|

|
(Azərbaycan dilinə tərcümə edən Kamal Xəlilov)
@1998-2003 Azərbaycan Bəhailərinin Milli Ruhani Məhfili
Bəhai dininin yaradıcısı Hz. Bəhaullahın bu müqəddəs kitabı Əmrin izhar edilməsindən iki il əvvəl Baqdadda nazil olmuşdur. «Kitab-i-İqan», nəinki Bəhai dinində, həm də bütün dünyada mühüm və əvəzsiz olan nadir kitablardan biridir. Belə ki, keçən dinlərin müqəddəs kitablarındakı kəlmə və işarələrin (əsrin din böyüklərlnin və
alimlərinin mübahisəsinə səbəb olan məsələlərin) izahını, açarını burada tapmaq olar.
Bundan əvvəl nazil olmuş din kitablarında göstərildiyinə görə, bu müşküllərin izahı «Axır-əz-zəman»a,
yəni bu müqəddəs zühura həvalə olunmuşdur. Məsələn, Daniyal Nəbi «Tövrat»da buyurur: «Ey Daniyal! Bu kəlamı gizli saxla və kitabı Axır-əz-zəmana kimi möhürlə.» [1] Yaxud, Yuhənna «İncil»ində bu barədə belə söylənilir: «Sizə deyiləsi çox mətləblərim var, lakin indi siz onları qəbul etmək iqtidarında deyilsiniz. Bir gün o, yəni həqiqət ruhu gələr və sizə həqiqət yollarını göstərər.» [2] «Quran»da isə belə buyurulur: «Onun izahını Allahdan və elmə kamil olanlardan başqa heç kəs bilməz.» [3] Hz. İmam Cəfər Sadiq bu barədə yazır: «Elmdə kamil olanlar dedikdə, Hz. Mehdi Sahib-əz-zəman və onun əshabələri nəzərdə tutulur.» Hz.
Bəhaullah «Kitab-i-Əqdəs»də bu mövzu ilə əlaqədar bildirir: «Siz belə hesab etməyin ki, biz yalnız ehkam nazil
etmişik, yox, biz möhürlənmiş kasanın möhürünü açmışıq.»
«Kitabi-İqan»ın yaranmasımın maraqlı tarixçəsi var. Bir gün Baqdad əhbablarından biri Hz. Bəhaullaha xəbər gətirir ki, Hz. Babın Kərbəla və Nəcəf ziyarətlərindən kəlmiş iki dayısı indi Baqdaddadırlar. Hz. Bəhaullah onlarla görüşmək istədiyini
həmin əhbaba bildirir. Ertəsi gün Hz. Babın böyük dayısı Hacı Seyid Məhəmməd Hz. Bəhaullahın hüzuruna gəlir. Hz. Bəhaullah ona deyir: «Heyf, sizin ailənizdə zahir olan bu Nura ki, siz Ondan məhrumsunuz.» Hacı Seyid Məhəmməd cavabında bildirir: «Biz Mehdi Sahib-əz-zəman haqqında çox vəsflər, təriflər eşitmişik, məsələn, zahiri
səltənət, məmləkətləri fəth etmək və s. Onun mübarək adını eşitdikdə daim təzim etmişik. Lakin indi deyirlər
ki, o mövcud olan Qaim bizim bacımız oğludur.» Hz. Bəhaullah buyurur ki, onlar bu məsələ ilə bağlı olan suallarını yazıb gətirsinlər, o isə Allahın qüdrəti ilə bu müşküllərə cavab versin. Hacı Seyid Məhəmməd təşəkkür
edib gedir və səhəri gün suallarını Hz. Bəhaullaha təqdim edir. Hz. Bəhaullah həmin suallara cavab olaraq iki
gün, iki gecə ərzində bu kitabı — «Kitab-i-İqan»ı nazil edir. Hacı Seyid Məhəmməd «Kitab-i-İqan»ı
oxuduqdan sonra bu Əmrə iman gətirdi.
Bu müqəddəs kitab əvvəl «Risaleyi-Xal» («Dayıya Risalə»), sonralar
isə «Kitab-i‑İqan» adlandırıldı. «Kitab-i-İqan»ın Əfnan (Hz. Babın ailəsi) ailəsində saxlanılan əsli 1948-ci
ildə Hz. Şövqi Əfəndiyə təqdim olunmuş və bu gün də Hayfada, Bəhai Məhfəzeyi-Asarındadır (Bəhai Beynəlxalq
Arxivində). «Kitab-i-İqan» İrandakı ilk möminlər arasında ən çox yayılan və oxunan bir əsərdir. O dövrdə
əl yazısıyla çoxaldılan bu əsər fars ədəbiyyatının ən seçilmiş nümunələrindən biridir.
Bu əsər hər oxunduqda yeni həqiqətlər bəxş etdiyindən dərinliyinə baş vurulmayan bir dənizi xatırladır. Bəşəriyyətin
birliyi, sülhü və əmin-amanlığı naminə Hz. Bəhaullahın gətirdiyi həyat nizamı bu gün dünyamızın hər yerinə yayılmışdır.
Bakı Bəhailərinin Ruhani Məhfili
[1]«Tövrat» 12-ci fəsil, 4-cü ayə
[2]«İncil» 16-çı fəsil, 12-ci ayə
[3]«Quran» Ali-İmran surəsi, 7-ci ayə
Kitab-i-İqan. I Hissə >>
Kitab-i-İqan. II Hissə >>
|
 |