"Dünya tək bir vətəndir, və bütün insanlar - onun vətəndaşlardır." - Bəhaullah
Bəhaullah və Yeni Era -
Con Ebenezer Esslemont

Ý Kitabın əvvəlinə   


XII FƏSİL. DİN VƏ ELM

Məhəmməd Peyğəmbərin kürəkəni İmam Əli-əleyhissalam buyurub: "Elmə uyğun gələn bütün nə varsa, həmçinin dinə də uyğundur. İdraka uyğun gəlməyən şeyi din qəbul etməməlidir. Din və elm əl-ələ yanaşı addımlayırlar. Elmə qarşı çıxan hər hansı din — cəhalətdir".

Həzrət Əbdülbəha, Paris söhbətləri

FİKİR AYRILIĞI SƏHVLƏRDƏN YARANIR

PEYĞƏMBƏRLƏRİN TƏQİB EDİLMƏSİ

BARIŞIĞIN SÜBHÜ

HƏQİQƏT AXTARIŞINDA

HƏQİQİ AQNOSTİSİZM

ALLAHIN DƏRK EDİLMƏSİ

İLAHİ TƏZAHÜRLƏR

YARADILIŞ

İNSANIN TƏKAMÜLÜ

RUH VƏ BƏDƏN

BƏŞƏRİYYƏTİN BİRLİYİ

BİRLİK ERASI

 


FİKİR AYRILIĞI SƏHVLƏRDƏN YARANIR

Həzrət Bəhaullah Təliminin əsas prinsiplərindən biri də budur ki, həqiqi elm və həqiqi din öz aralarında razılığa gəlməlidir. Həqiqət birdir və hər hansı bir münaqişə həqiqətdən deyil, səhvlərdən yaranır. Bununla belə, nəyi elm və nəyi isə din adlandırmaq məsələsi ətrafında bütün keçən əsrlər boyu amansız mübahisələr baş vermişdir.

Lakin bu çəkişmələrə tam həqiqət işığında nəzər salsaq, həmişə belə qənaətə gələrik ki, onlar nadanlığın, cəhalətin, təəssübkeşliyin, şöhrətpərəstliyin, tamahkarlığın, əqli məhdudiyyətin, dözümsüzlüyün, tərsliyin və sairənin ucbatından əmələ gəlmiş, yəni, həm dinin və həm də elmin yeganə, həqiqi ruhuna yad amillərdən yaranmışdır.

Heksli[1] deyir: "Filosofların böyük əsərləri və fikirləri onların şəxsi intellektinin bəhrəsi olmaqdan daha çox, onların intellektini istiqamətləndirən yüksək dini ruhlarının nəticəsidir. Həqiqət onlara məntiqi mühakimələr sayəsində deyil, daha çox onların dözümü, məhəbbəti, sədaqəti, fədakarlığı sayəsində açıqlanır. Riyaziyyatçı Bul təsdiq edir ki, həndəsi induksiyalar[2] öz mahiyyəti etibarilə məhdud insan ağlının sonlu kəmiyyətləri işıqlandırmaq üçün Sonsuz Zəkaya duaetmə prosesidir".

Dahi Peyğəmbərlər və elmin baniləri heç zaman bir-birlərini inkar etməmişlər, bu dahi dünya müəllimlərinin ləyaqətsiz ardıcılları isə onların təlimlərinin ruhunu deyil, hərfi mənasını əldə əsas tutaraq, sonrakı Peyğəmbərləri təqib etmiş və tərəqqinin qatı düşmənlərinə çevrilmişlər. Onlar Peyğəmbərlərin təlimlərindən bəzilərinə xüsusi əhəmiyyət verərək onları məhdud ağılları ilə şərh etmiş və öz izahlarını yeganə düzgün hesab etmişlər.

Allah Öz tükənməz səxavəti sayəsində başqa bir yerə daha parlaq işıq salanda və bu ilham işığı yeni daşıyıcının əlində əvvəlkindən daha gur şəfəq saçanda, onlar yeni təlimin işığını alqışlamaq və yeni dirçəlişlə əlaqədar Səmavi Ataya təşəkkürlə təzim etmək əvəzinə, təşvişə düşür və qəzəblənirlər.

Bu yeni işıq onların düşüncələrinə uyğun gəlmədiyinə, ümumi qəbul edilmiş çalarlara malik olmadığına və güman edilən yerdən şəfəq saçmadığına görə, həmin şəxslərin fikrincə nəyin hesabına olursa olsun söndürülməlidir ki, adamları yolundan azdırmasın və onları küfr yoluna istiqamətləndirməsin. Peyğəmbərlərin yeni və daha kamil həqiqətinə qarşı çıxan və özlərinin həqiqət saydıqlarını qoruyan düşmənlərinin əksəriyyəti məhz bu qrupa mənsub olanlar, yəni korları aparan korlar olmuşlar.

Daha aşağı qruplara mənsub olan başqaları isə öz xudbin maraqları ucbatından həqiqətə qarşı mübarizə aparır və ya öz mənəvi keylikləri və ətalətinə görə tərəqqiyə aparan yola sədd çəkirlər.

PEYĞƏMBƏRLƏRİN TƏQİB EDİLMƏSİ

Dahi Peyğəmbərlər Zühur etdikləri zaman həmişə adamlar tərəfindən təqib edilmişlər. Onlar və onların ilk ardıcılları təqib edənlər tərəfindən hər cür təhqirlərə və təzyiqlərə məruz qalsalar da, Allah yolunda öz varlıqlarını və canlarını qurban vermişlər. Hətta bizim dövrümüzdə də vəziyyət dəyişməmişdir. 1844-cü ildən başlayaraq İranda Həzrət Babın və Həzrət Bəhaullahın minlərlə ardıcılları öz dini əqidələrinə görə əzablı ölümə məruz qalmış, və onların çox hissəsi həbsxanalara və sürgünlərə göndərilmiş, səfalət və zəlalət içində yaşamışlar. Böyük dinlərdən olan bu sonuncu din əvvəlki dinlərdən daha çox qanla yuyulmuş və onun ardıcıllarının şəhid edilməsi son dövrlərədək davam etmişdir.

Elmin yenilikçiləri ilə də eyni hadisə baş vermişdir. Belə ki, Cordano Bruno bir sıra ideyaları ilə yanaşı, Yerin Günəş ətrafında fırlanması fikrini iddia etdiyinə görə 1600-cü ildə bidətçi kimi tonqalda yandırıldı. Bir neçə ildən sonra kamil filosof zirvəsinə yüksəlmiş Qalileo Qaliley həmin cəzaya məruz qalmamaq üçün diz çökmüş halda eyni nəzəriyyədən imtina etmək məcburiyyətində qaldı.

Sonralar təkamül nəzəriyyəsinin ardıcılları və eləcə də yeni geologiyanın pionerləri dünyanın təxminən altı min il bundan əvvəl altı gün ərzində yaranması haqqında Tövrat Təlimini şübhə altına almağa cəsarət etdikləri üçün amansızcasına təqib olunmuşlar. Yeni elmi həqiqətlərə qarşı müxalifət təkcə kilsə tərəfindən deyildi, dindəki ortodoksallar kimi, elmdəki "ortdoksallar" da hər bir yeniliyə və tərəqqiyə qarşı qısqanclıqla müqavimət göstərirdilər.

Xristofor Kolumb dövrünün bədnam alimləri tərəfindən həqarətlə məsxərəyə qoyuldu, belə ki, onlar özlərindən razı halda israr edirdilər ki, yer kürəsinin əks tərəfinə enən gəmilər antipodlaradək gedib çata bilsələr də, onlar heç vəchlə geri qalxa bilməzlər. Elektrik təliminin banilərindən biri Qalvani[3] də alim həmkarları tərəfində məsxərəyə qoyuldu və "qurbağaların rəqs müəllimi" adlandırıldı.

Qan dövranını kəşf edən Harvey,[4] öz həmkarları tərəfindən gülüş hədəfinə çevrilmiş və "bidətçi" kəşfinə görə professor kafedrasından qovulmuşdu. Stivenson lokomotivi ixtira edəndə, avropalı riyaziyyatçılar bu kəşfi ciddi surətdə öyrənmək əvəzinə, illərlə özlərindən razı halda sübut edirdilər ki, lokomotiv heç zaman hamar relslər üzərində ağırlığı çəkib apara bilməz, çünki təkərlər sürüşəcək və qatar yerindən tərpənə bilməyəcəkdir.

Bunlara bənzər hallara həm qədim, həm də yeni tarixdən və hətta bizim dövrümüzdən saysız-hesabsız başqa misallar da gətirmək olar. Esperanto dilini kəşf edən doktor Zamenqof da dəyərli beynəlxalq dil yaratdığına görə Kolumb, Qalvani, Harvey və Stivenson kimi məsxərə, nifrət obyektinə çevrilmiş və səfeh iddialara qarşı mübarizə aparmaq məcburiyyətində qalmışdır. Hətta esperanto dili də bu yaxınlarda, yəni 1887-ci ildə dünyaya təklif edilməsinə baxmayaraq, özünə məxsus qurbanlar vermişdir.

BARIŞIĞIN SÜBHÜ

Təxminən son yarım əsrdə zamanın ruhunda dərin dəyişiklik baş vermiş, Həqiqət İşığının şəfəqləri fonunda sonuncu yüzilliyin mübahisələri anlaşılmaz, qəribə görünmüş və əhəmiyyətini itirmişdir.

Haradadır dini yer üzündən silməklə hədələyən lovğa materialistlər və ehkamçı ateistlər? Haradadır onların irəli sürdüyü ehkamları inkar edən bütün adamları Cəhənnəm oduyla və lənət əzabıyla qorxudan özündən razı moizəçilər?

Onların qaldırdıqları hay-küylərin əks-sədası hələ də gəlib bizə çata bilər, lakin onların ömrü sürətlə sona yetməkdə və təlimləri nüfuzdan düşməkdədir. Biz indi görə bilirik ki, ətrafında ən amansız mübahisələrin aparıldığı təlimlərin nə həqiqi çəkisi, nə də həqiqi dini mahiyyəti olmuşdur. Müasir psixoloji tədqiqatlar əsasında hansı alim israr edə bilər ki, "qara ciyər öd ifraz etdiyi kimi, beyin də eləcə fikir ifraz edir?" Yaxud "bədənin məhv olması hökmən ruhun məhv olması ilə nəticələnir?!".

Biz indi bilirik ki, fikrin həqiqətən azad olması üçün o, yalnız maddi aləmlə məhdudlaşdırılmamalı, psixoloji və ruhani həyatın yüksək fəzalarına yüksəlməlidir. Hal-hazırda bizim təbiət haqqında bütün mövcud biliklərimiz hələ aşkar edəcəyimiz kəşflərlə müqayisədə dəryada damcıdan başqa bir şey deyildir.

Buna görə də, biz möcüzələrin mümkünlüyünü təbiət qüvvələrinin pozulması mənasında deyil, bir vaxtlar əcdadlarımıza elektrik və rentgen şüaları məlum olmadığı kimi hələ bizə məlum olmayan aşkar qüvvələrin fəaliyyətinin təzahürü kimi qəbul edirik.

Digər tərəfdən, indi bizim aparıcı din müəllimlərimizdən kim hələ də iddia edər ki, ruhun xilas olunması üçün dünyanın guya altı gün ərizində yaradılmasına, yaxud Misirdə tüqyan edən taun xəstəliyinin "Çıxış" kitabında verilmiş təsvirinin hərfən düzgün olmasına, yaxud İsa Navinə Öz düşmənlərini təqib etmək imkanı vermək məqsədilə Günəşin göydə dayanmasına (yəni, yer kürəsinin öz oxu ətrafında hərəkətinin dayanmasına), yaxud Müqəddəs Afanasinin dini Təlimindən imtina edən şəxsin əbədi ölümə məhkum olmasına hökmən inanmaq lazımdır?

Buna bənzər inamlar belə formada hələ də təkrarlana bilər, lakin kim onları hərfi mənada və danışıqsız qəbul edər? İnsanların qəlbləri və ağılları üzərində onların hökmranlığı sona çatmışdır və yaxud sürətlə sona çatmaq üzrədir. Din aləmi bu cür fikirlərin, inamların və ehkamların məhv edilməsinə şərait yaradan və həqiqətin azad inkişafına təkan verən elm adamlarına minnətdar olmalıdır.

Lakin elm aləmi əsl müqəddəslərə və mistiklərə daha çox minnətdar olmalıdır: onların həm tərəfdarlarının, həm də əleyhdarlarının yekdilliklə bildirdiklərinə görə, onlar ruhani idrak yolu ilə əldə etdikləri həyat əhəmiyyətli həqiqətlərdən möhkəm yapışaraq dinsiz dünyaya nümayiş etdirmişlər ki, həyat öz mahiyyətinə görə yemək qayğısına qalmaqdan daha mühüm məna daşıyır və gözəgörünməz aləm bizim gözümüzə görünən aləmdən xeyli böyükdür.

Bu alimlər və müqəddəslər doğan günəşin ilk şəfəqlərini tutan və onları özlərindən aşağıda yerləşən dünyada əks etdirən daq zirvələrinə bənzəmişlər, lakin indi günəş artıq doğmuş, onun şəfəqləri bütün dünyanı işıqlandırmışdır. Həzrət Bəhaullahın Təlimində biz həm ürəkləri, həm də ağılları qane edən, dini və elmi tam razılığa gətirən həqiqətin parlaq təzahürünü görürük.

HƏQİQƏT AXTARIŞINDA

Həzrət Bəhaullahın Təlimində həqiqətin dərk edilməsinə aparan yollar din ilə elmin tam harmoniyada olduğunu təsdiqləyir. Həqiqətin maneəsiz tədqiq edilməsi imkanına malik olmaq üçün insan hər cür xurafatdan azad olmalıdır.

Həzrət Əbdülbəha buyurur:

"Həqiqəti tapmaq üçün biz özümüzü xurafatdan və səthi, köhnəlmiş anlayışlardan təmizləməliyik; aydın, fərasətli ağıla malik olmalıyıq. Əgər bizim varlığımızın piyaləsi özünüsevərliklə doludursa, onda orada həyat cövhəri üçün yer qalmayacaqdır. Özümüzü haqlı, bütün qalanları isə yolunu azmış hesab etməyimiz xalqların birliyinə aparan yolda ən böyük maneədir. Əgər biz həqiqətə nail olmaq istəyiriksə, onda bu birlik ən əhəmiyyətli məqamdır, çünki həqiqət birdir..."

"Heç bir həqiqət digər həqiqətə zidd ola bilməz. Hansı çıraqdan saçmasından asılı olmayaraq, işıq gözəldir; hansı bağçada açmasından asılı olmayaraq, qızılgül gözəldir; istər Şərqdən olsun, istərsə də Qərbdən, haradan parlamasına baxmayaraq, ulduz nurludur. Xurafatdan azad olun və onda siz hansı üfüqdən boylanmasından asılı olmayaraq, Həqiqət Günəşini sevəcəksiniz. Bu zaman başa düşəcəksiniz ki, İsa Məsihdə şəfəq saçan İlahi Nur, Musada və Buddada da şəfəq saçmışdır. Həqiqəti axtarmaq elə budur...

Bu həmçinin o deməkdir ki, biz həqiqətə aparan yolu kəsən əvvəllər öyrəndiyimiz hər şeydən imtina etməliyik. Əgər lazım gələrsə, biz yenidən tərbiyə olunmaqdan qorxmamalıyıq. Hər hansı bir dinə və ya şəxsiyyətə olan məhəbbətin bizim gözümüzü kor etməsinə imkan verməməliyik, qoyulmamalıyıq ki, mövhumatın buxovlorı bizim əl-qolumumuzu bağlasın. Biz bütün bu zəncirləri öz üzərimizdən atıb həqiqəti sərbəst ağılla axtardığımız zaman öz məqsədimizə çata bilərik" (Əbdülbəha. Paris söhbətləri, s.120).

HƏQİQİ AQNOSTİSİZM[5]

Bəhai Təlimi Allahın Mahiyyətinin insan idrakından yüksəkdə durması barədə elm və fəlsəfənin fikri ilə razılaşır. Böyük İlkin Səbəbin Mahiyyətinin dərkedilməzliyini Tomas Heksli və Herbert Spenser təkidlə israr etdikləri kimi, Həzrət Bəhaullah da öyrədir ki, "Allah hər şeyi biləndir, lakin Onu dərk etmək mümkünsüzdür".

Allahın Mahiyyətinin dərk edilməsi "yolu bağlı və keçilməzdir"; axı məhdud qeyri-məhdudu necə dərk edə bilər, damcı dəryanı necə əhatələyə bilər və yaxud günəş şüasında dolaşan toz zərrəsi kainatı necə ağuşuna ala bilər? Lakin bütün kainatın özü Allahın mövcud olmasının bariz ifadəsidir. Hər damcı suda dəryalarca bilik gizlənmişdir və hər toz zərrəsi özündə ən dərrakəli alimin ağlının dərk etmədiyi dünyalar qədər məna daşıyır.

Materiyanın mahiyyətinə dair öz tədqiqatlarını davam etdirən fiziklər kütlədən molekula, molekuldan atoma, atomdan elektron və efirə qədər gəlib çıxmışlar, lakin hər addımda tədqiqatın çətinliyi o dərəcəyə çatır ki, ən dərin zəka daha dərinliyə nüfuz edə bilmir və yalnız əbədi olaraq anlaşılmaz sirlərə bürünmüş naməlum sonsuzluq qarşısında səssiz pərəstişlə baş əyir.

"Çiçək, mən səni divarın çatından qoparmışam, sənin kökünü və bütünlüklə səni öz əlimdə tutmuşam. Lakin əgər mən dərk edə bilsəydim ki, sən, sənin kökün və başdan-başa sənin özün nəsən, onda mən anlaya bilərdim ki, insan nədir və Allah nədir" (Tennison).

Əgər divar çatındakı gül və ya materiyadakı kiçicik atom ən dərin zəkalar üçün sirr olaraq qalırsa, onda insan kainatı necə dərk edə bilər? O, bütün hadisələrin sonsuz səbəbiyyətini necə aydınlaşdırıb təsvir edə bilər? Ona görə də təbiət və ya Allahın Mahiyyəti barədə bütün teoloji düşüncələr boş və yararsız ideyalar kimi kənara tullanmalıdır.

ALLAHIN DƏRK EDİLMƏSİ

Allahın Mahiyyəti dərkedilməz olmasına baxmayaraq, Onun Mərhəmətinin təzahürləri hər yerdə açıqcasına görünür. İlkin Səbəb dərkedilməz olsa da, Onun təsiri bizim bütün fəaliyyətimizdə özünü göstərir. Rəsm əsərinin öyrənilməsi rəssamın özünü anlamaq imkanı verdiyi kimi, eləcə də kainatı onun hər hansı bir aspektində öyrənmək, yəni təbiəti və ya insanı, gözəgörünən və gözəgörünməyən məx-luqatı öyrənmək Allahın Yaradıcılığının dərk edilməsinə gətirib çıxarır və İlahi həqiqət axtarıcısına Onun Əzəməti barədə həqiqi təsəvvür verir.

"Göylər Allahın Şöhrətini vəz edir və Onun işləri haqqında qətiyyətlə bildirir: "Gün günə söz ötürür və gecə gecəyə bilik açıqlayır" (Zəbur, 19:1-2).

İLAHİ TƏZAHÜRLƏR

Günəş işığına qoyulan maddi əşyalar günəş işığını az və ya çox dərəcədə əks etdirdiyi kimi, bütün şeylər də Allahın Səxavəti haqqında az və ya çox dərəcədə şəhadət verir. His qalağı günəş işığını az, daş ondan çox , təbaşir parçası isə daha çox əks etdirir; lakin bütün bu inikaslarda, biz parlaq günəşin nə formasının, nə də rənginin izini görmürük. Yalnız mükəmməl güzgü günəşin əsl formasını və rəngini əks etdirir, belə ki, biz güzgüyə baxarkən sanki günəşin özünü görürük.

Beləliklə, bütün əşyalar bizə Allahdan xəbər verir. Allahın əlamətlərindən daş bizə az danışa bilər, çiçək ondan çox, xüsusi hissiyyata, instinktə və hərəkət qabiliyətinə malik heyvanlar isə, daha çox məlumat verə bilər. İnsan hətta o öz inkişafının ən aşağı pilləsində olsa belə, ecazkar Yaradıcıdan söz açan möcüzəli xüsusiyyətlərin izlərini tapa bilirik.

Şair, müqəddəs və dahilərdə biz İlahi xüsusiyyətlərin təzahürlərinə daha çox rast gəlirik. Dinlərin baniləri olan böyük Peyğəmbərlərə gəldikdə isə, onlar elə mükəmməl güzgülərdir ki, Allahın Məhəbbəti və Müdrikliyi onların vasitəsilə bütün bəşəriyyətə əks etdirilir. Qəlbləri xudbinlik və xurafatla dolu olan adamlar üzü tozla örtülüb tutqunlaşmış güzgüyə bənzəyirlər, Peyğəmbərlər isə sanki Allahın İradəsini bütünlüklə əks etdirən tamamilə təmiz və qüsursuz güzgülərdir.

Buna görə də onlar bəşəriyyətin ən böyük tərbiyəçiləridirlər. Onlarda təzahür edən İlahi Təlim və Müqəddəs Ruhun Qüdrəti bəşəriyyətin tərəqqisinə səbəb olmuş və olacaqdır, belə ki, Allah-taala Öz Mərhəmətini adamlara, onların öz içərisindən seçilmiş şəxslər vasitəsilə göndərir.

Daha yüksək ruhani pillədə dayanan hər bir adam özündən aşağı pillədə olana köməklik göstərir; ən yüksək məqamda olan şəxsiyyətlərə gəldikdə isə, onlar bütün bəşəriyyətə kömək edirlər. Bu ona bənzəyir ki, əgər adamlar arasında hər hansı bir çəzbetmə əlaqəsi olsaydı, onlardan biri öz yoldaşlarından yuxarı qalxan zaman onların arasındakı əlaqə telləri gərilmiş olardı. Dostları onu geri çəkməyə çalışarkən, o da yoldaşlarını eyni qüvvə ilə ilə öz arxasınca çəkməyə səy göstərəcəkdir.

O nə qədər çox yuxarı qalxarsa, onu geriyə çəkən dünyanın ağırlığını bir o qədər çox hiss edəcəkdir. Lakin, ondan yuxarıda duran, sayca az olan adamların vasitəsilə nail olduğu İlahi köməkdən o, daha çox asılı vəziyyətə düşəcəkdir. Hamıdan yüksəkdə isə dahi Peyğəmbərlər və xilaskarlar, İlahi Təzahürlər, yəni hər biri öz dövründə yoldaşlarının və ya özlərinə bərabər şəxslərin köməyi olmadan, yalnız Allahın yardımı ilə bütün dünyanın ağırlığını çəkmiş kamil insanlar dayanırlar.

İsa Peyğəmbər barəsində deyilmiş: "Bizim günahlarımızın ağırlığı Ona düşmüşdür" kəlamını bütün Peyğəmbərlərə şamil etmək olar.

Onların hər biri Öz ardıcılları üçün "Yol, həqiqət və həyat" olmuşdur. Onların hər biri Allah Mərhəmətini arzulayan hər bir qəlbə onu çatdıran yol olmuşdur. Bəşəriyyətin yüksəlişinə dair Allahın ən böyük planında Onların hər biri Öz missiyasını yerinə yetirmişdir.

YARADILIŞ

Həzrət Bəhaullah öyrədir ki, zaman baxımından dünyanın əvvəli yoxdur. Dünya - Böyük İlkin Səbəbin fasiləsiz şəkildə cilvələnməsidir. Yaradıcının həmişə öz yaratdığı olmuş və həmişə də olacaqdır. Dünyalar və sistemlər yaranır və dağılır, lakin kainat bütövlükdə əbədi olaraq qalır. Hər bir birləşmə müəyyən zamandan sonra dağılır, lakin onun tərkib elementləri qalır. Dünyanın yaradılması, habelə su çiçəyinin, yaxud insan bədəninin yaradılması "Heç nədən nə isə yaratmaq" deyil; bu, əvvəllər səpələnmiş, lakin indi vahid bütöv kimi birləşmiş, yaxud əvvəllər gizli və gözə-görünməz olan, indi isə gözəgörünən formaya düşmüş elementlərin birləşməsidir.

Zaman keçdikcə elementlər yenə də parçalanaraq ətrafa səpələnəcək, formaca yox olacağlar, lakin əslində heç nə itmir və azalmır; köhnə və parçalanıb dağılmış birləşmələrdən həmişə yeni birləşmələr və yeni formalar yaranır. Həzrət Bəhaullah dünyanın yaranma tarixinin altı min il deyil, milyon və milyard illər olduğunu israr edən alimləri dəstəkləyir. Təkamül nəzəriyyəsi yaradıcı qüvvəni inkar etmir, o, ancaq onun təzahür tərzini təsvir etməyə çalışır.

Dünyanın yaradılması haqqında yəhudilərin dini kitablarındakı bayağılaşdırılmış və qətiyyətli iddialarla müqayisədə, astronom, geoloq, bioloq və fiziklər tərəfindən, düzgün qiymətləndirilmiş, maddi dünyanın ecazkar tarixinin gözlərimiz qarşısında tədricən canlandırılan mənzərəsi, bizdə daha çox pərəstiş və ehtiram oyatmaq qabiliyyətinə malikdir.

Qeyd etməliyik ki, Varlıq Kitabındakı qədim hekayətlər bir sıra cəsarətli rəmzlər fəndlər vasitəsilə bu rəvayətlərin əsl ruhani məğzini göstərir. Bu, ona bənzəyir ki, sənətkar-rəssam fırçanın bir neçə hərəkəti və cizgiləri ilə tabloya güclü ifadə qüdrəti verir, amma tablonun bütün detallarına çox böyük ciddiyyətlə yanaşan ən çalışqan rəssam buna nail ola bilmir.

Əgər maddi xırdalıqlar bizi kor edirsə və biz tamın ruhani mənasını görə bilmiriksə, bu zaman onsuz keçinmək daha yaxşı olardı, lakin bir halda ki, biz bütün sistemin mahiyyətindən möhkəm yapışmışıq, bu zaman detalları bilmək bizim təsəvvürlərimizə ecazkar zənginlik və parlaqlıq verir və bizim qarşımızda bəsit cizgilər əvəzinə gözəl mənzərə yaranır.

Həzrət Əbdülbəha buyurur:

"Bilin ki, ruhani həqiqətlərin başa düşülməsi üçün ən çətin amillərdən biri varlıq aləminin, yəni bu sonsuz Kainatın başlanğıcının olmaması haqqında həqiqətdir...

Bilin ki, yaradılışsız Yaradıcı qeyri-mümkündür və qəyyumluq altında olan olmasa, Qəyyum da olmaz, çünki Allahın bütün adları və atributları varlıqların olmasını tələb edir.

Əgər heç bir məxluqatın mövcud olmadığı bir zamanı təsəvvür etmək mümkün olsaydı, onda belə təsəvvür Allahın Özünü inkar etmək demək olardı. Əgər nə vaxtsa mütləq yoxluq hökmranlıq etmiş olsaydı, bu zaman varlıq da mövcud ola bilməzdi. Buradan belə nəticəyə gəlmək olur ki, Tək olan Allahın Mahiyyəti, yaxud, başqa sözlə desək, Yaradıcının mövcudluğu əbədi və əzəlidir, yəni Onun nə əvvəli, nə də sonu vardır, deməli, varlıq aləminin də, nə əvvəli, nə də sonu var.

Mümkündür ki, Kainatın müəyyən bir hissəsi olan dünyalardan biri dağılsın, lakin digər dünyalar öz mövcudluğunu davam etdirəcəklər. Bir halda ki, dünyalardan hər birinin öz başlanğıcı var, deməli, onun sonu da vardır; belə ki, hər bir birləşmənin həm bütün məcmusunun, həm də ayrı-ayrı hissələrinin dağılması labüddür. Fərq yalnız ondadır ki, biri tez, digəri isə tədricən dağılır; lakin birləşmə yolu ilə yaranmış şeyin heç zaman parçalanmaya məruz qalmaması mümkün deyildir" (Əbdülbəha. Suallara cavablar, s.209-210).

İNSANIN TƏKAMÜLÜ

Həzrət Bəhaullah, insanın yaranması tarixinin ən qədim əsrlərin dərinliyindən başlanmasını və milyon illərlə hesablanmasını, bu müddət ərzində insan nəslinin inkişaf etməsini iddia edən bioloqları dəstəkləyir. Ən kiçik və sadə formadan başlayaraq saysız-hesabsız nəsillər silsiləsi ərzində insan orqanizmi getdikcə mürəkkəbləşmiş və daha da yaxşılaşaraq inkişaf etmiş və bu günkü müasir insan səviyyəsinə gəlib çıxmışdır.

Ayrıca götürülmüş hər bir insan orqanizmi kiçik, həliməbənzər hüceyrədən başlayaraq ardıcıllıqla bu inkişaf pillələrindən keçib, tam inkişaf etmiş insan səviyyəsinə çatmışdır. Əgər bu, ayrıca götürülmüş fərdə münasibətdə doğrudursa, onda biz bütün insan nəslinin belə inkişafdan yarandığını etiraf etməyi nə üçün həqarət hesab etməliyik? Bu müddəanın qəbul edilməsi insanın meymundan əmələ gəlməsini qəbul etməkdən köklü surətdə fərqlənir.

İnsan rüşeymi özünün embrion vəziyyətinin müəyyən dövrlərində qəlsəməli və quyruqlu balığa bənzəyə bilər, lakin bu, balıq deyildir. Bu, insan rüşeymidir. Beləcə də insan nəsli[6] özünün uzun sürən ayrı-ayrı inkişaf dövrlərində zahirən müxtəlif heyvan növlərinə bənzəyə bilərdi, lakin buna baxmayaraq o, bizim indi tanıdığımız insan səviyyəsinədək inkişaf edə biləcək, anlaşılmaz, gizli qüvvəyə malik olan xüsusi növ idi.

Həzrət Əbdülbəha buyurur:

"Tamamilə aydındır ki, bizim yer kürəmiz indiki vəziyyətinə birdəfəyə düşməyib, o, hal-hazırkı kamilliyinə gəlib çatanadək tədricən müxtəlif mərhələlərdən keçmişdir...

İnsan öz mənşəyinin başlanğıcında yer bətnində, ana bətnindəki rüşeym kimi, yavaş-yavaş böyümüş və inkişaf etmiş, bir formadan başqa formaya keçərək, indiki gözəlliyinə və kamilliyinə, indiki quruluşuna və qüdrətinə gəlib çatmışdır.

Ehtimal ki, əvvəllər o, belə gözəl, qamətli və zərif olmamış və yalnız tədricən bu surətə, bu formaya, bu gözəlliyə və bu qamətə yiyələnmişdir... İnsanın yer üzündə mövcud olduğu ən ilkin vaxtlardan, onun mənşəyinin müasir vəziyyətinə, quruluşuna və formasına qədər, şübhəsiz ki, uzun müddət lazım olmuşdur... Lakin öz mənşəyinin lap başlanğıcında insan xüsusi növ olmuşdur...

Əgər yox olmuş orqanların izlərinin, həqiqətən, insan bədənində hələ də mövcud olduğunu hətta etiraf etsək belə, bu heç də insan növünün dəyişkənliyini və bənzərsiz olmamasını sübut etmir, əksinə, yalnız insan orqanlarının, onun forma və xarici görünüşünün dəyişkənliyini və kamilləşməsini bildirir, o özü isə həmişə xüsusi növ, yəni heyvan deyil, insan olmuşdur" (Əbdülbəha. Suallara cavablar, s.211-214)

Adəm və Həvva hekayəsi barəsində Həzrət Əbdülbəha buyurur: "Əgər biz bu hekayəni camaatın anladığı hərfi mənada qəbul etsək, onda bu son dərəcədə qeyri-adi hekayədir. Ağıl onu nə anlaya, nə təsdiq edə, nə də təsəvvür edə bilər, çünki məsələnin belə qoyuluşu, bu cür təfərrüat, belə davranış və məzəmmət düşüncəli adama, xüsusilə də bu sonsuz Kainatı belə mükəmməl formada və bu ucsuz-bucaqsız dünyanı belə mütləq qanunauyğunluqla, belə ciddi nizamla və mükəmməlliklə yaradan Allah-taalaya xas deyildir.

Buna görə də qadağan olmuş ağacın meyvəsini yeyib Cənnətdən qovulan Adəm və Həvva haqqında hekayəni rəmzi mənada qəbul etmək lazımdır. İlahi sirləri özündə saxlayan bu hekayənin böyük mənası var və o, heyrətamiz şərhlərə malik ola bilər" (Yenə orada, s.140).

RUH VƏ BƏDƏN

Ruh və bədən, eləcə də cismani ölümdən sonrakı həyat haqqında Bəhai Təlimi psixoloji fəaliyyət sahəsində aparılan araşdırmaların nəticələri ilə tamamilə üst-üstə düşür. Bildiyimiz kimi, Bəhai Təliminə görə ölüm yeni doğuluşdan başqa bir şey deyildir, yəni ruhun bədən məhbəsindən çıxaraq daha geniş həyata daxil olması deməkdir və bu yeni həyatda inkişaf hüdudsuzdur.

Ən ciddi və tərəfsiz araşdırıcıların fikrincə, tədricən toplanmış xeyli elmi məlumat vardır ki, ölümdən sonrakı həyatın mövcudluğunu — maddi bədən yox olduqdan sonra şüurlu "ruh"un yaşaması və fəaliyyətinin davam etməsinin doğruluğunu sübut etmək üçün kifayət edər.

Meyer psixoloji Tədqiqatlar Cəmiyyətinin araşdırmalarını ümumiləşdirən "İnsan şəxsiyyəti" əsərində yazır: "Müşahidələr, təcrübələr və onlar əsasında alınmış nəticələr bir çox tədqiqatçıları, o cümlədən məni belə qənaətə gətirmişdir ki, nəinki dünyada yaşamaqda olan insanların şüurları arasında, eləcə də onların şüurları və ya ruhları ilə ölülərin ruhları arasında bilavasitə və ya telepatik ünsiyyət mövcuddur. Bu kəşf, həmçinin vəhyin mahiyyətini bizə açıqlayır.

Biz qeyd etmişdik ki, çoxlu yalan, özünüaldatma, yanılmalar və xülyalar arasında həqiqi təzahürlər bizə Axirət dünyasından gəlib çatır...

Müşahidə etdiyimiz kimi, kəşflər və vəhylər əsasında dünyanı tərk etmiş ruhlara dair şərti olaraq bəzi müddəalar qəbul edilmişdir. Birincisi və başlıcası, mənim ən azı, bunu deməyə əsasım vardır ki, bu ruhlar idrak və məhəbbət baxımından sonsuz təkamül vəziyyətində olurlar. Onların məhəbbəti və yerə bağlılığı yox olmur, davam edir və üstəlik öz varlığını daha yüksək məhəbbət for-masında davam etdirir bu da öz ifadəsini, Allah qarşısında duada və ona itaət etməkdə tapır...

Ruhlar üçün şər sözsüz itaətdən qorxulu görünmür, çünki şər hər hansı bir qüdrətli gücün təcəssümü deyildir, əksinə, digər ruhlara yaxınlaşmağa maneçilik törədən şüursuzluğun xüsusi növüdür. Ali ruhlar pozulmuş ruhları belə yovuşmazlıq vəziyyətindən azad etməyə çalışırlar. Cəhənnəm atəşi ilə cəza verməyə ehtiyac yoxdur. İnsanın özünüdərki və özünün ruhlar cəmiyyətinə yaxınlığını və uzaqlığını dərk etməsi onun mükafatı, yaxud cəzasıdır. Belə ki, yalnız məhəbbət ruhları qoruyur və Axirət dünyasında onlara ölməzlik verir. Müqəddəs ruhların ünsiyyəti Əbədi həyatı nəinki zinətləndirir, həm də onu yaradır. Bununla yanaşı, telepatiya qanunlarından belə nəticəyə gəlmək olur ki, bu ünsiyyət bizim üçün həmişə dəyərlidir. Hətta bu dünyanı tərk etmiş ruhların məhəbbəti də bizim çağırışımıza cavab verir. Hətta indi aramızdan ketmiş ruhları məhəbbətlə xatırlamaqla, biz bu ruhları yüksəliş yolunda himayə edir və onlara qüvvə veririk, axı məhəbbət öz-özlüyündə duadır..."

Mükəmməl elmi araşdırmalara əsaslanan baxışlarla Həzrət Bəhaullah Təlimi arasında mövcud oxşarlıqlar həqiqətən diqqətəlayiqdir.

BƏŞƏRİYYƏTİN BİRLİYİ

"Siz hamınız bir ağacın meyvələri, bir budağın yarpaqları, bir bağçanın güllərisiniz". Bu, Həzrət Bəhaullahın ən səciyyəvi kəlamlarından biridir. Onun buna bənzər başqa bir kəlamında deyilir: "Öz vətənini sevənə deyil, bütün dünyanı sevənə eşq olsun".

Həzrət Bəhaullahın Təliminin başlıca təməli bütün bəşəriyyətin birliyi və bütün məxluqatın Allahda birliyi kimi mənalandırılan birlikdir. Burada yenə də din ilə elm arasındakı həqiqi harmoniya özünü açıqca göstərir. Elmdə edilən hər bir kəşf getdikcə daha çox kainatın birliyini və onun ayrı-arı hissələrinin bir-birindən qarşılıqlı asılılığını büruzə verir. Astronomiya elmi fizika ilə, fizika elmi isə kimya ilə ayrılmaz surətdə bağlıdır; kimya elmi də öz növbəsində biologiya ilə əlaqədədir, biologiya isə psixologiya elmləri sahəsi ilə sıx surətdə bağlıdır və ilaxır...

Hər bir tədqiqat sahəsindəki yeni kəşf digər elmi sahələrə də yeni işıq saçır. Məsələn, fiziki aləmə dair elm göstərmişdir ki, kainatda olan hər bir maddi hissəcik digər hissəcikləri cəzb edir və onların bir-birlərindən nə qədər kiçik olmasından, yaxud bir-birindən nə qədər uzaqda yerləşməsindən asılı olmayaraq onlar bir-birlərinə təsir göstərirlər. Həmçinin psixologiya elmi də bildirir ki, Kainatdakı hər bir ruh istənilən digər ruha öz təsirini göstərir.

Knyaz Kropotkin özünün "Qarşılıqlı yardım" kitabında aydın şəkildə göstərir ki, hətta inkişafın aşağı pilləsində olan heyvanlar arasında da, həyatı davam etdirilmək üçün onların mütləq qarşılıqlı yardıma ehtiyacı var. İnsan cəmiyyətinə gəldikdə isə, onun sivilizasiyasını inkişaf etdirmək üçün qarşılıqlı düşmənçiliyi getdikcə daha geniş qarşılıqlı köməyə və əməkdaşlıqa çevirmək lazımdır. "Bir nəfər hamı üçün, hamı bir nəfər üçün" — cəmiyyətin çiçəklənməsinə nail olmağın yeganə prinsipi budur.

BİRLİK ERASI

İndiki dövrün bütün əlamətləri ona dəlalət edir ki, biz bəşər tarixinin yeni erasının başlanğıcındayıq. Hazırki dövrədək hələ inkişaf etməmiş bəşəriyyət öz köhnə yuvasından bərk-bərk yapışan qartal balası tək xudpəsəndlik və tamahkarlıq qayası üzərində möhkəm dayanmışdı. Onun öz qanadlarını işə salmaq səyləri, ilk kövrək cəhdlər idi. O hələ əldə olunmamış həyəcanlandırıcı şeylərə can atırdı.

Bəşəriyyət köhnə ehkam və ortodoksallıq buxovlarından getdikcə daha çox əziyyət çəkirdi. Lakin indi bu buxovlanma erası sona çatmışdır və bəşəriyyət iman və idrakın qanadlarında ən yüksək mənəvi məhəbbət və həqiqət səltənətinə ucala bilər. O əvvəllər — qanadlarının gücsüz və inkişaf etmədiyi vaxtlarda olduğu kimi daha yerə bağlı halda qalmayacaqdır. O öz arzuları ilə geniş sərbəstlik və ecazkar azadlıq səmasına qalxa bilər. Lakin inamlı və etibarlı uçuş üçün nəinki güclü qanadlar, eləcə də tam ahəngdarlıq və razılıq lazımdır. Bununla əlaqədar olaraq Həzrət Əbdülbəha buyurur:

"Bəşəriyyət təkcə bir qanadla uça bilməz. Əgər o təkcə din qanadı ilə uçmağa cəhd göstərərsə, mövhumat uçurumuna düşər, əgər o təkcə elm qanadı ilə uçmağa çalışarsa, onda öz uçuşunu materializmin dəhşətli batağlığında bitirər" (Əbdülbəha. Paris söhbətləri, s.132)

Din ilə elm arasında tam harmoniyanın mövcudluğu bəşəriyyətin mükəmməl və ən yaxşı həyatı üçün zəruri şərtdir. Buna nail olunduqdan sonra bütün uşaqlara nəinki elm və incəsənət, eləcə də bütün bəşəriyyəti sevmək, təkamül prosesində və Peyğəmbərlərin təlimlərində təzahür edən Allah İradəsini qəbul etmək öyrədiləcəkdir. Onda və ancaq onda, İlahi Səltənət başlayacaq və Allahın İradəsi Yer üzündə bərqərar olaraq, Yer üzünü Öz mərhəmətli şəfəqləri ilə işıqlandıracaqdır.

Həzrət Əbdülbəha buyurur:

"Din xurafatdan, köhnəlmiş ənənələrdən və ağılsız ehkamlardan azad olduqdan sonra elm ilə öz razılaşmasını nümayiş etdirərsə, onda dünyada bütün müharibələri, münaqişələri, mübahisələri və çəkişmələri aradan qaldıran və bəşəriyyəti Allaha məhəbbətin «gücü ilə birləşdirən ən böyük əlaqələndirici və təmizləyici qüvvə yaranar" (Yenə orada, s.135).

 



[1] Heksli Tomas Henri (1825-1895) ingilis alimi, bioloq, Ç. Darvinin dostu.

[2] Xususi mulahizələrdən umumi nəticə çıxarmaq usulu

[3] Qalvani Luici-Aloizi (1737-1798). İtalyan anatomu vd fizioloqu. Elektrofiziologiya elminin banisi.

[4] Harvey Xarvi Uilyam (1578-1657). İngilis həkimi, fizioloqu və embrioloqu, qandövranı nəzəriyyəsinin və həmçinin bütün müasir Fiziologiya və embriologiya elminin banisi.

[5] Obyektiv aləmin dərk edilə bilməsini inkar edən fəlsəfi çərəyan.

[6] "İnsan nəsli" sözü burada, xarici görkəminə baxmayaraq insanlarla heyvanlar arasında həmişə mövcud olan fərqləri qeyd etmək üçün işlədilir. Onlar bioloji baxımdan hərfi mə'nada başa düşülməməlidir.

 


Ý

Kitabın əvvəlinə

¬ Geri, XI fəsilə        İrəli, XIII fəsilə ®

 

©2003-2008 Azərbaycan Bəhailərinin Milli Ruhani Məhfili.

Digər təşkilatlar və fiziki şəxslər bu materiallardan sərbəst istifadə edə bilər, o şərtlə ki, burada olan məlumatlar təhrif olunmayacaq, materialların və ya onlardan olan çixarışların nəşrində aşağıdakılar qeyd olunacaq:
"Azərbaycanda Bəhai Dini icmasının rəsmi www.bahai.az internet saytının materiallarından istifadə olunmuşdur."
Bəhaullah və Yeni Era -
Con Ebenezer Esslemont
Yuxarı >