"Dünya tək bir vətəndir, və bütün insanlar - onun vətəndaşlardır." - Bəhaullah
Kəlimət-i Məknunə (Gizli kəlamlar)
Iİ Hissə (Fars dilində nazil olmuşdur)

<< Kəlimət-i Məknunə kitabi haqqinda

<< Kəlimət-i Məknunə. I Hissə (Ərəb dilindən)

 

Bəyan edən, Qüdrətli Allahın adı ilə!

1. EY HUŞ VƏ QULAQ SAHİBLƏRİ!

Məhbubun ilk müjdəsi budur: Ey mənəvi bülbül! Ruhun qızılgül bağçasından başqa yer seçmə! Ey eşq Süleymanının müjdəçisi! Cananın Səbasından başqa yeri vətən tutma. Ey Bəqa Ənqası! Vəfanın Qaf dağından başqa yerdə sakin olma. Sənin məkanın buradır, əgər ruh qanadı ilə sonsuzluq səltənətinə pərvaz etsən və öz məqsədinə nail olmaq istəsən.

2. EY RUH OĞLU!

Hər quşun gözü öz yuvasında və hər bülbülün məqsudu gülün camalıdır. Yalnız bəndələrin könül quşlarıdır ki, fani torpağa qane olub əbədi yuvalarından uzaq düşüblər və uzaqlıq gillərinə yönələrək yaxınlıq güllərindən məhrum olublar. Çox heyrət, həsrət, əfsus və heyflər olsun ki, bir piyalə xatirinə Yüksək Məqamın dalğalı dəryasından üz döndəriblər və Əbha Üfüqündən uzaq düşüblər.

3.    EY DOST!

Könül bağında eşq gülündən başqa gül əkmə. Sevgi və şövq bülbülünu əldən buraxma. Dürüst adamlarla ünsiyyəti qənimət bil və şər adamlarla yoldaşlıqdan əlini və ürəyini üz.

4.    EY İNSAF OĞLU!

Hansı aşiq sevgilisinin vətənindən başqa bir yerdə qala bilər? Və hansı axtaran axtardığını tapmayınca sakit ola bilər? Sədaqətli aşiq üçün həyat sevgilisinin vüsalıdır, ölüm isə ayrılığıdır. Onun könlü səbrdən xalidir və qəlbində rahatlıq yoxdur. Sevgilinin məkanına çatmaqdan ötrü yüz min dəfə canından keçər.

5.    EY TORPAQ OĞLU!

Həqiqətən, sənə söyləyirəm: İnsanların ən qafili o kəsdir ki, mübahisə edər və özünü qardaşından yüksək tutmağa çalışar. Söylə: Ey qardaşlar! Özünüzü sözlə deyil, əməl ilə bəzəyin.

6.    EY YER OĞULLARI!

Həqiqətən, bilin: O qəlbdə ki bir zərrə həsəd qala, əlbəttə, mənim əbədi Çəbərutuma çata bilməz və Mənim pak Mələkutumdan müqəddəslik rayihələrini duya bilməz.

7.    EY MƏHƏBBƏT OĞLU!

Səninlə ən yüksək yaxınlıq məqamı və ən ülvi eşq ağacı arasında bir addım məsafə var. Birinci addımı at və ikincisini ölməzlik aləminə qoy və Əbədiyyət Çadırına gir. Onda İzzət Qələmindən nazil olanları eşit.

8.    EY İZZƏT OĞLU!

Müqəddəs yolda çevik ol və Ünsiyyət göylərinə qədəm qoy, ürəyini ruhun cilası ilə təmizlə və ən yüksək dərgaha doğru tələs.

9.    EY ANİ KÖLGƏ!

Aşağı şübhə dərəcələrini öt və yəqinliyin İzzətli uca mərtəbələrinə daxil ol. Haqq gözünü aç ki, pərdəsiz Camalı görəsən və: «Mübarək olsun Allah ki, Yaradanların ən gözəlidir» — deyəsən.

10.  EY NƏFSİ-HƏVA OĞLU!

Həqiqətən, eşit: Fani göz əbədi Camalı tanıya bilməz, cansız ürək isə solmuş çiçəkdən başqa heç nə ilə məşğul olmaz, çünki oxşar oxşarını axtarır və onunla ünsiyyət tapır.

11. EY FANİ TORPAQ OĞLU!

Kor ol ki, Gözəlliyimi görəsən; kar ol ki, məlahətli Avazımı eşidəsən; cahil ol ki, Elmimdən nəsib alasan və fəqir ol ki, əbədi Zənginlik Dənizimdən daima pay alasan. Kor ol, yəni Mənim Gözəlliyimdən başqa hər şeyə; kar ol, yəni Mənim Kəlamımdan başqa hər kəlama; cahil ol, yəni Mənim elmimdən başqa hər elmə, ta ki, pak bir gözlə, təmiz bir ürəklə, lətif bir qulaqla Mənim Müqəddəs Dərgahıma gələsən.

12. EY İKİ GÖZÜN SAHİBİ!

Bir gözünü yum və bir gözünü aç: yum, yəni dünyaya və dünyada olanlara. Aç, yəni Cananın müqəddəs Camalına.

13.  EY MƏNİM OĞULLARIM!

Qorxuram ki, Səmavi Göyərçinin nəğmələrindən feyz almamış, fəna diyara qayıdasınız və Gülün Camalını görməmiş su və gilə dönəsiniz.

14.  EY DOSTLAR!

Fani gözəllikdən ötrü əbədi Gözəllikdən keçməyin və torpaq dünyasına könül bağlamayın.

15.  EY RUH OĞLU!

Bir zaman gələcək ki, mənəvi Müqəddəs Bülbül mənaların sirlərini sizə bəyan etməyəcək; Və siz hamınız Rəhmani Nəğmələrdən və Sübhani Nidadan məhrum olacaqsınız.

16.  EY QƏFLƏTİN CÖVHƏRİ!

Yüz min mənəvi dil bir nitqdən səslənir və yüz min görünməz mənalar bir avazda aşkardır, amma heyf ki, nə bir qulaq var eşitsin, nə də bir qəlb var, bir kəlmə anlasın.

17.  EY YOLDAŞLAR!

Məkansızlıq qapıları açılıb və Məşuqun Ölkəsi aşiqlərin qanı ilə zinətlənib və hamı bu Ruhani Şəhərdən məhrum olub, bir neçəsindən başqa. Və o bir neçəsinin də ancaq az hissəsi pak qəlb və müqəddəs nəfsli idilər.

18.  EY ƏN UCA CƏNNƏTİN SAKİNLƏRİ!

Səmavi cənnətin yaxınlığındakı Müqəddəs Fəzada yeni bir Bağın zahir olmasını yəqinlik əhlinə xəbər verin. İlahi dünyanın mömin sakinləri ilə ən uca Cənnətdə olanlar onun ətrafına dolanırlar. Elə isə bu yüksək məqama çatmağa cəhd edin və eşqin sirlərinin həqiqətlərini onun lalələrində aşkarlayın və bütün birlik və kamillik hikmətlərini onun həmişəlik meyvələrində tapın. «O kimsələr ki, güvənclik içərisinə daxil oldular, gözləri işıqlandı!»

19.  EY MƏNİM DOSTLARIM!

Bu ən böyük Cənnətdə əkilmiş Ənisə ağaçının kölgəsində, aydın və doğru səhərdə hamınız o mübarək və müqəddəs fəzada mənim yanımda hazır olduğunuzu unutmusunuzmu? Mən o zaman üç pak kəlmə buyurdum. Siz hamınız onları eşidən kimi huşunuzu itirdiniz. O kəlamlar bunlardır: «Ey dostlar, öz razılığınızı mənim razılığımdan üstün tutmayın. Sizin üçün istəmədiyimi heç vaxt məndən istəməyin. Arzu və istəyinizə bulaşmış ölü qəlblərlə mənim yanıma gəlməyin». Əgər ürəklərinizi təmizləsəniz, o məkan və fəzanı xatırlayarsınız və onda mənim bəyanlarım hamınıza məlum olar.

Cənnətin beşinçi Lövhünün müqəddəs sətirlərinin səkkizincisində belə buyururlar:

20. EY QƏFLƏT YATAĞINDA ÖLÜ KİMİ YATANLAR!

Bir çox əsrlər keçdi və qiymətli ömrünüzü sona çatdırdınız, lakin sizdən təmiz bir nəfəs bizim müqəddəs Məqamımıza gəlmədi. Kafirlik dənizlərində qərq olduğunuz halda Tövhid kəlməsini dilə kətirirsiniz. Mənim sevmədiklərimi məhbub bilib, düşmənlərimi dost tutmusunuz, mənim yerimdə şadlana-şadlana və sevinə-sevinə gəzirsiniz. Amma bilmirsiniz ki, Mənim yerim sizdən bezardır və torpağın üzərində olan hər şey sizdən qaçır. Əgər doğrudan gözünüzü açsanız, yüz min qəm-qüssəni bu sürurdan xoş bilər və yox olmağı bu həyatdan üstün tutarsınız.

21.  EY HƏRƏKƏT EDƏN TORPAQ!

Mən sənə munisəm, amma sən məndən məyussan. Günah qılıncı sənin ümid ağacını kəsib və bütün hallarda sənə yaxınam, Sən isə bütün hallarda məndən uzaqsan. Mən səndən ötrü tükənməz izzət seçdim, sən isə özün üçün nəhayətsiz zillət bəyəndin. Nə qədər ki, vaxt var, qayıt və fürsəti əldən vermə.

22.  EY HƏVƏS OĞLU!

Müdrik və alim adamlar illərlə çalışdılar, Cəlal Sahibinin vüsalına yetişmədilər, ömürləri boyu qaçdılar, Camal Sahibinin liqasına çatmadılar, lakin sən qaçmadan mənzilə çatdın və tələb etmədən mətləbinə yetişdin. Bütün bu məqam və mərtəbələrə çatdıqdan sonra öz nəfsinin pərdələri ilə elə pərdələndin ki, gözün Dostun Camalını görmədi və əlin Yarın ətəyinə çatmadı. Bu çox təəccüblüdür, ey bəsirət sahibləri!

23. EY EŞQ DİYARININ ƏHLİ!

Fani küləklər baqi Şamı əhatə edib və Ruhani Qulamın camalı tozun qara zülmətində örtülü qalıb. Eşq Sultanlarının Sultanı zalımların əlində məzlum qalıb və Müqəddəs Göyərçin bayquşların caynağında giriftardır. Bütün Əbha çadırının və Ali Məqamın sakinləri buna ağlayır və sızlayırlar. Siz isə qəflət yerində tam rahatlıqda oturmusunuz və özünüzü xalis dostlardan hesab edirsiniz. Sizin zənn etdiyiniz necə də əbəsdir.

24.  EY ELMLİ TANINAN CAHİLLƏR!

Nə üçün zahirdə çobanlıq iddiası edirsiniz, lakin batində qoyunlarımın canavarısınız. Siz səhərdən qabaq çıxan ulduz kimi zahirdə parlaq və işıqlısınız, batində isə Mənim şəhər və diyarımın karvanlarının yolunu azmasına və həlakına səbəb olursunuz.

25.  EY ZAHİRDƏ BƏZƏNMİŞ, BATİNDƏ ƏSKİKLƏR!

Siz duru, acı suya bənzəyirsiniz ki, zahirdə çox lətif və gözəl görünür, lakin ilahi dad sərrafı onun bir damcısını belə qəbul etməz. Bəli, Günəş işığı həm torpaqda, həm də aynada təcəlli edir, lakin bu təcəllinin fərqi yerdən ta Fərqidan ulduzuna qədərdir, bəlkə də bu fərq intəhasızdır.

26.  EY MƏNİM DİLDƏ DOSTUM!

Bir az düşün: dost ilə düşmənin bir ürəyə sığışmasını heç eşitmisənmi? Elə isə düşməni ürəyindən qov ki, Dost öz evinə girə bilsin.

27.  EY TORPAQ OĞLU!

Bütün Göydəkiləri və yerdəkiləri sənin üçün müəyyən etdim, qəlblərdən başqa. Onları Cəlal və Camalımın təçəllisinin nazil olan yeri təyin etdim. Sən isə mənim mənzilimi və yerimi başqasına verdin. Beləliklə, Müqəddəs Zühurum nə zaman ki, Öz məkanına kəlmək istədi, orada Özünü deyil, əğyarı tapdı. Məkansız qaldığından Cananın tərəfinə qayıtdı. Bunu gizlətdim və sirri açmadım, sənin xəcalətli olmağını istəmədim.

28. EY HƏVƏSİN CÖVHƏRİ!

Çox səhərlər Laməkan Allahın məşriqindən sənin mənzilinə gəldim və səni rahatlıq yatağında Mənimlə yox, başqası ilə məşğul olan gördüm. Onda ruh şimşəyi kimi İzzət Səltənətinin çadırına qayıtdım. Və öz yaxın yerlərimdə müqəddəs qoşunlara bir şey söyləmədim.

29. EY SƏXAVƏT OĞLU!

Yoxluq səhralarında idin. Əmrin torpağının köməyi ilə səni zahir etdim və mövcudiyyətin hər zərrəsini və Kainatın həqiqətlərini sənin tərbiyən üçün müəyyən etdim. Belə ki, anadan olmamışdan qabaq sənin üçün iki nurlu süd bulağı qərar verdim. Səni qorumağa gözlər təyin etdim. Sənin məhəbbətini ürəklərə saldım. Öz Səxavətimə görə səni Rəhmətimin kölgəsində bəslədim. Fəzl və rəhmət cövhərimlə səni hifz etdim. Bütün bunlarda məqsədim bu idi ki, Mənim həmişəlik Cəbərutuma gələsən və görünməz bəxşişimə layiq olasan. Sən qafil isə yetişən kimi, Mənim bütün nemətlərimə laqeydlik köstərdin, öz batil xəyallarına qapıldın. Belə ki, hər şeyi tamamilə unutdun, Dostun qapısından keçib düşmənin eyvanında yer tutdun və məskən saldın.

30.  EY DÜNYA BƏNDƏSİ!

Çox səhərlər Mənim İnayətimin nəsimi sənin üzərinə əsdi. Səni qəflət yatağında yatmış gördü. Onda Sənin halına ağlayaraq geri döndü.

31. EY YER OĞLU!

Əgər Məni istəyirsənsə, Məndən başqasını istəmə. Əgər mənim Camalıma baxmaq istəyirsənsə, bütün dünyaya gözünü yum. Çünki Mənim İradəm ilə başqasının iradəsi su ilə atəş kimidir, bir könüldə sığmaz.

32. EY DOSTA BİGANƏ!

Sənin ürəyinin şamı Mənim Qüdrət əlimlə yandırılıb. Onu nəfsi-həvanın müxalif küləkləri ilə söndürmə. Sənin bütün xəstəliklərinin təbibi mənim zikrimdir — onu unutma. Məhəbbətimi özün üçün sərmayə bil, onu göz bəbəyin və canın kimi əziz saxla.

33.  EY MƏNİM QARDAŞIM!

Şirin Dilimdən nazənin sözlərimi eşit. Bal Dodağımın müqəddəs və mənəvi çeşməsindən iç, yəni mənim İlahi hikmətimin toxumlarını qəlbin pak torpağına səp və onu yəqinlik suyu ilə suvar ki, Mənim Elm və Hikmətimin sünbülləri o pak şəhərdə cücərsin və yaşıllaşsın.

34.  EY CƏNNƏTİMİN SAKİNLƏRİ!

Sizin sevgi və dostluq fidanınızı Müqəddəs Cənnətimin bağında Lütf Əllərimlə əkdim və onu Mərhəmət leysanı ilə suvardım. İndi barverməyə yaxınlaşıb, çalışın ki, qorunsun, arzu və şəhvət atəşilə yanmasın.

35.  EY DOSTLARIM!

Yanlışlıq çırağını söndürün və hidayətin əbədi məşəllərini öz könüllərinizdə yandırın, çünki yaxın vaxtlarda varlıq sərrafları Məbudun hüzurunda xalis möminlikdən və pak əməldən başqa heç nə qəbul etməyəcəklər.

36.  EY TORPAQ OĞLU!

Hikmətli insanlar o şəxslərdir ki, dinləyən olmasa, danışmazlar, necə ki, istəyən olmasa saqi piyalə verməz və aşiq məşuqun Camalına çatmasa, ürəkdən səslənməz. İndi elm və hikmət toxumlarını qəlbinizin pak torpağına səpib örtün ki, ilahi hikmətin sünbülgülləri torpaqda deyil, könüllərdə göyərsin.

Lövhün birinci sətrində zikr olunub və yazılıb və Allahın hifz olunmuş Çadırında saxlanılır:

37. EY BƏNDƏM!

Əbədi mülkü dünyəvi arzularla əldən vermə. Cənnət şahənşahlığını bir şəhvət ilə əldən buraxma. Bu, Rəhimli Allahın Qələm çeşməsindən axan həyat suyudur. İçənlərin xoş halına!

38.  EY RUH OĞLU!

Qəfəsi sındır və eşqin humay quşu kimi müqəddəs səmada uç, nəfsindən keç və Allahın müqəddəs səmasında rəhmani nəfəslə rahat ol.

39.  EY KÜL OĞLU!

Bir günlük rahatlığa qane olma və əbədi rahatlığı əldən vermə, daimi və əbədi eyş-işrət gülüstanını torpaqdan olan fani bir komaya dəyişmə. Zindandan canın xoş çöllərinə uç. Fani qəfəsdən Laməkanın könül oxşayan Cənnətinə uç.

40.  EY MƏNİM BƏNDƏM!

Dünya zəncirindən özünü qurtar və nəfs zindanından özünü azad et. Vaxtı qənimət bil. Çünki bu vaxtı daha görməyəcəksən və bu zamanı heç vaxt tapa bilməyəcəksən!

41.  EY KƏNİZİMİN ÖVLADI!

Əgər Əbədiyyət Səltənətini görsən, əlbəttə, bu fani dünyanı tərk edərsən. Lakin o aləmi gizlətməyin hikmətləri və bu aləmi gözəl köstərməyin rəmzləri var ki, bunu pak qəlblərdən başqa heç kim dərk edə bilməz.

42.  EY MƏNİM BƏNDƏM!

Ürəyini bədxahlıqdan təmizlə və həsədsiz, Allahın Müqəddəslik hüzuruna daxil ol.

43.  EY MƏNİM DOSTLARIM!

Dostun razılığı yolu ilə kedin. Onun razılığı onun xalqının razılığında olub və olacaq. Yəni dost dostun razılığı olmadan onun evinə girməz, mallarına toxunmaz, öz razılığını dostun razılığından üstün tutmaz və heç bir işdə özünü üstün saymaz. Ey ağıl sahibləri, bunun üzərində fikirləşin.

44.  EY ƏRŞ DOSTUM!

Pis eşitmə və pis görmə, özünü zəlil etmə və ağlayıb sızlama. Yəni pis demə ki, pis eşitməyəsən, xalqın eybini böyütmə ki, sənin də eybin böyük görünməsin, heç kəsə zillət arzulama ki, sənin də zillətin aşkar olmasın. Onda təmiz bir ürəklə, pak könüllə, müqəddəs qəlblə və təmiz fikirlə bir andan da az hesab olunan ömrünün günlərində azad ol ki, bu fani cəsəddən mənalar Cənnətinə qayıdasan və daimi Mələkutda yer tutasan.

45. VAY! VAY! EY HƏVA AŞİQLƏRİ!

Ruhani Sevgilinin yanından şimşək kimi keçmisiniz və şeytani xəyallara könül vermisiniz. Xəyala səcdə edərək adını haqq qoymusunuz. Tikana baxırsınız, amma adını gül qoymusunuz. Sizdən nə bir azad nəfəs gəldi, nə də könüllərinizin bağında inqita nəsimi əsdi. Sevgilinin şəfqətli nəsihətlərini yelə verərək könlünüzün səhifəsindən silmisiniz və heyvanlar kimi şəhvət və arzu çəmənliyində eyş-işrətlə məşğulsunuz.

46.  EY YOL QARDAŞLARI!

Nə üçün Nigarın zikrindən qafil olub Həzrəti Yarın yaxınlığından uzaq qalmısınız? Xalis Camal misilsiz çadırda Cəlal ərşində əyləşib, siz isə öz nəfsinizlə mücadilə edirsiniz. Müqəddəs rayihələr və Səxavət nəsimləri əsməkdədir, lakin siz zökəmə tutularaq bunlardan məhrum qalmısınız. Əfsuslar olsun sizə və sizin arxanızca qədəmlərinizin izi ilə gedənlərə!

47.  EY ARZU UŞAQLARI!

Qürur paltarını əyninizdən çıxarın və təkəbbür libasını bədəninizdən soyunun.

Gizli bir qələmlə Yaqut Lövhündə olan Müqəddəs sətirlərin üçüncü sətrində yazılan budur:

48.  EY QARDAŞLAR!

Bir-birinizə qarşı dözümlü olun və dünyadan əl götürün. İzzətlə, fəxr etməyin və zillətdən də utanmayın. Camalıma and olsun ki, hamını torpaqdan yaratmışam və əlbəttə, torpağa da qaytaracağam.

49.  EY TORPAQ UŞAQLARI!

Varlıları yoxsulların kecəyarısı nalələrindən xəbərdar edin. Məbada, qəflətdən həlak olalar və Sərvət Ağacından binəsib qalalar. Səxavətlilik və əliaçıqlıq Mənim xasiyyətlərimdəndir. Xoş o adamın halına ki, özünü Mənim xasiyyətimlə bəzəyə.

50.  EY NƏFSİ HƏVANIN CÖVHƏRİ!

Hərislikdən əl çək, qənaətcil ol, çünki həris həmişə məhrum olmuş, qənaətcil isə sevilmiş və qəbul olunmuşdur.

51.  EY KƏNİZİMİN OĞLU!

Yoxsulluqda iztirab gərəkməz, zənginliyə də güvənilməz: hər yoxsulluqdan sonra dövlətlilik və hər zənginlikdən sonra yoxsulluq gəlir. Lakin Allahdan başqasından yoxsul olmaq böyük nemətdir, bunu əskiklik saymayın. Çünki nəhayətdə İlahi zənginlik sizə üz çevirər. Bu məqamda «Siz həqiqətdə yoxsullarsınız» bəyanının mənasını bilərsiniz və bu mübarək söz — «Allaha and olsun ki, O hər şeyə malikdir» — bir doğru səhər kimi cəlal parlaqlığı ilə aşiqin qəlbinin üfüqündən doğar və zənginlik taxtında qərar tutar.

52. EY QƏFLƏT VƏ NƏFSİ-HƏVA UŞAQLARI!

Düşmənimi mənim evimə buraxmısınız, dostumu özünüzdən uzaqlaşdırmısınız: belə ki, Mənim deyil, özgəsinin məhəbbətinə ürəyinizdə yer vermisiniz. Dostun bəyanını eşidin və Onun cənnətinə üz tutun. Zahiri dostlar mənafeləri xatirinə bir-birlərini sevərlər, lakin mənəvi dost sizi özünüzə görə sevib və sevir. Həqiqətən, O, sizi hidayət etməkdən ötrü tükənməz bəlalar qəbul edib. Belə dosta xəyanət etməyin, ona doğru tələsin. Adlar Malikinin qələminin üfüqündən çıxan vəfa və həqiqət kəlməsinin günəşi budur. Təhlükədə Yardımçı və Qəyyum Allahın kəlməsini eşitmək üçün qulaqlarınızı açın!

53. EY FANİ VAR-DÖVLƏTLƏ QÜRURLANANLAR!

Biliniz ki, var-dövlət, axtaranla Axtarılan, aşiq ilə Məşuq arasında möhkəm bir səddir. Varlı, çox az bir qismi istisna olmaqla, heç vaxt Allahın yaxınlıq hüzuruna varid ola bilməz və təslim və razılıq şəhərinə girə bilməz. Beləliklə, xoş o varlının halına ki, sərvət onun əbədi mələkuta girməsinə mane olmaya və onu əbədi dövlətdən məhrum etməyə. İsmi-Əzəmə and olsun ki, Günəş yer əhlini işıqlandırdığı kimi, o varlının nuru da göy əhlinə işıq bağışlar.

54.  EY YER ÜZÜNÜN VARLILARI!

Aranızdakı yoxsullar mənim əmanətimdir. Elə isə əmanətimi yaxşı saxlayın. Yalnız öz rahatlığınıza can atmayın.

55.  EY NƏFSİ-HƏVA OĞLU!

Sərvət aludəliyindən pak ol və tam bir rahatlıqla yoxsulluq göylərinə qədəm qoy ki, əbədilik şərabını fanilik çeşməsindən içəsən.

56.  EY MƏNİM OĞLUM!

Şər adamların söhbəti qəmi artırar, dürüst adamların ünsiyyəti qəlbin pasını təmizlər. "Hər kim Allah ilə ünsiyyət etmək istəyirsə, Onun dostları ilə ünsiyyət etsin və hər kim Allahın kəlamını eşitmək istəyirsə, Onun seçilmişlərinin kəlamlarını eşitsin".

57. EY TORPAQ OĞLU!

Ehtiyatlı ol! Şər adamlarla ülfət etmə və ünsiyyət axtarma. Çünki şər adamlarla yoldaşlıq canın nurunu cəhənnəm oduna çevirər.

58. EY KƏNİZİMİN OĞLU!

Ruhül-Qüds feyzi istəyirsənsə, mömin insanlarla ünsiyyətdə ol, çünki möminlər Əbədiyyət şərabını Ölməz Saqinin əlindən içmişlər və ölülərin ürəklərini həqiqi səhər təki canlandırır və nurlandırırlar.

59.  EY QAFİLLƏR!

Güman etməyin ki, ürəklərinizin sirləri örtülüdür. Hətta yəqin bilin ki, onlar aydın xətlə həkk olunmuşdur və Allahın hüzurunda açıq-aşkardır.

60.  EY DOSTLAR!

Həqiqətən, deyirəm, ürəklərinizdə gizlətdiyiniz bütün şeylər Bizim yanımızda gün kimi aydın və aşkardır. Lakin onların örtülməsi sizin ləyaqətinizə görə deyil, Bizim Fəzl və Səxavətimizdəndir.

61.  EY İNSAN OĞLU!

Rəhmət dənizimin dərinliklərindən bir şəbnəm aləmdəkilərə səpdim. Və ona tərəf dönən bir kimsə görmədim. Çünki hamı Tovhidin əbədi və lətif şərabını qoyub, kəsif çirkab suyuna üz tutublar və Əbədi Camalımın şərabından əl çəkərək, fani piyaləyə qane olublar. Nə iyrəncdir qane olduqları!

62. EY TORPAQ OĞLU!

Əbədi olan Sevgilinin misilsiz şərabına göz yumma, fani və bulanıq şəraba baxma. Əhədiyyət Saqisinin əlindən əbədilik piyaləsini al ki, tamamilə huşyar olasan və görünməyən məna aləmindən müjdə eşidəsən. De: Ey alçaq təbiətlilər! Nə üçün Mənim əbədi müqəddəs şərabımdan fani suya üz çevirmisiniz?!

63.  EY YER ÜZÜNÜN SAKİNLƏRİ!

Yəqin bilin ki, qəfil bir bəla arxanızca gəlir və böyük bir fəlakət sizi gözləyir. Güman etməyin ki, pis əməlləriniz gözdən yayınıb. Camalıma and olsun ki, sizin bütün əməlləriniz Zəbərcədi lövhündə aydın xətlə həkk olunmuşdur.

64. EY YER ÜZÜNÜN ZALIMLARI!

Zülmkarlıqdan əl çəkin! And içmişəm, heç kəsin etdiyi zülmdən keçməyəcəyəm. Bu bir Əhddir ki, onu Lövhi-Məhfuzda yazmışam və İzzət Möhürü ilə möhürləmişəm.

65. EY ASİ OLANLAR!

Dözümüm sizi azğınlaşdırmış və səbrim sizi qəflətə gtirmişdir. Belə ki, nəfsinizin alovlu atını minərək xətərli və təhlükəli yollarda qayğısız çapırsınız. Məgər məni qafil və xəbərsizmi sanırsınız?!

66. EY MÜHACİRLƏR!

Dil məni zikr etmək üçündür; onu qeybətlə bulaşdırmayın. Əgər odlu nəfsiniz sizə üstün glsə, onda Mənim xalqımın eyiblərini deyil, öz eyiblərinizi xatırlayın. Çünki sizin hər biriniz öz nəfsinizi mənim bəndələrimin nəfsindən daha yaxşı bilir və tanıyırsınız.

67. EY GÜMAN UŞAQLARI!

Bilin ki, əbədi Müqəddəs Üfüqün nurani səhəri açılan zaman, əlbəttə, sizin qaranlıq gecədə törətdiyiniz şeytani əməllərin sirləri açılaçaq və aləmdəkilərə aşkar olacaqdır.

68.  EY TORPAQ BİTKİSİ!

Neçə ola bilər ki, əlin şəkərə bulaşanda öz paltarına vurmursan, amma şəhvət və ehtiras çirkinə bulaşmış qəlb ilə Mənimlə ünsiyyət axtarırsan və Mənim Müqəddəs ölkələrimə yol tapmaq istəyirsən?! Heyhat, heyhat! Belə arzularda bulunursan.

69.  EY ADƏM UŞAQLARI!

Gözəl sözlər, müqəddəs və təmiz əməllər Tək Olanın İzzət səmasına yüksələr; çalışın ki, əməllər riya tozlarından və nəfsin küdurətindən təmizlənsin və Allahın İzzət dərgahında qəbul olunsun, çünki yaxın vaxtlarda varlıq sərrafları Məbudun hüzurunda xalis pəhrizkarlıqdan və təmiz əməldən başqa heç bir şey qəbul etməyəcəklər. Rəbbin İradə dodağının Üfüqündən parlayan məna və hikmət Günəşi budur. Bu günəşə üz tutanların xoş halına!

70. EY EYŞ-İŞRƏT OĞLU!

Xoşdur varlıq aləmi, əgər daxil olsan; ecazkardır Əbədiyyət səltənəti, əgər fani dünyadan yüksəlsən; məlahətlidir müqəddəs məstlik nəşəsi, əgər məna qədəhini İlahi Qulamın əlindən içsən. Əgər bu mərtəbələrə nail ola bilsən, onda yoxluqdan və fanilikdən, möhnətdən və xətadan azad olarsan.

71.  EY DOSTLARIM!

Xatırlayın o Əhdi ki, Paran dağında Zamanın Mübarək Məqbərəsində Mənimlə bağladınız. Mələyi-Əla və Bəqa Şəhərinin əshabələrini o Əhdə şahid tutdum. İndi bu Əhdə sadiq qalan bir nəfər də görmürəm, əlbəttə, qürur və üsyan onu qəlblərdən elə silib ki, ondan bir əsər də qalmayıb. Bunları bilsəm də, səbr etdim və üstünü açmadım.

72.  EY BƏNDƏM!

Sən qaranlıq qında gizlənmiş cəvahirli bir qılınc kimisən və buna görə sənin qiymətin sərrafların yanında örtülü qalıb. Elə isə nəfsi-həvanın qınından çıx ki, sənin cövhərin aləm əhlinə aşkar və aydın olsun.

73.  EY DOSTUM!

Sən Mənim Müqəddəs Səmamın günəşisən, özünü dünyanın qara pərdəsinə bürümə. Qəflət hicabını yırt ki, örtüksüz və pərdəsiz halda, buludlar arxasından çıxıb bütün varlıqları həyat donu ilə bəzəyəsən.

74.  EY QÜRUR UŞAQLARI!

Fani səltənət xatirinə baqi Cəbərutumdan imtina etmisiniz və qırmızı, sarı əşyalarla özünüzü bəzəyərək, bunlarla fəxr edirsiniz. Camalıma and olsun! Hamınızı torpağın bir rəngli çadırına yığaraq, bütün bu müxtəlif rəngləri aradan qaldıracağam, yalnız Mənim rəngimə boyananlardan başqa. Bu isə hər cür rəngdən pak olmaqdır.

75.  EY QƏFLƏT UŞAQLARI!

Fani səltənətə könül verməyin və ona sevinməyin. Siz bağçada budaq üzərində arxayınlıqla cəh-cəh vuran qafil quşa bənzəyirsiniz ki, qəflətən Əcəl ovçusu onu vurub yerə salar. Onda onun nəğməsindən, vücudundan və rəngindən heç bir əsər qalmaz. Beləliklə, ey ehtiras qulları, ibrət alın!

76.  EY KƏNİZİMİN OĞLU!

Həmişə hidayət sözlə idi, indi əməllədir. Yəni gərək insanlıq heykəlindən müqəddəs əməllər zahir olsun, çünki sözdə hamı şərikdir, pak və müqəddəs əməllər isə Bizim dostlarımıza məxsusdur. Onda ürəkdən çalışın ki, əməllərlə bütün xalqdan seçiləsiniz. Müqəddəs və Nurlu lövhədə sizə bu nəsihəti veririk.

77. EY İNSAF OĞLU!

Kecə çağı bəqa Heykəlinin Camalı vəfanın zümrüd zirvəsindən Sidrətül-Müntəhaya tərəf yönəldi və ağladı, elə ağladı ki, Uca Göylərin sakinləri və mələklər də Onun naləsindən ağlaşdılar. Sonra ağlamağın və sızlamağın səbəbi soruşuldu.Cavab verdi: «Aldığım əmrə görə vəfa zirvəsində gözlədim, amma yer əhlindən vəfa rayihəsi duymadım. Onda qayıtmaq istədim. Müqəddəs göyərçinlərin yer köpəklərinin pənçəsində çırpındığını müşahidə etdim». Bu zaman İlahi Huri örtüksüz və pərdəsiz halda ruhani qəsrindən tələsərək çıxdı və onların adlarını soruşdu. Bir addan başqa hamısı deyildi. İsrar edildikdə, adın ilk hərfi dildən çağladı və bundan səma hücrələrinin sakinləri öz izzət yerlərindən bayıra qaçdılar. İkinci hərfə yetişəndə, hamı torpağa düşdü. Bu zaman Allahın Yaxınlıq Məkanından nida gəldi: «Bundan artığı caiz deyil». Biz, həqiqətən, onların etdiklərinə və etməkdə olduqlarına şahidik.

78. EY KƏNİZİMİN OĞLU!

Rəhmanın dilindən çağlayan mənalar çeşməsindən iç. Sübhanın Bəyan Məşriqindən çıxan dəlil Günəşinin nurlarının şəfəqlərini örtüksüz və pərdəsiz gör. İlahi hikmətlərin toxumlarını qəlbin pak torpağına səp və yəqinlik suyu ilə sula ki, mənim elm və hikmət sünbüllərim pak şəhərdə cücərib yaşıllaşsın.

79.  EY NƏFSİ-HƏVA OĞLU!

Nə vaxtadək nəfsani havada uçacaqsan!? Qanad inayət etdim ki, şeytani xəyal fəzasında deyil, müqəddəs məna havasında uçasan. Darağı boğazımı cızmaq üçün deyil, qara saçlarımı daramaq üçün mərhəmət etdim!

80.  EY BƏNDƏLƏRİM!

Siz Mənim bağımın aqaclarısınız. Gərək xeyirli və ecazkar meyvələrlə zahir olasınız ki, özünüz və başqaları sizdən faydalansınlar. Beləliklə, hamıya iş və ya sənətlə məşğul olmaq lazımdır. Budur var-dövlətin sirri, ey əql sahibləri! Çünki nəticə vasitədən asılıdır. Allahın fəzli sizə kifayətdir. Meyvəsiz ağac həmişə oda layiq olub və olacaqdır.

81.  EY BƏNDƏM!

İnsanların ən zəlili o şəxslərdir ki, yer üzündə səmərəsizdirlər və həqiqətən, onlar ölü sayılırlar. Allahın yanında ölülər belə səmərəsiz və faydasız adamlardan üstündür.

82.  EY BƏNDƏM!

İnsanların ən yaxşısı o kəslərdir ki, öz sənətlərilə qazanırlar və aləmlərin Rəbbinin sevgisi xatirinə özlərinə və yaxınlarına xərçləyirlər.

 Bəyan pərdələrinin arxasında örtülmüş və pünhan olmuş sirli və eçazkar Gəlin Allahın inayəti və Rəbbin lütflərilə Sevgilinin camalından saçan parlaq şüa kimi zahir və aşkar oldu. Ey dostlar, şəhadət verirəm ki, nemət tamam, sübut kamil, bürhan zahir və dəlil sabit oldu görünsün ki, səyləriniz inqita yolunda nə zahir edəçəkdir. Sizə, göydə və yerdə olanlara ilahi nemət təkmil oldu. Aləmlərin Rəbbi olan Allaha həmd olsun.

©2003-2008 Azərbaycan Bəhailərinin Milli Ruhani Məhfili.

Digər təşkilatlar və fiziki şəxslər bu materiallardan sərbəst istifadə edə bilər, o şərtlə ki, burada olan məlumatlar təhrif olunmayacaq, materialların və ya onlardan olan çixarışların nəşrində aşağıdakılar qeyd olunacaq:
"Azərbaycanda Bəhai Dini icmasının rəsmi www.bahai.az internet saytının materiallarından istifadə olunmuşdur."
Kəlimət-i Məknunə (Gizli kəlamlar)
Iİ Hissə (Fars dilində nazil olmuşdur)
Yuxarı >