"Dünya tək bir vətəndir, və bütün insanlar - onun vətəndaşlardır." - Bəhaullah
Bəhaullah və Yeni Era -
Con Ebenezer Esslemont

Ý Kitabın əvvəlinə   


VII FƏSİL. SAĞLAMLIQ VƏ MÜALİÇƏ

"Allaha üz tutmaq insanın bədəninə, qəlbinə və ruhuna şəfa verir"

Əbdulbəha Abbas

BƏDƏN VƏ RUH

BÜTÜN HƏYATIN BİRLİYİ

SADƏ HƏYAT

SPİRTLİ İÇKİLƏR VƏ NARKOTİK MADDƏLƏR

HƏZZ VƏ ƏYLƏNCƏ

TƏMİZLİK VƏ SƏLİQƏLİK

PEYĞƏMBƏRLƏRİN TÖVSİYƏLƏRİNƏ  İTAƏTİN NƏTİCƏLƏRİ

HƏKİM-PEYĞƏMBƏR

MADDİ VASİTƏLƏRLƏ MÜALİCƏ

QEYRİ-MADDİ VASİTƏLƏRLƏ MÜALİCƏ

MÜQƏDDƏS RUHUN QÜDRƏTİ

XƏSTƏNİN VƏZİYYƏTİ

ŞƏFAVERƏN

HAMI KÖMƏK EDƏ BİLƏR

QIZIL ƏSR

SAĞLAMLIQDAN NECƏ DÜZGÜN  İSTİFADƏ ETMƏLİ

 


BƏDƏN VƏ RUH

Bəhai Təliminə görə insan bədəni ruhun inkişafı üçün ancaq müvəqqəti örtükdür və məqsəd əldə edildikdən sonra bədən parçalanıb dağılır. Eynilə yumurta qabığı da cücənin inkişaf etməsi üçün müvəqqəti yaşayış yeri vəzifəsini daşıyır və öz vəzifəsini yerinə yetirdikdən sonra parçalanır və məhv olur.

Həzrət Əbdülbəha, buyurur ki, fiziki bədən əbədi ölməzlik qabiliyyətinə malik deyildir, çünki müxtəlif elementlərdən qurulmuş tərkibdən ibarətdir və bütün buna bənzər tərkiblər kimi müəyyən vaxtda parçalanmalıdır.

Bədən ruh üzərində ağalıq etməli deyil, ona xidmət etməlidir, o sözə baxan, işgüzar və könüllü şəkildə itaətkarlıq göstərən nökər olmalıdır və onunla yaxşı nökərin layiq olduğu kimi rəftar edilməlidir. Əgər bədənə lazımi qulluq göstərilməsə, həm ağa üçün və həm də nökər üçün zərərli nəticələrə səbəb olan bədbəxtlik və xəstəliklər baş verər.

BÜTÜN HƏYATIN BİRLİYİ

Həzrət Bəhaullahın əsas təlimlərindən biri də həyatın milyonlarla müxtəlif forma və pillələri arasındakı əlaqədir. Bizim fiziki sağlamlığımız əqli, əxlaqi və ruhi vəziyyətimizlə, həmçinin bizim yaxın adamlarımızın fərdi və ictimai sağlamlığı ilə sıx surətdə bağlıdır; bundan başqa, hətta heyvanların və bitkilərin həyatı ilə də elə bağlıdır ki, onların hər biri digərindən, adətən, bu barədə düşündüklərindən daha yüksək dərəcədə asılıdır.

Buna görə də insan həyatının hansı sahəsinə aidliyindən asılı olmayaraq, Peyğəmbərin elə bir tövsiyyəsi yoxdur ki, o fiziki sağlamlıqa toxunmasın. Onun qanunlarından bəziləri başqalarından fərqli olaraq, bilavasitə fiziki sağlamlıqla əlaqədardır və buna görə də biz indi bu barədə danışacağıq.

SADƏ HƏYAT

Həzrət Əbdülbəha buyurur:

"Qənaət-insan rifahının təməlidir. İsrafçılıq həmişə çətinlik yaradır. Kimin tərəfindən edilməsinə baxmayaraq, israfçılıq bağışlanmaz günahdır. Parazit bitkilər kimi biz başqalarının hesabına yaşamamalıyıq. Hər bir kəs, istər əqli, istərsə də fiziki olsun, hansısa bir işlə məşğul olmalı, insana layiq olan elə təmiz və alicənab həyat sürməlidir ki, başqaları üçün nümunəyə çevrilsin.

Özgəsinin vəsaiti ilə hazırlanmış cürbəcür ləziz yeməklərdən süfrə açmaqdansa, öz halal zəhməti hesabına qazanılmış yavan quru çörəklə kifayətlənmək daha yaxşıdır. Aza qane olan adamın fikirləri həmişə sülhsevər, ürəyi isə sakit olar".

Ət yeməkləri qadağan olunmasa da, Həzrət Əbdülbəha buyurur:

"Gələcəkdə insanın qida məhsulları meyvələrdən və tərəvəzdən ibarət olacaqdır. Elə vaxt gələcəkdir ki, ətdən daha istifadə edilməyəcəkdir. Tibb elmi hələ özünün görpəlik çağındadır, lakin o da göstərmişdir ki, bizim təbii qidamız torpaqda göyərənlərdir" (Miss Yuliya Qrundi. On gün Əkka işığında).

SPİRTLİ İÇKİLƏR VƏ NARKOTİK MADDƏLƏR

Həzrət Bəhaullah xəstəlik zamanı müalicə vasitəsi kimi işlətmək istisna olmaqla, məstedici və kefləndirici vasitələrdən istifadə edilməsini qəti şəkildə qadağan edir.

HƏZZ VƏ ƏYLƏNCƏ

Bəhai Təlimi tərgi-dünyalığa deyil, mötədilliyə əsaslanır. Həm maddi, həm də mənəvi dünyada yaxşı və gözəl şeylərdən həzz almaq nəinki təşviq edilir, həm də məsləhət görülür.

Həzrət Bəhaullah buyurur: "Allahın sizin üçün yaratdıqlarından özünüzü məhrum etməyin".

Başqa bir yerdə O buyurur: "Sizin üzünüz böyük sevinc və heyranlıq ifadə etməlidir" (Bəhaullah. Cənnət kəlamları).

Həzrət Əbdülbəha buyurur: "Yaradılmış bütün şeylər — məxluqatın əşrəfi olan insan üçündür və o, bu İlahi töhfələrə görə Allaha minnətdar olmalıdır. Bütün maddi nemətlər bizim üçün mövcuddur ki, biz Allaha şükrlər etməklə, həyatı da Allahın mərhəməti kimi anlamağı öyrənək. Əgər biz həyatımızdan gileyləniriksə, onda bununla biz öz naşükürlüyümüzü ifadə etmiş oluruq, çünki bizim maddi və mənəvi mövcudluğumuz İlahi Mərhəmətin əyani sübutudur. Buna görə də biz xoşbəxt olmalı, öz həyatımızı şükrlərlə keçirməli və bizim üçün xəlq edilən nə varsa, hamısını qiymətləndirməliyik" (Əbdülbəha. İlahi fəlsəfə, s.104).

"Sizin oyunlara qoyduğunuz qadağa bütün növlərdən olan oyunlaramı aiddir?" — sualına Həzrət Əbdülbəha belə cavab vermişdir:

"Yox, vaxt keçirmək üçün nəzərdə tutulmuş və pis nəticələr verməyən bəzi oyunların ziyanı yoxdur. Lakin bu cür vaxt keçirməyin tənbəlliyə və tüfeyliliyə çevrilmək təhlükəsi mövcuddur. Tüfeylilik isə İlahi təlimdə bəyənilmir. Amma idman təlimləri kimi fiziki qüvvəni möhkəmləndirən və istirahətə xidmət edən oyunlar arzu olunandır".

TƏMİZLİK VƏ SƏLİQƏLİK

Həzrət Bəhaullah "Kitab-i-Əqdəs" əsərində buyurur: "İnsanlar arasında saflıq, paklıq nümunəsi olun... bütün şəraitlərdə zərif davranışınızla fərqlənin. Təmizliyə riayət edin ki, paltarınızda kiçik bir ləkə izi də olmasın... Təmiz sudan istifadə edin; işlənmiş sudan istifadə etməyə içazə verilmir... Həqiqətən, Biz sizi Cənnətin yer üzündə təcəssümü görmək istəyirik; qoy sizdən elə ətirlər yayılsan ki, yaxınlığınızda olanların qəlblərini sevindirsin".

Mirzə Əbül-Fəzl özünün "Aydın dəlillər" (səh. 89) kitabında xüsusilə Şərqin bəzi ölkələrində çirkli sudan çox vaxt məişət ehtiyacları üçün, yuyunmaq üçün və hətta içmək üçün istifadə edilməsini vurğulayaraq bu hökmlərin fövqəladə əhəmiyyətini göstərir. Dəhşətli antisanitariyanın mövcud olduğu şəraitdə gigiyenaya etinasızlıq çoxlu yoluxucu xəstəliklər və bəlalar törədir halbuki bunların qarşısı alına bilər.

Çox vaxt belə düşünürlər ki, bu şərait hakim din tərəfindən qəbul edilmişdir və onu Şərqdə yalnız İlahi nüfuza malik ola bilən şəxs dəyişdirə bilər. Eləcə də əgər təmizlik möminlik işində ikinci dərəcəli məsələ sayılmayıb, onun əhəmiyyətli hissəsinə çevrilsəydi, Qərb yarım kürəsinin bir çox yerlərində heyrətamiz dəyişikliklər baş verərdi.

PEYĞƏMBƏRLƏRİN TÖVSİYƏLƏRİNƏ
İTAƏTİN NƏTİCƏLƏRİ

Sadə həyat tərzi sürmək, gigiyenaya riayət etmək, spirtli içkilərdən, tiryəkdən və digər zərərli vasitələrdən imtina etməyə dair tövsiyələrin yerinə yetirilməsi sağlamlığa faydalı təsir göstərir. Əgər bu tövsiyələrə hər yerdə əməl olunsaydı, onda yoluxucu xəstəliklərin əksəriyyəti və həmçinin digər xəstəliklər insanlar arasından yox olub gedərdi. Ən sadə gigiyena qaydalarına etinasızlıqla yanaşmaq və spirtli içkilərə, narkotik maddələrə aludəlik nəticəsində baş verən xəstəliklərin sayı təsəvvürə gəlməzdir. Bundan başqa bu tövsiyələrə riayət edilməsi nəinki sağlamlığa faydalı təsir göstərə bilər, həm də insanın əxlaqına və xasiyyətinə böyük təsir bağışlaya bilər.

Spirtli içkilər və narkotik maddələr insanın yerişindən və bədəninin məlum xəstəliklərindən daha çox onun mənəviyyatına öz təsirini göstərir. Belə ki, onlardan çəkinməkdən əldə edilən əxlaqi və ruhi xeyir fiziki sağlamlıqdan daha əhəmiyyətlidir. Təmizliyə və səliqəyə dair Həzrət Əbdülbəha buyurur:

"Zahiri təmizlik və səliqə fiziki iş sayılsa da, bununla bərabər ruhi keyfiyyətə də böyük təsir göstərir. Təmiz və ləkəsiz bədənə malik olmağın özü insanın ruhuna da güclü təsir edir..." (Əbdülbəhanın məktubları, c.3, s.581)

Əgər cinslərin qarşılıqlı əlaqəsində bakirəliyə dair Peyğəmbərlərin qanunları yerinə yetirilsəydi, onda xəstəliklərin daha bir səbəbi aradan qaldırılardı. Minlərlə günahsız adamların və günahkarların, uşaqların, həmçinin onların valideynlərinin sağlamlığını məhv edən mənfur zöhrəvi xəstəliklər tezliklə keçmişdə qalmış olardı.

Əgər ədalətlilik, qarşılıqlı yardım və yaxınları özün qədər sevmək haqqında Peyğəmbərlərin tövsiyələrinə əməl olunsaydı bir tərəfdən üzücü zəhmət, hədsiz yoxsulluq, mənzil şəraitinin çətinlikləri; digər tərəfdən isə insanın fiziki, psixi və mənəvi həyatını dağıtmaqda davam edən əxlaqsızlıq, tənbəllik və ifrat cah-cəlal yer üzündən silinərdi.

Musa, Budda, İsa, Məhəmməd (s.ə.s.), yaxud Bəhaullahın mənəviyyat və gigiyenaya dair tövsiyyələrinə sadəcə olaraq itaət edilsəydi, xəstəliklərin qarşısının alınmasında həkimlərin bütün göstərişlərinə və mövcud ictimai gigiyena qaydalarına riayət edilməsindən daha səmərəli nəticələr əldə olunardı.

Əslində cəsarətlə deyə bilərik ki, əgər belə itaətkarlıq ümumi iş olsaydı, onda gümrahlıq və sağlamlıq da ümumi nailiyyətə çevrilərdi. İndi tez-tez baş verən körpəlik çağında, gənclikdə və yetkinlik yaşında xəstələnmələr və ya ölüm əvəzinə, meyvələr yetişənədək ağacda qaldığı və yumşaldığı kimi, insanlar da qocalanadək yaşayardılar.

HƏKİM-PEYĞƏMBƏR

Lakin biz elə bir dünyada yaşayırıq ki, hələ qədim zamanlardan Peyğəmbərlərin tövsiyələrinə itaət etmək qayda deyil, müstəsna bir hal olmuş, insanın özünə məhəbbəti Allaha olan məhəbbətindən daha qüdrətli mühərrikə çevrilmiş, məhdud şəxsi maraqlar bütün bəşəriyyətin maraqlarından üstün tutulmuş, maddi rifah və ləzzət hissi insanların ictimai və mənəvi mənafelərindən yüksək sayılmışdır.

Buradan da amansız qarşıdurmalar və münaqişələr, əsarət və zülmkarlıq, ifrat varlanma və hədsiz yoxsulluq, bir sözlə, mənəvi və fiziki qüsurları doğuran bütün şəraitlər meydana gəlmişdir. Və bunun nəticəsində bəşəriyyət ağacı xəstələnmiş və bu ağacdakı hər bir yarpaq ümumi xəstəliyin yayılmasına kömək etmişdir.

Hətta ən təmiz və ən müqəddəs adamlar belə başqalarının günahlarına görə əziyyət çəkirlər. Həm bütünlükdə götürülmüş bəşəriyyətin, həm də ayrı-ayrı millətlərin və fərdlərin müalicəsi zəruridir. Buna görə də Həzrət Bəhaullah Özünün keçmiş ilhamlı sələfləri kimi nəinki sağlamlığın qorunması, eləcə də itirilmiş sağlamlığın bərpa edilməsi yollarını göstərir. O qəlbləri və bədənləri yaralayan dünya xəstəliklərinin Şəfavericisi və Böyük Loğmanı kimi çıxış edir.

MADDİ VASİTƏLƏRLƏ MÜALİCƏ

Hal-hazırda Qərbdə dinin əhəmiyyətli dərəcədə inkişafı xəstəliklərin psixi və mənəvi metodlarla müalicə edilməsinə imkanlar yaratmışdır. Əslində bir çoxları on doqquzuncu əsrdə xəstəliklərə və onların müalicəsinə dair üstünlük təşkil edən materialist dünyagörüşlərinə etiraz əlaməti olaraq, tamamilə son həddə - fiziki müalicənin və yaxud gigiyena tədbirlərinin faydasını inkar etmək dərəcəsinə gəlmişdilər.

Həzrət Bəhaullah həm fiziki, həm də mənəvi müalicənin əhəmiyyətini qəbul edir. Onun buyurduğuna görə, elm və müalicə sənəti bacarığı elə inkişaf etdirilməli, stimullaşdırılmalı və təkmilləşdirilməlidir ki, bütün müalicə üsullarının hər biri öz sahəsində ən böyük fayda ilə tətbiq olunsun. Həzrət Bəhaullahın ailə üzvlərindən biri xəstələndikdə, peşəkar həkim çağırılardı: o, öz ardıcıllarına da belə etməyi məsləhət görürdü. "Kitab-i-Əqdəs" əsərində O yazır: "Əgər sizi xəstəlik tutarsa mütəxəssis-həkimə müraciət edin" (Bəhaullah. Kitab-i-Əqdəs).

Bu sözlər, ümumiyyətlə bəhailərin elmə və incəsənətə dair baxışlarına uyğundur. Bəşəriyyətin mənafeyinə xidmət edən, bütün elmlər və sənətlər dəyərləndirilməli və stimullaşdırılmalıdır. Elmin sayəsində insan maddi dünyanın ağasına, cəhalət gücləndikdə isə onun quluna çevrilir. Həzrət Bəhaullah yazır: "Zəruri olduqda tibbi müalicəyə etinasızlıqla yanaşmayın, lakin sağlamlıq bərpa olunduqda onu davam etdirməyin. Xəstəliyin müalicəsində pəhrizə üstünlük ve-rin, tibbi dərmanların istifadəsindən özünüzü saxlayın. Əgər siz axtardığınız müalicəni sadə otda tapsanız, mürəkkəb tibb dərmanlarından çəkinin... Sağlam olduğunuz vaxt dərmanları işlətməkdən nəfsinizi saxlayın, onlardan ancaq vacib olduqda istifadə edin" (Bəhaullah. Həkimə tövsiyyə Lövhü). Həzrət Əbdülbəha məktublarının birində buyurur: "Ey həqiqət axtaran! Xəstəliklərin iki müalicə üsulu var – maddi və mənəvi. Birinci üsul maddi vasitələrin tətbiq edilməsindən ibarətdir, ikinci üsul isə dualarla və Allaha müraciətlə əlaqədardır. Hər iki üsuldan istifadə etmək və onlarla məşğul olmaq lazımdır...

Bundan əlavə, onlar bir birinə zidd deyillər. Buna görə də maddi vasitələrlə müalicəni siz Allahın mərhəməti və neməti hesab etməlisiniz, çünki Allah Öz qullarına tibbi bilikləri nazil etmişdir ki, onlar həm də bu müalicə üsulundan istifadə edə bilsinlər" (Əbdülbəhanın məktubları, c.3. s.587).

O öyrədir ki, əgər bizim zövqlərimiz və instinktlərimiz düşüncəsiz və qeyri-təbii həyat tərzi sayəsində korlanmasaydı, heyvanlarda müşahidə edildiyi kimi lazımi pəhriz yeməklərinin — müalicəvi meyvələrin, dərman bitkilərinin və digər vasitələrin seçilməsində onlara etibarlı məsləhətçilər kimi ümid bəsləmək olardı.

Müalicə barəsindəki bir söhbətin sonunda Həzrət Əbdülbəha buyurur:

"Beləliklə aydın oldu ki, xəstəliyi yemək və meyvələrin köməyi ilə müalicə etmək olar, lakin təbabət elmi mükəmməl olmadığından bu həqiqət hələ tam dərk edilməyib. Bu elm öz yüksək inkişafına nail olduğu zaman müalicə qidanın, meyvələrin və ətirli bitkilərin və həmçinin isti və soyuq suların vasitəsilə həyata keçirələcəkdir." (Əbdülbəha. Suallara cavablar, s.296)

Hətta müalicənin maddi vasitələrlə aparılması zamanı əsl şəfaverən İlahi Qüvvədir, çünki bitkilərin və mineralların xassələri Rəbbin bəxşişlərindən başqa bir şey deyildir. "Söylə: hər şey Allahdandır. Təbabət və dərmanlar ancaq vasitələrdir ki, onların köməyi ilə biz yuxarıdan şəfa alırıq."

QEYRİ-MADDİ VASİTƏLƏRLƏ MÜALİCƏ

Həzrət Əbdülbəha öyrədir ki, dərman vasitələrinin istifadə olunmadığı bir sıra müalicə üsulları vardır. Sağlamlıq da xəstəlik kimi keçicidir, amma, "sağlamlığın keçiciliyi" olduqca ləng baş verir və cüzi nəticəyə malikdir, xəstəliyə gəldikdə isə o çox vaxt sürətlə başqasına keçir və güclü təsir göstərir.

Xəstənin ruhi halətinin və "təlqinin" daha güclü nəticələrinə nail olunması da bu vəziyyətin möhkəmləndirilməsində olduqca əhəmiyyətli rol oynaya bilər. Qorxu, qəzəb, qəmginlik və i. a. sağlamlığa zərər verdiyi halda, ümid, məhəbbət, sevinc şəfaverici təsir göstərir.

Həzrət Bəhaullah buyurur:

"Bütün şəraitlərdə aza qane ol: bu, hər bir kəsi xəstəlikdən və əzginlikdən qoruyur. Qəmdən və xiffətdən uzaq ol, çünki onlar böyük bəlalar gətirir. Qısqanclıq bədəni gəmirir, hirs isə qara ciyəri yandırır: şirdən qaçan kimi, onlardan qaçın" (Bəhaullah. Həkimə tövsiyyə Lövhü).

Həzrət Əbdülbəha buyurur:

"Sevinc bizə qanad verir. Şad olanda bizim gücümüz daha həyati, və ağlımız daha iti olur... Lakin bizi qəm-qüssə bürüyəndə gücümüz bizi tərk edir" (Əbdülbəha. Paris söhbətləri).

Ruhi müalicə metodunun başqa üsulu haqqında Həzrət Əbdülbəha yazır:

"...elə ola bilər ki, sağlam adam özünün bütün diqqətini xəstədə cəmləşdirsin, xəstə də öz növbəsində bu sağlam adamın ruhi gücündən şəfa gözləsin. Bu zaman xəstənin inamı elə güclü olmalıdır ki, onunla sağlam şəxs arasında qəlbən tam əlaqə yaradılsın.

Sağlam şəxs özünün bütün qüvvəsini xəstənin şəfa tapmasına yönəltməlidir, xəstə isə özünün sağalacağına əmin olmalıdır. Bu ruhi təsir nəticəsində xəstənin sinirlərinin oyanması başlayır ki, bu da onun sağalmasına səbəb olur" (Ədbdülbəha. Suallara cavablar, s.294).

Lakin bütün bu müalicə metodları panaseya deyildir və ciddi xəstəliklər zamanı səmərəsizliklə nəticələnə bilər.

MÜQƏDDƏS RUHUN QÜDRƏTİ

"Ən təsirli müalicə vasitəsi Müqəddəs Ruhun Qüdrətidir" (Əbdülbəha. Suallara cavablar, s.295).

Həzrət Əbdülbəha buyurur:

"O öz təsirini toxunmadan, baxmadan və yanında olmadan göstərir... Xəstəliyin istər yüngül, istərsə də ağır olmasından, xəstə ilə müalicə edən arasında təmas baş verməsindən, onlar arasında əlaqə yaradılmasından, xəstənin iştirak edib-etməməsindən asılı olmayaraq, bu müalicə Müqəddəs Ruhun Qüdrəti sayəsində əldə edilir".

1904-cü ilin oktyabrında miss Etel Rozenberq ilə söhbətlərinin birində Həzrət Əbdülbəha demişdir:

"Müqəddəs Ruhun Qüdrətilə şəfa tapmağın nə fikri xüsusi cəmləməyə, nə də təmasa ehtiyacı yoxdur. Müqəddəs şəxsin arzusu, yaxud xahişi və duası ilə ona nail olunur. Xəstə Şərqdə, şəfaverən isə Qərbdə yaşaya bilər və onlar bir-birlərini tanımaya da bilərlər, lakin müqəddəs şəxs üzünü Allaha tutaraq dua etməyə başlayan kimi xəstə şəfa tapır. Bu Allah vergisi Müqəddəs Zühurlara (Peyğəmbərlərə) və ali ruhi məqama çatan şəxslərə xas olan xüsusiyyətdir".

Həzrət İsanın və Onun həvarilərinin etdikləri müalicə yəqin ki, bu xüsusiyyətə malik idi və buna bənzər müalicələr bütün dövrlərdə Müqəddəslərə xas olmuşdur. Həzrət Bəhaullaha və Həzrət Əbdülbəhaya da belə qüdrət bəxş edilmişdi. Onlar özlərinin sədaqətli ardıcıllarına da belə qabiliyyət vəd etmişlər.

XƏSTƏNİN VƏZİYYƏTİ

Ruhi müalicənin lazımi qüvvəyə malik olması üçün məlum zəruri tələblər xəstə, həkim, xəstənin dostları və bütövlükdə cəmiyyət tərəfindən yerinə yetirilməlidir.

Hər şeydən əvvəl, xəstə təmiz ürəklə Allaha müraciət etməli və səmimiyyətlə inanmalıdır ki, Allahın Qüdrəti və Onun İradəsi xəstəyə kömək edəcəkdir. 1912-ci ilin avqustunda Həzrət Əbdülbəha amerikalı bir qadına demişdi:

"Bütün bu naxoşluq keçəcəkdir və Siz fiziki və mənəvi cəhətdən tamamilə sağalacaqsınız... Bütün qəlbinizlə tam əmin olun və inanın ki, Həzrət Bəhaullahın mərhəməti və Onun səxavəti sayəsində hər şey Sizin istədiyiniz kimi olacaq...

Lakin Siz gərək üzünüzü tamamilə Allahın Səltənətinə tutasınız, bütün diqqətinizi Ona verərək, Mariya Maqdalina Həzrət İsaya ibadət etdiyi kimi dua edəsiniz və Mən Sizi inandırıram ki, Siz həm fiziki, həm də ruhani şəfa tapacaqsınız, çünki bu mərhəmətə tamamilə layiqsiniz. Mən Sizə xoş xəbər verirəm, Siz buna ona görə layiqsiniz ki, Sizin qəlbiniz təmizdir... Əmin olun. Xoşbəxt olun. Sevinclə və ümidlərlə yaşayın..."

Həzrət Əbdülbəhanın bu müstəsna halda xəstəni sağalaçağına inandırmasına baxmayaraq, O heç də həmişə, hətta xəstənin sağalmağa möhkəm inamı olduğu zaman da belə davranmırdı. O, Əkkada bir zəvvara demişdi:

"Xəstəliklərdən şəfa tapmaq üçün yazılmış dualar həm fiziki, həm də ruhi müalicələrə xidmət göstərir. Ruhun və bədənin şəfa tapması üçün duaları avazla oxuyun. Əgər şəfa xəstə üçün ən yaxşı çıxış yoludursa, şübhəsiz, o bəxş ediləcəkdir. Bəzi xəstələr üçün şəfa tapmaq başqa xəstəliklərin törənməsinə səbəb ola bilər. Buna görə də Ən Böyük Müdriklik bəzən müəyyən duaları cavabsız qoyur.

Ey Allahın bəndəsi! Müqəddəs Ruhun Qüdrəti həm cismani, həm də ruhi xəstəliklərə şəfa verir" kkadakı gündəlik dərslər, s.95).

Həzrət Əbdülbəha bir xəstəyə yazır:

"Həqiqətən, Allahın İradəsi bəzən elə təsir göstərir ki, adamlar uzun müddət onun izahını tapa bilmirlər, lakin müəyyən müddətdən sonra hər şey aydınlaşır. Allaha əmin ol, Ona təvəkkül et və Allahın İradəsinə tabe ol. Həqiqətən Allah Şəfaətlidir, Sevəndir və Mərhəmətlidir... və Öz Mərhəməti ilə səni qiymətləndirəcəkdir" ("Qərbin ulduzu", c.8, s.232).

Həzrət Əbdülbəha öyrədir ki, ruhi sağlamlıq fiziki sağlamlığa imkan yaradır, lakin fiziki sağlamlıq bundan başqa bir çox amillərdən də asılıdır və onların bəziləri insan nəzarətindən kənardadır. Hətta ən nümunəvi ruhi vəziyyət belə heç də həmişə fiziki sağlamlığa təminat verə bilməz. Müqəddəs kişilər və qadınlar da bəzən xəstəliyə düçar olurlar.

Buna baxmayaraq yüksək ruhi vəziyyətin fiziki sağlamlıqa şəfaverici təsiri və xəstəliklərin aradan qaldırılmasında rolu bir çox hallarda düşünüldüyündən daha çox güclüdür.

Həzrət Əbdülbəha bir ingilis qadınına yazır:

"Siz səhhətinizin zəifliyi barəsində yazırsınız. Mən dua edirəm ki, Həzrət Bəhaullahın mərhəməti ilə Sizin ruhunuz möhkəmlənsin və bu ruhun gücü ilə Siz fiziki şəfa tapasınız".

Başqa bir yerdə O buyurur:

"Allah insana bu möcüzəli qüvvəni bəxş edib ki, o üzünü həmişə Ona tutsun və digər bəxşişlərlə yanaşı başqalarına şəfa vermək töhfəsini də Onun İlahi Səxavətindən alsın. Lakin təəssüflər olsun ki, insan bu böyük neməti qiymətləndirə bilmir və qayğısızlıq yuxusuna dalaraq Allahın bütün nemətlərinə laqeyd yanaşır, Nurdan üz çevirir və zülmət içində azır" (Əbdülbəha. Paris söhbətləri, s.11).

ŞƏFAVERƏN

Şübhəsiz, ruhi müalicə gücü çox və ya az dərəcədə bütün adamlara xas olan xüsusiyyətdir; lakin musiqi və ya riyaziyyat sahəsində nadir istedada malik adamlar olduğu kimi, xəstələri müalicə etmək sahəsində də müstəsna qabiliyyətə malik olan adamlar vardır.

Bu adamlar öz bacarıqlarını gündəlik fəaliyyətlərində tətbiq etməlidirlər. Çox təəssüf ki, son yüzillik ərzində materializm dünyanı elə bürümüşdür ki, hətta ruhi müalicənin imkanları tamamilə unudulmuşdur. Şəfa vergisi də bütün digər istedadlar kimi təqdir olunmalı, həmçinin o özünün ali gücünə və kamilliyinə çat-sın deyə işlədilməli və inkişaf etdirilməlidir.

Şübhəsiz, indinin özündə də hərtərəfli şəfavermə qabiliyyətinə malik olan minlərlə adam vardır, lakin bu Allah vergisi gizli qalaraq fəaliyyət göstərmir. Ruhi müalicənin gücü tam aydınlaşdırılarsa, onda müalicə sənəti də dəyişəcək və nəcibləşəcək, onun səmərəsi son dərəcə artacaqdır. Əgər bu yeni biliklər və şəfaverənin gücü xəstənin inamı və ümidi ilə birləşərsə, onda heyranedici nə-ticələr əldə edilə bilər.

"Bizim ümidimiz Allaha olmalıdır. Allahdan başqa Şəfaverən, Bilən, Köməkedən Allah yoxdur... Yerdə və göydə Allahın hökmündən kənarda heç nə yoxdur. Ey həkim! Xəstələri müalicə et: ilk növbədə, Rəbbinin, Qiyamət Günü hakiminin adını çək, sonra isə Allahın Öz bəndələrinin sağalması üçün yaratdığı vasitələri tətbiq et. Həyatıma and olsun! Mənim məhəbbət piyaləmdən içmiş həkimlə görüşmək şəfadır, həmin həkimin xəstəyə baş çəkməsi mərhəmət və ümiddir. Özünüzün sağlamlığınız naminə ona müraciət edin, çünki Allah ona müalicədə kömək edir.

Təbabət bütün elmlərin ən nəcibidir, çünki o insanların sağlamlığının qorunmasında ən böyük vasitədir. Onu torpağa həyat verən Allah bəxş etmiş, bütün elmlərin və müdrikliklərin önünə qoymuşdur. Lakin bu gün sən Mənim Qələbəm naminə ayağa qalxmalısan.

Söylə: Ey mənim Allahım! Sənin adın — mənim şəfamdır, Səni yada salmaq — mənim dərmanımdır. Sənin yaxınlığın — mənim ümidimdir. Sənə məhəbbətim — mənim munisimdir. Sənin mərhəmətin həm bu dünyada, həm də axirətdə — mənim şəfam və yardımımdır. Həqiqətən, Sən Səxavətlisən, hər şeyi Bilənsən və Aqilsən" (Bəhaullah. Həkimə tövsiyyə lövhü).

Həzrət Əbdülbəha yazır:

"Müqəddəs Ruh, qəlbi Bəha məhəbbətilə dolu olan və bütün dünya istəklərindən imtina edən kəsin dili ilə danışacaq və həyat ruhu onun qəlbini dolduracaqdır... Sözlər onun dilindən inci kimi töküləcək və onun əli toxunan xəstə bütün xəstəliklərdən və azarlardan şəfa tapacaqdır" ("Qərbin ulduzu" jurnalı. c.8, s.233).

"Ey Allah vergisi bəxş edilmiş həkim! Allaha məhəbbətlə döyünən qəlbinlə Rəbbinə üz tut, Onun Səltənətinə nəzərini dikərək, itaətlə Ona şükrlər et və məftunluqla, heyranlıqla, məhəbbətlə, arzu və sevinclərlə Onun Müqəddəs Ruhundan kömək dilə. Həqiqətən, Allah Öz Ruhunun vasitəsilə sənə xəstəlikləri və azarları müalicə etməkdə köməklik göstərir.

Sən qəlbləri və bədənləri müalicə etməlisən və xəstələrin şəfa tapması üçün ürəyində Uca Dərgaha müraciət edərək, Ülvi Addan və İllahi Məhəbbət Ruhundan şəfaverici güc alacağına əmin olmalısan" (Əbdülbəhanın məktubları, c.3, s.626-629).

HAMI KÖMƏK EDƏ BİLƏR

Xəstəni müalicə etmək nəinki təkcə həkimin, eləcə də xəstənin özünün və həmçinin başqalarının işidir. Hamı xəstəyə hüsn-rəğbətlə və xidmətlə, səmimi qayğı və diqqət göstərməklə, xüsusilə dua oxumaqla kömək göstərməlidir, çünki bütün vasitələrdən ən qüdrətlisi duadır. Həzrət Əbdülbəha buyurur: "Başqalarının əvəzinə ibadət etmək və dua oxumaq, şübhəsiz ki, öz təsirini göstərir". Xəstənin dostları xəstəyə göstərdikləri faydalı və ya zərərli təsirlərə görə xüsusi məsuliyyət daşıyırlar, çünki bu təsirlər bir-başa və güclüdür. Əksər xəstəliklərin nəticələri əsasən doğma adamların, dostların və ya qonşuların xəstəyə etdiyi qulluqdan asılıdır.

Hətta bütün cəmiyyət üzvləri hər bir xəstəlik zamanı xəstəyə təsir göstərirlər. Tək-tək hallarda, ola bilsin ki, bu təsir cüzidir, lakin bütövlükdə götürüldükdə o, çox qüvvətlidir. Hər bir şəxs yaşadığı ictimai mühitin və bu mühitdə hakim olan ümumi əhval-ruhiyənin, yəni möminlik və ya imansızlıq, xeyirxahlıq və ya əxlaqsızlıq, şadlıq və ya ümidsizlik təsirində yaşayır və hər bir fərd bu ictimai mühitin xarakterinin müəyyənləşməsində iştirak edir.

Dünyanın indiki vəziyyətində heç də hamı kamil sağlamlıq əldə edə bilmir, lakin hər bir kəs Müqəddəs Ruhun şəfaverici gücünün fəaliyyətində vasitəçiyə çevrilə bilər. Və bununla da həm özünə, həm də onunla ünsiyyətdə olan bütün adamlara faydalı təsir göstərə bilər.

Xəstələrin müalicəsi ilə əlaqədar olaraq bəhailərin üzərinə bir sıra vəzifələr qoyulmuşdur. Bu vəzifələrdən bəziləri dəfələrlə və təkidlə xatırlanmışdır. Həm Həzrət Bəhaullah, həm də Həzrət Əbdülbəha şəfa haqqında xeyli gözəl dualar yazmışlar.

QIZIL ƏSR

Həzrət Bəhaullah əmin edir ki, xəstələrin, həkimlərin və bütövlükdə cəmiyyətin ahəngdar əməkdaşlığı sayəsində və həmçinin fiziki, əqli və ruhi müalicə üçün müxtəlif vasitələrin müvafiq tətbiqi nəticəsində "Qızıl Əsr" yetişə bilər. Bu zaman İlahi Qüdrət "bütün kədərləri sevincə və xəstəlikləri sağlamlığa çevirər".

Həzrət Əbdülbəha buyurur: "...İlahi Vəhy dərk edildikdə, bütün bədbəxtliklər yox olacaqdır". Başqa bir yerdə O buyurur: "Maddi dünya ilə ruhi aləm arasında əsl əlaqə bərqərar olanda, "ürəklər ilahiləşəndə, arzular ülviləşəndə, tam anlaşma və əməkdaşlıq yaranacaqdır. Bu bütün kamilliklərin böyük təzahürünə şərait yaradan qüvvə olacaqdır və o zaman bütün fiziki və ruhi xəstəliklər tamamilə sağalacaqdır".

SAĞLAMLIQDAN NECƏ DÜZGÜN
İSTİFADƏ ETMƏLİ

Bu fəslin sonunda fiziki sağlamlıqdan düzgün istifadə edilməsi haqqında Həzrət Əbdülbəhanın təlimini yada salmaq lazımdır. Vaşinqton bəhailərinə yazdığı məktublarının birində O buyurur:

"Əgər sağlamlıq və bədənin yaxşı vəziyyəti Allah İşinə həsr edilirsə, onda bu, olduqca arzu edilən və tərifəlayiqdir; və əgər o bütün bəşəriyyətin rifahına, heç olmasa onun maddi mənafeyinə xidmət edirsə, xeyirxah iş olduğu üçün bu da təqdirəlayiqdir. Lakin əgər insanın sağlamlığı və salamatlığı şəhvani ləzzətə, heyvani həyat tərzinə və şeytani arzulara sərf edilirsə, onda xəstəlik belə sağlamlıqdan yaxşıdır, üstəlik ölüm belə həyatdan daha üstündür.

Əgər sən sağlamlıq arzulayırsansa, onu Allah Dərgahına xidmət naminə dilə. Mən ümidvaram ki, sən tam bəsirətə, yenilməz qərara, mükəmməl sağlamlığa, eləcə də əbədi həyat çeşməsindən su içmək və İlahi Ruhun yardımını almaq üçün mənəvi və fiziki qüvvəyə nail olacaqsan" (Əbdülbəhanın Vaşinqtonlu bəhai Vleska Polaka məktubundan).

 


Ý

Kitabın əvvəlinə

¬ Geri, VI fəsilə        İrəli, VIII fəsilə ®

 

©2003-2008 Azərbaycan Bəhailərinin Milli Ruhani Məhfili.

Digər təşkilatlar və fiziki şəxslər bu materiallardan sərbəst istifadə edə bilər, o şərtlə ki, burada olan məlumatlar təhrif olunmayacaq, materialların və ya onlardan olan çixarışların nəşrində aşağıdakılar qeyd olunacaq:
"Azərbaycanda Bəhai Dini icmasının rəsmi www.bahai.az internet saytının materiallarından istifadə olunmuşdur."
Bəhaullah və Yeni Era -
Con Ebenezer Esslemont
Yuxarı >