Ý Kitabın
əvvəlinə
"Həqiqətən, Zülmkar şəxs dünyaların
Sevimlisini onun üçün qətlə yetirdi ki, bununla Allahın Nurunu Onun yaratdıqları
arasında söndürsün və bəşəriyyəti Onun Mərhəmətli və Səxavətli Rəbbinin günündə
Səmavi həyat Çeşməsindən yayındırsın".
Həzrət Bəhaullah. Rəisə məktub.
YENİ VƏHYİN ZÜHUR YERİ
GƏNCLİK
BABIN BƏYANI
BABİLİK HƏRƏKATININ YAYILMASI
BABIN İDDİALARI
TƏQİBLƏR GÜCLƏNİR
BABIN ŞƏHİD EDİLMƏSİ
KƏRMEL DAĞINDA MƏZAR
BABIN ƏSƏRLƏRİ
ALLAHIN GÖSTƏRƏCƏYİ KƏS
DİRİLMƏ, CƏNNƏT VƏ CƏHƏNNƏM
İCTİMAİ VƏ ETİK TƏLİM
ŞƏHİDLİK VƏ QƏLƏBƏ
Həzrət Bəhaullahın Zühur etdiyi yer
olan İran bir vaxtlar dünya tarixində müstəsna mövqelərdən birini tuturdu.
Özünün əvvəlki əzəmətli günlərində o, millətlər arasında həqiqətən şahanə
mövqeyə malik idi və sivilizasiyası, gücü, qüdrəti və şan-şöhrəti ilə onları
üstələyirdi. O, dünyaya dahi şahlar və dövlət xadimləri, Peyğəmbərlər və
şairlər, filosoflar və rəssamlar vermişdir. Zərdüşt, Kir, Dara, Hafiz və
Firdovsi, Sədi və Ömər Xəyyam – İranın dahi oğullarından ancaq bəziləridir.
İncəsənətdə onun sənətkarlarını heç kim ötüb keçə bilməzdi: onların toxuduqları
xalçalar misilsiz, polad qılıncları müqayisə edilməz, dulusçuluq istehsalı bütün
dünyada məşhur idi. Yaxın və Orta Şərqin bütün diyarlarında İran öz əvvəlki
əzəmətinin izlərini qoymuşdur.
Lakin XVIII-XIX əsrlərdə İran
tənəzzülə uğramışdı. Onun qədim şöhrəti sanki həmişəlik itirilmişdi. Onun
hökuməti pozğunlaşmış və çıxılmaz maliyyə çətinlikləri qarşısında qalmışdı; onun
hakimlərindən bəziləri zəif, digərləri isə ağlasığmaz dərəcədə qəddar idi. Onun
ruhaniləri riyakar idilər və dözümsüzlükləri ilə seçilirdilər, onun xalqı avam
və mövhumatçı idi.
Əhalinin böyük əksəriyyəti İslamın şiə
məzhəbinə mənsub idi, lakin İranda həmçinin xeyli sayda zərdüştilər, yəhudilər
və öz aralarında düşmənçilik edən müxtəlif xristian təriqətləri də vardı.
Onların hamısı özlərini bir olan Allaha inamı və həyatda məhəbbət və barışıqla
yaşamağı təlqin edən böyük müəllimlərinin ardıcılları hesab edirdilər. Lakin
buna baxmayaraq onlar bir-birlərindən kənar gəzir, bir-birlərinə nifrət edir və
alçaq nəzərlərlə baxırdılar; hər bir təriqət digərini murdar, it və bütpərəst
sayırdı. Söyüşlər və lənətlər inanılmaz həddə idi. Yəhudi və zərdüşti üçün
yağışlı gündə küçədə gəzmək qorxulu idi, çünki onlardan hər hansı birinin
islanmış paltarı müsəlmana toxunsaydı, onu murdar-laya bilərdi və o bu təhqiri
öz həyatı bahasına ödəməliydi.
Əgər müsəlman yəhudidən, xristiandan
və zərdüştidən pul almış olsaydı, o bu pulu cibinə qoymazdan əvvəl onu
yumalıydı. Əgər yəhudi görsəydi ki, onun uşağı dilənçi müsəlmana bir stəkan su
verir, o dərhal stəkanı dartıb uşağın əlindən almalı idi, çünki kafir köməyə
yox, lənətə layiq idi.
Müsəlmanlar da öz növbəsində çoxsaylı
təriqətlərə bölünmüşdülər və onların arasında da tez-tez amansız və qızğın
mübahisələr baş verirdi. Zərdüşt Peyğəmbərin ardıcılları bu qarşılıqlı
mübahisələrdə iştirak etmirdilər. Onlar əlahiddə icmalar halında yaşayır və
başqa dinlərə mənsub olan həmvətənləri ilə ünsiyyətdə olmaqdan imtina edirdilər.
Dini işlər kimi ictimai işlər də
ümidsiz tənəzzül halında idi. Təlim-tərbiyəyə etinasızlıq göstərilir, Qərb
elmləri və incəsənəti murdar və dinə zidd sayılır, ədalət məhkəməsi məzhəkəni
xatırladırdı. Quldurluq və talan adi işə çevrilmişdi. Yollar səfər üçün bərbad
və qorxulu idi. Hər yer çirkli və üfunətli idi.
Bütün bunlara baxmayaraq İranda mənəvi
həyatın işığı söndürülməmişdi. Hər yerdə hökmranlıq edən boşluğun və mövhumatın
arasında hələ də müqəddəs qəlblərə rast gəlmək olurdu və İsanın Zühurundan əvvəl
Anna və Simeon kimi bir çox ürəklər Allah fikri ilə təskinlik tapırdı.
Çoxları vəd olunmuş Allah Rəsulunun
gəlişini səbirsizliklə gözləyir və inanırdılar ki, Onun Zühur vaxtı çatmışdır.
Yeni Eranın Müjdəçisi Həzrət Bab Öz Vəhyi ilə ölkəni həyacanlandıran zaman
İranda vəziyyət belə idi.
Sonralar Bab (yəni "Qapı") adını almış
Mirzə Əli Məhəmməd 1819-cu il oktyabrın 20-də İranın
cənubunda yerləşən Şiraz şəhərində doğulmuşdur. O, Məhəmməd Peyğəmbərin
nəslindən idi. Dünyaya göz açandan az sonra məşhur tacir olan atası vəfat edir
və O, Şirazın tacirlərindən olan dayısının himayəsinə verilir. Uşaqlıq
çağlarında O oxumağı öyrənir və adi ibtidai təhsil alır.
On beş yaşından etibarən öz qəyyumunun işlərini aparmaqa başlayır, sonra isə
Fars görfəzi sahilində yerləşən Buşir şəhərində yaşayan o biri dayısının yanında
tacirlik edir.
Gəncliyində O qeyri-adi gözəlliyi və
yaxşı davranışı, həmçinin son dərəcə möminliyi və alicənab xasiyyəti ilə
fərqlənirdi. O, İslam Dininin namaz, oruc və digər tələblərini dəqiqliyi ilə
yerinə yetirir, nəinki şəriətin ehkamlarına itaət edir, həm də Peyğəmbərin
təlimi ruhunda yaşayırdı. O, iyirmi iki yaşında evlənmişdi. Həmin nikahdan Əhməd
adlı bir oğlu olmuş və o hələ uşaq ikən Həzrət Babın Bəyanının birinci ilində
vəfat etmişdir.
İyirmi beş yaşına çatanda İlahinin
İradəsi ilə O, elan etdi ki, Allah-taala Onu Özünün “Qapısı" seçmişdir.
"Səyahətçinin hekayətində
oxuyuruq: "Bab adı altında O, aşağıdakıları demək istəyirdi: O, hələ şərəf
pərdəsi arxasında qalan və saysız-hesabsız kamilliklərə sahib olan bir Böyük
Şəxsdən süzülən mərhəmət çeşməsidir və həmin Şəxsin İradəsi ilə hərəkət edib
onun məhəbbət tellərinə can atır". (Səyahətçinin hekayəpş, Bab vaqiəsi, s.3)
Həmin günlər Allah Rəsulunun hökmən
Zühur edəcəyi fikri şeyxilər adlanan təriqətdə daha güclü idi. Həzrət Babın Öz
Missiyasını ilk dəfə açdığı şəxs məhz həmin təriqətdən olan, məşhur ruhani Molla
Hüseyn Buşruyi olmuşdur. Onun Bəyanının dəqiq tarixi və saatı Həzrət Babın
"Bəyan" əsərində verilmişdir. Həzrət Bab, Özünün həqiqətən Vəd olunmuş həmin kəs
olduğunu hicri tarixi ilə 1260-cı il cümadi-əl-əvvəl ayının 5-ci günü, gün
batandan 2 saat 11 dəqiqə sonra, axşamqabağı bəyan etmişdir.
Həzrət Əbdülbəha da həmin kecə anadan
olmuşdur, lakin Onun doğulduğu saat dəqiq müəyyənləşdirilməmişdir. Həzrət Babın
ona dediyi sözlər üzərində bir neçə gün dərin düşüncələrə və fikirlərə daldıqdan
sonra Molla Hüseyn qəti əmin olur ki, şeyxilərin çoxdan gözlədikləri Rəsul
həqiqətən Zühur etmişdir. Çox keçmədən bu sirrin açılması sevincini Molla Hüseyn
ilə onun bir neçə dostu yaşadılar. Qısa müddətdə şeyxilərin böyük əksəriyyəti
Həzrət Baba beyət etdilər və babilər kimi tanınmaqa başladılar. Tezliklə gənc
Peyğəmbərin şöhrəti ildırım sürətilə bütün ölkəyə yayıldı.
Həzrət Babın ilk 18 şagirdi (on
doqquzunçu o özü idi) "Canlının hərfləri" ("Hürufi-həyy") kimi tanınmağa
başladılar. O Özünün gəlişi barəsində xəbəri yaymaq üçün şagirdlərini İranın və
Türküstanın müxtəlif yerlərinə göndərir. Özü isə bu zaman Məkkə
ziyarətinə yola düşür, 1844-cü ilin dekabrında Məkkəyə
çatır və burada Dünyanın hər tərəfindən gəlmiş çoxsaylı zəvvarlar qarşısında öz
Missiyasını bəyan edir. Buşirə qayıtdıqdan sonra onun Özünü Bab adlandırması
böyük həyəcan doğurur. Bəlağətli nitqinin atəşi, sürətli və ilhamlı yazı
möcüzəsi, fövqəladə müdrikliyi, biliyi, şücaəti və islahatçı çılğınlığı Onun
ardıcılları arasıda böyük ruh yüksəkliyinə səbəb olur. lakin eyni dərəcədə mömin
müsəlmanlar arasında ona qarşı düşmənçilik baş qaldırır.
Şiələrin ali ruhaniləri Ona qarşı
ciddi ittihamlar irəli sürürlər və Fars əyalətinin qəddar və fanatik valisi
Hüseyn Xanı inandırırlar ki, "yeni bidətçiliyə" qarşı təqiblərə başlasın. O
vaxtdan Həzrət Babın uzun sürən həbsxanalar, sürgünlər, məhkəmələr, şallaqla
döyülməsi və ağır təhqirlər dövrü başlayır və nəhayət, 1850-ci il iyulun 9-da
Onun əzabla şəhid edilməsi ilə sona çatır.
Gənc islahatçı Özünü Məhəmməd
Peyğəmbərin gəlişi barədə qabaqcadan xəbər verdiyi Mehdi elan
edəndə ona qarşı düşmənçilik ikiqat çoxaldı. Öz təsəvvürlərində şiələr bu
Mehdini min il bunda əvvəl müəmmalı şəkildə qeyb olmuş on ikinci İmam Mehdi ilə
eyniləşdirirdilər. Onlar inanırdılar ki, o hələ sağdır və özünün əvvəlki
görkəmində Zühur edəcəkdir; onun padşahlığına, onun şöhrətinə, qələbələrinə və
"əlamətlərinə" dair Peyğəmbərlikləri maddi baxımdan sübut etməyə çalışır, onun
gəlişini eynilə yəhudilər Həzrət İsa dövründə Məsihanın gəlişi barədə
Peyğəmbərlikləri yozduqları kimi şərh edirdilər.
Onlar gözləyirdilər ki, İmam Mehdi
saysız-hesabsız qoşunu ilə gələcək və Özünü ali hökmdar elan edəcək, ölüləri
dirildəcək və i. a. Lakin bu əlamətlər görünmədiyi üçün yəhudilər Həzrət İsanı
inkar etdikləri kimi, şiələr də eynilə Həzrət Babı sərt istehzalarla inkar
etdilər.
Digər tərəfdən babilər, sözü gedən
Peyğəmbərlikləri məcazi mənada şərh edirdilər. Onlar belə hesab edirdilər ki,
Vəd olunmuşun hakimiyyəti qalileyli "Hüzn Əri"nin hakimiyyəti kimi mistik
səciyyəli olacaqdır. Onun şöhrəti dünyəvi deyil, ruhani xarakter daşıyacaqdır;
Onun qələbələri — insan qəlblərinin qalalarını fəth etməkdən ibarət olacaqdır;
onlar Həzrət Babın ecazkar həyatında və təlimində, Onun inadlı inamında, Onun
sarsılmaz mətinliyində, Onun dövrünədək dərin yanlışlıqlar və cəhalət yolunda
olanları ruhani həyata qaytarmaq qabiliyyətində Onun bu iddialarını təsdiq edən
çoxlu dəlillər tapırdılar.
Lakin Həzrət Bab Özünü Mehdi elan
etməklə kifayətlənmədi. O, "Nöqteyi-Övla" və ya "Birinci Nöqtə" müqəddəs adını
qəbul etdi. Bu titulla Məhəmməd Peyğəmbərin ardıcılları Ona müraciət edərdilər.
Hətta imamlar Öz məqamlarına görə "Nöqteyi-Övla"dan aşağı dayanar və öz ilham və
səlahiyyətlərini Ondan alardılar. Bu rütbəni qəbul etməklə Həzrət Bab Özünü
Məhəmməd Peyğəmbər kimi dahi din yaradıcısı məqamına yüksəldirdi və buna görə də
O, şiələrin gözündə, yəhudilər əvvəllər Musa və İsa Peyğəmbərləri yalançı
adlandırdıqları kimi yalançı idi. O hətta yeni təqvim tətbiq edərək günəş ilini
bərpa etdi və Yeni Eranın başlanğıcını Özünün Zühur etdiyi ildən qoydu.
Həzrət Babın belə bəyanatları və bütün
siniflərə mənsub adamların-varlıların və kasıbların, alimlərin və savadsızların
heyrətamiz bir sürətlə Onun Təlimini qəbul etməsi bu Təlimin susdurulmasına
göstərilən cəhdlərin getdikcə daha amansız və qətiyyətli xarakter almasına
gətirib çıxardı.
Evlər talan edilir, qadınlar tutulub
aparılırdı: Tehranda, Farsda, Mazandaranda və digər yerlərdə babilərin böyük
hissəsini ölümə məhkum edirdilər. Çoxlarının başı kəsilmiş, dar aqacından
asılmış, topların ağzına qoyulub atılmış, yandırılmış və ya tikə-tikə
doğranmışdı.
Lakin hərəkatın yatırılmasından ötrü
edilən bütün səylərə baxmayaraq o, ketdikcə genişlənirdi. Məhz bu təqiblər
nəticəsində babilərdə belə bir inam güclənirdi ki, onların sayəsində Mehdi
Sahibəzzamanın gəlişi haqqında Peyğəmbərcəsinə söylənənlər sözün həqiqi
mənasında yerinə yetməkdir.
Şiələrin doğru saydıqları Cabir
Ənsarın rəvayətində biz oxuyuruq: "Onda Həzrət Musanın kamilliyi, Həzrət İsanın
əzəməti, Həzrət Yaqubun səbri birləşəcək; Onun dövründə bütün müqəddəslər təhqir
ediləcək, onların başları bir vaxtlar türklərin və deyləmlilərin başları kimi
hədiyyə olaraq göndəriləcəkdir; onlar öldürüləcək, yandırılacaq,
qorxudulacağlar; yer üzü onların qanına boyanacaq və onların qadınlarının naləsi
göyə ucalaçaqdır; və bunlar həqiqətən mənim müqəddəslərim olacaqdır." (Babın
yeni tarixi. Professor E.Q.Braunun tərcüməsi. s.132)
1850-ci il iyulun 9-da Həzrət Bab 31
yaşında fanatikcəsinə azğınlaşan təqibçilərin əlində şəhid edildi. Həzrət Bab
Onunla birlikdə şəhid olmaq üçün ehtirasla yalvaran sədaqətli davamçısı Ağa
Məhəmməd Əli ilə birlikdə Təbrizdəki köhnə Kazarma meydanında qurulmuş edam
yerinə gətirildi.
Günortaya iki saat qalmış onları elə
asdılar ki, Ağa Məhəmməd Əlinin başı sevimli Müəlliminin sinəsi üstünə düşdü.
Meydana atəş açmaq əmri almış bir alay erməni əsgəri gətirildi. Yaylım atəşi
açıldı, lakin tüstü dağıldıqdan sonra aydın oldu ki, Həzrət Bab və Onun
sədaqətli dostu hələ sağdırlar.
Güllələr onların asıldıqları
kəndirləri qırmış və hər iki şəhid zədə almadan yerə düşmüşdü. Həzrət Bab
yaxınlıqdakı otağa gedir və Onu burada dostlarından biri ilə danışan halda
tapırlar. Günortaya yaxın onları yenidən asırlar. Baş vermiş hadisəni möcüzə
sayan ermənilər təkrar atəş açmaqdan imtina edirlər.
Buna görə də başqa əsgər alayı
çağrılır və onlar atəş açmaq əmrinə tabe olurlar. Bu dəfə açılan atəş öz
nəticəsini verir. Hər iki qurbanın bədənləri güllələrdən deşik-deşik olmuş,
eybəcər şəklə düşmüş, lakin onların üzlərinə demək olar ki, xətər toxunmamışdı.
Bu dəhşətli cinayət Təbriz meydanını
ikinci Qolqof
meydanına çevirdi. Həzrət Babın düşmənləri qələbədən sevinərək düşünürdülər ki,
mənfur babilik əqidəsinin ağaçı kökündən kəsilmişdir və onun tamamilə quruması
asanlıqla baş verəcəkdir, lakin onları sevinci uzun sürmədi.
Onlar başa düşmürdülər ki, Həqiqət
Aqacını heç bir fiziki balta ilə kəsmək olmaz. Onlar bilmirdilər ki, onların
törətdiyi cinayət Təlimin məqsədlərinə daha böyük qüvvə və qüdrət vermişdir.
Həzrət Babın əzablı qətli Onun ən ülvi arzusunu yerinə yetirdi və Onun
ardıcıllarında yeni ruh yüksəkliyi yaratdı.
Onların ruhani şövqlərinin atəşi belə
idi. Təqiblərin amansız küləkləri nəinki onu söndürə bilmədi, əksinə bu atəşi
daha da alovlandırdı. Atəşin söndürülməsinə nə qədər çoşqunluqla cəhd
göstərilirdisə, alov daha da yüksəklərə qalxırdı.
Həzrət Babın əzabla şəhid edilməsindən
sonra Onun cənazəsi sədaqətli dostunun cənazəsi ilə birlikdə şəhərin qala
divarlarının arxasındakı xəndəyə atıldı. İkinci kecə onların meyidləri bir neçə
babi tərəfindən axtarılıb tapıldı və buradan götürüldü. Onların cənazələri uzun
illər ərzində İranda müxtəlif gizli yerlərdə saxlandıqdan sonra böyük çətinlik
və təhlükələrlə Müqəddəs Torpağa gətirildi. Burada onlar Kərmil dağının gözəl
yamacında, İliya mağarasının yaxınlığında, Həzrət Bəhaullahın Öz ömrünün son
illərini keçirdiyi və indi Onun cənazəsinin uyuduğu yerdən bir neçə mil aralıda
dəfn olundular. Dünyanın bütün yerlərindən Həzrət Bəhaullahın müqəddəs türbəsini
ziyarət etməyə gələn minlərlə zəvvar arasında bir nəfər də tapılmaz ki, Onu
sədaqətlə sevən müjdəçisi Həzrət Babın məqbərəsi önündə ibadət etməsin.
Həzrət Babın yazıları olduqca çox idi.
O, Özünün dərin mənalı şərhlərini əvvəlcədən düşünmədən qeyri-adi sürətlə
yazırdı; ifadələrinin dərinliyi və bəlağətli duaları Onun İlahi İlhamına
sübutdur. Onun müxtəlif mövzulu yazılarının məzmunu belə ümumiləşdirilə bilər:
"Onlardan bəziləri Quran surələrinə
şərh və təfsirlərdən, digərləri dualar, söhbətlər və Quranın bəzi yerlərinin
açıqlamalarından, o biriləri isə nəsihətlər və xəbərdarlıqlardan, təlimin
müxtəlif cəhətləri haqqında, İlahi Birlik haqqında mülahizələrdən, xasiyyəti
kamilləşdirməyə həvəsləndirmədən, maddi dünya məğrurluğundan azad olmağa və
İlahi İlhama təvəkkül
etməyə çağırışlardan ibarət idi.
Lakin Onun əsas əsərlərinin
mahiyyətini hər halda Onun yeganə mövzusu, Onun məqsədi, Onun sevimlisi, Onun
arzusu tezliklə zühur edəcək Həqiqət və həmin Həqiqətin tərifi və təsviri təşkil
edirdi.
O Öz də Zühuruna xoş xəbərləri bəyan
edənin gəlişi kimi baxaraq, Özünü ancaq ondan sonra gələcək daha mükəmməl Kəsə
şəhadət vermək üçün vasitəçi hesab edirdi.
Həqiqətən də O, həmin Şəxsi gündüz də,
kecə də bir dəqiqə də olsun Dayanmadan tərifləyərək özünün bütün ardıcıllarına
deyirdi ki, onlar Onun Zühurunu gözləməlidirlər.
O həmçinin Öz yazılarında buyururdu
ki: "Mən ancaq bu qüdrətli kitabın hərfiyəm və bu hüdudsuz dəryanın damlasıyam,
O Zühur edəndə Mənim əsil təbiətim, Mənim sirlərim, müəmmalarım və eyhamlarım
aşkar və anlaşılan olacaqdır; bu dinin rüşeymi öz varlığının pillələri ilə
inkişaf edəcək və "bütün formalardan ən mükəmməli" vəziyyətinə çatacaq, Quranın
aşağıdakı ayəsini təcəssüm etdirəcəkdir: "Həmd olsun Allaha — aləmlərin Rəbbinə,
rəhmli mərhəmətli olana, haqq-hesab gününün sahibinə" (Quran, əl-Fatihə
surəsi, 1-3)
Həzrət Bab Onun atəşi ilə elə
alovlanmışdı ki, Ona bəslədiyi ümid Maku qalasında keçirdiyi qaranlıq gecələrin
parlaq şamı idi və Onun haqqındakı xatirələr Çehriq həbsxanasında çəkdiyi
müsibətlərdə ən yaxın həmdəmi idi. Daim bu barədə düşünməsi Ona mənəvi işıq
verirdi: “O, Onun şərabından sərməst olmuşdu və Onun barəsində düşünərkən, O
sevincə qərq olardı". (Səyahətçinin hekayəti, s.54-56)
Həzrət Bab vəftizçi Yəhyaya bənzəyir.
Lakin Onun vəzifəsi təkcə Müjdəçi və Bəşarətçi olmaqdan ibarət deyildi. O, Özü
qısa dövr ərzində mövcud olsa da Allahın Zühuru və müstəqil dinin Banisi idi.
Bəhailər əmindirlər ki. Həzrət Bab və Həzrət Bəhaullah hər ikisi onların dininin
baniləridir və Həzrət Bəhaullahın aşağıda-kı sözləri bu həqiqəti təsdiqləyir:
"Bu ali və fövqəladə Vəhyi Mənim
əvvəlki Vəhyimdən ayıran qısa zaman məsafəsi bir sirrdir; belə ki, onu heç bir
insan açıqlaya bilməz; o elə gizlidir ki. heç bir ağıl onu dərk edə bilməz.
Onun müddəti qabaqcadan
müəyyənləşdirilmişdi və heç kim onun səbəbini dərk edə bilməz, ancaq Mənim Gizli
Kitabımın məzmununu anladıqdan sonra onu başa düşə bilər".
Buna baxmayaraq Həzrət Bab Həzrət
Bəhaullah haqqında şəfaətli itaətkarlıqla və ehtiramla danışaraq deyirdi ki,
Allahın göstərəcəyi Kəsin günlərində:
"Əgər hər bir hansı bir şəxs Ondan bir
ayə eşidərsə və onu təkrar edərsə, bu, "Bəyanı" min dəfə
oxumaqdan yaxşıdır". (Səyahətçinin hekayəti. s. 349)
Həzrət Bab hər cür əzaba dözməklə
Allahın Zühur etdirəcəyi Kəsin yolunu heç olmasa bir az asanlaşdırmağı
xoşbəxtlik sayırdı. O Kəsin ki, Onun yeganə ilham çeşməsi və Onun məhəbbət
obyekti idi.
Həzrət Babın Təliminin başlıca
hissəsini Dirilmə, Qiyamət Günü, Cənnət və Cəhənnəm məsələlərinin şərhi təşkil
edir.
O buyurur ki, Dirilmə həqiqət
Günəşinin Yeni Zühurudur. Ölülərin Dirilməsi — nadanlıq, etinasızlıq və şəhvət
məzarlarında yatanların mənəvi oyanması deməkdir.
Qiyamət Günü — Yeni Zühur günüdür,
qoyunlarla keçilərin bir-birindən ayrıldığı qəbul və ya rədd günüdür, çünki
qoyunlar Mehriban Çobanın səsini tanıyır və Onun arxasınca gedirlər.
Cənnət — Allahı onun Peyğəmbəri
vasitəsilə dərk etmək və sevmək səadətidir. Bununla da Cənnət insanın öz həyatı
ərzində əldə etdiyi ən böyük kamillikdir, ölümündən sonra isə İlahi Səltənətə
daxil olma və əbədi həyat hüququdur.
Cəhənnəm — sadəcə olaraq, Allahı bu
cür dərk etməkdən məhrum olmaqdır ki, bunun da nəticəsində kamilliyə nail olmaq
qeyri-mümkün olur və Əbədi Mərhəmət itirilir.
Həzrət Bab qətiyyətlə bildirir ki, bu
anlayışların başqa mənası yoxdur və insanın fiziki dirilməsi haqqında, Maddi
Səma və Cəhənnəm haqqında və buna bənzər digər mülahizələr insan təxəyyülünün
uydurmasıdır. O öyrədir ki, insan həyatı ölümdən sonra da davam edir və Axirət
dünyası həyatında da kamilləşməyə aparan yol hüdudsuzdur.
Həzrət Bab Öz Yazılarında
ardıcıllarına buyurur ki, onlar bir-birlərinə bəslədikləri qardaş məhəbbəti və
nəzakətli davranışla fərqlənməlidirlər. Onlar faydalı sənətə və peşələrə
yiyələnməlidirlər. Hamı elmlərin başlanğıcı olan ümumi ibtidai təhsil almalıdır.
Yeni ecazkar qanuna görə qadınlara
daha geniş azadlıq verilməlidir. Yoxsullar ümumi xəzinədən yardım alacağlar,
lakin dilənçilik, həmçinin spirtli içkilərdən istifadə qəti qadaqan edilir. Əsl
babinin həyatının əsası mükafatı ümidindən və ya cəzalanmaq qorxusundan doğmayan
təmiz məhəbbət olmalıdır. Həzrət Bab "Bəyan" əsərində buyurur:
“Allaha ibadət et, hətta əgər
ibadətinin mükafatı atəş də olsa, sənin ibadətində heç bir dəyişiklik
olmamalıdır. Əgər sən qorxudan Allaha ibadət edirsənsə, onda bu Allahın Müqəddəs
Dərgahına layiq deyil; əgər sən nəzərlərini Cənnətə dikib yalnız ora düşmək
ümidi ilə ibadət edirsənsə, bu zaman sən Allahın yaratdığını Ona şərik
qoşursan". (Bab, Bəyan, 19:7; E.N.Braun. İranda babilik.)
Gətirdiyimiz kəlam Həzrət Babı bütün
həyatı boyu ilhamlandıran o ruhu əks etdirir. Allahı dərk etmək və sevmək, Onun
keyfiyyətlərini əks etdirmək və Onun gələcəkdəki Zühuruna yol açmaq Həzrət Babın
həyatının yekanə məqsədi və vəzifəsi idi. O, həyatda qorxu bilməmiş, ölümdən
çəkinməmişdir, çünki məhəbbət qorxuya qalib gəlmiş və şəhidlik isə Məhbubun
ayağlarına düşmək arzusunu yalnız gücləndirmişdir.
Qəribədir, bu təmiz və nəcib qəlbə,
İlahi həqiqətin bu İlhamlı Müəlliminə, Allahı və Öz yaxınlarını sədaqətlə sevən
bu Şəxsə elə nifrət bəslənirdi ki, O, özlərini mömin adlandıran adamlar
tərəfindən ölümə məhkum edildi.
Şübhəsiz, yalnız düşüncəsiz və inadkar
cəhalət insanlara, Onun həqiqətən Allahın Müqəddəs Elçisi, Peyğəmbəri olması
faktını görməyə imkan vermirdi. Onun nə dünyəvi əzəməti, nə də şöhrəti var idi.
Bəs ruhani qüdrət və hakimiyyəti heç bir maddi kömək olmadan yer üzünün bütün
maneələrinə, hətta ən güclü və düşmən qüvvələrə üstün gəlmək qabiliyyətindən
başqa hansı yolla subuta yetirmək olardı?!
İlahi məhəbbət imansızlar dünyası
qarşısında necə aşkar edilə bilərdi? Yalnız iztirab zərbələrinə və qəm-qüssə
oxlarına, düşmənlərin nifrətinə və özlərini dost adlandıranların xəyanətinə
dözmək bacarığı sayəsində, təmkinlə, yenilməzliklə və kədərlənmədən bütün
bunlardan yüksəkdə durmağla, hətta bağışlamaq və xeyir dua verməklə!
Həzrət Bab bütün bunlara dözdü və
qələbə çaldı. Minlərlə adamlar Ona xidmət etmək yolunda öz canlarını və
mallarını qurban verməklə öz səmimi məhəbbətlərini sübuta yetirdilər. Onun insan
qəlbləri və taleləri üzərindəki hakimiyyətinə krallar qibtə edə bilərdilər. Onun
ruhani qüdrətinin və hakimiyyətinin həqiqiliyinə sübut olaraq, "Allahın
göstərəcəyi Kəs" Zühur edib Öz hüququnu təsdiqlədi, Öz müjdəçisinin alicənab
itaətkarlığını qəbul etdi və Onu Öz Şöhrətinin Şərikinə çevirdi.