Ý Kitabın
əvvəlinə
"Dua — nərdivandır, onun vasitəsilə hər
bir kəs Allah dərgahına yüksələ bilər".
Həzrət Məhəmməd (s.ə.s)
DUA EDƏNİN MÜNASİBƏTİ
VASİTƏÇİYƏ EHTİYAC
DUANIN ZƏRURİLİYİ VƏ VACİBLİYİ
BİRGƏ İBADƏT
DUA — MƏHƏBBƏT DİLİDİR
BƏLALARDAN XİLAS OLMAQ
DUA VƏ TƏBİİ QANUNLAR
BƏHAİ DUALARI
Həzrət Əbdülbəha buyurur: "Dua —
Allahı zikr etmək deməkdir".
Allah Öz İradəsini və Arzusunu
adamlara bildirmək üçün onlarla başa düşüləcək bir dildə danışmalıdır və bunu
Özünün Müqəddəs Peyğəmbərlərinin dili ilə edir. Peyğəmbərlər insanlar arasında
yaşadıqları zaman onlarla üzbəüz danışır və Allahın Vəhylərini insanlara
çatdırırlar, lakin dünyalarını dəyişdikdən sonra onların təlimi insanlara yazılı
kəlamlar və mətnlər vasitəsilə çatdırılır.
Amma bu, Allahın insanla danışa
biləcəyi yeganə üsul deyil. Bir də nitqdən və yazıdan asılı olmayan Ruhun dili
vardır ki, onun vasitəsilə Allah kimliyindən, irqi və din mənsubiyyətindən asılı
olmayaraq, həqiqət axtaran hər bir qəlblə ünsiyyətə girə və onu ilhamlandıra
bilir. Bu dilin vasitəsilə Peyğəmbər hətta dünyasını dəyişdikdən sonra da
möminlərlə danışmaqda davam edir. İsa Məsih çarmıxa çəkildikdən sonra da Öz
şagirdləri ilə danışır və onları ruhlandırır.
Əslində İsa Məsihin o zaman
şagirdlərinə təsiri sağlığında olduğundan daha qüvvətli idi. Digər
Peyğəmbərlərlə də belə olmuşdur.Həzrət Əbdülbəha bu ruhi dili dəfələrlə
xatırlayır. Belə ki, məsələn, O buyurur:
"Biz, səmavi dillə — Ruhun Dili ilə
danışmalıyıq, çünki bu dil ürəklərin və qəlblərin dilidir. O, bizim dilimizdən
fərqlənir, necə ki, bizim nitqimiz qışqırıqlar və səslərlə ifadə olunan
heyvanların dilindən fərqlənir.
Allahla danışan o dil — Ruhun Dilidir.
Dua etdiyimiz zaman biz bütün maddi şeylərdən azad olub Allaha müraciət edərkən,
sanki ürəyimizdə Onun səsini eşidirik... Həqiqi ruhi vəziyyətə çatdıqda bizim
hər birimiz Allahın səsini eşidə bilərik." (Əbdülbəha ilə miss Etel
Rozenberqin söhbətindən)
Həzrət Bəhaullah buyurur ki, yüksək
mənəvi həqiqətlər yalnız ruhi dillə çatdırıla bilər. Deyilmiş və yazılmış sözlər
tamamilə kifayət deyildir. "Yeddi vadi" adlı kitabçasında O, yer üzündəki
mənzildən Allah dərgahınadək olan səyahəti təsvir edərək, axırıncı yollar
haqqında belə buyurur:
"Dil onları ifadə etməkdə acizdir,
sözlər isə izahat vermək üçün azlıq edir. Qələm bunu yazmaqda gücsüzdür, mürəkkəb isə ancaq bir nəticə verir: qaralama... Yalnız bircə qəlb dərk
etdiyi vəziyyət barəsində başqa qəlbə məlumat verə bilər: bu, nə elçi vasitəsilə
çatdırıla bilər, nə də yazı ilə ifadə oluna bilər." (Bəhaullah. Yeddi vadi)
Həzrət Əbdülbəha buyurur ki, Allah ilə
ünsiyyətə girmək imkanı verən belə ruhi vəziyyətə nail olmaq üçün bizə
aşağıdakıları bilmək lazımdır:
"Biz bütün dünyəvi və insani şeylərdən
ayrılmaqla və üzümüzü yalnız bir olan Allaha tutmaqla bu vəziyyətə nail olmağa
çalışmalıyıq. Bu vəziyyətə nail olmaq insana ağır zəhmət bahasına başa gələcək;
lakin o, bunun üçün əziyyət çəkməli və buna səy göstərməlidir. Biz buna maddi
şeylər haqqında az düşünməklə və ruhi keyfiyyətlərə daha çox diqqət göstərməklə
nail ola bilərik. Biz birincidən nə qədər çox uzaqlaşsaq, ikinciyə bir o qədər
çox yaxınlaşırıq.
Özümüz seçməliyik. Bizim ruhi
qavrayışımız elə həssas və bəsirət gözümüz elə açıq olmalıdır ki, hər şeydə
İlahi Ruhun izlərini və işarələrini görə bilək: çünki bütün məxluqat bu Ruhun
şəfəqlərini əks etdirir" (Əbdülbəha ilə miss Etel Rozenberqin söhbətindən).
Həzrət Bəhaullah buyurur:
"Hər gün səhər dan yeri ağaranda o
(həqiqət axtaran), Allah ilə ünsiyyətə girməlidir, bütün şövqü və qətiyyəti ilə
öz Sevgilisinə doğru can atmalı və Allahı xatırlamaqla Onun məhəbbət atəşində
özünün biganəliyini yandırmalıdır" (Bəhaullahın Yazılarının antologiyası,
125-ci fəsil).
Bununla əlaqədar olaraq Həzrət
Əbdülbəha buyurur:
"İnsan Ruhun köməyi ilə öz idrakını
işıqlandırdığı zaman bütün mövcudatı qavramağa qadirdir... Əksinə, insan öz
qəlbini və idrakını Ruhun şəfqətlərindən məhrum edərək, maddi həyata üz tutduğu
zaman öz uca mövqeyindən yuvarlanıb ən alçaq heyvana çevrilir”. (Əbdülbəhanın
nitqindən, s.108). Başqa bir yerdə Həzrət Bəhaullah yazır:
"Ey insanlar, qəlblərinizi
ehtirasların köləliyindən azad edin, onları Məndən başqa, hər cür bağlılıqdan
qurtarın. Məni xatırlayın, çünki bu bütün şeyləri hər cür murdarlıqdan
təmizləyir...
Ey Mənim bəndəm! Sənin üçün nazil
olmuş İlahi Kəlamları avazla oxu ki, avazının şirinliyi sənin ruhunu
alovlandırsın və insanların qəlbini cəlb etsin. Hər bir kəsin dodaqlarından axıb
gələn, təklikdə oxuduğu bu İlahi Kəlamların rayihəsini səma məlaikələri aləmə
yayırlar" (Bəhaullahın lövhləri məcmuəsi. s.294-295).
Həzrət Əbdülbəhanın dediyinə görə:
"Yer atmosferi günəş şüalarının
istiliyini alıb yaydığı kimi, Yaradıcı ilə insanlar arasında da İlahi Nurdan tam
işıq alan və onu bütün bəşər aləminə yayan vasitəçinin olması zəruridir".
İlahi fəlsəfə.
Biz dua etdiyimiz zaman bizim fikrimiz
müəyyən mərkəzə yönəlməlidir. Əgər insan Allaha Onun Peyğəmbərinin köməyindən
istifadə etmədən ibadət edirsə, hər şeydən əvvəl, o Allah haqqında təsəvvürə
malik olmalıdır. Bu təsəvvür isə onun şəxsi təxəyyülü əsasında yaranır. Məhdud
qeyri-məhdudu dərk edə bilmədiyi kimi, Allah da heç vəchlə dərk edilə bilməz.
İnsan şəxsi idrakı ilə dərk etdiyi
şeyləri anlayır. Onun dərk edə bildiyi şey isə Allah deyil. İnsanın Allah
haqqında özü üçün yaratdığı təsəvvür ancaq kabus, oxşar, uydurma və xülyadır. Bu
təsəvvürlə Ali Varlıq arasında heç bir əlaqə yoxdur.
Əgər insan Allahı dərk etmək
istəyirsə, o, Onu mükəmməl güzgüdə — İsa Məsihdə yaxud Həzrət Bəhaullahda
tapmalıdır. Bu güzgülərin hər birində o İlahi Günəşin əksini görə bilir.
"Biz fiziki günəşi onun parıltısı,
işığı və istiliyi ilə dərk etdiyimiz kimi, Zühur Məbədindən mənəvi günəş şəfəq
saçdıqda biz Onun mükəmməl əlamətlərinə görə, Onun gözəllik keyfiyyətinə görə və
Onun şəfəqlərinin nuruna görə Allahı da eynilə dərk edirik" (Əkkada Persi Vudkonla söhbətdən. 1909 il).
Başqa bir vaxt O buyurur:
"Əgər Müqəddəs Ruh vasitəçilik
etməzsə, heç kim Allahın Səxavətinə nail ola bilməz. Öz-özünə aydın olan, məlum
həqiqətə etinasızlıq göstərməyin, belə ki, Müəllim olmasa uşaq dərs ala bilməz,
bilik isə Allahın bəxşişlərindən biridir. Bulud və yağış olmasa, torpaqda ot və
bitkilər bitməz: deməli, bulud İlahi Mərhəmətlə torpaq arasında vasitəçidir.
İşığın mənbəyi var və əgər onu
mənbədən kənarda axtarmaq arzusuna düşsələr, ona heç zaman nail olmayacaqlar...
İsa Məsihin həyatına diqqət edin. Bəzi adamlar belə təsəvvür edirdilər ki,
Xristian təlimi olmadan da həqiqəti əldə etmək olar, lakin elə bu təsəvvürün özü
ona səbəb oldu ki, onlar bu həqiqətdən məhrum oldular" (Əbdülbəhanın
məktubları, c.3, s.591-592).
Allahın Peyğəmbərinə üz tutmadan
Allaha ibadət etməyə çalışan adam ona bənzəyir ki, məhbəsdə olan kəs sanki öz
təsəvvürünün vasitəsilə günəş şəfəqinin parıltısından həzz almağa çalışır.
Bəhai təlimində dua oxumaq vacib
göstərişdir. Həzrət Bəhaullah "Kitab-i-Əqdəs" əsərində buyurur:
"Allah Kəlamlarını hər səhər və axşam
avazla (və ya tələffüzlə) oxuyun. Buna etinasızlıq göstərən kəs Allahın Əhdini
və Onun hökmlərini yerinə yetirmir. Bu gün bundan üz çevirən kəs həqiqətən
Allahdan üz çevirir. Allahdan qorxun, ey mənim bəndələrim!
Qoy müqəddəs yazıları tez-tez oxumaq
sizdə qürur hissi oyatmasın. Sevinc və təmiz qəlblə bir sətir ayə oxumaq,
Qüdrətli Allahın bütün ayələrini diqqətsiz oxumaqdan daha yaxşıdır. Allah
ayələrini oxuyarkən həddini bilin ki, sizi yorğunluq və ürək sıxıntısı
bürüməsin. Qəlblərinizə yorulub taqətdən düşənədək və süstləşənədək əziyyət
verməyin. Onları elə qoruyun ki, onlar vəhyin qanadlarında həqiqət Çeşməsinə uça
bilsinlər. Bu, Allaha yaxındır, əgər siz düşünənlərdənsinizsə" (Bəhaullah.
Kitabi-Əqdəs).
Həzrət Əbdülbəha Onunla məktublaşan
bir şəxsə buyurur:
"Sən, ey ruhani dost! Sən Məndən
duanın hikməti haqqında soruşursan! Bil ki, dua zəruri və vacibdir və heç bir
kəs, əgər o kəmağıl deyilsə, yaxud öhdəsindən gəlmək mümkün olmayan əngəllər ona
maneçilik törətmirsə, heç bir bəhanə ilə dua oxumaqdan azad edilmir"
(Əbdülbəhanın məktubları, c.3, s.683).
Başqa birisi soruşur: "Dua oxumaq nəyə
lazımdır? Əgər Allah-taala hər şeyi yaratmışdırsa və bütün işləri ən mükəmməl
qaydada yerinə yetirirsə, yalvarıb dua etməyin, öz ehtiyaclarımız haqqında
danışmağın və kömək axtarmağın nə mənası var?"
Həzrət Əbdülbəha cavab verir:
"Bil ki, zəifin Güclüdən təmənna
diləməsi təbii haldır və mərhəmət axtaranın Nurlu Səxavətliyə yalvarması ona
yaraşan şeydir və əgər hər hansı bir adam Rəbbə dua edirsə, Ona üzünü tutursa və
Onun dəryasında mərhəmət axtarırsa, bu dua onun qəlbinə işıq, bəsirət, aydınlıq,
ruhuna həyat və bütün varlığına sevinc gətirir.
Sən Allaha dua etdiyin və "Sənin Adın
mənim şəfamdır" — dediyin zaman qəlbinin necə sevindiyinə, könlünün Allaha olan
məhəbbət ruhundan necə həzz aldığına və ağlının İlahi Səltənətə neçə cəlb
olduğuna bir diqqət et.
Bu çoşğunluqlar hər bir adamın
həssaslığını və qabiliyyətini şiddətləndirir. Qabın həcmi nə qədər böyük olarsa,
bir o qədər çox su tutar, susuzluq artdıqda isə buludların səxavəti adamın
zövqünə daha çox xoş gəlir. Duanın mənası və diləklərimizin yerinə yetirilməsi
üçün bizim Allaha üz tutmağımızın sirri də elə bundadır" (Əbdülbəhanın
amerikalı dindara məktubundan, oktyabr,1908-ci il).
Həzrət Bəhaullah vəhyləri gündəlik
oxunan üç vacib dualarla — namazla birləşdirirdi. Dindarlara bu üç namazdan
birini seçmək azadlığı verilmişdir, lakin dindar bu namazlardan birini Həzrət
Bəhaüllahın buyurduğu tərzdə oxumalıdır.
Həzrət Bəhaullahın gündəlik vəzifə
kimi tövsiyə etdiyi namazı hər kəs təklikdə qılmalıdır. Həzrət Bəhaullah yalnız
vəfat edən üçün namazı birlikdə qılmağı buyurmuşdur. Bununla əlaqədar olan
yeganə tələb ondan ibarətdir ki, bir nəfər dindar namazın sözlərini ucadan
oxumalı, iştirak edənlər isə onun arxasında ayaq üstə durmalı və həmin sözləri
onun ardınca təkrar etməlidirlər. Bu İslam Dinində dindarların İmamın arxasında
sıraya düzülüb onun istiqa-mətləndirməsi əsasında birgə ibadət mərasimindən
fərqlənir. Bəhai Dinində bu qadağandır.
Həzrət Bəhaullahın müvafiq təlimatına
əsasən peşəkar ruhanilikdən imtina etmək o demək deyildir ki, O, Allaha birgə
ibadət etməyin əhəmiyyətini qiymətləndirmir.
Həzrət Əbdülbəha birgə ibadətin
əhəmiyyəti haqqında belə buyurur:
"İnsan deyə bilər: əgər mənim ürəyim
Allah eşqi ilə döyünürsə, istədiyim yerdə, istər səhrada olum, istər şəhərdə
yaxud kənddə olum, mən Allaha dua edə bilərəm. Nə üçün mən müəyyən gündə,
müəyyən vaxtda hamının yığışdığı yerə getməli və öz dualarımı onların dualarına
qoşmalıyam, bəlkə mənim dua etmək üçün əhvalım yoxdur?
Belə düşünmək faydasızdır, çünki
harada çox adam toplanarsa orada daha çox güç olar. Bir-birindən ayrı düşmüş,
təkbaşına vuruşan əsgərlərdə nizami ordu gücü ola bilməz. Əgər bu mənəvi
müharibədə bütün əsgərlər bir yerə toplanarsa, bu zaman onların bir-birinə bağlı
mənəvi hisslərinin biri digərinə kömək edər və dualar daha təsirli olar"
(Əbdülbəhanın miss Etel Rozenberqlə söhbətindən).
Allah onsuz da bütün ürəklərdən keçən
arzuları bilir, onda dua etmək vacibdirmi? — deyə soruşan bir nəfərə Həzrət
Əbdülbəha belə cavab verir:
"Əgər bir nəfər başqasını sevirsə, bu
zaman o, öz məhəbbətini ona bildirməyi arzulayır, hərçənd, o əmindir ki, dostu
onun ona olan məhəbbətini bilir, lakin, buna baxmayaraq o barədə yenə də demək
istəyir... Allah bütün ürəklərin arzusundan xəbərdardır, lakin insanın Allaha
olan məhəbbətinin doğurduğu dua — tamamilə təbiidir...
Vacib deyildir ki, dua sözlərlə ifadə
edilsin, vacib odur ki, o düşüncələrdə və müraciətlərdə olsun. Əgər dua oxumağa
istək və məhəbbət yoxdursa, onları zorla oyatmaq faydasızdır. Məhəbbətsiz sözün
heç bir əhəmiyyəti yoxdur. Əgər hər hansı bir şəxs sizinlə xoşagəlməz
məcburiyyət ilə danışırsa, sizinlə görüşdən heç bir ləzzət və ya məhəbbət
duymursa, belə olan halda siz onunla söhbət etmək istəyərdinizmi?" (Miss Etel
Stivensin "Fortnaytli Revyu"dakı məqaləsindən, iyul 1911-ci il)
Başqa bir söhbətində Həzrət Əbdülbəha
buyurur:
"İbadətin ucalığı ondadır ki, adamlar
Allahdan qorxduqlarına və ya Cəhənnəmdən dəhşətə gəldiklərinə, yaxud da Allahın
və ya Səmanın mərhəmətinə ümid bəslədiklərinə görə deyil, Allaha olan
məhəbbətləri naminə dua edirlər... İnsan başqasına olan məhəbbətin oduna alışıb
yandığı zaman Sevgilisini xatırlamaqdan özünü saxlaya bilməz. Allah eşqinə
düşmüş adamın da Rəbbin adını çəkməkdən özünü saxlaması beləcə çətindir...
Ruhani həyat sürən adam üçün Allahı zikr etməkdən başqa heç nədə sevinc yoxdur".
(Miss Alma Robertson və digər zəvvarların qeydlərindən noyabr və dekabr 1900-cü
il)
Peyğəmbərlərin təlimlərinə görə,
xəstəliklər və hər cür bəlalar İlahi Tövsiyəyə itaət etməməkdən irəli gəlir.
Hətta sel daşqınları, tufanlar və zəlzələlər kimi fəlakətləri Həzrət Əbdülbəha
bilavasitə bu səbəbə aid edir.
Səhvlərdən sonra əzabların gəlməsi
çəza vermək məqsədi deyil, tərbiyə və islah etmək xarakteri daşıyır. Bu insanın
düz yoldan azdığı barədə xəbərdarlıq edən Allahın səsidir. Əgər əzablar
ağırdırsa, deməli, bu yalnız ona görədir ki, günahın qorxusu daha dəhşətlidir,
çünki "günahın muzdu — ölümdür".
Buna görə də bəlalar itaətsizliklərdən
törəndiyi kimi, bəlalardan xilas olmaq da yalnız itaət etməklə əldə edilə bilər.
Bu bəlalar təsadüfi deyildir, onlar labüddür. Allahdan üz döndərmək hökmən
bədbəxtlik gətirir, Allaha üz tutmaq isə Onun mərhəmətini cəzb edir.
Bir halda ki, bütün bəşəriyyət vahid
orqanizmdir, onda hər bir adamın rifahı nəinki yalnız onun şəxsi
hərəkətlərindən, eləcə də onun yaxınlarının davranışlarından asılıdır. Əgər hər
hansı bir adam ədalətsizlik edərsə, hamı çox və ya az dərəcədə bundan zərər
çəkər: eyni zamanda əgər hər bir kəs yaxşı hərəkət edərsə, onda hamı bundan
faydalanar.
Hər bir kəs müəyyən dərəcədə öz yaxın
qonşusunun yükünü daşımalıdır. İnsanların ən yaxşısı o kəsdir ki, öz üzərinə
daha ağır yük götürür. Müqəddəslər həmişə saysız-hesabsız məşəqqətlərə düçar
olmuşlar və ən böyük əzablar Peyğəmbərlərin qismətinə düşmüşdür.
Həzrət Bəhaullah "İqan" kitabında
yazır:
"Hər Peyğəmbərin və Onun əshabələrinin
fəqirlik və zillət kimi necə bəlalara mübtəla olması, onlara iman gətirənlərin
başlarının şəhər-şəhər ərməğan olaraq necə göndərildiyi, onların qarşısında necə
maneələr yaradıldığı barədə eşitməmiş olmazsınız.” (Bəhaullah. Kitab-i-İqan)
Bütün bunlar o demək deyildir ki,
Peyğəmbərlər və müqəddəslər başqa adamlardan fərqli olaraq daha çox cəzalara
layiqdirlər, xeyr, onlar həmişə başqalarının günahlarına görə əzablar çəkirlər
və bu əzabları başqaları naminə seçirlər. Onlar özlərinin şəxsi rifahlarının
deyil, bütün bəşəriyyətin xoşbəxtliyinin qayğısına qalırlar. Bütün bəşəriyyəti
səmimiyyətlə sevən hər bir adamın duası təkcə onun kasıblıqdan, xəstəlikdən və
bədbəxtliklərdən qurtarılmasına deyil, bütün insanların nadanlıqdan, bəlalardan
və digər azarlardan xilas edilməsinə yönəlir.
Əgər O Özünə sağlamlıq və var-dövlət
arzulayırsa, bunu yalnız İlahi Səltənətə xidmət etmək naminə diləyir, lakin əgər
Ona fiziki sağlamlıq və var-dövlət qismət olmazsa, o bunu səmimi qəlblə və
itaətkarlıqla qəbul edərək bilir ki, Rəbbin yolunda Onun qismətinə düşən nə
varsa ən yüksək müdrikliyin təzahürüdür. Həzrət Əbdülbəha buyurur:
"Dərd, qəm-qüssə bizim üzərimizə
təsadüfən tökülmür, onlar Allahın Mərhəmətilə bizim kamilləşməyimiz üçün
göndərilir. Nə qədər ki, insan xoşbəxtdir o, Allahı unuda bilər, lakin dərd və
kədər üz verəndə insan onu bütün bu bəlalardan qurtara bilən Səmavi Atanı yadına
salır. İnsan nə qədər çox bəlalara düçar olarsa, onda bir o qədər çox
xeyirxahlıq və mənəvi keyfiyyətlər inkişaf edir" (Əbdülbəha. Paris
söhbətləri, s.45). İlk baxışda bu çox ədalətsiz görünə bilər ki,
günahsız adam nə üçün günahkarın təqsiri ucbatından əzab çəkməlidir, lakin
Həzrət Əbdülbəha bizi əmin edir ki, ədalətsizlik yalnız zahiri əlamətdir və son
nəticədə isə əsl həqiqət zəfər çalır. O, buyurur:
"Zülmkarlar tərəfindən incidilən
körpələrə, uşaqlara və zəiflərə gəldikdə isə... onların ruhu üçün o biri dünyada
əvəz müəyyənləşdirilib... Onların çəkdikləri əzablar Allahın ən böyük nemətidir.
Həyatın bütün ləzzətlərini çəkməkdənsə, yaxud bu fani dünyada sadəcə olaraq
böyüyüb boya-başa çatmaqdansa, həqiqətən Allahın əsl Mərhəməti olan bu bəlalara
düçar olmaq daha yaxşıdır" (Əbdülbəhanın məktubları, c.2, s.337).
Duanın təsir gücünə inanmaq çoxları
üçün çətindir, çünki onlar hesab edirlər ki, duanın yerinə yetməsi təbiət
qanunlarının pozulmasıdır. Gətirdiyimiz misal bu çətinliyi aradan qaldırır. Əgər
maqniti dəmir qırıntıları üzərində saxlasaq, qırıntılar qalxaraq maqnitə
yapışacaq, lakin bu cazibə qanununu pozmayacaqdır. Cazibə qanunu əvvəlki kimi
dəmir qırıntılarına öz təsirini göstərəcəkdir. Yalnız o baş vermişdir ki, təsiri
cazibə qüvvəsi kimi təbii və onun kimi hesablana bilən digər yüksək qüvvə
meydana gəlmişdir.
Bəhailərin fikrincə dua bu vaxtadək
hələ nisbətən az məlum olan ali qüvvələri hərəkətə gətirir: lakin bu qüvvələrin
öz fəaliyyətlərinə görə fiziki qüvvələrdən daha sərbəst olmasını güman etməyə
əsas yoxdur. Fərq ondadır ki, bu qüvvələr hələ tam öyrənilmədiyindən və təcrübə
vasitəsilə tədqiq edilmədiyindən onların təsir qüvvəsi sirli görünür və bizim
biliyimizin azlığından hesablana bilmir.
Bəzilərini çaşdıran digər çətinlik
ondan ibarətdir ki, reallaşması çox zaman dua ilə bağlanılan böyük nəticələrin
ortaya çıxması üçün dua olduqca zəif qüvvə təsiri bağışlayır. Bu çətinliyi izah
etmək üçün aşağıdakı misal kifayətdir.
Hovuzların şlüzlərinə kiçik qüvvə
tətbiq etməklə nəhəng su axınını açıb buraxmaq və nizamlamaq olar. Okean
kəmisinin sükanına kiçik qüvvə ilə təsir göstərməklə nəhəng gəminin hərəkətinə
nəzarət etmək mümkündür.
Bəhailərin fikrincə, dua edənə cavab
verən qüvvə tükənməz İlahi qüvvədir. Dua edən şəxs öz zəif qüvvəsinə güc verən
kimi. Ondan necə kömək diləməyi dərk edənlərin həmişə köməyinə gəlməyə hazır
olan İlahi Mərhəmət selini hərəkətə gətirə bilir.
Həzrət Bəhaullah və Həzrət Əbdülbəha
Vəhyə dair çoxlu dualar yazmışlar ki, ardıcılları müxtəlif vaxtlarda və müxtəlif
şəraitlərdə onları oxusunlar. Bu dualarda ifadə olunan düşüncə dərinliyi və
ruhun əzəməti, şübhəsiz onları diqqətlə oxuyan hər bir kəsi ilhamlandırmalıdır.
Lakin bizim əməllərimiz üçün bu
duaların əhəmiyyəti və onların göstərdiyi şəfqətli təsir yalnız o zaman tam
qiymətləndirilə bilər ki, onlar müntəzəm olaraq oxunsun və bizim gündəlik
həyatımızın vacib hissəsini təşkil etsin. Təəssüflər olsun ki, kitabın həcminin
azlığından biz həmin dualardan ancaq bir neçə nümunə verməklə kifayətlənirik.
Başqa nümunələrlə siz digər kitablarda tanış ola bilərsiniz.
"Ey mənim Allahım! Qoy Sənin camalın
mənim ruzum olsun, Sənin hüzurun suyum olsun. Sənin hüsn-rəğbətin mənim ümidim
olsun, Sənə həmd-səna etmək mənim işim olsun. Sənin fikirlərin mənim sirdaşım
olsun və Sənin hökmünün gücü mənim köməyim olsun. Sənin dərgahın mənim evim
olsun və nazik pərdə ilə Səndən ayrılan, kənarda olan, Sənin müqəddəs saydığın
yer mənim yaşayış yerim olsun. Sən həqiqətən Qüdrətlisən, Şərafətlisən,
Qüvvətlisən" (Bəhaullah. Dualar və meditasiyalar, s.168).
"Ey Tanrım, səni tanımaq və Sənə
ibadət etmək üçün məni yaratdığına şəhadət verirəm. Bu anda öz acizliyimə və
Sənin Qüvvətinə, öz zəifliyimə və Sənin Qüdrətinə, öz fəqirliyimə və Sənin
Zənginliyinə şəhadət verirəm. Səndən başqa Allah yoxdur. Sən Əzəmətli və
Qəyyumsan (kiçik namaz)" (Bəhaullah. Bəhai duaları.).
"Ey mənim Allahım! Ey mənim Allahım!
Sənə xidmət edənlərin qəlblərini birləşdir və Öz Ali Məqsədini onlara aşkar
eylə, ta ki, onlar Sənin Əmrlərinə riayət etsinlər və Sənin Qanunlarını yerinə
yetirsinlər.
Ey Allahım! Onların cəhd
göstərmələrinə kömək eylə. Sənə xidmət etmək üçün onlara qüvvə ver.
Ey Allahım! Onları özbaşına buraxma,
onların qədəmlərini Öz hikmət Nurunla istiqamətləndir. Öz məhəbbətinlə onların
qəlblərini şad eylə. Həqiqətən, sən onların köməyisən, onların Mövlasısan"
Bəhaullah.
"Ey günahları bağışlayan Rəbbimiz! Bu
bəndələrinin pənahı Sənsən və bütün sirlərə Vaqifsən. Biz hamımız acizik. Sən
Qüdrətli və Qüvvətlisən, biz hamımız günahkarıq, sən isə günahları Bağışlayan,
Rəhimli və Rəhmansan.
Ya Rəbb! Bizim qüsurlarımıza baxma. Öz
fəzl və bəxşişinlə bizimlə rəftar eylə. Bizim səhvlərimiz çoxdur, amma Sənin
mərhəmət Dənizin tükənməzdir. Bizim acizliyimiz çoxdur, lakin Sənin köməyin və
yardımın bəllidir, buna görə kömək və yardımını bizdən əsirkəmə. Bizi Öz
Dərgahına layiq olan əməllərə yönəlt. Qəlblərimizi nurlandır, gözlərimizi
işıqlandır və qulaqlarımızı eşidən et. Ölənlərə axirətdə həyat ver, xəstələrə
şəfa bağışla, yoxsulları varlı et, qorxaqlara əmin-amanlıq ver və bizi Öz
Mələkutunda qəbul edərək hidayət nuru ilə işıqlandır.
Sən Qüdrətlisən, Sən Qüvvətlisən, Sən
Kərimsən, Sən Rəhimsən, Sən Mehribansan".
Əbdülbəha Abbas
"Ey mənim Allahım və Mehriban Rəbbim!
Bizə elə qüvvət ver ki, bütün yer üzünün orduları qarşısında dayana bilək və elə
bir qüdrət bağışla ki, dərya suları kimi Şərqlə Qərbin sahillərində dalğalanaq".
Əbdülbəha Abbas.
"Ey Mərhəmətli Allah! Sən bütün
insanları bir cinsdən yaratmısan ki, hamısı bir ailənin üzvləri və Sənin
qulların olsunlar. Sən onları Özünün mərhəmət çadırının kölgəsinə topladın və
hamını Öz Səxavət süfrənin ətrafına yığdın və onları Öz səfalı günəşinin
şəfəqləri ilə işıqlandırdın.
İlahi! Sən hamı ilə mərhəmətlisən, Sən
hamıya qayqı göstərirsən və hamını qoruyursan, sən hamıya həyat bəxş edirsən və
hamını Öz Mərhəmət ümmanına qərq edərək hamıya hədiyyələr və qabiliyyətlər
verirsən.
Ey Mərhəmətli Allah! Hamını birləşdir,
müxtəlif dinlər arasında razılıq yarat və bütün millətləri vahid bir xalq
halında birləşdir ki, hamı bir ailənin üzvü olsun, bütün dünyanı bir vətən
saysınlar və bir-biri ilə mükəmməl dostluq və məhəbbət şəraitində yaşasınlar!
İlahi! Bəşər nəslinin birlik bayrağını
ucalt. İlahi! Ən Böyük Sülhü bərqərar et və insanların qəlblərini yaxınlaşdır.
İlahi! Ey Mehriban Atamız!
Qəlblərimizi Öz məhəbbətinlə sevindir. Gözlərimizi yol göstərən Nurunla
işıqlandır. Qulaqlarımızı Sənin həyatverən səsinin təranələri ilə nəşələndir və
bizim hamımızı Öz İlahi Qüvvənlə hifz et. Sən Qüdrətlisən və Güclüsən ey
qüsurları gizlədən və günahları Bağışlayan".
Əbdülbəha Abbas
"Ey Qüdrətli Allah! Mən günahkaram,
lakin Sən Bağışlayansan. Mənim qüsurlarım çoxdur, lakin Sən Rəhmlisən, Mən
günahlar zülmətindəyəm, lakin Sən alov Nurusan, Buna görə də ey Mərhəmətli
Allah, mənim günahlarımı bağışla, Öz bəxşişlərini göndər, mənim səhvlərimə fikir
vermə, mənə sığınacaq ver, məni Öz səbr çeşmənə qərq et və məni bütün
xəstəliklərdən və azar-bezardan uzaq et.
Məni saflaşdır və müqəddəsləşdir.
Özünün Müqəddəsliyindən mənə pay ver ki, dərd və kədərlər yox olsun, sevinc və
xoşbəxtliklər nazil olsun: qüssə və ruh düşgünlüyünü əminlik əvəzləsin, qorxu
isə cəsarətə çevrilsin. Həqiqətən Sən Bağışlayansan, Rəhmansan, Sən
Səxavətlisən, Sevimlisən".
Əbdülbəha Abbas
"Ey Rəhimli Allah! Şükr olsun Sənin
Dərgahına ki, məni qəflət yuxusundan oyadıb şüur vermisən. Sən mənə göz
vermisən, qulaq vermisən, Öz Dərgahının yolunu göstərmisən, məni haqq yoluna
yönəltmisən, qurtuluş gəmisinə mindirmisən.
İlahi! Mənə dəyanət, sədaqət,
möhkəmlik ver. Məni çətin imtahana çəkmə, məni hifz et, mənə dərgahında yer ver.
Sən Qüdrətlisən, Sən hər şeyi görənsən. Sən hər şeyi Eşidənsən, Sən Rəhmansan.
Ey Rəhimli Allah! Mənə güzgü təkin
təmiz bir ürək bağışla ki, o Sənin məhəbbət Nurunla işıq saçsın və ona ruhani
şəfaətindən nəfəs ver ki, o yer üzünü gülüstana çevirsin. Sən Şəfaətlisən,
Mərhəmətlisən, Səxavətlisən".
Əbdulbəha Abbas.
Həzrət Bəhaullahın Təlimində dua
oxumaq böyük əhəmiyyətə malik olsa da, bəhai duaları təkcə yazılanlarla
məhdudlaşmır. Həzrət Bəhaullah buyurur ki, hər bir şəxsin həyatı dua kimi
olmalıdır, yəni, vicdanla görülən hər bir iş ibadətdir, Allahın Şərəfinə və
yaxın qonşunun rifahına həsr olunmuş hər bir fikir, söz və əməl, sözün əsl
mənasında duadır.