Ý Kitabın
əvvəlinə
“Və əgər sən ürəyində desən ki: "Rəbbin
demədiyi sözü biz necə biləcəyik?" Əgər Peyğəmbər Rəbbin adından deyirsə, lakin
bu söz çin olmazsa və yerinə yetməzsə, onda Rəbb bu sözü söyləməyib, Peyğəmbər
öz cəsarəti üzündən bunu söyləyib – ondan qorxmayın"
İkinci qanun 18:21-22
ALLAH KƏLAMININ
YARADICI QÜDRƏTİ
III NAPOLEON
ALMANİYA
İRAN
TÜRKİYƏ
AMERİKA
BÖYÜK MÜHARİBƏ
MÜHARİBƏDƏN
SONRAKI İCTİMAİ FƏLAKƏTLƏR
İLAHİ
SƏLTƏNƏTİN BAŞLANMASI
ƏKKA VƏ HAYFA
Allah və yalnız Allah, istədiyi hər bir
şeyi etməyə qadirdir və Allah Zühurunun ən böyük sübutu dəyişdirməyə və
yeniləşdirməyə və adamlar tərəfindən göstərilən hər cür müqavimət üzərində
qələbə çalmağa qadir olan Onun kəlamının yaradıcı qüdrətidir. Peyğəmbərlərin
kəlamı vasitəsilə Allah Öz İradəsini bəyan edir və bu kəlamın dərhal və ya
müəyyən vaxtdan sonra yerinə yetməsi Peyğəmbərin haqlılığına və Onun İlhamının
həqiqiliyinə ən bariz sübutdur.
"Yağış və qar göydən enir və oraya
qayıtmır, lakin torpağı içirdir və onu məhsul verməyə və yetişdirməyə qadir edir
ki, onu səpən adama toxum versin və yeyən kəsə çörək versin: dilimdən çıxan
Mənim sözüm də elədir — o, əbəs yerə Mənə qayıtmır, lakin Mənə lazım olanı
yerinə yetirir və Mən onu nə üçün göndərmişəmsə, onu başa çatdırır"
(Библия. Книга Пророка Исайи. 55:10—17).
"Yəhya isə zindanda Məsihin işlərini
eşidərək şagirdlərindən ikisini göndərdi ki, Ona desinlər: "Gələcək olan
Sənmisən, yoxsa başqasını gözləyək?" İsa da cavabında onlara dedi: "Gedin,
eşitdiyiniz və gördüyünüz şeyləri Yəhyaya bildirin: Korlar görür, axsaqlar
yeriyir, cüzamlılar təmizlənir, karlar eşidir, ölülər dirilir və yoxsullar
firavan yaşayır. Və Mənim barəmdə aldanıb yolundan azmayanlar nə bəxtiyardır"
(İncil. Matta, 11:2-6).
Baxaq görək, Həzrət Bəhaullahın
kəlamlarının Allah kəlamlarına xas olan eyni yaradıcı qüvvəyə malik olmasını
hansı dəlillər sübut edir.
Həzrət Bəhaullah dünya hökmdarlarına
ümumbəşəri sülh yaratmağı tövsiyə edir; lakin onların yeritdiyi müharibə
siyasəti 1869-1870-ci illərdə bir çox qədim sülalələrin devrilməsinə gətirib
çıxartdı və davam etdirilən hər bir müharibə getdikcə daha az fayda gətirməyə
başladı və nəhayət, 1914-1918-ci illərin Avropa müharibəsinin tarixən ibrətamiz
faktı göstərdi ki, müharibə həm qalib gələn, həm də məğlub olan üçün eyni
dərəcədə dağıdıcıdır.
Həzrət Bəhaullah həmçinin hökmdarları
hakimiyyəti altında olanların etibarlı himayəçisi kimi hərəkət etməyə və öz
siyasi hakimiyyətlərindən xalqın əsl ümumi rifahını yüksəltmək vasitəsi kimi
istifadə etməyə çağırırdı. Bu tövsiyənin ardınca ictimai qanunvericilikdə baş
verən tərəqqi misilsiz oldu.
Həzrət Bəhaullah həmçinin varlılıq
yoxsulluğun ifrat dərəcələrinin aradan qaldırılmasını buyurmuşdur və o vaxtdan
bəri yaşayış minimumunun sabitləşməsi, gəlir və miras vergiləri vasitəsilə
differensial vergi sisteminin tətbiq olunması məsələləri qanunvericilik
orqanlarının başlıca qayğısına çevrilmişdir. O həmçinin həm quldarlığın, həm də
iqtisadi əsarətə məhkumluğun ləğv edilməsini məsləhət görürdü və o vaxtdan
başlayaraq dünyanın hər yerində iqtisadi azadlıq uqrunda mübarizənin uğurlu
gedişinə təkan verildi.
Həzrət Bəhaullah qadın və kişilərin eyni
məsuliyyət, eyni hüquq və imtiyazlarla ifadə olunan bərabərliyini elan etdi və
bu prinsip bəyan olunduğu vaxtdan bəri, əsrlərlə qadınları əsarət buxovları
altında saxlayan zəncirlər qırılmış və qadınlar tez bir zamanda kişilərlə
bərabər hüquqlu şəxslər kimi cəmiyyətdə onlara məxsus olan mövqeyi tutmağa
başlamışlar.
O bütün millətlərin əsasının bir
olduğunu elan etdi: və o vaxtdan keçən dövr ərzində dünyanın hər yerində səmimi
insanların ümumi məqsədlərə yetmək naminə dözümlülük, qarşılıqlı anlaşma və
əməkdaşlıq sahəsində yeni nailiyyətlər qazanılmasında göstərdikləri qətiyyətli
səylər buna bariz nümunədir. Təriqətçilik hər yerdə öz əhəmiyyətini itirir və
onun tarixi mövqeyi getdikçə daha çox sarsılmağa başlayır.
Bu və ya digər dinin üstünlüyü və
müstəsnalığı barəsindəki müddəalar da qapalı millətçiliyi gələcəkdə mövcud olmaq
qabiliyyətindən məhrum edən elə həmin qüvvələr tərəfindən darmadağın edilir.
O, icbari və ümumi təhsili vacib buyurur
və hamıya həqiqəti müstəqil axtarmağı məsləhət görərək, bunu mənəvi həyatın əsas
keyfiyyəti sayır. Bu yeni hərəkətvericci amil müasir sivilizasiyanı başdan-ayaqa
bürümüşdür. Uşaqların icbari təhsili və eləcə də yaşlı nəslin savadlanması üçün
əlverişli şəraitin yaradılması hər bir dövlətin siyasətində birinci dərəcəli
əhəmiyyət kəsb edən məsələyə çevrilmişdir.
Öz vətəndaşları arasında düşüncə və
vicdan azadlığını bilərəkdən məhdudlaşdırmağa çalışan dövlətlər bu siyasətləri
ilə öz ölkələri daxilində inqilabi hərəkat, eləcə də onun sərhədlərindən kənarda
inamsızlıq və həyəcanlar yaratmışlar.
Həzrət Bəhaullah köməkçi beynəlxalq
dilin qəbul edilməsini buyurmuşdur. Və bunun ardınca doktor Zamenqof və
başqaları sanki bu çağırışa cavab verərək öz həyatlarını və dühalarını bu böyük
işə həsr etmişlər.
Ən əsası odur ki, Həzrət Bəhaullah
bəşəriyyəti yeni ruhla ilhamlandıraraq, insanların ürəklərində və düşüncələrində
yeni arzular və cəmiyyət üçün yeni ideallar oyatmışdır. Bəşər tarixinin
yarandığı gündən bəri Bəhai Erasının (1844-cü il) əvvəlində baş verən hadisədən
daha dramatik və həyacanlandırıcı hadisə olmamışdır.
İllər ötdükçə köhnəlmiş ideyalar,
adətlər və münasibətlər sayəsində hələ də mövcud olan köhnə qaydalar elə üzülüb
taqətdən düşür ki, bəşəriyyətin indi ən kəskin böhran dövrünü yaşadığı
hal-hazırda hər bir düşüncəli adama aydın olur. Bir tərəfdən Həzrət Bəhaullahın
Təliminin nurunun şəfəqləri insan təkamülünün əsl yolunu işıqlandırdığı üçün biz
yaradıcı qüvvələrin yüksəlişini müşahidə edir, digər tərəfdən isə, bu Təlimin
nuruna etinasızlıq göstərən və ya onun daxil olmasına maneələr yaradan bütün
sahələrdə fəlakət və dağıntıların şahidi oluruq.
Bu və saysız-hesabsız digər dəlillər, nə
qədər təsirli olsa da, onlar Həzrət Bəhaullahın mənəvi əzəməti haqqında tam
təsəvvür yaratmır. Onun yer üzündəki həyatı və Onun ilhamverici sözlərinin
sarsılmaz qüdrəti Allah İradəsinin yeganə, əsl meyarıdır.
Həzrət Bəhaullahın söylədiklərini və
onların yerinə yetməsinin daha ətraflı öyrənilməsi buna əsaslı və inandırıcı
sübutlar verir. Aşağıda biz deyilmiş bu xəbərlərdən bəzi misallar gətirəcəyik
ki, onların həqiqiliyi şübhə oyatmır. Onlar hələ yerinə yetməmişdən əvvəl nəşr
edilmişdir. Bu xəbərlərin əksəriyyəti Onun dövlət başçılarına göndərdiyi
məktublarda da vardır.
Bu məktublar "Surətül-heykəl" kitabında
toplanaraq, ötən yüzilliyin sonlarında ilk dəfə olaraq Bombeydə çap olunmuş və
bu vaxtadək dəfələrlə yenidən nəşr edilmişdir. Biz həmçinin Həzrət Əbdülbəhanın
söylədiyi, diqqəti xüsusilə cəlb edən xəbərlərdən də müəyyən misallar
gətirəcəyik.
Həzrət Bəhaullah 1869-cu ildə III
Napoleona göndərdiyi məktubda onu müharibə aparmaq hərisliyinə görə və Həzrət
Bəhaullahın əvvəlki məktubuna etinasızlıq göstərdiyinə görə məzəmmət edir.
Məktub aşağıdakı ciddi xəbərdarlıqlardan ibarətdir:
"Sənin əməllərin sənin ölkəni
hərcmərcliyə çevirəcək və sənin əməllərinin əvəzi kimi hakimiyyət sənin əlindən
çıxacaqdır və sən ağır itkilərə düçar olacaqsan. Əgər sən bu Təlimin müdafiəsinə
qalxmasan və bu yolda Allah Ruhunun arxasınca ketməsən, sənin ölkəndəki bütün
millətləri həyəcanlar bürüyəcəkdir.
Doğrudanmı sənin təmtərağın səni
təkəbbürlü edib? Həyatıma and olsun! Bu çox davam etməz, əksinə, əgər sən möhkəm
ipdən yapışmasan, o keçib gedər. Biz sənin ardınca gələn həqarəti görürük, lakin
sən buna fikir vermirsən. Əgər sən Onun Şərəf Taxtından səslənən çağırışı
eşitsən, malik olduğun hər şeyi atmalı və Ona ucadan cavab verməlisən: Mən
buradayam, ey göylərdə və yerdə nə varsa hamısının Rəbbi olan Allah!"
(Bəhaullahıi bəyanı, s.34)
Demək artıqdır ki, o zaman öz şöhrətinin
zirvəsində olan III Napoleon bu xəbərdarlığa heç bir əhəmiyyət vermir.
Qoşunlarının Berlini asanlıqla ala biləcəyinə möhkəm əmin olduğu üçün sonrakı il
o Prussiya ilə müharibəyə başlayır. Lakin Həzrət Bəhaullahın əvvəlcədən xəbər
verdiyi fəlakət onu yaxalayır. O, Saarbruk, Vissenburq, Mets döyüşlərində
məğlubiyyətə uğrayır və Sedan ətrafında isə tamamilə darmadağın edilir. Sonra o,
əsir alınaraq, Prussiyaya gətirilir və iki ildən sonra isə İngiltərədə
acınacağlı halda ömrünü başa vurur.
Sonra Həzrət Bəhaullah III Napoleona
qalib gələnlərə də buna bənzər ciddi xəbərdarlıq göndərdi, onlar isə bunu
qulağardına vurduqlarına görə, xəbərdarlıqlar dəhşətli şəkildə gerçəkləşdi.
Ədirnədə yazmağa başladığı və Əkka dustaqlığının ilk illərində qurtardığı
"Kitabi-Əqdəs"də Həzrət Bəhaullah Almaniya İmperatoruna belə müraciət edir:
"Ey Berlinin kralı!.. Şöhrətinə görə
səndən artıq olan və məqamına görə səndən yüksək olan o kəsi xatırla. O
haradadır və onun ölkəsi haradadır? Özünü gözlə və qəflət yuxusunda yatanlardan
olma. Zülmkarların təqiblərindən çəkdiyimiz məşəqqətlər haqqında Biz ona xəbər
verəndə, o Allahın müraciətinə arxa çevirdi. Buna görə də yerlə yeksan olanadək onu hər tərəfdən həqarətlər bürüdü.
Ey kral! Onun barəsində və sənin kimi
şəhərləri alan və insanlar üzərində hökmranlıq edənlər haqqında ciddi fikirləş.
Mərhəmət Sahibi onları saraylardan qəbirə endirib. Ehtiyatlı ol və ağıllılar
cərkəsinə qoşul!
Ey Reyn çayının sahilləri! Biz sizə
baxdıq və intiqam qılınclarının sizə qarşı çevrildiyi vaxt sizi qan içində
boğulan gördük; və siz bir dəfə də cəzalanacaqsınız. Bu gün hamı onun əzəmətini
görsə də, artıq Biz Berlinin ah-naləsini görürük." (Bəhaullahın bəyanı, s.51)
Almaniyanın 1914-1918-ci illərdəki Böyük
Müharibədə qələbələr qazandığı dövrdə və xüsusilə də 1918-ci ilin yazında
almanların sonuncu böyük hücumu zamanı hamıya məlum olan Peyğəmbərcəsinə
söylənmiş bu xəbər bəhai hərəkatının İrandakı rəqibləri tərəfindən Həzrət
Bəhaullahı nüfuzdan salmaq məqsədilə geniş istifadə edilirdi, lakin yenilməz
almanların sürətli qələbələri qəfildən onlar üçün dəhşətli məhvedici fəlakətə
çevrilən zaman bəhailərin düşmənlərinin bütün cəhdləri də onların özlərinə qarşı
çevrildi və onların Həzrət Bəhaullahın söylədiyi xəbərlərə gətirdikləri
məşhurluq Onun Şöhrətinin daha da ucalmasına səbəb oldu.
Müstəbid Nasirəddin şah hakimiyyəti öz
qüdrətinin zirvəsində
olduğu bir zamanda yazdığı "Kitabi-Əqdəs" əsərində Həzrət Bəhaullah İranın
paytaxtı, Özünün doğma şəhəri Tehran haqqında belə buyurur:
"Ey Ta torpağı (Tehran), qətiyyən
kədərlənmə. Allah səni bütün bəşəriyyətin şadyanalıq yeri olmaq üçün seçib. Əgər
Allah istəsə, öz Taxtının xeyir-duasını canavarların didərgin saldığı Allah
quzularını toplayan və ədalətlə hökmranlıq edən o Kəsə verər. Həqiqətən bu
hökmdar Bəhanın ardıcılları ilə gülər üzlə və iltifatla davranacaqdır.
Həqiqətən, o – Allah qarşısında yaradılmışların incisidir: qoy Allahın şəfəqi və
Onun Zühur Səltənətində olanların şöləsi həmişə onun üzərində olsun. Ona sevin
ki, Allah səni Onun Nurunun çeşməsi seçib, çünki Onun Şərəfinin Məzhəri səndə
əmələ gəlmişdir. Ona sevin ki, nemətlər çırağının parıldayan, göyləri və yer
üzünü işıqlandıran adı sənə qismət olub. Tezliklə hər şey dəyişiləcək və
hakimiyyət xalqın əlinə keçəcəkdir. Həqiqətən, sənin Allahın hər şeyi biləndir
və hər şeyi dərk edəndir. Öz Rəbbinin mərhəmətinə əmin ol. Onun mehriban
nəzərləri daim sənə yönələcəkdir. Tezliklə, iqtişaşlardan sonra, səndə sülh və
əmin-amanlıq günləri bərqərar olacaqdır. "Ecazkar Kitabda" qismətinə belə
yazılmışdır"
(Bəhaullahın Yazılarının antologiyası, s.110-111)
Həzrət Bəhaullahın əvvəlcədən xəbər
verdiyi kimi, İran iqtişaşlardan çıxmağa başladığı bir vaxtda, orada
konstitutsiyalı idarəetmə yaranır və bəzi əlamətlər onun parlaq eraya qədəm
qoyacağı vaxtın yaxınlaşdığını göstərir.
Həzrət Bəhaullah 1868-ci ildə Türkiyədə
sürgündə olarkən, Türkiyə sultanı Əbdüləzizə və onun Baş naziri Əli Paşaya
Özünün ən ciddi və kəskin xəbərdarlıqlarını göndərir. O, Əkka həbsxanasından Sultana belə yazırdı:
"Ey özünü bütün adamlardan ən möhtəşəmi
sayan... Sənin adının unudulacağı və sənin çox şey itirəcəyin gün uzaqda deyil.
Səncə dünyanı Canlandıran və millətləri Barışdıran bu şəxs cinayətkar və
qiyamçıdırmı? Sənin qəzəbinə, nifrətinə və təqibinə düçar olan bu qadınlar,
uşaqlar və əzab çəkən körpələr hansı cinayətləri törədiblər?
Sən o adamları təqib edirsən ki, onlar
sənin ölkəndə heç bir düşmənçiliyi qızışdırmayıb və heç kimi hökumətə qarşı
qiyama təhrik etməyiblər. Xeyr, əksinə, onlar kecə-gündüz Allaha dua edərək
özlərini dinc aparmışlar. Siz onların əmlaklarını tamamilə əllərindən almısınız
və onları hər şeydən məhrum etmisiniz.
Allaha and olsun! Bir ovuc torpaq sizin
malikanələrinizdən, sultanlığınızdan, şöhrətinizdən və hakimiyyətinizdən daha
yüksəkdir və əgər Allahın İradəsi olarsa, O, sizi qum kimi səhraya səpələyər.
Tezliklə Allahın qəzəbi sizi tutacaq, aranızda iqtişaş başlayacaq və sizin
hakimiyyətiniz dağılacaqdır. Onda siz inildəyib ağlayacaqsınız... Sayıq ol,
çünki Allahın qəzəbi hazırlanır və hökm Qələminin nə yazdığını tezliklə sən
görəcəksən"
("Qərbin ulduzu", c.11, s.3).
O, Əli-Paşaya belə yazırdı:
"Ey Rəis (Başçı)! Sənin etdiyin əməllər,
Uca Cənnətdə Allahın Rəsulu Məhəmməd-əleyhissalamı inildəmək məcburiyyətində
qoymuşdur. Dünya şöhrəti səni elə təkəbbürlü edib ki, sən Səma Güruhlarını
işıqlandıran o Şəxsdən üz çevirmisən. Tezliklə sən nə itirdiyini aydın başa
düşəcəksən. Mən Qadir Allahın Əzəmət Sübhü məqamından Allahın sevimlilərinin
gözlərini işıqlandıran təlimlə sənin yanına gəldiyim zaman, mənə pislik etmək
üçün sən İran hökmdarı ilə birləşdin...
Sən elə fikirləşirdin ki, Allahın
dünyada yandırdığı atəşi söndürə biləcəksən? Xeyr! Allahın əsl Mahiyyətinə and
olsun, kaş ki, sən bilənlərdən olaydın. Əksinə, sən öz hərəkətinlə bu atəşin
alovunu daha da gücləndirdin. Tezliklə o bütün dünyanı və onun sakinlərini
bürüyəcəkdir... Tezliklə Sirlər torpağında (yəni Ədirnədə) və digər şəhərlərdə
hər şey dəyişəcək və onlar hakimlərin əllərindən çıxacaqdır: iqtişaşlar
başlayacaq, ah-nalə göyə uçalacaq və işlər pozulacaqdır və bütün bunlar
təqibçilər ordusu tərəfindən bu əsirlərə (Bəhaullaha və Onu müşayiət edənlərə)
verilən əzablara görə olacaqdır.
Qaydalar dəyişəcək və vəziyyət elə ağır
dərəcəyə çatacaqdır ki, səhrada qumlar inildəyəcək, dağlarda ağaclar
ağlaşacaqdır və bütün məxluqların qanı axacaq və millət ən bəyük fəlakətlərə
düçar olacaqdır...
Qadir Allahın İradəsi belədir və nə göy
və yer orduları Onun hökmünə qarşı dura bilər, nə də dünyanın şahları və
hökmdarları Onun İradəsinə müqavimət göstərə bilərlər. Fəlakətlər bu Çırağın
yanacağıdır və əgər siz başa düşənlərdənsinizsə, bunların sayəsində Çırağın
şəfəqləri artır.
Zülümkar tərəfindən hər hansı bir
düşmənçilik, həqiqətən, bu Təlimin xəbərçisinə çevrilir və onun sayəsində
Allahın İşi və Onun Təzahürü bütün dünya adamları arasında tanınır"
(Bəhaullah. Rəisə məktub)
Eləcə də O "Kitab-i-Əqdəs" də yazır:
"Ey iki dənizin sahilində yerləşən
şəhər!
Ədalətsizlik taxtı sənin qoynunda qurulub və səndə nifrət odu o qədər alovlanıb
ki, səma sakinləri və Ən Uca Taxtın ətrafında olan kəslər sənin halına zar-zar
ağlayırlar. Biz görürük ki, sənin qoynunda cahillər ağıllılar üzərində rəhbərlik
edirlər və zülmət işıq üzərində qələbə çalır: həqiqətən, sən aşkar təkəbbür
içindəsən.
Doğrudanmı sənin zahiri dəbdəbən səni
lovğa edibdir? Məxluqların Rəbbinə and olsun, o tezliklə yox olacaqdır. Və sənin
qızların, dul qalmış övrətlərin və səndə məskunlaşmış bütün tayfalar inildəməyə
başlayacağlar. Hər şeyi bilən və hər şeyi görən səni belə xəbərdar edir"
(Bəhaullah, Kitab-i-Əqdəs)
Həzrət Bəhaullahın çəkindirmək məqsədilə
etdiyi xəbərdarlıqların nəşrindən sonra vaxtı ilə böyük olan bu imperiyanın
başına gələn fasiləsiz fəlakətlər Peyğəmbərcəsinə söylənmiş xəbərlərin yerinə
yetdiyinə ən parlaq sübutdur.
Həzrət Bəhaullah 1873-cü ildə Əkkada
yazdığı "Kitabi-Əqdəs"də Amerikaya belə müraciət edir:
"Ey Amerikanın hakimləri, ölkənin
prezidentləri və qubernatorları... Sübhçağı Yüksəkliyindən gələn sədanı eşidin:
"Məndən başqa Danışan, Bilən Allah yoxdur. İncidilmiş məzluma ədalət əli ilə
sığal verin və zülmkarı sizin hökmverən və Müdrik Allahınızın əmr qamçısı ilə
cəzalandırın"
Həzrət Əbdülbəha Özünün Amerikadakı və
digər ölkələrdəki çıxışlarında dəfələrlə əmin olduğunu, ümid bəslədiyini
bildirmişdi ki, beynəlxalq sülhün bayrağı ilk dəfə Amerikada ucaldılacaqdır.
1912-ci il noyabrın 5-də Ohayo ştatının Sinsinat şəhərindəki çıxışında O
buyurmuşdur:
"Amerikalılar alicənab millətdir. O,
dünyada sülhün bayraqdarıdır və öz nurunu hər yerə saçır. Heç bir millət
xeyirxahlıqda və comərdlikdə onunla müqayisə edilə bilməz: digər millətlər ümumi
sülh yaratmağa qadir deyillər. Lakin Allaha şükr olsun ki, Amerika bütün
ölkələrlə sülh şəraitində yaşayır, buna görə də qardaşlıq və ümumi sülh
bayrağını qaldırmağa layiqdir. Amerika ümumi sülh çağırışını elan edəndə, bütün
qalan ölkələr deyəcəklər: "Bəli, biz də qəbul edirik!"
"Bütün ölkələrin millətləri birləşəcək
və Həzrət Bəhaullahın əlli il bundan əvvəl elan edilmiş Təlimini həyata
keçirəcəklər. Həzrət Bəhaullah Öz məktublarında bütün dünya parlamentlərinə
təklif edirdi ki, millətlər arasındakı mübahisəli məsələlərin həll edilməsi və
ümumi sülhün yaradılması üçün özlərinin ən yaxşı və müdrik adamlarını beynəlxalq
dünya parlamentinə göndərsinlər... Onda bütün Peyğəmbərlərin arzuladığı
Ümümdünya Parlamenti yaranacaqdır" ("Qərbin ulduzu" jurnalı. c.6, s.81).
Dünyanın heç bir ölkəsində Həzrət
Bəhaullahın Təlimi belə iltifatla qarşılanmadığı halda Amerika Birləşmiş
Ştatlarında Həzrət Bəhaullahın və Həzrət Əbdülbəhanın çağırışına əhəmiyyətli
dərəcədə cavab verdilər. Amerikanın üzərinə qoyulan, bütün millətləri sülhə
çağırmaq missiyası, qismən yerinə yetirilsə də, gələcək hadisələrin necə inkişaf
edəcəyini bəhailər böyük maraqla gözləyirlər.
Həzrət Bəhaullah və Həzrət Əbdülbəha
1914-1918-ci illər müharibəsinin baş verəcəyi xəbərini dəfələrlə, əvvəlcədən
heyrətamiz bir dəqiqliklə söyləmişlər. Həzrət Əbdülbəha 1912-ci il oktyabrın
26-da Kaliforniya ştatının Sakramento şəhərindəki çıxışında demişdir:
"Bu gün Avropa qitəsi silah
cəbbəxanasına bənzəyir. Bu birinci qığılcımla partlamağa hazır olan barıt
anbarıdır. Xüsusilə indi dünya qarşısında Balkan məsələsi durduğu bir vaxtda
təkcə bir qığılçım nəticəsində bütün Avropanı alova bürüyə bilər".
1912-ci ilin oktyabrında Kaliforniyadakı
başqa bir çıxışında Həzrət Əbdülbəha söyləmişdir: "İncildə, Allahdan nazil olmuş
Vəhy bölməsinin 16-cı fəslində söyləndiyi kimi biz Harmegidon
müharibəsi ərəfəsindəyik. Və cəmi iki il qalıb ki, təkcə bir qığılcım bütün
Avropanı alovlandırsın.
Peyğəmbərin Kitabında və Daniyal və
Yəhyanın xəbərlərində deyildiyi kimi, bütün ölkələrdə baş verən ictimai
həyəcanlar, eləcə də minillik imperiyadan əvvəl yaranan və hal-hazırda artıq
özünü büruzə verən dini şəkkaklıq bütün Avropanı alovlandıracaqdır.
1917-ci ildə padşahlıqlar devriləcək və
ictimai çevrilişlər dünyanı sarsıdacaqdır" (Xanım Korina Trunun "Nordşor Revyu"
jurnalına verdiyi məlumat, 26 sentyabr 1914-cü il, Çikaqo.).
Böyük Müharibə ərəfəsində, 1914-cü il
avqustun 3-də Həzrət Əbdülbəha demişdir:
"Sivil millətlərin ümumi savaşı
yaxınlaşır. Dünya ən fəlakətli qarşıdurma astanasındadır. Nəhəng ordular,
milyonlarla adamlar səfərbərliyə alınır və sərhədlərdə yerləşdirilir. Kiçicik
toqquşma onları dəhşətli müsibətə salacaq və dünyanı bəşər tarixində hələ heç
zaman misli görünməmiş bir yanğın bürüyəcəkdir" ("Qərbin ulduzu" jurnalı,
c.5, s.163).
Həzrət Bəhaullah və Həzrət Əbdülbəha
dünyada hökm sürən inamsızlıq və mövhumatın, cahillik və xurafatın labüd
nəticəsi kimi münaqişə və fəlakətlər, böyük ictimai çevrilişlər dövrünün
gələcəyini əvvəlcədən xəbər vermişlər. Böyük Dünya Müharibəsi bu çevrilişlərin
ancaq bir mərhələsi idi. Həzrət Əbdülbəha 1920-ci ilin yanvarında yazdığı
məktubunda buyururdu:
"Siz, ey həqiqəti sevənlər! Siz, ey
bəşəriyyətə xidmət edənlər!
Sizin şirin fikirlərinizin və yüksək
məramlarınızın xoş rayihəsi Mənə tərəf əsdi və Mən hiss edirəm ki, qəlbim
qeyri-ixtiyari olaraq Məni sizə bu məktubu yazmağa təhrik edir.
Ciddi düşünün, görün dünyanı bürüyən
hərc-mərclik necə də kədərlidir: yer üzü insan qanına boyanmışdır, üstəlik o
qanlı bir kütləyə çevrilib. Müharibə alovu elə dəhşətli yanğın törədib ki, buna
bənzərini dünya nə qədim dövrlərdə, nə orta əsrlərdə, nə də yeni dövrdə
görmüşdür.
Saysız-hesabsız insan kəllələri, sanki
dən kimi müharibə dəyirmanında əzilmiş və üyüdülmüşdür və hətta bu qurbanların
qisməti bundan da dəhşətli olmuşdur. Çiçəklənməkdə olan ölkələr xarabazara
çevrilmiş, şəhərlər yerlə yeksan edilmiş, abad kəndlər viranə qoyulmuşdur.
Atalar oğullarını itirmiş, oğullar atasız qalmış, analar öz oğullarına ağlayaraq
acı göz yaşları tökmüş, uşaqlar yetim qalmış, evsiz-eşiksiz qadınlar sərgərdan
gəzməyə başlamışlar. Bir sözlə, bəşəriyyət bütün sahələrdə tənəzzülə uğramışdır.
Yetimlərin gur naləsi və anaların iztirablı iniltiləri ərşə qalxmışdır.
Bütün bu fəlakətlərin əsas səbəbi irqi,
milli, dini və siyasi xurafatlardır və bütün bu xurafatların mənbəyi isə, istər
dini, irqi, milli, istərsə də siyasi xarakterli olsun, köhnəlmiş və dərin kök
salmış ənənələrdir. Bu ənənələr mövcud olanadək, insan çəmiyyətinin təməli
davamsız olacaq, bəşəriyyətin özü isə daim təhlükəyə məruz qalacaqdır.
İndi, bütün yaradılmışların mahiyyəti
açıqlanan və bütün məxluqların gizli sirləri aydınlaşan bu gözəl əsrdə,
həqiqətin sübh şəfəqlərinin zülmətə bürünmüş dünyanı nura boyadığı zaman,
bəşəriyyətə bu qədər zərər vuran belə amansız qırğına yol vermək mümkündürmü?
Xeyr, Allaha and olsun bu yolverilməzdir!
İsa Məsih bütün adamları məhəbbətə və
əmin-amanlığa çağıraraq Pyotra hökm etdi ki, qılıncı qınına qoysun. Onun İradəsi
və Onun Tövsiyəsi məhz belə idi. Lakin Onun adını daşıyanlar öz qılınclarını
sıyırdılar. Onların əməlləri ilə Müqəddəs Kitabın mətni arasındakı fərq necə də
böyükdür.
60 il bundan əvvəl Həzrət Bəhaullah İran
səmasında sanki parlaq günəştək Şəfəq saçaraq bəyan etdi ki, dünya zülmətə
bürünmüşdür və bu zülmət ölümcül nəticələr və qanlı müharibələr doğura biləcək
hadisələrlə doludur.
Əkka həbsxanasında dustaq olan Həzrət Bəhaullah Almaniya imperatoruna
müraciət edərək şübhə doğurmayan aydın ifadələrlə ona bildirir ki, dəhşətli
müharibə baş verəcək və Berlində fəryad və zar-zar ağlaşma səsləri ucalacaqdır.
Beləcə də, Türkiyə Sultanının fərmanı ilə Əkka qalasında günahsız əsir olan Həzrət Bəhaullah aydın şəkildə və
qətiyyətlə ona yazır ki, İstanbulda elə kəskin dərəcədə hərc-mərclik baş
verəcəkdir ki, qadınların və uşaqların ah-naləsi ərşə ucalacaqdır. Bir sözlə, O
dünyanın bütün hökmdarlarına və böyük dövlət başçılarına məktublar göndərmiş və
Onun qabaqcadan dediyi bütün xəbərdarlıqlar yerinə yetmişdir. Müharibələrin
qarşısını almaq üçün Onun Şərafətli Qələmindən nazil olan Təlim bütün dünyada
geniş vüsət almışdır.
Onun Təliminin birinci müddəası –
həqiqətin müstəqil axtarılmasıdır. O bəyan edir ki, kor-koranə təqlid insanın
ruhunu öldürdüyü halda, həqiqəti tədqiq etmək dünyanı mövhumat zülmətindən azad
edir.
Onun Təliminin ikinci müddəası – bütün
bəşəriyyətin birliyidir. Bütün insanlar — vahid sürüdür, Allah isə onları sevən
Çobandır. Allah insanlara Özünün böyük mərhəmətini bəxş edir və onların hamısını
bir tam hesab edir. "Allahın yaratdığı məxluqlar arasında sən fərq tapa bilməzsən. Hamı
Onun quludur və Onun nemətlərinə möhtacdır".
Onun Təliminin üçüncü müddəası — dinin
ən güclü qala olmasıdır. O, düşmənçilik və nifrətə deyil, birliyə xidmət
etməlidir. Əgər din düşmənçilik və nifrətə səbəb olursa, belə dinin olmaması
daha yaxşıdır, çünki din xəstəyə verilən dərman kimidir. Əgər dərman xəstəliyi
kəskinləşdirirsə, ondan imtina etmək daha yaxşıdır. Həmçinin dini, irqi, milli
və siyasi xurafatlar bəşər cəmiyyətinin əsaslarının dağıdıcısıdır. Onların
hamısı bəşəriyyəti qan tökülməsinə və məhvə doğru aparır. Nə vaxta qədər ki, bu
xurafatlar mövcuddur, müharibə təhlükəsi kəsilməyəcəkdir. Bütün bunlardan azad
olmağın yeganə vasitəsi ümumi sülhdür və bu sülh bütün dövlətlərin və
millətlərin nümayəndələrindən ibarət Ali Tribunalın təsis edilməsi sayəsində
əldə ediləcəkdir.
Bütün milli və beynəlxalq məsələlərə bu
tribunalda baxılmalı və onun hər hansı bir qərarı danışıqsız yerinə
yetirilməlidir: əgər hər hansı bir dövlət və ya millət bu tribunalın qərarını
inkar edərsə, onda bütün dövlətlər birlikdə ona qarşı çıxmalıdırlar.
Onun Təliminin digər müddəalarından biri
də kişi və qadınların hüquq bərabərliyidir və Onun Qələmindən nazil olmuş xeyli
başqa prinsiplər vardır. İndi aydın olmuşdur ki, bu prinsiplər insan həyatının
və onun əsl ruhunun təcəssümüdür.
Və siz insan cəmiyyətinin xadimləri kimi
indi bütün qəlbinizlə və ruhunuzla öz səylərinizi bəşəriyyəti materializm
dünyasının zülmətindən və insanların mövhumat düşüncələrindən xilas olunmasına
sərf etməlisiniz ki, onlar İlahi Səltənətin nuru ilə işıqlansınlar.
Allaha şükr olsun ki, siz dünyada mövcud
olan bütün qaydalarla, qanunlarla və prinsiplərlə tanışsınız: indi Həzrət
Bəhaullahın yuxarıda deyilən Təlimindən başqa heç nə bəşəriyyətə əmin-amanlıq və
yer üzünə sülh gətirə bilməz. Onlarsız bu zülmət heç zaman yox olmayacaq və
bütün bu sağalmaz xəstəliklər müalicə edilməyəcəkdir, əksinə, onlar günü-gündən
daha da kəskinləşəcəklər. Balkan dövlətləri sakitləşməyəcəklər və onların
vəziyyəti pisləşəcəkdir. Məğlub edilmiş ölkələr razılaşmayacaq və hər hansı bir
fürsət düşən kimi müharibə ocağını yenidən yandırmağa çalışacaqlar.
Yeni beynəlxalq hərəkatlar öz ideya və
məqsədlərini həyata keçirmək üçün bütün qüvvələrindən istifadə edəcəklər.
Solların hərəkatı böyük əhəmiyyət və təsir qüvvəsinə yiyələnəcəkdir. Beləliklə,
nurlu qəlblə, səma ruhu ilə, Allahın gücü və Allahın köməyi ilə dünyada Allah nemətlərinin daşıyıcısı
olmağa və bütün bəşəriyyətə rifah və əmin-amanlıq gətirməyə çalışın"
(Əbdülbəha, 1920-ci ilin yanvarında yazdığı məktubdan)
Həzrət Əbdülbəha 1919-cu ilin noyabr
ayındakı söhbətində demişdi:
"Həzrət Bəhaullah dəfələrlə xəbər
vermişdi ki, bir vaxt gələcək, dinsizlik dünyanı bürüyəcək və onu hərc-mərcliyə
düçar edəcəkdir. Bu hərc-mərcliyin səbəbi isə hələ azadlığa hazır olmayan
xalqlara verilən ifrat azadlıq olacaqdır.
Buna görə də xalqların öz mənafeləri
naminə bu hərc-mərclikləri və həyəcanları aradan qaldırmaq üçün məcburi
tədbirlərin tətbiq edildiyi idarəetmə üsuluna qayıtmaq lazım gələcəkdir.
Aydındır ki, hər bir millət öz
müqəddəratını təyin etmək hüququna və fəaliyyət azadlığına tam nail olmağı
arzulayır, lakin onlardan bəziləri buna hələ hazır deyildir. Dünyada üstünlük
təşkil edən imansızlıq hərc-mərcliyə və qanunsuzluğa səbəb olur. Mən həmişə
demişəm ki, Böyük Müharibədən sonra edilən sülh təklifləri günəşin çıxması
deyil, ancaq dan yerinin zəif işartısıdır".
Zamanın bütün bu narahatlıqlarına
baxmayaraq, Allahın İşi uğurlar qazanacaqdır. Ayrı-ayrı şəxslərin xudpəsəndliklə
yaşamaq uqrunda apardıqları mübarizə və ya partiya mənafeləri, təriqətçilik və
ya milli məqsədlərin güdülməsi ucbatından doğan fəlakətlər adamları Allah
Kəlamının buyurduğu vasitələrə müraciət etmək məcburiyyətində qoyacaqdır.
Bədbəxtliklər nə qədər çox olarsa, adamlar da bir o qədər çox yeganə, düzgün
vasitəyə müraciət edəcəklər. Həzrət Bəhaullah Nasirəddin şaha ünvanladığı
məktubunda yazır:
"Allah bədbəxtliyi bu yaşıl otlağa səhər
yağışı, Onun göyü və yeri işıqlandıran Çırağı üçün fitil kimi müəyyən
etmişdir... Bədbəxtliklər vasitəsilə Onun İşi ucalır və Onun Şərəfi şəfəq saçır.
Onun bütün keçmiş zamanlarda və indiki dövrdə mövcud olan Qanunu belədir".
Həzrət Bəhaullah və Həzrət Əbdülbəha ən
aydın ifadələrlə qabaqcadan xəbər vermişlər ki, tezliklə bütün maddi varlıqlar
üzərində qələbə qazanılacaq və bunun ardınca Ən Böyük Sülh qurulacaqdır. Həzrət
Əbdülbəha 1904-cü ildə yazırdı:
"Bil ki, məhrumiyyətlər və bədbəxtliklər
günü-gündən artacaq və adamlar əzab çəkəcəklər. Hər yerdə sevinc və xoşbəxtlik
qapıları bağlanacaqdır. Dəhşətli müharibələr başlanacaqdır. Bütün arzuların puç
olması və ümidsizlik adamları elə bürüyəcəkdir ki, onlar Allaha müraciət etməyə
məcbur olacağlar. Bu zaman böyük xoşbəxtlik nuru bütün üfüqləri işıqlandıracaq
və hər yerdən "Ya Bəha-ül-Əbha" sədaları
ucalacaqdır" ("Müharibə və sülh" haqqında məcmuədə verilmiş Əbdülbəhanın
L.D.B.-ya yazdığı məktubdan, s.187)
1914-cü ilin fevralında Ondan "bu Təlimi
hər hansı bir böyük dövlət tanıyırmı?" — deyə soruşulanda, Həzrət Əbdülbəha belə
cavab vermişdi: "Dünyanın bütün millətləri dini qəbul edəcəklər. Əgər siz bu
Təlimin yarandığı ilkin vaxtdakı vəziyyətini indiki dövrdəki vəziyyəti ilə
müqayisə etsəniz, onda görərsiniz ki, Allah Kəlamı necə tez təsiretmə gücünə
malikdir və indi Allahın İşi bütün dünyanı necə bürümüşdür. Şübhəsiz, hamı Allah
İşinin kölgəsinə toplaşacaq" ("Qərbin ulduzu" jurnalı, c.9, s.31).
Həzrət Əbdülbəha bildirir ki,
bəşəriyyətin birliyi bu əsr ərzində baş verəcəkdir. Məktublarının birində O
yazır:
"Bəşər ailəsinin bütün üzvləri, istər
millətlər olsun və ya hökumətlər, şəhərlər və ya kəndlər olsun, onlar getdikcə
daha çox bir-biri ilə qarşılıqlı surətdə bağlanırlar. Ona görə ki, heç kim
müstəqil və sərbəst qala bilməz və xüsusilə də ona görə ki, siyasi münasibətlər
bütün xalqları və millətləri birləşdirməyə başlamışdır, ticarət, sənaye, kənd
təsərrüfatı və mədəniyyət əlaqələri isə gündən-günə möhkəmlənməyə başlamışlar.
Deməli, bütün bəşəriyyətin birliyinin həyata keçirilməsi indi mümkün olmuşdur.
Doğrudan da bu, ecazkar döv-rün, bu şərəfli əsrin möcüzələrindən biridir. Ona
görə ki, nur əsri olan bu əsrə yeganə və müqayisə edilməz qüdrət, dəbdəbə və
şöhrət bəxş edilmişdir. Deməli, hər gün təəccüb doğuracaq dərəcədə yeni-yeni
möcüzələr baş verir və nəhayət, biz bəşər cəmiyyətini öz şəfəqləri ilə
işıqlandıran həqiqət Çırağını görəcəyik".
Daniyal Peyğəmbərin Kitabının son iki
ayəsində belə müəmmalı sözlərə rast gəlirik: "Gözləyən və min üç yüz otuz beş
günə çatan kəs bəxtiyardır. Sənsə öz sonuna doğru get və sakitləşərsən və
günlərin sonunda sənin qismətinə düşəni almaq üçün qalxarsan" (Библия. Книга Пророка Даниила, 12:12-13).
Bir çox alimlər bu sözlərin mənasını
açmağa cəhd göstərmişlər. Bu sətirlərin müəllifinin də iştirak etdiyi süfrə
arxasındakı söhbətlərin birində Həzrət Əbdülbəha Daniyal Peyğəmbərin qabaqcadan
söylədiyi xəbərlərin İslam erasının başlanması tarixindən yerinə yetdiyini
bildirdi.
Həzrət Əbdülbəhanın məktublarından aydın
olur ki, Peyğəmbərcəsinə söylənmiş bu xəbər Həzrət Bəhaullahın Öz Missiyasını
Bağdadda bəyan etməsinin yüz illiyinə, yəni 1863-cü ilə aiddir. "İndi Daniyal
Peyğəmbərin: "Gözləyən və min üç yüz otuz beş günə çatan kəs bəxtiyardır"
ayələrinin sən soruşduğun şərhinə gəldikdə isə bu günlər qəməri tarixi ilə
deyil, günəş ili ilə hesablanmalıdır. Ona görə ki, bu hesablamalara görə həqiqət
Günəşinin Doğacağı gündən bir əsr keçəcək və bu zaman İlahi Nur Şərqdən Qərbədək
dünyanı şəfəqlərə boyayacaqdır. Onda, həmin gün möminlər sevinəcəklər".
1914-cü il fevralın 14-də Hayfada bəhai
zəvvarlar üçün tikilmiş evlərin birinin pəncərəsi qarşısında oturan zaman Həzrət
Əbdülbəhanın Əkka və Hayfa şəhərləri haqqında söylədiklərini Həzrət Əbdülbəhanın
katibi Mirzə Əhməd Söhrab öz gündəliyində belə qeydə almışdır.
"Zəvvarlar evindən açılan mənzərə
olduqca gözəldir, xüsusilə ona görə ki, o Həzrət Bəhaullahın məzarı qarşısında
tikilmişdir. Gələcəkdə Əkka və Hayfa arasındakı ərazidə binalar tikiləcək və bu iki şəhər
birləşərək böyük bir şəhərin iki rayonuna çevriləcəkdir. İndi bu ərazilərə
baxanda, Mən aydın görürəm ki, bura dünyanın birinci dərəcəli ticarət
mərkəzlərindən biri olacaqdır.
Bu böyük yarımdairəvi görfəz ən gözəl
limana çevriləcək və dünyanın bütün ölkələrinin gəmiləri özlərinə burada
dayanacaq və mühafizə tapacağlar. Böyük gəmilərin hər biri yer kürəsinin hər
tərəfindən minlərlə kişi və qadını öz göyərtəsində bu limana gətirəcək. Dağlarda
və düzənliklərdə ən dəbdəbəli gözəl binalar və saraylar tikiləcək, sənaye
müəssisələri və ictimai idarələr açılacaqdır.
Burada bütün xalqların mədəniyyətinin və
sivilizasiyasının ən yaxşı nümunələri, onların rayihəsi birləşəcək və insanları
qardaşlığa aparan yolu işıqlandıracaqdır. Hər tərəfdə ecazkar bağçalar, meyvə
bağları, meşəliklər və parklar salınacaqdır. Gecələr bu nəhəng şəhər elektirik
işığına qərq olacaqdır. Əkkadan
başlamış Hayfayadək uzanan bütün liman başdanbaşa işıqlandırılmış yolu
xatırladacaq. Gəmilərə yol göstərmək üçün Kərmel dağının hər iki tərəfində ən
güclü projektorlar qurulacaqdır.
Kərmel dağının özü zirvəsindən tutmuş
ətəyinədək işıq dənizinə qərq olacaqdır. Kərmel dağının zirvəsində olan adam,
eləcə də gəmilərdəki sərnişinlər dağa yaxınlaşdıqca dünyanın ən gözəl və
əzəmətli mənzərəsini görəcəklər. Dağın hər tərəfindən "Ya Bəha-ul-Əbha"
simfoniyası eşidiləcək və sübh çağından qabaq məlahətli səslərlə müşayiət edilən
valehedici musiqi Qüdrətlinin Taxtına ucalacaqdır.
Həqiqətən, Allahın yolu sirli və
anlaşılmazdır. Şiraz və Tehran, Bağdad və İstanbul, Ədirnə və Əkka və Hayfa arasında nə kimi zahiri əlaqə var?
Allah-taala səbrlə, addım-addım, Özünün qabaqcadan müəyyənləşdirmiş planına
uyğun olaraq elə fəaliyyət göstərir ki, Peyğəmbərlərin əvvəlcədən söylədikləri,
ölçüb-biçdikləri xəbərlər yerinə yetsin. Xilaskarın minilliyi barəsində vəd
bütün Tövratdan qızıl xətlə keçir və belə müəyyən edilmişdi ki, Allah Özünə
münasib bildiyi vaxtda onların yerinə yetməsinə rəvac verəcəkdir. Hətta bircə
söz belə şərh edilməmiş və icra edilməmiş qalmayacaqdır" (Mirzə Əhməd
Söhrabın gündəliyindən).