Ý
Kitabın
əvvəlinə
"...Ey dostlar! Mən sizi əmin edirəm ki, bolluq
oldu, dəlillər tükəndi, sübutlar aşkar oldu və əsaslar müəyyənləşdirildi. İndi
göstərin, görək ki, könüllü məhrumiyyətlər yolunda sizin səyləriniz nə ilə
nəticələnəcəkdir. Sizə və hamıya, göylərdə və yerdə olanlara Allahın nemətləri
belə nazil oldu. Hər iki dünyanın hökmdarı Allah-taalaya şükrlər olsun".
Bəhaullah. Kəlimat-i-Məknunə
TƏLİMİN YAYILMASI
BAB VƏ BƏHAULLAHIN PEYĞƏMBƏRLİKLƏRİ
ŞANLI GƏLƏCƏK
DİNİN YENİLƏŞMƏSİ
YENİ VƏHYƏ TƏLƏBAT
HƏQİQƏT HAMI ÜÇÜNDÜR
ƏBDÜLBƏHANIN VƏSİYYƏTİ VƏ SON İRADƏSİ
ALLAH ƏMRİNİN MÜHAFİZİ
ALLAH ƏMRİNİN ƏLLƏRİ
İNZİBATİ QAYDA
BƏHAULLAHIN DÜNYA QAYDASI
Təəssüflər olsun ki, bu qısa oçerkdə Bəhai
Dininin dünyaya yayılmasını təfərrüatı ilə təsvir etmək qeyri-mümkündür. Bu
maraqlı mövzuya xeyli fəsil həsr etmək olar və bu dinin pionerləri haqqında,
onun qurban getmiş şəhidləri barəsində ürəkləri həyəcanlandıran çoxlu hekayələr
də danışmaq olar, lakin biz ən qısa və ümumi məlumat verməklə kifayətlənəcəyik.
İranda bu dinin ilk tərəfdarları öz
həmyerliləri tərəfindən ən ağır təqiblərə və məşəqqətlərə məruz qaldılar, lakin
onlar bu fəlakətləri və sınaqları ən böyük rəşadətlə, yenilməzlik və səbrlə
qarşıladılar. Onların ilk sınaqları öz qanlarının tökülməsi oldu, belə ki,
onlardan minlərlə adam şəhid edildiyi zaman, minləri amansızcasına döyülür,
həbsxanalara atılır, əmlakları talanır, didərgin salınır və müxtəlif təqiblərə
məruz qalırdılar.
İranda altmış ildən artıq bir dövr ərzində
əgər bir kəs Həzrət
Baba və ya Həzrət Bəhaullaha olan sədaqətini
açıq bildirsəydi, bu zaman o, öz əmlakını, azadlığını və hətta həyatını böyük
təhlükə altına qoymuş olardı. Toz dumanı günəşin çıxmasının qabağını kəsə
bilmədiyi kimi, bu azğın, hiddətli düşmən münasibəti də Təlimin inkişafına mane
ola bilmədi.
Bütün İran
ərazisində, demək olar ki, şəhərlərin, kəndlərin, obaların hamısında və hətta
köçəri tayfaların içində də indi bəhailərə rast gəlmək olar. Bəzi kəndlərin
bütün əhalisi bəhailərdən ibarətdir və digər yerlərdə isə əhalinin böyük
əksəriyyətini bəhailər təşkil edirlər.
Əvvəllər tamamilə müxtəlif, bir-birinə
düşmən təriqətlərə mənsub olan bu adamlar bir yerə toplanaraq indi dostlardan
ibarət böyük cəmiyyət yaratmışlar. Onlar təkcə bir-birini deyil, bütün bəşər
cəmiyyətinin birliyi və əzəməti üçün, hər cür mövhumatın və münaqişələrin aradan
qaldırılması üçün və yer üzündə İlahi Səltənətin qurulması üçün çalışan, bütün
adamları özlərinə qardaş bilirlər.
Bundan da böyük möcüzə ola bilərmi? Yalnız
bir möcüzə ola bilər ki, o da bu adamların öz üzərlərinə götürdükləri bu
vəzifəni bütün dünya səviyyəsində yerinə yetirməkdir. Bəzi açıq-aydın əlamətlər
göstərir ki, bu ən böyük möcüzə də baş verəcəkdir. Bu təlim heyrətamiz həyatilik
nümayiş etdirir və bütün bəşər cəmiyyətinin canına sanki maya kimi daxil olaraq,
bütün insanları və cəmiyyətləri inkişaf etdikcə dəyişdirir.
Əvvəlki dinlərin çoxsaylı ardıcılları ilə
müqayisədə bəhailərin nisbətən xeyli az olması sanki əhəmiyyətsiz məsələdir. Bu
adamlar əmindirlər ki, Yeni Qaydaya xidmət etmək üçün İlahi Qüdrət onlara
nemətlər və yüksək imtiyazlar bəxş etmişdir və yaxın gələcəkdə Şərq və Qərb
xalqları onlara qoşulacaqdır.
Həzrət Bəhaullahın Təlimi sayəsində onun
mənbəyi və bilavasitə təsiri haqqında heç nə bilməyən bütün dünya ölkələri
adamlarının pak ürəklərində Müqəddəs Ruh əks olunsa da, biz Onun bu və ya digər
prinsiplərinin həyata keçirilməsi sahəsindəki bir sıra cəhdləri açıq müşahidə
edərkən, köhnə quruluşun əsaslarının davamsızlığı bizi belə bir qənaətə gətirir
ki, İlahi Səltənətin idealları yalnız bəhai cəmiyyəti çərçivəsində səmərə verə
bilər.
Biz Həzrət Babın və Həzrət Bəhaullahın
həyatı ilə nə qədər çox tanış oluruqsa, Onların Təlimini nə qədər çox
öyrəniriksə, Onların əzəmətinə Onların İlahi ilhamını təsdiqləməkdən başqa,
digər bir izah tapılmasının qeyri-mümkünlüyünə bir o qədər çox əmin oluruq.
Onlar fanatizm və cahillik mühitində
tərbiyələnmiş və yalnız sadə təhsil almışdılar. Onların Qərb mədəniyyəti ilə heç
bir əlaqəsi olmamışdır. Onların arxalarında nə bir siyasi partiya, nə də maliyyə
qüvvəsi var idi. Onlar adamlardan heç nə tələb etmədikləri halda, onlardan
yalnız ədalətsizlik və zülm görmüşlər.
Dünyanın qoluzorluları Onlara etinasızlıq
göstərmiş, ya da Onlara qarşı çıxmışlar. Onlar Öz missiyalarını yerinə yetirmək
yolunda ən ağır sınaqlara dözmüş və şallaqla döyülməyə, işgəncələrə, həbslərə
məruz qalmışlar. Onlar Allahdan başqa heç kimdən heç bir kömək almadan təkbaşına
bütün dünyaya qarşı dayanmışlar, lakin Onların qələbəsi şübhəsiz və parlaqdır.
Onların ideallarının əzəməti və ucalığı,
Onların alicənablığı və fədakarlığı, Onların sarsılmaz cəsarəti və qətiyyəti,
Onların heyrətamiz müdrikliyi və təfəkkürü, Onların Şərq və Qərb xalqlarının
ehtiyaclarını başa düşmək bacarığı, Onların Öz ardıcıllarında tam sədaqət və ruh
yüksəkliyi oyatmaq qüdrəti, Onların nüfuzunun dərinliyi və gücü, Onların
təməlini qoyduqları hərəkatın tərəqqisi – şübhəsiz ki, bunların hamısı Onların
İlahiliyinin inandırıcı dəlilləri edir, eləcə də din tarixinin bizə təqdim edə
bildiyi inkaredilməz sübutlardır.
Bəhai Dininin verdiyi xoş xəbər İlahi
nemətlərin perspektivlərini, bəşəriyyətin gələcək tərəqqisini açıqlayır və
şübhəsiz ki, bəşər tarixində hələ görünməmiş, ən böyük və şərəfli olan bu Vəhy
bütün keçmiş zühurların tamamlanması və yerinə yetirilməsidir. Bu Vəhyin məqsədi
bəşəriyyəti yeniləşdirməkdən, "yeni səma və yeni dünya" yaratmaqdan başqa bir
şey deyildir.
Bu, İsa Məsihin və bütün Peyğəmbərlərin öz
həyatlarını həsr etdikləri həmin işin özüdür. Və bu dahi müəllimlər arasında
rəqabət yoxdur. Bu məqsəd hər hansı bir ayrıca götürülmüş Vəhylə deyil, bütün
vəhylərin birgə fəaliyyətləri ilə həyata keçiriləcəkdir. Bununla əlaqədar olaraq
Həzrət Əbdülbəha buyurur:
"Həzrət İsanı yüksəltmək üçün İbrahim
Peyğəmbəri alçaltmaq lazım deyil. Eləcə də Həzrət Bəhaullahı ucaltmaq üçün İsa
Peyğəmbəri alçaltmağa ehtiyac yoxdur. Biz haradan intişar etməsinə baxmayaraq,
İlahi həqiqəti gülər üzlə qarşılamalıyıq. Məsələnin mahiyyəti ondan ibarətdir
ki, bütün bu dahi Peyğəmbərlər İlahi kamillik bayrağını yüksəltməyə gəlmişlər.
Onların hamısı İlahi İradənin həmin o yeganə səmasının günəşləridir. Onların
hamısı dünyaya İşıq saçırlar" ("Qərbin ulduzu" jurnalı, c.3, s.8).
Bu iş — Allah işidir və Allah bu yaradıcı
işin yerinə yetirilməsində yalnız Peyğəmbərləri deyil, eləcə də bütün
bəşəriyyəti fəal iştirak etməyə çağırır. Biz Allahın çağırışından imtina etsək
də, bununla biz Onun İşinin irəliləməsinə mane ola bilmərik, belə ki, Allahın
İstəyi hökmən yerinə yetəcəkdir. Əgər biz öz vəzifələrimizi yerinə yetirməsək
belə, Allah-taala Öz İstəyinin yerinə yetməsi üçün başqa vasitələr yarada bilər
və beləliklə biz öz həyatımızın əsl məqsədindən və mahiyyətindən məhrum olarıq.
Allaha itaət etmək, yəni Onu sevmək və Onun
bəndəsi olmaq, Onun İradəsinin məcrası və Onun yaradıcı gücünün vasitəçisi olmaq
lazımdır ki, Onun İlahi və zəngin həyatından başqa özündə heç bir digər həyat
təsəvvür etməyəsən. Həzrət Bəhaullahın Təliminə uyğun olan bu həyat tərzi insan
varlığının ən parlaq və şərəfli kamilliyidir.
İnsanlar mahiyyət etibarı ilə qəlbən
təmizdirlər, çünki onlar "Allahın bənzərində və surətində" yaradılmışlar və
həqiqəti tapdıqdan sonra hökmən yanlış yoldan çəkinəcəklər. Həzrət Bəhaullah
bizi əmin edir ki, Allahın çağırışı tezliklə hamı tərəfindən qəbul ediləcək,
insanların hamısı sədaqətli və itaətkar olacağlar. Bu zaman bütün kədərlər
sevincə dönəcək və bütün xəstəliklər şəfa tapacaqdır. Və bu "dünyanın səltənəti"
Rəbbimizin və Onun Xilaskarının Səltənəti olacaq; Və O, əbədi olaraq hökmranlıq
edəcəkdir" (İncil. Allahın Muqəddəs Həvari Yəhyaya verdiyi Vəhy. 11:15)
Nəinki yer üzündə yaşayanlar, göydəkilərin
və yerdəkilərin hamısı Tək Allaha qovuşacaq və Onda əbədi sevinc tapacağlar.
İndiki beynəlxalq vəziyyətin ortaya qoyduğu
çoxsaylı dəlillər onu göstərir ki, xırda istisnalarla, bütün dinlərin
ardıcılları öz dinlərinin mahiyyətini dərk etmək üçün yeni dirçəlişə ehtiyac
duyurlar: belə dirçəliş Həzrət Bəhaullahın Təliminin tərkib hissəsidir. O
xristianları daha yaxşı xristian müsəlmanları əsil müsəlman etmək üçün
gəlmişdir.
O, həm də bütün Peyğəmbərlərin vəd etdikləri
daha böyük Zühuru yerinə yetirir; bu Zühur həmin Peyğəmbərlərin işini başa
çatdırmaq və tamamlamaq üçün "Vaxt yetişəndə" baş verməlidir. O, sələflərindən
fərqli olaraq mənəvi həqiqətləri daha mükəmməl açıqlayır və bizim dünyada
rastlaşdığımız bütün fərdi və ictimai problemlərə münasibətdə Allahın İradəsini
aşkar edir.
O, yeni başlanan erada dünyanın bütün
tələblərinə müvafiq olan Təlim gətirmişdir. Bu ümumdünya Təlimi yeni və daha
yaxşı sivilizasiya qurulması üçün möhkəm zəmin təşkil edəcəkdir.
Bütün bəşəriyyətin birliyi, dünyanın
müxtəlif dinlərinin yaxınlaşması, dinlə elmin barışması, Ümumdünya Sülhünün
yaradılması, Beynəlxalq dilin və Beynəlxalq Arbitraj Məhkəməsinin təsis
edilməsi, qadın azadlığı, ümumi təhsilin həyata keçirilməsi, nəinki quldarlığın,
eləcə də sənaye quldarlığının ləğv edilməsi, hər bir fərdin lazımi hüquq və
azadlığını təmin edən vahid insan cəmiyyətinin təşkili — ən ümdə əhəmiyyətə və
fövqəladə çətinliklərə malik olan bütün bu problemlərə münasibətdə xristianlar,
müsəlmanlar və digər dinlərin ardıcılları hələ də müxtəlif və çox zaman da
bir-birinə zidd fikirlərdə qalmaqda davam edirlər, lakin Həzrət Bəhaullah elə
dəqiq və aydın prinsiplər kəşf etmişdir ki, onların hamı tərəfindən qəbul
edilməsi, şübhəsiz, dünyanı Cənnətə çevirəcəkdir.
Çoxları bu fikirlə razılaşmağa tam hazırdır
ki, Bəhai Təlimi İran və Şərq üçün olduqca gözəl dindir, amma Qərb xalqları üçün
o qədər də vacib deyildir və ya hətta sadəcə olaraq faydasızdır. Belə
düşünənlərdən birinə Həzrət Əbdülbəha demişdir:
"Həzrət Bəhaullahın Təliminə gəldikdə isə
bunları demək lazımdır; insanların rifahına aid olan bütün nə varsa —
İlahidəndir və İlahidən olan bütün nə varsa, insanların rifahına xidmət edir. O
şey ki, həqiqətdir — o hamı üçündür, o şey ki, həqiqət deyildir — o heç kimə
lazım deyil. Deməli, ümumbəşəri rifah üçün olan İlahi Təlim yalnız Şərqə və ya
yalnız Qərbə mənsub ola bilməz, çünki həqiqət Günəşi həm Şərqi, həm də Qərbi
işıqlandırır, həm Şimalı, həm də Cənubu isidir: bir qütb ilə digər qütb arasında
heç bir fərq yoxdur.
İsa Məsihin Zühuru zamanı romalılar və
yunanlar belə düşünürdülər ki, Onun Təlimi yalnız yəhudilər üçündür. Onlar belə
hesab edirdilər ki, kamil sivilizasiyaya malikdirlər, İsa Məsihdən öyrənməli heç
bir şey yoxdur və belə yalnış təsəvvürə malik olanların əksəriyyəti Onun
mərhəmətindən məhrum oldular. Bil ki, xristianların prinsipləri və Həzrət
Bəhaullahın tövsiyələri oxşardırlar və onların yolu da eyni bir yoldur.
Hər bir gün tərəqqi deməkdir: vaxt vardı ki,
bu İlahi qaydalar (Gələcək vəhylər) rüşeym halında idi, sonra isə yeni doğulmuş
görpə oldu, sonra uşağa, sonra kamil gəncə çevrildi, indi isə gözəlliyi ilə
şəfəq saçır və ən gur parlaqlıqla bərq vurur. İlahi sirlərə nüfuz edən və onu
bilənlər arasında öz yerini tapan nə bəxtiyardır".
Öz Sevimlisini itirən Bəhai Təlimi tarixinin
yeni mərhələsinə qədəm qoymuşdur. Bu yeni mərhələ həmin ruhani orqanizmin
inkişafında daha yüksək və kamil vəziyyəti təmsil edir, deməli, ardıcıllarının
üzərinə daha böyük məsuliyyət qoyur. Həzrət Əbdülbəha Özünün fövqəlbəşəri
enerjisini və nadir qabiliyyətini, Həzrət Bəhaullaha olan məhəbbətini Təlimin
Şərqə və Qərbə yayılması işinə sərf etmişdir. O, inam çırağını saysız-hesabsız
ürəklərdə yandırmışdır. O, adamları elə tərbiyələndirir və istiqamətləndirirdi
ki, onlar fərdi ruhi həyatın xüsusiyyətlərinə yiyələnsinlər.
Həzrət Əbdülbəhanın Vəsiyyətinin son dərəcə
böyük əhəmiyyət kəsb etməsini və Onun göstərişlərinin müdrikliyini nəzərə
alaraq, onun ciddi məsələlərə toxunduğunu bilərək, biz burada Həzrət Əbdülbəhanı
ruhlandıran və həvəsləndirən və Onun sədaqətli ardıcılları üçün dəyərli irs
olan, şüurları canlı surətdə işıqlandıran rəhbər prinsiplərdən bəzi nümunələr
gətirəcəyik.
"Siz ey, Allahın sevimliləri! Bu Müqəddəs
vəhylərdə münaqişələr və çəkişmələr qəti qadağandır. Təcavüzkar kimliyindən
asılı olmayaraq, həmişə özünü Allahın mərhəmətindən məhrum edir. Hər bir insan
bütün xalqlara və irqlərə, dostlara və mühacirlərə tam məhəbbətlə, düzgünlük və
vicdanla, səmimi xeyirxahlıqla yanaşmalıdır. Məhəbbət və lütfkarlıq ruhu elə
güclü olmalıdır ki, qərib özünü dost kimi hiss etsin, düşmən isə heç bir fərq
qoymadan özünü qardaş bilsin. Çünki genişlik İlahi vergidir, məhdudluq isə maddi
dünyaya xas olan keyfiyyətdir!..
Ey Mənim sevimli dostlarım! Dünyanın bütün
adamları, irqləri və dinləri ilə səmimiyyətlə, düzgünlüklə, lütfkarlıqla rəftar
edin və onlarla dostcasına davranın ki, bütün varlıq aləmi Bəhanın müqəddəs
nemətləri ilə dolsun: belə ki, cahillik, düşmənçilik, nifrət və kin-küdurət yer
üzündən silinə bilsin, dünya xalqları və irqləri arasındakı təcrid zülməti
birlik nuru ilə əvəzlənsin.
Əgər başqa xalqlar və millətlər sizə
vəfasızlıq göstərərlərsə, siz onlarla vəfalı olun, əgər onlar sizə qarşı
ədalətsizdirlərsə, siz onlarla ədalətli olun, əgər onlar sizdən uzaqlaşırlarsa,
siz onları özünüzə cəlb edin, əgər onlar sizinlə düşmənçilik edirlərsə, onlarla
dostcasına davranın, əgər onlar sizin həyatınızı zəhərləyirlərsə, onların
qəlblərini xoş edin, əgər onlar sizə yara vurarlarsa, onların qəlbləri üçün
şəfaverici məlhəm olun. Səmimilik nişanələri bunlardır: doğruçuluq keyfiyyətləri
belədir!..
Siz ey, Allahın sevimliləri! Siz bütün
ədalətli rəhbərlərə itaət etməli və hər bir imanlı hökmdara sədaqət
göstərməlisiniz. Bütün dünya hökmdarlarına vicdanla və sədaqətlə xidmət edin.
Onlara itaətkarlıq göstərin və onların xeyirxahı olun. Onların razılığı və
icazəsi olmadan siyasi işlərə qarışmayın, çünki ədalətli hökmdara sədaqətsizlik
Allahın Özünə sədaqətsizlikdir. Bu Mənim məsləhətimdir və Allahın sizə
tövsiyəsidir. Kim buna əməl edirsə, o xoşbəxtdir!..
Ya Rəbb! Özün şahidsən ki, bütün varlıqlar
Mənim halıma ağlayır, Mənim doğmalarım isə Mənim bədbəxtliyimə sevinirlər. Ey
Mənim Allahım! Şükür olsun Sənə! Hətta Mənim düşmənlərimdən bəziləri Mənim
bədbəxtliklərimə və müsibətlərimə acıyırlar və hətta Mənim paxıllığımı
çəkənlərin əksəriyyəti Mənim dərdlərimə, Mənim başıma gələnlərə və sürgün
olunduğuma görə göz yaşı tökürlər və bütün bunlar ona görədir ki, onlar Məndə
sadiqlik və dərdlərə şərik olmaqdan başqa heç nə tapmamışlar; səmimilikdən və
xeyirxahlıqdan başqa heç nə görməmişlər.
Və onlar Mənim qəm-qüssə girdabına düşdüyümü
və tale oxlarına nişangah olduğumu görəndə, onların ürəkləri mərhəmətdən riqqətə
gəldi, gözlərindən yaş axmağa başladı və onlar təsdiq etdilər: "Allah Özü
şahiddir, biz onda sədaqətdən, comərdlikdən və mərhəmətdən başqa heç nə
görməmişik". Allahın əhdini pozanlar və kinlilər Mənim olduqca ağır fəlakətlərin
qurbanı olduğuma sevinir və Mənə qarşı çıxırdılar.
Ey Mənim Rəbbim Allah! Mən üzümü Sənə
tutaraq, qəlbimin ən dərin guşəsindən Sənə yalvarıram, onları zalımlıqlarına
görə, onların ədalətsiz əməllərinə görə, məkrinə və kininə görə cəzalandırma,
çünki onlar səfeh və nadandırlar, nə dediklərini anlamırlar. Onlar xeyri şərdən,
haqqı nahaqqdan və ədaləti ədalətsizlikdən seçə bilmirlər. Onlar öz istəklərinin
əsiridirlər və onlardan ən nöqsanlısına və ağılsızına əməl edirlər.
Ey Allah! Onlara rəhm eylə, bu ağır zamanda
onları bütün bəlalardan hifz eylə, qoy bütün əzab-əziyyətlər və çətinliklər
qaranlıq uçuruma qərq olmuş Sənin bu qulunun qismət payına düşsün. Məni hər cür
bəlalara düçar eylə və məni Sənin bütün sevimli bəndələrinin əvəzinə qurban
eylə.
Ey Mənim uca Allahım! Mənim canım, Mənim
həyatım, Mənim varlığım, Mənim ruhum və Mənim nəyim varsa, hamısı onlara qurban
olsun!
Ey Mənim Rəbbim Allah! Bu fağır iltimasçı
üzü üstə düşərək bütün qəlbi ilə Sənə yalvarır ki, məni incidənləri əfv edəsən,
Mənə qarşı fitnə-fəsad törədənləri, Məni ədalətsizliyə dözmək məcburiyyətində
qoyanları etdikləri səhvlərə görə bağışlayasan. Özünün ən yaxşı töhfələrini
onlara ver, onlara sevinclər göndər, onları bəlalardan qurtar, onlara sülh və
xoş küzəran nazil et, onları Öz mərhəmətinə layiq bil və Öz nemətlərini onların
üstünə yaqdır.
Sən Qüdrətlisən, Mərhəmətlisən, ağır
günlərin dayağısan və Bənzərsizsən.
İsa Məsihin şagirdləri özlərini, bütün
dünyəvi istəklərini unudaraq və özlərinin bütün qayğılarından və əmlaklarından
əl çəkərək, mütləq təmizlik halında bir ideyanı təbliğ edirdilər: dünya başqa
bir aləmə çevrilənədək və yer üzü işıqlanan vaxtadək dünya xalqlarını Allah
yoluna çağırırdılar. Ömürlərinin son saatınadək onlar sevimli Allah-taalanın
yolunda fədakarlıq göstərirdilər. Və nəhayət, müxtəlif ölkələrdə onlara şərəfli
şəhidlik üz verdi. Qoy iş görməyə qadir olan adamlar onların yolu ilə
getsinlər...
Ey Mənim Rəbbim Allah! Mən Səni, Sənin
Peyğəmbərlərini və Elçilərini, Sənin müqəddəslərini və qulluq göstərənlərini
şahidliyə çağırıram ki, Mən Sənin Tövsiyələrini bütünlüklə Sənin sevimli
bəndələrinə bəyan etmişəm və onlara Sənin İşini necə mühafizə edə bilməyi, Sənin
düz yolunun keşiyini necə çəkməyi və Sənin gözəl qanunlarını necə qorumağı —
bütün hər şeyi onlara aydın və ətraflı izah etmişəm. Sən, həqiqətən hər şeyi
Bilənsən, Müdriksən!" (Əbdülbəha. İradə və Vəsiyyət)
Həzrət Əbdülbəhanın ölümündən sonra Həzrət
Bəhaullah Dininin əsas vəzifəsi olan və yeni dünya qaydalarının nüvəsi və
nümunəsi adlanan İnzibati Qaydaları bərqərar etmək vaxtı başlayır. Deməli,
Həzrət Əbdülbəhanın İradə və Vəsiyyəti bəhai hərəkatı tarixində dönüş nöqtəsini
təşkil edir və cahillik və məsuliyyətsizlik erasını yeni eradan ayıraraq,
bəhailər qarşısında öz ruhani fəaliyyətlərini şəxsi təcrübə sahəsindən ictimai
birlik və əməkdaşlıq sahəsinə keçirmək vəzifəsini qoyur.
Həzrət Əbdülbəhanın İnzibati Qaydaya dair
nəzərdə tutduğu planın üç başlıca ünsürü bunlardır:
"Allah Əmrinin Mühafizi"
"Allah Əmrinin Əlləri"
"Ədalət Evləri" — yerli, milli və
beynəlxalq.
Həzrət Əbdülbəha böyük nəvəsi Şövqi Əfəndini
Allah Əmrinin Mühafizi təyin etdi. Şövqi Əfəndi Həzrət Əbdülbəhanın böyük qızı
Ziyaiyə xanımın böyük oğludur. Onun atası Mirzə Hadi Həzrət Babın qohumudur
(birbaşa qohumu deyildir, belə ki, Həzrət Babın yeganə oğlu körpəlik çağında
vəfat etmişdir).
Babası əbədiyyətə qovuşan zaman Şövqi
Əfəndinin 25 yaşı vardı və o, Oksfordda Balliol kollecində oxuyurdu. Onun bu
vəzifəyə təyinatı Həzrət Əbdülbəhanın vəsiyyətində belə ifadə olunmuşdur:
"Ey Mənim sevimli dostlarım! Haqsız olaraq
iztirablara məruz qalmış bu bəndə dünyasını dəyişəndən sonra Müqəddəs Şanagüllə
Ağacının Budaqları (Əfsan) və Zoğları (Əfnan), yəni Həzrət Babın və Həzrət
Bəhaullahın qohumları, Allah Əmrinin Əlləri və Əbha Gözəlliyinin sevimliləri
Şövqi Əfəndiyə - iki bəxtiyar və Müqəddəs Ağacdan (Bab və Bəhaullah) cücərmiş
gənc budağa və Mü-qəddəslik Ağacının iki fidanının birləşməsindən böyümüş
meyvəyə müraciət etməlidirlər, çünki o Allahın nişanəsidir, seçilmiş Budaqdır və
bütün budaqların, Zoğların, Allah Əmri Əllərinin və Onun sevimlilərinin müraciət
etməli olduqları Allah Əmrinin Mühafizidir. O, Allah Kəlamının təfsirçisidir və
Ondan sonra Onun yerini Ondan ilk doğulmuş, birbaşa törəməsi tutacaqdır.
Müqəddəs və gənc Budaq — Allah Əmrinin
Mühafizi, eləcə də ümumi səsvermə yolu ilə seçilən və təsdiq edilən Uca Ədalət
Evi Əbha Gözəlliyinin
mühafizəsi və himayəsinin, ən uca Müqəddəs Pərvərdigarın kölgəsi və sədaqətli
rəhbərliyi altındadır. Mənim canım onların hər ikisinə fəda olsun! Onların hər
bir qərarı – Allahdandır...
Ey Allahın sevimliləri! Allah Əmrinin
Mühafizi sağ ikən Öz varisini təyin etməlidir ki, Onun vəfatından sonra fikir
ayrılığı olmasın. Təyin edilmiş varis dünyəvi nəfslərdən imtina edən paklıq
nümunəsi və Allahdan qorxan mömin, dərin idrak, müdriklik və kamal sahibi
olmalıdır.
Beləliklə, əgər Allah Əmrinin Mühafizindən
doğulan ilk övlad "Uşaq öz valideyninin gizli mahiyyətidir" sözlərinin
həqiqiliyini təcəssüm etdirmirsə, yəni əgər o atasının ruhuna irsən yiyələnmirsə
və onun şanlı mənşəyinə müvafiq olan yaxşı keyfiyyətlərlə fərqlənmirsə, onda
Allah Əmrinin Mühafizi başqa Budaqdan özünə varis seçməlidir.
Allah Əmrinin Əlləri öz aralarından doqquz
nəfər seçməlidirlər ki, onlar ən vacib işlərdə Allah Əmrinin Mühafizinə kömək
etsinlər. Seçilmiş doqquz şəxs Allah Əmrinin Əlləri tərkibindən yekdilliklə və
ya səs çoxluğu ilə seçilməlidirlər. Seçilmiş bu doqquz şəxs Allah Əmri
Mühafizinin Özünə təyin etdiyi varisə yekdilliklə və ya səs çoxluğu ilə öz
razılıqlarını verməlidirlər. Bu razılıq elə verilməlidir ki, "lehinə" və ya
"əleyhinə" səs verənlərin kimliyi bilinməsin (yəni gizli səsvermə yolu ilə)."
(Əbdülbəhanın Vəsiyyəti, s.24-26)
Həzrət Bəhaullah hələ sağlığında bir neçə
sınanmış və sədaqətli dostlarını dini hərəkatın idarəedilməsi və təbliqi
sahəsində işləmək üçün təyin etmiş və onlara "Əyadi-Əmr-Ullah" (yəni, "Allah
Əmrinin Əlləri") adı vermişdir.
Həzrət Əbdülbəha Özünün vəsiyyətində dinə
xidmət etmək və Allah Əmrinin Mühafizinə köməklik göstərmək üçün daimi fəaliyyət
qrupunun təyin edilməsini əvvəlcədən nəzərdə tutmuşdur. Bununla əlaqədar olaraq
O yazır:
"Ey dostlar! Allah Əmrinin Əlləri Allah
Əmrinin Mühafizi tərəfindən seçilməli və təyin olunmalıdır... Allah Əmri
Əllərinin vəzifəsi İlahi rayihəni yaymaq, insanların qəlblərini
tərbiyələndirməkdir və onların özləri isə daim bütün şəraitlərdən xəbərdar və
dünyəvi istəklərindən uzaq olmalıdırlar. Onlar öz davranışlarında,
hərəkətlərində, əməllərində və sözlərində möminlik mücəssəməsi olmalıdırlar.
Allah Əmrinin Əlləri Allah Əmri
Mühafizinin rəhbərliyi altında fəaliyyət göstərir. Mühafiz Allah rayihəsinin
yayılması və bütün dünya xalqlarının istiqamətləndirilməsi işində onların
səylərini və cəhdlərini həmişə rəğbətləndirməlidir, çünki yalnız İlahi Nurun
rəhbərliyi bütün dünyanı işıqlandıra bilər".
Dinin ümumi xarakterik cəhətlərindən biri də
ondan ibarətdir ki, onların təşkilati mərhələsi həmişə onların mənəvi
inkişafının zərəri ilə qurtarır. Və həmişə təşkilati mərhələyə keçən kimi onları
yaradan ilkin hərəkətverici qüvvə zəifləyir. Bu, labüd olaraq, dinc əməkdaşlıq
və birgə quruculuq prosesinə zidd ənənələrə malik xalqların bir-birindən
uzaqlaşması nəticəsində baş verir. Faktiki olaraq bu vaxta qədər dini Zühurun
heç bir banisi onların yaratdıqları dini istiqamətləndirməyə imkan verə biləcək
təşkilatı əsasları bütün aydınlığı ilə müəyyən etməmişlər.
Dünyanın idarə edilməsi prinsipləri Həzrət
Bəhaullah tərəfindən Bəhai Təlimində verilmiş və bu prinsiplər Həzrət
Əbdülbəhanın Yazılarında və əsasən Onun Vəsiyyətində şərh edilmişdir. Bu
təşkilatın məqsədi müxtəlif irqlərdən olan millətlər, silklər, zümrələr,
xarakterlər və irsən mənimsənilən dini etiqadlar arasında əsl və daimi birliyi
həyata keçirməkdən ibarətdir.
Bəhai Təliminin bu cəhətinin dərindən və
diqqətlə öyrənilməsi göstərir ki, ruh bədənlə necə bağlıdırsa, bəhai inzibati
qaydasının məqsədi və metodu da Zühurun əsas ruhuna eləcə üzvi surətdə bağlıdır.
Mahiyyət etibarı ilə bəhai inzibati qaydası əməkdaşlıq haqqında elmdir: onlar
tətbiq olunduqda, bütün dünyada yeni və yüksək əxlaqın qərarlaşmasını təmin
edirlər...
Bəhai icmasının təməli digər könüllü
icmalardan fərqli olaraq elə dərinliklə qoyulmuş və elə geniş açıqlanmışdır ki,
o hər bir təmiz qəlbli adamı öz tərkibinə qəbul edə bilər. Digər cəmiyyətlər öz
niyyətlərinə və məqsədlərinə görə olmasa da öz, əməllərinə və iş metodlarına
görə hamı üçün açıq olmur halda, bəhai cəmiyyəti öz-özünə qapalmış cəmiyyət
deyildir və onun dostluq qapıları həmişə təmiz ürəklər üçün açıqdır.
Hər bir cəmiyyətdə gizli və ya açıq seçmə
təməli vardır. Dində bu təməl öz mənşəyinin tarixi mahiyyəti ilə məhdudlaşan
inamdır, siyasətdə bu təməl partiya və ya xitabət kürsüsüdür, iqtisadiyyatda bu,
qarşılıqlı uğursuzluq və ya qarşılıqlı nailiyyətdir, elmdə və incəsənətdə isə bu
təməl xüsusi təlimlə və ya fəaliyyətlə, ya da maraqlarla bağlıdır.
Bütün bu sahələrin hamısında seçmə təməli nə
qədər çox məhdudlaşarsa, hərəkat bir o qədər güclüdür. Bəhai Təlimində isə bu
vəziyyətə tamamilə zidd qaydalar mövcuddur. Deməli, bu Təlim özünün ruhuna və
inkişafına baxmayaraq, ardıcıllarının sayı baxımından ləng yayılır, çünki
adamlar bütün işlərdə məhdudiyyətlərə və yalqızlığa adət etmişlər.
Hər hansı bir fəaliyyətdə başlıca şərt
həmişə yalqızlıq prinsipinə təminat və bəraət verilməsi olmuşdur. Bəhai
hərəkatına qoşulmaq üçün ilk əvvəllər xeyli dərəcədə çətin olan bütün bu
şərtlərdən azad olmaq lazımdır, çünki insan xudbinliyi həmişə ümumi məhəbbətin
ən ali şərtinə qarşı çıxır.
Qədim zamanlardan qoyulmuş bütün
üstünlüklərdən, imtiyazlardan və rütbələrdən imtina etməklə alim sadə və
savadsızla, varlı kasıbla, ağ dərili digər irqlərdən olanlarla, mistik ehkamçı
ilə, xristian yəhudi ilə, müsəlman atəşpərəstlə ünsiyyətdə olmalıdır. Bu çətin
sınaqlardan keçənlər üçün isə şərəfli mükafatlar vardır.
Biz onu da nəzərə almalıyıq ki, incəsənət
insan cəmiyyətinin əksəriyyətinin arzularından uzaqlaşdıqca, bəhrə vermək
qabiliyyətindən məhrum olur, fəlsəfə də həmçinin, təklikdə açıqlananda, öz
təsirini itirir və eləcə də siyasət və din də insanların ümumi ehtiyaclarından
kənarda qaldıqda, heç zaman uğur qazana bilmirlər.
İnsan təbiətinin mahiyyəti hələ tam
öyrənilməmişdir, çünki biz həmişə əqli, əxlaqi, hissi və ya ictimai özünümüdafiə
vəziyyətində yaşamışıq, özünümüdafiə psixologiyası isə qadağan psixologiyasıdır.
Lakin Allaha məhəbbət qorxu hissini aradan qaldırır. Qorxunun ləğv edilməsi
gizli qüvvəni oyadır və başqaları ilə mənəvi məhəbbətdə birləşmək bu qüvvələri
həyatverici ifadəyə çevirir. Bəhai cəmiyyəti elə cəmiyyətdir ki, onun üzvləri
insanlar arasında birlik hissləri yayan o qüdrətli qüvvəyə yiyələndikcə ona
uyğun olaraq, bu yeni stimul güc toplayır və daha da əzmkar olur...
Bəhailərin yerlərdə işlərinə nəzarət etmək
məsuliyyəti Ruhani Məhfil adlanan təşkilata həvalə edilir. Doqquz nəfər üzvdən
ibarət olan bu Ruhani Məhfil hər il aprelin 21-də, Rizvanın birinci günündə
(Həzrət Bəhaullahın Missiyasını bəyan etməsi münasibətilə keçirilən Bayram)
icmanın 21 yaşdan yuxarı olan üzvləri tərəfindən gizli səsvermə yolu ilə
seçilir. Seçicilərin siyahısı əvvəlki Ruhani Məhfil tərəfindən hazırlanır. Bu
Ruhani Məhfilin xarakteri və vəzifələri barəsində Həzrət Əbdülbəha yazır:
"Hər bir möminə bir vəzifə olaraq
tapşırılmışdır ki, bəhailərin fəaliyyətinə dair bütün məsələlər üzrə Ruhani
Məhfillə məsləhətləşsin və onun qərarlarına danışıqsız, bütün qəlbi və ruhu ilə
elə itaət etsin ki, işlər lazımi qaydada və düzgün məcrada ketsin.
Əks təqdirdə hər kəs öz istəyinə uyğun
olaraq müstəqil hərəkət edərsə, dinə zərər yetirə bilər. Seçilmiş Ruhani Məhfil
üzvlərini fərqləndirən başlıca keyfiyyətlər bunlardır: ruhun təmizliyi, Allahdan
başqa bütün hər şeydən imtina etmək, Onun İlahi rayihəsinə bağlılıq, sadəlik və
Onun sevimliləri arasında itaətkarlıq, çətinliklər və Onun Uca Dərgahında xidmət
zamanı səbrlilik və əzmkarlıq.
Əgər bu keyfiyyətlərə yiyələnməkdə onlara
lütfkarlıqla kömək nazil edilərsə, bu zaman onlar gözəgörünməz Bəha Səltənəti
tərəfindən qələbəyə layiq görüləcəklər.
Hal-hazırda məşvərətedici Məhfillər böyük
əhəmiyyətə və həyati zərurətə malikdirlər. Bu Məhfillərə tabe olmaq vacib və
məcburidir. Onların üzvləri isə birlikdə elə məsləhətləşməlidirlər ki, inciklik
və mübahisə üçün heç bir bəhanə olmasın. Buna o zaman nail olmaq mümkündür ki,
hər bir üzv öz fikrini sərbəst ifadə edə bilsin və öz dəlillərini tamamilə azad
şəkildə irəli sürsün. Əgər kiminsə fikri qəbul edilməzsə, bu zaman o heç vəchlə
özünü incidilmiş hesab etməməlidir, çünki, məsələ tam müzakirə olunmayınca,
həqiqət aşkarlanmır.
Həqiqətin parlaq qığılcımı müxtəlif
fikirlərin toqquşmasından sonra üzə çıxır. Əgər müzakirədən sonra qərar
yekdilliklə qəbul olunarsa, bu çox yaxşıdır, lakin əgər, Allah eləməsin, fikir
ayrılığı baş verərsə, bu zaman səs çoxluğu qazanmış təklif qəbul edilməlidir.
Birinci şərt — Məhfil üzvləri arasında
mütləq məhəbbət və razılıqdır. Onlar bütün dünyəvi istəklərə bağlılıqdan azad
olmalı və özlərində Allahın birliyini təcəssüm etdirməlidirlər, çünki onlar bir
dənizin dalğaları və bir çayın damcıları, bir səmanın ulduzları və günəşin
şüaları, bir bağın ağacları, gülləridirlər. Əgər düşüncələrin harmoniyası və
mütləq birlik əldə edilməzsə, bu icma buraxılmalı və həmin Məhfil ləğv
edilməlidir.
İkinci şərt budur ki, onlar birlikdə
toplandıqları zaman üzlərini Səma Səltənətinə tutmalı və Şərəf Səltənətindən
kömək diləməlidirlər... Adamların tərbiyəsinə, uşaqların təhsilinə, yoxsullara
yardım göstərilməsinə, dünyanın müxtəlif təbəqələrindən olan bütün məzlumlara
köməklik edilməsinə, bütün insanlarla xeyirxahlıqla davranılmasına, İlahi
Rayihənin yayılmasına və Onun Müqəddəs Kəlamının ucaldılmasına dair onların
bütün müzakirələri ruhani məsələlər çərçivəsində keçirilməlidir.
Bu şərtləri yerinə yetirməklə, onlar
Müqəddəs Ruhun mərhəməti ilə mükafatlanar və bu Məhfil İlahi Mərhəmətin
mərkəzinə çevrilər, Səma Cəngavərləri onların köməyinə gələr və günü-gündən
onlara yeni ruh yüksəkliyi göndərərlər..."
Bu mövzunu inkişaf etdirərək, Həzrət Şövqi
Əfəndi yazır: "Yerli Ruhani Məhfildə ətraflı baxılmadan və təsdiq edilmədən heç
bir məsələ dostların heç biri tərəfindən geniş ictimaiyyətə çatdırılmamalıdır.
Və əgər hər hansı bir məsələ həmin ölkədə Təlimin ümumi maraqlarına aiddirsə
(təbii ki, bu başqa cür də ola bilməz), bu zaman Yerli Ruhani Məhfil həmin
məsələni baxılmaq və təsdiq edilmək üçün Milli Ruhani Məhfilə təqdim etməlidir.
Milli Ruhani Məhfil bütün Yerli Ruhani Məhfillərin müvəkkilidir.
Nəinki çap işlərinə dair məsələlər, eləcə də
həmin ərazidə dinin maraqları ilə bağlı olan bütün məsələlər, istər fərdi,
istərsə də kollektiv olsun, istisnasız olaraq, həmin ərazinin Ruhani Məhfilinə
təqdim edilməlidir və əgər bu məsələlərdən hər hansı biri milli mənafelərə
toxunursa, bu zaman həmin məsələ Milli Ruhani Məhfilin müzakirəsinə təqdim
edilməlidir.
Məsələnin yerli və yaxud milli maraq
güdməsindən asılı olmayaraq, onun həlli Milli Ruhani Məhfilin səlahiyyətinə
daxildir (Milli işlər dedikdə heç də siyasi xarakter daşıyan məsələlər nəzərdə
tutulmur, çünki bütün dünyada Allahın dostlarına siyasi işlərə qarışmaq ciddi
qadağan edilmişdir. Onlar həmin ölkədəki bəhai icmasının ruhani fəaliyyətinə
dair işlərlə məşğul olmalıdırlar.)
Lakin tam harmoniya və eləcə də müxtəlif
Yerli Ruhani Məhfillər və onların üzvləri arasındakı əməkdaşlıq, xüsusilə də hər
bir Yerli Məhfil ilə Milli Ruhani Məhfil arasındakı əməkdaşlıq ən mühüm
əhəmiyyətə malikdir, belə ki, Allah İşinin birliyi, dostların həmrəyliyi, Onun
sevimli bəndələrinin ruhani fəaliyyətinin sürətli və səmərəli tərəqqisi bundan
asılıdır.
Möhkəm qurulmuş, ucaldılmış və fəaliyyətdə
olan Beynəlxalq Ədalət Evinin təməlini həm Yerli, həm də Milli Ruhani Məhfillər
təşkil edirlər. Bu Məhfillər çalışqanlıqla və yekdilliklə fəaliyyət
göstərməyənədək, bu keçid dövrünün başa çatması ümidi də həyata keçməyəcəkdir...
Yada salmaq lazımdır ki, Allah Əmrinin əsas
mahiyyəti diktator nüfuzundan ibarət deyil, itaətli dostluqdadır: özbaşına gücdə
deyil, səmimiyyət və məhəbbət ruhu ilə yerinə yetirilən məsləhətləşmədədir.
Yalnız və yalnız səmimi bəhainin ruhu bir tərəfdən hüsn-rəğbət və ədalətlilik,
azadlıq və itaətkarlıq, fərdin hüququnun müqəddəsliyi və tabeçiliyi,
ehtiyatlılıq və düşüncəlilik prinsiplərinin, digər tərəfdən isə dostluq,
səmimiyyət və cəsarət keyfiyyətlərinin uzlaşmasına ümid bəsləyə bilər..."
Hər bir ölkənin Yerli Ruhani Məhfillərinin
fəaliyyəti, doqquz nəfərdən ibarət olan digər seçkili orqanın, yəni Milli Ruhani
Məhfilin vasitəsilə əlaqələndirilir və uyğunlaşdırılır. Bu orqan yerli bəhai
icmalarının təmsilçisi olan nümayəndələr tərəfindən hər il seçki yolu ilə
yaradılır...
Proporsional nümayəndəlik prinsipi əsasında
seçilmiş tərkibdən ibarət olan nümayəndələr bir yerə toplanaraq Milli Qurultayı
təşkil edirlər... Bu Milli Qurultaylar əsasən Rizvan Bayramı günlərində, yəni
aprel ayının 21-dən başlayaraq 12 gün ərzində keçirilir. Bağdad yaxınlığındakı
Rizvan bağında Həzrət Bəhaullahın Öz Missiyasını bildirdiyi xatirə günləri
bayram edilir. Bu nümayəndələrin təsdiq edilməsi köhnə Milli Ruhani Məhfil
tərəfindən yerinə yetirilir.
Milli Qurultay Milli və Yerli Ruhani
Məhfillərin hesabatlarının dinlənilməsi və keçən il ərzində bəhailərin
fəaliyyətləri ilə tanış olmaq üçün əlverişli fürsətdir...
Bəhai nümayəndəsinin vəzifəsi Milli
Qurultayda olmaq və yeni Milli Ruhani Məhfil üzvlərinin seçkisində iştirak
etməklə məhdudlaşmır, çünki nümayəndələr bir yerə toplanan zaman onlar
məsləhətçi və məşvərətçi qrupu təmsil edirlər, belə ki, onların təklifləri yeni
seçilmiş Milli Ruhani Məhfil tərəfindən diqqətlə müzakirə olunmalıdır... Milli
Ruhani Məhfilin Yerli Ruhani Məhfillərə və eləcə də həmin ölkənin bəhailərinə
münasibəti Dinin Mühafizinin yazılı göstərişlərinə uyğun olmalıdır:
"Milli Ruhani Məhfillərin təsis edilməsinə
gəldikdə isə ən vacibi odur ki, əlverişli şərait yaranan hər bir ölkədə
bəhailərin sayı böyük miqdara çatdıqda, yubanmadan bütün ölkə bəhailərinin
təmsilçisi olan Milli Ruhani Məhfili təsis etmək lazımdır. Bəhailərin çoxsaylı
fəaliyyətini həvəsləndirmək. uzlaşdırmaq və əlaqələndirmək, eləcə də Yerli
Məhfillərə xüsusi məsləhətlər vermək və Müqəddəs Torpaqla yaxın və daimi əlaqə
saxlamaq, təşəbbüsü artırmaq və öz ölkəsində dinin işlərinə rəhbərlik etmək
Milli Ruhani Məhfilin bilavasitə vəzifəsidir. Onun birincidən heç də az
əhəmiyyət kəsb etməyən ikinci vəzifəsi ondan ibarətdir ki, o, zaman keçdikcə,
tədricən Milli Ədalət Evinə
çevriləcəyi üçün, Vəsiyyətnamənin dəqiq mətninə əsasən o dünya bəhailərinin
digər Milli Ruhani Məhfilləri ilə birlikdə — bütün dünya üzrə ruhani hərəkatı
təşkil edib və əlaqələndirən və ona rəhbərlik edən ən ali orqanı — Beynəlxalq və
yaxud Uca Ədalət Evini seçməlidir.
Hər il yenidən seçilən Milli Ruhani Məhfil
Uca Ədalət Evi təşkil edilənədək, şübhəsiz, öz ölkəsində fəaliyyət göstərən
bütün Yerli Ruhani Məhfillərin nüfuzlu orqanı olmuşdur. Milli Ruhani Məhfil
həmçinin bəhailərin fəaliyyətlərinə rəhbərlik etməli, Allah Əmrini qorumalı və
bütünlükdə bəhai hərəkatına dair işlərə nəzarət və rəhbərlik etməlidir.
Hər hansı bir ölkədə Bəhai Dini Təliminin
maraqlarına dair əsas məsələlər, o cümlədən tərcümə və çap işləri,
Məşriqül-Əzkar, təhsil və Yerli Ruhani Məhfilin birbaşa vəzifəsinə daxil olmayan
bütün buna bənzər digər məsələlər Milli Ruhani Məhfilin bilavasitə
səlahiyyətindədir.
Milli Ruhani Məhfillər və yaxud Yerli Ruhani
Məhfillər bu məsələlərdən hər birini baxılmaq üçün Milli Ruhani Məhfil üzvləri
tərəfindən bütün ölkənin bəhailəri arasından seçilmiş xüsusi komitəyə
göndərirlər. Yerli komitələr müvafiq Yerli Ruhani Məhfillərə necə münasibət
göstərirlərsə bu komitə də Milli Ruhani Məhfilə o cür münasibət göstərməlidir.
Həmçinin müzakirəyə qoyulacaq məsələnin
yalnız yerli xarakter daşıdığını və onun baxılmaq və həll edilmək üçün Yerli
Ruhani Məhfilə göndərilməsini aydınlaşdırmaq, yaxud bu məsələnin Milli Ruhani
Məhfilin səlahiyyətinə aid olmasını, Onun tərəfindən baxılmasını və xüsusi
diqqət tələb etməsini müəyyənləşdirmək də bir vəzifə kimi Milli Ruhani Məhfilə
həvalə edilmişdir...
Həm fərdi, həm də kollektiv məsləhətlərə,
nüfuzlu fikirlərə və ağsaqqal nümayəndələrin səmimi hisslərinə ən böyük hörmət
göstərmək bizim hamımızın sevdiyi və xidmət etdiyi Əmrin mənafeyi naminə
Qurultay nümayəndələri tərəfindən seçilmiş Milli Ruhani Məhfilə daxil olan
üzvlərin ən vacib vəzifəsidir... Onlar nümayəndələri cari ildə zəruri həllini
gözləyən müxtəlif məsələlərlə tanış etməli, nümayəndələrin fikir və
mülahizələrini ölçüb-biçməli, təmkinlə və diqqətlə araşdırmalıdırlar.
Yeni seçilmiş Milli Ruhani Məhfil Qurultay
iclasları zamanı bir neçə gün ərzində və nümayəndələrin buraxılmasından sonra
qarşılıqlı anlaşma, fikir mübadiləsi, qarşılıqlı inam üçün üsullar və yollar
axtarmalı və hər vəchlə ümumi mənafeyə xidmət etmək arzusunda olduğunu sübut
etməlidir...
Lakin tez-tez və uzunmüddətli qurultayların
çağırılması qeyri-mümkün olduğundan Milli Ruhani Məhfil Əmrin maraqlarına təsir
göstərə bilən bütün məsələlərin həlli hüququnu, məsələn, Əmrin
istiqamətləndirilməsi və yayılması üçün müəyyən edilmiş prinsiplərə uyğun olaraq
Yerli Ruhani Məhfillərin fəaliyyət göstərməsi haqqında məsələlərin həll edilməsi
hüququnu özündə saxlamalıdır".
Hər il keçirilən yerli bəhai seçkiləri üçün
seçki bülletenlərinin hazırlanması Yerli Ruhani Məhfillərin öhdəsinə qoyulur.
Bununla əlaqədar olaraq Dinin Mühafizi buyurur:
"Şəxsin əsl bəhai olması və ya olmaması
məsələsini həll etməzdən əvvəl indiki vəziyyətlə əlaqədar diqqət verilməli olan
prinsipial amillər barəsində olduqca qısa şərh vermək lazımdır:
Həzrət Əbdülbəhanın Vəsiyyətində nəzərdə
tutulduğu kimi, Müjdəçinin, Bəhai Təliminin Banisinin və Həqiqi Nümunəsinin
məqamını bütünlüklə qəbul etmək, Onların Qələmindən nazil olan bütün nə varsa,
hamısını danışıqsız qəbul etmək və tabe olmaq; bizim Sevimlimizin Müqəddəs
Vəsiyyətinin bütün müddəalarının qətiyyətli tərəfdarı olmaq; indiki bəhai
inzibati idarəsinin həm ruhuna, həm də formasına sıx surətdə bağlanmaq, — belə
ciddi qərara gəlməzdən əvvəl dərindən və diqqətlə nəzərə alınmalı olan əsas və
birinci dərəcəli müddəalar, məncə, bunlardır"
Həzrət Əbdülbəhanın göstərişləri Bəhai
təşkilatının gələcək inkişafını nəzərdə tutur:
"Allah tərəfindən bütün nemətlərin mənbəyi
kimi müəyyən olunmuş və bütün səhvlərdən azad edilmiş Ədalət Evinə dair
deməliyəm ki, hal-hazırda o beynəlxalq səsvermə ilə, yəni bütün dindarlar
tərəfindən seçilməlidir. Onun üzvləri Allahsevərlik mücəssəməsi, ağıl və
müdriklik ziyası olmalı, Allahın Dinində dəyanətli və bütün bəşəriyyətin
xeyirxahı olmalıdırlar. Bu Məhfil adı altında Beynəlxalq Məclis nəzərdə tutulur,
yəni hər bir ölkədə ikinci dərəcəli Ədalət Evi təsis edilməli və bu Məhfillər də
Allahın Uca Ədalət Evi üzvlərini seçməlidirlər.
Bütün işlər baxılmaq üçün bu orqana təqdim
edilməlidir. O, Müqəddəs Yazılarda aydın şərh olunmayan qanunları və qaydaları
açıqlayır və nəşr edir. Bütün çətin məsələlər bu orqan tərəfindən həll
edilməlidir. Dinin Mühafizi bu orqanın müqəddəs Başçısı, imtiyazlı və ömürlük
üzvüdür. Əgər O, iclaslarda şəxsən iştirak edə bilmirsə, bu zaman Öz yerinə
həmin orqanın üzvlərindən birini müvəkkil etməlidir...
Əgər üzvlərdən biri müəyyən qəbahətli iş
görərsə və bu da ümumi mənafeyə xələl gətirərsə, onda Allah Əmrinin Mühafizi Öz
şəxsi mülahizəsinə əsasən onu xaric edə bilər, bununla belə camaat onun yerinə
başqa birisini seçməlidir. Uca Ədalət Evi qanunlar qəbul edir, hökumət isə
onları həyata keçirir. Qanunvericilik orqanı icraedici orqana elə kömək və
yardım göstərməlidir ki, bu iki qüvvənin sıx birliyi və harmoniyası nəticəsində
obyektivlik və ədalət qanunları möhkəm və sarsılmaz olsun və bütün dünya əsl
Cənnətə çevrilə bilsin...
Hər bir mömin "Kitabi-Əqdəs"ə müraciət
etməlidir. Və orada aydın olmayan bütün nə varsa, izah olunmaq üçün Ədalət Evinə
göndərməlidir. Və bu orqanın yekdilliklə və ya səs çoxluğu ilə təsdiq etdiyi
qərar, doğrudan da, həqiqətdir və Allahın Özünün İradəsidir. Və kim Uca Ədalət
Evinin qərarından yayınarsa, həqiqətən, o kəs münaqişə sevən adamlardan sayılır
və Allahın Tövsiyyələrindən üz çevirməklə, özünün bəd niyyətli olduğunu
göstərir" (Əbdülbəha. İradəsi və Vəsiyyəti)
Hal-hazırda dünyanın bütün yerlərində
yaşayan bəhailər müntəzəm yazışmalar və fərdi görüşlər vasitəsilə öz aralarında
yaxınlıq və dostluq əlaqələri saxlayırlar. Müxtəliif irqlərə, millətlərə və dini
ənənələrə mənsub olan adamların bu cür əlaqəsi ona əyani sübutdur ki, Həzrət
Bəhaullahın bəxş etdiyi birlik ruhu vasitəsilə mövhumat yükü və xalqları
bir-birindən ayrı salan tarixi amillər tamamilə aradan qaldırıla bilər.
1929-cu ilin fevralından başlayaraq Həzrət
Şövqi Əfəndi bəhai icmalarına ünvanladığı ardıcıl müraciətlərində bu məsələyə
dair daha geniş izahatlar vermişdir:
"Mən möminlərə müraciət etməkdən Özümü ona
görə saxlaya bilmirəm ki, onlar indi mövcud olan dünyagörüşlərə və dəyişkən
qaydalara əhəmiyyət verməsinlər və əvvəllər olduğundan daha da ciddi surətdə
özlərinə aydınlaşdırsınlar ki, müasir sivilizasiyanın bu səbatsız nəzəriyyələri
və müvazinətsiz institutlarının onların xarabalıqları üzərində əmələ gələcək,
İlahi institutlarla kəskin təzad təşkil etməsi labüddür.
Belə ki, Həzrət Bəhaullah... bəşəriyyətə
nəinki yeni və oyandırıcı ruh təlqin etmiş, O nəinki müəyyən dünyəvi prinsipləri
bəyan etmiş və nəinki xüsusi fəlsəfə təklif etmişdir, bu fəlsəfənin və bu
prinsiplərin özlüyündə güclü, kamil və ümumi olmasına baxmayaraq, O və Ondan
sonra da Həzrət Əbdülbəha, keçmiş dinlərdə olmayan İlahi qaydaların əsas
müddəalarını qabaqcadan nəzərə alıb, müəyyən institutlar yaratmış, bir sıra
qanunları aydın və dəqiqliklə bizə izah etmişdir. Bütün bunlar gələcəkdəki
cəmiyyət üçün nümunə, Ən Böyük Sülhün yaradılması üçün ali vasitə, bütün
bəşəriyyətin birləşməsi və yer üzündə həqiqət və ədalətin hökmranlığının elan
edilməsi üçün yeganə amil olacaqlar...
İsa Məsihin vəhyindən fərqli olaraq,
Məhəmməd-əleyhissalamın vəhyindən fərqli olaraq və keçmişin bütün vəhylərindən
fərqli olaraq, Həzrət Bəhaullahın şagirdləri işlədikləri və qayğısını çəkdikləri
hər bir ölkədə öz vəzifələrini yerinə yetirmək üçün ehtiyac duyduqları bütün
qanunların, qaydaların, institutların və təlimatların aydın, dəqiq və
müəyyənləşdirilmiş şərhlərinə malikdirlər...
Bəhai vəhyinin fərqləndirici xüsusiyyəti
bundan ibarətdir. Əvvəlki vəhylərin əhəmiyyətini əskiltməyə və yaxud onları
sıradan çıxarmağa çalışmayan, əksinə, onları əlaqələndirmək, birləşdirmək və
tamamlamaq istəyində olan dinin gücü və birliyi və vəhyin vacibliyi bundadır...
Bizim Dinimiz hal-hazırda onu İslam Dininin
törəməsi sayan və yaxud Qərbdə mövcud olan çoxsaylı avam təriqətlərdən biri kimi
inkar edən adamların gözündə zəif görünə bilər, lakin Səma Təzahürünün bu
qiymətli xəzinəsi hələ rüşeym halında olsa da öz qanunları hüdudlarında
zəifləmədən və möhkəmliklə inkişaf edəcək və bütün bəşəriyyəti əhatələyənədək
irəliyə doğru can atacaqdır.
Yalnız Həzrət Bəhaullahın yüksək məqamını
dərk edənlər, yalnız Onun Ruhunun qüdrəti ilə tanış olanlar və Onun məhəbbəti
ilə ürəkləri dolu olanlar Onun İlahi Qaydasının — Onun bəşəriyyətə gətirdiyi
misilsiz töhfənin əhəmiyyətini lazımınca qiymətləndirə bilərlər."
(Şövqi Əfəndinin 21 mart 1930-cu il tarixli məktubundan)
Öz mahiyyətinə görə İlahi olan, miqyasına
görə hər şeyi əhatələyən, prinsipcə qərəzsiz və öz keyfiyyətinə görə müstəsna
olan Yeni Dünya Qaydası — təşvişə salınmış bəşəriyyətin can atdığı həmin məqsəd
bax budur.
Zamanın ruhuna etinasızlıq göstərib keçmiş
dövrlərdə millətlərin qapalı həyat sürdüyü şəraitdə yararlı olan milli qaydaları
indiki zəmanədə tətbiq etməyə çalışan ictimai təşkilat liderlərinin cəhdləri,
həqiqətən, təəssüf doğurur. Halbuki bu zəmanədə bəşəriyyət Həzrət Bəhaullahın
Təlimində nəzərdə tutulan birliyə nail olmalı, ya da məhv olmalıdır.
Sivilizasiya tarixinin belə böhranlı
vaxtında həm Şərqdə, həm də Qərbdə, həm qalib, həm də məğlub, həm böyük, həm də
kiçik millətlərinin başçıları Həzrət Bəhaullahın şeypur səsini eşitməli və dünya
həmrəyliyi ruhuna yiyələnərək (bu, Onun Əmrinə loyallığın zəruri şərtidir) O,
İlahi Təbibin iztirablara mübtəla olan bəşəriyyətə məsləhət gördüyü şəfaveriçi
vasitələri tamamilə tətbiq etmək üçün cəsarətlə ayağa qalxmalıdırlar.
Qoy onlar hər cür qərəzli və yalnış
nəzəriyyələri və milli xurafatları birdəfəlik kənara atsınlar və Həzrət
Bəhaullahın Təliminin qanuni Şərhçisi Həzrət Əbdülbəhanın ali məsləhətinə qulaq
assınlar.
1912-ci ildə Amerika Birləşmiş Ştatları
federal nümayəndəliyinin yüksək vəzifəli rəsmi məmurunun: "mən öz hökumətimin və
xalqımın mənafeyinə necə daha yaxşı xidmət edə bilərəm" sualına Həzrət
Əbdülbəhanın cavabı belə olmuşdu:
"Əgər özünüzün bütün dünya birliyinin
vətəndaşı olduğunu dərk etsəniz, sizin öz ölkənizdə fəaliyyət göstərən
federasiya prinsipinin dünya xalqları və millətləri arasındakı müasir qarşılıqlı
əlaqələrə mümkün olan tətbiqinə kömək göstərmək üçün çalışsanız, öz ölkənizə
daha yaxşı xidmət etmiş olarsınız".
Lazım gəldikdə Ali hakimiyyətin hansısa elə
bir forması yaradılmalıdır ki, onun sayəsində bütün dünya xalqları könüllü
olaraq müharibə aparmaq iddialarından uzaqlaşsınlar, vergi qoymağın bəzi
hüquqlarından və öz ərazisi hüdudlarında asayişin qorunması üçün zəruri olan
miqdardan daha çox həcmdə silahlı qüvvə saxlanması hüququndan imtina etsinlər.
Belə Ali Hakimiyyətin tərkibində itaətsizlik
göstərən dövlətə onun yüksək və sarsılmaz nüfuzunu qəbul etdirə bilən icraedici
orqan olmalıdır. Bu, üzvləri xalqlar tərəfindən seçilən və müvafiq dövlətlər
tərəfindən təsdiqlənən Dünya Parlamenti və tərəflər öz işlərini könüllü olaraq
onun müzakirəsinə vermək istəmədikdə belə, qərarları hökmən yerinə yetirilən Ali
Tribunal da ola bilər.
Dünya birliyi dövründə bütün iqtisadi sədlər
dağılacaq, kapital ilə əmək arasında dəqiq qarşılıqlı münasibətlər yaranacaq;
dini çəkişmələrin və mövhumatın hay-küyü birdəfəlik kəsiləcək; irqi nifrət və
düşmənçilik alovları kökündən söndürüləcək; beynəlxalq qanunların vahid kodeksi
federativ dövlətlərin birləşmiş qüvvələrinə hökm edəcəkdir ki, qanunları
pozanları sakitləşdirmək, ümumi qayda-qanunu və əmin-amanlığı təmin etmək üçün
təxirəsalınmaz şəkildə və zorakılıqla işə qarışsınlar; şıltaq və davakar
millətçiliyin qəzəbi Dünya Hökumətinin etibarlı təbəəsinə çevriləcəkdir
(həqiqətən, Həzrət Bəhaullahın əvvəlcədən xəbər verdiyi qayda geniş aspektdə
belədir) — bu o qaydadır ki, ona tədricən yetişməkdə olan dövrün ecazkar meyvəsi
kimi baxmaq lazımdır...
Həzrət Bəhaullahın universal qanununun
ilhamverici vəzifəsinə şübhə etmək lazım deyil. Bu qanun mövcud cəmiyyətin
quruluşunu pozmaq məqsədi güdməyərək, onun əsaslarını elə genişləndirməyə və
onun institutlarını elə yenidən qurmağa çalışır ki, onlar daim dəyişməkdə olan
dünyanın tələblərinə uyğun olsunlar.
Bu qanun ağıllı, sadiq təbəəliklə münaqişədə
ola bilməz və eləcə də zəruri bitərəfliyi sarsıtmaz. Onun məqsədi, nə insanların
qəlbindəki sağlam və düşüncəli vətənpərvərlik alovlarını söndürməkdən, nə də ki,
mühüm əhəmiyyətə malik olan milli muxtariyyət sistemini ləğv etməkdən ibarətdir.
Onun məqsədi hədsiz mərkəzləşmənin fəlakətli nəticələrini aradan qaldırmaqdır.
Bu qanunla dünya xalqlarının və
millətlərinin estetik xüsusiyyətlərlə, iqlim şəraiti ilə, tarix, dil, ənənələr,
düşüncə tərzi və adətlərlə şərtlənmiş müxtəliflikləri nə inkar edilir, nə də
ləğv edilir. O, keçmişdə bəşəriyyətin ilham aldığı hər hansı bir ideyadan fərqli
olaraq, insanları daha yüksək cəhdlərə və daha geniş fəaliyyətə çağırır...
Həzrət Bəhaullahın çağırışı, hər şeydən
əvvəl, hər cür əyalətçiliyə, qapalılığa və mövhumatın bütün formalarına qarşı
yönəlmişdir...
Çünki hər cür qanunlar, siyasi və iqtisadi
nəzəriyyələr ancaq ona görə yaradılmışdır ki, bəşəriyyətin maraqlarına riayət
edilsin və onlar qorunsun; ona görə yaradılmayıb ki, bu və ya digər qanunun və
ya doktrinanın qorunması naminə bəşəriyyətin özü qırğına düçar olsun...
İnsan nəslinin birliyi prinsipi — oxdur və
bu oxun ətrafında Həzrət Bəhaullahın bütün Təlimi hərlənir — bu yalnız
düşüncəsiz həyəcanların şiddətli istəyi və ya tutqun mənəvi ümidlərin ifadəsi
deyildir... Onun mənası dərin və onun iddiaları əvvəl gəlmiş bütün
Peyğəmbərlərin iddialarından daha əhəmiyyətlidir.
Onun verdiyi xəbər nəinki ayrı-ayrı fərdlərə
tətbiq edilə bilər, o başlıca olaraq, elə həyat tellərinə toxunur ki, onlar
dünyanın bütün xalqlarını və ölkələrini bağlamalı və onları Vahid İnsan Ailəsinə
çevirməlidir... Bu xəbər insanın təkamülünün başa çatdırılmasıdır...
İnsan düşüncəsini bu yeni mərhələsinin,
yalnız dünyanı fəlakətə düçar etmək istəyən qüvvələr tərəfindən
sürətləndiriləcəyi fikri, əfsus ki, gündən-günə daha çox və daha aydınlıqla
meydana çıxır...
...Bəşəriyyət yalnız ağır sınaqlardan təmiz
və mətinləşmiş halda çıxaraq, elə məsuliyyət hissi doğuracaqdır ki, yeni eranın
başçıları onu daşımağa çalışacaqlar.
...Məgər Həzrət Əbdülbəhanın Özü aydın
ifadələrlə demirdimi "ki, axırıncısından daha amansız olan başqa müharibə mütləq
başlayacaqdır?"
(Şövqi Əfəndinin 28 noyabr 1931-ci il tarixli məktubundan)
"Bu İnzibati Qayda.. onun tərkib
hissələrinin və əsas institutlarının fəaliyyətə başlaması ilə əlaqədar olaraq,
öz iddialarını bildirib və öz dəyərlərini elə qüvvə və qüdrətlə aşkarlayacaqdır
ki, nəinki yalnız rüşeym kimi, həm də bütün bəşəriyyəti irəlicədən müəyyən
edilmiş vaxt ərzində əhatələyən əsl, nümunəvi dünya qaydası kimi qəbul
ediləcəkdir...
Keçmişin bütün dinləri arasında, yalnız bu
İnam... elə quruluş ucaltmağa nail olmuşdur ki, ömrünü başa vurmuş və köhnəlmiş
dini təlimlərin çaş-baş qalmış ardıcılları ona yaxınlaşa və tənqidi surətdə
müzakirə edə bilərlər və nə qədər ki, kec deyil, onun bütün dünyanı bürüyən
kölgəsində daimi rahatlıq tapa bilərlər.
Həzrət Bəhaullahın aşağıdakı sözlərini hər
şeyi əhatələyən Bəhai Birliyinin rüşeymi olan bu İnzibati Qaydanın gücünə və
qüdrətinə deyil, bəs nəyə aid etmək olar?
"Bu olduqca böyük Yeni Dünya Qaydasının gücü
və şövqləndirici təsiri nəticəsində dünyanın tarazlığı pozulmağa başlamışdır. Bu
bənzəri olmayan və ecazkar sistemin sayəsində insanların sakit həyatı inqilabi
xarakter almışdır. Bu elə sistemdir ki, keçmiş zamanların heç bir dövründə
ölümlü adamların gözlərinə beləsini görmək müyəssər olmamışdır."
"Bu böyük İnzibati Qayda timsalında
yaradılacaq gələcək bəhai federasiyası, həm nəzəri, həm də əməli baxımdan bütün
siyasi təşəbbüslər tarixində nəinki yeganədir, həmçinin dünya dinləri tarixində
onun heç bir bənzəri yoxdur.
Heç bir demokratik idarəetmə forması, heç
bir mütləqiyyət, yaxud istibdad sistemi, istər monarxiya olsun, istərsə də
respublika və ya zadəkan mahiyyətli keçid sistemi olsun, heç biri, istər hətta
teokratiyanın məlum formalarından biri olsun və ya yəhudi federasiyası və yaxud
istənilən xristian ruhani təşkilatı ya da İslam Dininin xəlifəlik və imamətlik
forması olsun — heç birinin quruluşu onun kamil Memarının bacarıqlı əlləri ilə
yaradılmış İnzibati Qayda ilə nə eyniləşdirilə, nə də müqayisə edilə bilər...
...Nə qədər ki, bu sistem özünün körpəlik
çağındadır, qoy heç kim onun əhəmiyyətini azaltmasın və onun vəzifələrini yanlış
mövqedən şərh etməsin. Bu İnzibati Qaydanın dayandığı təməl, indi bəşəriyyət
üçün Allahın sarsılmaz məqsədidir. Bu qaydanın bəhrələndiyi ilham mənbəyi başqa
heç kəs yox, məhz Həzrət Bəhaullahın Özüdür...
Onu ilhamlandıran başlıca və əsas məqsəd
Həzrət Bəhaullahın nəzərdə tutduğu Yeni Dünya Qaydasının həyata keçirilməsidir.
Onun tətbiq etdiyi meyarlar onu nə Şərqə, nə də Qərbə, nə yəhudiyə, nə
bütpərəstə, nə varlıya, nə yoxsula, nə ağdəriliyə, nə də qaradəriliyə
meylləndirir. Onun çağırışı – bütün bəşəriyyətin birliyidir, Onun məqsədi – Ən
Böyük Sülhdür..." (Şövqi Əfəndinin 8 fevral 1934-cü il tarixli məktubundan)
"Allah Əmrinin İnzibati Qaydasının
inkişafını müşayiət edən, onun durmadan möhkəmləndiyini göstərən dəlillərlə
yorulmuş cəmiyyətin əsaslarını sarsıdan dağıdıcı qüvvələr arasındakı təzad aydın
və heyrətamizdir. Bəhai Dünyasının həm daxili, həm də xarici aləmində Allah
Əmrinin Qızıl Əsrinin başlanğıcı olacaq yeni Dünya Qaydasının yaranmasından
heyrətamiz bir şəkildə soraq verən əlamət və nişanələr günü-gündən artır və
çoxalır...
...Tezliklə indiki idarə qaydası ləğv
ediləcək və onun əvəzinə Yeni Qayda gələcəkdir..." (Bəhaullah)
Həzrət Bəhaullahın Vəhyi... bütün insan
nəslinə yeni eranın gəlişinin bəyan edilməsi kimi... qiymətləndirilməlidir. Ona
sadəcə olaraq bəşəriyyətin daim dəyişən taleyində daha bir ruhi dirçəliş kimi
deyil, təkcə fasiləsiz vəhylər zəncirinin növbəti həlqəsi kimi deyil və hətta
yalnız Peyğəmbərlər silsiləsinin təkrarlanan dövri silsilələrindən birinin ən
uca nöqtəsi kimi deyil, bu yer kürəsindəki kollektiv insan həyatının təkamülünün
sonuncu və ən yüksək mərhələsinin təntənəsi kimi baxmaq lazımdır. Dünya
birliyinin meydana çıxması, dünya vətəndaşlığının dərk edilməsi, dünya
mədəniyyətinin və sivilizasiyanın əmələ gəlməsi... bizim yer kürəsindəki
həyatımız nöqteyi-nəzərindən insan cəmiyyətinin təşkilində axırıncı mərhələ və
son hədd kimi qiymətləndirilməlidir, bununla belə insan bir fərd kimi, sonsuz
olaraq kamilləşməsini davam etdirəcək, bu kamilləşmə nəticəsində inkişaf edəcək,
daha doğrusu, etməli olacaqdır.
Həzrət Bəhaullahın nəzərdə tutduğu insan
nəslinin birliyi prinsipi bütün xalqların, irqlərin və təbəqələrin öz aralarında
sıx və daimi əməkdaşlıq etdikləri, birliyə daxil olan bütün muxtar dövlətlərin
mənafelərini, bütünlüklə qorunduğu və bu dövlətləri yaradan şəxslərin azad
təşəbbüslərinə tamamilə təminat verildiyi Dünya Dövlətinin bərqərar olması kimi
başa düşülür.
Bizim təsəvvür edə bildiyimiz bu cür dünya
idarəetməsi dünya Qanunvericilik Orqanı olmalıdır. Bütün bəşəriyyət tərəfindən
etimad göstərilmiş bu orqanın üzvləri isə onun tərkibinə daxil olan hər bir
millətin sərvətləri üzərində ciddi nəzarət qoymalı və bütün dünya xalqlarının
tələbatlarını ödəyən, onların həyat tərzini yaxşılaşdıran və onların düzgün
qarşılıqlı əlaqələrini təmin edən qanunlar verməlidir.
Bütün beynəlxalq qüvvələr tərəfindən
dəstəklənən dünya icraçı orqanı dünya qanunvericilik orqanı tərəfindən qəbul
olunan qanunları yerinə yetirməli və bütün dünya idarəsinin üzvlərinin birliyini
qorumalıdır. Beynəlxalq Tribunal ayrı-ayrı dövlətlər və xalqlar arasında baş
verən bütün məsələləri gündəliyə gətirməli və danışıqsız yerinə yetirilməli olan
qəti qərarlar verməlidir.
Belə idarəetmə sistemi bütün yer kürəsini
əhatələyən və tam sürətlə və dəqiqliklə fəaliyyət göstərən, hər cür milli
müdaxilədən və məhdudiyyətlərdən azad olan etibarlı beynəlxalq əlaqələrin
mövcudluğuna təminat verəcəkdir.
Belə sistemdə Dünya Paytaxtı bütün aləmi
ruhlandıran və bəşəriyyətin bütün xeyirxah qüvvələrini birləşdirən mərkəz
olacaqdır.
Dünya sisteminə mənsub olan beynəlxalq dil
ya yenidən tərtib edilməli, ya da mövcud dillərin içərisindən seçilməlidir. Və
bu sistemə daxil olan bütün federativ millətlərin məktəblərində onların ana
dilləri ilə yanaşı tədris olunmalıdır. Beynəlxalq yazı, ədəbiyyat, vahid
beynəlxalq pul sistemi, vahid çəki və ölçü sistemi — bütün bunlar dünyanın bütün
xalqlarının və irqlərinin qarşılıqlı münasibətlərini və qarşılıqlı ünsiyyətini
asanlaşdırmalı və sadələşdirməlidir.
Belə bir Dünya Birliyində bəşəriyyətin iki
ən nəhəng qüvvəsi olan din və elm sülhə gələcək və qarşılıqlı yardım şəraitində
ahəngdar surətdə inkişaf edəcəklər. Belə bir sistemdə fəaliyyət azadlığından
tamamilə istifadə edən kütləvi vasitələri insanların düşüncə və dünyagörüşlərini
bütünlüklə əks etdirməyə başlayacaqdır, belə ki, o müxtəlif şəxsi məqsədləri və
ya qrupların mənafelərini müdafiə etmək vəzifəsindən qurtaracaq, dövlətlərin və
xalqların hər cür təsirindən azad olacaqdır. Dünyanın iqtisadi ehtiyatları
düzgün hesablanacaq, xammal mənbələrindən tam istifadə olunacaq, onun bazarları
düşüncəli surətdə əlaqələndiriləcək, dünyanın sərvətləri isə ədalətlə
bölüşdürüləcəkdir.
Beynəlxlaq rəqabətə və hər cür digər zərərli
fitnə-fəsadlara son qoyulacaqdır. İrqi xurafatları və nifrəti xalqlar arasındakı
dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq əvəzləyəcəkdir. Dini çəkişmələri
törədən səbəblər birdəfəlik aradan qaldıralacaq, iqtisadi sədlər və
məhdudiyyətlərin xüsusi sinfi fərqlərin kökü bir-dəfəlik kəsiləcəkdir.
Bir tərəfdən olduqca ağır ehtiyac içində
yaşamaq və digər tərəfdən həddindən artıq sərvətlərin yığılması və
təmərküzləşməsi aradan qaldıralacaqdır. İndi müxtəlif iqtisadi və siyasi
müharibələrə sərf olunan nəhəng enerjilər insanların etdikləri kəşflərin və
onların texniki naliyyətlərinin tez bir zamanda tətbiq edilməsinə
yönəldiləcəkdir. Bu həm əmək məhsuldarlığının artırılması, xəstəlikləri törədən
səbəblərin aradan qaldırılması, elmi ixtiraların genişləndirilməsi, fiziki
sağlamlıq səviyyəsinin yüksəldilməsi, düşünmə vasitələrinin inkişaf etdirilməsi
və təkmilləşdirilməsi sahələrindəki, həm də tam istifadə olunmamış yeraltı
yataqların və sərvətlərin emal edilməsi, insan ömrünün uzadılması və bütün
bəşəriyyətin əxlaqi, intellektual və mənəvi həyatını möhkəmləndirən digər
təşəbbüslərin stimullaşdırılması sahəsindəki məsələlərə toxunacaqdır.
Bütün dünyaya rəhbərlik edən, sarsılmaz
nüfuza malik olan, ixtiyarında zəngin sərvətlər və geniş imkanlar olan Dünya
Federasiya Sistemi; müharibə fəlakətlərindən və onun acı nəticələrindən
qurtarmaq haqqında həm Şərqin, həm də Qərbin baxışlarının və mənafelərinin
ifadəçisi olan Dünya Federasiya Sistemi; yeraltı sərvətlərdən və mədənlərdən
maksimum istifadə olunmasına çalışan sistem; zorakılığı cilovlayan və onu
ədalətə tabe edən sistem; Allahın Təkliyini hər yerdə şüurlara təlqin etməklə
şərtlənən və vahid dünya Vəhyinə loyal münasibət göstərməyi hamıya aşılayan
sistem — indi ümumi, həyati maraqlar əsasında birləşmiş bəşəriyyətin nail olmağa
çalışdığı son məqsədi bax budur.
Bəşəriyyətin indi yaxınlaşdığı ideal — bütün
xalqların birliyidir. Ailənin, tayfaların, ölkələrin və millətlərin formalaşması
mərhələləri — insan sivilizasiyası tarixində sınaqdan çıxmış və uğurla başa
çatmış mərhələdir. Bütün dünyanın birliyini həyata keçirmək — bütün bəşəriyyətin
arzuladığı məqsəd və onun inkişafının yekun mərhələsidir.
Millətlərin formalaşması dövrü qurtarmışdır.
Dövlət suverenliyinin xüsusiyyəti olan anarxiya özünün ən yüksək nöqtəsinə çan
atır. Dünya öz kamilliyinə nail olan kimi xurafatlardan imtina etməli, bütün
bəşəriyyətin birliyini və onun qarşılıqlı əlaqələrinin bütövlüyünü dərk etməli
və birdəfəlik olaraq elə təşkilati idarəetmə aparatı yaratmalıdır ki, bu həyati
və müqəddəs problemi öz mövcudluğu tarixində ən yaxşı tərzdə həyata keçirə
bilsin". (Şövqi Əfəndinin 11 mart 1936-cı il tarixli məktubundan. Bu məktub
"Bəhaullahın Dunya Qaydası" kitabında çap olunmuşdur)