"Dünya tək bir vətəndir, və bütün insanlar - onun vətəndaşlardır." - Bəhaullah
Bəhaullah və Yeni Era -
Con Ebenezer Esslemont

Ý Kitabın əvvəlinə   


X FƏSİL. SÜLHƏ GEDƏN YOL

"Həqiqətən, bu qul indi ona görə gəlmişdir ki, dünyanı canlandırsın və bütün yer üzünün sakinlərini bir ittifaqda birləşdirsin. Allahın istədiyi tezliklə baş verəcəkdir və sən yer üzünün Əbha Cənnətinə döndüyünü görəcəksən".

Həzrət Bəhaullah. Rəis Lövhü.

RAZILIQ ƏVƏZİNƏ MÜBARİZƏ

ƏN BÖYÜK SÜLH

DİNİ MÖVHUMATLAR

İRQİ VƏ VƏTƏNPƏRVƏRLİK XURAFATLARI

ƏRAZİ İDDİALARI

BEYNƏLXALQ DİL

ÜMUMDÜNYA MİLLƏTLƏR CƏMİYYƏTİ

BEYNƏLXALQ ARBİTRAJ

SİLAHLARIN AZALDILMASI

ZÜLMƏ MÜQAVİMƏT GÖSTƏRMƏMƏK

ƏDALƏTLİ MÜHARİBƏ

ŞƏRQLƏ QƏRBİN İTTİFAĞI

 


RAZILIQ ƏVƏZİNƏ MÜBARİZƏ

Sonuncu yüzillik ərzində alimlər heyvanat və bitkilər aləmində yaşayış uğrunda gedən mübarizə məsələsinin öyrənilməsinə dair çoxlu araşdırmalar aparmışlar. Onların əksəriyyəti ictimai həyatdakı hərc-mərcliyin əsasında təbiət aləminin aşağı inkişaf mərhələsində hökm sürən elə həmin prinsiplərin durduğunu bəyan etmişlər. Beləliklə, onlar belə nəticəyə gəlmişlər ki, rəqabət və mübarizə həyatın zəruri şərtidir və cəmiyyətin nisbətən zəif üzvlərinin amansızcasına öldürülməsi qanunidir, hətta irqin yaxşılaşması üçün zəruri vasitədir.

Lakin Həzrət Bəhaullah öyrədir ki, əgər biz tərəqqi pillələri ilə inkişaf etmək istəyiriksə, onda geriyə, heyvanlar aləminə baxmaqdansa, uzaq gələcəyə və İlahiyə üz çevirməli, Peyğəmbərlərimizin göstərişlərini əldə rəhbər tutmalıyıq. Peyğəmbərlərin öyrətdikləri ittifaq, əmin-amanlıq və mərhəmət prinsipləri heyvanat aləmində hökm sürən özünüqorumaq prinsipinə tamamilə ziddir. Biz bunlardan birini seçməliyik, çünki, onlar bir araya sığmırlar.

Həzrət Əbdülbəha buyurur:

"Təbiət aləmində yaşayış uğrunda mübarizə hakim mövqedədir və bunun da nəticəsində daha yaxşı uyğunlaşan qalib gəlir. Daha güclü olanın yaşaması qanunu bütün çətinliklərin başlanğıcıdır. Bu qanun insanlar arasında müharibələrə və çəkişmələrə, nifrətə və düşmənçiliyə səbəb olur. Təbiətdə heyvanlar aləminə xas olan səciyyəvi xüsusiyyətlər — despotizm, eqoizm, zülm, yaşayış yerlərindən sıxışdırmaq, başqalarının hüquqlarını əllərindən almaq və digər mənfi keyfiyyətlər cəmiyyətdə də mövcuddur.

Buna görə də nə qədər ki, bəşər övladları arasında heyvanat aləminin, təbiətin qanunları hökm sürür, cəmiyyətdə uğur, xoşbəxtlik, dinclik və firavanlıq qeyri-mümkündür. Təbiət müharibəni sevir, təbiət qana susamışdır, təbiət zülmkardır, çünki təbiətin Qadir Allahdan xəbəri yoxdur. Məhz buna görə də bu amansız keyfiyyətlər heyvanlar aləmi üçün təbiidir.

Öz mərhəmət və böyük məhəbbəti sayəsində Allah-taala Peyğəmbərlərini və Müqəddəs Vəhy Kitablarını ona görə göndərmişdir ki, insanlar İlahi tərbiyənin vasitəsilə təbiətlərinə xas olan pozğunluqdan və nadanlıq zülmətindən azad olsunlar, xeyirxahlıq idealları və mənəvi dəyərlərlə mətinləşsinlər, mərhəmət hisslərinin şəfəqinə çevrilsinlər.

Lakin yüz min dəfələrlə təəssüflər olsun! Millətlər arasında mövcud olan xurafatlar, uydurulmuş ixtilaflar və dini qarşıdurmalar ümumi tərəqqinin məhv edilməsinə və ləngiməsinə səbəb olmuşdur. Geriyə doğru bu hərəkət ondan irəli gəlmişdir ki, İlahi tərbiyənin prinsipləri və Peyğəmbərlərin təlimləri tamamilə unudulmuşdur" ("Qərbin ulduzu" jurnalı, c.8, s.15).

ƏN BÖYÜK SÜLH

Peyğəmbərlər bütün dövrlərdə "yer üzündə sülh və insanlar arasında əmin-amanlıq" erasının gələcəyini əvvəlcədən xəbər vermişlər. Həzrət Bəhaullah aydın və hikmətli ifadələrlə bu peyğəmbərcəsinə deyilmiş sözləri təsdiq edərək buyurur ki, indi onları həyata keçirmək vaxtı yetişmişdir.

Həzrət Əbdülbəha buyurur:

"...Bu ecazkar erada yer üzü dəyişəcək, insanlar əmin-amanlıq və gözəllik şəraitində yaşayacaqlar. Çəkişmələr, münaqişələr və qətllər ahəngdarlıq, doğruçuluq və qarşılıqlı razılaşma ilə əvəz olunacaqdır: millətlər, xalqlar, irqlər və dövlətlər arasında məhəbbət və dostluq yaranacaqdır. Əməkdaşlıq və müttəfiqlik bərqərar olacaqdır: nəhayət ki, müharibələr tamamilə qadağan ediləcəkdir. Ümumdünya sülhü öz çadırını yer üzündə quracaq və müqəddəs həyat aqacı elə böyüyəcəkdir ki, onun kölgəsi Şərqi və Qərbi bürüyəcəkdir.

İndi bir biri ilə qurd və quzu, bəbir və çəpiş, şir və buzov kimi rəftar edən güclülər və zəiflər, varlılar və yoxsullar, barışmaz təriqətlər və düşmən millətlər bir-birilə böyük məhəbbət və dostluqla, ədalət və şəfqətlə dolanacaqlar. Dünya elmlərlə, Varlığın real mahiyyətinin sirlərinin dərki və Allahın dərki ilə dolacaqdır" (Əbdülbəha, Suallara cavablar, s.73).

DİNİ MÖVHUMATLAR

Ən Böyük Sülhün yer üzündə necə qurulacağını aydın görmək üçün keçmişdə müharibələrə gətirib çıxaran əsas səbəbləri araşdırmaq və bu səbəblərin aradan qaldırılmasından ötrü Həzrət Bəhaullahın irəli sürdüyü təkliflərlə tanış olmaq lazımdır.

Müharibələri doğuran səbəblərdən başlıcası dini mövhumatlar olmuşdur. Bununla əlaqədar olaraq Bəhai Təlimində açıq-aydın göstərilir ki, müxtəlif dinlərə və təriqətlərə mənsub olan adamlar arasında düşmənçilik və çəkişmələr əsl dinə görə deyil, əksinə, əsl dinin olmaması və onun mövhumatla, təqlidlə əvəzlənməsi, yalnış şərh edilməsi nəticəsində baş verirdi.

Həzrət Əbdülbəha Parisdə etdiyi söhbətlərinin birində buyurur:

"Din qəlbləri və ürəkləri birləşdirməyə, yer üzündən müharibələrin və çəkişmələrin silinib atılmasına xidmət etməlidir. O, mənəviyyat yaratmalı və hər bir adamın həyatına şəfəq saçmalıdır. Əgər din nifrətə və çəkişməyə səbəb olursa, onda dinsiz keçinmək daha yaxşıdır və belə dindən imtina etmək əsl dini hərəkətdir. Çünki hər bir müalicə vasitəsi xəstəliyin sağalmasına xidmət etməlidir və əgər dərman xəstəliyi kəskinləşdirirsə, onda ən yaxşısı ondan imtina etməkdir. Məhəbbətə və birliyə aparmayan din — din deyildir" (Əbdülbəha. Paris söhbətləri. s.180).

Digər bir yerdə Həzrət Əbdülbəha buyurur:

"Bəşər tarixinin əvvələrindən bu günədək dünyada mövcud olan müxtəlif dinlərin ardıcılları bir-birlərini lənətləmiş və yalançılıqda günahlandırmışlar. Onlar daim bir-birlərindən kənar gəzmiş, bir-birlərinə qarşılıqlı nifrət və düşmən münasibəti bəsləmişlər. Dini müharibələr tarixinə nəzər salaq... Ən böyük dini müharibələrdən biri iki yüz ildən artıq davam edən səlib yürüşləridir. Bəzən səlibçilər qalib gələrək müsəlmanları qırmış, qarət etmiş və əsir götürmüşlər; bəzən isə müsəlmanlar qələbə çalaraq işğalçıları öldürmüş və qarşılarına çıxan hər şeyi darmadağın etmişlər. Beləcə onlar gah coşqunluqla vuruşmuş, kah da zəifləyib geri çəkilmişlər. İki əsr ərzində müharibə edən Avropa fanatikləri özlərindən sonra Şərqi kül qalağı və xarabalıqlar içində qoyub getdilər və öz dövlətlərini isə qiyam və iqtişaşlar içində gördülər. Bu "Müqəddəs müharibələr"dən yalnız biri idi.

Dini müharibələr çox olmuşdur. Xristianlığın protestant və katolik təriqətləri arasında gedən mübarizə və çəkişmə nəticəsində doqquz yüz min protestant şəhid olmuşdur. Hələ nə qədər adam həbsxanalarda əzab çəkmiş və əsirlərlə necə də amansız rəftar olunmuşdur. Və bütün bunların hamısı din naminə edilmişdir.

Xristianlar və müsəlmanlar yəhudiləri şeytanın törəməsi və Allahın düşməni saymışlar. Buna görə də onlar yəhudiləri lənətləmiş və təqib etmişlər. Çoxlu yəhudi öldürülmüş, onların evləri yandırılıb talan olunmuş, uşaqları isə əsir aparılmışdır. Yəhudilər də öz növbəsində xristianlara dinsiz dönüklər, müsəlmanlara isə Musa Peyğəmbərin qanunlarını pozanlar və düşmənlər kimi baxmışlar. Buna görə də yəhudilər qisas almağa çağıraraq onları hələ də lənətləyirlər.

Həzrət Bəhaullahın Günəşi Şərqdən şəfəq saçaraq bəşəriyyətin birliyi haqqında Xoş Xəbəri elan etdi. O bütün insanlara aşağıdakı sözlərlə müraciət etdi: "Siz hamınız bir ağacın meyvələrisiniz, İlahi mərhəmət ağacı və şeytan ağacı kimi iki ağac yoxdur. Buna görə də biz bir-birimizlə böyük məhəbbətlə davranmalıyıq...

Biz heç bir xalqa şeytanın xalqı kimi baxmamalı, bütün adamları Canlı Allahın bəndələri kimi dərk edib qəbul etməliyik. Məsələ ondadır ki, bəziləri nadandır, onlara yol göstərmək lazımdır; bəziləri savadsızdır, onlara təlim vermək lazımdır. Bəziləri uşaq kimidir, onları tərbiyələndirmək lazımdır ki, kamilləşsinlər. Bəziləri isə xəstə və ədəbsizdirlər, onların əxlaqı təmizlənənədək onları müalicə etmək lazımdır. Xəstəyə xəstə olduğu üçün nifrət etmək lazım deyil. Uşaqdan uşaq olduğu üçün uzaqlaşmaq olmaz. Savadsıza avam olduğuna görə nifrət bəsləmək lazım deyil. Hamıya təlim-tərbiyə vermək və məhəbbətlə kömək göstərmək lazımdır. Elə hərəkət etmək lazımdır ki, bütün insanlar Allahın kölgəsində böyük firavanlıq, sonsuz xoşbəxtlik və təhlükəsizlik içində yaşaya bilsin" ("Qərbin ulduzu" jurnalı, c.8, s.76).

İRQİ VƏ VƏTƏNPƏRVƏRLİK XURAFATLARI

İnsan nəslinin birliyinə dair Bəhai Təlimi müharibələrin digər bir səbəbi olan irqi xurafatların kökünü kəsir. Bəzi irqlər "daha güclü olanın yaşaması" prinsipinə əsaslanaraq, özlərini digərlərindən üstün sayır və belə düşünürlər ki, bu onlara daha zəif olan irqləri öz mənafeləri naminə istismar etmək və hətta məhv etmək hüququ verir.

Dünya tarixinin ən qara səhifələrindən çoxu bu prinsipin amansızcasına tətbiqindən xəbər verir. Lakin bəhai nöqteyi-nəzərincə, bütün irqlər Allah qarşısında bərabərdirlər. Hamı anadangəlmə gözəl qabiliyyətlərə malikdir; hamının yalnız öz inkişafı üçün uyğun olan tərbiyəyə ehtiyacı vardır və hər bir kəs başqasını zəiflətmək əvəzinə, öz fəaliyyəti ilə insan cəmiyyətinin bütün üzvlərinin həyatını yaxşılaşdıra və zənginləşdirə bilər. Həzrət Əbdülbəha buyurur:

"İrqi xurafata gəldikdə isə, bu tamamilə xam xəyaldır, sadəcə mövhumatdır, belə ki, biz hamımız yeganə insan nəsli kimi Allah tərəfindən yaradılmışıq... Əvvəllər müxtəlif ölkələr arasında heç bir sərhəd yox idi və torpağın heç bir hissəsi ayrıca olaraq bu və ya digər xalqa mənsub deyildi.

Allahın yanında müxtəlif irqlər arasında heç bir fərq yoxdur. Bəs insan bu xurafatı nə üçün uydurmalı idi? Belə bir uydurmaya görə düşmənçilik etməyə dəyərmi? Allah insanları ona görə yaratmayıb ki, onlar bir-birlərini qırsınlar. Bütün irqlər, xalqlar və tayfalar Səmavi Atanın Səxavətindən bərabər pay alırlar. Buna görə də insanlar arasında yeganə fərq onların ləyaqətli, xeyirxah, mömin olmasında və Allah qanunlarına itaət etməsindədir.

Bəziləri məşəl kimi işıq verir, digərləri isə bəşəriyyət səmasındakı ulduzlar kimi şəfəq saçırlar. Milliyyətindən, dinindən və ya dərisinin rəngindən asılı olmayaraq, bütün insanları sevən şəxslər — ən ali insanlardır" (Əbdülbəha. Paris söhbətləri, s.137)

İrqi xurafatlarla yanaşı, siyasi və milli vətənpərvərlikdən doğan xurafat da zərərlidir. İndi elə vaxt gəlmişdir ki, dayaz millətçilik təəssübkeşliyi öz yerini bütün dünyanı vətən sayan geniş vətənpərvərlik hisslərinə verməlidir. Həzrət Bəhaullah buyurur:

"Keçmişdə deyirdilər: "Vətənə məhəbbət Allah Dininin tərkib hissəsidir". Əzəmət Dili Özünün Zühur günündə bəyan edir: "Öz vətənini sevməklə deyil, bütün bəşəriyyəti sevməklə qürrələn". Bu İlhamlı kəlamlarla azad olan gücün sayəsində O insan qəlbinə yeni ruh yüksəkliyi və yeni istiqamət bəxş edərək, Allahın Müqəddəs Kitabı ilə məhdudiyyətlərin və sədlərin bütün izlərini sildi". (Bəhaullah. Dunya Lövhü)

ƏRAZİ İDDİALARI

Müharibələrin əksəriyyətinin səbəbi, bir parça torpağı işğal etməyə çalışan iki və yaxud daha çox millət arasındakı rəqabət olmuşdur. Mülkiyyət hərisliyi çox vaxt ayrı-ayrı adamlar arasında çəkişmələrə gətirib çıxartmışdır. Bəhai Təlimi nöqteyi-nəzərincə, torpaq, əslində ayrı-ayrı şəxsiyyətlərə, yaxud dövlətlərə deyil, bütün insanların hamısına məxsusdur, hətta daha doğrusu, o, yalnız Allaha məxsusdur, bütün insanlar isə yer üzünün yalnız müvəqqəti sakinləridirlər.

Benqazi[1] döyüşü ilə əlaqədar Həzrət Əbdülbəha buyurmuşdur: "Benqazi yaxınlığındakı döyüş haqqında xəbər Mənim qəlbimi kədərləndirdi. Mən dünyada hələ də mövcud olan insan vəhşiliyinə təəccüblənirəm. Axı səhərdən axşamadək bir-birini necə öldürmək, öz yaxın adamlarının qanını tögərək necə döyüşmək olar? Axı məqsəd nədir? Bir parça torpağı ələ keçirmək?

Hətta heyvanlar da vuruşarkən, onların buna əsaslandırılmış və tutarlı dəlilləri olur. Necə dəhşətli haldır ki, mövcudatın ən yüksək pilləsində duran insan elə alçalır ki, bir parça torpaqa yiyələnmək üçün bir-birini öldürür və öz yaxınlarına bədbəxtlik gətirir. Beləliklə, yaradılmışların ən alisi materiyanın ən aşağı növü olan torpaqdan ötrü qatilə çevrilir. Torpaq bir xalqa deyil, bütün xalqlara məxsusdur. Torpaq insanın yaşayış məskəni deyil, onun məzarıdır.

Fateh nə qədər dahi olsa da, o nə qədər ölkələri qul halına salsa da, bu xarabazara çevrilmiş torpaqların heç bir hissəsini — yalnız öz məzarı olan bir qarış torpaqdan savayı — özünə götürməyə qadir deyildir.

Əgər hər hansı bir ölkənin ərazisini genişləndirmək əhalinin vəziyyətinin yaxşılaşmasına və sivilizasiyanın yayılmasına xidmət edirsə, onda bu, sülh yolu ilə əldə edilə bilər. Lakin adamlar özlərinin şöhrətpərəst məqsədlərini həyata keçirmək naminə müharibəyə əl atırlar. Mənasız şöhrətpərəstlik və kiçik bir qrupun şəxsi mənafeyi naminə saysız-hesabsız ailə ocaqları dəhşətli fəlakətlərə düçar edilir, yüzlərlə kişi və qadının ürəkləri sındırılır!

Sizin hamınıza tövsiyə edirəm: bütün fikirlərinizi və qəlbinizi məhəbbətə və birliyə yönəldin. Müharibə barədə başınızda fikir yaransa, daha güclü olan sülh haqqında fikri ona qarşı qoyun. Nifrət haqqında fikir daha qüdrətli olan məhəbbət haqqında fikirlə aradan qaldırılmalıdır. Bu dünyanın əsgərləri bir-birlərini öldürmək üçün qılınclarını sıyıranda, Allahın əsgərləri bir-birlərini sevinclə qucaqlamağa can atırlar.

Buna görə də insanlar arasındakı bu vəhşiliklər təmiz qəlbdə və səmimi niyyətlərdə təzahür edən Allahın mərhəməti sayəsində yox olmalıdır. Elə düşünməyin ki, Ümumdünya Sülhünün bərqərar olması mümkün olmayan idealdır. Xeyr, Allahın istəyi üçün qeyri-mümkün olan heç nə yoxdur. Əgər siz bütün qəlbinizlə yer üzündəki hər bir irqlə dostluğa çalışsanız, sizin düşüncəniz maddi və mənəvi şəkildə mütləq yayılacaqdır: o başqalarının da arzusuna çevriləcək, bütün adamların ağıllarına hakim olana qədər sürətlə inkişaf edəcəkdir" (Əbdülbəha, Paris söhbətləri, s.23).

BEYNƏLXALQ DİL

Müharibələri doğuran başlıca səbəblərlə və onları aradan qaldırmaq üsulları ilə tanış olduqdan sonra Ən Böyük Sülhə nail olmaq məqsədilə Həzrət Bəhaullahın təklif etdiyi bəzi əsas müddəaları nəzərdən keçirək.

Birinci təklif Ümumdünya köməkçi dilin yaradılmasına aiddir. Həzrət Bəhaullah bu dil barəsində "Kitab-i-Əqdəs" əsərində və Özünün çox saylı Lövhlərində yazır. Belə ki, O, "İşraqat" Lövhündə buyurur:

"Altıncı İşraq (Parıltı) insanlar arasında birlik və əmin-amanlıqdır. Yalnız bu birlik sayəsində dünyanın üfüqləri həqiqət nuru ilə işıqlanacaqdır və bunun ən böyük vasitəsi insanların bir-birinin yazısını və şifahi nitqini bilməsidir. Əvvəlki Lövhlərimizdə Biz Allahın Uca Ədalət Evinə tapşırmışdıq ki, mövcud dillərdən birini seçsin, yaxud yeni dil və yazı sistemi işləyib hazırlasın və dünyanın bir ölkəyə və bir ailəyə çevrilməsi üçün onlar dünyanın bütün məktəblərində uşaqlara öyrədilsin".

Həzrət Bəhaullah Beynəlxalq Dilin yaradılması təklifini irəli sürdüyü zaman Polşada taleyinə bu təklifin həyata keçirilməsində aparıcı rol oynamaq yazılmış Lüdviq Zamenqof adlı bir uşaq dünyaya göz açdı. Beynəlxalq Dil yaradılması ideyası Zamenqofun həyatını demək olar ki, lap uşaqlıq çağlarından tamamilə bürümüşdü. Gərgin əmək nəticəsində o, bütün dünyaya yayılmış, otuz beş ildən artıq bir müddət ərzində sınaqlardan çıxmış və yararlı beynəlxalq ünsiyyət vasitəsinə çevrilmiş esperanto adlanan bir dil işləyib hazırladı. Esperanto dilinin üstünlüyü bundan ibarətdir ki, onun öyrədilməsinə ingilis, fransız və ya alman dili kimi dillərin öyrənilməsi üçün zəruri olan vaxtın iyirmidə bir hissəsi kifayət edir.

1913-cü ilin fevralında Parisdə esperantoçuların təşkil etdikləri qəbulda Həzrət Əbdülbəha buyurmuşdur:

"Hal-hazırda Avropadakı fikir ziddiyyətlərinin başlıca səbəblərindən biri dillərin müxtəlifliyidir. Biz deyirik: bu adam almandır, digəri italyandır, sonra biz ingilisi və fransızı qarşılayırıq. Baxmayaraq ki, onlar eyni bir irqə mənsubdurlar, lakin dilləri onların öz aralarında ünsiyyət saxlamalarına ən böyük maneədir. Əgər Beynəlxalq köməkçi dil olsaydı və bu dildən istifadə olunsaydı, bu zaman onların hamısı bir-birinə doğma sayılardılar.

Həzrət Bəhaullah bu Beynəlxalq Dil barədə hələ qırx il bundan əvvəl yazmışdır. O buyurmuşdur ki, Beynəlxalq Dil qəbul edilməyincə dünyanın müxtəlif qitələri arasında tam birlik həyata keçirilə bilməz, çünki biz görürük ki, bir-birini başa düşməmək adamları qarşılıqlı əməkdaşlıqdan uzaqlaşdırır və bu hal yalnız Beynəlxalq Dilin vasitəsilə aradan qaldırıla bilər.

Ümumiyyətlə desək, Şərq xalqlarının Qərbdə baş verən hadisələr haqqında tam məlumatları yoxdur və Onlar bir-birlərinə rəğbət bəsləyə bilmirlər. Onların fikirləri ağzıbağlı qutulardadır və Beynəlxalq Dil onları açan açar olacaqdır. Əgər biz Beynəlxalq Dilə yiyələnsəydik, Qərbin kitabları çox asanlıqla bu dilə tərcümə olunardı və Şərq xalqları onların məzmunlarından xəbərdar olardılar. Eynilə Şərqin kitabları da qərblilər üçün bu dilə tərcümə edilərdi.

Ümumi dil Şərqlə Qərbin birləşməsində ən böyük vasitə olacaqdır. O bütün dünyanı bir evə çevirəcək və bəşəriyyətin tərəqqisində ən güclü təkan olacaqdır. O, bəşəriyyətin birlik bayrağını yüksəldəcəkdir. O, yer üzünü ümumi dövlətə çevirəcəkdir. O, insan övladları və müxtəlif irqlər arasında məhəbbət və dostluq rəmzi olacaqdır.

Allaha şükr olsun ki, doktor Zamenqof esperantonu yaratdı. Bu dil elə tərtib edilmişdir ki, beynəlxalq ünsiyyət vasitəsi ola bilər. Biz hamımız bəşəriyyət qarşısında ən yüksək xidmət kimi qiymətləndirilən bu alicənab işə görə doktor Zamenqofa[2] minnətdar olmalı və təşəkkür etməliyik.

Esperanto dilinin ümumbəşəri olması üçün bu dili yayanlar bütün qüvvələrini səfərbər edəcəklər. Buna görə də bizim hər birimiz onu öyrənməli və bacardıqca geniş yaymalıyıq ki, o günü-gündən daha böyük miqyasda tanınsın, bütün xalqlar və dünya hökumətləri tərəfindən qəbul edilsin və bütün ictimai məktəblərin tədris proqramlarının tərkib hissəsi olsun. Mən ümidvaram ki, esperanto gələcəkdə bütün beynəlxalq konfransların və konqreslərin dilinə çevriləcəkdir.

Beləliklə, adamlar yalnız iki dil — ana dili və beynəlxalq dil öyrənməlidirlər. Onda bütün insanlar arasında əsl birlik yaranacaqdır. Diqqət verin, indi müxtəlif millətlərlə ünsiyyətə girmək necə də çətindir. Hətta əlli dil öyrəndikdən sonra da elə bir ölkədə ola bilərsən ki, onun dilini bilməyəsən. Buna görə də Mən ümidvaram ki, esperantonun geniş vüsət alması üçün siz hər cür səy göstərəcəksiniz." (Əbdülbəha. Paris söhbətləri, fevral 1913-cü il)

Esperanto haqqında bu istinadların səciyyəvi və həvəsləndirici olmasına baxmayaraq, bu da bir həqiqət olaraq qalır ki, Həzrət Bəhaullahın buyurduqları barədə Ədalət Evi qərar çıxarmayınca Bəhai dininin esperanto və ya hər hansı bir canlı, yaxud süni yaradılmış dilə münasibətdə heç bir öhdəliyi yoxdur.

Həzrət Əbdülbəha buyurur:

"Esperantonun əsasına qoyulan məhəbbət və əmək hədər getməyəcəkdir, lakin yalnız bir şəxsiyyət ümumi, universal dil yarada bilməz" (Əbdülbəha Londonda. s.95).

Hansı dili qəbul etmək lazımdır? O təbii və ya süni olacaq bu barədə qərarı dünyanın millətləri çıxarmalıdır.

ÜMUMDÜNYA MİLLƏTLƏR CƏMİYYƏTİ

Həzrət Bəhaullahın xüsusi olaraq tez-tez vurğuladığı digər təklif ümumi sülhün qorunub saxlanması üçün Ümumdünya Millətlər Cəmiyyətinin yaradılmasıdır. Hələ Əkka[3] qalasında əsirlikdə olarkən O, kraliça Viktoriyaya yazdığı lövhündə buyururdu:

"Ey yer üzünün hökmdarları, barışın! Onda sizin öz dövlətlərinizdə daxili asayişin qorunmasına lazım olan miqdardan artıq silahlanmaya ehtiyacınız olmayaçaq. Ey yer üzünün kralları, birləşin! Çünki bunun sayəsində sizin aranızdakı çəkişmə tufanı səngiyər və sizin təbəələriniz rahatlıq tapar. Əgər sizlərdən hər hansı biri başqasına silah qaldırarsa, hamınız ona qarşı çıxış edin, çünki bu əsl ədalətdən başqa bir şey deyildir".

1875-ci ildə Həzrət Əbdülbəha Ümumdünya Millətlər Cəmiyyətinin təsis edilməsini qabaqcadan görmüşdü. Xüsusilə maraqlıdır ki, hal-hazırda[4] buna bənzər təşkilatın yaradılması yolunda ciddi addımlar atılır. O yazırdı:

"Bəli, əsl sivilizasiya öz bayrağını yalnız o zaman qaldırar ki, alicənablığın və təşəbbüskarlığın parlaq çırağı olan bir neçə hökmdar qətiyyətlə və şövqlə ruhlanaraq bütün bəşəriyyətin rifahı və xoşbəxtliyi naminə ümumdünya sülhü barəsində məsələnin müzakirə edilməsi üçün ayağa qalxarlar. Dövlətlərin konfransını çağırmaq, möhkəm və sarsılmaz şərtlərlə davamlı müqavilə bağlamaq üçün onlar bütün vasitələrdən istifadə etməlidirlər. Bu müqaviləni bütün bəşər cəmiyyətinin müzakirəsinə və bəyənilməsinə təqdim etmək lazımdır.

Həqiqətən, Ümumdünya Sülhünün və əmin-amanlığının rəhni olan bu ən böyük iş bütün insanlar üçün müqəddəs olmalıdır və bütün qüvvələri bu ən böyük müqavilənin möhkəmləndirilməsinə və gücləndirilməsinə istiqamətləndirmək lazımdır.

Bu beynəlxalq saziş hər bir dövlətin sərhəd və hüdudlarını müəyyənləşdirməli və hökumətlərin fəaliyyət yollarını göstərməlidir. Bağlanması nəzərdə tutulan bütün müqavilələr və həmçinin dövlətlər arasında yaradıla biləcək qarşılıqlı münasibətlər və əlaqələr bu sazişdə göstərilməlidir. Eləcə də, bütün dövlətlər üçün silahlanmanın miqyası müəyyənləşdirilməlidir, belə ki, onların biri tərəfindən silahların və ordunun sayının artırılması başqa dövlətlərdə şübhə oyada bilər.

Bu böyük sazişin təməli hər hansı bir müddəanı pozan dövlətin ram edilməsi və tabe olunması prinsipi üzərində qurulmalıdır və əgər belə hadisə baş verərsə, nəinki bütün dövlətlər ona qarşı çıxmalı, həmçinin bütün dünya xalqları da birləşmiş qüvvələri ilə həmin hökuməti devirməlidirlər. Əgər dünyanın xəstə bədəninə belə böyük vasitə tətbiq edilərsə, onda dünya tam bərabərlik və rahatlıq edər və birdəfəlik müalicəyə nail olar" (Əbdülbəha. İlahi Sivilizasiyanın Sirri. s.64-65)

Millətlər Cəmiyyəti Həzrət Bəhaullahın təsvir etdiyi əsas beynəlxalq qurumlar tipinə uyğun gəlmədiyindən[5] bəhailər onun quruluşunda ciddi nöqsanlar görürlər.

1919-cu il dekabrın 17-də Həzrət Əbdülbəha bəyan etmişdi: "Hal-hazırda Ümumdünya Sülhü böyük əhəmiyyət kəsb edir, lakin onun təməlinin etibarlı, idarəsinin möhkəm və binasının sanballı olması üçün əqidə birliyi daha mühümdür... Millətlər Cəmiyyəti mövcud olsada o hələ Ümumdünya Sülhünü bərqərar etmək iqtidarına malik deyildir. Lakin Həzrət Bəhaullahın təsvir etdiyi Ali Tribunal bu müqəddəs vəzifəni hədsiz qüvvəsi və hakimiyyəti ilə icra edəcəkdir" (Əbdülbəhanın Davamlı Sulh barədə Haaqadakı Mərkəzi Təşkilata yazdığı məktubdan).

BEYNƏLXALQ ARBİTRAJ

Həzrət Bəhaullah həmçinin millətlər arasında yaranan bütün münaqişələri hikmətlə və ədalətlə həll etmək üçün Beynəlxalq Arbitraj Məhkəməsinin təsis olunmasında təkid edirdi.

Həzrət Əbdülbəha Beynəlxalq Arbitraj haqqında məsələyə dair 1911-ci ilin avqustunda Mohonqda keçirilən konfransın katibinə ünvanladığı məktubunda yazırdı:

"Təxminən əlli il bundan əvvəl Həzrət Bəhaullah "Kitab-i-Əqdəs" də xalqlara ümumi sülh yaratmaq hökmü vermiş və bütün millətləri İlahi süfrə — beynəlxalq arbitraj ətrafında toplanmağa çağırmışdı, yəni millətlər arasında sərhədlər, milli ləyaqət. mülkiyyət və digər vacib həyati mənafelər zəminində yaranmış bütün münaqişələr arbitraj qaydasında elə həll oluna bilər ki, heç bir millət çıxarılmış qərarın icrasından yayınmağa cəsarət edə bilməsin.

İki millət arasında mübahisə baş verərsə, bu mösələyə Beynəlxalq Arbitraj Məhkəməsi baxmalı və iki şəxsin mübahisəsi zamanı məhkəmənin çıxardığı qərara bənzər tam ədalətli hökm çıxarmalıdır.

Arbitraj Məhkəməsinin qərarı qəti olmalıdır və əgər nə vaxtsa hər hansı bir dövlət təkbaşına bu qərarı pozmağa cəsarət edərsə, bütün digər dövlətlər qərarı pozan dövləti susdurmalıdırlar.

1911-ci ildə Parisdə etdiyi söhbətlərin birində Həzrət Əbdülbəha buyurmuşdur:

"Dünya xalqları və hökümətləri hər bir millətdən və dövlətdən seçilmiş nümayəndələrdən ibarət Beynəlxalq Arbitraj Məhkəməsi təsis etməlidirlər. Bu ali tribunalın iclasları onun bütün üzvlərinin tam birliyi və razılığı şəraitində keçməlidir. Beynəlxalq xarakterli bütün münaqişələr — müharibənin qarşısını almaq məqsədi daşıyan və hər hansı mübahisənin dinc həllini tapmaq niyyəti güdən bu məhkəməyə verilməlidir" (Əbdülbəha. Paris söhbətləri, s.145).

Millətlər Cəmiyyətinin yaradılmasından xeyli əvvəl, 1899-cu ildə Haaqada Daimi Arbitraj Tribunalı təsis edilmişdi və həmin tribunal və bir çox beynəlxalq konvensiyalar[6] imzalamışdı. Lakin onların əksəriyyəti Həzrət Bəhaullahın müdrik tövsiyələrinə müvafiq gəlmirdi.

Dünyanın iki qüdrətli dövləti arasında mübahisəli məsələlərin həllini öz üzərinə götürən heç bir konvensiya bağlanmamışdı. "Həyati məsələlərə", "şərəf" və "müstəqilliyə" dair ixtilaflardan qəsdən yan keçilirdi. Bundan başqa müqavilələrdə onu imzalayanların həmin müqavilələrdəki şərtlərə riayət edəcəyinə dair həqiqi təminat da nəzərdə tutulmurdu.

Həzrət Bəhaullahın arbitraj təhqiqatı haqqında təliminə gəldikdə isə, o bütün məsələləri, o cümlədən, sərhədlər, milli şərəf və həyati maraqlara dair bütün məsələləri əhatə edir: həm də nəzərə almaq lazımdır ki, bu təlimə əsasən, arbitraj müqavilələrinə Millətlər Cəmiyyətinin yüksək təminatı verilməlidir. Yalnız bu qaydaları tam həyata keçirməklə Beynəlxalq Arbitraj öz vəzifələrini yerinə yetirə bilər və müharibə dəhşətləri yer üzündən həmişəlik silinər.

SİLAHLARIN AZALDILMASI

Həzrət Əbdülbəha buyurur:

"Dünyanın bütün dövlətləri qarşılıqlı razılıq əsasında eyni vaxtda silahsızlaşdırılmalıdırlar. Əgər dövlətlərdən biri tərksilah edilərsə, o biriləri isə bundan imtina edərlərsə, onda bu məqsəd yerinə yetirilməyəcəkdir.

Dünya millətləri bu son dərəcə mühüm məsələdə elə bir qərara gəlməlidirlər ki, onların hamısı birlikdə bəşəriyyəti qıran ölüm silahlarından yaxalarını qurtara bilsinlər. Nə qədər ki, bir dövlət öz hərbi və dəniz qüvvələrini artırmaqda davam edəcək, digər dövlətlər də özlərinin həqiqi və ya güman edilən maraqlarından doğan tələbatlarına görə bu ağılsız yarışa qoşulmaq məcburiyyətində qalacağlar" (Mirzə Əhməd Söhrabın gundəliyi, 1914-cü il, 11-14 may).

ZÜLMƏ MÜQAVİMƏT GÖSTƏRMƏMƏK

Həzrət Bəhaullahın ciddi təlimatına əsasən, bəhailərə dini təşkilat kimi, hətta müstəsna hallarda özlərini müdafiə məqsədi ilə də silahdan istifadə etmək və gəzdirmək qadağandır. İranda Həzrət Babın və Həzrət Bəhaullahın minlərlə ardıcılı öz əqidələrinə görə şəhid edilmişlər. Babilər hərəkatının əvvəllərində bəzi babilər özlərini və ailələrini qoruyarkən silaha əl atmış və bu zaman qeyri-adi cəsarət və qəhrəmanlıq göstərmişlər. Lakin Həzrət Bəhaullah bunu onlara qadağan etmişdir.

Həzrət Əbdülbəha yazır:

"Həzrət Bəhaullah Zühurunun ilk çağlarında bəyan etdi ki, təlimin buna bənzər vasitələrlə yayılmasına, hətta özünü müdafiə məqsədi daşısa da, heç vəhclə icazə verilə bilməz. O, qılınc qanunundan imtina etdi və "Cihad" ("Müqəddəs müharibə") haqqında göstərişi ləğv etdi. O buyurur: "Öldürülməyiniz başqalarını öldürməyinizdən yaxşıdır. Allahın İşi Onun tərəfdarlarının mətinliyi və sədaqəti ilə təbliğ edilməlidir. Onlar bütün dünyəvi nemətlərdən imtina etsələr və gözlərini yer üzündəki bütün şeylərdən çevirsələr, öz həyatlarını Allaha xidmətə həsr etsələr və qorxmazlıqla həqiqəti elan etməyə qalxsalar, bu zaman Allah kəlamı qalib gələr və zəfər qazanar.

Bu mübarək qəlblər Allahın Əmri yolunda öz qanlarını tökməklə bu təlimin həqiqiliyinə şəhadət verir və öz inamları, fədakarlıqları və sədaqətləri ilə Allahın Qüdrətli olmasını və Öz Əmrini yaymağa, itaətsizlərə qalib gəlməyə həmişə qadir olduğunu təsdiqləyirlər; onlar Allahdan başqa müdafiəçi axtarmırlar və düşmən qarşısında dayanaraq həyatlarını qurban verməyə və şəhidliyi gülər üzlə qarşılamağa hazırdırlar" (Əbdülbəha tərəfindən bu kitab üçün yazılmışdır).

Həzrət Bəhaullah Onun Təliminin ardıcıllarından birinə yazırdı:

"Şükr olsun Sənə, ey Allah! Bu iman gətirənlərin dağıdıçı silahlara ehtiyacları yoxdur. Onlar bütün qüvvələrini yer üzərində sülhü bərqərar etməyə yönəldiblər. Onların ordusu — xeyirxah əməllər, sərkərdəsi isə Allah xofudur. Bəxtiyar o kəsdir ki, qərəzsizdir.

Allaha and olsun! Bu adamlar özlərinin dözümü və təmkini, itaətkarlığı və mütiliyi ilə ədalət rəmzinə çevrilmişlər. Onların itaətkarlığı o dərəcəyə çatmışdır ki, dünya tarixində bənzəri olmayan və heç bir xalqın hələ görmədiyi işgəncələr verilməsinə baxmayaraq, onlar əzablı şəhidliyi qəbul etmiş, lakin başqalarını öldürməmişlər.

Hətta əllərini belə müdafiə olunmaq üçün qaldırmadan bu əzablara dözməyə onları nə vadar edirdi, onların belə itaətkar və təmkinli olmasına səbəb nə idi? Bu Uca Qələmin qərəzsiz qadağanının və bütün bəşəriyyətin hökmdarı Haqq-taalanın qüdrəti ilə möhkəmlənmiş rəhbərliyin nəticəsi idi." (Bəhaullah. Qurd oğluna Risalə)

Həzrət Bəhaullahın pisliyə və zülmə müqavimət göstərməmək haqqındakı təliminin düzgünlüyü onun nəticələri ilə sübuta yetirilmişdir. İranda qətlə yetirilmiş hər bir möminin əvəzinə Bəhai Dini öz sıralarına yüzlərlə yenilərini qəbul edirdi. Bu şəhidlər sevinc və rəşadətlə öz həyatlarını çələng kimi Rəbbin ayağları altına atmağla, dünyaya əyani surətdə göstərirdilər ki, onlar ölümün qorxuda bilmədiyi yeni həyat tapmışlar. Sözlə ifadəsi mümkün olmayan elə dolğun və xoşbəxt həyat tapmışlar ki, onunla müqayisədə yer üzünün ləzzətləri yalnız tərəzidəki tozdur, ən əzablı fiziki işgəncə isə, hava kimi yüngül və boş bir şeydir.

ƏDALƏTLİ MÜHARİBƏ

Həzrət Bəhaullah da İsa Peyğəmbər kimi Öz ardıcıllarına zülmə müqavimət göstərməmək və öz düşmənlərini bağışlamaq prinsipinə riayət etməyi məsləhət görürdü, lakin Onun təliminə görə, cinayətkarları cəzalandırmaq, ölkədə zorakılığın və ədalətsizliyin qarşısını almaq dövlətin vəzifəsidir.

Əgər ayrı-ayrı şəxslər təhqirə və təqibə məruz qalırlarsa, onlar bağışlaya və qisas almaya bilərlər. Lakin dövlət qətl törədənləri və qarətçiləri cəzasız qoymamalıdır. Cinayətkarlığın qarşısını almaq və caniləri cəzalandırmaq humanist dövlətin borcudur. Bu həmçinin bütün xalqlara da aiddir. Əgər hər hansı bir dövlət digər dövlətə zülm edir və onu incidirsə, bu zaman bütün digər dövlətlər zülmkara qarşı birgə çıxış etməlidirlər.

Həzrət Əbdülbəha buyurur:

"Ola bilər ki, hansısa davakar və vəhşi tayfa müəyyən bir milləti bütünlüklə qırmaq məqsədi ilə azğıncasına hücuma keçsin. Belə vəziyyətdə müdafiə olunmaq zəruri tədbirdir".

Lakin bu günədək xalqların fəaliyəti onunla məhdudlaşmışdır ki, bir millətin başqa millət üzərinə hücumu zamanı, digərləri bitərəf qalmış və bu təhlükə onların öz maraqlarına toxunmayınca, onlar öz üzərlərinə heç bir məsuliyyət götürməmişlər.

Hücuma məruz qalan millət nə qədər zəif və köməksiz, olsa da, müdafiənin bütün ağırlığı onun üzərinə düşmüşdür. Həzrət Bəhaullah mövcud qaydaya qarşı çıxaraq, fərdi və kollektiv məsuliyyəti yalnız təcavüzə məruz qalan millətin deyil, həm də bütün digər millətlərin üzərinə qoyur, belə ki, bütün bəşəriyyət bir icmanı təmsil etdiyindən millətlərdən birinə təcavüz etmək bütün icmaya təcavüz etmək deməkdir və onun qarşısı bütün icma tərəfindən alınmalıdır.

Əgər bu doktrina hamı tərəfindən qəbul edilsəydi, başqa millətin üzərinə hücuma hazırlaşan hər bir millət əvvəlcədən bilərdi ki, o yalnız bir dövlətin deyil, bütün dünya dövlətlərinin müqaviməti ilə rastlaşacaqdır. Bunu dərk etmək ən cəsarətli və ən davakar millətin qarşısını almağa kifayət edərdi.

Sülhə can atan ayrı-ayrı xalqların lazımi qədər güclü ittifağı yaranarsa, onda müharibə anlayışı keçmişin hadisəsi olaraq qalar. Əvvəlki beynəlxalq hərc-mərclik vəziyyətindən yeni beynəlxalq həmrəylik vəziyyətinə keçid dövründə təcavüzkar müharibələrin baş verməsi hələ mümkündür və belə hallarda beynəlxalq həmrəylik, ittifaq və sülh naminə hərbi və digər cəza tədbirlərinin tətbiq edilməsi müsbət xarakterli tədbirlər kimi qəbul olunmalıdır. Bu məsələyə dair Həzrət Əbdülbəha yazır:

"Hətta müharibə, bəzən sülh yaranmasına böyük əsas verir, dağıntı isə onun yenidən qurulmasına səbəb olur. Məsələn, əgər müdrik hökmdar təcavüzkarın hücumunun qarşısını almaq məqsədi ilə öz qoşununu onun üzərinə yeridirsə, yaxud dövləti və parçalanmış xalqı birləşdirmək üçün ədalətli niyyət uğrunda vuruşursa və döyüş meydanında fərqlənirsə, bu zaman qəzəb mərhəmətə çevrilir və zülmkarlığın bu zahiri görkəmi arxasında Ədalətin mahiyyəti dayanır və belə müharibə - sülhün təməl daşıdır. İndi hər bir qüdrətli hökmdarın vəzifəsi dünyada ümumi sülhü bərqərar etməkdir, çünki bu, həqiqətən o bütün xalqların azadlığı deməkdir" (Əbdülbəha. İlahi Sivilizasiyanın Sirri, s.65)

ŞƏRQLƏ QƏRBİN İTTİFAĞI

Ümumi sülhün yaranmasına kömək edən amillərdən biri də Şərqlə Qərbin birliyidir. Ümumi sülh nəinki təkcə düşmənçilik fəaliyyətlərinin dayandırılmasıdır, o eyni zamanda bir-birilə əlaqəsi kəsilmiş dünya xalqlarının qiymətli bəhrələr verəcək məhsuldar ittifaqı və səmimi həmrəyliyidir.

Özünün Paris söhbətlərinin birində Həzrət Əbdülbəha buyurur:

"Bizim dövrümüzdə olduğu kimi, keçmişdə də həqiqət Günəşi Şərqin üfüqündən doğmuşdur. Musa Peyğəmbər Şərqdə adamları tərbiyələndirmiş və onlara rəhbərlik etmişdir; İsa Peyğəmbər də orada Zühur etmişdir; Məhəmməd Peyğəmbərin də missiyası Şərq xalqları üçün təyin olunmuşdur. Həzrət Bab da Şərqdə - İranda Zühur etmişdir, Həzrət Bəhaullah da həmçinin Şərqdə Zühur etmiş və xalqı öyrətmişdir. Bütün dahi müəllimlər Şərqin üfüqündən Zühur etmişlər.

İsa Məsihin Günəşi Şərqdə doğsa da, onun şəfəqləri Qərbdə parladı və onun parıltısı burada daha aydın göründü. Onun Təliminin İlahi nuru Qərb dünyasını daha gur işıqlandırdı və doğulduğu ölkədən fərqli olaraq, burada daha sürətlə yayılmağa başladı.

Bizim günlərimizdə Şərqin maddi tərəqqiyə, Qərbin isə mənəvi tərəqqiyə ehtiyacı var. Buna görə də yaxşı olardı ki, Qərb dünyası Şərqin mənəvi nurundan faydalansın, əvəzində isə elmi və texniki sahələrdə əldə etdiyi nailiyyətləri Şərqlə bölüşdürsün. Bu bəhrələr qarşılıqlı mübadilə edilməlidir. Şərq və Qərb birgə səyləri ilə özlərinin çatışmayan ehtiyaclarını ödəməlidirlər.

Bu ittifaq onları mənəvi mədəniyyətin maddi dəyərlərlə birləşdiyi həqiqi sivilizasiyaya gətirəcəkdir. Belə qarşılıqlı mübadilə insanların böyük ahəngdarlığına və həmrəyliyinə xidmət edəcəkdir: o, xalqlar arasında ən böyük kamilliyə və sarsılmaz ittifaqa gətirib çıxaracaqdır. Yer üzü Cənnətə dönəcək və Allaha xas olan bütün keyfiyyətlər güzgüdəki kimi onda əks olunacaqdır.

Buna görə də biz. Şərq və Qərb xalqları bu yüksək idealları yerinə yetirmək və Kainatın bütün adamları arasında ittifaqı möhkəmləndirmək naminə həm qəlbən, həm də ruhən, kecə-gündüz, çalışmalıyıq. Onda sevinc insanların qəlbini bürüyəcək və onlar oyanacağlar; insanlar öz işlərində böyük uğurlar qazanacaq, bütün bəşəriyyətin xoşbəxtliyi həyata keçəcəkdir. Bu, yer üzündə yaranacaq həmin Cənnət olacaqdır ki, bütün bəşəriyyət Şərəf Padşahlığının ittifaq və birlik çadırı altında toplanacaqdır" (Əbdülbəha. Paris söhbətləri, s.17).

 



[1] Bu döyüş 1911-ci il sentyabrın 20-də İtaliya ilə Türkiyə arasında baş vermişdir.

[2] Qeyd etmək lazımdır ki, doktor Zamenqofun qızı Lidiya fəal bəhai olmuşdur.

[3] 1868-ci ildən 1870-ilədək.

[4] Müəllif bunu 1919-1920-ci illərdə yazmışdır.

[5] Bu həmçinin Birləşmiş Millətlər Təşkilatına (BMT) da aiddir.

[6] Beynəlxalq saziş, muqavilə, razılaşma.

 


Ý

Kitabın əvvəlinə

¬ Geri, IX fəsilə        İrəli, XI fəsilə ®

 

©2003-2008 Azərbaycan Bəhailərinin Milli Ruhani Məhfili.

Digər təşkilatlar və fiziki şəxslər bu materiallardan sərbəst istifadə edə bilər, o şərtlə ki, burada olan məlumatlar təhrif olunmayacaq, materialların və ya onlardan olan çixarışların nəşrində aşağıdakılar qeyd olunacaq:
"Azərbaycanda Bəhai Dini icmasının rəsmi www.bahai.az internet saytının materiallarından istifadə olunmuşdur."
Bəhaullah və Yeni Era -
Con Ebenezer Esslemont
Yuxarı >