Ý Kitabın
əvvəlinə
"Mənim varlığımın dəryası sahillərdən keri
çəkilməyə başlayanda və Mənim Vəhy Kitabım yazılıb qurtaranda nəzərlərinizi Ona,
Allahın seçdiyi Kəsə, bu Qədim Kökün Budağı olan Kəsə çevirin"
Həzrət Bəhaullah. Kitabi-Əhd —
Vəsiyyət Kitabı.
ANADAN OLMASI VƏ UŞAQLIQ İLLƏRİ
GƏNCLİK İLLƏRİ
EVLƏNMƏSİ
DİNİN DAYAĞI
CİDDİ HƏBS REJİMİ YENİDƏN TƏZƏLƏNİR
TÜRKİYƏ İSTİNTAQ KOMİSSİYASI
QƏRB DÜNYASINA SƏFƏRLƏR
MÜQƏDDƏS TORPAĞA QAYIDIŞ
HAYFA MÜHARİBƏ İLLƏRİNDƏ
SER ƏBDÜLBƏHA BRİTANİYA İMPERİYASININ PERİDİR
SON İLLƏRİ
ƏBDÜLBƏHANIN VƏFATI
ƏSƏRLƏRİ VƏ NİTQLƏRİ
ƏBDÜLBƏHANIN NADİR MƏQAMI
BƏHAİ HƏYATININ NÜMUNƏSİ
Sonralar Əbdülbəha (yəni, Bəhanın
Qulu) ləğəbini qəbul etmiş Abbas Əfəndi Həzrət Bəhaullahın böyük oğlu idi. O,
1844-cü il mayın 23-də, kecə
yarıya çatmamış, yəni Həzrət Babın Öz Missiyasını bəyan etdiyi kecə Tehranda
anadan olmuşdu.
Abbas Əfəndi doqquz yaşında ikən
atasına elə bağlanmışdı ki, hətta özünü ona qurban belə verərdi. Elə bu zaman
Həzrət Bəhaullahı həbs edərək Tehranda zindana salırlar. Fanatik kütlə basqın
edərək onların evlərindəki əmlaklarını talayır və ailə kəskin ehtiyac içində
qalır.
Həzrət Əbdülbəha danışır ki, bir dəfə
ona həbsxana həyətinə daxil olub hər gün gəzintiyə çıxarılan sevimli atasını
görməyə icazə verirlər. Həzrət Bəhaullah çox dəyişmişdi və elə zəifləmişdi ki,
güclə yeriyə bilirdi. Onun saçı və saqqalı daranmamışdı, ağır dəmir boyunduruğun
təzyiqindən boynu şişmiş və sürtülüb yaralanmışdı, zəncirlərin ağırlığından beli
bükülmüşdü. Onun bu görkəmi həssas uşağın qəlbində silinməz təəssüratlar
qoymuşdu.
Onların Bağdadda yaşadıqları birinci
ildə, yəni Həzrət Bəhaullahın Öz Missiyasını bəyan etməsinə on il qalmış, doqquz
yaşlı Abbas Əfəndinin fərasətli baxışları onu belə mühüm nəticəyə gətirir ki,
onun atası həqiqətən, Zühurunu bütün babilərin gözlədiyi Vəd olunmuş həmin
Kəsdir. Altmış ildən sonra bu inamın onun bütün vücuduna necə hakim kəsildiyi
anı o belə təsvir etmişdir:
"Mən, Camali-Mübarəkin quluyam.
Bağdadda Mən uşaq idim. Orada atam Mənə Vəhyi bəyan edən kimi Mən Ona inandım.
O, Allahdan gələn vəhylər haqqında Mənə danışan kimi Mən Onun Müqəddəs ayağları
altına atıldım və Ona yalvarıb-yaxardım ki, Mənim canımı Onun yolunda qurban
kimi qəbul etsin. Qurban! Bu söz Mənə necə də şirindir. Mənim üçün bundan
iltifatlı şey yoxdur. Onun naminə boynumun zəncirləndiyini, Ona olan məhəbbət
naminə ayaqlarımın qandallandığını, Onun İşi naminə bədənimin eybəcər hala
salındığını və yaxud dəniz burulğanına atıldığını görməkdən savayı Mən hansı
böyük sevinci təsəvvürümə gətirə bilərəm?!
Əgər Biz Onu həqiqətən seviriksə, əgər
həqiqətən Mən Onun sədaqətli Quluyamsa, onda Mən Öz həyatımı, Özümün bütün
varlığımı Onun Müqəddəs Astanasında qurban verməliyəm" (Mirzə Əhməd Söhrabın
gündəliyi, yanvar, 1914-cü il).
Təxminən elə bu vaxtlardan dostları
Abbas Əfəndini Həzrət Bəhaullahın Ona verdiyi adla — "Sirri-Xuda" çağırmaqa
başlayırlar. Bağdadda yaşadıqları dövrdə artıq hamı Onu bu adla tanıyırdı. Atası
iki il səhrada yaşamağa gedəndə Abbas Əfəndi kədərə batmışdı. Onun yeganə
təsəllisi, Həzrət Babın Yazılarının üzünü köçürmək, onları əzbərləmək və
vaxtının çoxunu tənhalığa çəkilib düşüncələrə dalmaq idi. Nəhayət, atası qayıdıb
gələndə uşağın sevincinin həddi-hüdudu yox idi.
Elə bu vaxtdan Abbas Əfəndi atasının
ən yaxın dostuna və hətta müdafiəçisinə çevrilir. Hələ gənc ikən o insanları
fərqləndirməkdə qeyri-adi fəhm və qabiliyyətə malik olduğundan, atasının
görüşünə gələn saysız-hesabsız adamları qəbul edib onlarla danışmağı öz öhdəsinə
götürür.
Onların əsl həqiqət axtaran olduğunu
müəyyənləşdirəndən sonra Abbas Əfəndi bu adamları atasının yanına buraxardı, əks
təqdirdə isə icazə verməzdi ki, Həzrət Bəhaullahı narahat etsinlər. Bir çox
hallarda görüşə gələnlərin suallarına cavab verməkdə və çətinliklərin həll
edilməsində atasına kömək edərdi. Məsələn, sufi təriqəti başçılarından olan Əli
Şövkət Paşa Məhəmməd
Peyğəmbərin məşhur hədislərindən biri olan "Mən gizli sirr idim" kəlamının şərh
edilməsini xahiş edəndə Həzrət Bəhaullah "Sirri-Xuda"ya müraciət edərək həmin
kəlamın izahını yazmağı ona tapşırır.
On beş-on altı yaşlı Abbas Əfəndi
heyranedici şərhlə elə gözəl məktub yazır ki, Əli Paşa valeh olur. Həmin məktub
həm bəhailər, həm də qeyri-bəhailər arasında çox məşhurdur.
O vaxtlar Abbas Əfəndi tez-tez
məscidlərə gedər, orada ilahiyyatçılarla və alimlərlə ilahiyyata dair mövzuları
müzakirə edərdi. O heç zaman heç bir məktəbdə və yaxud kollecdə təhsil
almamışdı, onun yeganə müəllimi atası olmuşdu. At sürmək Abbas Əfəndinin həzz
aldığı və bütünlüklə aludə olduğu sevimli əyləncəsi idi.
Bağdad şəhəri kənarındakı bağda Həzrət
Bəhaullah Öz Missiyasını bəyan etdikdən sonra Həzrət Əbdülbəhanın Öz atasına
olan sədaqəti daha da artır. İstambula uzun səfər zamanı O, Həzrət Bəhaullahı
gecə gündüz qoruyar, atını Onun faytonu ilə yanaşı sürər və Onun çadırının
yanında keşik çəkərdi. O, imkan daxilində öz atasını məişət qayğılarından azad
etmiş, ailənin əsas dayağına və təsəllisinə çevirmişdi.
Ədirnədə yaşadıqları illərdə Həzrət
Əbdülbəha çoxlarına dərs demiş və "Müəllim" adı ilə şöhrət qazanmışdı. Əkkada demək olar ki, bütün bəhailər tif, malyariya və ishal
xəstəliyinə tutulan zaman o xəstələri yuyundurar, onlara qulluq edər,
yedirdib-içirər, kecələr yatmazdı. Nəhayət, yorulub əldən düşmüş, özü də ishal
xəstəliyinə tutularaq bir aya yaxın çox ağır vəziyyətdə qalmışdı. İstambulda
olduğu kimi Əkkada da canişindən tutmuş dilənçiyədək əhalinin bütün
təbəqələrindən olanlar onu sevər və hörmət edərdi.
Həzrət Əbdülbəhanın evlənməsinə dair
aşağıdakı məlumat Bəhai Dini hərəkatının tarixini araşdıran İran alimlərindən
biri tərəfindən lütfkarlıqla müəllifə verilmişdir.
"Həzrət Əbdülbəhanın gənclik illərində
münasib bir qızla ailə qurması haqqında məsələ, təbii ki, bütün bəhailərin böyük
marağına səbəb olumşdu və çox ailələr belə yüksək şərəfə nail olmağa ümid
bəsləyirdilər. Lakin Həzrət Əbdülbəha uzun müddət evlənməyə meyl göstərməmiş və
heç kəs bunun səbəbini başa düşməmişdi. Sonralar məlum olmuşdu ki, Həzrət
Əbdülbəhanın arvadı olmaq əvvəlcədən bir qızın qisməti olmuşdur. Bu qız
valideynləri İsfahanda Həzrət Babdan xeyir-dua aldıqdan sonra dünyaya gəlmişdi.
Onun atası Mirzə Məhəmməd Əli iki
məşhur şəhidin dayısı idi. Onlardan birinə "Şəhidlər Şahı", digərinə isə
"Şəhidlərin Sevimlisi" adı verilmişdi. Qızın ailəsi İsfahanın böyük və tanınmış
nəslinə mənsub idi. Həzrət Bab İsfahanda olarkən Mirzə Məhəmməd Əlinin övladı
yox idi və onun arvadı övlad həsrəti çəkirdi. Bunu eşidən Həzrət Bab Öz
yeməyinin yarısını ona verərək məsləhət görür ki, arvadı ilə birlikdə yesin. Bu
xörəyi yedikdən bir müddət sonra məlum olur ki, onların səbirsizliklə
arzuladıqları valideyn olmaq ümidi çin olacaq. Tezliklə onların bir qızı dünyaya
gəlir, adını Münirə Xanım
qoyurlar. Sonra onların bir oğlu da olur, ona Mirzə Yəhya adı verirlər, sonra
daha başqa uşaqları dünyaya gəlir.
Münirənin atası vəfat edir, əmisi
oğlanları isə mollalar və Zilli-Sultan tərəfindən qətlə yetirilir, ailələri
bəhai olduğuna görə böyük əziyyətlərə və amansız təqiblərə məruz qalır. Onda
Həzrət Bəhaullah Münirəyə və onun qardaşı Mirzə Yəhyaya Əkkaya gəlib Onun himayəsində yaşamağa icazə verir. Həzrət Bəhaullah
və Onun arvadı Nəvvab xanım, yəni Həzrət Əbdülbəhanın anası, Münirəyə elə qayğı
və məhəbbət göstərirlər ki, hamı onların qızı Həzrət Əbdülbəhaya almaq
niyyətlərini başa düşür. Həzrət Əbdülbəha da özündə Münirəyə məhəbbət olduğunu
hiss edir və qızda da qarşılıqlı hisslər olduğundan onlar tezliklə evlənirlər.
Bu olduqça xoşbəxt və qarşılıqlı
anlaşmaya əsaslanan bir nigah idi. Onların dünyaya gətirdikləri övladlarından
dörd qız amansız həbsxananın sərt dövrünü yaşamış və öz gözəl həyatlarını
Təlimin işinə həsr edərək, onları tanıyanların sevimlilərinə çevrilmişlər.
Həzrət Bəhaullah dəfələrlə
göstərmişdir ki, Ondan sonra Təlimə rəhbərlik edən Həzrət Əbdülbəha olacaqdır.
Bu barədə O, ölümünə bir neçə il qalmış və Özünün müqəddəs "Kitabi-Əqdəs"
kitabında xatırlayır. Bir çox hallarda O, Həzrət Əbdülbəhanı "Dinin Dayağı", “Ən
böyük Budaq", "Qədim kökdən olan Budaq" adlandırmışdır.
Adətən O, Əbdülbəha haqqında bir
"Müəllim" kimi danışar və bütün ailə üzvlərindən də Ona xüsusi ehtiram
göstərməyi tələb edərdi. Özünün Ruhani Vəsiyyətnaməsində Həzrət Bəhaullah Öz
iradəsini aydın şəkildə ifadə edib bildirir ki, hamı Həzrət Əbdülbəhaya müraciət
və itaət etməlidir.
Çamali-Mübarəkin vəfatından sonra
Həzrət Əbdülbəha atasının aydın şəkildə Ona göstərdiyi hərəkat başçısı və
nüfuzlu Təlim Şərhçisi mövqeyini tutdu. Lakin vaxtı ilə Sübhi-Əzəl Həzrət
Bəhaullahın əleyhinə mübarizə apardığı kimi, Həzrət Əbdülbəhanın bəzi qohumları
və başqa şəxslər də Ona qarşı müxalif mövqedə durdular.
Onlar bəhailər arasında ixtilaf toxumu
səpməyə səy göstərir, lakin buna nail olmadıqda Həzrət Əbdülbəhaya qarşı yalan
ittihamlar uyduraraq Türkiyə hökumətinə göndərirdilər.
Atasının iradəsinə uyğun olaraq,
Həzrət Əbdülbəha Kərmel dağında, Hayfa şəhərindən yuxarıda, Həzrət Babın türbəsi
üçün nəzərdə tutulmuş, içərisində ibadət və yığıncaqlar keçirmək üçün bir neçə
otaq olan bir biia tikdirmişdi. Lakin Onun əleyhdarları hakimiyyət orqanlarına
belə məlumat vermişdilər ki, Həzrət Əbdülbəha və Onun tərəfdarları orada
möhkəmlənərək, dövlətin itaətindən çıxmaq və Suriyanın qonşu vilayətlərini ələ
keçirməyə hazırlaşırlar.
Artıq iyirmi il ərzində Əkka ətrafında azad gəzib dolanmaq hüququna malik olan Həzrət
Əbdülbəha və Onun ailəsi yazılan müxtəlif yalan məlumatlar nəticəsində bu
azadlıqdan məhrum edildi və 1901-ci ildən onlara yenidən yeddi il müddətinə
şəhərdən çıxmaq qadağan olundu. Lakin bu qadağan Həzrət Əbdülbəhaya Həzrət
Bəhaullahın Təlimini bütün Asiyada, Avropada və Amerikada yaymaqda maneçilik
törədə bilmədi. Nazir Horatsi Hole bu dövr barəsində aşağıdakıları yazır:
"Bir müəllim və dost kimi Həzrət
Əbdülbəhanın yanına müxtəlif irqlərdən, dinlərdən və millətlərdən olan kişilər
və qadınlar gələr, sevimli qonaq kimi Onun süfrəsinin ətrafında oturar, hər biri
özü üçün xüsusilə dəyərli olan həyat tərzinin ictimai, mənəvi və əxlaqi
məqamlarına dair suallar verərdilər; və bir neçə saatdan bir neçə ayadək burada
qonaq qaldıqdan sonra onlar ilhamlanmış, ye-nidən dirçəlmiş və maariflənmiş
halda evlərinə dönərdilər. Dünyanın heç bir yerində buna bənzər qonaqpərvər ev
yox idi. Ev sahibinin burada hökm sürən və hamını birləşdirən məhəbbəti
sayəsində onun astanasından içəri keçən kimi Hindistanın sərt kasta əxlaqı
yumşalar, yəhudilər, xristianlar və müsəlmanlar arasındakı irqi xurafatlardan
təkcə xatirə qalardı; səmimi və mehriban münasibətlərdən savayı hər cür adətlər
və vərdişlər burada yox olub gedərdi. Buranı qeyri-ixtiyarı olaraq kral Artur və
onun dəyirmi stolu ilə müqayisə etmək istəyirsən, lakin kral Arturdan fəqli
olaraq, burada nəinki kişilər, həm də qadınlar çəngavərliyə qəbul edilir və
onlar qılıncla deyil, Sözlə yola salınardı" (Современная социальная религия, с. 171).
Bu illər ərzində Həzrət Əbdülbəha
dünyanın hər tərəfinə səpələnmiş bəhailərlə və Bəhai Dini Təlimi ilə
maraqlananlarla böyük məktublaşma aparırdı. Bu işdə Ona qızları, bir neçə
tərcüməçi və katibləri kömək edirdilər.
O vaxtının çoxunu evlərdə xəstə
yatanlara baş çəkməyə sərf edərdi və Əkkanın yoxsul məhəllələrində Həzrət
Əbdülbəha ən arzuolunan qonaq idi. Bu dövrdə Əkka
ziyarətinə gəlmiş bir zəvvar belə yazır:
"Həzrət Əbdülbəha hər cümə günü səhər
yoxsullara nəzir paylayardı. Özünün kasıb ehtiyatından O, kömək istəməyə gələn
hər bir ehtiyacı olana bir qədər yardım göstərərdi. Bu gün səhər yüz nəfərə
yaxın adam növbə ilə düzülərək, yerdə oturmuşdular, yeriyib gələ bilməyənlər isə
Həzrət Əbdülbəhanın evinə sürünüb gəlmişdilər. İnsan məxluqatının bu yığnağı
təsvirə gəlməzdir. Kişilər və qadınlar, uşaqlar, yoxsullar, taqətdən düşmüşlər,
üzlərindən ümidsizlik yağan yarıçılpaq adamlar, xeyli çolaq, kor və əsl
dilənçilər - hamısı da gözləri qapıda gözləyirdilər. Həzrət Əbdülbəha qapıda
görünür. Cəld hərəkətlə nəzirləri paylayaraq yardım alanların birindən o birinə
keçir. O xoş söz demək, hal-əhval soruşmaq, uzanmış ələ xırda pul qoymaq, uşağın
üzünü sığallamaq, Onun əbasının ətəyindən yapışmış qoca qadının əlindən tutmaq
üçün dayanır, gözünün nurunu itirmiş kora mənəvi nurdan danışır, lap
zəifləmişləri və xəstəlikdən gələ bilməyənləri sorağlayır, məhəbbət və kömək
duaları ilə onların payını göndərirdi" (Əbdülbəha ilə tanışlıq, s.13).
Həzrət Əbdülbəhanın şəxsi tələbatı
olduqca cüzi idi. O, səhərdən axşamadək işləyər və ancaq gündə iki dəfə sadə
yeməklə kifayətlənərdi. Onun geyimi də çox sadə və ucuz idi... Başqaları ehtiyac
içində yaşadığı bir zamanda, O təmtərağlı yaşamaq barədə düşünə bilməzdi.
O uşaqları, gülləri və təbiət
gözəlliklərini olduqça çox sevirdi. Hər gün səhər saat altıya və yaxud yeddiyə
yaxın Onun bütün ailəsi çay içməyə yığışardı. Həzrət Əbdülbəha çayını
yavaş-yavaş içdikcə, Onun kiçik yaşlı uşaqları dua oxuyardılar. Tornton Çeyz bu
uşaqlar haqqında yazır:
"Onlar kimi nəzakətli, səxavətli,
başqalarına diqqətli, ağıllı, təvazökar, kiçik şeylərdən belə imtina edən
uşaqları mən heç zaman görməmişəm" (Tornton Çeyz, Qalileyada, s.51).
"Güllərə xidmət" Həzrət Əbdülbəhanın Əkkadakı həyatının elementlərindən biri
idi və zəvvarların hər biri buradan xoş xatirə olaraq çiçəklərin rayihəsini
aparardı. Mister Lukas yazır:
"...Müəllimin güllərin ətrini iyləməsi
necə də qeyri-adi bir mənzərədir. O güllərə tərəf əyiləndə adama elə gəlir ki,
sünbülçiçəyinin ətri Ona nədənsə danışır. O bütün diqqətini onlara elə yönəldir
ki, sanki gözəl təranəli səsi tutmağa çalışır" (Lukas. Əkkaya
səfərim barədə qısa hesabat, s.26).
O yanına gələn saysız-hesabsız
qonaqlarına ətirli güllər verməyi sevərdi. Əkkadakı həbsxana həyatı haqqında Mister Tornton Çeyz öz
təəssüratlarında belə yazır:
"Biz beş gün bu Əzəmətli həbsxanada
yaşayan kəslə birlikdə, qapalı divarlar içərisində qaldıq. Bu, sülh, məhəbbət və
xidmət həbsxanası idi. Orada bəşəriyyətə xoşbəxtlik, bütün insanlara sülh,
Allahın Ata kimi dərk edilməsi, Onun yaratdığı, Onun uşaqları kimi insanların
hüququnun tanınması arzusundan başqa ayrı arzu yox idi.
Əslində gerçək həbsxana, boğucu mühit,
bütün sadiq qəlblərin dilədikləri şeylərdən uzaqlaşmaq, darısqal şərait — bütün
bunlar bu daş divarların xaricində mövcuddur, onların daxilində isə azadlıq və
İlahi Ruhun təmiz nəfəsi hökm sürür. Orada kədərə, həyəcana, iztirablara və
dünyəvi işlər üçün narahatlıqlara yer yoxdur" (Tornton Çeyz, Qalileyada,
s.24).
İnsanların əksəriyyəti üçün həbsxana
həyatının çətinlikləri ağır bədbəxtlikdir, lakin Həzrət Əbdülbəha burada nəsə
dəhşətli bir şey görmürdü. O, həbsxana barəsində belə yazırdı:
"Mənim məhbus olduğuma və fəlakətə
düçar olduğuma görə kədərlənməyin, çünki bu məhbəs mənim gözəl bağımdır, mənim
cənnət məkanımdır və insanlar arasında mənim hakimiyyət taxtımdır. Mənim
həbsxanadakı əzablarım ədalətlilər arasında mənim şöhrət tacımdır.
Firavanlıq, rahatlıq, uğur, sağlamlıq,
həzz və sevinc şəraitində yaşayan hər bir kəs xoşbəxt ola bilər, lakin
qəm-qüssə, ehtiyac və xəstəliyə baxmayaraq xoşbəxt olan kəs alicənab
adlandırılmaq hüququna malikdir" (Həzrət Əbdülbəhanın Klarens Smisə
məktubundan).
1904 və 1907-ci illərdə Həzrət
Əbdülbəhaya qarşı irəli sürülmüş ittihamların araşdırılması üçün Türkiyə
hökuməti istintaq komissiyası təyin etdi. Ona qarşı yalançı şahidlər ifadə
verdilər və Həzrət Əbdülbəha bütün ittihamları təkzib edərək bildirdi ki,
məhkəmənin Onun haqqında çıxardığı hər hansı bir qərara tabe olmağa tamamilə
hazırdır. O ərz etdi ki, əgər Onu məhbəsə salsalar, küçələrlə sürüsələr, Onu
söyüb-biabır etsələr, Onun üstünə tüpürsələr, daşqalaq etsələr, Onu hər cür
rüsvay etsələr, dar aqacından assalar və ya öldürsələr belə, O yenə də Özünü çox
xoşbəxt sayacaqdır.
Bu iki komissiyanın iclasları arasında
Həzrət Əbdülbəha Özünün adi həyat tərzini fövqəladə sakitliklə davam etdirir,
bağda meyvə aqacları əkir, sərbəst ruhani nuru və ləyaqəti ilə toy məclislərində
ağsaqqallıq edirdi.
İtaliya konsulu Ona Özünün seçdiyi
istənilən xarici limana təhlükəsiz getməsini təklif edir, lakin Həzrət Əbdülbəha
minnətdarlığını bildirməklə, qətiyyətlə bu təklifdən imtina edərək buyurur ki,
nəticənin necəliyindən asılı olmayaraq O Öz düşmələrindən heç vaxt qaçmağa və ya
gizlənməyə çalışmayan Həzrət Babın və Camali-Mübarəkin yolu ilə getməlidir. Buna
baxmayaraq O, bəhailərin əksəriyyətini Əkkanın ətrafını tərk etmələri üçün
dilə tuturdu, belə ki, bu yerlər onlar üçün çox təhlükəli idi. Özü isə az sayda
sədaqətli dostları ilə qalaraq taleyinin necə olacağını gözləyirdi. Sonuncu
komissiyanın tərkibinə daxil olan rüşvətlə alınmış dörd məmur 1907-ci ilin
qışında Əkkaya gəldi, bir
ay burada qaldı, istintaqı başa çatdıraraq İstambula qayıtdı və Həzrət
Əbdülbəhaya qarşı ittihamların sübuta yetirildiyi haqqında hesabat hazırladılar.
Deməli, O ya sürgün olunmalı, ya da edam edilməli idi. Lakin onlar İstambula
çatar-çatmaz Türkiyədə inqilab başladı və köhnə hökumətə mənsub olan bu dörd
müstəntiq canlarını qurtarmaq üçün Türkiyədən qaçmalı oldular. Gənc türklər
hakimiyyəti öz əllərinə alaraq Osmanlı imperiyasındakı bütün siyasi və dini
məhbusları azad etdi. 1908-ci ilin sentyabrında Həzrət Əbdülbəha məhbəsdən azad
edildi. Bir il sonra Sultan Əbdülhəmidin özü həbs olundu.
Həzrət Əbdülbəha həbsxanadan azad
edildikdən sonra Özünün aramsız fəaliyyəti ilə həmin müqəddəs həyatını davam
etdirdi. 1911-ci ilin avqustunadək, yəni Qərb dünyasına səfərə çıxanadək O,
təbliqatla məşğul olur, yazışmalar aparır, yoxsullara və xəstələrə köməklik
göstərir, Əkkadan Hayfaya,
Hayfadan İskəndəriyyəyə gedirdi.
Özünün səfərləri zamanı müxtəlif
əqidəli adamlarla görüşən Həzrət Əbdülbəha həmişə Həzrət Bəhaullahın "bütün
adamlara sevinc və xeyirxahlıqla baş çəkmək" tövsiyyəsinə sadiq qalırdı. O,
1911-ci ilin sentyabrında Londona gəldi və burada bir ay qaldı. Bu vaxt ərzində
Bəhai Dini Təlimi və Onun fəaliyyəti ilə maraqlananlarla hər gün apardığı
söhbətlərdən başqa O pastor Kampbelin şəhər məbədində təşkil etdiyi kilsə
icmaları birliyi qarşısında, Vestminsterdəki Sent-Con kilsəsində məruzələr oxudu
və Lord-Merin səhər yeməyində çıxış etdi.
Buradan O, Parisə yola düşdü və hər
gün müxtəlif millətlərə və dinlərə mənsub olan dinləyicilər qarşısında çıxışlar
etdi. Dekabr ayında O, Misirə qayıtdı və amerikalı dostların xahişlərinə cavab
olaraq yazda Amerika Birləşmiş Ştatlarına yola düşüb 1912-ci ilin aprelində
Nyu-Yorka gəldi.
O yeddi ay ərzində Amerikanı bir
sahilindən o biri sahilinədək başdan-başa gəzdi, müxtəlif siniflərə mənsub və
müxtəlif mövqeli adamların — universitet tələbələri, sosialistlər, mormonlar,
yəhudilər, xristianlar, aqnostiklər, esperantoçular, Sülh Cəmiyyəti, Yeni fikir
klubları, sufrajist klubları nümayəndələrinin qarşısında çıxışlar edərək, bütün
dinlərin məbədlərində auditoriyaya və şəraitə uyğun məruzələr oxudu.
Dekabrın 5-də O, Böyük Britaniyaya
yollandı və burada altı həftə qalaraq Liverpul, London, Bristol və Edinburq
şəhərlərini gəzdi. Edinburqda O esperantoçular cəmiyyətində çox gözəl çıxış
edərək bildirdi ki, Şərq ilə Qərb arasında qarşılıqlı anlaşmanın
yaxşılaşdırılması üçün Şərq bəhailərini esperanto dilini öyrənməyə
ruhlandıracaqdır.
Əvvəllər olduğu kimi, yenə də
söhbətlər və iclaslar şəraitində keçən iki aylıq Paris səfərindən sonra O
Ştutqarta getdi və burada Almaniya bəhailəri ilə bir sıra uğurlu iclaslar təşkil
etdi, sonra isə Budapeşt və Vyanaya gələrək bu yerlərdə yeni özəklər yaratdı.
1913-cü ilin mayında O, Misirə qayıdaraq 1913-cü il dekabrın 5-də Hayfaya gəldi.
Bu zaman artıq Onun yetmişə yaxın yaşı
vardı. Uzun illərin gərgin fəaliyyəti, Qərb ölkələrinə etdiyi yorucu səfərlər
Həzrət Əbdülbəhanın fiziki qüvvəsini tükəndirmişdi. Hayfaya qayıtdıqdan sonra O,
Şərq və Qərb bəhailərinə ünvanladığı aşağıdakı təsirli məktubu yazdı:
"Dostlar, vaxt gələcək ki, Mən artıq
sizinlə olmayacağam. Mən mümkün olan hər şeyi etdim. Bütün bacarığımla Həzrət
Bəhaullahın İşinə xidmət göstərdim. Mən həyatım boyu kecə-gündüz çalışdım.
Ah, Mən bu işin məsuliyyətini öz
üzərlərinə götürə bilən bəhailəri necə də görmək istərdim. Əbha Səltənətini elan
etmək vaxtı yaxınlaşmışdır. Birlik və əmin-amanlıq saatı yetişmişdir. Allah
dostlarının mənəvi birlik günü çatmışdır!..
Mən dindarların yığıncaqlarından
yayılan məhəbbət və dostluq mahnılarını eşitmək üçün qulaqlarımı Şərqə, Qərbə,
Şimala və Cənuba tərəf tutaraq gərgin vəziyyətdə saxlamışam. Mənim ömrümə az
qalıb və bundan başqa Mənim üçün heç bir sevinc yoxdur.
Ah, Mən dostları sapa düzülmüş parlaq
mirvarilər tək, nurlu ulduzlar bürcü tək, günəşin şəfəqləri təkin və bir oylağın
cüyürləri təkin görməyin necədə həsrətindəyəm.
Ecazkar bülbül onlar üçün oxuyur —
məgər onlar dinləməzlər? Cənnət quşu çəh-cəh vurur — məgər onlar onu eşitməzlər?
Şərəf Səltənətinin məlaikəsi onlara müraciət edir — məgər onlar dinləməzlər? Din
Müjdəçisi onları çağırır — məgər onlar diqqət verməzlər?
Mən hələ də gözləyirəm və gözləyirəm
ki, dindarların tam səmimilik və sədaqət nişanəsi, məhəbbət və dostluq
mücəmməsi, birlik və əmin-amanlıq nümunəsi olmaları haqqında sevindirici xəbəri
eşidim. Məgər onlar Mənim qəlbimi sevindirməyəcəklər? Mənim diləyimi həyata
keçirməyəcəklər? Məgər onlar Mənim dualarıma diqqət yetirməyəcəklər? Mənim
ümidlərimi doğrultmayacağlar? Mənim çağırışlarıma cavab verməyəcəklər? Mən
gözləyirəm və səbrlə gözləyirəm!"
Həzrət Bab şəhid edilərkən, Həzrət
Bəhaullah doğma vətənindən sürgün edilib, ömürlük həbsə salınarkən və vəfat
edərkən Bəhai hərəkatının düşmənləri necə sevinmişdilərsə, indi də onlar həzrət
Əbdülbəhanın Qərb ölkələrinə səfərdən qayıtdıqdan sonra Onun fiziki zəifliyini
və yorğunluğunu görüb şadlanırdılar. Lakin onların ümidləri yenə də doğrulmadı.
Həzrət Əbdülbəha tezliklə belə bir məzmunda məktub yazdı:
"Şübhəsiz ki, fiziki bədən və insan
enerjisi daimi yorğunluğa tab gətirməyə qadir deyildir... lakin Allah-taalanın
köməyi və dayağı — zəif və itaətkar Əbdülbəhanın Müdafiəçiləri və himayəçiləri
olmuşdur...
Çoxları əmin idilər ki, Əbdülbəha
dünyaya Özünün sonuncu "əlvidə" sözünü demək ərəfəsindədir, belə ki, Onun fiziki
qüvvəsi tükənmişdir və tezliklə bütün bu ağır çətinliklər Onun həyatına son
qoyacaqdır. Lakin bu həqiqətdən uzaq idi. Dinimizin düşmənlərinin və ağıldan
kəmlərin verdikləri zahiri qiymətə görə, bədənim Müqəddəs Yolda çəkdiyim
sınağlardan zəifləsə də, Allaha şükr olsun ki, Camali-Mübarəkin ilahi hikmətinin
mənəvi qüvvəsi yenə də ali qüdrəti ilə yüksəldi.
Rəbbimizə şükr olsun ki, indi də
Həzrət Bəhaullahın inayəti sayəsində hətta fiziki gücüm də tamam bərpa olunub,
qəlbim ilahi sevinclə dolub, böyük sevindirici xəbərlər şəfəq saçır və mükəmməl
xoşbəxtliklər aşıb-daşır" ("Qərbin ulduzu" jurnalı. c. 5. №14, s.213).
Böyük Müharibə dövründə
və müharibə qurtarandan sonra Həzrət Əbdülbəha digər çoxsaylı işləri ilə yanaşı,
həm də bütün dünya bəhailərinə onlarda Əmrə xidmət işində yeni təşəbbüskarlıq və
həvəs oyadan bir sıra mühüm və ilhamverici məktublar göndərirdi. Bu məktubların
təsiri altında Həzrət Bəhaullahın Təlimi sürətlə yayılmağa başlayır və hər yerdə
Bəhai Dini özündə yeni həyat əlamətlərinin qabiliyyət və gücünü göstərirdi.
Müharibə ərəfəsindəki aylarda Həzrət
Əbdülbəha qeyri-adi ehtiyatlılıq nümayiş etdirdi. Dinclik illərində Hayfada
adətən İrandan və dünyanın digər yerlərindən gəlmiş çoxlu zəvvarlar olardı.
Müharibənin başlamasına altı ay qalmış Hayfada yaşayan bir ahıl bəhai bir neçə
iranlının Müəllimlə görüşməyə icazə verməsi xahişini Ona çatdırdı. Həzrət
Əbdülbəha bu xahişə içazə verməməklə, həmin andan başlayaraq Hayfadakı bütün
zəvvarları evlərinə göndərdi. 1914-cü il iyulun axırlarında artıq orada heç kim
qalmamışdı. Avqust ayının ilk günlərində Böyük Müharibənin qəfildən başlaması
dünyanı dəhşətə gətirəndə Həzrət Əbdülbəhanın müdrik uzaqgörənliyi aydın oldu.
Müharibə başlayanda ömrünün artıq əlli
ilini sürgün və həbsxanalarda keçirən Həzrət Əbdülbəha yenə də Türkiyə
hökumətinin əsiri oldu. Suriyadan kənarda yaşayan dostlarla və dindarlarla
əlaqələr demək olar ki, kəsilmişdi. O və ardıcıllarının kiçik bir dəstəsi ağır
vəziyyətə düşdülər, onlar aclıq çəkir və daim təhlükə içində yaşayırdılar.
Müharibə illərində Həzrət Əbdülbəha
bütün adamlara və Öz ətrafındakılara maddi və mənəvi kömək göstərməyə çalışırdı.
O, şəxsən Tiberiada yaxınlığında geniş əkin işləri təşkil etmişdi. Burada
yetişdirilmiş buğda nəinki bəhailəri, həm də Hayfa və Əkkada yaşayan başqa dinlərə mənsub
olan yüzlərlə kasıbı aclıqdan qurtardı.
O, hamının qayğısına qalır və imkan
daxilində onların çətinliklərini yüngülləşdirməyə çalışırdı. O hər gün yüzlərlə
kasıba az da olsa pul və çörək verirdi. Çörək olmayanda xurma yaxud başqa bir
şey verərdi. O tez-tez Əkkaya gedər, dindarlara və yoxsullara təsəlli verər və yardım
göstərərdi. O dindarlarla hər gün yığıncağlar keçirərdi. Onun köməyi sayəsində
dostlar bu narahat illəri xoşbəxt və rahat yaşadılar.
1918-ci il sentyabrın 23-də gündüz
saat üçdə, 24 saat davam edən döyüşdən sonra Hayfa İngiltərə və hind suvariləri
tərəfindən alındı və osmanlı üsul-idarəsinin müharibə illərində hökm sürən
dəhşətlərinə son qoyuldu.
İngilislərin işğalının ilk günlərindən
etibarən xeyli sayda əsgərlər və bütün, hətta ali rütbələrdən olan dövlət
məmurları Həzrət Əbdülbəha ilə görüşməyə can atırdılar. Onun gözəl söhbətlərinə,
geniş və dərin dünyagörüşünə, nəzakətli davranışına, ləyaqətli və səmimi
qonaqpərvərliyinə valeh olurdular.
Onun alicənab xasiyyəti, sülh, dinc
yanaşı yaşamaq və insanların rifahı naminə apardığı böyük işlər hökumət
nümayəndələrində elə dərin təəssürat yaratdı ki, Ona Britaniya imperiyasının
peri rütbəsini verdilər; təqdimetmə mərasimi 1920-ci il aprelin 27-də Hayfada
hərbi qubernatorun bağında keçirildi.
1919-1920-ci illərin qışında iki ay
yarım müddət ərzində bu kitabın müəllifinə Hayfada Həzrət Əbdülbəhanın qonağı
olmaq və Onun gündəlik həyatı ilə tanış olmaq şərəfi nəsib olub. O vaxt 76-ya
yaxın yaşı olmasına baxmayaraq O, heyrətamiz dərəcədə möhkəm qalmışdı və hər gün
həddindən çox işləyirdi. O, ecazkar bir sürətlə Öz gücünü bərpa edərək, ehtiyacı
olanlara həmişə kömək göstərməyə hazır idi.
Həzrət Əbdülbəhanın həddindən artıq
səbirli, mülayim, gülərüz və nəzakətli olması Onun iştirak etdiyi yığıncağlara
xüsusi təravət verərdi. Adətən O kecənin çox hissəsini dua oxumağla və
düşüncələrə dalmağla keçirərdi. Günorta etdiyi azca istirahət istisna olmaqla O,
səhər tezdən axşamadək dünyanın bütün guşələrindən aldığı məktubları oxuyar,
onlara cavab verər, saysız-hesabsız ailə məsələləri və dini işlərlə məşğul
olardı. Nahardan sonra O adəti istirahət edər, piyada və yaxud faytonla
gəzintiyə çıxardı.
Hətta bu zamanda Onu adətən bir, iki
və yaxud bütöv bir zəvvarlar dəstəsi müşayiət edərdi. Gəzə-gəzə dini məsələlər
barəsində söhbət edər və ya yolüstü kasıblara baş çəkərdi. Evə dönəndən sonra O
dostlarını adəti üzrə Öz evinə axşam yığıncağına dəvət edərdi. Həm səhər yeməyi,
həm də axşam yeməyi zamanı çoxlu zəvvarları və dostları qəbul edər, maraqlı və
məzəli hadisələr söyləməklə onları əyləndirər, yaxud müxtəlif mövzuda danışdığı
söhbətlərlə məftun edərdi.
O buyurardı ki, "Mənim evim sevinc və
şənlik evidir" və həqiqətən də bu belə idi. O müxtəlif irqlərdən, millətlərdən
və dinlərdən olan adamların Özünün qonaqpərvər masasının arxasında toplanmış
birliyini görəndə sevinərdi. Həqiqətən, o təkcə Hayfadakı kiçik icma üçün deyil,
həm də bütün dünya bəhai icmaları üçün sevimli Ata idi.
Fiziki yorğunluğuna və zəifliyinə
baxmayaraq, Həzrət Əbdülbəhanın çoxcəhətli fəaliyyəti qısa fasilələrlə demək
olar ki, Onun həyatının axırıncı gününədək davam etmişdi.
1921-ci il noyabrın 25-də, cümə günü,
gündüz saat 12-də Hayfa məscidində günorta namazını qıldıqdan sonra O, adəti
üzrə yoxsullara nəzir payladı. Günorta yeməyindən sonra bir neçə məktub diktə
edib yazdırdı və bir az istirahət etdikdən sonra bağa gəzintiyə çıxaraq bağbanla
söhbət etdi.
Axşam O, həmin gün evlənən sevimli
xidmətçisinə xeyir-dua verdi və bundan sonra evində toplaşan dostlarının adi
yığıncağında iştirak etdi. Üç gün keçməmiş, noyabrın 28-də bazar ertəsi səhərə
yaxın saat ikinin yarısında O elə sakit halda vəfat etdi ki, hətta Onun yatağı
yanında oturan qızları, Onun sakitçə yuxuya getdiyini zənn etdilər.
Bu kədərli xəbər tezliklə bütün şəhərə
yayıldı və teleqraf vasitəsilə dünyanın bütün ölkələrinə göndərildi. Ertəsi gun
noyabrın 29-da çərşənbə axşamı, Həzrət Əbdülbəhanın dəfn mərasimi oldu. Nəinki
Hayfa, hətta bütün Fələstin torpağı da heç vaxt bu cür dəfn mərasimi
görməmişdi... bir yerə toplanmış müxtəlif dinlərin, irqlərin və millətlərin
minlərlə nümayəndələrini dərin hüzn bürümüşdü.
Ali komissar ser Herbert Samuel,
Qüdsün qubernatoru, Finikiyanın canişini, yüksək rütbəli hökumət nümayəndələri,
müxtəlif dövlətlərin Hayfadakı konsulları, müxtəlif dini icmaların rəhbərləri,
Fələstinin zadəganları, yəhudilər, xristianlar, müsəlmanlar, druzlar,
misirlilər, yunanlar, türklər, kürdlər və Həzrət Əbdülbəhanın çoxsaylı
amerikalı, avropalı və iranlı dostları müxtəlif siniflərə mənsub olan kişilər,
qadınlar və uşağlar... Hamı, on minə qədər adam bu böyük itkiyə kədərlənirdi...
Camaat bir ağızdan fəryad edərək "Ya
Rəbb! Ya Rəbb! Atamız bizi tərk etdi, Atamız bizi tərk etdi...!" — deyirdi.
Onlar yavaş-yavaş Kərmel dağına, Allahın üzümlüyünə tərəf addımlayırdılar... İki
saat gedəndən sonra insan axını Həzrət Babın məğbərəsi ucalan bağa çatdı... Bu
böyük izdiham dayandıqda müxtəlif xalqların nümayəndələri... müsəlmanlar,
xristianlar, yəhudilər, ürəyi Həzrət Əbdülbəha eşqi ilə yanan bir çoxları həmin
anın təsirindən, başqaları isə əvvəlcədən hazırlaşmış halda bir ağızdan hüznlü
səslərini ucaldaraq Sevimliləri ilə vidalaşdılar.
Bu narahat və kədərli əsrdə onlar
yekdilliklə Həzrət Əbdülbəhanı müdrik müəllim və insan irqlərinin barışdırıcısı
saydıqlarından, əlavə etməyə daha heç nə qalmırdı" (Ledi Blumfild və Şövqi
Əfəndi. Əbdulbdhanın öəfatı, s.11-12).
Həzrət Əbdülbəhanın yazıları olduqca
çoxdur və bunların böyük əksəriyyəti Ona suallarla müraciət edənlərə və ya
dindarlara ünvanlanmış məktublardan ibarətdir. Onun söhbətlərinin və
çıxışlarının əksəriyyəti yazılmış, çoxu isə nəşr olunmuşdur.
Əkkada və Hayfada Onu ziyarət etməyə gəlmiş minlərlə zəvvarın
əksəriyyəti öz təəssüratlarını yazmış və nəşr etdirmişlər. Beləliklə, Onun
təlimi tamamilə saxlanılmışdır və çox böyük məsələlər dairəsini əhatə edir.
Şərqin və Qərbin bir çox problemlərini O atası ilə müqayisədə daha geniş
açıqlayaraq, Həzrət Bəhaullah tərəfindən əsası qoyulmuş ümumi prinsipləri daha
ətraflı şərh etmişdir. Onun əsərlərinin çoxu hələ də Qərb ölkələrindən heç
birinin dilinə tərcümə edilməmişdir. Lakin buna baxmayaraq Onun təliminin əsas
prinsipləri haqqında lazımınca dərin və tam bilik vardır.
O, fars, ərəb və türk dillərində gözəl
danışardı. Onun Qərb ölkələrinə səfərləri zamanı etdiyi söhbətləri və nitqləri
həmişə tərcümə olunardı. Əlbəttə, bu danışıqlar öz gözəlliyini, bəlaqətini və
təsir gücünü müəyyən qədər itirərdi, buna baxmayaraq Onu sözlərində elə qüdrət
hiss olunardı ki, bütün Onu dinləyənlər deyilənlərdən heyrətlənərdilər.
Camali-Mübarək tərəfindən Həzrət
Əbdülbəha üçün müəyyən olunmuş nadir məqam haqqında Həzrət Bəhaullah aşağıdakı
sözləri buyurmuşdu:
"Mənim varlığımın dəryası sahillərdən
geri çəkilməyə başlayanda və Mənim Vəhy Kitabım yazılıb qurtaranda nəzərlərinizi
Ona, Allahın seçdiyi Kəsə, bu Qədim Kökün Budağı olan Kəsə çevirin". Sonra...
"Kitabda sizin üçün anlaşılmaz bütün suallarla bu qüdrətli gövdədən olan Kəsə
müraciət edin".
Həzrət Əbdülbəhanın Özü isə buyurur:
"Kitab-i-Əqdəs"də aydın şəkildə ifadə olunduğu kimi Həzrət Bəhaullah Dinin
Dayağını (yəni Əbdülbəhanı) Öz sözlərinin şərhçisi təyin etmişdir. Keçmiş
dinlərin vəhylərinin heç birində buna bənzər mətin və qüdrətli Vəsiyyət yoxdur"
(Əbdülbəhanın məktublarından, c.Z, s.65).
Həzrət Əbdülbəhanın Bəhaullah Təlimini
Şərqdə və Qərbdə qüsursuz, nöqsansız yayması bəzi dindarlar arasında Onun
mövqeyinə dair müxtəlif fikirlər yaratmışdı.
Hələ də köhnə dini təsəvvürlərin
təsiri altında olanlar indi ənənəvi dini doktrinalarının dağıdıldığını müşahidə
etdikdə və Həzrət Əbdülbəhanın ilhamverici sözünün və işinin təmiz ruhunu
gördükdə Onun məqamını İlahi Zuhur səviyyəsinə qaldırır, digərləri isə Onu
"İsanın ikinci gəlişi" sayırdılar!!!
Həzrət Əbdülbəhanı hər şeydən çox
kədərləndirən o idi ki, bəhailər bir məqamı başa düşə bilmirdilər: Həzrət
Bəhaullahın Əmrinə xidmət edərkən Onda təzahür edən ruhani qüvvə bunu göstərirdi
ki, O, həqiqət Günəşinə doğru çevrilmiş, Onu əks etdirən təmiz güzgüdür, ancaq
heç cür Günəşin Özü deyildir.
Bundan başqa əvvəlki dinlərdən fərqli
olaraq, Həzrət Bəhaullahın Təlimində ümumdünya cəmiyyəti yaratmaq qüdrəti vardı.
1892-ci ildən 1921-ci ilədək olan dövrdə Həzrət Əbdülbəha Onun üzərinə qoyulmuş
Missiyanı yerinə yetirmiş, əsl dünya qaydası haqqında Həzrət Bəhaullahın
təliminə müvafiq olaraq inzibati strukturun yaradılmasına başlanmışdı. Bu
inkişaf Həzrət Əbdülbəhanın göstərişlərinə və xüsusi rəhbərliyinə ehtiyac
duyurdu, çünki indiki dövrdə yer üzünə nazil olan yeni qüdrətli Vəhyi bütün
tamlığı ilə təkcə O bilirdi.
Həzrət Əbdülbəhanın vəfatından sonra
Onun Vəsiyyətnaməsi oxunana qədər və Onun İradəsi Dinin Mühafizi Həzrət Şövqi
Əfəndi tərəfindən izah edilənədək, demək olar ki, bütün bəhailər, yalnız
Peyğəmbərin Özünə xas olan ruhani məqamın sevimli Müəllimin qismətinə düşdüyünü
iddia edirdilər.
Lakin bəhailərin bu əvvəlki
sadəlövh təşəbbüsləri tezliklə öz yerini Həzrət Əbdülbəhanın müqayisəedilməz
sədaqətinin və itaətkarlığının sirlərinin daha dərindən başa düşülməsinə verdi
və hal-hazırda bəhailər Onun yerinə yetirdiyi öz məğzinə görə yeganə Missiyanın
xarakterini daha yaxşı dərk etməyə qadirdilər.
Ali Nümunəsi və Şərhçisinin sürgündə
və həbsdə olduğu 1892-ci ildə zəif və köməksiz təəssüratı yaradan Bəhai Dini o
zamandan etibarən möhkəmlənir və dəfedilməz qüvvə ilə bir çox ölkələrdə öz
icmalarını yaratmağa başlayır.
Ümidsizliyə qapılmış bəşəriyyətin
işıqlı gələcəyinə təminat verən Bəhai Dini zəifləmiş və tənəzzülə uğramaqda olan
sivilizasiyanı Öz Təliminin himayəsinə səsləyir.
Həzrət Əbdülbəhanın Vəsiyyəti Həzrət
Babın, Həzrət Bəhaullahın və şəxsən Onun Özünün əsl Missiyasını tamamilə aydın
şəkildə əks etdirir:
"Həzrət Bəhaullah ardıcıllarının
inamının əsası aşağıdakı kimi müəyyənləşdirilir: Müqəddəs Həzrət Bab — İlahi
Birliyin təcəssümü və Əzəli Gözəlliyin (Bəhaullahın) Müjdəçisidir. Müqəddəs
Həzrət Bəhaullah — Allahın Ali Zühurudur və İlahi Varlığın Doğuluşudur. Bütün
qalanlar isə — Onun qulları və xidmətçiləridir".
Həzrət Əbdülbəha Özünün əsas
məktublarında bu və buna bənzər Digər fikirləri ilə Bəhai Dininin prinsipal
məsələlərinə dair vahid dünyagörüşün əhəmiyyətini vurğulayır.
Beləliklə, Həzrət Əbdülbəhanın
dindarların fərdi suallarına cavab olaraq yazdığı şəxsi məktublarına istinad
edib müxtəlif subyektiv nəticələr çıxaran möminlər arasındakı fikir ayrılığı
aradan qaldırılmış və onların dindarlar tərəfindən birmənalı dərk edilməsinin
əsası qoyulmuşdur.
Bundan əlavə başda Dinin Mühafizi
olmaqla İnzibati Qayda yaradıldıqdan sonra əvvəllər müxtəlif yerli cəmiyyətlərdə
etibar və nüfuza malik şəxslər tərəfindən həyata keçirilən idarəçilik bu
təşkilatın ixtiyarına verildi.
Həzrət Bəhaullah Allah Kəlamının Ulu
Təcəssümüdür, lakin Onun qırx illik məhbus həyatı ardıcılları ilə söhbətlər
aparmaq imkanını məhdudlaşdırmışdı. Buna görə də Vəhyin Şərhçisi, Kəlamın
İcraçısı, bəhai həyatının Ən Böyük Numunəsi olmaq kimi mühüm vəzifə
fəaliyyətinin ən müxtəlif dövrlərində xarici aləmlə ilə daimi əlaqədə yaşayan
Həzrət Əbdülbəhanın öhdəsinə düşmüşdü.
O göstərdi ki, müasir həyatın
keşməkeşli və sürətli burulqanları arasında, hər yerdə üstünlük təşkil edən
maddi rifahlar uğrunda mübarizə və xudpəsədlik içərisində hər halda Həzrət
İsanın, Həzrət Bəhaullahın və digər Peyğəmbərlərin adamlardan tələb etdikləri
kimi Allaha tam itaətkarlıq və öz yaxınlarına xidmət etmək ruhunda yaşamaq olar.
Bir tərəfdən yoldan çıxaran nəfs,
məkrli iblislik, böhtanlar, xəyanətkarlıq, digər tərəfdən məhəbbət, tərifləmə,
sadiqlik və hörmət içərisində O, ətrafında qışın tüğyan edən tufanları və yayın
ilıq dərya sularının cilvələndiyi sal qaya üzərində ucaldılmış mayak kimi
dayanmışdı. Onun sakitliyi və səmimiliyi mətin və yenilməz olaraq qalırdı.
Onun həyatı əel mömin həyatının
təcəssümü idi və O ardıcıllarını belə həyata çağırırdı. O, döyüşən dünya
arasında birlik və sülh bayrağını — Yeni Eranın bayrağını qaldıraraq, bu bayraq
altına toplaşanları əmin edirdi ki, onlar Yeni Günün ruhundan ilhamlanacağlar.
Bu, keçmişdə Peyğəmbərlərə və övliyalara ilham verən həmin müqəddəs Ruhdur ki,
indi tamam başqa vəzifələri yerinə yetirmək üçün özünün yeni təcəssülünü
tapmışdır.