi bu zühuru tanımaq üçün tərbiyə etmişəm. Lakin Bəyan Əhli nə Şərqə, nə
də Qərbə məxsus olan o mübarək Sidrəyə hətta mömin adını verməyə də razı
olmurlar. Ah, ah, gör Mənim başıma nələr gəldi! And olsun Allaha, gecə-gündüz
bəslədiyim bir kəs[73] Mənim başıma elə işlər
gətirdi ki, buna görə Müqəddəs Ruh və bu ecazkar Günün Sahibi olan Allahın
Əzəmət Sarayının sakinləri nalə çəkdilər.
Həmçinin bir çox etiraz edənlərin cavabında
buyurur: «Allahdan başqa heç kəs zühurun vaxtını bilmir. O, nə vaxt baş verərsə,
hamı Həqiqət Nöqtəsini təsdiq etməli və Allaha şükr etməlidir». Bizdən üz
döndərənlər Yəhyanın tərəfdarları kimi danışırlar. Belə ki, onlar da Həzrət Ruha
(İsaya) etiraz edərək, deyirdilər: «Yəhyanın şəriəti hələ tamam olmayıb, sən nə
üçün gəlmisən?» İndi də Bizdən üz döndərənlər elə sözlər danışırlar ki, bütün
şeylər ağlayıb nalə çəkir, halbuki onlar, heç vaxt Bizimlə olmayıblar və Əmrin
mahiyyətindən xəbərləri yoxdur, onun Kimdən və nədən olduğunu bilmirlər. Canıma
and olsun! Lal adam heç vaxt Bəyan Səltənətinin qarşısında dayana bilməz.
Allahdan qorxun, ey insanlar, sonra da Bəyanın altıncı Vahidinin səkkizinci fəslində haqq ilə nazil olanı oxuyun və üz döndərənlərdən
olmayın! O həmçinin əmr etmişdir: «Hər on doqquz gündə bir dəfə bu fəslə nəzər
salsınlar, bəlkə bunun sayəsində onlar dəlillərin və sübutların ən böyüyü olan
ayələrdən başqa bir şeyə fikir verməyib Allahın üzə çıxaracağı Kəsin zühur
günündə pərdə arxasında qalmayalar».
Həzrət Yəhya ibn Zəkəriyyə də Müjdəçinin
buyurduqlarını söyləmişdir: «Deyərək tövbə edin, çünki Səma Səltənəti
yaxındadır. Mən sizi tövbə etməkdən ötrü su ilə vəftiz etdim. Lakin Məndən sonra
gələcək Kəs Məndən qüvvətlidir. Mən Onun çarığını daşımağa belə layiq deyiləm».
Odur ki, Müjdəçi itaətkarlıq və təvazökarlıq əlaməti olaraq, buyurur: «Bütün
Bəyan Onun Cənnətindəki yarpaqlardan yalnız biridir». Həmçinin buyurur: «Mən Ona
itaət edənlərin birincisiyəm və Ona bağlılığımla fəxr edirəm». Ey insanlar, buna
baxmayaraq, Bəyan əhli elə işlər tutdu ki, Zil-Cövşən, İbn Ənəs və Əsbəhi
bunları görüb Allaha pənah apardılar və aparırlar. Bu Məzlum bütün dinlərin gözü
qarşısında gecə-gündüz Allahın Əmrini ucaltmaqla məşğuldur, o kəslər isə zillət
və əziyyətə səbəb olan işlərə əl atırlar.
O, həmçinin buyurur: «Onu Onun ayələri
vasitəsilə tanıyın və Onu tanımaqda səhlənkarlıq etməyin, çünki nə qədər
səhlənkarlıq etsəniz, bir o qədər pərdə arxasında odda qalacaqsınız». Ey Məndən
üz döndərən Bəyan əhli! İrfan Nöqtəsinin Bəyan şəfəqindən süzülən bu uca kəlam
üzərində düşünün. Bu an həmin kəlamı eşidin. O, buyurur: «Həmən Gün Həqiqət
Günəşi Bəyan əhlinə müraciətlə Quranın bu surəsini oxuyacaq: «De: Ey kafirlər!
Mən sizin ibadət etdiyinizə ibadət etmirəm. Siz də Mənim ibadət etdiyimə ibadət
etmirsiniz. Mən sizin ibadət etdiyinizə heç vaxt ibadət edən deyiləm. Siz də
Mənim ibadət etdiyimə ibadət edən deyilsiniz. Sizin öz dininiz var, Mənim öz
dinim!»[74] Sübhanallah! Bütün bu
aydın sözlərə, parlaq və işıqlı əlamətlərə baxmayaraq, hamı öz yanlış
xəyallarına uyub və Həzrət Məqsuddan qafil və xəbərsizdir. Ey üz döndərənlər,
qəflət yuxusundan oyanın və Müjdəçinin bu kəlamını eşidin. O, buyurur: «Təsdiq
ağacı Ondan üz döndərsə, inkar ağacı sayılar və inkar ağacı Ona üz tutarsa,
təsdiq ağacı sayılar». Həmçinin buyurur: «Əgər bir kəs iddia edərsə və dəlil
gətirməzsə, ona etiraz etməyin və onu kədərləndirməyin». Xülasə, bu Məzlum
gecə-gündüz «De: Ey kafirlər!..» söyləyir ki, bəlkə bu, insanları ayılda və
onları insaf bəzəyi ilə zinətləndirə.
İndi ətrafa ümidsizlik ətri yayan bu kəlmələr
üzərində düşünün. Bu, Onun aləmlərin Rəbbi olan Allaha kədər dolu müraciətidir.
O deyir: «Sübhansan, ey Mənim Allahım! Sən şahidsən ki, bu Kitabla Mən öz
hökmranlığımın əhdindən qabaq bütün şeylərdən Sənin üzə çıxaracağın Kəsin
hökmranlığının əhdini aldım. Sənin və Sənin əlamətlərinə iman gətirmiş kəslərin
buna şahid olması kifayətdir. Sən, həqiqətən, Mənə kifayətsən. Mən Sənə təvəkkül etmişəm. Və Sən, həqiqətən, bütün şeylərin haqq-hesabını
çəkənsən».
Başqa bir məqamda buyurur: «Ey günəşə bənzəyən
güzgülər! Həqiqət Günəşinə nəzər salın! Həqiqətən, sizin varlığınız Ondan
asılıdır, kaş bunu görəydiniz! Siz hamınız dəniz suyunda hərəkət edən balıqlar
kimisiniz və özünüzü sudan pərdələyib varlığınızın asılı olduğu şeydən
sorğu-sual edirsiniz». Həmçinin buyurur: «Ey Mənim səxavətimin güzgüsü, Mən sənə
bütün başqa güzgülərdən şikayətlənirəm. Onlar hamısı öz rəngləri ilə Mənə
baxır». Bu sözlər Səxavətli Həzrətin Əmr Məşriqi tərəfindən Kərbəlayi kimi
məşhur olan cənab Seyyid Cavada mürəciətlə nazil edilmişdir. Haqq şahiddir və
bütün aləm bilir ki, o Seyyid bu Məzlumun tərəfində olub və üz döndərənlərin
əleyhinə geniş bir şərh də yazıb. O özünün iki məktubunda da Haqqın zühuruna
şəhadət verib və Ondan başqa hər şeydən üz döndərdiyini aydın və aşkar
işarələrlə bildirib. Biz həmin məktubları cənab Heydərəliyə göndərdik. Onun
xətti isə hamıya məlum və tanışdır. Bu əməldən məqsəd o idi ki, bəlkə inkarçılar
təsdiq sularına qovuşalar və üz döndərənlər qəbul nuru ilə işıqlanar. Haqq
şahiddir ki, bu Məzlumun Allah kəlamını çatdırmaqdan özgə məqsədi olmayıb. Xoş
insaf edənlərin və vay üz döndərənlərin halına! Bizdən üz döndərənlər müxtəlif
tədbirlər tökmüş, cürbəcür hiylələrə əl atmışlar. O cümlədən, həmin Seyyidin və
bəzi digər şəxslərin şəkillərini götürüb hərəsini bir vərəqə yapışdırmışlar və
onların üstündə isə Mirzə Yəhyanın şəklini yapışdırmışlar. Xülasə, onlar Haqqı
inkar etmək üçün hər cür vasitəyə əl atmışlar. De:
«Haqq parlaq günəş təki açıq-aşkar gəlib, amma
heyif ki, korlar şəhərinə gəlib.»
Və adı çəkilən Seyyid inkarçılara nəsihət
verərək, onları Uca Üfüqə doğru dəvət edib, lakin onun sözləri bu sərt daşlara
təsir göstərməyib. Onlar onun barəsində elə sözlər deyiblər ki, o, Haqqa – Onun
cəlalı daha da artsın! – pənah aparmalı olub. Onun Müqəddəs məkana göndərdiyi
şikayətlər indi də mövcuddur. Xoş insaflıların halına!
İndi həmin Nöqtənin güzgülərdən şikayəti
üzərində düşünün ki, bəlkə də bu, insanların ayılmasına səbəb ola və bəndələr
mövhumat və yanlış gümanlar solundan iman və iqan sağına üz tutalar, xəbərsiz
qaldıqları şeydən agah olalar. Halbuki onlar məhz bu Böyük Əmri tanımaq üçün
yoxluq aləmindən varlıq aləminə gəlmişlər. Həmçinin O, buyurur: «Ey mənim
Allahım, bu Ağacı bütünlüklə Ona həsr elə, qoy Allahın Öz istədiklərini aşkara
çıxarmaqdan ötrü vasitə etdiyi Kəs üçün Allahın onda yaratdığı bütün meyvələr
zahir olsun. Şərəfinə and olsun, Mən bu Ağacda elə bir budaq, yarpaq və meyvə
olmasını istəmirəm ki, Onun zühur günündə Ona səcdə etməsin, Onun yüksək
Zahirinin yüksəkliyinə və uca Batininin ucalığına layiq olan şəkildə Onun
vasitəsilə Səni tərifləməsin. Və əgər Sən, ey mənim Allahım, Mənim üzərimdə Onun
zühur günündə Ona səcdə etməyən bir budaq, yaxud yarpaq və ya meyvə görsən, onu
bu Ağacdan kəs, ey Mənim Allahım, çünki O, Məndən deyil və Mənə doğru
qayıtmayacaqdır».
Ey Bəyan əhli! And olsun Allaha, bu Məzlumun
Ona tapşırılmış Əmri izhar etməkdən savayı bir niyyəti olmayıb. Əgər qəlbinizin
qulağı ilə Ona diqqət kəsilsəniz, bu Məzlumun bütün ətraflarından, əzalarından,
damarlarından və hətta tüklərindən elə şeylər eşidərsiniz ki, onlar Səma
Sakinlərini və xilqət aləmini özünə çəkər və cəzb edər.
Ey Hadi! Keçmişdəki cahilanə təəssübkeşlik
biçarə bəndələri Doğru Yoldan uzaqlaşdırıb. Şiə məzhəbinin tərəfdarları barədə
düşün. Onlar min iki yüz il: «Ya Qaim!» - dedilər, amma axırda hamılıqla Onun
qətlinə fitva verdilər və Onu şəhid etdilər, baxmayaraq ki, Haqqı – Onun cəlalı
daha da artsın! – həzrət Xatəmi və Allahın Seçilmişlərini qəbul edir, tanıyır və
etiraf edirdilər. İndi bir qədər düşünmək gərəkdir ki, bəlkə hansı səbəbin Haqq
ilə xalq arasında maneəyə çevrildiyini və hansı əməlin etiraz və inkara bais
olduğunu məlum edəsən.
Ey Hadi! Biz minbərlərin naləsini eşitdik və
onların hamısının dediyinə görə, zühur əsrinin üləmaları onların üzərinə
qalxaraq, Haqqı lənətlədilər, o Varlıq Cövhərinin və Onun əshabələrinin başına
dünyanın gözünün görmədiyi və qulağının eşitmədiyi müsibətlər gətirdilər. İndi
sən Onun köməkçisi və güzgüsü adı altında insanları dəvət edirsən, halbuki sənin
Əmrdən xəbərin olmayıb və yoxdur, çünki sən Bizimlə olmamısan.
Bu camaatın hamısı bilir ki, Seyyid Məhəmməd
Bizim xidmətçilərimizdən biri idi. Biz uca Osmanlı dövlətinin xahişinə əsasən, o
tərəflərə yollandığımız zaman o da Bizimlə birlikdə idi. Sonra o elə işlər tutdu
ki, and olsun Allaha, Uca Qələm ağladı və Lövhə nalə çəkdi. Buna görə də Biz onu
qovduq və o, Mirzə Yəhyaya qoşulub heç bir zalımın etmədiyi işlərə əl atdı. Biz
onu tərk edib dedik: «Çıx get, ey qafil!» Bu sözdən sonra o, Mövləvixanaya getdi
və Bizə ölkəni tərk etmək əmri verilənə qədər orada qaldı.
Ey Hadi! Yeni mövhumatlara yol açma. Yenidən
şiə məzhəbi kimi bir məzhəbin yaradılmasına bais olma. Düşün, gör nə qədər qan
töküldü. O cümlədən, elm iddiasında olan sən özün, eləcə də şiə üləmaları
hamınız bir nəfər kimi ilk və son illərdə Haqqı lənətlədiniz və Onun pak qanının
axıdılmasına fitva verdiniz. Allahdan qorx, ey Hadi, bəndələrin yenidən əvvəlki
mövhumata mübtəla olmasına imkan vermə! Allahdan çəkin və zalımlardan olma! Bu
günlərdə Biz eşitmişik ki, sən Bəyanın nüsxələrini toplayıb məhv etməyə cəhd
göstərirsən. Bu Məzlum səndən tələb edir ki, Allah xatirinə bu niyyətindən
daşınasan. Sənin ağlın və idrakın Aləmin Ağasının ağıl və idrakından çox və
üstün deyil. Haqq şahiddir və bilir ki, bu Məzlum Bəyanı oxumayıb və onun
məzmunu ilə tanış olmayıb. Məlum, aydın və bəlli olan budur ki, O, Bəyan
kitabını Öz kitablarının əsasına çevirib. Allahdan qorx və sənin səviyyəndə
olmayan işlərə müdaxil etmə! Min iki yüz il sənin kimilər biçarə şiələri
mövhumat və yanlış xəyallar quyusunda saxladılar. Nəhayət, Qiyamət Günündə elə
işlər baş verdi ki, əvvəlki zalımlar onları görüb Haqqa pənah apardılar.
İndi Həzrət Nöqtənin diləyini Onun Öz sözündən
anla. O ərz edir ki, İlahi, əgər bu Sidrədən – yəni Onun Özünün mübarək
vücudundan – Sənə iman gətirməyən bir meyvə, yaxud yarpaq və ya budaq zahir
olarsa, dərhal onu kəs. Və həmçinin buyurur: «Əgər bir kəs dəlil gətirmədən bir
söz deyərsə, onu rədd etməyin». İndi sən yüz cild kitabla Onu rədd etmisən və
buna sevinirsən.
Yenə də deyirəm və xahiş edirəm, nazil
olanlara iti gözlə nəzər sal. Bu zühurun kəlamının ətri əvvəlkilərdən fərqlənir.
Bu Məzlum daim bəlalara giriftar olub və rahat bir yer tapmayıb ki,
Həzrəti-Əlanın[75] və ya başqalarının
kitablarına nəzər salsın. İran padşahı həzrətlərinin – Allah ona yardımçı olsun!
– əmri ilə Biz İraqa getdikdən təqribən iki ay sonra Mirzə Yəhya Bizim yanımıza
gəldi. Biz ona dedik: «Bizi padşahın əmrinə əsasən bura göndəriblər. Sən yaxşı
olar ki, İranda qalasan. Qardaşım Mirzə Musanı da başqa bir tərəfə göndərəcəyik.
Sizin adınız divanxanada olmadığı üçün müəyyən bir xidmətə başlaya bilərsiniz».
Sonra bu Məzlum Bağdaddan mühacirət edib iki il ərzində dünya ilə əlaqələrini
kəsdi. Qayıdandan sonra gördük ki, o, orada qalıb və səfərini təxirə salıb. Bu
Məzlum çox kədərləndi. Haqq şahiddir və bilir ki, Biz hər an Əmri yaymaqla
məşğul olmuşuq. Zəncirlər və qandallar Bizə mane olmadı, kündə və həbs Bizi
Əmrin izharından saxlamadı. O diyarda Biz fitnə-fəsadın, bəyənilməyən və pis
əməllərin qarşısını almağa başladıq, gecə-gündüz hər tərəfə Lövhələr göndərdik.
Bizim insanları paklaşdırmaqdan və mübarək Kəlamı ucaltmaqdan özgə məqsədimiz
olmamışdır.
Biz məxsusi olaraq bir neçə nəfəri təyin etdik
ki, İlkin Nöqtənin əsərlərini toplasınlar. Əsərlər toplandıqdan sonra Biz Mirzə
Yəhyanı və Mirzə Cavad adı ilə tanınan Mirzə Vəhhab Xorasanini müəyyən bir yerə
çağırdıq və onlar Bizim əmrimizə əsasən iki dəfə Həzrət Nöqtənin kitablarının
üzünü köçürüb tamam etdilər. And olsun Allaha, bu Məzlum insanlarla ünsiyyətinin
çoxluğundan həmin Kitabları görməyib və İlkin Nöqtənin əsərlərinə öz gözü ilə
nəzər salmayıb. Həmin əsərlər bu iki şəxsdə idi ki, mühacirət etmək lazım gəldi.
Belə qərara alındı ki, Mirzə Yəhya həmin yazıları götürüb İran tərəfə yollansın
və o yerlərdə onları yaysın. Bu Məzlum isə uca Osmanlı dövləti vəzirlərinin
xahişinə əsasən onların paytaxtına yollandı. Mosula çatanda gördük ki, Mirzə
Yəhya bu Məzlumdan əvvəl ora gəlib və Bizi gözləyir. Xülasə, kitablar və əsərlər
Bağdadda qaldı, o isə uca dövlətə doğru yollandı və bu bəndələrə qoşuldu. İndi
Allah şahiddir ki, bu Məzlum nələr çəkib. Belə ki, o, çoxlu zəhmətlərdən sonra
əsərləri orada qoyub özü mühacirlərə qoşuldu. Uzun müddət bu Məzlum sonsuz
kədərə düçar oldu, nəhayət, Allahdan başqa heç kəsin bilmədiyi bir tədbir ilə o
əsərləri başqa bir yerə və başqa bir ölkəyə göndərdik. Çünki İraqi – ərəbdə hər
ay bütün kağızlar yoxlanılmalı idi və bu zaman kitablar qopub zay olacaqdı.
Lakin Allah onları qorudu və Özünün əvvəlcədən müəyyən etdiyi yerə göndərdi.
Həqiqətən, O – Qoruyan və Yardımçıdır.
Bu Məzlum hara getdisə, Mirzə Yəhya dalınca
gəldi. Sən özün şahidsən və bilirsən ki, dediklərim doğrudur. Seyyid İsfahani
gizlincə onu yoldan çıxardı və onlar böyük bir dəhşət doğuran işə əl atdılar.
Kaş siz dövlət məmurlarından Mirzə Yəhyanın o torpaqda nələr etdiyini
soruşaydınız! Bütün bunlardan əlavə, səni and verirəm Bənzərsiz, Vahid, Qüdrətli
və Qadir Allaha, onun adından İlkin Nöqtənin yanına gedən yazılara bax ki,
Haqqın əlamətlərini Günəş kimi aydın görəsən. Həmçinin Bəyan Nöqtəsinin – Ondan
başqa hamının ruhu Ona fəda olsun! – sözlərindən elə şey aşkar olur ki, heç bir
örtük ona mane ola bilməz, cəlal nurları və yolunu azmışların pərdələri onun üzə
çıxmasının qarşısını ala bilməz. Həqiqətən, pərdələr sənin Qüvvətli, Qalib və
Qadir Rəbbinin barmaqları ilə yırtıldı. Bəli, iftiraçıların və bədxahların
çarəsi olmamışdır və yoxdur. Bir müddət əvvəl deyildi ki, sən «Kitabi-İqan»ın və
bəzi Lövhələrin müəllifliyini başqasına aid etmisən. Allaha and olsun, bu, ən
böyük zülmdür. Başqası onları dərk etməyə acizdir, o da qalsın ki, onları nazil
etməyə!
Həsən Mazandaranidə yetmiş Lövhə var idi. O
vəfat etdikdən sonra həmin Lövhələri sahiblərinə vermədilər və bu Məzlumun
səbəbsiz yerə Ondan üz döndərmiş bir bacısına tapşırdılar. Allah bilir, Onun
Lövhələrinin başına nə gəldi. O bacımız heç vaxt Bizimlə olmamışdır. Həqiqət
Günəşinə and olsun ki, bu işlər baş verdikdən sonra o, Mirzə Yəhyanı görməmiş və
Əmrdən xəbərdar olmamışdır, çünki o vaxtlar onun Bizimlə arası yox idi. O, bir
məhəllədə, bu Məzlum isə başqa məhəllədə yaşayırdı. Bununla belə, hərəkət
etməzdən bir neçə gün əvvəl inayət, məhəbbət və şəfqət əlaməti olaraq, onun və
anasının yanına getdik ki, bəlkə o, iman Kövsərindən içə və bu gün insanları
Allaha yaxınlaşdıran şeyə nail ola. Allah bilir və şahiddir və o özü də təsdiq
edər ki, Bizim heç bir vəchlə bundan başqa niyyətimiz olmamışdır. Nəhayət, həmd
olsun Allaha ki, Allahın fəzli sayəsində o, buna nail oldu və məhəbbət bəzəyi
ilə zinətləndi. Biz həbs edildikdən və İraqdan Astanaya (İstambula) mühacirət
etdikdən sonra daha ondan bir xəbər yetişmədi. «Ta» torpağında aramız dəydikdən
sonra Mən qardaşım Mirzə Rzaqulu ilə görüşmədim və xüsusən ondan bir xəbər
almadım. Əvvəllər biz hamımız bir evdə yaşayırdıq, sonra həmin ev hərracda aşağı
qiymətə satıldı və iki qardaş – Fərmanfərma və Hüsamüs – səltənə onu alıb öz
aralarında bölüşdürdülər. Bu hadisədən sonra Biz qardaşımızdan ayrıldıq. O, Şah
Məscidinin qarşısında, Biz isə Şimran darvazası yaxınlığında yaşayırdıq. Bunun
ardınca həmin bacım səbəbsiz yerə Mənə qarşı ədavət nümayiş etdirməyə başladı.
Bu Məzlum heç vəchlə bir söz demədi. Bu Məzlumun bacısı mərhum qardaşım Mirzə
Məhəmməd Həsənin – ona Allahın şərəfi, salamı və rəhməti olsun! – Böyük Budağa[76] nişanlı olan qızını
Nurdan öz evinə apardı, sonra da başqa bir yerə göndərdi. Bir sıra əshabələr və
dostlar hər tərəfdən şikayət etdilər, belə ki. bu, çox böyük bir məsələ idi və
Haqqın dostlarından heç biri bununla razılaşmırdı. Qəribəsi bu idi ki, bacım onu
öz evinə aparmış, sonra lazımi hazırlıq görüb onu başqa bir yerə göndərmişdi.
Buna baxmayaraq, bu Məzlum susub heç nə söyləmədi. Yalnız dostları
sakitləşdirməkdən ötrü bir kəlmə deyildi. Allah şahiddir və bilir ki, deyilən
söz həqiqət idi və doğrusu deyilmişdi. Bu ətrafda və o yerlərdə olan dostlardan
heç biri güman etməzdi ki, Bizim bacımız ləyaqətə, məhəbbətə və dostluğa zidd
olan belə bir iş tutsun. Bu hadisədən sonra onlar yolun kəsildiyini görüb o
şeyləri etdilər ki, siz bilirsiniz və başqaları da bilirlər. Daha məlumdur ki,
bu əməl bu Məzlumu nə dərəcədə kədərləndirmişdir. Sonra o bacım Mirzə Yəhyaya
qoşuldu və indi onun barəsində müxtəlif xəbərlər eşidirik, dəqiq məlum deyil ki,
o nə deyir və nə edir. Uca və Mübarək Allahdan diləyimiz budur ki, onu Özünə
doğru qaytarsın və Öz fəzl qapısı önündə tövbə etməkdə ona yardımçı olsun!
Həqiqətən, O, Qüdrətli və Tövbələri Qəbul Edəndir; O, Qadir və Bağışlayandır!
Başqa bir məqamda O, buyurur: «Əgər O, bu an
zühur etsə, Mən Ona ibadət və səcdə edən ilk kəs olaram!» Ey insanlar, insaf
edin! Həzrəti-Əlanın məqsədi budur ki, zühurun yaxınlığı insanları Allahın əbədi
Qanunundan uzaq salmasın. Necə ki, bu, Yəhyanın tərəfdarlarının Ruhu (İsanı)
tanımasına mane oldu. O dəfələrlə buyurmuşdur və buyurur: «Bəyan və onda nazil
olanlar sizin o Varlıq Cövhərini, görünən və görünməz aləmlərin Sahibini
tanımağınıza mane olmamalıdır». Əgər bir kəs bu qəti hökmə baxmayaraq, Bəyandan
yapışarsa, uca və mübarək Sidrənin kölgəsindən kənarda qalar. İnsaf edin, ey
insanlar və qafillərdən olmayın! Həmçinin buyurur: «Adlar, hətta Peyğəmbər adı
da, sizi onların Sahibindən pərdələndirməsin, çünki bu ad Onun sözü ilə
yaranmışdır». Həmçinin ikinci Vahidin yeddinci fəslində buyurur: «Ey Bəyan əhli!
Quran əhlinin etdiklərini etməyin, çünki bu zaman öz gecənizin meyvələrini hədər
etmiş olarsınız». Daha sonra O – Onun zikri daha da şərəflənsin! – buyurur:
«Əgər Onun zühuruna yetişib Ona itaət göstərsən, Bəyanın meyvəsini aşkar etmiş
olarsan. Əks təqdirdə sən Allahın yanında xatırlanmağa layiq deyilsən. Özünə
rəhmin gəlsin. Əgər Rəbbanilik Məzhərinə kömək etmirsənsə, onda barı Onu
kədərləndirmə!» Daha sonra O – Onun şəni daha da ucalsın! – buyurur: «Əgər sən
Allahın hüzuruna yetişməsən, onda heç olmasa, Allahın Əlamətini kədərləndirmə.
Əgər siz Ona ziyan vuran şeylərdən əl çəksəniz, onda Bəyana inanlara xeyir verən
şeylərdən əl çəkəcəksiniz. Amma Mən bilirəm ki, siz bunu etməyəcəksiniz ».
Ey Hadi! Deyəsən, sən bu haqlı sözlərə görə
Bəyanı məhv etmək istəyirsən. Bu Məzlumun sədasını eşit və Bəyanın dayaqlarını
titrədən bu zülmdən əl çək. Mən Çehriqdə olmamışam və Makuda da olmamışam. İndi
sizin müridləriniz arasında elə sözlər danışılır ki, eynən şiələrin dediklərinə
oxşayır. Onlar deyirdilər ki, bu Quran natamamdır. Bu insanlar da deyirlər ki,
bu Bəyan o Bəyan deyil. Halbuki Cənab Ağa Seyyid Hüseynin xətti də mövcuddur,
Mirzə Əhmədin xətti də mövcuddur.
Sən dünyada heç bir bəla görməyən, həmişə
yanında Allah kənizlərindən beşini saxlayan bir şəxsə məzlum deyirsən, amma
həyatının əvvəlindən düşmənlər əlində qalan, dünyanın ən ağır əzablarına
qatlaşan Haqqa elə şeyləri aid edirsən ki, heç yəhudilər Məsih barəsində onları
söyləməyiblər. Bu Məzlumun sədasını eşit və ziyana uğrayanlardan olma! O
həmçinin buyurur: «Allah üzə çıxaracağı Kəsin vasitəsilə neçə-neçə alovu nura
çevirəcək və neçə-neçə nuru alova döndərəcək. Mən görürəm ki, O, göyün
ortasındakı bu Günəş kimi zühur edəcək və hər şey gündüz yox olan gecə ulduzları
kimi qürub edəcək».
Ey dünya! Sənin elə bir qulağın varmı ki,
Haqqın nidasını eşidəsən və bu zühura qarşı insaflı olasan?! Həmin zühur baş
verən kimi Tur dedi: «Mənim üzərimdə danışan Kəs Allahın nurunu öz iftiraları
ilə söndürməyə və Allahın nişanələrini öz ədavətləri ilə yox etməyə çalışan
bütün uzaq düşmüş qafillərin və bütün yalan söyləyən böhtançıların istəyinə
rəğmən, aydın əlamətlər və parlaq dəlillərlə gəlmişdir. Həqiqətən, onlar
aləmlərin Rəbbi olan Allahın Kitabında zalımlardan sayılırlar».
O, həmçinin buyurur: «Bəyan əvvəldən axıra
qədər Onun bütün sifətlərinin gizləndiyi məkan, Onun alovu və nurunun
xəzinəsidir». Sübhanallah, bu kəlamın ətri insanı tutur, çünki O, gördüklərini
dərin bir kədərlə ifadə edir. Həmçinin O, Hərfi – həyy Molla Bağıra – ona
Allahın şərəfi və inayəti nəsib olsun! – müraciətlə buyurur: «Bəlkə sən səkkiz ilə Onun zühur günündə Onun görüşünə nail oldun».
Ey Hadi, bil və eşidənlərdən ol! İnsaf elə,
Allahın dostlarının və Haqqın dəlillərinin əksəriyyəti şəhid oldu, amma sən hələ
sağsan. Sən nesə sağ qalmısan? Allaha and olsun ki, inkar etdiyinə görə Müqəddəs
şəxslər isə təsdiq etdiklərinə görə şəhid oldular. Hər bir ədalət və insaf
sahibi buna şəhadət verər, çünki bunların hər ikisinin səbəbi gün kimi aydın və
aşkardır.
Həmçinin O, məzlum və şəhid Dəyyana müraciətlə
buyurur: «Sən Allahın üzə çıxaracağı Kəsin sözlərindən öz qədrini biləcəksən».
Həmçinin bu sözlərlə onun Allahın üzə çıxaracağı Kəsə iman gətirən üçüncü Hərf
olacağını bildirmişdir: «Sən ey Allahın üzə çıxaracağı Kəsə iman gətirəcək
üçüncü Hərf!» Həmçinin buyurur: «Lakin Allah istədiyi zaman üzə çıxaracağı Kəsin
sözləri vasitəsilə səni tanıdacaqdır». İlkin Nöqtənin – Ondan başqa hamının ruhu
Ona fəda olsun! – dediyi kimi, Haqqın – Onun cəlalı daha da artsın!» -
əmanətinin xəzinəsi və Onun elm gövhərlərinin dəfinəsi olan Həzrət Dəyyanı elə
bir zülmlə şəhid etdilər ki, bunu görən Səma Sakinləri ağlayıb nalə çəkdilər. O
(Həzrət Bab) gizli və qorunan elmi məhz ona öyrətmiş və onda əmanət qoymuşdu.
Necə ki, buyurur: «Ey Dəyyan adlanan kəs! Bu, gizli və qorunan elmdir. Biz onu
səndə əmanət qoyduq və Allah tərəfindən bir şərəf olaraq, Onu sənə gətirdik,
çünki sənin ürəyinin gözü pakdır. Onun qədrini bil və qiymətini uca tut!
Həqiqətən, Allah Bəyan nöqtəsinə elə bir gizli və qorunan elm əta edib ki, bu
zühurdan əvvəl Allah ona bənzərini nazil etməyib. Bu, Sübhan Allahın yanında
bütün elmlərdən qiymətlidir. Həqiqətən, O, bunu Öz tərəfindən bir dəlil etdi,
necə ki, ayələri Öz tərəfindən dəlil etmişdir». İlahi elm xəzinəsinə malik olan
o məzlum İlkin Nöqtənin qohumlarından olan cənab Mirzə Əli Əkbər – ona Allahın
şərəfi və mərhəməti nəsib olsun! – cənab Ağa Əbülqasım Kaşi və bir çox başqaları
ilə birlikdə Mirzə Yəhyanın fitvasına əsasən şəhid edildi. Ey Hadi! Onun
«Müstəyqiz» adlandırdığı kitabı səndə var. Onu oxu. Görmüsənsə də, yenə
dönə-dönə nəzər sal ki, bəlkə həqiqət çadırında özünə yüksək bir məqam tuta
bildin.
Həmçinin Ağa Seyyid İbrahim ki, onun barəsində
İlkin Nöqtənin qələmindən bu kəlmələr – Onun sözü daha da ucalsın! – süzülüb:
«Ey yazılarımda Mənim dostum, ey yazılarımdan sonrakı Kitablarımda Mənim zikrim
və ey Bəyanda Mənim adım kimi xatırlanan kəs!» Mirzə Yəhya ona və Dəyyana «Şər
atası» və «Fəlakətin atası» adlarını vermişdi. İndi insaf elə, gör bu
məzlumların başına nələr gəldi. Halbuki onlardan biri ona xidmət edirdi, digəri
də onun qonağı idi. Xülasə, and olsun Allaha, o elə əməllər tutub ki, Qələm
onları xatırlatmağa utanır.
Bir qədər də İlkin Nöqtənin günahsızlığı
barədə düşün. Gör, nələr baş verdi. Bu Məzlum iki illik mühacirəti dövründə
səhraları və dağları dolaşdıqdan sonra uzun müddət çöllərdə Onun ardınca gəzən
bir sıra şəxslərin xahişi ilə Darüssalama (Bağdada) qayıtdığı zaman Mirzə
Məhəmmədəli Rəşti adlı bir nəfər Onun hüzuruna gəldi və bir dəstə adamın
qarşısında o Həzrətin günahsızlığı barədə elə sözlər danışdı ki, həqiqətən, hər
yeri kədər bürüdü. Sübhanallah! Onlar bu böyük xəyanətə əl atmağa necə razı
oldular?! Xülasə, Haqqdan diləyimiz budur ki, bu əməl sahibini peşman olub tövbə
etməyə müvəffəq eyləsin. Həqiqətən, O – Yardımçı və Hikmət Sahibidir. Və cənab
Dəyyan – ona Allahın şərəfi və mərhəməti nəsib olsun! – İlkin Nöqtənin
qələmindən nazil olana uyğun surətdə Bizim hüzurumuza yetişdi. Allahdan
diləyimiz budur ki, qafillərin Ona üz tutmasına, üz döndərənlərin Ona doğru
qayıtmasına və inkarçıların bu Əmri təsdiq etməsinə yardımçı olsun. Bu Əmr zahir
olan kimi bütün şeylər söylədi: «Elm xəzinəsində gizli qalan və Uca Qələmlə
Kitablarda, Səhifələrdə, Yazılarda – və Lövhələrdə təsvir olunan Kəs artıq
gəlmişdir!»
Bu məqamda bu mübarək və şərəfli şəhər, yəni Akka barəsində olan hədisləri
xatırlatmağı lazım bildik ki, bəlkə sən, ey Hadi, haqqa və Allaha doğru aparan
yolu tutasan.
MƏRHƏMƏTLİ VƏ RƏHMLİ ALLAHIN ADI İLƏ!
AKKANIN, DƏNİZİN VƏ AKKADAKI BƏQƏR BULAĞININ
ÜSTÜNLÜYÜ BARƏDƏ DEYİLƏNLƏR

Akka şəhəri
bdüləziz ibn Əbdüssalam bizə danışdı ki,
Peyğəmbər – ona Allahın salavatı və salamı olsun! – deyib: «Akka Şamda (Suriyada) bir şəhərdir ki,
Allah onu Öz mərhəmətinə layiq görüb».
İbn Məsud – Allah ondan razı olsun! – deyib
ki, Peyğəmbər (s) buyurub: «Sahillərdən ən üstünü Əsqilandır, amma Akka Əsqilandan da üstündür. Akkanın Əsqilandan üstünlüyü Məhəmmədin bütün digər peyğəmbərlərdən
üstünlüyü kimidir. Mən sizə Şamda iki dağ arasında çəmənliyin ortasında yerləşən
bir şəhərin müjdəsini verirəm ki, ona Akka
deyirlər. Bil ki, kim ona rəğbətlə və ziyarət məqsədilə daxil olarsa, Allah onun
əvvəlki və sonrakı günahlarını bağışlar. Və ziyarətçidən başqa kim ondan
çıxarsa, bil ki, Allah onun çıxışını bərəkətləndirməz. Onda bir bulaq var ki,
adına Bəqər bulağı deyirlər. Kim ondan bir qətrə içərsə, Allah onun qəlbini
nurla doldurar və Qiyamət günü onu ən böyük əzabdan qoruyar».
Ənəs ibn Malik – Allah ondan razı olsun! –
deyib ki, Allahın Rəsulu (s) buyurub: «Sahillərdə Ərşin dizinin altında asılmış
bir şəhər var ki, ona Akka deyirlər. Kim orada qalıb
Allah-taalaya bağlanarsa və Ona ümid bəslərsə, Allah səbr edənlərin, ayağa
duranların, baş əyənlərin və səcdə edənlərin savabını Qiyamət gününə qədər onun
üçün yazar».
Və yenə də O (s) buyurub: «Mən sizə dənizin
sahilində olan, bəyaz və bəyazlığı Allah-taala tərəfindən bəyənilən bir şəhərin
müjdəsini verirəm ki, ona Akka
deyirlər. Bil ki, Allahın yanında oranın birələrindən birinin dişlədiyi kəs
Allahın yolunda böyük zərbə almış kəsdən üstündür. Kim orada azan verərsə, onun
səsi Cənnətə ucalar. Kim orada yeddi gün düşmənin müqabilində dayanarsa, Allah
onu Xızr – əleyhissalamla birləşdirər və Qiyamət günü ən böyük dəhşətdən
qoruyar».
Və yenə də O (s) buyurub: «Bil ki, Cənnətdə
hökmdarlar və ağalar var. Və Akkanın yoxsulları Cənnətin hökmdarları
və onun ağalarıdır. Akkada keçirilən bir ay başqa yerdə kəçirilən min ildən üstündür».
Allahın Rəsulu (s) deyib: «Xoş Akkanı
ziyarət edənin halına və xoş Akkanı ziyarət edəni ziyarət edənin halına! Xoş Bəqər bulağından
içənin və onun suyu ilə yuyunanın halına! Həqiqətən, qara gözlü hurilərin
Cənnətdə içdikləri kafur Bəqər bulağından, Səlvan bulağından və Zəmzəm
quyusundandır. Xoş bu bulaqlardan içənin və Onların suyu ilə yuyunanın halına,
çünki Allah Qiyamət Günü cəhənnəm odunu Ona və onun bədəninə yaxın buraxmaz».
Və yenə Peyğəmbər (s) buyuyrub: «Akkada
bir sıra əlavə ibadətlər və faydalı əməllər vardır ki, Allah onları istədiyi
kəslərə şamil etmişdir. Kim Akkada: «Sübhanallah, əlhəmdülillah, la
ilahə illəllah, Allahu əkbər, la hövla la qüvvəta illa billahil – əliyyül -
əzim»[77] deyərsə, Allah onun üçün
min yaxşı əməl yazar və ondan min pis əməli pozar, onu Cənnətdə min mərtəbə
ucaldar və onun günahlarını bağışlar. Və kim Akkada
«əstəğfürullah!» deyərsə, Allah onun bütün günahlarını bağışlar. Və kim Akkada
səhər-axşam, gecə-gündüz Allahı zikr edərsə, O, Allahın yanında Allah-taalanın
yolunda qılınc, nizə və silah daşıyan kəsdən üstündür.
Və Allahın Rəsulu (s) buyurub: «Kim axşam çağı
dənizə baxsa və qürub vaxtı «Allahu əkbər!» desə, onun günahları qum yığını
qədər olsa belə, Allah onları bağışlar. Kim qırx dalğa sayıb «Allahu əkbər!»
desə, Allah ona keçmiş və gələcək günahlarını bağışlar».
Və yenə Allahın Rəsulu (s) buyuyrub: «Kim
bütün gecəni dənizə baxarsa, o, tam iki ay Rükn və Məqam arasında dolaşan kəsdən
üstün olar. Sahillərdə tərbiyə alan kəs başqa yerdə tərbiyə alandan yaxşıdır. Və
sahillərdə yatan kəs başqa yerdə oyaq olan kəsə bərabərdir».
Həqiqətən, Allahın Rəsulu (s) doğru buyurub.
QEYDLƏR
[3] «Hərəm» dedikdə, qan
tökməyin qadağan olduğu yer və vaxt, «Hill» dedikdə isə onun əksi nəzərdə
tutulur.
[4] Tehran nəzərdə tutulur.
[5] «Fitrət» dedikdə, xilğətin əvvəlindən mövcud
olan Din, əzəli və həqiqi Din nəzərdə tutulur.
[6] İstambul nəzərdə tutulur.
[8] Yəni Həzrət Bəhaullahın.
[9] Musa peyğəmbər nəzərdə tutulur.
[10] Əbu Nəsr əl Fərabi (873-950) və Əbu Əli ibn
Sina (980-1037) Şərqin məşhur filosoflarıdır.
[11] Məhəmməd peyğəmbər nəzərdə tutulur.
[12] Həzrət Əli nəzərdə tutulur.
[15] Həzrət Bəhaullah nəzərdə tutulur.
[16] Həzrət İsa nəzərdə tutulur.
[18] Krım müharibəsi nəzərdə tutulur.
[19] Osmanlı sultanı nəzərdə tutulur.
[20] Akka nəzərdə tutulur.
[21] Böyük Britaniya kraliçası Viktoriya nəzərdə
tutulur.
[23] Akka nəzərdə tutulur.
[24] Musa peyğəmbər nəzərdə tutulur.
[26] Yəni Musa peyğəmbər.
[29] İstambul nəzərdə tutulur
[31] Qonaqları qarşılayan rəsmi şəxs.
[32] Mirzə Yəhya nəzərdə tutulub.
[33] İsfahan nəzərdə tutulur.
[34] Mazandaran nəzərdə tutulur.
[35] Aşqabad nəzərdə tutulur.
[36] Tehran nəzərdə tutulur.
[37] Fatimə nəzərdə tutulur.
[38] Cəbrail nəzərdə tutulur.
[44] İsfahan imamcüməsi nəzərdə tutulur.
[45] İsmayıl nəzərdə tutulur.
[46] Yəni Məhəmməd peyğəmbəri.
[66] Şiraz nəzərdə tutulur.
[67] Ədirnə nəzərdə tutulur.
[71] Orijinalda «hin». Bu söz əbcəd hesabı ilə 68-i
göstərir.
[72] 18 Hərfi-Həyy nəzərdə tutulur.
[73] Mirzə Yəhya nəzərdə tutulur.
[75] Həzrət Bab nəzərdə tutulur.
[76] Həzrət Əbdülbəha nəzərdə tutulur.
[77] Allah pakdır, həmd olsun Allaha, Allahdan
başqa Allah yoxdur, Allah ən böyükdür, qüdrət və qüvvət yalnız ulu və əzəmətli
Allaha məxsusdur.
|
 |