"Dünya tək bir vətəndir, və bütün insanlar - onun vətəndaşlardır." - Bəhaullah
Bəhaullah və Yeni Era -
Con Ebenezer Esslemont

Ý Kitabın əvvəlinə   


VIII FƏSİL. DİNİ BİRLİK

"Ey dünya əhli! Bu Əzəmətli Zühurun üstünlüyü ondadır ki, Biz Kitablardan ixtilafa, pozuculuqa və ədavətə səbəb ola bilən nə varsa, hamısını çıxartdıq və ora Birliyə, Ahəngdarlıqa və Razılığa aparan şərtləri daxil etdik. Onlara əməl edənlər bəxtiyar olsunlar".

Bəhaullah, Dunya Lövhü.

XIX ƏSRDƏ TƏRİQƏTÇİLİK

BƏHAULLAHIN MÜRACİƏTİ

İNSANIN TƏBİƏTİ DƏYİŞƏ BİLƏRMİ?

BİRLİYƏ DOĞRU İLK ADDIMLAR

HAKİMİYYƏTİN MÜKƏMMƏLLİYİ VƏ NÜFUZ PROBLEMİ

VƏHYİN YÜKSƏLİŞİ

PEYĞƏMBƏRLƏRİN QÜSURSUZLUĞU

ƏN ALİ VƏHY

YENİ VƏZİYYƏT

BƏHAİ VƏHYİNİN DOLĞUNLUĞU

BƏHAİ DİNİNDƏ ƏHDİ-MİSAQ

PEŞƏKAR RUHANİLƏRİN OLMAMASI

 


XIX ƏSRDƏ TƏRİQƏTÇİLİK

Yəqin ki, dünya heç zaman dini birləşmədən XIX əsrdə olduğu qədər uzaq olmamışdır. Uzun əsrlər boyu Zərdüşt, Musa, Budda, İsa, Məhəmməd (s.ə.s.) və digər Peyğəmbərlərin ardıcıllarıdan ibarət ən böyük dini icmalar yanaşı yaşamış, lakin tam ahəngdarlıq halında birləşmək əvəzinə, onlar bir-birinə qarşı daim nifrət və düşmənçilik mövqeyində olmuşlar.

Bundan başqa, hər bir icma öz növbəsində daim parçalanaraq sayı getdikcə artan, tez-tez biri digəri ilə amansız mübarizə aparan təriqətlərə bölünürdü. Həzrət İsa buyurur: "Əgər bir-birinizə qarşı məhəbbətiniz olsa, bundan hər kəs Mənim şagirdlərim olduğunuzu biləcək" (İncil. Yəhya, 13:35). Və Məhəmməd Peyğəmbər buyurur: "Həqiqətən, bu tək bir din olaraq sizin dininizdir..." (Quran. dl-Ənbiya surəsi, 92). Allah: "Dini qoruyub saxlayın, ona düzgün riayət edin, dində ayrılıqa düşməyin!” — deyə Nuha tövsiyə etdiyini, sənə vəhy buyurduğunu, İbrahimə, Musaya və İsaya tövsiyə üçün də qanuni etdi..." (Quran. əş-Şüara surəsi, 13)

Hər bir dinin banisi öz ardıcıllarını məhəbbətə və birliyə çağırmış, lakin hər dəfə din banisinin məqsədi dözümsüzlük və riyakarlıq, formalizm və ikiüzlülük, təhriflər və saxta izahlar, təfriqəçilik və ixtilaflar girdabında itib-batmışdır. Bəhai erasının başlanğıcında bir-birinə düşmən münasibəti bəsləyən təriqətlərin sayı bəşər tarixinin əvvəlki dövrlərində olduğundan çox idi. Sanki bu dövrdə bəşəriyyət müxtəlif üslublu dini inanclarla, hər cür dini ibadət və mərasim qaydaları ilə, əxlaq kodeksində edilməsi mümkün ola bilən cürbəcür dəyişiklərlə sınaq aparırdı.

Elə bu dövrdə sayı günü-gündən artan alimlər öz enerjilərini cəsarətlə təbiət qanunlarının və dinin əsaslarının tənqidi araşdırılmasına və tədqiqinə həsr edirdilər. Tezliklə də yeni elmi biliklər əldə edilir və bir çox həyati məsələlərin yeni həlli yolları tapılırdı.

Buxar gəmiçiliyinin, dəmir yolunun, poçt rabitəsinin və mətbuatın ixtirası və inkişafı ideyaların geniş miqyasda yayılmasına kömək etdi və ən müxtəlif düşüncə və həyat tərzləri arasında məhsuldar əlaqə yaratdı. "Din və elm arasında münaqişə" adlanan bu ziddiyyət amansız mübarizəyə çevrildi.

Xristian dünyasında Bibliyaya tənqidi münasibət təbiət elmləri ilə birləşərək əsrlər boyu hamı tərəfindən dinin təməli kimi qəbul olunmuş Bibliyanın nüfuzunu şübhə altına almağa və müəyyən həddədək bu nüfuzu yalana çıxarmağa çalışdı.

Kilsə təliminə şübhə ilə yanaşan adamların sayı sürətlə artırdı. Hətta keşişlərin böyük əksəriyyəti gizli və yaxud açıq şəkildə öz şübhələrini bildirir və öz dini inanclarına nisbətən ehtiyatla yanaşırdılar.

Şüurların beləcə qaynaması və fikirlərin dəyişməsi, köhnə dini təlimlərin və ehkamların yararsızlığının təsdiqinin ketdikcə artması, daha kamil biliklərin və anlamların axtarılması təkcə xristian ölkələrinə xas deyildi, o bütün ölkələrdə müxtəlif formalarda bu və ya digər dərəcədə yayılmışdı.

BƏHAULLAHIN MÜRACİƏTİ

Bu ziddiyyətlər və münaqişələr ən yüksək zirvəyə çatanda Həzrət Bəhaullah Özünün böyük çağırışı ilə bəşəriyyətə müraciət etdi ki, "... bütün dünya xalqları bir dinin kölgəsi altına toplanmalıdırlar və bütün insanlar qardaş olmalıdırlar: insan övladları arasında məhəbbət və birlik telləri güclənməlidir; bütün dini ixtilaflar və irqi ziddiyyətlər məhv edilməlidir... Bu çəkişmələr, qan axıdılması və münaqişələr kəsilməlidir və bütün adamlar bir nəslin və bir ailənin üzvləri kimi yaşamalıdırlar" (Bəhaullahın. prof. E. Brauna dediyi sözlər).

Bu çox gözəl müraciətdir, amma onu necə həyata keçirmək olar? Bunun həyata keçməsi üçün min illər ərzində Peyğəmbərlər təbliğat aparmış, şairlər onu tərənnüm etmiş, müqəddəslər bu barədə dua oxumuşlar, lakin buna baxmayaraq dini ziddiyyətlər kəsilməmiş, çəkişmələr, qan axıdılması və münaqişələr aradan qaldırılmamışdır.

Bəs indi bu möcüzənin həyata keçməsi üçün nə baş vermişdir? Bunu üçün yeni amillər yaranıbmı? Məgər insanın təbiəti indi də əvvəllər olduğu kimi deyilmi və həmişəlik olaraq belə qalmayacaqmı? Əgər iki xalqın və ya millətin mənafeləri bir-birinə zidd gələrsə, onlar keçmişdə olduğu kimi gələcəkdə də mənafeləri uğrunda vuruşmayacaqlarmı?

Musa, Budda, İsa və Məhəmməd dünyanı birləşdirməyə nail ola bilmədikləri halda, Həzrət Bəhaullah bunu həyata keçirə biləcəkmi? Əgər bütün əvvəlki dinlər təhrif edilib təriqətlərə bölünüblərsə, Bəhai Dinini də belə tale gözləmirmi? Baxaq görək, Həzrət Bəhaullahın Təlimi bu və buna bənzər suallara necə cavablar verir.

İNSANIN TƏBİƏTİ DƏYİŞƏ BİLƏRMİ?

Təlim-tərbiyə və din eyni bir ehtimala əsaslanır ki, insanın təbiətini dəyişmək mümkündür. Həqiqətən, bir az düşünmək bu nəticəyə gəlmək üçün kifayət edir ki, heç bir canlı dəyişmədən qala bilməz. Dəyişiklik olmadan həyat mövcud ola bilməz. Hətta minerallar belə dəyişmələrə müqavimət göstərə bilmirlər: və biz varlığın inkişaf pillələri ilə nə qədər yüksəyə qalxırıqsa, onların dəyi-şiklikləri bir o qədər müxtəlif, mürəkkəb və ecazkar xarakter alır. Bundan əlavə, varlığın bütün inkişaf pillələrində biz iki növ dəyişikliyə rast gəlirik: biri ləng, daimi, çox vaxt demək olar ki, sezilməyən, digəri isə sürətli, qəfil, coşqun.

İkinci dəyişmə, adətən, inkişafın "böhranlı vəziyyətində" baş verir. Minerallardakı dəyişməyə biz belə böhran vəziyyətə ərimə və qaynama nöqtələrində, məsələn, bərk maddə birdən mayeyə, maye isə qaz halına keçən zaman rast gəlirik.

Bitkilərdə isə biz bu böhran vəziyyətini toxum cücərdikdə və ya tumurcuq yarpaq açdıqda görürük. Heyvanlar aləmində biz hər addımda eyni vəziyyəti müşahidə edirik: sürfə qəfildən kəpənəyə çevriləndə, cücə yumurtadan çıxanda və ya uşaq ana bətnindən doğulanda.

Ruhun yüksək həyatında da insan "yenidən doğulanda və onun bütün varlığı öz meyli, xarakteri və fəaliyyəti baxımından əsaslı surətə dəyişiləndə" biz tez-tez buna bənzər dəyişilməyə rast gəlirik. Buna bönzör böhran vəziyyətlər çox zaman bütöv növü və eyni vaxtda xeyli sayda növləri əhatələyir, məsələn, bahar gələndə bütün bitki
növləri qəfildən yeni həyata oyanırlar.

Həzrət Bəhaullah buyurur ki, canlı mövcudat qəfildən dəyişilərək yeni, daha mükəmməl həyata qədəm qoyduğu kimi, bəşəriyyət üçün də indi "böhran dövrü, yenidən doğulma" zamanı başlayır.

Bəşər tarixinin əvvəlindən bu günədək davam edən sarsılmaz həyat tərzi sürətlə dəyişiləcək və kəpənəyin həyatı tırtılın həyatından və ya quşun həyatı yumurtadan fərqləndiyi kimi, bəşəriyyət də köhnə həyat tərzindən fərqlənən yeni həyata qədəm qoyacaqdır.

İnsan nəsli bütünlükdə Yeni Vəhyin işığında həqiqətin yeni anlayışına nail olacaqdır. Bu eynilə bir saat bundan əvvəl qaranlıq və tutqunluq içində olan hər şeyi günəş çıxıb bütün ölkəni işıqlandırdığı zaman bütün adamların aydın gördükləri kimi baş verəcəkdir.

Əbdülbəha buyurur: "Bu əsr insan əzəmətinin aşkarlanması əsridir: dünyanın bütün üfüqləri nura boyanmışdır, vö bütün aləm şübhəsiz ki, gülüstana və Cənnətə çevriləcəkdir”. Təbiətdən götürülmüş misallar bu baxışı təsdiqləyir.

Keçmiş dövrün bütün Peyğəmbərləri yekdilliklə bu şanlı günün gələcəyini əvvəlcədən xəbər vermişlər: dövrün əlamətləri aydın göstərir ki, insanların ideyalarında və ictimai quruluşda indi dərin əsaslı dəyişikliklər baş verir. Bədbin adamların irəli sürdükləri: "bütün mövcudat dəyişilir, lakin insan təbiəti dəyişilə bilməz" müddəasından daha boş və əsassız nə ola bilər?

BİRLİYƏ DOĞRU İLK ADDIMLAR

Həzrət Bəhaullah yüksək mərhəməti və hamıya münasibətdə dözümlü olmağı dini birliyin yaradılması vasitəsi sayaraq, Öz ardıcıllarına buyurur:           .           . ,

"Bütün dinlərdən olan adamlarla səmimiyyətlə və xeyirxahlıqla davranın" (Bəhaullah, Kitab-i-Əqdəs).

"Mənim Vəsiyyətim" kitabında O yazır: "Allah-taala Kitabda münaqişəni və təfriqəni qəti qadağan etmişdir. Onun məhv olmaqdan qoruyub saxladığı və əbədilik libası ilə bəzədiyi hökmdə - bu Uca Vəhydə Onun hökmü belədir. Həqiqətən, O hər şeyi Bilən və Müdrikdir".

"Ey dünya əhli! Allahın Dini məhəbbət və birlik üçün bərqərar olub, onu düşmənçilik və çəkişmə alətinə çevirməyin... Ümidvarıq ki, Bəhanın ardıcılları Mübarək Kəlama üz tutacaqlar: "Göylərin və yerin hökmü Allaha məxsusdur. Allah hər şeyə qadirdir" (Quran, Ali-İmran surəsi, 189).

Bu uca Kəlam insanların qəlblərində və ürəklərində közərən nifrət və ədavət atəşini su kimi söndürür. Bircə bu kəlamla müxtəlif dinlərə mənsub olan adamlar əsl birlik nurunu əldə edəcəklər. Doğrudan da, O, həqiqəti söyləyir və həqiqət yoluna yönəldir. O, Qüdrətlidir, Şərəflidir və Gözəldir".

Həzrət Əbdülbəha buyurur:

"Hamı özünü xurafatdan azad etməli və bir-birinin ibadət etdikləri kilsələrə, məscidlərə və məbədlərə ketməlidirlər, çünki bütün bu məbədlərdə Allahın Adı xatırlanır. Bir halda ki, hamı Allaha ibadət etmək üçün gəlir, onda burada nə fərq ola bilər: axı heç kim Şeytana ibadət etmir. Müsəlmanlar xristianların kilsələrinə və yəhudilərin sinaqoqlarına getməlidirlər və əksinə, sonuncular müsəlmanların məscidlərinə getməlidirlər. Onlar isə mövhumata və ehkamlara kor-koranə pərəstiş edərək, bir-birlərindən yan keçirlər.

Mən Amerikada xristian məbədlərinə oxşayan yəhudi sinaqoqlarına getdim və hər yerdə adamların Allaha ibadət etdiyini gördüm. Mən bu məbədlərin çoxunda İlahi dinlərin əsas təməlindən danışdım və bütün müqəddəs Peyğəmbərlərin və Allah Elçilərinin həqiqiliyinə dəlillər gətirdim.

Mən onları kor-koranə təqliddən əl çəkməyə çağırdım. Bütün din rəhbərləri bu və ya digər məbədlərə getməli və hər yerdə İlahi dinlərin əsaslarından və başlıca prinsiplərindən danışmalıdırlar. Onlar böyük birliklə və ahəngdarlıqla Allaha ibadət etməli və hər cür xurafatdan tamamilə azad olmalıdırlar" ("Qərbin ulduzu" jurnalı. c.9, №3, s.37).

Əgər bu ilk addımlar atılmış olsaydı və bunun nəticəsində müxtəlif dinlər, təriqətlər arasında qarşılıqlı hörmət və dözüm yaransaydı, dünyada necə də gözəl dəyişikliklər baş verərdi! Lakin əsl birliyin əldə edilməsi üçün bundan da artıq şeylər tələb olunur. Dözüm – təriqətçilik xəstəliyinə qarşı ən dəyərli ağrı kəsən dərmandır. Ancaq bu da tam müalicə vasitəsi deyil, çünki o, ağrını törədən səbəbi aradan qaldırmır.

HAKİMİYYƏTİN MÜKƏMMƏLLİYİ VƏ NÜFUZ PROBLEMİ

Keçmişdəki müxtəlif dini icmalar birləşməyə qadir deyildilər, belə ki, hər bir icmanın üzvləri onların icmasını yaradan şəxsə ən ali həqqaniyyət sahibi kimi baxmış və onun qanunlarını İlahi Qanunlar saymışlar.

Buna görə də digər təlimi bəyan edən hər hansı bir Peyğəmbər həqiqətin düşməni sayılırdı. Bu səbəblər isə ayrı-ayrı icmaların müxtəlif təriqətlərə bölünməsinə gətirib çıxarırdı. Hər təriqətin davamçıları müəyyən bir həqqaniyətə itaət edir və hansısa risaləni və ya şərhi əsl dini təlim sayaraq, digər bütün dini yazıları yalan hesab edirdilər. Aydındır ki, belə vəziyyətin hökm sürdüyü dövrdə heç bir birlik ola bilməzdi.

Amma, Həzrət Bəhaullah öyrədir ki, bütün Peyğəmbərlər Allahın göndərdiyi eyni Vəhyin ifadəçiləridir; onların hər biri öz dövrünün adamlarının başa düşə bildikləri və onları tərbiyələndirməli olan elə ali təlim gətirmişlər ki, bu adamlar sonrakı Peyğəmbərin gətirdiyi təlimi qəbul etmək iqtidarına malik olsunlar. O, hər bir dinin ardıcılını, nəinki öz Peyğəmbərinin İlahi İlhamını inkar etməməyə çağırır, eləcə də bütün digər Peyğəmbərlərin İlahi Vəhylərini təsdiqləməyə, bütün Peyğəmbərlərin Təlimlərinin tam harmoniyasını qəbul etməyə və onların bəşəriyyətin tərbiyəsi və birliyinə dair böyük planın bir hissəsi olduğunu anlamağa səsləyir. O bütün dinlərdən olan adamlara belə bir fikir aşılayır ki, onlar öz Peyğəmbərlərinə pərəstiş etsinlər və bütün Peyğəmbərlərin zəhmət və əzab-əziyyət çəkdikləri o birlik naminə öz həyatlarını qurban versinlər.

Həzrət Bəhaullah İngiltərə kraliçasi Viktoriyaya ünvanladığı məktubunda dünyanı naşı həkimlərin əlinə düşdüyü üçün səhhəti getdikcə ağırlaşan xəstəyə bənzədir və onu sağalda biləcək vasitələri göstərir: "Allahın qoyduğu ən etibarlı və mükəmməl müalicə vasitəsi, bütün insanların bir dinin və bir qanunun himayəsi altında birliyidir, buna məharətli, kamil və ilhamlı Şəfavericidən başqa, digər heç nə ilə nail olmaq mümgün deyil. Həyatıma and olsun, həqiqət yalnız budur, yerdə qalan nə varsa, hamısı açıq-aydın aldanışdır" (Bəhaullah, "Xetabət be muluk və roəsaye ərz", s.135).

VƏHYİN YÜKSƏLİŞİ

Çoxları üçün dini birlik haqqında məsələlərin həlli yolunda ən böyük maneə müxtəlif Peyğəmbərlərin bəyan etdikləri təlimlər arasındakı fərqlərdir. Bir Peyğəmbərin hökmünün məqbul saydığını digər Peyğəmbərin hökmü qadağan edir: bəs onların hər ikisi də necə haqlı ola bilər, bəs onların hər ikisi də Allahın İradəsini necə bəyan edə bilər?

Əlbəttə, həqiqət birdir və dəyişməzdir. Mütləq həqiqətin bir olmasına və dəyişməzliyinə baxmayaraq, o, insan idrakının müasir səviyyəsindən son dərəcə yüksəkdədir və onun haqqındakı bizim təsəvvürlərimiz daim dəyişilməlidir. Bizim əvvəlki natamam təsəvvürlərimiz Allahın mərhəməti sayəsində, zaman keçdikcə tədricən kamilləşəcəkdir. Həzrət Bəhaullah bəzi İran bəhailərinə yazır:

"Ey insanlar! Kəlamlar qabiliyyətlərə müvafiq şəkildə bəyan edilir ki, yeni başlayanlar mükəmməlləşə bilsinlər. Süd lazımi miqdarda verilməlidir ki, bu aləmin görpələri Əzəmət Padşahlığına daxil ola bilsinlər və Birlik Sarayına qədəm qoysunlar" (Bəhaullah. Zərdüşt maqlarına. Lövlhər Məcmuəsi, s.262).

Süd uşağın gücünü artırır ki, o sonralar daha bərk qidanı həzm edə bilsin. "Haçansa bir Peyğəmbərin bəyan etdiyi məlum Təlim doğrudursa, digər Peyğəmbərin başqa bir vaxt yaydığı Təlim yanlış olmalıdır" fikrini irəli sürməyiniz bunu iddia etməyə bənzəyir ki, süd yeni doğulmuş görpə üçün ən yaxşı qida sayıldığından yaşlı adam üçün də süddən savayı ayrı qida olmamalıdır və başqa qida məhsulu qəbul etmək düzgün deyildir. Həzrət Əbdülbəha buyurur:

"Hər bir İlahi Vəhy iki hissədən ibarətdir. Birinci hissə əsasdır və əbədiyyətə aiddir. Bu, İlahi həqiqətlərin və əsas prinsiplərin şərhidir. İlahi Məhəbbətin ifadəsi olan bu hissə bütün dinlərdə birdir və dəyişməzdir.

İkinci hissə əməli həyatı, qarşılıqlı və işgüzar münasibətləri əhatələdiyinə görə insanın təkamülünə və hər bir Peyğəmbərin dövrünün tələblərinə uyğun olaraq onun məzmunu dəyişilir. Məsələn, Musa Peyğəmbərin dövründə ən kiçik oğurluq üstündə adamın əlini kəsirdilər; həmçinin "əvəz-əvəzə", yəni "gözə göz, dişə diş" qanunu var idi, lakin bu qanunlar İsa Peyğəmbərin dövrünə uyğun gəlmədiyi üçün ləğv edildi. Eynilə də boşanma halları geniş vüsət aldığına və nigah qanunu sarsıldığına görə İsa Peyğəmbər boşanmanı qadağan etdi.

Dövrün tələbinə uyğun olaraq Musa Peyğəmbər ağır cinayətlərə Dair on qanun təyin etdi. O zaman belə sərt ölçülər olmadan icmanı müdafiə etmək və ictimai təhlükəsizliyi qorumaq mümkün deyildi, belə ki, İsrail oğulları o zaman Tih səhrasında yaşayırdılar, orada nə məhkəmə idarələri, nə də həbsxana var idi.

Lakin İsa Peyğəmbərin dövründə bu qanunlar külliyatına ehtiyac qalmadı. Beləliklə, yerli adətlərə və zamana aid olan dinin ikinci hissəsi o qədər də əhəmiyyətli deyildir, lakin Allah Dininin təməli olan birinci hissəsi — birdir və Həzrət Bəhaullah bu əsası bərpa etmişdir" (Əbdülbəha. İlahi fəlsəfə, 2-ci nəşr, s. 150-151).

Allahın Dini — birdir və bütün Peyğəmbərlər insanlara bunu öyrətmişlər. O, cansız və dəyişməz deyildir, əksinə o, canlı və daim inkişaf etməkdə olan orqanizmdir.

Musa Peyğəmbərin Təlimində biz dini toxumdan cücərən halda, İsa Peyğəmbərin Təlimində tumurcuq, Məhəmməd Peyğəmbərin Təlimində çiçək, Həzrət Bəhaullahın Təlimində isə meyvə halında görürük. Çiçək tumurcuğu dağıda bilmədiyi kimi, meyvə də çiçəyi dağıtmır. Onlar bir-birlərini məhv etmirlər, əksinə, bir-birlərini tamamlayırlar.

Tumurcuğun qabığı çatlamalıdır ki, qönçə çiçəklənə bilsin, çiçəyin ləçəkləri tökülməlidir ki, meyvə əmələ gəlsin və yetişsin. Məgər tumurcuğun qabığı və çiçəyin ləçəkləri sonra düşüb töküldüyünə görə onları lazımsız bir şey hesab etmək olarmı? Xeyr, onların hər biri öz dövründə faydalı və zəruri idilər: onlarsız meyvə yetişə bilməzdi.

Müxtəlif Peyğəmbərlərin Təlimləri ilə də həmin proses baş verir: onların zahiri forması əsrdən-əsrə dəyişir, lakin hər bir yeni Vəhy əvvəlki Vəhyi tamamlayır. Onların arasında ziddiyyət, fikir ayrılığı və uyğunsuzluq yoxdur, əksinə, onlar əvvəlcə toxumdan cücərən, sonra tumurcuğa və çiçəyə çevrilən, indi isə meyvələri yetişmək mərhələsində olan yeganə dinin müxtəlif inkişaf dövrlərini təmsil edirlər.

PEYĞƏMBƏRLƏRİN QÜSURSUZLUĞU

Həzrət Bəhaullah öyrədir ki, Peyğəmbərlik Missiyası almış hər bir kəsə həmin missiyanı təsdiqləyən lazımi qədər dəlillər verilmişdir. O, insanlardan Ona itaət göstərməyi tələb etmək, Özündən əvvəlki Peyğəmbərlərin Təlimini dəyişdirmək və ona əlavələr etmək hüququna və hökmünə malikdir. "İqan" kitabında oxuyuruq:

"Necə ola bilər ki, Allah xalqı doğru yola yönəltmək üçün öz qulları arasından birini seçir və ona kifayət qədər tam sübutlar vermir və eyni zamanda insanları Ona inanmadıqları üçün cəzalandırır? Çünki Allahın Kərəmi və Fəzli Peyğəmbərlər göndərmək vasitəsilə yaranmışlara çatdırılıb..." (Bəhaullah. Kitab-i-İqan. Bakı)

"Bilirsiniz ki, İlahiyyat quşları və Əzəliyyət Göyərçinləri iki dildə danışır. Birisi ilə onlar sözləri zahiri mənalarına görə rəmzsiz, örtüksüz və pərdəsiz ifadə edirlər. Bu cür sözlər hidayət çırağı olaraq doğru yol göstərmək üçün bir Nurdur. Bunun sayəsində haqq yolunun yolçuları qüdsiyyət zirvəsinə qalxar və həqiqət arayıcıları əbədi vüsət Səltənətinə ayaq basarlar. Zikr etdiyimiz açıq rəvayətlər, aydın ayələr bu qəbildəndir. O biri sözlər isə üstüörtülü sözlərdir" (Bəhaullah. Kitab-i-İqan, s.117).

Mütləq qüsursuzluq yalnız Allaha məxsus xüsusiyyətdir. Allah tərəfindən yer üzünə göndərilən Peyğəmbərlər isə Öz Missiyalarını yerinə yetirdiklərinə görə qüsursuzdurlar. Onların Təlimi sonra gələn Peyğəmbər tərəfindən dəyişdirilənədək qüvvədə qalır.

Allah dünyanın xəstəliyini düzgün müəyyənləşdirib və lazımi müalicə vasitələrini göstərə bilən yeganə Ən Böyük Şəfavericidir. Bir dövr üçün təyin olunmuş müalicə digər dövrün müalicəsinə uyğun gəlməyəcəkdir, belə ki, xəstənin vəziyyəti dəyişilir. Həkim yeni dərman yazarkən, köhnə vasitələrdən yapışmaq həkimə etibar etmək deyil, ona etimadsızlıq göstərməkdir.

Əgər yəhudi eşitsə ki, üç min il əvvəl Musa Peyğəmbərin içtimai xəstəliklərə dair yazdığı bəzi müalicə vasitələri bizim dövrümüzdə köhnəlmiş və yararsızlaşmışdır, bu onun üçün zərbə olar. Əgər xristiana deyilsə ki, Məhəmməd Peyğəmbər İsanın Təliminə xeyli qiymətli və zəruri dəyişikliklər gətirmişdir, o da bundan qəzəblənər. Əgər müsəlmana da deyilsə ki, Həzrət Baba və Həzrət Bəhaullaha Məhəmməd Peyğəmbərin Şəriətini dəyişdirmək hüququ verilib, o da belə hala düşəcəkdir.

Bəhai nöqteyi-nəzərinə görə, Allaha əsl ibadət, Onun bütün Peyğəmbərlərinə ehtiram göstərmək və Onun bizim dövrümüz üçün göndərdiyi son hökmlərinə şərtsiz itaət etməkdir. Yalnız belə ibadətlə birliyə nail olmaq olar.

ƏN ALİ VƏHY

Həzrət Bəhaullah xristianlara ünvanladığı "Lövhi-Əqdəs" müraciətində bütün əvvəlki Peyğəmbərlər kimi Öz Missiyasını aydın ifadə edir:

"Şübhəsiz, Ata Zühur etmiş və Allah Səltənətinin vəd etdiyini yerinə yetirmişdi. Bu həmin sözdür ki, Oğul bunu gizli saxlamış və Onun hüzurunda olanlara belə söyləmişdi: "Siz bu gün bu Sözü dərk etməyə qadir deyilsiniz".

Lakin müəyyən olunmuş vaxt bitdikdə və deyilən zaman gəldikdə, bu Söz Onun İradəsi üfüqündən şəfəq saçdı. Ey Oğulun xalqı![1] Ona etinasızlıq göstərməyin, Ona tərəfdar çıxın. Bu indi sizin malik olduğunuz hər şeydən yaxşıdır...

Doğrudan da, həqiqət Ruhu gəlmişdir ki, sizi bütün həqiqətlərə yönəltsin. Həqiqətən, O Öz adından deyil, hər şeyi Bilənin və ən Müdrikin adından danışır. O, Oğulun şöhrətləndirdiyi Kəsdir... Ey yer üzünün oğulları, özünüzdə nə varsa hamısını atın, Qüdrətli və Sədaqətli olan Kəsin sizə hökm etdiyini götürün".

1867-ci ildə Ədirnədən Roma Papasına yazdığı məktubda O buyurur: "Özünüzü qoruyun ki, şöhrətləndirmək sizi Şöhrətlidən və ibadət etmək sizi İlahidən döndərməsin. Dünyanı yaşatmaq və yer üzündəki bütün insanları birləşdirmək üçün gələn, Sizin Şərəfli və hər şeyi Bilən Rəbbiniz Odur. Ey insanlar! Vəhyin şəfəqləndiyi yerə gəlin. Bir an da olsa yubanmayın. İncildən məlumatınız olduğunuz halda, doğrudanmı Rəbbinizin Şərəfini görmürsünüz? Bu sizə yaraşmır, ey alimlər dəstəsi. Əgər siz Bizim İşimizi inkar edirsinizsə, onda söyləyin, Allaha inama sizi hansı sübutlar gətirmişdir. Dəlilinizi təqdim edin!!!"

Xristianlara yazdığı məktublarda O, İncildə vəd olunanların yerinə yetirildiyini bildirdiyi kimi, müsəlmanlara, yəhudilərə, zərdüştilərə və digər dinə mənsub olan xalqlara müraciətində də israr edir ki, Onların Müqəddəs Yazılarındakı vəd yerinə yetirilmişdir. O bütün adamlara Allahın bir dininə mənsub olan dindarlar kimi müraciət edərək bildirir ki, bu vaxtadək onlar müxtəlif sürülərə bölünərək çəpərlənmiş müxtəlif yerlərdə yaşamışlar. O deyir ki, Onun Missiyası Allahın Səsidir, Mərhəmətli Çobanın Səsidir, vaxtında gəlib ki, dağınıq salınmış qoyunları bir sürüdə birləşdirsin və "bir sürünün bir çobanı" (İncil, Yəhya, fəsil 10:17) olması üçün onların arasındakı çəpərləri məhv etsin.

YENİ VƏZİYYƏT

Həzrət Bəhaullah Peyğəmbərlər arasında misilsiz və müstəsna mövqeyə malikdir, çünki, Onun gəlişi zamanı dünyada müstəsna və nadir şərait hökm sürürdü. Dinin, incəsənətin, elmin və sivilizasiyanın inkişafı prosesində dünya Birlik Təlimi üçün yetişmişdi.

Dünyanın Birliyinə mane olan əvvəlki sədlər Həzrət Bəhaullahın Zühuru zamanı dağılmaq mərhələsində idi. Onun anadan olduğu 1817-ci ildən başlayaraq və xüsusilə də Onun Öz Təlimini Bəyan etdiyi andan bu sədlər fövqəladə bir tərzdə dağılmağa başlayır. Bəyanın necəliyindən asılı olmayaraq, bu fakt öz-özlüyündə hər cür şübhədən uzaqdır.

Əvvəlki Peyğəmbərlərin dövründə təkcə coğrafi sədlər dünyanın birləşməsinə mane olmağa kifayət edirdi. İndi isə bu sədlər aradan qaldırılmışdır. Bəşər tarixində ilk dəfə yer kürəsinin müxtəlif qütblərində yaşayan adamlar bir-birləri ilə tez və asanlıqla ünsiyyət yarada bilirlər. Dünən Avropada baş verən hadisə bu gün artıq dünyanın hər yerində məlumdur və bu gün Amerikada söylənilmiş məruzə sabah Avropada, Asiyada və Afrikada oxunacaqdır.

Dünya Birliyinə mane olan ikinci böyük səd dillərin müxtəlifliyi idi. Xarici dillərin öyrənilməsi sayəsində bu çətinlik müəyyən dərəcədə aradan qaldırılmışdır və belə güman etməyə əsas da vardır ki, yaxın bir dövr ərzində beynəlxalq yardımçı dil qəbul olunacaq və dünyanın bütün ölkələrində onun tədrisi başlanacaqdır. Onda dil səddi də tamamilə aradan qaldırılacaqdır.

Üçüncü ən böyük maneə dini xurafatlar və dözümsüzlükdür. Bu da yox olub gedir. İnsanların şüuru ketdikcə daha çox inkişaf edir. Xalqın tərbiyələndirilməsi ruhanilərin əlindən çıxır və indi yeni və daha liberal ideyaların, hətta ən qapalı və mühafizəkar dairələrə daxil olmasına heç nə mane ola bilmir.

Beləliklə, Həzrət Bəhaullah böyük Peyğəmbərlərdən birincisidir ki, Onun Təlimi qısa bir vaxt ərzində yer kürəsininin bütün hissələrinə yayılmışdır. Qısa bir vaxtda dünyanın bütün dillərinə tərcümə olunmuş Həzrət Bəhaullahın Təliminin əsasları Onun Müqəddəs Yazılarını oxumağı bacaran bütün kişilərin və qadınların ixtiyarına verilmişdir.

BƏHAİ VƏHYİNİN DOLĞUNLUĞU

Tam yəqinliklə Məhəmməd (s.ə.s.), İsa, Musa, Zərdüşt, Budda və Krişnaya aid edilə biləcək əsl sözlərdən yazılmış və Onların tamamilə toxunmadıqları, indi isə böyük praktik əhəmiyyətə malik məsələlərdən ibarət olan yazılı Bəhai Vəhyi öz dolğunluğu və yetkinliyi baxımından dünya dinləri arasında yeganə və misilsizdir.

Adətən Peyğəmbərlərə şamil edilən təlimlərin əksəriyyətinin orijinallığı şübhə doğurur, onlardan bəziləri isə, şübhəsiz ki, daha sonrakı dövrlərin əlavələridir.

Müqəddəs Quranda və saysız-hesabsız hədislərdə olan məlumatlar əsasında müsəlmanların əlində Məhəmməd Peyğəmbərin həyatı və İslam Dini haqqında geniş hekayətlər vardır. Məhəmməd Peyğəmbərə Allah İlhamı verilməsinə baxmayaraq, O da Özünün əshabələrinin əksəriyyəti kimi savadsız idi. Ona gələn Vəhylərin yazılması və Onun Təliminin yayılması metodları qənaətbəxş deyildi və bir çox hədislərin dəqiqliyi olduqça şübhəlidir. Beləliklə, şərhlərdəki fərqlər və fikirlərdəki ziddiyyətlər bütün əvvəlki dini icmalarda olduğu kimi İslam Dinində də ayrılıq və parçalanma yaratdı.

Halbuki Həzrət Babın və Həzrət Bəhaullahın qələmindən öz müstəsna gücü və gözəlliyi ilə seçilən çoxsaylı yazılar nazil omuşdur. Açıq çıxışlar etmək imkanından məhrum olan və həyatlarının böyük hissəsini həbsxanalarda keçirən həm Həzrət Bab, həm də Həzrət Bəhaullah Özlərinin bütün vaxtlarını Öz fikirlərini yazmağa sərf etmişlər. Buna görə də, Bəhai Vəhyi əsl müqəddəs yazılarının zənginliyi baxımından əvvəlki dinlərin heç biri ilə müqayisə oluna bilməz. Xələflərdən heç biri həmin yazılara toxunmamış və dəyişməyə də cəhd göstərməmişdir. Bu yazılarda əvvəlki dinlərdə aydınlaşdırılmayan bir çox həqiqətlər tam təfsilatı ilə şərh edilmişdir.

Bütün Peyğəmbərlərin öyrətdikləri həqiqətin əbədi prinsiplərinə gəldikdə isə, Həzrət Bəhaullah Yazılarında bu prinsipləri müasir dünyanı düşündürən problemlərə — əvvəlki Peyğəmbərlərin Öz dövrlərində toxunmadıqları yüksək dərəcədə mürəkkəb və çətin problemlərə tətbiq edir.

Aydındır ki, əsl Vəhyin belə tam şəkildə yazılması, keçmişdə müxtəlif təriqətləri bir-birindən ayrı salan anlaşılmazlıqların və ixtilafların gələcəkdə baş verməsinin qarşısını almaq sahəsində fəaliyyətə güclü təsir etməlidir.

BƏHAİ DİNİNDƏ ƏHDİ-MİSAQ

Bəhai Dini daha bir səbəbə görə də müstəsna və misilsizdir. Həzrət Bəhaullah ölümündən qabaq yazdığı Vəsiyyətində böyük oğlu Əbdülbəhanı "Budaq" və ya "Ən Böyük Budaq" adlandırır və Onu öz Təliminin yeganə Şərhçisi kimi dəfələrlə xatırlayaraq qeyd edir ki, Onun verdiyi bütün izahlar və şərhlər Bəhaullahın Öz sözü kimi qəbul edilməlidir. O "Mənim Vəsiyyətim" kitabında yazır:

"Baxın, Mənim "Əqdəs" kitabımda nə nazil olmuşdur: "Mənim varlıq dəryamın sahilləri qurumağa başlayanda və Mənim Vəhylər Kitabım sona çatanda, nəzərlərinizi Allahın seçdiyi Kəsə və bu "Qədim Kök"dən törənmiş Budağa yönəldin. Bu müqəddəs ayə "Ən Böyük Budağa" aiddir" (Bəhaullah. Kitab-i-Əhd, s. 10).

Həzrət Bəhaullah "Budaq Lövhündə" Həzrət Əbdülbəhanın məqamını izah edərək yazır:

"Ey insanlar! Budağın təzahürünə görə Allaha şükrlər edin, çünki həqiqətən, bu sizin üçün ən yüksək mərhəmət və ən böyük nemətdir. Bu Budağın sayəsində hər cür ölmüş sümük cana gələr. Ona müraciət edən hər bir kəs həqiqətən, Allaha müraciət edir, Ondan üz döndərən kəs Mənim Gözəlliyimdən üz döndərir və Mənim sübutlarımı inkar edir və Mənə qarşı çıxır" (Bəhaullah. Budaq Lövhü)

Həzrət Bəhaullahın vəfatından sonra Həzrət Əbdülbəhanın həm Öz evində, həm də Özünün uzun sürən səyahətləri zamanı bütün dünya ölkələrinin müxtəlif əqidəli adamları ilə görüşmək imkanı vardı. O, adamların verdikləri bütün sualları, onların çətinliklərini diqqətlə dinləyər və onlara tam izahat verərdi, bu söhbətlər də səliqə ilə yazılardı.

Həzrət Əbdülbəha uzun illər ərzində Təlimin şərhinə dair işi davam etdirir və müasir həyatda müxtəlif problemlərə onun tətbiq edilməsi yollarını göstərirdi. Möminlər arasında bəzən fikir müxtəlifliyi yarananda Ona deyərdilər və O da mübahisəni hörmətlə həll edərdi. Beləliklə də, gələcəkdə baş verə biləcək anlaşılmazlıqlar ehtimalı aradan qaldırılırdı.

Bundan başqa, Həzrət Əbdülbəha bütün dünya bəhailərinin seçkili nümayəndəliyi olaraq Bəhai Dininin bütün işlərinə rəhbərlik və nəzarət etmək, onları əlaqələndirmək, anlaşılmazlığa və parçalanmaya yol verməmək, aydın olmayan məsələləri izah etmək və Təlimi təhriflərdən və yalnış şərhlərdən qorumaq üçün Allahın Uca Ədalət Evinin yaradılmasını qabaqcadan görürdü. Məsələ burasındadır ki, bu Ali İnzibati Orqan Təlimdə tam işlənib hazırlanmayan bütün məsələlər üzrə qanunvericilik hüququna malikdir. Eyni zamanda, əgər yeni şərait bunu tələb edərsə və Bəhai Dininin yayılması imkan verirsə bu orqan öz qanunlarını ləğv edə və canlı orqanizm kimi dəyişməkdə olan çəmiyyətin zərurətlərinə və tələblərinə uyğunlaşa bilər.

Həzrət Bəhaullah həmçinin Təlimin xüsusi olaraq təyin edilmiş Din Mühafizindən başqa, hər hansı bir şəxs tərəfindən şərh olunmasını qəti qadağan etmişdir. Həzrət Əbdülbəha Özünün Vəsiyyətində Şövqi Əfəndini Dinin Mühafizi təyin etmiş və Ona Yazıları şərh etmək səlahiyyəti vermişdir.

Min ildən, bəlkə də daha çox müddətdən sonra Həzrət Bəhaullahın kölgəsində, Öz Missiyasının aydın sübutları ilə yeni Zühur baş verəcəkdir: lakin o vaxta qədər Həzrət Bəhaullahın, Həzrət Əbdülbəhanın və Həzrət Şövqi Əfəndinin sözləri, həmçinin Uca Ədalət Evinin qərarları öz nüfuzlarını saxlamalı və bütün bəhailər onları əldə rəhbər tutmalıdırlar. Heç bir bəhai təlimin xüsusi şərhi və ya xəyali İlahi Vəhy əsasında ayrıca bir məktəb və təriqət yarada bilməz. Bu qərarların əksinə çıxan şəxs "Əhdi pozan" sayılır

Həzrət Əbdülbəha buyurur:

"Təlimin düşmənlərindən biri də o kəsdir ki, o, Həzrət Bəhaullahın sözlərini şərh etməyə, onlara öz anlamı səviyyəsində məna verməyə və ayrıca təriqət yaradaraq öz ətrafına ardıcıllar toplamağa, öz mövqeyini yüksəltməyə və Təlimdə parçalanma yaratmağa cəhd göstərir" ("Qərbin ulduzu" jurnalı, c.3. s.8).

Başqa bir məktubunda Həzrət Əbdülbəha yazır:

"Bu adamlar (təfriqəçilər) dənizin üzünə yığılmış köpüyə bənzəyirlər: Əhd Dəryasından qalxan dalğa Əbha Səltənətinin gücü ilə bu köpüyü sahilə atacaqdır... Bütün bu təhrif olunmuş fikirlər şəxsi və çirkin məqsədlərin nəticəsidir. Onlar yox olub gedəcəklər, Allahın Əhdi isə mətin və sarsılmaz olaraq qalacaqdır" ("Qərbin ulduzu" jurnalı, c.10, s.95).

Əgər insanların özləri dindən imtina etmək istəsələr, onları heç nə saxlaya bilməz. Həzrət Əbdülbəha buyurur: "Allahın Özü insanı mömin olmağa məcbur etmir. Bunun üçün insan iradəsinin azadlığı lazımdır". Lakin İlahi Əhd bəhai icmasında təriqətçiliyin yaranmasına heç bir imkan vermir.

PEŞƏKAR RUHANİLƏRİN OLMAMASI

Bəhai Dininin xüsusilə xatırlanmalı, fərqləndirici xüsusiyyətlərindən biri də burada peşəkar ruhanilərin olmamasıdır. Özlərinin bütün vaxtlarını dinin yayılmasına sərf edən müəllimlərə yardım üçün könüllü ianələrə icazə verilir, lakin bütün bəhailər öz imkanları və qabiliyyətləri çərçivəsində təbliğat işində iştirak etməlidirlər, yəni bu dində ruhani vəzifələrin yerinə yetirilməsi baxımından öz dindaşlarından xüsusi imtiyazlarla fərqlənən ayrıca sinif yoxdur.

Keçmiş əsrlərdə ruhanilərin olması zəruri idi, belə ki, adamlar savadsız və təhsilsiz olduğundan, dini təlimin öyrənilməsi, mərasimlərin və ayinlərin icrası, məhkəmə qurulması və s. məsələlərin həlli ruhanilərdən asılı idi.

İndi zəmanə dəyişilmiş, təhsil ümumi xarakter almışdır və əgər Həzrət Bəhaullahın qanunları yerinə yetirilərsə, onda bütün dünyanın uşaqları, həm oğlanlar, həm də qızlar sağlam tərbiyə alacaqlar. Onda hər bir adam müstəqil olaraq Müqəddəs Yazıları öyrənmək və özünə lazım olan həyat Suyunu bilavasitə Çeşmənin Özündən götürmək iqtidarına malik olacaqdır.

Bəhai Dinində dəqiq işlənmiş ayinlər və mərasimlər və onların icrasını tələb edən xüsusi peşə və ya qrup yoxdur, və məhkəmə işləri isə bu məqsədlə yaradılmış orqanların öhdəsinə qoyulmuşdur.

Uşağa müəllim lazımdır, lakin əsl müəllimin məqsədi şagirdi onun köməyi olmadan şeylərə öz gözü ilə baxmağa, öz qulaqları ilə eşitməyə və öz ağlı ilə düşünməyə hazırlamaqdır.

Eləcə də bəşəriyyət özünün uşaqlıq dövründə ruhanilərə ehtiyac duyurdu, lakin ruhanilərin həqiqi vəzifəsi adamları ruhanilərsiz keçinməyə hazırlamaqdır ki, adamlar İlahi Zühurlara öz gözləri ilə baxsınlar, Onları öz qulaqları ilə eşitsinlər və onları öz ağılları ilə anlasınlar.

İndi isə ruhanilərin vəzifəsi demək olar, yerinə yetirilmişdir və Bəhai Təliminin məqsədi bu işi başa çatdırmaq, insanların Allahdan başqa bütün hər şeydən müstəqilliyini təmin etməkdir ki, onlar bilavasitə Pərvərdigara, yəni Onun Zühuruna üz tuta bilsinlər.

Hamı Vahid Mərkəzə üz tutduğu zaman anlaşılmazlıqlar və mübahisələr aradan qaldırılacaqdır. Adamlar bu Mərkəzə nə qədər yaxın olsalar, bir-birlərinə də o qədər yaxın olacaqlar.

 



[1] Yəni xristianlar

 


Ý

Kitabın əvvəlinə

¬ Geri, VII fəsilə        İrəli, IX fəsilə ®

 

©2003-2008 Azərbaycan Bəhailərinin Milli Ruhani Məhfili.

Digər təşkilatlar və fiziki şəxslər bu materiallardan sərbəst istifadə edə bilər, o şərtlə ki, burada olan məlumatlar təhrif olunmayacaq, materialların və ya onlardan olan çixarışların nəşrində aşağıdakılar qeyd olunacaq:
"Azərbaycanda Bəhai Dini icmasının rəsmi www.bahai.az internet saytının materiallarından istifadə olunmuşdur."
Bəhaullah və Yeni Era -
Con Ebenezer Esslemont
Yuxarı >