"Dünya tək bir vətəndir, və bütün insanlar - onun vətəndaşlardır." - Bəhaullah
Bəhaullah və Yeni Era -
Con Ebenezer Esslemont

Ý Kitabın əvvəlinə   


IX FƏSİL. HƏQİQİ SİVİLİZASİYA

"Ey Allahın xalqları! Ancaq özünüz haqqında düşünməyin. Dünyanın yaxşılaş­dırılması və xalqların tərbiyələn­diril­məsi qayğısına qalın".

Həzrət Bəhaullah.

DİN — SİVİLİZASİYANININ TƏMƏLİDİR

ƏDALƏT

HÖKUMƏT

SİYASİ AZADLIQ

HÖKMDARLAR VƏ TƏBƏƏLƏR

TƏMİNAT VƏ YÜKSƏLTMƏ

İQTİSADİ PROBLEMLƏR

İCTİMAİ MALİYYƏ VƏSAİTLƏRİ

KÖNÜLLÜ İANƏLƏR

HAMI İŞLƏMƏLİDİR

SƏRVƏT ETİKASI

SƏNAYE QULDARLIĞINA QARŞI

VƏSİYYƏTNAMƏ VƏ MİRAS

KİŞİ VƏ QADIN BƏRABƏRLİYİ

QADINLAR VƏ YENİ ƏSR

ZORAKI ÜSULLARDAN İMTİNA

TƏRBİYƏ

ANADANGƏLMƏ XASİYYƏT FƏRQLƏRİ

XARAKTERİN FORMALAŞMASI

İNCƏSƏNƏT, ELM, SƏNƏT

CANİLƏRLƏ RƏFTAR

MƏTBUATIN TƏSİRİ

 


DİN — SİVİLİZASİYANININ TƏMƏLİDİR

Bəhai dünyagörüşü baxımından insan həyatının həm fərdi və həm də ictimai problemləri elə mürəkkəbdir ki, adi insan ağlı onları müstəqil olaraq həll etmək iqtidarında deyildir. Ancaq o bir olan Allah yaradılmışların məqsədini və ona nail olma üsullarını bilir.

Allah Peyğəmbərlər vasitəsilə adamlara insan həyatının həqiqi vəzifəsini və tərəqqiyə aparan düzgün yolu göstərir. Əsl sivilizasiyaya nail olmaq Peyğəmbərin Vəhylərinin göstərişlərinin sədaqətlə yerinə yetirilməsindən asılıdır.

Həzrət Bəhaullah buyurur: "Dünyada qayda-qanunu bərqərar etmək və hamı üçün əmin-amanlıq yaratmaq üçün din ən böyük vasitədir. Dinin dayaqlarının zəifləməsi nadanları şirnikləndirmiş və onları ədəbsiz və təkəbbürlü etmişdir. Doğrusunu deyirəm, dinin yüksək mövqeyinin alçalmasına imkan yaradan bütün amillər bəd niyyətlilərin məsuliyyətsizliyini daha da artırdı və bu da hərc-mərcliklə nəticələndi...

Bəşəriyyəti iqtişaşlara və həyacanlara düçar edən Qərb xalqlarının sivilizasiyasına nəzər yetirin. İnsanların amansızlıqla məhvinə yönəlmiş elə cəhənnəm silahları düzəldilib ki, indiyədək bəşəriyyət onlara bənzər silahları nə görmüş, nə də eşitmişdir. Əgər dünya xalqları bu şəri qəbul etməmək məqsədilə bir dinin kölgəsi altında birləşməsələr, bu güclü və böyük şərin məhvinə nail olmayacaqlar.

Ey Bəha əhli! Bəyan olunmuş hökmlərin hər biri bəşəriyyətin mühafizəsi üçün qüdrətli qaladır" (Bəhaullah. Cənnət kəlamları).

Avropanın və bütün dünyanın müasir vəziyyəti çox illər bundan əvvəl yazılmış bu sözlərin doğruluğunu bariz şəkildə təsdiqləyir. Peyğəmbərlərin tövsiyələrinə etinasızlıq və dinsizliyin geniş surətdə yayılması dəhşətli miqyaslarda baş verən hərc-mərclik və dağıntılarla müşayiət olunur və qəlblər dəyişməyincə və əsl dinə xas olan məqsədlər qəbul edilməyincə, insan cəmiyyətinin yeniləşdirilməsi tamamilə qeyri-mümkün olan bir işdir.

ƏDALƏT

Həzrət Bəhaullah "Gizli kəlamlar" adlı kiçik kitabında Peyğəmbər təliminin mahiyyətini qısaca şərh edir. Onun ilk tövsiyəsi belədir: "...təmiz, yaxşı və nurlu bir ürəyə sahib ol ki, əbədi, sonsuz, əzəli və qədim bir məqama sahib olasan" (Bəhaullah. Gizli kəlamlar. Bakı). Sonra O, düzgün ictimai həyatın əsas prinsiplərini göstərir:

"Ey ruh oqlu! Ən çox sevdiyim şey insafdır. Mənə məhəbbətin varsa, ondan üz çevirmə; etibarımı qazanmaq istəyirsənsə, ondan xəbərsiz olma, ta ki, Mənim yanımda əmin tanınasan. Hər hansı bir şeyi başqalarının gözü ilə deyil, öz gözünlə görsən və başqalarının ağlı ilə deyil, öz ağlınla hərəkət etsən istədiyinə nail olarsan. Fikirləş, gör necə buna nail ola bilərsən. Bu Mənim sənə olan mərhəmətimdir, bir bəxşişimdir. Onu gözünün önündən uzaqlaşdırma" (Bəhaullah. Gizli kəlamlar. Bakı).

İctimai həyatın başlıca əsası ondan ibarətdir ki, hər bir adam həqiqəti yalandan, doğrunu səhvdən ayıra bilsin və hər şeyi öz gerçəkliyi işığında görsün. Mənəvi və ictimai korluğun başlıca səbəbi və sosial tərəqqinin ən böyük düşməni eqoizmdir. Həzrət Bəhaullah buyurur:

"Ey idrak oğulları! Nazik göz qapağı gözə dünyanı və onda olan şeyləri görməyə mane olur. Əgər tamahkarlıq pərdəsi qəlbin gözünü örtərsə, onda nə baş verər?! Ey insanlar! Günəş şüalarının qarşısını buludlar kəsən kimi tamahkarlıq və paxıllıq zülməti də qəlbin ziyasını qaranlığa bürüyür!" (Bəhaullahın əvvəllər atəşpərəst olmuş bəzi iranlı bəhailərə yazdığı Lövhdən)

Uzun illərin təcrübəsi nəhayət, adamları Peyğəmbərin bu təliminin həqiqiliyinə əmin edir ki, eqoist baxışlar və əməllər labüd olaraq ictimai fəlakətlərə gətirib çıxarır, buna görə də bəşəriyyətin şərəfsizliklə məhv olmaması üçün hər bir şəxs yaxınlarının işinə öz şəxsi işi kimi əhəmiyyət verməli və öz maraqlarını bütünlüklə bəşəriyyətin maraqlarına tabe etməlidir.

Həzrət Bəhaullah buyurur:

"Ey insan oqlu! Əgər sən mərhəmət tərəfdarısansa, onda öz xeyrindən imtina et və başqalarına xeyir verən işlərlə məşğul ol; əgər sən ədalət tərəfdarısansa, onda özünə nə arzulayırsansa, başqasına da onu arzula” (Bəhaullah. Cənnət kəlamları).

HÖKUMƏT

Həzrət Bəhaullahın Təlimində həqiti sosial qaydalar məsələsinə dair iki müxtəlif istiqamətli göstəriş vardır. Onlardan birincisi Həzrət Bəhaullahın hökmdarlara yazdığı məktublarında öz ifadəsini tapmışdır və Onun, yaşadığı dövrdə mövcud olan hakimiyyət probleminə aid mülahizələridir.

İkinci göstəriş isə bəhai icmasının özündə qurulacaq yeni qaydalar haqqındadır. Burada Həzrət Bəhaullahın məktublarından gətirdiyimiz aşağıdakı iki parça arasında zahirən kəskin fikir ayrılığı duyulur. Bir yerdə O buyurur:

"Allah-taala, Onun Cəlalı daha da ucalsın, insanların ürəklərini Özünün müstəsna mülkiyyəti kimi baxmış və baxacaqdır. Yerdə qalan bütün şeyləri - dənizləri, torpaqları, sərvətləri və şan-şöhrəti isə O, krallara və hökmdarlara bəxş etmişdir".

"Və indi bütün insanlar Ən Uca İsimdən möhkəm tutmalı və bütün bəşər nəslinin birliyini yaratmalıdırlar, çünki Ondan başqa qurtuluş və sığınacaq yeri yoxdur" (Bəhaullah, Seçilmiş lövhləri).

Həzrət Bəhaullahın "Kiçik Sülh" ilə "Ən Böyük Sülh" arasında olan həmin fərqləndirməsinə diqqətlə nəzər yetirdikdə, bir araya sığışmaz görünən bu iki müddəa arasındakı ziddiyyət yox olub gedir. Həzrət Bəhaullah krallara yazdığı məktublarında onları bir yerə yığışmağa və siyasi sülhə tərəfdar çıxmağa, silahlanmanı azaltmağa, yoxsulları ağır əzabdan xilas etməyə və onların həyatını yüngülləşdirməyə çağırır.

Beləliklə, Onun sözləri tamamilə aydın göstərir ki, əgər hökmdarlar zamanın tələblərinə cavab verən tədbirləri həyata keçirə bilməsələr, bu, köhnə qaydaları dağıdan müharibələrə və inqilablara gətirib çıxaracaqdır.

Buna görə də Həzrət Bəhaullah bir tərəfdən göstərir ki, "Hal-hazırda bəşəriyyətin duyduğu ehtiyac hakimiyyət sahiblərinə itaət etməkdir"..., digər tərəfdən isə O buyurur: "O kəslər ki, fani şöhrətə nail olub yer üzünün cah-cəlalını və dəbdəbəsini əldə edərək, etinasızlıqla Allahdan üz döndərmişlər, onlar özlərini həm bu dünyadan və həm də Axirət dünyasından məhrum etmişlər.

...Tezliklə Allah Özünün Qüdrətli Əlləri ilə onların var-dövlətlərini əllərindən alacaq və Özünün səxavət və nemət libasını onların əynindən çıxaracaqdır... Ey xalqlar! Biz sizlərə müəyyən vaxt təyin etmişik və əgər Siz o vaxtadək nəzərlərinizi Allaha yönəltməsəniz, O həqiqətən, Sizi ağır cəzaya düçar edəcək və Sizin üzərinizə hər tərəfdən dəhşətli fəlakətlər göndərəcək...

Mövcud hakim qaydalar miskin və eybəcər olduğu üçün yaxınlaşan sarsıntıların və hərc-mərcliyin əlamətləri də indi müxtəlif ola bilər... Biz bütün dünyada Sənin qələbəni təmin etməyi, hətta öz üzünü Sənə tərəf yönəltmək istəyən bir kral tapılmasa da belə, Bizim İşimizi bütün bəşəriyyət üzərində yüksəltməyi vəd edirik" (Bəhaullah, Seçilmiş lövhləri).

"Yer üzündə sülhün və dincliyin bərqərar olması və bütün bəşəriyyətin tərəqqisi üçün lazım olan zəruri şəraiti açıqlamaq arzusu ilə Əbədi Vücud aşağıdakıları yazır: Vaxt gələcək ki, Ümumdünya Məclisinin təsis edilməsinin zəruriliyini hamı dərk edəcəkdir. Bütün dünyanın kralları və hökmdarları hökmən bu məclisə toplanmalı və insanlar arasında Böyük Ümumdünya Sülhünün gələcək təməlini qoymağa qadir olan yolların və üsulların tapılması üçün müzakirələrdə iştirak etməlidir. Belə sülhün həyata keçirilməsi tələb edir ki, böyük dövlətlər xalqların əmin-amanlığı naminə öz aralarında tam razılıqa gəlsinlər. Əgər hər hansı bir hökmdar başqasına silah qaldırarsa, onda hamı birlikdə ayağa qalxaraq bu işdə onun qarşısını kəsməlidir" (Bəhaullah, Seçilmiş lövhləri).

Həzrət Bəhaullah bu tövsiyələri ilə bu İlahi Gündə hökmdarların ictimaiyyət qarşısında daşıdıqları məsuliyyətin yerinə yetirilməsi şərtlərini açıqlayır. Həzrət Bəhaullah hökmdarları beynəlxalq həmrəyliyə çağırmaqla bərabər, açıqcasına xəbərdarlıq edərək bildirir ki, onların arasında durmadan davam edən mübarizə elə onların öz qüvvələrini məhv edə bilər.

Bizim müasir tariximiz bu xəbərdarlığın haqlı olduğunu təsdiqləyir: sivilizasiyanın tərəqqisi hərbi qüvvələrin gücünü elə artırmışdır ki, müharibə aparacaq tərəflərin hər hansı birinin qələbə qazanması qeyri-mümkün olmuşdur.

"İndi, bir halda ki, siz Böyük Sülhdən üz çevirmisiniz, onda şəxsi vəziyyətinizi və tabeliyinizdə olan adamların vəziyyətini müəyyən dərəcədə yaxşılaşdırmaq üçün Kiçik Sülhdən möhkəm yapışın... Dünyanı bu böhrandan çıxarmaq üçün Allahın təyin etdiyi ən birinci dərəcəli dərman və ən qüdrətli vasitə ümumi İş ətrafında bütün bəşəriyyətin birləşməsi və hamının Bir Dini qəbul etməsidir. Bu, ancaq məharətli, ilhamlı və ən qüdrətli Həkimin gücü sayəsində əl-də edilə bilər" (Bəhaullah, Seçilmiş lövhləri).

"Kiçik Sülh" dedikdə dövlətlərin siyasi birliyi nəzərdə tutulduğu halda, "Ən Böyük Sülh" həm ruhani, həm də siyasi və iqtisadi amilləri əhatələyən birlik deməkdir. "Tezliklə, indi mövcud olan qaydalar dağılacaq və onun əvəzinə yenisi gələcəkdir" (Bəhaullah, Seçilmiş lövhləri).

Keçmiş zamanlarda hökumətin fəaliyyəti xarici və maddi əhəmiyyət daşıyan məsələlərlə məhdudlaşırdısa, indi hökumətin vəzifəsi ondan rəhbərlik etmək bacarığı, fədakarlıq və ruhani biliklər tələb edir ki, buna da yalnız nəzərlərini Allaha tərəf çevirən adamlar nail ola bilərlər.

SİYASİ AZADLIQ

Həzrət Bəhaullah həm yerli, həm də milli və beynəlxalq idarəetmə orqanlarının seçkili olmasını ideal dövlət quruluşu forması kimi təqdir etsə də, öyrədir ki, bu yalnız insanların fərdi və ictimai inkişafın kifayət qədər yüksək səviyyəsinə çatdığı zaman mümkün ola bilər.

Təhsil almayan, yalnız eqoist arzuları əldə rəhbər tutan və ictimai idarəetmə işlərində təcrübəsiz olan xalqa birdən-birə tam özünüidarəni tapşırmaq zərərli nəticələr verə bilər. Azadlıqdan səmərəli istifadə etmək qabiliyyətinə malik olmayan adamlara azadlıq verməkdən daha təhlükəli bir şey ola bilməz. Həzrət Bəhaullah "Əqdəs" Kitabında yazır:

"Adamlara və onların ağlının azlığına nəzər salın: onlar özlərinə zərər verən şeyləri tələb edir və onlara fayda gətirən şeylərə etinasız yanaşırlar. Həqiqətən, onlar yollarını azmışlar. Elə adamlar var ki, azadlıq axtarırlar və onunla qürrələnirlər. Və onlar da dərin cəhalət içindədirlər.

Azadlıq son nəticədə alovunun söndürülməsi qeyri-mümkün olan qiyama gətirib çıxarır. Hər şeyi Bilən Hakim sizi bundan çəkindirir.

Bilin ki, azadlığın mücəssəməsi heyvanlardır, insan isə onu öz şəxsi nadanlığından və məkrli adamların ziyanlarından qoruyan qanunların himayəsində olmalıdır. Azadlıq adamı ədəb və ləyaqət hüdudlarını aşmağa sövq edir və onu adamların ən alçağına çevirir.

Adamlara quzulara baxan kimi baxın: quzuları qorumaq üçün onlara çoban lazımdır — bu, inkaredilməz həqiqətdir. Biz bəzi hallarda azadlığı lüzumlu sayır, digər hallarda isə qəbul etmirik: həqiqətən, Biz hər şeyi bilənik.

Söylə: "Əsl azadlıq Mənim hökmlərimə itaət etməkdədir, əgər siz anlayanlardansınızsa... Əgər adamlar Bizim Vəhy səmasından nazil etdiyimizə riayət etsəydilər, onda özlərinə əsl azadlıq tapa bilərdilər. Pərvərdigarın səmadan nazil etdiyi İradəsini dərk edən, Onun dünyanı əhatələyən məqsədlərini dərk edən, nə bəxtiyardır.

Söylə: Sizə fayda gətirən azadlıq, həqiqətən, Allaha, Əbədi həqiqətə ibadətdədir. İbadətin şirinliyini dadan kəs onu göyün və yerin nemətlərinə dəyişməz" (Bəhaullah, Kitab-i-Əqdəs).

İlahi Təlim geri qalmış irq və millətlərin vəziyyətlərinin yaxşılaşdırması üçün müstəsna vasitədir. Yalnız xalqlar və dövlət xadimləri bu Təlimi öyrənib və onu qəbul etdikləri zaman millətlər onları zəncirləyən buxovlardan azad olacaqlar.

HÖKMDARLAR VƏ TƏBƏƏLƏR

Həzrət Bəhaullah ən kəskin ifadələrlə istibdadı və zorakılığı qadağan edir. "Gizli kəlamlar" əsərində O yazır:

"Ey yer üzünün zalımları! Zülmkarlıqdan əl çəkin, and içmişəm: heç bir kəsin etdiyi zülmü bağışlamayacaqam. Bu, Lövhi-Məhfuzda yazdığım, Camal Möhürü ilə möhürlədiyim bir əhdimdir" (Bəhaullah. Gizli kəlamlar)

Qanunların təsdiq edilməsi və icrası kimə etimad olunmuşsa, onlar gərək: "Məsləhətləşmə prinsipinə, xalqın təhlükəsizliyinə, maddi rifahına və əmin-amanlığına doğru aparan nə varsa, hamısına qətiyyətlə əməl etsinlər: əks halda bu, hərc-mərcliyə və həyəcanlara gətirib çıxarar" (Bəhaullah. Sülh Lövhü).

Eyni zamanda xalq da qanuna itaət etməli və öz xalqının ümumi rifahını cəza tədbirləri ilə deyil, tərbiyəvi metodlarla və xoşniyyətli nümunə gücü ilə yaxşılaşdırmağa çalışan ədalətli hökumətə loyal və sədaqətli olmalıdır.

Həzrət Bəhaullah buyurur: "Bəhaullah Təliminin ardıcılları hansı ölkədə yaşayırsa-yaşasınlar, onlar bu ölkənin hökumətinə vicdanla, doğruluqla və loyal yanaşmalıdırlar" (Bəhaullah. Xoş xəbər).

"Ey Allahın bəndələri! Şərəf və iman libası sizin bəzəyiniz olsun. Xeyirxah işlərinizlə və əxlaqi keyfiyyətlərinizlə Rəbbinizə xidmət edin. Həqiqətən, Öz Kitablarımızda, Məktublarımızda və Yazılarımızda Biz sizə çəkişmə və ixtilafın səbəbkarı olmağı qadağan etmişik və bununla sizin ucalığınızı və əzəmətinizi arzulamışıq" (Bəhaullah. İşraqat Lövhü).

TƏMİNAT VƏ YÜKSƏLTMƏ

Vəzifəyə təyinat zamanı yeganə meyar — həmin vəzifəyə təyin edilənin yararlı olmasıdır. Bu ali mülahizə qarşısında bütün digər keyfiyyətlər — yaşa və vəzifəyə, rütbəyə görə böyüklük, ictimai və maliyyə vəziyyəti, qohumluq əlaqələri və şəxsi dostluq münasibətləri kənarda qalmalıdır.

"Hökmdarlar öz təbəələrini yaxşı tanımalı və onları qabiliyyətlərinə uyğun olaraq vəzifələrə təyin etməlidirlər. Hər bir hökmdar və rəis bu hala xüsusi diqqət yetirməlidir ki, şərəfsiz adam ləyaqətlinin yerini ələ keçirməsin, oğru gözətçi vəzifəsini tutmasın".

Əmin olmaq üçün diqqəti bir az buna cəmləşdirmək lazımdır: əgər bu prinsiplər hər yerdə qəbul edilsə və tətbiq olunsa, onda bizim ictimai həyatımızda valehediçi dəyişikliklər baş verər. Bu zaman hər bir şəxs öz qabiliyyətinə müvafiq təyinat alar, o bütün gücünü öz işinə sərf edər və öz işində məharətli olub, həm özünə, həm də başqalarına hədsiz fayda gətirər.

İQTİSADİ PROBLEMLƏR

Həzrət Bəhaullahın Təlimi varlılarla kasıblar arasındakı iqtisadi münasibətlərdə islahatlar aparılmasının zəruriliyində qətiyyətlə təkid edir. Həzrət Əbdülbəha buyurur:

"Yaşayış vəsaitlərinin bölüşdürülməsi elə aparılmalıdır ki, yoxsulluq və ehtiyac yox olsun və hər bir kəs imkanı daxilində, özünün biliyinə və vəziyyətinə uyğun şəkildə rahatlıqdan və həyat nemətlərindən istifadə edə bilsin.

Halbuki, bəziləri həddindən artıq var-dövlət sahibidir, digərləri isə yoxsulluğun son həddində yaşayır və gündəlik çörəyə möhtacdır. Biri dəbdəbəli sarayda yaşayır, digərinin isə yatmağa yeri də yoxdur. Belə vəziyyət qeyri-normaldır, o dəyişdirilməlidir və bu dəyişikliklər düşünülmüş şəkildə və qanun çərçivəsində həyata keçirilməlidir. Lakin bu o demək deyil ki, adamlar arasında tam bərabərlik olmalıdır, çünki bu cür bərabərlik mümkün deyildir: o xülyadır və heç zaman həyata keçirilə bilməz.

Hətta belə bərabərlik həyata keçirilsə də, o, uzun müddət davam edə bilməz. Əgər belə bərabərliyin yaradılması mümkün olsaydı, o zaman dünya qaydaları pozulardı. İnsan dünyasında isə həmişə qanun və qayda mövcud olmalıdır. İnsan yaradılarkən Allah belə göstəriş vermişdir...

Bəşəriyyət general, kapitan, bütün rütbələrdən olan kiçik zabitlər və sıravi əsgərlər tələb edən böyük orduya bənzəyir və hər birinin də öz vəzifəsi olmalıdır. Təşkilatda tam qaydanı təmin etmək üçün rütbələrin olması mütləq lazımdır.

Ordu, təkcə generallardan və ya kapitanlardan ibarət ola bilmədiyi kimi, yalnız heç bir hakimiyyətə tabe olmayan əsgərlərdən də ibarət ola bilməz..."

"Şübhəsiz kimsə həddindən artıq varlıdırsa, başqaları isə son dərəcədə yoxsuldursa, onda bu ifrat vəziyyəti tarazlaşdırmaq üçün qanunun olması vacibdir. Həm dövlətliliyi, həm də yoxsulluğu məhdudlaşdırmaq lazımdır. Hər iki ifrat hədd yaxşı deyildir. Biz yoxsulluğun faciəli nəticələrə gətirib çıxarmasını görürüksə, bu o deməkdir ki, biz burada istibdadın əsl əlaməti ilə rastlaşırıq.

İnsanlar qəti tədbirlər görməli və ifrat yoxsulluğa, çoxsaylı kütlələrin bədbəxtliyinə səbəb olan şəraiti yubanmadan dəyişməlidirlər.

İmkanlılar öz artıq var-dövlətlərini könüllü olaraq bölüşdürməli, qəlblərini yumşaltmalı, özlərində mərhəmət hissini inkişaf etdirməli, əzab-əziyyət çəkənlərə, fəlakətə düşənlərə və yaşayış üçün ən zəruri şeylərə ehtiyacı olanlara qayğı göstərməlidirlər.

Hədsiz varlanmaya və ifrat yoxsulluğa dair xüsusi qanunlar verilməlidir. Hamını eyni ədalətlə təmin etmək üçün dövlət qanunları İlahi qanunlara uyğun olmalıdır. Bunlar həyata keçirilməyincə, İlahi qanunlar bərqərar olmayacaqdır." (Əbdülbəha. Paris söhbətləri, s.140)

İCTİMAİ MALİYYƏ VƏSAİTLƏRİ

Həzrət Əbdülbəha təklif edir ki, hər bir şəhər, kənd və əyalət imkan daxilində və öz hüdudlarında öz maliyyə ehtiyatlarına sərəncam verməli və ümumdövlət xərcləri üçün bu ehtiyatlardan müəyyən pay ayırmalıdır. Gəlirin başlıca mənbələrindən biri də mütərəqqi gəlir vergisi olmalıdır. Əgər hər hansı bir şəxsin gəliri onun zəruri xərclərini ödəməyə kifayət etmirsə, onda həmin şəxs heç bir vergi verməməlidir.

Lakin gəlirin zəruri xərclərdən artıq olduğu bütün hallarda hökmən vergi qoyulmalıdır, həm də onun faizi gəlirin zəruri xərclərdən artıqlığına müvafiq olaraq yüksəldilməlidir.

Digər tərəfdən əgər hər hansı bir şəxs xəstəlik, məhsulun azlığı, yaxud ondan asılı olmayan digər səbəblər ucbatından özünü və ailəsini lazımi səviyyədə təmin etmək üçün kifayət qədər qazanc əldə edə bilmirsə, onda həmin şəxsə özünü və ailəsini dolandırmaq üçün ictimai fondlardan yardım göstərilməlidir.

Bundan başqa, digər ictimai gəlir mənbələri də vardır: vəsiyyətnamə ilə miras qoyulmuş əmlak, mədənlər, dəfinələr və könüllü ianələr bu qəbildəndir.

Xərclərə gəldikdə isə kimsəsiz xəstələrin, yetimlərin, karlar və korlar məktəblərinin, həmçinin ictimai səhiyyənin saxlanılması nəzərdə tutulmalıdır. Beləliklə, ümumi rifah təmin ediləcəkdir.[1]

KÖNÜLLÜ İANƏLƏR

Həzrət Əbdülbəha 1919-cu ildə Sarsılmaz Sülh Təşkilatı Mərkəzinə göndərdiyi məktubda yazırdı: "Həzrət Bəhaullahın Təlimindəki bir müddəada deyilir ki, hər bir adam başqasının mənafeyini öz mənafeyindən üstün tutmalıdır: bu, bərabərlikdən üstündür və onun mənası bundan ibarətdir ki, insan özünü başqasından üstün tutmasın, əksinə, öz canını və malını başqasına qurban versin.

Lakin bu insanların sözsüz tabe olduqları qanun kimi məcburi həyata keçirilməməlidir, əksinə, onlar könüllü və öz istəkləri ilə mallarını və canlarını başqaları naminə qurban verməli və bəhailər arasında (İranda) olduğu kimi ehtiyacı olanlara həvəslə kömək etməlidirlər".

HAMI İŞLƏMƏLİDİR

Həzrət Bəhaullahın iqtisadi məsələlərə dair ən mühüm tövsiyələrindən biri hökmən faydalı əməklə məşğul olmaqdır. İnsan cəmiyyətində tüfeylilər və başqasının hesabına dolananlar olmamalıdır. Həzrət Bəhaullah buyurur:

"Sizlərdən hər birinizə hər hansı bir işlə məşğul olmaq əmri verilir: sənətlə, ticarətlə və i. a. Sizin belə əməklə məşğul olmağınızı Biz həqiqi Allaha xidmət saydıq. Düşünün, ey insanlar, Allahın mərhəməti və Onun xeyirxahlığı haqqında düşünün və geçə-gündüz Ona şükrlər edin.

Vaxtınızı tənbəlliyə və bekarçılığa sərf etməyin. Həm sizə, həm də başqalarına fayda gətirən işlərlə məşğul olun. Müdriklik və Bəlağət Günəşi şəfəqlərinin üfüqlərindən nazil olan bu müraciətnamədə belə yazılıb!

Allah qarşısında ən zəlil sayılan bəndə o kəsdir ki, oturub dilənir. Bütün vasitələrin çeşməsi olan Allaha təvəkkül edərək, öz işinizdən möhkəm yapışın".

İndi işgüzar aləmdə başqalarını məhv etmək və sarsıtmaq üçün faydasız işə və rəqabətə nə qədər enerji sərf edilir! Hələ də bundan da çox enerji daha zərərli olan üsullara sərf olunur.

Əgər insanlar işi bir vəzifə hesab etsəydilər və Həzrət Bəhaullahın tələb etdiyi kimi bəşəriyyət üçün faydalı olan fiziki və zehni əməklə məşğul olsaydılar, onlar sağlam, təminatlı və alicənab həyat üçün zəruri olan hər şeyə nail olardılar. Bu zaman yoxsullar yaşayan xarabalıqlar, aclıq dilənçilik, sənaye köləliyi və sağlamlığı pozan ağır əmək də olmazdı.

SƏRVƏT ETİKASI

Həzrət Bəhaullahın Təliminə görə, halal yolla qazanılmış və düzgün xərclənən sərvət hörmətə və tərifə layiqdir. Hər bir xidmət müvafiq olaraq mükafatlandırılmalıdır. Həzrət Bəhaullah "Tərazat" Lövhündə yazır:

"Bəhailər heç bir kəsin xidmətini inkar etməməli, elm və incəsənət adamlarına hörmət bəsləməlidirlər".

Həzrət Bəhaullah "İşraqat" Lövhündə sələm haqqında yazır: "Çox adamların pula ehtiyacı var və əgər sələmə icazə verilməsə, işlər tərəqqi etməz, keriləyər... Az adam tapmaq olar ki, "qərzol-həsən" (hərfi mənası — "gözəl borc" deməkdir, yəni pul sələmsiz verilir və borcun qaytarılma müddəti göstərilmir) qaydası ilə borc versin.

Buna görə də, Biz bəndələrə mərhəmət göstərərək, adamlar arasında icra olunan digər sövdələşmələr kimi, pula sələm təyin etdik. Bu, o deməkdir ki, sələmin alınması halaldır, qanunidir və təmizdir... Lakin bununla yanaşı sələm alınarkən əndazəyə və ədalətə riayət olunmalıdır.

Bəndələrinin rifahı naminə öz Müdrikliyinə istinad edən İlahi Qələm sələmin faizini göstərməkdən çəkinib. Biz Allahın dostlarını ədalətli və vicdanlı hərəkət etməyə çağırırıq ki, bu da onlar arasında bir-birinə qarşı rəhmli və mərhəmətli olmaqla nəticələnsin...

Bu işlərin icrası Ədalət Evi üzvlərinə ona görə həvalə olunmuşdur ki, onlar zamanın tələblərinə uyğun və hikmətlə hərəkət etsinlər" (Bəhaullah. İşraqat Lövhü).

SƏNAYE QULDARLIĞINA QARŞI

Həzrət Bəhaullah "Kitab-i-Əqdəs" əsərində quldarlığı qadağan edir, Həzrət Əbdülbəha isə göstərir ki, nəinki quldarlıq, həmçinin sənaye quldarlığı da Allah qanununa ziddir. 1912-ci ildə O, Amerikada olarkən amerika xalqına demişdi:

"1860 və 1865-ci illər arasında Siz böyük iş görmüsünüz – quldarlığı ləğv etmisiniz, indi isə daha əhəmiyyətli iş görməlisiniz, yəni sənaye quldarlığını da ləğv etməlisiniz... Mən görürəm ki, iqtisadi məsələlərin həlli kapitalın əməyə qarşı və əməyin kapitala qarşı mübarizəsində deyildir; çəkişmələrdə və münaqişələrdə deyil, hər iki tərəfin qarşılıqlı xeyirxah münasibətindədir. Yalnız belə olan halda əsl və ədalətli həyat şəraitinə möhkəm təminat yarana bilər...

Bəhailər arasında başqasından pul qoparan, öz mənfəətini güdən, ədalətsiz adamlar yoxdur, mövcud iqtidara qarşı üsyankar tələblər, yaxud inqilabi çağırışlar yoxdur...

Gələcəkdə heç kəsin başqasının əməyi hesabına külli miqdarda sərvət toplamasına imkan olmayacaqdır. Adamlar var-dövlət toplamağa tədricən, təbii surətdə, öz arzuları ilə nail olacaqlar. Bu heç zaman müharibə və qantökmə ilə əldə edilməyəcəkdir" ("Qərbin ulduzu" jurnalı, c.7, s.147).

Həm əməyin, həm də kapitalın mənafeyinin qorunmasının ən yaxşı üsulu tərəflərin dostcasına görüşləri, gəlirlərin bölünməsində onların əməkdaşlığı, yoldaşlığı və iştirakıdır. Dəhşətli silah olan tətillər və lokautlar[2] nəinki sənayeni, eləcə də bütün cəmiyyəti sarsıdır. Buna görə də, hökumətin vəzifəsi mübahisələrin həllində belə vəhşi üsulların tətbiq edilməsinin qarşısını alan vasitələr axtarıb tapmaqdan ibarətdir. 1912-ci ildə Həzrət Əbdülbəha Dublində söylədiyi çıxışında demişdir:

"İndi Mən Sizə Allahın qanunu barəsində danışmaq istəyirəm. Allahın qanununa görə, muzdla işləyən şəxslərin haqqının ödənilməsini yalnız bir əmək haqqı ilə məhdudlaşdırmaq olmaz, onlar həmçinin müəssisənin hər bir gəlirində ortaq olmalıdırlar.

İctimailəşdirmə məsələsi olduqca çətindir. Onu tətillərlə həll etmək olmaz. Dünya dövlətləri yekdilliklə elə təşkilat yaratmalıdırlar ki, həm parlamentlərdən, həm də xalq arasından hörmətli adamlar buraya üzv ola bilsinlər. Onlar bütün səyləri və dərrakələri ilə elə qanun işləyib hazırlamalıdırlar ki, bir tərəfdən kapitalistlər zərərə və ziyana məruz qalmasınlar, digər tərəfdən də fəhlələr gündəlik çörəyə möhtac olmasınlar.

Bu qanunu tamamilə qərəzsiz qəbul etmək lazımdır. Sonra onlar hamıya elan etməlidirlər ki, fəhlələrin hüququ və mənafeləri qorunmuşdur. Eyni zamanda kapitalistlərin də hüquqları toxunulmaz qalır.

Hər iki tərəfin razılığı ilə belə qanun qəbul edildikdən sonra əgər yenə tətil baş verərsə, onda bütün dünya hökumətləri kollektiv surətdə ona qarşı çıxmalıdırlar. Əks təqdirdə vəziyyət daha da gərginləşər, xüsusilə Avropada faciəli hadisələr baş verə bilər.

Ümumavropa müharibəsini yaradan səbəblərdən biri də bu məsələ olacaqdır. Daşınmaz əmlak sahibləri, mədənlərin, fabriklərin və zavodların mülkiyyətçiləri müəssisələrin gəlirlərini fəhlələrlə bölüşdürməli və gəlirlərdən onlara müəyyən pay verməlidirlər ki, onlar öz əmək haqları ilə yanaşı, müəssisənin ümumi gəlirindən də müəyyən pay ala bilsinlər və işə can yandırsınlar" ("Qərbin ulduzu" jurnalı, c.8, №1, s.7.).

VƏSİYYƏTNAMƏ VƏ MİRAS

Həzrət Bəhaullahın Təliminə əsasən hər bir şəxs bütün həyatı boyu öz əmlakından istədiyi kimi istifadə etmək hüququna malikdir, lakin hər bir adam ölümündən sonra onun əmlakı ilə necə hərəkət etmək barəsində vəsiyyətnamə yazmalıdır. Əgər hər hansı bir şəxs vəsiyyətnaməsiz dünyasını dəyişərsə, bu zaman onun əmlakı qiymətləndirilməli və onun yeddi dərəcəli varisləri, yəni, uşaqları, arvadı, yaxud əri, atası, anası, qardaşları, bacıları və müəllimləri arasında birincidən başlayaraq sonuncuyadək getdikcə azalmaqla bölüşdürülməlidir.

Əgər bu dərəcələrdən olan varislərdən hər hansı birisi olmazsa, onda ona çatacaq pay yoxsullara, yetimlərə, dullara və ya ictimai faydalı işlərə xərclənmək üçün ictimai xəzinəyə verilir. Əgər ölənin varisləri yoxdursa, bu zaman onun əmlakı bütünlüklə dövlət xəzinəsinə daxil edilir.

Həzrət Bəhaullahın qanununa görə, hər hansı bir şəxsin, bütün əmlakını bir nəfərə vəsiyyət etməsinə maneçilik yoxdur, amma, təbii ki, hər bir bəhai öz vəsiyyətnaməsini tərtib edərkən, Həzrət Bəhaullahın buyurduğu və mirasın varislərin böyük əksəriyyəti arasında bölüşdürülməsini təmin edən göstərişini əldə rəhbər tutmalıdır.

KİŞİ VƏ QADIN BƏRABƏRLİYİ

Həzrət Bəhaullahın böyük əhəmiyyət verdiyi ictimai prinsiplərdən biri də hüquq və imtiyazlarda, təlim-tərbiyədə və cəmiyyətdə tutduqları mövqeyə görə qadın və kişilərin bərabərliyidir.

Ümumi təhsil qadın azadlığının ən qüdrətli hərəkətverici qüvvəsidir. Belə təsəvvür var ki, qızlar da oğlanlar kimi təhsil almalıdırlar. Əslində isə qızların təhsil alması oqlanların təhsilindən daha vacibdir, belə ki, qızlar müəyyən vaxtdan sonra ana olacaq və gələcək nəslə tərbiyə verəcəklər.

Uşaqlar yaşıl və kövrək budaqlara bənzəyirlər: əgər onlara edilən ilkin qulluq düzgündürsə, onlar düz yetişəcəklər, əgər ilkin qulluq düzgün deyilsə, bu zaman onlar əyri-üyrü böyüyəcək və pis tərbiyə nəticəsində ömürlərinin sonunadək şikəst qalacaqlar. Buna görə də qızların düzgün təlim-tərbiyəsi ən vacib işdir.

Həzrət Əbdülbəha Qərb dövlətlərinə səfərləri zamanı bu məsələyə Bəhai Təlimi mövqeyindən tez-tez izahlar verirdi. O, 1913-cü ilin yanvarında Londonda keçirilən Qadın Azadlığı İttifaqının iclasında demişdi:

"Bəşəriyyət iki qanadı olan quşa bənzəyir: qanadlardan biri – kişi, digəri – qadındır. Hər iki qanad güclü olmasa və eyni bir qüvvə ilə hərəkətə gətirilməsə quş səmaya uça bilməyəcəkdir. Zamanın ruhuna uyğun olaraq qadınlar kamilləşməli, həyatın bütün sahələrində özlərini göstərməli, kişilərlə bərabərləşməli, onların səviyyəsinə yüksəlməli və onlarla eyni hüquqlardan istifadə etməlidirlər. Bu Mənim diləyim və Həzrət Bəhaullahın əsas prinsiplərindən biridir.

Bəzi alimlər belə mülahizə irəli sürürlər ki, kişilərin beyninin çəkisi qadınların beyninin çəkisindən ağırdır və onlar bunu kişilərin üstünlüyünə dəlil sayırlar. Lakin biz həyatda başı kiçik olan kişilərə rast gəlirik ki, onların beyinlərinin çəkisi azdır, lakin onlar böyük ağıl və geniş idrak gücü nümayiş etdirirlər. İri başı və ağır beyni olan kişilər vardır ki, əqli cəhətdən inkişaf etməmişlər. Buna görə də beynin çəkisi ağlın inkişafı və ya üstünlüyü üçün həqiqi meyar deyildir.

Öz üstünlüklərini sübut etməyə çalışan kişilər ona da istinad edirlər ki, qadınlar kişilər kimi böyük xarüqələr göstərməyiblər. Bu, zəif və əsassız dəlildir, belə ki, tarixi faktlara ziddir. Əgər həmin kişilərin tarixdən məlumatı bir az çox olsaydı, onda bilərdilər ki, keçmiş zamanlarda mühüm işlər görmüş qadınlar olmuş və onların fəaliyyəti bir çox cəhətdən böyük hadisələri hazırlamışdır, indiki dövrdə də özlərini ciddi işlərə həsr edən çoxlu qadınlar vardır".

Həzrət Əbdülbəha sonra Zinoviyanın[3] və keçmiş dövrlərin digər dahi qadınlarının fəaliyyətlərinə toxunaraq, həvarilərin tərəddüd içində qaldıqları zaman öz inamında möhkəm olan, sarsılmaz Mariya Maqdalinanı xatırlamış və yüksək qiymətləndirmişdir. O, çıxışını davam etdirərək buyurmuşdu:

"Dövrümüzün məşhur qadınları arasında müsəlman ruhanilərindən birinin qızı olan Qürrətül-Eynin[4] adını çəkmək lazımdır.

Həzrət Babın Zühuru zamanı o elə qorxmazlıq, cəsarət və qüvvət göstərmişdi ki, onu dinləyənlərin hamısı heyrətə gəlmişdilər. O, İranda keçmiş dövrlərdən bəri mövcud olan adəti pozaraq çadrasını atmış və üzüaçıq çıxış etmişdi. Kişilərlə danışmaq ədəbsizlik sayılsa da, bu cəsur qadın müctəhidlərlə mübahisələr edir və hər dəfə də yığıncaqlarda onlara üstün gələrdi.

İran hökuməti onu həbsxanaya saldı, küçədə onu daşqalaq edir, kafirlikdə günahlandırırdılar. Onu şəhərdən şəhərə sürgün edirdilər, O hər an ölümlə üzbəüz gəlirdi, lakin heç zaman öz bacılarının azadlığı uğrunda mübarizə əzmindən dönmürdü.

O, böyük qəhrəmanlıqla bütün əzablara və təqiblərə sinə gərirdi; hətta həbsxanada olarkən özünə yeni ardıcıllar tapırdı. Nazirlərdən birin evində dustaq olarkən ona bu sözlərlə müraciət edərək demişdi: "Siz istədiyiniz vaxt məni öldürtdürə bilərsiniz, lakin siz qadın azadlığının qarşısını ala bilməzsiniz". Qürrətül-Eyn xanımın həyatı faciəli surətdə sona çatmışdı: onu bağa gətirərək boğub öldürmüş və cəsədini quyuya atmışdılar.

Həmin gün o, sanki gəlin gedirmiş kimi özünün ən gözəl paltarlarını geymişdi. O, öz həyatını elə fədakarlıqla və mərdliklə qurban vermişdir ki, onu görənlər heyrətə və riqqətə gəlmişdilər. O, həqiqətən əsl qəhrəman qadın idi. Hal-hazırda da İranda bəhailər arasında poetik istedada malik olan qadınlar var ki, çoxsaylı adamlar iştirak edən yığıncaqlarda böyük natiqlik qabiliyyəti ilə cəsarətlə çıxış edirlər.

Qadınlar irəliyə doğru inkişaf etməlidirlər: bütün bəşəriyyətin kamilləşməsi naminə elm, ədəbiyyat və tarix sahələrində lazımi biliklərə yiyələnməlidirlər.

Yaxın gələcəkdə onlar öz hüquqlarını əldə edəcəklər. Qadınların necə inadla və çalışqanlıqla biliklərə yiyələnməsini, ölkənin şöhrətini və qüdrətini möhkəmlətməsini, müharibəyə qarşı çıxmalarını, öz hüquq bərabərliklərini və bərabər vəziyyətlərini tələb etmələrini kişilər görəcəklər.

Mən ümidvaram ki, Siz həyatın bütün sahələrində kamilləşəcək və əbədi şöhrət çələngini başınıza qoyacaqsınız".

QADINLAR VƏ YENİ ƏSR

Qadın məsələsinə layiqli diqqət yetirildiyi və qadınların iradəsinin də ictimai işlərin təşkilində kişilərlə eyni əhəmiyyət kəsb etdiyi zaman, əvvəllər kişilərin hakim rol oynadığı sahələrdə, o cümlədən səhiyyə sahəsində, spirtli içkilərin istifadəsindən çəkinməkdə, şəxsi həyata və ayrılıqda götürülmüş hər bir adama hörmətlə yanaşılmasında biz böyük dəyişikliklər gözləyə bilərik.

Bu sahələrdəki tərəqqinin perspektivli və faydalı nəticələri olacaqdır. Həzrət Əbdülbəha buyurur:

"Keçmişdə dünyanı zorakılıq və qəddarlıq idarə edirdi və kişi özünün ağıl və bədəninin gücü və təcavüzkar keyfiyyətləri sayəsində qadın üzərində hökmranlıq edirdi. İndi vəziyyət dəyişmişdir — güc öz hökmranlığını itirir və qadında güclü olan əqli sayıqlıq, fəhm, sevgi və xidmət göstərmək kimi mənəvi xüsusiyyətlər hökmranlıq etməyə başlayır.

Deməli, yeni era kişilərin keyfiyyətləri ilə qadınların məziyyətlərinin birləşdiyi era olacaqdır, dəqiq desək, bu əsr kişi və qadındakı mədəni başlanğıcların böyük tarazlığa gəldiyi əsr olacaqdır." ("Qərbin ulduzu" jurnalı, c.8, №3, s.4)

ZORAKI ÜSULLARDAN İMTİNA

Digər problemlərin həllində olduğu kimi, qadın azadlığı məsələsində də Həzrət Bəhaullah Öz ardıcıllarına zorakı üsullardan çəkinməyi məsləhət görürdü. İctimai dəyişikliklərin həyata keçirilməsinin ən gözəl metodlarının nümunəsini İranda, Misirdə və Suriyada yaşayan bəhai qadınlar nümayiş etdirirlər.

İslam adətlərinin mövcud olduğu bu ölkələrdə müsəlman qadınlar evdən kənar yerlərdə üzlərini kişilərdən gizlətmək üçün çadra örtməlidirlər. Həzrət Bab buyururdu ki, Yeni Təlimdə qadınlar bu təəssüf doğuran sıxıntıdan azad ediləcəklər. Lakin Həzrət Bəhaullah davamçılarına tövsiyə edir ki, xalq maariflənməyincə, əgər mövcud adətlər mühüm əxlaqi məslələrə toxunmursa, onlara güzəştə getmək lazımdır. Bu, birlikdə yaşadığınız adamların hisslərini təhqir etməkdən, lazımsız münaqişələr yaratmaqdan və qadınları cəmiyyətdə mübarizə alətinə çevirməkdən yaxşıdır.

Buna görə də bəhai qadınlar köhnəlmiş adət olan çadra örtməyin ziyalı adamlar üçün narahatçılıq törətməsini və faydasız olmasını yaxşı bilirlər, lakin buna baxmayaraq, onlar camaat içinə açıq üzlə çıxmağın əleyhdarlarında fanatik nifrət və ədavət tufanı yaratmaqdansa, bu narahatçılıqlara sakitçə dözməyi daha üstün tuturlar.

Çadra örtmək adəti ilə bu barışmaq heç vəhclə qorxaqlıq əlaməti deyil, əksinə maarifin gücünə və həqiqi dinin ictimai həyata gətirəcəyi dəyişikliklərə qətiyyətli inam deməkdir.

Bu ölkələrin bəhailəri bütün qüvvələrini öz uşaqlarının, xüsusilə qızlarının maariflənməsinə, həmçinin bəhai ideallarının təbliğinə və bərqərar olmasına sərf edir və yaxşı başa düşürlər ki, yeni mənəvi həyat xalq arasında inkişaf edib yayıldıqca, köhnəlmiş adət-ənənələrin və xurafatın tədricən aradan çıxması yazda günəş şüalarının təsiri altında yarpaqların və güllərin açıldığı zaman tumurcuğun yox olması kimi təbii və labüd olacaqdır.

TƏRBİYƏ

Dünya yaranan gündən bütün müqəddəs Peyğəmbərlərin ali məqsədi həmişə adamları tərbiyələndirmək, yəni maarifləndirmək, onlara rəhbərlik etmək, eləcə də onların anadangəlmə keyfiyyətlərini inkişaf etdirmək olmuşdur.

Bəhai Təlimində tərbiyənin vacibliyi və onun imkanlarının qeyri-məhdudluğu ən parlaq ifadələrlə verilmişdir. Müəllim, tərbiyəçi — sivilizasiyanın ən qüdrətli amilidir. Onların yerinə yetirdikləri vəzifə adamların arzulaya bildikləri ən yüksək vəzifədir.

Tərbiyə ana bətnindən başlayaraq insan ömrünün axırınadək davam edir. O, düzgün həyat tərzinin daimi zərurəti, həm fərdi, həm də ictimai firavanlığın təməlidir. Düzgün tərbiyə ümumi vüsət alan zaman bəşəriyyət dəyişəcək və dünya Cənnətə çevriləcəkdir.

Hal-hazırda yaxşı tərbiyə almış adam, həqiqətən ən nadir hadisələrdən biridir, belə ki, hər bir kəs uşaqlıqdan ona aşılanmış yalançı təəssüratları, uydurulmuş idealları, yalnış təsəvvürləri və pis vərdişləri özündə daşıyır.

Olduqca az adam tapılar ki, uşaqlıq çağlarından ona Allahı bütün qəlbi ilə sevməyi və həyatını Ona qurban verməyi, bəşəriyyətə xidməti həyatın ali məqsədi saymağı, hamının xeyirxahı olmaq və ümumi firavanlıqa nail olmaq üçün öz gücünü inkişaf etdirməyə böyük səy göstərməyi öyrətsinlər. Bütün bunlar, əlbəttə, yaxşı tərbiyənin əsas amilləridir.

Adamların öz yaddaşlarını sadəcə olaraq riyaziyyat, qrammatika, coğrafiya, dilçilik və s. biliklərlə zənginləşdirməsi insan həyatı üçün faydalı olan alicənab keyfiyyətlərin formalaşdırılması ilə müqayisədə çox az əhəmiyyət kəsb edir. Həzrət Bəhaullah buyurur ki, tərbiyə ümumi səciyyə daşımalıdır:

"Hər bir ataya öz oğullarına və qızlarına yazmağı, elmlərə yiyələnməyi və həmçinin Kitabda hökm edilənləri öyrətmək tövsiyə olunmuşdur. Əgər kim bu hökmü yerinə yetirmirsə, onda bu iş Ədalət Evinin vəzifəsi sayılır və əgər həmin şəxs varlıdırsa, bu zaman uşaqların tərbiyə edilməsi üçün ondan lazımi vəsait alınır: əgər o kasıbdırsa, onda tərbiyə işini Ədalət Evi öz üzərinə götürür, çünki Biz Onu (Ədalət Evini) kasıblar və ehtiyacı olanlar üçün sığınacaq etmişik.

Həqiqətən, hər kim öz oğlunu, yaxud başqa bir uşağı tərbiyə edirsə, bu, o deməkdir ki, o Mənim övladlarımdan birini tərbiyə edir" (Bəhaullah. İşraqat Lövhü)

"Kişilər və.qadınlar sənətkarlıqdan, əkinçilikdən, yaxud başqa işlərdən əldə etdikləri gəlirlərinin müəyyən hissəsini uşaqlarının təhsil və tərbiyəsi üçün ayıraraq, onu etibarlı şəxsə verməlidirlər ki, o da Ədalət Evinin icazəsi ilə bu vəsaiti uşaqların tərbiyəsinə və təhsilinə xərcləsin" (Bəhaullah. Sülh Lövhü).

ANADANGƏLMƏ XASİYYƏT FƏRQLƏRİ

Bəhai Təliminə görə, uşağın xasiyyəti mum deyildir ki, tərbiyəçinin istəyindən asılı olaraq onu hər hansı bir formaya salmaq mümgün olsun. Əksinə, hər bir kəs ilk başlanğıcdan Allah tərəfindən ona verilən xasiyyətə və fərdiliyə malikdir ki, bu yalnız xüsusi yolla ən yaxşı tərəfə inkişaf etdirilə bilər; bu yol bütün hallarda yeganədir. Dünyada eyni qabiliyyətlərə və istedadlara malik olan iki adam tapmaq olmaz və həqiqi tərbiyəçi heç zaman iki müxtəlif xasiyyətli adamı zorla eyni cür formaya salmağa çalışmamalıdır. Əslində, o heç zaman, nə cür xarakter olursa-olsun, ona hər hansı bir formanı güclə təlqin etməyə səy göstərməməlidir. Əksinə, o inkişaf edən gənc xasiyyətin gücünü qayğıkeşliklə qoruyar və həvəsləndirər, ehtiyac duyduğu köməyi və mənəvi qidanı ona verər.

Tərbiyəçinin işi müxtəlif bitkilərə qulluq edən bağbanın işinə bənzəyir. Bir bitki güclü günəş işığını, digəri isə sərin kölgəliyi xoşlayır; biri bol nəmliyi, digəri isə quru torpağı sevir; biri qumsallıqda, digəri isə münbit torpaqda daha yaxşı boy atır. Deməli, hər bir bitki özünün inkişafına lazım olan bütün zəruri şeyləri almalıdır, yoxsa bitkinin mükəmməl xüsusiyyətləri heç zaman tam üzə çıxa bilməz.

Həzrət Əbdülbəha buyurur: "Peyğəmbərlər etiraf edirlər ki, tərbiyə bəşəriyyətə böyük təsir göstərir, lakin bunu da bildirirlər ki, adamların ağılları və idrakı öz təbiətlərinə görə müxtəlifdir. Biz görürük ki, eyni yaşlı, eyni mənşəli və bir irqdən və hətta eyni bir ailədən olan, eyni bir müəllimdən dərs alan uşaqlar əqli mənimsəmə qabiliyyətlərinə görə fərqlənirlər.

Balıqqulağı necə məharətlə işlənib cilalansa da, ondan heç zaman mirvari olmaz. Qara daş heç zaman bərq vuran brilyanta çevrilə bilməz. Tikanlı maldili bitkisinə ən yüksək qulluq göstərilsə də, o heç zaman müqəddəs ağaca çevrilməz. Yəni, tərbiyə insan təbiətinin əsl xəzinəsini dəyişmir, lakin ona ecazkar təsir göstərir. Tərbiyənin bu təsir gücü ilə insan mahiyyətində gizlənən bütün xeyirxahlıqlar və qabiliyyətlər üzə çıxarılacaqdır" (Əbdülbəhanın məktubları. c.3, s.577).

XARAKTERİN FORMALAŞMASI

Tərbiyədə ən vacib məsələ xarakterin formalaşmasıdır. Bu baxımdan əyani nümunə öyüd-nəsihətdən daha səmərəlidir və buna görə də uşağın boya-başa çatdığı cəmiyyət, valideynlərin, müəllimlərin həyat tərzi və xarakteri müstəsna əhəmiyyətə malik olan amillərdir.

Allahın Peyğəmbərləri insanların ən böyük tərbiyəçiləridir və buna görə də uşaq dərketmə həddinə çatan kimi Onların həyatı və nəsihətləri haqqında ona məlumat verilməlidir.

Gələcək sivilizasiyanın əsas prinsiplərini bəyan edən dahi Müəllim Bəhaullahın sözləri xüsusilə böyük əhəmiyyətə malikdir. Belə ki, O buyurur:

"Qüdrət və Şərəf səmasından nazil olan nə varsa, hamısını uşaqlarınıza öyrədin ki, onlar məlahətli səsləri ilə Mərhəmətlinin kəlamlarını Məşriqül-Əzkar Məbədlərində oxusunlar" "Qərbin ulduzu" jurnalı, c.9, №7, s.81).

İNCƏSƏNƏT, ELM, SƏNƏT

İncəsənətin, elmlərin, sənətlərin və faydalı peşələrin öyrədilməsi vacib və zəruri sayılır. Həzrət Bəhaullah buyurur: "Bilik insanın qanadına bənzəyir və onun zirvəyə qalxması üçün nərdivandır. Ona yiyələnmək hamıya vacibdir, lakin boş sözlərlə başlayan və boş sözlərlə qurtaran elmləri deyil, yalnız insanlara fayda verən elmləri öyrənmək lazımdır.

Elm və incəsənət xadimlərinin bütün insanlar qarşısında xidmətləri böyükdür... Doğrudan da, insanın əsl xəzinəsi onun biliyidir və bilik şöhrətə, firavanlıqa, sevincə, heyranlığa və xoşbəxtliyə çatmaq vasitəsidir" (Bəhaullah. Təcəliyyat Lövhü).

CANİLƏRLƏ RƏFTAR

Canilərlə düzgün davranmaq barəsində Həzrət Əbdülbəha belə buyurur: "...Ən vacib məsələ cəmiyyətin elə tərbiyə edilməsidir ki, orada cinayətkarlıqa yol verilməsin. Adamları edə tərbiyələndirmək olar ki, onlar cinayət törətməkdən çəkinsinlər, və cinayət onlara ən böyük cəza kimi görünsün. Onda cəza tələb edən heç bir cinayət törədilməz...

...Əgər hər hansı bir şəxs kiməsə zülm edərsə, onun ləyaqətinə toxunursa, yaxud onun hüququnu pozarsa və zülm edilən də onunla eynilə bu cür rəftar edərsə, onda bu, qisas sayılır və belə hərəkət məzəmmətə layiqdir. Əgər "X" "Y"-in şərəfinə toxunarsa, "Y"-də "X" kimi hərəkət etməli deyil və əgər o belə davranarsa, onda bu qisas almaqdır, bu isə layiqli hərəkət deyil. Əksinə, o, pisliyə yaxşılıqla cavab verməlidir. O, onu təhqir edəni nəinki bağışlamalı, hətta imkan daxilində öz zülmkarına xidmət də etməlidir. Belə davranış insana layiq hərəkətdir, axı o, qisas almaqdan nə fayda götürür. Hər iki hərəkət eyni qiymətə bərabərdir: əgər onlardan biri məzəmmətə layiqdirsə, deməli, hər ikisi məzəmmət edilməlidir. Aralarındakı fərq yalnız ondadır ki, biri bu hərəkəti əvvvəl digəri isə sonra edir.

Lakin cəmiyyətin müdafiə olunmaq və özünü qorumaq hüququ vardır: qatilə qarşı nə düşmənçiliyi, nə də nifrəti olmayan cəmiyyət, yalnız başqalarının müdafiəsi və təhlükəsizliyi naminə qatili həbsxanaya salır..."

Buna görə də İsa Məsih buyurur:

"Pisliyə müqavimət göstərmə; fəqət kim sənin sağ yanağına vurarsa, ona o birini də çevir" (İncil. Matta, 5:39). Peyğəmbər bu tövsiyəni ona görə etmişdir ki, insanlara şəxsi qisas almamağı öyrətsin. Bu, o demək deyildir ki, qurd qoyun sürüsünə basqın edərsə, qurda hələ mükafat da vermək lazımdır; əksinə, əgər Məsihin Özü qurdun qoyunları parçalamaq məqsədilə tövləyə girdiyini görsəydi, şübhəsiz ki, O buna yol verməzdi..."

İctimai asayişin möhkəmliyi bağışlamağa deyil ədalətə əsaslanır. Həzrət İsanın "təhqiri bağışlamaq və unutmaq" sözləri o Demək deyildir ki, əgər hər hansı bir millət sizə basqın edərək, evlərinizi yandırırsa, var-dövlətinizi talan edirsə, arvadınızı, uşaqlarınızı və qohumlarınızı zorlayırsa. namusunuza toxunursa, siz bu qəddar düşmənə qarşı münasibətdə itaətkarlıq göstərib ona öz işlərini davam etdirməyə icazə verəsiniz.

Xeyr, İsanın sözləri yalnız iki nəfərin bir-birinə olan münasibətlərinə aiddir. Əgər bir şəxs digərinə qarşı haqsızlıq edərsə, təhqir olunan onu bağışlamalıdır. Lakin cəmiyyət insan hüquqlarını qorumalıdır.

Əlavə ediləsi bir şey qalır ki, cəmiyyət kecə-gündüz müxtəlif cəza qanunlarının tərtib edilməsi, cəza alətlərinin və vasitələrinin hazırlanması və qurulması ilə məşğuldur. İnsanlar həbsxanalar tikir, zəncirlər, qandallar hazırlayır, sürgün və köçürmə yerləri və digər əzab-əziyyət vermək üsulları axtarıb tapır və elə düşünürlər ki, bu tədbirlərlə cinayətkarları islah edəcəklər, halbuki bu tədbirlər mənəviyyatların korlanmasına və xarakterlərin pozğunlaşmasına səbəb olur.

Halbuki bunun əksinə olaraq, cəmiyyət böyük fədakarlıqla və var qüvvəsi ilə adamların tərbiyə edilməsinə çalışmalı, onları kamilləşməyə, gündən-günə daha çox biliklərə yiyələnməyə, xeyirxahlığa, özlərinin əxlaqının qayğısına qalmağa və qüsurlardan çəkinməyə həvəsləndirməlidir bu zaman bizim həyatımızda cinayətkarlığa yer qalmayacaqdır" (Əbdülbəha. Suallara cavablar. s.307-312)

MƏTBUATIN TƏSİRİ

Həzrət Bəhaullah insanlar arasında maarifin və biliklərin yayılmasında mühüm vasitə kimi düzgün mövqe tutan mətbuatın əhəmiyyətini və mədəni qüvvəsini etiraf edir. O buyurur:

"Yaşadığımız günlərdə yerin bütün sirləri açılır və aşkar görünür, tez-tez nəşr edilən qəzetlərin səhifələri əslində, dünyanın güzgüsünə çevrilir: onlar müxtəlif xalqların hərəkətlərini və işlərini açıqlayır, hadisələri təsvir edir və məlumatlar verirlər. Qəzetlər – eşitmək, görmək və danışmaq bacarığı bəxş edilmiş güzgü, böyük əhəmiyyət kəsb edən ecazkar hadisədir.

Bu baxımdan qəzet redaktorları və naşirləri xurafatdan və şəxsi maraqlardan uzaq olmalı, qərəzsizlik və ədalətin gözəl libasına bürünməlidirlər. Onlar imkan daxilində məlumatları hərtərəfli yoxlamalı, onların mübahisəsiz gerçəkliyinə əmin olmalı və bundan sonra çapa verməlidirlər.

Bu məzlum (Bəhaullah) barədə qəzetlərdə verilən məlumatların böyük əksəriyyəti həqiqətdən uzaq olmuşdur. Sözün həqiqiliyi və doğruluğu öz yüksək mövqeyi baxımından səmavi idrakın üfüqündən doğan günəşə bənzəyir" (Bəhaullah. Tərazat Lövhü).

 



[1] Bu məsələyə dair ətraflı izahlara Həzrət Əbdülbəhanın nəşr olunmuş çıxışlarında, xususilə Onun Amerikada söylədiyi mə'ruzələrində rast gəlmək olar.

[2] Fəhlələri öz tələblərindən və tə'tildən əl çəkməyə məcbur etmək üçün sahibkarların öz muəssisəsini bağlayıb, fəhlələri kutləvi surətdə işdən çıxarması.

[3] Palmiranın kraliçası. İsa Məsihdən 267 il sonra Suriya və Misiri işğal etmişdir.

[4] "Canlı hərflərdən biri", yə'ni Babın şagirdi

 


Ý

Kitabın əvvəlinə

¬ Geri, VIII fəsilə        İrəli, X fəsilə ®

 

©2003-2008 Azərbaycan Bəhailərinin Milli Ruhani Məhfili.

Digər təşkilatlar və fiziki şəxslər bu materiallardan sərbəst istifadə edə bilər, o şərtlə ki, burada olan məlumatlar təhrif olunmayacaq, materialların və ya onlardan olan çixarışların nəşrində aşağıdakılar qeyd olunacaq:
"Azərbaycanda Bəhai Dini icmasının rəsmi www.bahai.az internet saytının materiallarından istifadə olunmuşdur."
Bəhaullah və Yeni Era -
Con Ebenezer Esslemont
Yuxarı >