Ý Kitabın
əvvəlinə
"İnsan xeyir verməlidir, xeyirsiz insan,
İsa Məsihin təbirincə desək, barsız aqaca
bənzəyir, bar verməyən aqacı isə kəsir və yandırırlar".
Bəhaullah. Cənnət kəlamları.
BƏHAİ HƏYAT TƏRZİ
ALLAHA İBADƏT
HƏQİQƏT AXTARIŞI
ALLAHA MƏHƏBBƏT
AZADLIQ
İTAƏTKARLIQ
XİDMƏT
TƏBLİĞ
NƏZAKƏT VƏ HÖRMƏT
BAŞQALARINDA EYİB AXTARMAQ
TƏVAZÖKARLIQ
DOĞRULUQ VƏ DÜZLÜK
ÖZÜNÜDƏRK
Herbert Spenser bir dəfə belə demişdi
ki, "qurquşun" niyyətlərdən doğan qızıl davranışı heç bir siyasi kimyagərliklə
əldə etmək mümkün olmadığı kimi, heç bir siyasi kimyagərliklə "qurquşun"
fərdlərdən ibarət qızıl cəmiyyətin yaradılmasına da nail olmaq mümkün deyil.
Bütün əvvəlki Peyğəmbərlər kimi Həzrət
Bəhaullah da bu həqiqəti təsdiq edərək öyrədir ki, yer üzərində Allah
Səltənətini qurmaq üçün əvvəlcə onu insanların ürəyində qurmaq lazımdır. Buna
görə də Bəhai Təliminin öyrənilməsinə biz Həzrət Bəhaullahın hər bir insanın
davranışına dair tövsiyyələrindən başlamalıyıq, sonra isə bəhailiyin nə demək
olduğunu aydın təsəvvür etməyə çalışmalıyıq.
Bir dəfə Həzrət Əbdülbəha bəhai olmaq
nə deməkdir sualına belə cavab vermişdir: "Bəhai olmaq – bütün dünyanı sevmək
deməkdir; bəşəriyyəti sevmək və ona xidmət etmək, ümumdünya sülhü və qardaşlığı
naminə çalışmaq deməkdir". Başqa bir vaxt O, bəhaini "insanın ən yaxşı və kamil
keyfiyyətlərini özündə cəmləşdirən şəxs kimi" səciyyələndirmişdir.
Özünün Londondakı söhbətlərinin
birində O buyurmuşdur ki, hətta Həzrət Bəhaullahın adını eşitməyən adam da bəhai
ola bilər.
Və sonra əlavə etmişdir: "Həzrət
Bəhaullahın Təliminə uyğun həyat tərzi keçirən artıq bəhaidir. Digər tərəfdən
insan özünü əlli il bəhai adlandıra bilər, amma əgər o bəhai kimi yaşamırsa,
bəhai deyildir. Eybəcər adam özünü gözəl adlandıra bilər, lakin o bununla heç
kimi aldada bilməz, qara dərili özünü ağ adlandıra bilər, ancaq o da heç kimi,
hətta özünü də aldada bilməz" (Əbdülbəha Londonda, s.109).
Allahın Elçilərini tanımayan adam
kölgədə bitən bitki kimidir. O günəşin nə olduğunu bilməməsinə baxmayaraq,
tamamilə ondan asılıdır. Dahi Peyğəmbərlər də belə mənəvi günəşlərdir və Həzrət
Bəhaullah bizim yaşadığımız günlərin Günəşidir.
Əvvəlki dövrlərin Günəşləri dünyanı
isidib canlandırmışlar. Onlar şəfəq saçmasaydılar, indi dünya soyuq və cansız
olardı, lakin təkcə indiki dövrün Günəşi əvvəlki günəşlərin şəfəqləri ilə
əzizlənmiş meyvələrə yetişmək imkanı verə bilər.
Su zanbağının və qızılgülün açılması
üçün günəş işığı nə qədər zəruridirsə, bəhai həyat tərzinə mükəmməl şəkildə
yiyələnmək üçün də Həzrət Bəhaullahı şüurlu və bilavasitə dərk etmək eynilə
zəruridir.
Bəhai Həzrət Bəhaullahın insani
şəxsiyyətinə deyil, bu şəxsiyyət vasitəsilə təzahür edən Allah Nuruna pərəstiş
edir. O, Həzrət İsaya, Məhəmməd Peyğəmbərə (s.ə.s) və bütün əvvəlki
Peyğəmbərlərə ehtiram bəsləyir, lakin Həzrət Bəhaullahı bizim yaşadığımız Yeni
Era üçün Allah Vəhyinini Daşıyıcısı olaraq öz sələflərinin işini davam etdirmək
və tamamlamaq üçün gəlmiş Dünyanın Böyük Müəllimi kimi qəbul edir.
Ağıl ilə qəbul edilmiş İnam, eləcə də
xarici davranışın nöqsansızlığı hələ o şəxsin bəhai olması demək deyildir.
Həzrət Bəhaullah Öz ardıcıllarından tam, səmimi sədaqət tələb edirdi. Ancaq
Allah belə tələbi edə bilər, lakin Həzrət Bəhaullah Özünü Allahın Təcəssümü,
Onun İradəsinin ifadəçisi sayırdı. Əvvəlki Peyğəmbərlər də bu barədə aydın
danışmışlar. Həzrət İsa belə buyurmuşdur:
"Kim ardımca ketmək istəyirsə özünü
inkar etsin və çarmıxını götürüb ardımca gəlsin. Çünki kim canını xilas etmək
istərsə, onu itirəcək; fəqət kim canını Mənim uğrumda itirsə, onu qazanacaqdır"
(İncil. Matta, 16:25-26).
Bütün Allah Elçiləri müxtəlif
ifadələrlə Öz ardıcıllarından eynilə bunu tələb edirdilər. Dinlərin tarixi
birmənalı olaraq göstərir ki, bu tələb tanınıb səmimiyyətlə qəbul edildikdə,
bütün yer üzündəki müqavimətlərə, fəlakətlərə, təqiblərə və dindarların əzabla
öldürülməsinə baxmayaraq, dinlər inkişaf edib çiçəklənirlər.
Digər tərəfdən hər hansı bir dində
möminlik ikiüzlülüklə və riyakarlıqla əvəzlənirsə, bu din süquta uqrayır. Belə
din dəbə çevrilir, amma insanın xilas olunmasında və tərbiyə edilməsində özünün
qabiliyyətini itirir, öz ecazkar yaradıcı qüvvəsindən məhrum olur. Əsl din
həmişə dəbdən uzaq olub. Allah eləsin ki, o nə zamansa hamının qəbul etdiyi dinə
çevrilsin: lakin Həzrət İsanın dövründə olduğu kimi hələlik bu da doğrudur ki:
"Əsl həyata aparan yol ensizdir, darvazası isə dardır və çox az adam bunları
tapır".
Mənəvi doğuluşun darvazası təbii
doğuluşda olduğu kimi insanları ancaq bir-bir və xurafatlardan təmizlənmiş halda
buraxır. Əgər gələcəkdə çoxsaylı insanlara bu yoldan keçmək nəsib olsa, bu o
demək deyildir ki, darvaza genişlənib, bu ona görədir ki, keçmişdəkindən fərqli
olaraq Allahın tələblərinə itaət etməkdə insanlar daha böyük qabiliyyətə nail
olmuşlar; uzun sürən acı təcrübə nəhayət, onları bu nəticəyə gətirib
çıxaracaqdır ki, Allah yolunu qoyub öz yolu ilə getmək ağılsızlıqdır.
Həzrət Bəhaullah Özünün bütün
ardıcıllarından ədalətli olmağı tələb edir və ədaləti belə müəyyənləşdirir:
"Allahın bütün Təzahürlərində Birliyi görmək və bütün işlərə dərindən nüfuz edib
anlamaq üçün insan xurafatdan və təqliddən azad olmalıdır." (Bəhaullah. Bütün
xeyirlərin cövhəri.)
Allah Nurunun Həzrət Bəhaullahın
insani məbədində təcəssümünə hər bir kəsin əmin olması vacibdir, əks təqdirdə
inam heç bir mənası olmayan əhəmiyyətsiz bir söz olardı. Peyğəmbərlərin
insanlara tövsiyəsi həmişə ondan ibarət olmuşdur ki, insanlar gözlərini
açsınlar, yummasınlar, öz ağıllarından istifadə etsinlər, onu kütləşdirməsinlər.
Sadə kölə inamı deyil, ancaq aydın
müşahidə və sərbəst düşünçə tərzi onlara xurafat pərdəsini cıraraq, kor-koranə
təqlid buxovlarından azad olmaq və Yeni Vəhyin həqiqətlərini başa düşməyə nail
olmaq imkanı verir.
Bəhai olmaq istəyən hər bir kəs
qorxmaz həqiqət axtarıcısı olmalıdır, lakin o, maddi mahiyyət axtarışına
yuvarlanmamalıdır. O sağlam ağıla uyğun gəlməyən şeyləri inkar edərək, həqiqətin
əldə olunmasında istifadə etmək üçün Allah tərəfindən ona bəxş edilmiş mənəvi və
fiziki qüvvələri oyatmalıdır.
Əgər ürək safdırsa və ağıl
xurafatlardan azaddırsa, onda hansı məbəddən təzahür etməsinə baxmayaraq,
çalışqan axtarıcı İlahi Nuru həmişə tanıyacaqdır.
Həzrət Bəhaullah sonra buyurur: "İnsan
özünü və onu yüksəlişə yaxud süquta, rüsvayçılıqa yaxud şərəfə, dövlətliliyə
yaxud yoxsulluqa aparan hər şeyi dərk etməlidir" (Bəhaullah. Tərazat).
"Bütün biliklərin çeşməsi Allahı dərk
etməkdir (Ona Şükr olsun!). Onun İlahi Nümayişini dərk etmədən buna nail olmaq
qeyri-mümkündür" (Bəhaullah. Bütün xeyirlərin cövhəri).
Allahın Zühuru — Kamil İnsan,
Bəşəriyyətin Ali Nümunəsi, İnsansevərlik Ağacının ən yaxşı meyvəsi deməkdir. Nə
vaxta qədər ki, biz Onu tanımayacağıq, biz daxilimizdə olan gizli imkanları dərk
etməyəcəyik. Həzrət İsa bizə zanbağın böyüməyinə baxmağı buyuraraq deyir: "Tarla
zanbaqlarının necə böyüdüyünə baxın; nə zəhmət çəkirlər, nə də iplik əyirirlər;
Fəqət sizə deyirəm; Süleyman belə, bütün izzətində bunlardan biri kimi
geyinməmişdi" (İncil. Matta, fəsil 6:28-29).
Zanbaq çox çəlimsiz bir soğanaqdan
cücərməyə başlayır. Əgər biz zanbağın çiçək açmasını heç zaman görməsək, onun
bənzərsiz ləçəklərinə və çiçəyinə baxmasaq, onda biz bu soğanaqda gizlənən
həqiqi gerçəkliyi necə anlaya bilərik?! Biz onu kəsib doğraya bilərik, lakin
yuxuya getmiş o gözəlliyi heç zaman aşkar edə bilmərik, onu necə oyatmağı yalnız
bağban bilər.
Eləcə də nə qədər ki, biz Zühurla
aşkarlanan Allah Nurunu görməmişik, biz öz təbiətimizdə və yaxınlarımızın
təbiətində gizlənmiş mənəvi gözəllik haqqında heç bir təsəvvürə
yiyələnməyəcəyik. Allahın Zühurunu tanıyıb sevməklə və Onun təliminə riayət
etməklə, biz addım-addım daxilimizdəki həqiqətləri anlamağa qadir oluruq; o
zaman, ancaq o zaman həyatın və eləcə də bütün kainatın məqsədi bizə aydın
olacaqdır.
Allahın Təzahürünü dərk etmək — həm də
Onu sevmək deməkdir. Bunların birini digərsiz təsəvvür etmək qeyri-mümkündür.
Həzrət Bəhaullahın təbirinə görə, Allahın insanı yaratmaqda məqsədi budur ki,
insan Allahı dərk etsin və sevsin. Həzrət Bəhaullah lövhlərinin birində buyurur:
"Bütün varlıqların yaradılma səbəbi
məhəbbət olmuşdur. Bu barədə məşhur bir kəlamda yaxşı deyilir: "Mən gizli xəzinə
idim və istədim ki, başa düşülüm. Buna görə Mən məxluqatı yaratdım ki, dərk
edilim".
"Gizli kəlamlar" əsərində O buyurur:
"Ey varlıq oqlu! Məni sev ki, Mən də səni sevim. Sən Məni sevməsən, Mənim
məhəbbətim sənə heç vəchlə çatmaz. Bunu bil, ey bəndə!" (Bəhaullah. Gizli
kəlamlar.)
"Ey ecazkar bəsirət oğlu! Sənə öz
ruhumdan bir nəfəs üfürdüm ki, Məni sevən olasan. Nə üçün Məni tərk edib başqa
bir məhbub axtardın?" (Bəhaullah. Gizli kəlamlar.)
Bəhai həyatının yeganə məqsədi —
Allah-taalanın məhəbbətini qazanmaq, misli-bərabəri olmayan Məşuq kimi
Pərvərdigarını sevmək, onu ən yaxın və ən yaxşı dost bilməkdir. Allahı sevmək —
hamını və hər şeyi sevmək deməkdir, çünki hər şeyi Allah xəlq etmişdir.
Əsl bəhai bütün varlıqları təmiz
qəlblə və ehtirasla sevəndir. Nifrət hissi ona yaddır. O heç kimə nifrət etmir,
çünki o hər bir adamın üzündə Sevgilinin Üzünü görür və hər yerdə Onun
cizkilərini tapmağı öyrənir. Onun məhəbbəti təriqət, millət, sinif və ya irq
baxımından məhdudlaşmır.
Həzrət Bəhaullah buyurur:
"Keçmiş zamanlarda deyərdilər: "Vətən
sevgisi - iman rəmzidir". Lakin bu Zühur günlərində Əzəmətlinin dili ilə
söylənilir: "Bəxtiyar o kəs deyil ki, öz vətənini sevir, bəxtiyar o kəsdir ki,
bütün dünyanı sevir" (Bəhaullah. Sülh Lövhü).
Digər bir yerdə söylənilir: "Əhsən o
kəsə ki, qardaşını özündən yüksək tutur. Bəhanın tərəfdarı belə olmalıdır"
(Bəhaullah. Cənnət kəlamları).
Həzrət Əbdülbəha bizə öyrədir ki: "Min
bədəndə bir can olaq, çünki biz nə qədər bir-birimizi çox sevsək, Allaha da bir
o qədər yaxın olarıq".
Amerikada məclislərin birində Həzrət
Əbdülbəha buyurmuşdu: “Beləliklə, bütün müqəddəs Peyğəmbərlərin ilahi dinləri
mahiyyət etibarı ilə birdir, ancaq adlarda fərq vardır. Haradan gəlməsinə
baxmayaraq, insan işıqa doğru can atmalıdır. Hansı torpaqda bitməsindən asılı
olmayaraq, insan qızıl gülə heyran olmalıdır. Hansı çeşmədən gəlməsinə
baxmayaraq, o, həqiqəti axtarmalıdır.
Çırağa bağlılıq hələ işığı sevmək
deyildir. Torpağı tərifləmək insanın məqamına yaraşmır, lakin bu torpaqda
çiçəklənən qızıl gül tərifə layiqdir. Ağaca pərəstiş etmək mənasızlıqdır, lakin
bu aqacın meyvələrini yemək faydalıdır. Dadlı meyvələr hansı ağacda
yetişməsindən asılı olmayaraq adama ləzzət verməlidir.
Kimin dilindən deyilməsinə baxmayaraq,
həqiqi söz qəbul olunmalıdır. Hansı kitabda yazılmasından asılı olmayaraq,
mütləq həqiqətlər də həmçinin qəbul edilməlidir. Əgər biz xurafatın təsiri
altına düşsək, bu bizi tənəzzülə və nadanlığa aparıb çıxarar. Dini, milli və
irqi çəkişmələr qarşılıqlı anlaşılmazlığın nəticəsidir.
Əgər biz dinlərin təməlini təşkil edən
prinsipləri açıqlamaq məqsədilə onları tədqiq etməyə çalışsaq, onda biz onların
tam harmoniyada olduğunu görəcəyik, çünki bütün dinlərin əsası birdir, müxtəlif
deyildir. Buna görə də dünyanın müxtəlif dinlərinin ardıcılları öz aralarında
razılığa gəlib barışa bilərlər" (Əbdülbəhanın müraciəti. Amerika 23 may
1912-ci il).
Digər yerdə O buyurur:
"Hər bir sevən qəlb başqalarını
sevməli və özünün bütün xəzinəsini və həyatını onlara verməlidir, hər bir kəs
bütün vasitələrlə və qüvvələrlə başqalarını şad və xoşbəxt etməyə çalışmalıdır.
Lakin onlar da öz növbəsində təmənna ummamalı və fədakarlığa hazır olmalıdırlar.
Və ancaq belə olduqda Günəşin Şəfəqləri bütün üfüqləri nura boyayar, bu Təranə
bütün xalqları sevindirər və xoşbəxt edər, bu İlahi Əlac bütün xəstəliklərin
ümumi müalicə vasitəsinə çevrilər, bu həqiqət Ruhu hər bir qəlbin döyünməsinə
səbəb olar" (Əbdülbəhanın müraciəti, c. 7, s. 147).
Allaha sədaqətli olmaqla insan özünü
Allahdan gəlməyən bütün şeylərdən azad edir, yəni ürəyini bütün xudpəsənd,
mənasız və cılız arzulardan təmizləyir. İnsanı Allaha doğru aparan yol
zənginlikdən və ya yoxsulluqdan, sağlamlıqdan və ya xəstəlikdən, sarayda və ya
daxmada yaşamaqdan, gülüstandan və ya işgəncə kamerasından keçə bilər: necə
olursa olsun, bəhai öz qismətinə düşən püşkü "sevinclə" qəbul etməyə hazır
olmağı öyrənməlidir. Azad olmaq ətrafdakı bütün şeylərə və çirkin şəraitə küt
laqeydlik bəsləmək demək deyildir; o həmçinin Allah tərəfindən yaradılmış yaxşı
şeylərə də nifrət bəsləmək demək deyildir.
Əsl bəhai hissiyyatsız, ruhsuz və
yaxud tərgi-dünya ola bilməz. O, Allaha doğru aparan yolda çoxlu maraqlı
məşğuliyyət, çoxlu iş və çoxlu sevinclər tapacaq və həzz almaq, yaxud Allahın
ona qadağan etdiyinin həsrəti üçün bu yoldan bir tük qədər də kənara
çıxmayacaqdır.
İnsan bəhailiyi qəbul edəndən sonra
Allahın İradəsi onun iradəsinə çevrilir, çünki Allaha qarşı çıxmaq ona yaraşmaz.
Allah yolunda heç bir fəlakət onu qorxuda, heç bir qəm-qüssə onu məyus edə
bilməz. Məhəbbət nuru onun qaranlıq günlərini işıqlandırır, iztirablarını
sevincə, əzablarını ləzzətə çevirir. Həyat qəhrəmanlıq səviyyəsinə yüksəlir,
ölüm isə xoşbəxt hadisəyə dönür.
Həzrət Bəhaullah buyurur: "Hər kim
ürəyində Məndən savayı hər hansı bir şeyə hətta xardal toxumu qədər məhəbbət
bəsləyirsə, o Mənim Səltənətimə daxil ola bilməz" (Bəhaullah. Heykəl surəsi).
"Ey bəşər oğlu! Məni sevirsənsə,
özündən üz çevir: Mənim razılığımı axtarırsansa, öz istəyinə göz yum: sən Məndə
fani ol ki, Mən də səndə əbədi yaşayım" (Bəhaullah. Gizli kəlamlar).
"Ey bəndəm! Dünya zəncirindən özünü
qurtar, nəfs zindanından özünü azad et. Vaxtı qənimət bil. Çünki bu vaxtı daha
görməyəcəksən, bu zamanı heç vaxt tapa bilməyəcəksən!" (Bəhaullah. Gizli
kəlamlar).
Allaha sədaqət Onun bəyan etdiyi
tövsiyələrə, hətta bu hökmlərin səbəbi başa düşülmədikdə belə onlara kor-koranə
itaət etməyi nəzərdə tutur. Matros kapitanın əmrlərinə hətta onların səbəbini
bilmədikdə də kor-koranə tabe olur. Lakin onun nüfuzunu kor-koranə qəbul etmir.
O, tamamilə yaxşı bilir ki, kapitan sınaqdan çıxmışdır və dənizçi rütbəsini
almaq üçün öz hüquqlarına dair kifayət qədər dəlillər təqdim etmişdir. Əgər bu
belə olmasaydı, onda matrosun həmin kapitanın rəhbərliyi altında xidmət etməsi
ağılsızlıq olardı.
Bəhai də dənizçi kimi öz Xilaskar
kapitanına kor-koranə itaət etməlidir, lakin əgər o da əvvəlcədən əmin olmasa
ki, bu kapitan özünün həmin məqama layiq olmasına dair inandırcı dəlillər
vermişdir, bu zaman ona itaət etməsi əslində düşüncəsizlik olardı.
Belə dəlillər aldıqdan sonra itaətdən
imtina etmək isə daha böyük düşüncəsizlikdir, ona görə ki, yalnız müdrik
müəllimə şüurlu və açıq-aşkar itaət etməklə biz onun müdriklik bəhrələrini dərk
edə bilər və bu müdriklikdən xeyir götürə bilərik.
Əgər kapitan təcrübəli olmasaydı, onda
matrosların heç biri ona itaət etməzdilər. Bu zaman gəmi öz limanına gedib çata
bilərdimi və matroslar dənizçilik məharətini öyrənə bilərdilərmi? Həzrət İsa
aydın göstərir ki, itaət — dərk etməyə gedən yoldur. O buyurmuşdur:
"Öyrətdiyim Mənim deyil, Məni
göndərənindir. Kim Onun iradəsini yeritmək istəyirsə, öyrətdiklərimin Allahdanmı
olduğunu, yoxsa Özümdənmi söylədiyimi biləcəklər" (İncil. Yəhya, 7:16-17).
Və həmçinin Həzrət Bəhaullah da
buyurur:
"Allahın bütün hökm etdiklərini və
Şərəf Kitabında açıqlanmış Vəhyləri yerinə yetirmədən Allaha İnama və Onun dərk
edilməsinə tamamilə yiyələnmək olmaz" (Bəhaullah. Təcəlliyat Lövhü).
İndiki demokratik dövrdə kor-koranə
itaət kütləvi məziyyət sayılmır. Əlbəttə, adi adamın iradəsinə tam itaət etmək
təhlükəli olardı. Bəşəriyyətin birliyi yalnız İlahi İradə ilə hər kəsin və
hamının tam ahəngdarlığı zamanı əldə edilə bilər.
Nə vaxta qədər ki, bu İradə aydın
şəkilidə üzə çıxmayacaq və adamlar bütün digər rəhbərlərdən əl çəkib Allahın
Rəsuluna itaət etməyəcəklər, vaxta qədər, çəkişmələrin və münaqişələrin
ardı-arası kəsilməyəcək və insanlar bir-birilə rəqabət aparaçağlar, Allah
Şərəfinə və ümumi firavanlıq naminə ahəngdar işləmək əvəzinə öz enerjilərinin
əksəriyyətini yaxın adamlarını məhv etməyə yönəldəcəklər.
Allaha sədaqət yaxın adamlara xidmətə
həsr olunmuş həyatda öz ifadəsini tapır. Biz Allaha başqa yolla xidmət edə
bilmərik. Əgər biz yaxın qonşularımıza arxa çeviririksə, deməli, biz Allaha arxa
çeviririk. Həzrət İsa buyurmuşdur:
"Madam ki bunu ən kiçik qardaşlarımdan
birinə etdiniz, Mənə etmiş oldunuz". "Madam ki bunu ən kiçiklərdən birinə
etmədiniz, Mənə də etməmiş oldunuz" (İncil. Matta, 25:40,45).
Həzrət Bəhaullah buyurur:
"Ey insan oğlu! Əgər sən mərhəmət
tərəfdarısansa, onda öz xeyrindən imtina et və başqalarına fayda gətirən işlərlə
məşğul ol və əgər sən ədalətlisənsə onda özünə arzuladığını başqalarına da
arzula" (Bəhaullah. Bütün xeyirlərin cövhəri).
Həzrət Əbdülbəha buyurur:
"Bəhai Təlimində incəsənətlə, elmlə və
sənətlə məşğul olmaq ibadətə bərabər tutulur. İnsan yüksək keyfiyyətli bir parça
kağız düzəltmək üçün bütün səyini toplayıb vicdanla çalışırsa, bununla Allahı
mədh edir. Ümumiyyətlə, insanın səmimi qəlbdən etdiyi bütün çalışmalar və
səylər, əgər onlar yüksək ideallar naminə və bəşəriyyətə xidmət etmək arzusu ilə
görülürsə, Allaha xidmət etmək de-məkdir.
Allaha xidmət etmək — bəşəriyyətə
xidmət etmək və insanlara onların ehtiyaclarında kömək etmək deməkdir. Xidmət -
ibadət deməkdir. Xurafatdan uzaq olan və bəşəriyyətin həmrəyliyinə inanan,
xəstəyə həssaslıqla və qayğıkeşliklə yanaşan həkim Allahı mədh edir"
(Əbdülbəhanın müdrikliyi, Nyu-York, 1924-cü il).
Əsl bəhai nəinki Həzrət Bəhaullahın
Təliminə inanır, o həmçinin bu Təlimdə özünün bütün həyatı üçün ilham və
rəhbərlik tapır, öz şəxsi varlığının mənbəyi olan bu bilikləri başqaları ilə də
sevinclə bölüşür. Yalnız belə olan surətdə insan bütünlüklə "Müqəddəs Ruhdan
qüvvət və kömək" ala bilər.
Hamı bəlağətli natiq, yaxud istedadlı
yazıçı ola bilməz, ancaq hamı öz nümunəvi həyat tərzi ilə başqalarını öyrədə
bilər.
Həzrət Bəhaullah buyurur:
"Bəhanın ardıcılları Allaha
müdrikcəsinə xidmət etməli və başqalarına da öz həyat tərzini öyrətməli, öz
davranışları ilə Allahın nuruna şəhadət verməlidirlər. Həqiqətən, əməllərin
təsiri sözün təsirindən güclüdür... Sözün təsiri onu deyənin niyyətinin
təmizliyindən və fədakarlığından asılıdır.
Bəziləri ancaq sözlərlə kifayətlənir,
halbuki əməllər sözlərin Doğruluğunu sübut etmək üçün ən düzgün və ən yaxşı
vasitədir. Sözlər Allahın İradəsini əks etdirən kəlamlara və lövhlərdəki
yazılara uyğun olmalıdır" (Bəhaullah. Bütün xeyirlərin cövhəri).
Bununla belə, bəhai heç bir vəhclə öz
ideyalarını onları dinləmək istəməyən adamlara zorla qəbul etdirməməlidir. O,
insanları Allah Səltənətinə dəvət etməlidir. Lakin onları oraya qovub,
salmamalıdır. Bəhai öz sürüsünü ağacla və itlə qovan çobana deyil, sürünü otaran
və qoyunları tütəyinin səsi ilə heyran edən mehriban çobana bənzəməlidir. Həzrət
Bəhaullah "Gizli kəlamlar" əsərində buyurur:
"Ey torpaq oğlu! Hikmətli insanlar o
şəxslərdir ki, dinləyən olmasa danışmazlar, necə ki, istəyən olmasa saqi piyalə
verməz və aşiq məşuqunu camalına çatmaz. İndi elm və hikmət toxumlarını
qəlbinizin pak torpağına səpib örtün ki, İlahi hikmət sünbülləri torpaqda deyil,
könüllərdə göyərsin" (Bəhaullah. Gizli kəlamlar).
"İşraqat Lövhü"ndə O buyurur:
"Ey Bəha əhli! Siz məhəbbət Günəşinin
Doğuşu və Allah mərhəmətinin Dan Çağısınız. Siz ağzınızı qarqışla və söyüşlə
murdarlamayın və gözlərinizi bütün ləyaqətsiz şeylərə baxmaqdan qoruyun.
Malik olduğunuz nə varsa, onu
(Həqiqəti) göstərin: əgər o qəbul edilərsə, onda məqsəd əldə edilib, əgər qəbul
edilməzsə, mübahisə əhəmiyyətsizdir, o adamı özünün öhdəsinə buraxın və üzünüzü
Allaha, Havadara və Əzəliyə tutun. Kədərin, xüsusilə də çəkişmə və mübahisənin
yaranmasına səbəb olmayın. Ümidvarıq ki, siz Tanrının Səxa-ət Aqacının
kölgəsində bəslənəcəksiniz və Rəbbin istədiyi kimi hərəkət edəcəksiniz. Siz
hamınız bir aqacın yarpaqları və bir dənizin damlalarısınız" (Bəhaullah.
İşraqat Lövhü).
Həzrət Bəhaullah buyurur:
"Ey Allah adamları! Mən sizi nəzakətli
olmağa çağırıram. O bütün məziyyətlərin anasıdır. Bəxtəvər o kəsdir ki, həqiqət
paltarı ilə bəzənib və nəzakət nuru ilə işıqlanıb; o, böyük məqam sahibidir.
Ümidvarıq ki, bu cəfakeş kəs kimi bütün adamlar da onlara əməl edəcək və bu
məqama çatacağlar. Bu Uca Adın Qələmindən çıxan qəti hökmdür" (Bəhaullah.
Sülh Lövhü).
O dönə-dönə təkrarlayır: "Qoy dünyanın
bütün adamları sevinclə və dostcasına bir-birilə görüşsünlər. Ey insanlar, bütün
dinlərin ardıcılları ilə məhəbbətlə və gülər üzlə ünsiyyətdə olun"
(Bəhaullah. Bəşarət Lövhü).
Həzrət Əbdülbəha Amerika bəhailərinə
məktubunda buyurur:
"Çəkinin, çəkinin. Birdən hansısa
qəlbi sındırarsınız.
Çəkinin, çəkinin. Birdən hansısa ürəyi
kədərləndirərsiniz.
Çəkinin, çəkinin. Birdən kiməsə
bədxahlıq edərsiniz.
Çəkinin, çəkinin. Birdən hər hansı bir
məxluqatın ümidsizliyinə səbəb olarsınız.
Əgər hər hansı bir kəs kiminsə
qəlbinin kədərlənməsinə, yaxud hər hansı bir ürəyin ruhdan düşməsinə səbəb
olarsa, o kəs yaşamaqdansa, yerə girsə yaxşıdır".
O öyrədir ki, gül qönçədə gizləndiyi
kimi İlahi Ruh da eləcə zahiri görkəminin kobudluq və eybəcərliyindən asılı
olmayaraq, hər bir insanın ürəyində yaşayır.
Buna görə də əsl bəhai hər bir adamla
bağbanın nadir və gözəl bitki ilə rəftar etdiyi kimi davranır. O bilir ki,
etdiyi heç bir səbirsiz hərəkətlə qönçəni çiçəyə çevirə bilməz və buna anğaq
Allah günəşinin şəfəqləri qadirdir. Beləliklə, onun məqsədi bu həyatveriği işığı
bütün qaranlıq ürəklərə və oçağlara çatdırmaqdır. Həzrət Əbdülbəha buyurur:
"Həzrət Bəhaullahın tövsiyələri
arasında insandan bütün şəraitlərdə İlahi mərhəmət nümunəsi olaraq düşməni dost
və bədxahı xeyirxah bilməyi tələb edən bir hökm var. O heç bir kəsi özünün
düşməni saymamalı və ürəyində ona qarşı kini gizlədərək, üzdə mehriban
olmamalıdır. Bu — riyakarlıqdır, həqiqi məhəbbət deyil. Yox, əksinə, insan gərək
düşmənin simasında özünün dostunu görsün, bədxaha gərək xeyirxah insan kimi
baxsın və onunla dostu və xeyirxahı kimi davransın. Çünki ürəkdən gəlməyən
məhəbbət - məhəbbət deyil, riyakarlıqdır." (Əbdülbəhanın nitqi, "Qərbin
ulduzu", 30 oktyabr 1912-ci il, c.4, s.191)
Bu məsləhət ilk baxışda anlaşılmaz və
ziddiyyətli görünür, lakin biz özümüzə aydınlaşdırsaq görəcəyik ki, insanı
nifrətə və qərəzçiliyə vadar edən zahiri maddi mahiyyətindən asılı olmayaraq,
onda həm də yalnız məhəbbət və xeyirxahlıq mənbəyi və əsl insan mahiyyəti olan
daxili mənəvi mahiyyət də vardır.
Bizim düşüncələrimiz və məhəbbətimiz
məhz bizim yaxın dostlarımızın hər birində açıqlanan bu insani mahiyyətin mənəvi
substansiyasına
yönəldilməlidir. İnsanın daxili mahiyyəti həyatda oyandığı zaman onun zahiri
mahiyyəti də oyanır və dəyişilir.
Bəhai Təlimi başqalarında qüsur və
səhv axtarmaqdan çəkinməyi qətiyyətlə israr edir və məsləhət görür. Həzrət İsa
bu barədə ciddi sözlər söyləyib. Lakin "Dağdakı vəzi" adətən "kamil adamlar üçün
məsləhətlər" hesab edirlər və deyirlər ki, heç bir sadə xristian bunlara uyğun
yaşaya bilməz. Həzrət Bəhaullah və Həzrət Əbdülbəha belə şəraitdə Onların tələb
etdiklərinin hamıya aydın olması üçün çox çalışmışlar. Biz "Gizli kəlamlar"
kitabında oxuyuruq:
"Ey insan oqlu!
Öz günahın olduğu halda, heç kimin
günahı barədə nəfəs belə çəkmə! Əgər bu əmrdən çıxsan, lənətlənərsən. Mən buna
şəhadət verirəm" (Bəhaullah. Gizli kəlamlar).
"Ey varlıq oğlu!
Özün üçün istəmədiyin şeyi başqasına
rəva görmə. Eləməyəcəyin işi demə. Bu Mənim sənə Əmrimdir, ona əməl et"
(Bəhaullah. Gizli kəlamlar).
Həzrət Əbdülbəha buyurur:
"Başqalarının günahlarını dilinizə
gətirməyin, onlardan ötrü dua edin və öz səhvlərini düzəltməkdə onlara
məhəbbətlə kömək göstərin.
Pisləri deyil, həmişə yaxşı cəhətləri
görməyə çalışın. Əgər hər hansı bir adamın on yaxşı və bir pis keyfiyyəti varsa,
biri unudub on yaxşı keyfiyyətə baxmaq lazımdır, və əgər adamın bir yaxşı
keyfiyyəti və on pis keyfiyyəti varsa, on pis keyfiyyəti unudub bir yaxşını
görmək lazımdır. Hətta düşmən haqqında da qərəzli danışmayın".
Həzrət Əbdülbəha bir amerikalı dostuna
yazır:
"İnsanın ən pis xüsusiyyəti və ən
böyük günahı qeybət etməkdir, xüsusilə də bu, Allahın mömin bəndələrinin
dilindən çıxanda. Əgər qeybət qapılarını əbədi bağlayan bir vasitə tapılsaydı və
Allahın hər bir mömin bəndəsi öz dilini başqalarını tərifləmək üçün açsaydı,
onda Həzrət Bəhaullahın Təlimi yayılar, qəlblər nurlanar, ruh yüksəkliyi
bərqərar olar və insan aləmi əbədi xoşbəxtliyə qovuşardı" ("Qərbin ulduzu"
jurnalı, c.4, s.122).
Bəhai Təlimi bir tərəfdən bizə
başqalarının səhvlərinə göz yummağı və onların ancaq müsbət cəhətlərini görməyi
təlqin edir, digər tərəfdən isə bizə öz səhvlərimizi aşkar etməyi və müsbət
məziyyətlərimizə göz yummağı təlqin edir.
Həzrət Bəhaullah "Gizli kəlamlar"
əsərində buyurur:
"Ey varlıq oğlu!
Necə oldu öz qüsurlarını unudaraq
Mənim bəndələrimin qüsurları ilə məşğul oldun? Kim belə etsə, ona Mənim lənətim
olsun" (Bəhaullah. Gizli kəlamlar).
"Ey mühacirlər!
Dil məni zikr etmək üçündür — onu
qeybətlə bulaşdırmayın. Əgər odlu nəfsiniz sizə üstün gəlsə, onda Mənim xalqımın
eyiblərini deyil, öz eyiblərinizi xatırlayın. Çünki sizin hər biriniz öz
nəfsinizi mənim bəndələrimin nəfsindən daha yaxşı bilir və tanıyırsınız!"
(Bəhaullah. Gizli kəlamlar)
Həzrət Əbdülbəha buyurur:
"Qoy sizin həyatınız Məsiha
Səltənətini əks etdirsin. O ondan ötrü gəlməmişdi ki, Ona xidmət etsinlər,
gəlmişdi ki, başqalarına xidmət etsin. Həzrət Bəhaullahın Dinində bütün bəndələr
bacı və qardaşdır. Elə ki, hər hansı bir kəs özünü başqasından yaxşı və üstün
hiss etməyə başlayır, o ağır vəziyyətə yuvarlanır və bu pis fikri özündən
uzaqlaşdırmayınca, o, Allah Səltənətinə xidmət etməyə layiq olmur. Özündən
narazı olmaq inkişafa aparır, özündən razılıq şeytan əlamətidir, özündən
narazılıq isə Mərhəmətlinin təzahürüdür.
Əgər hər hansı bir kəsin min yaxşı
məziyyəti varsa o bunları görməməlidir, əksinə öz qüsurlarını axtarmalıdır.
İnsan nə qədər kamilləşsə də o hələ kamil deyildir, belə ki, həmişə daha yüksək
məqsəd mövcuddur və insan bu yüksək kamilliyə çatmaq istərkən özündən narazı
hala düşür. Özünü tərif isə eqoizm əlamətidir." (Mirzə Əhməd Söhrabın
gundəliyindən, yanvar 1919-cu il).
Öz günahlarımızı etiraf edib
səmimiyyətlə təəssüfləndiyimizi bildirmək bizə hökm edilsə də, günahdan azad
olunmaq üçün keşişlər və digər şəxslər qarşısında tövbə etmək qadağandır.
Həzrət Bəhaullah Bəşarət lövhündə
buyurur:
"Allahdan başqa ürəyi hər şeydən azad
olan günahkar bağışlanmasını yalnız tək olan Allahdan diləməlidir. İnsanlar
qarşısında tövbə etmək yolverilməzdir, çünki bu yolla İlahinin əfvinə nail olmaq
mümkün deyil.
İnsanlar qarşısında tövbə edilməsi
şəxsiyyətin alçalmasına və şərəfsizliyə gətirib çıxarır. Allah isə, qoy Onun
Şəfaəti daha da Ucalsın, Öz bəndələrinin alçalmasını istəmir. O, həqiqətən
Mərhəmətli və Bağışlayandır. Günahkar yalnız Allahla təklikdə qalarkən Mərhəmət
Dənizindən mərhəmət diləməli və Əfv Səmasına günahlarının bağışlanması üçün
yalvarmalıdır" (Bəhaullah. Bəşarət).
Həzrət Bəhaullah "Tərazat Lövhü"ndə
buyurur: "Həqiqətən, doğruluq dünyada hər şeyin rahatlığına açılan qapıdır və
Mərhəmətlidən nazil olan şərəf əlamətidir. Kim buna nail olubsa, o var-dövlət və
firavanlıq xəzinəsinə çatıb. Doğruluq bəşəriyyətin təhlükəsizlik və əmin-amanlıq
qapısıdır. Hər hansı bir işin sarsılmazlığı daim ondan asılıdır və şərəf, şöhrət
və bolluq onun nuru ilə işıqlanır...
Ey Bəha əhli! Doğruluq sizin
məbədlərinizin ən gözəl bəzəyidir və sizin başınızın ən parlaq tacıdır. Qüdrətli
hökmdarın Əmri ilə ona riayət edin!"
Başqa bir yerdə O buyurur:
"Dinin prinsipi — az danışmaq və çox
iş görməkdir. Hər kimin ki, sözü əməlindən çoxdur həqiqətən, bilin, belə adamın
yoxluğu varlığından yaxşıdır, onun ölməsi yaşamasından yaxşıdır." (Bəhaullah.
Bütün xeyirlərin cövhəri)
Həzrət Əbdülbəha buyurur:
"Doğruluq bəşəriyyətin bütün
xeyirxahlıqlarının təməlidir. Doğruluq olmadan bütün aləmdə insan qəlbinin
inkişafı və nailiyyəti mümkün deyildir. Bu alicənab keyfiyyət insan qəlbinə
hakim kəsilən zaman, bütün digər İlahi xüsusiyyətlər də özünü göstərəcəkdir"
(Əbdülbəhanın məktubları, c.2, s.459).
"Qoy sizin üzünüzdən həqiqət və
düzgünlük işığı şəfəq saçsın, bu şəfəqlər sizin işgüzar və digər qarşılıqlı
münasibətləriniz zamanı sizin sözlərinizin, vədlərinizin qüsursuzluğuna tam
etimad və inam yaratsın" (Əbdulbəha. London bəhailərinə məktub. Oktyabr
1911-ci il).
Həzrət Bəhaullah daim tələb edir ki,
insanlar insanın əsl daxili mahiyyətini təşkil edən gizli kamil keyfiyyətləri
dərk etsinlər və onların tam şəkildə üzə çıxmasına imkan versinlər. Bu daxili
mahiyyət insanın zahiri formasından fərqlənir. Belə ki, zahiri forma ən yaxşı
halda məbəd, ən pis halda isə insan üçün əsl məhbəsdir.
Həzrət Bəhaullah "Gizli kəlamlar"da
buyurur:
"Ey varlıq oğlu! Səni qüvvətli
əllərimlə yaratdım, qüdrətli barmağlarımla xəlq etdim. Nurumun cövhərini səndə
əmanət qoydum. Buna razı ol və başqa bir şey axtarma. Mənim sənətim kamil və
hökmüm nüfuzludur. Ona şəkk etmə və şübhə ilə yanaşma."
(Bəhaullah. Gizli kəlamlar)
"Ey ruh oğlu! Mən səni zəngin
yaratdım, nə üçün yoxsulluğa yuvarlanırsan? Səni əziz yaratdım, nə üçün zəlil
tutursan? Səni elm cövhərindən zahir etdim, nə üçün məndə deyil, başqalarında
elm axtarırsan? Səni məhəbbət gilindən yapdım, necə Məndən başqası ilə
məşğulsan? İndi dön özünə bax ki, məni özündə qüvvətli, qüdrətli və qəyyum
tapasan" (Bəhaullah. Gizli kəlamlar).
"Ey bəndəm! Sən qaranlıq qında
gizlənmiş cəvahirli bir qılınc kimisən və buna görə sənin qiymətin Sərəfların
yanında örtülü qalıb. Elə isə nəfsi-həvanın qınından kənara çıx ki, sənin
cövhərin aləm əhlinə aşkar və aydın olsun." (Bəhaullah. Gizli kəlamlar, s.48)
"Ey dostum! Sən Mənim Müqəddəs Səmamın
günəşisən, özünü dünyanın qara pərdəsinə bürümə. Qəflət hicabını yırt ki,
örtüksüz və pərdəsiz halda buludlar arxasından çıxıb bütün varlıqları həyat donu
ilə bəzəyəsən" (Bəhaullah. Gizli kəlamlar).
Həzrət Bəhaullahın Öz ardıcıllarını
səsləndiyi həyat, həqiqətən, elə ləyaqətlidir ki, insanların bütün imkanları
daxilində insana ilham verə bilmək qabiliyyətinə malik olan bundan yüksək və
gözəl heç nə yoxdur.
Özündəki mənəvi başlanğıcı həyata
keçirmək, — yəni "bizi Allah yaradıb və Onun dərgahına da qayıtmalıyıq"
kəlamının ali həqiqətini dərk etmək deməkdir. Allahın dərgahına olan bu qayıdış
bəhainin ən ali məqsədidir və həmin məqsədə nail olmağın yeganə yolu — Allahın
Peyğəmbərlərinə itaət etməkdir, bizim dövrümüzdə isə Yeni Eranın Peyğəmbəri —
Həzrət Bəhaullaha itaət etməkdir.