"Dünya tək bir vətəndir, və bütün insanlar - onun vətəndaşlardır." - Bəhaullah
Bəhaullah və Yeni Era -
Con Ebenezer Esslemont

Ý Kitabın əvvəlinə   


XIII FƏSİL. BƏHAİ DİNİNDƏ HƏYATA KEÇMİŞ PEYĞƏMBƏRLİKLƏR

"Bu Əzəmətli Adın (Bəhaullahın) zühuruna gəldikdə isə, O həmin Kəsdir ki, Allah Özünün bütün Müqəddəs Yazılarında və Kitablarında – Tövratda, İncildə və Quranda — Onun barəsində qabaqcadan xəbər vermişdir".

Həzrət Əbdülbəha

PEYĞƏMBƏRLİKLƏRİN ŞƏRHİ

RƏBBİN GƏLİŞİ

İSA HAQQINDA XƏBƏR

BAB VƏ BƏHAULLAH HAQQINDA XƏBƏR

RƏBBİN ŞƏRƏFİ

BUDAQ

RƏBBİN GÜNÜ

MƏHŞƏR GÜNÜ

ƏN BÖYÜK DİRİLMƏ

MƏSİHİN İKİNCİ GƏLİŞİ

ZAMANIN SONU

GÖYDƏ VƏ YERDƏ BAŞ VERƏN ƏLAMƏTLƏR

ZÜHUR NECƏ BAŞ VERƏCƏKDİR?

 


PEYĞƏMBƏRLİKLƏRİN ŞƏRHİ

Peyğəmbərliyin şərhinin çətin olduğu hamıya məlumdur. Alimlər arasında bu qədər geniş fikir ayrılığı yaradan digər heç bir mövzu yoxdur. Burada elə bir təəccüblü şey də yoxdur, çünki Müqəddəs Yazıların özündə əksər peyğəmbərliklər elə formada şərh olunub ki, onların yerinə yetməsi vaxtı çatmayınca adamlar, onları tam başa düşə bilmirdilər; və onlar yalnız təmiz qəlbləri ilə fərqlənənlər və hər cür mövhumatdan uzaq olanlar tərəfindən dərk edilirdi.

Belə ki, Daniyal Peyğəmbərin yuxusunun sonunda Ona buyurulmuşdu: "Ey Daniyal, bu sözləri gizlət və kitabı axır zamana qədər bağla: çoxları onu oxuyar və bəsirətlər çoxalar"... Mən bunu eşitdim, lakin başa düşmədim və buna görə dedim: "Mənim Ağam, bundan sonra nə olacaq?.. Və O cavab verdi: "Get, Daniyal, çünki bu sözlər axır zamanadək gizlədilib və möhürlənib" (Библия, Книга Пророка Даниила, 12.4,8,9, М., 1994, с.886).

Əgər Allah Peyğəmbərlikləri müəyyən olunmuş vaxtadək möhürləyibsə və onların mənasını hətta onları bəyan edən Peyğəmbərlərə belə açmayıbsa, onda biz əmin olmalıyıq ki, Allahın qabaqcadan təyin etdiyi Elçidən başqa heç kəs bu möhürü açmaq və Peyğəmbərlərin rəvayətləri xəzinəsində gizlənən mənaları şərh etmək gücünə malik deyildir.

Peyğəmbərlik tarixinin diqqətlə öyrənilməsi, keçmiş dinlər dövründə və keçmiş əsrlərdə onların yanlış şərh edilməsi barəsində dərindən düşünülməsi, həmçinin Peyğəmbərlərin özlərinin ciddi xəbərdarlıqları bizə bu kəlamların əsl mənası və onların yerinə yetməsi haqqında ilahiyyatçıların möhtəkircəsinə şərhlərinə daha ehtiyatla yanaşmağa əsas verir.

Digər tərəfdən nə vaxtsa hər hansı bir kəs Peyğəmbərlik iddiası ilə zühur edərsə, biz onun iddialarına mövhumatdan uzaq, aydın və azad düşüncə ilə yanaşmalıyıq; əgər o yalançı Peyğəmbərdirsə, tezliklə onun yalanının üstü açılacaq və bunun heç bir ziyanı olmayacaqdır; lakin gözlənilən vaxtda və gözlənilən qiyafədə zühur etmədiyi üçün Allah Elçisini düşüncəsizcəsinə qapıdan qovan adamın vay halına!

Həzrət Bəhaullahın həyatı və kəlamları şəhadət verir ki, O bütün Müqəddəs Kitablarda vəd olunan həmin Kəsdir və Peyğəmbərliklərin möhürünü açmaq, İlahi sirlərin "Möhürlənmiş seçkin şərabını" süzmək hökmünə malikdir. Gəlin Onun şərhlərini eşitməyə və keçmiş Peyğəmbərlərin bizə tanış olan, lakin çox zaman müəmmalı qalan sözlərinə bu şərhlərin işığında yenidən baxmağa tələsək.

RƏBBİN GƏLİŞİ

Bütün Peyğəmbərlər tərəfindən əvvəlcədən xəbər verilən və onların ən şərəfli mahnılarında tərənnüm edilən "Rəbbin son gündə gəlişi" indi nə deməkdir? Şübhəsiz, Allah-taala həmişə, hər yerdə və hər tərəfdə Özünün yaratdıqları ilə olur. "O bizə nəfəsimizdən, əllərimiz və ayaqlarımızdan da yaxındır".

Bəli, lakin insanlar hər yerdə mövcud olan və dərkedilməz Allahı nə görə, nə də eşidə bilirlər və nə vaxta qədər ki, Allah Özünü insan surətində büruzə verməyəcək və onlarla insan dilində danışmayacaq, insanlar da o vaxtadək Onun Varlığını kəşf edə bilməyəcəklər. Çünki Allah Öz Ali xüsusiyyətlərini göstərmək üçün həmişə insanı vasitə seçmişdir.

Peyğəməbərlərin hər biri Allahın insanlarla ünsiyyət saxlaması və onlarla danışması üçün vasitəçi olmuşdur. İsa Peyğəmbər belə vasitəçi olmuş və xristianlar düzgün olaraq Onu Allahın təzahürü kimi qəbul etmiş və Onun dilindən Allahın Səsini eşitmişlər.

Həzrət Bəhaullah buyurur ki, bütün Peyğəmbərlərin əvvəlcədən xəbər verdikləri Cəngavərlər Allahının, Əbədiyyət Atasının, dünyanın Yaradıcısı və Xilaskarının gəlişinin "zamanın sonunda" baş verməsi o deməkdir ki, O, Nazaretli İsanın bədəninin məbədində Zühur etdiyi kimi, yenə də insan bədəninin məbədində Zühur edəcəkdir; fərq, yalnız ondadır ki, bu dəfə O, daha bitkin və daha şərəfli Vəhydə Zühur edəcəkdir. İsa və bütün əvvəlki Peyğəmbərlər ona görə gəlmişlər ki, insanların qəlblərini və düşüncələrini bu Vəhyi qəbul etmək üçün hazırlasınlar.

İSA HAQQINDA XƏBƏR

Məsihanın hökmranlığı haqqında Peyğəmbərliyin (xəbərin) mənasını başa düşmədiklərinə görə yəhudilər İsa Peyğəmbəri inkar etdilər. Bununla əlaqədar olaraq Həzrət Əbdülbəha buyurur:

"Yəhudilər hələ də Məsihanın gəlişini gözləyir, gecə-gündüz Allaha dua edirlər ki, Onun gəlişini tezləşdirsin. İsa Peyğəmbər gəldikdə isə, Onu mühakimə etdilər və əzablı ölümə məhkum edərək dedilər: "Bu bizim gözlədiyimiz kəs deyildir, çünki Məsiha Zühur edən zaman əlamətlər və möcüzələr sübut edəcəkdir ki, O, əsl Xilaskardır. Məsiha naməlum şəhərdən polad qılıncla gələcəkdir. O, Davudun taxtında oturacaq və dəmir hökmdarlıq əsası ilə hakimlik edəcəkdir. O, Peyğəmbərlərin qanunlarını yerinə yetirəcək, Şərqi və Qərbi fəth edəcək və Allahın seçdiyi xalqı – yəhudiləri şöhrətləndirəcəkdir. O, Özü ilə Sülh Səltənəti gətirəcəkdir ki, orada hətta heyvanlar insanlardan daha qorxmayacaqlar. Qurd və quzu eyni bir bulaqdan su içəcək... və Allahın bütün canlı məxluqatı əmin-amanlıqda yaşayacaqdır..."

Yəhudilər belə düşünür və belə deyirdilər, çünki onlar nə Müqəddəs Yazıları, nə də onlarda saxlanılan şərəfli həqiqətləri başa düşürdülər. Onlar hərfləri əzbər bilirdilər, lakin həyatverici sözün mahiyyətini tamamilə anlamırdılar.

İndi Məni dinləyin və Mən bu Müqəddəs Yazıların mənasını sizə açıqlayım. Həzrət İsa o zaman hamının tanıdığı Nazaretdən gəlməklə yanaşı, həm də Səmadan gəlmişdi. Cismən O, Məryəmdən Doğulmuşdu, lakin Onun Ruhu Səmadan enmişdi. Onun gəzdirdiyi Qılınc — Onun xeyiri şərdən, həqiqəti yalandan, imanlını imansızdan və işığı qaranlıqdan ayıran dili idi.

Onun sözü həqiqətən kəsərli qılınc idi. Məsihanın oturduğu taxt — Məsihanın həmişə hökmranlıq edəcəyi əbədiyyət taxtı — Səma taxtıdır, dünyəvi deyildir, çünki dünyəvi nə varsa, hamısı fanidir və Səmavi nə varsa, hamısı əbədidir. O, Musa Peyğəmbərin Qanunlarına əlavələr etdi, onların yeni şərhini verdi və Peyğəmbərlərin Qanununu yerinə yetirdi. Onun kəlamları Şərqi və Qərbi fəth etdi. Onun Səltənəti əbədidir.

İsa Peyğəmbər Ona beyət edən yəhudiləri şöhrətləndirdi. Onlar aşağı təbəqələrdən olan kişilər və qadınlar idilər, lakin Onunla yaxınlıq bu adamları məşhurlaşdırdı və onlara əbədi ləyaqət bəxş etdi. Bir-birilə dinc yanaşı yaşayacaq heyvanlar barəsində xəbərə gəldikdə isə, bu, o deməkdir ki, nə vaxtsa bir-birinə düşmən olan müxtəlif millətlər və irqlər Məsihanın Əbədi Çeşməsindən Dirilik Suyunu birlikdə əxz etməklə məhəbbət və mərhəmət şəraitində yaşayacağlar" (Əbdülbəha. Paris söhbətləri, s.48)

Xristianların əksəriyyəti Xilaskar haqqında Peyğəmbərcəsinə söylənilənlərin Həzrət İsaya uyğun gəlməsinə dair bu şərhləri qəbul edirlər; axır zamanda buna bənzər Xilaskar haqqında Peyğəmbərcəsinə söylənilənlərə gəldikdə isə, onların çoxu belə bir nöqteyi-nəzərə söykənirlər ki, yəhudilər maddi aləmdə möcüzənin baş verməsini və bu Peyğəmbərliyin hərfi mənada dəqiqliklə yerinə yetməsini gözləmişlər.

BAB VƏ BƏHAULLAH HAQQINDA XƏBƏR

Bəhailərin şərhlərinə görə, "Zamanın Sonu", "Son günlər", "Çəngavərlər Rəbbinin gəlişi" və "Əbədiyyət Atası" haqqında peyğəmbərçəsinə söylənilən fikirlər İsa Məsihə deyil, Həzrət Bəhaullahın Zühuruna aiddir. Məsələn, İsaiya Peyğəmbərin hamıya məlum olan Peyğəmbərcəsinə buyurduqlarını götürək:

"Zülmət içində gəzən xalq ən böyük işıq görəcəkdir; ölümcül kölgə ölkəsində yaşayanların üzərinə işıq saçılacaqdır... Çünki onu bezikdirən əsarət boyunduruğunu və onu məğlubiyyətə uğradan hökmdarlıq çubuğunu və onu sıxışdıranın əl ağacını Madiam günlərində olduğu kimi sən sındıracaqsan. Çünki savaş meydanında döyüşçünün
qana bulaşmış hər cür ayaqqabısı və paltarı atəşə qida kimi yandırılmağa veriləcəkdir. 

Çünki bizim görpəmiz doğulub; Oğul verilib bizə, hökmranlıq Onun çiyinlərindədir və Ona adlar veriləcək: Möcüzəli, Məsləhətçi, Qüvvətli Allah, Əbədiyyət Atası, Sülh Şahzadəsi. Onun çoxalan hakimiyyətinin və dünyasının sonsuz hüdudları Davudun taxtında və Onun Padşahlığında yoxdur ki, onu bərqərar etsin və onu bu gündən başlayaraq əsrlər boyu məhkəmə və ədalətlə möhkəmləndirsin. Rəbbimiz Savaofun səyi bunları həyata keçirəcək" (Библия. Книга Пророка Исайи, 9:2,4-7, М., 1994, с.694).

Bu, çox zaman İsa Peyğəmbərə aid edilən Peyğəmbərcəsinə söylənilmiş deyimlərdən biri sayılır: və həqiqətən də bu xəbərin əksəriyyəti Ona aid edilə bilər, lakin apardığımız kiçicik araşdırma bizə göstərir ki, o tamamilə və dürüstlüklə Həzrət Bəhaullahın Zühuruna aiddir; İsa Məsih həqiqətən Nur daşıyıcısı və Xilaskardır, lakin Onun Zühurundan keçən iki min il ərzində dünya əhalisinin böyük əksəriyyəti zülmət içində yeriməkdə davam edirlər və İsrail oğulları, eləcə də Allahın digər oğulları zülmkarın qamçısı altında hələ də inildəyirlər.

Digər tərəfdən, Bəhai Erasının ilk onillikləri ərzində həqiqət Nuru Şərqi və Qərbi işıqlandırdı. Allahın Ata, insanların — qardaş olması barədə fikir dünyanın bütün ölkələrinə yayıldı, ən böyük hərbi avtokrat dövlətlər devrildi, hüquqları tapdalanmış və əsarətə məruz qalmış xalqlara tezliklə azad olmaq ümidi verən dünya birliyi ideyası şüurlarda kök saldı.

1914-cü ildən 1918-ci ilədək davam edən Böyük Müharibə bütün dünyanı dəhşətə gətirən görünməmiş odlu silahları, alışdırıcı bombaları və yandırıcı alovları ilə əslində hər şeyi məhv edən atəş idi.

Öz yazılarında dövlət məsələlərinə toxunan və onların ən yaxşı həlli yollarını göstərən Həzrət Bəhaullah İsa Məsihin heç zaman etmədiyi bir işi görərək "hakimiyyətin ağırlığını Öz çiyinləri üzərinə" götürmüşdür.

"Əbədiyyət Atası", "Sülh Şahzadəsi" adlarına gəldikdə isə Həzrət Bəhaullah çox zaman Özünü İsa və İsaiya Peyğəmbərlərin haqqında danışdıqları Atanın Zühuru adlandırdığı halda, İsa Peyğəmbər həmişə Özünü "Oğul" adlandırmışdır, Həzrət Bəhaullah Öz Missiyasının yer üzündə sülh yaratmaqdan ibarət olduğunu elan etdiyi halda, İsa Peyğəmbər deyirdi: "Sanmayın ki, yer üzünə sülh gətirməyə gəlmişəm; Mən sülh deyil, qılınc gətirməyə gəldim" (İncil. Matta, 10:34). Doğrudan da, xristian dininin mövcud olduğu bütün müddət ərzində çoxsaylı müharibələr və təriqət çəkişmələri baş vermişdir.

RƏBBİN ŞƏRƏFİ

"Bəha" sözü ərəb dilində "parıltı, işıq, şərəf" deməkdir. "Bəhaullah" adı "Allahın parıltısı, işığı, şərəfi" mənasını verir. Bu ad yəhudi Peyğəmbərləri tərəfindən son günlərdə Zühur edəcək Vəd olunmuşa münasibətdə tez-tez işlədilirdi.

Belə ki, Bibliyadakı İsaiya Peyğəmbərin kitabının 40-cı fəslində oxuyuruq: "Sizin Allahınız buyurur, təsəlli verin, təsəlli verin Mənim xalqıma. Yerusəlimin ürəyinə söyləyin və ona bildirin ki, onun mübarizə vaxtı bitmiş və onun haqsızlığının əvəzi verilmişdir, o özünün bütün günahlarına görə Rəbbin əlindən ikiqat cəza almışdır. Səhrada cavabsız çağırış: Rəbbə yol hazırlayın, Allahınızın yolunu səhrada düz edin; Hər bir vadi dolacaq, hər bir daq və təpə kiçiləcək, əyrilər düzələcək və kələ-götür yollar hamarlanacaq; Və Rəbbin Şərəfi Zühur edəcək və bütün məxluqat Allahın Xilasına şahid olacaq..." (Библия. Книга Пророка Исайи, 40:2-5)

Peyğəmbərcəsinə söylənmiş bu sözlər də, eynilə əvvəlki xəbərlər kimi Həzrət İsa və Onun Müjdəçisi Vəftizçi Yəhyanın gəlişi ilə qismən yerinə yetirilmişdi; lakin ancaq qismən, çünki Məsihanın yaşadığı günlərdə Yerusəlimdə müharibə qurtarmamışdı: bu şəhərin qarşısında hələ uzun əsrlər boyu ağır sınaqlara və həqarətlərə dözmək dururdu.

Amma, Həzrət Babın və Həzrət Bəhaullahın gəlişi ilə peyğəmbərcəsinə söylənmiş bu xəbərlərin tam icrası müşahidə olunur, belə ki, Yerusəlim artıq xoşbəxt günlərini yaşamağa başlamış və onun dinc, şərəfli gələcəyinin üfüqləri indi aydın görünməkdədir. Peyğəmbərcəsinə deyilmiş digər xəbərlərdə Şərqdən, gündoğandan, Müqəddəs Torpağa gələcək İsrailin Xilaskarı, Rəbbin Şərəfi haqqında danışılır. Eynilə, Həzrət Bəhaullah da Fələstindən Şərqdə yerləşən, gündoğan yerə yaxın olan İranda Zühur etmişdi; və oradan Müqəddəs Torpağa gəlmiş, həyatının son 24 ilini burada yaşamışdı.

Əgər o, buraya Öz istəyi ilə gəlsəydi onda adamlar deyə bilərdilər ki, bu, başqasının adını mənimsəyən yalançının Müqəddəs torpağa gəlişini Peyğəmbərcəsinə deyilmiş xəbərlərlə uyğunlaşdırmaq üçün hiyləsidir: O isə sürgün olunmuş və əsir kimi gəlmişdi. O, sürgünə İran şahı və Türkiyə sultanı tərəfindən göndərilmişdi. Onların da, çətin ki, Həzrət Bəhaullaha Özünü Peyğəmbərlərin qabaqcadan xəbər verdikləri həmin Kəs, yəni "Rəbbin Şərəfi" olduğunu sübut etmək üçün dəlillər vermək niyyəti güddüklərini güman etmək olar.

BUDAQ

İsaiya, İyeremiya, İyezekil və Zəkəriyyə Peyğəmbərlərin söylədikləri xəbərlərdə "Budaq" adlanan şəxsiyyət haqqında bir sıra məlumatlar var. Peyğəmbərcəsinə deyilmiş bu xəbərləri xristianlar əksər hallarda İsa Məsihə aid etsələrdə, bəhailər belə hesab edirlər ki, onlar Həzrət Bəhaullaha aiddir. "Budağa" dair ən ətraflı xəbər Tövratda İsaiya Peyğəmbərin kitabının 11-ci fəslində verilib:

"Və İyesseyin kökündən zoğ əmələ gələcək və Onun kökündən budaq yetişəcəkdir. Və onun üzərinə Rəbbin Ruhu, müdriklik və idrak ruhu, məsləhət və mətinlik ruhu, idarəetmə və möminlik ruhu qonacaq... Və Onun belinin qurşağı düzlük və Onun budunun qurşağı həqiqət olacaqdır. Onda qurd quzu ilə birlikdə yaşayacaq və bəbir, çəpiş və buzov birlikdə uzanacaq, cavan şir və kəl bir yerdə olacaq və balaca uşaq onları sürəcək... Mənim bütün Müqəddəs Dağımda şər və zərərli əməllər baş verməyəcək; çünki sular dənizi dolduran tək, yer üzü Rəbbin biliyi ilə dolacaqdır... Və həmin gün Rəbb yenə də Öz əlini uzadacaqdır ki, Assuriyada və Misirdə və Patrosda və Xusda və Elamda və Sennaarda və Emafda və dəniz adalarında qalmış Öz xalqının qalıqlarını Öz yanına qaytarsın. Və bütpərəstlərin bayrağını qaldıracaq və İsraildən sürgün edilmişləri toplayacaq və didərgin salınmış yəhudiləri dünyanın dörd tərəfindən çağıracaqdır" (Библия. Книга Пророка Исаии, 11: 7-12).

Həzrət Əbdülbəha Budaq haqqında deyilən bu və digər xəbərlər haqqında aşağıdakıları buyurur:

"Tayı-bərabəri olmayan Budağın Zühuru Rəbbin bütün xalqlar arasında bayrağını qaldırdığı və bütün adamların və tayfaların vahid bir xalq kimi onun kölgəsi altında toplandığı gündə baş verməlidir — bu bayraq elə Rəbbin Budağının özüdür. Dini ziddiyyətlər, irqi və milli münaqişələr, vətənpərvərlik çəkişmələri məhv ediləcək. Hamı bir dinin ardıcılı olacaq, bir inama xidmət edəcək; bir irqə və vahid xalqa çevriləcək və Yer üzündə — yeganə vətəndə yaşayacaq. Bütün xalqlar arasında ümumbəşəri sülh və razılıq bərqərar olacaq. Bənzərsiz Budaq bütün İsrail oğullarını bir yerə toplayacaq — bu o deməkdir ki, Şərqə və Qərbə, Şimala və Cənuba səpələnib yayılmış bütün yəhudi xalqı Müqəddəs Torpağa yığışacaq.

İndi biz görürük ki, xristianlıq zamanında bu hadisələr baş verməyib, çünki xalqlar İlahi Budağın yeganə bayrağı altına toplanmadılar. Buna baxmayaraq Rəbbin hökmdarlığı zamanında bütün irqlər və xalqlar bu bayrağın kölgəsi altına yığışaçağlar.

Xristianlıq zamanında bütün dünyaya yayılmış İsrail xalqı Müqəddəs Torpaqa yığışmadı: lakin Həzrət Bəhaullah erasının əvvəlində Peyğəmbərlərin bütün kitablarında təsbit edilmiş bu İlahi Vəd həyata keçməyə başlayır. İndi biz görürük ki, yəhudilər dünyanın bütün yerindən Müqəddəs Torpağa köçüb gəlirlər və onlar şəhərlərdə və kəndlərdə məskunlaşaraq onun mülkiyyətçilərinə çevrilirlər və günü-gündən onların sayı elə sürətlə çoxalır ki, tezliklə bütün Fələstin onların doğma vətəni olacaqdır" (Əbdülbəha. Suallara cavablar, s. 75).

RƏBBİN GÜNÜ

"Rəbbin Günü" və "Son Gün" kimi ifadə olunan "Gün" anlayışı İlahi Zühur kimi şərh olunmalıdır. Din banilərinin hər birinin Öz "Günü" var. Onların hər biri Günəşə bənzəyir, hər birinin təliminin öz başlanğıcı var, onun həqiqətləri özünün ən uca təsir zirvəsinə yüksələnə qədər tədricən gündən-günə daha çox insanların ağıl və qəlblərini işıqlandırır. Sonra isə o tədricən qaranlıqlaşır, təhrif olunur, saxtalaşdırılır və nəhayət, bütün yer üzünü zülmət bürüyür və bu da yeni Günəş doğan günə qədər davam edir.

Sonuncu gün Rəbbin Qüdrətli Zühuru Günüdür, belə ki, həmin günün sonu yoxdur və heç zaman kecə onu əvəzləməyəcəkdir. Bu gün Günəş qürub etməyərək, həm bu dünyada, həm də o dünyada adamların ruhlarını işıqlandırır.

Həqiqətən, mənəvi günəşlər heç zaman qürub etmirlər. Musa, İsa, Məhəmməd-əleyhissalam və bütün digər Peyğəmbərlərin günəşləri hələ də səmada tükənməz parlaqlıqla şəfəq saçırlar, lakin yer üzündən qalxan buludlar günəş şüalarının insanların üzərinə düşməsinin qarşısını kəsmişdir. Həzrət Bəhaullahın əzəmətli Günəşi bütün bu qara buludları elə dağıdacaqdır ki, bütün dinlərin ardıcılları bütün Peyğəmbərlərin işıqlarından həzz ala bilsinlər və birləşərək, nurunu bütün Peyğəmbərlərin əks etdirdikləri bir olan Allaha birlikdə pərəstiş etsinlər.

MƏHŞƏR GÜNÜ

İsa Peyğəmbər Öz hekayətlərində tez-tez böyük Qiyamət Günündən danışardı: "Zira İnsan Oğlu Atasının izzətində öz mələkləri ilə gələcək və o zaman hər kəsə öz əməlinə görə haqqını verəcəkdir" (İncil. Matta, 16:27). O, bu günü, buğggggggda anbarlara yığılan və dəlicələr yandırılan biçin vaxtı ilə müqayisə edir.

"Beləliklə, dəlicələr toplanıb alovla yandırıldığı kimi, bu dövrün sonunda da belə olacaqdır. İnsan oqlu mələklərini göndərəcəkdir və onlar pis yola çəkən bütün şeyləri və haqsızlıq işlədənləri Onun Səltənətindən toplayacağlar; Və onları soba alovuna atacağlar; orada ağlaşma və diş qıcırtma olacaqdır; O zaman salehlər Atalarının Səltənətində günəş kimi parlayacağlar. Qulaqları olan, eşitsin" (Yenə orada, 13:40-43).

Tövratın bu və ya digər yerlərində işlənmiş "Dünyanın Sonu" ifadəsi bir çoxlarını belə düşünməyə vadar etmişdir ki, Qiyamət Günü gələn kimi dünya gözlənilmədən dağılacaqdır. Lakin bu açıq yanılmadır. Bu ifadənin düzgün tərcüməsi "əsrin başa çatması və ya sonu" deməkdir. İsa Peyğəmbər öyrədir ki, Atanın Səltənəti göylərdə olduğu kimi, yerdə də qurulmalıdır.

O bizə belə dua etməyə öyrədir: "Sənin Səltənətin qurulsun, Sənin İradən həm yer üzündə, həm də göylərdə hökmran olsun!". Üzümlük haqqında rəvayətdə üzümlüyün Sahibi olan Ata məkrli üzümçüləri məhv etməyə gələrkən, üzümlüyü (dünyanı) dağıtmır, amma onu başqa üzümçülərə icarəyə verir ki, mövsümün məhsulunu yığıb Ona versinlər. Yer üzü dağıdılmamalıdır, əksinə, yeniləşdirilməli və dirçəldilməlidir.

İsa Peyğəmbər başqa bir yerdə həmin gün barəsində sanki "dirçəliş günü" kimi danışır: "Doğrusunu sizə deyim ki, İnsan oğlu İzzətli Taxtına oturacağı zaman Mənim ardımca gələn sizlər də İsrailin on iki nəsil budağına hökm etmək üçün on iki taxt üzərində oturacaqsınız" (İncil. Matta, 19:28). Müqəddəs Pyotr bu barədə dünya yaranan gündən bəri Rəbbin Özünün bütün Müqəddəs Peyğəmbərlərinin dili ilə vəd etdiyi bütün şeylərin bərpa olunduğu vaxtlar — "fərəhli vaxtlar" kimi danışırdı. İsa Peyğəmbərin dediyi Qiyamət Günü yəqin ki, Rəbb Savaofun, İsaiya Peyğəmbərin və Əhdi-Ətiqin digər Peyğəmbərlərinin əvvəlcədən xəbər verdikləri Rəbbin gəlişi günü ilə eyni gündür: Allahsızların dəhşətli şəkildə cəzalandıqları vaxtdır, eləcə də yer üzündə, göylərdə olduğu kimi haqqın bərpa olunacağı və ədalətin zəfər çalacağı vaxtdır.

Bəhailərin şərhinə görə Allahın hər bir Zühurunun gəlişi Qiyamət Günüdür, lakin ən böyük Zühur olan Həzrət Bəhaullahın gəlişi bizim yaşadığımız bütün dünya üçün ən böyük Qiyamət Günüdür. İsa Peyğəmbərin, Məhəmməd-əleyhissalamın və bir çox digər Peyğəmbərlərin buyurduqları Surun səsi bütün yer üzündə və göydə olanlar üçün, həm cismani bədənə bürünmüşlər, həm də bədənsiz ruhlar üçün Zühurun çağırışıdır.

Allahın Peyğəmbərləri vasitəsilə Allahla görüşmək Onu görməyi arzulayanlar üçün, Onu dərk etmək və sevmək Cənnətinə açılan qapıdır, Onun bütün yaratdıqları ilə birgə məhəbbət içərisində yaşamaq deməkdir. Lakin digər tərəfdən, o kəslər ki, öz yolunu Peyğəmbərlərin göstərdiyi Allahın yolundan, üstün tuturlar, onlar özlərini xudpəsəndlik, yanılmaq və düşmənçilik Cəhənnəminə vasil edirlər.

ƏN BÖYÜK DİRİLMƏ

Qiyamət Günü, həm də Dirilmə Günüdür – ölülərin diriləcəyi gündür. Müqəddəs Pavel Korinflilərə yazdığı birinci məktubunda buyurur:

"Sizə bu sirri açmaq istəyirəm: hamımız ölməyəcəyik, amma hamımız dəyişiləcəyik, qəflətən, bir an içində, son şeypur çalınanda dəyişiləcəyik: çünki şeypur çalınacaq və ölülər qeyri-fani şəkildə diriləcəklər, biz isə dəyişiləcəyik; çünki fanilik qeyri-faniliyi geyməli, ölən isə ölməzliyi geyməlidir" (İncil. Pavelin Korinflilərə məktubu, 15:51-53).

Ölülərin dirilməsi barədə bu sözlərin hansı məna daşıması haqqında Həzrət Bəhaullah "İqan" kitabında belə yazır:

"Kitablarda yazılmış "Həyat" və "Ölüm" təbirlərində məqsəd iman ölümü və iman həyatıdır. Bu mənanın anlaşılmaması üzündən insanlar hamılıqla hər bir Zühurda etiraza qalxmış, hidayət Günəşinin işığı altında doğru yola getməkdən geri qalmış, Əzəli Tanrı Camalına tabe olmaqdan qaçmışlar.

Necə ki, İsa Peyğəmbər buyurmuşdur: "...Yenidən doğulmalısınız". Başqa bir yerdə o buyurur: "Bir kəs sudan və Ruhdan doğulmasa, Allahın Səltənətinə daxil ola bilməz Bədəndən doğulan bədəndir Ruhdan doğulan Ruhdur".

Yəni hər bir zühurda Müqəddəs Məzhərin Ruhundan doğulan və Onun nəfəsindən dirilən kəs haqqında "həyat" və "dirilmə" hökmü verilir və onlar "Tanrı sevgisi Cənnəti"nə daxil olur, bu qəbildən olmayan kəslər isə "ölümə", "məhrumiyyət"ə, imansızlıq "atəşinə" və Allahın "qəzəbi Cəhənnəmə" məhkum edilirlər.

Bütün əsrlərdə və dövrlərdə Allahın Peyğəmbərlərinin və onların vəlilərinin məqsədi bir şey — "həyat", "dirilmə" və "məhşər" kəlmələrinin mənəvi, ruhi əhəmiyyətini təsdiq etmək olmuşdur.

Xülasə, tanrı mərifətinin büllur bulağından bir qurtum içmiş olsanız, gerçək həyatın cismani həyat olmayıb, ruhani həyat olduğunu anlayarsınız, çünki cismani həyatında insanlar və heyvanlar müştərəkdir. O biri həyat isə iman dənizindən içib iqan meyvəsindən dadmış olan pak qəlb sahiblərinə məxsusdur.

Bu həyat ölümün nə olduğunu bilməz. Bu əbədi həyatdan sonra ölüm ola bilməz. Necə ki, deyilmişdir: "Mömin hər iki dünyada diridir".

Əgər "həyat"ın yalnız yer üzündəki həyatdan ibarət olduğunu hesab etsək, ölüm kec-tez labüddür" (Bəhaullah, Kitab-i-İqan).

Bəhai Təliminə görə, "dirilmənin" kobud fiziki bədənlə heç bir əlaqəsi yoxdur. Əgər bədən ölmüşsə, deməli, artıq onun işi bitmişdir. O çürüyür və onun hissələri həmin bədəni yaratmaq üçün heç zaman birləşmirlər.

Dirilmə — Allahın Məzhərləri vasitəsilə nazil olmuş Müqəddəs Ruh sayəsində insanın mənəvi həyata doğulmasıdır. Onun dirilib ayağa qalxdığı qəbir — nadanlıq və Allaha etinasızlıq qəbridir. Onun oyanıb ayrıldığı yuxu ruhun yuxulu vəziyyətidir və çoxları bu vəziyyətdə Rəbb Gününün sübh çağının açılmasını gözləyirlər.

Bu sübh çağının şəfəqləri yer üzündə cismən və ya ruhən mövcud olan bütün adamlara işıq saçır, amma mənəvi baxımdan kor olanlar onu hiss etmirlər. Dirilmə Günü iyirmi dörd saatdan ibarət olan gün deyil, o indi başlanmış və hal-hazırkı dünya dövrünün bitəcəyi vaxtadək davam edən bütöv bir eradır. O indiki sivilizasiyanın bütün izlərinin yer üzündən silinməsinə qədər davam edəcəkdir.

MƏSİHİN İKİNCİ GƏLİŞİ

Özünün bir çox söhbətlərində İsa Məsih Allahın gələcəkdə üçüncü şəxs timsalında Zühuru haqqında danışır, amma digər söhbətlərində onu birinci şəxs kimi ifadə edir. O deyir: "Atamın evində çox otağlar vardır; olmasaydı sizə deyərdim, çünki sizə yer hazırlamağa gedirəm. Əgər gedib yer hazırlasam, təkrar gəlib sizi Öz yanıma gətirəcəyəm ki, Mən haradayamsa, siz də orada olasınız" (İncil, Yəhya, 14:2-3).

"Həvarilərin işləri"nin birinci fəslində İsa Peyğəmbərin göyə ucaldığı zaman şagirdlərinə belə deyildiyini oxuyuruq: "...sizdən göyə ucalan bu İsa, ucaldığını gördüyünüz kimi, geri qayıdacaqdır" (İncil. Həvarilərin işləri). Bu və buna bənzər sözlər sayəsində xristianların çoxu gözləyirlər ki, İnsan Oqlu "böyük əzəmətlə səma buludlarında" gələcəkdir və onlar iki min il bundan əvvəl Yerusəlimin küçələrində gəzən, qanı axa-axa çarmıxda əzab çəkən İsanın özünü görəcəklər.

Onlar düşünürlər ki, Onun əllərində və ayağlarında mıxların izlərini öz barmağları ilə əlləyə biləcək və Onun böyründəki nizə yarasına toxunacağlar. Lakin buna oxşar düşüncələrin tamamilə yox olması üçün Həzrət İsanın Özünün sözləri üzərində bir az fikirləşmək kifayətdir. Həzrət İsanın dövründə yaşayan yəhudilər də İlyas Peyğəmbərin qayıtması barəsində eynilə belə düşünürdülər, lakin Həzrət İsa onlara yanıldıqlarını izah edərək bildirdi ki, İlyasın birinci olaraq gəlməsi haqqında söylənmiş xəbərlər artıq baş vermişdmr, lakin bunlar əvvəlki İlyasın şəxsən və cismən gəlməsi deyil, Vəftizçi Yəhyanın "İlyasın ruhunda və gücündə" gəlməsidir.

İsa Peyğəmbər demişdi: "Və əgər onu qəbul etmək istəyirsinizsə, gəlməli olan İlyas odur. Eşitməyə qulaqları olan eşitsin" (İncil. Matta, 11:14-15). İlyasın "qayıtması", başqa ata-anadan doğulmuş, lakin Allah tərəfindən eyni ruh və qüdrətlə ilhamlandırılmış tamamilə başqa bir şəxsin Zühuru demək idi.

İsa Peyğəmbərin bu sözləri, şübhəsiz, o deməkdir ki, Onun ikinci gəlişi də başqa anadan doğulmuş və İsa Peyğəmbər kimi Allah tərəfindən verilən eyni ruha və qüdrətə malik olan başqa şəxsin gəlişi ilə yerinə yetiriləcəkdir.

Həzrət Bəhaullah izah edir ki, İsa Peyğəmbərin ikinci gəlişi Həzrət Babın gəlişi və Onun Özünün gəlişi ilə yerinə yetirilmişdir. O buyurur:

"Əgər bu günün Günəşi: "Mən dünənin Günəşiyəm" — deyirsə, doğru söyləmiş olur. Zamanın ardıcıllığını fikrində tutub deyərsə ki: "Mən başqasıyam, dünənin Günəşi deyiləm" — yenə doğru söyləmiş olar. Günlərə də eynilə onun kimi baxın: əgər deyilsəydi ki, bütün günlər eynidir, bu iddia da yerində və doğru olardı. Yox, əgər deyilsə ki, onlar bir-birindən adına və təyinatına görə fərqlənir, bu da doğru olardı.

Görürsünüz ki, günlər eyni olmasına baxmayaraq, hər bir günün özünə görə adı, təyinatı və xüsusiyyəti vardır ki, başqalarında bu tapılmaz.

Müqəddəs Məzhərlər arasındakı ayrılıq, başqalıq və birlik məqamlarını da eyni izah və qaydaya görə anlayın. Belə ki, o adlar və sifətlər yaradıcısının birlik və başqalıq məqamları ilə bağlı sözlərindəki gizli mənaları dərk edib, işin həqiqətinə vaqif olsanız, Əzəli Camalın nə səbəbdən müxtəlif vaxtlarda başqa-başqa ad və titullarla adlandırılığı barədə sualınıza cavab tapa bilərsiniz" (Bəhaullah, Kitab-i-İqan).

Həzrət Əbdülbəha buyurur:

"Bilin ki, Həzrət İsanın ikinci gəlişi adamların inandıqları o cür gəliş deyil, ondan sonra gələcək o Vəd olunmuşun gəlməsi deməkdir. O, bütün dünyanı əhatələyən İlahi Səltənətin şöhrəti və Onun qüdrəti ilə gələcəkdir. Bu maddi dünya üzərində deyil, qəlb və can dünyası üzərində hakimiyyət olacaqdır, çünki əgər sən bilənlərdənsənsə, Allahın nəzərində maddi dünyanı, hətta milçəyin bir qanadı ilə də müqayisə etmək olmaz.

Həqiqətən, Həzrət İsa əvvəli olmayan əzəldən Zühur etmişdir və Onun sonu olmayan Səltənəti ilə sonadək Zühur edəcəkdir, belə ki, bu baxımdan Məsih — İlahi Həqiqət, başlanğıcı və sonu olmayan Mütləq Səma Mahiyyətidir." (Əbdülbəhanın məktubları, c.1, s.138)

ZAMANIN SONU

Həzrət İsa və Onun həvariləri "İnsan Oğlunun Atasının izzətində Öz mələkləri ilə gələcəyi" (İncil. Matta, 16:27) vaxtı fərqləndirə bilmək üçün çoxlu əlamətlər söyləmişlər.

Həzrət İsa demişdi:

“Qoşunlar tərəfindən mühasirəyə alınmış Yerusəlimi gördüyünüz zaman bilin ki, onun viranəliyinin vaxtı yaxınlaşmışdır... Çünki bunlar bütün yazılanların yerinə yetəcəyi qisas günləridir. O günlərdə boylu və əmzikli olanların vay halına; çünki ölkədə böyük fəlakət və bu xalqa qarşı qəzəb olacaqdır; Və qılıncdan keçiriləcəklər və bütün millətlərə əsir olaraq aparılacağlar; və bütpərəstlərin vaxtı tamam oluncaya qədər, Yerusəlim bütpərəstlər tərəfindən tapdalanacaq" (İncil. Luka, 21:20, 22-24).

Başqa bir yerdə "İsa cavab verib onlara dedi: "diqtətli olun ki, kimsə sizi aldatmasın. Çünki bir çoxları: “Məsih mənəm" — deyə Mənim Adımla gələcək və çox adamları aldadacaqlar. Siz müharibələr və hərbi şayiələr barədə eşidəcəksiniz. Baxın, dəhşətə gəlməyin; çünki, bunların vaqe olması gərəkdir. Ancaq hələ sonu deyil: çünki millət millətə, padşahlıq padşahlığa qarşı qalxacaq; bəzi yerlərdə qıtlıq və zəlzələlər olacaqdır. Bütün bunlar isə, yalnız ağrıların başlanğıcıdır. O zaman sizə əziyyət verib öldürəcəklər; və Mənim Adıma görə bütün millətlər sizə nifrət edəcəklər. O zaman bir çoxları büdrəyib[1] bir-birini ələ verəcək və bir-birinə nifrət edəcəklər. Bir çox yalançı Peyğəmbərlər qalxıb çoxlarını yoldan çıxaracaq və fəsad çoxaldığından bir çoxlarının sevgisi soyuyacaqdır, fəqət sona qədər dözən qurtulacaqdır. Padşahlıq haqqında olan bu Müjdə millətlərin hamısına şəhadət olaraq bütün dünyada təbliq olunacaqdır; və son o zaman gələcəkdir" (İncil, Matta, 24:4-14).

Bu iki parçada Məsih İnsan Oğlunun gəlişindən qabaq baş verəcək hadisələri əvvəlcədən aydın ifadələrlə və açıq şəkildə xəbər verir. İsa Məsihin bu sözləri söylədiyi o zamandan keçən əsrlər ərzində, Peyğəmbərcəsinə deyilmiş hər iki xəbər yerinə yetmişdir.

Bu iki xəbərin hər birinin axırında O, Zühur vaxtının əlamətlərini bildirən hadisələri göstərir; bunların birində yəhudilərin sürgündən qayıtması və Yerusəlimin bərpası, digəri isə İncilin bütün dünyaya yayılmasıdır. Təəccüblüsü budur ki, bu iki əlamət dəqiqiliklə bizim dövrümüzdə həyata keçir. Və əgər söylənmiş xəbərlərin bu hissəsi digər hissələri kimi doğrudursa, onda belə çıxır ki, biz İsa Məsihin haqqında danışdığı "zamanın sonunda" yaşayırıq.

Məhəmməd Peyğəmbər də həmçinin "Dirilmə Günü"nədək davam edəcək bəzi əlamətlərdən danışır. Biz Qurani-Kərimdə oxuyuruq: "O vaxt Allah buyurdu: "Ya İsa, həqiqətən, Mən sənin ömrünü tamam edib Öz Dərgahıma ucaldıram, səni kafirlərdən pak edirəm (tərtəmiz ayıraram). Sənə iman gətirənləri Qiyamət Gününə qədər kafirlərə qalib edərəm. Sonra isə Mənim hüzuruma qayıdacaqsınız. O zaman ixtilafda olduğunuz məsələlər barəsində aranızda Mən hökm verəcəyəm!" (Quran. Ali-İmran surəsi, 55)

"Yəhudilər dedilər: "Allahın əli bağlıdır!" Bu dedikləri sözə görə onların öz əlləri bağlandı və lənətə gəldilər. Xeyr, Allahın əli açıqdır, istədiyi kimi lütf və ehsan edər. Rəbbindən sənə nazil edilən Quran onlardan bir çoxunun küfrünü və azğınlığını artıracaqdır. Biz onların arasına Qiyamət Gününə qədər davam edəcək düşmənçilik və kin saldıq. Onlar müharibə alovu yandırdıqca Allah bu alovu söndürər. Onlar yer üzündə fitnə-fəsad törətməyə çalışarlar. Allah isə fitnə-fəsad törədənləri sevməz!" (Quran. əl-Maidə surəsi, 64)

"Biz xaçpərəstik", — deyənlərdən də əhd almışdıq. Sonra onlar xəbərdar olunduqları şeylərin bir hissəsini unutdular. Biz də aralarına Qiyamət Gününə qədər davam edəcək ədavət və kin saldıq. Allah onlara gördükləri işlər barəsində xəbər verəcəkdir" (Yenə orada, 5:14).

Bu sözlər tam mənası ilə yerinə yetir, belə ki, yəhudilər xristianların və müsəlmanların tabeliyi altına düşürlər və xristianlar kimi müxtəlif təriqətlərə parçalanırlar. Məhəmməd-əleyhissalamın bu xəbərləri dediyi vaxtdan bəri keçən yüzilliklər ərzində onların arasında çəkişmələr və münaqişələr davam edir və yalnız Bəhai Erasının (Dirilmə Günü) başlanğıcında bu vəziyyətin sonunun çatdığını göstərən əlamətlər özünü biruzə verir.

GÖYDƏ VƏ YERDƏ BAŞ VERƏN ƏLAMƏTLƏR

Yəhudi, xristian, müsəlman və digər Müqəddəs Kitablarda Vəd olunmuşun Gəlişini müşayiət edəcək əlamətlərin təsvirində qəribə bir uyğunluq var.

İoil Peyğəmbərin Kitabında oxuyuruq:

"Göydə və yerdə əlamətlər göstərəcəyəm: qan və alov və tüstü sütunları. Rəbbin böyük və dəhşətli Günü gələnədək Günəş zülmətə çevriləcək və Ay – qana... çünki bax, elə həmin günlər və məhz elə həmin vaxt, Mən İudeyanın və Yerusəlimin əsirlərini qaytaranda, Mən bütün millətləri yığacam və onları İosafat vadisinə gətirəcəm və onlar üzərində hökm çıxaracam...

Camaat, camaat hökm vadisində! Çünki Rəbbin Günü hökm vadisinə yaxınlaşır. Günəş və Ay qaralacaq və ulduzlar öz parıltısını itirəcək... və Rəbb Siondan guruldayacaq və Öz səsini Yerusəlimdən bildirəcəkdir; göy və yer titrəyəcəkdir; amma Rəbb öz xalqının mühafizi olacaqdır..." (Библия. Книга Пророка Иоила, 2:30-31; 3:1—2,14-16)

İsa Məsih buyurur:

"Fəqət o günlərin məşəqqətindən dərhal sonra Günəş qaralacaq, Ay işığını verməyəcək, ulduzlar göydən düşəcək və göylərin qüdrətləri sarsılacaqlar. O zaman İnsan Oğlunun əlaməti göydə görünəcək; o vaxt yer üzünün bütün qəbilələri şivən qaldıracağlar və İnsan Oğlunun göyün buludları üzərində qüdrət və əzəmətlə gəldiyini görəcəklər" (İncil. Matta, 24:29-30)

Qurani-Kərimdə oxuyuruq:

"Günəş sönəcəyi zaman; Ulduzlar səpələnəcəyi zaman; Dağlar yerindən qopardılacağı zaman; Əməl dəftərləri açılacağı zaman, göy qopardılacağı zaman; Cəhənnəm alovlandırılacağı zaman; Və Cənnət yaxınlaşacağı zaman..." (Quran, ət-Təkvir surəsi, 81:1-3, 10-14, Bakı, 1992, s.618)

Həzrət Bəhaullah "İqan" kitabında izah edir ki, Günəş, Ay, ulduzlar, göydə və yerdə baş verən əlamətlər haqqında söylənmiş bu xəbərlər rəmzi məna daşıyırlar və hərfi mənada başa düşülməməlidir. Peyğəmbərlər ilk növbədə bunları fiziki deyil, ruhi anlamlara aid etmişlər; fiziki yox, mənəvi işığı nəzərdə tutmuşlar. Onlar Qiyamət Günü ilə əlaqədar olaraq Günəş barəsində danışarkən həqiqət Günəşini nəzərdə tuturlar. Günəş ən böyük işıq mənbəyidir. Həzrət Musa yəhudilər üçün, Həzrət İsa xristianlar üçün və Məhəmməd Peyğəmbər müsəlmanlar üçün belə Günəş olmuşdur.

Peyğəmbərlər deyəndə ki, günəş qaralacaq, bu, o deməkdir ki, bu mənəvi günəşlərin saf təlimləri yalançı təsəvvürlərlə, yalnış anlayışlarla və xurafatlarla bulandırılacaq və millətlər zülmət içində çaşıb qalacaqlar. Dini rəhbərlər və müəllimlər kiçik işıq mənbəyi olan Ay və ulduzlar kimi adamları həvəsləndirməli və onlara düzgün yol göstərməlidirlər.

Deyəndə ki, Ay işığın itirəcək və qana dönəcək və ulduzlar göydən yerə töküləcəklər, bu, o deməkdir ki, kilsə başçıları hörmətdən düşəcək, çəkişmə və münaqişələrə qoşulacaq, ruhani niyyətlərdən uzaqlaşaraq, dünyəvi qayğılarla məşğul olacaqlar.

Peyğəmbərcəsinə söylənmiş bu xəbərlərin mənası, heç də bir izahla məhdudlaşmır və onların bu rəmzlərlə şərh edilə bilən digər mənaları da mövcuddur. Həzrət Bəhaullah buyurur ki, "Ay", "Günəş" və "ulduzlar" anlayışları başqa mənada hər bir dinin müəyyən etdiyi qanunlara və qaydalara tətbiq edilir. Belə ki, sonrakı hər bir Vəhydə əvvəlki dinin bütün mərasimləri, formaları, adətləri və göstərişləri dövrün tələblərinə uyğun olaraq dəyişdirilir və bu baxımdan "Günəş" və "Ay" dəyişilir və "ulduzlar" yerə tökülür.

Bu Peyğəmbərcəsinə deyilənlərin hərfi mənada həyata keçməsi bir çox hallarda qeyri-mümkün və cəfəngiyyat olardı: məsələn, Ay qana dönəcək və ulduzlar yerə töküləcəklər. Ən kiçik və gözlə görünən ulduz yer kürəsindən bir neçə min dəfə böyükdür və əgər o yer üzünə düşərsə, yerdən əsər-əlamət qalmaz, onda bəs ikinci ulduz hara düşə bilər?

Buna baxmayaraq, bəzi xəbərlərin həyata keçməsi həm maddi və həm də mənəvi baxımdan mümkündür. Məsələn, Peyğəmbərlərin əvvəlcədən xəbər verdiyi kimi, əsrlərdən bəri hərfi mənada viran qoyulan və məskunlaşmayan Müqəddəs Torpaq, İsaiya Peyğəmbərin əvvəlcədən verdiyi xəbərə uyğun olaraq, Qiyamət Günündə artıq "sevinməyə və qızıl gül tək çiçəklənməyə" başlayır. Yarım əsr bundan əvvəl yalnız qumsal səhradan ibarət olan bu yerlərdə abad məskənlər salınır, torpaqlar suvarılır və abadlaşdırılır, üzümlüklər, zeytunluqlar və meyvə bağları çiçək açırlar.

Şübhəsiz insanlar öz qılınclarını xışa, nizələrini orağa çevirəndə, dünyanın hər yerində olan səhralar və biyabanlıqlar görkəmini dəyişəcəkdir: qonşu ölkələrin həyatını tamamilə dözülməz edən bu səhralardan əsən yandırıcı küləklər və səmum yelləri keçmişdə qalacaqdır: şəhərlər daha havanı tüstülərlə və zəhərli qazlarla çirkləndirməyəcək və hətta "yeni səmalar və yeni torpaq" haqqında əvvəlcədən deyilmiş xəbərlər maddi mənada həyata keçəcəkdir.

ZÜHUR NECƏ BAŞ VERƏCƏKDİR?

Zamanın sonunda Onun Zühurunun necə baş verəcəyi haqqında İsa Peyğəmbər demişdir:

"O zaman İnsan Oğlunun əlaməti göydə görünəcək; o vaxt yer üzünün bütün qəbilələri şivən qaldıracaqlar və İnsan Oğlunun göyün buludları üzərində qüdrət və əzəmətlə gəldiyini görəcəklər. Mələklərini böyük səsə malik şeypur ilə göndərəcək. Mələklər də göylərin bir ucundan o biri ucuna qədər, Onun seçdiklərini dörd külək istiqamətindən toplayacağlar" (İncil. Matta, 24:30-31)

"Fəqət İnsan Oğlu bütün müqəddəs mələklər ilə bərabər izzəti ilə gəldikdə, o zaman izzət taxtının üzərinə oturacaqdır. Bütün millətlər Onun önündə toplaşacaqlar, o da çoban qoyunları keçilərdən ayırdığı kimi, onları bir-birindən ayıracaqdır" (Yenə orada, 25:31-32)

Bu və buna bənzər digər yerlərə dair Həzrət Bəhaullah "İqan" kitabında yazır:

"Buradakı "Göy" təbirindən məqsəd, din səmasıdır. Din səması hər Zühurda yüksəlir və ondan sonrakı Zühurda parçalanır, yəni batil və hökmsüz olur. Allaha and olsun, o "Göylərin parçalanması gözlə gördüyümüz göylərin parçalanmasından daha mühüm hadisədir". (Bəhaullah. Kitab-i-İqan)

"Göy" sözü o məqsədlə işlədilib ki, Müqəddəslik Sübhünün və Əbədiyyət Şəfəqinin Zühurunun yüksəkliyi və əzəməti göstərilsin. Baxmayaraq ki, bu müqəddəslər xarici aləmə ana bətnindən doğulurlar, əslində isə onlar Allahın İradəsilə Göydən gəlirlər. Yer üzərində yaşamalarına baxmayaraq, onlar şöhrətin ən yüksək göylərində dolanırlar.

Ölümlü adamlar arasında dolansalar da, onlar Allah Dərgahının göylərində uçurlar. Ayaqlarının köməyi olmadan onlar ruhi həyat yolunda təntənə ilə gedir və qanadların köməyi olmadan Allah birliyinin ən uca zirvəsinə uçurlar. Onlar hər an ucsuz-bucaqsız məsafələri qət edir və istənilən anda gözə görünən və gözə görünməyən səltənətlərdən ötüb keçirlər...

"Bulud" dedikdə, insanların adətlərinə və arzularına zidd olan bütün şeylər nəzərdə tutulur. Qurani-Kərimdə deyildiyi kimi: "...Hər dəfə bir Peyğəmbər onların yanına ürəklərinə yatmayan bir hökmlə gəldikdə bir qismini yalançı hesab edər, bir qismini də öldürərdilər" (Quran. əl-Maidə surəsi, 70)

Bu "buludlar" bir mənada qanunların ləğv edilməsi, əvvəlki Əhdin yenisi ilə əvəz edilməsi, insanlar arasında mövcud olan adət və ənənələrə son qoyulması, sadə adamların dinin əleyhdarı olan alimlərdən üstün tutulmasıdır.

Digər mənada isə "buludlar" Əbədi Gözəlliyin insan qiyafəsində, insan təbiətinə xas olan yemək və içmək, kasıblıq və varlılıq, əzəmət və həqirlik, yatmaq və digər bu kimi keyfiyyətlərlə zühur etməsidir ki, bütün bunlar da insanları şübhəyə salır və onların həqiqətdən üz döndərməsinə səbəb olur. Bütün bunlara bənzər örtüklər rəmzi mənada "bulud"sözü ilə ifadə olunmuşdur.

Quranda deyildiyi kimi bu, "Göyün buludla parçalanacağı, mələkləri yerə endirəcəyimiz gün" (Quran. əl-Furqan surəsi, 25:25), müdriklik və yer üzündə yaşayan bütün canlıların dərk ediləcəyi gündür.

Bulud maddi günəşi gözlə görməyə mane olduğu kimi, bu təzahürlər də, eləcə, insan qəlblərinin İlahi Günəşin şəfəqlərini dərk etməsinə maneçilik törədir. Qurani-Kərimdə xatırlanan kafirlə-rin sözləri buna əyani sübutdur. "Müşriklər dedilər: "Bu necə Peyğəmbərdir ki, yemək yeyir, bazarları gəzib dolaşır?" (Quran. əl-Furqan surəsi)

Digər Peyğəmbərlər də həmçinin yoxsulluğa, iztirablara, aclıqa, xəstəliyə və bu dünyanın digər rəzalətlərinə məruz qalmışlar.

Bir halda ki, bu Müqəddəs Şəxslər yer üzündə həyatın belə hallarına məruz qala bilirlər, onda bunu görən adamlar şübhə və anlaşılmazlıq səhrasında çaşıb qalaraq, heyrət və sıxıntı vəziyyətinə düşərək, təəccüblənir və öz-özlərinə: "Necə olur ki, kimsə Allah tərəfindən gəldiyini, bütün yer üzərində yaşayanlara qalib olduğunu, xilqətin səbəbi Özü olduğunu iddia etsin və Quranda deyilmiş: "Əgər sən olmasaydın fələkləri yaratmazdım" sözlərindən sonra bu kimi cüzi şeylərə mübtəla olsun?" — söyləyirdilər.

Hər Peyğəmbərin və Onun əshabələrinin fəqirlik, və zillət kimi necə bəlalara mübtəla olması, Onlara iman gətirənlərin başlarının şəhər-şəhər ərməğan olaraq necə göndərildiyi, Onların qarşısında necə maneələr yaradıldığı barədə eşitməmiş olmazsınız. Onlardan hər biri din düşmənlərinin əlində elə əzab-əziyyətə düçar olurdular ki, Onlara qarşı istənilən hərəkətlər edilirdi." (Bəhaullah. Kitab-i-İqan, 7)

Bütün bu halları Şəfaətli Allah, imansızların istəklərinin ziddinə olaraq, ona görə bir ölçü və məhək daşı kimi yaratmışdır ki, O, Öz əshabələrini sınasın, salehləri günahkarlardan və möminləri kafirlərdən seçə bilsin.

"Onun "mələklərini göndərəcək..." sözlərinə gəldikdə isə "Mələklər" ruh qüvvəsi sayəsində bəşəri sifətlərini Allah Məhəbbətinin atəşi ilə yandırıb Allin![2] və Kərrubin[3] sifətləri ilə vəsf olunan şəxslərdir". (Bəhaullah. Kitab-i-İqan)

"Çünki İsa ümmətləri bu sözlərdəki gizli mənanı anlamadıqlarından və eyni zamanda göstərilən əlamətlər onların özlərinin və din üləmalarının anladığı şəkildə zühur etmədiyindən, o gündən bu günə kimi Allahın Müqəddəs Peyğəmbərlərinin doğruluğunu qəbul etməkdən imtina etmişlər; bütün Müqəddəs feyzlərdən məhrum qalmışlar; Müqəddəs Kəlamların gözəlliklərindən pərdələnmişlər. Bu Qiyamət günündə onların vəziyyəti belədir. Onlar hətta dərk edə bilməyiblər ki, Tanrı Zühurunun əlamətləri təsbit olunmuş hədislərin mətnlərinə uyğun şəkildə bu maddi aləmdə görünəcək olsa, kimsə cəsarətlənib nəyisə inkar və nəyəsə etiraz etməyə imkan tapmayacaq, yaxşı pisdən, günahkar mömindən ayırd ediləcək. Ədalətli ol: əgər "İncil"də Peyğəmbərlik haqqındakı yazılar həyata keçsəydi, mələklər Məryəm oğlu İsa ilə birlikdə bu maddi göydən buludlar üzərində yerə enəcək olsaydı, kimin həqiqəti təkzib etməyə cəsarəti çatardı? Əksinə, bu təqdirdə yer üzü sakinləri həqiqəti rədd və qəbul etmək kənara qalsın, ağız açıb bir tək söz söyləyə bilməyəcək dərəcədə dəhşətə gələrdilər. Bu xəbərlərdəki həqiqi mənanı anlamadıqlarından bir qisim xristian din alimi Həzrət Məhəmməd-əleyhissalam ilə mübahisəyə girişərək öz etirazlarını bu sözlərlə bildirdilər (Bəhaullah. Kitab-i-İqan): "...Məgər Ona Özü ilə birlikdə [insanları Allahın əzabı ilə] qorxudan və Onun həqiqi Peyğəmbər olduğunu təsdiq edən bir mələk göndərməli deyildimi?" (Quran, əl-Furqan surəsi, 7)

Yuxarıda gətirilmiş izahlara əsasən, İnsan Oğlunun sadə insan qiyafəsində, qadından doğulmuş, kasıb, təhsil almamış, bu dünyanın qolu zorluları tərəfindən sıxışdırılan və nifrət edilən vəziyyətdə Zühur etməsi Allahı yer üzündəki adamları sınaması, çoban qoyunları keçilərdən ayırdığı kimi, onları bir-birindən ayırması üçün məhək daşıdır.

Bəsirət gözü açıq olan hər bir kəs bu buludlar arasından Onun büruzə vermək üçün gəldiyi Allahın həqiqi Şəfaətinin gücünü və ən böyük Şərəfini görüb və ona heyran ola bilər; gözləri hələ mövhumat və yanılmalar pərdəsi ilə örtülmüş o kəslər isə yalnız qara buludları görür və Mübarək Günəşin şəfəqlərindən məhrum olaraq, zülmətdə əlləri ilə yoxlamaqla yeriməkdə davam edirlər.

"Budur, Mən Öz Mələyimi göndərirəm və O, Mənim gəlişimdən qabaq yol hazırlayacaq və sizin axtardığınız və arzuladığınız Əhd Mələyi və Tanrı Öz Məbədinə qəfildən gələcəkdir. Və kim Onun gəldiyi günə dözə bilər və kim O gələndə tab gətirə bilər? Çünki O, əridən atəş kimidir və təmizləyən qələvi kimidir... Çünki budur, soba kimi yanan gün gələcək; o zaman bütün təkəbbürlülər və şərəfsiz əməl sahibləri saman çöpü kimi olacağlar... Mənim Adım qarşısında xoş müjdə yayanlar üçün isə həqiqət Günəşi çıxacaq və Onun şəfəqləri şəfa verəcəkdir..." (Библия. Книга Пророка Малахии, 3:1-2, 4:1-2)

* Peyğəmbərliklərin yerinə yetməsi məsələsi elə geniş vd əhatəlidir ki, onu tam izah etmək üçün çoxlu, cild-cild kitab yazmaq lazımdır. Bir fəsil çərçivdsində verə bildiyimiz, ancaq bəhai şərhlərinin əsas xüsusiyyətlərini göstərməkdən ibarətdir. Daniyal Peyğəmbərin vd Muqəddəs Yəhyanın Zuhurları haqqında şəhrlərə ətraflı toxunulmur. Oxucular Peyğəmbərliklərə dair ətraflı şərhlərlə Həzrət Bəhaullahın "Kitab-i-İqan" əsərində, Mirzə Əbül-Fəzlin "Bəhai Dininin dəlilləri" kitabında, eləcə də Həzrət Bəhaullahın və Həzrət Əbdülbəhanın çoxsaylı məktublarında tanış ola bilərlər.

 



[1] Budrəmək yəni imandan dönmək.

[2] Ən uca varlıqlar.

[3] Allaha ən yaxın mələklər.

 


Ý

Kitabın əvvəlinə

¬ Geri, XII fəsilə        İrəli, XIV fəsilə ®

 

©2003-2008 Azərbaycan Bəhailərinin Milli Ruhani Məhfili.

Digər təşkilatlar və fiziki şəxslər bu materiallardan sərbəst istifadə edə bilər, o şərtlə ki, burada olan məlumatlar təhrif olunmayacaq, materialların və ya onlardan olan çixarışların nəşrində aşağıdakılar qeyd olunacaq:
"Azərbaycanda Bəhai Dini icmasının rəsmi www.bahai.az internet saytının materiallarından istifadə olunmuşdur."
Bəhaullah və Yeni Era -
Con Ebenezer Esslemont
Yuxarı >