"Dünya tək bir vətəndir, və bütün insanlar - onun vətəndaşlardır." - Bəhaullah
Bəhaullah və Yeni Era -
Con Ebenezer Esslemont

Ý Kitabın əvvəlinə   


I FƏSİL. XOŞ MÜJDƏ

«Bütün xalqlara Vəd olunmuş Kəs zühur etmişdir. Bütün xalqlar və millətlər çoxdan Vəhy gözləyirdilər və O, bütün bəşəriyyətin dahi Müəllimi və tərbiyəçisi Həzrət Bəhaullahdır».

Həzrət Əbdulbəha

TARİXDƏ ƏN BÖYÜK HADİSƏ

DƏYİŞƏN DÜNYA

HƏQİQƏT GÜNƏŞİ

BƏHAULLAHIN MİSSİYASI

PEYĞƏMBƏRLİKLƏRİN YERİNƏ YETMƏSİ

ONUN İLAHİ İLHAMININ SÜBUTU

TƏDQİQATIN ÇƏTİNLİKLƏRİ

KİTABIN MƏQSƏDİ

 


TARİXDƏ ƏN BÖYÜK HADİSƏ

Biz tarixin səhifələrini vərəqləyib, insan təkamülünün gedişini öyrənərkən aydın olur ki, bəşəriyyətin tərəqqisində başlıca amil müxtəlif zamanlarda öz dövrünün ideyalarının fövqündə duran və bəşəriyyətə o vaxtadək məlum olmayan həqiqətləri aşkarlayan insanların gəlişidir. Dünyanın dəyişdirilməsi, hər şeydən əvvəl, yaradıcıdan, öndərdən, dahidən, Peyğəmbərdən asılıdır. Tomas Karleyl deyir: "Bu çox sadə həqiqətdir ki, ali müdrikliyi, ruhani qüdrəti özündə cəmləşdirən bir insan, buna malik olmayan nəinki onlarla, on minlərlə adamdan, hətta bütün bəşəriyyətdən güclüdür: o, onların arasında mələyin efir qüdrətilə, sanki əlində qılınc tutmuş səma ordusu kimi dayanır və onun qarşısında heç bir qalxan, heç bir qala tab gətirə bilmir". ("Zamanın əlamətləri")

Elm, incəsənət, musiqi tarixində bu həqiqətin çoxsaylı sübutlarını görürük, lakin dində olduğu qədər başqa heç bir sahədə Böyük İnsanın rolu belə bariz şəkildə görünmür. İnsanların mənəvi həyatının cırlaşdığı və onların əxlaqının pozulduğu zamanlarda insanların ən ecazkarı və ən əsrarəngizi — Peyğəmbərlər zühur edirlər: tək başına bütün dünyaya qarşı duraraq, öyrətmək, rəhbərlik etmək, axıradək anlamaq və ya onunla məsuliyyəti bölüşdürmək qabiliyyətinə malik başqa bir şəxsin köməyi olmadan, Peyğəmbər həqiqəti və ədaləti elan etmək üçün korlar arasından bəsirətli adam kimi yüksəlir.

Peyğəmbərlərdən bəziləri xüsusi qüdrətə malikdirlər. Hər dəfə bir neçə yüzilliklər keçəndən sonra Şərqdə Allah Elçiləri — Krişna, Zərdüşt, Musa, İsa, Məhəmməd (s.ə.s) mənəvi Günəş kimi insanların dumanlanmış ağıllarını işıqlandırmaq və onların yatmış qəlblərini oyatmaq üçün zühur etmişlər. Dinlərin baniləri olan bu şəxsiyyətlərin əzəmətinə necə münasibət bəsləməyimizdən asılı olmayaraq, biz onunla razılaşmalıyıq ki, onlar bəşəriyyətin tərbiyəsində ən qüdrətli başlanqıclar olmuşlar. Bir qayda olaraq bütün Peyğəmbərlər bildirirlər ki, bəyan etdikləri sözlər onların Özündən deyildir və onlar yalnız bu İlahi Vəhyin, müraciətin daşıyıcısıdırlar.

Eyhamlarla və qabaqcadan xəbər verməklə onlar bildirirlər: Dünyanın ən Böyük Müəllimi "vaxt tamam olanda" gələcək, onların işini davam etdirəcək və onun bəhrəsini görəcək, yer üzərində sülh və ədalət Səltənətini quraraq, bütün irqləri, dinləri, millətləri və tayfaları bir ailədə birləşdirəcəkdir ki, onlar "bir çobanı olan bir sürü təşkil etsinlər" və "acizindən tutmuş əzəmətlisinə kimi bütün canlılar" Allahı dərk etsinlər və sevsinlər.

"Bəşəriyyətin Müəllimi"nin tezliklə gəlməsi bəşər tarixində ən əlamətdar hadisə olmalıdır. Bəhai hərəkatı dünyaya bu şad xəbəri bəyan edir ki, həmin Müəllim həqiqətən gəlmişdir, Onun təlimi elan edilmiş və yazılmışdır və hər bir inadçıl həqiqət axtarıcısı onu öyrənə bilər. Artıq "Allah Günü" gəlib çatmış və "Həqiqət Günəşi" doğmuşdur. Yalnız dağların zirvəsində olan çox az adam Nurlu Halənin işığını duysa da, artıq onun şüaları göyü və yeri işıqlandırır və tezliklə o, dağların üzərinə yüksələrək, tam gücü ilə düzləri və vadiləri nura boyayacaq, hamıya həyat bəxş edib yol göstərəcəkdir.

DƏYİŞƏN DÜNYA

Hamıya məlumdur ki, XIX əsr və XX yüzilliyin[1] ilk illəri köhnə eranın çırpınaraq ölməsi və yeni eranın doğulması şəraitində keçir. Keçmişin xarabalıqları arasında materializmin və eqoizmin köhnəlmiş prinsipləri, köhnə təriqətçiliyin və şovinizmin xurafat və nifrət hissləri yox olub gedir. Bütün ölkələrdə köhnə zəncirləri parçalayıb qıran və sərhədləri aşıb-keçən yeni inam, qardaşlıq, beynəlxalq həmrəylik ruhu doğulur. Heç bir bənzəri olmayan, misli görünməmiş dərəcədə əhəmiyyətli inqilabi dəyişikliklər insan həyatının bütün sahələrində baş verir.

Lakin köhnə era hələ ölməmişdir. O, yeni era ilə ölüm-dirim mübarizəsinə girişmişdir. Nəhəng və dəhşətli şər hələ çox yeri bürümüşdür, lakin o artıq ifşa edilmiş, başa düşülmüş, döyüşə çağırılmış və ona yeni qüvvə və ümidlə həmlə edilmişdir. Nəhəng və hədələyici buludlar hələ çoxdur, lakin işıq artıq onları yarıb keçir və tərəqqinin yolunu işıqlandıraraq irəliyə doğru hərəkətə mane olan sədləri və uçurumları göstərir.

XVIII əsrdə vəziyyət başqa cür idi. Bu dövrdə dünyanı bürümüş əqli və əxlaqi zülməti işığın bir şüası belə yumşalda bilməmişdi: bu, sübh çağına bir saat qalmış ərəfəyə bənzəyir ki, bu zaman yandırılmış halda qalan bir neçə çıraq və şam qaranlığı yalnız daha da görümlü edir. Tomas Karleyl "Böyük Fridrix" əsərində XVIII əsr haqqında belə yazır: "Tarixi olmayan və ancaq çox cüzi və ya heç bir dəyərə malik olmayan əsr. Yalanlar yığını ilə zəngin əsr; yalan o səviyəyə çatmışdı ki, əsr hətta öz saxtalığını da dərk etmirdi. O, yalanla elə əhatələnmişdi və yalan onun iliyinə elə hopmuşdu ki, bu heç bir ölçüyə sığmırdı və Fransa inqilabı buna son qoymalı idi... Mən məmnuniyyətlə duyuram ki, belə əsr üçün bu ən layiqli sonluqdur. Çünki daha bir İlahi Vəhy göndərilməliydi ki, fəaliyyətsiz, veyil insan övladları meymun vəziyyətinədək gəlib çıxmasınlar." (Tomas Karleyl, Böyük Fridrix, I kitab, I fəsil.)

XVIII əsrlə müqayisədə hazırkı dövr qaranlıqdan sonra aqarmağa başlayan dan yerinə, qışdan sonra gələn bahara bənzəyir. Dünya təzə ideallarla və ümidlərlə dolu olan yeni həyata oyanır. Yaxın vaxtla-radək həyata keçirilməsi xəyal kimi görünən arzular indi artıq baş vermiş fakta çevrilmişdir.

Əsrlər boyu bizim üçün əlçatmaz görünən arzular indi gündəlik və adi hala çevrilmişdir. Biz səmada uçur və suyun altında səyahətə çıxırıq. Biz dünyanın istənilən yerinə ildırım sürətilə xəbərlər göndəririk. Bir neçə onilliklər ərzində biz o qədər çoxlu möcüzələrin şahidi olmuşuq ki, onları saymaqla qurtarmaz.

HƏQİQƏT GÜNƏŞİ

Bütün dünyanın bu cür qəfil oyanışının səbəbi nə olmuşdur? Bəhailər inanırlar ki, bu oyanış Müqəddəs Ruhun 1817-ci ildə İranda doğulmuş və 1892-ci ildə Müqəddəs Torpaqda dəfn olunmuş İlhamlı Müəllim — Həzrət Bəhaullah vasitəsilə zühuru sayəsində baş vermişdir.

Həzrət Bəhaullah öyrədirdi ki, günəş təbii aləmin nur daşıyıcısı olduğu kimi Peyğəmbər və ya "Allahın Zühuru" da mənəvi aləmin nur daşıyıcısıdır. Maddi günəş yer üzərinə işıq saçmağla təbii orqanizmləri böyüməyə və inkişaf etməyə necə vadar edirsə, İlahi Vəhyin həqiqət Günəşi də qəlblər və ruhlar dünyası üzərində şəfəq saçaraq insanların düşüncələrini, əxlağlarını və xasiyyətlərini tərbiyələndirir.

Təbii günəşin şüaları dünyanın ən qaranlıq və zülmət kuşələrinə daxil olaraq, hətta günəşin özünü heç zaman görməyən məxluqlara həyat və istilik vermək xüsusiyyətinə malik olduğu kimi, İlahi Zühur vasitəsilə Müqəddəs Ruhun ifadəsi də hamının həyatına nüfuz edir və Peyğəmbərin heç adını belə bilməyən xalqların ağıllarını ilhamlandırır.

Müjdəçinin gəlişi baharın gəlişi kimidir. Bu, Dirilmə Günüdür. Həmin gün mənəviyyatca ölmüşlər yeni həyat üçün oyanır, ilahi inam həqiqəti Dirçəlir və bərpa olunur, yeni səmalar, yeni kainat kəşf olunur.

Lakin bahar təbiətə yalnız canlanma və yeni həyat gətirmir, o həmçinin vaxtı keçmiş və köhnəlmiş bütün şeyləri dağıdır və məhv edir, belə ki, çiçəkləri qönçələndirən və aqacları tumurcuqlandıran günəş eyni zamanda ölmüş və faydasız nə varsa hamısını dağıdır və çürüdür. O, qışın qarını və buzunu əriməyə məcbur edir, yer üzünü təmizləyən və yuyan sellər və tufanlar gətirir.

Mənəvi aləmdə də belədir. Mənəvi Günəş də buna bənzər sarsıntılar və dəyişikliklər doğurur. Beləliklə, Dirilmə Günü həm də Qiyamət Günüdür ki, həmin gün əxlaqsızlıqlar, saxta həqiqətlər, köhnəlmiş ideyalar və adətlər ifşa edilir və yox olub gedir, sanki qış fəsli ərzində toplanıb yığılmış mövhumat və xurafat buzu və qarı əriyir, əsrlər boyu donmuş və məhbəsdə qalmış enerji dünyanı yuyub təmizləmək və canlandırmaq üçün azad olur.

BƏHAULLAHIN MİSSİYASI

Həzrət Bəhaullah dəfələrlə və aydın şəkildə buyurmuşdu ki, O, bütün xalqların çoxdan gözlədiyi Tərbiyəçi və Müəllimdir. Çaylar dəryalarda qovuşduqları kimi, bütün əvvəlki dini formalar da Onun ecazkar mərhəmət məcrasında qovuşacağlar. O elə bir təməl qoymuşdur ki, bu bütün bəşəriyyətin birliyinin möhkəm əsası, Peyğəmbərlərin öncədən xəbər verdiyi və şairlərin vəsf etdiyi gözəl sülh və xeyrxahlıq əsrinin başlanğıcıdır.

Həqiqətin axtarışı, bəşəriyyətin birliyi, Şərq və Qərb dinlərinin, millətlərinin və irqlərinin birləşməsi, din ilə elmin barışması, mövhumat və xurafatın kökünün kəsilməsi, kişilərin və qadınların hüquq bərabərliyi, haqqın və ədalətin bərqərar edilməsi, beynəlxalq məhkəmənin təsis edilməsi, vahid dil, icbari təhsil — bu və buna bənzər çoxlu prinsiplər Həzrət Bəhaullahın XIX yüzilliyin ikinci yarısında qələmə aldığı çoxsaylı kitablarında və məktublarında ifadə olunmuşdur. Bu məktubların bəziləri krallara və dünya hökmdarlarına ünvanlanmışdır.

Fikir və məqsəd dərinliyinə görə tayı-bərabəri olmayan bu Təlim zamanın tələbləri ilə ecazkar bir tərzdə uzlaşır. Hələ heç zaman bəşəriyyət qarşısında belə nəhəng və mürəkkəb problemlər durmamışdı, hələ heç zaman təklif olunan qərarlar bu qədər çoxsaylı və belə ziddiyyətli olmamışdı, hələ heç zaman Böyük Dünya Müəlliminə olan ehtiyac belə kəskin və qabarıq şəkildə hiss olunmamışdı, hələ heç zaman Böyük Müəllimin Zühuruna bu qədər ümidlər bəslənməmişdi.

PEYĞƏMBƏRLİKLƏRİN YERİNƏ YETMƏSİ

Həzrət Əbdülbəha buyurur:

"İyirmi əsr bundan qabaq Həzrət İsa Zühur etmişdi. Yəhudilər Onun gəlişini həsrətlə gözləyir, hər gün göz yaşları tökərək dua edir və deyirdilər: "Ya Rəbb, Məsihanın gəlişini tezləşdir". Lakin həqiqət Günəşi Zühur etdikdə, Onu qəbul etmədilər, Ona qarşı çıxdılar və bu İlahi Ruhu, Allah Kəlamını böyük nifrətlə çarmıxa çəkdilər, Onu Müqəddəs Yazıda deyildiyi kimi şər Allahı-Baal-Zevul[2] adlandırdılar.

Onların dediyinə görə, buna səbəb o olmuşdur ki, Tövratın mətnində aydın göstərildiyinə əsasən Həzrət İsanın Zühuru xüsusi əlamətlərlə müşayiət olunacaqdır. Bir halda ki, bu əlamətlər görünməyib, deməli, özünü Məsiha adlandıran yalançıdır.

Bu əlamətlərdən biri odur ki Məsiha bizə məlum olmayan məkandan gəlməlidir, lakin biz hamımız bilirik ki, bu adamın evi Nazaretdədir; Nazaretdə nə isə xeyirli bir şey ola bilərmi?

Digər əlamət budur ki, o, dəmir qırmancla hakimlik edəcək və qılıncla fəaliyyət göstərəcək, bu Məsihanın isə heç əl aqacı da yoxdur.

Daha bir şərt və əlamət budur ki, O, Davudun taxtında oturmalı və Onun hakimiyyətini bərqərar etməlidir. Onun isə nəinki taxtı, hətta uzanmaq üçün həsiri də yoxdur. Şərtlərdən biri də ondan ibarətdir ki, O, Tövratın bütün qanunlarını təbliq etməlidir, lakin bu adam bütün qanunları məhv etdi və hətta şənbə gününü də pozdu, hərçənd Tövratda aydınca deyilir ki, kim özünü Peyğəmbər elan etsə və möcüzələr göstərsə, lakin şənbə gününü pozsa, ölümə məhkum edilməlidir.

Daha bir əlamət budur ki, Onun padşahlığı dövründə haqq-ədalət hədsiz dərəcədə möhkəmlənəcək, düzgünlük və əmin-amanlıq hətta heyvanat aləmində də yayılacaqdır — ilan və siçan bir oyuqda, qartal və kəklik bir yuvada yaşayacaq, şir cüyürlə bir çəməndə otlayacaq, qurd və quzu bir çeşmədən su içəcəklər. Lakin Onun dövründə haqsızlıq və zülm ərşə çıxdı və adamlar hətta Onun özünü çarmıxa çəkdilər.

Əlamətlərdən biri də o idi ki, Məsihanın dövründə yəhudilər firavan həyat sürməli və bütün dünya xalqlarına qalib gəlməlidir, amma indi onlar ən böyük rəzalətdə yaşayırlar və Roma imperiyasının qullarıdırlar. Buna görə də O necə Tövratda vəd olunan Məsiha ola bilər?

Bu cür düşüncələrə əsaslanaraq onlar həqiqət Günəşini inkar etdilər, halbuki Tövratda əvvəlcədən xəbər verilən İlahi Ruh həmin o Kəs idi, lakin yəhudilər bu əlamətlərin mənasını anlamadıqlarına görə Allah Kəlamını çarmıxa çəkdilər. İndi isə bəhailər bilirlər ki, əlamətlər heç də yəhudilərin düşündükləri mənada deyilməyibmiş. Belə ki, Tövratdakı təsvirlər rəmzi səciyyə daşımış və vəd olunan əlamətlər Məsihanın gəlişi anında yerinə yetmişdir. Məsələn, bu əlamətlərdən biri Məsihanın hökmranlığı idi.

Bəhailər deyirlər ki, hökmranlıq, məsələn, Napoleonun hökmran-lığı kimi qısa müddətli və itib gedən hökmranlıq deyil, səmavi və İlahi hökmranlıqdır.

Necə ki, artıq iki min il bundan əvvəl Həzrət İsanın hökmranlığı bərqərar olub və bu günədək davam edir. Və bu müqəddəs vücud əbədiyyət taxtında həmişə əyləşəcəkdir.

Digər əlamətlərin təzahürləri də məhz bu mənalarda olmuşdur, lakin yəhudilər onları başa düşməmişlər. Həzrət İsanın İlahi Zühurundan 20 əsr keçməsinə baxmayaraq yəhudilər bu günə qədərdə Məsihanın gəlişini gözləyir və özlərini haqlı, Həzrət İsanı isə yalançı sayırlar". (Əbdulbəha tərəfindən bu fəsil üçün yazılmışdır.)

Əgər yəhudilər İsaya müraciət etsəydilər, O, Özünün Peyğəmbərliyinin əsil mahiyyətini izah edərdi. Yəhudilərin başına gələn bu hadisə qoy bizim üçün örnək olsun. Böyük Müəllimin son gündə Zühuru barəsində Peyğəmbərcəsinə deyilmiş sözlərin yerinə yetib-yetməməsi məsələsini həll etməzdən əvvəl biz, Həzrət Bəhaullahın Özünün izahatlarına istinad etməliyik, çünki Peyğəmbərcəsinə söylənmiş bu xəbərlərin əksəriyyəti "möhürlənmiş sözlərdir" və ancaq həqiqi Müəllim bu möhürü çıxarıb bu kəlamlar xəzinəsində saxlanılanların əsl mənasını açıqlaya bilər.

Həzrət Bəhaullah Öz Yazılarında qədim Peyğəmbərliklərin ətraflı şərhini verir, lakin Öz Missiyasının həqiqiliyini onlardan asılı vəziyyətdə qoymur. Çünki günəşin özü öz varlığının sübutudur. Günəşin çıxması özü-özlüyündə bizi onun şəfəq saçmasına inandırır və bunun üçün əvvəlcədən deyilmiş xəbərlərə ehtiyac yoxdur. İlahi Vəhyin Zühuru zamanı da eyni şey baş verir.

Hətta Onun haqqında bütün əvvəlki Peyğəmbərliklər unudulsaydı belə, ruhani düşüncələrini itirməyənlər üçün o, özü-özülüyündə tam və kafi bir sübutdur.

ONUN İLAHİ İLHAMININ SÜBUTU

Həzrət Bəhaullah heç kimdən Onun izahatlarını və dəlillərini kor-koranə qəbul etməyi tələb etmirdi, əksinə, Öz Təlimində O, ilk növbədə şəxsiyyətlərə kor-koranə inamın qarşısını qətiyyətlə alır və hamıdan tələb edir ki, qulaqlarını və gözlərini "açsınlar" və həqiqətin meydana çıxarılması üçün kənar təsirlərdən asılı olmayaraq çəkinmədən öz şəxsi fikirlərini müəyyənləşdirsinlər.

O, Öz Təlimi ilə hərtərəfli tanış olmağı tələb edir və çəkinmədən Missiyasının ən yüksək dəlili kimi insanların həyatını və xarakterini dəyişən sözlərini və əsərlərini təklif edir.

Musa Peyğəmbər buyurur:

"Əgər Peyğəmbər Allahın adından danışarsa, lakin Onun sözləri həyata keçməzsə və yerinə yetməzsə, onda bu sözləri Allah deməyib, öz qabalığı ucbatından bunları Peyğəmbər Özü deyib — ondan qorxmayın".

İsa Peyğəmbər də belə aydın dəlillər gətirər və Öz hüquqlarını təsdiqləmək üçün onlardan istifadə edərdi. O, buyurur:

"Yalançı Peyğəmbərlərdən qorunun; onlar yanınıza qoyun cildində gələrlər, fəqət daxildə vəhşi qurddurlar, onları meyvələrindən tanıyacaqsınız. İnsanlar tikanlardan üzüm, yaxud qızılyarpağlardan ən-cir toplarlarmı? Beləcə də hər yaxşı ağac yaxşı meyvə verər, fəqət çürük aqac pis meyvə verər. Yaxşı aqac pis meyvə verə bilməz, çürük aqac da yaxşı meyvə verə bilməz. Yaxşı meyvə verməyən hər ağac kəsilər və atəşə atılar. Beləliklə onları meyvələrindən tanıyacaqsınız". (İncil. Matta. 7:15-20.)

Sonrakı fəsillərdə biz bu dəlillərin Həzrət Bəhaullahın Peyğəmbərlik məqamına olan iddiasını təsdiq və ya inkar etməsini, haqqında danışdığı hadisələrin baş verib-verməməsini, Onun Təliminin bəhrələrinin xeyirli və ya zərərli olmasını, başqa sözlə desək, Onun Peyğəmbərcəsinə söylədiklərinin və Onun əmrlərinin yerinə yetib-yetməməsini və Onun bütün həyatı boyu çəkdiyi böyük zəhmətin adamların kamilləşməsi və mənəviyyatının yüksəlməsi üçün nə isə verib-verməməsini göstərməyə çalışacağıq.

TƏDQİQATIN ÇƏTİNLİKLƏRİ

Bu Təlim haqqında həqiqi təsəvvür almaq istəyən hər bir kəs bu yolda çoxlu çətinliklərlə qarşılaşır. Həyatın əxlaqi və mənəvi sahələrində baş verən bütün böyük dəyişikliklər kimi Bəhai hərəkatı da kobudcasına təhrif olunmuşdur. Həzrət Bəhaullahın və Onun ardıcıllarının amansız təqiblərə və iztirablara məruz qaldıqlarına dair mülahizələrdə Onun həm dostlarının, həm də düşmənlərinin fikirləri tamamilə uyğun gəlir.

Bəhai hərəkatının xarakterinə, onun banilərinin roluna gəldikdə isə bu dinə inananların və onların əleyhdarlarının dedikləri olduqca ziddiyyətlidir. Hər şey İsa Peyğəmbərin vaxtında olduğu kimidir. Həzrət İsanın çarmıxa çəkilməsi, Onun ardıcıllarının təqiblərə və işgəncələrə məruz qalması haqqında məlumatlarla bağlı yəhudi və xristian tarixçilərinin fikri eynidir. Lakin möminlər İsa Peyğəmbərin Həzrət Musanın və digər Peyğəmbərlərin təlimini həyata keçirməsini və inkişaf etdirməsini dedikləri halda, əleyhdarları bəyan edirlər ki, O, qanunları və Vəsiyyəti pozmuşdur və ölümə məhkum edilməlidir.

Elmdə olduğu kimi, dində də həqiqət öz sirlərini ancaq itaətli və ehtiramlı axtarıcıya, onun naminə hər cür mövhumatdan və xurafatdan imtina etməyə hazır olana — "ən qiymətli mirvarini" almaq imkanı əldə etmək üçün malik olduğu bütün şeylərindən keçənə açıqlayır.

Bəhai Təlimini bütün dərinliyi ilə anlamaq üçün biz səmimi və təmənnasız sədaqət ruhu ilə onu öyrənməyə başlamalı, tədqiqat yolunda inadlı olmalı və Allahın himayəsinə ümid bəsləməliyik.

Bəhai Dini banilərinin yazılarında biz bu böyük mənəvi oyanışın sirlərinin açarını və onun dəyər ölçüsünü tapa bilərik. Təlim fars və ərəb dillərində yazıldığından müqəddəs mətni öyrənmək istəyənin qarşısına, təəssüflər olsun ki, burada da çətinliklər çıxır. Yazıların az hissəsi ingilis dilinə tərcümə edilmişdir, lakin bu tərcümələrin əksəriyyəti həm məna düzgünlüyü, həm də ifadə üslubu baxımından qənaətbəxş deyildir. Lakin tarixi məlumatların və tərcümələrin çatışmazlığına baxmayaraq, bu Təlimin möhkəm və sarsılmaz təməlini təşkil edən böyük həqiqətlər daq zirvələri kimi qeyrimüəyyənlik dumanı içərisində yüksəlirlər.[3]

KİTABIN MƏQSƏDİ

Kitabın yazılmasında məqsəd imkan daxilində aydın və qərəzsiz bir şəkildə Bəhai Təlimi tarixinin ən əhəmiyyətli mərhələləri haqqında danışmaqdan ibarətdir ki, oxucular onun mahiyyəti barəsində özlərində düzgün təsəvvür yarada bilsinlər və bəlkə də şəxsən onu daha dərindən öyrənmək həvəsinə düşsünlər.

Həqiqət cansız əşya deyildir ki, axtarılıb tapılandan sonra muzeydə nümayiş etdirilsin, təsnifləşdirilsin, kataloqa yazılsın və bütün dövrlər boyu orada, quru və bəhrəsiz qalsın. Həqiqət elə həyati başlanğıcdır ki, insanların ürəklərində kök salmalı və onlar öz axtarışlarının tam mükafatını əldə edənədək onların həyatında öz bəhrəsini verməlidir.

Buna görə də Peyğəmbərin Zühuru barəsində biliklərin təbliqində başlıca məqsəd ondan ibarətdir ki, Onun prinsiplərinin həqiqiliyinə inanan hər bir kəs bu prinsipləri həyata keçirsin, onları əldə rəhbər tutsun, xoş xəbəri yaysın və beləliklə, göydə olduğu kimi, yer üzündə də bəxtiyar günün yaxınlaşmasını sürətləndirsin.

 



[1] Birinci Dünya Müharibəsindən sonra yazılmışdır.

[2] Əslində qədim butlərdən birinin adıdır. Lakin İncildə şeytan mənasında işlədilir.

[3] Bununla belə Şövqi Əfəndi həzrət Bəhaullahın və həzrət Əbdulbəhanın ən əhəmiyyətli yazılarını fars və ərəb dillərindən ingilis dilinə tərcumə etmişdir. Bu gözəl tərcümələr vd Bəhai Dininin tarixinə, yer üzərində İnzibati Qaydanın bərqərar olması onun əsaslı muddəalarının həyata keçməsinə və əhəmiyyətinə dair Onun şəxsən yazdığı görkəmli əsərlər Esslemontun dövründən fərqli olaraq bu güngü tədqiqatçının işini xeyli yüngülləşdirir. (Uca Ədalət Evinin qeydi).

 


¬ Geri, kitabın əvvəlinə        İrəli, II fəsilə ®

©2003-2008 Azərbaycan Bəhailərinin Milli Ruhani Məhfili.

Digər təşkilatlar və fiziki şəxslər bu materiallardan sərbəst istifadə edə bilər, o şərtlə ki, burada olan məlumatlar təhrif olunmayacaq, materialların və ya onlardan olan çixarışların nəşrində aşağıdakılar qeyd olunacaq:
"Azərbaycanda Bəhai Dini icmasının rəsmi www.bahai.az internet saytının materiallarından istifadə olunmuşdur."
Bəhaullah və Yeni Era -
Con Ebenezer Esslemont
Yuxarı >