Ý Kitabın
əvvəlinə
Həzrət Şövqi Əfəndinin ilhamverici
rəhbərliyi altında Bəhai Dini öz işini daim inkişaf etdirməkdə və öz İnzibati
Qaydasını formalaşdırmaqda elə davam etmişdir ki, artıq 1951-ci ildə iş
qabiliyyətli on bir Milli Ruhani Məhfillər var idi. Bu ərəfədə Mühafiz Öz
səylərini dini təsisatların beynəlxalq səviyyədə inkişafına yönəldərək,
Beynəlxalq Bəhai Şurasını – Uca Ədalət Evinin sələfini təşkil etmiş və bundan az
sonra Allah Əmri Əllərinin ilk qrupunu təyin etmişdir. Hələ bundan əvvəl Həzrət
Şövqi Əfəndi bir neçə bəhaiyə ömürlük olaraq Allah Əmrinin Əlləri rütbəsini
vermişdir. Onlardan biri də doktor Con Ebenezer Esslemont idi. Həzrət Şövqi
Əfəndi yalnız 1951-ci ildə belə nəticəyə gəlir ki, bu vacib təşkilatı tam
inkişaf etdirmək vaxtı çatmışdır. O, 1951-1957-ci illər arasında sürətli
ardıcıllıqla otuz iki nəfəri Allah Əmrinin Əlləri təyin edərək, hər bir qitə
üzrə köməkçi kollegiyalar təsis etmiş və onların fəaliyyət sahəsini
genişləndirmişdir. Onların üzvləri Allah Əmrinin Əlləri tərəfindən bəhailər
içərisindən seçilir və onların müavinləri, köməkçiləri və müşavirləri kimi
xidmət edirlər. Həzrət Şövqi Əfəndinin vəfatına yaxın Allah Əmri Əllərindən
iyirmi yeddi nəfəri sağ idi.
Mühafiz bütün dünya bəhailərinə
göndərdiyi çoxsaylı məktubları, bəzən isə ayrı-ayrı ölkələrin bəhailərinə
ünvanladığı yazıları sayəsində Dini Təlimin başa düşülməsini dərinləşdirmiş,
Dinin inzibati təsisatlarının əsasını qoymuş, bu təsisatlardan düzgün və faydalı
istifadə etmək yollarını dindarlara öyrətmiş, 1937-ci ildə Amerika bəhai
icmasının köməyi ilə Həzrət Bəhaullahın Təlimini təbliq etmək məqsədilə İlahi
Planı həyata keçirməyə başlamışdır.
Dinin təbliği sahəsində proqram sənədi
olan bu İlahi Plan Birinci Dünya Müharibəsi zamanı Həzrət Əbdülbəhanın yazdığı
bir sıra məktublarda izah edilmişdir.
Bütün müstəqil dövlətlərdə və dünyanın
mühüm rayonlarında dinin yayılması məqsədilə Dinin Mühafizinin "onillik
ümumdünya ruhani yürüşü" çağırışına cavab olaraq, 1953-ci ilədək bu proqram
çərçivəsində əvvəlcə Qərb yarımkürəsində Amerikada, sonra da, həmçinin Avropada,
Asiyada, Avstraliya və Afrikada bir sıra tədris tədbirləri keçirilmişdir.
1957-ci ildə ruhani yürüşü planının
yerinə yetirilməsi təxminən yarı yolunda ikən otuz altı illik fasiləsiz işdən
yorulmuş Dinin
Mühafizi Londonda səfərdə olduğu zaman
vəfat etdi. Həzrət Şövqi Əfəndi Özünün varisini təyin etmədiyinə görə 1957-ci
ilin noyabrından ruhani yürüşün əzəmətlə başa çatdırıldığı 1963-cü ilin
aprelinədək Dinin işləri iyirmi altı nəfər Allah Əmrinin Əlləri tərəfindən
əlaqələndirilmiş və istiqamətləndirilmişdir. Həmin ilin aprelində Allah Əmri
Əllərinin çağırışı ilə Hayfada, Ümumdünya Bəhai Mərkəzində toplanmış əlli altı
Milli Ruhani Məhfilin üzvləri tərəfindən ilk dəfə Uca Ədalət Evi seçilmişdir. Bu
tarixi seçkilərdən bilavasitə sonra Həzrət Bəhaullahın bəyanının yüz illiyini
bayram etmək və Onun Təliminin bütün dünyada yayılması ilə əlaqədar öz
sevinclərini ifadə etmək məqsədilə dünyanın bütün guşələrindən gəlmiş bəhailər
Londonda Bəhai Dininin Birinci Dünya Konqresinə toplandılar.
Hal-hazırda Dinin Ən Ali İdarəsi Həzrət
Bəhaullah tərəfindən Onun Ən Müqəddəs Kitabında göstərilmiş Uca Ədalət Evidir.
Ona Bəhai Yazılarında və Müqəddəs Mətnlərdə olmayan bütün işlərdə qanunvericilik
səlahiyyəti verilmiş və İlahi Rəhbərlik həvalə edilmişdir. Həzrət Əbdülbəha Öz
İradəsi və Vəsiyyətində Uca Ədalət Evinə seçkilərin keçirilməsi üsulunu
göstərərək, onun məqamını və vəzifələrini daha aydın müəyyənləşdirərək
buyurmuşdur ki o, bilavasitə Həzrət Babın və Həzrət Bəhaullahın nəzarəti
altındadır və bütün bəhailərin müraciət etməli olduqları orqandır.
Həzrət Bəhaullahın Vəsiyyəti Bəhai
Dininin fərqləndirici cəhətidir ki, ona söykənməklə Din öz quruluşunu ucaldır və
öz inkişafını əsaslandırır. Onun səciyyəvi xüsusiyyəti budur ki, din tarixində
ilk dəfə olaraq İlahi Zühur Öz Kəlamının müəllif şərhini aydın və birmənalı
şəkildə verir və İnamın Mənbəyindən axıb gələn İlahi nüfuzun sarsılmazlığını
təmin edir.
Keçmiş dinlərin ayələrinin təfsirləri
həmişə parçalanmaya gətirib çıxaran əsas amillərdən biri olmuşdur. Həzrət
Bəhaullah Özünün Vəsiyyət Kitabında böyük oğlu Həzrət Əbdülbəhanı Onun İşinin
Rəhbəri və yazılarının tam hüquqlu Şərhçisi təyin etmişdir. Həzrət Əbdülbəha da
Özünün İradəsi və Vəsiyyətində böyük nəvəsi Həzrət Şövqi Əfəndini Dinin Mühafizi
və Müqəddəs Yazıların yeganə Şərhçisi təyin etmişdir. Bəhai Dinində ruhanilər
yoxdur və heç kim imtiyazlı mövqe və ya rəhbərlik iddiasında ola bilməz;
İdarəetmə Həzrət Bəhaullahın Yazılarına əsasən yaradılmış təsisatlara
verilmişdir.
Məhz bu müstəsna ehtiyat tədbirlərinin
görülməsi sayəsində Bəhai Dini təriqətlərə parçalanmadan, hakimiyyətin qəsb
edilməsinin dağıdıcı nəticələrindən və keçmişdə dinlərin birliyinin pozulmasına
səbəb olan, insan tərəfindən yaradılmış nəzəriyyə və təlimlərin
infiltrasiyasından qorundu. Həzrət Bəhaullahın Vəhyinin pak və sarsılmaz
Kəlamları onların müəllifi tərəfindən verilmiş şərhləri ilə birlikdə bu Zühur
ərzində insanların mənəvi həyatında bulanmaz və tükənməz bir çeşmə olaraq
qalacaqdır.
Allah Əmrinin Əllərinin səlahiyyətinə
verilmiş dinin mühafizəsi və təbliği sahəsində xüsusi vəzifələrin yerinə
yetirilməsi üçün Uca Ədalət Evi 1968-ci ildə Qitə Müşavirləri Korpusunu
yaratmışdır. Hər bir korpus Uca Ədalət Evi tərəfindən təyin edilən və Allah
Əmrinin Əlləri ilə sıx Əməkdaşlıq edən müəyyən sayda müşavirlərdən ibarətdir.
Köməkçi kollegiyaların təyin edilməsi və istiqamətləndirilməsi indi artıq
Müşavirlər Korpusunun vəzifəsinə daxildir. Hal-hazırda sağ qalan 2
nəfər Allah Əmrinin Əllərinin vəzifələri isə ümumdünya miqyasında
genişlənmişdir.
Dinin Mühafizi Uca Ədalət Evinin
rəhbərliyi altında yerinə yetirilməli olan və Təlimin bütün dünyada yayılmasına
xidmət edəcək gələcək planlar haqqında yazmışdı; onlardan birincisi olan
Doqquzillik Plan 1964-cü ildə yerinə yetirilməyə başlanmışdır. Onun ardınca
gələn Beşillik Plan isə 1979-cu ilin Rizvanınadək davam etmişdir.
1979-cu ildən başlayan Yeddiillik Plan 1986-cı ildə uğurla yerinə yetirilmişdir. Sonra
1986-1992-ci illərdə Altıillik Plan, 1992-1996-cı illərdə Üçillik
Plan, 1996-2000-ci illərdə Dördillik Plan, 2000-2001-ci ildə 12-Aylıq Plan həyata keçirilmişdir. 2001-ci ildə bəhai
dünyası yeni epoxa qədəm qoymuşdur.
Hal-hazırda bütün dünya bəhailəri 2001-2005-ci illər üçün müəyyən edilmiş Beşillik Planı əzmlə yerinə yetirməkdədirlər.
İndi dünyanın 235 ölkəsində bəhailər yaşayır və fəaliyyət göstərirlər.
Dünyanın 2112 etnik qrupu, tayfası və xalqı Bəhai Dinini qəbul etmişlər. 182
Milli Ruhani Məhfil və təqribən 26 000 Yerli
Ruhani Məhfil fəaliyyət göstərir. Bəhai ədəbiyatı 800-dən
çox dilə tərcümə edilmişdir. Avropa, Avstraliya, Amerika, Asiya və
Afrika qitələrində 30 bəhai nəşriyyatı vardır. Gənc nəslin maariflənməsi
sahəsində 348 Bəhai Akademiyası, 407 Aparıcı Məktəb və 200 İnstitut fəaliyyət
göstərir.