"Dünya tək bir vətəndir, və bütün insanlar - onun vətəndaşlardır." - Bəhaullah
Dörd Vadi -
Həzrət Bəhaullah

Birinci  Vadi

İkinci Vadi

Üçüncü Vadi

Dördüncü Vadi


O, Qüdrətli və Sevimlidir!

Ey haqqın ziyası, səxavətli Hüsaməddin.
Göy və yer sənin kimi şah doğmayıb!
[1]

Bilmirəm nə üçün birdən-birə məhəbbət tellərini qırdınız və möhkəm dostluq əhdini sındırdınız. Yoxsa, Allah eləməmiş, Mənim sədaqətimdə bir qüsur tapıldı, yaxud Mənim səmimiyyətimdə bir nöqsan göründü ki, nəzərinizdən silindim və yaddan çıxarıldım.

Bizdən nə tərslik gördün ki, lütfünü bizdən kəsdin,
Bircə ondan başqa ki, biz zəifik, sən isə möhtəşəm!
[2]

Yaxud da «bir oxla döyüşdən geri döndün»[3]. Məgər eşitməmisiniz ki, dönməzlik yolun şərti və hüzura daxil olmağın bələdçisidir?! «Həqiqətən, «Rəbbimiz Allahdır!» – deyən və sonra da bu sözündən dönməyən kəslərə mələklər nazil olacaqdır»[4]. Həmçinin buyurur: «Sənə əmr edildiyi kimi, (bu yolda) dönməz ol!»[5] Buna görə də vüsal taxtında əyləşən kəslər üçün belə davranış lazım və vacibdir.

Mən kamilliyin şərti olan şeyi sənə deyirəm -
İstər sözüm sənə nəsihət olsun, istər başağrısı!
[6]

Hərçənd məktuba çavab almamış sədaqət və ehtiramdan söz açmaq aqillər yanında yanlış və yersizdir, amma ecazkar məhəbbət möhkəm qayda və adətləri pozub yox etdi.

Leylinin hekayətini oxuma,
Məçnunun qəmindən danışma
Sənin eşqin keçmişdəkilərin söhbətlərini unutdurdu
Sənin adın çəkiləndə, aşiqlər onu eşitdilər
Həm eşidənlər, həm də danışanlar rəqs etdilər
[7]

İlahi hikmət və rəbbani nəsihət barədə:

Mən hər ayın başında üç gün, ey sənəm,
Şübhəsiz, gərək divanə olam.
Bax, bu gün o üç kundən birincisidir
Bu, şadlıq günüdür, matəm günü deyil
[8]

Eşitmişəm ki, müzakirə və tədris üçün Təbriz və Tiflis tərəflərə yollanmısınız, yaxud məqamları yüksəltmək üçün Sənəndəcə təşrif buyurmusunuz. Ey mənim ağam, yolçuluq səmalarına ucalan kəslər dörd dəstədən ibarətdir. Onları müxtəsər şəkildə qeyd edirəm ki, hər dəstənin əlaməti və məqamı sizə bəlli və aydın olsun.

Birinci  Vadi

Əgər yolçular Məqsəd Kəbəsini axtarırlarsa, bu məqam nəfslə[9] əlaqədardır, lakin burada o nəfs nəzərdə tutulur ki, «Allahın özü onda qanunları ilə qaimdir»[10]. Bu məqamda nəfs Məhbubdur, qovulmuş deyil; qəbul olunandır, rədd edilən deyil. Bu məqam münaqişə ilə başlanır, lakin cəlal taxtına əyləşməklə başa çatır. Necə ki, buyurur:

Ey dövranın Xəlili və ağlın İbrahimi,
Yolu kəsən bu dörd quşu öldür!
[11]

Yəni onlar öldükdən sonra həyatın sirri aşkara çıxır. Və bu, Allahın razı olduğu nəfs məqamıdır ki, onun barəsində buyurur: «Dön Rəbbinə, sən Ondan, O da səndən razı olaraq! Bəndələrimin zümrəsinə daxil ol! Və mənim cənnətimə varid ol!»[12] Bu məqama dair çoxlu işarələr və saysız-hesabsız dəlillər var. Odur ki, buyurur: «Öz əlamətlərimizi onlara həm xarici aləmdə, həm də onların öz daxilində göstərərik ki, bunun haqq olduğu onlara bəlli olsun»[13] və bilsinlər ki, Ondan başqa Allah yoxdur.

Beləliklə, məlum olur ki, nəfs kitabını mütaliə etmək lazımdır, nəhv[14] kitabını yox! Necə ki, buyurur: «Oxu öz kitabını! Bu gün sən özün özünlə haqq-hesab çəkməyə kifayətsən»[15].

Belə nəql edirlər ki, ilahi ariflə bir nəhv alimi yoldaş və sirdaş olub yola çıxdılar. Nəhayət, gəlib əzəmət dəryasının sahilinə çatdılar. Arif dayanmadan Allahdan kömək diləyib özünü suya vurdu. Nəhv alimin ümidləri isə suyun üzərindəki köpüklər kimi puç oldu və o, çaşıb qaldı. Arif onu harayladı ki, nə üçün dayanmısan? O dedi: «Ay qardaş, nə edim, nə irəli gedə bilirəm, nə də qayıtmaq istəyirəm». Birincisi dedi: «Seybəveydən və Qövləveyyədən əxz etdiklərini, İbn Hacibin və İbn Malikin[16] dediklərindən özünə yüklədiklərini tök və sudan keç!»

Bil ki, burada nəhv yox, məhv olmaq gərəkdir,
Əgər özünü məhv etmisənsə, çəkinmədən suya gir!
[17]

Bir də buyurur: «O kəslərdən olmayın ki, Allahı unutduqları üçün Allah da onların özlərini unutdu, Onlar bəd əməl sahibləridir»[18]

İkinci Vadi

Əgər yolçular Bəyənilmiş Hücrənin sakinləridirsə, bu məqam ağıla aid olur ki, onu «Peyğəmbər» adlandırırlar və ən böyük əsas bilirlər. Lakin burada hər naqis ağıl yox, ilahi ümumi ağıl nəzərdə tutulur ki, bu məqamda dünya və onun əhlinin tərbiyələnməsi onun hökmranlığı ilə baş verir. Necə ki, müdrik Sənai deyir:

Cılız ağıl Quranı necə əhatə edə bilər?
Hörümçək Simürğü ovlaya bilərmi?!
Əgər istəyirsənsə ki, ağıl səni qəfildən şikar etməsin,
Onun qulağından tutub Rəhmanın məktəbinə apar.

Və bu məqamda çoxlu təlatümlər və saysız burulğanlar vardır. Yolçu gah ucalır, gah da enir. Odur ki, buyurur: «Sən gah məni ən yüksək ərşə çəkirsən, gah da məni yandırıcı odla həlak edərsən». Bu məqamda «Kəhf» surəsindəki bu mübarək ayənin gizli mənası məlum olur: «Günəşin doğduğu zaman onların mağarasının sağ tərəfinə meyl etdiyini, batdığı zaman isə onları tərk edib sol tərəfə yönəldiyini, onların da mağaranın ortasında geniş bir yerdə olduqlarını görərdin. Bu, Allahın möcüzələrindəndir. Allahın doğru yol göstərdiyi kəs doğru yoldadır. Allahın azdırdığı şəxsə isə əsla doğru yol göstərən bir rəhbər tapa bilməzsən»[19]. Kim həmin ayənin işarələrindən agah olarsa, bu ona kifayətdir. Odur ki, belə kəslərin barəsində buyurur: «O kəslər ki, nə ticarət, nə də alış-veriş onları Allahı zikr etməkdən uzaqlaşdırmaz»[20].

Bu, mizan məğamıdır və imtahanın sonudur. Bu məqamda axtarışlara zərurət yoxdur. Və həmin dəryada seyr edənlərin öyrədilməsi barədə buyurur: «Allahdan çəkinin, Allah sizi öyrədir»[21]. Həmçinin buyurur: «Elm bir işıqdır, Allah onu istədiyi kəsin qəlbinə salar»[22]. Elə isə bu yeri hazırlamaq və inayətin nazil olmasına qabil etmək lazımdır ki, səxavət saqisi mərhəmət piyaləsindən ona kəramət şərabı içirtsin. «Qoy yarışanlar bundan ötrü yarışsınlar»[23]. İndi isə Mən deyirəm: «Biz Allahdanıq və Ona doğru qayıdacağıq»[24].

Üçüncü Vadi

Əgər aşiqlər Cazibə Evinə sığınmışlarsa, bu səltənətin taxtında eşqin camalından savayı kimsə otura bilməz. Mən bu məqamın şərhində acizəm və təsvirində gücsüzəm.

Eşq hər iki aləmə biganədir,
Onda yetmiş iki divanəlik var
Eşq mütrübü sima
[25] vaxtı bu nəğməni çalar:
«Bəndəlik - zəncir, ağalıq isə başağrısıdır»
[26]

Bu məqam xalis məhəbbət tələb edir və tam səmimiyyət istəyir. Belə dostların vəsfində buyurur: «O kəslər ki, danışmağa tələsmirlər, Onun əmrinə əməl edərlər»[27].

Bu məqama nə ağlın səltənəti kifayətdir, nə də nəfsin hakimiyyəti. Necə ki, Allahın peyğəmbərlərindən biri soruşmuşdu: «İlahi, Sənə necə qovuşum?» Cavab gəlmişdi ki: «Nəfsini at, sonra mənə doğru yüksəl!»

Bunlar o kəslərdir ki, aşağı sırada oturmaqla yuxarı başda oturmağı bərabər tuturlar, camal eyvanı ilə Məhbubun yolunda döyüşmək meydanını bir sanırlar. Bu evin ibadət edənləri nə axtardıqlarını bilmədən atlarını çaparlar. Onlar Yarda Yarın özündən başqa bir şey görməzlər; bütün sözlər mənasızdır və bütün mənasız sözləri işlədərlər; başı ayaqdan seçməzlər və əllə ayaq arasında fərq qoymazlar; ilğıma su deyərlər, getməyi qayıtmağın sirri adlandırarlar. Odur ki, deyərlər:

Xanəgahda Sənin uzünün gözəlliyi vəsf edildi,
Sufi bunu eşidən kimi meyxanaya yollandı
Sənin eşqin səbrin binasını büsbütün dağıtdı,
Sənin zülmün ümidin qapısını birdəfəlik bağladı
[28]

Bu məqamda öyrənmək və öyrətmək şübhəsiz, fayda verməz və əhəmiyyətsiz olar.

Aşiqlərin müəllimi Yarın hüsnüdür,
Onların dəftəri və kitabı Onun üzüdür
Onların dərsi həyəcan, şövq və coşqunluqdur
Orada nə əlavələr var, nə də fəsillər silsiləsi
Bu tayfanın müşk  saçan qıvrım telidir
Onlar dövr məsələsini
[29] öyrənirlər,
amma Yarın ətrafında dövr etmək məsələsini
[30]

Burada Uça və mübarək Allaha yalvarılır:

Ey Allah, ey lütfü ilə istəkləri yerinə yetirən!
Sən olan yerdə kimisə xatırlamaq rəva deyil!
Mənim canımda olan bilik zərrəsini
Həva-həvəsdən və alçaq torpaqdan xilas et!
Mənə dvvəlçədən bəxş etdiyin bilik damlasını
Öz dəryalarına qovuşdur!
[31]

Mən deyirəm: «Qüdrət və qüvvət yalnız»[32] Qoruyan və Qəyyum «Allaha məxsusdur»[33]

Dördüncü Vadi

Əgər ariflər Məhbubun Camalına qovuşmuşlarsa, bu məqam qəlbin ərşidir və bu məhəllin irşad sirridir. Bü «O nəyi istəyərsə, edər və iradə etdiyi kimi hökm verər»[34] nin rəmzidir. Əgər göylərdə və yerdə olanlar surun çalınacağı günə qədər bu şərəfli rəmzin və incə sirrin şərhini versələr, şübhəsiz, onun bir sözünün öhdəsindən gəlməzlər və onu saya bilməzlər. Çünki bu, qəzavü-qədər məqamıdır və təqdir sahibinin sirridir. Odur ki, bu məsələ barədə sual verdikdə, buyurmuşdur: «Bu, elə bir dərin dənizdir ki, onun dibinə heç vaxt çatmaq olmaz». Yenə sual verdikdə, buyurmuşdur: «Bu, elə qaranlıq gecədir ki, onda yolu tapmaq mümkünsüzdür»[35].

Bu məqamı dərk edən kəs, əlbəttə, onu gizli saxlar; əgər ondan bircə qətrəni izhar etsə, yaxud büruzə versə, şübhəsiz, başı dar ağacına ucalar. Bununla belə, and olsun Allaha, əgər istəyən tapılsaydı, Mən bu sirri ona açardım. Çünki buyurur: «Məhəbbət elə bir şərəfdir ki, qorxaq zahidin könlündə olmaz. Ağ yolla və qırmızı sütunla Allaha doğru yol gedən kəs yalnız insanların əlində olan şeyləri kənara atmaqla öz həqiqi vətəninə çata bilər. Allahdan qorxmayan kəsi Allah hər şeydən qorxudar, Allahdan qorxan kəsdən isə hər şey qorxar.

Ərəbcə daha xoş olsa da, fars dilində de,
Onsuz da eşqin daha yüz dili var
[36]

Bu məqamda bu beyt necə də şirindir:

Əgər O, səxavət dürrü bağışlarsa, ürəklər ona sədəfdir,
Əgər O, bəla oxu atarsa, canlar ona hədəfdir

Əgər kitabın hökmünə zidd olmasaydı, şübhəsiz, qatilimə öz malımdan pay verərdim və miras bağışlardım, ona minnətdar olub əllərini gözümə sürtərdim. Lakin neyləyim, nə malım var, nə də qəzavü-qədər sultanı belə yazıb[37]. İndi mən Bəha Yusifinin «Ha» köynəyindən[38] onun gəlişinin ətrini duyuram. Sanki mən Onun ən yaxında olduğunu hiss edirəm, baxmayaraq ki, siz onun çox uzaqda olduğunu düşünürsünüz.

Canım bir cananın ətrini duyur,
Mehriban Yarımın ətri gəlir
Yoldaşlıq xatirinə illər boyu
O xoş hallardan biri barədə danış
Qoy yer və göy gülsün,
Ağıl, ruh və göz yüz dəfə artsın!
[39]

Bu, tam ayıqlıq və özünü xalis yox etmək məqamıdır. Bu məqamda məhəbbətə yer yoxdur, səmimiyyətə ehtiyac qalmır. Necə ki, buyurur: «Məhəbbət də belə sevənlə sevilən arasında pərdədir». Məhəbbət bu məqamda köynəyə və hicaba çevrilir, ondan başqa hər şey pərdə olur. Odur ki, həkim Sənan deyir:

Heç zaman həris ürək dilbərə yaxınlaşmaz,
Pərdəli ruh heç zaman qızıl gülə qovuşmaz

Çünki bu, Əmr aləmidir və məxluqatın bütün xüsusiyyətlərindən uzaqdır. Bu evdə məskən salan kəslər sevinc taxtı üzərində oturub tam fərəh və xoşluq içərisində ilahi qüdrətlə Allahlıq edirlər, ədalət taxtında əyləşib hökm verirlər və hər kəsə haqqı çatan qədər əta edirlər. Bu piyalədən içənlər Əzəli ərşin üzərindəki qüdrət qəsrlərində yaşayır və ucalıq çadırlarındakı əzəmət kürsülərində otururlar. Onlar «orada nə qızmar günəş, nə də sərt soyuq görürlər»[40].

Bu məqamda uca göylərlə alçaq yerlər ziddiyyət təşkil etmir və fərqlənmirlər. Çünki bu, lütflər məqamıdır, ziddiyyətlər məkanı deyil. Onlar hər an yeni bir məqamda özlərini göstərsələr də əslində hamısı bir məqamdadır. Odur ki, bu məqam barəsində buyurur: «Bir işlə məşğul olmaq onu digərindən yayındırmaz»[41]. Və başqa bir məqamda buyurur: «Hər günün bir məqamı var»[42]. Bu, elə bir təamdır ki, dadı dəyişməz və rəngi təğyir tapmaz. Əgər ondan bir qədər yesən, şübhəsiz, bu ayələri oxuyarsan: "Mən, həqiqətən, batildən haqqa tapınaraq üzümü göyləri və yerləri Yaradana çevirdim. Mən Allaha şərik qoşanlardan deyiləm!»[43]. «Beləçə İbrahimə göylərin və yerin səltənətini göstərdik ki, yəqinlik hasil edənlərdən olsun»[44]. «Elə isə əlini qoltuğuna sal, sonra onu qüvvətlə çıxar ki, aləmdəkilərə nur göstərəsən»[45] .

Sevinən Saqinin əlindəki bu sərin su necə də safdır! Xumar olmuş Kəsin əlindəki bu pak şərab neçə də xoşdur! Kafur qatılmış piyalədəki bu şadlıq içkisi onu içənlərə necə də yaxşıdır! Nuş olsun o kəslərə ki, ondan içib ləzzətini bildi və Onu tanımaq məqamına yetişdi!

Mənim bundan artıq söyləmək imkanım yoxdur - 
Çünki dəniz arxa sığışa bilməz
[46]

Bu mətləbin sirri ismət xəzinələrində gizlənir və qüdrət dəfinələrində saxlanır. O, bəyan cövhərlərindən uca və nitq incəliklərindən üstündür. Bu məqamda heyrət olduqca seviləndir və tam yoxsulluq son dərəcə bəyəniləndir. Odur ki, buyurur: «Yoxsulluq - mənim fəxrimdir»[47]. Bundan əlavə, deyilib: «Allahın qüdrət qübbəsinin altında elə tayfa var ki, onları şərəfli yoxsulluq libasında gizlədib»[48] . Onlar Onun gözü ilə görür, onun qulağı ilə eşidirlər. Necə ki, məşhur bir hədisdə bu barədə deyilib.

Bu məqam haqqında aşkar və sirli ayələr və xəbərlər çoxdur. Lakin biz onlardan yalnız iki hədislə kifayətlənirik. Qoy bunlar öyrənənlər üçün nur, axtaranlar üçün şadlıq olsun. Birincisi budur ki, buyurur: «Ey bəndəm, mənə itaət et ki, səni özüm kimi edim! Mən dedim ki, «ol»! - oldu, sən də desən ki, «ol»! - olar». İkincisi budur ki, buyurur: «Ey Adəm övladı! Məni tapandan sonra, heç kəslə ünsiyyət bağlama. Mənə can atdığın zaman isə Məni özünə yaxın olduğumu görərsən».

Bütün qeyd olunan ecazkar işarələr və uca dəlillər Vahid hərfə və vahid nöqtəyə aiddir. «Allahın... qayda-qanunu belədir. Sən Allahın qoyduğu qayda-qanunda heç bir dəyişiklik görməzsən»[49].

Bir müddət əvvəl Mən sizi yad edib bu yazını başlamışdım və əvvəlki məktubunuz yetişmədiyi üçün başlanğıcda bir qədər giley və şikayət etmişdim. Lakin yeni məktubunuz bu incikliyi aradan qaldırdı və Mənim bu yazını göndərməyimə səbəb oldu. Bəndənizin o Həzrətə məhəbbətini xatırlatmağa ehtiyac yoxdur və buna "Allahın şahid olması yetər"[50]. Cənab Şeyx Məhəmmədin - Allah-taala onu salamlasın! - hüzuruna bu iki misranı ərz etməklə kifayətləndim:

Mən sənin küçəni axtarıram, çünki o, uca ərşdən yaxşıdır,
Mən sənin üzünü görürəm, çünki o, cənnət bağından yaxşıdır
[51].

Mən eşq əmanətini Qələmə tapşırdıqda, o daşımaqdan boyun qaçırtdı və özündən getdi. «Ayıldıqdan sonra isə dedi: «Sən pak və müqəddəssən! Sənə tövbə etdim. Mən bağışlanmasını diləyənlərin birincisiyəm»[52]. Həmd olsun Allaha - aləmlərin Rəbbinə!

Bu hicranın və bu ciyər yanğısının şərhini
İndi demə, başqa bir zamana saxla!
Daha yaxşısı budur ki, dilbərlərin sirri
Başqalarının hekayətində deyilsin
Fitnə, qarışıqlıq və qan tökməyə çalışma,
Bundan artıq Şəms Təbrizidən
[53] danışma![54]

Salam olsun sizə, sizin ətrafınızda dolananlara və sizi görmək şərəfinə nail olanlara!

Mənim bura qədər yazdıqlarımı milçək yedi - bu da mürəkkəbin yaxşılığındandır. Bu barədə Sədi belə bir beyt söyləyib:

Mən daha bir şey yazmaq istəmirəm,
Çünki sözlərim çox şirin olduğundan milçək mənə əziyyət verir

Daha əlimin yazmağa taqəti yoxdur və yalvarır ki, bəsdir. Ona görə də deyirəm:

«Mənim qüdrət və İzzət Sahibi olan Rəbbim
insanların Ona aid etdikləri sifətlərdən pak və ucadır»
[55]

 



[1] Bu şer Cəlaləddin Ruminin «Məsnəvi»sindəndir.

[2] Bu şer böyük fars şairi Sədi Şiraziyə (1184-1291) məxsusdur

[3] Fars atalar sözü

[4] «Fussilət» surəsi, 30-cu ayə

[5] «Hud» surəsi, 112-ci ayə; «Şura» surəsi, 15-ci ayə

[6] Bu şer böyük fars şairi Sədi Şiraziyə (1184-1291) məxsusdur

[7] Bu şer böyük fars şairi Sədi Şiraziyə (1184-1291) məxsusdur

[8] Bu şer Cəlaləddin Ruminin «Məsnəvi»sindəndir.

[9] Buradakı «nəfs» sözü adi anlamda - tamah, ehtiras mənasında deyil, «mən», can, ruh anlamlarını verən terminoloji mənada başa düşülməlidir. Göründüyü kimi Həzrət Bəhaullah özü də dərhal burada hansı «nəfs»dən söhbət getdiyi barədə izahat vermişdir.

[10] Məhəmməd peyğəmbərin hədislərindən biridir.

[11] Beyt Cəlaləddin Ruminindir. «Dörd quş» dedikdə, dörd ünsürün doğurduğu mənfi keyfiyyətlər nəzərdə tutulur.

[12] «Fəğr» surəsi, 28-30-cu ayələr

[13] «Fussilət» surəsi, 53-cü ayə

[14] Nəhv - qrammatika

[15] «İsra» surəsi, 14-cu ayə

[16] Adı çəkilən dörd şəxs məşhur ərəb dilçiləridir

[17] Bu şer Cəlaləddin Ruminin «Məsnəvi»sindəndir.

[18] «Həşr» surəsi, 19-cu ayə

[19] «Kəhf» surəsi, 17-ci ayə

[20] «Nur» surəsi, 37-ci ayə

[21] «Bəqərə» surəsi, 282-ci ayə

[22] Məhəmməd peyğəmbərin hədislərindən biridir.

[23] «Mütəffifin» surəsi, 26-cı ayə

[24] «Bəqərə» surəsi, 156-cı ayə

[25] «Səma» - sufilərin musiqi və rəqs məclisləri

[26] Bu şer Cəlaləddin Ruminin «Məsnəvi»sindəndir.

[27] «Ənbiya» surəsi, 27-ci ayə

[28] Bu şer böyük fars şairi Sədi Şiraziyə (1184-1291) məxsusdur

[29] Məşhur filosof Əbu Əli İbn Sinanın (980-1037) dövri təlimi nəzərdə tutulur

[30] Bu şer Cəlaləddin Ruminin «Məsnəvi»sindəndir.

[31] Bu şer Cəlaləddin Ruminin «Məsnəvi»sindəndir.

[32] «Kəhf» surəsi, 39-cu ayə

[33] «Kəhf» surəsi, 39-cu ayə

[34] «Ali-İmran» surəsi, 40-cı ayə və «Maidə» surəsi, 1-ci ayə

[35] Bu kəlam Həzrət Əliyə məxsusdur

[36] Bu şer Cəlaləddin Ruminin «Məsnəvi»sindəndir.

[37] Bu sətirlər Həzrət Bəhaullahın zühurundan əvvəl yazılmışdır. Sonrakı cümlələr onun zühurunun yaxınlaşdığından xəbər verir.

[38] «Ha» ərəb qrafikası ilə «Bəha» sözünün ikinci hərfidir

[39] Bu şer Cəlaləddin Ruminin «Məsnəvi»sindəndir.

[40] «İnsan» surəsi, 13-cü ayə

[41] «Rəhman» surəsinin 29-cu ayəsinin təfsiridir

[42] «Rəhman» surəsi, 29-cu ayə

[43] «Ənam» surəsi, 79-cu ayə

[44] «Ənam» surəsi, 75-ci ayə

[45] «Əraf» surəsinin 108-ci ayəsinin sərbəst şəkildə ifadəsidir

[46] Bu şer Cəlaləddin Ruminin «Məsnəvi»sindəndir.

[47] Məhəmməd peyğəmbərin hədislərindən biridir.

[48] Məhəmməd peyğəmbərin hədislərindən biridir.

[49] «Əhzab» surəsi, 62-ci ayə və «Fəth» surəsi, 23-cü ayə

[50] «Nisa» surəsi, 166-cı ayə

[51] Bu şer böyük fars şairi Sədi Şiraziyə (1184-1291) məxsusdur

[52] «Əraf» surəsi, 143-cü ayə

[53] Şəms Təbrizi - məşhur sufi şeyxlərindən biri, Cəlaləddin Ruminin mürşidi olmuşdur

[54] Bu şer Cəlaləddin Ruminin «Məsnəvi»sindəndir.

[55] «Saffat» surəsi, 180-ci ayə

©2003-2008 Azərbaycan Bəhailərinin Milli Ruhani Məhfili.

Digər təşkilatlar və fiziki şəxslər bu materiallardan sərbəst istifadə edə bilər, o şərtlə ki, burada olan məlumatlar təhrif olunmayacaq, materialların və ya onlardan olan çixarışların nəşrində aşağıdakılar qeyd olunacaq:
"Azərbaycanda Bəhai Dini icmasının rəsmi www.bahai.az internet saytının materiallarından istifadə olunmuşdur."
Dörd Vadi -
Həzrət Bəhaullah
Yuxarı >