"Dünya tək bir vətəndir, və bütün insanlar - onun vətəndaşlardır." - Bəhaullah
Kəlimət-i Məknunə (Gizli kəlamlar)
I Hissə (Ərəb dilində nazil olmuşdur)

<< Kəlimət-i Məknunə kitabi haqqinda


O Cəlallıların Cəlallısıdır!

Bu İzzət Cəbərutundan qüvvət və qüdrət dili ilə keçmiş peyğəmbərlərə nazil olanlardır. Biz onun cövhərini alıb ona öz fəzlimizlə möminlər üçün müxtəsərlik donu geyindirdik, ta ki, onlar Allahın Əhdinə vəfa edərək və öz həyatlarında Allahın əmanətlərini hifz edərək ruh aləmində möminlik cövhərini əldə etsinlər.

1.    EY RUH OĞLU!

Mənim ilk nəsihətim budur: pak, lütfkar və nurlu bir ürəyə malik ol ki, əzəli, əbədi və qədim bir səltənətə sahib olasan.

2.    EY RUH OĞLU!

Mənim gözümdə bütün şeylərin ən sevimlisi insafdır; Məni istəyirsənsə, ondan üz çevirmə. Ondan qafil olma ki, Mənim yanımda əmin tanınasan. Bunun köməyi ilə sən başqalarının gözü ilə deyil, öz gözünlə görərsən və heç kəsin biliyi ilə deyil, öz biliyinlə tanıyarsan. Bunu ürəyində düşün, gör sən necə olmalısan. Həqiqətən, insaf mənim sənə bir bəxşişimdir və sənə sevgi və lütfümün əlamətidir. Onu gözünün önündə saxla.

3.    EY İNSAN OĞLU!

Əslimin qədimliyində və varlığımın əzəliyyətində idim. Öz məhəbbətimi səndə gördüm, səni yaratdım. Və səni öz surətimdə yaratdım və öz gözəlliyimi səndə əks etdirdim.

4.    EY İNSAN OĞLU!

Sənin yaradılışını sevdim, odur ki, səni yaratdım! İndi məni sev ki, səni xatırlayım və sənin qəlbini həyat ruhu ilə doldurum.

5.    EY VARLIQ OĞLU!

Məni sev ki, Mən də səni sevim. Sən Məni sevməsən, Mənim məhəbbətim sənə heç vəchlə çatmaz. Bunu bil, ey bəndə!

6.    EY VARLIQ OĞLU!

Mənim məhəbbətim Sənin cənnətindir. Mənə qovuşmağın Sənin səmavi məskənindir. Oraya daxil ol, kecikmə. Uca Mələkutda və Ali Cəbərutda sənə müəyyən olunmuş budur!

7.    EY BƏŞƏR OĞLU!

Məni sevirsənsə, özündən üz çevir. Mənim razılığımı axtarırsansa, öz istəyinə göz yum. Beləcə, sən məndə fani ol ki, Mən də səndə əbədi yaşayım.

8.    EY RUH OĞLU!

Özündən üz çevirib Mənə dönməyinçə, sənə rahatlıq təyin olunmayıb. Çünki sənə yaraşan öz adınla deyil, Mənim adımla şərəflənməkdir, özünə deyil, Mənə təvəkkül etməkdir. Çünki istəyim tək Mənim, hər şeydən üstün sevilməyimdir.

9.    EY VARLIQ OĞLU!

Mənim Sevgim Mənim qalamdır. Hər kim bu qalaya daxil olsa, nicat tapar və əmin-amanlıqda olar; hər kim ondan üz çevirsə, yolunu azar və həlak olar.

10.  EY BƏYAN OĞLU!

Sən Mənim qalamsan: ona daxil ol ki, salamat olasan. Mənim Məhəbbətim səndədir: onu özündə tanı ki, Məni yaxınlığında tapasan!

11.  EY VARLIQ OĞLU!

Sən Mənim çırağımsan və Mənim işığım səndədir. Ondan nur al və Məndən başqasını axtarma. Çünki Mən səni zəngin yaratmışam və bütün nemətləri səndə təkmil etmişəm.

12. EY VARLIQ OĞLU!

Səni qüvvətli əllərimlə yaratdım, qüdrətli barmaqlarımla xəlq etdim. Nurumun cövhərini səndə əmanət qoydum. Buna razı ol və başqa bir şey axtarma. Mənim sənətim kamil və hökmüm nüfuzludur. Ona şəkk etmə və şübhə ilə yanaşma.

13.  EY RUH OĞLU!

Səni zəngin yaratdım, nə üçün yoxsulluğa yuvarlanırsan? Səni əziz yaratdım, nə üçün özünü zəlil tutursan? Səni elm cövhərindən zahir etdim, nə üçün məndə deyil, başqalarında elm axtarırsan? Səni məhəbbət gilindən yapdım, necə Məndən başqası ilə məşğulsan? İndi dön özünə bax ki, məni özündə qüvvətli, qüdrətli və qəyyum tapasan.

14. EY İNSAN OĞLU!

Sən Mənim mülkümsən, Mənim mülküm fani olmaz, nə üçün özünün fani olmağından qorxursan?! Sən Mənim nurumsan və Mənim nurum sönməz, nə üçün öz sönməyindən iztirab çəkirsən? Sən Mənim Cəlalımsan, Mənim Cəlalım heç vaxt əskilməz. Sən Mənim köynəyimsən, Mənim köynəyim heç vaxt yırtılmaz. İndi Mənim Məhəbbətimin kölgəsində istirahət et ki, Məni Üfüqi-Əlada tapasan.

15.  EY BƏYAN OĞLU!

Başqasından üz döndərib, üzünü üzümə çevir, çünki Mənim səltənətim əbədidir və heç vaxt sona çatmaz. Mənim mülküm daimidir, əsla dəyişilməz. Kainatı başdanbaşa axtarsan da, Məndən başqasını tapa bilməzsən.

16.  EY NUR OĞLU!

Məndən başqasını unut və Mənim ruhumla ünsiyyətdə ol. Bu Mənim Əmrimin cövhəridir, ona tərəf dön.

17.  EY İNSAN OĞLU!

Mənimlə kifayətlən və başqa yardımçı axtarma. Çünki Məndən başqası heç vaxt sənə kifayət etməz!

18.  EY RUH OĞLU!

Sənin üçün istəmədiyimizi Bizdən istəmə. Elə isə sənin üçün müəyyən etdiyimizə razı ol. Bu o şeydir ki, sənə fayda verər, əgər bununla kifayətlənəsən.

19.  EY ECAZKAR BƏSİRƏT OĞLU!

Sənə öz ruhumdan bir nəfəs üfürdüm ki, Məni sevən olasan. Nə üçün Məni tərk edib başqa bir məhbub axtardın!

20.  EY RUH OĞLU!

Mənim sənə haqqım böyükdür, unudula bilməz. Mənim sənə fəzlim boldur, örtülə bilməz. Mənim məhəbbətim səndə yuva qurub, gizlədilə bilməz. Mənim nurum səndə aşkardır, örtülə bilməz.

21.  EY BƏŞƏR OĞLU!

Sənin üçün Əbha ağacından seçilmiş meyvələr asmışam, nə üçün üz döndərdin və əskiyinə razı oldun. Üfüqi-Əlada sənin üçün xeyirli olanlara qayıt.

22.  EY RUH OĞLU!

Mən səni ali yaratdım, sən isə özünü alçaltdın. Yarandığın yerə yüksəl.

23.  EY UCA MƏQAM OĞLU!

Mən Səni əbədiliyə çağırıram, sən isə faniliyə yönəlirsən. Nədir səni Bizim sevdiyimizdən uzaqlaşdırıb öz istədiyinə cəlb edən?

24.  EY İNSAN OĞLU!

Öz həddini aşma, sənə layiq olmayan şeyə iddia etmə. Qüdrət və iqtidar sahibi olan Allah-Taalanın hüzurunda səçdə et!

25.  EY RUH OĞLU!

Öz məqamınla miskin qarşısında lovğalanma! Çünki Mən onun önündə gedirəm və sənin bədxahlığını görüb səni həmişəlik məhrum edərəm.

26.  EY VARLIQ OĞLU!

Necə oldu öz qüsurlarını unudaraq Mənim bəndələrimin qüsurları ilə məşğul oldun? Kim belə etsə, ona Mənim lənətim olsun.

27.  EY İNSAN OĞLU!

Öz günahın olduğu halda, heç kimin günahı barədə nəfəs belə çəkmə! Əgər bu əmrdən çıxsan, lənətlənərsən. Mən buna şəhadət verirəm.

28.  EY RUH OĞLU!

Yəqin bil, insanları ədalətə çağırıb, özləri isə ədalətsiz davrananlar Məndən deyillər, hətta Adımı daşısalar da!

29.  EY VARLIQ OĞLU!

Özün üçün istəmədiyin şeyi başqasına da rəva görmə. Eləməyəcəyin işi demə. Bu Mənim sənə Əmrimdir, ona əməl et!

30.  EY İNSAN OĞLU!

Mənim bəndələrimdən biri sənə üz tutub bir şey istəsə, onu rədd etmə. Çünki onun üzü Mənim üzümdür; Məndən utan.

31.  EY VARLIQ OĞLU!

Əməllərinin hesabı çəkilməmiş, hər gün özünə hesabat ver, çünki ölüm səni qəflətən haqlayar və əməllərin üçün hesabat qarşısında durarsan.

32.  EY UCA MƏQAM OĞLU!

Ölümü sənin üçün bir şadlıq müjdəçisi qərar verdim, nə üçün hüznlənirsən? Nuru öz şəfəqlərini sənin üzərinə səpmək üçün yaratdım, nə üçün ondan pərdələnirsən?

33.  EY RUH OĞLU!

Nurun xoş müjdəsi ilə səni salamlayıram, fərəhlən! Səni Müqəddəslik hüzuruna səsləyirəm, oraya pənah apar ki, əbədi rahatlıq tapasan.

34.  EY RUH OĞLU!

Ruhül-Qüds sənə vüsalın şad müjdəsini verir, nə üçün hüznlənirsən?! Hökm ruhu səni Öz Əmrində möhkəmləndirir, nə üçün ondan pərdələnirsən?! Onun Liqasının nuru səni yö-nəldir, necə aza bilirsən?

35.  EY İNSAN OĞLU!

Heç nəyə təəssüflənmə, hicranımızdan başqa. Heç şeydən fərəhlənmə, Bizə yaxınlaşdırandan və yanımıza qaytarandan başqa!

36.  EY İNSAN OĞLU!

Öz könlünün süruru ilə fərəhlən ki, Mənim liqama layiq olasan və Mənim Camalımı əks etdirəsən.

37.  EY İNSAN OĞLU!

Özünü Mənim gözəl libasımdan məhrum etmə! Mənim ecazkar bulağımdan nəsibini itirmə! Ta ki, Mənim Zatımın Əbədiyyəti boyunca səni susuzluq tutmasın.

38.  EY VARLIQ OĞLU!

Qanunlarıma Mənə məhəbbətin xatirinə əməl et. Razılığımı axtarırsansa, öz nəfsinin istəklərindən imtina et.

39.  EY İNSAN OĞLU!

Camalımı sevirsənsə Əmrlərimə, etinasız yanaşma! Razılığıma nail olmaq istəyirsənsə, nəsihətlərimi unutma!

40.  EY İNSAN OĞLU!

Sonsuz Kainatda dövrə vursan, Göylərin fəzasında dolaşsan belə, Əmrimizə baş əyib önümüzdə təzim etməyincə, heç vaxt rahatlıq tapa bilməyəcəksən.

41. EY İNSAN OĞLU!

Əmrimi yüksəlt ki, Əzəmətimin sirlərini sənə açım və əbədiyyət nuru ilə səni işıqlandırım.

42.  EY İNSAN OĞLU!

Mənim qarşımda baş əy ki, rəhmətimlə sənə aşkar olum. Mənim Əmrimin qələbəsinə qalx ki, hələ bu dünyada ikən qalib olasan.

43.  EY VARLIQ OĞLU!

Məni Torpağımda zikr et ki, səni öz Göylərimdə xatırlayım. Bununla Mənim gözlərim və səninkilər təskinlik tapsın.

44.  EY ƏRŞ OĞLU!

Sənin eşitmən mənim eşitməmdir, elə isə onunla eşit. Sənin görmən mənim görməmdir, elə isə onunla gör ki, öz sirli cövhərində Mənim Ali Müqəddəsliyimi təsdiq edəsən. Mən isə Özlüyümdə sənin uca Məqamına şəhadət verim.

45.  EY VARLIQ OĞLU!

Mənim razılığımla kifəyətlənərək və sənin üçün müəyyən etdiyimizə şükr edərək yolumda şəhidlik axtar ki, Əzəmət Çadırının altında və İzzət Sərapərdəsinin arxasında mənimlə dinçələsən.

46.  EY İNSAN OĞLU!

Öz əməlinə fikir ver və düşün: öz yatağında ölmək istəyirsən, yoxsa Mənim yolumda torpaq üzərində qan tökməklə şəhid olaraq ən Uca Cənnətdə Əmrimin Məşriqi və Nurumun Məzhəri olmaq istəyirsən? Özün insafla düşün, ey bəndəm!

47.  EY İNSAN OĞLU!

Camalıma and olsun! Saçlarının öz qanına boyanması Mənim nəzərimdə Kainatın yaranmasından və iki dünyanın ziyasından daha böyükdür. Buna çalış, ey bəndə!

48.  EY İNSAN OĞLU!

Hər şeyin bir əlaməti var, məhəbbətin əlaməti də mənim qəzama səbr etmək və mənim bəlalarıma dözməkdir.

49.  EY İNSAN OĞLU!

Günahkar bağışlanmasını necə istəyirsə və təqsirkar mərhəməti necə umursa, həqiqi aşiq də bəlaları o cür arzulayır.

50.  EY İNSAN OĞLU!

Əgər bəlalara Mənim yolumda düşməsən, onda necə Mənim Rizayətimrazı olanların yolu ilə gedə bilərsən? Əgər məşəqqətə Mənim hüzuruma yetişmək şövqü ilə düşməsən, Mənim Camalıma məhəbbətin nuru ilə necə işıqlana bilərsən?

51.  EY İNSAN OĞLU!

Mənim bəlam mənim inayətimdir - zahirdə oddur, cəzadır, batində isə Nurdur və mərhəmətdir. Onu qarşıla ki, əzəli bir nur və əbədi bir ruh olasan. Bu Mənim Əmrimdir, ona əməl et!

52.  EY BƏŞƏR OĞLU!

Sənə nemət qismət olarsa, fərəhlənmə və zillətə düçar olsan, kədərlənmə, bunların hər ikisi bir anda keçib gedər və yox olar.

53.  EY VARLIQ OĞLU!

Əgər yoxsulluğa düşsən qüssələnmə, vaxt olar, varlılıq Sultanı sənin görüşünə gələr. Zillətdən qorxma, bir gün gələr izzət sənə nəsib olar.

54.  EY VARLIQ OĞLU!

Əgər sənin qəlbin bu əbədi və daimi dövlətə, bu əzəli və qədimi həyata yönəlibsə, bu fani və ani dövləti tərk et.

55.  EY VARLIQ OĞLU!

Özünü bu fani dünya ilə məşğul etmə, çünki Biz qızılı atəşlə, bəndələri isə qızılla sınayırıq.

56.  EY İNSAN OĞLU!

Sən qızılı arzulayırsan, Mən isə sənin ondan azad olmağını istəyirəm. Sən öz varlılığını ona malik olmağında görürsən, Mən isə sənin varlılığını ondan təmiz olmağında görürəm. Həyatıma and olsun! Bu mənim elmimdir, o isə sənin xəyalındır. Necə ola bilər ki, Mənim yolum səninki ilə uyğun gəlsin?

57.  EY İNSAN OĞLU!

Mənim malımı Mənim yoxsullarıma ver ki, Mənim göydəki solmayan cəlalımın dəfinələrindən və dağılmayan şanımın xəzinələrindən bəhrələnəsən. Lakin həyatıma and olsun! Mənim gözümlə baxsan, ruhu fəda etmək daha gözəldir.

58.  EY BƏŞƏR OĞLU!

Varlıq heykəli Mənim taxtımdır. Mənim onun üstündə əyləşib orada bərqərar olmağım üçün onu hər şeydən təmizlə.

59.  EY VARLIQ OĞLU!

Sənin ürəyin mənim mənzilimdir — Mənim nazil olmağım üçün onu təmizlə. Ruhun mənim Vəhyimin məkanıdır, mənim Zühurum üçün pak et.

60.  EY İNSAN OĞLU!

Əlini Mənim qoynuma sal ki, parlayaraq və işıq saçaraq sənin üzərində ucalım.

61.  EY İNSAN OĞLU!

Göylərimə yüksəl ki, vüsalımın sevincinə qovuşasan və tükənməz cəlal piyaləsindən misilsiz şəffaf şərab içəsən!

62.  EY İNSAN OĞLU!

Günlərinin çoxu keçdi. Sən isə nəfsinin istədiyi xəyal və güman ilə məşğul olmusan. Nə vaxtadək öz qəflət yatağında yatacaqsan? Başını qəflətdən qaldır, Günəş üfüqə çatıbdır, bəlkə Camalın nuru sənin üzərinə saçıla.

63.  EY İNSAN OĞLU!

Tur dağının üfüqundən sənə nur saçdı və könlünün Sinasına ziya ruhu üfürüldü. Elə isə özünü bədgümanlıq pərdələrindən xilas et və Mənim dərgahıma daxil ol ki, əbədi həyata qabil olasan və mənim liqama layiq olasan, ta ki, sənə nə ölüm nəsib olsun, nə də əzab-əziyyət.

64.  EY İNSAN OĞLU!

Mənim Əzəliyyətim Mənim yaratdığımdır, onu sənin üçün yaratdım — onu öz heykəlin üçün libas et. Mənim Təkliyim mənim quruluşumdur, onu sənin üçün yaratdım, özünü ona bürü ki, sən əbədi olaraq Mənim qəyyumluq məşriqim olarsan.

65.  EY İNSAN OĞLU!

Mənim Əzəmətim Mənim sənə hədiyyəmdir, Mənim Kibriyam sənə olan Rəhmətimdir. Mənə layiq olanı heç kim nə dərk edə, nə də saya bilər. Həqiqətən, Mən onu Öz bəndələrimə məhəbbət və lütfümün və yaratdıqlarıma mərhəmətimin işarəsi olaraq Mənim əmr xəzinələrimdə və sirli dəfinələrimdə gizlətdim.

66.  EY İLAHİ, GÖRÜNMƏZ CÖVHƏRİN UŞAQLARI!

Siz özünüzü Mənim məhəbbətimdən məhrum edirsiniz və qəlblər Mən xatırlananda iztiraba düşürlər, çünki ağıllar Məni dərk edə bilməz və Mən qəlblərə sığışmaram.

67.  EY CAMAL OĞLU!

Ruhuma və inayətimə, rəhmətimə və Camalıma and olsun! Qüdrət dili ilə sənə nazil etdiyim və Qüvvət qələmi ilə yazdıqlarım Mənim şənimə və ləhnimə görə deyil, sənin dərkinə və istedadına görədir.

68. EY İNSAN ÖVLADLARI!

Məgər siz bilmirsinizmi, Biz sizi nə üçün bir torpaqdan yaratdıq? Onun üçün ki, heç kəs heç kəsin qarşısında qürrələnməsin. Hər an, öz ürəyinizdə nədən yarandığınızı düşünün. Bir halda ki, Biz sizi bir ünsürdən yaratmışıq, siz bir ruh kimi olmalısınız, bir ayaqla yeriməli, bir ağızla yeməli və bir yerdə sakin olmalısınız. Ta ki, sizin zatınızdan hərəkətlərinizlə, əməllərinizlə tovhid nişanələri və təcrid çövhərləri aşkar olsun. Sizə nəsihətim budur, ey nur əhli! Bu nəsihəti qəbul edin ki, yüksək İzzət ağacından müqəddəs meyvələr dərəsiniz.

69. EY RUH OĞULLARI!

Siz Mənim xəzinələrimsiniz, çünki sizdə sirlərimin incilərini və elmimin cəvahiratını gizlətmişəm. Onu Mənim bəndələrim arasındakı yadlardan və şər adamlardan qoruyun.

70. EY ÖZ SƏLTƏNƏTİNDƏ NƏFSİNİN ZATI İLƏ QALANIN OĞLU!

Bil ki, Mən səni müqəddəslik ətirlərinin rayihəsi ilə bürüdüm, Öz sözlərimi sənə tamamilə açdım və Öz nemətimi səninlə tamamladım və Özümə razı olduğumu sənə də razı oldum. Onda Mənim rizayətimlə kifayətlən və Mənə şükr et!

71. EY İNSAN OĞLU!

Sənə bütün bu açdıqlarımızı nur mürəkkəbi ilə öz ruhunun lövhəsi üzərinə yaz. Əgər buna qadir olmasan, qəlbinin cövhərindən mürəkkəb düzəlt. Əgər bunu da bacarmasan, onda Mənim yolumda tökülən al mürəkkəblə yaz. Həqaqətən, bu Mənə hamısından şirindir. Qoy onun nuru əbədi olaraq qalsın.

 

 


Kəlimət-i Məknunə. II Hissə (Fars dilindən) >>  

 

©2003-2008 Azərbaycan Bəhailərinin Milli Ruhani Məhfili.

Digər təşkilatlar və fiziki şəxslər bu materiallardan sərbəst istifadə edə bilər, o şərtlə ki, burada olan məlumatlar təhrif olunmayacaq, materialların və ya onlardan olan çixarışların nəşrində aşağıdakılar qeyd olunacaq:
"Azərbaycanda Bəhai Dini icmasının rəsmi www.bahai.az internet saytının materiallarından istifadə olunmuşdur."
Kəlimət-i Məknunə (Gizli kəlamlar)
I Hissə (Ərəb dilində nazil olmuşdur)
Yuxarı >