Şövqi Əfəndi tərəfindən tərtib olunmuş və ingilis
dilinə tərcümə edilmişdir.
š 1 ›
Pak və ucasan Sən, ey mənim Allahım! Mən səni necə zikr edim,
İlahi? Axı mən yəqin bilirəm ki, bütün ariflərin dilləri Səni
zikr etməkdə və tərifləməkdə acizdir, bütün aşiqlərin könül quşları Sənin qüdrət
və irfan səmana
ucalmaq yolunu tapa bilmir.
İlahi, mən Səni Müdrik adlandırsam,
görərəm ki, idrakın bütün təzahürləri Sənin əmrinlə yaranıb; Sənə hikmət Sahibi
desəm,
müşahidə edərəm ki, bütün hikmət çeşmələri Sənin iradənlə çağlayır; Səni Vahid
adlandırsam, görərəm ki, vəhdət həqiqətlərini aşkara çıxaran Sənsən; Sənə Biliçi
desəm, müşahidə edərəm ki, bütün
bilik çövhərləri Sənin istəyindən doğub və Sənin yaratmağınla meydana çıxıb.
Beləliklə, Sən Səni zikr edənlərin təsvirindən və
Səni vəsf edənlərin tərifindən
ucasan, çünki bunların hamısı Sənin xəlq etdiklərinin,
Sənin əmrin və iradənlə yaradılmışların təsviri və tərifidir. Hər dəfə Səni
xatırlayanlar Sənin adını çəkəndə və ariflər Sənin
irfan səmana ucalmaq istəyəndə, bu nöqtəyə gəlib çıxırlar ki, hər şey Sənin
hökmünə
tabedir. Sənin Camalına səcdə edir və Sənin Qələminin hərəkəti ilə mövcud olur.
Yox, bağışla İlahi, çünki
bu sözlərdən varlıqların mahiyyəti ilə Sənin Əmr Qələmin arasında əlaqə olduğu
anlaşılır,
halbuki Sən bu cür əlaqə barədə təsəvvürlərdən
pak və ucasan: Sənin Əmr Ağacınla bütün əlaqələr kəsilib, Sənin məzhərinə və
Camalının şəfəqinə
aparan bütün yollar bağlanıb.
Bir sözlə, Sən Səni zikr edənlərin zikrindən, Səni
vəsf edənlərin vəsfindən, Səni tərifləyənlərin tərifindən ucasan, çox ucasan!
Sən öz bəndələrinə cürbəcür dualarla və növbənöv təriflərlə Səni xatırlamağı əmr
etməklə, onlara mərhəmət göstərmisən:
bu yolla onlar layiq olduqları məqama yüksəlib özlərini dərk etməlidirlər.
Həqiqətən, Sən Özündən aşağıda duranların tərifinə
və Özündən başqalarının təsvirinə sığmazsan. Sən ən əvvəldə və əzəldə olduğun kimi
əbədi
qalacaqsan. Səndən başqa Allah yoxdur. Sən Uca, Qüdrətli,
Müqəddəs və hər şeyi Bilənsən!
š 2 ›
Hər şeyin əvvəli— Allahı tanımaq, axırı isə göylərdə
və yerdə
olanlar üçün Onun qalibiyyətli iradəsinin səmasından
nazil olanlara sözsüz əməl etməkdir.
š 3 ›
Əzəldən və həmişə peyğəmbərlərin məqsədi və ilahi
elçilərin qayəsi olan Əmr indi Allahın mütləq iradəsi və nüfuzlu hökmü ilə zühur
etmişdir. Bütün
ilahi kitabların müjdəsini verdiyi vəd olunmuş Kəs
Odur. Bununla belə insanlar Ondan bixəbərdirlər və onu görmürlər.
De: Ey Haqq aşiqləri, onu tanımaq və sizə gərəkli
olanları layiqincə yerinə yetirməyə çalışın! Bu elə bir Əmrdir ki, əgər onun
yolunda bircə damla itirsəniz, əvəzində yüz min dəniz mükafat alarsınız.
De: Ey dostlar, bu böyük şərəfi əldən verməyin və bu uca
məqamdan qafil olmayın! İnsanlar mövhumi təsəvvürlər yolunda neçə-neçə canları qurban
vermiş və verməkdədirlər. Siz isə,
Allaha şükür, məqsədə çatmış, Vəd Olunmuşa yetişmisiniz. Qüdrətli Tanrının
köməyi ilə bu məqamı qoruyun və Əmrin yüksəlişinə səbəb olan işlərdən yapışın!
Çünki
O Sizə yaxşı işlər görməyi əmr edir və dünyada insanın məqamının ucalmasını
istəyir.
Uca və mərhəmətlidir Allah, bu bənzərsiz Lövhəni
nazil edən Odur!
š 4 ›
Bu Gün — ən böyük mərhəmət və ən yüksək fəzilət
Günüdür. Hamı
tam birlik və ittifaqla ilahi inayət ağacının kölgəsinə toplaşmalı və rahatlıq
tapmalıdır. Və bu gün hamı şərəf və yüksəliş gətirən işlərdən yapışmalıdır.
Xoş o kəslərin halına ki, Mənim ən Uca Qələmim
onları xatırlamaq üçün hərəkətə gəldi. Və xoşbəxt o kəslərdir
ki, biz Öz hikmətimiz sayəsində onların adlarını
gizli saxlamağı lazım bildik.
Qadir Allaha dua edin ki, hamınıza ərşdə qəbul olunan
işləri yerinə yetirmək imkanı bəxş
etsin. Tezliklə dünyanın büsatı pozulacaq və başqa
bir büsat qurulacaq. Həqiqətən, sənin Rəbbin doğru söyləyən və gizli şeyləri
Biləndir.
š 5 ›
Bu Gün — mərhəmət dənizinin coşub-daşdığı, inayət
günəşinin işıq saçdığı, səxavət buludunun qanad açdığı
bir gündür. Bu gün solmuş könüllər məhəbbət nəsiminin ətrini duymalı, mərhəmət
yağışı ilə yuyulub təravətlənməlidir.
Allahı sevənlər hər hansı məclisə və məhfilə
toplaşaraq, Allahı zikr edib təriflədikləri zaman elə mütilik və itaətkarlıq
göstərməlidirlər ki, o yerin torpağının zərrələri onların səmimiyyətinə və
sədaqətinə şahidlik
etsin; və o pak könüllərin ruhani gəlmələrinin cazibəsi həmin torpağın
zərrələrini də bürüsün.
Elə olmasın ki, torpaq hal dili ilə onlara desin: "Mən sizdən üstünəm,
çünki mən əkinçilərin bütün əzablarına dözürəm, Tanrının məndə əmanət qoyduğu
nemətləri bütün canlılara bəxş etmişəm və edirəm. Bu yüksək şərəfə və varlığın
ehtiyaclarını ödəyən tükənməz nemətlərə baxmayaraq,
mən heç kəsin qarşısında öyünməmişəm və öyünmürəm; və hədsiz təvazökarlıqla
hamının ayaqları altında dayanmışam".
Hamı bir-birilə dostcasına, mehribanlıq və
məhəbbətlə rəftar etməlidir. Əgər kimsə bəzi məqamları anlamaqda acizdirsə və ya
hələ
onlara çatmayıbsa, onunla hədsiz lütf və səmimiyyətlə danışmaq və onu başa salmaq
lazımdır, həm də heç kəs özünü ondan üstün və qabiliyyətli saymamalıdır.
Bu gün əsas məsələ mərhəmət dənizindən öz payını
almaqdır, daha qabların böyüklüyünə və kiçikliyinə fikir vermək lazım deyildir ki, biri bir ovuc
alır, digəri bir kasa, başqası
bir küp, bir başqası da bir xum.
Bu gün hamının nəzərləri
Allah Əmrinin yayılmasına xidmət edən işlərə yönəlməlidir. Allah şahiddir ki, bu
gün bu əzəmətli Əmrə dostlar arasındakı ixtilaf, çəkişmə,
münaqişə, kin-küdurət və soyuqluqdan başqa heç
bir şey ziyan vurmamışdır və vura da bilməz. Allahın qüdrəti və hökmü ilə bunlardan
uzaqlaşın və Elm, Hikmət və Ülfət Sahibinin adı ilə könüllər arasında birlik
yaratmağa çalışın.
Qadir Allaha dua edin ki, Onun yolunda gördüyünüz
işlərin və Ona məhəbbətdə göstərdiyiniz sədaqətin ləzzətini dadasınız. Özünüzü
unudun və başqalarına nəzər yetirin. İnsanları tərbiyələndirmək üçün hədsiz
dərəcədə səy göstərin. Heç bir iş Allahdan gizli olmayıb və gizli deyil. Əgər
Allahın istəyinə uyqun hərəkət etsəniz, tükənməz nemətlərə layiq görüləcəksiniz.
Aləmlərin Rəbbinin Əmr Qələmindən süzülüb aşkara çıxan aydın Kitab budur. Onda nazil olanlar
üzərində düşünün və ona əməl edənlərdən
olun.
š 6 ›
Yer üzündəki bütün məzhab və firqələr intizarda
idilər. Amma həqiqət Günəşi aləmin üfüqündə parladığı zaman Allahın yönəltdiyi
kəslərdən başqa hamı Ondan üz döndərdi. Əgər bu Gün əsl möminlərin məqamları
açıqlansa, qorxuram ki, bəziləri hədsiz sevincdən ölərlər.
Bəyan Nöqtəsi buyurur: "Onun
zikr Gününün bir illik nütfəsi Bəyanda
olanların hamısından qüvvətlidir". Yenə də O buyurur: "Onun haqqında
elə bir cövhər yazılıb ki, o mənim heç bir işarəmdən və Bəyanda nazil olanlardan
bəlli ola bilməz".
Əgər bir şəxs bu ali kəlamlarda gizlənmiş mənalar
dənizinə baş vursa, o zaman bu ən əzəmətli, ən müqəddəs və ən ulu Əmrin
məqamından agah olar. Zühurun məqamı bəlli oldusa,
ona iman gətirənlərin məqamı da məlum və aydın
olar. Allaha and olsun ki, bir kəsin bu Əmrin yolunda çəkdiyi
bir nəfəs yer üzünün xəzinələrinə b!ərabər
tutulmaz. Xoş buna nail olanların halına, vay bundan qafil olanların halına!
š 7 ›
Həqiqətən, bu Gün— görmək və eşitmək günüdür: həm
Allahın çağırış sədası ucalır, həm də Onun üzünün nurları zühur üfüqündən
çıxaraq parlayır. İndi hər kəs əvvəllər eşitdiklərini yaddaşından silməli,
ədalət və insafla ayələrə, dəlillərə və təzahürlərə nəzər salmalıdır. Bu
Gün — əzəmətli bir gündür, belə ki,
bütün müqəddəs kitablarda "Allahın Günü"
kimi xatırlanır. Bütün peyğəmbərlər və övliyalar bu bənzərsiz Günü görmək arzusunda
olmuşlar, həmçinin bütün məzhəb və firgələr
bu Günü gözləmişlər. Amma Zühur Günəşi İlahi İradənin səmasında parlayan kimi,
Allahın yönəltdiyi kəslərdən başqa, hamının məst və bihuş olduğu aşkara çıxdı.
Ey Məni xatırlayanlar! Böyük
bir pərdə bəşəriyyətin qarşısını kəsib və ilahi çağırışın sədasını eşitməyə qoymur.
İnşaallah, üfüqlər birlik
nuru ilə işıqlanacaq və yer üzündə hər bir kəsin alnına "Səltənət
Allahındır!"
möhürü vurulacaq.
š 8 ›
Haqq olan Allaha and içirəm! Bu günlər
Allah Özünün bütün elçilərini və peyğəmbərlərini,
eləcə də ismət sarayının, əzəmət çadırının,
qüdrət alaçığının sakinlərini imtahana çəkir. Belə isə, müşriklərin halı necə
olacaq?!
š 9 ›
Ya Hüseyn! Yer üzünün bəzi məzhəb və firqələri
Hüseynin zühurunu gözləyirdilər,
çünki qadir Allahın seçilmişləri vasitəsilə
o Həzrətin Qaimdən sonra zühur edəcəyi müjdəsi verilmişdi. Həmçinin xəbər
verilmişdi ki, o ilahi feyzlər mənbəyinin zühuru zamanı Allahın butün elçiləri
və peyğəmbərləri, hətta Qaimin özü də o Həzrətin mübarək bayrağının kölgəsinə toplanacaqlar. Vaxt
yetişib aləm Onun üzünün
nuruna boyananda isə Adlar Sahibinin gücü ilə güman və
ehtiras bütlərini sındıraraq, iqan şəhərinə
yollanan kəslərdən savayı hamı Ondan üz döndərdi.
Bu Gün möhürlənmiş şərab kuzəsi Qəyyumun adı ilə açılıb süzülməkdədir. Ondan öz
piyaləni doldur, bu mübarək və gözəl Adın şərəfinə iç!
š 10 ›
Ümmətlərin vaxtı bitdi və müqəddəs Kitablardakı ilahi
vədlər yerinə yetdi.
Allahın qanunu Siondan yayıldı, Yerusəlim dağları və düzləri Rəbbin nuruna qərq oldu.
Xoş o kəsin halına ki, qadir və qəyyum Allahın kitablarında nazil olanlar
üzərində düşünür. Ey Allahın dostları,
düşünün və qulaqlarınızı açıb
Allah Kəlamını eşidin, Onun mərhəməti sayəsində dəyanətin saf suyundan için və
Allahın Əmri yolunda dağ kimi möhkəm və sarsılmaz olun!
İsaiyya peyğəmbərin Kitabında
buyurulur: "Rəbbin zəhmindən və Onun əzəmətli parıltısından qayanın içinə gir
və torpağın altında gizlən!" Əgər bir kəs bu ayə üzərində düşünsə, Əmrin
əzəmətini və Allah Gününün qüdrətini anlayar. Həmin ayənin sonunda buyurulur: "O
Gün təkcə Rəbb Özü görünəcəkdir".
Bu Gün elə bir gündür ki, onun barəsində Əmr Qələmi bütün Kitablarda yazıb. Elə bir
ayə yoxdur
ki, onun adı çəkilməsin, elə bir Kitab yoxdur ki, aydın şəkildə ondan xəbər
verilməsin. Əgər bu zühur haqqında bütün Kitablarda və Yazılarda olanları
qeyd etsək, bu lövhənin həcmi qat-qat böyüyər.
Bu gün hər kəs ilahi inayətə güvənərək,
düşünülmüş şəkildə Əmrin təbliğinə çalışmalıdır ki, hamı mənalar sübhünün
nuruna boyansın.
š 11 ›
Nə xoşdur bu gün! Bu Gün mərhəmət nəsimi bütün
məxluqatın üzərinə əsir.
Əsrlər və qərinələr bu mübarək Günlə müqayisəyə gələ bilməz. Bu Xoş Gündə əzəli
Varlığın üzü Öz müqəddəs məqamına doğru yönəldi. O zaman bütün məxluqatın sədası
ucaldı və onların üzərində isə səma sakinlərinin nidası eşidildi: "Ey
Kərmel, tələs,
çünki Allahın — Adlar Səltənəti Hökmdarlarının və Səma Qurucusunun üzü sənə
doğru yönəlib!"
O zaman sevincdən cuşa gələn dağ uca səslə dedi: "Canım
Sənin gəlişinə,
Sənin inayətinə, Sənin diqqətinə fəda olsun!
Ey əbədi həyat çeşməsi, Sənin fərağın məni öldürdü, Sənin hicranın məni yandırdı!
Sənə həmd olsun, çünki Sən səsimi mənə eşitdirdin, Öz qədəmlərinlə məni
şərəfləndirdin,
Öz Gününün nəsimi ilə və Öz Qələminin incə səsi ilə məni dirçəltdin. Bu səs
Sənin bəndələrin üçün Sur sədasına bərabərdir:
Sən Öz qarşısıalınmaz Əmrini zühur etdirmək istərkən, Qələmini hərəkətə gətirdin
— o zaman böyük bir qiyamət qopdu və məxluqatın hökmdarının xəzinələrindəki gizli
sirlər aşkara çıxdı".
Onun sədası uca məqama çatmamış
Biz dedik: "Ey Kərmel, öz Rəbbinə şükr et! Mən səni hicran oduna yandırdım, sonra
isə vüsal dənizinin dalğaları sənin üzünü yudu, bununla da sənin və bütün
mövcudatın gözlərinə işıq gəldi, gizli və aşkar olan hər şeyi sevinc bürüdü.
Sən necə də xoşbəxtsən ki, bu Gün Allah Öz taxtını sənin üzərində qurub və səni
öz əlamətlərinin şəfəq saçdığı məkana, Öz dəlillərinin aşkar olduğu məqama
çevirib.
Xoş o bəndələrin halına ki, sənin ətrafına toplaşıb sənin şərəfli zühurunu yad edir
və Rəbbin Allahın mərhəmətindən sənə nazil olanı oxuyurlar. Şərəfli Rəbbinin adı
ilə ölməzlik piyaləsini al və Ona şükr et, çünki Onun böyük mərhəməti sayəsində
sənin kədərin sevincə,
iztirabın fərəhə çevrildi. Həqiqətən,
O Öz taxtını qurduğu, qədəmləri ilə təşrif gətirdiyi, hüzuru ilə şərəfləndirdiyi,
nidasını ucaltdığı və göz yaşını axıtdığı
yeri sevdi.
Ey Kərmel, Siona müjdə ver və
de: Artıq gizli Kəs gəlmişdir. Onun qalibiyyətli səltənəti aləmdə bərqərar olmuş, Onun
hər yanı bürüyən
nuru yer üzünü işıqlandırmışdır. Bu
məqamda tərəddüd edib durmaqdan çəkinin. Səmadan
— Allah Kəbəsindən enmiş ilahi şəhərə doğru tələsin. Allaha yaxın və sədaqətli
kəslər,
eləcə də səma sakinləri bu şəhərin ətrafına toplaşmışlar. Mən necə də bu zühurun
müjdəcini
yer üzünün bütün ölkələrinə və bütün şəhərlərinə çatdırmaq istəyirəm!
Bu həmən zühurdur ki, Turun qəlbini cəzb etmiş və Sidrədən
nida gəlmişdi: "Mülk və Mələkut aləmi Rəblərin Rəbbi
Allaha məxsusdur!" Bu elə bir gündür ki, torpağa və dənizə müjdə veriləcək
və bundan sonra Allahın inayəti ilə ağıllardan və gözlərdən gizli qalmış şeylər
aşkara çıxacaq. Tezliklə Allahın gəmisi sənə doğru yönələcək və Adlar Kitabında
xatırlanmış Bəha əhli zühur edəcək".
Mübarəkdir aləmin mövlası
olan Allah! Onun zikri sayəsində torpağın zərrələri hərəkətə gəlir və Əzəmət Dili Onun
elmində gizlənən, Onun qüdrət xəzinəsində
saxlanan şeyləri açıb danışır. Həqiqətən,
Öz adı sayəsində O, yerdə və göydə olan hər şeyə hakimdir, Qüdrətli, Əzəmətli və
Ucadır!
š 12 ›
Ey insanlar, ədalət günlərini qarşılamağa hazırlaşın: o,
həqiqətən,
gələcəkdir. Ondan gizlənməkdən və qafil olmaqdan çəkinin!
š 13 ›
Keçmiş günlərə nəzər salın: yüksək və aşağı
təbəqədən
olan nə qədər insan daim bir olan Allahın müqəddəs vücudlarda zühurunu
gözləmişdir. Onlar hər vaxt və hər an gözdə-qulaqda olmuş və dua edib
yalvarmışlar
ki, bəlkə ilahi mərhəmət nəsimi əsməyə başladı və vəd olunmuş Camal qeyb
pərdəsindən zühur meydanına qədəm qoydu. Amma hər dəfə inayət qapıları açılıb,
kəramət buludları ucalanda və qeyb günəşi qüdrət üfüqündən
boylananda onlar hamılıqla Onu danmış və eynən Allahın üzü olan Onun üzündən
kənara çevrilmişlər...
Bir qədər düşünün:
bu əməllərin səbəbi nə olmuşdur və Cəlal
Sahibinin Camalının Təzahürləri ilə nə üçün belə rəftar etmişlər? Və o zamanlar
həmən bəndələrin həqiqətdən üz döndərmələrinin və ona göz yummalarının səbəbi nə
olmuşdursa, indi də
bu bəndələrin qafilliyinin səbəbi odur. Əgər desək ki, ilahi dəlillər kamil və tam
olmayıb və bu
da bəndələrin etirazına səbəb olub — bu, açıq-aşkar
bir küfr olar. Axı, Səxavət Sahibinin səxavətinə və Onun hər yeri bürüyən
mərhəmətinə yaraşmaz ki, xalqı doğru yola yönəltmək üçün bütün bəndələri
içərisindən bir nəfəri seçsin, amma Ona kifayət qədər dəlil-sübut verməsin,
üstəlik Ona iman gətirmədikləri üçün insanları əzaba düçar etsin. Əksinə,
əzəldən bəri Varlıq Sultanının səxavəti Onun məzhərlərinin zühuru sayəsində
bütün məxluqata şamil olmuşdur.
Və elə bir an yoxdur ki, Onun səxavəti kəsilsin, yaxud
Onun inayət buludlarından mərhəmət yağışları yaqmasın. Deməli, bütün bu işlər
təkəbbür və qürur vadisində hərəkət edən, uzaqlıq səhralarında dolaşan, öz
gümanlarının və üləmalarından eşitdiklərinin arxasınca gedən məhdud düşüncəli insanlar
sayəsində baş
verir. Onların etirazdan başqa işləri, göz yummaqdan savayı istəkləri yoxdur. Və bu,
hər bir bəsirət sahibinə məlumdur ki, əgər həmin bəndələr həqiqət Günəşinin hər
zühuru zamanı gözlərini, qulaqlarını və qəlblərini gördüklərindən,
eşitdiklərindən və duyduqlarından təmizləsəydilər, əlbəttə,
Allahın Camalından məhrum olmazdılar, Müqəddəs Şəfəqlərə yaxınlaşmaq və onlara
qovuşmaq imkanını itirməzdilər. Onlar hər zaman ilahi dəlilləri öz üləmalarından
aldıqları biliklərin tərəzisinə qoymuş və bu da onların zəif ağlına uyğun
gəlməmişdir.
Buna görə də onlar dünyada belə rəzil işlər törətmişlər...
Növbə Musaya çatdı və
o Həzrət Əmr əsası və idrak işığı ilə ilahi məhəbbət Faranından, tükənməz qüdrət
və əzəmət əjdahası ilə nur Sinasından zühur meydanına qədəm qoydu. Və bütün Mülk
aləmində olanları əbədi Mələkut aləminə,
vəfa ağacının meyvələrindən dadmağa dəvət
etdi. Bəllidir ki, firon və onun tayfası necə etirazlar etdilər və müşriklər o
müqəddəs ağaca nə qədər şübhə daşları atdılar. İş o yerə çatdı
ki, firon və onun tayfası o ilahi Ağacın odunu yalan və
etiraz suyu ilə söndürməyə çalışdılar.
Amma onlar bilmirdilər ki, İlahi hikmətin odu adi su ilə sönməz,
İlahi qüdrətin çırağı qarşıdan əsən küləklərlə işığını itirməz. Əksinə,
bu halda su odun alovlanmasına, külək çırağın
daha gur yanmasına səbəb olar. Bu, iti gözlə baxanlara və Allah rizası yolu ilə
gedənlərə bəllidir...
Musanın dövranı başa çatıb
Ruhun dan yerindən İsanın nuru aləmi bürüyəndə,
bütün yəhudilər etiraz etdilər ki, Tövratda vəd olunmuş şəxs Tövratın
qanunlarını təkmilləşdirməli və yaymalıdır, amma özünü "Məsihullah"
adlandıran bu nazaretli gənc Musanın ən böyük hökmlərindən
olan boşanmanı və şənbə gününü ləğv
edib. Və bundan əlavə, zühurun əlamətləri hələ özünü göstərməyib. Beləcə
yəhudilər hələ də Tövratda qeyd olunan zühuru gözləməkdədirlər.
Musadan sonra Yeganə Varlığın nə qədər Müqəddəs Məzhəri və Əzəli Nurun neçə-neçə
Şüası aləmdə zühur etsə də, yəhudilər öz şeytani istəklərinin və nəfsani
xəyallarının pərdələri arxasında qalmış və qalmaqdadırlar.
Və gözləyirlər ki, onların özlərinin təsəvvürlərindəki həmən əlamətlərə uyğun
gələn saxta
bir vücud nə zaman zühur edəcəkdir. Odur ki, Allah onları günahlarına görə
cəzalandırdı, onlardan iman
ruhunu aldı və onlara cəhənnəmdə yanan odla əzab
verdi. Bu isə ondan ötrü baş verdi ki, yəhudilər Tövratda növbəti zühurun
əlamətləri barədə yazılanları düzgün dərk etməmişdilər, onun mahiyyətini
anlamamışdılar və zahirdə də həmin işlər müşahidə olunmamışdı. Buna görə də onlar
İsanın camalından məhrum qalmış, Allahın üzünü görmək şərəfinə nail olmamışdılar.
Və onlar indi
da gözləməkdədirlər. Əzəldən bu günə qədər bütün ümmətlər belə uydurma və
yararsız fikirlərdən yapışmış və özlərini çağlayan saf və büllur çeşmələrdən
məhrum etmişlər...
Elm əhlinə məlum və bəllidir
ki, İsanın məhəbbət odu yəhudilərin məhdudluq pərdələrini yandırdıqdan və o
Həzrətin hökmü həmçinin zahirdə də yayıldıqdan sonra bir gün
o qeyb Camalı ruhani dostlarından bəzilərinə ayrılıqdan söz açdı və onların
qəlbində şövq atəşini yandırıb buyurdu: "Mən gedirəm və
sonra gələcəyəm". Başqa bir məqamda isə buyurmuşdu: "Mən gedirəm,
başqa birisi gələcək və Mənim demədiklərimi deyəcək, Mənim dediklərimi isə tamamlayacaq".
Əgər tövhid məzhərlərinə Allahın gözü ilə baxsanız, görərsiniz ki, bu
iki cümlənin mənası əslində birdir. Əgər
daxili bəsirət gözü ilə nəzər yetirilsə,
əslində Xatəmin (Həzrət Məhəmmədin) əhdində həm İsanın Kitabı, həm də Onun Əmri
təsdiq
olundu. Ad məsələsinə gəldikdə isə o Həzrət özü buyurmuşdu: "Mən İsayam".
Və O, İsanın əlamətlərinin, xəbərlərinin və Kitabının
Allah tərəfindən göndərildiyini təsdiq etdi. Bu baxımdan nə onların özlərində bir
fərq müşahidə
olunur, nə də kitablarında bir uyğunsuzluq görünür,
çünki onların hər ikisi Allahın əmrini yerinə
yetirirdi, Allahın zikrini söyləyirdi və Allahda hökmlərini bəyan edirdi. Məhz buna
görə İsa özü buyurmuşdu:
"Mən gedirəm və qayıdacağam". Məsələn,
günəşi götürün. Əgər bugünkü günəş desə ki, mən əvvəlki günün günəşiyəm,
bu, doğrudur. Əgər zaman baxımından desə ki, mən
o deyiləm, yenə doğrudur. Eləcə də günləri götürün. Əgər deyilsə ki, günlərin
hamısı
birdir, bu, doğru və düzgün olar; əgər deyilsə
ki, ad və ardıcıllıq baxımından bir-birindən fərqlənirlər, bu da doğrudur.
Göründüyü
kimi, onlar bir şey olsalar da, hər birinin öz adı, xüsusiyyətləri və yeri var ki,
başqasında yoxdur. Müqəddəs Məzhərlərin məqamlarındakı fərq və birliyi də bu
tərzdə və bu qayda ilə dərk edin ki, o adlar və sifətlər Yaradıcısının
sözlərindəki birlik və fərqi anlayıb başa düşəsiniz və o Əzəli Camalın Özünü nə
üçün hər məqamda bir adla və bir əlamətlə adlandırması barədə sualınıza
tam cavab tapasınız...
Əzəli Qeyb və İlahi Mahiyyət
elm və məna üfüqündə Məhəmmədin günəşini
parladanda, yəhudi ruhanilərinin etirazlarından biri də bu oldu
ki, Musadan sonra peyğəmbər göndərilməyəcəkdir;
bəli, kitabda bir şəxs xatırlanır ki, o zühur etməli,
Musanın məzhəbini yaymalı və beləliklə, Tövratda yazılmış qanunlar yer üzünü
əhatə etməlidir.
Buna görə Vahidlik sultanı həmən uzaqlıq və azğınlıq vadisində qalmışların
dilindən buyurur: "Yəhudilər dedilər: "Allahın əli bağlıdır".
Dedikləri
bu sözə görə onların öz əlləri bağlansın və lənətə gəlsinlər. Xeyr, Allahın
əlləri açıqdır".
"Allahın əli onların əllərindən üstündür". Təfsirçi alimlər
bu ayənin nazil olmasının səbəbini müxtəlif cür şərh etmişlər, amma siz onun
mənasına diqqət
yetirin ki, buyurur: məsələ heç də yəhudilərin təsəvvür etdiyi kimi deyil ki,
Musanın vücudunu xəlq
edib Ona peyğəmbərlik xalatı bağışlayandan sonra artıq həqiqət Sultanının əlləri
bağlanmışdır və O, Musadan başqa bir peyğəmbər göndərməyə
qadir deyildir. Görün, bu mənasız söz elm və bilik qanunlarından nə qədər
uzaqdır! Bu Gün də bütün
bu insanlar belə cəfəngiyyat söyləməklə məşğuldurlar.
Onlar min ildən artıqdır ki, bu ayəni oxuyub düşünmədən yəhudilərə etiraz
edirlər, amma bunu görüb anlamırlar
ki, özləri də gizli və aşkar şəkildə yəhudilərin etiqadını bəyan edirlər. Yəqin
eşitmisiniz ki, onlar deyirlər: bütün Zühurlar başa çatıb, İlahi mərhəmət
qapıları bağlanıb, daha mənəvi müqəddəslik məşriqlərindən heç bir Günəş
parlamayacaq, əbədi ilkinlik Dəryasıdan yeni Dalğalar üzə çıxmayacaq, ilahi qeyb
Çadırlarından heç bir Vücud gözə görünməyəcək. Budur bu şüursuz və cılız
insanların düşüncəsi! Onlar heç
bir ağıl və dərrakə ilə tükənməsi mümkün görünməyən sonsuz feyzin və intəhasız
mərhəmətin tükəndiyini zənn edirlər. Və hər yanda, hər tərəfdə zülm kəmərini
bağlayıb öz gümanlarının şor suyu ilə Sidrənin odunu söndürməyə çalışırlar.
Amma bilmirlər ki, qüdrət şüşəsi İlahi Çırağı öz alınmaz qalasında hifz edir...
Beləcə də insanlar üzərində Həzrət Rəsulun (Məhəmmədin)
hökmranlığı aydın və aşkardır. Və yəqin eşitmisiniz ki, o Həzrətin zühurunun
əvvəlində o dövrün üləmalarından və onların əlaltılarından ibarət olan kafirlər
və azğınlar dəstəsi o paklıq cövhərinin və saflıq məzhərinin başına nə bəlalar
gətirmişlər; o Həzrətin keçdiyi yola nə qədər tikanlar və qanqallar tökmüşlər.
Və bu da məlumdur ki, həmən şəxslər öz yanlış və şeytani təsəvvürlərinə əsasən o
əzəli vücudu incitməyi özlərinə nicat vasitəsi bilirdilər. Belə ki, o dövrün
bütün üləmaları, o çümlədən Abdullah Übəy, rahib Əbu Amir, Kəb ibn Əşrəf, Nəzr
ibn Haris hamılıqla o Həzrəti yalançı elan etmiş, Onu dəli və iftiraçı
adlandırmışdılar. Və Ona elə böhtanlar demişdilər ki, Allah mürəkkəbə onları
yazmağa, qələmə bunun üçün hərəkət etməyə, kağıza o sözləri qəbul etməyə icazə
verməz. Bəli, məhz bu böhtanlar camaatın o Həzrətə əziyyət verməsinə səbəb
olmuşdu. Bu, məlum və aydın bir məsələdir ki, zəmanə üləmalarının rədd edib iman
əhli bilmədiyi şəxsin başına nələr gəlir. Necə ki, bu Bəndənin başına gəlmiş və
hamı görmüşdür. Buna görə də o Həzrət buyurmuşdur: "Mənim çəkdiyim əziyyətləri
heç bir peyğəmbər çəkməyib: "Quranda o Həzrətə atılan böhtanlar və verilən
əziyyətlər bütünlüklə qeyd olunub. Onları oxuyun ki, Onun zühurunda baş
verənlərdən xəbərdar olasınız. Hətta o Həzrətin vəziyyəti o qədər ağırlaşmışdı
ki, heç kəs Onunla və Onun əshabələri ilə azacıq da olsa ünsiyyət saxlamırdı. O
Həzrətin yanına gedən şəxsə çox əziyyət verirdilər.
Bu gün bax gör, nə qədər sultanlar o Həzrətin adı
qarşısında baş əyirlər, neçə-neçə ölkələr və xalqlar Onun kölgəsində yaşayır və
o Həzrətin Dininə mənsub olmaları ilə fəxr edirlər. Belə ki, minbərlərdə və
minarələrdə bu mübarək adı böyük hörmət və ehtiramla dilə gətirirlər. O Həzrətin
kölgəsinə sığınmamış və küfr libasını dəyişməmiş sultanlar belə o inayət
Günəşinin böyüklük və əzəmətini təsdiq və etiraf edirlər. Gördüyün bu aşkar
hökmranlıq bütün peyğəmbərlər üçün labüddür və ya onların sağlığında, ya da
onlar öz həqiqi vətənlərinə ucaldıqdan sonra bərqərar olur...
Bu da məlumdur ki, hər bir zühurda baş verən
dəyişikliklər və təbəddülat qara bulud kimi bəndələrin idrak gözünün İlahi
Mahiyyət məşriqindən parlayan Günəşi görüb anlamasına mane olur. Çünki bəndələr
illər boyu öz ata-babalarını təqlid edərək, həmən şəriətdə müəyyənləşmiş
qayda-qanunlar əsasında tərbiyə alırlar. Onlar birdən eşidəndə və görəndə ki,
onların öz arasından çıxan və bəşəri meyarlar baxımından onlardan fərqlənməyən
bir şəxs əsrlər boyu onların itaət göstərdikləri, əleyhdarlarını və
inkarçılarını kafir, pozucu və azğın bildikləri şəriət ehkamlarını büsbütün ləğv
etmək istəyir, əlbəttə, bu amillər pərdə və bulud qismində çıxış edir və həmin
adamların könüllərinin seçkinlik Səlsəbilindən
dadmasına və ilahi idrak Kövsərindən su içməsinə mane
olur. Onlar bu məsələdən hali olan kimi o Günəşi tanımaqdan o qədər uzaqlaşırlar
ki, heç bir sorqu-sual etmədən Onu küfrdə günahlandırır və Onun qətlinə fitva
verirlər. Necə ki, bu, əvvəlki əsrlərdə görünüb və eşidilib, bu zəmanədə də
müşahidə olunur. Buna görə də çalışmalıyıq ki, Qeybin köməkliyi ilə bu qara
pərdələr və ilahi sınaq buludları bizim o Nurani Camalı görməyimizə mane olmasın
və biz Onu yalnız Onun Özü vasitəsilə tanıya bilək...
š 14 ›
Bütün məxluqata nur saçan Allahın adı ilə!
Ey Uca Qələm, Bəyanın Baharı gəldi, çünki Rəhmanın
Bayramı yaxınlaşıb. Dur, bütün yaradılmışlar içərisində Onun adını elə zikr et
və Onu elə təriflə ki, bununla məxluqatın libası təzələnsin — susanlardan olma!
Sevinc günəşi Bizim şadlıq gətirən səmamızın üfüqündə parladı, çünki Adlar
Səltənəti sənin Rəbbinin — Səma Qurucusunun adı ilə zinətləndi. Bu Əzəmətli Adla
ümmətlərin qarşısına çıx— gözləyənlərdən olma!
Biz sənin Lövhə üzərində dayandığını görürük. Səni
Camalın nurlarımı heyrətə salıb, yoxsa yolunu azmışların sözlərini eşitdiyin
üçün qəmgin olmusan?! Qoy heç bir şey sənin bu Günü vəsf etməyinə mane olmasın.
Bu, elə bir Gündür ki, qüdrət və əzəmət Barmaqları Vüsal Şərabının möhürünü açıb
göylərdə və yerdə olanları çağırır. Allah Gününün nəsimi sənin üzərinə əsəndən
sonra sən duruxmaqmı istəyirsən, yoxsa sən pərdə arxasında qalanlardansan?!
Ey Adlar Sahibi və səma Qurucusu, Sən Sənin aləm
üçün hidayət çırağı və aləmdəkilər üçün Qədim Varlığın nişanəsi olan gününün
işlərindən pərdələnməmişəm. Əgər mən susuramsa, bu, Sənin xəlq etdiklərinin
hicabındandır; əgər mən duruxuramsa, bu da Sənin məmləkətində yaşayanların
pərdələrindəndir. Sən məndə olanları bilirsən, amma mən Səndə olanları bilmirəm.
Sən hər şeyi bilən və hər şeydən xəbərdarsan. Sənin bütün adlardan üstün olan
adına and olsun, əgər Sənin qaçılmaz və uca əmrin mənə verilsəydi, mən Sənin
şərəfli səltənətində Sənin qüdrətli dilindən eşitdiyim yüksək sözlə yer üzündə
olanları dirildərdim və onlara Sənin hər şeyi Görən, Qoruyan və Qəyyum adınla
gizlindən aşkara çıxan nurlu simanın müjdəsini verərdim.
Ey Qələm, bu gün sən Məndən başqa birisini
görürsənmi?! Hanı şeylər və onların təzahürləri? Hanı adlar və onların
səltənəti? Hanı batinlər və sirlər, hanı zahirlər və əlamətlər? Dünyada olan
bütün şeylər fənaya uqradı və budur Mənim əbədi, parlaq və nurlu Üzüm! Bu, elə
bir Gündür ki, sənin qüdrətli və səxavətli Rəbbinin Üzünün üfüqündən parlayan və
işıq saçan nurlardan başqa heç nə görünmür. Mən Öz qüdrətli və güclü hökmümlə
bütün ruhları aldım və Öz fəzlim sayəsində yeni bir məxluq yaratdım, çünki Mən
Əzəli Fəzilət Sahibiyəm.
Bu, elə bir Gündür ki, Lahut aləmi deyir: "Sən
necə də xoşbəxtsən, ey Nasut aləmi, çünki sən Allahın
qədəm basdığı yer, Onun əzəmətli taxtının qurulduğu məkan oldun!" Cəbərut aləmi isə deyir: "Canım
sənə fəda olsun, çünki Rəhmanın yaranmış və yaranacaq şeylərə vəd edilmiş
Məhbubu səndə məskən saldı". Bu, elə bir Gündür ki, bütün ətirli şeylər öz
ətrini mənim məxluqata ətir saçan libasımdan alır. Bu, elə bir Gündür ki,
Rəhmanın iradəsi ilə dirilik dənizi coşub-çaqlayır. Ey səma sakinləri, ruhunuz
və qəlbinizlə ona doğru gedib doyunca için.
De: Əgər siz anlasanız, bu, görünməz və gizli olanın
parıltısıdır. Əgər siz axtarsanız, bu, gizli xəzinənin təzahürüdür. Əgər siz
yaxınlaşsanız, bu, yaranmışların və yaranacaqların Məhbubudur.
Ey Qələm, biz sənin susmağınla bağlı üzürünü qəbul
edirik. Səni bu qədər heyrətə salan nədir?
Bu, Səninlə görüşün məstliyindəndir, ey aləmlərin
Məhbubu!
Qalx, məxluqata müjdə ver ki, Rəhman Rizvana qədəm
qoyub. Sonra insanları Allahın öz cənnətinin taxtı etdiyi bağa doğru yönəlt. Biz
səni aləmdəkilərin dirilməsi üçün əzəmətli bir Sur etmişik.
De: Bu, elə bir cənnətdir ki, onun ağaclarının
yarpaqları üzərində Bəyan şərabı ilə yazılıb: "Artıq gizli olan Kəs qüdrət və
hakimiyyətlə zühur etmişdir". Bu, elə bir cənnətdir ki, onun ağaclarının
xışıltısından bu sözlər eşidilir: "Ey yer və səma sakinləri, əvvəllər aşkar
olmayan indi üzə çıxdı, daim gizli və görünməz olan Kəs artıq gəldi". Onun
nəsiminin pıçıltısı söyləyir: "Hər şeyin Sahibi gəldi. Hökmranlıq Allaha
məxsusdur". Onun sularının şırıltısı deyir: "Gözlər sevinir, çünki gizli və
görünməz olanın Camalının üzündən Cəlal örtüyü götürüldü". Onun uca qəsrlərindən
hurilərin nidası eşidilir: "Sevinin, ey cənnət əhli, Qədim Varlığın barmaqları
səmanın qütbündə əzəmətli zəngi Əbha adına səsləndirdi. Və səxavət əlləri
əbədiyyət kövsərinin suyunu dolandırmağa başladı. Ona yaxınlaşıb doyunca için,
nuş olsun sizə, ey şövq sahibləri və iştiyaq mücəssəmələri!"
Bu zaman Adlar Təzahürü Böyüklük sarayından çıxıb
yerə və göyə car çəkdi: "Ey Rizvan əhli, cənnət piyalələrini və onlardakı
dirilik Kövsərinin suyunu boşlayın. Baxın, Bəha əhli görüş cənnətinə daxil oldu
və öz Ehtiyacsız, Ulu Rəblərinin Camalının piyaləsindən vüsal şərabı içdi".
Ey Qələm, məxluqat barədə söhbəti boşla, Adlar
Sahibi olan Rəbbinin üzünə nəzər sal! Sonra da Əzəl sultanı olan Rəbbinin
lütflərinin bəzəyi ilə aləmi zinətləndir! Çünki biz elə bir günün ətrini duyduq
ki, həmin gün bütün insanların İstəyi öz gözəl adları və lütf günəşləri ilə
görünən və görünməz aləmlərə nur saçdı — bundan isə cəmi məxluqatdan üstün olan
Kəsdən başqa heç kim agah ola bilməz.
Məxluqata xeyirxahlıq və mehribanlıq gözündən savayı
başqa bir gözlə baxmayın, çünki Bizim mərhəmətimiz bütün şeylərdən üstündür,
Bizim fəzlimiz yeri və göyləri əhatə edir. Bu, elə bir Gündür ki, Allaha
sədaqətli olanlar görüş kövsərindən, Ona yaxın olanlar əbədi yaxınlıq
Səlsəbilindən, Onun vahidliyinə inananlar isə Vüsal şərabından içirlər. Həmin
gün Əzəmət və Cəlal dili söyləyir: "Səltənət Mənə məxsusdur və Mən haqlı olaraq,
onun Sultanıyam!"
Məhbubun nidası qəlbləri cəzb edər. De: "Əgər siz
eşitsəniz, bu, Allahın sədasıdır. Əgər siz anlasanız, bu, Allahın vəhyinin
işartısıdır. Əgər siz bilsəniz, bu, Allahın əmrinin parıltısıdır. Əgər siz
insaflı olsanız, bu, hökmün başlanğıcıdır. Əgər siz görsəniz, bu, aşkar və gizli
bir sirrdir". De: "Ey aləm əhli, Mənim bütün adlardan üstün olan adım naminə
yanınızda olan hər şeyi boşlayın, hikmət və bəyan gövhərləri gizlədilmiş və
Mənim Rəhman adımla dalğalanan bu dənizə baş vurun! Ana Kitab Sahibi sizə belə
təlim verir".
Məhbub gəldi. Onun sağ əlində Onun adı ilə
möhürlənmiş şərab var. Xoşbəxt o kəsdir ki, üzünü Ona tutub həmin şərabdan içir
və deyir: "Həmd olsun Sənə, ey ayələri nazil edən!" Allaha and olsun, elə bir
gizli şey qalmayıb ki, Haqqın sayəsində aşkara çıxmasın, elə bir nemət yoxdur
ki, mərhəmətlə nazil olmasın, elə bir kövsər yoxdur ki, piyalələrdə
dalğalanmasın, elə bir qədəh yoxdur ki, Məhbub onu dolandırmasın. Yaxın gəlin və
bircə an belə dayanmayın.
Xoş o kəslərin halına ki, fədakarlıq qanadlarında
Allahın iradəsi ilə bütün məxluqatın fövqündə duran bir məqama uçdular və Əmrə
layiqincə sədaqət göstərdilər — nə üləmaların mövhumatı, nə də yer üzünün
qoşunları onlara mane ola bilmədi. Ey insanlar, sizin aranızda elə bir kəs varmı
ki, dünyanı buraxıb Adlar Sahibi olan Allaha üz tutsun?! Elə bir kəs tapılarmı
ki, Mənim bütün şeylərdən üstün olan Adımın qüdrəti ilə insanların yanındakıları
qoyub gizli və aşkar şeyləri bilən Allahın ona göstərdiyi şeylərdən var gücü ilə
yapışsın?! Beləliklə, nemət nazil oldu, dəlillər tamamlandı, sübutlar mərhəmət
üfüqündən işıq saçdı. Mükafat o kəsə nəsib olacaq ki, bunları qəbul edib deyər:
"Həmd olsun Sənə, ey aləmlərin Məhbubu! Həmd olsun Sənə, ey ariflərin Məqsudu!"
Sevinin, ey Allah adamları, o günü xatırlayın ki,
Qədim Varlığın dilinin danışması sayəsində böyük bir fərəh hasil oldu. O zaman O
Öz Evindən çıxıb elə bir məqama yollandı ki, oradan Öz Rəhman adı ilə bütün
məxluqata nur saçdı. Allaha and olsun, əgər biz həmən Günün sirlərini açsaq,
Qüdrətli, Hər şeyi Bilən və hikmət Sahibi olan Allahın qoruduğu kəslərdən savayı
Mülk və Mələkut aləmlərində yaşayanların hamısı huşunu itirər və canını
tapşırar.
Bu zaman Allahın ayələri Onun aydın dəlillərini
aşkara çıxaran Kəsi məst etdi və O öz bəyanını bu zikrlə bitirdi: "Məndən başqa
Allah yoxdur, Mən Ulu, Qüdrətli, Güclü və hər şeyi Bilənəm!"
š 15 ›
Əmr Qələmi deyir: "Bu Gün hökmranlıq Allaha
məxsusdur!" Qüdrət Dili söyləyir: "Bu Gün səltənət Allaha məxsusdur!" Həqiqət
Simürq əbədiyyət budağında belə oxuyur: "Əzəmət — vahid və qadir Allaha
məxsusdur! Əmr göyərçini cənnət bağının budaqlarında belə tərənnüm edir: "Bu Gün
səxavət — yeganə və bağışlayan Allahdandır". Ərş xoruzu müqəddəslik yuvasında
belə banlayır: "Bu Gün qələbə — bənzərsiz, qüdrətli və qalibiyyətli Allaha
məxsusdur!" Bütün şeylərin qəlbi bütün şeylərdə belə səslənir: "Bu Gün əfv—
yeganə, misilsiz, insanları qoruyan və onların eyiblərini örtən Allahdandır".
Şərəf ruhu məxluqatın təsvirinə sığışmayan bir məqamın üzərindən belə deyir:
"Allaha and olsun, əzəmət və iqtidar sahibi olan Qədim Cövhər zühur etdi. Ondan
başqa Allah yoxdur. Odur Güclü, Qüdrətli, Uca, hər Şeyi Bilən, hər yeri Bürüyən,
hər şeyi Görən, hər şeydən xəbərdar Olan, hamını Qoruyan və daim Nur Saçan!"
Ey bəndə, sən Allahın rizasına və məhəbbətinə elə
bir vaxtda can atırsan ki, bir neçə bəsirət sahibindən başqa hamı onun
Camalından uzaq düşüb. Qoy Allah öz mərhəməti sayəsində sənə gözəl, əbədi və
daimi mükafat versin, çünki sən bütün gözlərin kor olduğu bir gündə Onu
axtarırsan. Bunu da bil ki, əgər kin və ədavət sahiblərinin əli ilə qəza
dənizlərindən bizim başımıza yağan yağışdan bir damcısı sənin üzərinə düşsə, sən
gecə-gündüz aqlayıb sızlayarsan. Kaş yer üzündə Allahın hökmranlıq və qüdrətini
göstərən bu Zühurda aşkara çıxanları anlayan ədalətli və bəsirətli bir kəs
tapılaydı və yalnız Allah xatirinə bunları gizli və açıq şəkildə insanlara
çatdıraydı ki, onlar da ayağa qalxıb azğınların əlində qalmış bu Məzluma kömək
edəydilər.
Bu zaman arxamdan Müqəddəs Ruh səsləndi və dedi:
"Söhbəti dəyiş ki, Sənə üz tutanlar qəmgin olmasınlar. Və de: Allahın qüdrəti və
mərhəməti sayəsində Mən əvvəllər heç kimdən kömək istəməmişəm və bundan sonra da
istəməyəcəyəm. İraqda olduğum zaman O Mənə haqq ilə kömək göstərdi, bütün
məzhəblər mənimlə mücadilə edərkən, O Məni haqq ilə qorudu və həmin şəhərdən
Məni elə bir qüdrətlə çıxardı ki, bunu hər şeyi inkar edən məkrlilərdən savayı
heç kəs dana bilməz.
De: Mənim qoşunum — Mənim Allaha təvəkkülümdür;
Mənim firqəm — Ona etimadımdır; Mənim bayrağım — Ona məhəbbətimdir; Mənim
munisim — ixtiyar Sahibi, Şərəfli və Qüdrətli Hökmdar olan Allahın zikridir".
Ey İlahi məhəbbət yolu ilə gedən kəs, Allahın
Əmrinin köməyinə qalx və de: "Ey insanlar, bu Qulamı dünyanın ötəri şeylərinə və
axirət nemətlərinə satmayın. Haqq olan Allaha and içirəm ki, göylərdə və yerdə
olan bütün şeylər Onun bir tükünə də dəyməz. Ey insanlar, Onu yanınızda olan
dirhəmə və dinara (gümüşə və qızıla) dəyişməkdən çəkinin. Onun məhəbbətini o gün
üçün ruhlarınızın sərvəti edin ki, həmən gün heç bir şey sizə fayda verməz,
bütün dayaqlar silkələnər, insanların dərisi soyular və gözləri dəhşətdən
bərələr". De: "Ey insanlar, Allahdan qorxun, Onun Zühuru vaxtı təkəbbürlü
olmayın. Üzünüzü yerə qoyub Allaha səcdə edin, sonra da Onu gecə-gündüz
xatırlayın!"
Sən dünyanın qütbündə şölələnən bu hərarətli oddan
elə alovlan ki, kainatın dənizləri sənin atəşini söndürə bilməsin. Öz Rəbbini
elə zikr et ki, bunun sayəsində Bizim qafil bəndələrimiz oyansın, ayıqlar isə
sevinsin...
š 16 ›
De: Ey bəndələr, bu Gün başqa bir Gündür. Başqa bir
dil lazımdır ki, aləmin İstəyini tərifləməyə qadir olsun və başqa bir əməl
lazımdır ki, Onun dərgahında qəbul edilsin. Bütün insanlar bu Günü
arzulayırdılar ki, onlara layiq və onlara yaraşan şeylərə nail olsunlar. Xoş o
kəsin halına ki, dünyanın işləri onun aləmin Sahibini tanımasına mane ola
bilmədi.
İnsanların qəfləti elə bir həddə çatıb ki, şəhərin
dağılması, dağın parçalanması və yerin yarılması da onları ayıltmamışdır və
ayıltmır. Müqəddəs Kitablardakı işarələr və əlamətlər aşkara çıxıb, daim çağırış
sədası ucalır, buna baxmayaraq Allahın yönəltdiyi kəslərdən savayı hamı qəflət
şərabından məstdir.
Hər gün yer üzündə yeni bir bəla baş verir, və bu
bəlalar hər an artmaqdadır. "Rəis surəsi" nazil olandan bu günə kimi nə yer
üzündə sakitlik bərqqərar olur, nə də bəndələr rahatlıq tapır: gah mücadilə, gah
müharibə, gah da sağalmaz xəstəliklər... Dünyanın xəstəliyi ümidsizlik həddinə
çatıb, çünki əsl Təbibə yol verilmir, yalançı həkimlər isə qəbul olunur və öz
işlərini görürlər...
İxtilaf tozu qəlbləri bürüyüb və gözləri tutub.
Tezliklə onlar Allahın günündə öz əməllərinin cəzasını görəcəklər. Qadir və
Qüdrətli Allahın sirrindən agah olan Kəs sizə belə xəbərdarlıq edir...
š 17 ›
Böyük bir xəbər! Rəhman öz şəksiz hökmranlığı ilə
gəldi, mizan-tərəzi quruldu, yer üzündə olanların hamısı bir yerə toplaşdı. Sur
çalındı, bu zaman gözlər bərəldi, ayələrin ətrini duyanlardan və dünyadan əlini
üzənlərdən başqa göylərdə və yerdə olanların hamısı lərzəyə gəldi.
Bu, elə bir gündür ki, Yer onda olanların hamısını
danışacaq; günahkarlar onun ağır yükləridir — əgər arifsənsə, bunu bil! Mövhumat
Ayı parçalandı və səmanı qatı bir tüstü bürüdü. Biz görürük ki, insanlar Qadir
və Qüdrətli Rəblərinin qorxusundan üzüqoylu düşürlər. Carçının sədası ucalır və
insanların beli qırılır — bu, şiddətli bir qəzəbdir. Sol tərəfdəki adamlar ah
çəkib ağlayırlar. Sağ tərəfdəki adamlar möhtərəm bir məqamda Rəhmanın əllərindən
dirilik şərabı alıb içirlər — onlar, həqiqətən, şərəfə nail olanlardır.
Yer silkələndi, dağlar tərpəndi və sıra-sıra
mələklər göründü. Bəndələrin əksəriyyəti məstlikdən əl çəkmir, biz onların
üzündə qəzəb əlamətləri görürük. Biz beləcə günahkarları bir yerə yıqdıq. Onlar
öz bütlərinə doğru tələsirlər. De: Bu Gün Allahın hökmündən heç kəs qurtula
bilməz. Bu, əzəmətli bir Gündür. Biz onları yoldan azdıranları onlara
göstəririk. Onlar həmən kəslərə baxır, lakin başa düşmürlər. Onların gözləri
xumarlanıb, onlar həqiqətən, kordurlar. Onların dəlili — özlərinin
iftiralarıdır, bunlar da Qoruyan, Qəyyum Allahın yanında batildir. Şeytan
onların ürəklərinə fitnə-fəsad salıb və onlar bu gün qaçılmaz bir əzabdadırlar.
Onlar azğınların kitabı ilə şər adamlara doğru tələsirlər. Onların əməlləri
belədir.
De: Göy bükülüb, Yer Onun ovcundadır və
günahkarların kəkilindən tutulub, amma onlar bunu bilmirlər. Onlar iylənmiş su
içirlər, amma bunu anlamırlar. De: Çağırış sədası ucaldı, insanlar qəbirlərindən
çıxdılar və qalxıb ətrafa baxdılar. Onların bəziləri Rəhmanın sarayına doğru
tələsdilər, bəziləri üzü üstə cəhənnəm oduna düşdülər, bəziləri isə heyrətdən
donub qaldılar. Ayələr nazil oldu, onlar ondan üz döndərdilər, dəlillər nazil
oldu, onlar ondan üz döndərdilər, dəlillər gətirildi, onlar ondan qafil oldular.
Onlar Rəhmanın üzünü gördükləri zaman üzlərini turşudub əylənməkdə davam
edirlər. Onlar cəhənnəm oduna doğru tələsərək, onu nur hesab edirlər. Allah
onların gümanlarından çox ucadır. De: Siz şadlıq etsəniz də, qəzəbdən coşsanız
da, səma yarılmış və Allah öz şəksiz hökmranlığı ilə gəlmişdir. Bütün şeylər
belə söyləyir: "Hökmranlıq — Qüdrətli, hər şeyi Bilən və hikmət Sahibi olan
Allaha məxsusdur!"
Bil ki, biz böyük bir məhbəsdəyik və o, müşriklərin
əlinə keçdiyindən ətrafımızı zülm qoşunu bürüyüb. Lakin Qulam elə bir sevinc
içərisindədir ki, yer üzündə olan bütün şeylər onunla müqayisəyə gəlməz. Allaha
and olsun, Allahın yolunda Onu nə zalımların zərbələri, nə də inkarçıların
hədələri kədərləndirə bilməz. De: Bəlalar — bu Əmrin üfüqüdür, ondan fəzl günəşi
parlayır və nə mövhumat buludları, nə də bədxahların gümanları onun ziyasının
qarşısını kəsə bilməz.
Öz Ağanın yolu ilə get və Onun bəndələrini xatırla,
necə ki, O, qılınc altında da səni xatırlayır və qafillərin etirazları Ona mane
ola bilmir... Rəbbinin ətrini ətrafa yay və bircə an belə Onun Əmrinə xidmətini
dayandırma. Tezliklə Bağışlayan və Kəramətli Rəbbinin köməyi yetişəcək...
š 18 ›
De: Biz Bəyan suyunu ərşdən ona görə nazil etdik ki,
sizin könüllərinizdə hikmət və bilik otları cücərsin. Buna şükr edirsinizmi?! O
kəslər ki, öz Rəblərinə ibadət etməkdən boyun qaçırırlar, onlar Onun dərgahında
qəbul olunmayacaqlar. Onlara ayələr oxunarkən, təkəbbür və günahda israr edir və
düşünmürlər. Beləcə kafirlik edənlər qara tüstü altında qalarlar. Qiyamət saatı
yetişdi, onlar isə əylənməkdədirlər. Artıq onların kəkilindən tutulub, amma
onlar bunu bilmirlər. Hadisə baş verib, onlar isə ondan qaçırlar. Labüd olan
yetişib, onlar isə ondan üz döndərirlər.
Bu, elə bir Gündür ki, hər kəs özündən qaçar, nəinki
öz yaxınlarından — bunu anlayın! De: Allaha and olsun, Sur çalındı və insanları
huşsuz görürük. Səslənən səsləndi və carçı nida etdi: "Hökmranlıq — Qüdrətli,
Qoruyan və Qəyyum Allaha məxsusdur!"
Bu, elə bir Gündür ki, gözlər bərələr, hər şeyi
Bilən və Hikmət Sahibi olan Rəbbinin yönəltdiyi kəslərdən başqa yer üzündə
olanların hamısı lərzəyə gələr. Rəhmanın işıqlı qəlb bəxş etdiyi kəslərdən
savayı, hamının üzü qaralar. Gözəl və Şərəfli Allaha baxanda, kafirlərin gözləri
süzülər.
De: Məgər siz Quranı oxumamısınız? Onu oxuyun ki,
həqiqəti tapasınız, çünki o, Doğru Yoldur. Bu, göylərdə və yerdə olanlar üçün
Allahın yoludur. Əgər siz Quranı unutmusunuzsa, Bəyan sizdən uzaq deyil. Onu
əlinizə alıb oxuyun ki, peyğəmbərlərin şikayətləndiyi əməllərdən çəkinəsiniz.
Qəbirlərdən qalxın, nə vaxta qədər yatacaqsınız? Bu,
sonuncu (ikinci) Sur səsidir, kimi gözləyirsiniz?! Bu, sizin mərhəmətli
Rəbbinizdir, siz isə Ondan üz döndərirsiniz. Yer titrədi və öz yüklərini atdı.
Siz yenəmi inkar edirsiniz?! De: Məgər görmürsünüz ki, dağlar yun kimi olub,
insanlar Onun Əmrinin əzəmətindən lərzəyə gəlib?! Budur, onların evləri xaraba
qalıb, onlar özləri isə darmadağın edilmiş qoşuna bənzəyirlər.
Bu, elə bir Gündür ki, Rəhman irfan buludları
üzərində aşkar bir hökmranlıqla gəlmişdir. O, bütün əməllərə şahiddir və əgər
siz anlasanız, O, gözünüzün önündədir. Dinlərin səması parçalandı, irfanın yeri
yarıldı və mələklər göydən endi. De: Bu, qarşılıqlı aldanma günüdür, hara
qaçırsınız?! Dağlar dağıldı, səma büküldü, yer Onun ovçundadır — kaş bunu
biləydiniz! Sizi kim qoruyacaq?! Rəhmandan başqa heç kəs! Bütün hamilə olanlar
öz yüklərini yerə qoydular. İnsanların və çinlərin bir yerə toplaşdığı bu gündə
biz adamların məst olduğunu görürük.
De: Allaha şəkkinizmi var?! Baxın, O fəza
mənbəyindən qüdrət və hökmranlıqla gəldi! Onun əlamətlərinə şəkkinizmi var?!
Gözlərinizi açıb baxın, budur Onun dəlili! Cənnət sağ tərəfdə, sizin
yaxınlığınızdadır; cəhənnəm də şölələnir — bu, yandırıcı bir atəşdir. Bizim
tərəfimizdən sizə mərhəmət olaraq, cənnətə daxil olun və orada Rəhmanın əlindən
dirilik şərabı alıb için. Nuş olsun sizə, ey Bəha əhli! Allaha and olsun ki, siz
şərəfə nail olmusunuz! Bu, Allaha yaxın olanların nail olduğu şeydir. Bu axar su
mərhəmətli Rəbbinizin Quranda, sonra isə Bəyanda mükafat olaraq sizlərə vəd
etdiyidir. Xoş onu içənlərin hesabına!
Ey nəzərlərini Mənə dikmiş bəndə! Allaha şükr et ki,
Məhbəsdə bu Lövhəni sənə nazil etdi. Və sən bununla insanlara Qüdrətli və hər
şeyi Bilən Rəbbinin günlərini xatırlamalısan. Beləcə Biz hikmət və bəyan suyu
ilə sənin imanının bünövrəsini qoyduq. Bu, həmən sudur ki, mərhəmətli Rəbbinin
taxtı onun üstündə qurulub. "Onun taxtı suyun üzərindədir". Bu barədə fikirləş
ki, başa düşəsən. Və de: həmd olsun Allaha— aləmlərin Rəbbinə!
š 19 ›
Elm və işıqlı ürək sahiblərinə bəllidir ki,
Görünməz Cövhər və Bənzərsiz Mahiyyət aşkar və zahir olmaq, yüksəlmək və enmək,
girmək və çıxmaq kimi xüsusiyyətlərdən uzaqdır və istənilən vəsf edənin
vəsfindən, istənilən dərk edənin idrakından ucadır. O, əzəldən öz mahiyyətində
görünməz olmuş və olmaqdadır, həmişə də Öz varlığında gözlərdən və nəzərlərdən
gizli qalacaqdır. "Gözlər Onu dərk edə bilməz, amma O, gözləri dərk edər. O hər
şeyə nüfuz edən və hər şeydən xəbərdardır..."
Əzəli Mahiyyəti dərk etmək qapıları məxluqatın üzünə
bağlandığı üçün O: "Onun mərhəməti bütün şeylərdən üstündür" və "Mənim
mərhəmətim bütün şeyləri bürüyür" — hökmlərində deyilən sonsuz mərhəmətinə uyğun
olaraq, ruhani ruh aləmlərindən nurani müqəddəslik cövhərlərini şərəfli insan
vücudlarında adamlar arasında zühur etdirdi ki, o Əzəli Mahiyyətdən və Qədim
Cövhərdən xəbər versinlər. Və bu Müqəddəs aynalar və Şərəfli Şəfəqlər hamılıqla
o Varlıq Günəşini və Məqsəd Cövhərini əks etdirirlər. Məsələn, onların biliyi
Onun biliyindən, onların qüdrəti Onun qüdrətindən, onların hökmranlığı Onun
hökmranlığından, onların Camalı Onun Camalından və onların zühuru Onun
zühurundandır. Onlar ilahi biliklərin xəzinələri, əbədi hikmətin daşıyıçıları,
tükənməz feyzin təzahürləri və əzəli Günəşin şəfəqləridir...
Bu müqəddəs Vücudlar ilkin və əzəli aynalar
olmaqla, Görünməzlər görünməzini və Onun bütün adları və sifətlərini — elmini,
qüdrətini, hakimiyyətini, əzəmətini, mərhəmətini, hikmətini, şərafətini,
səxavətini və kəramətini əks etdirirlər. Və bütün bu sifətlər həmin misilsiz
cövhərlərin zühuru sayəsində aşkar və bəlli olmuşdur. Elə olmayıb və indi də elə
deyil ki, bu sifətlər bəzilərində olsun, bəzilərində isə yox. Əksinə, bütün
seçilmiş peyğəmbərlər və müqəddəs elçilər bu sifətlərə malik olmuş və bu adlarla
adlanmışlar. Sadəçə bəziləri müəyyən məqamlarda daha güclü zühurla və daha
parlaq nurla meydana çıxırlar. Necə ki, buyurur: "Biz bu elçilərin bəzilərini
digərlərindən üstün etdik".
Beləliklə, məlum və aydın oldu ki, bütün bu ali
sifətlər və sonsuz adlar onun peyğəmbərləri və övliyalarında aşkara çıxır —
istər bu sifətlərdən bəzisi o nurani vücudlarda aydın şəkildə təzahür etsin,
istərsə də etməsin. Əgər hər hansı bir sifət o pak ruhlarda açıq-aşkar özünü
göstərmirsə, bu, o demək deyildir ki, o ilahi sifətlər xəzinələrində və rəbbani
adlar mədənlərində həmin sifətin mövcudluğu inkar edilməlidir. Belə ki, bu
nurani vücudların və bənzərsiz simaların hamısına Allahın hökmranlıq, əzəmət və
digər bu kimi bütün sifətləri verilir. Hərçənd ola bilər ki, onlar zahirdə aşkar
hökmranlıq və digər bu kimi keyfiyyətlərə malik olmasınlar...
š 20 ›
De: Görünməz Varlıq heç bir qiyafədə təcəssüm edib
görünə bilməz. O həmişəlik sözlə deyilən və gözlə görünən şeylərdən ucadır.
Özünün ən ali məqamından O belə söyləyir: "Həqiqətən, Mənəm Allah, Məndən başqa
Allah yoxdur, Mənəm hər şeyi Bilən və Hikmət Sahibi! Mən Özümü və öz
əlamətlərimin işığını zühur etdirdim və onun vasitəsilə bütün şeylərə dedirtdim:
Ondan başqa Allah yoxdur, O— Bənzərsiz, Vahid, hər şeyi Bilən və hər şeydən
Xəbərdardır". Görünməz Varlıq yalnız zühur edən Kəs vasitəsilə tanına bilər,
zühur isə özlüyündə ümmətlər üçün ən böyük dəlildir...
š 21 ›
Ey Salman! Əzəli Mahiyyətə doğru yol hamının üzünə
bağlı olmuşdur və bağlı da qalacaqdır. Amma öz fəzli və inayəti sayəsində O,
bənzərsizlik üfüqündən parlayan Günəşləri insanlar arasında zühur etdirmiş və bu
müqəddəs şəxslərin dərk edilməsini Özünün tanınmasına bərabər tutmuşdur. Onları
tanıyan Allahı da tanımış olar, Onların sözlərini eşidən Allahın sözlərini də
eşitmiş olar, Onların həqiqətini təsdiq edən Allahın həqiqətini də təsdiq etmiş
olar. Və onlardan üz döndərən Allahdan üz döndərmiş olar, Onlara qarşı küfr edən
Allaha qarşı küfr etmiş olar. Onlar göylərlə yer arasında Allahın Yolu, Əmr və
xilqət səltənətlərində Allahın tərəzisidirlər. Onlar Allahın təzahürləri,
bəndələr arasında onun dəlilləri və məxluqat içərisində Onun sübutlarıdır...
š 22 ›
İlahi əmanətin daşıyıcıları Mülk aləmində yeni hökm
və təzə Əmrlə zühur edirlər. Əbədi Ərşin bu Quşları İlahi İradə səmasından nazil
olduğundan və hamısı Allahın qətiyyətli əmrini çatdırdığından, Onları bir qəlb
və bir şəxs saymaq olar. Belə ki, Onların hamısı ilahi məhəbbət piyaləsindən
içir və tövhid ağacının meyvələrindən qidalanırlar.
Bu haqq Məzhərləri iki məqama malikdirlər.
Birincisi — sırf mücərrədlik və mahiyyətcə birlik məqamıdır. Bu məqamda Onları
bir adla adlandırıb eyni cür təsvir etsən, səhv etmiş olmazsan. Necə ki,
buyurur: "Biz Onun peyğəmbərləri arasında fərq qoymuruq".
Çünki Onların hamısı insanları tövhidə dəvət edir, tükənməz feyz və fəzl
Kövsərinin müjdəsini verirlər. Və Onların hamısı peyğəmbərlik xalatına layiq
görülmüş, kəramət əbası ilə şərəflənmişlər. Buna görədir ki, Quran nöqtəsi
(Həzrət Məhəmməd) buyurur: "Bütün peyğəmbərlər Mənəm!" Və həmçinin buyurur:
"Mənəm birinci Adəm, Nuh, Musa və İsa!" Eyni məzmunlu kəlamı İmam Əli də
buyurmuşdur. Bu mücərrədlik timsallarının mahiyyətcə birliyinə dəlalət edən belə
sözlər Əzəli Kəlamın məcraları və Elm gövhərlərinin xəzinələri tərəfindən izhar
olunmuş və kitablarda yazılmışdır. Bu simalar Hökmün daşıyıcıları və Əmrin
parıltılarıdır. Əmr isə çoxluq pərdələrindən və say maneələrindən ucadır. Buna
görədir ki, buyurur: "Bizim Əmrimiz birdir". Əmr birdirsə,
əlbəttə, Əmrin məzhərləri də birdir. Həmçinin din imamları və yəqinlik çıraqları
buyurmuşlar: "Bizim birincimiz — Məhəmməd, sonuncumuz — Məhəmməd, ortancılımız —
Məhəmməddir".
Xülasə, cənabınıza məlum və aydın oldu ki, bütün
peyğəmbərlər Allah Əmrinin mücəssəmələridir ki, müxtəlif libaslarda zühur
etmişlər. Əgər incə nəzərlə baxsanız, görərsiniz ki, onların hamısı bir cənnətdə
yaşayır, bir havada uçur, bir xalçada oturur, bir sözü deyir və bir əmri
çatdırırlar. Bu varlıq cövhərlərinin, bu hüdudsuz və ölçüsüz günəşlərin birliyi
belədir. Odur ki, əgər bu müqəddəs məzhərlərdən biri: "Mən bütün peyğəmbərlərin
qayıdışıyam" — deyə buyursa, o, haqlıdır. Həmçinin hər sonrakı zühurda əvvəlki
zühurun qayıtmasının doğruluğu da şübhəsizdir...
İkinci məqam — ayrılıq (fərqlənmə) məqamıdır, xilqət
aləminə mənsubluq və bəşəri məhdudluq səviyyəsidir.
Bu məqamda onlardan hər biri xüsusi fərdiyyətə,
müəyyən əmrə, təyin edilmiş zühura və özünəməxsus hədlərə malik olur. Belə ki,
hərəsi bir adla adlanır, bir əlamətlə tanınır, yeni bir vəzifə yerinə yetirir və
təzə bir qanun gətirir. Necə ki, buyurur: "Biz bu Elçilərin bəzilərini
digərlərindən üstün etdik. Allah bunlardan bəziləri ilə danışmış, bəzilərinin
isə dərəcələrini yüksəltmişdir. Məryəm oqlu İsaya aşkar möcüzələr verdik və Onu
Müqəddəs Ruhla qüvvətləndirdik". Məhz rütbələrdəki və məqamlardakı fərqin
nəticəsidir ki, həmin İlahi Bilik Mənbələri müxtəlif kəlamlar və sözlər
söyləyirlər. Amma ilahi məsələlərin çətinliklərindən hali olanların nəzərində
onların hamısı əslində bir söz deyirlər. İnsanların əksəriyyəti isə sözügedən
məqamlardan xəbərsiz olduğu üçün o vahid vücudların kəlamlarındakı fərqlərdən
narahatlıq və çaşqınlıq keçirirlər.
Xülasə, məlum olmuş və olacaqdır ki, sözlərdəki
bütün bu fərqlər məqamlardakı fərqlərdən doğur. Tövhid və yüksək mücərrədlik
məqamında isə rəbbanilik, ilahilik, tam yeganəlik və sirli mahiyyət kimi
xüsusiyyətlər bu varlıq cövhərlərinin hamısına xas olmuş və olmaqdadır. Çünki
onların hamısı ilahi zühur ərşində yaşayır və ilahi sirlər taxtında otururlar.
Yəni onların gəlişi ilə Allahın zühuru baş verir və onların camalından Allahın
Camalı aşkar olur. Necə ki, bu bənzərsiz vücudlardan ilahi nəqmələr eşidilir.
İkinci məqamda — fərdiyyət, fərqlənmə, məhdudluq,
dünyəvi göstərişlər və nəsihətlər məqamında isə onlar Allah qarşısında mütləq
itaətkarlıq, tam təvazökarlıq və misilsiz fədakarlıq nümayiş etdirirlər. Necə
ki, buyurur: "Mən Allahın quluyam və mən də sizin kimi bir insanam"...
Əgər bu kamil məzhərlərdən "Mən Allaham!" nidası
eşidilərsə, bu, doğrudur və buna heç bir şübhə yoxdur. Axı dəfələrlə sübut
edilmişdir ki, onların zühuru, sifətləri və adları ilə yer üzündə Allahın
zühuru, Allahın adı və Allahın sifəti aşkar olur. Buna görə də buyurur: "Atdığın
zaman sən atmadın, Allah atdı". Və həmçinin:
"Sənə beyət edənlər, şübhəsiz, Allaha beyət etmiş olurlar".
Əgər onlar: "Mən Allahın rəsuluyam" nəğməsini oxusalar, bu da doğrudur və buna
şəkk-şübhə yoxdur. Necə ki, buyurur: "Məhəmməd sizin kişilərinizdən heç birinin
atası deyildir, lakin Allahın rəsuludur". Bu məqamda onların
hamısı o Həqiqi Sultan və Əzəli Varlıq tərəfindən göndərilmişlərdir. Əgər
onların hamısı: "Mən peyğəmbərlərin möhürüyəm (sonuncusuyam)!" deyə nida
etsələr, bu da doğrudur və burada şübhəyə yer yoxdur. Çünki onların hamısı bir
şəxs, bir qəlb, bir ruh, bir bədən və bir vəhy deməkdir. Və hamısı o Həqiqi
Ruhlar Ruhunun və Əzəli Cövhərlər Cövhərinin başlanğıc və sonunun, əvvəli və
axırının, zahiri və batininin təzahürüdür. Həmçinin onlar: "Biz Allahın
qullarıyıq!" deyə buyursalar, bu da şübhəsiz və aydındır. Çünki onlar dünyada
bəndəliyin ən yüksək dərəcəsini nümayiş etdirirlər və yer üzündə heç kəs
bəndəliyin bu səviyyəsinə çata bilmir. Buna görə də o Varlıq cövhərləri əbədi
müqəddəslik dənizlərində qərq olarkən və həqiqi Sultanın mənalar zirvəsinə
ucalarkən, rəbbanilikdən və ilahilikdən söz açmışlar. Əgər diqqətlə baxılsa,
aydın olar ki, həmin məqamda onlar özlərini hədsiz yoxluq və fənada hiss
etmişlər, Mütləq Varlıq və Xalis əbədiyyət qarşısında sanki özlərini tamamilə
heç bilmişlər. Və həmən məqamda özlərindən söz açmağı müşriklik saymışlar. Çünki
bu məqamda azacıq da olsa özünü xatırlamaq varlığa
və mövcudluğa dəlalət edir. Bu isə vüsala yetənlərin nəzərində böyük günahdır. O
da qalsın ki, orada başqası xatırlansın; qəlb, dil, ürək və can Cananın
zikrindən başqa bir işlə məşğul olsun; və ya göz Onun Camalından başqa bir şeyə
baxsın; ya da qulaq Onun nəğməsindən savayı bir şey eşitsin; yaxud ayaq Onun
yolundan başqa bir yolla getsin...
Bir sözlə, bu məqama görə onlar rəbbanilikdən və
buna bənzər şeylərdən söz açmışlar, peyğəmbərlik məqamında isə
peyğəmbərliklərini izhar etmişlər, eləcə də hər bir məqamda ona uyğun söz
demişlər və əmr aləmindən tutmuş xilqət aləminə, ilahi aləmindən tutmuş Mülk
aləminə qədər hər şeyi özlərinə aid etmişlər. Odur ki, onlar nə buyursalar və
ilahilikdən, rəbbanilikdən, peyğəmbərlikdən, elçilikdən, övliyalıqdan,
imamlıqdan və bəndəlikdən nə qədər söz açsalar, hamısı doğrudur və buna şübhə
ola bilməz. Beləliklə, bu əsaslandırılmış sözlər üzərində düşünmək gərəkdir ki,
daha Qeyb Məzhərlərinin və Qüds təfəqlərinin sözlərindəki fərqlər heç kəsdə
narahatlıq və çaşqınlıq doğurmasın...
š 23 ›
Ötən əsrlər barəsində düşün. Hər dəfə ilahi inayət
Günəşi zühur üfüqündə parlayanda, insanlar ondan üz döndərmiş və etiraz etməyə
başlamışlar. Xalqa öndərlik edən şəxslər hər zaman və həmişə insanların Böyük
Dənizə üz tutmasına mane olmuşlar. Zamanın Xəlilini (Həzrət İbrahimi) dövranın
ruhanilərinin fitvası ilə oda atdılar, Kəlimi (Həzrət Musanı) yalan və iftirada
ittiham etdilər. Ruh (Həzrət İsa) haqqında düşün: hədsiz məhəbbət və şəfqətlə
zühur etməsinə baxmayaraq, o varlıq cövhərinin, görünən və görünməz aləmlərin
Sahibinin əleyhinə elə qiyam etdilər ki, özünə daimi yaşayış yeri tapa bilmədi,
hər gün bir yerə getdi və bir məhəllədə məskən saldı. Xatəmi-ənbiyaya (Həzrət
Məhəmmədə) — hamının ruhu ona fəda olsun!— diqqəq et, gör, mübarək tövhid
kəlməsini bəyan edəndən sonra bütpərəst və yəhudi ruhaniləri o Varlıq Sultanının
başına nələr gətirdilər. Həyatıma and olsun, Allahın əhdini və buyuruqlarını
pozanların, dəlillərini inkar edənlərin və ayələrinə etiraz edənlərin Onun
başına gətirdiyi müsibətlərə qələm ağlayır və bütün şeylər nalə çəkir.
Biz sənə ötənlərdə baş verənləri ona görə nəql
edirik ki, anlayanlardan olasan. Allahın peyğəmbərlərinin, seçilmişlərinin və
övliyalarının nə zülm çəkdiklərini eşitdin. İndi düşün ki, bunun səbəbi nə olmuş
və bunlar nə üçün baş vermişdir. Heç bir dövrdə və heç bir əsrdə peyğəmbərlər
düşmənlərin tənəsindən, zalımların zülmündən, zahidlik və möminlik libasına
bürünmüş üləmaların etirazından rahatlıq tapmamışlar. Onlar gecə-gündüz o qədər
bəlalarla üzləşmişlər ki, bunu ulu haqqın elmindən savayı heç nə ilə hesablamaq
mümkün olmamış və olmayacaqdır.
İndi bu Məzluma nəzər sal. O, aşkar əlamətlər və
dəlillərlə zühur etdiyi halda, yer üzündə baş verən hadisələri qabaqcadan aydın
şəkildə xəbər verdiyi halda, elm əhli olmamasına, mədrəsələrə getməməsinə və
mübahisələrdə iştirak etməməsinə baxmayaraq, ilahi elmləri və bilikləri leysan
yağış kimi bəndələrə nazil edib yaqdırdığı halda, gör necə Ondan üz döndərdilər
və Onun əleyhinə çıxdılar. Ömrünün əksər hissəsini O, düşmənlərin əlində
giriftar oldu, axırda da aşkar bir zülm nəticəsində bu böyük məhbəsdə məskən
saldı.
Allahın köməkliyi ilə əvvəllər və sonralar baş
verənlərə iti gözlə və işıqlı qəlblə nəzər sal ki, bu gün əksər insanların qafil
olduğu şeylərdən agah olasan. Allah eləsin ki, ilahi günlərin ətrindən məhrum
olmayasan və tükənməz nemətlərdən kənarda qalmayasan, haqqın inayəti sayəsində
bu Gün əzəli hökmdarın adı ilə aləmdə aşkar olan Böyük Dənizdən içəsən və
Allahın Əmri yolunda dağ kimi möhkəm, sarsılmaz və mətin olasan.
De: Pak və ucasan, ey Allah! Sən öz təzahürlərin
qarşısında bütün övliyalara acizliklərini etiraf etdirdin və Öz əbədi günəşinin
nurları qarşısında bütün seçilmişlərə faniliklərini təsdiq etdirdin. Səni
göylərin qapısını açan və Səma sakinlərini şövqə salan adına and verirəm, öz
günlərində mənim Sənə xidmət etməyimə imkan yarat və məni öz kitabında
buyurduqlarını yerinə yetirməyə müvəffəq eylə! Ya rəbb, Sən məndə olanı
bilirsən, Mən isə Səndə olanı bilmirəm, çünki sən hər şeyi Bilən və hər şeydən
Xəbərdarsan!
š 24 ›
Ey tövhid əhli! Allah Əmrinin məzhərləri və onlara
nazil olan ayələr arasında fərq qoymayın. Əgər siz yəqin edənlərdənsinizsə,
bilin ki, tövhidin həqiqi mənası budur. Həmçinin onların işləri, əməlləri,
aşkara çıxartdıqları və çıxartmadıqları şeylər barəsində ixtilafa yol verməyin,
çünki onların hamısı Allah tərəfindən göndərilmiş və Onun əmrini yerinə
yetirmişlər. Kim onların özləri və sözləri, onlara nazil olanlar, yaxud onların
xasiyyətləri və hərəkətləri arasında azacıq fərq qoyursa, Allaha, Onun ayələrinə
və peyğəmbərlərinə qarşı küfrə yol verir və müşriklərdən hesab olunur...
š 25 ›
Şübhə olmayıb və yoxdur ki, Şərəfli Haqqın
Məzhərlərinin günləri Haqqa Mənsubdur və müəyyən baxımdan onları Allahın günləri
adlandırmaq olar. Lakin bu Gün başqa günlərdən tamamilə fərqlənir. Xatəmin
sonunculuğundan Bu Günün məqamı aşkar və aydın olur...
š 26 ›
Şərəfli və Bənzərsiz hökmdar məxluqatın irfanından
üstün və dərk edənlərin idrakından uca bir tərifə layiqdir, çünki O əzəldən bəri
özündən aşağıda duranların zikrindən üstün olmuş və həmişə də Özündən başqasının
vəsfindən uca olacaqdır. Heç kim Onun zikrinin səmalarına layiq olduğu qədər
yüksələ bilməyib və heç kəs Onun vəsfinin zirvələrinə lazım olduğu qədər ucala
bilməyib. Onun şərəfli birliyinin hər nişanəsindən sonsuz müqəddəslik
təzahürləri aşkara çıxıb, onun qalibiyyətli qüdrətinin hər zühurundan tükənməz
nurlar parlamağa başlayıb. Onun Şərəfli səltənətinin ecazkar zühurları gör nə
qədər ucadır ki, göylərdə və yerdə olan bütün şeylər onun ən kiçik parıltısının
yanında tam bir heçliyə çevrilmişlər! Onun qalibiyyətli qüdrətinin nişanələri
gör nə qədər yüksəkdir ki, əzəldən əbədiyyətə qədər bütün yaradılmışlar onun ən
kiçik əlamətini dərk etməkdə aciz və gücsüz olmuşlar və olacaqlar! Onun
adlarının mücəssəmələri dodaqları susuzluqdan yana-yana axtarış vadisində
dolaşır, Onun sifətlərinin məzhərləri müqəddəslik Turunda: "Ya Rəbbim, özünü
mənə göstər!" — sözlərini dilə gətirirlər.
Onun tükənməz mərhəmət dənizinin bir dalğası bütün
məxluqatı varlıq bəzəyi ilə zinətləndirib, Onun bənzərsiz cənnətinin bircə
nəsimi bütün mövcudatı müqəddəslik xalatı ilə şərəfləndirib, Onun mütləq və
qalibiyyətli iradəsinin dəryasından sıçrayan bir damla sonsuz və intəhasız
xilqəti tam yoxluqdan varlıq meydanına gətirib. Onun səxavətinin möcüzələri heç
zaman bitməmiş, Onun fəzl və feyzinin zühurları heç vaxt kəsilməmişdir. O,
əzəldən yaratmış və əbədi olaraq da yaradacaqdır. Hər dövrdə və hər mərhələdə O
Öz ecazkar fitrətinin zühurlarının işığı ilə xilqəti yeniləşdirir ki, göylərdə
və yerdə olan bütün şeylər — istər kainatda Onun şərəfli əlamətlərini əks
etdirən varlıqlar, istərsə də Onun müqəddəs təzahürlərini daşıyan insanlar —
Onun Birlik meyxanəsinin mərhəmət şərabından məhrum olmasınlar və Onun səxavət
buludunun feyz damlalarından ümidlərini üzməsinlər. Onun tükənməz fəzlinin
möcüzələri gör nə qədər genişdir ki, bütün kainatı bürüyüb. Belə ki, görünən
aləmdə Onun şərəfli birliyinin təzahürlərindən söz açmayan, Onu tərifləməklə
məşğul olmayan, Onun vəhdət günəşinin nurlarını əks etdirməyən bircə zərrə də
tapmazsan. O Öz yaratdıqlarını elə əhatəli və kamil şəkildə xəlq edib ki, bütün
ağıl və könül sahibləri Onun ən cılız məxluqunu olduğu kimi dərk etmək
istəsələr, hamılıqla özlərinin aciz və gücsüz olduqlarını görərlər. Belə olan
təqdirdə o Şərəfli həqiqət Günəşinin, o görünməz və bilinməz Mahiyyətin dərk
olunmasından danışmağa dəyməz. Müdriklərin idrakı, natiqlərin nitqi, fəsahət
əhlinin vəsfi bütünlüklə Onun yaratdıqlarına aid olmuş və olacaqdır. Yüz min
Musa axtarış Turunda: "Sən Məni görə bilməzsən!" — nidasından ildırım vurmuş
kimi yerində donub qalmış, yüz min İsa yaxınlıq səmasında: "Sən məni dərk edə
bilməzsən!" — sözlərini eşidərək, iztiraba düşmüşdür. O əzəldən ülvi bir paklıq
və ucalıqla Öz müqəddəs mahiyyətinin gizli məkanında olmuş, həmişə də hədsiz bir
yüksəklik və əlçatmazlıqla öz varlığının xəzinəsində olacaqdır. Onu tanımaq üçün
yaxınlıq səmasına yüksələnlər yalnız heyrət mənzilinə yetişmiş, Onun vüsal
hərəminə yollananlar yalnız acizlik və həsrət vadisinə qədəm qoymuşlar.
Bu cılız zərrə Səni dərk etməyin müqəddəs dənizinin
dərinliklərinə baş vurmaq istərkən, necə də heyrətdə qalır, Sənin
yaratdıqlarında təzahür edən qüdrətin barədə düşünərkən, nə qədər aciz olur!
Əgər desəm ki, gözlə görünürsən, göz özünü görmür, Səni necə görə bilər?! Əgər
desəm ki, qəlblə dərk olunursan, qəlb özündəki təzahür məqamlarını dərk etməyib,
Səni necə dərk edə bilər?! Necə deyim ki, Sən tanınırsan? Axı Sən mövcudatın
idrakından üstünsən! Və necə deyim ki, Sən tanınmırsan? Axı Sən o qədər aşkarsan
ki, gizli və tanınmamış qala bilməzsən! Əzəldən Sənin fəzl, vüsal və görüş
qapıların məxluqatın üzünə açıqdır, Bənzərsiz Camalının nurları aşkar və gizli
varlıqların üzərinə yayılıb. Bu böyük fəzlə, tam və daimi inayətə baxmayaraq,
şəhadət verirəm ki, Sənin müqəddəs və şərəfli məqamın Səndən başqalarının
irfanından uca olmuşdur və Sənin ünsiyyət dərgahın Səndən özgələrinin idrakından
yüksəkdə duracaqdır. Sən yalnız Öz Varlığınla tanınır və Öz Mahiyyətinlə
bilinirsən. Nə qədər misilsiz və şərəfli vücudlar Sənin hicran və ayrılıq
çöllərində canlarını qurban vermişlər. Nə qədər müqəddəs və əbədi ruhlar
müşahidə səhrasında mat-məəttəl qalmışlar. Neçə-neçə aşiqlər hədsiz istək və
şövqlə fəraq odunun qızmar şölələrindən yanmış, neçə-neçə sadiqlər Sənin
vüsalına ümid bəsləyərək can vermişlər. Nə aşiqlərin naləsi və hönkürtüsü Sənin
müqəddəs dərgahına çatar, nə də axtaranların və müştaqların fəryadı və iniltisi
Sənin şərəfli məqamına yetişər...
š 27 ›
Tövhid cövhərləri və şükr inciləri O Bənzərsiz
Sultanın və Şərəfli hökmdarın hüzuruna ucalsın ki, məxluqatın mahiyyətlərini,
gerçək mövcudatın dəqiqlik və incəliklərini yoxluq və heçlikdən varlıq və
qədimlik aləmlərində aşkara çıxardı, sonra da onları uzaqlıq və fanilik
əzabından xilas edərək, qüdrət və əbədiyyət səltənətinə yetişmək şərəfinə nail
etdi. Və bu, yalnız Onun həmişəlik inayəti və geniş mərhəməti sayəsində baş
verdi, çünki aydın məsələdir ki, xalis yoxluğun varlıq qabiliyyəti ola bilməz və
tam fani bir şey yaranmağa və mövcudluğunu davam etdirməyə qadir ola bilməz.
Bütün aləmi yaratdıqdan və mövcudatı xəlq etdikdən
sonra O, Muxtar adının işığı
ilə məxluqat içərisindən Onu tanımaq və sevmək üçün insanı seçdi ki, bu da
kainatın yaradılmasının səbəbi və son məqsədi idi... Belə ki, O hər bir şeyin
varlığında və mahiyyətində Öz adlarından birini təzahür etdirdi və Öz
sifətlərindən birini əks etdirdi, amma insanı Özünün bütün adları və
sifətlərinin məzhərinə, Öz varlığının güzgüsünə çevirdi və yalnız insanı bu
böyük fəzlə və əzəli mərhəmətə layiq gördü.
Lakin hidayət səhərinin şəfəqləri və inayət
günəşinin şüaları insanın mahiyyətində gizli və örtülüdür. Necə ki, şölə, şüalar
və işıq şamın və çırağın mahiyyətində gizlənmişdir və aləmi işıqlandıran günəşin
parıltısı bəşəri işlərin tozu və pası ilə tutqunlaşıb qaralmış güzgülərdə və
əşyalarda pünhan və görünməzdir. İndi bu şamı və çırağı yandıran lazımdır, bu
güzgüləri və əşyaları cilalayan gərəkdir. Aydındır ki, şölələnən od olmasa,
çıraq heç vaxt yanmaz, güzgü pasdan və tozdan təmizlənməsə, onda parlaq günəşin
əksi və şəkli görünməz, işığı və nuru inikas olunmaz.
Məxluqatla haqq, yarananla Əzəli, mümkünlə Vacib
arasında heç bir vəchlə rabitə, əlaqə, uyğunluq və oxşarlıq olmamışdır və
yoxdur. Buna görə də O hər dövrdə və hər əsrdə pak bir Varlığı Mülk və Mələkut
aləmlərində zühur etdirir və bu ilahi incini, bu əbədi gövhəri iki ünsürdən
yaradır: zahiri cismani ünsürdən və ilahi mənəvi ünsürdən. Eyni zamanda Ona iki
məqam bəxş edir. Birincisi, həqiqət məqamıdır ki, bu məkanda o yalnız Rəbbi olan
Allahın adından danışır. Necə ki, hədisdə buyurur: "Mənimlə Allah arasında
müxtəlif hallar var: Mən: — O-yam, O da Mən, amma Mən — mənəm, O da O!" Həmçinin
buyurur: "Dayan ey Məhəmməd, sevən də Sənsən, sevilən də Sənsən!". Yenə də
buyurur: "Səninlə onlar arasında fərq yoxdur, amma onlar Sənin bəndələrindir".
İkinci məqam — insanlıq məqamıdır. Necə ki, buyurur: "Mən də sizin kimi bir
insanam". Həmçinin: "De: pak və ucasan, ey mənim Rəbbim! Məgər mən göndərilmiş
bir insan deyiləmmi?!" Əbədi mərhəmətin vasitəçiləri olan bu müqəddəs Varlıqlar
və işıqlı Mahiyyətlər ən böyük yolgöstərənlik və ən yüksək tərbiyəçilik vəzifəsi
ilə göndərilirlər ki, qeybdən gələn ilhamların, ilahi feyzlərin və qüdsiyyət
yellərinin köməyi ilə müştaqların könüllərindən və sadiqlərin qəlblərindən Mülk
aləminin tozlarını təmizləyib onları nurlandırsınlar, möminlərin ürəklərindən
məhdudluq pasını silib onları saflaşdırsınlar və beləliklə də, insanların
mahiyyətində gizlənmiş İlahi əmanət Allahın üfüqündən parlayan nurlu günəş kimi
pünhanlıq hicabının və məxfilik pərdəsinin arxasından baş qaldırsın, Zühur
bayrağı könüllərin və ürəklərin zirvələrində ucaldılsın.
Bu sözlərdən və işarələrdən məlum və aydın oldu ki,
Mülk və Mələkut aləmlərində əbədi mərhəmət vasitəçisi, ilahilik və rəbbanilik
adının məzhəri olan bir Varlığın və Mahiyyətin zühur etməsi labüddür. Bütün
insanlar həmin həqiqət Günəşinin tərbiyəsi altında yetkinləşməli və onların
mahiyyətində qoyulmuş bu məqama və mərtəbəyə çatmaq şərəfinə nail olmalıdırlar.
Buna görədir ki, bütün Dövrlərdə və zamanlarda peyğəmbərlər və övliyalar ilahi
qüvvət və əbədi qüdrətlə insanlar arasında zühur etmişlər. Və sağlam ağlı olan
insan heç vaxt mənasını anlamadığı bir sıra sözlərə görə bu hidayət qapısının
bağlı olduğunu zənn etməz, bu günəşlərin və nurların başlanğıcı və sonu olduğunu
düşünməz. Çünki bu əbədi feyzdən daha böyük bir feyz olmamışdır və bu tükənməz
ilahi mərhəmətdən daha yüksək bir mərhəmət olmayacaqdır. Şübhə yoxdur ki, əgər
bu inayət və feyz bircə anlıqa aləmdən kəsilsə, o, əlbəttə, yox olar. Buna görə
də əzəldən Haqqın mərhəmət qapıları dünyanın və məxluqatın üzünə açıq olmuşdur
və həmişə də Həqiqət buludundan inayət və səxavət yağışları qabiliyyətlər,
mahiyyətlər və fərdiyyətlər torpağına tökülərək, onları feyziyab edəcəkdir.
Əzəldən əbədiyyətə qədər Allahın qaydası budur...
š 28 ›
Xoş o kəsin halına ki, Mənim Əmrimin xidmətinə
qalxır və Mənim gözəlliyimin tərifini söyləyir. Mənim qüvvətimlə Mənim Kitabımı
al və Əmr edən, Hikmət Sahibi olan Rəbbinin oradakı göstərişlərindən möhkəm
yapış!
Ya Məhəmməd, şiə məzhəbi tərəfdarlarının əməlləri və
sözləri yüksək ruh və mənəvi güc aləmlərini dəyişdirmiş və sarsıtmışdır. İlkin
çağlarda insanların ağasının (Həzrət Məhəmmədin) adından yapışdıqları üçün
onlara hər gün bir qələbə üz verir, bir zəfər nəsib olurdu. Amma elə ki, həqiqi
Ağadan, ilahi nurdan və mənəvi birlikdən əl çəkib Onun sözlərinin zahirindən
yapışdılar, o zaman onların gücü zəifliyə, şərəfi zillətə, cürəti qorxuya
çevrildi. Nəhayət, iş o yerə çatdı ki, hamı görüb və görür: onlar tövhid
nöqtəsinə çoxsaylı şəriklər qoşdular və elə əməl etdilər ki, bu, Qiyamət Günündə
həmin məzhəb tərəfdarlarının Şərəfli Haqqı tanımasına mane oldu. Ümid onadır ki,
bundan sonra onlar özlərini yanlış təsəvvürlər və gümanlardan qoruyacaq və
həqiqi tövhidə nail olacaqlar.
Zühur mücəssəməsi Haqqın canişini olmuş və
olacaqdır. O, ən gözəl adların təzahürü, ən ali sifətlərin inikasıdır. Əgər Onun
oxşarı və bənzəri olsaydı, necə təsdiq etmək olardı ki, Onun ulu mahiyyəti
oxşarsızdır və Onun varlığı bənzərsizdir?! Sənə haqq ilə nazil etdiyimiz
üzərində düşün və ariflərdən ol!..
š 29 ›
Yaradılışdan məqsəd Haqqı tanımaq və Ona
yaxınlaşmaq olmuş və olacaqdır. Necə ki, bütün ilahi Kitablarda və mötəbər
rəbbani Yazılarda bu ülvi mətləb və ali məqsəd açıq və aydın şəkildə
xatırlanmışdır. Bu hidayət sübhünə və birlik səhərinə yetişən kəs əsl behişt və
ən uca cənnət olan yaxınlıq və vüsal məqamına nail oldu və Sidrətül-müntəhanın
arxasında yerləşən "iki yay uzunluğu" məkanına
varid oldu. Buna nail olmayan kəs isə zahirdə yüksək kürsülərdə və uca taxtlarda
otursa da, əsl alov (cəhənnəm) və həqiqi qovulmaq sayılan uzaqlıq məkanlarında
sakin olmuş və olacaqdır.
Bəli, o həqiqət Səması bütün insanları uzaqlıq və
həsrət solundan yaxınlıq və görüş sağına çatdırmaq qüdrətinə malikdir. "Əgər
Allah istəsə, bütün insanları bir ümmət edər", lakin əsas məqsəd pak ruhların və
xalis cövhərlərin yüksələrək, öz əsil fitrətləri ilə ən böyük Dənizin sahilinə
çatdırmasıdır ki, bununla Cəlal Sahibinin Camalını arayanlarla azğınlıq və
yanlışlıq məkanına sığınanlar bir-birindən ayrılıb seçilsinlər. Şərəfli və Nurlu
Qələmin yazdığı hökm belədir...
Həmçinin ədalət məzhərlərinin və fəzilət
şəfəqlərinin zahiri qüdrət və dünyəvi hakimiyyət vasitələri olmadan zühur
etməsinin səbəbi də məhz ayırmaq və seçmək məqsədi olmuşdur. Belə ki, əgər o
Əzəli Cövhər Onda olan bütün şeylərlə zühur edib parlayarsa, heç kəsdə inkar və
etiraz imkanı qalmaz, əksinə, bütün məxluqat Onun nurlarını gördükdə ildırım
vurmuş kimi donub qalar, bəlkə də tamamilə fani olar. Daha bu halda Allaha üz
tutanlarla Allahdan üz döndərənlər bir-birindən seçilməz. Necə ki, bütün əvvəlki
zühurlarda bu mətləb aşkara çıxıb...
Buna görədir ki, hər yeni zühur və yüksək təzahür
zamanı müşriklər əbədi Camalı və Bənzərsiz Simanı digər insanlar kimi adi
dünyəvi qiyafədə görürdülər. Həmin səbəbdən də pərdə arxasında və qəflətdə qalıb
o yaxınlıq Sidrəsinə yaxınlaşmırdılar, əksinə, Allaha üz tutanları qırıb məhv
etmək fikrinə düşürdülər. Necə ki, bu dövrdə də eyni hal müşahidə olundu: bu
cılız səfehlər elə güman ediblər ki, qətl və qarətlə, Allahı sevənləri
şəhərlərdən sürgün etməklə İlahi Qüdrət çırağını söndürə bilərlər və əbədi
Günəşin nurunun qarşısını almağı bacararlar. Amma bilmirlər ki, bütün bu bəlalar
əslində həmin çırağın şölələnməsi üçün tökülən yaq kimidir. Beləcə Allah hər
şeyi istədiyi kimi dəyişdirər, çünki O hər şeyə qadirdir... Hər halda Həqiqi
Sultanın səltənətinə, qüdrətinə və hakimiyyətinə diqqət yetirin və qulaqlarınızı
inkar məzhərlərinin və qəzəb mücəssəmələrinin sözlərindən təmizləyin. Tezliklə
haqqın hər yeri bürüyüb hamıya üstün gəldiyini görəcəksiniz və Ondan aşağıda
duranların yox olub tam bir heçə çevrildiyinin şahidi olacaqsınız. Hərçənd
Allaha şükür, Haqq və Onun məzhərləri həmişə öz uca zirvələrində və yüksək
məqamlarında olmuşlar. Əgər siz bu Qulamın gözü ilə baxsanız, əslində ucalıq və
yüksəklik Onun sözü ilə yaranmışdır...
š 30 ›
Allah şahiddir ki, Ondan başqa Allah yoxdur. O,
Qüdrətli və Sevimlidir. Səxavət və fəzilət Onun əlindədir — kimə istəyirsə və nə
istəyirsə, bəxş edir. Həqiqətən, O Qadir, Qüdrətli, Qoruyan və Qəyyumdur. De:
Biz o Kəsə iman gətirdik ki, tərifəlayiq Həqiqi Sultan tərəfindən Əli adı ilə
zühur etdi, həmçinin o Kəsə ki, müstəcasda gələcək və o
Kəsə ki, Ondan sonra gələcək və beləcə axıra qədər ki, onun axırı yoxdur.
Biz onların zühurunda Allahın zühurundan və onların
batinlərində Onun batinindən başqa bir şey görmürük — bünu anlayın. Onların
hamısı Allahın güzgüləridir, belə ki onlarda Allahın Özündən və Camalından,
Allahın Qüdrətindən və Şərəfindən başqa bir şey görünmür— bunu bilin. Onlardan
başqaları — onların güzgüləridir, onlar isə ilkin güzgülərdir— bunu dərk edin.
Heç kəs heç bir şeydə onlardan üstün deyil, onlar hər şeydə üstündürlər. De:
Əzəli Varlığın güzgüləri sona çatmaz, eləcə də onların camalının güzgüləri
qurtarmaz, çünki Allahın feyzi heç vaxt kəsilən deyil. Bu, təkzibolunmaz bir
həqiqətdir...
š 31 ›
...Başlanğıcda birinci Adəmə tərəf bax, sonra onun
ardınca Əmrin Əli Məhəmmədə gəlib çatmasına nəzər sal. De: Allaha and olsun ki,
onların hamısı Əmr məşriqindən böyük Kitab, səhifə və Lövhə ilə gəliblər və hər
biri müəyyən edildiyi qədər gətiriblər. Əgər siz ariflərdənsinizsə, bilin ki,
bu, Bizim onlara mərhəmətimizdir...
Hətta Əmr gəlib Şərəfli, Müqəddəs, Uca və Nurlu
Simaya çatan zaman O Özünü min pərdə arxasında gizlətdi ki, heç kəs Onu
tanımasın. Bundan sonra Ona hər tərəfdən o qədər ayələr nazil oldu ki, Sənin
Rəbbin və aləmlərin Rəbbi olan Allahdan başqa heç kəs onları hesablaya bilməz.
Kizlilik müddəti bitən zaman Biz min-min nur pərdəsinin arxasında qalaraq,
Qulamın üzünün nurlarından iynənin deşiyindən də kiçik bir nur aşkara çıxardıq.
Bu zaman Səma sakinləri ildırım vurmuş kimi donub qaldılar və Allah Dərgahına
yaxın olanlar üzü üstə düşüb səcdə etdilər. O elə bir şərəflə zühur etdi ki,
dünyada Onun misli görünməyib. Belə ki, O şəxsən Özü göylərdə və yerdə olanlar
arasında ayağa qalxdı...
š 32 ›
...Allahın Dostu (Həzrət İbrahim) haqqında eşitdiyin
həqiqətdir, ona şübhə yoxdur. Ona İsmayılı qurban kəsmək əmri Ona görə verildi
ki, insanlara Onun Allah yolunda sədaqəti və hər şeydən keçmək cəsarəti aydın
olsun. Onun qurbanlığından məqsəd yer üzündə yaşayanların azğınlıq və
günahlarına görə nəyi isə fəda etmək idi. Necə ki, Məryəm oğlu İsa da Şərəfli və
Qüdrətli Haqqdan bu məqamı dilədi. Həmçinin Allahın Rəsulu (Həzrət Məhəmməd)
Hüseyni fəda elədi.
Heç kəs Haqqın gizli inayətindən və Onun hər yeri
bürü-yən mərhəmətindən agah olmamışdır və agah deyildir. Aləm əhli etdiyi
azğınlığa, törətdiyi günahlara, peyğəmbərlərin və övliyaların başına gətirdiyi
müsibətlərə görə hamılıqla ölümə layiq olmuşdur və layiqdir. Lakin Allahın gizli
lütfləri görünən və görünməyən köməkləri göndərməklə onları qorumuş və
qorumaqdadır. Fikirləş ki, bunu anlayasan və sabitlərdən olasan...
š 33 ›
Biz Sözü aşkara çıxarmaq qərarına gəldik, onun
bəndələr arasında hər şeyi Bilən və hikmət Sahibi tərəfindən müəyyən olunmuş
miqdarda aşkarlanmasına hökm verdik və onun mahiyyətini öz üzünə pərdə etdik.
Bununla biz hər şeyə qadir olduğumuzu göstərdik. Əgər Biz Sözdə olanları
bütünlüklə bəndələrə açsaydıq, heç kəs buna dözməzdi, əksinə, göylərdə və yerdə
olanların hamısı ondan qaçardılar.
Allahın Elçisi Məhəmmədə nazil olanlara nəzər sal.
Nazil olduğu zaman Qadir və Qüdrətli tərəfindən Ona layiq olduğu qədər məna
xəzinələri müəyyən edilmişdi. Lakin insanlar ondan öz səviyyələrinə və
məqamlarına uyğun olandan başqa bir şey anlamadılar. Buna görə də O, hikmətin
üzündən yalnız insanların gücü və taqəti çatan qədər pərdəni qaldırdı. İnsanlar
yetkinliyə çatdıqca Söz özündə olanları onlara aşkar edər. Necə ki, bu, 60-cı
ildə Əzəli Camal Əli Məhəmməd adı ilə zühur edərkən baş verdi...
š 34 ›
Həmd olsun o Allaha ki, Öz qüdrəti ilə məxluqatı
yoxluq çılpaqlığından xilas etdi və onu varlıq libası ilə şərəfləndirdi. Sonra
insanların pak gövhərini yaranmışlar arasından seçdi və onu böyüklük geyimi ilə
bəzədi. Kim öz qəlbinin aynasından ehtiras pasını sildisə, bu ilahi geyimə layiq
oldu və özünü nadanlıq çılpaqlığından xilas etdi. Bədənin və canın bu geyimi
insanlar üçün ən böyük rahatlıq və inkişaf mənbəyidir. O kəsin günü xoşdur ki,
bir olan Allahın köməyi ilə dünyaya və onda olan şeylərə aludəlikdən xilas oldu
və Müdriklik Ağacının kölgəsində dinclik tapdı.
Dostluq budağında nəğmə oxuyan bülbülün avazı
dostların qulağına çatdı. Onda buyuruq belə oldu ki, bu bəndə bəzi suallara
cavab vermək üçün dilə gəlsin və yazılması mümkün olan sirləri aşkar etsin. O
xoşagələn məktubda yazılmışdı ki, peyğəmbərlərin hansı digərlərindən üstündür.
Bu barədə bir olan Allah buyurur: "Peyğəmbərlər arasında fərq qoymarıq".
Hamısının istəyi bir və sirri bir olduğu üçün onlar arasında fərq qoymaq və
hansınısa üstün tutmaq rəva deyil. Doğruçu peyğəmbər özünü əvvəlki peyğəmbərin
adı ilə adlandırıb. Bu sözün gizli mənasını anlamayan kəs yaramaz sözlər
danışmağa başlar, bilən və görən isə onun dediyindən büdrəməz. Hərçənd
peyğəmbərlərin dünyaya gəlişi eyni cür olmur, hərəsi ayrı bir rəftar və əməllə
meydana çıxır və aralarında böyüklük-kiçiklik görüntüsü olur. Əslində isə onlar
parlayan Aya bənzərlər. Belə ki, Ay hər dəfə ayrı bir görünüşlə doğur, amma onun
işığı heç zaman azalıb yox olmur. Deməli, aydın oldu ki, bu, çoxluq və azlıq
məsələsi deyil, sadəçə daim dəyişən dünya belə rəftar tələb edir. Belə ki,
bənzərsiz Allah hər dəfə insanlara bir peyğəmbər göndərəndə o həmən dövrə uyğun
sözlər və əməllərlə meydana çıxır. Peyğəmbərləri göndərməkdə Allahın istədiyi
iki şeydir: birincisi — insanları nadanlıq zülmətindən xilas etmək və bilik
işığına doğru yönəltmək, ikincisi — insanların rahatlıq və onların buna nail
olmaq yollarını tanıması və bilməsi.
Peyğəmbərlər həkimlərə bənzəyirlər: onlar dünyanın
və insanların tərbiyəsi ilə məşğul olmuşlar ki, birlik dərmanı ilə yadlıq
xəstəliyini sağaltsınlar. Həkimin əməlinə və rəftarına söz ola bilməz, çünki o,
bədənin quruluşuna və onun xəstəliklərinə bələddir. Yerdəki insanların nəzər
quşları heç zaman onun bilik səmasına çata bilməz. Beləliklə, əgər həkimin
bugünkü davranışı əvvəlki ilə eyni deyilsə, buna heç bir söz ola bilməz, çünki
xəstə hər gün başqa bir rəftar tələb edir. Eləcə də Allahın peyğəmbərləri hər
dəfə dünyanı biliyin parlaq günəşilə işıqlandırarkən, həmən dövrə uyğun tərzdə
insanları bir olan Allahın yoluna dəvət etmiş və onlara nadanlıq zülmətindən
bilik işığına doğru yol göstərmişlər. Deməli, huşyar insanların nəzərləri
onların daxilindəki sirrə yönəlməlidir, çünki onların hamısının istəyi birdir və
bu da azmışlara yol göstərməkdən, çarəsizləri sakitləşdirməkdən ibarətdir...
İnsanları xəstəlik bürüyüb, çalışın ki, onları Tanrı
Təbibinin qüdrətli əlinin yaratdığı dərmanla xilas edəsiniz.
Yenə də dinlərin mahiyyəti barədə yazmışdınız.
Müdriklər dünyanı insan bədəninə bənzətmişlər. İnsan bədəninə geyim lazım olduğu
kimi, dünyanın bədəninə də ədalət və bilik libası gərəkdir. Deməli, Allahın dini
dünyanın libasıdır, elə ki, köhnəldi, Allah onu təzə libasla bəzəyir. Hər dövr
ayrıca bir rəftar tələb edir və Allahın dini həmişə həmən dövrə uyğun şəkildə
zahir və aşkar olur.
Bir də keçmişdəki din xadimlərinin sözləri barədə
yazmışdınız. Həqiqi bilik sahibləri bu bihudə sözlərdən uzaq kəzər. Bir olan
Allah insanları bərabər yaradıb və onları bütün məxluqatdan üstün tutub. Elə isə
ucalıq və alçaqlıq, çoxluq və azlıq insanın səyindən asılıdır. Kim çox
çalışarsa, daha irəli gedər. Ümidvarıq ki, Allahın bəxşiş yağışının köməyi ilə
ürəklərin torpağında bilik laləsi bitəcək və insanlardan yer üzünün qara çirkabı
yuyulub təmizlənəcək...
š 35 ›
Düşünün: səbəb nə olmuqvdur ki, Rəhmanın
məzhərləri zühur edərkən, aləm əhli Onlardan üz döndərmiş, inkara və etiraza əl
atmışdır? Əgər insanlar Əmr qələmindən süzülən bu sözlər üzərində düşünsələr,
hamılıqla dəyişməz İlahi qanuna doğru tələsərlər və onun şəhadət verdiyinə
şəhadət verərlər. Lakin mövhumat pərdələri Birlik məzhərlərinin və əbədi Şərəf
şəfəqlərinin zühuru günlərində insanlara mane olmuş və olmaqdadır. Çünki həmən
günlərdə Haqq insanların istədiyi kimi yox, Özünün istədiyi kimi zühur edir.
Necə ki, buyurmuşdur: "Hər dəfə könlünüzün istəmədiyi bir şeylə gələn peyğəmbərə
təkəbbür göstərmirdinizmi?! Onların bir qismini yalançı saydınız, bir qismini
isə qətlə yetirdiniz!"
Əlbəttə, əgər keçmiş zamanlarda və ötən əsrlərdə
peyğəmbərlər insanların mövhumi təsəvvürlərinə uyğun şəkildə zühur etsəydilər,
heç kəs o müqəddəs şəxsləri inkar etməzdi. Bütün o insanlar gecə-gündüz haqqı
zikr etməklə və məbədlərdə Ona ibadət etməklə məşğul olurdular, amma buna
baxmayaraq, ilahi əlamətlərin şəfəqlərindən və Rəhmanın aydın dəlillərinin
təzahürlərindən məhrum qalırdılar. Necə ki, bu barədə kitablarda yazılıb və
cənabınız da onların bəzilərindən xəbərdardır.
Məsələn, Məsihin zühuru zamanı o dövrün bütün
ruhaniləri Zühurun intizarında olduqları halda, Ondan üz döndərdilər. Və o
dövrün ən bilikli ruhanisi olan Hənnan, eləcə də baş kahin Qəyafa onu küfrdə
ittiham edib qətlinə hökm verdilər.
Həmçinin Rəsulun (Həzrət Məhəmmədin) — hamının ruhu
ona fəda olsun! — zühuru zamanı ilk illər Məkkə və Mədinə üləmaları Onun
əleyhinə çıxıb etiraz etməyə başladılar, amma qətiyyən elm əhli olmayan kəslər
Ona iman gətirdilər. Bir qədər düşünün: bir kəlmə elm oxumayan həbəş Bilal iman
və iqan səmasına ucaldı, amma üləmalardan olan Abdullah Übəy nifaq salmağa
başladı. Adi bir çoban ayələrin ətrini duyub Yarın yerini bildi və insanların
Ağasına qovuşdu, amma elm və hikmət sahibləri Ondan uzaq düşüb məhrum oldular.
Buna görədir ki, buyurur: "Sizlərdən ən yüksəkdə duran ən aşağıya salınacaq, ən
aşağıda duran isə ən yüksəyə qaldırılacaq". Bu məzmunda sözlərə əksər ilahi
Kitablarda, peyğəmbərlərin və seçilmişlərin kəlamlarında rast gəlmək olar.
Doğrusunu deyirəm, Əmr o qədər əzəmətlidir ki, ata
oğuldan, oğul atadan qaçar. Həzrət Nuhu və Kənanı yada salın. İnşaallah, bu
ruhani günlərdə gərək müqəddəs nəsimlərdən və ilahi baharın nemətlərindən məhrum
qalmayasınız. Bütün elmlərdən əlinizi üzərək, Məlumun adı ilə ayağa qalxın və
səsinizi ucaldıb hər yerə yayın. And olsun Əmr üfüqünün günəşinə! Həmən anda
ilahi biliklər selinin qəlbinizdən axdığını müşahidə edəcək və rəbbani hikmət
nurlarını pərdəsiz şəkildə görəcəksiniz. Əgər Rəhmanın bəyanının şirinliyini
dadsanız, çanınızdan keçər və onu Cananın yolunda fəda edərsiniz.
Bu, tamamilə aydındır kn, bu Bəndənin xəyalından heç
nə keçməyib və keçmir, çünki Onun Əmri zahiri şan-şöhrətdən uzaqdır. Göründüyü
kimi, O, qərib və zülm çəkmiş halda bu böyük məhbəsə düşüb, düşmənlərin əlindən
xilas olmayıb və olmayacaq. Buna görə də O nə deyirsə, Allah xatirinə söyləyir
ki, bəlkə insanlar nəfs və ehtiras pərdələrindən təmizlənərək, ən uca məqama —
Haqqı tanımaq məqamına çatalar. Onların üz döndərmələri bizə ziyan vurmaz,
onların qəbul etmələri bizə xeyir gətirməz. Biz yalnız Allah xatirinə onları
dəvət edirik. Həqiqətən, Onun aləmlərə ehtiyacı yoxdur…
š 36 ›
Bil ki, insan oqlu ruhunu təslim edəndə bütün şeylər
ağlayar, lakin onun ruhunu fəda etməsi bütün şeylərin qabiliyyətini artırar.
Necə ki, bu, cəmi məxluqatda müşahidə olunur və görünür. Bütün müdriklərin
aşkara çıxardığı hikmət, bütün alimlərin yaydığı elmlər, bütün sənətkarların
yaratdığı sənətlər, bütün sultanların malik olduğu qüdrət hamılıqla Onun uca,
hər yeri bürüyən və nurlu Ruhunun köməyindəndir.
Şəhadət veririk ki, O, aləmə gəldiyi anda məxluqata
nur saçdı və bununla da bütün cüzamlılar cəhalət və korluq cüzamından
təmizləndilər, bütün xəstələr qəflət və ehtiras mərəzindən qurtuldular. Qadir
Allahın qüdrəti sayəsində bütün korların gözləri açıldı və bütün könüllər
saflaşdı. Bu məqamda bəndənin öz Rəbbini tanımasına mane olan bütün pərdələrə
cüzam demək olar. Belə pərdə arxasında qalan kəs həqiqətən cüzamlıdır və o,
Qüdrətli, Tərifəlayiq Allahın səltənətində xatırlanmayacaq. Biz şəhadət veririk
ki, Allah kəlamı sayəsində bütün cüzamlılar təmizləndi, bütün əlillər sağaldı,
bütün xəstələr şəfa tapdı. O, aləmi təmizləyəndir. Xoş o kəsin halına ki, nurlu
sima ilə Ona üz tutar...
š 37 ›
...Xoş o kəsin halına ki, Allaha və Onun ayələrinə
inam bəslər və "Onu etdikləri barədə sorqu-suala tutmaq olmaz"— kəlamını qəbul
edər. Bu, elə bir kəlamdır ki, Allah onu bütün etiqadların bəzəyi və bünövrəsi
edib və əməl sahiblərinin əməlləri onun əsasında qəbul olunur. Bu kəlamı
gözlərinizin önündə tutun ki, inkarçıların işarələri sizi çaşdırmasın.
Əgər O, əzəldən haram olanı halal etsə, yaxud
əksinə, heç kəsin Ona etiraz etməyə haqqı yoxdur və kim bu məsələdə bircə anlığa
tərəddüd göstərsə, o, həddini aşanlardan sayılar.
Bu yüksək əsası qəbul etməyən və bu uca məqama
yetişməyən kəsi şübhə küləkləri silkələr və müşriklərin sözü yerindən oynadar.
Həmin əsası qəbul edən kəs isə ən yüksək səbata nail olar. Nə gözəldir bu işıqlı
məqam ki, bütün uca lövhələr onu xatırlamaqla zinətlənmişdir. Beləcə Allah sizi
öyrədər ki, siz şübhə və çaşqınlıqdan xilas olub dünyada və axirətdə nicat
tapasınız. Həqiqətən, O, Bağışlayan və Kəramətlidir...
š 38 ›
Bunu yəqin bil ki, hər bir zühurda sənin Rəbbin
bəndələrə onların imkanlarına uyğun dərəcədə nur saçır. Məsələn, günəşə nəzər
sal. Üfüqdən çıxdığı zaman onun hərarəti və təsiri az olur və dərəcə-dərəcə
artır ki, ən yüksək nöqtəyə çatana qədər bütün şeylər yavaş-yavaş ona
öyrəşsinlər. Sonra da müəyyən olunmuş dərəcələrlə aşağı enərək, qürub edir...
Əgər günəş birdən-birə göyün ortasında görünsəydi,
onun hərarəti məxluqata ziyan vurardı. Mənalar Günəşinə də eynilə yanaş ki, agah
olasan. Əgər o, zühurun sübh çağında Allahın Ona bəxş etdiyi bütün nurlarla işıq
saçsaydı, bəndələrin qəlbindəki irfan torpağı od tutub yanardı. Çünki onlar onu
qəbul etməyə, yaxud əks etdirməyə qadir olmazdılar. Və bundan iztiraba düşüb
məhv olardılar...
š 39 ›
Ya Rəbb, şükr olsun sənin möcüzəli hökmlərinə və
çeşidli müsibətlərinə! Sən bir dəfə məni Nəmrudun əlində qoydun, sonra da
Fironun əlində. Mənim başıma gələnləri yalnız Sən öz elminlə hesablaya və öz
iradənlə əhatə edə bilərsən. Bir dəfə məni müşriklərin zindanına saldın, ona
görə ki, Sənin öz elminlə mənə bəxş etdiyin və öz qüdrətinlə mənə anlatdığın
röyadan bircə kəlmə zülmət əhlinə danışmışdım. Bir dəfə də kafirlərin əli ilə
mənim başımı kəsdin. Başqa bir dəfə Məni çarmıxa çəkdin. Ona görə ki mən dünyaya
Sənin şərəfli yeganəliyinin sirlərinin bəzi cövhərlərini və Əbədi səltənətinin
əlamətlərinin bəzi möcüzələrini aşkar etmişdim. Bir dəfə də Kərbəla torpağında
məni bəlaya saldın. Belə ki, mən Sənin bəndələrin arasında tək qaldım və Sənin
məmləkətində kimsəsiz oldum. Axırda mənim başımı kəsdilər, müşriklərin yanında
və inkarçıların qarşısında nümayiş etdirdilər. Bir dəfə isə məni havadan asdın.
Sonra məni düşmənçilik və ədavət güllələri ilə elə vurdular ki, əzalarım kəsildi
və bədənim parça-parça oldu. Nəhayət, zaman gəlib bu günlərə yetişdi. İndi də
düşmənlər ətrafımı bürüyüb hər an bir tədbir tökürlər ki, bəndələrin qəlbində
mənə qarşı kin və ədavət oyatsınlar və bu işdə əllərindən gələn bütün
hiylələrdən istifadə edirlər.
Şərəfimə and olsun, ey mənim Məhbubum, mən bu halıma
və Sənin razılığını qazanmaq yolunda başıma gələn bütün şeylərə şükr edirəm. Mən
Səndən və Sənin çeşidli bəlalarından razıyam..
š 40 ›
Ey Məhbub, qəlbimə bir ruh üfürdün və məni məndən
aldın. Sonra müşriklər və bədxahlar qarşısında Mənim görkəmimdə özünü nümayiş
etdirdin. Hamı ona baxıb etiraz etməyə başladı. Ey Məhbub, indi Özünü göstər və
məni azad et!
"Cavabını eşit: Sənin görkəmin Mənim könlümün
məhbubudur. Mən necə razı olum ki, onu yalnız Mənim gözüm görsün və yalnız Mənim
qəlbim tanısın?! Camalıma, yəni Camalına and olsun ki, mən Sənin nəinki
başqalarının gözünə görünməyini istəmirəm, hətta Mən Sənin öz gözümdən və
könlümdən gizli olmağını istəyirəm.
Vay-vay, cavab vermək növbəsi bu Bəndəyə yetişdi,
amma Lövhə tamam oldu və mətləb deyilməmiş, dürr deşilməmiş qaldı...
š 41 ›
And olsun Allaha, ey insanlar, mən öz yatağımda
yatmışdım, lakin Allahın nəsimi məni oyatdı, Allahın ruhu məni dirçəltdi və
Allahın dili Mənim dilimlə danışdı. Mən günahkar deyiləm. Siz mənə öz
gözlərinizlə deyil, mənim gözümlə baxın. Qüdrətli və hər şeyi Bilən Allah sizə
belə əmr edir.
Ey insanlar, siz elə zənn edirsiniz ki, Əmr mənim
əlimdədir?! And olsun Qüdrətli, Uca, Hər şeyi Bilən və Hikmət Sahibi olan Allaha
ki, yox! Allaha and olsun, əgər Əmr mənim əlimdə olsaydı, mən özümü bircə an da
sizə göstərməzdim və bir kəlmə də söyləməzdim. Allah Özü buna şahiddir və bunu
bilir...
š 42 ›
Ey insaf oqlu! Gecə vaxtı əbədi varlığın Camalı
zümrüd rəngli vəfa dağından surətül-müntəhaya qayıtdı və ağladı. Elə ağladı ki,
Səma sakinləri və baş mələklər Onun naləsindən ağlamağa başladılar. Sonra bu
nalə və fəryadın səbəbi soruşuldu. O dedi ki, əmrə əsasən vəfa dağında
gözləməkdə idim, lakin yer əhlindən vəfa ətri duymadım. Sonra geri qayıtdım.
Gördüm ki, bir necə müqəddəs göyərçin yer itlərinin əlində giriftar olub. Həmin
vaxt İlahi Huri hicabsız və örtüksüz ruhani qəsrdən qaçaraq gəldi və onların
adlarını soruşdu. Hamısı deyildi, yalnız bir addan başqa. O israr etdiyi üçün
adın birinci hərfi dilə gətirildi. Çadır sakinləri öz şərəfli məkanlarından
eşiyə qaçdılar və ikinci hərf deyilən kimi hamılıqla üzüqoylu yerə yıxıldılar. O
zaman yaxınlıq məqamından nida gəldi: "Bundan artığına icazə yoxdur!" Həqiqətən,
Biz onların etmiş olduqlarına və indi etdiklərinə şahidik…
š 43 ›
Ey mənim əfnanım! Mənim Şərəfim
və inayətim sizinlə olsun! İlahi Əmrin çadırı böyükdür, dünyanın bütün
ümmətlərini bürümüş və bürüyəcəkdir. Gün— sizin gününüzdür, minlərlə Lövhə sizin
şahidinizdir. Əmrin qələbəsi naminə ayağa qalxın və bəyan qoşunu ilə aləm
əhlinin ürəklərini və könüllərini fəth etməyə başlayın. Dövranın biçarələrinin
dinclik və rahatlığına səbəb olacaq işləri siz görməlisiniz. Hümmət kəmərini
bərkidin, bəlkə bəndələr əsirlikdən qurtulub azadlığa qovuşdular.
Bu Gün ədalətin naləsi ucalıb və insafın fəryadı
yüksəlib. Zülmün qara tüstüsü aləmi və ümmətləri bürüyüb. Həqiqi hökmdarın
Əmrinə əsasən, Uca Qələmin hərəkəti ilə sözlərin cəsədinə mənaların yeni ruhu
üfürülmüşdür və bunun əlamətləri aləmdəki bütün şeylərdə açıq-aşkar görünür.. Bu
Məzlumun qələmindən süzülən ən böyük müjdə budur. De: ey dostlar, nə üçün
qorxursunuz və kimdən çəkinirsiniz? Dünyanın kəsəkləri azacıq rütubətdən
parçalanmış və parçalanmaqdadır. Sizin bir yerə toplaşmağınız mövhumata
uyanların dağılışmasına səbəb olacaqdır...
Bu Gün hər bir ayıq adam təsdiq edir ki, bu Məzlumun
qələmindən nazil olan sözlər dünyanın yüksəlişi və millətlərin tərəqqisi üçün ən
böyük vasitədir. De: ey insanlar, İlahi Qüvvənin köməyi ilə özünüzə qalib
gəlməyə çalışın, bəlkə yer üzü yanlış xəyallar və mövhumat bütlərindən
təmizləndi, çünki biçarə bəndələrin ziyana və zillətə düşməsinin səbəbi
həqiqətən, onlardır. Bu qorxunc bütlər insanların yüksəlişinə və tərəqqisinə
mane olurlar. Ümid onadır ki, Allahın qüdrətli əli dada yetişərək, insanları bu
böyük zillətdən xilas edəcəkdir.
Lövhələrin birində bu sözlər nazil olmuşdur: Ey
Allah adamları, öz hayınızda olmayın, dünyanı islah etmək və insanları
paklaşdırmaq barədə düşünün. Dünyanı gözəl və pak əməllərlə, xoş və bəyənilmiş
əxlaqla islah etmək olar. Əməllər — əmrin köməkçisi, əxlaq isə onun
yardımçısıdır. Ey Bəha əhli! Paklıq yolu ilə gedin! Bu Məzlumun sizə hökmü və
İxtiyar Sahibinin sizin üçün seçdiyi budur!
Ey dostlar, yaxşı olar ki, bu könül açan baharda
ilahi leysan yağışı ilə yuyunub təravətlənəsiniz. Böyüklük günəşi şəfəq saçıb,
bəxşiş buludu kölgə salıb. Bundan o kəs bəhrələnəcək ki, özünü məhrum etmədi və
Yarını bu libasda tanıdı. De: Əhrimənlər pusquda durublar, ehtiyatlı olun! Hər
şeyi Görən Allahın adının işığı ilə özünüzü qaranlıqlardan xilas edin. Gözünüz
dünyaya baxsın, özünüzə yox! Əhrimənlər o kəslərdir ki, bəndələrin məqamlarının
ucalmasına və yüksəlməsinə maneçilik törədirlər.
Bu Gün hamıya lazım və vacibdir ki, ədalətli
dövlətlərin tərəqqisinə və millətlərin yüksəlişinə səbəb olan işlərdən yapışsın.
Uca Qələm hər bir ayədə məhəbbət və birlik qapılarını açmışdır. Biz belə demişik
və Bizim sözümüz həqiqətdir: "Bütün dinlərdən olanlarla birlik və dostluq
ruhunda ünsiyyətdə olun!" Bu kəlamla insanların bir-birindən uzağlaşmasına səbəb
olan, ixtilaf və təfriqə doğuran bütün şeylər aradan qaldırılmışdır. Varlığın
tərəqqisi və insanların yüksəlişi naminə nazil olanlar aləm əhlinin
tərbiyələnməsi üçün ən böyük qapıdır. Əslində bu əzəmətli zühurda keçmiş
millətlərin dilindən və qələmindən çıxanların ən üstünü Əzəli Hökmdarın İradə
səmasından nazil olmuşdur. Keçmişdə buyurmuşlar: "Vətən məhəbbəti imandandır".
Amma Əzəmət Dili bu zühur günündə buyurub: "Vətəni sevməklə deyil, dünyanı
sevməklə fəxr etmək lazımdır". Bu ali kəlamlarla O, könül quşlarına yeni uçuş
öyrətdi, məhdudiyyət və təqlidi Kitabdan sildi.
Bu Məzlum Allah adamlarına fitnə-fəsadı və çəkişməni
qadağan etdi, onları gözəl əməllərə və xoş ruhani əxlaqa dəvət etdi. Bu Gün əmrə
yardımçı olan qoşunlar — əməllər və əxlaqdır. Xoş o kəsin halına ki, bunlardan
yapışdı və vay o kəsin halına ki, bunlardan üz döndərdi. Ey Allah adamları, sizə
ədəbli olmağı tövsiyə edirəm. Xasiyyətlərin başında duran ilk növbədə odur. Xoş
o kəsin halına ki, ədəb nuru ilə nurlandı və düzgünlük bəzəyi ilə bəzəndi. Ədəb
sahibi böyük məqama malikdir. Ümid onadır ki, bu Məzlum və hamı ona nail olacaq,
ondan yapışacaq, ona can atacaq, ona diqqət yetirəcəkdir. İsmi-əzəmin Qələmindən
süzülən və nazil olan dəyişməz hökm budur.
Bu Gün insanlıq mədənindən səbat gövhərlərinin
aşkara çıxdığı gündür. Ey ədalət əhli, siz nur kimi parlamalı, Sidrənin odu kimi
şölələnməlisiniz. Bu məhəbbət odu müxtəlif məzhəbləri və xalqları bir büsata
toplayar, ədavət atəşi isə təfriqə və münaqişəyə səbəb olar. Allahdan diləyimiz
budur ki, bəndələri düşmənlərin şərindən qorusun. Həqiqətən, O, hər şeyə
qadirdir.
Həmd olsun Haqq olan şərəfli Allaha ki, Uca Qələmin
açarı ilə ürəklərin və könüllərin qapılarını açmışdır. Nazil olan ayələrdən hər
biri ruhani əxlaqın və müqəddəs əməllərin aşkara çıxması üçün işıqlı bir
qapıdır. Bu nida və bu söz bir məmləkətə, yaxud bir şəhərə aid olmamışdır və aid
deyildir. Bütün dünya əhalisi nazil olanlardan və aşkara çıxanlardan möhkəm
yapışmalıdır ki, həqiqi azadlığa nail ola bilsin. Dünya zühur günəşinin nuru ilə
işıqlanmışdır. Belə ki, 60-cı ildə Həzrət Müjdəci — hamının ruhu ona fəda olsun!
— yeni Ruhun müjdəsini verdi və 80-ci ildə dünya yeni Nurla və ecazkar Ruhla
şərəfləndi. İndi əksər ölkələrin əhalisi o ulu sözü eşitmək qabiliyyətinə
malikdir ki, hamının dirçəliş və yüksəlişi həmin sözdən asılıdır və ona
bağlıdır...
...Ey Allah adamları, yeganə Dostunuzun
tövsiyələrini qəlbinizin qulağı ilə dinləyin. İlahi söz bəndələrin qəlbinə
əkilmiş fidana bənzər. Onu hikmət və bəyan Kövsəri ilə suvarmaq lazımdır ki,
kökü bərkisin, budaqları isə fələkləri ötüb keçsin.
Ey aləm əhli, bu əzəmətli Zühurun üstünlüyü ondadır
ki, Biz ixtilaf, fəsad və nifaq doğuran şeyləri Kitabdan sildik və orada ülfətə,
birliyə və ittifağa səbəb olan şeyləri təsbit etdik. Onlara əməl edənlərin xoş
halına!
Dostlara dönə-dönə tövsiyə etmişik və edirik ki,
fəsad qoxusu gələn şeylərdən uzağlaşsınlar, hətta qaçsınlar. Dünya dəyişməkdədir
və bəndələrin fikirləri müxtəlifdir. Allahdan diləyimiz budur ki, onları öz
ədalət nuru ilə bəzəsin və onlar üçün bütün hallarda faydalı olanları onlara
anlatsın, həqiqətən, O, Ehtiyacsız və Ucadır...
š 44 ›
Ey üləma tayfası, Allahdan çəkinin, sonrası da
Qoruyan və Qəyyum Allahın kitablarının şəhadət verdiyi bu Ümminin Əmrinə insafla
yanaşın!.. Bir olan Allahdan qorxun, axı bu Məzlum heç vaxt sizinlə və sizin
kimilərlə ünsiyyətdə olmayıb, sizin kitablarınızı görməyib, sizin dərs
məclislərinizdə oturmayıb. Bu deyilənləri Onun papağı, Onun saçı, Onun geyimi
təsdiq edir. Axı insafınız hara gedib?! Görün, ədalət mücəssəməsi harada məskən
salıb?! Gözünüzü açın, bəsirət gözü ilə baxın və düşünün, bəlkə Bəyan Günəşinin
nurlarından məhrum olmadınız və irfan dənizinin dalğalarından uzaqda qalmadınız.
Bir çox yüksək rütbəli şəxslər və adi adamlar etiraz
edib deyirlər ki, bu Məzlum üləmalar və seyyidlər zümrəsindən deyil. De: Ey
insaf əhli, əgər bir qədər düşünsəniz, bu məqamı onlardan min dəfə yüksək sayar
və böyük hesab edərsiniz. Allah öz Əmrini o evdən (nəsildən) zühur etdirdi ki,
orada üləmalara, fəqihlərə, ariflərə və ədiblərə xas olan şeylər mövcud deyil.
Allahın nəsimi Onu oyatdı və Ona dəvət əmri verdi. O da ayılan kimi ayağa qalxdı
və hamını aləmlərin Rəbbi olan Allaha doğru səslədi.
Bu sözlər insanların zəifliyi nəzərə alvşmağla
deyilmişdir, halbuki Onun Əmri sözlərdən uca və düşüncələrdən yüksəkdir. Ana
Kitabın Sahibi buna şəhadət verir.
š 45 ›
Əzəli Camal zəncirləndi ki, dünya xilas olsun, böyük
qalada məhbus oldu ki, insanlar azadlıqa çıxsın və özü üçün kədəri seçdi ki,
aləm əhli sevincə qovuşsun. Bu, sənin Rəhman və Rəhim Rəbbinin mərhəmətindəndir.
Ey tövhid əhli, Biz sizin izzətinizdən ötrü zillətə və sizin rahatlığınızdan
ötrü çətinliklərə razı olduq. Dünyanı abad etmək üçün gəlmiş Kəsi müşriklər ən
xaraba şəhərdə məskun etmişlər...
š 46 ›
Mən məhbusluğumdan kədərlənmirəm, düşmənlərin əlində
giriftar olmağımı alçaqlıq sanmıram. Canıma and olsun, bunlar mənim üçün
şərəfdir və Allah bu şərəfi Özünün bəzəyi etmişdir. Əgər ariflərdənsinizsə, bunu
bilin!
Mənim zillətim sayəsində məxluqatın izzəti aşkar
oldu və mənim giriftarlığım nəticəsində ədalət günəşi insanlara nur saçdı.
Məni kədərləndirən o kəslərdər ki, pozğunluğa
qurşanıblar və bununla belə, özlərinin qüdrətli və tərifəlayiq Allaha mənsub
olduqlarını iddia edirlər.
Bəha əhli yer üzündə olan şeylərdən əllərini elə
üzməlidir ki, cənnət əhli onların libasından müqəddəslik ətrini duysun və aləm
əhli onların simasında Rəhmanın nurunu görsün. Bilin ki, onlar Allah dərgahına
yaxın olanlardandır. Onlar elə bəndələrdir ki, onların vasitəsilə ölkələrdə
müqəddəslik aşkara çıxar, Qüdrətli və Hikmət Sahibi olan Allahın əlamətləri
yayılar. Allahın Əmrini zay edərək öz ehtiraslarına tabe olan kəslər isə
açıq-aşkar yollarını azmışlar...
š 47 ›
De: Ey yəhudilər, əgər siz ikinci dəfə Ruhu çarmıxa
çəkmək istəyirsinizsə, Allaha and olsun, bu həmən Ruhdur ki, sizin aranızda
zühur etmişdir. Elə isə istədiyinizi edin, çünki O öz canını Allahın yolunda
qurban demişdir və əgər göylərdə və yerdə olanların hamısı ona qarşı birləşsələr
də, o heç kəsdən qorxan deyil. Buna əmin olun!
De: Ey İnçil əhli, əgər siz Allahın rəsulu Məhəmmədi
qətlə yetirmək istəyirsinizsə, Allaha and olsun, bu, Onun özüdür ki, haqqla
zühur etmişdir. Elə isə istədiyinizi edin, çünki O, şərəf səltənətində
Məhbubunun görüşünə müştaqdır. Allahın əmri belədir, bunu bilin.
De: Ey Quran əhli, əgər siz Bəyanı nazil edən Əlinin
vücudunu asmaq istəyirsinizsə, Allaha and olsun, bu, Onun Məhbubudur ki, başqa
adla zühur etmiş və mənaların kölgəsində mütləq hökmranlıqla gəlmişdir. O,
haqqdır, qeybin sirlərini biləndir və sizdən əvvəlki zühurda etdiyiniz
hərəkətləri gözləyir. Bütün şeylər buna şəhadət verir, bunu eşidin.
Ey Bəyan əhli, əgər siz Əlinin dili ilə, ondan
əvvəl Məhəmmədin dili ilə, ondan qabağ isə Ruhun (İsanın) dili ilə müjdəsi
verilmiş Şəxsin qanını tökmək istəyirsinizsə, budur, O sizin aranızdadır və Onun
yanında sizin istədiklərinizə mane olacaq bir köməkçisi yoxdur. Bunu bilin!
š 48 ›
Allaha and olsun, əgər bu, Lövhələrdə nazil olanlara
zidd olmasaydı, aləmlərin Məhbubunun yolunda mənim qanımı tökənin əlini öpərdim
və hətta Allahın mənə verdiyi əmlakdan ona miras təyin edərdim; baxmayaraq
bundan ötrü o, Ədalətli və Hikmətli Hökmdar olan Allahın əbədi lənətinə və
qəzəbinə, cəzasına və əzabına layiqdir...
š 49 ›
...Sonra bunu bil ki, bu Qulam özünə nəzər salanda,
özünün ən həqir bir varlıq olduğunu görür, amma özündən zahir olan nurlara
baxanda, özünün gizli və aşkar aləmlərin Sultanı olduğunun şahidi olur. Pak və
ucadır və o Allah ki, Öz Məzhərini haqq ilə zühur etdirdi və Onu görən və
görünən bütün varlıqlar üçün göndərdi...
š 50 ›
Ey bixəbərlər, qəflət yuxusundan ayılın və Onun
aləmi bürümüş nurlarını müşahidə edin! Bəziləri deyirlər ki, O, vaxtından tez
parlamışdır. Ey bəsirətsizlər, tez, ya gec, indi ki, parlayıb siz baxvş görün,
həqiqətənmi bu parıltı baş verib, ya yox. Daha onun tezliyi və geçliyi sizin və
bu Qulamın əlində olmamışdır və olmayacaqdır. Bunu insanların nəzərindən gizli
olan İlahi hikmət müəyyənləşdirmişdir. Ey insanlar, Allahın sizə rəva gördüyünə
və sizin üçün müəyyən etdiyinə razı olun! Allaha and olsun, əgər Əmr mənim
əlimdə olsaydı, heç vaxt özümü aşkara çıxarmazdım. Ey mənə kin bəsləyənlər,
əbədiyyət səmasının günəşinə and olsun ki, əgər Əmr bu Bəndənin əlində olsaydı,
heç vaxt özümü tanıtmazdım, çünki mənim məlum adım özünün bu təmiz olmayan və
yalançı dillərdə dolaşmağını ar bilir. Amma hər dəfə mən sakit olub susanda,
Ruhül-Qüds sağ tərəfimdə danışıb, Ruhül-əzəm üzümün qarşısında, Ruhül-əmin
başımın üstündə, Ruhül-Bəha isə köksümdə səsini ucaldıb. İndi əgər təmiz qulaqla
dinləsəniz, Mənim bütün əzalarımdan, içimdən, damarlarımdan və dırnaqlarımdan
Allahın sədasını eşidərsiniz. Hətta saçlarımdan bu sözləri eşidərsiniz: "Ondan
başqa Allah yoxdur və bu Camal göylərdə və yerdə olanlara onun nur saçması
üçündür"...
š 51
›
Ey insanlar! Yeganə və haqq olan Allaha and olsun,
bu, elə bir okeandır ki, bütün dənizlər ondan törəyir və onların hər biri son
nəticədə hökmən ona qovuşurlar. Bütün günəşlər ondan doğur və ona qayıdırlar.
Onun qüdrəti sayəsində İlahi Əmr ağacı bar verir və onun meyvələri peyğəmbərlər
qiyafəsində göndərilərək, İlahi Müjdəni hər bir aləmdəki məxluqata çatdırır ki,
həmin aləmlərin də sayını yalnız elmi hüdudsuz olan Allah hesablaya bilər. Bunu
O Öz Qələmindən nazil olan Sözün bircə Hərfinin köməyi ilə həyata keçirir. Həmin
Qələm Onun hidayət barmağı ilə hərəkətə gəlir, onun barmağı isə İlahi həqiqətdən
güc alır.
š 52 ›
De: Ey insanlar, özünüzü Allahın fəzlindən və
mərhəmətindən məhrum etməyin. Kim özünü bunlardan məhrum etsə, o, həqiqətən,
böyük ziyana uğrayar. De: Ey insanlar, məgər siz torpağa ibadət etmək və
Qüdrətli, Səxavətli Rəbbinizlə çəkişməkmi istəyirsiniz?! Allahdan çəkinin və
ziyana uğrayanlardan olmayın. De: Allahın Kitabı Qulamın vücudu ilə zahir oldu.
Yaradanların ən gözəli olan Allaha əhsən! Ayıq olun, ey yer əhli, Ondan
qaçmayın, Ona doğru tələsin və Ona üz tutanlardan olun. Ey insanlar, Allahın
yanında günah işlətdiyinizə və Onun Əmrində ifrata vardığınıza görə tövbə edin
və cahillərdən olmayın. O sizi xəlq etdi, Öz Əmri ilə sizə qida verdi və Öz
Qüdrətli, Uca və Hər şeyi Bilən Varlığını sizə tanıtdırdı. Sizin üçün irfan
xəzinələrini aşkar etdi və sizi öz dəyişməz, danılmaz və yüksək əmrində yəqinlik
səmasına ucaltdı. Özünüzü Allahın fəzlindən məhrum etməkdən qorxun, öz
əməllərinizi puca çıxarmayın və bu ən aşkar, ən uca, ən parlaq və ən nüfuzlu
zühurda Onu inkar etməyin. Sizi yaradan Allahın Əmrinə insafla yanaşın, ərşdən
nazil olana nəzər salın və onun barəsində pak və təmiz qəlblə düşünün. O zaman
Əmr sizə göyün ortasında görünən günəş kimi aydın olar və siz yəqinlik hasil
edənlərdəd olarsınız.
De: Onun ilk dəlili — Onun özüdür, sonra da Onun
zühurudur. Bunları dərk etməkdə aciz olanlar üçün O Öz ayələrini dəlil etmişdir
və bu, Onun aləmdəkilərə mərhəmətidir. O, bütün könüllərə Allahın əlamətlərini
dərk etmək qabiliyyəti vermişdir və əgər siz Onun işi barədə
düşünənlərdənsinizsə, bilməlisiniz ki, bunsuz Onun bəndələrinə göndərdiyi
dəlillər natamam olardı. O heç kəsə zülm etməz və bəndələrinə gücləri çatandan
artıq bir şeyi əmr etməz. Həqiqətən, O, rəhmli və mərhəmətlidir.
De: Allahın Əmri elə aşkardır ki, nəinki aydın və
işıqlı göz sahibləri, hətta yer üzündəki anadangəlmə karlar da onu dərk edə
bilər. Anadangəlmə kor günəşi gözü ilə görmür, amma bütün aylarda və illərdə
ondan zahir olan hərarəti duyur. Lakin Bəyan əhlindən olan kor, Allaha and
olsun, hər zaman gözünün önündə parlasa da, nə günəşi görür, nə də onun təsirini
və şüalarının istiliyini duyur.
De: Ey Bəyan əhli! Biz sizi insanlar arasından Bizi
tanımaqdan ötrü seçdik və sizi cənnət məkanının sağ tərəfindəki elə bir yerə
yaxınlaşdırdıq ki, orada sönməz atəş bütün ahənklərlə deyir: "Məndən — Uca və
Əzəmətlidən başqa Allah yoxdur!" Ayıq olun, mərhəmətli Rəbbinizin iradə
üfüqündən parlayan və irili-xırdalı hər şeyi öz nuruna boyayan bu Günəşdən
özünüzü pərdə arxasında gizlətməyin. Gözlərinizi açın ki, onu öz gözlərinizlə
görəsiniz: ona başqasının gözü ilə deyil, öz gözünüzlə baxın, çünki Allah heç
kəsə gücü çatandan artıq bir yük vermir — peyğəmbərlərə və elçilərə verilən
bütün Yazılarda belə nazil olmuşdur.
Ey insanlar, bu fəzaya daxil olun ki, Allah onun
üçün nə başlanğıc, nə də son müəyyən edib və orada Allahın nidası ucalır, Onun
ululuq və müqəddəslik nəsimi əsir. Bədənlərinizi şərəf libasından, qəlblərinizi
Rəbbinizin zikrindən, qulaqlarınızı Onun ecazkar, əzəmətli, təsirli, fəsahətli
və bəlaqətli nəğmələrini dinləməkdən məhrum etməyin..
š 53 ›
Ey Nəsir, ey Mənim bəndəm! Haqq olan Allaha and
olsun, bu gün ruhani Qulam Əbha şərabının piyaləsini əlində tutaraq, hamının
başı üstündən baxır və dayanıb gözləyir ki, kimin gözü ona sataşacaq və heç bir
işarə olmadan həmin piyaləni Onun bəyaz əlindən alıb içəcək. Amma hələlik heç
kəs Əzəl Sultanının bu bənzərsiz və büllur çeşməsindən içmək şərəfinə nail
olmayıb — yalnız məhdud sayda adamlardan başqa. Və onlar cənnət bağlarının
üstündəki ən uca behiştdə mötəbərlik taxtında əyləşiblər. Allaha and olsun, nə
aynalar, nə adların məzhərləri, nə də bütün yaranmışlar və yaranacaqlar onlardan
üstün ola bilməzlər. Əgər arifsinizsə, bunu bilin.
Ey Nəsir, bu, elə bir Gündür ki, ariflərin irfanı və
müdriklərin idrakı onun əzəmətini dərk edə bilməz — o da qalsın ki, qafillər və
pərdə arxasında olanlar. Əgər gözlərini böyük pərdələrdən təmizləsən, elə bir
nemətin şahidi olarsan ki, əvvəli olmayan əvvəldən axırı olmayan axıra qədər ona
bənzər, oxşar, uyğun və yaxın olan bir şey görməzsən. Axı Allahın dili hansı
tərzdə danışmalıdır ki, pərdə arxasında qalanlar Onu dərk etsinlər?! Möminlər
uca Mələkutda Mənim Əbha adımla müqəddəslik şərabından içəcəklər, başqaları isə
ondan məhrum qalacaqlar...
š 54 ›
Məhbubun varlığına and olsun, Mən yer üzündəki
insanlara hakim olmaq istəmirəm. Mən yalnız Qüdrətli və Gözəl Allah tərəfindən
Mənə əmr olunanı insanlara çatdırmaq və bununla da onları dünyəvi məsələlərdən
uzağlaşdırıb elə bir məqama yüksəltmək istəyirəm ki, müşriklərin irfanı və
inkarçıların idrakı ona çata bilməz...
š 55 ›
Ey "Ta" torpağı! O çağları
yada sal ki, Rəbbin taxtı səndə qurulmuşdu və onun nurları sənin
daşından-divarından yağırdı. Yəqinlik məqamına yetişmiş neçə-neçə müqəddəs
şəxslər sənə məhəbbət yolunda canlarını qurban verdilər və ruhlarını fəda
etdilər. Xoş sənin və səndə yaşayan kəslərin halına! Hər bir zövq sahibi
Məqsudun ətrini səndən alır, Gizli olan səndə üzə çıxdı, pünhan olan səndə aşkar
oldu. Səndə canını qurban verən və sənin torpağına tapşırılmış sədaqətli
aşiqlərdən hansını xatırlayım?! İlahi köynəyin ətri səndən kəsilməyib və
kəsilməyəcək. Biz səni və səndə uyuyan məzlum kişi və qadınları xatırlayırıq.
Biz inayət əlaməti və vəfa nişanəsi olaraq, bacımızı xatırlayırıq. O, böyük bir
zülm çəkərək, Haqqa qayıtdı. Bunu hər şeyi əhatə edən elmimiz sayəsində bizdən
başqa heç kəs bilmir.
Ey "Ta" torpağı! Allahın mərhəmətindən sən indi də
Haqq aşiqlərinin məkanı və məskənisən. Xoş onların və o kəslərin halına ki, bu
ecazkar günün sahibi olan Allahın yolunda sənə mühacirət etdilər. Xoş o kəslərin
halına ki, Haqqı zikr edib tərifləyir və Onun əmrinə xidmət göstərməklə məşğul
olurlar. Əvvəlki kitablarda haqqında söz açılmış şəxslər onlardır. Möminlərin
əmiri (Həzrət Əli) — Ona mənim şərəfim nəsib olsun! — onların vəsfində belə
buyurub: "Onların xoşbəxtliyi bizim xoşbəxtliyimizdən üstündür". O, doğru
söyləyib və Mən də bunu təsdiq edirəm. Bu məqamlar hələlik gizlidir, lakin İlahi
Qüdrətin əli, əlbəttə, maneəni aradan qaldıracaq və dünyanın gözlərinin
işıqlanmasına səbəb olan kəsləri aşkara çıxaracaq.
Şərəfli Allaha şükr edin ki, bu ecazkar inayətə
layiq görüldünüz və Rəhmanın kəlamı ilə bəzəndiniz. Vaxtın qədrini bilin və
layiqli işlərdən yapışın. Həqiqətən, O, Nəsihətçi, Mehriban və Hər şeyi
Biləndir!
š 56 ›
Ey "Ta" torpağı! Heç bir şeydən kədərlənmə! Allah
səni aləmdəkilərin sevinc mənbəyi etmişdir. Əgər O istəsə, sənin taxtını elə bir
şəxsə bəxş edər ki, o, ədalətlə hökmranlıq edər və canavarların dağıtdığı
Allahın qoyunlarını bir yerə yığar. Həmin şəxs sevinc və mehribanlıqla üzünü
Bəha əhlinə tutar. O, Haqqın yanında məxluqatın cövhəri sayılar. Və hər zaman
Allahın şərəfinə, eləcə də Əmr səltənətində olanların şərəfinə layiq görülər.
Sevin, çünki Allah səni zühur şəfəqinin doğduğu nur
üfüqü etmişdir və səni elə bir adla adlandırmışdır ki, onun vasitəsilə fəzl
günəşi parlamış, yerə və göylərə işıq saçmışdır.
Tezliklə sənin vəziyyətin dəyişiləcək və səndə xalq
hakimiyyəti qurulacaq. Həqiqətən, sənin Rəbbin hər şeyi Bilən və əhatə edəndir.
Rəbbinin mərhəmətinə əmin ol, O öz lütfkar nəzərlərini səndən çəkməyəcək.
Tezliklə sən iztirabın ardınca rahatlıq tapacaqsan. Ecazkar kitabda işlər belə
müəyyən olunub...
š 57 ›
Ey Məhəmməd, ərş məkanından çıxdığın zaman Rəbbinin
tərəfindən (Bağdaddakı) Evin ziyarətinə yollan, onun qapısına yaxınlaşarkən
dayan və de: "Ey Allahın əzəmətli Evi, hanı o Əzəli Camal ki, onun sayəsində
Allah səni insanların qibləsinə, göylərdə və yerdə olanlara Onu xatırladan
əlamətə çevirib?! Ey Allahın Evi, hanı o günlər ki, Onun qədəmləri sənin
torpağına toxunurdu? Hanı o günlər ki, səndən hər an Rəhmanın nəğmələri
ucalırdı? Hanı o bəzəyin ki, ondan bütün məxluqat işıqlanırdı? Hanı o günlər ki,
sən Əzəl Sultanının əyləşdiyi taxta çevrilmişdin? Hanı o günlər ki, sən yerlə
göy arasında bir nicat çırağı idin və hər səhər-axşam səndən Sübhanın nəsimi
əsirdi?!
Ey Allahın Evi, hanı sənin üfüqündən parlayan əzəmət
və qüdrəx günəşi? Hanı ixtiyar sahibi olan Rəbbinin sənin üzərindən saçılan
inayət şəfəqləri? Nə olub sənə, ey Allahın taxtı? Görürəm ki, halın dəyişib,
təməlin sarsılıb və qapın səni istəyənlərin üzünə bağlanıb. Nə olub ki, səni
belə xaraba görürəm? Eşitmisənmi ki, aləmlərin Məhbubu müxtəlif məzhəblərin
qılıncı altındadır?! Əhsən sənə və sənin vəfadarlığına ki, kədər və bəlalar
zamanı da Öz Ağana sadiq qalmısan!
Şəhadət verirəm ki, sən ən böyük məskən və ən təmiz
məkansan. Səndən Sübhanın nəsimi bütün məxluqatın üzərinə əsdi və cənnət
guşələrindəki sadiqlərin könlünü fərəhləndirdi. Bu gün Səma əhli və Adlar
Şəhərinin sakinləri sənin başına gələnlərdən kədərlənib göz yaşı tökürlər.
Sən adlar və sifətlərin məzhəri, yerin və göylərin
Sahibinin diqqət mərkəzi oldun. İçərisində əmin-amanlıq olan sandığın başına
gələnlər sənin də başına gəldi. Xoş o kəsin halına ki, xilqətin Sahibinin nə
istədiyini onun sözünün ahəngindən anlayar.
Xoş o kəsin halına ki, hər zaman Rəhmanın ətirlərini
səndən alar, sənin qədrini bilər, sənin hörmətini saxlayar və sənin məqamını uca
tutar. Allahdan diləyimiz budur ki, səndən qafil olanların və səni tanıyaraq
qədrini bilməyənlərin gözlərini açsın və onlar səni belə yüksəkliyə qaldıran
Kəsi tanısınlar. Bu gün onlar kordurlar və səni tanımırlar. Amma sənin Rəbbin,
həqiqətən, Qüdrətli və Bağışlayandır.
Şəhadət verirəm ki, sənin vasitənlə Allah öz
bəndələrini imtahan etdi. Xoş o kəslərin halına ki, sənə üz tutdular və səni
ziyarət etdilər və vay o kəslərin halına ki, sənin haqqını inkar etdilər, səndən
üz çevirdilər, sənin qədrini bilmədilər və sənə hörmətsizlik etdilər.
Ey Allahın Evi, müşriklər sənin müqəddəslik örtüyünü
təhqir etdilərsə də, kədərlənmə, çünki Allah yerlə göy arasında səni Öz zikrinin
bəzəyi ilə zinətləndirib — bunu isə heç vaxt kimsə təhqir edə bilməz.
Rəbbinin nəzərləri hər zaman sənə dikilib və O səni
ziyarət edənlərin, sənin ətrafına fırlananların və sənin vasitənlə onu
çağıranların sədasını eşidir. Həqiqətən də O, Bağışlayan və Rəhmlidir.
İlahi, Sənin fərağından dəyişikliyə uğrayan, Sənin
hicranından ağlayan və sənin günlərində başına gələnlərə göz yaşı axıdan və bu
Ev vasitəsilə Səndən diləyim budur ki, məni və valideynlərimi, yaxınlarımı və
mömin qardaşlarımı bağışla! Ey Adlar Sultanı, Öz səxavətinlə mənim bütün
ehtiyaclarımı aradan qaldır, çünki Sənsən Səxavətlilərin ən səxavətlisi və
aləmlərin mövlası!"
š 58 ›
...Sirr torpağında (Ədirnədə) olduğumuz ilk ildə
bəndəmiz Mehdiyə nazil ediləni xatırla. Biz ona bundan sonra (Bağdaddakı) Evin
başına gələcək hadisələri xəbər vermişdik ki, bundan əvvəl baş vermiş təcavüz və
qarət onu kədərləndirməsin. Həqiqətən, Sənin Rəbbin göylərdə və yerdə olan hər
şeyi bilir.
Biz ona demişdik və sözlərimiz həqiqətdir: "Bil ki,
bu, Mənim Evimə qarşı yol verilən ilk təhqir deyil. Bundan əvvəl də zalımların
əli ilə belə hərəkətlər olmuşdu. Və gələcəkdə elə alçaqlığa yol veriləcək ki,
bütün görən gözlərdən yaş axacaq. Beləcə Biz sənə o şeyləri çatdırırıq ki, Onlar
qeyb pərdəsində gizli saxlanılır və Qüdrətli, Tərifəlayiq Allahdan başqa heç kəs
onlardan agah deyil. Bir müddət kecəndən sonra Allah haqq ilə onu ucaldacaq və
dünyada onu hamıya tanıdacaq. Belə ki, ariflər dəstə-dəstə onun ətrafına
dolanacaqlar. Bu, sənin Rəbbinin sözüdür və O, müsibət günü gəlməzdən qabaq bu
Lövhə vasitəsilə sənə xəbər verdi ki, düşmənlərin əlindən Evin başına gələnlər
səni kədərləndirməsin. Həmd olsun Hər şeyi Bilən və Hikmət Sahibi olan Allaha!"
š 59 ›
Hər bir insaflı şəxs təsdiq etmişdir və edir ki, bu
Məzlum zühurun əvvəlindən bəri hamını Uca Üfüqə çağırıb və qəddarlığı, ədavəti,
pisliyi və pozğunluğu qadağan edib. Bununla belə, azğınlar elə şeylər törədiblər
ki, qələm onları təsvir etməkdə aciz və gücsüzdür. Haqq olan Allah hamının
yaşamasını və rahatlığını istəmişdir, lakin bəndələr Allahı sevənlərin qətlinə
və qanının axıdılmasına fitva vermişlər. Bu zülmün mənbəyi o cahillər olmuşlar
ki, alim adı ilə tanınırlar. Onlar hədsiz ədavətlə etiraza qalxaraq, elə bir
Kəsi aşkar zülmlə möhkəm və alınmaz zindanda məhbus etmişlər ki, aləm Onun
qapısının xidmətlərindən ötrü yaradılmışdır. Lakin Allah onların və bu Böyük
Müjdəni inkar edənlərin istəyinə rəğmən məhbəsi uca cənnətə və yüksək behiştə
çevirdi. Və biz zahiri şeylərdən imtina etmədik. Bu Məzlumla ünsiyyətdə
olanların hamısı təsdiq edər ki, müqəddəs dərgahımız həmişə zahiri şeylərdən
uzaq olmuşdur. Lakin zindanda olarkən, biz o şeyləri qəbul etdik ki, müşriklər
bizi onlardan məhrum etmək istəyirdilər. Və əgər qızıldan və ya gümüşdən, yaxud
bunlardan da qiymətli cəvahiratdan bir ev tikmək istəyən şəxs tapılsa, biz ona
izn vermişik və veririk. Həqiqətən, O istədiyini edir və istədiyi kimi hökm
verir. Və izn verildi ki, bu ərazidə əzəmətli binalar ucaldılsın və İordan
çayına bitişik olan, yaxud onun ətrafında yerləşən gözəl və müqəddəs torpaqlar
şərəfli Haqqın adına alınsın. Beləliklə də, Uca Qələmin əvvəlki Kitablarda
yazdıqları aşkara çıxsın və aləmlərin Rəbbi olan Allahın bu ən yüksək, ən
müqəddəs, ən şərəfli və ən möcüzəli zühurda istədikləri həyata keçsin.
Bundan əvvəl biz demişdik: "Ətəyini genişləndir, ey
Yerusəlim!" Bunu anlayın, ey Bəha əhli, sonra da bəyan edən və aşkar Rəbbinizə
şükr edin!
Əgər Allahın kamil hikmətləri aşkara çıxarsa, hamı
xalis ədaləti müşahidə edər və tam bir yəqinliklə Onun hökmlərindən yapışar və
onları yerinə yetirər. Biz Kitabda azğınlıqdan üz döndərib paklıq yolunu
tutanlara çoxlu xeyir müəyyən etdik. Həqiqətən, O, mükafatlandıran və
səxavətlidir...
š 60 ›
Məhbusluğum Mənim üçün zülmət deyil, əksinə, canıma
and olsun, o mənim üçün izzətdir. Məni zillətə salan o dostların davranışıdır
ki, sözdə özlərini Mənə mənsub edir, əməldə isə Şeytana qulluq edirlər. Bilin
ki, onlar ziyana uğrayanlardır.
Zühurun vaxtı yetişib üfüqləri nurlandıran günəş
İraq tərəfdən parlayanda, biz onlara dünyəvi şeylərdən təmizlənməyi əmr etdik.
Bir çoxları ehtiraslara uyub əmrdən boyun qaçırdılar, bir çoxları da Haqqa tabe
olub doğru yolu tutdular.
De: Azğınlıq edən və dünyadan yapışan kəslər Bəha
əhlindən deyillər. Bəha əhli o bəndələrdir ki, əgər qızılla dolu vadiyə daxil
olsalar, ondan bulud kimi tez ötüb kecərlər və ona qətiyyən diqqət yetirməzlər.
Bilin ki, onlar Mənə mənsubdurlar. Səma sakinləri onların libasından müqəddəslik
ətri duyar... Və əgər onların qarşısına ən yaxşı şəkildə bəzənmiş gözəl bir
qadın çıxarsa, onlar ona ehtiras gözü ilə baxmazlar. Onlar paklıqdan
yaranmışlar. Əzəli Qələm qüdrətli və səxavətli Rəbbinizin adından sizə belə
təlim verir...
š 61 ›
Aləm dəyişməkdədir və bu dəyişiklik günbəgün
artmaqdadır. Onun üzü qəflətə və dinsizliyə doğrudur. Bu hal elə güclənəcək və
genişlənəcəkdir ki, indi onu demək məsləhət Deyil. Bir müddət günlər bu minvalla
kecəcək. Vaxt tamam olanda qəfildən elə bir şey meydana çıxacaq ki, aləmin
bünövrəsi titrəyəcək. O zaman bayraqlar ucalacaq və bülbüllər budaqlarda nəğmə
oxuyacaq...
š 62 ›
Mənim dərdlərimi, qayğı və həyəcanlarımı, sınaq və
kədərlərimi, dözülməz əsarətimi, tökülən göz yaşlarımı, acı iztirablarımı və bu
uzaq məmləkətdə indiki məhbusluğumu yada sal. Ey Mustafa, Allah Məni özünə şahid
tutub. Əgər Əzəli Camalın başına gələnlərdən agah olsaydın, səhraya üz tutar və
ucadan hönkürüb ağlayardın. Sən hədsiz dərddən başına döyər və ilan vurmuş kimi
qışqırıb nalə çəkərdin. Allaha şükr et ki, biz sənin Qadir və Qüdrətli Rəbbinin
iradə səmasından Bizə nazil olan gizli hökmlərin sirrini sənə açmadıq.
Haqq olan Allaha and olsun! Hər səhər yatağımdan
qalxanda, mən qapımın qarşısına toplaşmış dəstə-dəstə məzlumları görürəm. Və hər
axşam yatmağa hazırlaşanda amansız düşmənlərin zülmündən onların düçar olduğu
əzablar barədə düşündükcə, ürəyim qana dönür. Hər dəfə Əzəli Camal bir tikə
çörək kəsəndə, bu, yeni müsibətlə müşayiət olunur və hər dəfə O, bir qurtum su
içəndə, ona ağır imtahanların əzabı qarışır. Onun hər bir addımının önündə
gözlənilməz bəlalar ordusu gedir, Onun ardinca isə üzücü dərdlər qoşunu
irəliləyir.
Mənim qismətim belədir, bunu anla. Və hər halda
Allahın İradəsi ilə Bizim üstümüzə leysan kimi yağan müsibətlərə görə qəlbini
kədərlənməyə qoyma. Öz istəklərini Allahın İradəsinə tabe et, çünki Biz heç vaxt
Onun istədiyindən başqa bir şey istəməmişik və Onun hər bir qaçılmaz hökmünü
sevinclə qarşılamışıq. Ürəyini sakitləşdir və heç nədən qorxma. Və üzücü
çaşqınlıq içərisində olanların yolu ilə getmə...
š 63 ›
Ey nəzərlərini Mənim üzümə dikən şəxs! Mənim
şəhərimin qaraltısını gördüyün zaman dayan və de: "Ey "Ta" torpağı! Mən sənin
yanına zindan tərəfdən Qoruyan və Qəyyum Allahın xəbəri ilə gəldim. De: Ey
aləmin anası və ümmətlər arasında nur mənbəyi, mən sənə Rəbbinin inayətinin
müjdəsini verirəm və səni qeybləri bilən haqqın adından salamlayıram. Şəhadət
verirəm ki, Gizli Ad və Qeyb Xəzinəsi səndə askara çıxdı, yaranmışların və
yaranacağların sirri səndə açıldı.
Ey "Ta" torpağı! Adların Ağası öz bəyənilmiş
məqamında səni xatırlayır. Sən Allah Əmrinin məşriqi, Vəhyin şəfəqi və
İsmi-Əzəmin məzhərisən ki, bunun da sayəsində ürəklər və könüllər iztiraba
düşdü. Səndə o qədər məzlum kişilər Allah yolunda şəhid oldu və o qədər məzlum
qadınlar zülmlə dəfn edildi ki, möhtərəm bəndələr buna göz yaşı tökdü...
š 64 ›
Biz elə bir uca cənnəti, mübarək və nurlu şəhəri
xatırlamaq istədik ki, orada Məhbubun ətri səpildi, Onun ayələri yayıldı, Onun
dəlilləri aşkara çıxdı, Onun bayrağları sancıldı, çadırları quruldu və hikmət
Sahibinin bütün əmrləri şərh olundu.
Bu elə bir şəhərdir ki, orada vüsal ətri yayıldı və
bununla da sadiqlər yaxınlıq, müqəddəslik və gözəllik məqamına cəzb olundular.
Xoş irfan o yolçusunun halına ki, bu yola çıxıb bu şərəfə nail oldu və Qüdrətli,
Tərifəlayiq Rəbbinin inayət dənizindən görüş şərabı içdi.
Ey istəkli torpaq, mən Allah tərəfindən sənin yanına
gəlmişəm, sənə Onun fəzl və mərhəmətinin müjdəsini verirəm və Onun adından səni
salamlayıram. Həqiqətən, O fəzilətli və səxavətlidir. Xoş o kəsin halına ki,
Sənə üz tutdu və səndə aləmlərin Rəbbi olan Allahın ətrini duydu. Onun nuru sənə
yayıldı və Onun şərəfi səni bürüdü, çünki Allah səni öz bəndələri üçün cənnətə,
peyğəmbərlərə və elçilərə nazil etdiyi Kitablarda xatırlanan müqəddəs və mübarək
torpağa çevirdi.
Ey nurlu torpaq, səninlə "Ondan başqa Allah yoxdur!"
bayrağı ucaldı və sənə "Həqiqətən, Mən qeybləri bilən Haqqam!" bayrağı sancıldı.
Sənə daxil olan hər bir kəs səninlə və Mənim səndə olan, böyük bir sədaqətlə
üzlərini Mənim şərəfli məqamıma tutan Budaqlarım, Yarpaqlarım, əlamətlərim,
köməkçilərim və dostlarımla fəxr etməlidir...
š 65 ›
Sonra xatırla o zamanı ki, sən şəhərə (İstanbula)
varid oldun. Sultanın vəkilləri elə zənn etdilər ki, Sən onların
qayda-qanunlarını bilmirsən və cahillərdənsən. De: Bəli, Rəbbimə and olsun ki,
Mən Allahın səxavət göstərərək, Mənə öyrətdiyi şeylərdən başqa bir söz də
bilmirəm. Biz bunu təsdiq və etiraf edirik.
De: Əgər sizin qayda-qanunlarınız özünüz tərəfindən
müəyyən edilibsə, Mən heç vaxt onlara tabe olmaram. Hikmət Sahibi və hər şeydən
Xəbərdar olan Allah Mənə belə bir əmr edib. Allahın gücü və qüdrəti sayəsində
Mən indiyə qədər belə olmuşam, bundan sonra da belə olacağam. Həqiqətən, bu,
haqlı və doğru yoldur. Əgər sizin qayda-qanunlarınız Allah tərəfindən müəyyən
edilibsə və siz doğru danışanlardansınızsa, onda dəlilinizi gətirin. De: Biz
sizin bütün düşündüklərinizi və etdiklərinizi o Kitabda yazdıq ki, orada əməl
sahiblərinin əməllərinin bir hərfi də təhrif olunmaz.
De: Ey vəkillər, siz gərək Allahın qanunlarına tabe
olub öz qayda-qanunlarınızdan əl çəkəsiniz və doğru yolla gedənlərdən olasınız.
Əgər siz ariflərdənsinizsə, bilin ki, bu sizlərə yanınızda olanlardan daha
xeyirlidir. Əgər siz Allahın əmrinə tabe olmasanız, sizin əməllərinizin kiçicik
bir hissəsi də Onun tərəfindən qəbul olunmaz. Tezliklə siz fani həyatınızda nə
qazandığınızı görəcək və tutduğunuz əməllərin cəzasını alacaqsınız. Həqiqətən,
bu, doğru və yəqin bir şeydir.
Sizdən də böyük olan neçə-neçə bəndələr sizin kimi
əməllər törətdilər və hamısı torpağa döndülər və onların barəsində nə hökm
çıxarılacaqdısa, çıxarıldı. Əgər siz Allahın Əmri barədə düşünməsəniz, mütləq
onlara qoşulacaqsınız və elə bir evə daxil olacaqsınız ki, orada özünüzə nə bir
köməkçi tapacaqsınız, nə də bir himayədar. Orada siz həyatınız boyu
etdikləriniz, Allahın Əmrinə qarşı ifrata varmağınız, Onun aşkar bir
səmimiyyətlə sizə üz tutan övliyalarına təkəbbür göstərməyiniz, onların Əmri
barədə məşvərət edib Qoruyan və Qüdrətli Allahın hökmünü buraxaraq öz nəfsinizin
hökmündən yapışmağınız barədə sorqu-suala tutulacaqsınız.
De: Doğrudanmı siz qayda-qanunlarınızı tutub Allahın
qanunlarını bir kənara atırsınız?! Həqiqətən, bununla siz özünüzə və digər
bəndələrə zülm edirsiniz. Kaş bunu anlayaydınız. De: Əgər sizin qanunlarinız
ədalətə əsaslanırsa, nə üçün siz öz istəyinizə uyğun gələndən yapışır, nəfsinizə
zidd olanı isə qəbul etmirsiniz? Belə olan halda siz necə hakimlik edə
bilərsiniz?! Məgər sizin qanununuz budurmu ki, öz əmrinizlə yanınıza gələn Kəsə
əzab verir, heç bir kömək göstərmir və hər gün bir əziyyətə salırsınız? Halbuki,
O, bircə an da itaətsizlik göstərməyib və bunu bütün İraq sakinləri, eləcə də
hər bir bilən kəs təsdiq edər.
Özünüz insaf edin, ey vəkillər, hansı günaha görə
Bizi qovdunuz, hansı təqsirə görə Bizi uzaqlaşdırdınız?! Halbuki Biz sizdən
layiq olduğumuzu istədik və siz onu bizə vermədiniz. Allaha and olsun, bu, elə
böyük zülmdür ki, yer üzündə heç bir zülm onunla müqayisəyə gəlməz. Allah özü
dediklərimə şahiddir...
Bilin ki, dünyanın zinəti və dəbdəbəsi ötüb keçəcək.
Səltənət Allaha — Qoruyan, Şərəfli və Qüdrətli Hökmdara qalacaq. Sizin
dövranınız bitəcək, sizi özünə bağlayan şieylər, sizin insanlar qarşısında
öyündüyünüz şeylər keçib gedəcək. Əmr Mələkləri sizi elə bir yerə çağıracaq ki,
orada bütün məxluqatın əzaları titrəyər, zalımların dərisi soyular. Orada siz
fani həyatınızda qazandıqlarınız barədə sorğu-suala tutular və etdiklərinizin
cəzasını alarsınız. Bu, elə bir gündür ki, mütləq sizin üçün gələr və elə bir
saatdır ki, onu saxlamaq olmaz. Hər şeyi Bilənin doğru söyləyən dili buna
şəhadət verir...
š 66 ›
Ey şəhər (İstanbul) əhli, Allahdan çəkinin, yer
üzündə fəsad törətməyin və Şeytanın ardınca getməyin. Bu az günlərinizdə Haqqın
yolu ilə gedin. Sizin dövranınız mütləq bitəcək, necə ki, sizdən əvvəlkilərin
dövranı keçdi. Və siz torpağa dönəcəksiniz, necə ki, sizin ata-babalarınız
torpağa döndülər və qayıdanlardan oldular.
Sonra bilin ki, Mən bir olan Allahdan başqa heç
kəsdən qorxmuram, Ondan başqa heç kəsə təvəkkül etmirəm, Ondan başqa heç kəsə
pənah aparmıram və Onun Mənim üçün istədiyindən başqa bir şey istəmirəm.
Həqiqətən, Mənim muradım Odur— əgər ariflərdənsinizsə, bunu bilin. Mən ruhumu və
cəsədimi aləmlərin Rəbbi olan Allaha fəda etdim. Allahı tanıyan kəs Ondan
başqasını tanımaz. Allahdan qorxan kəs yer üzündə olanların hamısı birləşib onun
əleyhinə qalxsalar da, Ondan savayı heç kəsdən qorxmaz. Mən Onun Əmr etdiyindən
başqa bir söz demirəm, Allahın gücü və qüvvəti sayəsində yalnız Haqq yolu ilə
gedirəm. Həqiqətən, O, sadiqləri mükafatlandıracaq.
Sonra, ey Bəndə, şəhərə daxil olduğun zaman
gördüklərini söylə, qoy bu xatirə yer üzündə qalsın və möminlər üçün bir
xəbərdarlıq olsun.
Şəhərə varid olduğumuz zaman Biz onun başçılarını
bir yerə yığışıb palçıqla oynayan uşağlar kimi gördük. Biz onların arasında
yetkin bir şəxs tapmadıq ki, Allahın Bizə öyrətdiklərini ona öyrədək və uca
hikmətin sözlərini ona çatdıraq. Buna görə də Biz daxili gözlərimizlə onların
halına ağladıq, çünki onlar qadağan olunmuş əməllər tuturdular və nə üçün xəlq
edildiklərindən qafil idilər. Bizim şəhərdə şahidi olduğumuz budur və bunu
Kitabda yazdıq ki, onlara və onlardan sonra gələnlərə xəbərdarlıq olsun.
De: Əgər siz dünyanı və onun bər-bəzəyini
arzulayırdınızsa, gərək onları analarınızın bətnində olduğunuz dövrdə
istəyəydiniz, çünki o zaman siz anbaan dünyaya yaxınlaşırdınız, sonra isə ondan
uzaqlaşdınız — əgər ağıllısınızsa, bunu bilin. Siz doğulub boya-başa çatdıqca
dünyadan uzaqlaşaraq torpağa yaxınlaşdınız. Nə üçün vaxtı itirdikdən və fürsəti
fövtə verdikdən sonra siz özünüz üçün dünya malı toplamağa bu qədər hərissiniz?!
Ayılın, ey qafillər! Bu Bəndənin nəsihətlərinə qulaq asın, çünki O, Allah
xatirinə danışır, sizdən heç bir şey istəmir və Allahın hökmü ilə razılaşaraq,
Onun İradəsinə tabe olur.
Ey insanlar, sizin günlərinizin çoxu keçib və yalnız
bir necə gününüz qalıb. Elə isə öz yanınızdan uydurduğunuz şeyləri boşlayın və
Allahın hökmlərindən elə möhkəm yapışın ki, Allahın sizin üçün istədiklərinə
çatasınız və doğru yolla gedənlərdən olasınız. Yer üzünün bər-bəzəklərinə
sevinməyin və onlara güvənməyin. Ulu və Əzəmətli Allahın zikrinə güvənin.
Tezliklə Allah sizin əlinizdə olanları fənaya uğradar.
Allahdan qorxun, öz qəlbinizdə Allahın əhdini
unutmayın və pərdə arxasında qalanlardan olmayın. Allaha və Onun dostlarına
qarşı təkəbbür göstərməyin. Təvazökarlıqla o möminlərin cərqəsinə qoşulun ki,
onlar Allaha və Onun ayələrinə iman gətirmişlər, qəlbləri ilə Onun birliyinə,
dilləri ilə Onun yeganəliyinə şəhadət verirlər və Onun izni olmadan danışmırlar.
Beləcə Biz sizə ədalət naminə nəsihət verir və həqiqət naminə xəbərdarlıq edirik
ki, bəlkə siz xatırlayanlardan olasınız.
Özünüzə rəva görmədiyinizi insanlara rəva görməyin
və özünüz üçün istəmədiyiniz şeyi başqası üçün istəməyin. Əgər siz sözə qulaq
asansinızsa, bu, ən yaxşı nəsihətdir.
Aranızda olan o üləmalara hörmət qoyun ki,
dediklərinə əməl edirlər, Allahın müəyyənləşdirdiyi hədləri gözləyirlər və
Allahın Kitabındakı hökmlərə əsasən hökm verirlər. Bilin ki, onlar yerlə göy
arasında hidayət çırağlarıdır. Aralarındakı üləmaların hörmətini saxlamayanlar
və qədrini bilməyənlər özlərini Allahın nemətindən uzaqlaşdırırlar. De:
Gözləyin, Allah da Öz nemətini sizdən uzaqlaşdıracaqdır, çünki heç bir şey
Allahın elmindən gizli qala bilməz. O göylərin və yerin sirlərindən agahdır və
həqiqətən, hər şeyi Biləndir. Etdiklərinizə, edəcəklərinizə və Bizim başımıza
gətirdiklərinizə baxıb sevinməyin, çünki bununla sizin məqamınız yüksəlməz. Əgər
öz əməllərinizə yəqinlik gözü ilə nəzər salsanız, bunu bilərsiniz. Bunların
nəticəsində Bizdən bir şey əskilməz, əksinə, bəlalara dözdüyümüzə görə Allah
Bizim mükafatlarımızı artırar. Həqiqətən, o, səbr edənlərin mükafatını
artırandır. Bilin ki, bəlalar və müsibətlər əzəldən Allahın seçilmişləri və
dostlarının, dünyadan əlini üzmüş bəndələrin, yəni dünyanın ticarətinə və
alverinə uymayıb Allahın zikrini unutmayanların, Ondan əvvəl danışmayanların və
Onun hökmlərinə əməl edənlərin nəsibi olub. İndiyə qədər Allahın qoyduğu qayda
belə olub və bundan sonra da belə olacaq. Xoş o səbrlilərin halına ki, bütün
əzablara və çətinliklərə dözərək heç nədən şikayət etmir və səbr yolu ilə
gedirlər...
Tezliklə Allah elə bir tayfanı meydana çıxaracaq ki,
onlar Bizim günlərimizi və başımıza gələnlərin hamısını xatırlayacaq və günahsız
yerə açıq-aşkar Bizə zülm edənlərdən Bizim haqqımızı tələb edəcəklər. Bunun
ardınca Allah onların əleyhinə qalxaraq onların əməllərinə şahidlik edəcək və
günahlarına görə onları cəzalandıracaq. Həqiqətən, O, intiqam alanların ən
amansızıdır.
Beləcə Biz sizə Haqqın hekayətlərini danışdıq və
indiyə qədər Allahın buyurduqlarını çatdırdıq ki, bəlkə siz Onun qarşısında
tövbə edib Ona doğru qayıdasınız, öz əməllərinizi dərk edib yuxudan və qəflətdən
oyanasınız, itirdiklərinizi əldə edərək yaxşılardan olasınız. Kim istəyirsə,
Mənim sözlərimi qəbul etsin, kim istəmirsə, üz döndərsin. Mən yalnız Allahın
Əmrindən çıxdığınızı sizə xatırladıram ki, bəlkə xatırlayanlardan oldunuz. Elə
isə Mənim sözlərimi eşidin, sonra da Allaha doğru qayıdaraq, Onun qarşısında
tövbə edin ki, Allah öz fəzli sayəsində sizə rəhm etsin, səhvlərinizi bağışlasın
və günahlarınızdan keçsin. Həqiqətən də, Onun mərhəməti qəzəbindən üstündür və
Onun fəzli əvvəldən axıracan varlıq libasına bürünənlərin hamısını əhatə edir...
š 67 ›
Bu zühurda əvvəllər görünməmiş şeylər aşkara çıxdı
və müşriklər bunu görəndə dedilər: "Bu, Allaha iftira deyən bir sehrbazdır".
Bilin ki, onlar atılmış tayfadır.
Ey Əzəli Qələm, İraqda baş verənləri insanlara
çatdır. O zaman üləmalar dəstəsinin göndərdiyi elçi gələrək, hüzura yetişdi və
müxtəlif elmlərdən sual verdi. Biz öz yanımızda olan elmlə ona cavab verdik.
Həqiqətən, sənin Rəbbin qeybdə olanları Biləndir. O dedi: "Biz şəhadət veririk
ki, sənin bildiklərini heç kəs mənimsəyə bilməz. Lakin bu, insanların sənə aid
etdikləri məqamı təsdiqləmək üçün kifayət deyil. Elə bir şey et ki, yer üzündə
olanların hamısı onun kimisini etməkdə aciz olsunlar". Sənin şərəfli və Mehriban
Rəbbinin hüzurunda məsələ belə oldu. Ona deyildi: "Bax, gör nə görürsən?!" Onda
o, ildırım vurmuş kimi donub qaldı. Özünə gələndə isə dedi: "Şərəfli və
Tərifəlayiq Allaha iman gətirdim!" Ona deyildi: "Öz tayfanın yanına get və
söylə: Ürəyinizdən keçəni istəyin, çünki O istədiyi hər şeyə qadirdir,
yaranmışlar və yaranacaqlar Onu aciz edə bilməzlər. De: Ey üləmalar tayfası, bir
məsələdə razılığa gəlin, sonra onu mərhəmətli Rəbbinizdən diləyin. Əgər O öz
qüdrəti sayəsində sizin istəyinizi yerinə yetirərsə, ona iman gətirin və
kafirlik edənlərdən olmayin. O dedi: "İndi irfanın dan yeri işıqlandı və
Rəhmanın dəlili tamamlandı». O, ayağa durdu və Şərəfli, Sevimli Allahın Əmrinə
əsasən öz tayfasının Yanına qayıtdı.
Bir necə gün keçdi, amma o, geri dönmədi. Nəhayət,
başqa bir elçi gəldi və bizə xəbər verdi ki, o tayfa öz istədiyindən imtina
edib. Həqiqətən, onlar alçaq bir tayfadır. İraqda məsələ belə oldu və Mən
dediklərimə şahidəm. Bu məsələ hər tərəfə yayıldı, lakin heç kəs bunu anlamadı.
Bizim hökmümüz belə oldu, bunu bilin.
Canıma and olsun, ötən əsrlərdə də ilahi əlamətlər
diləyən kəslər Biz onları göstərdikdən sonra belə, Allaha qarşı küfr etmişlər,
çünki insanların əksəriyyəti qafildir. Amma o kəslər ki, gözləri irfan nuru ilə
açılmışdır, onlar Rəhmanın ətrini duyar və onu qəbul edərlər. Bilin ki, onlar
sadiq bəndələrdir...
š 68 ›
Ey Mənim Meyvəm, ey Mənim Yarpağım! Mənim şərəfim və
mərhəmətim sənə nəsib olsun! Başına gələnlərdən kədərlənmə. Əgər aləmin
dəftərinə nəzər salsan, qəm və qüssəni dağıdan şeyləri müşahidə edərsən.
Ey Mənim Meyvəm, qəzavü-qədərlə bağlı Həqiqi
Hökmdarın iki cür hökmü mövcuddur. Onların hər birinə itaət etmək, lazım və
təslim olmaq vacibdir. Biri labüd əcəldir, digəri isə xalq arasında deyildiyi
kimi, qəfil əcəldir. Birinciyə bütünlüklə təslim olmaq gərəkdir, çünki o,
qaçılmazdır. Hərçənd Haqq onu dəyişdirməyə və əvəz etməyə qadir olmuşdur və
qadirdir. Amma bunun zərəri əvvəlkindən də böyük olur. Odur ki, Allahın İradəsi
ilə razılaşmaq və Ona təvəkkül etmək yaxşıdır. Qəfil əcəlin isə dua və münacat
vasitəsilə qarşısını almaq mümkün olmuşdur və mümkündür. İnşaallah, Mənim Meyvəm
və yanındakılar ondan qorunacaqlar.
De: İlahi, İlahi! Sən mənim yanımda Özünün bir
əlamətini qoymuşdun, sonra isə Öz iradənlə onu geri aldın. Sənin bu kənizin
bununla əlaqədar olaraq "nə üçün?" və "niyə?" deyə bilməz, çünki Sənin
hərəkətlərin bəyənilməli, Sənin əmrlərinə itaət olunmalıdır. Ya Rəbb, Sənin bu
kənizin nəzərlərini Sənin fəzlinə və səxavətinə dikib. Ona qismət elə ki, Sənə
yaxınlaşsın və Sənin aləmlərinin hamısında xeyir görsün, çünki Sən Bağışlayan və
Səxavətlisən. Səndən başqa Allah yoxdur, Sən — Əzəli hökmdarsan.
İlahi, xeyir-dua ver o kəslərə ki, Sənin
düşmənlərinin istəyinə rəğmən insanların gözü qarşısında Sənə məhəbbətin
şərabını içdilər, Sənin birliyini və yeganəliyini təsdiq və etiraf etdilər və
bununla da Sənin məxluqatına zülm edənləri və Sənin məmləkətlərində fironluq
edənləri lərzəyə saldılar. Şəhadət verirəm ki, Sənin səltənətin fənaya uğramaz
və Sənin İradən dəyişməz. Sənə üz tutanlara və Sənin ipindən yapışan kənizlərinə
Öz səxavət dənizinə və fəzilət asimanına yaraşan şeyləri qismət eylə!
İlahi, Sən o Kəssən ki, Özünün Varlı, bəndələrinin
isə yoxsul olduğunu bildirmisən. Necə ki, buyurmusan: "Ey iman gətirənlər, siz
Allaha ehtiyacı olan yoxsullarsınız, Allah isə Ehtiyacsız və Tərifəlayiqdir".
Madam ki, Mən öz yoxsulluğumu və Sənin zənginliyini etiraf edirəm, onda məni öz
nemətlərindən məhrum etmə. Həqiqətən, Sən Qoruyan, Hər şeyi Bilən və Hikmət
Sahibisən!
š 69 ›
...Özünü "Za" torpağında fəda etmiş
Əşrəfin anasının hərəkətini yada sal. Bil ki, o, Qadir və Qüdrətli Allahın
yanındakı həqiqət taxtındadır.
Müşriklər onu zülm ilə qətlə yetirmək istəyəndə,
anasını onun yanına göndərdilər ki, ona nəsihət versin, bəlkə o, tövbə edib
aləmlərin Rəbbi olan Allaha qarşı küfr edənlərə tabe olsun. O, oğlu ilə üzbəüz
olarkən, elə sözlər dedi ki, Haqq aşiqlərinin və səma sakinlərinin könülləri
sızlayıb ağladı. Sənin Rəbbin dediklərimə şahiddir və bunu bilir.
O dedi: "Oğlum, ey oğlum, özünü Rəbbinin yolunda
fəda eylə! Məbada göylərdə və yerdə olanların səcdə etdikləri Kəsə qarşı küfrə
yol verəsən. Ey oğlum, Rəbbinin Əmrində səbatlı ol və aləmlərin Məhbubuna üz
tut!"
Ona Mənim salavatım, mərhəmətim, tərifim və şərəfim
nəsib olsun! Onun oğlunun qan bahası şəxsən Mənim boynumadır. O indi Mənim
əzəmət və böyüklük sarayımdadır. Qəsrlərdəki hurilər, eləcə də behişt əhli və
müqəddəslik şəhərlərinin sakinləri onun üzündən nur alırlar. Kim onu görərsə,
söyləyər: "Bu, kəramətli Allahın mələyindən başqa bir kəs deyildir"...
š 70 ›
Bu əzəmətli nizamın təsirindən dünyanın nizamı
pozuldu, məxluqatın gözünün bənzərini görmədiyi bu ecazkar qaydanın təsirindən
dünyanın qaydası dəyişdi.
Mənim sözlərimin dənizinə baş vurun ki, bəlkə onda
olan hikmət və sirr gövhərlərindən agah olasınız. Allahın səltənət və qüdrətini
aşkara çıxaran bu Əmrdə lənqiməkdən çəkinin. Bəyaz üzlərlə ona doğru tələsin.
Bu, Allahın bundan əvvəlki və bundan sonrakı dinidir. Kim istəyirsə, qəbul etsin
və kim istəmirsə, bilsin ki, Allahın aləmdəkilərə ehtiyacı yoxdur.
De: Bu, göylərdə və yerdə olanlar üçün hidayət
tərəzisi və ən böyük dəlildir — bunu ailayın! De: Bütün dövrlərdəki dəlillər
onunla sübuta yetdi — bunu yəqin bilin! De: Onunla bütün yoxsullar varlandı,
bütün alimlər elm öyrəndi və Allaha doğru ucalmaq istəyənlər yüksəldi. Onda
ixtilafa yol verməkdən çəkinin. Qüdrətli və Mehriban Rəbbinizin əmrində dağlar
kimi möhkəm olun...
š 71 ›
Ey yer əhli, Mənim camalımın günəşi qürub edəndə və
Mənim varlığımın səması görünməz olanda, iztiraba düşməyin. Mənim Əmrimə kömək
etməkdən və sözlərimi insanlar arasında yaymaqdan ötrü ayağa qalxın. Bütün
hallarda Biz sizinləyik və haqqın gücü ilə sizə kömək edərik. Həqiqətən, Biz hər
şeyə qadirik. Hər kəs Məni tanısa, Mənə xidmət etmək üçün elə ayağa qalxar ki,
göylərin və yerin qoşunları onu yerində oturda bilməz.
İnsanlar yuxuya gediblər, əgər ayılsalar, ürəkdən
hər şeyi Bilən və hikmət Sahibi olan Allaha doğru tələsərlər və Ağalarının
onları öz yanında olan bircə kəlmə ilə xatırlaması üçün əllərində olan hər şeyi,
hətta dünyanın bütün xəzinələrini belə kənara atarlar — gizli elmləri bilən Kəs
dünyada misli görünməyən və aləmləri qoruyan Özündən başqa heç kəsə bəlli
olmayan Lövhə vasitəsilə sizə belə xəbər verir. Onları ehtiraslarının məstliyi
elə bürüyüb ki, aləmin Ağasını görmürlər, halbuki Onun nidası hər tərəfdən
ucalır: "Məndən — Qüdrət və Hikmət Sahibindən başqa Allah yoxdur!"
De: Axşam malik olduğunuz şeylərə görə sevinməyin,
çünki səhər onlara başqası malik olacaq. Hər şeyi Bilən və hər şeydən Agah olan
Allah sizə belə xəbərdarlıq edir, De: Malik olduğunuz şeylərdən sabitlik və vəfa
gördünüzmü?! Rəhmana and olsun ki, yox! Əgər siz insaf əhlisinizsə, bilin ki,
sizin həyatınızın günləri yellər kimi ötüb keçər, sizdən əvvəlkilərin büsatı
pozulduğu kimi sizin də izzətinizin büsatı pozular. Düşünün, ey insanlar! Hanı
keçmiş günləriniz, hanı ötən əsrləriniz?! Xoş o günlərə ki, Allahın zikri ilə
keçdi və o çağlara ki, Hikmət Sahibinin zikrinə sərf olundu! Canıma and olsun,
nə qüdrətlilərin qüdrəti qalacaq, nə varlıqların sərvəti, nə də zalımların
şövkəti! Hamısı Onun bir sözü ilə tezliklə fənaya uqrayacaq. Həqiqətən, O,
Müqtədir, Qadir və Qüdrətlidir. İnsanların malik olduqları şeylərin onlara
faydası yoxdur, onlara faydası olan şeylərdən isə qafildirlər. Tezliklə onlar
yuxudan ayılacaqlar və Qüdrətli, Tərifəlayiq Rəbblərinin günlərində
itirdiklərini tapa bilməyəcəklər. Əgər onlar anlasalar, adlarının ərşdə
xatırlanması üçün malik olduqları şeyləri qurban verərlər. Bil ki, onlar
ölülərdən sayılırlar...
De: Ey insanlar, Mənim zührumun səltənəti görünməz
olanda və Mənim bəyan dənizimin dalğaları sakitləşəndə, sizi iztirab bürüməsin.
Mənim zühurumda bir hikmət, qeyb olmağımda isə başqa bir hikmət var. Bunu
Bənzərsiz və Hər şeydən Xəbərdar olan Allahdan başqa kimsə bilməz. Mən sizi öz
nurlu üfüqümdən görürəm və Mənim Əmrimin köməyinə qalxanlara Səma sakinlərinin
qoşunu və yaxın mələklərin ləşkəri ilə yardım edərəm.
š 72 ›
Ey yer əhli! Haqq olan Allaha and olsun ki, sizin
ixtiyar sahibi olan Rəbbinizin nitqinin şirinliyindən daşlardan duru və sərin
çaylar axmaqdadır, siz isə bundan xəbərsizsiniz. Malik olduğunuz şeylərdən əl
çəkin, sonra da fədakarlıq qanadlarında dünyanın fövqünə yüksəlin. Qələminin
hərəkəti ilə insanları dəyişdirən məxluqatın Sahibi sizə belə əmr edir.
Anlayırsınızmı şərəfli Rəbbiniz hansı üfüqdən sizi
çağırır?! Bilirsinizmi Adlar sahibi olan Rəbbiniz hansı qələmlə sizə əmr edir?!
Canıma and olsun ki, yox! Əgər siz anlasaydınız, dünyanı tərk edib ürəkdən
Məhbuba doğru üz tutardınız. Və Onun sözü sizi elə bir şövqə salardı ki, bundan
Böyük Aləm həyəcana gələrdi — qalsın ki, bu kiçik aləm. Beləcə Mənim fəzlimin
nişanəsi olaraq, inayətamin səmasından kəramət yağışları yağdı ki, siz şükr
edənlərdən olasınız...
Ehtiyatlı olun ki, nəfsiniz və ehtirasınız aranıza
təfriqə salmasın. Bir əlin barmaqları və bir bədənin üzvləri kimi olun. Əgər siz
yəqinlik hasil edənlərdənsinizsə, vəhy Qələmi sizə belə nəsihət verir.
Allahın mərhəmətinə və lütflərinə diqqət yetirin.
Həqiqətən, O sizə sizin üçün faydalı olan şeyləri əmr edir, halbuki Onun
aləmdəkilərə ehtiyacı yoxdur. Sizin yaxşı işlərinizin Bizə xeyri olmadığı kimi,
sizin bəd əməlləriniz də Bizə ziyan vurmaz. Bilin ki, Biz yalnız Allah xatirinə
sizi dəvət edirik. Bütün elm və bəsirət sahibləri buna şəhadət verərlər...
š 73 ›
Cənabınıza məlumdur ki, bütün adların və sifətlərin,
aşkar və görünən, gizli və görünməz şeylərin üzərindən pərdələr götürülərsə,
onlarda Allahın əlamətlərindən başqa bir şey qalmaz. Bunları Allahın Özü onlarda
əmanət qoymuşdur və sənin Rəbbin, göylərin və yerin Rəbbi olan Allahın istədiyi
qədər onlarda qalacaqdır. Belə olan halda xilqətin yaradılışının və
mövcudluğunun məqsədi olan möminin məqamı özlüyündə aydındır. Və "iman" sözü
əvvəli olmayan əvvəldən axırı olmayan axıra qədər olduğu və olacağı kimi, mömin
də daim diri olmuş və olacaqdır, həmişə də Allahın Məşiyyəti ətrafında dövr
edəcəkdir. O, Allah durduqça duracaq, Allah qaldıqça qalacaq, Allahın zühuru ilə
üzə çıxacaq və Allahın əmri ilə gizli olacaqdır. Və bu aydındır ki, Əbədiyyətin
ən uca üfüqü Allaha və onun əlamətlərinə iman gətirənlərin məskənidir. O
müqəddəs məkana ölüm heç vaxt yol tapa bilməz. Beləcə Biz sənə Rəbbinin
əlamətlərindən bəzilərini çatdırdıq ki, Ona məhəbbətində səbat göstərəsən və
ariflərdən olasan,..
š 74 ›
Əgər siz ariflərdənsinizsə, bilin ki, Allahın
ağzından çıxan hər bir kəlmə bəndələrə həyat bəxş edər. Yer üzündə gördüyünüz
bütün şeylər Onun uca, ali, qəti və ecazkar əmri ilə meydana çıxmışdır. Onun
ağzının üfüqündən "Yaradıcı" adının günəşi parlayan zaman bütün əsrlərdəki
sənətlər meydana gəldi. Bu, şəksiz bir həqiqətdir. Və bu Ad bütün məxluqata nur
saçdıqda, bunun nəticəsində dünyəvi vasitələrdən istifadə edən sənətlər yarandı.
Əgər siz yəqinlik hasil edənlərdənsinizsə, bunu bilin. Gördüyünüz bütün ecazkar
sənətlər hamılıqla bu Adın sayəsində meydana çıxıb və bundan sonra elələri
meydana gələcək ki, indiyədək onların haqqında eşitməmisiniz. Lövhələrdə belə
hökm olunmuşdur və bəsirət sahiblərindən başqa bunu heç kəs anlamaz. Və bu anda
nitq üfüqündən "Hər şeyi Bilən" Adımın günəşi parladısa, bütün şeylər bu Addan
öz imkanları və qabiliyyətləri çərçivəsində eçazkar biliklər kəsb edərlər və
zaman keçdikcə Qüdrətli və Hər şeyi Bilən Allahın əmri ilə bunu nümayiş
etdirərlər. Bütün Adlara beləcə nəzər sal və yüksək yəqinliyə nail ol. De:
Allahın ağzından çıxan hər bir hərf – hərflərin anasıdır, eləcə də Əmr
mədənindən aşkar olan hər bir söz – sözlərin anasıdır və Onun Lövhəsi də
lövhələrin anasıdır. Xoş bunu anlayanların halına...
š 75 ›
Mənim adımla qalın pərdələri cırın, tövhidin gücü
ilə təqlid bütlərini sındırın və Rəhmanın müqəddəs cənnətinə daxil olun.
Qəlbinizi Allahdan savayı hər şeydən təmizləyin, böyük Əmrin vətənində və yüksək
ismətin məskənində dincəlin. Nəfsin hicabı ilə özünüzü pərdələməyin, çünki Mən
hər bir kəsi kamil şəkildə xəlq etmişəm ki, yaradıcılığımın kamilliyi aydın
olsun. Belə olan surətdə hər kəs özlüyündə Sübhanın Camalını dərk etmək
qabiliyyətinə malik olmuşdur və olacaqdır. Əgər o, bu məqama çatmaq
qabiliyyətinə malik olmasaydı, məsuliyyət onun üzərindən götürülərdi. Böyük
Qiyamət zamanı Allahın qarşısında bir nəfərdən soruşulanda ki, nə üçün Mənim
Camalıma iman gətirməyib Məndən üz çevirdin, əgər o bütün aləm əhlinə istinad
edərək: "Heç kəsin qəbul etmədiyini və hamının üz döndərdiyini görüb onların
ardınca getmişəm və əbədi Camaldan uzaq düşmüşəm" — desə, bu üzr heç vaxt
eşidilməz və qəbul olunmaz. Çünki heç kəsin imanı başqasından asılı olmamışdır
və olmayacaqdır.
Vəhyin sirlərindən biri də budur ki, onu bütün
səmavi Kitablarda möhtəşəm Qüdrət dili ilə nazil etmiş və Qüvvət qələmi ilə
yazmışam. Elə isə indi bir qədər düşünün ki, zahiri və batini gözünüzlə bu uca
və əbədi lövhədə qətiyyətli və təkidli müraçiətlə nazil etdiyim hikmətlərin
incəliklərini və səmavi biliklərin cövhərlərini görüb dərk edəsiniz və özünüzü
ən yüksək məskəndən, Sidrətül-müntəhadan, qüdrət və şərəf məkanından
uzağlaşdırmayasınız.
Haqqın əlamətləri günəş kimi bəndələrin
yaratdıqlarında açıq-aşkar nur saçır. Onun işlərindən heç biri Ondan başqasının
işinə bənzəməz. Onun elminin məşriqindən elm və məna günəşləri parlayar, Onun
Qələminin çənnətindən Rəhmanın ətirli yelləri əsər. Xoş bunu anlayanların
halına!..
š 76 ›
Ey Bəndə, Ulu və Əzəmətli Rəbbinin ərşindən Sənə
göndərilən vəhyi eşit! Ondan başqa Allah yoxdur. O, məxluqatı Özünün — Rəhimli
və Mərhəmətlinin tanınmasından ötrü yaratdı və bütün şəhərlərə Öz yanından bir
elçi göndərdi ki, onlar insanlara Allahın cənnətinin müjdəsini versinlər,
insanları əmin-amanlıq məkanına və uca müqəddəslik məqamına yaxınlaşdırsınlar.
İnsanların bir qismi Allahın göstərdiyi doğru yolu taparaq, Onun hüzuruna
yetişdilər və Onun ətirli əllərindən dirilik şərbəti içib yəqinlik hasil
etdilər. Onların bir qismi isə etiraza qalxaraq Güclü, Qüdrətli və Hər şeyi
Bilən Allahın ayələrini inkar etdilər.
Beləcə əsrlər keçdi və zaman gəlib günlərin Ağasına
yetişdi, Həmən gün Bəyan Günəşi Rəhmanın üfüqündən parladı və
Sübhanın Camalı əzəmətli Əli adı ilə işıq saçdı. O zaman hamı etiraza qalxdı.
Onlardan bir qismi dedi: "Bu günlərdə bir kişi Qüdrətli və Əzəli Allaha qarşı
iftira söyləyir". Bir qismi isə dedi: "O, dəli olub". Belə ki, üləmalardan biri
Mənim hüzurumda bu sözü söylədi və Mən özüm bunun şahidiyəm. Onlardan bəziləri
də dedi: "Onun dedikləri fitri deyil və o, Allahın sözlərini oğurlayıb öz
sözlərinə qarışdırır". Onların ağzından çıxan bu sözlərə görə Əzəmət gözləri
ağladı, onlar isə öz mövqeyində qalıb şadlandılar.
O dedi: "Ey insanlar, Allaha and olsun, Mən sizin
Rəbbiniz və ulu babalarınızın Rəbbi olan Allahın əmri ilə gəlmişəm. Ey insanlar,
yanınızda olan şeylərə diqqət yetirməyin. Allah tərəfindən nazil olana nəzər
salın. Həqiqətən, o sizə bütün şeylərdən xeyirlidir — əgər arifsinizsə, bunu
bilin. Ey insanlar, nəzərlərinizi həm Allahın yanınızda olan dəlil və
sübutlarına, həm də bu gün nazil olana yönəldin ki, həqiqət aydın və aşkar
əlamətlərlə sizə bəlli olsun. Ey insanlar, Şeytanın ardınca getməyin, Rəhmanın
dininə itaət edin və möminlərdən olun. Allahın zühurundan sonra insana xeyir
verəcək bir şey varmı?! Qüdrətli, Hər şeyi Bilən və Hikmət Sahibi olan Özümə and
olsun ki, yox!"
Onun nəsihətləri çoxaldıqca, onların ədavəti də
artırdı. Nəhayət, Onu zülm ilə qətlə yetirdilər. Bilin ki, zalımlar Allahın
lənətinə düçar olacağlar.
İnsanların az bir qasmi Ona iman gətirdilər.
Bəndələrimizin az bir hissəsi şükr edəndir. O bütün Lövhələrində, hətta hər bir
gözəl sətrində onlara vəsiyyət etdi ki, zühur vaxtı göylərdə və yerdə xəlq
olunmuş heç bir şeyə üz tutmayın. Və dedi: "Ey insanlar, Mən özümü Ondan ötrü
zahir etdim və Bəyanı Onun əmrinin isbatı üçün nazil etdim. Allahdan çəkinin və
Quran əhli Mənə etiraz etdiyi kimi siz də Ona etiraz etməyin. Onun sorağını
eşidən kimi Ona doğru can atın və Onun dediklərini qəbul edin, çünki keçmiş
hökmləri əvvəldən axıradək yerinə yetirsəniz belə, Ondan başqa heç kəs sizə
kifayət etməz"...
Məlum sayda aylar və məhdud miqdarda illər ötdükdən
sonra İlahi hökmün səması parçalandı və Əlinin Camalı, həqiqətən, Adlar
buludunda başqa bir libasla gəldi. O zaman onlar üfüqdə parlayan bu nurun
əleyhinə çıxdılar, əhd-peymanı pozaraq, Onu inkar etdilər, Onunla çəkişməyə
başladılar, ayələrinə inanmayıb dəlillərini yalan sandılar və müşriklərdən
oldular. Axırda Onu qətlə yetirmək fikrinə düşdülər. Qafillərin işi belə olur.
Lakin özlərinin aciz olduqlarını gördükdə, hiyləyə əl atdılar və hər an yeni bir
hiylə qurdular ki, Allahın Əmrinə ziyan vursunlar. De: Vay sizin halınıza!
Bununla siz özünüzə ziyan vurursunuz, çünki sizin mərhəmətli Rəbbinizin
aləmdəkilərə ehtiyaçı yoxdur — Onun nə bir şeyi artar, nə də azalar. İman
gətirdinizsə, özünüz üçündür, küfr etdinizsə, özünüzə qayıdar. Onun ətəyi
müşriklərin çirkabını götürməz.
Ey Allaha iman gətirmiş bəndə! Allaha and olsun,
əgər Mən başıma gələnləri danışsam, ürəklər və ağıllar buna dözməz. Allah Özü
buna şahiddir. Sən özünü qoru və onların arxasınça getmə. Rəbbinin əmri
barəsində düşünənlərdən ol. Rəbbini başqalarının köməyi ilə deyil, Onun özünün
vasitəsilə tanı, çünki başqası heç vaxt sənə kifayət etməz və əgər sən
eşidənsənsə, buna bütün şeylər şəhadət verir. Qüdrətli və Səxavətli Rəbbinin
izni ilə pərdə arxasından çıx, yerlə göy arasında Ulular Ulusu Rəbbinin adı ilə
ölməzlik piyaləsini al və onu iç — ləngiyənlərdən olma! Allaha and olsun, piyalə
sənin dodağlarına toxunanda, Səma sakinləri deyər: "Nuş olsun sənə, ey Allahın
yolunda yəqinlik hasil edən bəndə!" Əbədiyyət şəhərinin sakinləri söyləyər" "Xoş
sənin halına, ey Allaha məhəbbət piyaləsindən içən kəs!" Böyüklük dili isə belə
nida edər: "Müjdə olsun sənə, ey bəndə, sən elə bir şərəfə nail oldun ki, ona
yalnız göylərdə və yerdə olan bütün şeylərdən əlini üzərək, fədakarlıq
göstərənlər nail olurlar!.."
š 77 ›
...Amma sənin fitrət barədə sualına gəldikdə isə,
bil ki, bütün insanlar Qoruyan və Qəyyum Allahın fitrəti ilə yaranıb və hər bir
kəsin imkanları qüdrətli və qorunan lövhələrdə yazılan miqdarda müəyyən olunub.
Lakin bunların hamısı sizin öz iradənizlə aşkara çıxır, necə ki, siz bunu öz
əməllərinizdə müşahidə edirsiniz. Məsələn, Kitabda bir şeyin haram olunmasını
götürün. Əgər siz Bəyana nəzər salsanız, görərsiniz ki, Allah onda öz əmri ilə
istədiyini halal edib və öz hökmü ilə istədiyini haram buyurub. Siz Kitabda
bunların hamısının şahidi ola bilərsiniz. Lakin insanlar bunu bilə-bilə haram
işlər törədirlər. Əgər insaf əhlisinizsə, deyin, bunlardan hansı Allaha aiddir,
hansı sizin özünüzə? De: Bütün yaxşı əməllər Allahdandır, bütün pis işlər isə
sizin özünüzdəndir. Məgər bunu bilmirsiniz? Əgər siz anlayansınızsa, bu, bütün
Lövhələrdə nazil olub. Bəli, Allah sizin əməllərinizi onlar aşkara çıxdıqdan
sonra bildiyi kimi, aşkara çıxmazdan qabaq da bilir. Həqiqətən, Ondan başqa
Allah yoxdur. Xilqət və Əmr aləmləri Ona məxsusdur. Onun bildiklərinin hamısı
müqəddəs və gizli lövhələrdə yazılmışdır. Lakin Onun hər şeyi bilməsi insanların
əməllərinin səbəbi ola bilməz, necə ki, sizin bir şeyi qabaqcadan bilməyiniz
onun baş verməsinin səbəbi ola bilməz — bu, sizin istəyib-istəməməyinizə və
bilib-bilməməyinizə bağlı deyil...
š 78 ›
...Xilqət haqqında sualın barədə. Bil ki, xilqət
əzəldən olub və həmişə də olacaq. Onun əvvəlinin başlanğıcı və axırının sonu
yoxdur. "Xaliq" adı özlüyündə "məxluq"un simasını tələb edir və eləcə də "Rəbb"
adı "tərbiyələnən"in mövcudluğunu nəzərdə tutur.
Keçmiş zamanlarda deyilən: "Allah var idi, lakin Onu
tanıyan yox idi", "Rəbb var idi, lakin tərbiyələnən yox idi" və digər bu kimi
kəlamlara gəldikdə isə, onların mənası həmişə aydın olmuşdur. Və həmin
kəlamlardan biri də budur ki, buyurur: "Allah var idi, Onunla heç bir şey yox
idi və O həmişə olduğu kimi qalacaq". Hər bir bəsirət sahibi təsdiq edər ki,
indi Rəbb mövcuddur, lakin tərbiyələnən yoxdur. Yəni Onun dərgahında Ondan
başqası ola bilməz. Dünyəvi məqamda Onun barəsində deyilənlər dünyəvi hədlərlə
məhdudlaşır, Haqq isə bunlardan ucadır. O əzəldən belə olub və Onunla heç kəs
olmayıb. O heç bir ada, təsvirə və tərifə sığmaz. Və həmişə də özündən
başqalarından uca olacaqdır.
Məsələn, ümumi Məzhərin zühuru anına diqqət yetir. O
Əzəli Mahiyyət özünü tanıtdırmazdan və əmr kəlməsi ilə danışmazdan qabaq Bilən
var idi, amma bilinən yox idi, eləcə də Xaliq var idi, amma Onun məxluqu yox
idi. Çünki hamının ruhunun alındığı həmin anda hər şey Ona təslim olur. Bu,
həmən gündür ki, onun barəsində buyurur: "Bu Gün hökmranlıq kimə məxsusdur?" Və
buna cavab verən bir kəs tapılmaz...
š 79›
Aləmlər barədə sual vermişdin. Bil ki, həqiqətən,
Allahın tükənməz aləmləri vardır və onların sonu yoxdur. Onları hər şeyi Bilən
və Hikmət Sahibi olan Allahın özüvdən başqa heç kəs əhatə edə bilməz. Yuxu
barəsində fikirləş. Əgər fikirləşsən, görərsən ki, o, insanlar arasında Allahın
ən böyük əlamətidir. Məsələn, gecə yuxuda bir şey görürsən və bir ildən, iki
ildən, yaxud bundan çox və ya az müddətdən sonra həmən yuxu eynilə çin olur.
Əgər yuxu gördüyün aləmlə sənin olduğun bu aləmdə baş verməliydi və sən də bunun
şahidi olmalıydın. Halbuki, sənin yuxuda gördüyün şey həmən anda bu aləmdə
mövcud olmur və yalnız sonradan aşkara çıxır. Bu, onu sübut edir ki, sənin yuxu
gördüyün aləm başqa bir aləmdir və onun nə əvvəli var, nə də axırı. Əgər desən
ki, bu aləm sənin özündəndir və onda olanlar Şərəfli və Qüdrətli Allahın əmri
ilə orada cəmləşir, haqlısan. Eləcə də desən ki, ruh yuxu zamanı bütün dünyəvi
əlaqələrdən təmizlənərək, Allahın köməyi ilə bu aləmin mahiyyətində gizlənmiş
başqa bir aləmdə seyrə çıxır, bu da doğrudur. Həqiqətən, Allahın bu aləmdən
başqa aləmləri və bu xilqətdən başqa xilqətləri vardır. Və Onun bütün aləmlərdə
təyin etdiyi şeyləri hər şeyi hesablayan və hər şeyi Bilən Özündən başqa kimsə
hesablaya bilməz. Sənə deyilənlər üzərində düşün ki, sənin Rəbbin və aləmlərin
Rəbbi olan Allahın istəyini anlayasan. Bu sözlərdə ilahi hikmətin sirləri
gizlənib. Biz ona görə təfsilata varmadıq ki, sözümüzlə yarananların əməlləri
nəticəsində Bizi kədər bürüyüb. Əgər eşidənlərdənsinizsə, bunu bilin...
š 80 ›
Sən Məndən soruşursan ki, cismani ölümdən sonra
peyğəmbərlər və övliyalardan başqa, digər insan övladında əvvəlki fərdiyyət,
şəxsiyyət, idrak və şüur qalır, yoxsa itib gedir? Əgər onların qaldığını fərz
etsək, onda necə olur ki, sağlığında, məsələn, huşsuzluq və ya ağır xəstəlik
nəticəsində insanın əqli qabiliyyətləri zədələndikdə, o, şüurunu və idrakını
itirir? Bədənin tərkibinin və ünsürlərinin yox olduğu ölümdən sonra şəxsiyyət və
şüurun qaldığını necə təsəvvür etmək olar ki, onların mövcudluğunu təmin edən
vasitələr büsbütün dağılıb sıradan çıxır? (Sualın sonu).
Cənabınıza məlum olsun ki, ruh öz məqamında möhkəm
və sabitdir. Xəstədə müşahidə olunan zəiflik müxtəlif maneələrdən doğur və
əslində bu zəifliyin ruha aidiyyəti yoxdur. Məsələn, çırağa diqqət yetirin: o
yanır və işıq saçır, lakin arada bir maneə olduqda, onun nurunun qarşısı
kəsilir. O öz yerində işıq saçmaqda davam etsə də, maneələr onun nurunun
yayılmasına imkan vermir. Eləcə də xəstəlik zamanı müxtəlif maneatər xəstənin
bədənində ruhun qüdrət və qüvvətinin aşkara çıxmasına əngəl törədərək, onu gizli
saxlayır. Lakin ruh bədəni tərk etdikdən sonra misli-bərabəri olmayan bir
qüdrət, qüvvət və güc kəsb edir. Bütün incə, pak və müqəddəs ruhlar hədsiz
qüdrət və sevinc içərisində olmuş və olmaqdadır.
Əgər çıraq dəmir örtüyün içərisində olarsa, kənardan
onun işığı qətiyyən görünməz, halbuki, o öz yerində işıq saçmaqda davam edər.
Buludun arxasındakı Günəşə diqqət yetirin. O öz yerində parlayıb işıq saçır,
lakin bulud qarşısını kəsdiyi üçün onun nuru zəif görünür. Həmin günəşi insanın
ruhuna bənzədin, bütün şeyləri isə onun bədəninə. Bədən bütünlüklə o nurun işığı
və ziyası ilə işıqlanır, amma bu, o vaxta qədər davam edir ki, müxtəlif maneələr
arası kəsib maneçilik törətməsin. Maneə yarandıqdan sonra günəşin nuru zəif
görünməyə başlayır. Necə ki, buludlu günlərdə yer günəşin nuru ilə işıqlansa da,
həmin işıq zəif olur və olmalıdır. Buludlar çəkiləndən sonra Günəşin nuru bütün
gücü ilə görünür. Lakin hər iki halda Günəş öz yerində bir həddə işıq saçır.
İnsan bədəninin "ruh" adlandırılan günəşi də belədir.
Həmçinin hələ ağacın özündə olan meyvənin zəifliyini
Göz önünə gətirin. Ağacdan çıxmazdan əvvəl o, ağacda mövcud olsa da, o qədər
zəif olur ki, qətiyyən görünmür. Əgər kimsə ağacı parça-parça etsə, həmin
meyvədən əsər-əlamət tapmaz. Amma ağacdan çıxdıqdan sonra o, ecazkar gözəllik
böyük qüvvətlə görünməyə başlayır, necə ki, bu, bütün meyvələrdə müşahidə
olunur. Elə meyvələr də var ki, Yalnız ağacdan dərildikdən sonra tam yetişir...
š 81 ›
Ruh və insan öləndən sonra onun yaşaması haqqında
sual vermişdin. Bil ki, bədəndən ayrıldıqdan sonra ruh elə bir görkəmdə Allahın
hüzuruna yüksəlir ki, qərinələr, əsrlər, dünyanın fəlakətləri və hadisələri onu
dəyişdirə bilməz. Və Allahın səltənəti, hökmranlığı, qüdrəti və hakimiyyəti
durduqca, o da qalar. Və onda Allahın əlamətləri və sifətləri, Allahın inayət və
lütfləri təzahür edər. Qələmin, bu məqamı, onun ülviyyət və ucalığını təsvir
etməyə qüdrəti çatmır. Fəzlin əli onu elə bir məqama daxil edər ki, bunu heç bir
sözlə anlatmaq və dünyada olan şeylərlə təsvir etmək mümkün deyil. Xoş o ruhun
halına ki, insanların şühbələrindən pak bir halda bədəndən çıxar. Belə bir ruh
öz Rəbbinin İradəsi ilə hərəkət edib uca cənnətə daxil olar, yüksək behiştin
huriləri onun ətrafına toplaşar, o, Allahın peyğəmbərləri və övliyaları ilə
ünsiyyətdə olub onlarla söhbət edər və aləmlərin Rəbbi olan Allahın yolunda
başına gələnləri onlara danışar. Əgər bir kəs ərşin və yerin Rəbbi olan Allahın
aləmlərində onun üçün müəyyən olunanlardan agah olsa, dərhal bu ən uca, ən
yüksək, ən müqəddəs və ən şərəfli məqama çatmaq şövqü ilə alışıb yanar.
İndi də fars dilində eşit. Ey Əbdülvəhhab, sənə
mənim şərəfim nəsib olsun! Sən ruhun əbədi yaşaması barədə sual vermşndin. Bu
Məzlum onun əbədi yaşamasını təsdiq edir. Həm də onun necəliyini soruşmuşdun.
Bunu təsvir etmək mümkünsüzdür və lazım da deyil, ondan yalnız bildirilən qədər
danışmaq olar.
Peyğəmbərlər və Elçilər yalnız insanları haqqın
doğru yoluna istiqamətləndirmək üçün gəlmişlər. Məqsəd bu olmuşdur ki, bəndələr
tərbiyə alsınlar və dünyalarını dəyişərkən, tam paklıq, müqəddəslik və saflıq
halətində Ulu Rəfiqin hüzuruna yollansınlar. Allaha and olsun, belə ruhların
işığı dünyanın tərəqqisinə və insanların məqamının yüksəlməsinə səbəb olur.
Onlar varlığın mayası, dünyadakı zühurların və sənətlərin başlıça
səbəbləridirlər. Onların sayəsində buludlardan yağış yağar və yerdə bitkilər
bitər. Heç bir şey səbəbsiz, məqsədsiz və əsassız mövcud deyil. Və ən böyük
səbəb pak ruhlar olmuşdur və olacaqdır. Bu aləmlə o aləmin fərqi ana bətni ilə
bu dünyanın fərqi kimidir.
Xülasə, ruh bədəndən ayrılıb Allahın hüzuruna
çatanda, əbədi yaşamağa və o aləmdə qalmağa layiq olan bir görkəm alar. Bu əbədi
yaşayış — zamanca əbədilikdir, mahiyyətcə əbədilik deyil, çünki bir səbəbə
bağlıdır. Mahiyyətcə əbədilik heç nədən asılı olmur və bu da yalnız Şərəfli
haqqa məxsusdur. Xoş bunu anlayanların halına!
Əgər peyğəmbərlərin əməlləri barədə düşünsən, tam
yəqinliklə təsdiq edərsən ki5 bu aləmdən başqa da aləmlər vardır. Uca
Qələmdən nazil olmuş "Hikmət Lövhəsi"ndə yazıldığı kimi yer üzünün əksər
filosofları İlahi Kitablarda nazil olanları qəbul və təsdiq edirlər. Hətta
təbiətə əsaslanan materialistlər də peyğəmbərlər barəsində yazmışlar ki, onlar
filosof olmuşlar və bəndələri tərbiyə etmək məqsədilə cənnətdən və cəhənnəmdən,
savabdan və əzabdan bəhs etmişlər. Elə isə diqqət yetirin ki, tutduğu mövqedən
asılı olmayaraq, hamı peyğəmbərləri bütün insanlardan üstün bilir. Bəziləri o
xalis cövhərlərə "filosof" deyirlər, bəziləri də onları Allahın adından Danışan
şəxslər hesab edirlər. Əgər bu şəxslər Allahın aləmlərinin yalnız bu aləmdən
ibarət olduğunu düşünsəydilər, heç vaxt özlərini düşmənlərin əlinə verməz və
misli görünməmiş əzab-əziyyətlərə qatlaşmazdılar…
š 82 ›
Ruhun mahiyyəti barədə sual vermişdiniz. Bilin ki,
ruh — Allahın əlamətidir və elə bir səmavi cövhərdir ki, bütün elm sahibləri
onun mahiyyətini dərk etməkdə və bütün irfan əhli onun sirrini anlamaqda
acizdir. Ruh — yaradıcısı olan Allahdan söz açan, Ona üz tutan, Ona sığınan və
Ona səcdə edən ilk şeydir. Bu halda o, haqqa mənsubdur və Ona bağlıdır, əks
halda isə ehtiraslara mənsubdur və onlara bağlıdır.
Bu Gün insanların şübhələrinə uymayıb haqdan
uzaqlaşmayın, üləmaların hay-küyünə və əmirlərin hökmünə baxmayıb pərdə
arxasında qalmayan şəxs kainatın sahibi olan Allahın nəzərində Onun ən böyük
əlamətlərindən sayılar və həmin şəxsin adı Uca Qələmlə ilahi Kitaba yazılar. Xoş
buna nail olanın və onun şərəfini və məqamını anlayanın halına!
Ruhun mərtəbələri, o cümlədən, ehtiraslı, nurlanmış,
ilhamlanmış, arxayınlaşmış, razılanmış, şadlanmış və digər bu kimi ruhlar barədə
əvvəllər çox sözlər deyilmişdir və müxtəlif xalqların kitabları bu cür sözlərlə
doludur. Uca Qələm bu mərtəbələri şərh etmək istəməmişdir və istəmir. Bu Gün
Allaha itaət göstərən və ona sığınan hər bir ruh bütün adlarla şadlandırılar və
bütün məqamlara layiq görülər.
Yuxu zamanı ruhun heç bir xarici şeylə əlaqəsi olmur
və öz məqamında sakit və rahat qalır. Bütün işlər müxtəlif səbəblər nəticəsində
meydana çıxır. Səbəblərdən asılı olaraq, ruhun yüksəliş, idrak və duyum
səviyyəsi də müxtəlif olur. Gözə diqqət yetirin. O, yerdə və göydə olan bütün
şeyləri — ağacları, çayları, dağları görə bilir. Lakin cüzi bir səbəb üzündən bu
qabiliyyətdən məhrum olur. Ucadır o Kəs ki, bu səbəbləri yaratdı və yüksəkdir o
Kəs ki, bütün işləri onlardan asılı elədi. Dünyada olan şeylərin hər biri Onu
tanımağın qapısıdır, Onun hökmranlığının əlamətidir, Onun Adlarının təzahürüdür,
Onun əzəmət və qüdrətinin dəlilidir və Onun doğru yoluna aparan cığırdır...
Bil ki, ruh mahiyyət etibarilə Allahın
əlamətlərindən və sirlərindən biridir. O, böyük bir əlamətdir və ilahi
aləmlərdən xəbər verən bir carçıdır. Onda elə bir şey gizlənib ki, hazırkı aləm
onu xatırlamaq qabiliyyətinə malik olmamışdır və malik deyildir. İndi nəzər sal
Öz qaydalarında möhkəm olan Allahın Ruhuna və Ondan üz döndərən ehtiraslı ruha
ki, insanları Adlar Sahibindən uzağlaşdırır, onları zülm və pozğunluğa təhrik
edər. Bil ki, belələri açıq-aşkar ziyandadırlar...
Və bir də soruşmuşdunuz ki, bədən məhv olandan sonra
ruh hara gedir. Əgər o, Haqqa mənsubdursa, Ulu Rəbbin hüzuruna qayıdır. Allaha
and olsun, o elə bir məqama qayıdır ki, bütün dillər və qələmlər həmin məqamı
təsvir etməkdə acizdir. Allahın Əmrində dönməz və qətiyyətli olan hər bir ruh
Allahın hüzuruna döndükdən sonra bütün aləmlər ondan feyz alırlar. Həqiqi
Sultanın və Həqiqi Tərbiyəçinin əmri ilə aləmin, onda olan sənətlərin və digər
şeylərin meydana çıxmasının mayası odur. Xəmirə nəzər salın— onun mayaya
ehtiyacı var. Mücərrəd ruhlar da aləmin mayasıdır. Bu barədə düşün və şükr
edənlərdən ol!
Bu məqamlardan və eləcə də ruhun mərtəbələrindən
Lövhələrdə müəyyən qədər bəhs olunub. Ruh hər cür giriş və çıxışdan üstün olan
bir əlamətdir. O eyni zamanda dayanan və ucan, yeriyən və durandır. O həm əvvəli
və axırı olan aləmə, həm də əvvəli və axırı olmayan aləmə şəhadət verir. Bu gecə
bir yuxu görürsən və iyirmi ildən, yaxud bundan çox və ya az müddətdən sonra
onun eynilə çin olduğunu müşahidə edirsən. İndi bax gör, bu, nə aləmdir. Allahın
hikməti və onun təzahürləri barədə düşün...
Xilqətin xüsusiyyətlərinə və əlamətlərinə nəzər sal
və düşün. Xatəmi-ənbiya (Həzrət Məhəmməd) buyurub: "İlahi, mənim sənə olan
heyrətimi çoxalt!"
Maddi aləmin sonu barəsində sualına gəldikdə isə bu
məsələnin anlaşılması müşahidəçilərin baxışından asılıdır. Bir mənada o,
sonludur, başqa bir mənada isə bundan üstündür. Haqq əzəldən olub və həmişə də
olacaq. Xilqət də həmçinin. Sadəcə, ikincisi müəyyən bir səbəbdən asılıdır. Belə
olan surətdə Yaradanın birliyi sübut və təsdiq olunur.
Bir də fələklər barədə sual vermişdiniz. Əvvəla,
aydınlaşdırmaq lazımdır ki, keçmiş və sonrakı kitablarda fələklərdən və səmadan
danışarkən nəyi nəzərdə tutmuşlar. Həmçinin onların maddi aləmlə əlaqəsi və ona
təsiri hansı şəkildə həyata keçir. Bütün ağıllar və ürəklər bu məqamda
mat-məəttəl qalmışlar. Bir olan Allahdan başqa heç kəs bu məsələdən agah deyil.
Dünyanın həyatını neçə-neçə minilliklər boyu müşahidə edən alimlər bu müddət
ərzində planetlərin nə qədər olduğunu hesablaya bilməmişlər. Əvvəlki və sonrakı
sözlər arasında açıq-aşkar ziddiyyət müşahidə olunur. Hər bir sabit ulduzun öz
planetləri və hər bir planetin öz məxluqatı var — hesablayanlar onları saymaqda
acizdir.
Ey nəzərlərini Mənim üzümə dikən kəs! Bu Gün Uca
Üfüq işıqlanıb və Allahın nidası yüksəlib. Biz Lövhələrdə nazil etmişik ki, bu
Gün sual günü deyil. Uca Üfüqdən yüksələn nidanı eşidən hər bir kəs ayağa
qalxmalı və deməlidir: "Ləbbeyk, ləbbeyk, ey Adların Sahibi! Ləbbeyk, ləbbeyk,
ey Səma Qurucusu" Şəhadət verirəm ki, Sənin zühurunla Allahın kitablarında və
peyğəmbərlərin səhifələrində yazılanlar yerinə yetdi!"
š 83 ›
İnsanın mahiyyətindəki ilahi əmanətə — danışan ruha
diqqət yetirin. Məsələn, özünə nəzər sal — onda görərsən ki, səndə olan hərəkət
və sükunət, iradə və istək, eləcə də eşitmə və görmə, iybilmə və nitq
qabiliyyətləri, digər zahiri və batini duyğular onun sayəsində mövcuddur. Belə
ki, əgər onun bədənlə əlaqəsi kəsilsə, bütün bu duyğular təsirini itirər və
fəaliyyətdən qalar. Və bu, tamamilə aydın və məlumdur ki, qeyd olunan
qabiliyyətlərin mövcudluğu Bənzərsiz Sultanın təzahürünün əlaməti olan danışan
ruhdan asılıdır və onunla şərtlənmişdir və həmişə də belə olacaqdır. Belə ki,
onun görünməsi ilə bütün bu adlar və sifətlər meydana gəlir, onun itməsi ilə
onların hamısı yox olub fənaya uğrayırlar.
Belə olan halda əgər deyilsə ki, o, görmə
qabiliyyətidir, bu, düzgün olmaz, çünki o, görmə qabiliyyətindən üstündür —
görmə qabiliyyəti onun vasitəsilə yaranır və onun sayəsində mövcud olur. Yaxud
deyilsə ki, o, eşitmə qabiliyyətidir, bu da doğru olmaz, çünki eşitmə
qabiliyyətinin ona bağlı olduğu göz qabağındadır. Eləcə də insanın vücudunda
müşahidə olunan böyüklü-kiçikli digər adlar və sifətlər hamılıqla ona tabedir.
Bütün bu müxtəlif adlar və görünən sifətlər həmin ilahi əlamətdən doğur və
aşkara çıxırlar. O isə öz mahiyyəti baxımından bütün bu adlardan və sifətlərdən
üstündür, hətta ondan başqaları onun qarşısında bir heçdir və unudulmağa
layiqdir.
Əgər sonsuzluğa qədər əvvəlki və sonrakı ağılların
bəhrələrindən faydalanmaqla bu ilahi cövhər, Şərəfli və Əbədi Varlığın bu
təzahürü barədə düşünsən, təbii ki, onun mahiyyətani dərk etməkdə özünün aciz və
gücsüz olduğunu görərsən. Əgər özündə olan əlamətin dərk edilməsində öz acizlik
və gücsüzlüyünün şahidi oldunsa, əlbəttə, özünün və bütün məxluqatın Bənzərsiz
Mahiyyəti və Əzəli Şərəf Günəşini tanımaqda aciz olduğunu batini və zahiri
gözünlə görərsən. Bu məqamda öz acizliyini etiraf etmək bəsirət baxımından
bəndənin idrakının ən yüksək səviyyəsi və bəndələrin yetkinliyinin ən son
həddidir...
š 84 ›
...Haqqın hər şeydən pak və üstün olduğuna şahid ol.
O hər şeydə təzahür edir, amma hər şeydən ucadır. Tövhidin mənası budur ki, Bir
olan haqqın hər şeyə hakim olduğunu və mövcudatın güzgüsündə əks etdiyini etiraf
edəsiniz, hər şeyin Ondan asılı olduğunu və Ondan güc aldığını qəbul edəsiniz.
Budur tövhidin mənası və məqsədi!
Mövhumata uymuş bəzi şəxslər öz təsəvvürlərində
bütün şeyləri Haqqa şərik etmişlər, bununla belə özlərini tövhid əhli saymışlar.
And olsun Haqqa ki, bu şəxslər təqlid, asılılıq və məhdudluq əhli olmuşlar və
olacağlar.
Tövhid — "bir"i "bir" bilməkdir və onu bütün
ədədlərdən üstün tutmaqdır, daha "iki"ni "bir" saymaq deyil.
Tövhidin mahiyyəti odur ki, haqqın zühurunun
Şəfəqini əlçatmaz və dərkolunmaz Qeyb ilə bir biləsən, bu mənada ki, heç bir
şərh, izah və işarə olmadan birincinin hərəkətlərinin, əməllərinin, əmrlərinin
və qadağalarının ikincidən olduğunu düşünəsən. Budur tövhid mərhələlərinin ən
son məqamı! Xoş bu məqama çataraq, dönməzlərdən olanların halına!..
š 85 ›
Ey bəndələr, yaxşı olar ki, bu könül oxşayan baharda
ilahi leysan yağışı ilə yuyunub təravətlənəsiniz. Böyüklük Günəşi işıq saçır,
səxavət buludu kölgə salıb, O kəs xeyir götürdü ki, özünü məhrum etmədi və Yarı
bu libasda tanıdı.
De: Ey insanlar, Allahın çırağı yanır, onu
itaətsizlik küləkləri ilə söndürməyin. Bu Gün — ibadət günüdür, bədəninizin
qayğısına qalıb qəlbinizi çirkaba bulaşdırmaqla məşğul olmayın. Əhrimənlər
pusquda dayanıblar, ayıq olun. Bir olan Allahın adının işığı ilə özünüzü
zülmətdən xilas edin. Yara diqqət yetirin, özünüzə yox!
De: Ey yolunu azmışlar, doğruçu Qasid müjdə verdi
ki, Yar gəlir. Budur O gəlib, nə üçün süstlük göstərirsiniz? O pak və gizli Kəs
pərdəsiz gəlmişdir, niyə pərişan olmusunuz? Əvvəl və axır, hərəkət və sükunət
aşkara çıxıb. Bu Gün əvvəl axırda görünür, hərəkət sükunətdən doğur. Bu hərəkət
məxluqatda Pərvərdigarın kəlamının hərarətindən yarandı. Bu hərarəti duyan hər
bir kəs Yarın yanına tələsdi. Kim duymadısa elə süst oldu ki, bir daha ayağa
qalxmadı. Bu gün bilikli o şəxsdir ki, məxluqat onun Xaliqi görməsinə mane
olmadı, danışıq onu əməldən uzaqlaşdırmadı. Ölü o kəsdir ki, bu xoş səhərdə bu
könül oxşayan küləkdən oyanmadı. Əsir o kəsdir ki, Xilaskarı tanımadı və tamah
zindanında sərkərdan qaldı.
Ey bəndələr, kim bu çeşmədən içdisə, əbədi həyata
qovuşdu, kim içmədisə, ölülər çərkəsinə qoşuldu. De: Ey bədxahlar, tamahınız
sizi Ehtiyacsızın sədasını eşitməkdən uzaq saldı. Tamahdan əl çəkin ki, Onun
işinin sirrini anlayasınız. O, dünyanı işıqlandıran Günəş təki parlaq və
aşkardır.
De: Ey nadanlar, sizi qəfil bəlalar gözləyir.
Çalışın ki, onlar sovuşsun və sizə ziyan vurmasın. Əzəmətlə gələn Allahın böyük
adını tanıyın. Hər şeyi Bilən, Hər şeyin Sahibi və Hamını Qoruyan Odur...
š 86 ›
İndi də ruhların bədəni tərk etdikdən sonra
bir-birindən xəbər tutmasına dair sualın barədə. Bil ki, Qırmızı Gəmidə məskən
salan Bəha əhlinin ruhları bir-biri ilə əlaqədə və ünsiyyətdə olar, bir yerdə
oturar, bərabər uçar, bir məqsədə doğru gedər, birgə yüksələrlər və beləcə bir
ruh kimi olarlar. Həqiqətən, onlar bilən, görən və anlayandırlar. Hər şeyi Bilən
və Hikmət Sahibi olan Allahın əmri ilə belə müəyyən olunmuşdur.
İlahi Gəmidə məskən salan Bəha əhli hamılıqla
bir-birinin əhvalından xəbərdar olar, bir-birilə əlaqə saxlayar, həmsöhbət və
munis olarlar. Lakin bu məqama çatmaq ruhların yəqinlik səviyyəsindən və
əməllərindən asılıdır. Bir səviyyədə duran ruhlar bir-birinin kəmiyyət,
keyfiyyət, dərəcə və məqamlarından isə özlərindən yüksəkdə duran ruhların
səviyyələrindən və məqamlarından lazım olduğu qədər xəbər tutmazlar. Rəbbinin
yanında hərənin öz qisməti var. Xoş o kəsin halına ki, Allaha üz tutar və ruhu
Hökmlü, Qüdrətli, Bağışlayan və Rəhmli Allaha doğru uçana qədər Ona məhəbbətində
dönməz olar.
Kafirlərin ruhuna gəldikdə isə, canıma and olsun,
onlar son anda nə itirdiklərini anlayar və ağlayıb yalvararlar. Onların ruhları
bədənlərindən çıxdıqdan sonra bu hala düşərlər.
Bu, kifayət qədər məlum və aydındır ki, hər bir kəs
öləndən sonra öz hərəkətlərindən və əməllərindən agah olacaq. Qüdrət Günəşinə
and olsun ki, həmən anda Həqiqət əhlini təsvirəgəlməz bir sevinc bürüyər. Günaha
batanlar isə ağlasığmaz qorxuya, iztiraba və dəhşətə düşərlər. Xoş o kəsin
halına ki, imanın əbədi və ləziz şərabını Dinlər Sahibinin lütf və inayət
əlindən alıb içdi...
Bu gün Allahın dostları zühura və onun üzə
çıxardıqlarına nəzər salmalıdırlar. Bir çox keçmiş rəvayətlərin əsası olmamışdır
və yoxdur. Və əvvəlki məzhəblərin dərk etdiklərinin və kitablarında
yazdıqlarının əksəriyyəti nəfsin istəklərindən irəli gəlmişdir. Gördüyünüz kimi,
insanların Allah kəlamına verdiyi şərhlərin və təfsirlərin çoxu həqiqətdən
uzaqdır. Necə ki, bu, pərdə götürüləndən sonra məlum və aydın oldu və onlar
özləri də təsdiq etdilər ki, Allah kəlamından bir kəlməni belə dərk
etməmişdilər. Bunları deməkdə məqsəd odur ki, əgər Allahın dostları qəlblərini
və qulaqlarını əvvəllər eşitdiklərindən təmizləsələr və bütün diqqətlərini Əmrin
Məzhərinə və Onun aşkara çıxardıqlarına yönəltsələr, bu, Allahın yanında ən çox
bəyənilən bir iş olar...
Həmd elə və şükr edənlərdən ol! Mənim tərəfimdən
Allahın Öz məhəbbətinə layiq gördüyü və uğur qazandırdığı dostlara salam yetir.
Həmd olsun Allaha— aləmlərin Rəbbinə!
š 87 ›
Bir də sual vermişdiniz ki, nə üçün tarix
kitablarında bəşərin Atası Adəmdən əvvəlki peyğəmbərlər və o zamanın sultanları
barədə bir şey yazılmayıb. Belə bir yazının yoxluğu onların mövcud olmamasına
dəlalət etməmişdir və etmir. Uzun müddət keçdiyinə və yerdə baş verən
dəyişikliklərə görə bu barədə məlumatlar qalmamışdır. Bundan əlavə, Bəşərin
Atası Adəmdən əvvəl indi insanlar arasında yayılmış yazı qaydaları və şəkilləri
mövcud deyildi. O vaxtlar yazı ümumiyyətlə yox idi və başqa üsullardan istifadə
olunurdu. Əgər bunu təfsilatı ilə danışsaq, söhbət uzanar.
Adəmdən sonrakı dəyişikliklərə diqqət yetirin.
Əvvəllər yer üzündə indi məlum və məşhur olan dillər və iidi istifadə olunan
qaydalar mövcud deyildi. İnsanlar indiki dillərdən fərqlənən bir dildə
danışırdılar. Dillərin müxtəlifliyi Babilistan adı ilə məşhur olan yerdə meydana
çıxdı. Buna görə də o yer "Babilistan" adlandı ki, bunun da mənası "dillərin
müxtəlifliyinin yarandığı yer" deməkdir. Bundan sonra Suriya dili insanlar
arasında nüfuz qazandı. Əvvəllər ilahi Kitablar bu dildə nazil olunurdu. O vaxta
qədər ki, Xəlil ər-Rəhman (Həzrət İbrahim) ilahi nurla varlıq üfüqündə göründü.
O Həzrət İordan çayını keçərkən bir dildə danışdı ki, bu da "ibrani" adlandı.
Xəlil ər-Rəhman çayı keçdiyi zaman həmin dildə danışdığından ona "ibrani" adı
verildi.
Bundan sonra ilahi Kitablar və Səhifələr ibrani dilində nazil oldu. Bir müddət
keçdikdən sonra isə o, ərəb dili ilə əvəz olundu...
İndi görün ki, Adəmdən sonra dildə, nitqdə və yazı
qaydalarında nə qədər dəyişikliklər olub. Eləcə də Adəmdən əvvəl.
Bu sözləri deməkdə məqsəd odur ki, əzəldən Haqq öz
ülvi ucalığında və əlçatmaz yüksəkliyində Özündən başqasının zikrindən üstün
olub və həmişə də belə olacaq.
Xilqət də həmişə olmuşdur, Şərəfli Birlik Məzhərləri
və Əbədi Qüdsiyyət Şəfəqləri də əvvəl olmayan çağlardan göndərilmiş və insanları
Haqqa dəvət etmişlər. Lakin dünyada baş verən dəyişikliklər və təbəddülatlar
nəticəsində bir sıra adlar və məlumatlar bizə gəlib çatmamışdır. Kitablarda
Tufandan söz açılır. Həmin hadisə zamanı yer üzündə olan bütün şeylər suya qərq
olub — istər tarix kitabları, istərsə də digər şeylər. Həmçinin çoxlu fəlakətlər
baş verib ki, bu da yaradılmış bir sıra şeylərin məhvinə səbəb olub.
Bütün bünlardan əlavə, yer üzündə mövcud olan tarix
kitablarında ziddiyyətlər müşahidə olunur. Müxtəlif millətlərin yazılarında
dünyanın yaşı barədə müxtəlif sözlər deyilib və müxtəlif hadisələr qələmə
alınıb. Bəzilərinin səkkiz min il tarixi var, bəzilərinin daha artıq,
bəzilərinin də on iki min il. Hər kəs Cukun kitabına baxsa, kitablar arasında nə
qədər fərq olduğundan hali olar.
Allahın istəyi budur ki, nəzərləri Böyük Mənzərə
dikmək, bütün bu ziddiyyətlərə və məlumatlara fikir verməmək lazımdır.
š 88 ›
Əgər siz ariflərdənsinizsə, bilin ki, ədalətin əcacı
və mənbəyi zühur günü Allahın Mahiyyətinin Məzhəri tərəfindən əmr olunanlardır.
De: Həqiqətən, o, yerlə göy arasında ədalət tərəzisidir. Onun öz Əmri ilə gəlişi
yerdə və göylərdə olanları qorxuya salsa belə, həmin Əmr açıq-aşkar ədalətdir.
İnsanların Əmrdən qorxuya düşməsi ana südündən ayrılan körpənin ağlamasına
bənzər – əgər görənlərdənsinizsə bunu bilin. Əgər insanlar Əmrin mənasını
anlasaydılar, qorxuya düşməzdilər, əksinə, sevinər və şükr edənlərdən
olardılar...
š 89 ›
Allah kəlamının zavala uğramadığını yəqin etdiyin
kimi, Onun mənalarının da heç zaman tükənmədiyini yəqin bil. Bu mənalar yalnız
onları bəyan edənlərin və onların sirlərinin xəzinəsi olan kəslərin yanındadır.
Və o kəslər ki, müqəddəs kitablara baxıb onlarda hökmranlıq Mücəssəmələrinə
etiraz etmək üçün bir şey axtarırlar, onlar ölüdürlər — yerisələr də, danışsalar
da, yeyib-içsələr də, diri deyillər.
Ah, əgər Adlar Sahibi olan Rəbbinin öyrətdiklərindən
Bəhanın qəlbində gizli saxlananlar aşkara çıxarsa, yer üzündə olanlar ildırım
vurmuş kimi donub qalarlar. Çoxlu mənalar var ki, onlar sözlərin libasına
sığmır. Və onlardan bir çoxu ifadəyə gəlmir — onları nə bəyan etmək olur, nə də
onlara işarə etmək. Bir çoxlarını isə lazımi hazırlıq olmadığı üçün söyləmək
mümkün deyil. Necə ki, bu barədə deyilib: "Hər bildiyini deyə bilməzsən, hər
dediyinin vaxtı çatmayıb və hər vaxtı çatanı adamlar dinləməyə hazır deyil".
Bu mənalardan elələri də var ki, elmləri şərh
etdiyimiz və gizli sirləri aldığımız nurlu şəxslərin irfanına uyğun olaraq,
onları söyləməyi dayandırmadıq.
Allahdan diləyimiz budur ki, səni Məlumu tanımağa
müvəffəq eyləsin və buna imkan yaratsın. Beləliklə də, sən Dünyəvi elmlərdən
əlini üzəsən, çünki "Məluma çatdıqdan sonra elm axtarmaq məzəmmətə layiq bir
işdir". Elmin mənbəyindən və mədənindən yapış ki, heç bir dəlili və nurlu kitabı
olmadan elm iddiasına düşənlərə ehtiyacın qalmasln..
š 90 ›
Göylərdə və yerdə olan bütün şeylərdə ilahi adlar
və sifətlər öz təzahürünü tapır. Belə ki, hər bir zərrədə o Həqiqi Günəşin nuru
açıq-aşkar görünür, sanki həmin nur olmasa, Mülk aləmində heç bir şey varlıq
libasına bürünməz və mövcudluq şərəfinə layiq bilinməz. Hər bir zərrədə
neçə-neçə bilik günəşləri gizlənib və hər bir qətrədə neçə-neçə hikmət dənizləri
pünhan olub. Xüsusən insan mövcudatın içərisində bu xalata bürünüb və bu
şərafətlə seçilib. Belə ki, bütün ilahi adlar və sifətlər insanın
xüsusiyyətlərində ən kamil və ən üstün bir şəkildə təzahür edir. Və bütün bu
adlar və sifətlər onda cəmlənmişdir. Buna görədir ki, buyurub: "İnsan Mənim
sirrimdir və Mən də onun sirriyəm". Bütün səmavi Kitablarda və ilahi Səhifələrdə
bu yüksək və incə mətləbə dəlalət edən çoxsaylı ayələr yazılmış və qeyd
olunmuşdur. Necə ki, buyurur: "Biz Öz əlamətlərimizi həm xarici aləmdə, həm də
onların öz daxilində mütləq göstərəçəyik".
Və başqa bir məqamda buyurur: "Sizin özünüzdə də [Allahın əlamətləri] vardır,
məgər görmürsünüz?!" Digər bir məqamda
isə buyurur: "Allahı unudan kəslərdən olmayın, çünki o da belələrinə özlərini
unutdurdu". Necə ki,
Əbədiyyət Sultanı (Həzrət Məhəmməd) — görünməz sarayda olanların ruhu Ona fəda
olsun! — buyurur: "Özünü tanıyan Rəbbini də tanıyar".
Xülasə, bu sözlərdə məlum olur ki, bütün şeylər
ilahi adlardan və sifətlərdən danışır və onların hər biri öz qabiliyyəti
çərçivəsində Allahın tanınmasına doğru yol göstərir və onu nişan verir. Belə ki,
Onun sifətləri və adlarının təzahürləri bütün görünən və görünməz şeyləri
bürümüşdür. Buna görədir ki, buyurur: "Səndən başqasında Səndən olmayan zühur
qüdrəti olsaydı, o Sənə məzhər olardımı?! Kordur o göz ki, Səni görmür". Yenə də
Əbədiyyət Sultanı buyurur: "Elə bir şey görmədim ki, onda və ondan əvvəl və
sonra Allahı görməyim". Kümeyl rəvayətində isə deyilir: "Əzəl sübhündə bir nur
parladı — onun əlamətləri bütün tövhid mücəssəmələrində görünər". İnsan
məxluqatın ən şərəflisi və ən kamili olduğu üçün başqaları ilə müqayisədə ilahi
əlamətlərin ən güclü dəlili və ən böyük ifadəsidir. İnsanların ən kamili, ən
üstünü və ən ləyaqətlisi isə Həqiqət Günəşinin Məzhərləridir — onlardan başqa
hər şey onların iradəsi ilə mövcuddur və onların mərhəməti sayəsində hərəkət
edir...
š 91 ›
Bu Əmri isbat edən dəlillərdən biri də budur ki,
hər bir dövrdə və hər bir əsrdə Görünməz Mahiyyət bəşər qiyafəsində zühur
edərkən, bir sıra tanınmayan, dünyaya bağlılığı və mənsəbi olmayan insanlar
peyğəmbərlik günəşinin ziyası ilə nurlanaraq, hidayət Ayının işığında doğru yolu
tapır və Allahın hüzuruna yetişirdilər. Buna görədir ki, zəmanənin üləmaları və
dövranın varlıları onlara istehza ilə yanaşırdılar. Necə ki, həmin yolunu
azmışların dilindən buyurur: "Onun (Həzrət Nuhun) tayfasının kafir əyanları
dedilər: "Biz Səni yalnız özümüz kimi bir insan sayır, elə ilk baxışda təkcə
aramızdakı səfillərin Sənə uyduğunu görürük. Və sizin bizdən üstün olduğunuzu da
görmürük. Əksinə, biz sizi yalançı hesab edirik". Beləcə etiraz
edib o müqəddəs Məzhərlərə deyirdilər: "Sizin ardınızca yalnız bizim aramızda
olan səfillər gedirlər ki, onlar da heç bir diqqətə layiq deyillər".
Məqsədləri bunu söyləmək idi ki, tayfanın üləmaları, varlıları və tanınmış
adamları sizə iman gətirməyiblər. Bu və buna bənzər dəlillərlə onlar haqlı olan
kəsin yalan danışdığını sübut etməyə çalışırdılar.
Amma bu ən parlaq zühurda və ən əzəmətli səltənətdə
bir sıra böyük üləmalar, mükəmməl fəzilət sahibləri və yetkin fəqihlər yaxınlıq
və vüsal piyaləsindən içdilər, hədsiz inayətə nail oldular və Cananın yolunda
dünyadan və bütün yaranmışlardan keçdilər...
Onların hamısı zühur günəşinin sayəsində doğru yolu
tapıb Onun həqiqiliyini təsdiq və etiraf etdilər. Belə ki, onların əksəriyyəti
mal-dövlətindən və əhli-əyalından keçdi və Cəlal Sahibinin razılığını qazandı.
Onlar Canandan ötrü canlarını qurban verdilər, bütün malik olduqlarını Ona fəda
etdilər. Belə ki, onların sinələri düşmən güllələrinə hədəf oldu, onların
başları müşriklərin nizələrinin bəzəyinə çevrildi. Elə bir torpaq qalmadı ki, bu
mücərrəd ruhların qanını içməsin, elə bir qılınc qalmadı ki, onların boynunu
vurmasın. Onların əməlləri sözlərinin doğruluğuna ən yetərli sübutdur. Məgər
Yarın yolunda bu cür canlarından keçən və öz fədakarlıqları ilə dünyanı heyrətə
salan həmin müqəddəs şəxslərin şəhadəti bu bəndələr üçün kifayət etmirmi?!
Məgər bu, dini bir dirhəmə satan, əbədiyyəti
faniliyə dəyişən, yaxınlıq Kövsərini şor bulaqlarla əvəz edən, xalqın malını ələ
keçirməkdən özgə istəkləri olmayan bir çox bəndələrin sözlərini inkar etmək üçün
kifayət deyilmi?! Göründüyü kimi, onlar hamılıqla dünyanın bər-bəzəyinə uymuş və
Ulu Rəbbdən uzaq düşmüşlər.
İndi özünüz insaf edin: sözləri ilə əməlləri bir
olan, zahirləri ilə batinləri uyğun gələn, öz hərəkətləri ilə ağılları mat
qoyan, dəyanətləri və bədənlərinin dözümü ilə qəlbləri heyrətə salan o şəxslərin
şəhadəti eşidilib qəbul olunmalıdır, yoxsa nəfsin istəyi olmadan bir an belə
nəfəs almayan, yanlış gümanlar qəfəsindən qurtula bilməyən bu inkarçıların
şəhadəti?! Axı bunlar zülməti sevən yarasalar kimi gündüzlər yalnız fani
dünyanın nemətlərini əldə etmək üçün başlarını yataqdan qaldırırlar, gecələr isə
alçaq işlərin tədbirini görməyincə, rahatlıq tapmırlar; bunlar nəfsin
istəklərinə uyaraq, ilahi təqdiri unudublar, gündüzlər qazanc dalınca qaçır,
gecələr isə yataqlarını bəzəməklə məşğul olurlar. Hansı şəriətdə və hansı
məzhəbdə caizdir ki, bu cür məhdud şəxslərin etirazına qoşularaq, haqqın rizası
naminə öz canlarından, mallarından, adlarından, sanlarından, şöhrətlərindən və
şanlarından keçən kəslərin sözlərini qəbul və təsdiq etməkdən boyun
qaçırasan?!..
Onlar necə də eşq və məhəbbətlə, şövq və həyəcanla
canlarını Sübhanın yolunda fəda etdilər! Bu ki hamıya aydın və bəllidir! Belə
olan halda bu Əmri necə kiçiltmək olar?! Hansı əsrdə belə əzəmətli Əmr zahir
olub?! Əgər bu əshabələr də Allahın yolunda mücahid sayılmasalar, onda daha kim
mücahid sayılmalıdır?! Məgər onlar şöhrət, dövlət və sərvətmi istəyirdilər?!
Onların Haqqın rizasından özgə məqsədləri var idimi?! Əgər həmin əshabələr bütün
bu qəribə əlamətləri və heyrətamiz hərəkətləri ilə birlikdə yanlış yolda
olublarsa, onda daha kim haqlı olduğunu iddia etməyə layiqdir?! And olsun
Allaha, əgər insanlar əmrin sirləri üzərində düşünsələr, onların bu hərəkətləri
yer üzündə olanların hamısı üçün yetərli bir sübut və danılmaz bir dəlildir.
"Zülm edən kəslər isə hansı fəlakətlə üzləşəcəklərini tezliklə biləcəklər"...
İndi bu sədaqətli şəhidlərə diqqət yetirin ki,
Kitabın mətni onların sözlərinin doğruluğunu təsdiq edir. Siz gördünüz ki,
onların hamısı canını, malını, əhli-əyalını və malik olduğu bütün şeyləri fəda
etdilər və Cənnətin uca qəsrlərinə yüksəldilər. Ola bilərmi ki, bu uca
şəxsiyyətlərin və fədakar kəslərin bu yüksək və əzəmətli Əmri təsdiq edən
şəhadəti məqbul sayılmasın, amma qızıldan ötrü dinlərindən keçən, başda oturmaq
naminə ən Başda olandan qaçan bu dəstənin bu aşkar nuru inkar edən şəhadəti
qəbul olunsun?! Halbuki bütün insanlar artıq onları tanımışlar və dərk etmişlər
ki, onlar Allahın dini yolunda nəinki canlarından, mallarından və digər
şeylərindən, hətta dünyəvi mənsəblərinin bir zərrəsindən belə keçməzlər...
š 92 ›
Allahın Kitabı aşkardır və Kəlamı səslənir. Lakin
ondan yapışan və onun yayılması üçün çalışan kəslər gözə dəymir — kiçik bir
dəstədən savayı. Həmin kiçik dəstə aləmin misli üçün qırmızı İksir və Adəm
övladının sağalması üçün ən böyük dərmandır. Əbədi həyat bu ən şərəfli, ən
ecazkar və ən uca Əmrin qəbul edilməsinə bağlıdır.
Ey Allahın dostları, bu Məzlumun sədasını eşidin və
İlahi Əmrin yüksəlişinə səbəb olan işlərdən yapışın! Həqiqətən, O istədiyi kəsi
doğru yola yönəldər. Bu, elə bir Əmrdir ki, onun sayəsində zəiflər qüvvət bəzəyi
ilə görünər, yoxsullar sərvət çələngi ilə zinətlənər. Dostluq və birlik ruhu ilə
bir-birinizlə məsləhətləşin və qiymətli ömrünüzü dünyanın islah edilməsinə, Əzəl
hökmdarının Əmrinin yayılmasına sərf edin. Həqiqətən, O hamıya yaxşı işlər
görməyi əmr edir və insanın məqamına əksiklik gətirən bütün şeyləri qadağan
edir...
š 93 ›
Bütün şeylər öz səviyyələri çərçivəsində və müəyyən
bir məqamda Allahın əlamətləri olmuş və olacaqdır. Nurlu Sultanın adlar və
sifətlər səltənətində təzahür etdiyi məqamda bütün şeylər Onun əlamətinə
çevrilir. Bu halda əlamətlərdən savayı bir şey görünmədiyi üçün yaxınlıq və
uzaqlıq barədə təsəvvürlərə yer qalmır...
Əgər Allahın qüdrət Əli şeylərdən Onun əlaməti olmaq
xüsusiyyətini alsa, dünyada heç bir şey gözə dəyməz. Gör sənin Pərvərdigarın nə
qədər pak və müqəddəsdir, Onun səltənəti və hökmranlığı necə də əzəmətlidir!
Əgər Onun - qoy Onun şəni ucalsın! — adları və sifətlərinin təzahürləri olan
məxluqat və mövcudat müəyyən bir məqamda yaxınlıq və uzaqlıq anlayışlarından
yüksəkdə durursa, gör Onun Özünün Mahiyyəti nə qədər ucadır...
Şairin: "Yar mənə məndən yaxındır; Qəribə burasıdır
ki, mən Ondan uzağam" — beytini hansı məqsədlə yazdığı barədə düşün... Haqq
buyurub ki, Mən insana onun şah damarından da yaxınam. Buna görə də şair deyir:
baxmayaraq ki, Həzrət Məhbubun təzahürü mənə şah damarımdan da yaxındır və mən
də bu məqamı yəqin bilir, bu rütbəni təsdiq edirəm, bununla belə, mən Ondan
uzağam. Yəni Rəhmanın qərar tutduğu yer və Rəbbin təzahür etdiyi taxt olan qəlb
Onun zikrindən qafildir və başqaları barədə düşünməklə məşğuldur, Ondan uzaq
düşərək, dünyaya və onun çirkabına meyl edir.
Haqq özlüyündə yaxınlıq və uzaqlıq məfhumlarından
yüksəkdə durur. O, bu məqamlardan ucadır və Onun bütün şeylərlə əlaqəsi
bərabərdir. Yaxınlıq və uzaqlıq məzhərlərin özündə meydana çıxır.
Bu, aydın bir məsələdir ki, qəlb — Rəhmanın təzahür
etdiyi taxtdır. Necə ki, keçmiş müqəddəs hədislərdə bu məqamı bəyan etmiş və o
çümlədən buyurmuşuq: "Mən yerə və göyə sığmaram, lakin mömin bəndəmin qəlbinə
sığaram". Rəbbin zühur etdiyi yer və Rəhmanın nur saçdığı məkan olan qəlb bir
çox hallarda Nur Sahiblərində qafil olur. Bu cür qəflətdə olarkən, o, Haqqdan
uzaqdır və ona "uzaq" deyilməsi Düzgündür. Zikr etdiyi zaman isə qəlb Haqqa
yaxınlaşır və ona "yaxın" adı yaraşır. Buna da diqqət yetir ki, insan bir çox
hallarda hətta özündən də qafil olur, lakin haqq özünün hər şeyi əhatə edən elmi
ilə daim onu xatırlayır, parlaq Günəşin nuru həmişə açıq-aşkar onun üstünə işıq
saçır. Buna görə də O, təbii ki, hamıdan yaxın olmuş və olacaqdır. Çünki O hər
şeyi Bilən, hər şeyi Görən və hər şeyi Əhatə edəndir, insan isə qafildir və
özündə olan sirlərdən bixəbərdir...
Bütün şeylərin Allahın əlamətləri olması barədə
sözlərimizdən belə təsəvvür yaranmasın ki, Allah eləməsin, xeyirxah və ya zalım,
müşrik və ya mömin olmasından asılı olmayaraq, bütün insanların məqamı birdir.
Yaxud da Qüdrətli və Şərəfli Haqq ilə məxluqat arasında birbaşa əlaqə və rabitə
mövcuddur. Necə ki, bəzi cahillər öz yanlış xəyallarının səmasına ucaldıqdan
sonra tövhidi belə mənalandırmışlar: bütün şeylər Haqqın əlamətləridirsə,
deməli, onlar arasında heç bir fərq yoxdur. Bəziləri isə bundan da qabağa
gedərək, əlamətləri haqqa şərik etmiş və Ona bənzətmişlər. Sübhanallah!
Həqiqətən, O Öz Mahiyyətində yeganədir, öz sifətlərində yeganədir! Ondan
başqaları nəinki Onun Özünün, hətta Onun adlarından birinin, Onun sifətlərindən
birinin təzahürü qarşısında bir heçdir.
And olsun Rəhman adıma ki, Uca Qələm bu sözləri
yazarkən iztirab keçirir və titrəyir. Əbədi və əzəmətli dəryanın dalğaları
yanında fani bir damlanın nə dəyəri ola bilər?! Əzəli Varlığın qarşısında
yaradılmış və heç olan şeylər barədə nə demək olar?! Bu cür fikirlərə və sözlərə
görə böyük Allah bizi bağışlasın. De: Ey insanlar, mövhumi şeylərin Qəyyumla nə
əlaqəsi və məxluqatın haqqa nə oxşarlığı ola bilər?! Axı bunlar Onun Qələminin
təsiri ilə yaranmışlar və həmin təsirin özü də bütün şeylərdən müqəddəs, pak və
ucadır. Bu məqamdan keç və ilahi əlamətlər məqamına diqqət yetir: Günəş ilahi
əlamətlərdən biridir. Məgər onu zülmətlə bir məqamda görmək olarmı?! Haqq olan
Allaha and olsun ki, yox! Qəlbini toz basanlardan və gözləri əyri görənlərdən
başqa heç kəs bunu söyləməz. De: Özünüzə diqqət yetirin. Dırnağlarınız da,
gözləriniz də sizə məxsusdur. Məgər onların hər ikisi sizin üçün eyni məqama və
eyni dəyərəmi malikdir?! Əgər "Bəli!" söylənilərsə, de: Şərəfli Rəbbinizə yalan
danışırsınız, çünki bunlardan birincisini kəsib atır, ikincisini isə canınız
kimi əziz tutursunuz. Rütbə və məqamı aşmaq çaiz deyil, səviyyələri gözləmək
lazımdır, yəni hər bir şeyi öz məqamında görmək gərəkdir.
Bəli, mənim təsirli Adımın Günəşi bütün şeylərə
saçanda, hər bir şeydə təyin olunmuş miqdarda məziyyət və fayda əmələ gəldi.
Necə ki, məsələn, zəhər öldürücü bir şey olsa da, öz məqamında onun müsbət
təsirə və faydaya malik olduğu müşahidə edilir. Şeylərdəki bu təsir gücü həmin
mübarək Adın təsirindəndir. Pakdır adların və sifətlərin xaliqi! Qurumuş ağacı
yandırarlar və təzə-tər ağacın kölgəsində məskən salıb onun meyvələrindən
dadarlar.
İlahi məzhərlərin zamanında insanların çoxu bu cür
nalayiq sözlər söyləmişlər. Necə ki, ilahi Kitablarda və səmavi Səhifələrdə
bütün bunlar təfsilatı ilə nazil olunmuşdur.
Tövhid — bütün şeylərdə haqqın təzahürünün əlamətini
görməkdir, xilqəti haqqa bərabər tutmaq deyil. Məsələn, "Rəbb" adının günəşinin
bütün şeylərdə nur saçmasına diqqət yetirin. Belə ki, bütün şeylərdə bu adın
təzahürünün əlamətləri müşahidə edilir və hamının tərbiyəsi ondan asılıdır.
Tərbiyə də iki cürdür. Biri bütün şeyləri əhatə edir, yəni Allah hamını
tərbiyələndirir və ruzi verir. Buna görə də O Özünü "Aləmlərin Rəbbi"
adlandırmışdır. Digəri isə yalnız bu Adın kölgəsində bu əzəmətli zühura daxil
olan kəslərə məxsusdur. Ondan kənarda qalan şəxslər isə bu məqamdan məhrum olmuş
və bu ulu Adın mərhəmət səmasından nazil olan Birlik süfrəsindən uzaq düşmüşlər.
O şəxslərlə bu şəxslər arasında nə əlaqə ola bilər? Əgər pərdə qaldırılarsa,
kainatda olanlar Allaha üz tutaraq Onun məhəbbəti naminə aləmdən əlini üzənlərin
məqamlarını görər və ildırım vurmuş kimi donub qalarlar.
Tövhid əhli, deyildiyi kimi, bu iki tayfada həmin
iki Adın təzahürünü müşahidə edər, çünki təzahür olmazsa, hər şey məhv olar.
Həmçinin "Vahid" Adının Günəşinin parıltısına Diqqət
yetir. O bütün şeylərə nur saçıb, yəni bütün şeylərdə Allahın birliyinin əlaməti
özünü göstərir. Belə ki, bütün şeylər Haqdan söz açır, Onun hökmranlığına, Onun
vahidliyinə və Onun qüdrətinə dəlalət edir. Bu təzahür — Onun mərhəmətidir ki,
hər şeyi bürüyüb. Lakin müşriklər bu təzahürdən qafildirlər, buna görə də
yaxınlıq və görüş hüququndan məhrum olmuşlar. Göründüyü kimi, bütün müxtəlif
millətlər Onun vahidliyini təsdiq edir, Onun yeganəliyini etiraf edirlər. Əgər
bu insanlarda Allahın vahidliyinin əlaməti olmasaydı, onlar heç vaxt mübarək:
"Ondan başqa Allah yoxdur" — kəlamını qəbul etməzdilər. Bununla belə, onlar
həqiqətdən qafil və uzaqdırlar və Allahın yanında tövhid əhlindən sayılmırlar,
çünki onlar nurlu Sultanı dərk etməmişlər. Müəyyən mənada müşriklərdə müşahidə
olunan bu təzahür tövhid əhlinin saçdığı nurun inikasıdır. Bunu qəlb
sahiblərindən başqa kimsə anlamaz, Tövhid əhli isə bu Adın ən yüksək rütbəli
məzhərləridir. Məhz onlar ilahi piyalədən birlik şərabı içmiş və Allaha doğru üz
tutmuşlar. Bu müqəddəs şəxslərlə o uzaq düşmüş kəslər arasında haradan əlaqə ola
bilər?..
İnşaallah, sən iti gözlə baxıb bütün şeylərdə Əzəl
Sultanının təzahürünün əlamətini müşahidə edərsən və o ən müqəddəs və ən pak
Mahiyyətin bütün şeylərdən uca və üstün olduğunu görərsən. Allahın vahidliyinə
və yeganəliyinə inamın əsası və cövhər budur. Allah vardı və heç bir şey Onunla
deyildi. İndi də O necə vardısa, elədir. Ondan başqa Allah yoxdur. Odur Yeganə,
Vahid, Qüdrətli, Ulu və Əzəmətli!
š 94 ›
İndi də sənin iki Allahın mövcudluğuna dair
sualların barədə. Çəkin, çəkin, Rəbbin olan Allaha şərik qoşma! O əzəldən vahid,
yeganə, bənzərsiz, dəyişməz, pak, əbədi, daimi və qəyyumdur. O, Mülk aləmində
heç kəsi Özünə şərik tutmayıb, Onun vəziri, bənzəri, əvəzi, və oxşarı yoxdur.
Dünyanın bütün zərrələri buna şəhadət verirlər, eləcə də uca məkandakı nurlu
üfüqdə olanlar və adları ərşdə xatırlananlar bundan söz açırlar.
Allahın Özünün Özü üçün şəhadət verdiyinə sən də
özlüyündə şəhadət ver ki, Ondan başqa Allah yoxdur, Ondan savayı hər şey Onun
əmri ilə yaranıb, Onun izni ilə qurulub, Onun hökmünə tabedir, Onun şərəfli
yeganəliyinin işləri qarşısında bir heçdir, Onun şərəfli birliyinin təzahürləri
önündə puçdur. Həqiqətən, O əzəldən və həmişə Öz Mahiyyəti baxımından vahiddir,
Öz sifətlərinə görə bənzərsizdir, öz əməlləri baxımından misilsizdir. "Oxşar"
sözü yalnız Onun xəlq etdiklərinin vəsfində, "şərik" anlayışı yalnız Onun
bəndələrinin təsvirində işlədilə bilər. Onun Özü isə xəlq etdiklərinin vəsfindən
üstündür, çünki O, ucalıq zirvəsində və əlçatmazlıq yüksəkliyində təkdir.
Aləmdəkilərin könül quşları Onu tanımağın müqəddəs havasına doğru uca bilməz. O,
məxluqatı yaratdı və onun əmrinin bircə kəlməsi ilə mövcudat meydana gəldi. Onun
İradəsinin barmaqları ilə hərəkətə gələn Qələmdən süzülmüş bir kəlmə ilə yaranan
şey Onun şəriki və dəlili ola bilərmi?! O elə ucadır ki, heç kəsin işarəsi ilə
göstərilməz və heç kimin idrakı ilə dərk olunmaz. Ondan başqa hamı Onun qapısını
kəsdirən yoxsuldur, Onun qüdrətinin təzahürü qarşısında acizdir, onun
səltənətində bir quldur. Onun isə aləmdəkilərə ehtiyacı yoxdur. İbadət zamanı
bəndələrlə Onun "Məbud" adı arasında, yaxud məxluqatla Onun "Xaliq" adı arasında
yaranan əlaqə Onun insanlara mərhəmətindən doğur, onların buna haqqı çatmasından
irəli gəlmir. Bütün yəqinlik hasil edənlər və bəsirət sahibləri buna şəhadət
verir.
š 95 ›
Sənin Pərvərdigarının və aləm əhlinin
Pərvərdigarının Kitabında nemətin tükənməz səviyyələri müəyuən olunub və həmişə
də olacaq. İnsan vücuduna bəxş edilmiş ilk və başlıça nemət ağıldır və ondan
məqsəd Şərəfli haqqı tanımaqdır. Dərk edən odur, yol göstərən odur, izah edən
odur. Rütbəçə ikinci nemət görmə qabiliyyətidir, çünki ağıl gözün şahidliyi
vasitəsilə bilgi əldə edir. Eləcə də eşitmə, duyma və sair bu kimi nemətlər
insan vücudunda görünür və müşahidə olunur. Ucadır, ucadır qadir Allah ki, bu
qabiliyyətləri insan vücudunda xəlq etmiş və aşkara çıxarmışdır. Onların hər
birində Şərəfli haqqın əzəmət, qüdrət, qüvvət və vüsətinin əlamətləri üzə çıxır
və müşahidə olunur. Bütün bədəni bürüyən lamisə qüvvəsi barədə düşün. Eşitmə və
görmə qabiliyyətlərinin müəyyən bir məkanı olduğu halda, lamisə qüvvəsinin
məkanı bütün bədəndir. Onun əzəməti necə də yüksəkdir və səltənəti necə də
böyükdür!
Bu deyilənlər insanın məqamına aiddir. Lakin ən
ümumi və həqiqi ilahi nemət zühurun özüdür ki, bütün zahiri və batini nemətlər
ondan doğur. Əslində ilkin Səmavi Süfrə o olub və o da olacaq. Ən əzəmətli
dəlil, ən güclü sübut, ən kamil nemət, ən üstün mərhəmət, ən yüksək inayət və ən
böyük fəzilət odur. Bu gün onu qəbul edən hər bir kəs ilahi nemətə nail olar.
Rəbbinin bu böyük mərhəmətinə şükr elə və de: Həmd olsun Sənə, ey ariflərin
Məqsədi!
š 96 ›
Uca Qələm hər zaman çağırır, lakin eşidən azdır.
Dünyanın müxtəlif bər-bəzəkləri Adlar səltənətinin sakinlərini özünə məşğul
edib, halbuki görən və eşidən hər bir kəs onun faniliyinə şəhadət vermişdir və
verir.
Bu əsrdə bütün yer əhli hərəkətdədir, lakin hələ heç
kəs bunun səbəbini tapmayıb və mahiyyətini anlamayıb. Görürük ki, Qərb əhalisi
əslində heç bir faydası olmayan cılız bir şeydən yapışıb, özü də onun meydana
çıxıb yüksəlməsi yolunda minlərlə canı qurban vermiş və verməkdədir. İran
əhalisi isə sədası, ülviyyəti və əzəməti bütün aləmi bürümüş bu möhkəm və
sarsılmaz əmrin zühuruna baxmayaraq, ölgün və solğun bir haldadır.
Ey dostlar, Öz qədrinizi və məqamınızı bilin.
Çəkdiyiniz zəhmətləri onun-bunun mövhumi təsəvvürləri ilə hədər etməyin. İrfan
səmasının ulduzları və sübh çağının nəsimləri sizsiniz. Hamının həyatının asılı
olduğu axar sular sizsiniz. Kitabın hərfləri sizsiniz. Tam birlik və ittifaqla
səy göstərin ki, bəlkə İlahi günə yaraşan şeyə nail oldunuz. Doğrusunu deyirəm:
fəsad, çəkişmə və ağlın ikrah etdiyi şeylər insanın şəninə layiq olmamışdır və
layiq deyildir. Bütün qüvvənizi ilahi Əmrin təbliğinə sərf edin. Kim bu uca
məqama layiqdirsə, özü bu işə başlasın, əks-təqdirdə bütün binaların təməlini
sarsıdan, dağları parçalayan və insanları mat qoyan bu Əmri yaymaqdan ötrü özünə
bir vəkil tutsun. Əgər bu Günün məqamı aşkarlanarsa, insanlar onun bir anını yüz
min canla istəyər və arzulayarlar. Və təbii ki, dünyadan və onun sərvətlərindən
əllərini üzərlər.
Bütün işlərə hikmətlə yanaşın və ona təşəbbüs
göstərib ondan yapışın. İnşaallah, hamınız Allahın istədiyini yerinə yetirər və
Onun övliyalarının məqamını anlamağa nail olarsınız ki, Onun xidmətində dayanır
və Ona tərif söyləyirlər. Onlara Allahın şərəfi, göylərdə və yerdə olanların
şərəfi, yüksək behiştdə və uca cənnətdə olanlar şərəfi nəsib olsun!
š 97 ›
Bəzi müşriklərin insanlara təlqin etdiyi şübhələrdən
biri də budur ki, qızıl misə çevrilə bilərmi? De: And olsun Rəbbimə ki, bəli!
Lakin onun elmi Bizim yanımızdadır. Biz kimə istəsək, yanımızdakı elmi
öyrədərik. Kimin buna şübhəsi varsa, qoy Rəbbi olan Allahdan diləsin ki, bunu
ona göstərsin və ona yəqinlik bəxş etsin. Əgər siz anlayansınızsa, bilin ki,
misin qızıl rütbəsinə yetişməsi qızılın əvvəlki halına qayıda bilməsinə aşkar
bir dəlildir. Bütün filizlər çəki, görünüş və maddə baxımından bir-birinə
çevrilə bilərlər, lakin onun elmi Bizim yanımızdakı gizli kitabdadır...
š 98 ›
...De: Ey üləma tayfası! Allahın Kitabını öz
yanınızda olan qaydalar və elmlərlə ölçməyin, çünki O, məxluqat arasında Haqqın
tərəzisidir. İnsanların yanında olan şeylər bu böyük tərəzidə çəkilər, həm də
öz-özünə — bunu bilin!
Mənim inayət gözüm sizin halınıza ağlayır, çünki siz
gecə-gündüz, səhər-axşam çağırdığınız Kəsi tanımadınız. Ey insanlar, ağ üzlərlə
və işıqlı könüllərlə o mübarək və qırmızı məkana üz tutun ki, orada
Sidrətül-müntəha car çəkir: "Həqiqətən, Məndən — Qoruyan və Qəyyumdan başqa
Allah yoxdur!"
Ey üləma tayfası! Sizlərdən kiminsə qüdrəti çatarmı
ki, kəşf və irfan meydanında Mənə rəqib olsun, yaxud hikmət və bəyan səhnəsində
Mənimlə yarışsın?! Mərhəmətli Rəbbimə and olsun ki, yox! Dünyada olanların
hamısı fanidir, bu isə Qüdrətli və Sevimli Rəbbinizin üzüdür.
Ey insanlar, Biz elmləri Məlumu tanımaqdan ötrü
müəyyən etdik, siz isə onu bütün gizli işləri aşkara çıxaran Kəsin nuru
qarşısında özünüz üçün bir pərdəyə çevirdiniz. Əgər siz kəlam günəşinin doğduğu
üfüqü tanısaydınız, bütün məxluqatdan və onlarda olanlardan əl çəkib bu
bəyənilmiş məqama üz tutardınız.
De: Bu, elə bir səmadır ki, orada Ana Kitab
saxlanılır — bunu anlayın. Bu, O Kəsdir ki, Onun sayəsində qaya dilə gəldi və
Sidrə mübarək torpaqda ucalan Tur dağında nida etdi: "Hökmranlıq — Hər şeyin
Sahibi, Qüdrətli və Mehriban Allaha məxsusdur!"
Biz mədrəsələrə getməmişik və sizin yazdıqlarınızı
oxumamışıq. Eşidin, bu Ümmi sizi Əbədi Allaha doğru dəvət edir. Əgər siz başa
düşsəniz, bu sizə yer üzünün bütün xəzinələrindən xeyirlidir...
š 99 ›
Dünyanın bütün bölgələrində imanın gücü və bünövrəsi
zəifləyib — böyük bir dərman lazımdır. İnsanları mis qarası tutub — qüdrətli bir
İksir gərəkdir. Ey Həkim, məgər qələbə tacında o qüdrət varmı ki, bütöv bir
şeydən müxtəlif hissələri dəyişdirib xalis qızıl məqamına çatdırsın?! Belə bir
dəyişmə çətin və müşkül görünsə də, səmavi qüvvə ilə insani qüvvəni dəyişdirmək
mümkündür. Bu Məzlumun nəzərində bu qüvvəni dəyişdirən şey İksirdən də böyükdür.
Bu məqam və bu qüdrət isə Allah kəlamına məxsusdur...
š 100 ›
Birlik carçısı ilahi məqamdan nida edir: Ey dostlar,
müqəddəs ətəyi dünyanın palçığına bulaşdırmayın, nəfsinizin və ehtirasınızın
istəyi ilə danışmayın. And olsun Əmr üfüqünün Günəşinə ki, bütün parlaqlığı ilə
məhbəs səmasından işıq saçır! Varlığın qibləsinə üz tutanlar bu gün görünən və
görünməz bütün şeylərdən pak və təmiz olmalıdırlar. Əgər onlar təbliğlə məşğul
olsalar, tam diqqətlə, xalis fədakarlıq və təmənnasızlıqla, yüksək səy və pak
qəlblə hər yana üz tutub İxtiyar Sahibinin ətrini yaymalıdırlar. Bu şəxslərin
yol azuqəsi Allaha təvəkkül, libası isə ulu və nurlu Rəbblərinə məhəbbət
olmalıdır ki, onların sözlərinin təsiri olsun.
Bu gün nəzərlərini nəfsin istəklərinə və fani
dünyanın sərvətlərinə dikən şəxslər Bizdən çox-çox uzaq düşmüşlər. Əksər vaxtlar
Rəhmanın məkanında dünya malı olmamışdır və onun ətrafına fırlananlar böyük
ehtiyac çəkmişlər. Bununla belə, Uca Qələmin məşriqindən dünya malından danışan
və ya ona işarə edən bir kəlmə də çıxmamışdır. Kim müqəddəs məkana bir hədiyyə
göndərməyə müvəffəq olubsa, öz fəzlimizin əlaməti olaraq onu qəbul etmişik,
baxmayaraq ki, əgər Biz yer üzünün bütün sərvətinə yiyələnmək istəsək, heç kimin
"niyə?" və "nə üçün?" deməyə cürəti çatmaz. Bundan qəbahətli bir iş ola bilməz
ki, Haqqın adından insanlar arasında dilənçilik edəsən.
Cənabınız və Haqqın əshabələri bütün insanları böyük
paklığa və hədsiz müqəddəsliyə dəvət etməlidir ki, Onun dostlarından Əbhanın
köynəyinin ətri duyulsun. Varlılar isə yoxsullara diqqət yetirməlidirlər, çünki
Allahın yanında səbr edən yoxsulların məqamı böyükdür. Çanıma and olsun ki,
Allahın istədiyindən başqa, bu məqamla müqayisə ediləcək bir məqam yoxdur! Xoş o
yoxsulun halına ki, səbr edər və öz yoxsulluğunu gizli saxlar və o varlının
halına ki, ianə verər və özündən bir iz qoyar. Allahın köməkliyi ilə yoxsullar
da çalışmalı və bir işlə məşğul olmalıdırlar. Bu, elə bir məsələdir ki, bu
əzəmətli zühurda hər bir kəsə vacib buyurulub və Allahın yanında gözəl
əməllərdən sayılır, Kim buna əməl edərsə, əlbəttə, Qeybdən ona kömək yetişər,
çünki Allah Öz fəzli sayəsində istədiyi kəsi varlı edər. Həqiqətən, O hər şeyə
qadirdir...
Ey Əli, Allahın dostlarına de ki, insanlığın ilkin
şərti insafdır və bütün işlər ondan asılıdır. Bu Məhbusun çəkdiyi əziyyətlər və
müsibətlər barədə bir qədər düşünün — O bütün ömrü boyu düşmənlərin əlində əsir
olub, Allaha məhəbbətin yolunda hər gün yeni bir bəla ilə üzləşib və nəhayət,
Allahın Əmri bəndələr arasında ucalıb. İndi əgər bir kəs öz yanlış xəyalları ilə
gizli və aşkar şəkildə insanlar arasında təfriqə salmaqla məşğul olarsa, onu
insaf əhlindən saymaq olarmı?! Aləmlərə hökmran olan Allaha and olsun ki, yox!
Canıma and olsun, Allahın Əmri üçün və bilmədiklərini deyən, anlamadıqlarını
özlüyündə təsəvvür edən kəslərdən ötrü Mənim könlüm ağlayır və gözlərim yaş
tökür.
Bu Gün hamı İsmi-Əzəmə üz tutmalıdır — ondan başqa
pənah aparılası sığınacaq yoxdur — və bütün insanları birləşdirməlidir. Əgər bir
şəxs ən yüksək məqama malik olduğu halda, insanların böyük dənizin sahillərindən
uzaq düşməsinə və bəşəri ölçülər çərçivəsində zühur edən bəyənilmiş və bəlli
vücuddan başqa bir şeyə üz tutmasına səbəb olan sözlər söyləyərsə, bütün
məxluqatın şəhadətinə görə, o, Rəhmanın ətirli nəsimindən məhrum qalar.
De: İnsaflı olun, ey qəlb sahibləri! Kimdə insaf
yoxdursa, onda insanlıq da yoxdur. Haqq bütün insanlardan və onların qəlbində
olanlardan xəbərdardır. Haqqın həlimliyi insanların cürətlənməsinə səbəb olub,
çünki O, vaxtından əvvəl pərdəni cırmır və mərhəmət üstün olduğundan qəzəbinin
təzahürlərinin qarşısını alır. Buna görə də əksər insanlar gizlində törətdikləri
işlərdən Haqqın xəbərsiz olduğunu düşünürlər. Yox, and olsun Hər şeyi Bilən və
Hər şeydən Xəbərdar olan Allaha ki, hər şey Onun elminin güzgüsündə aşkar, aydın
və bəllidir. De: Həmd olsun Sənə, ey zəiflərin eyiblərini gizlədən, şükr olsun
Sənə, ey qafillərrin günahlarını bağışlayan!
Biz mövhumatı insanlara qadağan etdik ki, Məlum
Sultanı və onun üzə çıxardıqlarını tanısınlar. Hal-hazırda onların əsir
olduqlarını görürük. Canıma and olsun, onlar mövhumata bürünüblər, amma bunu
anlamırlar. Onların dedikləri də mövhumatdır, amma bunu dərk etmirlər.
Allahdan diləyimiz budur ki, bütün insanları Onu və
özlərini tanımağa müvəffəq eyləsin. Canıma and olsun, Onu tanımağa nail olan kəs
Onun məhəbbətinin havasında uçar və aləmdəkilərdən əlini üzüb yer üzündə olan
heç bir şeyə məhəl qoymaz — o da qalsın ki, öz nəfsinin hökmü ilə Allahın izn
vermədiyi şeyləri danışanlara.
De: Bu Gün — eşitmək günüdür. Məzlumun sədasını
dinləyin, haqqın adı ilə danışın, Onun zikrinin bəzəyi ilə zinətlənin, Onun
məhəbbətinin nuru ilə işıqlanın. Budur qəlblərin açarı və varlığın çilası! Və
Allahın İradəsinin barmağından süzülənlərə göz yuman kəs açıq-aşkar qəflətdədir.
İmanın şərti sülh və düzgünlükdür, ixtilaf və fitnə-fəsad deyil.
Doğru söyləyən və Etibarlı kəs tərəfindən sənə əmr
olunanı insanlara çatdır. Sənə Mənim şərəfim nəsib olsun, ey Mənim adımı çəkən,
nəzərlərini Mənə dikən və Rəbbinin tərifini söyləyən!
š 101 ›
Səmavi kitablardan və ilahi ayələrdən məqsəd odur
ki, insanlar düzgünlük və biliklə tərbiyə alsınlar, bu da bəndələrdən hər
birinin və hamısının rahatlığını təmin etsin. Qəlbə rahatlıq gətirən, insanın
böyüklüyünü artıran və onu razı salan hər bir iş Allah tərəfindən qəbul
olunacaqdır. İnsan — insaniyyətlə bəzənərsə, onun məqamı uca olar, əks-təqdirdə
isə o, bütün məxluqatdan aşağıda durar. De: Ey dostlar, bu Günü qənimət bilin və
özünüzü ülvi dənizin feyzlərindən məhrum etməyin! Haqqdan istəyim odur ki, bu
Mübarək Gündə hamını pak və təmiz əməl bəzəyi ilə zinətləndirsin. Həqiqətən, o,
İxtiyar Sahibidir.
š 102 ›
Ey bəndələr, sizə doğrusu deyilir, doğrusunu eşidin.
Haqq— Onun şəni daha da yüksəlsin! — nəzərlərini bəndələrin qəlbinə dikib, ondan
başqa hər şeyi — qurunu və dənizi, sərvəti və zinəti hökmdarların, sultanların
və əmirlərin ixtiyarına qoyub. Belə ki, əzəldən bəri "O istədiyini edər" bayrağı
Onun zühurlarının önündə görünmüş, parlamış və işıq saçmışdır. Bu gün lazım olan
şey hökumətə itaət etmək və hikmətdən yapışmaqdır. Həqiqətən də, yer üzündə
insanların mühafizəsini, rahatlığını və əmin-amanlığını təmin etmək səlahiyyəti
hökumətin qüdrətli əlindədir. Haqq belə istəmiş və belə müəyyən etmişdir...
Ümid edirik ki, hökmdarlardan biri Allah xatirinə bu
məzlum ümmətin köməyinə qalxacaq və bununla da əbədi xatirəyə və daimi duaya
nail olacaq. Allah bu ümmətə vacib buyurub ki, ona kömək edənə yardımçı olsun,
xidmət göstərsin və əhdinə vəfa eyləsin. Bu ümmət bütün hallarda ona kömək
edənin xidmətində durmalı və daim vəfa ipindən yapışmalıdır. Xoş bu sözlərə
qulaq asıb əməl edənlərin halına və vay bu yolu tərk edənlərin halına!
š 103 ›
Allah həqiqəti söyləyən dili ilə Özünün bütün
Lövhələrində bu sözləri bəyan edib: "Mən o Kəsəm ki, Əbha məqamında qərar
tutmuşdur".
Haqq olan Allaha and olsun! Bu əzəmətli, müqəddəs,
qüdrətli və mükəmməl məqamının ucalığından O hər şeyi görür, hər şeyi eşidir və
bu an belə nida edir: Xoş sənin halına, ey Cavad, çünki sən əvvəllər heç kəsin
yetişmədiyi bir şeyə nail oldun. And olsun Haqqa ki, səni gördükdə, uca çənnət
əhlinin gözləri sevindi, lakin insanlar bundan büsbütün qafildirlər. Əgər Biz
sənin məqamın barədə həqiqəti açıqlasaq, insanların qəlbini heyrət bürüyər və
onlar yerlərində donub qalarlar, fani şan-şöhrət sahiblərinin isə nitqi tutular
və onlar bunu eşitməkdən qorxub yerə yıxılar və əlləri ilə qulaqlarını tutarlar.
Dünya malına uyaraq, ulu Allahın zikrini unudanlara
baxıb kədərlənmə. And olsun Haqqa! Elə bir gün gələcək ki, onlar Qüdrət
Sahibinin şiddətli qəzəbinə düçar olacaqlar. Həqiqətən, O, Qadir, Qüdrətli və
Qüvvətlidir. O yer üzünü onların çirkabından təmizlər və bunun Özünə yaxın olan
bəndələrə keçməsinə imkan verməz.
De: Ey insanlar, sizin diliniz tutulsun və
gözləriniz kor olsun, çünki siz ilahi Yusifi çox ucuz qiymətə satdınız. Ey
bədbəxtlər və yolunu birdəfəlik azmışlar, məgər siz elə zənn edirsiniz ki, sizin
hökmünüz Ondan və Onun Əmrindən üstündür?! Bu, necə də həqiqətdən uzaqdır!
Qüdrətli, Uca və Böyük Allahın Özü buna şahiddir.
Tezliklə Onun qəzəbinin tufanı sizi bürüyər və
cəhənnəmin külü başınıza tökülər. Aləmin fani şeylərini və bər-bəzəyini
toplayaraq Allahdan üz döndərən kəslər həm bu dünyanı, həm də axirəti əldən
vermişlər. Çox çəkməz ki, Allahın qüdrətli Əli onları malik olduqlarından məhrum
edər və Öz nemətlərinin xalatını onlardan alar. Tezliklə onlar özləri bunu
görəcəklər və sən də bunun şahidi olacaqsan.
De: Ey insanlar, bu dünyanın fitnə-felinə uyub
yolunuzu azmayın, çünki dünya və onda olan bütün şeylər Onun İradəsinin
ovcundadır. O kimə istəyirsə, bəxş edir və kimdən istəyirsə, geri alır. O,
İxtiyar Sahibidir. Əgər Onun nəzərində dünyanın bir dəyəri olsaydı, öz
düşmənlərinin hətta xardal toxumu qədər də dünyaya yiyələnməsinə heç vaxt imkan
verməzdi. Lakin O sizin dünyəvi işlərin çirkabına bulaşmağınıza şərait yaradır
və Onun Əmrinə qarşı etdiklərinizə görə sizi cəzalandırır. Əgər siz
anlayanlardansınızsa, bu, əslində sizin könüllü olaraq özünüz üçün seçdiyiniz
cəzadır. Məgər siz Allahın nəzərində alçaq və faydasız olan şeylərdən ləzzətmi
alırsınız?! Halbuki, O, bu şeylərlə şübhə edənlərin qəlbini sınağa çəkir.
š 104 ›
De: Ey yer əhli, doğrusunu bilin ki, sizi qəfil bir
bəla gözləyir və ağır bir cəza izləyir. Güman etməyin ki, sizin törətdikləriniz
nəzərdən qaçıb. Camalıma and olsun ki, sizin bütün əməlləriniz Uca Qələmlə yaşıl
Lövhələrdə qeyd edilib.
š 105 ›
Ey hökmdarlar tayfası, hər şeyin Sahibi gəldi,
hökmranlıq Qoruyan və Qəyyum Allaha məxsusdur. Ayıq olun, Allahdan başqa heç
nəyə ibadət etməyin və işıqlı könüllərlə üzünüzü Adlar Sahibi olan Rəbbinizə
tutun. Bu, elə bir Əmrdir ki, yanınızda olanlar onunla müqayisəyə gəlməz — bunu
anlayın.
Biz görürük ki, siz başqaları üçün yıqdığınız
şeylərə görə sevinirsiniz və Mənim Qorunan Lövhələrimdən savayı heç kəsin saya
bilməyəçəyi aləmlərdən özünüzü uzaq salmısınız. Dünya malına bağlanmağınız sizi
son məqsəddən yayındırıb. Bu, sizə yaraşmır — bunu bilin. Qəlblərinizi dünya
ehtirasından təmizləyib yerin və göyün Qurucusu olan Rəbbinizin səltənətinə
doğru tələsin; O Rəbbinizin ki, dünyada zəlzələlər qopardı və aləmi atıb Gizli
Lövhədəki əmrləri tutan kəslərdən başqa bütün qəbilələri ağlatdı.
Bu, elə bir Gündür ki, onda Kəlim Əzəli Varlığın
nuruna qərq oldu və dənizləri dolduran piyalədən vüsalın saf suyunu içdi. De:
Haqq olan Allaha and olsun, Tur dağı zühur şəfəqinin ətrafına fırlanır və Ruh
ilahi səltənətdən nida edir: "Gətirin və gəlin, ey qürur övladları!" Bu, elə bir
Gündür ki, Allahın dağı (Kərmel) Onun görüşünə can atır, Sion isə belə söyləyir:
"Vədə yetişdi və Uca, Qüdrətli və Sevimli Allahın Lövhələrində yazılanlar aşkara
çıxdı".
Ey hökmdarlar tayfası, nurlar məkanında ən Böyük
Qanun nazil oldu və İradə Sahibi tərəfindən bütün gizli işlər aşkara çıxarıldı,
bununla da Qiyamət yetişdi, Ay parçalandı və bütün qaçılmaz əmrlər şərh olundu.
Ey hökmdarlar tayfası, siz bir qulsunuz. Əsil
hökmdar ən gözəl bəzəyi ilə zühur etmişdir və sizi Özünün — Qoruyan və Qəyyumun
yanına çağırır. Ehtiyatlı olun ki, təkəbbür sizi zühur məşriqindən məhrum
etməsin və dünya sizinlə Səma Qurucusu arasında pərdəyə çevrilməsin. Məqsudun
xidmətinə qalxın — O sizi Öz yanında olan bircə kəlmə ilə xəlq etmiş və sizi
yaranmış və yaranacaq bütün şeylər üçün Öz qüdrətinin təzahürləri etmişdir.
And olsun Allaha ki, Biz sizin məmləkətlərinizi
tutmaq istəyində deyilik, əksinə, Biz könülləri tutmaq üçün gəlmişik, çünki
Bəhanın nəzərləri məhz onlara dikilib. Əgər siz anlasanız, buna Adlar Səltənəti
şəhadət verir. Öz Mövlasının ardinca gedən kəs dünyadan bütünlüklə üz çevirər —
belədir bu bəyənilmiş məqam! Öz saraylarınızı buraxın, sonra da ilahi Səltənətə
üz tutun. Bu, axirətdə və dünyada sizə fayda verər. Bilin ki, Cəbərüt Sahibi
bunu təsdiq edir.
Xoş o hökmdarın halına ki, Mənim məmləkətamdə Mənim
Əmrimin köməyinə qalxar və Məndən başqa hər şeydən əlini üzər. Həqiqətən, o,
Allahın Bəha əhli üçün hazırladığı Qırmızı Gəminin əshabələrindən sayılar. Hamı
ona ehtiram bəsləməli, onu uca tutmalı və ona kömək etməlidir ki, o mənim
görünən və görünməz aləmlərdə olanları Qoruyan Adımın açarları ilə şəhərləri
fəth etsin. Bu cür hökmdar bir növ bəşəriyyətin gözüdür, məxluqatın alnında
parlayan nurdur, dünyanın bədənindəki kəramət başıdır. Ey Bəha əhli, malınız və
canınızla ona kömək edin!
š 106 ›
Dünyanın nəbzi bilikli Həkimin əlindədir. O, dərdi
görür və ağılla dərman verir. Hər günün öz sirri var, hər başın öz sevdası.
Bugünkü dərdin bir dərmanı var, sabahkının başqa bir dərmanı. Bu Günə diqqət
yetirin və bu gündən söz açın. Göründüyü kimi, dünyanı sonsuz dərdlər bürüyüb və
onu uğursuzluq yatağına salıb. Xudpəsəndlik şərabından məst olan kəslər bilikli
Həkimi onun yanına buraxmayıblar. Odur ki, özlərini də, bütün insanları da çətin
vəziyyətə salıblar — nə dərdi bilirlər, nə də dərmanı tanıyırlar. Onlar düzü
əyri sanıblar və dostu düşmən biliblər.
Bu Məhbusun sədasını eşidin və ayağa qalxıb deyin,
bəlkə yatanlar yuxudan ayıldı. De: Ey ölülər, Allahın bəxşiş əli dirilik suyu
paylayır, tələsin və onu alıb için. Bu Gün dirilən kəs heç zaman ölməz və bu Gün
ölən kəs heç zaman dirilik tapmaz...
š 107 ›
Sizin Mərhəmətli Rəbbiniz istəyir ki, dünyada olan
bütün insanlar vahid ruh və vahid bədən kimi olsunlar. Məxluqatın gözünün
bənzərini görmədiyi bu günlərdə Allahın fəzlini və mərhəmətini qənimət bilin.
Xoş o kəsin halına ki, Allahın yanında olanlara çatmaq ümidi ilə öz
yanındakıları boşlayar. Şəhadət veririk ki, o, şərəfə nail olanlardandır...
š 108 ›
Biz sizin üçün bir vaxt təyin etmişik. Əgər vaxt
tamam olarsa və siz üzünüzü Allaha doğru çevirməzsinizsə, onda O hər yandan sizi
cəzalandırar və hər tərəfdən sizə əzab küləkləri göndərər. Rəbbinizin cəzası
şiddətli olur...
š 109 ›
Ey Kamal, bu Gün ilahi inayətin məqamları hələ gizli
saxlanılır, çünki varlıq aləmi onun aşkar edilməsi üçün lazımi qabiliyyətə malik
olmamışdır və malik deyildir. Lakin tezliklə Onun tərəfindən bir Əmr zühur edər.
Həqiqətən, qoşunların qüvvəti və hökmdarların qüdrəti Onu zəiflədə bilməz. O,
həqiqəti danışar və hamını Bənzərsiz və Hər şeyi Bilən Allaha doğru çağırar.
Hamı dünyanı islah etməkdən ötrü xəlq olunub. And
olsun Allaha, yer üzündəki yırtıcı heyvanlar tək işlər tutmaq insana yaraşmayıb
və yaraşmır. İnsana layiq olan işlər mərhəmət, məhəbbət, şəfqət və bütün aləm
əhlinə qarşı dözümlü olmaqdır. De: Ey dostlar, bu saf Kövsər Adlar Sahibinin
inayət barmağından süzülür. İçin və Onun adı ilə başqalarına da içirdin - qoy
yer üzünün başçıları tam yəqinliklə bilsinlər ki, Haqq nədən ötrü gəlib və onlar
nə üçün xəlq olunublar...
š 110 ›
Həzrət Mövcud buyurur: "Ey insan oğulları! Allahın
dini və Allahın məzhəbi dünyanın qorunması, birliyi, ittifaqı, məhəbbəti və
ülfəti üçündür. Onu nifaq, ixtilaf, düşmənçilik və ədavətin səbəbinə çevirməyin.
Budur düz yol və möhkəm, sarsılmaz təməl. Bu təməl üzərində qurulan şeyi
dünyanın hadisələri tərpətməz və zamanın gərdişi dağıda bilməz".
Ümidvarıq ki, yer üzünün üləmaları və əmirləri
birləşərək dünyanı islah etməyə qalxacaqlar, düşünüb məsləhətləşdikdən sonra
indi xəstə olan dünyanın bədəninə tədbir dərmanı ilə şəfa bəxş edəcək və onu
sağlamlıq bəzəyi ilə zinətləndirəcəklər...
Başçılar bütün işlərdə orta həddi gözləməlidirlər.
Çünki orta həddi aşan hər bir iş təsirlik ölçüsündən məhrum olur. Məsələn,
azadlıq, təməddün və digər bu kimi şeylər mərifət əhli tərəfindən bəyənilsə də,
orta həddi keçdikdə, ziyanlı nəticələr verir.
İnşaallah, yer üzünün başçılarının və müdrik
şəxslərin səyləri sayəsində aləm əhli onlara xeyir verən şeylərdən agah olar. Bu
qəflət nə vaxta qədər davam edəcək? Haqsızlıq nə vaxta qədər hökm sürəcək?
İnqilab və ixtilaflar nə vaxta qədər baş verəcək? Bu fani Xadimi heyrətə salan
odur və eşitməkdən məhrumdur. Bu Bəndənin cənabınıza olan məhəbbəti Xadimi bu
yazıları yazmağa vadar etdi, halbuki, əslində hər tərəfdən ümidsizlik yelləri
əsməkdədir, dünyadakı qarışıqlıq və çəkişmələr günbəgün artmaqdadır.
Hərç-mərçlik əlamətləri müşahidə olunur, çünki indi mövcud olan qaydalar şəraitə
uyğun gəlmir. Şərəfli Haqqdan diləyim budur ki, yer əhlini agah etsin, axırını
xeyrə calasın və layiqli işlərə şərait yaratsın...
š 111 ›
Ey müxtəlif məzhəblər, birliyə doğru üz tutun və
ittifaq nuru ilə nurlanın! Allah xatirinə bir yerə toplaşın və ixtilaf doğuran
şeyləri aradan qaldırın ki, bütün aləm ən böyük günəşin nuruna boyansın,
insanlar bir şəhərə daxil olub bir taxtda otursunlar. Bu Məzlumun ilk gündən
indiyə qədər deyiləndən özkə məqsədi olmayıb və yoxdur.
Şübhə yoxdur ki, bütün məzhəblər Uca Üfüqə üz
tutublar və Haqqın Əmrini yerinə yetirirlər. Dövrün tələbinə görə, əmrlər və
hökmlər müxtəlif olub, lakin hamısı Allah tərəfindən göndərilib və Onun yanından
nazil olub, bəzi əmrlər də insanların itaətsizliyindən doğub. Xülasə, yəqinlik
əli ilə mövhumat və ixtilaf yolunu tutun. Budur Ana Kitabdan nazil olan ən uca
söz! Əzəmət dili öz yüksək məqamından buna şəhadət verir...
š 112 ›
Neçə illərdir ki, nə yer üzü sakitlik bilir, nə də
onun əhalisi. İnsanlar gah müharibə edir, gah da qəfil bəlalardan əzab çəkirlər.
Bədbəxtlik və fəlakət yer üzünü bürüyüb, buna baxmayaraq heç kəs agah deyil ki,
bunun səbəbi nədir və nə üçün belədir.
Əgər həqiqi Nəsihətçi bir söz deyibsə, onu fəsad
cəhdi kimi yozublar və həmin nəsihəti qəbul etməyiblər. İnsan mat qalır ki, nə
desin və nə ərz etsin. İki nəfər tapılmır ki, həqiqətən zahirdə və batində bir
olsun. Bütün dünyada təfriqə əlamətləri mövcud və aşkardır, baxmayaraq ki, hamı
birlik və ittifaq üçün xəlq olunub.
Həzrət Mövcud buyurur: "Ey dostlar, birlik çadırı
quruldu, bir-birinizə yad gözü ilə baxmayın. Hamınız bir ağacın meyvəsi və bir
budağın yarpağısınız".
İnşaallah, ədalət nuru parlayar və dünyanı
haqsızlıqdan təmizləyir. Əgər Şərəfli Haqqın hakimiyyətinin məzhərləri olan
hökmdarlar və sultanlar səy göstərib yer əhlinə xeyir verən işlərə başlasalar,
dünyanı ədalət günəşi bürüyər və işıqlandırar.
Həzrət Mövcud buyurur: "Dünya nizamının çadırı iki
sütun üzərində qurulub: cəza və mükafat..." Başqa bir məqamda isə buyurur: "Ey
əmirlər tayfası, dünyada ədalətdən və ağıldan güclü qoşun yoxdur... Xoş o
hökmdarın halına ki, yürüyərkən qarşısında ağıl bayrağı, arxasında isə ədalət
kitabəsi irəliləyir. Həqiqətən, o, insanlar arasında sülhün alnında parlayan
nur, dünyada əmin-amanlıq cənnəti və məkanıdır".
Həqiqətən də, əgər ədalət günəşi zülm və buluddan
xilas olarsa, dünya başqa bir dünyaya dönər.
š 113 ›
Ey İranın şəhərdəki (İstanbuldakı) səfiri, məgər sən
elə güman edirsən ki, Əmrin ixtiyarı Mənim əlimdədir, yaxud Mənim həbs
olunmağımla, alçaldılmağımla, hətta ölümüm və fənaya uğramağımla Allahın Əmri
dəyişilə bilər?! Sənin özlüyündə zənn etdiyin səhvdir və sən yanlış xəyala
düşənlərdənsən. Həqiqətən, Ondan başqa Allah yoxdur. O Öz Əmrini aşkar edər, Öz
dəlilini yüksəldər və Öz İradəsini yeridib elə bir məqama ucaldar ki, sənin əlin
və bütün Ondan üz döndərənlərin əlləri ona çatmaz.
Məgər sən elə zənn edirsən ki, Onu nədəsə aciz qoya
bilərsən və ya Onun hökmünə və səltənətinə mane ola bilərsən, yaxud da göylərdə
və yerdə olanların hamısının Onun Əmrinə qarşı çıxmağa qüdrəti çatar?! And olsun
Haqqa ki, yox! Yaranmışlardan heç biri Onu aciz qoya bilməz. Elə isə bu
zənnindən əl çək, çünki güman həqiqəti əvəz edə bilməz. Və üzünü o Allaha doğru
çevir ki, səni xəlq etdi, sənə ruzi verdi və səni müsəlmanların səfiri eylədi.
Sonra bunu bil ki, O, göylərdə və yerdə olanları bir
kəlmə əmri ilə xəlq etmişdir. Onun hökmü ilə yaranan şey necə Onun əleyhinə
qalxa bilər?! Allah sizin zənn etdiyinizdən pak və ucadır! Ey ədavət əhli, əgər
bu Əmr həqiqətən Allahdandırsa, onda heç kəsin ona mane olmağa qüdrəti çatmaz;
əgər Allahdan deyilsə, o zaman sizin üləmalarınız və onların havasına oynayıb
etiraz edən kəslər ona kifayət edər.
Məgər sən keçmişdə fironun tayfasından olan bir
möminin söylədiyini eşitməmisənmi?! Onu Allah insanlar arasından seçib onlara
göndərdiyi və aləmdəkilərə Öz mərhəmətinin əlamətinə çevirdiyi peyğəmbərinə
hekayət etmişdir. O belə dedi və Onun söylədiyi həqiqətdir: "Nə üçün "Mənim
Rəbbim — Allahdır!" deyən kişini öldürürsünüz? Halbuki, o, Rəbbiniz tərəfindən
aydın dəlillərlə gəlmişdir. Əgər o, yalançıdırsa, onun yalanı özünə qalar; əgər
doğruçudursa, onun sizə vəd etdiklərinin bəzisi başınıza gələr". Bunu Allah
hikmətli Kitabında Öz Sevimlisinə nazil etmişdir.
Amma siz Allahın əmrini və hökmünü eşitmədiniz,
Kitabda nazil olan nəsihətlərə qulaq asmadınız və qafillərdən oldunuz. Siz hər
ay və hər il neçə-neçə bəndələri qətlə yetirdiniz. Siz öz günlərinizdə o qədər
zülmlər törətdiniz ki, məxluqatın gözü onların bənzərini görməyib və
tarixcilərdən heç biri onların oxşarı barədə xəbər verməyib. Sizin zülmünüz
nəticəsində neçə-neçə südəmər körpələr anasız və atasız qaldı, nə qədər atanın
övladı qətlə yetirildi, ey zalımlar tayfası! Nə qədər bacı qardaşının fərağında
hönkürüb ağladı, nə qədər qadın ərsiz və arxasız qaldı.
Sizin zülmünüz o həddə qədər yüksəldi ki, siz üzünü
ulu və əzəmətli Allahın üzündən döndərməyən Kəsi qətlə yetirdiniz. Barı siz Onu
insanlardan bəzilərinin bəzilərini öldürdüyü kimi öldürəydiniz. Yox, siz onu elə
bir tərzdə qətlə yetirdiniz ki, bunun bənzərini insanların gözü görməyib. Onun
halına göylər ağladı, Allaha yaxın kəslərin ürəkləri sızladı. Məgər O sizin
peyğəmbərinizin övladı deyildimi? Məgər O sizin aranızda peyğəmbərin nəslinə
mənsubluğu ilə tanınmırdımı?! Elə isə nə üçün siz Onunla əvvəllər heç kəsin
etmədiyi bir şəkildə rəftar etdiniz?! And olsun Allaha, varlığın gözü sizin
kimisini görməyib! Siz peyğəmbərinizin övladını öldürdükdən sonra sevinc
içərisində öz yerlərinizdə oturub şadlıq etdiniz. Siz əvvəllər sizin kimi
hərəkət edənlərə lənət oxuyurdunuz, amma özünüzdən qafil idiniz. İndi özün insaf
et: məgər sizin pisləyib lənətlədiyiniz kəslər sizin etdiklərinizdən başqa bir
şeymi etmişdilər?! Onlar öz peyğəmbərlərinin övladını necə qətlə
yetirmişdilərsə, siz də öz peyğəmbərinizin övladını eləcə öldürdünüz. Onlar nə
törətmişdilərsə, siz də onu törətdiniz. Sizinlə onlar arasında nə fərq var, ey
fəsad əhli?!
Siz Onu qətlə yetirdiyiniz zaman Onun dostlarından
biri qisas almaq üçün ayağa qalxdı. Onu heç kəs tanımırdı və onun işi hamıdan
gizli idi. O nə etdisə, olub keçdi. İndi siz buna görə heç kəsi
günahlandırmamalısınız, əksinə, əgər insaf əhlisinizsə, özünüzü qınamalısınız.
Yer üzündə sizin kimi hərəkət edən bir kəs varmı?
Aləmlərin Rəbbinə and olsun ki, yox! Bütün hökmdarlar və sultanlar öz
peyğəmbərlərinin və rəsullarının nəslinə ehtiram bəsləyirlər — buna şahid olun!
Siz isə heç kəsin etmədiyi kimi hərəkət etdiniz və elə işlər tutdunuz ki, bundan
ariflərin çiyərləri yandı. Bununla belə, siz ayılmadınız və nə etdiyinizi
anlamadınız. İş o yerə gəlib çatdı ki, heç bir günahımız və aşkar bir suçumuz
olmadan Bizim əleyhimizə qalxdınız. Məgər sizi yaradan, sizi fərqləndirən, sizə
güc verən və sizi müsəlman edən Allahdan qorxmursunuzmu?! Nə vaxta qədər siz
ayılmayacaqsınız, ağıllanmayacaqsınız, yuxudan və qəflətdən oyanıb ayıqlar
cərkəsinə qoşulmayacaqsınız?!
Özlüyündə bir düşün: Bütün bu hərəkətləriniz və
əməllərinizlə siz Allahın odunu söndürə və Onun təzahürünün nurunu yox edə
bildinizmi?! O nuru ki, əbədiyyət dənizinin sakinlərini işıqlandırdı və tövhid
əhlinin ürəklərini cəzb etdi. Məgər eşitməmisiniz ki, Allahın əli sizin
əlinizdən üstündür, Onun təqdiri sizin tədbirinizdən güclüdür, O öz bəndələrinin
başı üzərində hakimdir, Öz Əmri ilə hər şeyə qalibdir, istədiyini edər və
etdiyinə görə sorğu-sual olunmaz, istədiyi kimi hökm verər və O, Qadir və
Qüdrətlidir?! Əgər siz bunu yəqin bilirsinizsə, nə üçün öz əməllərinizdən əl
çəkib sakitləşmirsiniz və hər gün öz zülmünüzü təzələyirsiniz?! Necə ki, bu
günlərdə siz Mənim əleyhimə qalxdınız, hərçənd Mən bu işlərə qarışmamışam, sizə
müxalif olmamışam və sizin əmrinizə etiraz etməmişəm. Axırı siz Məni bu ucqar
yerdə məhbus etdiniz. Amma bunu bil və yəqin et ki, belə işlər Allahın Əmrini və
Onun qaydasını dəyişdirə bilməz. Necə ki, əvvəllər də sizin və müşriklərin əli
ilə törənənlər onu dəyişdirməmişdir.
Sonra bunu bilin, ey İran əhli, əgər siz Məni qətlə
yetirsəniz, Allah bir başqasını Mənim məqamıma qaldırar — bu, Allahın əvvəllər
də özünü göstərmiş qaydasıdır və siz Onun qaydasında nə bir dəyişiklik, nə də
təbəddülat görərsiniz. Siz Allahın Öz torpağındakı nurunu söndürməkmi
istəyirsiniz?! Allah sizin bu istəyinizi rədd edir. Siz özlüyünüzdə bəyənməyib
nifrət etsəniz də, O Öz nurunu tamamlayar.
Sən də, ey səfir, bir anlığa özlüyündə düşün və özün
insaf elə: hansı günahıma görə sən vəkillərin yanında Mənə böhtan atdın,
nəfsinin ardınca gedərək həqiqətdən üz döndərdin və iftiraçılardan oldun?
Halbuki, sən Mənimlə ünsiyyətdə olmamısan, mən də səninlə. Sən Məni yalnız bir
dəfə atanın evində Hüseynin (ə) müsibətləri xatırlanan günlərdə görmüsən. Belə
məclislərdə də imkan olmur ki, kimsə ağzını açıb nə isə desin, bununla da onun
fikirləri və əqidəsi anlaşılsın. Əgər sən doğruçusansa, bunu təsdiq edərsən. Mən
bundan başqa məclislərdə olmamışam ki, sən Məni görəsən, yaxud başqaları Məni
görsün. Bununla belə, sən necə Məndən eşitmədiyin bir söz barədə fitva verdin?
Eşitməmisənmi ki, Qüdrətli və Şərəfli Allah buyurub: "Sizi salamla qarşılayana
"Sən mömin deyilsən!" söyləməyin. Və səhər-axşam Rəbbini çağıraraq, Onun üzünü
görmək istəyənləri yanınızdan qovmayın". Sən Kitabın hökmünü pozmusan, amma
bundan sonra da ozünü möminlərdən sayırsan. Bununla belə, Allaha and olsun,
mənim qəlbimdə nə sənə, nə də bir başqasına qarşı kin yoxdur, hərçənd siz Mənim
başıma elə müsibətlər gətiribsiniz ki, tövhid əhlindən heç kəs onlara dözməzdi.
Mənim işim yalnız Allahın əlindədir və Mənim təvəkkülüm yalnız onadır. Tezliklə
sizin günləriniz və bu gün aşkar qürur içərisində olanların əyyamı ötüb keçər.
Və siz Allahın hüzurunda cəm olub öz əlinizlə törətdiklərinizə görə sorğu-suala
tutular və cəzalanarsınız. Necə dözülməz olar zalımların məkanı!
And olsun Allaha, əgər sən nə etdiyini anlasaydın,
öz halına ağlayıb Allaha doğru qaçardın və ömrün boyu yalvarardın ki, Allah səni
bağışlasın, çünki O, səxavətli və kəramətlidir. Lakin sən bütün zatınla,
qəlbinlə və cisminlə dünya malına bağlandığın üçün ruhun bədənindən ayrılana
kimi buna müvəffəq olmayacaqsan. O zaman sən Mənim təlqin etdiklərimi
anlayacaqsan və bu əməllərinin bütün məxluqatın işlərinin bir zərrəsinin də
ötürülmədiyi Kitaba yazıldığının şahidi olacaqsan. Elə isə Mənim nəsihətimə
qulaq as, qəlbinin qulağı ilə Mənim dediklərimi eşit, Mənim sözlərimdən qafil
olma, Məndən üz çevirmə və əlində olanlarla öyünmə. Qoruyan və Qüdrətli Allahın
Kitabında nazil olana nəzər sal: "Onlar zikr olunanları unutduqları zaman bütün
şeylərin qapılarını onların üzünə açdıq". Eləcə də Biz sənin və sənin kimilərin
üzünə dünyanın və onun sərvətinin qapılarını açdıq. İndi bu mübarək ayənin
sonunda nazil olanları gözlə — Qüdrət və Hikmət Sahibinin verdiyi bu vədə yalan
çıxmaz.
Mən bilmirəm siz hansı yoldasınız və hansı yolla
gedirsiniz, ey ədavət əhli! Biz sizi Allaha doğru çağırırıq, sizə Onun günlərini
xatırladırıq, sizə Onunla görüşün müjdəsini veririk, sizi Ona yaxınlaşdırırıq,
sizə Onun ecazkar hikmətini çatdırırıq. Siz isə bizi qovursunuz, küfrdə ittiham
edirsiniz və yalançı dillərinizlə bunları söyləyərək Bizə qarşı tədbir
tökürsünüz. Biz Allahın Öz səxavəti sayəsində Bizə bəxş etdiyini sizə göstərəndə
isə deyirsiniz: "Bu, açıq-aşkar sehrdən başqa bir şey deyildir". Keçmişdəki
ümmətlər də sizin kimi demişdilər — bunu anlayın. Beləcə siz özünüzü Allahın
feyzindən və fəzlindən məhrum etdiniz və bundan sonra onu tapa bilməzsiniz — o
vaxta qədər ki, Allah Bizimlə sizin aranızda hakimlik edər və O, hakimlərin ən
hökmlüsüdür.
Sizlərdən biri dedi: "Bu, o kəsdir ki, özlüyündə
Allahlıq iddiasına düşüb". And olsun Allaha ki, bu, ən böyük bir böhtandır. Mən
yalnız bir bəndəyəm və Allaha, Onun ayələrinə, peyğəmbərlərinə və mələklərinə
iman gətirmişəm. İndi də Mənim dilim, qəlbim, zahirim və batinim şəhadət verir
ki, Allahdan başqa Allah yoxdur, Ondan başqa hər şey Onun Əmri ilə xəlq olunub,
Onun İradəsi ilə yaranıb. Ondan başqa Allah yoxdur. Odur xəlq edən, ayağa
qaldıran, dirildən və öldürən! Mən yalnız Allahın Öz səxavəti sayəsində Mənə
bəxş etdiyi neməti söyləyib aşkar etmişəm. Əgər bu, Mənim günahlarımdırsa, Onda
Mən günahkarların ən birincisiyəm. Və Mən öz ailəmlə birlikdə sizin əlinizdəyəm,
nə istəyirsinizsə, edin, durmayın. Bəlkə bu yolla Mən Rəbbim Allahın yanına
qayıdam və elə bir məqama yetişəm ki, ora sizin üzlərinizdən xalidir. Bu, Mənim
ən son arzum və niyyətimdir. Hər şeyi Bilən və hər şeydən Xəbərdar olan Allah
Mənə kifayət edər.
Ey səfir, özünün Allahın hüzurunda olduğunu düşün,
çünki sən Onu görməsən də, O səni görür. Sonra Bizim Əmrimizə insafla bax. Əgər
insaf əhlisənsə, de görüm, hansı günahımıza görə Bizim əleyhimizə qalxdın və
insanlar arasında Bizə iftira söylədin? Biz şahın əmri ilə Tehrandan çıxdıq,
onun icazəsi ilə İraqa yollandıq və ora çatıb orada qaldıq. Əgər Mən müqəssir
idimsə, niyə Məni buraxdılar? Əgər müqəssir deyildimsə, niyə heç bir müsəlmanın
başına gətirilməyən müsibətləri Bizim başımıza gətirdiniz?! İraqa varid olduqdan
sonra Biz dövlətin əmrini pozan bir iş tutmuşuqmu? Kimsə Bizim qanunsuz
hərəkətimizin şahidi olubmu? Oranın əhalisindən soruş ki, həqiqət sənə aydın
olsun.
Biz on bir il orada qaldıq. Nəhayət, sizin səfiriniz
ora gəldi. Həmən səfir ki, qələm onun adını belə çəkmək istəmir. O, şərab
içirdi, günah və pis əməllər törədirdi, özü pozğun idi, İraqı da pozurdu. Əgər
sən aydınlaşdırmaq istəyib soruşsan, Bağdad əhalisinin əksəriyyəti bunu təsdiq
edər. O nahaq yerə insanların malını əllərindən alırdı, Allahın bütün əmrlərini
unudaraq, Onun qadağan etdiyi işlərlə məşğul olurdu. Axırı o, nəfsinin və
ehtirasının ardınca gedərək, Bizim əleyhimizə çıxdı və zalımların yolunu tutdu.
Sənə göndərdiyi məktubda o Bizim haqqımızda böhtanlar yazdı, sən də heç bir
dəlil və aşkar sübut olmadan onun dediklərini qəbul etdin və onun istəyinə tabe
oldun. Sən heç aydınlaşdırmadın, axtarıb araşdırmadın ki, yalan doğrudan, haqq
batildən ayrılsın və sən də onlara işıqlı gözlə baxasan. Sən onun haqqında
İraqda olan səfirlərdən, eləcə də şəhərin valisindən və onun müşavirindən soruş
ki, həqiqəti biləsən və agahlardan olasan.
And olsun Allaha, Biz heç bir şeydə onun və
başqalarının əleyhinə çıxmamışıq, bütün hallarda Allahın hökmlərinə tabe olmuşuq
və fəsad əhli olmamışıq. O özü də bunu təsdiq edər. Lakin o istəyirdi ki, öz
adını ucalara qaldırmaq üçün Bizi tutub İrana qaytarsın. Necə ki, sən də həmin
məqsədlə bu günahı törətdin. Hər şeyin Sahibi olan və hər şeyi Bilən Allahın
yanında sizin hər ikiniz bərabərsiniz.
Mən bu sözləri sənə ondan ötrü demirəm ki, Mənim
ağır halımı yüngülləşdirəsən, yaxud kiminsə yanında mənim üçün vasitəçilik
edəsən. Aləmlərin Rəbbinə and olsun ki, yox! Biz bütün bu işləri ona görə şərh
etdik ki, sən öz əməllərini anlayasan və BiZim başımıza
gətirdiklərini daha heç kəsin başına gətirməyəsən, səni və bütün şeyləri xəlq
edən Allahın qarşısında tövbə edəsən, bundan sonra bəsirətli olasan — bu, sənə
malik olduqlarından və qısa müddətli səfirliyindən daha xeyirlidir.
İnsaf vaxtı gözlərini yummaqdan çəkin. Qəlbinlə
üzünü ədalətə doğru tut. Allahın Əmrini dəyişdirməyə çalışma və Kitabda nazil
olanlara diqqət yetir. Heç bir işdə öz nəfsinə tabe olma, Əzəli və Səxavətli
Rəbbin olan Allahın hökmünə tabe ol. Tezliklə sən torpağa dönərsən və nə özün
qalarsan, nə də həyatında səni sevindirən şeylər. Uca Həqiqətin dili belə
söyləyir. Nə üçün Allahın əvvəlki xəbərdarlığını yada salıb xatırlayanlardan
olmadın? O deyib və Onun dediyi haqqdır: "Biz sizi ondan (torpaqdan) yaratdıq,
ona da qaytaracağıq və bir daha ondan çıxaracağıq". Yüksək və alçaq rütbəli
olmasından asılı olmayaraq, bütün yer əhli üçün Allahın müəyyən etdiyi budur.
Torpaqdan yaranan, ona qayıdan və yenidən ondan çıxan kəsə yaraşmaz ki, Allahın
və onun övliyalarının önündə təkəbbür göstərsin, onların qarşısında öyünsün və
hədsiz qürur içərisində olsun. Əksinə, sən və sənin kimilər gərək tövhid
məzhərlərini qəbul etsinlər və o möminlərin qarşısında təvazökarlıq göstərsinlər
ki, onlar Allaha təzim edirlər və bəndələrin qəlbini özünə bağlayan, onları
Şərəfli və Tərifəlayiq Allahın yolundan uzaqlaşdıran şeylərdən əllərini üzüblər.
Beləcə biz sizə və Allaha təvəkkül edən kəslərə xeyirli olan şeyləri
çatdırdıq...
š 114 ›
Agah ol, ey Sultan (Əbdüləziz), həqiqəti söyləyən
Kəsin sözlərini eşit! O, Allahın sənə əta etdiklərindən bir şey istəmir və Haqq
tərəzisində dönməz olaraq, səni Rəbbin Allaha doğru dəvət edir, sənə düzgün
yolu, nicat yolunu göstərir ki, sən nicat tapanlardan olasan.
Ehtiyatlı ol, ey hökmdar, öz ətrafına elə vəkilləri
yığma ki, yalnız nəfslərinin ardınca gedirlər və əmanəti arxalarına ataraq,
aşkar bir xəyanət yolunu tuturlar. Allah sənə necə yaxşılıq edibsə, sən də
bəndələrə yaxşılıq et, insanları və onların işlərini belə vəkillərin əllərinə
tapşırma. Allahdan qorx və çəkinənlərdən ol. Ətrafına o vəkilləri topla ki,
onlardan iman və ədalət ətri gəlir, sonra işlər barəsində onlarla məşvərət edib
ən yaxşısını seç və yaxşılardan ol. Bil və yəqin et ki, dəyanət olmayan kəsdə
etibar və sədaqət olmaz. Bu, aydın bir həqiqətdir. Allaha xəyanət edən kəs
sultana da xəyanət edər və o heç nədən çəkinməz, insanların işlərində istədiyini
edər və qorxu bilməz. Ayıq ol, işlərin çilovunu əlindən buraxma, belələrinə
etibar etmə və qafillərdən olma. Ürəklərini başqasına bağlamış kəslərdən
uzaqlaş, öz işlərini və müsəlmanların işlərini onların ixtiyarına vermə,
qurdları Allahın qoyunlarına çoban etmə, dostları düşmənlərin əlinin altında
qoyma. Allahın Əmrinə xəyanət edən kəslərdən etibar və dəyanət umma, onlardan
gen gəz və özünü bərk-bərk qoru ki, onların hiylələrindən sənə zərər toxunmasın.
Belələrindən üz döndər və Qüdrətli, Səxavətli Rəbbin olan Allaha üz tut. Kim
Allahla olsa, Allah da onunla olar, kim Ona təvəkkül etsə, Allah onu bütün
zərərlərdən və bütün məkrli bədxahların şərindən qoruyar.
Əgər sən Mənim sözlərimi eşitsən və nəsihətlərimə
qulaq assan, Allah səni elə bir məqama ucaldar ki, yer üzündə olanların heç
birinin əli ona çatmaz. Ey hökmdar, qəlbin və vücudunla Allahın qaydalarına tabe
ol və zalımların yolu ilə getmə! İşlərin cilovunu öz ovcunda və qüdrətli əlində
saxla, bütün işləri özün araşdır, heç bir şeydən qafil olma. Həqiqətən, bunun
sənə böyük xeyri var.
Rəbbin olan Allaha şükr elə ki, səni yer üzündə
seçərək müsəlmanların sultanı etmişdir. Sən Allahın Öz ecazkar səxavəti və
kəraməti sayəsində sənə bəxş etdiklərinin qədrini bilməlisən və hər an Ona şükr
etməlisən. Sənin Rəbbinə şükrün o ola bilər ki, Onun dostlarını sevəsən,
bəndələrini hifz edəsən və xainlərdən qoruyasan ki, heç kəs onlara zülm etməsin.
Sonra sən insanlar arasında Allahın hökmünü yerinə yetirməli və Allahın
şəriətində qətiyyətli olmalısan. Əgər sən öz rəiyyətin arasında ədalət çaylarını
axıtsan, Allah görünən və görünməz qoşunlarla sənə kömək göstərər və işlərində
sənə yardımçı olar. Həqiqətən, Ondan başqa Allah yoxdur, əmr və xilqət aləmləri
Ona məxsusdur, sadiqlərin əməlləri Ona qayıdar.
Xəzinələrinə arxayın olma, Rəbbin olan Allahın
fəzlinə arxalan. Bütün işlərində Ona güvən və təvəkkül edənlərdən ol. Allahdan
kömək istə və Onun sərvəti ilə zənginləş, çünki göylərin və yerin xəzinələri
Onun yanındadır. O istədiyinə əta edər, istəmədiyini məhrum edər. Ondan başqa
Allah yoxdur, Odur Ehtiyacsız və Tərifəlayiq! Hamı Onun mərhəmətinin qapısı
önündə yoxsuldur, Onun qüdrətinin zühuru qarşısında zəifdir, hamı Onun
səxavətini diləyir.
İşlərində ifrata varma, xidmətlərin arasında
ədalətlə rəftar et, onlara ehtiyacları olan qədər ver — o qədər vermə ki,
özlərinə sərvət toplasınlar, özlərini və evlərini bəzəsinlər, lazımsız işlərə
xərcləyib israfçı olsunlar. Onlar arasında orta həddi gözləyib ədalətdə davran:
elə et ki, bəziləri ehtiyac içində, bəziləri də sərvət içində olmasın. Bu,
açıq-aşkar bir ədalətdir.
Nəcibləri yaramazların əlinin altında qoyma və
alçaqları şərəflilərə başçı eləmə. Necə ki, Biz şəhərdə (İstanbulda) bunun
şahidi olduq və buna şəhadət veririk. Şəhərə daxil olduğumuz zaman Biz
bəzilərini dəbdəbə və sərvət içərisində, bəzilərini isə açıq-aşkar yoxsulluq və
zillət içərisində gördük. Bu, sənin səltənətinə layiq deyil və sənin şəninə
yaraşmır.
Mənim nəsihətimi eşit və insanlar arasında ədalətli
ol ki, Allah bütün aləmdə sənin adını ədalətlə ucaltsın. Öz vəkillərinə
firavanlıq verib rəiyyəti pis hala qoyma. Yoxsulların və möminlərin səhər
naləsindən qorx və onlar üçün şəfqətli bir sultan ol, çünki onlar sənin yer
üzündəki xəzinəndir. Sən özün öz xəzinəni oğruların əlindən qorumalısan. Onların
işlərini və əhvalını hər il, hətta hər ay araşdır ki, onlardan bixəbər
olmayasan.
Allahın tərəzisini gözlərin önündə qur, özünü elə
bir məqamda tut ki, sanki Onu görürsən və sonra da hər gün, hətta hər an öz
əməllərini həmin tərəzidə çək. Haqq-hesab günü gəlməmiş özündən hesabat istə.
Həmən gün Allahın qorxusundan heç kəs ayaq üstə dura bilməz və qafillərin
ürəkləri titrəyər.
Hər bir sultan gərək səxavətdə günəş kimi olsun —
bütün şeyləri bəsləsin və bütün haqqı çatanlara öz haqqını versin. Bu isə onun
özündən doğmur, Qüdrətli və Qadir Allah belə müəyyən etmişdir. Sultan bulud kimi
öz mərhəmətini bəndələrə paylamalıdır, necə ki, bulud Müdrik və hər şeyi Bilən
Allahın əmrinə əsasən, mərhəmət yağışını bütün yer üzünə səpir.
Ehtiyatlı ol, öz işlərini heç kəsə etibar etmə — heç
kəs sənə sənin özün kimi ola bilməz. Beləcə Biz sənə hikmətli sözləri izah
edirik və sənə o şeyləri çatdırırıq ki, səni zülm solundan ədalət sağına
döndərər və sənə işıqlı yaxınlıq dənizinin yolunu göstərər. Bütün bunlar səndən
əvvəl hakimiyyətdə olmuş hökmdarların xasiyyətləridir ki, insanlar arasında
ədalətlə rəftar etmiş və dönmədən ədalət yolu ilə getmişlər.
Sən yer üzündə Allahın kölgəsisən. Elə isə bu uca və
böyük məqama layiq olan tərzdə hərəkət et. Əgər sən Bizim dediklərimizə və
öyrətdiklərimizə əməl etməsən, bu uca və şərəfli məqamı itirmiş olarsan. Öz
qəlbinlə Allaha doğru qayıt, onu dünyadan və dünyanın bər-bəzəyindən təmizlə və
Allahdan başqa heç kəsin məhəbbətinin ona daxil olmasına imkan vermə. Əgər
başqasının məhəbbətini ona daxil etsən, Allahın təzahürünün nurları ona işıq
saçmaz, çünki Allah heç kəsdə iki qəlb yaratmayıb. Bu, əzəli Kitabda da nazil
olub. Madam ki, Allah insana bir qəlb verib, sən həzrət də gərək ona iki
məhəbbəti daxil etməyəsən. Elə isə Allahın məhəbbətindən yapış və Ondan
başqasının məhəbbətindən üz döndər ki, Allah səni Öz Birlik dənizinə qovuşdurub
tövhid əhli etsin. And olsun Allaha, bütün bunları sənə təlqin etməkdə məqsədim
yalnız budur ki, sən fani şeylərdən uzağlaşıb əbədi Cəbərut aləminə daxil olasan
və Allahın izni ilə orada hökm edənlərdən olasan...
Ey hökmdar, and olsun Allaha, Mən onlardan sən
həzrətə şikayət etmək istəmirəm, çünki Mən çəkdiyim əziyyətlər və dərdlər barədə
O Allaha şikayət edirəm ki, Bizi və onları xəlq edib və Bizimlə onlar arasında
şahid və vəkildir. Mənim istədiyim yalnız budur ki, əməlləri barədə onlara
xəbərdarlıq edim və onlar Bizə etdiklərini başqa heç kəsə etməsinlər və bunu
yaddan çıxarmasınlar.
Hər tərəfdən Bizi əhatə edən bəlalar, məhrumiyyətlər
və çətinliklər mütləq ötüb kecəcək, eləcə də onların rahatlığı və içərisində
olduqları firavanlıq keçib kedəcək. Bu, bir həqiqətdir və yer üzündə heç kəs
bunu inkar edə bilməz. Tezliklə Bizim bu zillət torpağında sakin olmağımız da,
onların izzət taxtında oturmaları da ötüb gecəcək və Allah Bizimlə onlar
arasında hakimlik edəcək, çünki O, hakimlərin ən yaxşısıdır.
Biz bütün başımıza gələnlərə görə Allaha şükr
edirik, Onun Bizim üçün müəyyən etdiklərinə və edəcəklərinə səbrlə dözmüşük və
dözəcəyik. Mən Ona təvəkkül etmiş və Öz işimi Onun ixtiyarına buraxmışam.
Həqiqətən, O, səbr edənlərin və Ona təvəkkül edənlərin əcrini verəcəkdir. Əmr və
xilqət aləmləri Ona məxsusdur. O kimi istəsə ucaldar, kimi istəsə alçaldar və
etdiklərinə görə sorğu-suala tutulmaz. Həqiqətən, O Qüdrətli və Qadirdir.
Ey sultan, sənin hüzuruna ərz etdiklərimi eşit!
Zalımların zülmünün qarşısını al, onların əllərini müsəlmanların başı üstündən
uzağlaşdır. And olsun Allaha, qələm Bizim başımıza gələnləri yazanda, qəmgin
olmaya bilməz, tövhid əhli bunları dinləməyə tab gətirməz. Bizim işimiz elə bir
yerə çatıb ki, hətta düşmənlərimiz və eləcə də bütün bəsirət əhli Bizim halımıza
ağlayır. Halbuki, Biz insanları sənə üz tutmağa çağırır və onlara sənin kölgənə
sığınmağı əmr edirdik ki, sən tövhid əhli üçün bir qala olasan.
Ey sultan, məgər Biz nədəsə sənin əleyhinə
çıxmışıqmı?! Sənə, yaxud sənin icazənlə İraqda hakimlik edən vəzirlərinə
itaətsizlik göstərmişikmi?! Aləmlərin Rəbbinə and olsun ki, yox! Biz nə sənə, nə
də onlara bir göz qırpımı qədər də asi olmamışıq və başımıza indiyə qədər
gələnlərdən daha böyük bəlalar gəlsə belə, inşaallah, bundan sonra da asi
olmarıq.
Biz gecə-gündüz, səhər-axşam Allaha dua edirik ki,
səni Ona itaət göstərməyə və Onun hökmlərini yerinə yetirməyə müvəffəq eyləsin,
səni şeytanların qoşunlarından hifz etsin. İndi necə istəyirsənsə, sənə və sənin
sultanlığına necə yaraşırsa, eləcə də hərəkət et, amma istədiyin və istəyəcəyin
bütün işlərdə Allahın hökmünü unutma və de: Həmd olsun Allaha — aləmlərin
Rəbbinə!..
š 115 ›
Ey Zəbih, Əmr Qələmindən nazil olan ilahi lövhələrin
əksəriyyətində Allahın bütün dostlarına vəsiyyət etmişik ki, müqəddəs ətəyi
qadağan olunan əməllərin palçığına və bəyənilməyən xasiyyətlərin tozuna
bulaşdırmayın. Həmçinin vəsiyyət etmişik ki, Lövhələrdə nazil olanlara diqqət
yetirin. Əgər insanlar Rəhmanın Qələminin məşriqindən parlayan ilahi
vəsiyyətləri qəlblərinin qulağı ilə dinləsəydilər və onları eşitməyə nail
olsaydılar, indi yer üzündə olanların əksəriyyətinin hidayət xalatı ilə
bəzəndiyini müşahidə edərdiniz. Lakin nə müəyyənləşdirilmişdisə, o da oldu.
İndi Əzəli Varlığın Dili bir daha bu bəyaz vərəq
vasitəsilə bu Böyük Məhbəsdən buyurur: Ey Haqqın dostları, nəfs və ehtirasın dar
biyabanından çıxıb müqəddəs Birlik fəzalarına tələsin və paklıq və qüdsiyyət
bağçalarında məskən salın! Qoy sizin əməllərinizin ətrindən bütün yer üzündə
olanlar şərəfli Birlik dənizinə üz tutsunlar.
Dünyanın işləri, onlara aid məsələlər və dünyəvi
rəhbərlər barədə danışmaq qətiyyən caiz deyil. Şərəfli və Qüdrətli Haqq dünyəvi
hakimiyyəti hökmdarlara bəxş edib. Heç kəsə məmləkət başçılarının rəyinə müxalif
olan bir iş tutmaq icazəsi verilməyib. Özü üçün isə O, bəndələrin könül
şəhərlərini seçib. Bu Gün Haqqın dostları açarlara bənzərlər. İnşaallah, onların
hamısı İsmi-Əzəmin gücü ilə həmin şəhərlərin qapılarını açmalıdırlar. Budur
Haqqa kömək göstərmək ki, onun barəsində Sabahları İşıqlandıranın Qələmi ilə
bütün Kitablarda və Lövhələrdə yazılıb!
Həmçinin onlar insanlarla mehribancasına davranmalı
və o qədər yüksək müqəddəslik, paklıq, düzlük və ədalət nümayiş etdirməlidirlər
ki, bütün insanlar onları bəndələr arasında Allahın etibarlı şəxsləri saysınlar.
İndi özün bax: Haqqın əmrlərinin quşları hansı səmada uçurlar, o zəif şəxslər
isə hansı məqamda məskən salıblar. Xoş o kəslərin halına ki, yəqinlik
qanadlarında mərhəmətli Rəbbinin Qələminin göstərdiyi səmaya ucarlar.
Ey Zəbih, Haqqın əməllərinə nəzər sal və de:
Böyükdür, böyükdür Onun qüdrəti ki, bütün aləmləri əhatə edib! Ucadır, ucadır
Onun paklığı ki, bütün məxluqatın əli Ona yetişmir! Hədsizdir, hədsizdir Onun
məzlumluğu ki, ondan yaxınların qəlbinə od düşür!
Düşmənlərin əlində saysız-hesabsız bəlalara mübtəla
olmağımıza baxmayaraq, Biz Allahın istədiklərini bir-bir yer üzünün bütün
başçılarına çatdırdıq. Qoy bütün ümmətlər bilsinlər ki, bəlalar Əzəli Varlığın
Qələminin qarşısını kəsə bilməz, çünki o, çürümüş sümüklərə surət bəxş edən
Allahın izni ilə hərəkət edir.
İndi bu əzəmətli işlə əlaqədar yaxşı olar ki,
dostlar xidmət kəmərini möhkəm bağlasınlar, Allahın Əmrinə kömək etməyə
başlasınlar və alçaq işlərlə məşğul olmasınlar. Əgər haqqın aşkara çıxan
işlərinə və əməllərinə bir qədər diqqət yetirsən, üzünü torpağa qoyub deyərsən:
"Ey Rəbblərin Rəbbi, şəhadət verirəm ki, Sən varlığın Mövlası, görünən və
görünməz şeylərin Tərbiyəçisisən. Şəhadət verirəm ki, Sənin qüdrətin bütün
kainatı bürüyüb, yer üzünün qoşunları Səni qorxuda bilməz və onların gücü Sənin
qarşını kəsə bilməz. Şəhadət verirəm ki, Sənin, dünyanın yaşamasından, onun
əhalisinin birləşməsindən və nicat tapmasından özgə bir istəyin yoxdur!"
İndi bir qədər düşünün ki, Haqqın dostları hansı
məqamda hərəkət etməli və hansı havada uçmalıdırlar. Hər zaman öz Mərhəmətli
Rəbbindən xahiş et ki, onları öz istədiklərinə müvəffəq eyləsin. Həqiqətən, O,
Qüdrətli, Şərəfli və Hər şeyi Biləndir.
Ey Zəbih, məhbusluq, qarət, əsirlik, şəhidlik və
aşkar zillət bu Məzluma heç bir ziyan vurmamışdır və vura da bilməz. Ona ziyan
vuran Haqqın dostlarının törətdiyi əməllərdir ki, onları Haqqa mənsub edirlər.
And olsun aləmlərə hökmran olan Kəsə ki, Mənə ziyan vuran budur! Ən böyük ziyan
odur ki, hər gün Bəyan əhlindən kimsə bir iddiaya düşür. Bəziləri Mənim
Budaqlarımdan birinə istinad edir, bəziləri də müstəqil şəkildə dediyini deyir
və etdiyini edir.
Ey Zəbih, Əzəmət Dili buyurur: "And olsun Haqq olan
Varlığıma! Bu ən böyük zühurla bütün zühurlar başa çatdı. Ondan sonra zühura
iddia edən kəs yalançı və iftiraçıdır. Allahdan diləyimiz budur ki, onu bu
iddiadan dönməyə müvəffəq eyləsin. Əgər o, tövbə edərsə, Allah onun tövbəsini
qəbul edər. Əgər dediyində israr edərsə, Allah rəhmsiz bir kəsi onun üstünə
göndərər. Həqiqətən, O, Qüdrətli və Qadirdir!"
Bax gör, Bəyan əhli bunu dərk etməyib ki, Mənim
əvvəlki Məzhərim və Camalımın Müjdəçisi nə buyurubsa, Mənim zühurumu nəzərdə
tutaraq və Mənim Əmrimi elan edərək buyurub. Yoxsa, and olsun Haqq olan Varlığa
ki, O buyurduqlarından bir kəlməni də söyləməzdi. Bu cahillər Ulu və Ehtiyacsız
Allahın Əmrini uşaq oyuncağı sanıblar, hər gün bir xəyala düşür və bir biyabanda
dolaşırlar. Əgər Əmr onların dediyi kimi olsaydı, Rəbbinin Əmri necə ərşdə qərar
tuta bilərdi?! Fikirləş və axtaranlardan ol! Fikirləş və duyanlardan ol!
Fikirləş və dönməzlərdən ol! Fikirləş və əminlərdən ol! Əgər bütün insanlar
mümkün olan və olmayan şeylərə iddia etsələr də, onlara fikir vermə və onları
arxada buraxıb aləmlərin Qibləsinə üz tut!
Canıma and olsun, bu Əmr böyükdür, çox böyükdür! Və
bu Gün əzəmətlidir, çox əzəmətlidir! Xoş o kəsin halına ki, aləmi bir kənara
atıb üzünü öz nuru ilə göyləri və yerdəkiləri işıqlandıran Üzə tərəf tutar!
Ey Zəbih, iti göz və möhkəm ürək gərəkdir və misdən
ayaq lazımdır ki, nəfs qoşununun təhrikləri önündə büdrəməsin. Budur qəti hökm
ki, Əzəl Sahibinin iradəsi ilə İsmi-Əzəmin qələmindən süzülüb nazil oldu. Onu
göz bəbəyi kimi qoru və şükr edənlərdən ol! Gecə-gündüz Haqqa xidmət elə və
Ondan başqa hər şeydən əlini üz. Canıma and olsun, bu Gün gördüyün şeylər mütləq
fənaya uğrayacaq. Əgər sən öz Mövlanın əmrində dönməz olsan, özünün ən uca
məqamda dayandığını görəcəksən. Sənin narahatlığın Ondan ötrüdür və sənin son
məkanın Onun yanında olacaq.
š 116 ›
Ey xristian hökmdarları! Məgər eşitməmisiniz ki, Ruh
(Həzrət İsa) söyləyib: "Mən gedirəm və yenə gələcəyəm". Elə isə nə üçün O,
buludların kölgəsində gəldiyi zaman Ona yaxınlaşmadınız və Onu görmək imkanı
qazanıb şərəfə nail olmadınız? Başqa bir məqamda isə O deyib: "Haqqın Ruhu
gəldiyi zaman sizə doğru yolu göstərəcək". Amma O, haqq ilə gələrkən, siz Ona üz
tutmadınız, nəfsinizin istəyi ilə əylənməkdə davam etdiniz, Onu qarşılayıb
hüzuruna yetişmədiniz ki, Onun dilindən Allahın ayələrini eşidəsiniz və Qüdrət
və Hikmət Sahibi olan Allahın hikmətindən agah olasınız. Beləcə siz öz
könüllərinizi Allahın nəsimindən və öz ürəklərinizi Allahın ətrindən məhrum
etdiniz, ehtiraslar vadisində sərkərdan qaldınız. And olsun Allaha, siz və sizin
malik olduqlarınız mütləq fənaya uğrayacaq və siz Allahın yanına qayıdaraq,
bütün məxluqatın toplaşdığı yerdə həyatınız boyu etdiklərinizə görə sorğu-suala
tutulacaqsınız...
Ey hökmdarlar, iyirmi ildir ki, hər gün bizə yeni
bir bəla üz verir. Əgər siz eşidənlərdənsinizsə, bilin ki, bizim başımıza
gələnlər bizdən əvvəl heç kəsin başına gəlməyib. Belə ki, bizi öldürdülər,
qanımızı tökdülər, əmlakımızı əlimizdən aldılar, hörmətdən saldılar. Siz
bunların əksəriyyətini eşitdiniz, lakin qarşısını almadınız. Halbuki, siz gərək
zalımların zülmünə mane olasınız, insanlar arasında ədalətlə hökmranlıq edəsiniz
və bununla da öz ədalətinizi bütün məxluqat içərisində nümayiş etdirəsiniz.
Allah insanların ixtiyarını sizin əlinizə onun üçün
verib ki, siz onlar arasında düzgünlüklə hökm edəsiniz, məzlumların haqqını
zalımlardan alasınız. Əgər siz Allahın Kitabında Əmr olunanlara əməl etməsəniz,
sizin adlarınız Onun yanında ədalətlə xatırlanmaz — bu isə həqiqətən, ən böyük
bir ziyandır. Məgər siz öz nəfsinizin hökmünə tabe olub Ulu, Uca, Qadir və
Qüdrətli Allahın hökmündən çıxmaqmı istəyirsiniz?! Yanınızda olanları boşlayın
və Allahın sizə əmr etdiklərindən yapışın, sonra da Ondan mərhəmət gözləyin —
doğru yol budur!
Bizim halımıza nəzər salın, bizə dəyən ziyana və
zərərə diqqət yetirin və bircə an da bizdən qafil olmayın. Sonra bizimlə
düşmənlərimiz arasında ədalətlə hökm eləyin — bu, aşkar bir xeyirdir. Beləcə Biz
sizə öz əhvalatımızı və başımıza gələnləri nəql etdik ki, Bizim ziyanımızı
yüngülləşdirəsiniz. Kim istəyirsə, yüngülləşdirsin, kim istəmirsə, bilsin ki,
Rəbbimiz ən yaxşı köməkçi və yardımçıdır.
Ey Bəndə, Sənə dediklərimi bəndələrə çatdır, heç
kəsdən qorxma və tərəddüd edənlərdən olma. Tezliklə Allah göylərdə və yerdə
olanlar arasında Öz Əmrini ucaldar və Öz dəlilini yüksəldər. Elə isə bütün
işlərdə Rəbbinə təvəkkül et və üzünü Ona tut, sonra da inkarçılardan üz döndər.
Rəbbin olan Allahın köməyi və yardımı ilə kifayətlən. Əgər sultanlardan heç biri
Sənə üz tutmasa belə, Biz Özümüzə Mülk aləmində Sənə kömək göstərməyi və
Əmrimizi ucaltmağı vacib buyurmuşuq.
š 117 ›
Həzrət Mövcud xalqların əmin-amanlıq və rahatlığının
və aləmin abadlığının ilkin şərti və səbəbi barədə bir yerdə buyurur: "Labüd
məsələ budur ki, yer üzündə böyük bir məclis qurulsun, hökmdarlar və sultanlar
həmin məclisdə Böyük Sülh barədə müzakirələr aparsınlar. Onun da yolu budur ki,
böyük dövlətlər dünyanın rahatlığı üçün möhkəm sülhə can atsınlar və əgər bir
hökmdar başqa bir hökmdarın üstünə qalxsa, hamılıqla birləşib onun qarşısını
alsınlar. Belə olan surətdə ölkələri və şəhərləri qorumaq üçün lazım olan
miqdarı çıxmaq şərtilə, dünyanın hərbi sursatı və nizami orduya ehtiyacı
qalmaz". Budur hökumətin, rəiyyətin və məmləkətin rahatlığının şərti! İnşaallah,
Allahın Qüdrətli Adının güzgüsü olan hökmdarlar və sultanlar bu məqama nail
olacaq və dünyanı zülmün hökmranlığından qoruyaçağlar...
Çox çəkməz ki, dünyadakı bütün insanlar bir dil və
bir yazı ilə bəzənərlər. O zaman hər kəs hansı şəhərə yollansa, özünü evindəki
kimi hiss edər. Bu işlər lazım və vacibdir. Hər bir göz və qulaq sahibi
çalışmalıdır ki, deyilənlər zəruri olan şərtlər söz və nitq aləmindəki gerçəklik
və mövcudluq səhnəsinə qədəm qoysun...
Bu gün insan o kəsdir ki, bütün yer üzündə olanlara
xidmət göstərir. Həzrət Mövcud buyurur: "Xoş o kəsin halına ki, bütün xalqların
xidmətində durur". Başqa bir məqamda isə buyurur: "Vətənini sevən kəs deyil,
dünyanı sevən kəs fəxr etməlidir". Həqiqətən də, dünya bir vətəndir, yer üzündə
olan insanlar isə onun vətəndaşları...
š 118 ›
Ey hökmdarlar, Allahdan çəkinin və Allahın müəyyən
etdiyi hədləri aşmayın. Kitabda sizə Əmr edilənləri yerinə yetirin və təcavüzkar
olmayın. Ehtiyatlı olun, heç kəsə xardal dənəsi qədər də zülm etməyin və ədalət
yolu ilə gedin — bu, həqiqətən də, doğru yoldur.
Öz aranızda sülh yaradın və əsgərlərinizi azaldın
ki, bununla da məsrəflərinizi azaldıb rahatlıq tapasınız. Əgər aranızdakı
ixtilaflara son qoysanız, yalnız şəhərlərinizi və ölkələrinizi qorumaq üçün
lazım olan miqdardan savayı, çoxlu qoşunlara ehtiyacınız qalmaz. Allahdan
çəkinin, heç bir şeydə israfçılıq etməyin və israfçılardan olmayın. Biz bilirik
ki, siz hər gün məsrəflərinizi artırırsınız və onları rəiyyətin boynuna
qoyursunuz. Bu isə onların taqətindən artıqdır və həqiqətən, böyük bir zülmdür.
Ey hökmdarlar, insanlar arasında ədalətlə davranın
və yer üzündə ədalət mücəssəmələrindən olun! Əgər insaflısınızsa, bilin ki, bu,
sizə və sizin şəninizə yaraşar. Ehtiyatlı olun ki, sizə pənah gətirən və sizin
kölgənizə sığınan kəslərə zülm etməyəsiniz. Allahdan qorxun və çəkinənlərdən
olun. Öz qüdrətinizə, əsgərlərinizə və xəzinələrinizə güvənməyin, sizi yaradan
Allaha arxalanın, öz işlərinizdə Ondan kömək diləyin — kömək yalnız Ondandır, O
istədiyi şəxsə göylərin və yerin qoşunları ilə kömək köstərər.
Sonra bilin ki, yoxsullar sizin aranızda Allahın
əmanətləridir. Ehtiyatlı olun, Onun əmanətlərinə xəyanət etməyin və onlara zülm
edib xainlərdən olmayın. Siz Onun əmanəti barədə elə bir Gündə mütləq
sorğu-suala tutularsınız ki, o Gün ədalət tərəzisi qurular, bütün haqqı
çatanlara haqları verilər, bütün varlıların və yoxsulların əməlləri həmən
tərəzidə çəkilər.
Əgər siz bu Kitabda misilsiz və aydın bir dillə sizə
verdiyimiz nəsihətlərə qulaq asmasanız, hər tərəfdən sizi əzab bürüyər və Allah
öz ədaləti ilə sizin üstünüzə gələr. O zaman sizin Ona müqavimət göstərməyə
gücünüz çatmaz və siz acizlərdən olarsınız. Elə isə özünüzə və bəndələrə
rəhminiz gəlsin, onlar arasında Allahın uca və müqəddəs Lövhədə hökm etdiklərinə
əsasən hakimlik eləyin. Həmin Lövhədə O hər bir şeyin həddini müəyyənləşdirib,
bütün şeyləri təfsilatı ilə izah edib və onu yəqinlik hasil edən bəndələr üçün
bir xəbərdarlıqa çevirib.
Bizim Əmrimizi araşdırın və Bizim başımıza gələnləri
aydınlaşdırın, sonra da Bizimlə düşmənlərimiz arasında hakimlik edərək
ədalətlilərdən olun. Əgər siz zalımın zülmünə mane olmasanız və məzlumun haqqını
almasanız, bəndələr arasında nə ilə öyünə və fəxr edə bilərsiniz? Yoxsa, siz
yediklərinizlə, içdiklərinizlə, xəzinələrinizə yığdığınız sərvətlə, yaxud
qırmızı və sarı daşlardan, qiymətli və parlaq ləl-cəvahiratdan ibarət olan
zinətlərinizlə fəxr edirsiniz?! Əgər bu fani əşyalarla fəxr etmək mümkün
olsaydı, onda gərək torpaq sizin qarşınızda öyünəydi, çünki hər şeyi
müəyyənləşdirən qadir Allahın hökmünə əsasən, bütün bunları sizə o bağışlayır və
əta edir. Allah bunların hamısını torpağın bətnində yerləşdirib və Öz fəzli
sayəsində sizin üçün aşkara çıxarır. Elə isə öz məqamınıza nəzər salın və əgər
görənlərdənsinizsə, bunlarla fəxr etməyin. Yox, and olsun yaranmışların
səltənətini ovcunda saxlayan Kəsə, siz yalnız onunla fəxr edə bilərsiniz ki,
özünüz Allahın qaydalarına tabe olasınız, heç kəsin Allahın hökmlərindən
uzaqlaşmasına imkan verməyəsiniz və doğru yolla gedəsiniz...
š 119 ›
Ey əmirlər tayfası! Nə üçün bulud kimi Günəşin üzünü
örtüb onun işıq saçmasına mane olursunuz? Uca Qələmin sizə verdiyi nəsihətləri
eşidin ki, bunun sayəsində həm siz, həm də yoxsullar və kimsəsizlər rahatlıq
tapsınlar. Allahdan diləyirik ki, hökmdarların sülh yaratmasına yardım
göstərsin. Həqiqətən, O istədiyini etməyə qadirdir.
Ey hökmdarlar tayfası! Biz görürük ki, siz hər il
məsrəflərinizi artırır və bunu rəiyyətin boynuna qoyursunuz. Bu isə böyük bir
zülmdür, Məzlumun ahından və göz yaşlarından qorxun, rəiyyətin boynuna
taqətlərindən artıq yük qoymayın, saraylarınızı abad etməkdən ötrü onların
halını xarab etməyin, özünüzə rəva bildiyinizi onlara da rəva görün. Əgər siz
anlayansınızsa, bununla Biz sizə faydası olan şeyləri bəyan edirik. Belə ki,
onlar sizin xəzinələrinizdir. Məbada Allahın hökm etmədiklərini onlara hökm
edəsiniz və məbada onları oğruların əlinə tapşırasınız. Siz onlara hökmranlıq
edirsiniz, onlardan yeyirsiniz, onların sayəsində qalib gəlirsiniz, həm də
onlara təkəbbürlə baxırsıiız. Həqiqətən, bu, qəribə bir işdir!
Əgər siz Böyük Sülhü bir kənara atırsınızsa, onda bu
Kiçik Sülhdən yapışın ki, bəlkə onun vasitəsilə sizin və sizin kölgənizdə
olanların işləri bir qədər yaxşılaşdı.
Ey əmirlər tayfası! Əgər siz öz aranızda sülh
yaratsanız, o zaman olkələrinizi və şəhərlərinizi qorumaqdan ötru lazım olan
miqdardan savayı, əsgərlərə və silah-sursata ehtiyacınız qalmaz. Hər şeyi Bilən
və Etibarlı Kəs tərəfindən verilən nəsihəti qulaqardına vurmaqdan çəkinin.
Birləşin, ey hökmdarlar tayfası, əgər
anlayansınızsa, bilin ki, bununla sizin aranızdakı ixtilaf yelləri sakitləşər,
rəiyyətiniz və ətrafınızda olan kəslər rahatlıq tapar. Əgər sizlərdən biri
digərinə hücum edərsə, hamınız onun əleyhinə qalxın. Bilin ki, bu, aşkar bir
ədalətdir.
š 120 ›
Ey hər bir diyardakı Məclis üzvləri! Əgər siz
axtaranlardansınızsa, dünyanı və onun halını yaxşılaşdıracaq şeylər barədə
tədbir tegün və müzakirələr aparın. Baxın, dünya insan bədəninə bənzəyir: o,
sağlam və kamil şəkildə xəlq olunub, amma müxtəlif və çeşidli səbəblərdən onu
xəstəliklər bürüyüb. Onun halı bir gün də yaxşılaşmayıb, əksinə, xəstəliyi daha
da ağırlaşıb, çünki o öz nəfslərinin atına minərək sərkərdan qalan bacarıqsız
həkimlərin ixtiyarında olub. Və əgər müəyyən bir əsrdə onun əzalarından biri
mahir həkimin sayəsində yaxşılaşıbsa da, digər əzaları əvvəlki halda qalıb.
Beləcə Hər şeyi Bilən və Hər şeydən Xəbərdar olan Allah sizi agah edir.
Bu gün isə Biz onun təkəbbür şərabından elə məst
olmuş adamların əli altında olduğunu görürük ki, onlar nəinki bu ecazkar və
əzəmətli Əmri, hətta öz xeyirlərini də anlamırlar. Əgər onlardan kim isə onu
sağaltmağa səy göstəribsə, onun məqsədi yalnız bundan aşkar və ya gizli şəkildə
faydalanmaq olub. Buna görə də onu bir qədər sağaltsa da, tam sağaltmağa qüdrəti
çatmayıb.
Dünyanın sağalması üçün Allahın təyin etdiyi ən
böyük dərman və ən mükəmməl vasitə yer üzündəki insanların bir Əmrdə və bir
şəriətdə birləşməsidir. Bu isə yalnız və yalnız mahir, kamil və Allahdan yardım
alan Təbibin sayəsində mümkün ola bilər. Canıma and olsun, həqiqət budur və
ondan savayı hər şey açıq-aşkar azğınlıqdan başqa bir şey deyildir...
š 121 ›
De: Ey ədavət əhli! Qəzəbinizdən ölün! Əzəmət Günəşi
Əmr üfüqündən parladı və öz ziyası ilə bütün varlıq aləmini işıqlandırdı, siz
isə ondan bixəbər qaldınız və qafillərdən oldunuz. Elə isə özünüzə rəhminiz
gəlsin, iman gətirdiyinizə qarşı kafirlik etməyin və həddini aşanlardan olmayın.
Haqq olan Allaha and olsun, əgər siz bu Əmri inkar etsəniz, bütün dünya sizə
gülər, çünki siz insanlar arasında öz Əmrinizin doğruluğunu isbat etmək üçün
Qoruyan, Qüdrətli, Şərəfli və Hər şeyi Bilən Allahın ayələrini dəlil gətirdiniz,
amma O növbəti dəfə əzəmətli səltənətlə nazil olanda, Onu inkar etdiniz. Vay
sizin halınıza, ey qəflət əhli!
Məgər siz özlüyünüzdə elə zənn edirsiniz ki, Günəşin
və onun ziyasının qarşısını ala biləcəksiniz?! Yox, canıma and olsun ki, əgər
siz və sizdən əlavə göylərdə və yerdə olan bütün məxluqat Ona qarşı birləşsəniz
də, buna gücünüz və qüdrətiniz çatmaz. Allahdan qorxun, öz əməllərinizi batil
etməyin, Allah kəlamını eşidin və pərdə arxasında qalanlardan olmayın.
De: And olsun Allaha! Mən gəlişimlə Özüm üçün bir
şey istəməmişəm. Mən yalnız Allahın və Onun əmrinin qələbəsini istəmişəm, Onun
Özünün dediklərimə şahid olması kifayətdir. Əgər siz gözlərinizi təmizləsəniz,
görərsiniz ki, Mənim əməllərim sözlərimi təsdiq edir, sözlərim isə əməllərimə
dəlildir.
Sizin gözləriniz kordur! Məgər siz Allahın qüdrət və
səltənətini, Onun əzəmət və böyüklüyünü görmürsünüzmü? Vay sizin halınıza, ey
ədavət əhli! Mənim sözlərimi eşidin və bircə an da durmayın! Rəhmanın Camalı
sizə belə əmr edir, bəlkə siz yanınızda olanlardan əl çəkib elə bir səmaya
ucalasıiız ki, orada bütün aləm əhlinin Əmrin kölgəsinə sıqındığının şahidi
olasınız.
De: Bu gün Allahın qəzəbindən və hökmündən qaçmaq
üçün heç kəsə bir yer, bir sığınacaq və ya bir havadar tapılmaz — Onun Əmrinin
kölgəsindən başqa! Bu, Onun Əmridir ki, Qulamın qiyafəsində zühur edib. Bu
parlaq, şərəfli və ecazkar görkəmə görə həmd olsun Allaha!
Özünüzü Məndən başqa hər şeydən azad edin, sonra da
üzünüzü Mənim üzümə tutun, çünki bu, sizə malik olduqlarınızdan daha xeyirlidir.
Allahın Dili Mənim danışan, hər şeyi əhatə edən və bilən Dilimlə buna şəhadət
verir.
De: Siz elə düşünürsünüz ki, sizin qəbul etməyinizlə
Ona bir şey artar? Canıma and olsun ki, yox! Yaxud sizin üz döndərməyinizlə
Ondan bir şey əskilər? Qalibiyyətli, Əlçatmaz və Uca zatıma and olsun ki, yox!
Adların və onların səltənətinin pərdələrini cırın! And olsun Camalıma, Adlar
Sultanı gəlmişdir. O, əvvəli olmayan əvvəldən Öz əmri ilə adları yaratmışdır və
bundan sonra da necə istəsə, onları yaradacaqdır. Həqiqətən, O, Qüdrət və hikmət
Sahibidir!
Ehtiyatlı olun, bədənlərinizi hidayət libasından
məhrum etməyin. Sonra zühur qılmanlarının başınız üstündə dolandırdığı piyalədən
için. Belə əmr edir sizə o Kəs ki, sizə qarşı özünüzdən də mərhəmətlidir və
sizdən nə əcr, nə də mükafat istəyir. Onun işi yalnız o Kəs üçündür ki, Onu haqq
ilə göndərdi, Onu cəmi məxluqatdan ötrü Öz dəlilinə çevirdi və Onu bütün
əlamətlərlə zühur etdirdi. Elə isə nəzərlərinizi Ona doğru çevirib Əzəli
Varlığın Dilinin sizə dediklərini eşidin ki, bəlkə agah oldunuz.
Məgər siz ata-babalarınızdan və birinci Adəmə qədər
gedib çıxan əcdadlarınızdan belə bir şey eşitmisinizmi ki, bir Kəs Əmr buludları
üzərində açıq-aşkar hökmranlıqla gəlsin, Onun sağında Allahın Mələkutu, solunda
— Onun Əzəli Cəbərutu, önündə isə Qüdrətli, Qabiliyyətli və Qadir Allahın
qoşunları hərəkət etsin və O hər an elə ayələr söyləsin ki, ariflərin könülləri
onları anlamaqda aciz qalsın, amma Onun dedikləri Allah tərəfindən olmasın?! Elə
isə ayılın və əgər doğruçu və yüksək dil sahibisinizsə, xalis həqiqəti söyləyin.
De: İndi nazil olan qədər bundan əvvəl Əliyə (Həzrət
Baba) də nazil olub. Əgər kimsə Ruhun dediklərinə şübhə edirsə, qoy Ərşin önündə
hazır olsun və Allahın ayələrini eşidərək işıqlı bəsirət kəsb etsin.
De: And olsun Allaha! Allahın neməti tamamlandı,
Onun sözü yerinə yetdi, Üzü işıq saçdı, səltənəti hər yeri bürüdü, Əmri aşkar
oldu və səxavəti bütün aləmə yayıldı.
š 122 ›
İnsan — ən böyük tilsimdir. Lakin təlim-tərbiyənin
olmaması onu olan şeydən məhrum edib. Allah onu bir kəlmə ilə xəlq etdi, digər
kəlmə ilə təlim mənbəyinə doğru istiqamətləndirdi, başqa bir kəlmə ilə də onun
mərtəbə və məqamlarını qorudu. Həzrət Mövcud buyurur: "İnsana qiymətli daşlara
malik bir mədən kimi bax. Təlim-tərbiyə nəticəsində ondakı cəvahirat üzə çıxar
və bəşəriyyət ondan fayda götürər".
Əgər bir kəs Birlik səmasından nazil olan Kitablara
bəsirət gözü ilə nəzər salıb fikirləşsə, dərk edər ki, onların məqsədi bütün
insanlara vahid bir şəxs kimi baxılmasına, bütün qəlblərdə "Hökmranlıq Allaha
məxsusdur!" möhürünün həkk edilməsinə və inayət günəşlərinin, fəzl və mərhəmət
ulduzlarının işığının hamını bürüməsinə nail olmaqdır. Şərəfli Haqq Özü üçün heç
nə istəməyib — nə aləmin itaətindən Ona bir xeyir dəyər, nə də insanların üz
döndərməsindən Ona bir ziyan yetişər. Hər an Bəyan səltənətinin Quşu bu sözləri
söyləyir: "Hər şeyi sənin üçün istəmişəm, səni isə Özüm üçün!"
Əgər dövranın üləmaları yer üzündəki insanların
məhəbbət və birlik ətrini duymasına imkan versələr, o zaman ariflər həqiqi
azadlığın nə olduğunu anlayarlar və əsl rahatlıqa, əsl əmin-amanlığa qovuşarlar.
Əgər yer üzü bu məqamın Günəşi ilə nurlansa, onda bu sözlər öz təsdiqini tapar:
"Sən onda nə bir eniş görərsən, nə də bir yoxuş!"
š 123 ›
Hanı sizdən əvvəl yaşamış və ən gözəl şeylərlə əhatə
olunmuş kəslər?! İbrət alın, ey insanlar və qafillərdən olmayın!
Tezliklə sizdən başqaları gələr, sizin mallarınızı
ələ keçirər və sizin evlərinizdə sakin olar. Mənim sözlərimi eşidin və
cahillərdən olmayın!
Hər kəs özü üçün elə bir şey seçməlidir ki, heç kəs
onu ələ keçirə bilməsin və bütün hallarda onun öz əlində qalsın. And olsun
Allaha, əgər siz ariflərdənsinizsə, bilin ki, bu, Allahın məhəbbətidir.
Özünüzə elə evlər tikin ki, yağışlar onları dağıda
bilməsin və onlar sizi zamanın hadisələrindən qorusun. Belə öyrədir sizi bu
tənha Məzlum!
š 124 ›
Hər cür məhdudiyyətdən uzaq və mövcudatın idrakından
üstün olan ecazkar Birlik Əbədi Varlığın şərəfli dərgahına necə də yaraşır! O
əzəldən və həmişə Öz müqəddəs və şərəfli məkanında olub və əbədi olaraq da Öz
istiqlal və cəlal məqamında qalacaqdır. Onun pak Mahiyyəti yaranmışların
idrakından nə qədər ehtiyacsız olmuşdur və nə qədər də yerin və göylərin
sakinlərinin zikrindən uca və yüksək olacaqdır!
Sonsuz səxavətinin ucalığı və hədsiz kəramətinin
yüksəkliyi sayəsində O, görünən və müşahidə olunan bütün şeylərdə Öz irfanının
əlamətini əmanət qoyub ki, heç bir şey öz imkanı və mərtəbəsi çərçivəsində Onu
tanımaqdan məhrum qalmasın. Həmin əlamət — məxluqat içərisində onun Camalının
güzgüsüdür. Və bu ən yüksək və ən uca güzgünün təmizlənməsi üçün nə qədər çox
səy və cəhd göstərilsə, onun adları və sifətlərinin təzahürləri, Onun elm və
əlamətlərinin görüntüləri həmin güzgüdə bir o qədər aydın görünər və əks olunar.
İş o yerə çatar ki, hər şey öz məqamında müşahidə olunar, hər şey öz həddini və
imkanlarını bilər və hər şeydən: "Həqiqətən, Ondan başqa Allah yoxdur!" nidası
eşidilər...
Bu güzgü mənəvi cəhdlər və ruhani səylər nəticəsində
qara tutqunluqdan və şeytani təsəvvürlərdən təmizlənib ilahi qüdsiyyət bağcasına
və Rəbbani ünsiyyət məkanına yaxınlaşa və qovuşa bilər. Lakin hər bir işin öz
vaxtı və hər meyvənin öz fəsli var, ona görə də bu inayətin təzahürü və bu
səxavətin baharı Allahın günlərinə təsadüf edir. O, bütün günlərə onların
mahiyyətinə uyğun olaraq, Öz fəzlinin möcüzələrindən bir pay bəxş etsə də, zühur
Günləri üçün müdriklərin idrakına sığmayan bir məqam müəyyənləşdirib. Belə ki,
əgər göylərdə və yerdə olanların qəlbləri bu daimi sevinc günlərində o İlahi
Şərəf Günəşinin qarşısında dayanıb Ona diqqət yetirsələr, hamılıqla özlərinin
müqəddəsləşməsinin, nurlaşmasının və saflaşmasının şahidi olarlar. Necə də
ucadır bu fəzl ki, heç bir fəzl ondan üstün ola bilməz! Necə də ucadır bu inayət
ki, dünyada onun bənzəri və xilqətdə onun oxşarı ola bilməz! Necə də ucadır O —
Ona aid edilən sifətlərdən və Onun haqqında deyilənlərdən!
Buna görədir ki, həmin günlərdə heç kəsin heç kəsə
ehtiyacı olmayıb və olmayacaq. Artıq göründüyü kimi, o ilahi Gündə Rəbbin
dərgahının qasidləri elə bir elm və hikmətlə dilə gəlmişlər ki, həmin müqəddəs
şəxslərdən başqa heç kəs, lap min il təlim və təhsillə məşğul olsa da, onun bir
sözündən belə agah olmamışdır və olmayacaqdır. Odur ki, İlahi Günəşin zühur
etdiyi günlərdə Allahın dostları heç bir elmə ehtiyac duymamış və möhtaç
olmamışlar, əksinə, elm və hikmət çeşmələri onların öz qəlbləri və
fitrətlərindən fasiləsiz olaraq axmış və çağlamışdır.
š 125 ›
Ey mənim qardaşım! Əzəl Sultanını dərk etmək yoluna
axtarış qədəmini qoymaq istəyən mücahid şəxs hər şeydən əvvəl gizli ilahi
sirlərin aşkara çıxdığı məkan olan qəlbini kəsb edilmiş elmlərin qara
tozlarından və şeytani istəklərin izlərindən büsbütün təmizləməli və pak
etməlidir. Bundan başqa, Əzəli Məhbubun daxil olub oturduğu taxt olan sinəsini
tamamilə saflaşdırmalıdır. Həmçinin ürəyini su və torpaq dünyasına bağlılıqdan,
yəni kölgə kimi ötəri əkslərin və keçəri surətlərin hamısından xilas etməlidir.
O qəlbini elə təmizləməlidir ki, orada sevgi və nifrət izləri qalmasın və
beləliklə, sevgi onu əbəs yerə nəyəsə meylləndirməsin, yaxud nifrət ona nədəsə
mane olmasın. Necə ki, bu gün insanların əksəriyyəti məhz bu iki səbəbdən Əbədi
Üzdən və Mənalar Həzrətindən uzaq düşmüşlər və çobansız azğınlıq və unutqanlıq
çöllərində otlayırlar.
Həmin şəxs hər zaman Haqqa təvəkkül etməli və
insanlardan üz döndərməlidir. Torpaq dünyasından əl çəkməli və Rəbblər Rəbbinə
bağlanmalıdır. Özünü heç kəsdən üstün tutmamalı, lovğalıq və təkəbbürü qəlbinin
lövhəsindən silməlidir. Dözüm və səbrə könül verməli və susmağı özünə şüar
etməlidir. Faydasız danışıqdan qaçmalıdır, çünki dil — közərən oddur, çox
danışmaq isə öldürücü zəhərdir. Adi od bədənləri, dilin odu isə ruhları və
könülləri yandırır. Birincinin təsiri bir saatdan sonra keçər, ikincinin təsiri
isə bir əsr qalar. Qeybəti azğınlıq saymalı və heç vaxt ona aludə olmamalıdır,
çünki qeybət qəlbin yanan çırağını söndürər və qəlbin həyatına son qoyar. Aza
qane olmalı və çox istəmək fikrindən daşınmalıdır. Təvazökar insanlarla
yoldaşlığı qənimət bilməli, acgöz və təkəbbürlü kəslərdən gen gəzməyi nemət
sanmalıdır. Səhərlər zikrlə məşğul olmalı və var qüvvəsi ilə o Yarı axtarıb
tapmağa çalışmalıdır. Məhəbbət və zikr odu ilə qəfləti yandırmalı, Allahdan
başqa hər şeyin yanından şimşək tək ötüb keçməlidir. Binəsiblərə əl tutmalı,
yoxsullardan öz səxavətini əsirgəməməlidir. Nəinki dili olan insanlara, hətta
dilsiz-ağızsız heyvanlara qarşı da mehriban olmalıdır. Canını Canandan
əsirgəməməlidir və xalqın tənəsindən qorxub Haqqdan uzaqlaşmamalıdır. Özünə rəva
görmədiyini başqasına da rəva görməməlidir. Xəta edənlərdən tam qətiyyətlə yan
keçməli və onların bağışlanmasını diləməlidir. Günahkarların günahı üzərindən
əfv qələmi çəkməli və onlara həqarətlə baxmamalıdır, çünki heç kəsin aqibəti
məlum deyil. Nə çox günahkarlar ölüm anında iman cövhərinə yetişib əbədiyyət
şərabını içər və Səma Sakinlərinə qoşular. Və nə çox itaətkarlar və möminlər
ruhları bədənlərindən çıxan zaman dəyişilər və cəhənnəmin dibinə vasil olar.
Xülasə, bütün bu inandırıcı sözlərdən və
qətiyyətli göstərişlərdən məqsəd odur ki, həqiqəti axtaran yolçu Allahdan başqa
hər şeyi fani bilməli və Məbuddan başqa hər şeyi bir heç sanmalıdır. Və bunlar
ali şəxslərin xüsusiyyətləri və ruhanilərin keyfiyyətləridir ki, Elmül-yəqin
yolu ilə gedən mücahidlər üçün lazım olan şərtlər kimi xatırlandı. Həqiqəti
axtaran yolçu yalnız bu məqamlara yetişdikdən sonra ona "mücahid" demək doğru
olar. Elə ki, o "Bizdən ötrü cihad edənlər"
sırasına qoşular, şübhəsiz, o zaman "onlara Öz yollarımızı göstəririk" müjdəsini alar. Və
elə ki, onun qəlbində axtarış, səy, duyum, şövq, eşq, valehlik, cazibə və sevgi
çırağı yanar və Birlik dənizindən məhəbbət nəsimi əsər, həmin vaxt şəkk və
şübhənin azdırıçı zülməti yox olar və elm və yəqinlik nurları onun bütün
vücudunu bürüyər. O anda Gizli Müjdəçi ruhani müjdə ilə İlahi Şəhərdən sübh
şəfəqi tək parlayar və irfan surunun səsi ilə ürəyi, qəlbi və ruhu qəflət
yuxusundan oyadar. Və əbədi Müqəddəs Ruhun inayətləri və nemətləri ona yeni
həyat bəxş edər. Belə ki, o özünün yeni göz, yeni qulaq, təzə qəlb və ürək
sahibi olduğunu görər, kainatdakı aydın əlamətlərə və insanlardakı gizli
nişanələrə diqqət yetirər, Allahın ecazkar gözü ilə baxıb hər bir zərrənin
Eynül-yəqin və Nurül-yəqin məqamlarına qovuşmaq üçün açılmış qapı olduğunun
şahidi olar və bütün əşyalarda Birliyin təzahürünün sirlərini və əbədiyyətin
zühurunun əlamətlərini seyr edər.
And olsun Allaha, əgər hidayət yolu ilə gedən və
möminlik mərtəbələrinə yetişmək istəyən kəs bu uca və ülvi məqama qovuşarsa,
haqqın rayihəsini ən uzaq məsafələrdən duyar və hidayətin nurlu sabahının bütün
şeylərin məşriqindən açıldığını dərk edər. Hər bir zərrə və hər bir şey onu
Məhbubuna və İstəklisinə doğru istiqamətləndirər. O elə ayıq olar ki, haqq ilə
batili günəşlə kölgə kimi bir-birindən seçər. Məsələn, əgər Haqqın nəsimi
dünyanın Şərqindən əssə və o da həmin vaxt dünyanın Qərbində olsa, şübhəsiz onu
hiss edər. Eləcə də Haqqın bütün əlamətlərini — onun ecazkar kəlamlarını, yüksək
işlərini və parlaq əməllərini başqalarının işlərindən, əməllərindən və
əlamətlərindən fərqləndirər. Necə ki, sərraf ləli adi daşlardan və hər bir insan
yazı payızdan, istini soyuqdan seçə bilir. Canın burnu dünyanın və məxluqatın
zökəmindən xilas olan kimi o, şübhəsiz, Cananın ətrini ən uzaq məsafələrdən
duyar və həmin ətrin təsiri ilə Həzrət Mənnanın
yəqinlik şəhərinə varid olar və o ruhani şəhərdə Həzrət Sübhanın hikmətinin
möcüzələrini müşahidə edər. Həmin şəhərdəki ağacın yarpaqlarının xışıltısından
o, bütün gizli elmləri eşidər, həmin şəhərin torpağından Rəbblər Rəbbinin
zikrini və tərifini zahiri və batini qulağı ilə dinləyər, gedişin və qayıdışın
sirlərini öz gözləri ilə görər.
Adlar və sifətlər Sultanının əmri ilə o şəhərə nəsib
olmuş əlamətlər, nişanələr, təzahürlər və görüntülər barədə nə deyim?! O, susuz
yanğını aradan qaldırır, odsuz Allaha məhəbbətin hərarətini artırır. Onun hər
bir otunda mükəmməl hikmətin sirləri gizlənib, hər gülünün budağında min bülbül
şur və şövq ilə oxuyur. Onun ecazkar lalələrindən Musanın odunun sirri aşkar
olur və pak nəsimlərindən İsanın Müqəddəs Ruhunun ətri duyulur. Burada qızılsız
sərvət, ölümsüz əbədiyyət bəxş olunur. Onun hər yarpağında bir cənnət gizlənir
və hər qəsrində min hikmət saxlanır. Allahdan ötrü cihad edənlər hər şeydən
əllərini üzdükdən sonra bu şəhərə o qədər öyrəşirlər ki, bir an da ondan
ayrılmırlar. Onlar qəti dəlilləri bu məhfilin sünbüllərindən eşidirlər, aydın
sübutları ondakı gülün camalından və bülbülün avazından əxz edirlər. Bu şəhər
aşaqı-yuxarı hər min ildə bir dəfə təzələnir və bəzənir...
Həmin şəhər Allahın Kitablarıdır ki, hər bir dövrdə
göndərilir. Məsələn, Musanın dövründə bu, Tövrat idi, İsanın zamanında — İnçil,
Məhəmməd- rəsulullahın dövründə Quran idi, indiki əsrdə Bəyandır, Allahın
göndərəçəyi Kəsin dövründə isə Onun Kitabı olacaq ki, bütün Kitablar ona istinad
etmişlər və o, cəmi Kitablardan üstündür.
š 126 ›
Biz harada olsaq da və başımıza nələr gəlsə də,
Allah adamları tam qətiyyət və əminliklə nəzərlərini Uca Üfüqə dikməli, dünyanın
islahı və ümmətlərin təlim-tərbiyəsi ilə məşğul olmalıdırlar. Bizim başımıza nə
gəlibsə və nə gələcəksə, Əmrin yüksəlişinə səbəb olub və olacaq. Elə isə Allahın
Əmrini tutun və ondan yapışın, çünki o, Əmr və Hikmət Sahibi tərəfindən nazil
olub.
Biz hədsiz şəfqət və mərhəmətlə aləm əhlini onlara
xeyirli olan şeylərə yönəltdik və yol göstərdik. Aləmin Ən Uca Üfüqündən
parlayan həqiqət Günəşinə and olsun ki, Allah adamlarının dünyanı abadlaşdırmaq
və islah etməkdən, insanları saflaşdırmaqdan özgə məqsədi olmayıb və yoxdur.
Onlar bütün insanlarla düzgün və səmimi davranmışlar, zahirləri batinləri ilə
eyni olub, batinləri də zahirlərini əks etdirib. Əmrin həqiqəti gizli və pünhan
deyil, göz qabağında aşkar və aydındır. Əməllərin özü bu sözləri təsdiq edir.
Bu gün hər bir göz sahibi zühur sübhünün nurlarını
müşahidə edə bilər, hər bir qulaq sahibi Turda Danışanın nidasını eşidə bilər.
İlahi Mərhəmət dənizinin dalğaları ilə yüksəyə qalxıb ki, Əlamətlərin Məşriqi və
Dəlillərin Mənbəyi pərdəsiz və açıq şəkildə bütün məzhəblərin və xalqların
nümayəndələri ilə oturub-durur və ünsiyyət saxlayır. Neçə-neçə insanlar Bizim
hüzurumuza pis niyyətlə daxil olub ordan razılıqla çıxmışlar. Fəzilət qapısı
hamının üzünə açıqdır. Biz zahirdə günahkarlar və itaətkarlarla eyni cür
ünsiyyət saxlayırıq ki, bəlkə bəd əməl sahibləri sonsuz bəxşiş dəryasından agah
olalar. Bizim Səttar adımızın
işığı elə yayılır ki, pislər də özlərinin yaxşılardan sayıldığını güman edirlər.
İstəyənlərdən heç biri məhrum qalmır, üz tutanlardan heç birinin qarşısı
alınmır...
Ey dostlar, bəyənilmiş əxlaq və gözəl əməllərlə
Şərəfli Haqqa kömək göstərin. Bu gün Allaha kömək etmək istəyən hər bir kəs
özündə olana deyil, Allahın yanında olana diqqət yetirməlidir, öz mənfəəti
barədə deyil, Allahın itaət olunmalı kəlamının yüksəlişi barədə düşünməlidir.
Qəlb nəfsin istəklərindən və ehtiraslarından təmiz olmalıdır, çünki qalibiyyətin
silahı və zəfərin ilkin şərti Allahdan çəkinməkdir. O, bir zirehdir ki, Əmrin
bədənini qoruyar və Allah adamlarına qələbə gətirər. Allahdan çəkinmək bayrağı
daim müzəffər olub və o, yer üzünün ən güclü qoşunu sayılır. Onun sayəsində
Allaha yaxın kəslər qoşunların Rəbbi olan Allahın izni ilə könül şəhərlərini
fəth etmişlər...
š 127 ›
De: Ey insanlar, əgər siz Allahı tanımaq və onun
qüdrətini dərk etmək istəyirsinizsə, Mənə yalnız Mənim gözümlə baxın. Siz dünya
durduqca Mənim Əmrim barədə düşünsəniz də və Hökmran, Qadir, Həmişəyaşar və
Hikmət Sahibi olan Allahın əbədiyyəti boyunca şeylərə nəzər salsanız da, bundan
özgə bir yolla Məni tanıya bilməzsiniz. Beləcə Biz Əmri bəyan etdik ki, bəlkə
insanlar anladılar və ariflərdən oldular.
Baxın o kəslərin halına ki, hamısı Mənim Özümü və
əhli-əyalımı Allahın yolunda və onların imanını qorumaqdan ötrü fəda etməyimin
şahidi olmuşlar və bilirlər ki, bütün insanların qorxudan titrədiyi və onların
özlərinin də dostlardan və düşmənlərdən üzlərini gizlədərək canlarını qorumaqla
məşğul olduqları zaman Mən düşmənlərin arasında idim.
Bununla belə, Biz Əmri izhar etdik və elə bir məqama
çatdırdıq ki, ürəklərində Qulama kin bəsləyən müşriklərdən başqa hamı Allahın
səltənətini və Onun qüdrətini etiraf etdi. Bütün məxluqatı əhatə edən bu Zühura
və aləmdə misli görünməmiş bu Nura baxmayaraq, Bəyan əhli Mənə etiraz etdi.
Onlardan bəziləri doğru yoldan üz döndərib iman gətirdikləri Kəsi inkar etdilər
və Qüdrətli, Qoruyan, Ulu və Əzəmətli Allaha itaətsizlik göstərdilər. Bəziləri
də doğru yolun astanasında duruxaraq Allahın Əmrinin həqiqiliyini o kəsin təsdiq
etməsinə bağladılar ki, o Mənim bir sözümlə yaranmışdır. Beləcə onların əməlləri
hədər getdi, amma bunu anlamadılar. Onlardan biri isə Allahı özü ilə müqayisə
edərək adlara elə aldandı ki, Mənimlə açıq mübarizəyə qalxdı, Mənim qətlimə
fitva verdi və özündə olan cəhətləri Mənə aid etdi.
İndi Mən dərdimə və kədərimə görə Məni xəlq edən və
Məni göndərən Kəsə şükr edirəm. Və Mənim üçün müəyyən etdiklərinə, tənhalığıma
və qafillər əlində giriftar olmağıma görə Ona həmd edirəm. Mən Allaha təvəkkül
edərək, bəlalara dözmüşəm və dözəcəyəm. Və deyirəm: "Ya Rəbb, bəndələrini Öz
səxavət və bəxşiş dənizinə doğru hidayət eylə, onları öz fəzlinin və lütflərinin
möcüzələrindən məhrum etmə, çünki onlar Sənin aləmi bürüyən mərhəmətinlə onlar
üçün nə etdiyini bilmirlər. Ya Rəbb, onlar zahirən zəif, daxilən yetimdirlər,
Sən isə Kəramətli, Fəzilətli, Ulu və Əzəmətlisən! İlahi, onlara qəzəblənmə,
müəyyən vaxta qədər onlara Öz mərhəmətinin möcüzələrinə layiq olan şəkildə
yanaş, bəlkə onlar Sənə doğru qayıdıb Sənə qarşı törətdikləri əməllərə görə
bağışlanmalarını dilədilər. Həqiqətən, Sən Bağışlayan və Mərhəmətlisən!.."
š 128 ›
De: Ey insanlar! Məgər özünü Mərhəmətli Rəbbinə
mənsub edən kəsə şeytan əməlləri törətmək yaraşarmı?! And olsun Sübhanın
Camalına ki, yox! Əgər siz ariflərdənsinizsə, bunu bilin.
Qəlblərinizi dünya sevgisindən, dillərinizi Ondan
başqasının zikrindən, vücudunuzu Onu görməyinizə mane olan və sizi nəfsin
istədiklərinə yaxınlaşdıran bütün şeylərdən təmizləyin. Allahdan qorxun, ey
insanlar və çəkinənlərdən olun!
De: Ey insanlar, əgər siz dediklərinizə əməl
etmirsinizsə, onda sizinlə o kəslərin arasında nə fərq var ki, "Bizim Rəbbimiz
Allahdır" dedilər, amma O, müqəddəslik buludları üzərində onların yanına gələndə
Ona qarşı küfr edib inkarçılardan oldular?! Özünüzü dünyadan və onun
bər-bəzəyindən xilas edin. Onlara yaxınlaşmaqdan çəkinin, çünki onlar sizi
günaha və pis əməllərə sövq edir və sizin doğru yolla getməyinizə mane olur.
Bilin ki, dünya sizin öz Yaradanınızdan qafil olmağınız və Ondan başqasına
bağlanmağınız deməkdir, axirət isə Şərəfli və Gözəl Allaha yaxınlaşmağınızdan
ibarətdir. Bu gün sizi Allah sevgisindən uzaqlaşdıran bütün şeylər dünya
deməkdir. Onlardan qaçın ki, nicat tapanlardan olasınız. Heç bir şeyin təsiri
ilə Allahdan uzaqlaşmayan kəsin yer üzünün zinətləri ilə bəzənməsinin və onda
olan nemətlərdən faydalanmasının ziyanı yoxdur, çünki Allah göylərdə və yerdə
olan bütün şeyləri tövhid əhli olan bəndələri üçün yaradıb. Ey insanlar, Allahın
sizə halal etdiklərindən yeyin və özünüzü Onun ecazkar nemətlərindən məhrum
etməyin. Sonra Ona təşəkkür edin və şükr edənlərdən olun.
Ey Allaha doğru mühacirət edən kəs, Rəbbinin
sözlərini insanlara çatdır, bəlkə bu, onların nəfsin və ehtirasın ardınca
getməsinə mane oldu və onlara Ulu və Əzəmətli Allahı xatırlatdı. De: Ey
insanlar, Allahdan qorxun, qan tökməkdən əl çəkin, heç kəslə ədavət saxlamayın
və yaxşılardan olun! Yer üzündə sülh bərqərar olduğu zaman fitnə-fəsad
törətməkdən çəkinin və qafillərin yolu ilə getməyin.
Sizlərdən öz Mövlasının Əmrini təbliğ etmək istəyən
kəs qoy əvvəlcə özünü yetkinləşdirsin, sonra insanlara təbliğ etsin ki, onun
sözləri eşidənlərin qəlbini cəzb edə bilsin, əks-təqdirdə onun sözləri həqiqəti
axtaranların ürəklərinə təsir göstərməz. Məbada, ey insanlar, o kəslərdən
olmayın ki, insanları yaxşı işlər görməyə çağırır, özləri isə bunu unudurlar.
Belələrinin yalanını öz ağızlarından çıxan sözlər, eləcə də şeylərin həqiqətləri
və Allaha yaxın mələklər aşkar edərlər. Əgər onların sözü bir kəsə təsir
bağışlayırsa da, bu, onların özündən deyil, Qüdrət və Hikmət Sahibinin sözlərə
bəxş etdiyi təsirdən irəli gəlir. Allahın yanında onlar bir çırağa bənzəyirlər
ki, bəndələr ondan işıq alar, o isə öz-özünə yanar və sönüb qurtarar.
De: Ey insanlar, bəndələr arasında özünüzü və Əmri
hörmətdən salan işlər tutmayın və pozuculuq etməyin. Ağlınızın qəbul etmədiyi
şeylərə yaxın düşməyin. Günah işlətməkdən çəkinin, çünki bu, Kitabda sizə haram
buyurulub. O Kitabda ki, ona Allahın bütün günahlardan təmizləyib müqəddəs
etdiyi kəslərdən başqa kimsə toxuna bilməz.
Özünüzə və insanlara qarşı ədalətli olun, elə edin
ki, Mənim sadiq bəndələrim arasında sizin əməllərinizdən ədalət əlamətləri
aşkara çıxsın. İnsanların malına xəyanət etməkdən çəkinin və onlar arasında
etibar qazanın. Allahın Öz fəzli sayəsində sizə verdiklərindən yoxsulları məhrum
etməyin, çünki O, öz malından keçənlərə payladıqlarından iki dəfə artıq mükafat
verər. Həqiqətən, Ondan başqa Allah yoxdur. Xilqət və Əmr aləmləri Ona
məxsusdur. O, kimə istəyirsə əta edir, kimi istəyirsə məhrum qoyur. O,
Bağışlayan, Səxavətli, Qüdrətli və Kəramətlidir.
De: Ey Bəha əhli! Allahın Əmrini insanlara çatdırın,
çünki Allah Öz Əmrinin təbliğini hər kəsə vacib buyurub və bunu əməllərin ən
üstünü edib. Bu iş isə yalnız təbliğ edənin Qoruyan, Şərəfli və Qadir Allahı
tanımasından sonra məqbul sayılar. Və O, təbliğin sözlə həyata keçirilməsini
müəyyən edib, başqa yolla yox! Ulu və Hikmət Sahibi olan Allahın səltənətindən
əmr belə nazil olub. Kiminləsə döyüşməkdən çəkinin, əksinə, gözəl sözlər və
bəlaqətli nəsihətlərlə Əmri ona çatdırın. Əgər qəbul edərsə, bu, onun özü
üçündür: qəbul etməzsə, ondan uzaqlaşın və üzünüzü müqəddəs nurlu məkana doğru
tutun.
Dünya və onda olan şeylər üstündə heç kəslə
çəkişməyin, çünki Allah dünyanı dünya əhlinin ixtiyarına buraxıb. Və dünyadan
yalnız bəndələrin qəlbini istəyib ki, onları da vəhy və kəlam qoşunları ilə fəth
edər. İlahi hökm Lövhəsində Hökm edən və Hər şeyi Bilən Allah tərəfivdən Bəhanın
barmaqları ilə əmr belə yazıldı.
š 129 ›
Ey Allaha doğru səfər edən kəs! Bu dəryadan öz
qismətini al, özünü onda olanlardan məhrum etmə və şərəfə nail ol! Əgər göylərdə
və yerdə olanlar ondan bir qətrə içsələr, öz-özlərinə Qüdrətli, Hər şeyi Bilən
və Hikmət Sahibi olan Allahın sərvəti ilə varlanarlar. Təmənnasızlıq əli ilə bu
dirilik dəryasından bir qab götür, sonra onu bütün insanların üzərinə səp ki,
bununla onları bəşəri məhdudiyyətlərdən xilas edib Böyük Allahın nəzərlərini
dikdiyi bu müqəddəs və nurlu məkana yaxınlaşdırasan.
Əgər özünü tənha görsən, kədərlənmə! Rəbbin ilə
kifayətlən, Ona ünsiyyət bağla və şükr edənlərdən ol! Öz Mövlanın Əmrini
göylərdə və yerdə olanların hamısına çatdır. Əgər qəbul edən bir kəs tapsan, Ruh
tərəfindən sənə təlqin olunmuş Rəbbin Allahın hikmət cəvahirlərini ona aç. Əgər
üz çevirən görsən, sən də ondan üz döndər və sənin Rəbbin və aləmlərin Rəbbi
olan Allaha təvəkkül eylə.
Haqq olan Allaha and olsun, bu Gün kim öz Rəbbinin
adını zikr etməkdən ötrü ağzını açsa, Mənim Hikmət Sahibi olan və Hər şeyi Bilən
adımın məşriqindən vəhy qoşunları ona nazil olar və Səma Sakinləri nur piyaləsi
ilə onun yanına enər. Şərəf və Qüdrət Sahibi tərəfindən Əmr səltənətandə belə
müəyyən olunmuşdur.
And olsun Allaha, Müqəddəs Pərdənin arxasında elə
bəndələr gizlədilib ki, onlar yerdə zühur edərək Əmrə kömək göstərəcəklər və
əgər bütün məxluqat onlarla müharibəyə qalxsa da, heç kəsdən qorxmayacaqlar.
Onlar göylərdə və yerdə olanlar arasında ayağa qalxıb ən uca səslə Allahı zikr
edəcəklər və insanları Şərəfli və Tərifəlayiq Allahın yoluna dəvət edəcəklər.
Onların arxasınca get və heç kəsdən qorxma. Və o kəslərdən ol ki, insanların
hay-küyü onları Yaradanın yolunda kədərləndirməz və camaatın tənəsi onları
çəkindirməz.
Allahın Lövhələri və əlamətləri ilə iman
gətirənlərin yanına get və onlara Müqəddəs Cənnətin müjdəsini ver. Sonra
müşriklərə xəbərdarlıq et. De: Ey insanlar, and olsun Allaha, mən sizin yanınıza
ərş tərəfdən Qüdrətli, Ulu və Əzəmətli Allahın xoş xəbəri ilə gəlmişəm. Və sizin
Rəbbiniz və keçmiş ata-babalarınızın Rəbbi olan Allahın dəlilini əlimdə
tutmuşam. Siz onu Peyğəmbərlərin və rəsulların yanınızda olan dəlilləri əsasında
haqq tərəzisində çəkin. Əgər onun Allah tərəfindən göndərilmiş həqiqət olduğunu
görsəniz, onunla mücadilə etməkdən çəkinin, əməllərinizi zay etməyin və
müşriklərdən olmayın. Bu, Allahın əlamətləridir ki, haqqla nazil oldu və bununla
da Onun Əmri yer üzündə bərqərar oldu, müqəddəslik bayraqları göylərlə yer
arasında ucaldı.
De: Ey insanlar, bu, Müqəddəs Barmaqlarla yazılmış
və Qeyb pərdəsinin arxasında gizlədilmiş bağlı və qaçılmaz bir Səhifədir ki,
Əzəli Varlığın və Qüdrət Sahibinin mərhəməti sayəsində nazil olmuşdur. Orada Biz
səma və yer əhlinin taleyini müəyyən etmiş və əvvəldən axıradək bütün elmləri
yazmışıq. Heç bir şey Onun elmindən gizli qalmaz, yaranmışların və
yaranacağların işləri Onu aciz qoya bilməz. Əgər ariflərdənsinizsə, bunu bilin.
De: O yenidən gəldi və Biz qüdrət əlimizi göylərdə
və yerdə olanların hamısının üstünə açdıq, Öz böyük sirrimizdən olduqca kiçik
bir hissəni xalis yaranmışlara aşkar etdik. O zaman Tur əhli Sina ərazisinə
yayılan bu Qırmızı Nurun parıltısı önündə həlak oldu. Beləcə Rəhmanın Camalı
dəlil buludları üzərində gəldi və Qüdrət və hikmət Sahibi olan Allahın hökmü ilə
əmr icra olundu.
Behişt Hurisinə de: Müqəddəs qəsrdən çıx, necə
istəyirsənsə, Bəha adına parlaq ipəkdən əbədiyyət libasına bürün! Sonra Ulu və
Uca Rəbbinin ərşi tərəfdən yüksələn şirin və ecazkar nəğmələri dinlə! Sonra
hurilər bəzəyi ilə niqab üfüqündən çıx və bəndələri öz bəyaz üzünün nurlarından
məhrum etmə! Əgər yer və səma əhlinin ah-naləsini eşitsən, kədərlənmə. Qoy onlar
fəna torpağında ölsünlər və yox olsunlar, çünki onların ürəklərində kin-küdurət
alovu şölələnir. Sonra yerdə və göylərdə olanlar arasında Adlar və sifətlər
hökmdarı olan Rəbbinin zikrində ən gözəl nəğmələr oxu! Biz sənin işini belə
müəyyən etdik, çünki Biz hər şeyə qadirik.
Məbada, öz pak vücudundan nur libasını çıxarasan,
əksinə, yaranmışlar səltənətində hər zaman onun əbədiyyət bəzəklərini artır ki,
Sənin sayəndə Allahın zinəti bütün şeylərdə aşkara çıxsın və aləmdəkilərə Sənin
Rəbbinin mərhəməti tam şəkildə şamil olsun.
Əgər bir kəsdən Rəbbinə məhəbbətin ətrini duysan,
özünü onun yolunda fəda elə, çünki Biz səni bundan ötrü xəlq etmişik və bu
barədə Səninlə əbədiyyət aləmində yaxınlarımızın yanında əhd-peyman bağlamışıq.
Ehtiras əhlinin atdığı güman oxlarından sızlama, onları öz ixtiyarına burax,
çünki onlar şeytanların göstərişlərinə tabe olurlar.
Yer və səma əhli arasında ucadan söylə: Haqq olan
Allaha and olsun. Mən elə bir huriyəm ki, Bəha Məni Əbha adının qəsrində xəlq
etdi və Səma Sakinlərinin yanında Məni adlar bəzəyi ilə zinətləndirdi. Mən ismət
pərdələrinin arxasında saxlanırdım və dünya əhlinin nəzərlərindən gizli idim. O
zaman Mən Rəhmanın əminamanlıq məkanından ecazkar bir avaz eşitdim və müşahidə
etdim ki, bütün cənnət əhli həmin avazı eşitmək şövqü ilə hərəkətə gəlib və onun
sahibini görmək istəyir. Beləcə Biz əbədi avazla "Qəyyumül-əsma”da nazil
etdiklərimizi şirin bir avaz ilə bu aydın Lövhədə də nazil etdik.
De: O Öz hökmranlığına uyğun olaraq, nəyi istəyirsə
hökm edir, Öz iradəsinə əsasən necə istəyirsə buyurur. Və O istədiyinə və
buyurduğuna görə sorğu-suala tutulmaz, çünki O — İxtiyar, Qüdrət və Hikmət
Sahibidir. Allaha və Onun hökmranlığına qarşı çıxan kəslər öz ehtiraslarının
əsiri olanlardır. Onlar cəhənnəmdəki yerlərinə qayıdarlar. İnkarçıların yeri
necə də əzablıdır!..
š 130 ›
Sərvətin olanda səxavətli ol, olmayanda isə şükr
elə. Başqalarına münasibətdə etibarlı ol, qoy alnın açıq, üzün ağ olsun.
Kasıblar üçün xəzinə, varlılar üçün nəsihətçi ol. Köməyə çağırana cavab ver və
öz vədinə sadiq ol. İşlərdə insaflı, cəmiyyət arasında təvazökar ol. Zülmətdə
çıraq ol, qəmginlərə sevinc gətir, susuzlara dəniz ol, sənə pənah gətirənlərə
havadarlıq et, məzlumlara kömək göstər, onların əlindən tut və arxa ol.
Əməllərində çəkingən ol. Qəriblərə vətən, xəstələrə şəfa, sığınacaq istəyənlərə
qala ol. Korlara göz ol, azanlara yol göstər. Həqiqətin üzünə gözəllik, etibarın
vücuduna bəzək, əxlağın evinə dirək, aləmin bədəninə ruh, ədalət qoşunlarına
bayraq və yaxşılıq üfüqünə nur ol. Pak torpağa düşən şeh, elm dənizində üzən
gəmi ol. Səxavət səmasının ulduzu, hikmətin başının tacı, dünyanın alnının
işığı, itaətkarlıq ağacının meyvəsi ol.
š 131 ›
Əzəl Hökmdarının Qələmi həmişə dostları xatırlamaqla
məşğuldur və daim hərəkətdədir. Gah ondan mərhəmət çayları axır, gah da aydın
Kitab nazil olur. O, bənzərsizdir və dünyanın ən birinci xətibidir. Daim əzəmət
minbərində oturaraq, kafi nəsihətlər və xeyirli məsləhətlər söyləyir.
Haqq şahiddir və xalq da təsdiq edər ki, O bir an da
Özünü gizlətməyib və Özünü qorumağa çalışmayıb. Aləm əhlinin gözü qarşısında
ayağa qalxaraq istədiklərini buyurub. Onun məqsədi dünyanı islah etmək və
insanları rahat görməkdir. Bu islah və rahatlıq isə yalnız birlik və ittifaqla
əldə oluna bilər, birlik də ancaq Uca Qələmin nəsihətləri sayəsində yarana
bilər. Onun sözləri dünyanı birlik nuru ilə işıqlandırar, Onun zikri məhəbbət
odunu alovlandıraraq maneə törədən pərdələri və aranı kəsən hicabları yandırar,
bir pak əməli fələklərdən keçirər, bağlı qanadı açar və itirilmiş gücü geri
qaytarar.
Ey Allah adamları! Paklaşın, paklaşın! Çəkinin,
çəkinin!..
De: Ey Allah adamları, Haqqın yardımçısı, köməkçisi
və qoşunları Kitablarda və Lövhələrdə gün kimi aydın və aşkar göstərilib. Bu
qoşunlar pak əməllərdən və bəyənilmiş xasiyyətlərdən ibarət olmuşdur və
olacaqdır. Bu Gün hər kəs gözəl əxlaq və düzlük qoşunlarına kömək etsə, Allaha
və Allahın yolunda xidmət göstərmək üçün ayağa qalxsa, şübhəsiz, bunun təsirləri
hər tərəfdə özünü göstərər və aşkara çıxar...
š 132 ›
Haqq — Onun şərəfi daha da yüksəlsin! — insan
mədənindən məna cövhərlərini çıxarmaq üçün gəlib...
Bu gün Allahın dini və Allahın məzhəbi odur ki,
müxtəlif məzhəblər və çoxsaylı təriqətlər ədavətə səbəb olmasın. Bütün bu
qaydalar, qanunlar, möhkəm və mətin yollar bir mənbədən aşkara çıxıb və bir
məşriqdən parlayıb. Bütün bu müxtəlifliklər vaxtın və zamanın, əsrin və dövranın
tələbinə görə meydana çıxıb.
Ey Bəha əhli, hümmət kəmərini möhkəm bağlayın ki,
bəlkə insanlar arasında məzhəb çəkişmələri və münaqişələrinə son qoyuldu, Allaha
və Onun bəndələrinə məhəbbət naminə bu böyük və əhəmiyyətli işə başlayın. Dini
təəssübkeşlik və ədavət dünyanı yandıran bir alovdur və onu söndürmək çox
çətindir. Yalnız Allahın qüdrətli əli insanları bu dəhşətli bəladan xilas edə
bilər...
Bu kəlam Bəyan taxçasında yanan çırağa bənzər: "Ey
aləm əhli, hamınız bir ağacın meyvəsi və bir budağın yarpağısınız". Hədsiz
məhəbbət, birlik, səmimiyyət və mehribanlıqla davranın. And olsun Həqiqət
Günəşinə, birlik nuru bütün aləmi işıqlandırıb nura boyayar. Hər şeydən agah
olan Haqq bu sözlərin doğruluğuna şahid olmuşdur və şahiddir.
Cəhd edin ki, bəşəriyyəti qorumaq və hifz etmək
məqamı olan bu uca və ülvi məqama çatasınız. Bu məqsəd — məqsədlərin sultanı, bu
istək — istəklərin hökmdarıdır. Lakin Ədalət Günəşinin üfüqü zülmün qara
buludundan xilas olmayınca, bu məqama çatmaq müşkül məsələdir...
Ey Bəha əhli, bütün insanlarla birlik və dostluq
ruhunda ünsiyyət saxlayın. Əgər sizdə başqalarında olmayan bir söz və ya bir
cövhər varsa, onu məhəbbət və mehribanlıq dili ilə hər kəsə söyləyin və
göstərin. Əgər o, sözünüzü qəbul edərsə və dedikləriniz ona təsir göstərərsə,
deməli, məqsədə çatmısınız. Əks-təqdirdə isə onu öz ixtiyarına buraxın və ona
dua edin, cəfa yox! Mehriban danışıq könülləri cəzb edər və ruha qida verər,
sözlərin içindəki mənaya, bilik və hikmət günəşinin doğduğu üfüqə bənzər...
š 133 ›
İlahi Əmrlər Şərəfli Birlik səmasından nazil
olmuşdur. Hamınız onlara əməl etməlisiniz. İnsanların üstünlüyü, yüksəlişi və
nailiyyətləri həmişə bundan asılı olmuşdur və olacaqdır. Kim onlara əməl etdisə,
nicat tapdı.
Tövhid Məzhərini və Birlik Məşriqini tanıdıqdan
sonra hər kəsə iki şey lazımdır: Birincisi — Onun məhəbbətində dönməz olmaq.
Belə ki, hay-küyçülərin qışqırıqları və saxta iddiaçıların iddiaları onu Haqqdan
uzağlaşdırmamalıdır və o, onları bir heç sanmalıdır. İkincisi — Onun əmrlərinə
tabe olmaq. Bu əmrlər daim insanlar arasında olmuş və olacaqdır. Onların
vasitəsilə haqq batildən seçilir və məlum olur...
š 134 ›
Haqqı tanıyandan sonra işlərin ən böyüyü Onun
Əmrində dönməz olmaqdır. Ondan yapış və qətiyyətlilərdən ol! Bundan böyük heç
bir əməl olmamışdır və yoxdur. Əməllərin sultanı budur, and olsun Ulu və
Əzəmətli Rəbbinə!..
Haqqın bəyəndiyi əməllər və işlər aydın və aşkardır.
Belə ki, bu barədə bütün səmavi Kitablarda deyilmiş və yazılmışdır. Məsələn,
etibar, düzlük, Haqqı zikr edərkən qəlbin təmizliyi, səbr, Allahın
qəzavü-qədərinə razılaşmaq, Onun müəyyən etdiklərinə qane olmaq, bəlalara dözmək
və hətta şükr etmək, bütün hallarda Allaha təvəkkül etmək. Bu işlər Allahın
yanında ən böyük və ən üstün əməllər kimi xatırlanır. Bütün digər işlər ikinci
dərəcəli hökmlərdir və qeyd edilən əməllərə tabe olmuşdur və olacaqdır...
Xülasə, qəlbin ruhu Allahı tanımaq, onun zinəti
"Həqiqətən, O istədiyini edər və istədiyinə hökm verər" kəlamını qəbul etmək,
onun libası Allahdan çəkinmək, onun kamilliyi isə dönməz olmaqdır. Allah Onu
istəyənlərə belə bəyan edir. Həqiqətən, O, Ona üz tutanları sevir. Ondan başqa
Allah yoxdur. Odur Bağışlayan və Səxavətli! Həmd olsun Allaha — aləmlərin
Rəbbinə!..
š 135 ›
Ey Hərfi-Həyy! Allahın
qulağı sənin sədanı eşitdi və Allahın gözü sənin məktubunu nəzərdən keçirdi. Və
indi O Özünün — Qoruyan və Qəyyumun ayələri ilə səni çağırır.
Xoş sənin halına ki, Qalibiyyətli, Qüdrətli və
Sevimli Rəbbinin gücü ilə nəfs və yanlış xəyallar bütünü sındırdın və şübhə
pərdələrini cırdın. Elə isə sənin başqa hərflərdən üstün olan hərflər sırasına
daxil edilməyin düzgün olar. Buna görə də Allah əvvəllər səni üzünün nuru ilə
yaranmışları və yaranacaqları işıqlandıran Əlinin (Həzrət Babın) dili ilə Haqqa
məxsus etmişdir. Allaha həmd elə və şükr et, çünki O sənin elə bir Əmri qəbul
etməyinə kömək göstərdi ki, ondan yerin və göyün sakinləri lərzəyə gəldi, əmr və
xilqət aləmlərində olanlar inlədi, könüllərdə gizli olan sirlər ağladı.
İndi Ulu Rəbbin Uca Üfüqdən sənə xitab edərək,
deyir: Xoş sənin halına, ey Hərfi-Həyy, çünki sən Mənə iman gətirdin, Səma
Sakinlərinin yanında Məni xəcil etmədin, əhdinə vəfa etdin, özünü yanlış
xəyallar pərdəsinin arxasından çıxararaq, Rəbbin olan Allaha, görünən və
görünməz şeylərin Rəbbinə, Abad Evin Rəbbinə üz tutdun. Mən səndən razıyam,
çünki üzlərin qara olduğu bir gündə sənin üzünün işıq saçdığını gördüm.
De: Ey Bəyan əhli! Məgər Biz bütün Lövhələrdə və
bütün gizli Kitablarda sizə vəsiyyət etmədikmi ki, nəfsinizin və ehtirasınızın
ardınca getməyin, Böyük Tərəzinin qurulduğu və Qoruyan, Qüdrətli və Müqəddəs
Rəbbinizin ərşinin sağ tərəfindən Ruhun nəğmələrinin ucaldığı zaman
nəzərlərinizi Böyük Mənzərə dikin?! Məgər Biz hətta adlar və sifətlərin, eləcə
də onların səltənətinin məzhərləri olmuş olsa belə, sonrakı zühurda Bizim
Camalımızı görməyinizə mane olacaq bütün şeyləri sizə qadağan etmədikmi?! Amma
Mən Özümü zühur etdirdikdə, siz inkar edib üz çevirdiniz və Allahın əlamətlərini
oyun-oyuncaq bilən kəslərdən oldunuz.
Camalıma and olsun, Allahın səltənəti durduqca səcdə
edib yalvarsanız da, bu Gün sizdən heç bir şey qəbul olunmaz, çünki bütün işlər
Onun əmrindən asılıdır və bütün əməllər Onun izninə bağlıdır. Hər şey Onun
əlində bir ovuc torpaqdır. Bu gün Allahı sevmədən heç kəsin sədası Ona yetişməz.
Bu, dinin əsasıdır — bunu anlayın. Nə üçün siz çöllükdəki ilğıma razı oldunuz,
amma Allahın təmiz və sərin su ilə doldurduğu dəryadan üz çevirdiniz?! Allahın
nemətini belə bir şeyə dəyişdiyiniz üçün vay sizin halınıza! Siz o kəslərdən
oldunuz ki, birinci dəfə Mənə qarşı küfr etmişdilər — bunu özünüz başa düşün.
Elə isə Allahın qarşısında ayağa qalxın və Rəbbinizin yanında həddinizi
aşdığınıza görə bağışlanmağınız üçün tədarük görün. Bu, mənim sizə əmrimdir —
bunu eşidin.
Canıma and olsun, sizin etdiklərinizi nə Quran
ümməti, nə də Tövrat, İncil və Zəbur əhli etmişdir. Mən Öz canımı Onun Əmrinin
isbatı üçün fəda etdim və bütün Lövhələrdə sizə Onun zühurunun müjdəsini verdim.
Lakin O, Bəhanın qiyafəsində Böyüklük Libası ilə və başqa bir parlaqlıqla zühur
edəndə, siz Ona — Qalibiyyətli və Qəyyuma qarşı müharibəyə qalxdınız. Ayılın, ey
insanlar, Məndən və Allahın yolunda Mənim başıma gələnlərdən utanın! O kəslərdən
olmayın ki, Onun yüksək şərəf səmasından onlara nazil olanı inkar etdilər.
Ey Hərfi-Həyy, indi sənin Rəbbin Ulu Rəfiqin
yanından belə söyləyir. Rəbbinin sözlərini bəndələrə çatdır, bəlkə onlar ayılıb
o Allahın qarşısında tövbə etdilər ki, onları və onlardan başqalarını xəlq etdi
və bu parlaq, müqəddəs və aşkar Camalı onlara göndərdi...
š 136 ›
De: Ey insanlar, qəlblərinizi təmizləyin və onları
Məndən başqasına bağlılıqdan xilas edin. Mənim zikrim bütün şeyləri pak edər —
əgər ariflərdənsinizsə, bunu bilin. De: Əgər bu gün bütün şeylər nəfs və ehtiras
pərdələrindən qurtursalar, Allah onların hamısını: "O, yaradılış səltənətində
istədiyini edər" — libasına bürüyər və bununla da bütün şeylərdə Onun
hökmranlığının əlamətləri aşkara çıxar. Necə də Uludur bu Qadir, Qalibiyyətli,
Şərəfli və Qüdrətli Sultan!
Ey bəndə, Allahın ayələrindən sənə yetişənləri Ona
yaxın kəslərin avazı ilə oxu, qoy sənin nəğmələrindən sənin öz qəlbin və bütün
məxluqatın könülləri cəzb olsun. Əgər bir kəs Allahın ayələrini öz evində
təklikdə oxusa belə, gəzərgi mələklər onların ətrini hər yana yayar və bununla
da bütün sağlam könüllər yerindən oynar. O belə bir şeyi ağlına gətirməsə də,
günlərin bir günündə bu fəzl ona nəsib olar. Qüdrət və Hikmət Sahibi tərəfindən
Əmrin sirləri belə müəyyən edilmişdir.
Ey Xəlil, and olsun Allaha, Qələm Lövhə üzərində
hərəkət etsə də, öz qəlbində Əzəli Camalın İradəsi ilə yarananların Onun başına
gətirdiklərini yada salıb ağlayır və sızlayır, onunla bərabər Ərşin yanındakı
çıraq da nalə çəkir. Allahın buna şahiddir və bunu bilir. Əgər bir kəs qulağını
müşriklərin hayküyündən təmizləyib şeylərə diqqət yetirsə, müşrik
bəndələrimizdən çəkdiyimiz əziyyətlərə görə onların fəryad etdiyini və
inlədiyini eşidər. Beləcə Biz sənə öz müsibətlərimizdən bir qismini çatdırdıq
ki, sən Bizim başımıza nələr gəldiyini biləsən və öz başına gələnlərə səbrlə
dözəsən.
Bütün hallarda Öz Rəbbinə yardım göstər və Onun
köməkçilərindən ol. Sonra Ruhun bu parlaq və aydın Lövhədə söylədiklərini
insanlara xatırlat. De: Ey insanlar, yer üzündə fitnə-fəsad törətməyin və heç
kəslə vuruşmayın. Bütün işlərdə səbrli olun və Allaha güvənib Ona təvəkkül
edənlərdən olun. Öz mərhəmətli Rəbbinizə hikmət və söz qılıncı ilə kömək
göstərin. Bu, insanın şəninə yaraşır, bundan başqası isə hökmran və Sübhan
Allaha gərək deyil. Lakin insanlar buna göz yumurlar və qafillərdən olurlar.
Ey insanlar, qəlblərin qapılarını Hikmət Sahibinin
zikri olan bu zikrin açarları ilə açın! Allah yer üzündə olan şeylərdən yalnız
bəndələrin qəlblərini Özü üçün secib və onları Öz nurunun zühur etdiyi ərşə
çevirib. Elə isə onları bütün başqa şeylərdən təmizləyin, qoy onlarda nədən ötrü
yaradılıblarsa, o da əks olunsun. Həqiqətən, bu, Allahın ən böyük fəzlvdir.
De: Ey insanlar, dillərinizi düzlüklə, qəlblərinizi
isə etibarla bəzəyin. Çəkinin, ey insanlar, heç bir şeydə xəyanət etməyin və
camaat arasında Allahın etibarlı kəsləri kimi tanınaraq, yaxşılardan olun.
Pislik və pozğunluq edən kəslərin isə səyləri əbəsdir və onlar ziyana
uğrayarlar. Ey insanlar, çalışın ki, nəzərləriniz Allahın mərhəmətinə dikilsin,
qəlbləriniz Onun ecazkar zikrlərini xatırlasın, ürəkləriniz Onun inayətinə və
fəzlinə əmin olsun, ayaqlarınız Onun rizasının yolu ilə addımlasın. Əgər siz
əməl edənlərdənsinizsə, Mənim sizə vəsiyyətim budur.
š 137 ›
Bəziləri insanların malını özlərinə halal bilir və
Kitabın hökmünü saya salmırlar. Onlara bəla burulğanı və Qüdrətli, Qadir Allahın
əzabı nəsib olsun!
And olsun Müqəddəslik Üfüqünün Günəşinə, bütün aləm
qızıla və gümüşə dönsə də, həqiqətən iman səltənətinə yüksəlmiş kəs nəinki onu
ələ keçirməyə çalışmaz, ona heç gözünün ucu ilə də baxmaz. Bu barədə şirin ərəb
dilində və fəsahətli sözlərlə əvvəllər nazil olub. And olsun Allaha, hər kəs
Onun şirinliyini dadsa, heç vaxt Allahın izn verdiklərindən başqa bir şey etməz,
Yardan savayı heç kəsə baxmaz, dünyanın faniliyini bəsirət gözü ilə görər və
qəlbən əbədi aləmə bağlanar.
De: Ey məhəbbət iddiasına düşənlər, Əzəli Camaldan
utanın, Allahın yolunda Onun çəkdiyi əziyyət və məşəqqətlərdən ibrət götürün və
ayılın. Əgər məqsəd bu boş sözlər və faydasız əməllər idisə, onda O bütün bu
əziyyətlərə niyə qatlaşırdı?! Axı, Zühurdan əvvəl istənilən oğru və quldur sizin
etdiklərinizi edir və sizin dediklərinizi deyirdi.
Doğrusunu söyləyirəm: Bu şirin sədanı eşidin və
özünüzü nəfsin və ehtirasın çirkabından təmizləyin! Bu Gün Birlik büsatında
sakin olanlar və əbədi şərəf taxtında oturanlar acından ölsələr də nəinki
başqasının, heç yəhudinin malına da əl uzatmazlar.
Haqq ondan ötrü zühur edib ki, insanları düzgünlüyə,
saflıqa, dəyanətə, etibara, Allahın iradəsinə təslim olub onunla razılaşmağa,
dostluğa, mehribanlığa, müdrikliyə və möminliyə dəvət etsin və hamını bəyənilmiş
xasiyyətlərin və pak əməllərin libası ilə zinətləndirsin.
De: Özünüzə və insanlara rəhminiz gəlsin,
müqəddəslik cövhərindən də pak olan İlahi Əmri natəmiz, nalayiq təsəvvürlərin və
gümanların çirkabına bulaşdırmayın.
š 138 ›
Ey Mərhəmətli və yaranmışları Öz qüdrətinə tabe edən
Allah! Görürsən ki, Sənin bəndələrin və qulların sənin əmrinə və iradənə əsasən
gündüzlər oruc tuturlar və Sənin fəzilət dəfinələrində, səxavət və kəramət
xəzinələrində saxlanan nemətlərə yetişmək ümidi ilə səhərlər Səni zikr etmək və
Sənə dua oxumaq üçün ayağa dururlar. Ey yaranmışların cilovunu əlində saxlayan,
adlar və sifətlər səltənətini ovcunda tutan Allah! Səndən diləyim budur ki, Öz
günlərində bəndələrini Öz mərhəmət buludunun yağışlarından məhrum qoyma və
onları Öz razılıq dənizinin damlalarından binəsib etmə.
Ya Rəbb, bütün zərrələr Sənin qüdrətinə və
hökmranlığına şəhadət verir, bütün əlamətlər Sənin əzəmət və qüvvətini təsdiq
edir. Elə isə ey aləmin Allahı, Əzəl hökmdarı və ümmətlərin Sultanı, o
bəndələrinə rəhm elə ki, Sənin əmrlərinin ipindən yapışdılar və Sənin iradənin
səmasından nazil olan hökmlərə boyun əydilər. Ya Rəbb, görürsən ki, onların
nəzərləri Sənin inayətinin üfüqünə dikilib, onların qəlbləri Sənin lütflərinin
dəryasına yönəlib, onların səsləri Sənin Əbha adınla Uca Məqamdan yüksələn şirin
sədanın önündə kəsilib.
Ya Rəbb, o dostlarına kömək et ki, Sənin yanında
olanlara çatmaq ümidi ilə özlərində olanları atdılar, aləmdən üz çevirib Sənin
Uca Üfüqünə üz tutduqlarına görə bəla və müsibətlərlə əhatə olundular. Ya Rəbb,
Səndən diləyim budur ki, onları nəfs və ehtirasın işlərindən hifz elə, onların
dünyada və axirətdə onlara xeyirli olacaq şeylərə nail olmasına yardım göstər.
Ya Rəbb, səni and verirəm yaradılmışlar səltənətində
ucadan səslənərək hamını Sidrətül-müntəhaya və ən son məqama dəvət edən o gizli
və qorunan Adına ki, Öz mərhəmət buludunun yağışlarını bizə və bütün bəndələrinə
nazil eylə və bununla da bizi Səndən başqasının zikrindən uzaqlaşdırıb Öz
fəzilət dənizinin sahilinə yaxınlaşdır. Ya Rəbb, Uca Qələminlə bizə elə bir yazı
yaz ki, onun sayəsində bizim ruhlarımız Sənin Cəbərutunda, bizim adlarımız Sənin
Mələkutunda, bizim cəsədlərimiz Sənin qoruduğun gizli məkanlarda, bizim
bədənlərimiz isə Sənin alınmaz xəzinələrində əbədi qalsın. Çünki bütün olanlar
və olacaqlar Sənin qüdrətinə tabedir. Səndən başqa Allah yoxdur, Sən Qoruyan və
Qəyyumsan.
Ya Rəbb, görürsən ki, riça edən əllər Sənin səxavət
və kəramət səmana doğru qalxıb. Səndən diləyim budur ki, onları Öz əta və ehsan
xəzinələrində olanlardan başqa bir şeylə geri qaytarma! Ya Rəbb, bizi, bizim ata
və analarımızı bağışla, Sənin fəzilət və səxavət dənizindən umduqlarımızı bizə
nəsib elə! Ey bizim Məhbubumuz, Sənin yolunda etdiklərimizi bizdən qəbul elə!
Həqiqətən, Sən Qüdrətli, Uca, Bənzərsiz, Vahid, Bağışlayan və Mərhəmətlisən!
š 139 ›
Ey Nəbili-Əzəm, Əzəl Dilinin Öz kəramətli Adının
səltənətindən nida edərək sənə dediklərini eşit! O hər an Uca Mələkutda belə
söyləyir və bütün şeylərin qəlbində belə oxuyur: "Mənəm Allah, Məndən başqa
Allah yoxdur! Mən əzəldən Qüdrətli Sultan olmuşam və həmişə də hər şeyi Qoruyan
Hökmdar olacağam. Mənim dəlilim — Mənim qüdrətim və bütün aləmləri bürüyən
səltənətimdir"...
Ey Mənim Adım, xoş sənin halına ki, Bəha gəmisinə
mindin, mənim ucadan uca qüdrətim sayəsində böyüklük dənizində seyrə çıxdın və o
kəslərdən oldun ki, onlar şərəfə layiq görülmüş və adları Allahın barmağı ilə
yazılmışdır. Sən dirilik piyaləsini o Qulamın əlindən alıb içdin ki, Sübhanın
məzhərləri Onun başına dolanır və Rəhmanın məşriqləri hər səhər və hər axşam
Onun görüşündən bərəkət alırlar.
Onun şərəfi səninlədir, çünki sən Allahdan Allaha
doğru səfər etdin və əbədiyyət məkanına daxil oldun. Bu, elə bir yerdir ki,
aləmdəkilər onu təsvir edə bilməz. Orada müqəddəslik nəsimi sənin öz Mövlana
məhəbbətlə dolu qəlbini ehtizaza gətirdi, irfan suyu səni bütün müşriklərin və
qovulmuşların çirkabından təmizlədi. Sən insan qiyafəsində görünən bu zikr
vasitəsilə zikr cənnətanə yetişdin.
Elə isə Allaha şükr elə ki, Onun Əmrinə xidmət
etməkdə sənə yardımçı oldu və sənin qəlbinin bağçasında elm və hikmət sünbülləri
əkdi. Beləcə Onun fəzli səni və bütün aləmdəkiləri bürüdü. Ehtiyatlı ol ki,
yerdə və göydə xəlq olunmuş heç bir şey səni kədərləndirməsin. Özünü bütün
təhriklərdən qoru və pərdə arxasında qalanların bütün dəlillərini bir kənara at.
Sonra Öz Rəbbinin Əmri yolunda Əzəmətli Ruhun sənə təlqin etdiklərini söylə ki,
bunun sayəsində məxluqatın qəlbi müqəddəs və tərifəlayiq məkana doğru meyl
etsin.
Bil ki, Biz qılınc hökmünü aradan qaldırdıq və Əmrə
kömək üçün dildən və sözün gücündən istifadə yolunu müəyyən etdik. Öz fəzlimiz
sayəsində Bizim Əmrimiz belə oldu. De: Ey insanlar, yer üzündə fitnə-fəsad
törətməyin və heç kəslə çəkişməyin, çünki Rəbbiniz yer üzündəki şəhərlərin
hamısını hökmdarların ixtiyarına vermiş və onları orada olanlar üçün Öz
qüdrətinin məzhərlərinə çevirmişdir. O, Mülk aləmindən Özü üçün heç bir şey
istəməmişdir. Haqqın Özü buna şahiddir. O Özü üçün yalnız qəlb şəhərlərini
istəmişdir ki, onları yer üzünün çirkabından təmizləyərək müşriklərin əli
çatmayan bir məkana yaxınlaşdırsın. Ey insanlar, söz açarları ilə qəlb
şəhərlərinin qapılarını açın! Biz müəyyən edilmiş həddə uyğun olaraq, Əmri belə
nazil etdik.
And olsun Allaha, dünya, onun bər-bəzəyi və onda
olan bütün nemətlər Allahın nəzərində bir ovuc torpaqdan başqa bir şey deyildir,
hətta ondan da əskikdir. Əgər insanlar bəsirət sahibi olsalar, bunu anlayarlar.
Elə isə özünüzü dünyadan və onda olanlardan təmizləyin, ey Bəha əhli! Allaha and
olsun, onlar sizə layiq deyil, onları öz əhlinin ixtiyarına buraxın və üzünüzü
müqəddəs və nurlu Mənzərə doğru tutun! Sizə yaraşan şey Allahı və Onun Məzhərini
sevmək və Onun tərəfindən müəyyən edilənlərə tabe olmaqdır — bunu bilin! De:
Özünüzü düzgünlük və ədəblə bəzəyin, özünüzü həlimlik və ədalət xalatından
məhrum etməyin, qoy sizin könüllərinizdən bütün məxluqatın üzərinə xoş
müqəddəslik nəsimləri əssin. De: Çəkinin, ey Bəha əhli: o kəslərdən olmayın ki,
dediklərinə özləri əməl etmirlər. Çalışın ki, sizin sayənizdə yer üzündə Allahın
əlamətləri və Onun əmrləri aşkara çıxsın. Öz əməllərinizlə insanlara doğru yol
göstərin, çünki istər yüksək, istərsə də aşağı təbəqədən olan bəndələrin
əksəriyyətinin sözləri eynidir. Yalnız əməllər sizi başqalarından fərqləndirə
bilər və sizin nurunuzu yer üzündə olanlara aşkar edər. Xoş o kəsin halına ki,
mənim nəsihətimi eşidər və Elm və hikmət Sahibi tərəfindən əmr edilənə tabe
olar.
š 140 ›
Ey Məhəmmədəli, xoş sənin halına ki, qəlbini Şərəfli
və Tərifəlayiq Rəbbinə məhəbbət bəzəyi ilə zinətləndirdin! Bu gün bu məqama nail
olan kəsə bütün xeyirlər üz verər.
Baxma ki, bu günlər Allahın dostları zahirən zillətə
düçar olublar. Bu zillət əslində bütün şərəflərdən üstündür. Bundan böyük nə
şərəf ola bilər ki, Əzəl Dili Böyük Məhbəsdə öz dostlarını xatırlamaqla
məşğuldur?! Tezliklə aranı kəsən buludlar dağılar və "Şərəf Allaha və Onun
dostlarına məxsusdur!" kəlamının parlaq günəşi Onun İradəsinin səmasından
boylanaraq işıq saçar.
Yüksək və aşağı təbəqədən olan bütün insanlar daim
bu məqamı arzulamışlar. Lakin həqiqət Günəşi parlayanda, onlar hamılıqla məhrum
olub pərdə arxasında qaldılar. Yalnız o kəslərdən başqa ki, haqqın inayətinin
ipindən yapışmışdılar və Ondan savayı hər şeydən əllərini üzüb Birlik məqamına
üz tutmuşdular.
Aləmin Məqsuduna şükr elə ki, bu ən böyük şərəfə
nail oldun. Çox keçməz ki, dünya və onda olan bütün şeylər fənaya uğrayar və
şərəf sənin Qüdrətli və Səxavətli Rəbbinin dostlarına qalar.
š 141 ›
Həqiqətən, Kitab anlayan kəslər üçün nazil olmuşdur.
O, insanlara ədalətli və çəkingən olmağı əmr edir, pis əməlləri və pozğunluğu
qadağan edir ki, bəlkə onlar ayıldılar.
De: Ey insanlar, Lövhələrdə sizə əmr olunanlara əməl
edin, fəsad əhlinin yanlış gümanlarının ardinca getməyin, çünki onlar pis
əməllər törədir, amma özlərini Müqəddəs, Şərəfli və Uca Allaha mənsub edirlər.
De: Biz bəla və müsibətləri ondan ötrü qəbul etdik ki, siz paklaşasınız. Nə üçün
siz bu barədə düşünmürsünüz?! And olsun Allaha, Bizim çəkdiyimiz əziyyətlər
haqqında düşünən kəs qəm odunda alışıb yanar. Sənin Rəbbin dediklərimə şahiddir.
Biz bütün bəlalara dözdük ki, siz təmizlənəsiniz, siz isə qafillərdən oldunuz.
De: Bu ətəkdən yapışan hər bir kəs Səma Sakinlərinin
ikrah etdiyi şeylərdən pak olmalıdır. Şərəfli Rəbbin tərəfindən bu aydın Lövhədə
belə əmr olundu.
De: Siz Mənim məhəbbətimi arzuladığınız halda Mənim
qəlbimi kədərləndirən işlərmi törətmək istəyirsiniz?! Nə üçün siz hər şeyi Bilən
və hikmət Sahibi olan Allah tərəfindən nazil olanları anlamırsınız?!
Həqiqətən, Biz sizin əməllərinizi görürük. Biz
onlardan müqəddəslik və paklık ətri duyanda, sizi salamlayırıq. O zaman behişt
əhlinin dili Allaha yaxın kəslərin arasında sizi zikr edir və sizə tərif
söyləyir.
Allahın ətəyindən tutun və Onun möhkəm ipindən
yapışın! Məbada bu Böyük Xəbəri inkar edən kəslərin hay-küyü sənə mane olsun!
Bəndələr sənə etiraz etsələr belə, bu Lövhədə sənə əmr olunanları onlara çatdır.
Həqiqətən, Sənin Rəbbin Güclü və qoruyandır. Sənə və Mənim dostlarımdan səninlə
olanlara Mənim şərəfim nəsib olsun! Bil ki, onlar şərəfə nail olacağlar.
š 142 ›
And olsun Məhbubun Camalına! Bu, bütün məxluqatı
əhatə edən bir mərhəmətdir və bu, ilahi fəzlin bütün kainatı bürüdüyü bir
Gündür. Ey Əli, mənim mərhəmət bulağım axmaqda, şəfqətli qəlbim yanmaqdadır.
Çünki heç vaxt istəməyib ki, onun dostlarını kədər bürüsün, yaxud onlar qəmə
batsınlar.
Hər dəfə Mənim "Rəhman" adım dostlarımdan razı
olmadığım bir söz eşidəndə, qüssəli və qəmli bir halda öz yerinə qayıtdı. Və hər
zaman Mənim "Səttar" adım kiminsə təhqiramiz işlərlə məşğul olduğunu görəndə,
hədsiz kədər içərisində müqəddəs məkana döndü və ağlayıb-sızlamağa başladı.
Mənim "Bağışlayan" adım dostlarımın bir günahının şahidi olduqda, nalə çəkib
huşsuz halda yerə yıxıldı və əmr mələkləri onu götürüb Böyük Mənzərə apardılar.
Haqq olan varlığıma and olsun, ey Məhəmmədəli,
Bəhanın ürək yanğısı səninkindən artıqdır və Onun naləsi daha güclüdür! Hər dəfə
kiminsə günaha batdığı müqəddəs hüzura ərz ediləndə, Əzəli Vücud utandığından
Camalını gizlətmək istəyir, çünki o həmişə vəfa gözləyib və onun şərtlərinə əməl
edib.
Sənin sözlərin Mənim hüzurumda oxunan kimi Mənim
vəfa dənizim dalğalandı, əfv yelləri əsdi, inayət ağacım silkələndi və fəzl
asimanım fırlandı. And olsun əbədi Üfüqün Günəşinə ki, sənin kədərindən
kədərliyəm və sənin qəmindən qəmginəm. Sənin ahın Əbha çadırından kecib
əlçatmaz, müqəddəs və uca məkana yetişdi. Nalən eşidildi və fəryadın Əzəli
hökmdarın qulağına çatdı. Xoş sənin halına! Xoş sənin halına ki, sənin təsdiqin
İxtiyar Sahibinin gizli məkanında ecazkar bir şəkildə aşkar oldu və sənin
etirafın Bağışlayanın hüzurunda yüksək bir zinətlə üzə çıxdı. Sənin etiraf
etdiyini Mən də etiraf edir, sənin təsdiq etdiyini Mən də təsdiqləyirəm. Mən
sənin xidmətlərini və Mənim yolumda çəkdiyin əzabları təsdiq edirəm. Mənim sənə
olan məhəbbətimə bütün zərrələr şəhadət verir.
Ey Əli, sənin bu çağırışın olduqca xoşagələndir.
Yaz, de və insanları aləmlərin Pərvərdigarına doğru elə bir hərarət və cazibə
ilə çağır ki, hamının qəlbinə od düşsün.
De: Ey mənim Allahım, ey Məhbubum, ey Məni hərəkətə
gətirən, cəzb edən və qəlbimdə car çəkən, ey Mənim sirdaşım! Həmd olsun sənə ki,
üzümü Sənə tutmağıma, sənin zikrinlə alovlanmağıma, Sənin adını çağırmağıma və
Sənə tərif söyləməyimə kömək etdin.
Ya Rəbb, ya Rəbb! Əgər qəflət olmasaydı, Sənin
mərhəmət bayrağın sancılardımı və səxavət bayrağın ucalardımı?! Əgər xəta
olmasaydı, Sənin eyibləri Örtən, günahları Bağışlayan, Hər şeyi Bilən və Hikmət
Sahibi olmağın necə bilinərdi?! Mənim canım Səndən qafil olanların qəflətinə
fəda olsun, çünki onun ardinca Sənin "Rəhman" və "Rəhim" adının mərhəmət
nəsimləri əsər. Mənim zatım Sənə qarşı günah işlədənlərin günahına fəda olsun,
çünki onun sayəsində sənin fəzlinin ətri duyular və Sənin lütflərinin müşkü
ətrafa səpilər. Mənim varlığım Sənə asi olanların asiliyinə fəda olsun, çünki
onun vasitəsilə Sənin əta üfüqündən inayət günəşin parlayar və Sənin səxavət
yağışların bütün məxluqatın üstünə tökülər.
Ya Rəbb, mən bütün günahlarımı boynuma aldım və heç
bir insanın etiraf etmədiyi şeyləri etiraf etdim. Mən Sənin əfv dənizinin
sahilinə tələsdim və Sənin kəramət çadırının kölgəsində məskən saldım. Ey Əzəl
hökmdarı və aləmi Qoruyan Kəs, Səndən rica edirəm, mənə elə bir keyfiyyət bəxş
et ki, onun aşkara çıxması ilə ruhlar Sənə məhəbbətin səmasında və könüllər
Səninlə ünsiyyətin fəzasında uçsunlar. Mənə Öz qüdrətindən elə bir güc ver ki,
onunla bütün məxluqatı Sənin zühurunun Şəfəqinə və Sənin vəhyinin Məşqirinə
doğru döndərim.
Ya Rəbb, mənim bütünlüklə Sənin iradənə təslim
olmağıma və xidmətində durmağıma kömək elə, çünki mən bu həyatı yalnız ondan
ötrü sevirəm ki, Sənin əmr çadırının və Əzəmət alaçığının ətrafına fırlanım.
İlahi, görürsən ki, mən Səndən ötrü hər şeydən əlimi üzmüşəm və Sənin qarşında
da boyun əymişəm. Mənimlə istədiyin kimi, Sənin cəlalına yaraşan və Həzrətinə
layiq olan tərzdə rəftar elə!
Ey Əli, sən aləmlərin Rəbbinin inayətinə nail
olmusan və olacaqsan. Onun gücü və qüvvəsi ilə bəndələr arasında Onun Əmrinə
kömək etmək və zikrini ucaltmaq üçün ayağa qalx! Adi elmləri və yazıb-oxumağı
bilmədiyinə görə kədərlənmə. Bütün feyzlərin qapıları Haqqın qüdrətli əlindədir,
onları bəndələrin üzünə açmışdır və açır. İnşaallah, bu xoş ətir hər zaman sənin
qəlbindən aləmə yayılar və onun səmərəsi bütün diyarlarda aşkar olar. O hər şeyə
qadirdir. Həqiqətən, O, Qüdrətli, Şərəfli və Qüvvətlidir.
š 143 ›
Xoş sənin halına, ey bəndə, çünki sən Haqqı tanıdın
və Rəhmana qarşı küfr etdiyi üçün Ana Lövhədə zalımlar sırasına daxil edilən
kəsdən üz döndərdin.
Allaha məhəbbətində və Onun Əmrində dönməz ol. Sonra
sözlərinlə Ona kömək göstər. Rəhman zalımların əlində məhbus olduğu bir zamanda
sənə belə əmr edir.
Əgər Mənim yolumda bəlalara düçar olsan, mənim
başıma gələn bəlaları, Mənim sürgün və həbs olunmağamı xatırla. Qüdrət və Hikmət
Sahibi olan Allah tərəfindən sənə belə çatdırırıq.
Canıma and olsun, tezliklə dünyanın və onda
olanların büsatını pozar və başqa bir büsat qurarıq. Həqiqətən, O hər şeyə
qadirdir.
Qəlbini Məni zikr etmək üçün, qulağını isə Mənim
ayələrimi eşitmək üçün təmizlə! Sonra Mərhəmətli Rəbbinin taxtının qurulduğu
yerə üz tut. De: Ya Rəbb, həmd olsun Sənə ki, məni Öz Məzhərini tanımağa
müvəffəq eylədin, Sənin vüsal və görüş Kəbənə uz tutmağıma kömək göstərdin. Səni
and verirəm göyləri yaran və yeri parçalayan Adına ki, səndən başqalarından üz
çevirib Sənə üz tutanlar üçün yazdıqlarını mənim üçün də yaz, Əbha çadırında
Sənin yanında düzlük məqamında oturmağı mənə nəsib eylə! Həqiqətən, Sən
istədiyini eləyənsən. Səndən başqa Allah yoxdur, Sən Qüdrət və hikmət Sahibisən.
š 144 ›
Uca Qələm bu Əmrin təbliğini hər kəsə vacib buyurmuş
və bir vəzifə olaraq həvalə etmişdir... Allahdan başqa hər şeydən əlini üzən
kəsə, şübhəsiz, Allah elə bir ilham bəxş edər ki, onun qəlbindən hikmət və bəyan
çeşmələri çağlayıb axar. Həqiqətən, sənin mərhəmətli Rəbbin nəyi istəyirsə, edir
və necə istəyirsə, hökm verir.
Əgər sən bu dünya barədə düşünsən və ondakı şeylərin
fani olduğunu anlasan, Rəbbinin Əmrinə xidmətdən özgə bir yol seçməzsən. O zaman
bütün yer üzündə olanlar sənin əleyhinə birləşsələr belə, Ona tərif söyləməyinə
mane ola bilməzlər.
Yolunla düz get və Ona xidmətdə çalışqan ol. De: Ey
insanlar, bütün yazılarda vəd olunmuş Gün yetişdi. Allahdan qorxun və sizin xəlq
edilməyinizin səbəbi olan Kəsi tanımaqdan özünüzü məhrum etməyin. Ona doğru
tələsin — bu, sizə dünyadan və onda olanlardan daha xeyirlidir. Əgər
arifsinizsə, bunu bilin.
š 145 ›
Zəlil günə düşmüş bir kəs gördükdə, ona təkəbbürlə
baxmayın, çünki şərəfli Sultan bu günlərdə belələrinin qayğısına qalar və bunun
necə olduğunu öz iradəsini Qüdrət və Hikmət Sahibi olan Rəbbinin İradəsinə tabe
edən şəxslərdən başqa kimsə bilməz. Ey varlılar tayfası! Yerə yıxılmış bir
yoxsul gördükdə, ondan qaçmayın; onun yanında oturub qəzavü-qədər dəryasından
onun başına nələr yağdığı barədə sorğu-sual edin. And olsun Allaha, bu halda
Səma Sakinləri sizi görərək, sizə salam göndərər, sizi bağışlayar, öz müqəddəs,
pak və fəsahətli dilləri ilə sizi xatırlayar və tərifləyərlər. Xoş o alimin
halına ki, öz elmi ilə başqalarının qarşısında öyünməz. Xoş o yaxşının halına
ki, günahkara istehza ilə baxmaz və ondan gördüklərini gizlədər ki, Allah da
onun özünün günahlarını gizlətsin...
š 146 ›
Biz istəyirik ki, sizin hamınızı və hər birinizi
aləmdəkilər arasında bütün xeyirlərin mənbəyi və düzgünlüyün nümunəsi kimi
görək. Qardaşlarınızı özünüzdən üstün tutun. Yer üzündə Allahın Mücəssəməsinə
nəzər salın. Həqiqətən, O özünü aləmin islahı üçün fəda etdi. Doğrudan da, O,
fədakar, şərəfli və ucadır. Aranızda ixtilaf yaranan zaman Məni üzünüzün
qarşısında görün və Mənim Üzümün xatirinə, Mənim parlaq və nurlu Əmrimə məhəbbət
naminə olub-keçənlərə tamamilə göz yumun. Biz istəyirik ki, sizi hər zaman Öz
razılıq cənnətimizdə dostluq və yoldaşlıq halında görək və sizdən ülfət,
mehribanlıq, məhəbbət və birlik ətri duyaq. Hər şeyi Bilən Etibarlı kəs sizə
belə nəsihət verir. Biz daim sizin aranızdayıq — sizdən mehribanlıq ətri
duyduqda sevinirik və bundan başqa bir şey görmək istəmirik. Bütün ariflər və
bəsirət sahibləri buna şəhadət verir...
š 147 ›
And olsun İsmi-Əzəmə! Heyifdir bu günlər ki, kim isə
ötəri şeylərə diqqət yetirsin. Allahın Əmri naminə ayağa qalxın və bir-birinizlə
hədsiz məhəbbət ilə rəftar edin. Məhbubun xatirinə nəfsinizin pərdələrini birlik
odu ilə büsbütün yandırın, şad və gülər üzlə bir-birinizlə ünsiyyətdə olun.
Haqqın xasiyyətlərini öz gözünüzlə görmüsünüz. O heç vaxt istəməyib ki, hətta
bir gecəlik də Allahın dostlarından kim isə bu Qulamdan incisin.
Allahın Sözü aləmin qəlbinə od salıb. Heyifdir ki,
bu oddan alovlanmayasınız! Ümidvarıq ki, inşaallah, bu mübarək gecəni birlik
gecəsinə çevirəcəksiniz, hamınız birləşərək gözəl və bəyənilmiş xasiyyətlərlə
bəzənəcəksiniz. Çalışın ki, kimi isə fanilik burulqanından xilas edib əbədi
şəriətə doğru istiqamətləndirəsiniz. Bəndələr arasında elə rəftar edin ki,
haqqın əlamətləri sizdən aşkar olsun. Çünki varlığın birincisi, səcdə edənlərin,
ibadət edənlərin və təvaf edənlərin birincisi sizsiniz! And olsun Məni istədiyi
kimi danışdıran Kəsə, sizin adlarınız Uca Mələkutda sizin öz yanınızda
olduğundan daha məşhurdur. Güman etməyin ki, bu söz bir uydurmadır. Kaş
Mərhəmətli Rəbbinizin gördüyü kimi, siz də öz şəninizin ucalığını, qədrinizin
böyüklüyünü, məqamınızın yüksəkliyini görəydiniz. Allahdan diləyimiz budur ki,
nəfsiniz və ehtirasınız sizin üçün müəyyən olunana yetişməyinizə maneə
törətməsin...
š 148 ›
Ey Salman, ariflərin söylədiklərinin hamısı xilqət
aləminə aid olmuşdur və olacaqdır. Çünki ali şəxslər və pak könüllər nə qədər
elm və irfan səmasında uçsalar da, xilqət səviyyəsini və özlərinin yaratdığı
təsəvvürlərin hüdudlarını aşa bilməzlər. Bütün ariflərin irfanı, bütün zikr
edənlərin zikri və bütün vəsf edənlərin vəsfi Rəbbin təzahürünün onların özündə
yaratdıqları ilə məhdudlaşır. Hər kəs bu barədə düşünsə, təsdiq edər ki,
insanların öz məhdudiyyətlərini aşması mümkün deyil. Əvvəli olmayan əvvəldən üzü
bəri hər bir təsvir və irfan Onun xilqətinə aid olmuşdur; o xilqətə ki, Onun
yaradıcı iradəsi ilə heç bir şeydən deyil, öz-özünə və Onun Özü üçün
yaranmışdır. Allah elə ucadır ki, heç kəsin irfanı ilə tanınmaz və heç kəsin
təsvirinə sığmaz. Onunla xəlq etdikləri arasında nə bir əlaqə var, nə rabitə, nə
uyğunluq, nə işarə, nə də əlamət. O, məxluqatı aləmləri əhatə edən iradəsi ilə
yaratdı. Haqq əzəldən Öz ülvi səltənətində və Birlik zirvəsində məxluqatın
irfanından üstün olmuş, həmişə də Öz əlçatmaz yüksəkliyində və uca
hökmranlığında mövcudatın idrakından uzaq olacaqdır. Yerdə və göydə olanların
hamısı Onun bir sözü ilə yaranmış və xalis yoxluqdan varlıq səhnəsinə qədəm
qoymuşdur. Sözdən yaranmış məxluq Əzəli Mahiyyətə necə yetişə bilər?!..
š 149 ›
De: Bu gün kim göylərdə və yerdə olanların
hamısından əlini üzüb müqəddəs dərgaha üz tutsa, hər şeyi Bilən və Hikmət Sahibi
olan Rəbbinin adlarından biri ilə bütün məxluqata üstün gələr. De: Günəş əvvəlki
əsrlərdə misli görünməmiş bir parlaqlıqla işıq saçdı. Ey insanlar, Onun ziyası
ilə nurlanın və tərəddüd edənlərdən olmayın...
š 150 ›
De: Qələbə yetişən zaman hamı mömin olduğunu iddia
edər və Allahın əmrinə sığınar. Xoş o kəslərin halına ki, hər tərəfdən
fitnə-fəsadın baş qaldırdığı bu günlərdə Əmrin yolunda dönməz oldular...
š 151 ›
Ey ilahi bülbüllər, zillət tikanlığından mənəvi
gülüstana tələsin! Ey torpağa bağlı dostlar, ruhani yuvaya doğru yollanın. Cana
müjdə verin ki, Canan zühur tacını başına qoyub və Əzəl Gülzarının qapılarını
açıb. Gözlərə müjdə verin ki, görmək zamanı gəldi. Qulaqlara müjdə verin ki,
eşitmək vaxtı yetişdi. Şövq bağçasındakı dostlara xəbər verin ki, Yar bazara
gəldi. Səba şanapipiklərinə bildirin ki, Nigar görüşə icazə verib. Ey Cananın
Üzünün aşiqləri, hicran qəmini vüsal sevinci ilə əvəz edin, ayrılıq zəhərini
görüş balı ilə qarışdırın.
Əgər indiyə qədər aşiqlər Məşuqun dalınca
qaçırdılarsa və sevənlər Məhbubun ardinca gedirdilərsə, bu günlər Sübhanın fəzli
mərhəmət buludlarından elə yağır ki, Məşuq özü aşiqləri çağırır və Məhbub özü
sevənləri arayır. Bu fəzli qənimət sayın və bu neməti az bilməyin. Əbədi
nemətləri qoyub ötəri şeylərə qane olmayın. Qəlbinizin gözündən niqabı götürün
və ürəyinizin gözündəki pərdəni cırın ki, Yarı hicabsız görəsiniz və indiyədək
görmədiyinizi görüb, eşitmədiyinizi eşidəsiniz.
Ey fani bülbüllər! Əbədi gülzarda elə bir Gül açılıb
ki, bütün güllər Onun yanında tikana bənzər, gözəllik cövhərinin Onun yanında
dəyəri yoxdur. Elə isə canınızın təpəri, ürəyinizin istəyi, ruhunuzun şövqü və
bədəninizin gücü ilə çalışın ki, vüsal bağcasına daxil olub bənzərsiz Gülü
iyləyəsiniz və Əbədi hüzurdan öz payınızı alasınız. Mənəvi sabahın bu xoş
nəsimindən qafil olmayın və bu müqəddəs ruhani ətirdən məhrum qalmayın. Bu
nəsihət bütün bəndləri qırar və eşqin cünun zəncirini silkələr, ürəkləri
Sevgiliyə yetirər və canları Canana tapşırar. Bu nəsihətə qulaq asan kəs qəfəsi
sındırar və ruh quşu kimi müqəddəs yuvaya yollanar.
Neçə gecələr keçdi, neçə gündüzlər ötdü, neçə
vaxtlar bitdi, neçə saatlar getdi, amma siz fani dünyaya bağlı olmadan bir nəfəs
də almadınız. Çalışın ki, qalan bu bir neçə nəfəsiniz hədər getməsin. Ömürlər
şimşək tək ötüb keçər, başlar torpaq yastığa qoyular. O zaman artıq çarə
tapılmaz, işlər əldən çıxar.
Əbədi Şam açıq-aşkar yanıb işıq saçır və bütün fani
pərdələri yandırır. Ey pərvanələr, qorxunu unudub tələsin və özünüzü oda vurun!
Ey aşiqlər, ürəyinizdən və canınızdan keçib Məşuğun yanına gəlin və rəqibsiz
Məhbuba doğru qaçın! Gizli Gül bazara gəldi, özü də örtüksüz və hicabsız gəldi,
O bütün müqəddəs ruhları vüsala çağırır. Bu çağırışı qəbul edənlərin iqbalı nə
gözəldir! Xoş bu ecazkar hüsnün nuruna boyananların halına!
š 152 ›
Göz — Mənim əmanətimdir, onu nəfsin və ehtirasın
tozu ilə qaraltma. Qulaq — Mənim səxavətimin təzahürüdür, öz şəhvani
istəklərinin hay-küyü ilə onu Mənim hər yeri bürüyən sözümü eşitməkdən məhrum
etmə. Qəlb — Mənim xəzinəmdir, ondakı gizli gövhərləri oğru nəfsinə və xain
ehtiraslarına tapşırma. Əl — Mənim inayətimin əlamətidir, onun gizli və qorunan
Lövhələrimi götürməsinə mane olma...
Sən istəmədən Mən inayət göstərdim, sən soruşmadan
cavab verdim, sən layiq olmadan hədsiz fəzl və səxavətimi səndən əsirgəmədim.
Torpaq kimi itaətkar olun ki, Mənim irfanımın
müqəddəs, əlvan və ətirli çiçəkləri vücudunuzun torpağından cücərsin. Od kimi
şölələnin ki, qalın pərdələr yansın, sizin soyuq və pərdə arxasında olan
bədənləriniz ilahi Məhəbbətin hərarətindən dirilik və əbədilik kəsb etsin. Hava
kimi incə olun ki, Mənim vilayətimin müqəddəs və gizli məkanına daxil ola
biləsiniz...
š 153 ›
Ey mühacir mömin! Qəflətin susuzluq və yanğısını
Mənim inayətimin müqəddəs çeşməsi ilə söndür, uzaqlığın zülmət gecəsini Mənə
yaxınlığın nurlu sabahı ilə işıqlandır. Əbədi məhəbbətin evini ötəri şəhvətin
zülmü ilə xaraba qoyma və ruhani Qulamın camalını nəfsin qara pərdələri ilə
örtmə. Xalis möminlik yolunu seç və Allahdan başqa heç kəsdən çəkinmə. Tamah və
ehtiras çör-çöpü ilə qəlbin nurlu çeşməsinin yolunu bağlama və ürəyin axar
bulağının çağlamasına mane olma. Haqqa sığın və Onun inayət ipindən yapış, çünki
Ondan başqa heç kəs heç kəsi yoxsulluqdan varlılığa çatdırmaz və nəfsin
zillətindən xilas edə bilməz. Ey bəndələr, əgər Allahın gizli sərvətlər
dəryasından xəbər tutsanız, dünyaya və bütün məxluqata ehtiyac duymazsınız.
Axtarış odunu canınızda yandırın ki, Canana yaxınlıq və onunla görüş məqamından
ibarət olan uca və ülvi istəyə nail olasınız...
Ey bəndələr, Həzrət Sübhanın yəqinlik şəhərinin
bünövrəsini Mövhumat və yanlış gümanlar lağımı ilə dağıtmayın. Çünki bu
gümanların əzəldən faydası olmayıb və onlar heç zaman kimi isə doğru yola
istiqamətləndirməyib. Ey bəndələr, siz Mənim hökmranlığımın uca, uzun, açıq və
qüdrətli əlinin bağlandığını zənn edirsiniz, tükənməz, hər şeydən üstün və sizə
nazil olan mərhəmətimin kəsildiyini düşünürsünüz, səxavət və kəramətimin yüksək
və əlçatmaz buludlarının yağış yağdırdığını fərz edirsiniz. Məgər Mənim misilsiz
hökmranlığımın qüdrətini göstərən möcüzələr yoxa çıxıb?! Yoxsa Mənim hər yeri
bürüyən İradəmin aləmdəkilərə təsiri itib?! Əgər siz belə düşünmürsünüzsə, onda
nə üçün Mənim bənzərsiz, müqəddəs və şərəfli Camalımın zühuruna mane olursunuz,
nurlu və qüdrətli mahiyyətimin Məzhərinin əbədi qüdsiyyət səmasında görünməsinin
qarşısını almağa çalışırsınız?! Əgər insaf gözünüzü açsanız, bütün məxluqatın bu
yeni və ecazkar şərabdan məst olduğunu görərsiniz, şeylərin bütün zərrələrinin
Onun işığından nurlandığını müşahidə edərsiniz. Sizin zənn etdikləriniz necə də
pisdir, sizin düşündükləriniz nə qədər də çirkindir!
Ey bəndələr, öz əslinizə qayıdın, nəfs və ehtirasın
qəflətindən qurtulub gizlilik və aşkarlıqdan uzaq olan bu Turdakı Ruh Sinasına
yollanın. Hər şeyi əhatə edən ilkin mübarək Sözü dəyişdirməyin, şərəfli paklıq
və müqəddəs təcrid məkanından yayınmayın. De: Ey qafil bəndələr, Mənim
mərhəmətimin möcüzələri bütün görünən və görünməz aləmləri əhatə etsə də,
səxavət və fəzlimin təzahürləri məxluqatın bütün zərrələrini bürüsə də, bilin
ki, əzabımın qamçısı çox güclüdür və qəzəbimin şiddəti olduqca böyükdür. Mənim
mehribanlıqla verdiyim nəsihətləri təkəbbür və ehtirasdan təmiz olan bir qulaqla
eşidin, zahiri və batini gözünüzlə Mənim Əmrimin möcüzələrinə nəzər salın.
İndi, ey bəndələr, ilahi şərəf taxçasında yanaraq
işıq saçan əbədi, nurlu və müqəddəs çıraqdan özünüzü məhrum etməyin. İlahi
məhəbbət çırağını hidayət yağı ilə öz işıqlı ürəyinizin dönməzlik taxçasında
yandırın və Allahdan başqa hər şeydən əlinizi üzüb təvəkkül şüşəsi ilə onu
müşriklərin nəfsinin yellərindən qoruyun. Ey bəndələr, Mənim müqəddəs Birliyimin
zühuru elə bir dənizə bənzəyir ki, onun dibində və dərinliklərində sayı-hesabı
bilinməyən incə və parlaq gövhərlər gizlənib. Hər bir arzulayan kəs, əlbəttə,
cəhd və axtarış kəmərini bağlayıb həmin dənizin sahilinə gəlməlidir ki, gizli və
hökmü vacib Lövhələrdə müəyyən olunmuş qismətini axtarış və cəhdinin səviyyəsinə
uyğun olaraq əldə etsin. Elə isə əgər bir kəs Onun müqəddəs sahilinə qədəm
qoymasa və Onu axtarmağa başlamasa, heç o dənizdən və ondakı gövhərlərdən bir
şey azalarmı, yaxud ona bir nöqsan gələrmi?! Sizin özlüyünüzdə düşündükləriniz
necə də pisdir və sizin xəyallarınız nə qədər də çirkindir! Ey bəndələr, Haqq
olan Allaha and olsun, o əzəmətli, o dərin və dalğalanan dəniz sizə çox
yaxındır, hətta şah damarınızdan da yaxındır! Bir anda o əbədi feyzə, Sübhanın
fəzlinə, Rəhmanın səxavətinə, Əbhanın qüdrətli kəramətinə qovuşun nail olun!
Ey bəndələr, əgər Mənim səxavət və fəzlimin sizdə
əmanət qoyulmuş möcüzələrindən agah olsanız, şübhəsiz, hər şeydən əlinizi
üzərsiniz və özünüzü tanımağa nail olarsınız ki, bu da əslində Məni tanımaq
deməkdir. Və bu halda Məndən başqa heç kəsə ehtiyac duymazsınız, Mənim inayət
dəryamı və kəramət dənizimi zahiri və batini gözünüzlə özünüzdə Mənim Əbha
adımdan parlayan günəş kimi açıq və aşkar görərsiniz. Bu ən uca və müqəddəs
məqamı öz güman və ehtiraslarınızın təhrikləri ilə, öz xəyalınızın və batini
korluğunuzun doğurduğu istəklərlə zay etməyin. Siz o quşa bənzəyirsiniz ki,
güclü qanadları ilə sonsuz sevinc və hədsiz bir arxayınlıq içərisində Allahın
xoş havasında uçur, sonra yem ümidi ilə yerdəki suya və palçığa meyl edir və tam
acgözlüklə özünü suya və palçıqa bulaşdırır. Sonra yenidən havaya qalxmaq
istəyəndə, özünün aciz və gücsüz olduğunu görür, çünki suya və palçıqa batmış
qanadlar uçmağa qadir deyil. Beləliklə, bir vaxtlar uca səmalarda ucan o quş
fani torpaqda sakin olur. İndi ey bəndələr, öz qanadlarınızı qəflət və güman
palçığına, kin və ədavət torpağına bulaşdırmayın ki, müqəddəs irfan səmalarında
uçmaqdan məhrum olmayasınız.
Ey bəndələr, Mən Allahın gücü və ruhun qüvvəti
sayəsində əbədi dəryanın sədəflərindəki gövhərləri ilahi elm və hikmət
xəzinəsindən çıxardım, pərdə və hicab arxasında olan huriləri bu aydın sözlərin
üzərində aşkar etdim, Birlik Müşgünün möhürünü qüdrət əli ilə açdım və onun
gizli və müqəddəs ətrini bütün məxluqatın üstünə səpdim. İndi hər yanı bürüyən
bu uca feyzlərə və parlayıb işıq saçan bu inayətə baxmayaraq, özünüzü məhrum
etsəniz, bunun günahı sizin özünüzdə olar və olacaqdır...
Ey bəndələr, Mənim könlümdə əbədiyyət sübhünün
şəfəqlərindən özgə bir şey yoxdur və Mən sizin Pərvərdigarınızın xalis haqq olan
sözlərindən başqa bir şey demirəm. Elə isə nəfsinizə tabe olmayın, Allahla
əhdinizi pozmayın, vədinizə xilaf çıxmayın, tam qətiyyətlə, ürəyiniz, qəlbiniz
və dilinizlə Ona üz tutun və ağılsızlardan olmayın. Dünya mənası olmayan bir
tamaşadır, varlıq şəklində bəzənmiş bir yoxluqdur. Ürəyinizi ona bağlamayın,
Pərvərdigarınızdan uzaq düşməyin və qafillərdən olmayın. Doğrusunu deyirəm,
dünya su şəklində görünən ilğıma bənzər, susuzluqdan yananlar ona yetişmək üçün
çox çalışarlar, ona çatanda isə məhrum və binəsib qalarlar. Yaxud o, məşuğun
canı və ruhu olmayan şəklinə bənzəyir. Aşiq ona çatanda görür ki, bu məşuq onu
nə doydurur, nə də ehtiyacını ödəyir. Və aşiqin hədsiz əziyyətdən və həsrətdən
başqa bir hasili olmur.
Ey bəndələr, əgər bu yaşadığınız günlərdə və
gördüyünüz aləmdə qəzavü-qədər səltənətindən göndərilən bəzi işlər sizin
istəyinizcə deyilsə, pərişan olmayın, çünki bunun ardinca xoş ilahi günlər gələr
və müqəddəs ruhani aləmlər görünər. Bütün bu günlərdə və aləmlərdə sizə bir
qismət müəyyən edilib, bir sevinc və bir ruzi təyin olunub. Əlbəttə, siz onların
hamısına çatacaq və nail olacaqsınız...
š 154 ›
Xülasə, ey Salman, haqqı sevənlərə çatdır ki, heç
kəsin sözlərinə etiraz nəzərləri ilə baxmasınlar, əksinə, şəfqət və mərhəmət
gözü ilə nəzər salsınlar. Yalnız o kəslərdən başqa ki, bu gün Allahı rədd edən
atəşin yazılar yazırlar. Bu gün Allahı rədd edən şəxslərə bacardığı şəkildə
cavab yazmaq hər bir kəsin borcudur. Qadir və Qüdrətli Allah tərəfindən belə
müəyyən olunub, çünki bu gün Haqqa söz və kəlamla kömək etmək lazımdır, qılınc
və ona bənzər şeylərlə yox. Biz əvvəllər də belə nazil etmişdik və indi də
deyirik — bunu bilin.
And olsun bu Gün bütün şeylərdə "Həqiqətən, Məndən
başqa Allah yoxdur!" söyləyən Kəsə! Əgər bir kəs Allahı rədd edən şəxsi təkzib
edən bir söz yazsa, ona elə bir məqam bəxş edilər ki, bütün Səma Sakinləri o
məqamın həsrətini çəkər, bütün insanların qələmi o məqamı təsvir etməkdə aciz
qalar və bütün məxluqatın dili onu vəsf etməkdə gücsüz olar. Belə ki, bu Gün bu
ən müqəddəs, ən uca və ən yüksək Əmrdə dönməz olan Kəs göylərdə və yerdə olan
bütün şeylərə bərabərdir. Allah Özü buna şahiddir və bunu bilir.
Ey Allahın dostları, rahat yatağınızda yatmayın.
Əgər öz Yaradanınızı tanıdınızsa və Onun başına gələnləri eşitdinizsə, kömək
üçün ayağa qalxın! Sonra Onun Əmri barədə danışın və bir an da susmayın. Bu,
sizə indiki və gələcək xəzinələrdən daha xeyirlidir — əgər arifsinizsə, bunu
bilin...
š 155 ›
Allahın bəndələr üçün yazdığı birinci vəzifə — Onun
vəhyinin Məşriqini və Əmrinin Şəfəqini tanımaqdır ki, bu Kəs əmr və xilqət
aləmlərində Onun Özü məqamındadır. Buna nail olan kəs bütün xeyirlərə yetişər,
bundan məhrum olan kəs isə bütün yaxşı əməllərə sahib olsa belə, yolunu
azmışlardan sayılar. Bu yüksək məqama və uca üfüqə yetişən hər bir kəs Məqsud
tərəfindən əmr edilənlərə tabe olmalıdır. Bu iki vəzifə bir-birindən ayrılmazdır
və biri digərsiz qəbul olunmaz. İlham Mənbəyinin hökmü belədir.
Allah tərəfindən bəsirət verilmiş kəslər Allahın
qanunlarına dünyanın nizamı və xalqların qorunması üçün ən böyük vasitə kimi
baxırlar, bundan qafil olanlar isə cılız və düşüncəsizlərdir. Həqiqətən, Biz
sizə nəfsin və ehtirasın çərçivəsindən çıxmağı əmr etdik, Uca Qələmin
yazdıqlarından yox! Çünki o, dünyada olanlar üçün dirilik ruhudur. Rəhmanın
nəsimi əsdiyi üçün hikmət və bəyan dənizləri dalğalandı. Bunu qənimət bilin, ey
ağıl sahibləri! Allahın əmrlərindən çıxıb Onunla əhdini pozan və onu bir kənara
atan kəslər Ehtiyacsız və Uca Allahın yanında yolunu azmışlardan sayılarlar.
Ey yer əhli! Bilin ki, Mənim əmrlərim bəndələrim
arasında inayətimin çıraqları və məxluqat üçün Mənim mərhəmətimin açarlarıdır.
Dinlər Sahibi olan Rəbbinizin İradə səmasından əmr belə nazil oldu. Əgər bir kəs
Rəhmanın İradəsinin ağzından çıxan sözlərin şirinliyini dadsa, yer üzünün
xəzinələrinə sahib olmuş olsa belə, bütün malik olduqlarını qurban verər ki,
Onun inayət və lütf üfüqündən parlayan əmrlərdən birini isbat etsin.
De: Mənim qanunlarımdan Mənim libasımın ətri gəlir
və bunun sayəsində qələbə bayraqları dağların və təpələrin başına sancılır.
Mənim qüdrət dilim əzəmət səltənətimdən bütün məxluqata xitab edərək deyir:
"Mənim Camalıma sevginiz naminə Mənim qanunlarıma əməl edin!" Xoş o sevənin
halına ki, heç bir dillə vəsfi mümkün olmayan bir həddə fəzl qoxusu gələn bir
sözlərdən Məhbubun ətrini duydu. Canıma and olsun, kim lütf əllərindən insaf
şərabını alıb içsə, şübhəsiz, Mənim aləmin üfüqündən parlayan əmrlərimin
ətrafına fırlanar.
Siz elə zənn etməyin ki, Biz sizə sadəcə hökmlər
nazil etdik, yox, Biz qüdrət və qüvvət barmaqları ilə möhürlənmiş kuzənin ağzını
açdıq. Vəhy Qələmindən nazil olanlar buna şəhadət verir. Fikirləşin, ey düşüncə
sahibləri!..
Bəyan üfüqündən hökmlər Günəşi parlayanda, hamı
onlara tabe olmalıdır — lap Onun əmrindən dinlərin könül səması yarılsa belə!
Çünki O, istədiyini edər və istədiyinə görə sorğu-suala tutulmaz. Həqiqətən,
Məhbub nə hökm edərsə, o, bəyəniləndir. And olsun xilqətin sahibinə! Rəhmanın
ətrini duyan və bu sözlərin Mənbəyini tanıyan kəs insanlar arasında Allahın
hökmlərini isbat etmək üçün gözlərini oxlara hədəf edər. Xoş bunu qəbul edənin
və bu xitabın mənasını anlayanın halına!..
š 156 ›
Haqqın Üzü Uca Üfüqdən Bəha əhlinə müraciət edərək,
buyurur* "Bütün hallarda insanların rahatlığına səbəb olan işlərlə məşğul olun.
Bütün bacarığınızı aləm əhlinin tərbiyəsinə sərf edin ki, bəlkə İsmi-Əzəmin
köməyi ilə xalqlar arasındakı çəkişmə və ixtilafa son qoyuldu, onların hamısı
bir məclisin və bir şəhərin əhli kimi göründü. Qəlbinizi nurlandırın, onu kin və
ədavət çör-çöpündən təmizləyin. Hamınız bir aləmin sakinlərisiniz və bir sözdən
yaranmısınız. Xoş o kəsin halına ki, sonsuz məhəbbətlə bütün insanlar ilə
ünsiyyətdə olar!"
š 157 ›
Əmri təbliğ etmək üçün vətənlərini tərk edən kəslərə
Ruhül-Əmin yardım göstərər, Qüdrətli və Hər şeyi Bilən Allah tərəfindən
göndərilmiş mələklər dəstəsi onların yanında olar. Xoş o kəsin halına ki, Allaha
xidmət etmək şərəfinə nail oldu! Canıma and olsun, Qadir və Qüdrətli Rəbbinin
istədiyi əməllərdən başqa, heç bir əməl bu əməllə müqayisəyə gəlməz. Həqiqətən,
o, əməllərin ağası və bəzəyidir. Əzəli Nazil Edən tərəfindən belə müəyyən
olunmuşdur.
Əmri təbliğ etmək istəyən kəs dünyadan əlini üzməli
və bütün hallarda öz səyini Əmrin qələbəsinə yönəltməlidir — Qorunan Lövhədə
belə müəyyən olunmuşdur. Öz Rəbbinin Əmri naminə vətənini tərk etdiyi zaman onun
azuqəsi — Allaha təvəkkül, libası isə Allahdan qorxmaq olmalıdır — Qüdrətli və
Tərifəlayiq Allah tərəfindən belə müəyyən edilmişdir. O, məhəbbət odu ilə
yandığı və təvazökarlıq bəzəyi ilə zinətləndiyi təqdirdə, onun sözləri bəndələri
alovlandırar. Həqiqətən, sənin Rəbbin Hər şeyi Bilən və hər şeydən Xəbərdardır.
Xoş o kəsin halına ki, bu çağırışı eşitdi və ona cavab verdi. Həqiqətən, o,
Allaha yaxın kəslərdən sayılar...
š 158 ›
Allah bütün insanlara Öz Əmrini təbliğ etməyi vacib
buyurub. Bu hökmü yerinə yetirmək istəyən kəs əvvəlcə gözəl xasiyyətlərlə
bəzənməli, sonra Əmri insanlara təbliğ etməlidir ki, onun sözləri ona üz
tutanların qəlblərini cəzb edə bilsin. Əks-təqdirdə, onun sözləri bəndələrin
qəlbinə təsir göstərməz.
š 159 ›
İnsanlara və onların ağlının azlığına nəzər salın.
Onlar özlərinə ziyan olan şeyləri istəyir, xeyir olan şeylərdən isə yan
keçirlər. Bilin ki, onlar sərkərdan qalmışlar.
Biz görürük ki, bəzi insanlar azadlıq istəyir və
onunla fəxr edirlər. Onlar aşkar bir cəhalətdədirlər. Çünki hədsiz azadlıq sonda
elə bir qarışıqlıqla nəticələnir ki, onun alovunu söndürmək olmur. Hesablayan və
hər şeyi Bilən Kəs sizə belə xəbərdarlıq edir. Bilin ki, azadlığın təcəssümü və
təzahürü heyvandır. İnsan isə müəyyən qayda-qanuna tabe olmalıdır ki, bu, onu öz
cəhalətindən və məkrlilərin zərərindən qorusun. Azadlıq insanı ədəb və ləyaqət
hüdudlarından çıxarar və onu rəzil bir varlığa çevirər.
Baxın, insanlar qoyunlara bənzəyir, onları qorumaq
üçün mütləq çoban lazımdır. Bu, şəksiz bir həqiqətdir. Biz bəzi məqamlarda
azadlığı bəyənirik, başqalarında isə yox, çünki Biz hər şeyi bilirik.
De: Əsl azadlıq — Mənim əmrlərimə tabe olmaqdadır.
Əgər ariflərdənsinizsə, bunu bilin. Əgər insanlar vəhy səmasından onlara nazil
olanlara tabe olsalar, özlərinin əsl azadlıqda olduqlarını görürlər. Xoş o kəsin
halına ki, Allahın aləmlərə üstün gələn İradəsinin səmasından nazil olanlardan
Onun istəyini anlayar! De: Sizə xeyirli olan azadlıq yalnız Haqq olan Allaha
bəndəlik etməkdədir. Kim onun şirinliyini dadsa, onu göylərin və yerin mülkünə
dəyişməz!..
š 160 ›
Bu gün tövhid əhli Haqqı bütün müqayisə və
bənzətmələrdən üstün bilənlərdir, müqayisə və bənzətmələri Haqqa bərabər
tutanlar yox! Məsələn, diqqət yetirin: sənətkar bir sənət əsəri yaradır, yaxud
rəssam bir rəsm çəkir. İndi əgər deyilsə ki, həmin sənət əsəri və rəsm
sənətkarla rəssamın özüdür, bu, yalan olar. And olsun göyün və yerin Rəbbinə!
Onlar yalnız sənətkarın və rəssamın kamil yaradıcılığından xəbər verirlər.
Ey fani Şeyx! Özünü fani edib Allahla əbədi qalmağın
mənası odur ki, hər kəs özünə Haqqın iradəsi önündə fani və heç bir şey kimi
baxmalıdır. Məsələn, əgər Haqq buyursa ki: "Belə et!", o, hədsiz səy, şövq və
cazibə ilə bunu yerinə yetirməyə çalışmalıdır. Yoxsa özlüyündə bir şey uydurub
onu haqq sanmamalıdır.
Orucluq duasında belə nazil olub: "Əgər Sənin
İradənin ağzından onlara müraciətlə bu sözlər çıxsa ki: "Ey insanlar, Mənim
Camalıma sevginiz naminə oruc tutun və onu müəyyən vaxta və həddə bağlamayın!" —
İzzətimə and olsun, onlar oruc tutar və ölənə qədər yeməzlər". Budur fani
olmağın mənası! Bu məqam barədə yaxşı fikirləşin ki, xilqətin Sahibinin
sözlərindən axıb süzülən dirilik çeşməsindən içmək şərəfinə nail olasınız və
Haqqın həmişə məxluqatdan üstün olduğuna şəhadət verəsiniz. Həqiqətən, O,
Bənzərsiz, Əbədi, Hər şeyi Bilən və Hər şeydən Xəbərdardır. Bu məqam bütün
məqamlar içərisində ən böyüyü olmuşdur və olacaqdır.
Cənabınız Allahın istəyinə tabe olmalıdır, Allahın
istəyi isə Lövhələrdə nazil olanlardır. Belə ki, özünüzün qətiyyən istəyiniz və
iradəniz olmamalıdır. Budur həqiqi tövhid məqamı! Allahdan diləyin ki, bu
məqamda sabit olasınız, və insanları məxsusi görkəmdə zühur edib məxsusi sözlər
söyləyən Məlum Sultana doğru istiqamətləndirəsiniz. Budur imanın və iqanın
cövhəri! Öz yanlış təsəvvürlərinə uyub adını "batin" qoyan kəslər əslində
bütlərə pərəstiş edirlər. Rəhman öz Lövhələrində buna şəhadət verir. Həqiqətən,
O, Hər şeyi Bilən və Hikmət Sahibidir.
š 161 ›
Çalış ki, bir kəsi Rəhmanın yoluna daxil edəsən. Bu,
Ehtiyacsız və Ulu Allahın yanında ən üstün əməllərdən sayılır. Allahın Əmrində
elə dönməz ol ki, hətta yer üzündə olanların hamısı səninlə mübarizə və
mücadiləyə qalxsalar belə, heç bir şey səni öz üzərinə düşən xidmətdən yayındıra
bilməsin.
Sabahları İşıqlandıranın Əmrində külək kimi ol.
Gördüyün kimi, külək öz vəzifəsinə uyğun olaraq, həm xaraba, həm də abad olan
yerlərin üstündən əsir. Nə abadlığı görüb sevinir, nə də xarabalığı görüb
kədərlənir — yalnız öz vəzifəsinə diqqət yetirir. Dostlar da Əmrin əsasına
diqqət yetirməli və onu təbliğ etməlidirlər, Allah xatirinə
deyib-eşitməlidirlər. Kim qəbul edərsə, yaxşılığı özünə qayıdar; kim üz
döndərərsə, cəzası özünə çatar.
Üfüqləri işıqlandıran Günəş İraqdan çıxarkən, zülmət
quşları barədə xəbərdarlıq etmişdi. Şübhəsiz, bəzi yerlərdən qarğa səsləri
ucalacaqdır, necə ki, ötən illərdə olmuşdu. Bütün hallarda Haqqa pənah aparın
ki, yalançı şəxslərə tabe olmayasınız.
Bu əzəmətli Zühurla bütün zühurlar başa çatdı. Hər
şeyi Bilən və Hikmət Sahibi olan Rəbbiniz sizə belə nəsihət verir. Həmd olsun
Allaha — aləmlərin Rəbbinə!
š 162 ›
Həzrət Rəhman insanı görən və eşidən bir varlıq kimi
xəlq etmişdir. Bəziləri onu "kiçik aləm" saysa da, lakin əslində o, "böyük
aləm"dir. Bu Vəd Olunmuş Gündə hər bir insanın məqamı, rütbəsi və ləyaqəti
aşkara çıxmalıdır.
Uca Qələm bütün hallarda hədsiz sevinc və
mehribanlıqla Haqqın övliyalarını xatırlamış və onları ruhlandırmışdır. Xoş o
kəsin halına ki, dünyanın müxtəlif işləri onu tövhid nurunun işığından məhrum
etmədi və o, tam qətiyyətlə və Qəyyumun adı ilə möhürlənmiş şərabdan içdi. O,
aləmlərin Rəbbi olan Allahın Kitabında behişt əhli sırasına yazılar...
š 163 ›
Həmd olsun Allaha! O, aləmə elə bir zinət vurub və
elə bir libas geyindirib ki, qoşun, əsgər, qüdrət və sərvət sahibləri bunu
anlamağa qadir deyil. De: Qüdrət bütünlüklə aləmlərin Məqsudu olan Allaha
məxsusdur, əzəmət bütünlüklə səma və yer əhlinin Məbudu olan Allaha məxsusdur.
Torpaqdan olan bu məzhərlər isə heç xatırlanmağa da layiq olmamışdır və
deyildir.
De: Bu quşların su içdiyi çeşmələr ayrı bir çöldə,
özgə bir yerdədir. Allahın işıqlı əli ilə yanan odu söndürməyə kimin qüdrəti
çatar? Qüvvətli, Qalibiyyətli və Qadir Rəbbin qüdrət əlinin şölələndirdiyi alovu
sendürməyə kimin gücü çatar?! Fitnə tonqalının alovunu isə Qüdrət əli söndürdü.
Həqiqətən, O, istədiyi şeyə qadirdir. Onun "Ol!" deməsi ilə aləm mövcud oldu.
De: Mənim seçilmişlərimin tərpənməz dağını nə aləmin küləkləri, nə də ümmətlərin
qasırğaları dağıda bilər. Sübhanallah! Bu tayfanı Haqqın övliyalarını əsir edib
məhbəsə salmağa nə vadar etdi?! Tezliklə sadiqlər Ədalət Günəşinin Uca Üfüqdən
parlamasını görəcəklər. Aləmin Mövlası bu ağır məhbəsdən sənə belə xəbər
verir...
š 164 ›
Ey bəşər övladları! Möhkəm İpdən yapışın, çünki o,
aləmlərin Rəbbi olan Allahın sayəsində yer üzündə sizə xeyir gətirər. Ədalət və
insaf yolu ilə gedin və Allahdan uzaq düşmüş bütün o cahillərin sizə əmr
etdiklərini boşlayın. Onlar başlarını əmmamələrlə bəzədilər və Hikmət Sahibinin
Əmrini aşkar edən Kəsin əleyhinə fitva verdilər. Onların məqamı bəndələr
arasında Mənim Adımla yüksəldi, lakin Mən özümü zühur etdirən zaman onlar aşkar
bir zülmlə Mənim əleyhimə fitva verdilər. Beləcə Qələm həqiqəti söylədi, amma
insanlar qafil oldular.
Ədalətdən yapışan kəs heç bir işdə orta həddi aşmaz
və Hər şeyi Görənin sayəsində bəsirət sahibi olar. Əgər elm və sənət adamlarının
haqqında danışdıqları təməddün orta həddi aşarsa, insanlara bədbəxtlik gətirər.
Hər şeydən Xəbərdar olan Kəs sizə belə xəbərdarlıq edir. Təməddün həddini aşdığı
zaman fəsad mənbəyinə çevrilər, orta həddə olduqda isə xeyir mənbəyi olar.
Düşünün, ey insanlar və sərkərdan qalmayın! Tezliklə şəhərlər onun odundan yanar
və Əzəmət Dili söyləyər: "Hökmranlıq — Qüdrətli və Tərifəlayiq Allaha
məxsusdur!" Hər bir şeyə bu cür nəzər sal və sonra da bu ecazkar Lövhədə səni
xatırladığına görə Rəbbinə şükr elə, Həmd olsun Allaha — əzəmətli ərşin
Sahibinə!
Əgər bir kəs həqiqətən Uca Qələmdən nazil olanlar
barədə düşünsə və onun şirinliyini dadsa, şübhəsiz, öz istəyindən və iradəsindən
xilas olub Allahın İradəsi ilə hərəkət edər. Xoş o kəsin halına ki, bu məqama
nail oldu və bu böyük fəzldən məhrum qalmadı.
Bu gün nə qorxub gizlənən bəyənilir, nə də
açıq-aşkar özünü gözə soxan. Hər bir kəs hikmətlə hərəkət etməli və Əmrə xidmət
göstərməklə məşğul olmalıdır. Hamı bu Məzlumun həyatı barədə düşünməlidir. Əmrin
əvvəlindən indiyə qədər Biz dostların və düşmənlərin arasında olmuşuq. Və hər
tərəfdən Bizi bəla və müsibətlər əhatə etdiyi çağlarda bütün yer əhlini tam
cəsarətlə Uca Üfüqə dəvət etmişik. Uca Qələm belə məqamlarda öz müsibətlərini
xatırlamağı xoşlamayıb və xoşlamır, çünki bu, şübhəsiz, yaxınların, tövhid
əhlinin və sadiqlərin kədərlənməsinə səbəb olar. Həqiqətən, O, Doğrusunu Deyən,
hər şeyi Eşidən və Biləndir. Biz çox vaxt düşmənlərin əlində olmuşuq və indi də
ilanlar arasında yaşayırıq.
Bu Müqəddəs torpaq bütün İlahi Kitablarda təsvir
olunub və xatırlanıb. Peyğəmbərlərin və Rəsulların əksəriyyəti bu Torpaqda zühur
edib. Bu, həmən biyabandır ki, orada bütün peyğəmbərlər: "Ləbbeyk, ey Allahım,
Ləbbeyk!"— söyləmişlər. Allahın Zühuru bu torpaqda vəd olunub. Bu, qəzavü-qədər
vadisi, bəyaz torpaq və nurlu məkandır. Bu gün aşkara çıxanların hamısı əvvəlki
Kitablarda xatırlanıb. Lakin onun əhalisi bütün ilahi Kitablarda qəbul
olunmayıb. Belə ki, bəzi məqamlarda onlar "əfi balaları" adlandırılıb. Və indi
bu Məzlum "əfi balaları" arasında uca səslə nida edir və hamını Son Məqsədə,
Yüksək Zirvəyə və Uca Üfüqə doğru çağırır. Xoş o kəsin halına ki, bəyan
səltənətindən bu dilin söylədiklərini eşidər, vay o kəsin halına ki, qafil olub
uzaqda qalar...
š 165 ›
Bütün sağlam, təmiz və pak qulaqlar hər an hər
tərəfdən: "Biz Allahdanıq və Onun yanına qayıdacağıq!" — mübarək kəlamını
eşidir. Ölümün və qayıdışın sirləri gizli olub və gizlidir. And olsun Allaha,
əgər bu sirr açılsa, bir çoxları qorxudan və qüssədən həlak olar, bir çoxları da
elə sevinər ki, hər an Şərəfli Haqqdan ölüm diləyər.
Yəqinlik hasil edənlər üçün ölüm — dirilik suyu ilə
dolu bir piyalədir; o, fərəh bəxş edər, sevinc gətirər və daimi həyat əta edər —
xüsusən xilqətin meyvəsini dadmağa, yəni Şərəfli Haqqı tanımağa nail olan
kəslərə. Bu məqamın ayrı bir sözü və özgə bir söhbəti var. Elm — aləmlərin Rəbbi
olan Allahın yanındadır...
š 166 ›
Düz min il tamam olmamışdan qabaq bir Əmr iddiasında
olan kəs yalançı və iftiraçıdır. Allahdan diləyimiz budur ki, onun bu iddiadan
əl çəkib tövbə etməsinə yardım göstərsin, çünki O, tövbələri qəbul edəndir. Əgər
o, dediyində israr etsə, Allah onun qarşısına elə bir şəxs çıxarar ki, ona rəhm
etməz. Həqiqətən, Onun cəzası şiddətlidir! Kim bu ayəni rəmzi mənada yozsa,
yaxud aşkarda nazil olduğundan fərqli bir şəkildə təfsir etsə, o, Allahın
Ruhundan və Onun aləmləri bürüyən mərhəmətindən məhrum olar. Allahdan qorxun və
yanınızdakı mövhumata tabe olmayın! Qüdrət və Hikmət Sahibi olan Rəbbinizin sizə
əmr etdiklərinə tabe olun!..