|

|
Uca Ədalət Evinin Təhqiqat Departamenti tərəfindən hazırlanmışdır
BƏHAİ DÜNYA MƏRKƏZİ
Uca Ədalət Evi ötən dörd ildə Həzrət
Bəhaullahın qanunlarının həyata keçirilməsinin gedişini nəzərdən keçirərək «Hər
bir fərdin və beləcə icmanın ibadət həyatını birbaşa qidalandıran qanunların
bəxş etdiyi fəzilət barədə onların anlayışını dərinləşdirməyi" bütün bəhailər
üçün həyati bir məsələ kimi müəyyən etmişdir. Bu qanunlar arasında
Camali-Mübarəkin "insan həyatının iki qanadı" kimi səciyyələndirdiyi namaz və
oruc da vardır.
Yeniçə təsdiq olunmuş tərcümələrdən təqdim
olunan bu seçmələr Həzrət Bəhaullah və Həzrət Əbdülbəhanın orijinal Yazılarının
sahilsiz ümmanından çıxarılmışdır. Bu seçmələr möminlərin qeyd olunan iki böyük
qanunun hədsiz əhəmiyyəti haqqında təsəvvürlərini daha da kamilləşdirmək məqsədi
daşıyır.
May 2000
Həzrət Bəhaullahın YazılarındanHəzrət Əbdülbəhanın Yazılarından
Həzrət Bəhaullahın Oruc üçün duaları
Q e y d l ə r
Həzrət Bəhaullahın Yazılarından
1.
Biz, həqiqətən, Qüdrətli, Qoruyan və Qəyyum
Allaha iman gətirənlərə mərhəmətimizin bir əlaməti olaraq Öz Kitabımızda hər
şeyi müəyyən etmişik. Və Namaz və Orucu hamının Qadir və Sevimli Allaha
yaxınlaşa bilməsi üçün bir vasitə qərar vermişik. Biz bu iki qanunu nazil
etmişik və bütün dəyişməz hökmləri şərh etmişik. Biz insanlara onların
həqiqətdən uzaqlaşmasına səbəb olan hər şeyi qadağan etdik və onları Sevimli və
Qüdrətli Olana yaxınlaşdıran şeylərə əməl etməyi vacib buyurduq. De: Allahın
hökmlərinə Onun camalına məhəbbətin xatirinə əməl edin və lənətlənmişlərin və
cahillərin yolları ilə gedənlərdən olmayın.
2.
Həmd olsun O Allaha ki, Namazı Öz bəndələrinə
bir zikr olaraq nazil etdi və orucu onlara əmr etdi ki, bütün vasitələrə sahib
olanlar məhrumların kədər və iztirablarından xəbərdar olsunlar.
3.
Yaxşı əməl sahibi olmayan və Allaha ibadət
etməyən kəslər bar verməyən ağaca bənzəyirlər və onların əməli heç bir iz
qoymur. Allaha ibadətin müqəddəs ləzzətini dadmış bir kəs belə əməli və Allahın
zikrini yer üzünün bütün mövcudatına dəyişməz. Oruc və Namaz insan həyatının iki
qanadıdır. Xoş o kəsin halına ki, onların köməyilə aləmlərin Rəbbi olan Allahın
məhəbbət səmasında pərvaz edə.
4.
Namaz və Orucdan bərk yapışın. Həqiqətən,
Allahın dini səmaya bənzər; oruc onun Günəşi, namaz isə onun Ayıdır. Əslində,
onlar dinin sütunlarıdır ki, onların sayəsində möminlər Allahın qanunlarını
pozanlardan ayrılmışlar. Biz Uca və Cəlal Sahibi olan Allaha yalvarırıq ki, O,
hamını Öz əzəli kitabında nazil etdiklərini yerinə yetirməyə qabil etsin.
5.
Bil ki, din səma kimidir; və Oruc və Namaz
onun Günəşi və Ayıdır. Biz Uca və Cəlal Sahibi olan Allaha yalvarırıq ki, Onun
razılıqı və iradəsinə uyqun hərəkət edənlərə mərhəmətlə yardım göstərsin.
6.
Namaz və Oruca etinasız olma. O kəs ki,
bunlara riayət etmir, Allahın nəzərində qəbul olunmamışdır və heç vaxt da qəbul
olunmayacaqdır. Hər bir şəraitdə bu hikmətə riayət edin. O, həqiqətən, hamıya
onlar üçün faydalı olmuş və olacaq şeylərə riayət etməyi əmr etmişdir. O,
həqiqətən, Ən Uca və hər şeydən Yetərlidir.
7.
Namaz Uca Qələmdən elə bir halətlə nazil
olmuşdur ki, o insanların ürəyinə od salır, qəlblərini və ağıllarını məftun
edir.
8.
Namaza gəldikdə isə bu elə bir halətlə nazil
olmuşdur ki, hətta bircə dəfə, təmənnasız ürəklə onu qılan kəs, özünü tamamilə
dünyadan ayrılmış hiss edəcəkdir.
9.
Ey Mənim qardaşım! Bir kimsəyə Onun mərhəmət
və sevgili lütfü sayəsində namaz qılmaq hökmünə riayət etmək qabiliyyəti
verilməsi ilə bu qanun necə də əzəmətlidir. İnsan Namaz qılmağa başlayanda özünü
bütün yaranmışlardan təcrid etməli və Alahın məqsəd və iradəsi qarşısında özünü
mütləq heçlik kimi görməlidir. Belə bir halda o, mövcudat dünyasında Ondan başqa
heç nə görməyəcəkdir. Bu, Allahın istədiklərinin və özünü tamamilə Ona həsr
etmişlərin məqamıdır. Kim Namazı bu halətlə qılarsa, o, Allah və Səma sakinləri
tərəfindən həqiqi namaz qılanlar sırasına daxil ediləcəkdir
10.
Əməllərdən biri namaz qılmaq hökmünə itaət
etməkdir. İlahi sirrin Daşıyıcısı (Həzrət Əli) bunu göyə yüksəlmə nərdivanı
adlandırmışdır, O buyurur: "Namaz - mömin üçün göyə yüksəlmək nərdivanıdır"[1] Onda
saysız-hesabsız gizli faydalar və sirli bərəkətlər vardır. Həqiqətən, onların
sayı-hesabı yoxdur. Bir insanın özünə qarşı insafsız və etinasızlığı necə böyük
olardı, əgər o, göylərə yüksəlmək nərdivanını rədd edib özünü yerdəki xəzinələrə
bağlasaydı. Biz ümid edirik ki, təmiz və məqbul əməllər törətməyə yardım ala
bilək. Biz Uca və Cəlal sahibi olan Allaha yalvarırıq ki, Onun istədiyi və qəbul
etdiyi və bizi Ona yaxınlaşdıran şeylərdə bizə kömək və yardım etsin. Həqiqətən,
O Qüdrətli, Qüvvətli və bütün insanların duasına hər zaman Cavab Verəndir.
11.
Sonralar nazil olmuş yeni namazlardan biri
olan böyük namaz, insanın özündə dua əhval-ruhiyyəsi hiss etdiyi zaman
qılınmalıdır. Doğrudan da, bu elə bir halətdə nazil olmuşdur ki, əgər o, daşa
söylənsəydi, o daş silkələnər və danışardı; əgər o, dağa söylənsə idi, o dağ
hərəkətə gələr və əriyib axardı. Xoş o kəsin halına ki, Allahın hökmlərini dilə
gətirir və onlara əməl edir: hər oxunan namaz kifayət edər.
12.
Biz Allaha yalvarırıq ki, Öz bəndələrini
yeməkdən, içməkdən və Ondan olmayan hər şeydən saxlayan, qadağan olunmuş bütün
şeylərə baxmaqdan qoruyan gözəl və ali Orucu tutmaqda onlara kömək etsin. Biz
Allaha dua edirik ki, Öz sevimlilərinə bu Gün əmr olunmuş şeylərə müvəffəq
olmaqda kömək etsin.
13.
Həmd olsun Ona ki, Öz mərhəməti ilə qanunlar
nazil etmişdir. Həqiqətən, O istədiyində tam ixtiyar Sahibidir. Ey Mənim
dostlarım, Kitabda sizə əmr edilənlərə uyğun hərəkət edin. Orucu Əla ayında
tutmaq sizə hökm edilmişdir. Uca və Qüdrətli Rəbbinizin xatirinə oruc tutun.
Günçıxandan günbatanadək pəhriz saxlayın. Bəşərin Məhbubu sizə Qüdrətli Allahın
əmr etdiyi kimi, belə göstəriş verir. Heç kəs Allahın müəyyən etdiyi həddi və
Onun qanunlarını aşmasın və ya öz bihudə xəyallarının arxasınca getməsin. Xoş o
kəsin halına ki, Mənim əmrlərimi, Mənim Camalıma məhəbbətin xatirinə yerinə
yetirir, vay o kəsin halına ki, Qüdrətli və Qüvvətli Rəbbinin günlərində Əmr
Məşriqinə biganədir.
14.
Bu, oruc gecələrindən biridir və bu gecə Cəlal
və Əzəmət Dili bəyan edir: Məndən - Qüdrətli, Hifz edən, Qəyyumdan başqa Allah
yoxdur. Biz, həqiqətən, Öz tərəfimizdən bir mərhəmət olaraq, bu günlər hamıya
oruc tutmağı əmr etmişik, amma Allahın Öz qanunlarında açıqladığı məqsədə yetmiş
və Onun görünən və görünməyən hər şeyi bürüyən hikmətinə varmış kəslər istisna
olmaqla, insanlar bundan xəbərsiz qalıblar. De: Allaha and olsun! Onun Qanunu
sizin üçün qaladır, kaş onu anlaya biləydiniz! Həqiqətən, Onun Öz bəndələrinin
ruhunun mənfəətindən başqa heç bir məqsədi yoxdur, amma, əfsus, bəşərin çoxu
buna etinasız qalıbdır. Allahın qanunlarının ipindən möhkəm yapışın və Kitabdan
üz döndərənlərin arxasınca getməyin, çünki onlar, həqiqətən, Qüdrətli və Sevimli
Allaha qarşı çıxıblar.
15.
Bu günlər oruc günləridir. Bəxtiyardır o kəs
ki, orucun yaratdığı şövqlə öz məhəbbətini artırır və o kəs ki, şadlıqla və nur
saçaraq layiqli əməllər törətməyə qalxır. Həqiqətən, O, Öz istədiyi kəsi doğru
yola yönəldir.
16.
Baxmayaraq ki, Oruc zahirən çətin və üzücüdür,
lakin daxilən o, səxavət və rahatlıqdır. Paklaşmaq səyləri Allahın Kitabının
hökmlərinə ciddi-cəhdlə əməl etməklə şərtlənir və yalnız o şeylərdən asılıdır
ki, Allahın qanunu ilə təsdiqlənmişdir, insanların yolunu azmasına səbəb
olanların yox. Allah hər nə nazil etsə, o ruhun məhbubudur. Biz Ona yalvarırıq
ki, Onun yanında qəbul olan və Onun razılığına səbəb olan əməllər etməkdə bizə
mərhəmətlə yardım göstərsin.
17.
Həqiqətən, Mən deyirəm, Oruc tutmaq özünün və
ehtiraslarının xəstəlikləri üçün ən ali şəfa və ən yüksək əlacdır.
18.
Bir olan həqiqi Allaha həmd olsun ki,
sevimlilərinə Oruc tutmaqda kömək etdi və Kitabda buyrulanlara əməl etməyə
yardım göstərdi. Həqiqətən, daimi həmd və sənalar o Allaha olsun ki, şəfqətlə Öz
sevimlilərinə Onun Sözünün yüksəlməyinə səbəb olan şeyləri həyata keçirməkdə
kömək etdi. Əgər bir kəsin on min həyatı olsaydı və onların hamısını Allahın əmr
və hökmlərinin həqiqətini bərqərar etməyə qurban versəydi, o yenə də Allaha şükr
edərdi, çünki Onun inkaredilməz hökmündən çıxan hər şey Onun dostlarının və
sevimlilərinin ancaq xeyrinədir.
19.
Orucun müxtəlif mərhələ və məqamları var və
onda saysız-hesabsız təsirlər və faydalar gizlənmişdir. Buna çatmışların xoş
halına!
20.
Açıq zəiflik, xəstəlik və ya yaralı halında
oruc qanununu gözləmək vacib deyil. Bu hökm keçmişdə əzəli və gələcəkdə əbədi
olan Allahın yazıları ilə müvafiqdir. Buna uyğun şəkildə hərəkət edənlərin xoş
halına!
21.
Oruc hökmü sağlam və möhkəm olanlar üçün əmr
edilmişdir. O kəslər ki, xəstədir və ya zəifdir, onlara bu qanun heç vaxt şamil
edilməmişdir və indi də edilmir
1.
Namaz və Oruc bu müqəddəs Zühurun ən böyük
hökmləri sırasındadır.
2.
Oruc və namaz, ibadət səmasında Allahın
Müqəddəs Qanununun iki ən qüdrətli sütununu təşkil edir. Onlara etinasız
yanaşmağa heç bir vəçhlə yol verilmir və onların içrasında məsuliyyətsizlik
qətiyyən qəbuledilməzdir. Ziyarətnamədə O buyurur: "And verirəm Allahım, Sənə və
Sənin üzünün nuru ilə üzləri işıqlanmış kəslərə ki, Sənin məhəbbətin xatirinə
Sənin əmrlərinə əməl ediblər.”[2]
O bəyan edir ki, Allahın hökmlərinə riayət etmək Məhbubun Camalına məhəbbətdən
doqur. Axtaran kəs Allahın məhəbbət dənizinə baş vurduqda, coşqun bir istəkdən
həyəcana gələcək və Allahın hökmlərinə itaət etmək üçün ayağa qalxacaqdır.
Beləliklə, Allahın məhəbbət ətri ilə dolmuş ürəyin Ona ibadətdə zəifləməsi
mümkün deyil - bircə o hal istisnadır ki, belə hərəkət düşmənləri qızışdırsın,
qarışıqlıq və ixtilaf törətsin. Digər hallarda Əbha Camalının aşiqi inamla və
davamlı olaraq Rəbbə ibadət etməkdə dəyanət nümayiş etdirəcəkdir.
3.
Allahın namaz və oruca aid hökmləri Onun
bəndələrinin üzərinə qətiyyətlə qoyulmuşdur. Ona görə də, onlar üzlərini Səma
Əhlinin Pərəstiş Məqamına döndərməli, Ali Məqamdan bərk yapışmalı və yalvarışla
dua etməlidirlər ki, yanlış şərhdən doğan şübhələrdən azad ola bilsinlər. Budur
Əbdülbəhanın yolu. Budur Əbdülbəhanın dini. Budur Əbdülbəhanın məramı. Qoy
ürəyində Bəha məhəbbəti bəsləyən hər kəs bu düz yolu seçsin. Kim bu yoldan
dönürsə, o, həqiqətən, Allahdan pərdələnmişlərdəndir. Görsəniz ki, kiminsə bu
hökmlərə şübhəsi var və ya bunu səhv şərh edir, lakin etdiyində gizli bir
niyyəti və ya itaətsizliyi yoxdur, onunla dostcasına davranın, ürəkdən gələn və
lütfkar nitqlə, rəftarla onu belə anlayışdan Allahın sözlərinin doğru mənasına
tərəf yönəldin.
4.
Allahın oruc, namaz və digər bu kimi
qanunları, habelə Onun insani məziyyətlərə, xeyir əməllərə, layiqli davranışa
aid nəsihətləri hər yerdə, mümkün dərəcədə, keçilməz maneələr və ya bəzi böyük
təhlükə olana, yaxud da bu, hikmət qaydalarına əks gələnə qədər yerinə
yetirilməlidir. Bu qanunlara etinasızlıq və laqeydlik ilahi mərhəmət
buludlarından yağan məhəbbət leysanının qarşısını alar və beləliklə, insanlar bu
mərhəmətdən məhrum qalarlar.
5.
Ey Allahın sevimli kəsləri! Əzəli Əhddə
sədaqətə minnətdarlıq əlaməti olaraq Qüdrətli Rəbbin astanasına xidmət etməyə
qalxın, namaz qılın və oruc tutun, vaxtınızı Allahın şirin rayihələrini səpməyə
və İlahi kəlamları yaymağa sərf edin. Pərdələri yırtın, maneələri aradan
qaldırın, dirilik suyu paylayın, xilas yolunu göstərin. Budur Əbdülbəhanın
səhər-axşam sizlərə etdiyi nəsihət.
6.
Sən ey Səltənət qızı! Namazlar vacibdir, belə
ki, onlar itaət və təslimiyyətə, üzünü Allaha tutmağa və Ona sədaqətini ifadə
etməyə kömək edir. Belə namazla insan Allahla ünsiyyət qurur, Onun yaxınlığına
can atır, könlünün həqiqi Məhbubu ilə danışır və ruhani məqamlara yetişir.
7.
Sən ey ruhani dost! Sən namazın hikməti barədə
soruşmuşdun. Bil ki, namaz zəruri və vacibdir. Əgər insana hər hansı böyük maneə
üz verməyib, yaxud imkansız deyilsə, onda heç bir bəhanə, onun namaza əməl
etməməsinə haqq qazandıra bilməz. Namazın hikməti budur: o, bəndə ilə Hqq
arasında əlaqə yaradır, çünki bu vaxt insan bütün ürəyi və qəlbi ilə üzünü Qadir
Allaha tutur, Onunla ünsiyyət axtarır, Onun məhəbbətini və həmdəmliyini
arzulayır. Aşiq üçün öz sevgilisi ilə söhbətdən böyük ləzzət yoxdur və axtaran
üçün onun axtardığı ilə yaxın olmaqdan böyük hədiyyə yoxdur. Allahın səltənətinə
cəzb olunmuş hər kəsin ən böyük istəyi odur ki, tam sədaqətlə öz Məhbubuna üz
tutmağa fürsət tapsın və beləliklə də Onun səxavət və xeyir-duasını axtarsın və
dua və iman dəryasına qərq olsun. Bundan əlavə, namaz insanda ayıqlıq və
huşyarlıq yaradır, onun imtahanlardan qorunmasına və hifz olmasına kömək edir.
8.
Allahın Dininin əsaslarını möhkəmləndir,
Qüdrət Sahibinə ibadət et. Namaz qılmaqda səbatlı və oruc tutmaqda diqqətli ol.
Gecə-gündüz özünü duaya, ibadətə və itaətə həsr et, xüsusən müəyyən olunmuş
vaxtlarda.
9.
Namaz Uca Qələmdən nazil olmuşdur və
Kitabi-Əqdəsi tamamlayan farsça "Suallar və Cavablar"da qeyd edilmişdir. Onlar
açıq-aydın vacib buyrulur və şübhəsiz, hər kəs bu üç namazdan birini qılmalıdır.
İbadət vasitəsilə insan ruhanilik qazanır, onun ürəyi cəzb olur,
qəlbi və daxili aləmi elə bir şadlığa və lətafətə çatır ki, namaz ona yeni həyat
verir. Məhz buna görə Ziyarətnamədə bu belə açıqlanmışdır: "And verirəm Allahım,
Sənə və Sənin üzünün nuru ilə üzləri işıqlanmış kəslərə ki, Sənin məhəbbətin
xatirinə Sənin əmrlərinə əməl ediblər."[3] Elə isə, aydındır
ki, Mərhəmətlinin gözəlliyinə sevgi insanı Qüdrətli Allaha ibadət etməyə
ruhlandırır.
10.
Sən ey Allahın bəndəsi! Hər səhər Allahın
sonsuz mərhəməti Əbdülbəhanın yanıqlı və ağlar dualarını təsdiqləyir. Ona görə
də qoy oyanmış hər bir qəlb öz qabiliyyəti həddində bu ruhani mərhəmətdən pay
alsın. Buna Allaha atəşli dualar etməklə və hər səhər əllərini göyə qaldırıb
yalvarmaqla və namaz qılmaqla çatmaq olar. Beləcə, qoy onun burnu Allahın
səxavət bağından əsən şirin rayihəli nəsimdən ləzzət alsın, onun qəlbi yeni
həyata qovuşsun və onun varlığı Rəhmlilər Rəhimlisinin nurani şəfəqlərini əks
etdirsin.
11.
Namaz ürəyin İlahi səltənətə diqqətli olmasına
səbəb olur. Allahla tək qalan kəs Onunla danışır və bəxşişlər əldə edir. Buna
uyğun olaraq, əgər bir kəs son dərəcə pak bir qəlblə namaz qılarsa, o,
Ruhül-Qüdsün köməyini əldə edəcək və bu, onda özünə olan məhəbbəti tamamilə yox
edəcəkdir. Mən ümid edirəm ki, sən namaz qılmaqda inad edəcəksən və beləliklə,
ibadət və duanın gücünün şahidi olacaqsan.
12.
Sən namaz barədə yazmışdın. Namaz hər kəs üçün
bir hökmdür və vacibdir. Çox qətiyyətlə hamını ona riayət etməyə yönəldin, çünki
o, qəlblər üçün nərdivan, möminlərin ürəyinə çıraq və cənnət bağından axan həyat
suyu kimidir. O, Mərhəmətli Allahın müəyyən etdiyi aşkar bir borcdur ki, onun
yerinə yetirilməsində hər hansı bir etinasızlıq və tənbəllik yolverilməzdir.
13.
Namaz və dua insanın sirlər səltənətinə
çatmasına və Ali Varlığa ibadət etməsinə səbəb olur. Onlar insanı Onun
dərgahının yaxınlığına cəzb edirlər. Dua oxumaqda elə bir həzz var ki, bütün
qalan ləzzətləri geridə qoyur, Allah kəlamlarını oxumaqda və səsləndirməkdə elə
bir şirinlik var ki, bu, - istər qadın, istərsə də kişi olsun - hər bir möminin
ən böyük arzusudur. Namaz qılarkən hər kəs həqiqi Məhbub ilə danışır və öz
sirlərini Onunla bölüşür. Əgər bir kəs təmənnasız bir qəlblə, yaş dolu gözlərlə,
vəfalı bir qəlb və təşnə bir ruhla dua edərsə, bundan böyük könül xoşluqu
yoxdur. Bundan başqa bütün ləzzətlər cismanidir, onun şirinliyi isə ilahidir.
14.
Namaz əslində Allahın Dininin bünövrəsidir.
Onun vasitəsilə ürəklərə şadlıq və həyat axıb dolur. Hətta əgər bütün qəm-kədər
Məni sarsa belə, Mən namazımda Allahla söhbət etməyə başlayan kimi bütün
dərdlərim yox olur və Mən şadlıq və sevinc əldə edirəm. Mənə elə bir halət üz
verir ki, onu təsvir və ifadə etməkdə acizəm. Hər hansı bir vaxt, tam bir
huşyarlıq və itaətlə biz Allah qarşısında namaz qılmaq öhdəliyini üzərimizə
kötürəriksə və onu ürəkdən gələn bir mehribanlıq və lətafətlə oxuyarıqsa, biz
elə bir şirinlik dadarıq ki, sanki bütün mövcudat əbədi həyata qovuşmuşdur.
15.
Sənə nazil olmuş bu Namaz qılmaq hökmünə
riayət et ki, səxavət qapıları açılsın və ən yüksək ruhaniyyət əldə edilsin;
böyük əlamətlər müşahidə olunsun və ruhani yüksəlişə şəhadət verilsin,
16.
Namaz və erkən səhər dualarına vərdiş etməkdə
inadkar ol ki, günbəgün sənin huşyarlığın artsın və Allahın biliyinin gücü ilə
sən şübhə yolu ilə gedənlərin azğınlıq pərdələrini cırıb atasan və onları Onun
əminlik hidayətinə yönəldəsən. Hər bir məclisdə sən şam kimi İlahi bilik nuru
saçmalısan.
17.
Mümkün qədər namaz və duaları oxumağı yerinə
yetir ki, gündən-günə ən yüksək mətinlik və dəyanət əldə edəsən və getdikcə
artan sevinc və şadlıq tapasan. Beləliklə, İlahi bilik çevrəsi getdikcə
kenişlənəcək və Allaha məhəbbət alovu sənin daxilində daha da parlaq yanacaqdır.
18.
Namaz və dualar əslində dirilik suyudur. Onlar
mövcudluğun, qəlblərin paklanmasının və onların ən yüksək sevincə çatmasının
səbəbidir. Bu məsələdə çox diqqətli olun və başqalarını da dua etməyə və namaz
qılmağa təşviq edin.
19.
Sən ey həqiqi Rəbbin bəndəsi! Namaz və digər
dualar Yetərli Olana bəndəliyin cövhəridir.... Namaz və digər dualar birləşəndə
və bir-birini müşayiət edəndə ibadət tamamlanır. Bu iki ruhani yoldaşa iki
bədəndə bir ruh kimi baxıla bilər. Qoy Allah sizin məhəbbət və yoldaşlıqda
çiçəklənməyinizə yardım etsin.
20.
Namaz qılarkən hər bir şəxs Həzrət Bəhaullahın
bütün şeyləri bürüyən Müqəddəs Zatına doğru dönməlidir.
21.
Namaza gəldikdə isə, bunun müəyyən olunmuş
xüsusi, müqəddəs və mübarək Qibləsi vardır. Mən Allahdan diləyirəm ki, O, bu
məqamda bilik qapısını sənin ürəyinə açsın ki, doğru və vacib olan hər şeyin
mahiyyətinə vara biləsən, Rəhmlilər Rəhimlisinin səmasından ruhani bəxşişlər
toplayasan, həqiqət Günəşindən bilik şüaları alasan və Gözəgörünməzdən gələn
ilhamın təzahürü və Rəhmlidən yetişən xoş müjdənin mənbəyi olasan.
22.
Namazla əlaqədar, o, fərdi qılınmalıdır, və
namaz qılmaq yeri xüsusi olaraq seçilmir.
23.
Ey müqəddəs Astananın bəndəsi! Sən hökm
olunmamış, dini ənənədən irəli gələn, tövsiyə olunan başqa dualar haqda
soruşmuşdun. Bu Zühurda vacib olan hökmlər açıqca yazılmışdır. Lakin fərdi
ibadət, hökmdən əlavə dualar və hətta xüsusilə tövsiyə olunmuş dualar məcburi
deyildir. Buna baxmayaraq, namazdan sonra fərdi dua oxumaq xoşdur və məqbuldur,
amma heç bir xüsusi duaya üstünlük verilməmişdir.
24.
Məcburi əmrlər və vacib hökmlər onlardır ki,
Uca Qələmdən nazil olmuş və ya Ümumdünya Ədalət Evinin qərarından çıxmışdır. Ona
görə ki, biz əmr olunanlarıq, əmr edənlər deyilik. Biz üzərinə vəzifə
qoyulanlarıq, biz məsuliyyət qoyan deyilik. Bu, Allahın qanununun gerçəkliyi və
Onun Dininin bünövrəsidir. Dini ayinlər və dualara gəldikdə isə, arzu edənlər,
namazdan sonra Camali-Mübarəkin digər dualarını oxuya bilərlər.
25.
Sən Oruc haqqında yazmışdın. Bu ən mühüm
məsələdir və sən ən yüksək dərəcədə səy göstərməlisən ki, buna riayət edəsən.
Bu, İlahi hökmün əsasıdır və Allahın Dininin sütunlarından biridir.
26.
Xoş sənin halına ki, Allahın Əmrinə əməl
etmisən və bu mübarək günlərdə oruc tutmağa qalxmısan, çünki bu cismani pəhriz
ruhani pəhrizin rəmzidir. Bu oruc qəlbin nəfsi-həvadan təmizlənməsinə, ruhani
keyfiyyətlər əldə etməyə, Rəhmanın nəsimini cəzb etməyə və İlahi məhəbbət atəşi
ilə alovlanmağa aparır.
27.
Oruc insanın ruhani məqamının yüksəlməsinə
səbəb olur,
1.
Bu, ey mənim Allahım, günlərin birincisidir
ki, onda Sən Öz sevimlilərinə oruc tutmağı vacib buyurmusan. Diləyirəm Səndən
Sənin Öz xatirinə və özlərinə, öz arzularına və Sənin qəzəbinin qorxusuna görə
deyil, Sənin razılığın naminə və Sənə sevgidən oruc tutmuş kəslərin xatirinə,
Sənin ən uca adlarının və müqəddəs sifətlərinin xatirinə ki, Öz bəndələrini
Sənin məhəbbətindən başqa hər şeydən pak edəsən və onları Sənin üzünün nurunun
Məşriqinə və Sənin təklik Taxtına cəzb edəsən. Öz biliyinin nuru ilə onların
ürəklərini nurlandır, ey mənim Allahım və onların üzlərini Sənin iradə üfüqündən
parlayan Günəşin şüaları ilə işıqlandır. Sən istədiyini etməyə Qadirsən. Yoxdur
Səndən başqa Allah, Sənsən O Əbha ki, bütün insanlar Ondan yardım diləyirlər.
Ey mənim Allahım, onlara yardım et, ta ki, Sənə xidmətdə uğur
qazansınlar və Sənin Sözünü yüksəltsinlər. Onlara imkan ver ki, Sənin bəndələrin
arasında Sənin Əmrinin əlləri kimi olsunlar və onları insanlar arasında Öz
dininin təzahürlərinə və Öz nişanələrinə çevir, belə ki, bütün dünya Sənin
zikrinlə, tərifinlə, isbatın və təsdiqinlə dolsun. Sən, həqiqətən, Səxavətli, Ən
Uca, Qüdrətli, Qüvvətli və Rəhmlisən.
2.
Hər şeyi Bilən, hər şeydən xəbərdar Allahın
Kitabında vəd Olunmuş Kəsin adı ilə! Bəndələrinin Sənin Taxtının ətrafında dövrə
vurduqları və oruc tutmaqla Sənin hüzuruna yetdikləri oruc günləri gəlib çatdı.
De: ey adların Sahibi və yeri və göyü yaradan! Sənin ən Nurlu Adın xatirinə
yalvarıram, Sənə məhəbbət naminə və Sənin razılığın xatirinə oruc tutanların və
Öz Kitablarında və Lövhlərində buyurduğun hökmlərə əməl edənlərin oruclarını
qəbul et. And verirəm Səni onların adına ki, Sənin Əmrini irəlilətməkdə mənə
kömək göstər və məni Sənin məhəbbətində dönməz et ki, Sənin yaratdıqlarının
sözləri mənim addımlarımı büdrətməsin. Həqiqətən, Sən istədiyin şeyə qadirsən.
Səndən başqa Allah yoxdur, Sən həyat verən, Qüvvətli, Səxavətli, Əzəlisən.
3.
Həmd olsun Sənə, ey mənim Rəbbim Allah! Biz
Sənin hökmünə itaətlə oruc tutduq və indi Sənin məhəbbətin və razılığınla
iftarımızı açırıq. Səndən başqa hər şeydən azad olmuş, Sənin Əmrinə yönəlmiş
üzümüzlə yalnız Sənin Camalın xatirinə Sənin yolunda etdiyimiz əməlləri lütfünlə
qəbul et, ey mənim Allahım. Yağdır onda rəhmətini bizim üstümüzə, bizim
atalarımızın və hər kəsin üstünə ki, bu ən Cəlallı, ən əzəmətli Zühurda Sənə və
Sənin qüdrət nişanələrinə iman gətirdilər. Sən istədiyini etməyə Qadirsən. Sən,
həqiqətən, Uca, Qüdrətli və İxtiyar Sahibisən.
4.
Ey mənim Allahım! Ey mənim Rəbbim! Görürsən
ki, mən Sənin qanunlarını pozmuş və Sənə qarşı çıxmış insanların arasındayam.
Hər dəfə mən onları Sənin bilik dənizinə dəvət edəndə onların Sənin Əmrinə qarşı
etirazı artır və Sənin İradə Məşriqini daha da inkar edirlər. And verirəm Səni,
ey mənim Allahım, Sənə məhəbbət xatirinə oruc tutanların və Sənin səxavət
əllərindən itaətin dirilik suyundan içənlərin adına ki, Sənin imtahanlarının
yanar kürəsinin atəşi altında Sənin səbr ipindən yapışan sevimlilərinə Kitab və
Lövhlərində yazılmış bütün xeyirləri müəyyən et. Sənin xatirinə əziyyət
çəkənlərə Sənin razılığın yolunda şəhid olanların mükafatını yaz. Bundan əlavə,
onlara, ya Rəbb, onu göndər ki, ürəklərini şad edir, gözlərinin kədərini azaldır
və qəlblərini həyəcanlandırır. Sən, həqiqətən, Qüdrətli, Uca, Hifz edən, Hər
şeyi Bilən və Hikmət Sahibisən,
5.
Həmd olsun Sənə, ey Allah, ey Mənim Allahım!
Bu günlər Sənin seçilmişlərinə, Sənin sevimlilərinə oruc tutmağı əmr etdiyin
günlərdir. Sən namazı Sənin birliyini tanıyanlara yüksəliş nərdivanı etdiyin
kimi, Orucu da Öz səltənətinin adamlarına bir işıq etdin. Yalvarıram Sənə, ey
Mənim Allahım, bütün bəşər üçün şərəf və cəlal kimi verdiyin bu iki sütunla Öz
dinini kafirlərin şərindən və günahkarların bəd niyyətlərindən qoru! Ey Rəbbim,
sənin Öz güc və qüdrətinlə verdiyin işıqı örtmə. Sonra Öz həqiqi möminlərinə
Sənin hökmranlığın və əmrin altında görünən və görünməyən qoşunlarla yardım et.
Səndən başqa Allah yoxdur, Sənsən ən Qüdrətli və ən Qüvvətli!
6.
Ucasan Sən, ey mənim Rəbbim Allah! Səni and
verirəm o kəslərə ki, Sənin razılığın və məhəbbətin xatirinə oruc tutmağı əmr
etmişdin, o kəslərə ki, onlar Sənin qanunlarına sədaqət nümayiş etdirmişlər,
Sənin ayələrinə və hökmlərinə əməl etmişlər, Sənə yaxınlaşmaq imkanına
sevinməklə və Sənin Camalını seyr etməklə öz oruclarını açmışlar. Sənin cəlalına
and olsun! Nə qədər ki, onlar Sənin razılıq dərgahına üz tutublar, onların bütün
günləri oruc günləridir. Əgər Sənin iradə dilin onlara söyləsəydi ki: "Mənim
Camalımın xatirinə, ey insanlar, oruc tutun və onun vaxtına məhdudiyyət
qoymayın," Sənin cəlalının əzəmətinə and içirəm, onların hər biri buna imanla
əməl edər, Sənin qanunlarını pozan hər şeydən özünü saxlayar və ruhlarını Sənə[4] təslim edənədək
belə davam edərdilər, çünki onlar Sənin çağırışının şirinliyini dadmışlar və
Sənin Əmr dodaqlarından qopan sözlərlə və Sənin tərifin və zikrinlə məst
olmuşlar.
And verirəm Səni, ey Rəbbim, Sənin Özünə ki, Ulu və Ucasan və
Sənin Son Zühuruna ki, Onunla adlar səltənəti və sifətlər hökmranlığı titrədi,
yer və göylərin sakinləri məst oldular, Əmr və xilqət aləmlərində olanlar
lərzəyə gəldilər, yalnız Sənin razılığınla bir araya sığmayanlardan imtina
edənlər və Səndən başqa hər şeyə üz tutmaqdan özlərini saxlayanlar istisna
oldular - bizi onların sırasına daxil et və adlarımızı onların adlarını həkk etdiyin Lövhəyə yaz. Ey Allahım,
Sən Öz qüdrət möcüzələrin və Sənin hökmranlıq və əzəmət nişanələrinlə onların
adlarını Öz adlarının dənizindən göndərdin və onların daxili mahiyyətini Öz
məhəbbətinin cövhərindən, onların mübhəm varlığını Öz Əmrinin ruhundan yaratdın.
Onların vüsalının arxasınca ayrılıq gəlməz, yaxınlıqları uzaqlıq bilməz və
əbədiliklərinin sonu olmaz. Həqiqətən, onlar həmişə Səndən söz açan, hər zaman
Sənin ətrafında dövrə vuran, Sənin hüzur məbədinə və Sənin vüsal Kəbənin
ətrafına təvaf edən bəndələrdir. Onların Sənin camalının nurlarını müşahidə
etdikləri, üzlərini Sənə tutduqları, böyüklüyünə baş əyməklə və Səndən başqa hər
şeydən ayrılaraq Sənin gözəlliyin qarşısında səçdə etdikləri vaxtlar istisna
olmaqla, Sən onlarla Öz aranda heç bir fərq qoymadın, ey mənim Allahım!
Biz bu gün, ey mənim Rəbbim, Sənin aydın Kitabında açıqladığına
uyğun olaraq Sənin əmr və hökmünlə oruc tutmuşuq. Biz öz qəlblərimizi ehtirasdan
və Sənin bəyənmədiyin şeylərdən son günədək və Orucun açıldığı vaxtadək
qorumuşuq. Ona görə də yalvarıram Sənə, ey odlu aşiqlərin ürəklərinin Arzusu və
ariflərin qəlblərinin Məhbubu, ey Sənin həsrətini çəkənlərin könüllərinin
Sevinci və Səni axtaranların Məqsədi, bizləri Sənə yaxınlıq fəzasında və Sənin
hüzurunun səmasında süzdür, Sənin razılığın və Sənin məhəbbətin yolunda
etdiklərimizi bizdən qəbul et,
Bizim adlarımızı o kəslərin adları sırasına daxil et ki, onlar
Sənin birliyini tanıdılar və təkliyini etiraf etdilər, Sənin qüdrətinin
təzahürləri və Sənin böyüklüyünün nişanələri qarşısında itaət göstərdilər, o
kəslərin ki, Sənə yaxınlıqda sığınacaq tapdılar və Səndə pənah gördülər, o
kəslərin ki, həyatlarını coşqunluqla Səninlə görüşmək və Sənin hüzurunun
sarayına çatmaq üçün sərf etdilər, o kəslərin ki, bu dünyanı Sənin məhəbbətin
naminə bir kənara atdılar və Sənə yaxın gəlmək üçün və Səndən başqa hər şeyə
bağlılıqdan şövqlə ayrıldılar. Bu, o bəndələrdir ki, Sənin adın çəkiləndə Sənin
Camalının şövqü ilə ürəkləri əriyir, Səni tapmaq və Sənin sarayının ətrafına
daxil olmaq arzusundan onların gözləri yaşlarla dolur.
Bu mənim dilimdir ki, ey mənim Rəbbim, Sənin birliyinə və
bənzərsizliyinə şəhadət verir, gözlərimdir ki, Sənin Səxavət və feyz taxtına
dikilib və qulaqlarımdır ki, Sənin çağrışını və Sənin bəyanını eşitməyə
hazırdır. Çünki mən əminəm, ey mənim Allahım, Sən Öz iradənin aqzından çıxan
kəlmələrin tükənməzliyinə fərman verdin və Sənin hər zaman eşidilən ayələrini və
sözlərini dinləmək üçün Özünün pak etdiyin qulaq verdin. Və bunlar ey mənim
Rəbbim, mənim əllərimdir ki, Sənin inayət və incə mərhəmət səmana qalxıb. Elə
isə bu yazıq bəndəni rədd edəcəksənmi ki, Səndən başqa Sevgiliyə, Səndən başqa
bəxşiş verənə, yaxud Səndən başqa padşaha, sənin rəhmət kölgənin altından başqa
sığınacağa, Sənin göyündə və Sənin yerində sakin olanların üzünə açdığın qapının
astanasından başqa daldalanacağa üz tutmayıb? Sənin Cəlalına and olsun ki, yox! Mən o
kəsəm ki Sənin inayətinə onun etibarı sarsılmayacaq, hətta Sən məni Öz
hökmranlığın boyunca iztirabla əziyyətə salsan da, kimsə məndən Sənin haqqında
soruşduqda, mənim bədənimin hər bir üzvü səslənəcək: "O Öz əməllərində
Sevimlidir və hökmlərində itaət olunandır, xislətində rəhmlidir və xilqətinə
acıyandır."
Sən mənə şəhadət verə bilərsən, ey Sənin həsrətini çəkənlərin
qəlblərinin Məhbubu, əgər Sən məni Öz qapından qovsan və Öz bəndələrin arasında
zülmkarların qılınçlarına və Sənin yaratdıqlarının arasında allahsızların
dəyənəklərinə buraxsan və kimsə məndən Sənin haqqında soruşsa, mənim bədənimin
hər tükü yenə də bəyan edəcəkdir: "O, həqiqətən, dünyaların Ən Sevimlisidir: O,
Kərimdir; O Əbədidir! O, məni Özündən uzaqlaşdırdığı halda yaxına çəkir; məni Öz
hüzurundan məhrum etdiyi halda, mənə pənah verir. Ondan başqa mərhəmətli
tapmadım, Onun vasitəsilə Ondan başqa hər şeydən azad olmuşam və Ondan başqa hər
şeydən yüksəyə qalxmışam."
Ey mənim Allahım, Sənin sayəndə varlanaraq yerin və göyün
səltənətlərindən azad olmuşun xoş halına. Varlı o kəsdir ki, Sənin sərvətinin
ipindən möhkəm yapışmışdır, Sənin üzünün qarşısında itaətkardır və onun üçün Sən
hər şeyin fövqündə kifayətsən. Kasıb o kəsdir ki, Sənsiz yaşayır, Sənin qarşında
qürurla durmuş, Sənin hüzurundan üz çevirmiş və Sənin nişanələrinə inanmamışdır.
Buna görə də, ey mənim Allahım və mənim Məhbubum, mənə imkan ver ki, "mənəm"lik
və ehtiras küləyinin istədiyi tərəfə yönəltdiyi kəslərdən deyil, Sənin iradənin
nəsiminin hərəkətə gətirdiyi kəslərdən sayılım. Səndən başqa Allah yoxdur, Sən
Qüdrətli, Uca və Səxavətlisən.
Bütün cəlal sənə olsun, ey mənim Allahım, çünki Sən mərhəmətlə Öz
adına, Əla adlandıraraq Ən Ali adına bağladığın bu ay ərzində məni oruc tutmağa
qabil etdin. Sən əmr etdin ki, Sənin bəndələrin və Sənin insanların bu zaman
oruc tutsunlar və beləliklə, Sənin yaxınlığına cəzb olunmağa səy göstərsinlər.
İlin günləri və ayları Orucla zirvəyə çatmışdır, belə ki, birinci ay Sənin
adınla, Bəha adıyla başlandı ki, hər kəs Sənin Birinci və Sonuncu, Aşkar və
gizli olduğuna şəhadət verə bilsin. Və əmin olsun ki, bütün adların cəlalı ancaq
Sənin Əmrinin cəlalından bəhrələnmişdir və söz Sənin iradəndən izhar olmuş və
Sənin məqsədinlə açıqlanmışdır. Sən bu ayı Səndən bir xatirə, bəxşiş və mükafat
ayı kimi, Sənin insanlar arasında zühürunun əlaməti kimi müəyyn etdin ki, onlar
Sənin böyüklüyünü və əzəmətini, Sənin hökmranlığını və cəlalını unutma-sınlar və
əmin olsunlar ki, Sən əzəldən hökmran idin və hər zaman da bütün yaradılış
üzərində hökmran olacaqsan. Yerdə və göydə yaranmışlardan heç biri Sənin hökmün
altında Səni nə gizlədə bilər, nə də bir kimsə Əmr və xilqət səmalarında Sənin
məqsədinin həyata keçməsində Sənə mane ola bilər.
And verirəm, ey mənim Allahım, Sənin adına ki, onunla yerin bütün
yaranmışları - Sənin qüsursuz mühafizənlə qorunanlar və hər şeyi saran
mərhəmətinin kölgəsi altında sığınacaq tapanlar istisna olmaqla – iniltiyə
düşmüşlər, bizi Öz Əmrində elə dönməz və Sənin məhəbbətində elə dəyanətli et ki,
hətta əgər Sənin bəndələrin Sənin əleyhinə qalxsalar və Sənin insanların Səndən
üz döndərsələr və yer üzündə Sənin adını çağıran və ya Sənin müqəddəsliyinin
Kəbəsinə və Səninlə ünsiyyətin müqəddəs məkanına üz tutan bir adam qalmasa belə,
mən təkbaşına və yalqız, Sənin Əmrinin qələbəsinə səy edim, Sənin kəlamını
ucaldım, Sənin hökmranlığını elan edim və Sənin müqəddəs Zatının tərifini
şərəflə ucaldım. Və hətta buna baxmayaraq ki,
ey Rəbbim, hər zaman Səni hər hansı adla vəsf etməyə cəsarət etdikdə,
tamamilə çaşqınlığa düşürəm, çünki mən çox yaxşı bilirəm ki, Sənin bütün uca
nişanələrin və bütün ali adların ki, onları mən Səninlə bağlayıram və Sənin
müqəddəs hüzurunda onlarla Sənə yalvarıb dua edirəm, mənim özümün ən cüzi
anlayışımdan başqa bir şeyi ifadə etmir, belə ki, nə vaxt mən bir adı
tərifəlayiq bilmişəmsə, onu Səninlə bağlamışam.
Sənin həqiqi məqamın Səndən başqa hər kəsin biliyindən və
təsəvvüründən nəhayətsiz yüksəkdir və Sən Sənin yaratdıqlarının vəsfindən və
Sənin bəndələrinin onların Sənə yüksəlmək cəhdlərində söylədikləri təriflərdən
ucasan. Sənin bəndələrindən zahir olan hər şeyin məhdudluqu onların öz
məhdudiyyətindəndir və onların boş təsəvvür və xəyallarından yaranmışdır.
Əfsus, Ey Mənim Məhbubum, Səni layiqincə tərif etməyə qabil
olmadığım və Sənin Günlərində mənim çatışmazlıqlarım üçün əfsus. Əgər Səni, Ey
mənim Allahım, hər şeyi Bilən kimi çağırsam, dərhal anlayaram kn, Sən lal bir
daş parçasına Öz iradənin bircə barmağı ilə işarə etsən, onu bütün keçmişlərin
və gələcək əsrlərin biliyini açmağa qadir edərsən. Və əgər Səni ən Qüvvətli kimi
vəsf etsəm, görərəm kn, Sənin məqsəd aqzından çıxan bir söz göyləri və yeri
lərzəyə gətirməyə kifayətdir.
Ey bütün Səni tanıyanların Sevgilisi, Sənin cəlalın mənə şəhadət
verir ki, əgər bir alim Sənin biliyinin təzahürləri qarşısında öz cahilliyini
etiraf edə bilməsə, o Sənin ən cahil adamların arasında sayılar; və qüdrətli
birisi Sənin qüvvətinin sübutları qarşısında öz zəifliyini düşünməsə, o Sənin
yaranmışlarının ən zəifi və laqeydi hesab olunar. Bunun belə olduğunu bildiyim
və yəqin etdiyim halda. Səni necə vəsf və təsvir və ya tərif edə bilərəm? Ona
görə də öz zəifliyimi bilərək, Sənin gücünün sığınacağına tələsdim, öz
fəqirliyimi anlayaraq Sənin zənginliyinin kölgəsi altında daldalanacaq axtardım
və gücsüzlüyümü etiraf edərək Sənin qüvvət və qüdrət çadırının qarşısında
dayanmağa qalxdım. Səndən başqa bir Yardımçı seçmədikdən sonra Sən bu fəqiri
rəddmi edəcəksən, və ya Səndən başqa həqiqi Məhbub tapmadıqdan sonra, Sən bu
müsafirdən üzmü döndərəcəksən?
Sən məndə olan hər şeyi bilirsən, ey Rəbbim, lakin mən Səndə olanı
bilmirəm. Elə isə Öz inayətinlə mənə rəhm et və Sənin günlərində mənim ürəyimə
barış və Sənin müqəddəs hüzurunun məzhərləri ilə könlümə sakitlik gətirəcək
şeylərlə məni ruhlandır. Bütün yaranmış şeylər Sənin Camalının nurunun şəfəqləri
ilə elə işıqlanmışlar ki, ey Rəbbim, yerdə və göydə sakin olanlar sənin
müqayisəolunmaz əzəmətinin məzhərlərinin hesabına elə bir parıltı ilə şölə
saçırlar ki, orada mən Sənin zühurunu görməmişdən əvvəl heç nə görmürəm; elə bir
zühur ki, sənin bəndələrin arasında qafillərin gözlərindən gizli qalmışdır.
Məhrum etmə məni, ey mənim Rəbbim, görünən və görünməyən
mövcudatın bütün səmalarını saran mərhəmətindən. Sən bütün bəşəriyyəti Sənin
tərəfinə və Sənin yaxınlığına cəzb olunmağa dəvət etdikdən və Sənin ipindən
möhkəm yapışmağa sövq etdikdən sonra belə uzaqmı qalacaqsan? Sən Öz ecazkar
ayələrində və Sənin təhrifolunmaz Kitabında Sənin mərhəmət və inayətinin talvarı
altında Sənin həsrətini çəkənləri və Sənin səxavətli iltifatının kölgəsi altında
Səni arzulayanları və Sənin inayətinin çadırı altında Səni axtaranları bir yerə
toplamağı vəd etdiyin halda, məni rəddmi edəcəksən, ey mənim Məhbubum?
Ey mənim Allahım, and verirəm Sənin qüdrətinə ki, mənim ahı-zarım
mənim ürəyimi dayandırıb və onun iniltisi ixtiyarımı əlimdən alıb! Hər vaxt ki,
Sənin ecazkar mərhəmətinlə, Sənin inayətinin nişanələri ilə və Sənin səxavətinin
dəlilləri ilə özümü əmin edir və qəlbimi şad edirəm, Sənin ədalətinin
təzahürləri və qəzəbinin əlamətləri qarşısıida titrəyirəm. Mən etiraf edirəm ki,
Sən bu iki adla tanınmış və bu iki sifətlə təsvir olunmusan; lakin Sən Sənin
adının həmişə Bağışlayan, yaxud da Qəzəbli çaqrılmasına möhtac deyilsən. Sənin
Cəlalına and olsun, əgər Sənin mərhəmətinin hər şeydən üstün olmasını
bilməsəydim, bədənimin bütün üzvlərinin həyatı dayanar, mənim bütün vücudum məhv
olar və batini varlığım mütləq heçliyə enərdi. Lakin mən görəndə ki, Sənin
mərhəmətin hər yeri bürüyür və Sənin rəhmin bütün xilqəti əhatə edir, mənim
qəlbim və batini varlığım yəqinlik əldə edir.
Əfsus, yenə də əfsus, ey mənim Allahım, o şeylər üçün ki, Sənin
günlərində məndən ötdü və yenə də əfsus, əfsus, ey mənim ürəyimin Arzusu, o
şeylər üçün ki, bənzərini Sənin seçilmişlərinin və əminlərinin gözlərinin heç
vaxt görmədiyi bu günlərdə mən sənə itaətdə və xidmətdə yerinə yetirilməmiş
buraxdım. Yalvarıram Sənə, ey mənim Rəbbim, Sənin Özünə və Sənin mərhəmət
taxtında oturan Sənin Əmrinin Məzhərinə ki, məni Sənin xidmətində və razılığında
sabit eylə. Qoru məni onda, Səndən üz döndərmişlərdən və Sənin ayələrinə
inanmayanlardan ki, Sənin həqiqətini inkar etdilər, Sənin dəlillərinə qarşı
çıxdılar və sənin Əhd və Misağını pozdular.
Ey Rəbbim olan Allah, Sənin Cövhərinin Məzhərinə, Sənin təkliyinin
Dan Ulduzuna, Sənin biliyinin Mədəninə, Sənin Vəhyinin Mənbəyinə, Sənnn
İlhamının Xəzinəsinə, Sənin hökmranlıq taxtına və Sənin İlahiliyinin Dan Yerinə
- Başlanğıc Nöqtə olana. Ən Uca Simaya, Əzəli Kökə və millətlərə həyat verənə
həmd olsun. Və Ona və Onun ayələrinə ilk iman gətirənə[5],
Sənin ən əzəmətli Kəlamının ucalması üçün hökmranlıq taxtı etdiyin kəsə, Sənin
ən əla adlarının təzahürünün cəmləşdiyi nöqtəyə. Sənin qayğı Günəşinin şəfəqinə,
Sənin adlarının və sifətlərinin dan yerinə və hikmət incilərinin və Sənin
əmrlərinin xəzinəsinə şükürlər olsun. Şərəf olsun o kəsə [6] ki, sonunçu olaraq Onun
yanına gəlmişdi, gəlişi Onun gəlişi kimi idi və Sənin bundakı[7]
zühurun Ondakı[8]
Zühurun kimi idi, yeganə fərq bu idi ki, o, Onun üzünün nuru ilə işıqlanmışdı və
Onun qarşısında səcdəyə enmişdi və Onun qarşısında bəndəliyinə şəhadət vermişdi;
və bəha olsun o kəslərə kn, Onun yolunda şəhid olmuş və Onun Camalına məhəbbət
xatirinə öz həyatlarını vermişlər.
Biz şəhadət veririk ki, ey mənim Allahım, bu bəndələr Sənə və
Sənin əlamətlərinə iman gətirmiş, Sənin hüzurunun sığınacağını axtarmış və Sənin
Camalına tərəf çevrilmiş, üzlərini sənin yaxınlıq dərgahına yönəltmiş və Sənin
razılığın yolunda addımlamış, Sənin istəyinlə Sənə ibadət etmiş və Səndən başqa
hər şeydən uzaqlaşmışlar. Ya Rəbb, onların ruhlarına və çisimlərinə hər vaxt
Sənin hər şeyi saran mərhəmətinin möcüzələrindən bir pay ver. Sən, həqiqətən,
istədiyini etməyə qadirsən. Səndən başqa Allah yoxdur. Sən Qüdrətli və
Əzəmətlisən və bütün insanlar Səndən kömək diləyir.
Səni and verirəm, ey Rəbbim, Onun və onların xatirinə və Onun
xatirinə ki, Sən Onu Öz Dininin taxtında əyləşdirdin və Onunla yerin və göyün
sakinlərinə kölgə saldın - bizi günahlarımızdan təmizlə, Öz hüzurunda bizim üçün
həqiqət kürsüsü təyin et və bizə dünyanın müsibət və bədbəxtliklərinin Sənə üz
tutmalarına mane olmadığı kəslərlə ünsiyyət etməyə kömək et. Sən, həqiqətən
Qüdrətli, Ən Uca, Qoruyan, Rəhman və Rəhimsən!
[1]
İmam Əliyə aid edilən hədis
[2]
Həzrət Bəhaullahın əsərlərindən seçmələr. CLXXX
(Həzrət Şövqi Əfəndinin tərcüməsi ilə)
[4]
Həzrət Bəhaullahın əsərlərindən seçmələr. CLX (Həzrət
Şövqi Əfəndinin tərcüməsi ilə)
|
 |