"Dünya tək bir vətəndir, və bütün insanlar - onun vətəndaşlardır." - Bəhaullah
Bəhaullah və Yeni Era -
Con Ebenezer Esslemont

Ý Kitabın əvvəlinə   


XI FƏSİL. MÜXTƏLİF TƏLİMLƏR VƏ TƏLİMATLAR

"Bilin ki, bulaq kimi əbədi və tükənməz olan və heç zaman dəyişməyən məhəbbət qanunundan başqa hər bir dövrdəki və bütün dinlərdəki İlahi qanunlar zamanın tələblərinə uyğun olaraq dəyişir".

Həzrət Bəhaullah

RAHİBLİK HƏYATI

NİGAH

BOŞANMA

BƏHAİ TƏQVİMİ

RUHANİ MƏHFİLLƏR

BƏHAİ BAYRAMLARI, İLDÖNÜMLƏRİ  VƏ ORUCLUQ GÜNLƏRİ

BAYRAMLAR

ORUC

TOPLANTILAR

ON DOQQUZ GÜN GÖRÜŞLƏRİ

MƏŞRİQ-ÜL-ƏZKAR

AXİRƏT HƏYATI

CƏNNƏT VƏ CƏHƏNNƏM

İKİ DÜNYANIN BİRLİYİ

ŞƏRİN YOXLUĞU

 


RAHİBLİK HƏYATI

Həzrət Bəhaullah da Məhəmməd Peyğəmbər kimi Öz ardıcıllarına tərkidünya həyat tərzi sürməyi qadağan edir. Onun III Napoleona yazdığı Lövhdə oxuyuruq:

"Ey rahiblər güruhu! Hücrələrdə və monastırlarda tənhalıqa çəkilməyin. Mənim hökmüm ilə onları tərk edin, sizə və bütün bəşəriyyətə fayda gətirən işlərlə məşğul olun... Evlənin ki, sizin törəmələriniz sizdən sonra yerinizi tutsunlar. Həqiqətən, Biz pozğunluğu sizə qadağan etmişik və sədaqəti sizə tövsiyə etmişik. Siz isə özünüzün seçdiyiniz yola gedərək, Allahın yoluna arxa çevirmisiniz. Allahdan qorxun və ağılsız olmayın. İnsandan başqa Mənim torpağımda Mənim Adımı kim ucalda bilər və Mənim keyfiyyətlərim və əlamətlərim başqa cür necə aşkarlana bilər? Bunun üzərində düşünün və xurafat pərdəsi altında olanlardan və qəflət yuxusunda yatanlardan olmayın.

Evlənməyən həmin kəs (yəni İsa Peyğəmbər) xainlər tərəfindən təqib edildiyindən yaşamaq üçün Özünə nə bir mənzil, nə də Öz başını qoymağa bir yer tapmırdı. İsa Peyğəmbər xəyanətin qurbanı oldu. Onun müqəddəsliyi sizin nəyə inanmağınızdan və sizin nə təsəvvür etdiyinizdən deyil, yalnız Bizdə olan həqiqətdən asılıdır. Yer üzündə yaşayanların hamısının təsəvvürlərindən yüksək olan Onun uca məqamını dərk etmək üçün Allaha yalvarın. Bunu dərk edənlərin hamısı xoşbəxtdir..." (Bəhaullahın bəyanı, s.106)

Təəccüblü deyilmi ki, İsa Peyğəmbər Öz şagirdlərini evli adamlar arasından seçdiyi halda və həm Onun Özü, həm də həvariləri adamlarla sıx dostluq şəraitində və olduqca yaxın münasibətlərdə, xeyirxah həyat yaşdıqları halda, bəzi xristian təriqətləri ruhanilər üçün rahiblik və nigahsızlıq institutu təsis etmişlər?

Bu məsələ ilə əlaqədar olaraq Qurani-Kərimdə buyurulur:

"...Məryəm oqlu İsanı göndərib Ona İncil verdik. Onun ardınca gedənlərin qəlblərində bir-birinə şəfqət, mərhəmət oyatdıq. Onlar özlərindən rahiblik (tərkidünyalıq) icad etdilər. Biz rahibliyi onlara vacib buyurmamışdıq. Onlar bunu Allah rizasını qazanmaq üçün etdilər, lakin ona layiqincə əməl etmədilər. Biz onlardan iman gətirənlərin mükafatlarını verdik. Onların çoxu isə fasiqlərdir" (Quran. əl-Hədid surəsi 27).

Əgər keçmiş zamanlarda tərkidünyalıq həyatına bəraət qazandırmaq üçün nə isə bir bəhanə tapmaq olardısa, Həzrət Bəhaullah bəyan edir ki, hal-hazırda belə həyat keçirməyə heç bir əsas yoxdur. Doğrudan da aydındır ki çoxsaylı dindar və mömin adamların başqa adamlarla ünsiyyətdən imtina etmələri və valideynlik vəzifəsindən və məsuliyyətindən yayınmaları bəşəriyyətin mənəvi yoxsulluğuna gətirib çıxara bilər.

NİGAH

Bəhai Təlimində nigahın yeganə forması monoqamiyadır.[1] Bununla yanaşı Həzrət Bəhaullah nigahın həm evlənən tərəflərin, həm də valideynlərin razılığı ilə bağlanmasını vacib buyurmuşdur. O, "Kitab-i-Əqdəs"də yazır:

""Bəyan" Kitabına (Həzrət Babın Vəhyləri) əsasən, yalnız evlənənlərin razılığı nigah bağlanmasına kifayət edirdi. İnsanlar arasında dostluq, məhəbbət və birlik münasibətlərini möhkəmləndirmək arzusundan ilhamlanaraq, onlar arasında düşmənçiliyi və xoşagəlməz münasibətlərə yol verməmək naminə Biz bu məsələni həmçinin valideynlərin də razılıq verməsindən asılı etdik".

Həzrət Əbdülbəha bu məsələyə dair Ona müraciət etmiş bir bəhaiyə yazır:

"Nigah məsələsinə gəldikdə isə, Allahın Qanuna görə əvvəlcə sən özün gərək kimisə seçəsən, sonra isə ata və ananın da razılığı vacibdir, lakin sənin seçəcəyin vaxtadək onların qarışmağa haqları yoxdur" (Əbdülbəhanın Məktubları, c.3, s.563).

Sonra Həzrət Əbdülbəha buyurur ki, bu ehtiyat tədbiri nəticəsində nigahla qohum olan bəhailər arasında xristian və müsəlman ölkələrində geniş vüsət almış kərgin münasibətlər demək olar ki, müşahidə edilmir.

Bununla yanaşı bəhailər arasında boşanma halları olduqca nadir hadisədir. Nigah məsələsinə dair O yazır:

"Bəhailərin izdivacı hər iki tərəfin birliyi və qəlbən bağlılığı deməkdir. Onlar bir-birlərinə böyük diqqətlə yanaşmalı və hər biri digərinin xasiyyətinin özünəməxsus cəhətlərini bilməlidir. Onlar arasındakı möhkəm ittifaq əbədi əlaqəni təmin etməli, onların niyyətləri isə qəlblərinin doğmalığı, dostluq, razılıq və əbədi həyata meyl etmək olmalıdır...

Bəhai nigahına əsasən, kişi və qadın mənəvi və cismani baxımdan elə birləşməlidir ki, onların birliyi Allah-taalanın hər iki dünyasında əbədi olsun və onlar bir-birinin mənəvi kamilliyinə qarşılıqlı kömək göstərsinlər" (Əbdülbəhanın Məktubları).

Bəhailərdə kəbinkəsmə mərasimi olduqca sadədir: yeganə şərt ondan ibarətdir ki, bəy və gəlin ən azı iki nəfər şahidin hüzurunda deməlidirlər: "Həqiqətən, biz Allahın İradəsilə tamamilə razıyıq".

BOŞANMA

Nigah barəsində olduğu kimi, boşanma haqqında da Peyğəmbərlərin hökmləri zamanın tələblərinə müvafiq olaraq dəyişmişdir. Həzrət Əbdülbəha bu məsələyə dair Bəhai Təlimini belə şərh edir: "Ər-arvad arasında bir-birlərinə qarşı ikrah hissinin yaranması və boşanmanın labüd hala çevrilməsi istisna olmaq şərtilə, dostlar (bəhailər) boşanmadan xüsusilə çəkinməlidirlər. Belə olan halda onlar Ruhani Məhfilinin icazəsi ilə boşanma haqqında qərara gələ bilərlər, lakin bu zaman onlar bir il gözləmə müddəti ərzində birgə yaşayışa dözməlidirlər.

Əgər bu bir ilin ərzində onlar arasında əvvəlki hüsn-rəğbət, məhəbbət və razılıq bərpa olunmasa, bu zaman boşanma həyata keçirilir... Allahın Səltənəti fikir ayrılığına deyil, xüsusilə ərlə arvad arasında harmoniyaya, məhəbbət, birlik, doğmalıq və əməkdaşlıqa əsaslanır. Əgər boşanma onlardan birinin ucbatından baş verirsə, şübhəsiz, o, böyük çətinliklərlə rastlaşacaq, böyük bəlalara düçar olacaq, onun həyatı pozulacaq və o öz hərəkətinin peşmançılığını çəkəcəkdir" (Əbdülbəhanın Amerika bəhailərinə məktubundan)

Bəhailər digər məsələlərdə olduğu kimi, boşanma məsələsində də təkcə öz təlimlərinə deyil, həmçinin yaşadıqları ölkənin qanun-larına əməl edirlər.

BƏHAİ TƏQVİMİ

Müxtəlif xalqlarda, müxtəlif zamanlarda vaxtı hesablamaq və tarixi müəyyənləşdirmək üçün bir çox müxtəlif üsullar mövcud olmuşdur və indinin özündə də gündəlik həyatımızda müxtəlif təqvimlərdən istifadə olunur: Qərbi Avropada — Qriqorian, Şərqi Avropanın bir çox ölkələrində — Yulian, yəhudilər arasında Yəhudi və İslam ölkələrində isə müsəlman təqvimləri.

Həzrət Bab qabaqcadan xəbər verdiyi Vəhyin böyük əhəmiyyətini vurğulayaraq yeni təqvim təsis etmişdir. Bu təqvimdə də Qriqorian təqvimində olduğu kimi ilin hesablanması Ay ili ilə deyil, Günəş ili sistemi ilə hesablanır.

Bəhai təqvimi hər birində 19 gün olan 19 aydan ibarətdir (yəni, 361 gündən). Bəhai ilini günəş ili təqvimi ilə bərabərləşdirmək üçün onsəkkizinci və ondoqquzunçu aylar arasında, qısa ildə dörd gün, uzun ildə isə beş gün əlavə edilir. Hər bir aya Allahın sifətləri olan adlar verilmişdir.

Bəhailərdə yeni ilin başlanması qədim İrandakı yeni il kimi astronomik hesablama ilə, yəni yazda kecə ilə gündüzün bərabərləşdiyi andan (martın 21-dən) müəyyənləşdirilmişdir. Bəhai erası öz başlanğıçını 1844-cü ildən (hicri tarixi 1260-cı ildən), yəni Həzrət Babın Öz Missiyasını bəyan etdiyi ildən götürür.

Yaxın gələcəkdə bütün dünya xalqlarında ümumi təqvim qəbul etmək zərurəti yaranacaqdır. Buna görə də tamamilə haqlı olaraq belə bir fikir söylənilir ki, xalqlar birliyi əsri olan yeni əsr tənqid və iradlara məruz qalan və böyük sayda əhalinini istifadəsi üçün yararsız olan əvvəlki təqvimlərdən fərqlənən, yeni təqvimə malik olmalıdır. Sadəliyinə və rahatlığına görə Həzrət Babın təklif et-Diyi təqvimdən üstün olan digər təqvim tapmaq çətindir.

 

Bəhai təqvimində aşağıdakı aylar qəbul edilmişdir:

Ayların sıra
№-si

Ayların
ərəbcə
adları

Azərbaycan dilinə tərcüməsi

Ayların birinci günləri

1.

Şəhr-ül-Bəha

Şöhrət

21 mart

2.

Şəhr-ül-Cəlal

Cəlal

9 aprel

3.

Şəhr-ül-Camal

Camal

28 aprel

4.

Şəhr-ül-Əzəmət

Əzəmət

17 may

5.

Şəhr-ün-Nur

Nur

5 iyun

6.

Şəhr-ür-Rəhmət

Rəhmət

24 iyun

7.

Şəhr-ül-Kəlimat

Kəlmələr

13 iyul

8.

Şəhr-ül-Kamal

Kamal

1 avqust

9.

Şəhr-ül-Əsma

Adlar

20 avqust

10.

Şəhr-ül-İzzət

İzzət

8 sentyabr

11.

Şəhr-ül-Məşiyyət

İradə

27 sentyabr

12.

Şəhr-ül-İlm

Elm

16 oktyabr

13.

Şəhr-ül-Qüdrət

Qüdrət

4 noyabr

14.

Şəhr-ül-Qövl

Söz

23 noyabr

15.

Şəhr-ül-Məsail

Məsələ

12 dekabr

16.

Şəhr-üş-Şərəf

Şərəf

31 dekabr

17.

Şəhr-üs-Sultan

Sultan

19 yanvar

18.

Şəhr-ül-Mülk

Mülk

7 fevral

Fevral ayının 26-dan mart ayının 1-i də daxil olmaqla yerləşdirilən "Əyyami-Ha” [2]

19.

Şəhr-ül-Əla

Əla

2 mart

RUHANİ MƏHFİLLƏR

Özünün dünyəvi missiyasını başa çatırmamışdan əvvəl Həzrət Əbdülbəha Həzrət Bəhaullahın Yazılarında göstərilən inzibati qaydaların inkişafının təməlini qoymuşdur. Ruhani Məhfillərin yüksək əhəmiyyətini göstərmək məqsədilə Həzrət Əbdülbəha bir tərcüməyə dair yazdığı məktubunda buyurur ki, hətta Həzrət Əbdülbəhanın Özü tərəfindən əvvəlcədən yoxlanmasına və düzəlişlər edilməsinə baxmayaraq, bu tərcümə nəşr edilməzdən əvvəl Qahirə Ruhani Məhfili tərəfindən təsdiqlənməlidir.

Ruhani Məhfil dedikdə hər il hər bir yerli bəhai icmasının seçdiyi və bu icma üzvləri arasındakı qarşılıqlı münasibətlərə aid olan bütün məsələlərə dair qərarlar qəbul etmək hüququ verilmiş doqquz nəfərdən ibarət inzibati orqan nəzərdə tutulur. "Ruhani Məhfil" adı müvəqqəti xarakter daşıyır, belə ki, gələcəkdə bu orqanlar "Ədalət Evi" adlanacaqlar.

Kilsə təşkilatlarından fərqli olaraq, bəhailərin bu orqanları ruhani səciyyədən daha çox ictimai xarakter daşıyır. Buna görə də, onlar icmada birliyin və ədalətin möhkəmlənməsi, bəhailər arasında mülki məhkəmələrə müraciət olunması qadağan edilmiş bütün məsələləri və çətinlikləri həll etmək məqsədilə tez-tez yığılırlar.

Ruhani Məhfil heç vəhclə keşişlər və ruhanilərlə eyni mənalı institut deyildir. Lakin buna baxmayaraq o, təlimi və birliyi qorumalı, fəal xidməti mükafatlandırmalı, ümumi yığıncağlar və çıxışlar təşkil etməli, bəhailərin ictimai əmlakını idarə etməli və həmçinin bu icmanı həm yüksək dairələrlə əlaqələrdə və həm də digər bəhai icmaları ilə münasibətlərdə təmsil etməlidir.

Yerli və Milli Ruhani Məhfillərinin vəzifəsi bu kitabın Həzrət Əbdülbəhanın İradəsi və Vəsiyyətinə həsr olunmuş sonuncu fəslində ətraflı izah edilmişdir; lakin Şövqi Əfəndi Ruhani Məhfillərin əsas vəzifələrini aşağıdakı kimi müəyyənləşdirir:

"Rəhbərlik və təbliq, həmçinin genişləndirmə və möhkəmləndirmə vasitələri və üsulları Təlimin mənafeyi üçün olduqca böyük əhəmiyyət kəsb etməsinə baxmayaraq, bunlar heç də Ruhani Məhfilin bütün diqqətini tamamilə özünə cəlb edən yeganə məsələlər deyildir. Həzrət Bəhaullahın və Həzrət Əbdülbəhanın lövhlərinin diqqətlə öyrənilməsi göstərir ki, hər yerdə dostların seçdikləri nümayəndələrin üzərinə qoyulan digər vəzifələr Təlim üçün heç də az həyati əhəmiyyət kəsb etmir.

Ruhani Məhfillərin üzərinə sayıq, ehtiyatlı, ehtimallı və hikmətli olmaq, Təlimin məbədini bədniyyətli adamlardan və düşmənlərin kəskin hücumlarından yorulmadan qorumaq vəzifəsi qoyulmuşdur.

Ruhani Məhfillər bütün qüvvələrini dostlar arasında dostluğun və məhəbbətin möhkəmlənməsinə, ürəklərdə hər hansı bir inamsızlıq, adamayovuşmazlıq və bir-birinə soyuq münasibət bəslənməsi izlərinin silinməsinə yönəltməli, əvəzində isə Təlimin işində fəal və səmimi əməkdaşlığı təmin etməlidir. Onlar irqindən, sinfindən və dinindən asılı olmayaraq, daim bacardıqca daha çox kasıblara, xəstələrə, yetimlərə və dul qadınlara kömək etməlidirlər.

Onlar özlərinin bütün qüvvələri ilə gənclərin təhsil almasına və ruhani cəhətdən maariflənməsinə kömək göstərməli, uşağları tərbiyələndirməli, imkan daxilində bəhai tədris müəssisələri təsis etməli, onlara rəhbərlik etməli, onların fəaliyyətini öz nəzarətləri altına almalı və onların gələcək inkişafını və genişlənməsini yüksək səviyyədə təmin etməlidirlər.

Onlar müntəzəm olaraq dostların yığıncağlarını keçirməli, hər ilin bayramlarını və ildönümlərini qeyd etməli, eləcə də bütün dindaşlarının əqli, ruhani və ictimai mənafelərini mükafatlandırmaq və icmaya xidmət etmək məqsədilə xüsusi iclaslar çağırmalıdır.

Hal-hazırda Bəhai Təlimi hələ özünün görpəlik mərhələsində olduğundan Ruhani Məhfillər bütün bəhai nəşrlərini və tərcümələrini nəzarəti altına almalı və xüsusilə, çalışmalıdır ki, oxuculara təqdim edilən bütün bəhai ədəbiyyatı münasib və ən layiqli şəkildə çap olunsun.

Bəhai təşkilatlarına xas olan böyük imkanlar yalnız o zaman qiymətləndirilə bilər ki, liderlərə məsuliyyət və təvazökarlıq hissləri və cəmiyyətin hər bir üzvünə zəruri loyallıq duyğusu aşılayan mənəvi qüvvələrdən məhrum olmuş müasir sivilizasiyanın necə sürətlə parçalanması hamı tərəfindən başa düşülsün.

BƏHAİ BAYRAMLARI, İLDÖNÜMLƏRİ
VƏ ORUCLUQ GÜNLƏRİ

1.

Novruz Bayramı (Bəhailərin yeni ili)

21 mart

2.

Rizvan Bayramının birinci günü
(Bəhaullahın Bəyanı)

21 aprel

3.

Rizvan Bayramının doqquzuncu günü

29 aprel

4.

Rizvan Bayramının onikinci günü

2 may

5.

Həzrət Babın Bəyanı və
Həzrət Əbdülbəhanın mövlud günü

23 may

6.

Həzrət Bəhaullahın süudu

29 may

7.

Həzrət Babın şəhid edilməsi

9 iyul

8.

Həzrət Babın mövlud günü

20 oktyabr

9.

Həzrət Bəhaullahın mövlud günü

12 noyabr

10.

Əhd günü

26 noyabr

11.

Həzrət Əbdülbəhanın süudu

28 noyabr

12.

Orucluq günləri
(Əla ayının 1-dən 19-dək)

martın 2-dən 20-dək

BAYRAMLAR

Bəhai Dini ardıcıllarının sevinc və fərəh hissləri il boyu keçirilən bir sıra bayramlarda və ildönümlərində öz parlaq ifadəsini tapır. 1912-ci ildə İskəndəriyyədə Novruz Bayramı (Yeni il) barəsində söhbətində Həzrət Əbdülbəha buyurmuşdur:

"Hər bir dövrün İlahi dinlərində xüsusi sevinc günləri və müqəddəs bayramlar var. Belə günlərdə işin mahiyyətindən asılı olmayaraq bütün məşğuliyyətlər, istər ticarət, sənaye, kənd təsərrüfatı, istərsə də hər hansı bir digər iş olsun, qadağan edilir. Həmin günlərdə hamı sevinməli, bir yerə toplanmalı və təntənəli yığıncaq keçirməlidirlər; birliyin, dostluğun və həmrəyliyin təcəssümünü duymaq üçün hökmən bir yerə yığışmaq lazımdır.

Bir halda ki, bu xoşbəxtlik günüdür, deməli, onu məqsədsiz keçirmək, ancaq şənlənmək və boş-boşuna vaxt keçirməklə qənaətlənmək olmaz. Bu günlərdə hökmən yeni təşəbbüslər meydana çıxmalı və elə işlərin təməli qoyulmalıdır ki, onlar cəmiyyət üçün daim dəyərli və faydalı ola bilsin. Hal-hazırda insanlara haqqın yolunu öyrətməkdən əhəmiyyətli, vacib başqa bir şey yoxdur.

Şübhəsiz, bu günlərdə Allahın dostları elə maddi və mənəvi xeyriyyəçilik tədbirləri görməlidirlər ki, o nəinki bəhailər dairəsinə faydalı olmaqla məhdudlaşmasın, həmçinin geniş ümumbəşəri əhəmiyyət kəsb etsin...

İndiki dövrdə — Bəhai Dini dövründə hər bir xeyriyyəçilik işi, istisnasız olaraq, bütün bəşəriyyət üçün faydalı olmalıdır, çünki, bu, İlahi Mərhəmətin təzahürü dövrüdür. Buna görə də Mən ümidvaram ki, Allah dostlarının hər biri bütün bəşəriyyət üçün Allahın Mərhəmətinə çevriləcəkdir".

Novruz (Yeni il) və Rizvan bayramları, Həzrət Babın və Həzrət Bəhaullahın mövlud günləri, eləcə də Həzrət Babın Bəyanı və həmin günə düşən Həzrət Əbdülbəhanın mövlud günü bəhailər üçün ən böyük sevinc günləridir.

İranda bəhailər arasında bu günlərdə təntənəli qəbullar və qonağlıqlar təşkil edilir, məclis iştirakçıları musiqi çalır, mahnı oxuyur, nitq söyləyir, bu günlərə həsr olunmuş şerlər və məktublar oxuyurlar. Onsəkkizinci və ondoqquzuncu aylar arasında, yəni fevral ayının 26-dan mart ayının 1-i də daxil olmaqla qoyulan "əlavə günlər" dostları qonaq qəbul etmək və qonaq getmək, onlara hədiyyələr vermək, kasıblara və xəstələrə kömək göstərmək günləridir.

Həzrət Babın şəhid edilməsi, Həzrət Bəhaullahın və Həzrət Əbdülbəhanın Süud günləri hər il təntənəli yığıncaqlarda qısa nitqlər söyləməklə, ziyarətnamə və dualar oxumaqla keçirilir.

ORUC

Qonaqpərvərlik və xeyirxahlıq göstərmək məqsədi daşıyan "Əyyami-Ha" günlərindən sonra gələn ondoqquzuncu ay orucluq ayıdır. Oruc tutan şəxs günəş çıxandan günəş batanadək ondoqquz gün ərzində özünü hər cür yeməkdən və içməkdən saxlamalıdır. Orucluq həmişə mart ayında kecə ilə gündüzün bərabərləşdiyi eyni bir vaxtda — yəni şimal yarımkürəsində bahar və cənub yarımkürəsində isə payız olduğu zaman qurtarır.

Orucluq ayı heç zaman oruc tutmaq üçün üzücü olan yayın şiddətli isti günlərinə və ya qışın sərt soyuğuna düşmür. Bundan başqa, ilin bu dövründə yer kürəsinin insan yaşayan bütün məntəqələrinin hər yerində günün çıxması və batması vaxtı təxminən səhər saat 6-dan axşam saat 6-ya qədərdir. Uşaqlar, xəstələr, səfərdə olanlar, qocalar və fiziki baxımdan zəiflər, hamilə qadınlar və südəmər görpələri olan analar oruc tutmaqdan azaddırlar.

Bəhai Təliminə əsasən, hər il müntəzəm oruc tutmağın fiziki sağlamlıq üçün faydalı tədbir olması barəsində xeyli dəlillər vardır. Lakin bəhailərdə yeməyin məqsədi sadəcə olaraq qidalanmaq deyil, bizim mənəvi qidamızı təşkil edən Allahın zikri olduğu kimi, bəhai orucunun mahiyyəti də yalnız yeməkdən imtina etməkdən ibarət deyildir, hərçənd yeməkdən imtina olunması bizim bədənimizin təmizlənməsinə kömək göstərir; orucun əsl mənası nəfsin istəklərindən imtina etmək və Allahdan başqa hər şeydən üz döndərməkdir.

Bununla əlaqədar olaraq Həzrət Əbdülbəha buyurur:

"Oruc - rəmzdir; o bütün nəfsani istəklərdən özünü saxlamaq deməkdir. Oruc tutmaq bu istəklərdən özünü saxlamağın rəmzi xatırlanmasıdır. Yəni insan özünü qida qəbul etməkdən saxladığı kimi, özünün bütün şəhvət və ehtiraslarından da imtina etməlidir. Yalnız qida qəbul etməkdən özünü saxlamaq ruha təsir göstərmir; bu ancaq rəmzdir, xatırlamadır. Əks halda, oruc tutmağın heç bir əhəmiyyəti yoxdur. Bu məqsədlə oruc tutmaq yemək-içməkdən özünü tamamilə saxlamaq demək deyildir. Qidalanmanın qızıl qaydası — nə həddindən artıq çox, nə də həddindən artıq az yemək qəbul etməməkdir; orta həddə riayət etmək vacibdir.

Hindistanda yemək-içməkdən özünü kəskin surətdə saxlayan təriqət var: onlar tədricən qida qəbul etməyi o qədər azaldırlar ki, axırda qida qəbul etmədən yaşayırlar. Əgər insan qida qəbul etməmək nəticəsində zəifləmişdirsə, o nə fiziki, nə də əqli cəhətdən Allaha ibadət edə bilməz. Belə adam sağlam düşünə bilməz" (Xanım Stivensin 1911-ci il iyun ayındakı iki həftəlik İcmalından).

TOPLANTILAR

Həzrət Əbdülbəha Allahı birlikdə mədh etmək, həmçinin dini Təlimatların öyrənilməsi və çatdırılması, dinin tərəqqisinə dair fikir mübadiləsi etmək üçün möminlərin müntəzəm olaraq təşkil etdiyi toplantıları yüksək qiymətləndirir. Özünün lövhlərinin birində O buyurur:

"Allah-taalanın İradəsi belədir ki, Mərhəmətlinin dostları və bəndələri arasında birlik və ahəngdarlıq günü-gündən möhkəmlənsin. Nə vaxta qədər ki, bunlar həyata keçirilməyəcək, işlər də heç bir vasitə ilə irəli ketməyəcəkdir. Ruhani Məhfillər ümumi ahəngdarlığa və birliyə nail olmaq üçün ən böyük vasitədir. Fövqəladə əhəmiyyətə malik olan bu məsələ Allahın köməyini maqnit kimi çəkib gətirir" (Əbdülbəhanın məktubları, c. 7, s. 125).

Bəhai Ruhani Məhfilində siyasi məsələlərə və dünyəvi işlərə dair çəkişmələrdən və mübahisələrdən uzaqlaşmaq lazımdır. Möminlərin yeganə məqsədi İlahi həqiqəti öyrətmək və öyrənmək, Allah Məhəbbəti ilə dolu qəlbləri fəth etmək, Tanrının İradəsinə tamamilə itaət etmək vərdişinə yiyələnmək və İlahi Səltənətin başlanmasına köməklik göstərmək olmalıdır.

1912-ci ildə Nyu-Yorkda etdiyi çıxışlarının birində Həzrət Əbdülbəha buyurmuşdu:

"Bəhai toplantısı səma sakinlərinin yığıncağı olmalıdır. O, səma sakinlərinin nuru ilə işıqlanmalıdır. Qəlblər həqiqət Günəşinin şəfəqlərini əks etdirən güzgüyə bənzəməlidir. Hər kəsin sinəsi teleqraf rabitəsi qovşağına oxşamalıdır. Onun telləri qəlbin dərinliyindən mələklərin toplantısınadək elə uzanmalıdır ki, ürəklərin səsləri onların arasında fikir mübadiləsi edə bilsin. Əbha Səltənətindən bu yol ilə süzülən ilham bütün məsləhətləşmələrdə həmrəylik yaradacaqdır. Sizin aranızda razılıq, birlik və məhəbbət nə qədər çox olsa, Allahın himayəsi və Camali-Mübarəkin köməyi də bir o qədər möhkəm olacaqdır".

Həzrət Əbdülbəha lövhlərinin birində buyurur: "Bu toplantılarda kənar söhbətlərdən tamamilə uzaqlaşmaq lazımdır. Bu toplantılar Allahdan nazil olmuş müqəddəs kəlamların avazla oxunması, həmçinin Allah Əmrinə dair məsələlərin müzakirəsi, dəlillərin izahı, aydın və əyani səbəblərin göstərilməsi və eləcə də bütün məxluqatın Sevimlisi olan Kəsin yazılarının dərindən öyrənilməsi ilə məhdudlaşmalıdır.

Toplantıya gəlməzdən əvvəl bütün iştirakçılar ən təmiz paltar geyməlidirlər: onlar üzlərini Əbha Səltənətinə tutmalı və sonra isə yığıncaqda itaətkarlıq və mütilik ruhunda çıxış etməlidirlər. Müqəddəs Yazıların oxunuşu zamanı onlar özlərini sakit və səssiz-səmirsiz aparmalıdır. Hər hansı bir şəxs danışmaq istə-yərsə, o bunu tam nəzakətlə və toplantıda iştirak edənlərin razılığı ilə etməli, bu zaman fikrini aydın və sadə şəkildə ifadə etməlidir".

ON DOQQUZ GÜN GÖRÜŞLƏRİ

Həzrət Əbdülbəhanın vəfatı dövründən başlanan İnzibati Qaydaların inkişafı ilə əlaqədar olaraq, hər 19 gündən bir dəfə, yəni hər bəhai ayının birinci günü görüş keçirmək qərar alınmışdır. Bu görüşlərin xüsusi əhəmiyyətə malik olması öz ifadəsini onda tapır ki, bu görüşlərə təkcə Allahı mədh etmək və Müqəddəs Kitablardan parçalar oxumaq məclisləri kimi baxılmır, eyni zamanda bəhai icmasının bütün cari işlərinə dair ümumi fikir mübadiləsi üçün təyin olunmuş yığıncaq kimi baxılır. Dostların görüşdükləri bu yığıncaqlarda Ruhani Məhfillərin öz hesabatlarını icmaya təqdim etməsinə, icma üzvlərini planların müzakirəsinə dəvət etməsinə və həmçinin onların yeni və yaxşı iş metodları barəsində öz təkliflərini irəli sürməsinə imkan yaranır.

MƏŞRİQ-ÜL-ƏZKAR

Həzrət Bəhaullah Öz ardıcıllarına hər bir ölkədə və şəhərdə ibadət etmək üçün məbədlər tikmək tövsiyəsini vermişdir. O bu məbədlərə "Məşriq-ül-Əzkar", yəni "Allahın tərifinin işıqlandığı yer" adını vermişir.

Məşriqül-Əzkar doqquztərəfli günbəzlə tamamlanmış bina təəssüratı yaratmalı və imkan daxilində həm layihə, həm də incəsənət baxımından gözəl olmalıdır. Əgər o, ağaclar və güllər əkilmiş, təlim-təhsil, xeyriyyəçilik və ictimai məqsədlər üçün tikilmiş binalarla əhatələnmiş və fəvvarələri olan bağda ucaldılsa daha yaxşı olar: belə olarsa, məbəddə Allaha ibadət etmək həmişə təbiətin və incəsənətin gözəlliklərinə ehtiramlı heyranlıq hissləri keçirməklə və həmçinin adamların sosial vəziyyətlərinin yaxşılaşdırılması üçün əməli fəaliyyətlərlə sıx bağlana bilər.[3]

İranda bəhailər hələ indiyədək birlikdə ibadət etmələri üçün Məbəd tikdirə bilməmişlər, buna görə də ilk böyük Məşriqül-Əzkar Türkmənistanın Aşqabad şəhərində tikilmişdir.[4] 1912-ci ildə Amerikaya səfəri zamanı Həzrət Əbdülbəha Çikaqodan bir neçə mil şimalda yerləşən Miçiqan gölü sahilində tikiləcək bəhailərin ikinci ibadət evinin təməl daşını qoymuşdu.[5]

Həzrət Əbdülbəha "Ana Məbədə" dair Öz lövhlərində yazır:

"Allaha şükr olsun ki, indi dünyanın bütün ölkələrindən imkan daxilində Amerikadakı Məşriqül-Əzkarın fonduna müntəzəm olaraq ianə göndərilir... Adəm dövründən bu günədək heç yerdə hələ görünməyib ki, Asiyanın ucqar ölkələrindən Amerikaya ianə göndərilsin. Bu Allah Əhdinin gücü sayəsində baş verir. Həqiqətən, bu, düşüngəli adamları təəccübləndirən bir haldır. Ümidvarıq ki, Allahın dostları daha böyük comərdlik göstərəcək və bu Məbədin inşası üçün lazımi məbləği yığacaqlar...

Hər kəs öz iradəsi ilə hərəkət etməkdə azaddır. Əgər kimsə öz vəsaitini başqa məqsədlərə yönəltmək istəyirsə, qoy bunu etsin. Onun işlərinə heç vəchlə qarışmayın, lakin onu əmin edin ki, hal-hazırda ən vacib iş Məşriqül-Əzkarın tikintisidir.

Bu Məbədin sirri böyükdür və indi açıqlana bilməz, lakin İbadət Evinin inşası hal-hazırda birinci dərəcəli əhəmiyyətə malikdir. Məşriqül-Əzkar üçün onun tərkib hissəsi olan yardımçı müəssisələrin də tikilməsi nəzərdə tutulmuşdur, o cümlədən: yetimlər üçün məktəb, imkansızlar üçün xəstəxana və aptek, əmək qabiliyyətini itirənlər üçün ev, ali təhsil məktəbi və qonaq evi. Məşriqül-Əzkar hər bir şəhərdə bu prinsip üzrə tikilməlidir. Məşriqül-Əzkarda hər səhər ibadət edilir, lakin Məbədin içində ərğənun[6] olmamalıdır. Hər cür bayramlar, qonaqlıqlar, qəbullar, ümumi yığıncaqlar və Ruhani Məhfillərin konfransları Məşriqül-Əzkarın yaxınlığında tikilmiş binalarda keçirilməlidir. Münacatlar və İlahi Yazılar Məbədin daxilində musiqi alətinin müşayiəti olmadan məlahətli səslə oxunmalıdır. Məşriqül-Əzkarın qapıları bütün insanların üzünə açıq olmalıdır...

Bu müəssisələr, yəni məktəblər, xəstəxanalar, yetimlər, qocalar və qonaqlar üçün evlər, ali təhsil məktəbləri və digər xeyriyyəçilik müəssisələri tikilib başa çatdırıldıqdan sonra onların qapıları bütün xalqlar və dinlər üçün açılacaq və qətiyyən heç bir ayırıcı xətt[7] olmayacaqdır. Bu müəssisələrə daxil olan xeyriyyəçilik vəsaitləri mənşəyi, milləti, irqi və dini mənsubiyyətindən asılı olmayaraq hamıya bərabər xərclənəcəkdir.

Onların qapıları bütün bəşəriyyətin üzünə həmişə açıq olacaqdır. Bu müəssisələrdə heç bir yalnış fikir təlqin edilməyəcəkdir: burada tam məhəbbət hökm sürəcəkdir. Mərkəzi binadan ibadət etmək və dua oxumaq üçün istifadə olunacaqdır. Beləliklə, din elmlə ahəngdar fəaliyyət göstərəcək, elm dinə kömək etməyə başlayacaq və hər ikisi bütün bəşəriyyətə mənəvi və maddi rifah gətirəcəkdir".

AXİRƏT HƏYATI

Həzrət Bəhaullah buyurur ki, cismani həyat bizim mövcudluğumuzun rüşeym mərhələsini özündə təmsil edir və insan ruhunun bədəndən qurtuluşu yeni doğuluşa bənzəyir və bu zaman o daha kamil və azad həyata qovuşur. Bununla əlaqədar olaraq O yazır:

"Bilin ki, həqiqətən, bədəndən ayrılan ruh Allahın hüzuruna çatanadək, bu dünyada zamanın, hadisələrin və təbəddülatların dəyişdirə bilmədiyi öz surətində və vəziyyətində qalacaq və sonra öz təkmilləşməsini davam etdirəcəkdir. Allahın Səltənəti, Onun hökmranlığı və Qüdrəti əbədi olduğu kimi, ruh da əbədi olaraq qalacaqdır. O, Allahın Sifətlərini, Onun Əlamətlərini, Onun Mərhəmətini və səxavətini təzahür etdirəcək.

Bu əzəmətli və ülvi vəziyyəti layiqincə təsvir etməkdə qələm acizdir. Mərhəmətli Allahın Əli ruhu elə məqama yüksəldəcək ki, yer üzünün hər hansı bir vasitəsi ilə onu təsvir etmək qeyri-mümkündür.

Əgər ruh insan şübhələrindən azad halda bədəni tərk edirsə, o bəxtiyardır. Belə ruh öz Yaradıcısının İradəsi ilə yaşayıb hərəkət edərək Uca Cənnətə daxil olur. Uca imarətlərdə yaşayan səma məlaikələri onun ətrafına toplanacaqlar: Allahın Peyğəmbərləri və Onun seçilmişləri bu ruhun həmsöhbəti olacaqlar; və o asan və rahatlıqla onlara yerin və göyün hökmdarı olan Allah yolunda nələr çəkdiyini danışacaq və elə həmin andan onun bütün varlığı bu ən yüksək, ən müqəddəs və ən nurlu məqama çatmaq arzusu ilə alovlanacaqdır.

İnsan bədənindən azad olandan sonra ruhun həyatına gəldikdə isə, o heç bir təsvirəgəlməzdir və həm də onun bütün xüsusiyyətlərini adamlara açmaq yolverilməzdir. Peyğəmbərlər və Allah Elçiləri yalnız bir məqsədlə — insanları düzgün həqiqət yoluna yönəltmək üçün gəlmişlər. Onların vəhylərinin əsas məqsədi insanları elə tərbiyələndirməkdir ki, onlar ölüm saatında ən mükəmməl təmizliklə, müqəddəs və hər şeydən tam uzaqlaşmış halda Pərvərdigarın Uca Dərgahına yüksəlsinlər...

Bu xoşbəxt ruhlardan yayılan nur dünyanın tərəqqisinin və xalqların müvəffəqiyyətinin əsas amilidir. Onlar sanki maya kimi məxluqat aləmini şövqləndirirlər; bu ruhlar bizim dünyamızda incəsənətin və elmi kəşflərin meydana çıxmasında həyatverici gücə malikdirlər. Onların sayəsində buludlar öz bərəkət yağışlarını yağdırır və torpaq öz bəhrələrini verir.

Hər bir hadisənin öz səbəbi, törədici qüvvəsi və həyati başlanğıcı olmalıdır. Bu pak və müqəddəs ruhlar həmişə varlıq aləminin ən yüksək təsiredici impulsu olmuş və olacaqlar. Axirət dünyasının bizim dünyadan fərqi bizim dünyanın ana bətnində olan görpənin dünyasından olan fərqi kimidir" (Bəhaullahın Yazılarından parçalar, s.155-157).

Həzrət Əbdülbəha həmçinin belə buyurur:

"Yer üzündə insanın bilmədiyi və onunçün gizli qalan hər şey səma aləmində açıqlanacaq və o orada həqiqətin gizli sirlərinə yiyələnəcək, ünsiyyət və dostluq etdiyi şəxsləri daha yaxşı tanıyacaqdır. Şübhəsiz, təmiz baxışlara və güclü bəsirətə malik olan müqəddəs ruhlar Nur Səltənətinin sakini olacaqlar, şübhəsiz ki, onun bütün sirlərindən agah olacaq və hər bir böyük mömin ruhun mahiyyətini dərk etmək şərəfinə nail olacaqlar. Bundan başqa, onlar axirət dünyasında Qüdrətli Allahı öz gözləri ilə görmək səadətinə nail olacaq və eləcə də Allahın səmadakı saysız-hesabsız bütün köhnə və yeni dostları ilə görüşəcəklər...

Şübhəsiz, insanlar arasındakı fərq onlar bu fani dünyanı tərk etdikdən sonra aşkarlanacaqdır. Lakin bu fərq mövqeyə və ya məqama deyil, ruhun aləminə və daxili şüura aid olacaqdır, belə ki, Allahın Səltənətində məkan və zaman anlayışı yoxdur: bu Səltənət bizim dünyamızdan və bizim kainatımızdan tamamilə fərqlənir.

Bilin, həqiqətən, ruhani məhəbbətlə bağlı olan Allahın dostları İlahi aləmdə bir-birini tanıyacaq və öz aralarında yaxın ünsiyyətdə olmağa çalışacağlar, lakin bu ruhi ünsiyyət və ruhi bağlılıq olacaqdır. Həmçinin, hər hansı bir kəsin başqasına bəslədiyi məhəbbət İlahi Səltənətdə unudulmayacaq və hətta sən bu maddi aləmdə keçirdiyin həyatı da unutmayacaqsan" (Əbdülbəhanın məktubları, c.1, s.205).

CƏNNƏT VƏ CƏHƏNNƏM

Həzrət Bəhaullah və Həzrət Əbdülbəha buyururlar ki, bəzi əvvəlki dini yazılarda Cənnət və Cəhənnəmin təsviri dünyanın yaradılması haqqında Bibliyadakı hekayət kimi faktik sübut olunmuş məna deyil, rəmzi mahiyyət daşıyır. Onların Təliminə görə, Cənnət – kamillik vəziyyətidir, Cəhənnəm isə qeyri-kamillik və naqislik vəziyyətidir: Cənnət – Allahın İradəsi ilə razılıq və yaxın adamlarla razılıq deməkdir, Cəhənnəm isə — bu razılığın olmamasıdır; Cənnət – ruhani həyatın varlığıdır, Cəhənnəm isə — ruhani ölüm vəziyyətidir. İnsan hələ sağlığında özünün yer üzü həyatında Cənnətdə və ya da Cəhənnəmdə ola bilər. Cənnət həzzləri — ruhani həzzlərdir, Cəhənnəm əzabları isə həmin həzzlərdən məhrum olmaqdır.

Həzrət Əbdülbəha buyurur:

"İnsanlar dinin işığı ilə qüsurlar zülmətindən azad olaraq həqiqət Günəşinin şəfəqləri ilə nurlandıqda və bütün xeyirxah keyfiyyətlərlə nəcibləşdikdə, onlar bunu ən böyük mükafat və əsl Cənnət hesab edirlər. Həmçinin, onlar belə hesab edirlər ki, mənəvi cəza — bu maddi dünyanın əsiri olmaq, Allahdan uzaqlaşmaq, amansız və nadan olmaq, şəhvani istəklər batağlığına batmaq, heyvani ehtiraslara qərq olmaq və bütün mənfi keyfiyyətlərin daşıyıcısına çevrilməkdir... bütün bunlar ən böyük cəza və əzabdır...

Axirət aləminin mükafatı insanın maddi dünyasını dəyişəndən sonra ruhi dünyalarda əldə etdiyi kamillik və rahatlıqdan, Səma Səltənətinin müxtəlif ruhi nemətlərinə layiq görülməkdən, qəlbin və ruhun istəklərinin həyata keçməsindən və Mərhəmətli Allahı Onun Əbədi Səltənətində seyr etməkdən ibarətdir.

Eləcə də o dünyadakı cəza Allahın xüsusi Mərhəmətindən və Onun mütləq səxavətindən məhrum olmaqdan və ruhun ən aşağı həyat pilləsinə enməsindən ibarətdir. Allahın bu Mərhəmətindən məhrum olan hər bir kəs ölümdən sonra öz mövcudluğunu davam etdirməsinə baxmayaraq, mömin adamların gözündə ölü sayılacaqdır...

O dünyanın var-dövləti Allaha yaxın olmaqdan ibarətdir. Beləliklə, Allah Dərgahına yaxın olanlar başqaları üçün dua edə bilərlər və onların duaları Allah tərəfindən qəbul olunacaqdır... Hətta günah içində və inamsızlıqla ölənlərin də vəziyyəti dəyişilə bilər, yəni onlar Allahın Ədalət Məhkəməsi ilə deyil, Allahın Mərhəməti sayəsində Allah tərəfindən bağışlana bilər, çünki mərhəmət - əməllərə görə əvəzini vermək deyildir, Ədalət Məhkəməsi isə əməllərə görə əvəzini verməkdir.

Beləliklə, biz bu dünyada olduğu kimi, o dünyada da bu ruhlara dua etmək gücünə malik olaçağıq, yəni Allahın Səltənətində də biz həmin gücə malik olaçağıq... Deməli, o dünyada da ruhlar kamillləşə bilərlər. Buna görə də onlar bu dünyada dua etmək vasitəsilə Allahın Mərhəmətinə nail ola bildikləri kimi, o dünyada da onlar bağışlanmalarını xahiş edə bilər və dua vasitəsilə İlahi Nurun şəfəqləri ilə nurlana bilərlər...

Həm maddi formanın dağılmasına qədərki dövrədək və həm də o dağıldıqdan sonrakı dövrdə insanın kamilləşməsi onun maddi vəziyyəti baxımından deyil, ruhani keyfiyyətləri baxımından baş verir. Müəyyən mövqeyə çatan insan yenə də həmin insan olaraq qalır və sonrakı inkişafını yalnız öz keyfiyyətləri əsasında davam etdirir, çünki elə bir daha yüksək mövqe yoxdur ki, kamil insan ora daxil ola bilsin. O yalnız insan dünyası çərçivəsində inkişaf edir. İnsanın kamilləşməsi qeyri-məhduddur. Məsələn, insan nə qədər bilikli olsa da, ondan da bilikli adamı təsəvvürümüzə gətirə bilərik. Deməli, insan ölümündən sonra da öz ruhani keyfiyyətlərini və kamilliyini inkişaf etdirə bilər" (Əbdülbəha. Suallara cavablar. s.260-274).

İKİ DÜNYANIN BİRLİYİ

Həzrət Bəhaullahın Təliminə görə, bəşəriyyətin birliyi, nəinki hələ canlı olan adamlara, həmçinin cismani örtüyə bürünməsindən və ya ondan məhrum olmasından asılı olmayaraq bütün insan məxluqatına aiddir. Nəinki yer üzündə yaşayan bütün adamlar, eləcə də ruh aləmində olanlar da eyni bir orqanizmin hissələridir və bu iki hissə bir-birindən sıx surətdə asılıdır.

Onlar arasındakı mənəvi əlaqə mümkün olmayan və qeyri-təbii bir iş deyil, əksinə, bu əlaqə daimi və labüddür. Bu həyati əlaqə ruhi qabiliyyətləri hələ kifayət qədər inkişaf etməyən adamların şüuru üçün anlaşılmazdır, lakin insanda bu qabiliyyətin inkişaf səviyyəsi ilə əlaqədar olaraq axirət dünyasındakı ruhlarla əlaqə adamların şüurunda tədricən daha aydın və daha anlaşıqlı olur. Peyğəmbərlər və müqəddəs şəxslər üçün bu cür ruhani əlaqə adamlarla adicə görüşmək və söhbət etmək qədər realdır. Həzrət Əbdülbəha buyurur:

"Peyğəmbərlərin xəyali görmə qabiliyyəti yuxugörmə deyil, real həqiqət olan ruhani vəhydir. Məsələn, onlar deyəndə ki: "Mən filan qiyafəli adam gördüm, ona belə və belə dedim və o mənə belə məsləhət verdi", bu görmələr yuxuda deyil, ayıq vəziyyətdə baş verir; ruhani vəhy elə budur... Bu vəhyin əsasını elə əlaqə təşkil edir ki, o hər hansı bir təxəyyülün dərk etməsindən kənardadır və belə ünsiyyət zaman və məkanla məhdudlaşmır.

Məsələn, İncildə deyilir ki, Tabor dağında Musa və İlyas Peyğəmbərlər İsa Peyğəmbərin yanına gəldilər. Tamamilə aydındır ki, zaman və məkan baxımından bu cismani görüş mümkün deyildir. Bu ruhi ünsiyyətdir... Bu qəbildən olan ünsiyyət həqiqətən baş verir. Onlar insanların ağıllarına və düşüncələrinə ecazkar təsir göstərir və qəlblərin böyük yaxınlığına aparır" (Əbdülbəha. Suallara cavablar, 290-292).

Həzrət Əbdülbəha fövqəltəbii ruhi qabiliyyətlərin gerçəkliyini təsdiqləyərək, onların vaxtından qabaq və zorla inkişaf etdirilməsinin əleyhinə çıxır. Əgər Peyğəmbərlərin bizə göstərdikləri ruhani tərəqqi yoluna riayət etsək, bu qabiliyyətlərin inkişafı üçün lazımi vaxt gələndə onlar təbii olaraq inkişaf edəcəklər.

O buyurur: "Bu dünyada olarkən ruhi qüvvələrə toxunmaq o dünyadakı ruhun vəziyyətinə müdaxilə etmək deməkdir. Bu qüvvələr realdır, lakin adətən bu dünyada özlərini büruzə vermirlər. Ana bətnindəki uşağın gözləri, qulaqları, əlləri, ayağları və s. əzaları var, lakin onlar fəaliyyət göstərmirlər. Maddi dünyadakı həyatın bütün məqsədi ondan ibarətdir ki, bu qüvvələr həqiqət Dünyasına daxil olsunlar və mənsub olduqları o dünyada fəallaşsınlar" (Miss Bektonun Əbdülbəha tərəfindən yoxlanılmış qeydlərindən).

Əbədiyyətə yüksəlmiş ruhlarla nə bu ruhların naminə, nə də bekarçılıqdan doğan maraq xatirinə ünsiyyətə girməyə çalışmaq lazım deyil, əksinə, bu dünyanı tərk etmiş ruhları sevmək və onlara dua oxumaq lazımdır, bu yer üzündə yaşayan hər bir kəsin həm borcu, həm də vəzifəsidir və bu hər bir bəhainin öhdəsinə qoyulmuş tapşırıqdır.

Həzrət Əbdülbəha buyurur: "Başqalarının xeyrinə Allahın Mərhəmətini qazanmaq Allahın Peyğəmbərlərə və müqəddəs şəxslərə olan lütfkarlığıdır. İsa Məsih həm yer üzündə yaşadığı dövrdə, həm də, şübhəsiz, indi Səma Səltənətində olduğu dövrdə Öz düşmənlərinin bağışlanması üçün Allahdan xahiş etmək gücünə malikdir".

("Allah onun günahından keçsin" və ya bu mənanı verən başqa sözləri demədən Həzrət Əbdülbəha heç zaman vəfat etmiş adamın adını xatırlamazdı.)

"Peyğəmbərlərin ardıcılları da, ruhların bağışlanması üçün dua etmək gücünə malikdirlər. Buna görə də biz elə düşünməməliyik ki, etiqadsız vəfat etmişlərin ruhları əbədi əzablara və ruhi ölümə məhkum edilmişdir, çünki bu ruhların bağışlanması üçün xahişlərin təsiredici qüvvəsi vardır...

Bu dünyada varlılar kasıblara kömək etdikləri kimi, o dünyada da ruhən varlılar ruhən kasıblara kömək etməlidirlər. Hər iki dünyadakı məxluqlar Allahın yaratdığı varlıqlardır. Onlar həmişə Allahdan asılıdırlar. Onlar müstəqil deyillər və heç zaman da müstəqil olmayacağlar. Allahın Mərhəmətinə olan ehtiyac üzündən onlar dua edirlər və nə qədər çox dua edirlərsə, bir o qədər zənginləşirlər. Onlar nəyə yiyələnirlər? Onların sərvəti nədir? O Dünyada başqa var-dövlət yoxdur, havadarlıqdan başqa heç bir digər kömək və himayə də yoxdur. Buna görə də tam inkişaf etməmiş ruhlar əvvəlcə yüksək ruhların diləyi və duası nəticəsində, sonra isə öz dualarının vasitəsilə kamilləşə bilərlər" (1904-cü ildə Əbdülbəhanın miss Rozenberq ilə etdiyi söhbətdən)

Digər bir yerdə o buyurur:

"O dünyada ucalmış ruhlar yer üzündə olan ruhlardan fərqli xüsusiyyətlərə yiyələnirlər. Buna baxmayaraq, onların arasında gerçək və tam ayrılıq olmur. Dua bu iki vəziyyəti yaxınlaşdırır: buna görə də onlar sizə dua etdikləri kimi, siz də bu ruhlara dua edin" (Əbdülbəha Londonda, s.97).

"Biz məhəbbət və inam vasitəsilə bu dünyanı Yeni vəhydən xəbərsiz tərk edənlərin ruhlarını işıqlandıra bilərikmi?" — sualına Həzrət Əbdülbəha belə cavab vermişdir: "Bəli, əlbəttə, bir halda ki, səmimi dua həmişə öz gücünü göstərir, deməli, o dünyada da onun təsiri böyükdür. Lakin duanın həqiqi və əsl təsiri bu dünyada deyil, o dünyadadır" (Meri Hanfordun qeydləri, Paris, 1911-ci il).

Həzrət Bəhaullah Öz lövhlərinin birində yazır: "Ən Uça Cənnət sakinləri, həmçinin Əzəmət Mülkünün məskunları və Səma əhli Qüdrətli və Şərafətli Allahın Əmri ilə ona verilmiş tapşırığı yerinə yetirən kəsə dua edəcəklər".

"Nə üçün qəlbimiz tez-tez qeyri-ixtiyari olaraq bu dünyanı tərk edən dostumuzu xatırlayır sualına Həzrət Əbdülbəha belə cavab vermişdir: "Dünya yaradılarkən Allahın Qanunu belə olmuşdur ki, zəif güclüyə arxalanmalıdır. Sizin müraciət etdiyiniz o kəslər, hətta hələ onlar bu dünyada yaşasalar da. Allahın Qüdrətinin sizə nazil olmasında vasitəçi ola bilərlər, — lakin bütün insanlara qüvvə bəxş edən yalnız Allahın Müqəddəs Ruhudur" (Əbdülbəha Londonda, s.97).

ŞƏRİN YOXLUĞU

Bəhai fəlsəfəsinə görə, Allahın bir olması nəzəriyyəsindən belə nəticə çıxır ki, şər adlı bir hal mövcud ola bilməz, çünki sonsuz həqiqət birdir. Əgər bu Vahid həqiqətdən asılı olmayan, hər hansı digər bir qüvvə mövcud olsaydı və ya ona qarşı çıxsaydı, bu zaman o, sonsuz ola bilməzdi. Bu baxımdan zülmət işığın yoxluğu və yaxud işığın çox cüzi dərəcəsi olduğu kimi, şər də yalnız xeyirin yoxluğu və ya zəif dərəcəsidir, yəni onun inkişaf etməmiş vəziyyətidir. Pis xasiyyətli adam o kəsdir ki, onun təbiətinin yüksək keyfiyyətləri hələ inkişaf etməmişdir. Əgər o özünüsevərdisə, şər onda deyildir ki, o özünü sevir, çünki hər hansı bir sevgi, hətta özünü sevmək də yaxşı və İlahidir. Şər ondadır ki, bu cür miskin, və hədsiz özünüsevərliklə o, Allahı və başqalarını aldadır. O, özünü ən ali canlı sayır və düşüncəsizliklə sevimli itini tumarladığı kimi, öz miskin təbiətini də əzizləyir. Lakin iti tumarlamaq zərərsiz olduğu halda, öz ehtiraslarına tabe olmaq çox pis nəticələrə gətirib çıxarır.

Həzrət Əbdülbəha məktublarının birində buyurur: "Əbdülbəhanın bəzi möminlərə dediyi: "şər özlüyündə tamamilə mövcud deyildir" — fikrinə tutduğunuz irada gəldikdə isə, bəli, bu belədir. Məsələn, bəşəriyyət üçün yolunu azmaqdan və həqiqətdən uzaqlaşmaqdan böyük şər ola bilməz. Beləliklə, yolunu azmaq — yol göstərənin olmamasıdır, zülmət – işığın yoxluğu, yalan – düzlüyün yoxluğu, korluq – görmənin yoxluğu, karlıq – eşitmənin yoxluğudur. Deməli, yolunu azmaq, korluq, karlıq, cahillik bizə mövcud görünsə də, həqiqətdə, heç bir varlığa malik deyildir".

Başqa bir yerdə O buyurur: "Yaradılmışlar aləmində şər yoxdur: hər şey — xeyirdir. Hətta müəyyən adamlarda anadangəlmə bəzi keyfiyyətlər və xüsusiyyətlər məzəmmətə layiq görünsələr də, əslində belə deyildir. Məsələn, dünyaya gəldiyi ilk gündən başlayaraq uşaq əmizdirlərkən onda acgözlük, qəzəb, kin əlamətləri müşahidə edilir. Elə təəssürat yaranır ki, həm xeyir, həm də şər insanın təbiətində anadangəlmədir, lakin bu mövcudatdakı və təbiətdəki mütləq xeyirə ziddir.

Cavab belədir ki, acgözlük, yəni mümkün qədər çox şey əldə etməyə çalışmaq, əgər yerində özünü göstərirsə, o, tərifəlayiq keyfiyyətdir. Məsələn, əgər insan elmləri öyrənməyə və biliklərə yiyələnməyə, yaxud mərhəmətli, alicənab və ədalətli olmağa çalışırsa — bu, fövqəladə surətdə tərifəlayiqdir. Əgər o, hiddət və qəzəbini vəhşi heyvana bənzəyən qaniçən zülmkarlara qarşı yönəldərsə, onda bu da tərifəlayiqdir; lakin, əgər o, bu keyfiyyətləri yerində işlətmirsə, onda bu, məzəmmətə layiqdir.

Eləcə də bunlar insan həyatının əsasını təşkil edən bütün anadangəlmə keyfiyyətlərə aiddir: əgər bu keyfiyyətlər lazım olmayan istiqamətlərə yönəldilərsə, bu zaman onlar tənəyə layiq keyfiyyətlərə çevrilərlər. Buna görə, aydındır ki, məxluqat özlüyündə tam xeyirdən ibarətdir" (Əbdülbəha. Suallara cavablar, s.250).

Şər həmişə həyatda xeyirin yoxluğu deməkdir. Əgər insanın rəzilliyə meylləri həddindən artıq inkişaf etmişdirsə, onda çarə bu rəzil keyfiyyətlərin kökünün kəsilməsində deyil, əksinə, ondadır ki, insan təbiətinin ali keyfiyyətləri inkişaf etdirilərək, lazımi tarazlıq bərpa olunsun. İsa Peyğəmbər buyuyur: "Çünki Sən bütün insanlar üzərində Ona hakimiyyət verdin ki, Sənin Ona tapşırdıqlarının hamısına əbədi həyat versin" (İncil, Yəhya, 17:2).

Bizim hamımızın ehtiyac duyduğumuz həyat budur — həyatdan da artıq olan əsl və həqiqi həyat. Həzrət Bəhaullahın Missiyası da İsanınkı kimidir. "İndi — O deyir, — Bu qul dünyanı canlandırmaq üçün gəlib" (Bəhaullah. Rəisə məktub). Və O, Öz ardıcıllarına müraciət edərək buyurur: "Mənim arxamca onun üçün gəlin ki, Biz sizdən bəşəriyyəti canlandıranlar yaradaq" (Bəhaullah, Roma Papasına məktub).

 



[1] Təknigahlılıq, birərlilik, birarvadlılıq

[2] "Əlavə günlər"

[3] Məşriqul Əzkardan danışarkən ingilis şairi Tennisonun aşağıdagı şe’rini xatırlamaq yerinə duşərdi:

"Yuxuda gördüm mən, daşı-daş ustə,
Tikib ucaldıram Muqəddəs Mə'bəd.
Bu Mə’bəd nə kilsə, nə məscid, nə paqodadır,
Lakin əzəmətli, həm də sadədir.
Səma yellərinə daim açıqdır,
Bura köçüb gəlmiş, məskən salmışdır:
Həqiqət, Əmniyyət, Sevgi, Ədalət”.

Əkbərin xəyalları, 1892 il.

[4] Birinci İbadət Evi olan bu Mə’bəd 1948-ci ildə baş verən zəlzələ nəticəsində ciddi zədələnmşi və 1963-cü ildə yerli orqanlar tərəfindən dağıdılmışdır.

[5] Vilmettdəki bu Mə'bədin tikintisi 1953-cü ildə başa çatdırılmışdı. O vaxtdan başlayaraq Kampalada (Uqanda), Sidneydə (Avstraliyada), Frankfurt əyaləti, Lançeqhaynda (Almaniya), Panama-Sitidə (Panama), Samoada (Apia) və Yeni-Dehlidə (Hindistan) Bəhai Mə’bədləri ucaldılmışdır. Daha 123 Md'bədin tikilməsi üçün yeni torpaq sahələri alınmışdır. İndi qərar dəyişilmişdir. Yaxın gələcəkdə Yeni İbadət Evlərinin inşaatı planlaşdırılmadığından, möminlərin öerdikləri ianələr dinin təbliğinə, kasıblara yardım göstərilməsinə və təYlim—tərbiyə işlərinə xərclənir.

[6] Orqan, içərisinə görüklə hava öurularaq çalınan dilli musiqi aləti.

[7] Sülh danışıqları gedən zaman müharibə edən tərəflərin mövqeləri arasında qoyulan və ya mübahisəli ərazilərin sərhədlərini tə'yin edən xətt

 


Ý

Kitabın əvvəlinə

¬ Geri, X fəsilə        İrəli, XII fəsilə ®

 

©2003-2008 Azərbaycan Bəhailərinin Milli Ruhani Məhfili.

Digər təşkilatlar və fiziki şəxslər bu materiallardan sərbəst istifadə edə bilər, o şərtlə ki, burada olan məlumatlar təhrif olunmayacaq, materialların və ya onlardan olan çixarışların nəşrində aşağıdakılar qeyd olunacaq:
"Azərbaycanda Bəhai Dini icmasının rəsmi www.bahai.az internet saytının materiallarından istifadə olunmuşdur."
Bəhaullah və Yeni Era -
Con Ebenezer Esslemont
Yuxarı >