"Dünya tək bir vətəndir, və bütün insanlar - onun vətəndaşlardır." - Bəhaullah
Bəhaullah və Yeni Era -
Con Ebenezer Esslemont

Ý Kitabın əvvəlinə   


III FƏSİL. BƏHAULLAH — ALLAHIN ŞƏRƏFİ

"Sən ey gözləyən, daha ləngimə, çünki O gəlmişdir. Onun müqəddəs məbədinə və Onun oradakı Şərəfinə bax. Bu yeni Zühurla gələn Qədim Şərəfdir."

Həzrət Bəhaullah

ANADAN OLMASI VƏ GƏNCLİK İLLƏRİ

HƏBS OLUNMASI

BAĞDADA SÜRGÜN OLUNMASI

İKİ İL SƏHRADA

QARŞIDURMA

BAĞDAD YAXINLIĞINDAKI RİZVAN BAĞINDA BƏYANAT

İSTAMBUL VƏ ƏDİRNƏ

KRALLARA MƏKTUBLAR

ƏKKA MƏHBƏSİNDƏ

REJİMİN YUMŞALMASI

HƏBSXANA QAPILARI AÇILIR

BƏHCİDƏ KEÇƏN HƏYAT

YÜKSƏLİŞ

HƏZRƏT BƏHAULLAHIN PEYĞƏMBƏRLİYİ

BƏHAULLAHIN MİSSİYASI

BƏHAULLAHIN YAZILARI

BƏHAİ DİNİNİN MAHİYYƏTİ

 


ANADAN OLMASI VƏ GƏNCLİK İLLƏRİ

Sonralar Bəhaullah, yəni "Allahın Şərəfi" adını qəbul etmiş Mirzə Hüseyn Əli vəzir Mirzə Abbas Nurinin böyük oğlu idi. Onun ailəsi varlı və əsil-nəcabətli idi. Ailə üzvlərinin bir çoxu İranın hökumət, mülki və hərbi dairələrində yüksək vəzifələr tuturdu.

O, 1817-ci il noyabrın 12-də[1] sübh çağı İranın paytaxtı Tehran şəhərində anadan olmuşdur. O heç bir məktəbə və kollecə getməmiş, aldığı kiçik təhsilə evdə yiyələnmişdi. Buna baxmayaraq, O, hələ uşağlıqdan ecazkar təfəkkürə və idraka malik olduğunu göstərirdi. Gənc yaşlarında atası vəfat edir. Kiçik qardaşlarının və bacılarının qayğısına qalmaq və geniş ailə mülklərinin idarəsi Onun öhdəsinə düşür.

Həzrət Bəhaullahın böyük oqlu Həzrət Əbdülbəha bu sətirləri yazana bir hadisə ilə əlaqədar Öz atasının gəncliyi haqqında aşağıdakı təfərrüatı danışmışdı: "Uşaq yaşlarından O, son dərəcə mərhəmətli və alicənab idi. Təbiətin qoynunda olmağı sevərdi. Öz vaxtının çox hissəsini bağda və ya çəməndə keçirərdi.

Onda hamının hiss etdiyi qeyri-adi cazibə vardı. Adamlar həmişə Onun ətrafına toplaşardılar. Vəzirlər və saray əyanları Onun həmsöhbətləri idi, uşağlar Onu həddindən artıq sevərdilər. 13 və ya 14 yaşında olanda Öz alimliyi ilə məşhurlaşmışdı. O, istənilən hər hansı bir fənn barəsində söhbət apara və istənilən problemi həll edə bilərdi. Böyük məclislərdə O, üləmalarla müzakirələr aparar və mürəkkəb dini məsələləri izah edərdi. Hamı bir qayda olaraq Onu böyük maraqla dinləyərdi.

Atası vəfat edəndə Həzrət Bəhaullahın 22 yaşı vardı və İrandakı adətə görə, hökumət Ona atasının vəzir vəzifəsini tutmağı təklif etdi, lakin Həzrət Bəhaullah bu təklifi qəbul etmədi.

Bu zaman baş vəzir demişdi: "Onu Öz ixtiyarına buraxın. Bu vəzifə Ona layiq deyil. Onun daha yüksək məqsədi var. Mən Onu anlaya bilmirəm, lakin ümidvaram ki, O daha böyük meydan üçün yaranmışdır. Onun düşüncələri bizimki kimi deyil. Onu rahat buraxın".

HƏBS OLUNMASI

Həzrət Bab 1844-cü ildə Öz Missiyasını bəyan edəndə Həzrət Bəhaullahın 27 yaşı var idi. O, cəsarətlə yeni Dini Təlimi qəbul etdi və tezliklə babilər hərəkatının ən nüfuzlu və qorxmaz rəhbərinə çevrildi.

O yeni Dini İnamına görə artıq iki dəfə həbs edilmiş və bir dəfə Onu çubuqla döymüşdülər. Lakin 1852-ci ilin avqustunda baş verən hadisənin nəticələri babilər üçün daha acınacağlı oldu. Həzrət Babın Sadıq adlı gənc davamçılarından biri sevimli Müəlliminin əzabla şəhid edilməsindən sarsılaraq qisas almaq qərarına gəlir; o şahı izləyərək ona qəsd edir. Lakin güllə əvəzinə tapançaya qırma ilə doldurulmuş patron qoyulduğundan atəş şaha elə bir ciddi; xəsarət toxundurmur. Bunu görən Sadıq şahın üstünə atılaraq onu atın üstündən çəkib yerə salır. Lakin mühafizəçilər tərəfindən tutularaq yerindəcə öldürülür. Həzrət Babın bütün ardıcılları ədalətsizcəsinə qəsddə günahkar sayılır və babilərin kütləvi qırğını başlanır. Onlardan səksən nəfəri əzabla öldürülür, digərləri isə Həzrət Bəhaullah da daxil olmaqla, tutulub həbsxanaya salınırlar.

Sonralar Həzrət Bəhaullah bu barədə yazırdı:

"Bizim bu cinayətlə heç bir əlaqəmiz yoxdur və Bizim günahsız olmağımız məhkəmədə tam sübut olundu. Lakin Bizi həbs etdilər və o zaman şahın iqamətgahı olan Niyavərandan piyada, zəncirlənmiş, ayaqyalın və başıaçıq halda Tehrana apardılar, çünki Bizi müşayiət edən kinli mühafizəçilər papağı Bizim başımızdan vurub salmışdılar.

Mühafizəçilər Bizi çox sürətlə qovurdular və Bizi dörd aylığa elə dəhşətli yerə saldılar ki, təsəvvürə gətirmək belə çətindir. Ən qaranlıq və darısqal kamera belə Bizim və digər məhbusların salındığı bu yerdən yaxşı idi.

Həbsxanaya daxil olarkən Bizi qaranlıq dəhlizlə apardılar, sonra Biz üç dik pillə aşağı düşdük və Bizim üçün nəzərdə tutulmuş yeraltı zindana daxil olduq. Zindan qatı zülmət içində idi. Orada yüz əlliyə yaxın məhbus vardı; bunlar oğrular, qatillər və qarətçilər idilər. Ağzına qədər doldurulmuş zindanın girdiyimiz qapıdan başqa heç bir çıxışı yox idi. Bu yeri təsvir etməyə heç bir qələmin gücü çatmaz, oranın iyrənc üfunətini heç bir dil ifadə edə bilməz. Adamların əksəriyyətinin nə paltarı, nə də yorğan-döşəkləri var idi. Bir Allah bilir ki, bu zülmət və üfunətlərlə dolu yeraltı məhbəsdə Biz nələr çəkmişik.

Bu zindanda olarkən, Biz gündüz və kecə babilərin vəziyyəti, onların hərəkətləri və əməlləri haqqında düşüncələrə dalır və təəccüblənirdik ki, ruhlarının əzəmətinə, alicənablıqlarına və ağıllarına baxmayaraq, onları şahın həyatına qəsd etmək kimi düşüncəsiz bir işə sövq edən nə olmuşdur. Onda bu məhbus (Bəhaullah) belə qərara gəldi ki, həbsxanadan çıxdıqdan sonra O bütün qüvvəsini bu adamların yenidən tərbiyələndirilməsinə sərf edəcəkdir.

Bir gecə yuxuda hər tərəfdən ucalan möcüzəli sözlər eşidildi: "Həqiqətən, Biz həm Sənin Özünə, həm də Sənin Qələminə qələbə çalmaqda kömək edəcəyik. Başına gələnlərdən Sən kədərlənmə və qorxma. Sən mühafizə olunan kəslərdənsən. Tezliklə Allah yer üzünün sərvəti olan insanları qaldırar, onlar Sənin qələbənə Sənin adınla kömək edərlər, Allah Onu dərk edənlərin qəlblərini canlandırır". (Bəhaullah. Qurd oğluna Risalə.)

BAĞDADA SÜRGÜN OLUNMASI

Bu dəhşətli həbs dörd ay çəkdi, lakin Həzrət Bəhaullah və Onun tərəfdarları, demək olar ki, hər gün onlardan birinin, yaxud bir neçəsinin ağır işgəncələr verilməyə və ya əzabla öldürülməyə aparılmasına, qalanlarının isə öz növbələrini gözləmələrinə baxmayaraq, sarsılmaz ruh yüksəkliyini saxladılar və ən xoşbəxt anları yaşadılar. Cəlladlar onlardan kimi isə aparmaqa gələndə, adı çəkilən şəxs böyük sevinclə Həzrət Bəhaullahın əllərini öpər, dostlarını bağrına basar və sonra çoşqun ilhamla edam yerinə tələsərdi.

Nəhayət, Həzrət Bəhaullahın şaha qarşı sui-qəsdlə əlaqəsi olmadığı qəti sübuta yetirildi və rus səfiri də Onun bu işdə əli ol madığına şahidlik etdi.

Bundan başqa, Həzrət Bəhaullah elə xəstələnmişdi ki, Onun öləcəyini düşünürdülər. Buna görə də ölüm hökmü çıxarmaq əvəzinə, şah Onun İraqa, sürgünə göndərilməsi əmrini verir: iki həftədən sonra Həzrət Bəhaullah Öz ailəsi və başqa dindaşları ilə oraya yola düşür. Onlar uzun yolda qışın soyuğundan və başqa çətinliklərdən olmazın əzablar çəkir və Bağdada demək olar ki, yoxsullaşmış halda gəlib çıxırlar.

Səhhəti yaxşılaşan kimi, Həzrət Bəhaullah yenidən təlimin təbliğinə və beyət gətirənləri mükafatlandırmaqa və fərəhləndirməyə başlayır. Tezliklə babilər arasında əmin-amanlıq və xoşbəxtlik bərqərar olur.[2]

Lakin bu hal uzun sürmür. Həzrət Bəhaullahın Sübhi-Əzəl adı ilə tanınan ögey qardaşı Mirzə Yəhya Bağdada gəlir və tezliklə onun törətdiyi gizli fitnə-fəsad nəticəsində, Həzrət İsanın şagirdləri arasında olduğu kimi, çəkişmələr, ixtilaflar və ədavət başlanır. Sonralar Ədirnədə daha açıq, barışmaz və amansız hal alan bu mübahisələr həyatının məqsədi bütün dünyadakı insanları birliyə çağırmaq olan Həzrət Bəhaullah üçün olduqca ağır idi.

İKİ İL SƏHRADA

Bağdada gəlməsindən demək olar ki, bir il sonra Həzrət Bəhaullah Özünə yalnız bir dəst dəyişək paltar götürüb, tək-tənha, Süleymaniyyə səhrasına yollanır. Bu dövr haqqında O "Kitabi-İqan" əsərində aşağıdakıları yazır:

"Mən — Tanrının qulu bu məmləkətə ilk gəldiyim vaxtlarda irəlidə nələr baş verəcəyini duyduğumdan vaxtında mühacirət etdim. Baş alıb fəraq çöllərinə getdim. İki il təkbaşına hicran səhralarında yaşadım. İki gözümdən çeşmələr axdı, qəlbimdən qan dənizləri zahir oldu, neçə kecə qida tapa bilmədim, neçə gün bədənim rahatlıq görmədi, amma ruhumun sahibinə and olsun, bütün bu bəlalara və dalbadal gələn bu müsibətlərə rəğmən böyük bir sevinc içərisində idim. Ürəyim tam rahat idi. Axı necə də olmasın? Bir kəsin fayda və ya zərərindən, sağlığından və ya xəstəliyindən xəbərsiz idim. Özümü dinləyir və başqasını düşünmürdüm. Halbuki Allah qəzası kəməndinin xəyaldan daha geniş, təqdir oxunun insan tədbirindən daha güclü olduğundan qafil imişəm. Baxdım ki, Onun yazdığından qurtuluş yox, İradəsinə boyun əyməkdən başqa çarə mövcud deyildir. Allaha and olsun ki, bu mühacirətdən geri qayıtmaq haqqında düşünmürdüm. Bu səfərdən geri gəlib, Sevgililərə qovuşacağıma ümid etmirdim. Tənhalığa çəkilməkdə yeganə məqsədim — dostlar arasında ixtilaf baş verməsinə, əshablar arasında narahatlığa səbəb olmamaq, bir kəsin zərər çəkməsinə, qəlbin üzüntüyə düşməsinə meydan verməmək idi. Bundan başqa bir düşüncəm, bir amalım yox idi. Bununla belə hər kəs özünə görə bir fikir sahibi oldu, öz istəyinə uyğun şəkildə mühakimə yürütdü. Nəhayət, Əmr sahibindən geri dönmək hökmü gəldi. İradəsinə təslim olmağı qaçılmaz bir vəzifə bilərək dönüb geri gəldim.

Geri dönərkən şahidi olduğum şeyləri hansı qələm təsvir edə bilər? İki ildir ki, düşmənlər, hamının bildiyi kimi, durmadan Mən fani qulun məhvinə var qüvvələri ilə cəhd göstərməkdədirlər. Bunun müqabilində bir dost görmədik ki, bizə yardım əlini uzatsın və ya hər hansı bir yolla bizi müdafiə etsin. Onların yardımı bir yana dursun, üzərimizə yağdırmadıqları hüzn və kədər yağışları qalmadı. Bütün bunlar arasında canımız əlimizdə, böyük bir itaətkarlıq içərisində durub gözləməkdəydik". (Bəhaullah, Kitab-i-İqan.)

QARŞIDURMA

Həzrət Bəhaullah Süleymaniyyə tənhalığından qayıdandan sonra Onun şöhrəti hər tərəfə yayıldı, adamlar yaxın və uzaq yerlərdən Onu görmək və eşitmək üçün dəstələrlə Bağdada axışıb gəlməyə başladılar. Yəhudilər, xristianlar və zərdüştilər də müsəlmanlar kimi yeni təlimə cəlb olünmuşdular.

Lakin düşmən əhval-ruhiyyəli müsəlman ruhaniləri Onu məhv etmək üçün əsl sui-qəsdlər hazırlayırlar. Onlar bir dəfə Həzrət Bəhaullahın yanına öz adamlarını göndərirlər ki, Onunla söhbət etsin və Ona bəzi suallar versin. Həmin şəxs Həzrət Bəhaullahın cavablarının inandırıcı olmasını və Onun müdrikliyinin dərinliyini yəqin edir və belə qənaətə gəlir ki, bu biliklər təlim vasitəsilə əldə edilə bilməz və etiraf edir ki, bilikdə və müdriklikdə Həzrət Bəhaullahın tayı-bərabəri yoxdur. Lakin onu göndərən mollalar Həzrət Bəhaullahın həqiqətən Peyğəmbər olmasına inansınlar deyə o, Həzrət Bəhaullahdan xahiş edir ki, dəlil üçün hər hansı bir möcüzə göstərsin.

. Həzrət Bəhaullah təklifi belə bir şərtlə məmnuniyyətlə qəbul etməyə razılıq verir ki, mollalar istədikləri möcüzəni gördükdən sonra Onun Missiyasının həqiqiliyi barəsində bir sənəd tərtib etsinlər, onu imzalasınlar və möhürləri ilə təsdiqləsinlər və Ona qarşı düşmənçiliyə son qoysunlar. Yox, əgər möcüzə baş tutmasa, mollalar Onu yalançılıqda günahlandıra bilərlər.

Əgər mollaların məqsədi həqiqəti aydınlaşdırmaq olsaydı, o zaman bu onlar üçün ən yaxşı imkan idi, lakin görünür, onların niyyəti tamam başqa imiş. Mollalar nə yolla olursa-olsun məsələni öz xeyirlərinə həll etmək istəyirdilər. Onlar həqiqətdən qorxduqları üçün Həzrət Bəhaullahın bu cəsarətli təklifindən boyun qaçırdılar. Bu məğlubiyyət onları bəhai icmasına qarşı yeni-yeni fitnə-fəsadlar törətmək məcburiyyətində qoydu.

İranın Bağdaddakı Baş konsulu bu məsələdə ruhanilərin köməyinə gəlir. O bir neçə dəfə şaha məktubla məlumat verir ki, Həzrət Bəhaullah İslam Dinini təhqir edir, bu da İrana öz mənfi təsirini göstərir və buna görə də O daha ucqar bir yerə sürgünə göndərilməlidir.

Səciyyəvi cəhət ondadır ki, belə bir ağır vəziyyətdə, yəni müsəlman mollalarının təhriki ilə İran və Türkiyə hökumətləri bu hərəkatı kökündən kəsmək üçün öz qüvvələrini birləşdirdikləri bir vaxtda Həzrət Bəhaullah Öz sakitliyini və təmkinini pozmadan tərəfdarlarını ruhlandırır, fərəhləndirir və onlara təskinlik verən unudulmaz nəsihətlərini yazırdı.

Həzrət Bəhaullah tez-tez Fərat çayı sahilinə gəzməyə gedər, ruhi rahatlıq tapandan sonra qayıdar, xəstə və incidilmiş ürəklərə məlhəm olan lirik şah əsərlərini yazardı.

Uzun illərdən bəri "Gizli gəlamlar" əsərinin vur-tut bir neçə əlyazma nüsxəsi var idi. Çoxsaylı düşmənlərin əlinə keçməsin deyə onları ehtiyatla gizlətmək lazım idi; indi bu kiçik kitabça, yəqin ki, Həzrət Bəhaullahın bütün qalan əsərlərindən daha çox dünyanın hər yerində məşhurdur. Digər məşhur kitabı olan "İqan" Həzrət Bəhaullah tərəfindən o zaman — Onun Bağdadda yaşadığı dövrün son-larında (1862-1863 illərdə) yazılmışdır.

BAĞDAD YAXINLIĞINDAKI RİZVAN BAĞINDA BƏYANAT

Aparılan uzun danışıqlardan sonra İran hökumətinin xahişi ilə Türkiyə dövləti Həzrət Bəhaullahın Bağdaddan İstambula sürgün edilməsi barəsində fərman verdi. Bu xəbər Onun davamçılarını bərk həyəcanlandırdı və onlar qəmgin halda öz sevimli müəllimlərinin evinə tərəf axışmaqa başladılar. Türkiyənin hakim dairələri Həzrət Bəhaullaha hökumət qonağı kimi İstambula köçməyi təklif edirdi. Təklifin nəzakətli ədasına baxmayaraq aydın idi ki, bu dəvəti qəbul etməmək olmazdı.

Buna görə də Həzrət Bəhaullah ailəsi ilə birlikdə şəhərdən kənarda yerləşən Nəcib Paşanın bağına köçür və burada səfər üçün hazırlanan karvanı on iki gün gözləyirlər.

Bu on iki günün (1863-cü il aprelin 21-dən mayın 2-dək, yəni Həzrət Babın bəyanından 19 il keçdikdən sonra) birinci günü Həzrət Bəhaullah bir neçə tərəfdarlarını xoş xəbərlə sevindirdi ki, Həzrət Babın və bütün Peyğəmbərlərin əvvəlcədən xəbər verdikləri Şəxs məhz Odur, yəni Allahın Seçdiyidir. Bu unudulmaz bəyanın edildiyi bağ Həzrət Bəhaullahın ardıcılları arasında "Rizvan" bağı kimi şöhrətlənmişdir. Orada keçirilən on iki gün hər il "Rizvan Bayramı" kimi bayram edilir.

Bu günlər ərzində Həzrət Bəhaullah nəinki qəmlənməmiş və darıxmamış, əksinə, böyük sevinc, təmkin və qüdrət nümayiş etdirmişdi. Onun davamçıları da bundan ilhamlanaraq fərəh və xoşbəxtliklə böyük dəstələrlə Ona təzim etmək üçün axışıb gəlirdilər. Bağdadın tanınmış əyanları və hətta qubernatorun özü də şəhəri tərk edən Sürgünçünü alqışlamağa gəlmişdilər.

İSTAMBUL VƏ ƏDİRNƏ

Bağdaddan İstambula köçmək üç-dörd ayadək davam etdi. Həzrət Bəhaullah, Onun ailə üzvləri və 26 şagirdi İstambula gələn kimi onları çox da böyük olmayan evdə, olduqca darısqal bir şəraitdə məhbuslar kimi yerləşdirdilər. Sonra onlara nisbətən yaxşı yaşayış otağları verdilər, lakin dörd aydan sonra onları Ədirnəyə köçürtdülər. Ədirnəyə köçmək cəmi bir neçə gün davam etməsinə baxmayaraq əvvəlki köç ilə müqayisədə bu ən dəhşətlisi idi.

Demək olar ki, hər gün güclü qar yağırdı. Onlar lazımi geyim və ərzaqdan məhrum olunduqlarından, çəkdikləri məşəqqətlər olduqca dözülməz idi. Ədirnədə olduqları birinci qışda Həzrət Bəhaullahı və Onun 12 ailə üzvünü üç otaqdan ibarət, heç bir şəraiti olmayan, həşəratlarla dolu kiçik bir binada yerləşdirdilər. Yazda onlara nisbətən rahat otağlar verdilər.

Onlar Ədirnədə dörd il yarımdan çox yaşadılar. Həzrət Bəhaullah burada da yenidən Öz Təliminin təbliğinə başlayır və Özünə xeyli miqdarda ardıcıl toplayır. O burada Öz Missiyasını açıq şəkildə bəyan edir və bu xəbər babilərin böyük əksəriyyəti tərəfindən rəğbətlə qarşılanır, beləliklə həmin vaxtdan onlar bəhai adlanmağa başlayırlar.

Lakin Həzrət Bəhaullahın ögey qardaşı Mirzə Yəhya başda olmaqla babilərin az bir hissəsi qətiyyətlə Ona qarşı çıxır, Həzrət Bəhaullahı məhv etmək üçün öz əvvəlki düşmənləri olan şiələrlə birləşərək sui-qəsdlər və fitnə-fəsadlar törətməyə başlayırlar. Bir-birinin ardınca böyük iğtişaşlar baş verir və nəhayət, Türkiyə hökuməti babiləri və bəhailəri Ədirnədən qovur. Həzrət Bəhaullah və Onun ardıcılları Fələstinin Əkka şəhərinə sürgün edilirlər və Nəbilin[3] yazdığına görə onlar 1868-ci il avqustun 31-də oraya gəlib çatırlar. Mirzə Yəhya və onun tərəfdarları isə Kiprə göndərilir.

KRALLARA MƏKTUBLAR

Təxminən elə bu vaxtlarda Həzrət Bəhaullah Türkiyə sultanına, Avropanın bir çox tacdar şəxslərinə, Papaya, İran şahına Özünün bir sıra məşhur məktublarını yazmışdır. Özünün "Kitabi-Əqdəs" əsərində O, digər hökmdarlara, Amerika prezidentlərinə və hökumətlərinə, bütün din rəhbərlərinə və bütün bəşəriyyətə müraciət edir. O, Özünün Missiyasını elan edərək onları əsl dinin, ədalətli hakimiyyətin və beynəlxalq sülhün bərqərar olması üçün bütün qüvvələrini səfərbər etməyə çağırır.

Həzrət Bəhaullah Nəsrəddin şaha yazdığı məktubunda təqib olunan babiləri ciddiyyətlə müdafiə edərək, bu zülmün qızışdırıcıları və təhrikçiləri ilə görüş tələb edir. Bu tələbin yerinə yetirilməməsinin izahına ehtiyac yoxdur. Bədi adında gənc və sədaqətli bir bəhai Həzrət Bəhaullahın məktubunu şaha gətirir. O həbs edi-lir və ona dəhşətli işgəncələr verilir — onun bədəninə qızdırılmış dəmirlə dağ basılır.

Həzrət Bəhaullah bu məktubunda ürəkləri riqqətə gətirən bir tərzdə keçirdiyi iztirabları və Özünün yüksək amallarını ifadə edir:

"Ey şah! Allah yolunda Mənim başıma gələnləri nə bir göz görmüş, nə bir qulaq eşitmişdir. Yaxın adamlarım Məndən üz çeviriblər; yollar üzümə bağlanıb, təhlükəsizlik bulağı quruyub, rahatlığ tarlası saralıb. Başıma nə qədər müsibətlər gəlib. Hələ nə qədərinə dözməliyəm! Mən Qüdrətli və Mərhəmətli Allaha yaxınlaşıram, Mənim arxamca isə ilanlar sürünür. Gözlərimdən sel kimi axan yaş gündüzlər vücüdumu, kecələr isə yatağımı isladır. Lakin Mənim kədərim Öz halım üçün deyil. Allaha and olsun, Ona olan məhəbbətim naminə ölüm oxlarını həsrətlə gözləyirəm. Hər bir ağacın yanından keçəndə Öz ürəyimdə həmişə deyirəm: "Kaş səni kəsəydilər və Rəbbimin yolunda Mənim bədənimi sənin üzərində çarmıxa çəkəydilər.

Çünki Mən insanların öz yalnış yollarında sərxoş halda getdiklərini və bunu anlamadıqlarını görürəm. Onlar öz şəxsi ehtiraslarını göylərə qaldırıblar, Allahdan uzaqlaşıblar, Onun Əmrlərini əyləncəyə, istehzaya və ya oyuncağa çeviriblər və elə bilirlər ki, yaxşı iş görürlər, təhlükəsiz bir qalada sığınacaq tapıblar. Lakin məsələ heç də onların düşündüyü kimi deyil və onlar bu gün dandıqlarını sabah görəcəklər.

Tezliklə hökumət Bizi Ədirnədən dünyanın ən bərbad, görkəminə görə ən yöndəmsiz, iqliminə görə əlverişsiz və pis suyu olan Əkka şəhərinə göndərəcək: ora ancaq bayquşlar məskənidir. Onlar Allahın bu Qulunu orada dustaq etmək, Bizim üzümüzə sevinc qapılarını bağlamaq və ömrümüzün qalan günlərində dünya nemətlərini Bizdən almaq niyyətindədirlər.

Allaha and olsun, hətta əgər çətinliklər Məni taqətdən salsa belə və səhranın vəhşi heyvanları Mənim yoldaşlarım olsa belə, Mən yolumdan dönməyəcəyəm, səbirli olacaqam, bütün qətiyyətlilər və sarsılmazlar kimi, Əbədiyyət Padşahı, xalqların yaradıcısı olan Allaha təvvəkkül edəcəyəm; və bütün şəraitlərdə Mən Allaha şükr edəcəyəm.

Biz Onun mərhəmətinə ümid bağlamışıq — Ona həmd olsun... O Qüdrətli, Mərhəmətlidir və bütün adamları Ona münasibətdə səmimi edəcəkdir. Həqiqətən Allah Ondan diləyənlərin imdadına çatır və Ondan kömək istəyən kəsi qoruyur.

Və Biz Allahdan diləyəcəyik ki, bu kədərli bədbəxtliyi Onun Müqəddəslərinin İşini iti qılınclardan və kəskin oxlardan qorumaq üçün qalxana çevirsin. İztirablardan sonra Onun nuru aşkara çıxır və ona fasiləsiz olaraq həmd oxunur: keçmişdə də, indi də onun qaydası belədir". (Səyahətçinin hekayəti, s. 145-147.)

ƏKKA MƏHBƏSİNDƏ

Bu zaman Əkka Osmanlı imperiyasının hər yerindən ən təhlükəli çinayətkarların göndərildiyi həbsxana-şəhər idi. Üzücü dəniz yolundan sonra Əkkaya gəlib çatan Həzrət Bəhaullah və Onun ardıcılları, 80-84 nəfərə qədər kişi, qadın və uşaq kazarmada yerləşdirildilər. Bura çirkli və son dərəcə qaranlıq bir yer idi, nə çarpayı, nə də başqa bir rahatlıq vardı. Verilən ərzaq olduqça keyfiyyətsiz və az olduğundan bir müddət keçəndən sonra dustağlar özlərinə ərzaq almaq üçün icazə istədilər.

İlk zamanlar uşaqların ağlaşması və iniltisi məhbuslara nə rahatlıq verir, nə də yatmağa qoyurdu. Tezliklə qızdırma, ishal və digər xəstəliklər başladı. İki nəfərdən başqa bütün dustağlar xəstələndilər, onların üçü tab gətirməyib öldü, qalanlarının isə çəkdikləri əzabları təsvir etmək mümkün deyil.[4]

İki il davam edən bu sərt məhbusluq dövründə hər gün keşikçinin nəzarəti altında bazara ərzaq almağa gedən dörd nəfərdən başqa bəhailərdən heç kəsə qaladan kənara çıxmağa icazə verilmirdi.

Həbsdə olduqları müddət ərzində bəhailərlə görüşmək üçün heç kimi kazarmaya buraxmırdılar. Bəzi iranlı bəhailər Sevimli Rəhbəri görmək üçün İrandan piyada gəlirdilər. Lakin onları şəhər divarlarından içəri buraxmırdılar. Ancaq uzaqdan, üçüncü xəndəyin arxasındakı açıq yerdən, onlar Həzrət Bəhaullahın qaldığı otağın pəncərəsini görə bilirdilər. O, pəncərəyə yaxınlaşar, gələnlər isə Ona baxaraq ağlayar və yenidən xidmət etmək, qurban vermək atəşi ilə vətənlərinə qayıdardılar.

REJİMİN YUMŞALMASI

Nəhayət, həbsxana rejimi bir qədər yumşaldı. Elan olunmuş səfərbərliklə əlaqədar olaraq Türkiyə ordusunun əsgərlərinə kazarma lazım idi. Həzrət Bəhaullah və Onun ailəsinə ayrıca ev verdilər, qalan dustağları isə şəhərin karvansarasında yerləşdirdilər.

Həzrət Bəhaullah bu evdə yeddi il yaşadı. Həzrət Bəhaullahın qaldığı kiçik otağın yanındakı otaqda Onun on üç nəfərdən ibarət ailə üzvləri, kişilər və qadınlar birtəhər yerləşməliydilər. Bu evdə yaşadıqları ilk vaxtlarda onlar ərzaq azlığından və yaşayış üçün lazımi rahatlığın olmamasından əziyyət çəkirdilər.

Bir müddət keçdikdən sonra onlara daha bir neçə otaq verdilər və onlar nisbətən rahat yaşamağa başladılar. Həzrət Bəhaullah və Onun ardıcılları kazarmanı tərk edəndən sonra onlara yanlarına gələnlərlə görüşməyə icazə verilir və osmanlı imperatoru fərmanının qoyduğu ciddi məhdudiyyətlər tədricən ləğv edilir, hərçənd vaxtaşırı olaraq həmin məhdudiyyətlər yenidən bərpa olunurdu.

HƏBSXANA QAPILARI AÇILIR

Həbsxana həyatının ən kəskin çağlarında belə bəhailər ruhdan düşməyərək tam sakitliyi və əminliyi saxlayırdılar. Əkka kazarmasında olduğu zaman Həzrət Bəhaullah bəzi dostlarına yazırdı: "Qorxmayın, bu qapılar açılacaqdır. Mənim çadırım Kərmel dağının zirvəsində qurulacaq və böyük sevinc bərqərar olacaqdır". Bu bəyan Onun ardıcılları üçün qüdrətli təsəlli çeşməsinə çevrildi və qabaqcadan söylənmiş vaxtda dəqiqliklə yerinə yetdi. Həbsxana qapılarının açılması haqqında Həzrət Əbdülbəhanın söylədiyi hekayəti Onun nəvəsi Həzrət Şövqi Əfəndi ingilis dilinə tərcümə etmişdir. Həmin hekayətdə deyilir:

"Həzrət Bəhaullah təbiətin gözəlliyini və yaşıllığı sevirdi. Bir dəfə O belə bir Məsləhət verdi: "Mən artıq doqquz ildir ki, yaşıllıq görmürəm. Təbiətin qoynu ruhlar aləmi olduğu halda, şəhər cismani həyat aləmidir". Bu sözlərdən Mən belə qənaətə gəldim ki, O təbiətdən ötrü darıxmışdır. Buna görə də Mən heç şübhə etmirdim ki, Onun arzusunu yerinə yetirməkdə Mənim göstərdiyim hər cür çəhd uğurla nəticələnəcəkdir.

O zaman Əkkada bizə qarşı düşmən əhval-ruhiyyədə olan Məhəmməd Paşa Səffat adlı bir adam yaşayırdı. Onun şəhərdən dörd mil şimalda, bağlarla və iti axan çayla əhatələnmiş, olduqca gözəl yerdə Məzra adlı sarayı var idi. Mən Paşanın evinə getdim və ondan sarayı tərk edib şəhərdə yaşamasının səbəbini soruşdum. O cavab verdi ki, əlildir və şəhərdən çıxıb gedə bilmir, bundan başqa o, sarayda dostlarından ayrı düşüb tənha qalmaq istəmir.

Mən dedim: "Bir halda ki, sən orada yaşamırsan və yer boş qalmışdır, onda sarayı bizə kirayəyə ver". O, bu təklifdən heyrətləndi, lakin tezliklə razılaşdı. Mən malikanəni çox ucuz, ildə beş funta yaxın qiymətə kirayəyə götürdüm, beş ilin pulunu əvvəlcədən verdim və müqavilə bağladım.

Mən təmir işlərinin görülməsi, bağın səhmana salınması və hamam tikilməsi üçün fəhlələr tutdum. Mən həmçinin Camali-Mübarək[5] üçün kareta da hazırladım. Bir dəfə Mən gedib bu yerləri görmək qərarına gəldim. Heç bir vəchlə şəhər divarlarından kənara çıxmamaq barədə dəfələrlə deyilməsinə baxmayaraq, Mən şəhər darvazasından çıxdım.

Jandarmlar keşikdə dayanmışdılar, lakin getməyimə mane olmadılar və Mən birbaşa saraya yollandım. Şəhər darvazasının hər iki tərəfində atlı gözətçilər və keşikçilər durmasına baxmayaraq, səhərisi gün Mən yenə də bir neçə dostlarımla və rəsmi şəxslərlə birlikdə şəhərdən maneəsiz çıxdım. Ertəsi gün Mən şəhərin əyan-larını və hakimlərini saraya dəvət edərək, Bəhcinin şam aqacları altında onlara ziyafət təşkil etdim. Axşamçağı biz hamımız birlikdə şəhərə qayıtdıq.

Bir dəfə Mən Camali-Mübarəkin Müqəddəs hüzuruna gedərək dedim: "Sizin üçün Məzradakı saray hazırdır və Sizi ora aparmaq üçün fayton da hazırlanmışdır (O vaxtlar nə Əkkada, nə də Hayfada fayton yox idi). O getməkdən imtina edərək dedi: "Mən məhbusam". Sonra Mən yenə də Ondan xahiş etdim, lakin yenə o cür cavab aldım. Mən üçüncü dəfə Ondan xahiş etməyə cəhd göstərdim. Lakin O yenə dedi: "Yox". Və Mənim bir daha təkid etməyə cəsarətim çatmadı.

Əkkada Həzrət Bəhaullahı sevən və Onun iltifatını qazanmış məşhur və nüfuzlu bir müsəlman şeyxi vardı. Mən həmin şeyxi dəvət etdim və vəziyyəti ona danışaraq dedim: "Sən hörmətli adamsan. Bu axşam Onun Müqəddəs hüzuruna get, Onun qarşısında diz çök. Onun əllərindən tut və şəhəri tərk etməyə razılıq verməyincə əllərini buraxma".

Bu şeyx ərəb idi. O birbaşa Həzrət Bəhaullahın yanına gedib Onun dizləri önündə oturdu. Camali-Mübarəkin əllərindən tutaraq onları öpdü və soruşdu: "Sən nə üçün şəhəri tərk etmək istəmirsən?" O cavab verdi: "Mən məhbusam". Şeyx etiraz etdi: "Allah Özü saxlasın. Kimin Səni həbs etməyə hökmü çatar. Sən Özün Özünü məh-bəsdə saxlayırsan. Öz iradənlə Sən məhbus olmusan və indi Səndən xahiş edirəm, şəhəri tərk edib saraya gedəsən. O çox qəşəngdir və tamam yaşıllıqlar içindədir. Ağaclar olduqca gözəldir və portağallar sanki qızılı kürədirlər".

Camali-Mübarək "Mən məhbusam, bu ola bilməz" — deyə hey təkrar etdiyi zaman Şeyx Onun əllərindən tutub onları öpürdü. O bir saatdan artıq Ona yalvarıb-yaxardı. Nəhayət, Həzrət Bəhaullah dedi: "Xeyli xub" (çox yaxşı) və beləliklə, şeyxin səbri və təkidi öz bəhrəsini verdi.

Şeyx böyük sevinc içində yanıma gəlib Həzrət Bəhullahın razılıq verdiyini bildirdi. Mənim Camali-Mübarəklə görüşməyimi və yaxud danışmağımı qadağan edən Sultan Əbdüləzizin fərmanının ciddiliyinə baxmayaraq, mən səhəri gün Onu faytona əyləşdirib saraya apardım. Heç kim getməyimizə mane olmadı. Mən Həzrət Bəhaullahı orada qoyub özüm şəhərə qayıtdım.

Həzrət Bəhaullah iki il bu füsunkar və səfalı yerdə qaldı Sonra Bəhcidən başqa yerə köçmək qərara alındı. Elə oldu ki Bəhcidə yoluxuçu xəstəlik yayılmağa başladı və bir ev sahibi öz ailəsi ilə köçdüyündən evini kimə olursa-olsun, hətta havayı verməyə razı oldu.

Biz onu çox ucuz qiymətə kirayələdik və burada əsl qüdrət və əzəmət qapıları taybatay açıldı. Formal olaraq Həzrət Bəhaullah məhbus sayılsa da (çünki Sultan Əbdüləzizin sərt fərmanları ləğv edilməmişdi), əslində O həyatda və davranışında elə alicənab və ləyaqətli idi ki, hamının ehtiramını qazanmışdı: Fələstinin hakimləri Onun mötəbərliyinə və nüfuzuna həsəd aparırdılar. Canişinlər, generallar ve yerli hakimlər Onunla görüşmək şərəfinə nail olmağı mütiliklə xahiş edirdilər. O, nadir hallarda bu xahişlərə razılıq verərdi.

Bir dəfə şəhərin canişini yalvar-yaxar etdi ki, ona ali hakim dairələrin əmri ilə bir generalla Həzrət Bəhaullahın görüşünə gəlmək mərhəməti göstərilsin. Xahiş yerinə yetirildi və çox sanballı olan avropalı general Həzrət Bəhaullahın əzəmətli görkəmindən elə mütəəssir oldu ki, uzun müddət qapının kandarında qaldı

Görüşə gələnlərin hər ikisi elə karıxmışdılar ki, ancaq Həzrət Bəhaullahın bir neçə dəfə etdiyi dəvətdən sonra onlara təklif olunan qəlyanı dodaqlarına azca toxundurub kənara qoydular. Sonra əllərini çəkib dayanaraq elə mütiliklə və ehtiramla oturdular ki, burada iştirak edənlərin hamısı heyrətləndilər.

Bütün rəsmi və nüfuzlu şəxslərin diqqət və hörmətləri, zəvvarların və həqiqət axtaranların aramsız olaraq axışıb gəlməsi, iman gətirənlərin sədaqətli ruhu və xidməti, Camali-Mübarəkin əzəmətli və şahənə qaməti və Onun kəlamlarının fövqəladə təsiri və sairə bir daha şəhadət verirdi ki, Həzrət Bəhaullah həqiqətən məhbus deyil, Şahlar Şahıdır. İki müstəbid hökmdar, iki qüdrətli avtoritar hakim Ona qarşı idi. Lakin onların əsiri olduğu halda Həzrət Bəhaullah onlarla hökmdar Özünün təbəələri ilə davrandığı kimi davranırdı. Onların sərt fərmanlarına  baxmayaraq, O, Bəhcidə şahzadə kimi yaşayırdı. O, tez-tez deyirdi: “Həqiqətən ən dəhşətli həbsxana Cənnətə çevrilib”.

Həqiqətən, yaradıldığı vaxtdan dünya buna bənzər bir hadisə görməyib”.

BƏHCİDƏ KEÇƏN HƏYAT

Fəlakətlər və əziyyətlər dövrünün ilk illərində olduğu kimi Özünün Bəhcidəki həyatının son illərində də şərəf və şöhrət qazanmış Həzrət Bəhaullah eyni lütfkarlıq və mütiliklə Allahı tərifləyir və mədh edirdi.

Yüz minlərlə sədaqətli davamçılarının verdikləri ianələrdən yığılan böyük məbləğlər Həzrət Bəhaullahın göstərişi ilə bölüşdürülürdü. Onun Bəhcidəki həyatını şahanə kimi təsvir etsələr də, sözün əsil mənasında, elə düşünülməməlidir ki, bu həyat maddi firavanlıq, cah-cəlal və möhtəşəmliklə bağlıdır.

Camali-Mübarək və Onun ailəsi çox sadə və təvazökar yaşayırdı və bər-bəzəyə pul xərcləmək bu ailəyə yad idi. Bəhailər Onun evinin yaxınlığında Rizvan adlı çox gözəl bağ salmışdılar. O burada günlərlə hətta həftələrlə qalar və bağqdakı kiçik evdə kecələyərdi. Bəzən O, çölə gəzməyə çıxardı. Bir neçə dəfə Əkkaya və Hayfaya getmişdi. O hələ Əkkada həbsdə olarkən qabaqcadan xəbər verdiyi kimi tez-tez çadırını Kərmel dağının zirvəsində qurdurardı.

Həzrət Bəhaullah vaxtının çoxunu ibadətə və düşüncələrə dalmağa, müqəddəs kitabların, məktubların, vəhylərin yazılmasına və dostların ruhani tərbiyəsinə sərf edirdi. Onun bütünlüklə bu böyük işə qapılması üçün Həzrət Əbdülbəha bütün digər işləri, hətta mollalarla, şairlərlə və hökumət üzvləri ilə görüşləri də Öz öhdəsinə götürmüşdü.

Onların hamısı Həzrət Bəhaullahın Özünü görə bilməsələr də, Onun oğlu ilə tanışlıqdan sonra bu adamlarda Həzrət Bəhaullaha qarşı dostluq hissləri yaranırdı, çünki oğul ilə tanışlıq onlara atanın mövqeyini başa düşmək imkanı verirdi. Onlar Həzrət Əbdülbəha ilə görüşməyi xoşbəxtlik sayır, Onun şərhlərindən və söhbətlərindən tam razı qalırdılar.

Kembric universitetinin görkəmli şərqşünası Edvard Braun 1890-cı ildə Bəhcidə Həzrət Bəhaullah ilə görüşmüş və öz təəssüratlarını belə yazmışdı:

"Mən ayaqqabılarımı çıxaranadək mənim bələdçim bu böyük dəhlizin divarından asılmış pərdənin qarşısında dayandı. Sonra əlinin iti hərəkəti ilə o, pərdəni qaldırdı və mən keçən kimi pərdəni buraxdı. Mən çox geniş bir otağa daxil oldum. Divar uzununa bir alçaq divan qoyulmuşdu, qapı ilə üzbəüz, qarşı tərəfdə isə iki-üç stul vardı.

Mən hara getdiyimi və kimi görəcəyimi (mənə bu barədə müəyyən aydınlıqla heç bir məlumat verilməmişdi) dumanlı təsəvvür etsəm də, bir-iki saniyə keçdikdən sonra həyəcan və heyranlıqla başa düşdüm ki, otaqda tək deyiləm. Küncdə, divara yaxın qoyulmuş divanda başında dərvişlərin "tac" adlandırdıqları, (lakin adət etmədiyimiz hündürlüklü və formalı), aşağı hissəsinin ətrafına kiçik ağ əmmamə sarınmış keçə papaq qoymuş qeyri-adi və ehtiram doğuran bir şəxs oturmuşdu.

Mənim gözlərim qarşısında dayanmış o Kəsin üzünü mən heç vaxt unuda bilmərəm və Onu təsvir etmək gücünə də malik deyiləm. Bu bəsirətli gözlər sanki insan qəlbinin dərinliyinə nüfuz edirdi; keniş alnı amirlik və nüfuz nuru saçırdı; alnında və üzündə əmələ gəlmiş dərin qırışlar qətran kimi qara saçları və az qala qurşağınadək sallanan şəvə kimi qara saqqalı ilə ziddiyyət təşkil etdiyindən yaşını müəyyənləşdirməyə imkan vermirdi.

Kimin hüzurunda olduğumu soruşmaqa artıq ehtiyac yox idi. Bu zaman mən kralların həsəd apara biləcəkləri və imperatorların əbəs yerə həsrət çəkəcəkləri şəxsin, məhəbbət və pərəstiş obyektinə çevrilmiş Kəsin qarşısında baş əydim.

Mülayim, ləyaqət dolu səslə O, məni oturmaqa dəvət etdi və sonra dedi: "Allaha şükr olsun ki, sən bura gəlib çıxdın!... Sən əsiri və məhbusu görməyə gəldin... Biz dünyaya ancaq firavanlıq və xalqlara xoşbəxtlik arzulayırıq; lakin Bizi qandala və sürgünə layiq araqarışdıranlar, fitnəkar iqtişaşçılar adlandırırlar.

Əgər bütün millətlər bir din ətrafında birləşərsə və bütün insanlar bir-birilə qardaş olarsa, bəşər övladları arasında məhəbbət və birlik telləri möhkəmlənərsə, dini ayrı-seçkilik aradan qaldırılarsa və millətlər arasındakı fərqlər ləqv edilərsə, burada zərərli nə var ki?.. Onsuz da bu baş verəcəkdir; bütün bu səmərəsiz çəkişmələr və viranedici müharibələr keçmişdə qalacaq və "Ən Böyük Sülh" bərqərar olacaqdır. Avropada sizə lazım olan bu deyilmi? Həzrət İsanın qabaqcadan xəbər verdiyi bu deyilmi? Biz isə görürük ki, sizin krallarınız və hökmdarlarınız öz var-dövlətlərini və vəsaitlərini bəşər irqinin xoşbəxtliyinə deyil, onun qırılıb tələf edilməsinə səxavətlə xərcləyirlər. Bu çəkişmələr, qanlı vuruşmalar və ixtilaflar kəsiləcək və bütün insanlar bir böyük ailə, qohum olaçağlar... Qoy heç kəs öz vətənini sevməklə fəxr etməsin, o kəs öyünsün ki, bütün bəşər nəslini sevir".

Həzrət Bəhaullahdan eşitdiyim, mənim xatirimdə qalan sözlər belə idi. Qoy oxucuların özləri mühakimə etsinlər: belə təlim unudulmağa və köləliyə layiqdirmi? Onun yayılmasından dünya udacaq yoxsa uduzacaq?.. (Səyahətçinin hekayəti. Muqəddimə, s.39.)

YÜKSƏLİŞ

Həzrət Bəhaullah Özünün cismani həyatını beləcə sadə və sakitcəsinə 1892-ci il mayın 28-dək yaşadı. O, qızdırma xəstəliyinə tutularaq 75 yaşında əbədiyyətə yüksəldi. Onun Öz əli ilə yazdığı və möhürləyib qoyduğu axırıncı lövhlərində Onun İradəsi və Vəsiyyəti bəyan edilir.

Həzrət Bəhaullahın vəfatından doqquz gün sonra Onun böyük oqlu Həzrət Əbdülbəha ailə üzvlərinin və bəzi dostların iştirakı ilə həmin vəsiyyətnamə saxlanan sandığın möhürünü açıb içindəki qısa və əhəmiyyətli sənədin məzmununu elan etdi.

Bu Vəsiyyətnaməyə görə Həzrət Əbdülbəha Öz atasının varisi, Onun Təliminin şərhçisi təyin edilir, Həzrət Bəhaullahın ailə üzvləri və qohumlarına, bütün ardıcıllarına Ona müraciət və itaət etmək tapşırılırdı. Bununla da Dini Təlimdən sapmaların və onun təriqətlərə parçalanmasının qarşısı alınmış və Təlimin birliyi möhkəmləndirilmişdi.

HƏZRƏT BƏHAULLAHIN PEYĞƏMBƏRLİYİ

Həzrət Bəhaullahın Peyğəmbərliyi haqqında aydın təsəvvürə malik olmaq olduqca vacibdir. Onun kəlamları Allahın digər Peyğəmbərlərinin kəlamları kimi iki hissəyə bölünə bilər: birincisi Öz İradəsini adamlara çatdırmaq üçün Allahın seçdiyi sadə insan kimi Onun yazdıqları və Özündən söylədikləri, ikincisi isə Allahın Özündən gələn Vəhylər. Həzrət Bəhaullah "Kitabi-İqan" əsərində yazır:

"Əvvəlki səhifələrdə Allahın məşriqlərindən doğulub parlayan günəşlərin iki cür məqamı olduğunu və onlardan birinin birlik məqamı, təklik mərtəbəsi olduğunu söyləmişdik. Əvvəlcə də demişdik: "Onların arasında heç bir fərq qoymadıq". (Quran, əl-Bəqərə surəsi, 136). O birisi isə ayrılıq məqamıdır ki, yaradılış aləmi və o aləmin məhdudiyyətləri ilə bağlıdır. Bu baxımdan Allah məzhərlərinin ayrı bir fərdiyyəti, ayrı bir əmri, əvvəlcədən müəyyən edilmiş başqa bir təzahürü və xüsusi məhdudiyyətləri vardır. Necə ki, onlardan hər birinin ayrı bir ismi, ayrı bir vəsfi vardır. Hər biri ayrı bir əmr ilə göndərilmiş, hər birinə yeni bir şəriət yaratmaq vəzifəsi həvalə edilmişdir. Necə ki, buyurulur: "Bu Peyğəmbərlərin bəzisini digərindən üstün etdik. Allah bunlardan bəzisi ilə danışmış, bəzisinin isə dərəcələrini yüksəltmişdir. Məryəm oqlu İsaya açıq möcüzələr verdik və onu Müqqəddəs Ruhla qüvvətləndirdik". (Quran, əl-Bəqərə surəsi, 253)

Beləcə, bu Varlıq Cövhərləri əsasən bir və eyni olmaları baxımından Onları Rəbbilik, Tanrılıq, Mütləq Təklik və Müqəddəs Mahiyyət vəsfləri ilə vəsfləndirilirlər, çünki onların hamısı Allahın Zühur taxtında oturur, Allahın Sirləri kürsüsündə əyləşirlər, yəni Allahın Zühuru Onların Zühurları ilə, Allahın Gözəlliyi Onların Camalı ilə görünür. Beləcə, bu həqqiqət heygəllərindən Rəbbilik nəğmələri duyulur.

İkinci məqama gəldikdə isə, yəni ayrılıq, fərqlilik, məhdudluq kimi dünya işləri və münasibətləri məqamının işığı altında baxanda Onların mütləq bir qulluq, tam bir fanilik və yoxsulluq içində olduqları görünür. Necə ki Quranda buyurulur: "Mən həqiqətən Allahın quluyam, Mən də sizin kimi bir insanam". (Quran, Məryəm surəsi, 30)

Əgər siz Allah Məzhərlərindən hər hansı birinin "Həqiqətən Mən Allaham" — dediyini eşitsəniz o doğru söyləmiş olar, buna şübhə yoxdur. Çünki dəfələrlə göstərilmişdir ki, Allahın Zühuru, adı və sifətləri bu dünyada Onların Zühuru, Onların sifətləri və isimləri ilə təzahür edir. Biz bunu dəfölərlə isbat etdik. Onun üçün: "Atdığın zaman sən atmadın, Allah atdı". (Quran, ən-Ənfal surəsi, 17) Və həmçinin: "Sənə beyət edənlər, şübhəsiz ki, Allaha beyət etmiş olurlar..." (Quran, əl-Hücurat surəsi, 10)

Əgər Onlardan hər hansı biri: "Mən Allahın Elçisiyəm" — deyərsə bu da doğrudur. Ona şəkk və şübhə yoxdur. Necə ki, Quranda buyurulur: "Məhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin O, Allahın Rəsuludur və nəbilərin sonuncusudur!". (Quran, əl-Əhzab surəsi, 40)

Bu baxımdan Onların hamısı o həqiqi Sultanın və Əzəli Varlığın Elçiləridir. Əgər Onların hər hansı birisi "Mən Nəbilərin xətm edəniyəm", deyərsə bu da doğrudur. Bundan şəkk və şübhəyə əsla yer yoxdur. Çünki Onlar tək bir şəxs, tək bir zat, tək bir ruh, tək bir bədən, tək bir əmr hökmündədirlər. Onların hamısı O Ruhlar Ruhunun və O Əzəli Cöhərlər Cövhərinin ilkinliyinə və sonluğuna, əvvəlliyinə və axırlığına, zahirliyinə və batinliyinə məzhərdirlər. Və əgər Onlar: "Biz Allahın qullarıyıq" — buyurarlarsa, bu da mübahisə doğurmayan açıq bir həqiqətdir. Çünki Onlar ən yüksək qulluq vəziyyətində Zühur etmişlər. Elə bir qulluq ki, bu heç kimə müyəssər olmur.

Beləliklə, bu varlıq Çövhərləri Allahın müqəddəs dənizində üzdükləri vaxtda və həqiqi Sultanın yanına çatdıqları zaman "Rəbbilik" və "İlahiyyat" kəlmələri ilə zahir olurlar.

Yaxşı diqqət yetirilərsə, belə bir Yüksək Ruh vəziyyətində Onların Mütləq Varlıqla və xalis əbədiyyətlə üzləşərkən öz-özlərini heçin heçi və faninin fanisi saydıqları görünür. Onlar sanki özlərini Allahın qarşısında yoxun yoxu bilirlər və Onun Müqəddəs məqamında adlarının çəkilməsini Allaha şərik qoşmaq kimi qiy-mətləndirirlər. Çünki orada ən xəfif bir pıçıltı belə Mütləq Varlıq iddiasına dəlalət etdiyi üçün həmin Saraya yetişənlərin gözündə, belə bir fikrə düşməyin özü bağışlanmaz bir xətadır, səhvdir. Nə qədər böyük günah, olardı ki, həmin hüzurda başqa bir şeyin adı çəkilsin, könül, dil, fikir və ruh Sevgilinin zikrindən başqa bir şey ilə məşğul olsun, göz Onun gözəlliyindən başqa bir şeyə baxsın və ya qulaq Onun nəğməsindən başqa bir nəğməni dinləsin, ayaq Onun yolundan başqa bir yolda addımlasın.

Bu gün də Allahın nəsimi əsmiş, Onun Ruhu dünyanı bürümüşdür. Qələm yazmaqdan, dil söyləməkdən kəsilmişdir. Bu məqama görə Onlar Rəbbilik və ona bənzər şeylər və Allah Elçiliyi məqamına görə Elçilik iddiasında olmuşlar. Hər bir məqamda o məqamın tələbinə uyğun sözlər söyləmişlər. Əmr aləmindən xilqət aləminə və Rəbbilik aləmlərindən maddi varlıq aləmlərinə qədər hamısını öz adlarına çıxmışlar.

Beləliklə də Tanrılıq, Rəbbilik, Elçilik, Vəlilik, İmamlıq, Qulluq və sairəyə dair Onlar hər nə buyurarlarsa, hər nə söyləyirlərsə hamısı doğrudur, şəksiz-şübhəsiz doğrudur. Buna əsasən, hər kəs iddiamıza dəlil olaraq, dediyimiz sözlər üzərində yaxşıca düşünməlidirlər ki, gözəgörünməz Allahın bu dünyada gözəgörünən Müqəddəs Peyğəmbərləri tərəfindən söylənilən sözlərdəki müxtəliflik qarşısında çaşaraq iztirab keçirməsinlər". (Bəhaullah. Kitabi-İqan.)

Həzrət Bəhullah insan kimi danışanda tam itaətkarlıq göstərir və ya Allah yanında fani sayılan mövqe sahibi olduğunu söyləyir. Allahın zühuru kimi Həzrət Bəhaullahın insani şəxsiyyətini başqa adamlardan fərqləndirən cəhət Onun ali qüdrət məqamında olmasına baxmayaraq, özünü hər şeydən məhrum etməsidir. Bütün vəziyyətlərdə Həzrət İsanın Gefsimani bağında söylədiyi kimi deyə bilərdi: "...fəqət Mənim istədiyim kimi deyil, Sənin istədiyin kimi olsun." (İncil. Matta, 26:39)

Belə ki, Həzrət Bəhaullah İran şahına məktubunda yazır: "Ey şah! Mən də başqaları kimi adicə adam idim və Öz yatağımda mürgüləyirdim: Şəfaətli Allahın küləyi Məni bürüdü və Mənə lazım olan bilikləri bəxş etdi. Bunlar Məndən deyil, Qüdrətlilər Qüdrətlisi, Müdriklər Müdriki olan Kəsdəndir.

O, Mənə yerlə göy arasında səsimi yüksəltməyi əmr etdi və bu səbəbdən qismətim elə oldu ki, anlayanlar göz yaşları axıtdı. Mən adamların öyrəndikləri adi bilikləri öyrənməmişəm. Məktəbə də getməmişəm. Mənim yaşadığım şəhərin adamlarından soruşsan əmin olacaqsan ki, Mən yalan danışan adamlardan deyiləm. Mən Qüdrətli və Şərafətli Allahın İradəsi ilə titrəyən bir yarpaqam: şiddətlə əsən külək zamanı yarpaq yerində qala bilərmi? And olsun bütün adların və sifətlərin Sahibinə ki yox! Əksinə, O onları istədiyi kimi hərəkətə gətirir. Çünki Əbədinin hüzurunda varlığa bənzəməyən bütün şeylər fanidir. Onun qətiyyətli fərmanı qulağıma çatdı və Məni Onun adını insanlar arasında şöhrətləndirmək üçün oyatdı. Həqiqətən, Mən də bütün başqları kimi Onun hökmü qarşısında duran bir adam idim; Məni sənin Mərhəmətli və Mehriban Rəbbinin İradəsinin Əli dəyişdirdi. Kim olursa-olsun cəsarət edib özündən elə bir söz deyə bilərmi ki, buna görə böyükdən tutmuş kiçiyədək bütün adamlar onu təqiblərə məruz qoysunlar. Yox! Əbədi sirləri Mənə açan Allaha and olsun ki, bunu yalnız o kəs deyə bilər ki, Qüdrətli və Qadir Allah ona kömək etsin". (Bəhaullah. Sultan Lövhu: Sitat Şövqi Əfəndinin "Qabaqçadan deyilmiş gün gələcəkdir" kitabından götürülmüşdür. s.71.)

Həzrət İsa şagirdlərinin ayağlarını yuduğu kimi Həzrət Bəhaullah da bəzən Öz ardıcıllarına yemək hazırlayır və digər xırda-para işlər görürdü. O, Allah bəndələrinin nökəri idi və bu xidməti ilə fəxr edirdi. Lazım gələndə quru döşəmə üstündə yatmağla kifayətlənər, bəzən ancaq su və çörəklə dolanar, Özünün dediyi kimi "İlahi qida" ilə, başqa sözlə desək, aclıqla keçinərdi.

Onun mükəmməl mütiliyi pərəstiş etdiyi təbiətdə, insan ləyaqətlərində, xüsusilə də Müqəddəs Peyğəmbərlərə və şəhidlərə münasibətdə özünü büruzə verirdi. Onun üçün ən miskindən tutmuş ən böyüyədək hər şey Allah barədə danışırdı.

Allah Onu insan surətində Onun Dili və Onun Qələmi olmaq üçün seçmişdir. O, müqayisə edilməz çətinlikləri və mərhumiyyətləri Öz istəyi ilə qəbul etməmişdi. Həzrət İsa buyurduğu kimi: "Atam, əgər mümkünsə qoy bu kasa Məndən yan keçsin". (İncil. Matta, 26:39). Həzrət Bəhaullah da buyurur: "Əgər Allahın Kəlamını höccələyən başqa bir adam tapılsaydı Biz Özümüzü adamların danlaq, məsxərə və böhtan hədəfinə çevirməzdik". (Bəhaullah. İşraqat Lövhü). Lakin İlahi Çağırış aydın və israrlı olduğundan O, itaət etdi.

Allahın İradəsi Onun İradəsi, Allahın Şərafəti Onun Şərafəti oldu. O, sevinc və itaətkarlıqla buyrurdu: "Allahın yolunda Mənim başıma nələr gəlirsə, bu, Mənim qəlbimin arzusudur və Mənim ürəyimin istəyidir. Allah yolunda ən şiddətli zəhər — şəfaverici içkidir, Onun adı naminə əzablara düçar olmaq — ən böyük həzzdir". (Bəhaullah. Qurd oğluna Risalə, s.31.)

Qeyd etdiyimiz kimi, Həzrət Bəhaullah bəzi hallarda bilavasitə Allahın adından danışardı. Bu ifadələrdə Onun insani şəxsiyyəti tamamilə yox olurdu. Onun vasitəsilə Allah Öz yaratdığı bəndələrinə müraciət edir və Öz məhəbbətini aşkarlayır, onları xeyirxahlıq yoluna yönəldir, Öz İradəsini onlara bildirir, onlardan məhəbbət, sədaqət və xidmət gözləyərək, onları istiqamətləndirmək üçün Öz tövsiyyə və qanunlarını göndərirdi.

Həzrət Bəhaullahın Yazılarında Onun deyim tərzi tez-tez dəyişir: bəzən O, sadə insan kimi danışır, sonra isə yazısını kəsmədən Allahın Özü kimi buyurur. Hətta sadə adam olduğu halda belə Həzrət Bəhaullah Allahın Rəsulu kimi, İlahi İradəyə kamil sədaqətin canlı təcəssümü kimi danışır. Onun bütün həyatı Müqəddəs Ruhla ilhama gətirilir. Buna görə də Onun həyatının və Təliminin insani və İlahi başlanğıcları arasında kəskin sədd çəkmək olmaz.

Allah-taala Ona buyurur: "Söylə: Mənim surətim — Allahın surətidir, Mənim gözəlliyim — Onun Gözəlliyidir. Mənim mahiyyətimdə Allahın Mahiyyətindən başqa heç nə yoxdur, Onun Özü Məndədir, Mənim hərəkətim də Onun hərəkətidir, Mənim sakitliyim Allahın Sakitliyidir, Mənim qələmim Qüdrətli və Şərafətli Allahın Qələmidir". "Söylə: Mənim qəlbimdə həqiqətdən başqa heç nə yoxdur və Məndə Allahdan başqa heç bir kəs görünmür". (Bəhaullah. Heykəl surəsi.)

BƏHAULLAHIN MİSSİYASI

Həzrət Bəhaullahın Missiyası Onun Təlimi vasitəsilə bütün bəşəriyyəti bir olan Allahın himayəsində birləşdirməkdən ibarətdir. O buyurur: "İdrak Ağacının mübarək meyvəsi bu böyük kəlamın özüdür: "Siz hamınız bir Ağacın meyvələri və bir Budağın yarpaqlarısınız". (Bəhaullah. İşraqat Lövhü, VI işraq.)

Əvvəlki Peyğəmbərlər insanlar arasında sülh və əmin-amanlıq əsrinin gələcəyini qabaqcadan elan etmiş və bu hadisəni sürətləndirmək üçün Öz həyatlarını qurban vermişlər, lakin Onların hər biri aydın buyurmuşdu ki, bu mübarək tamamlanma ancaq Rəbbin Zühurunun axırıncı günlərindən sonra, günahkarlar cəzalandırılan və möminlər mükafatlandırılan vaxtda baş verəcəkdir.

Zərdüşt Peyğəmbər buyurmuşdu ki, xilaskar Bəhram Şah Zühur edib şər qüvvə Əhrimənə qalib gələrək yer üzündə əmin-amanlıq və ədalət Səltənətini bərqərar edənədək üç min il ərzində çəkişmələr olacaqdır.

Musa Peyğəmbər əvvəlcədən xəbər vermişdi ki, Fateh Rəbb gəlib İsrail oğullarını bütün yer üzündən toplayanadək, əsarətçiləri məhv edib Yer üzündə Öz Səltənətini quranadək İsrail oğulları uzun bir dövr ərzində sürgünlərə, təqiblərə və əsarətə məruz qalacaqlar.

İsa Məsih buyurmuşdu: "Sanmayın ki, yer üzünə sülh gətirməyə gəlmişəm; Mən sülh deyil, qılınc gətirməyə gəldim" (İncil. Matta, fəsil 10:34). Və O əvvəlcədən xəbər vermişdi ki, uzun sürən müharibələr, savaşlar haqqında, fəlakətlər və xəstəliklər haqqında xəbərlər İnsan Oğlunun "Atasının şərəfində" gələcəyi dövrədək davam edəcəkdir.

Məhəmməd əleyhissalam buyurmuşdu: "Yəhudilər dedilər: "Xaçpərəstlər (dində) düzgün və mötəbər bir şeyə istinad etmirlər". Xaçpərəstlər də: "Yəhudilər (dində) düzgün və mötəbər bir şeyə istinad etmirlər", — söylədilər. Halbuki onların hər ikisi Kitab (Tövrat və İncil) oxuyur. Allah onların arasındakı bu ixtilafın hökmünü Qiyamət Günü verəcəkdir.". (Quran. əl-Bəqərə surəsi, 113)

Həzrət Bəhaullah bəyan etmişdir ki, bütün Peyğəmbərlərin vəd etdikləri Kəs, yəni İlahi Zühur Odur və Onun gəlişi ilə Sülh Erası bərqərar olacaqdır Keçmişdə bənzəri olmayan bu yeganə bəyanat bütün böyük Peyğəmbərlərin əvvəlcədən xəbər verdikləri əlamətlərə heyrətəmiz dərəcədə uyğun gəlir. Həzrət Bəhaullah müqayisəedilməz aydınlıq və dəqiqliklə insanlar arasında sülh və dinc yanaşı yaşamağın həyata keçirilməsi yollarını və vasitələrini açıb göstərmişdir.

Doğrudur, Həzrət Bəhaullahın Zühuru dövründən başlamış bu günədək miqyasına görə misli görünməmiş müharibələr və dağıntılar hələ də davam edir, lakin bu, bütün Peyğəmbərlərin dediklərinə görə, Rəbbin ən böyük və dəhşətli gününün ilk çağlarında baş verməlidir və buna görə də Rəbbin Gəlişi nəinki yaxınlaşır, həm də artıq onun gerçək fakt olması fikri təsdiqlənir.

Həzrət İsa ilə əlaqədar İncildə əxlaqi bir hekayə var: "Ev sahibi olan bir adam var idi. Üzüm bağı saldı... və bağı bağbanlara icarəyə verib başqa məmləkətə getdi. Məhsul vaxtı yaxınlaşdıqda, məhsulunu almaq üçün qullarını bağbanların yanına yolladı. Bağbanlar onun qullarını tutub, kimini döydülər, kimini öldürdülər, kimi də daşladılar. O, ikinci dəfə əvvəlkindən daha çox qul göndərdi; bağbanlar onlara yenə əvvəlki kimi etdilər. Nəhayətdə "Oğluma hörmət edərlər" deyərək, öz oğlunu onların yanına yolladı... Və bağbanlar Onu tutub bağdan kənara atıb öldürdülər. İndi bağın Sahibi gəldiyi zaman bu bağbanlara nə edəcəkdir? Onlar İsaya dedilər: "Bu pis adamları qorxunc bir ölümə uğradacaq və bağı elə bağbanlara icarəyə verəcək ki, məhsulunu mövsümündə ona versinlər". (İncil. Matta, 21:33-41.)

Məgər bu, o demək deyildir ki, Rəbbin gəlişi ilə əlaqədar olaraq əsrlər boyu dünyada hakimiyyəti ələ keçirib xəyanətkar bağbanlar kimi haqsız olaraq onun məhsullarını mənimsəyən zalım hökmdarları, acgözlüyü və dözülməz təəssübkeşliyi ilə seçilən keşişləri, mollaları və zülmkar başçıları amansız ölüm gözləyir.

Yer üzündə hələ dəhşətli sarsıntılar və görünməmiş fəlakətlər baş verə bilər, lakin Həzrət Bəhaullah bizi əmin edir ki, "bu lüzumsuz, bəhrəsiz mübahisələr, bu dağıdıcı müharibələr tezliklə yox olub gedəcək və Ən Böyük Sülh bərqərar olacaqdır". Müharibələr və çəkişmələr öz dağıdıcı gücünə görə elə məşəqqətə çevrilmişdir ki, bəşəriyyət ya onlardan xilas olmalı, ya da məhv olmalıdır.

"Zamanın dolğunluğu" və onunla bərabər Vəd olunmuş Xilaskar gəlmişdir".

BƏHAULLAHIN YAZILARI

Həzrət Bəhaullahın Yazıları öz məzmununa görə olduqca genişdir və bütün insan həyatının həm fərdi, həm də ictimai sahələrini əhatə edir, Əhdi-Ətiq və Əhdi-Cədidnin maddi və mənəvi predmetinin, yaxın və uzaq gələcəyə dair Peyğəmbərliklərin şərhini verir.

Həzrət Bəhaullahın biliyi öz müfəssəliyinə və dəqiqliyinə görə heyranedicidir. Əslində istinad etdiyi bütün kitabları adicə oxumaq imkanlarından məhrum olmasına baxmayaraq, Həzrət Bəhaullahın Ona şifahi və yaxud yazılı şəkildə müraciət edən səriştəli şəxslərə müxtəlif dini kitablardan verdiyi cavablar və şərhlər olduqca nüfuzlu və inandırıcı idi.

Belə ki, “Qurd oğluna məktub"unda Həzrət Bəhaullah "Bəyan" kitabını heç vaxt oxumadığını bildirsə də Öz Yazılarında, Həzrət Babın Vəhyi bərasində çox müfəssəl biliyə malik olduğunu nümayiş etdirir (Bildiyimiz kimi həzrat Bab buyurmuşdu ki, Onun Vəhy kitabı "Bəyan" "Allahın göndərəcəyi Kəs" tərəfindən Ona nazil olmuşdur).

1890-cı ildə professor Edvard Braunun Həzrət Bəhaullah ilə iyirmi dəqiqədən otuz dəqiqəyədək davam edən dörd görüşü istisna olmaqla, Həzrət Bəhaullah Qərbin heç bir maarifçi mütəfəkkiri ilə görüşüb danışmamışdır. Lakin Onun Yazıları göstərir ki, Həzrət Bəhaullah Qərbin ictimai, siyasi və dini problemlərinə heyrətamiz dərəcədə bələd imiş və hətta Onun düşmənləri belə Həzrət Bəhaullahın misilsiz müdriklik və düha sahibi olduğunu etiraf etmək məcburiyyətində qalmışlar.

Həzrət Bəhaullahın uzun müddət məhbəsdə saxlanmasının yaxşı məlum olan şəraiti belə bir qənaətə gəlməyə əsas verir ki, Onun Yazılarında ifadə etdiyi zəngin biliyi kitabları oxumaqla və müəllimlərin köməyi ilə, yaxud adi bilik vəsaitlərinin öyrənilməsi ilə qətiyyən əldə etmək olmazdı, bu biliklərə ancaq ruhani mənbə sayəsində yiyələnmək olardı.[6]

Həzrət Bəhaullah bəzən ərəb dilinin güclü təsiri altında olan Öz həmvətənlərinə ünvanladığı məktublarını yeni fars dilində yazardı. Başqa vaxtlarda isə, yəni Zərdüşt Dininin davamçıları olan alimlərə müraciətlərini isə O, xalis klassik fars dilində yazardı. O, həmçinin, bəzən sadə, bəzən isə klassik ərəb üslubunda - Quran yazısı üslubunda yazardı. Təəçcüblü budur ki, heç bir xüsusi filoloji təhsil almamasına baxmayaraq O, müxtəlif dillərdən məharətlə istifadə edirdi.

Onun bəzi yazılarında müqəddəsliyə aparan yol barədə fikirlər belə sadə tərzdə ifadə olunmuşdur: "...bu yolla gedənlər, hətta təcrübəsizlər də, azmayacağlar" (Tövrat. İlyas, 35:8). Digər yazıları isə poetik və dərin fəlsəfi təxəyyüllə, İslami və başqa dini mətnlərə və fars, yaxud ərəb ədəbiyyatı və əfsanələrinə istinadlarla o qədər zəngindir ki, onları ancaq şairlər, filosoflar və alimlər qiymətləndirə bilərlər.

Ruhani həyatın ali səviyyələri haqqında məlumat verən bəzi yazılarını ancaq ilkin mərhələlərə yiyələnmiş adamlar anlaya bilərlər. Onun əsərləri bol nemətlərlə və şirniyyatlarla dolu olan elə ziyafət süfrəsinə bənzəyir ki, səmimi həqiqət axtaranlar burada öz zövqlərinə uyğun olanı tapa bilərlər.

Onun Təlimi bu keyfiyyətləri sayəsində alimlər, ziyalılar, istedadlı şairlər və məşhur yazıçılar arasında şöhrət qazanmışdır. Hətta öz əsərləri ilə tanınan sufilər və digər təriqət başçıları, bəzi siyasi xadimlər Onun öz lətafəti və mənəvi məzmununun dərinliyi ilə digər əsərləri geridə qoyan yazılarına valeh olurdular.

BƏHAİ DİNİNİN MAHİYYƏTİ

Həzrət Bəhaullah məhbəsdə olduğu uzaq Əkka şəhərindən nəinki Öz vətəni İranın, həm də bütün dünyanın qəlbini dərin həyəcana gətirirdi. Onu və Onun ardıcıllarını ilhamlandıran ruh, ölçüyə-gəlməz mülayimlik, xeyirxahlıq və itaətkarlıq ruhu olmaqla bərabər, eyni zamanda heyrətamiz həyat gücünə və yüksək qüdrətə malik idi.

O, mümgün olmayan şeylərə qadir idi. O, insan təbiətini dəyişdirirdi. Onun təsiri altına düşən kəslər yeni bir insana çevrilirdilər. Onun ardıcılarının qəlbi məhəbbət, iman, təşəbbüslə dolu olardı, dünyəvi sevinclər və kədərlər bunlarla müqayisədə heç bir əhəmiyyət kəsb etməzdilər. Onlar ömürlük əzablara və yaxud əziyyətli ölümə nəinki tam etinasızlıq göstərirdilər, həm də Allaha itaət etməklə qorxmadan və xoşbəxt sevinclə onu qəbul etməyə hazır olurdular.

Ən təəçcüblüsü bu idi ki, onların qəlbləri yeni həyat sevincləri ilə dolub-daşırdı və, ürəklərində öz düşmənlərinə qarşı heç bir kin-küdurət və qəzəb hisslərinə yer qalmırdı. Onlar özlərini müdafiə etmək üçün zor işlətməkdən tamamilə imtina edirdilər və öz talelərinə acımaq əvəzinə, özlərini insanlar arasında bu yeni və həqiqi Vəhyi qəbul etmək üçün seçilmişlər sayaraq, öz həyatlarını qurban verməklə və qanlarını axıtmağla Onun həqiqət olduğunu təsdiqləyirdilər.

Onların ürəkləri sevinclə oxumağa hazır idi, çünki onlar inanırdılar ki, Uca, Əbədi, Sevimli Allah onlarla insan dilində danışır, onları Özünün qulu və dostu olmağa çağırır, O, yer üzündə Öz Səltənətini qurmağa gəlmiş və daimi çəkişmələrdən üzülüb əldən düşmüş adamlara misilsiz Sülh hədiyyəsi gətirmişdir.

Həzrət Bəhaullahın onlara təlqin etdiyi dinin mahiyyəti belə idi. Həzrət Babın xəbər verdiyi kimi Həzrət Bəhaullah Öz Missiyasını bəyan etdi. Onun Böyük Müjdəçisinin fədakar çalışqanlığı sayəsində minlərlə adam Həzrət Bəhaullahın gəlişini qarşılamağa hazır idi, minlərlə adam mövhumatdan və xurafatdan azad olaraq təmiz ürəklə və aydın düşüncə ilə Allahın vəd etdiyi Şərəfin Zühurunu gözləyirdi.

Yoxsulluq və zəncirlər, dözülməz həyat şəraiti, fiziki təhqirlər onları Rəbblərinin mənəvi şöhrətindən ayıra bilmədi, əksinə, bu məşəqqətli dünyəvi varlıq Onun həqiqi Parıltısının şəfəqlərini daha böyük qüvvə ilə nəzərə çarpdırdı.

 



[1] Hicri tarixi ilə 1233-cü il Məhərrəm ayının 2-də

[2] Bu 1853-cü ildə, yə'ni Həzrət Bab Öz Missiyasını bəyan edəndən 9 il sonra baş verir. Beləliklə, Həzrət Babın "Doqquzunçu il bardsində qabaqcadan dedikləri həyata keçir.

[3] Nəbil-i-Əzəm, Bəhai Dininin ilkin tarixi haqqında yazılan "Subh şəfəqləri" kitabının müəllifi. O özu təsvir etdiyi bə'zi hadisələrin iştirakçısı olmuş və bu dini birinci təbliq edən şəxslərin əksəriyyəti ilə şəxsən tanış idi.

[4] Ölən iki nəfəri dəfn etmək üçün Həzrət Bəhullah deyir ki, Onun xalçasını satsınlar və pulunu dəfn işlərinə xərcləsinlər. Lakin bunun əvəzində əsgərlər pulu mənimsəyir, meyitləri isə xəndəyə tullayırlar.

[5] Dostları və ardıcılları çox vaxt Həzrət Bəhaullaha belə müraciət edərdilər.

[6] Həzrət Bəhaullah Qərb yazıçılarının əsərlərini öyrənib və Öz Tə'limini onların əsasında yaratmayıbmı? sualına Həzrət Əbdülbəha belə cavab verərdi ki, Həzrət Bəhaullahın hələ 1870-ci ildə yazılmış və nəşr olunmuş kitablarında ifadə edilmiş ideallarla Qərb indi tanış olur, o vaxtlar isə Qərbdə buna bənzər fikirlər nə düşünülür, nə də çap edilirdi.

 


Ý

Kitabın əvvəlinə

¬ Geri, II fəsilə        İrəli, IV fəsilə ®

 

©2003-2008 Azərbaycan Bəhailərinin Milli Ruhani Məhfili.

Digər təşkilatlar və fiziki şəxslər bu materiallardan sərbəst istifadə edə bilər, o şərtlə ki, burada olan məlumatlar təhrif olunmayacaq, materialların və ya onlardan olan çixarışların nəşrində aşağıdakılar qeyd olunacaq:
"Azərbaycanda Bəhai Dini icmasının rəsmi www.bahai.az internet saytının materiallarından istifadə olunmuşdur."
Bəhaullah və Yeni Era -
Con Ebenezer Esslemont
Yuxarı >