"Dünya tək bir vətəndir, və bütün insanlar - onun vətəndaşlardır." - Bəhaullah
Nəbil Zərəndi.
Dan yerinin şəfəqləri

Ý Kitabın əvvəlinə   


XXIV fəsil. Zəncan hadisələri


Həzrət Babın həyatının son çağlarında Zəncanda vəziyyət kərkinləşməyə başladı. Mazandaranda və Neyrizdə narahatlıq və həyəcan doğurmuş amillər Zəncanda da özünü göstərməkdə idi. O vaxtlar Həzrət Bab bir-birinin ardınca kədərli xəbərlər alırdı. Şeyx Təbərsi qalasında əshabələrin şəhid olması xəbərinin ardınca cənab Vəhidin və onun dostlarının şəhid olması xəbəri Mübarək Hüzura yetişdi. Həzrət Babın mübarək qəlbi ağır iztiraba, sonsuz hüzn və qüssəyə qərq oldu. Dustağlıq, müxtəlif çətinliklər, düşmənlərin fitnə-fəsadı Həzrət Bab üçün azmış kimi, bu kədərli xəbərlər də onlara əlavə olunurdu. Bir tərəfdən Həzrət Bab düşmənlərin hücumlarına məruz qalırdı. Təbrizdə vəliəhdin iştirak etdiyi məclisdə əleyhdarlarının Onunla necə rəftar etməsi barədə artıq yazmışıq. O biri tərəfdən, Azərbaycan dağlarındakı məhbusluq həyatı və zindan şəraiti Həzrət Bab üçün çoxsaylı məşəqqətlər doğururdu. Bir tərəfdən də, Mazandaranda və Neyrizdə baş verən hadisələr, Tehranda yeddi şəhidin zülmə məruz qalması barədə Həzrət Baba kədərli və üzücü xəbərlər çatdırılırdı. Bütün bunlardan sonra Zəncanda əshabələrin ağır vəziyyətə düşməsi haqqında məlumat Həzrət Babın qəminin üstünə qəm gətirdi, həyatının son günlərində onda böyük təşviş və hədsiz narahatlıq doğurdu. Zəncan hadisələri əvvəlki hadisələrə nisbətən daha ağır idi. İndi isə bu kədərli hadisələrin təsvirinə başlayıram.

Geniş yayılmış ifadə ilə desək, Zəncan hadisələrinin qəhrəmanı cənab Hüccət Zəncani idi. Onun əsil adı Molla Məhəmmədəli olmuşdur. O, müasiri olan üləmalar və alimlər içərisində yüksək məqama malik idi, öz qüdrəti və bacarığı ilə hamıdan seçilirdi. Hüccət Zəncani mübarək Əmrin ən böyük yardımçılarından biri olmuşdur. Cənab Hüccətin atası Molla Rəhim Zəncani o tərəflərin üləmalarından biri idi, öz biliyi, təvazökarlığı və mehriban davranışı ilə hamının hörmətini qazanmışdı. Cənab Hüccət hicri 1227-ci(1812-ci) ildə anadan olmuşdu. Hələ uşaqlıqdan onun qeyri-adi qabiliyyətləri özünü göstərirdi, buna görə də atası onun təlim və tərbiyəsinə xüsusi diqqət yetirirdi. Məhz atasının məsləhəti ilə cənab Hüccət təhsil almaq üçün Nəcəfə yollanmışdı. O, yüksək ağıl və düşüncə sahibi idi, idrakının gücü ilə çoxlarına üstün gəlirdi. Dostları onun ağlına, zəkasına, fəsahətli nitqinə və qətiyyətli davranışına heyran idilər. Bu yüksək keyfiyyətləri onun əleyhdarlarını qorxuya salırdı, düşmənləri ona paxıllıq edirdilər. Vəziyyəti belə görən atası ona sifariş göndərdi ki, düşmənlər pusquda dayandığı üçün Zəncana gəlməsin. Cənab Hüccət də bunu nəzərə alıb Zəncana getməmək qərarına gəldi. O, həmədan şəhərində qalıb qohumlarından biri ilə evləndi. İki il yarım həmədanda yaşadı. Bundan sonra o, atasının vəfat etdiyini eşidib həmədandan Zəncana getməyi qərara aldı. Zəncana gələndə üləmalar onu üzdə böyük ehtiramla qarşıladılar, amma ürəklərində ona düşmənçilik bəsləyirdilər və Hüccəti aradan kötü.rmək niyyətində idilər. Cənab Hüccətin sözlərini eşitmək üçün məscidə çoxlu adam toplaşmışdı. Hüccət Zəncani onlara öyüdnəsihət verib dedi ki, nəfsin və ehtirasların ardınca getməsinlər, heç bir işdə ifrata varmasınlar, bəd əməllərdən çəkinsinlər, islamın hökmlərini və Quranın aydın göstərişlərini dəqiqliklə yerinə yetirsinlər. Bundan sonra cənab Hüccət Zəncanda dərs deməyə başladı və öz şagirdlərini elə hazırladı ki, onlar elm və bilik baxımından digər Zəncan üləmalarından üstün oldular. On yeddi il bu minvalla keçdi. Şəhər əhalisi cənab Hüccətin təsiri ilə müqəddəs dinin hökmlərini tam şəkildə yerinə yetirirdi və dini ehkamları pozmaq heç kəsin ağlına gəlmirdi.

Cənab Hüccət Həzrət Babın Şirazdan ucalan dəvətinin sədasını eşitdikdə, özünün etibarlı şagirdlərindən Molla İskəndər adlı bir nəfəri Yeni Dəvətin nədən ibarət olduğunu araşdırmaq üçün Şiraza göndərdi. Bu isə onun əleyhdarlarının öz səylərini gücləndirməsinə səbəb oldu. Onlar cənab Hüccəti heç cür şahın və rəiyyətin gözündən salmağa müvəffəq ola bilmədikləri üçün bu qərara gəldilər ki, onu Yeni Dəvətin təbliğçisi və müqəddəs islam dininin müxalifi kimi qələmə versinlər. Onun düşmənlərindən bir neçə nəfər bir yerə toplaşdıqları zaman öz aralarında deyirdilər: "Bizim bu şəxsi camaatın gözündən salmağımız, onun rütbə və məqamına xələl gətirməyimiz mümkün deyil, çünki o, bilikli, mömin və ədalətli bir adamdır. Məhəmməd şah onu Tehrana çağırdığı zaman o, bəlağətli nitqi və sehrli kəlmələri ilə şahı özünə valeh edə bildi. Şahın ondan xoşu gəldi və ona ehtiram göstərdi. Amma indi Hüccət Seyyid Babın Əmrini qəbul edib açıq-aşkar camaata təbliğ etdiyi üçün bizim işimiz xeyli asanlaşıb.İndi biz hökumətnn onu həbs edib Zəncandan uzaqlaşdırmasına nail ola bilərik". Hüccətin əleyhdarları bu qərara gəldilər ki, Məhəmməd şaha ərizə yazsınlar. Həmin ərizədə onlar Hüccət barədə ürəklərindən keçən bütün sözləri bəyan etmişdilər. O cümlədən, yazmışdılar: «Hüccət hələ islamın tərəfdarı olduğu vaxtlarda öz şagirdlərini üləmaların üstünə qaldırır, onlara qarşı təhqiramiz əməllərə vadar edirdi. İndi isə o, Seyyid Babın Əmrini qəbul edib və Zəncan camaatının üçdə ikisini babiyə çevirib. Belə olan halda bəllidir ki, bizim başımıza nə bəlalar gələcək. Onun evinə toplaşan adamların sayı məscidə gələnlərin sayından qat-qat artıqdır. O, atasının məscidini öz tərəfdarlarının yığıncaq yerinə çevirib. Tərəfdarları orada yığışıb onun sözlərini dinləyirlər. Çox keçməz ki, nəinki Zəncan camaatı, hətta Zəncan ətrafındakı bütün kəndlərin əhalisi babi olar və ona kömək göstərmək üçün ayağa qalxarlar".

Məhəmməd şah Zəncan üləmalarının ərizəsinə xeyli təəccüb etdi. Mirzə Nəzərəli həkimbaşı da həmin ərizədən agah olub çox təəccübləndi və dedi: "Bir çox şəxslər Hüccəti görmüşlər və həmişə də onun qüdrətindən və dəyanətindən söz açmışlar". Məhəmməd şah bu qərara gəldi ki, cənab Hüccəti və onun əleyhdarlarını Tehrana çağırsın. Onlar gələn kimi xüsusi bir məclis təşkil olundu və Hacı Mirzə Ağası, saray əyanları və Tehranın məşhur üləmaları da Məhəmməd şahın göstərişi ilə həmin məclisə dəvət edildi. Qərara alındı ki, bu məclisdə Zəncan üləmaları cənab Hüccətlə mübahisə etsinlər. Zəncanlıların verdiyi sualların hər birini cənab Hüccət elə cavablandırdı ki, bütün iştirakçılar və şəxsən Məhəmməd şah özü onun günahsızlığına əmin oldular. Sonda Məhəmməd şah cənab Hüccətdən razılıq elədi və onu xeyli tərifləyərək, buyurdu: "Siz yaxşı yol seçdiniz və düşmənlərinizin sizə qarşı irəli sürdüyü bütün ittihamları rədd etdiniz". Xülasə, cənab Hüccətin barəsində çoxlu xoş sözlər söylədikdən sonra şah buyurdu: "Zəncana qayıdıb məmləkətin və millətin xeyrinə olan fəaliyyətinizi davam etdirin. Mən də daim sizə kömək göstərəcəyəm. Nə vaxt düşmənləriniz sizə qarşı bir hərəkətə başlasalar, dərhal mənə xəbər verin".

Cənab Hüccət Zəncana qayıtdı. Onun düşmənləri məğlub olduqlarını görüb fitnə-fəsada başladılar və böyük bir qarışıqlıq törətdilər. Düşmənlərin ədavəti nə qədər güclənirdisə, Hüccətin tərəfdarlarının öz rəhbərlərinə məhəbbət və sədaqəti də bir o qədər artırdı. Hüccət heç kəsə fikir vermədən və düşmənlərdən çəkinmədən öz vəzifələrini həyata keçirməklə məşğul idi. O elə rəftar edirdi ki, düşmənlərin bütün təşəbbüsləri heçə çıxırdı. Düşmənlər bərk qəzəbli idilər: onlar görürdülər ki, bütün təşəbbüsləri nəticəsiz qalır və işlərin ixtiyarı onların əlindən çıxır.

Cənab Hüccət bir müddət idi ki, özünün yaxın və etibarlı adamlarından biri olan Məşədi Əhmədi onun məktubunu və bəzi hədiyyələrini Həzrət Baba çatdırmaq üçün Şiraza göndərmişdi. Bir gün cənab Hüccət şagirdləri ilə söhbət etdiyi zaman Məşədi Əhməd Şirazdan qayıtdı və Həzrəti-Əlanın bağlı məktubunu Hüccətə verdi. Həmin məktubda Həzrəti-Əla ona “Hüccət” ləqəbi vermiş və təkidlə tapşırmışdı ki, minbərə qalxıb mübarək Əmrin əsas müddəalarını camaata şərh etsin. Cənab Hüccət mübarək lövhəni oxuyan kimi aldığı göstərişə uyğun olaraq hərəkət etmək qərarına gəldi. O, dərhal dərsi dayandırıb şagirdlərini buraxdı və onlara söylədi: "Bundan sonra mən dərs deməyəcəyəm. Bir şey məlum olduğu halda, onu öyrənmək bəyənilən iş deyil".

Həzrət Babın göstərişinə uyğun olaraq, cümə günü cənab Hüccət camaatın qarşısında dayanıb cümə namazı qıldı. İmamcümə cənab Hüccətə etiraz edib dedi: "Cümə namazına başçılıq etmək mənim hüququmdur, çünki mən imamcüməyəm. Mənim əcdadlarım da buna qədər imamcümə olmuşlar. Bu barədə padşahın da fərmanı var. Məndən savayı heç kəs imamcümə ola bilməz. Siz nə hağla cümə namazını qılmısınız?!". Cənab Hüccət imamcüməyə dedi: "Əgər sən padşahın fərmanına əsasən imamcümə olmusansa, mənə Həzrət Qaim-əleyhissalam cümə namazını qılmağı əmr edib. Məndə də Həzrət Qaimin fərmanı var və heç kəs bu haqqı mənim əlimdən ala bilməz. Əgər kimsə mənim əleyhimə çıxıb bu məsələdə mənə müqavimət göstərsə, mən müdafiə olunacağam". Cənab Hüccət qorxub-çəkinmədən Həzrət Babın mübarək göstərişini yerinə yetirdiyi üçün Zəncan üləmaları imamcümə ilə həmrəy və əlbir oldular. Onlar Hacı Mirzə Ağasıya şikayət edib dedilər: «Hüccət heç nəyə fikir vermir və bizim hüquqlarımızı pozur. Ya biz nəyimiz varsa, götürüb Zəncandan gedəcəyik, şəhəri və camaatı Hüccətin ixtiyarına qoyacağıq ya da Məhəmməd şah dərhal Hüccəti bu şəhərdən çıxarmalıdır. Biz əminik ki, şah Hüccətə dəyibtoxunmasa və o, bu şəhərdə qalsa, böyük bir təhlükə meydana gələcəkdir". Hacı Mirzə Ağası məcbur olub Zəncan üləmalarının şikayətini Məhəmməd şaha çatdırdı, hərçənd o, ürəyində üləmaların nüfuzundan ehtiyat edirdi və onların sözünə qulaq asmaq istəmirdi. Məhəmməd şah əmr etdi ki, Hüccət Zəncandan Tehrana gəlsin. Bu iş Qılınc xan Kürdə həvalə edildi: o, Zəncana gedib şahın əmrini Hüccətə çatdırmalı idi. Bu, o vaxtlar idi ki, Həzrət Bab Tehran yaxınlığından keçib Təbrizə gedirdi. Hələ Qılınc xan Zəncana çatmamış cənab Hüccət öz tərəfdarlarından Xan Məhəmməd Topçu adı ilə məşhur olan bir nəfəri xüsusi məktubla Mübarək Hüzura göndərmişdi. Həmin məktubda o, Həzrət Babı düşmənlərin əlindən alıb xilas etmək üçün icazə istəyirdi. Həzrət Bab Hüccətə belə cavab vermişdi: "Qadir Allahdan savayı heç kəs məni xilas edə bilməz. İnsanın ilahi təqdirdən qaçması və Tanrı hökmündən çıxması mümkün deyil". Eyni zamanda, Həzrət Bab buyurmuşdu: "Bizim görüşümüzə gəldikdə isə, bu tezliklə başqa bir dünyada baş tutacaqdır. Sən əbədi izzət aləmində mənimlə görüşəcəksən".

Həzrəti-Əlanın bu cavabı cənab Hüccətə yetişdiyi gün Qılınc xan da Zəncana varid oldu və şahın əmrini Hüccətə çatdırdı. Cənab Hüccət Qılınc xanla birlikdə Tehrana yollandı. Onlar Tehrana çatdığı zaman Həzrət Bab bir neçə gün qaldığı Güleyn kəndindən yola düşmüşdü. Yerli səlahiyyət sahibləri gizlincə işləri elə qurmuşdular ki, Həzrət Bab Zəncandan keçən vaxt cənab Hüccət Zəncanda olmasın. Onlar qorxurdular ki, Hüccət Seyyid Babla görüşsə, işlər çətinləşə bilər. Cənab Hüccət Tehrana yollandığı zaman bir çox əshabələr də onunla birlikdə Tehrana getmək istədilər. Hüccət onlara dedi: "Siz Zəncana qayıdın, Həzrət Babın Mübarək Hüzuruna gedib ərz edin ki, biz hamımız sizi xilas etməyə hazırıq". Həmin şəxslər qayıdıb Həzrət Babın Mübarək Hüzuruna yetişdilər və öz xidmətlərini təklif etdilər. Həzrət Bab buyurdu: "Mən istəmirəm ki, kimsə məni xilas etməyə cəhd göstərsin. Siz gedin Zəncan möminlərinə deyin ki, mənim ətrafıma toplaşmasınlar və mənim ardımca gəlməsinlər". Zəncan möminləri hamısı hazırlaşmışdılar ki, Həzrət Bab Zəncana yetişəndə, gedib onunla görüşsünlər. Onlar Həzrət Babın sözlərini eşidib kədərləndilər. Və bununla razılaşa bilmədilər ki, Həzrət Bab Zəncana təşrif gətirsin, onlar isə Onunla görüşə bilməsinlər. Buna görə də Həzrət Babın istəyinin əksinə olaraq, Onun görüşünə yollandılar. Amma Gəzrət Babı müşayiət edən dəstəyə yaxınlaşan kimi, məmurlar amansızlıqla onları pərən-pərən saldılar.

Həzrət Babı müşayiət edən dəstə iki yol ayrıcına çatanda, harada qalmaq üstündə Məhəmməd bəy Çaparçı ilə Tehrandan onun köməyinə göndərilmiş bir şəxs arasında mübahisə düşdü. Məhəmməd bəy Çaparçı Həzrəti-Əlanı Zəncana aparmaq, gecəni təbib Mirzə Məsumun (Əmrin şəhidlərindən biri olan təbib Mirzə Məhəmmədəlinin atasının) karvansarasında qalmaq və ertəsi gün yola davam etmək istəyirdi. O, deyirdi: "Əgər gecəni şəhərdən kənarda keçirsək, təhlükəyə məruz qalarıq, düşmənlər bizə zərər yetirə bilərlər". Lakin onun yoldaşı bununla razılaşmırDI Nəhayət, Məhəmməd bəy Çaparçı üstün gəldi və yoldaşını razı saldı ki, Həzrət Babı gecələmək üçün karvansaraya aparsınlar. Dəstə şəhərə daxil oldu. Onlar şəhərin küçələrindən keçərkən, bir çox adamlar Həzrət Babı görmək üçün evlərin damlarına çıxmışdılar. Adı çəkilən karvansara Mirzə Məsuma məxsus idi. Bir müddət əvvəl o, vəfat etmişdi. Mirzə Məsumun böyük oğlu Mirzə Məhəmmədəli həmədanda yaşayırdı və o, şəhərdə təbiblərin başçısı idi. O, atasının matəm mərasimində iştirak etmək üçün həmədandan Zəncana gəlmişdi. Mirzə Məhəmmədəli o vaxtlar Əmrə iman gətirməmişdi, lakin Həzrət Babı çox sevirdi. Buna görə də o, hədsiz sevinclə öz karvansarasını Həzrət Babın qalması üçün hazırladı. Həmən gecə o, Mübarək Hüzura qovuşmaq şərəfinə nail oldu və bunun nəticəsində mübarək Əmrə iman gətirdi. Sonralar özü bu barədə belə danışırdı: "O gecə mübarək Əmrə iman gətirdikdən sonra mən səhər tezdən yuxudan durdum, çırağı yandırıb nökərimlə birlikdə karvansaraya yollandım. Gözətçilik edən məmurlar məni tanıdıqları üçün karvansaraya buraxdılar. Mən hüzura daxil olanda Həzrət Bab namaz qılmaq üçün dəstəmaz alırdı. Onun vacibatı yerinə yetirməsi mənə qəribə təsir göstərdi. Həzrət Bab namaza başlarkən, mən də Onunla bərabər namaza durdum. Namaz qıldığım zaman bütün vücudumu sevinc və fərəh. bürümüşdü. Namazdan sonra özüm gedib çay hazırladım və Mübarək Hüzura gətirdim. Bu zaman Həzrət Bab mənə dedi: "Siz Həmədana qayıtmalısınız, çünki tezliklə Zəncanda böyük qarışıqlıq və həngamə yaranacaq, küçələrdə qan su yerinə axacaq". Mən onun Əmri yolunda fəda olmağı arzuladığımı bildirdim. Həzrət Bab buyurdu: "Sizin şəhidlik vaxtınız hələ yetişməyib. Allaha təvəkkül edin və Onun əmrinə uyğun hərəkət edin!". Günəş çıxanda Həzrət Bab Təbrizə yollanmaq üçün atına mindi. Mən xahiş etdim ki, onunla get, məyimə icazə versin, lakin Həzrət Bab icazə verməyib məndən ötrü dua etdi. Həzrət Bab gözdən itənə qədər mən eləcə dayanıb baxırdım. Mübarək Hüzurdan ayrıldığıma görə hədsiz kədər içərisində idim".

Cənab Hüccət Tehrana çatan kimi, Hacı Mirzə Ağası onu çağırıb özünün və Məhəmməd şahın adından dedi: "Siz Zəncan üləmaları ilə bu cür rəftar edib onlarda özünüzə qarşı ədavət doğurmaqda düzgün iş görməmisiniz. Zəncan üləmaları bizə o qədər məktub və şifahi xəbər göndəriblər ki, bizi əməlli-başlı qorxuya salıblar. Gələn məktubların və xəbərlərin hamısında sizdən şikayət olunur. Mən şəxsən üləmaların yazdıqlarına və dediklərinə inanmıram. Mən heç cür inanmıram və qəbul edə bilmirəm ki, siz atababalarınızın dinindən üz döndərmisiniz. Şah da buna inanmaz. Buna görə də şah mənə göstəriş verdi ki, sizi Tehrana çağırım və beləliklə, sizə qarşı söylənilən iftiralara son qoyulsun. Seyyid Babdan hər cəhətdən üstün olan sizin kimi bir şəxsin onun davamçılarından birinə çevrilməsini eşitmək mənim üçün çox ağırdır". Hüccət Hacı Mirzə Ağasının cavabında dedi: "Elə deyil. Allah şahiddir ki, əgər Seyyid Bab öz evinin ən alçaq işini mənə həvalə etsə, mən bununla fəxr edərəm, bunu özümə ən böyük şərəf sayaram və həmin şərəfi padşahın inayət və ənamından üstün tutaram". Mirzə Ağası qəzəblə qışqırdı: "Ola bilməz!". Hüccət ona dedi: "Bu şirazlı seyyid həmən müqəddəs Şəxsdir ki, siz və bütün dünya əhalisi hədsiz şövqlə Onun Zühurunu gözləyirsiniz. Bizim Ağamız odur, vəd olunmuş Xilaskar odur!".

Hacı Mirzə Ağası bu sözləri cənab Hüccətdən eşidən kimi birbaşa Məhəmməd şahın yanına getdi, əhvalatı şaha danışıb dedi: "Mən çox qorxuram ki, bu şəxs şahın inayətindən suiistifadə etsin. Əgər şah bu şəxsin qarşısını almasa və əvvəlki kimi onu digər məmləkət üləmalarından üstün tutsa, Hüccət dövlət əleyhinə qiyam qaldıra bilər. Məmləkətin mənafeyi və dövlət siyasəti tələb edir ki, Hüccətin qarşısı alınsın". Məhəmməd şahın qaydası belə idi ki, müxtəlif şəxslər barədə bu qəbil sözləri qəbul etmirdi. Bu halda da o, düşündü ki, Hüccət barəsində deyilən sözlər qərəzlidir, düşmənləri ona bəslədikləri həsəd və kin nəticəsində onun haqqında belə ittihamlar irəli sürürlər. Buna görə də qərara gəldi ki, məclis təşkil edib paytaxt üləmalarını çağırsın və Hüccət üləmaların hüzurunda dəlil və sübutlar əsasında öz fikirlərini bildirsin və əqidəsini isbat etsin. Beləcə bir neçə dəfə məclis təşkil edildi. Hər dəfə də cənab Hüccət əleyhdarlarının ittihamlarına tutarlı cavablar verdi və öz iddiasının doğruluğunu sübuta yetirdi. Onun üləmaların qarşısında söylədiyi sözlərdən biri də bu idi: "Məgər bu müqəddəs hədis bütövlükdə sünnilərin və şiələrin əleyhinə deyilmi? Ulu peyğəmbər buyurub: "Mən sizə iki ağır şeyi qoyub gedirəm: Allahın Kitabını və nəslimi". Madam ki, sizin əqidənizcə, bu iki ağır şeydən biri, yəni nəsil aradan gedib və ortada yoxdur, deməli, digər ağır şey mövcud olmalıdır. Və əslində də belədir. Mövcud olan ağır şey - Kitabdır. İlahi Kitab insanlara doğru yol göstərmək üçün yeganə vasitədir. Mən sizdən xahiş edirəm, ilahi Kitabı qarşınıza qoyun, onu özünüzün rəhbərinizə və bələdçinizə çevirin, Kitabın göstərişini yerinə yetirin, onu hər hansı mətləbi rədd, yaxud qəbul etməkdə, doğru və ya yalan hesab etməkdə misana və meyara çevirin! .

Üləmalar Hüccətə cavab verməkdə aciz qalıb özlərini düdafiə edə bilmədikdə, ondan qeyri-adi bir şey tələb edib dedilər: "Əgər sizin iddianız doğrudursa, siz bir möcüzə göstərməlisiniz". Cənab Hüccət uca səslə cavab verdi: "Bundan böyük nə möcüzə ola bilər ki, mən təkbaşına sizin - Tehranın məşhur üləma və müctəhidlərinin qarşısına çıxıb dəlilin gücü ilə hamınıza üstün gəlirəm. Məgər təkcə mənim Tehranın üləma və müctəhidləri üzərində qələbə çalmağım ən böyük möcüzə deyilmi?!" Məhəmməd şah Hüccətin müzakirələr zamanı üləmalara qalib gəldiyini, dəlil və sübutlarla əleyhdarlarının ittihamlarına cavab verdiyini görüb Hüccətə hədsiz dərəcədə inandı və ondan sonra daha Hüccətin düşmənlərinin sözlərinə qulaq asmadı. Zəncan üləmalarının və Tehran müctəhidlərinin bir çoxu Hüccət barədə küfr hökmü çıxarmış və onun qətlinə fitva vermişdilər. Buna baxmayaraq, Məhəmməd şah Hüccətə mehribanlıq göstərir, hədiyyələr bağışlayır və deyirdi ki, siz həmişə mənim köməyimə arxalana bilərsiniz. Hacı Mirzə Aqası Məhəmməd şahın Hüccətə inayət göstərdiyini və onunla açıq-aşkar düşmənçilik edə bilməyəcəyini görüb hiyləgərliklə Hüccətə yaltağlanır, öz paxıllığını və kinini gizlədirdi. Arabir Hüccətin evinə getdiyi zaman o, müxtəlif hədiyyələrlə Hüccətə məhəbbətini izhar edirdi, halbuki ürəyində onun qatı düşməni idi.

Cənab Hüccət Tehranda, necə deyərlər, göz dustağı idi. O, Tehrandan çıxıb əshabələrlə görüşə və onlarla söhbət edə bilmirdi. Zəncanda olan möminlər cənab Hüccətdən xahiş etmişdilər ki, mübarək Əmrin müddəalarını ətraflı şəkildə yazıb onlara göndərsin və onlar da ilahi göstərişlərə uyğun hərəkət etsinlər. Hüccət onlara xəbər göndərdi ki, Həzrət Babın təlimini mənim araşdırma üçün Şiraza göndərdiyim şəxslərdən soruşub öyrənin. Eyni zamanda, onlara islamın mövcud qaydalarına uyqun gəlməyən bir sıra göstərişlər verdi. O cümlədən, Zəncan camaatına bildirdi ki, Seyyid Kazım Zəncani Şirazda və İsfahanda mənim sevimli Ağamın hüzurunda olmuşdur. Molla İskəndərlə Məşədi Əhmədi isə şəxsən mən özüm araşdırma aparmaq üçün Şiraza göndərmişdim. Bu üç nəfər deyir ki, Həzrət Bab özü ilahi ayələrdə və mübarək lövhələrdə möminlərə vacib buyurulmuş əməlləri yerinə yetirir. Biz də o Həzrətin davamçıları olaraq, O müqəddəs Şəxsin davranışından nümunə götürməliyik. Zəncan möminləri cənab Hüccətin Tehrandan yazıb göndərdiyi bu mətləbləri oxuyan kimi dərhal itaət göstərdilər və canlabaşla yeni hökmləri yerinə yetirməyə başlayıb köhnə adətləri aradan qaldırdılar. Hətta öz uşaqlarına da mübarək Əmrə uyğun surətdə davranmağı öyrətdilər. Öz uşaqlarına öyrətmişdilər ki, desinlər: "Bizim sevimli Ağamız bu hökmlərə və göstərişlərə əməl edən ilk Şəxsdir. Elə isə Ona iman gətirmiş bizlər nə üçün bu qaydaları və hökmləri öz yolumuzda çırağa çevirməməliyik?!".

Cənab Hüccət Tehranda məhbus olduğu vaxtlar əshabələrin Şeyx Təbərsi qalasında mühasirəyə alınması xəbərini eşitdi. O, çox istəyirdi ki, oraya gedib dostlara kömək göstərsin, lakin buna imkanı yox idi. O vaxtlar onun həmdəmi Həzrət Bəhaullah idi. Həzrət Bəhaullahın Mübarək Hüzurundan kəsb etdiyi feyzlər nəticəsində cənab Hüccət bir müddət sonra Əmrə xidmət yolunda elə bir təşəbbüsə əl atdı ki, bu, öz əzəməti və əhəmiyyəti baxımından heç də Şeyx Təbərsi qalasındakı əshabələrin hərəkətindən geri qalmırdı.

Məhəmməd şah vəfat edib oğlu Nasirəddin şah taxta çıxdığı zaman cənab Hüccət hələ də Tehranda məhbus idi. Nasirəddin şahın baş vəziri Mirzə Tağı xan Əmir Nizam cənab Hüccətin həbs şəraitini ağırlaşdırmaq və bir bəhanə tapıb onu qətlə yetirmək qərarına gəlmişdi. Cənab Hüccət həyatı üçün təhlükə yarandığını görüb Tehrandan çıxdı və Zəncana - öz dostlarının yanına qayıtdı. Əttar Kərbəlayi Vəli cənab Hüccətin Zəncana GƏLDİYİNİ əshabələrə xəbər verdi. Kişilər və qadınlar, böyüklər və kiçiklər hədsiz şövqlə Hüccətin hüzuruna tələsdilər, onun qayıdışından sevindiklərini bildirib ona məhəbbətlərini izhar etdilər. Camaatın Hüccətə itaəti və məhəbbəti Nasirəddin şahın əmisi olan Zəncan hakimi Məcdüd-dövlə nin xoşuna gəlmədi və onun ovqatını təlx etdi. O qədər qəzəbləndi ki, əmr edib əttar Kərbəlayi Vəlinin dilini kəsdirdi. Məcdüd-dövlə ürəyində Hüccətə qarşı güclü ədavət bəsləyirdi və fürsət axtarırdı ki, Hüccəti aradan götürsün. Lakin üzdə cənab Hüccətə məhəbbətini izhar edir, onu görməyə gedir və ehtiram göstərirdi.

Bu arada baş vermiş kiçik bir hadisə Hüccətin düşmənlərinin qəlbindəki gizli ədavət alovunun şölələnməsinə səbəb oldu. Həmin kiçik və əhəmiyyətsiz hadisə bundan ibarət idi ki, iki uşaq bir-biri ilə dalaşmışdı. Onlardan biri cənab Hüccətin tərəfdarlarından birinin oğlu idi. Zəncan hakimi dərhal göstəriş verib həmin uşağı. Həbs etdirmişdi. Əshabələr hakimə müraciət edib xahiş etdilər ki, həbs olunmuş uşağı buraxsın və bunun müqabilində onların öz aralarında topladığı pulu onlardan qəbul etsin. Hakim buna razı olmadı. Əshabələr cənab Hüccətin yanına gedib şikayət etdilər. Cənab Hüccət hakimə yazdı ki, həddi-büluğa çatmamış uşaq öz hərəkətlərinə görə şəxsən məsuliyyət daşımır. Əgər siz hökmən kimisə cəzalandırmaq istəyirsinizsə, yaxşı olar ki, o uşağın atasını həbs edəsiniz. Hakim cənab Hüccətin məktubuna etina etmədi. Hüccət yeni bir məktub yazıb nüfuzlu şəxslərdən olan Mir Cəlilə verdi və dedi: "Bu məktubu öz əlinlə hakimə təqdim edərsən". Mir Cəlil cənab Seyyid Əşrəf Zəncaninin atasıdır və mübarək Əmrin şəhidlərindən biridir. O, hakimin iqamətgahına yaxınlaşanda, gözətçilər onu içəri daxil olmağa qoymadılar. Mir Cəlil qəzəblənib zorla içəri girmək qərarına gəldi. O, qılıncını sıyırıb gözətçiləri qovdu, hakimin yanına gedib uşağın buraxılmasını tələb etdi. Zəncan hakimi qeydşərtsiz Mir Cəlilin tələbini yerinə yetirdi və uşağı azad etdi. Şəhərin üləmaları hakimin bu hərəkətindən qəzəbləndilər və ona dedilər: "Nə üçün belə etdin? Niyə öz düşmənlərinin hədələri qarşısında duruş gətirmədin? Sənin bu işin yalnız təəssüf doğurur. Düşmənlər bu hədələrlə səni qorxutmaq istəyirdilər, sən də qorxdun. Gələn dəfə onlar başqa bir şey tələb edəcəklər və səni onların istəyinə uyqun surətdə işləməyə vadar edəcəklər. Belə getsə, onlar bütün işlərin ixtiyarını öz əllərinə alacaqlar və səni heç bir məsələyə qarışmağa qoymayacaqlar. Nə qədər ki, keç deyil, adamlarını göndər, Hüccəti həbs et. Sən yalnız bu yolla özəleyhdarlarının qarşısını ala bilərsən".

Zəncan hakimi əvvəlcə bu təklifi qəbul etmədi. Lakin üləmalar onu bu işi görməyə vadar etdilər və arxayın elədilər ki, bunun heç bir qorxusu yoxdur, şəhər bir-birinə dəyməyəcək. Sonra üləmalar iki məşhur və qəddar pəhləvanı göndərdilər ki, gedib cənab Hüccəti tutsunlar, qandallayıb hakimin hüzuruna gətirsinlər. O iki nəfərdən biri pəhləvan Əsədullah, digəri isə pəhləvan Səfərəli idi. Hakim onlara vəd etdi ki, bu işin müqabilində sizə yaxşı ənam verəcəyəm. Pəhləvanlar təpədəndırnağa qədər silahlanıb yola düşdülər. Bir çox avara və rəzil insanlar da onlara qoşuldular. Üləmalar isə orda-burda adamları qızışdırmaqla məşğul idilər.

Pəhləvanlar cənab Hüccətin yaşadığı məhəlləyə çatanda, Mir Səlah adlı qəhrəman bir əshabə möminlərin silahlanmış yeddi nəfəri ilə birlikdə onların qarşısını kəsdi. Mir Səlah Əsədullahdan soruşdu: «Hara getmək istəyirsən?". Pəhləvan cənab Hüccətin adını çəkdi və onun ünvanına nalayiq sözlər işlətdi. Mir Səlah dərhal qılıncını sıyırıb "ya Sahib əz Zaman!" deyə qışqırdı və Əsədullahın alnına ağır bir zərbə endirdi. Mir Səlahın şücaət və rəşadəti, silahlı pəhləvana qalib gəlməsi onun başına yığışmış adamların aradan çıxmasına səbəb oldu. Bu, Zəncan şəhərində ucalan ilk "ya Sahib əz Zaman!" nidası idi. Bütün şəhər lərzəyə gəldi. Zəncan hakimi bu fəryadın gücündən qorxuya düşüb soruşdu: "Bu nə səsdir, qışqıran kimdir və məqsədi nədir?" Məsələni ona bildirəndə, onu xof bürüdü. Ona dedilər ki, əshabələr təhlükə zamanı bir-birini dinin köməyinə və Qaimin yardımına çağıranda, "ya Sahib əz-Zaman!" deyə fəryad çəkirlər.

Bu arada Şeyx Məhəmməd Topçu düşmənlərin əlinə keçdi. Silahsız olduğu üçün düşmənlər onun başını yarıb hakimin yanına apardılar. Həmin vaxt hakimin yanında olan Zəncan müctəhidlərindən Seyyid Əbülqasim adlı birisi öz qələmyonanı ilə Şeyx Məhəmmədin sinəsini yaraladı. Hakim Məcdüd-dövlə qılıncını sıyırıb Şeyxin ağzına güclü bir zərbə endirdi. Orada olan digər şəxslər də silahlarını götürüb özünü müdafiə etmək iqtidarında olmayan o məzlumun üstünə düşdülər. Aydındır ki, amansız düşmənlər onun başına nələr gətirdilər. Hər tərəfdən üstünə zərbələr yağdığı zaman Şeyx Məhəmməd çəkdiyi əzablara əhəmiyyət vermədən deyirdi: "İlahi, sənə şükr olsun ki, şəhidlik tacını mənim başıma qoydun!". Şeyx Məhəmməd Topçu Zəncan şəhərində ilahi Əmrin yolunda şəhid olmuş ilk şəxs idi. Bu hadisə hicri 1266-cı il rəcəb ayının 4-də (1850-ci il may ayının 16-da) cümə günü baş vermişdi. Həmin vaxt cənab Vəhidin Neyrizdə şəhid olmasına qırx beş gün, Həzrət Babın Təbrizdə şəhid olmasına isə əlli beş gün qalırdı.

Bu günahsız şəxsin qanı axıdılan gün düşmənlərin qəlbində intiqam alovu şölələndi və bu qərara gəldilər ki, digər əshabələri də qətlə yetirsinlər. Hakimin onlarla həmfikir olduğunu bildikləri üçün onlar öz aralarında belə şərtləşdilər ki, hakimin icazəsi olmadan əllərinə keçən şəxsi öldürsünlər və Hüccətin tərəfdarlarının axırına çıxmayınca, dayanıb durmasınlar. Onlar Hüccətin və onun tərəfdarlarının küfr yoluna düşdüklərini zənn edirdilər. Digər tərəfdən, onlar hakimi məcbur etdilər ki, carçı vasitəsilə aşağıdakı elanı şəhər əhalisinə çatdırsın: "Kim Hüccətin ardınca gedib onun tərəfdarlarına qoşulsa, canı təhlükəyə düşəcək, əmlakı qarət ediləcək, arvaduşağı başsız qalıb zəlil günə düçar olacaq. Kim öz rahatlığını və ləyaqətini qorumaq istəyirsə və ailəsini sevirsə, Hüccətdən uzaqlaşmalı və padşahın himayəsinə sığınmalıdır".

Carçı bu sözləri elan edən kimi Zəncan əhalisi iki dəstəyə bölündü, yəni iki döyüşkən ordu üz-üzə dayandı. Əmri qəbul etməkdə tərəddüd göstərən bir çox şəxslər üçün bu hadisə ciddi bir imtahan idi. Belə ki, bu yolla oğul atadan, qardaş qardaşdan ayrılırdı. Həmən gün möminlərlə mömin olmayanlar arasındakı qohumluq bağları qırıldı, zahiri əlaqələr unuduldu. Zəncan şəhərini qarışıqlıq və həyəcan bürüdü, üzvləri bir-birindən ayrılan ailələrin naləsi göyə ucaldı. Öz qohuməqrəbasından ayrılıb cənab Hüccətə qoşulan şəxslər şad və xürrəm idilər. Onların sevinc sədaları camaatın qəmli fəryadına, düşmənlərin söyüş və lənət səslərinə qarışıb ətrafa yayılırdı. Düşmən ordusu günahsızlar üzərinə hücuma keçməyə hazırlaşırdı. Zəncan hakimi, müctəhidlər və əyanlar ətraf kəndlərə adamlar göndərib əlavə qüvvə toplayırdılar.

Bu hay-küy və qarışıqlıq cənab Hüccəti öz işindən saxlamırdı. O, minbərə qalxıb uca səslə camaata müraciət edərək dedi: "Bu gün ilahi qüdrətin əli haqqı batildən, nuru zülmətdən ayırdı. Ey insanlar, mən istəmirəm ki, siz məndən ötrü çətinliklərə və bəlalara düçar olasınız. Zəncan hakimi və üləmalarının yeganə məqsədi məni tutub öldürməkdir. Onların bundan başqa məqsədləri yoxdur. Onlar yalnız mənim qanıma susayıblar, sizin heç birinizlə işləri yoxdur. Sizlərdən kim özünü təhlükədən qorumaq istəyirsə, öz canını sevir və Əmrin yolunda fəda etmək istəmirsə, yaxşı olar ki, fürsət əldən çıxmamış buradan çıxıb getsin".

Zəncan hakimi ətraf kəndlərdən üç min nəfərdən artıq adam toplayıb döyüşə hazır vəziyyətə gətirmişdi. Mir Səlah və onun bəzi dostları düşmən düşərgəsindəki canlanmanı görüb cənab Hüccətə təklif etdilər ki, ehtiyat üçün məhəllələrinin yaxınlığındakı Alimərdan xan qalasına köçsünlər. Cənab Hüccət bununla razılaşıb göstəriş verdi ki, qadınları, uşaqları və ərzaq ehtiyatını qalaya aparsınlar. Qalada bir sıra adamlar yaşayırdılar. Əshabələr qala sakinlərini razı saldılar ki, qaladan çıxıb onların evlərinə köçsünlər. Beləliklə, əshabələr öz evlərini boşaldıb qala sakinlərinə verdilər, özləri isə onların əvəzinə qalada məskən saldılar.

Düşmənlər güclü hücuma hazırlaşırdılar. Atışma başlayanda, şücaətli və çəsur seyyidlərdən biri olan Mir Rza cənab Hüccətin hüzuruna gəlib dedi: "İcazə verin, gedib hakimi tutum və bura gətirib qalada həbs edim". Cənab Hüccət razı olmayıb söylədi: "Bundan ötrü canınızı təhlükəyə atmağınız məsləhət deyil". Mir Rzanın niyyəti hakimə bəlli olduqda, onu qorxu bürüdü. O qədər qorxdu ki, dərhal şəhəri tərk etmək fikrinə düşdü. Lakin şəhərdəki seyyidlərdən biri onu bu fikrindən daşındırıb dedi: "Əgər siz getsəniz, şəhərdə böyük qarışıqlıq yaranar. O zaman şahın və baş vəzirin yanında hörmətdən düşərsiniz". Sonra da əlavə etdi: "Mən indi özüm gedib qaladakı adamlara hücum edərəm". Həmin şəxs dostlarından otuz nəfəri ilə birlikdə qalaya hücum etmək niyyətilə yola düşdü. Yolda o, düşmənlərdən iki nəfərin sıyrılmış qılıncla onlara tərəf gəldiyini gördü. Elə düşündü ki, ona və dostlarına hücum etmək istəyirlər. O qədər qorxdu ki, dərhal qaçıb öz evinə getdi və Zəncan hakiminə verdiyi vədi tamamilə unutdu. O, qapını bağlayıb bütün günü evində gizlənirdi. Onun otuz nəfər dostu da qalaya hücum etmək fikrindən daşındı. Onlar sonralar bildilər ki, həmən iki nəfərin onlara hücum etmək niyyəti yox imiş, sadəcə başqa bir vəzifəni yerinə yetirməyə gedərkən, yolda təsadüfən onlara rast gəliblərmiş. Bu biabırçı hadisədən sonra hakimin və adamlarının daha bir neçə cəhdi tamamilə nəticəsiz qaldı. Hər dəfə onlar qalaya hücum edəndə, cənab Hüccət əshabələrdən bir neçə nəfərə göstəriş verirdi ki, qaladan çıxıb onları pərən-pərən salsınlar. Eyni zamanda əshabələrə tapşırırdı ki, məcbur olmayınca qan tökməsinlər, yalnız düşmənin hücumunu dəf etməyə çalışsınlar; ehtiyatlı olsunlar ki, uşaqlara və qadınlara xətər toxunmasın. Hüccətin əshabələrinin sayı üç min nəfər idi. Cənab Hüccət əshabələrə deyirdi: "Bizə kafirlərə qarşı cihad etmək vəzifəsi tapşırılmayıb. Onların niyyəti nə olursa-olsun, biz yalnız müdafiə olunmalıyıq, cihad edə bilmərik".

Bir müddət bu minvalla keçdi. İki alay əsgərlə Azərbaycana gedən Sədrüd-dövlə İsfahani Əmir Nizamdan göstəriş aldı ki, Azərbaycana getməyi təxirə salıb Zəncana yollansın və Zəncan hakiminə kömək göstərsin. Əmiri-Kəbirin fərmanı Xəmsədə Sədrüd-dövləyə çatdı. Əmir Nizam fərmanda belə yazmışdı: "Padşah tərəfindən sizə bir vəzifə olaraq tapşırılır ki, Zəncanda və onun ətrafında toplaşmış fitnəkar tayfanı məğlub edib onların qüvvələrini məhv edəsiniz və məqsədlərini həyata keçirməyə imkan verməyəsiniz. Əgər bu vəzifəni layiqincə yerinə yetirsəniz, şahın nəzərində yüksələcək, başqalarından da hörmət və ehtiram görəcəksiniz".

Bu fərmanı oxuyan kimi Sədrüd-dövlənin nəfsi və tamahı baş qaldırdı, dərhal öz əsgərlərini götürüb Zəncana yollandı. Zəncan hakimi də öz adamlarını və döyüş vasitələrini onun ixtiyarına verdi. Sədrüd-dövlə yubanmadan əshabələr üzərinə hücuma keçdi və qalaya həmlə etdi. Üç gün üç gecə döyüş getdi. Əshabələr tam şücaətlə cənab Hüccətin göstərişinə uyğun olaraq yalnız müdafiə olunur və düşmənin hücumunun qarşısını alırdılar. Düşmənlər hər cəhətdən təmin olunmalarına və döyüş təcrübəsinə malik olmalarına baxmayaraq, son nəticədə qaladakı cəsur əshabələri məğlubiyyətə uğradıb onları qeydşərtsiz təslim olmaqa vadar edə bilmədilər. Əshabələr heç nədən çəkinmirdilər, aclıq, yuxusuzluq, düşmənlərin toptüfəngi onları müdafiədən saxlaya bilmirdi. Onların "ya Sahib əz-Zaman!" fəryadının sehrli təsiri düşməni qorxudur və pərən-pərən salırdı. İş o yerə çatdı ki, düşmən qoşunu əshabələr üzərində qələbədən ümidini üzüb öz acizliyi ilə barışmalı oldu. Sədrüd-dövlə etiraf etdi ki, doqquz aylıq fasiləsiz döyüşlərdən sonra onun iki alay əsgərindən yalnız otuz nəfər fərsiz şəxs qalıb. O, boynuna aldı ki, mən qalaya sığınıb belə yüksək ruhla və cəsarətlə müdafiə olunan adamları məğlub edə bilmirəm. Nəticədə Sədrüd-dövlə öz rütbə və məqamını itirib şahın qəzəbinə düçar oldu. O, səbirsizliklə gözləyirdi ki, qaladakı əshabələrə qalib gəldikdən sonra layiqincə mükafatlandırılacaq, lakin onun bütün bu arzu və ümidləri puca çıxdı. Sədrüd-dövlə ağır məğlubiyyətə uğrayıb qaçdı.

Sədrüd-dövlənin qaçması Zəncan camaatını bərk qorxuya saldı. Daha heç kəs özünü təhlükəyə atmaq istəmirdi, çünki hamı qələbəyə inamını itirmişdi. Heç kəs öz istəyi ilə döyüşə getmirdi, çoxlarını qalaya hücum çəkməyə məcbur edirdilər. Yalnız Tehrandan köməyə gələn qüvvələr döyüşə atılırdılar, qalanları döyüşə girməkdən çəkinirdilər. Tehran alaylarının Zəncana gəlməsi şəhər əhalisinə, xüsusən tacirlərə böyük mənfəət verirdi. O biri tərəfdə isə cənab Hüccətin qalada mühasirəyə alınmış əshabələri yemək və digər lazımi şeylər baxımından korluq çəkməyə başlamışdılar. Artıq əshabələri ərzağla təmin etmək mümkünsüz bir işə çevrilmişdi. Bəzi qadınlar müxtəlif bəhanələrlə qalaya yaxınlaşır və özləri ilə gətirdiyi şeyləri çox baha qiymətə əshabələrə satırdılar. Əshabələr yalnız bu yolla bəzən yemək əldə edə bilirdilər, lakin bu da həmişə mümkün olmurdu. Qaladakı əshabələr aclığa düçar olub düşmənin aramsız həmlələrinə məruz qalsalar da, hədsiz dəyanətlə müdafiə olunurdular. Onlar əmin idilər ki, düşmən qüvvələri onları məğlub edə bilməz. Qalada iyirmi səkkiz səngər qurulmuşdu, hər səngərdə on doqquz nəfər müdafiə mövqeyi tutmuşdu. Daha on doqquz nəfər isə düşmənin hərəkətlərini müşahidə edir və bu barədə müdafiəçilərə məlumat verirdi.

Düşmənlər bəzən bir nəfəri qalanın yanına göndərirdilər, o da car çəkib deyirdi: "Zəncan hakimi və qoşunun komandanı qaladan çıxıb islam dininə qayıdan şəxsin günahından keçəcəklər. Bu şəxs sağ-salamat istədiyi yerə gedə biləcək. Kim belə bir iş tutsa, şah ona rütbə və məqam verəcək, hədiyyə və ənam bəxş edəcək. Şah və onun nümayəndələri and içiblər ki, bu əhdə vəfa edəcəklər. Gəlin, ay camaat, Hüccətdən əl çəkin və qaladan çıxın!". Carçının səsi ucalan kimi, əshabələr onu ələ salıb məsxərəyə qoyurdular, heç kəs bu sözlərə fikir vermirdi.

Qalada olan qadınlar arasında Zeynəb adlı kəndli bir qadın da vardı. O, əslən Zəncan ətrafındakı kiçik bir kənddən idi. İmanın ən yüksək dərəcəsinə yüksəlmişdi, şücaətdə misilsiz, gözəllikdə bənzərsiz idi. O, din qardaşlarının məşəqqətlərə düçar olduğunu gördükdə, onların köməyinə yetişmək qərarına gəlmişdi. Buna görə də əyninə kişi libası geyinib əshabələrlə birlikdə düşmənin hücumlarını dəf edirdi. O, əyninə cübbə geyinir, başına papaq qoyub saçlarını yığırdı. Əyri qılıncı vardı. Zireh geyinib tüfəngini çiyninə salırdı. Bu görkəmdə əshabələrlə birlikdə müdafiə olunur, səngərlərdə döyüşürdü. Hamı onu kişi bilirdi. Düşmənlər atəş açan kimi Zeynəb tam cəsarətlə qılıncını sıyırıb düşmən qoşununun mərkəzinə hücum çəkir, "ya Sahib əz-Zaman!" deyə qışqıraraq, qoşunun səflərini yarırdı. Dost da, düşmən də onun şücaət və cürətinə heyran qalırdı. Hər dəfə o, düşmənlərin üstünə yeriyəndə, hamı qorxuya düşüb onun qılıncının qabağından qaçır və deyirdi: "Bu, Allahın qəzəbidir; bizə nazil olub". Bu sözlərlə düşmənlər vahiməyə düşmüş halda Zeynəbin qarşısında duruş gətirməyərək qaçır, öz səngərlərini və istehkamlarını tərk edirdilər. Bir dəfə cənab Hüccət qaladakı bürçlərdən birindən düşmənin hərəkətlərini izləyirdi. Həmən vaxt gördü ki, Zeynəb düşmənlər üzərinə hücuma keçib. Düşmən əsgərləri qaçır, Zeynəb isə onları təqib edirdi. Cənab Hüccət onu tanımadı və onun şücaətinə heyran qalıb əshabələrə söylədi: "Ona deyin ki, geri qayıtsın və düşməni təqib etməsin". O, Zeynəbin ətrafına yaqan güllələrə əhəmiyyət vermədiyini gördükdə, buyurdu: "Belə şücaət və igidlik indiyə qədər heç kimdən, heç bir kişidən görünməyib". Zeynəb gəldikdə, cənab Hüccət ondan soruşdu: "Belə hərəkət etməkdə sənin məqsədin nədir?". Zeynəb ağlayaraq dedi: "Qardaşlarımın çətinlik və məşəqqətlərə düçar olduğunu gördüyüm zaman dərdqüssə ürəyimi yaraladı. Daxili bir qüvvə məni onların köməyinə qalxmağa vadar etdi. Bu qərarımdan dönə bilmədim. Bir tərəfdən də qorxurdum ki, siz mənim din qardaşlarıma kömək etməyimə icazə verməzsiniz". Cənab Hüccət buyurdu: "Sən Zeynəb olmalısan. Sən mütləq onun özüsən". Zeynəb dilləndi: "Bəli, mən Zeynəbəm. İndiyə qədər sizdən başqa heç kəs mənim həqiqətimdən xəbər tutmayıb. Sizi Həzrət Baba and verirəm, məni bu böyük nemətdən məhrum etməyin. Həyatda mənim yeganə arzum şəhidliyə nail olmaqdır". Cənab Hüccət onun danışığının tərzindən və xahişinin ahəngindən mütəəssir olub buyurdu: "Arxayın ol, mən həmişə səndən ötrü dua edəcəyəm!". O, şücaətinə və igidliyinə görə Zeynəbə "Rüstəməli" adı verdi və söylədi: "Bu gün qiyamət günüdür, sirlərin açıldığı, rəmzlərin aşkar olduğu gündür. Tanrı əməllərə və könüllərə diqqət yetirir, zahiri surətə baxmır. İstər kişi olsun, istərsə də qadın. «Həqiqətən, Allah sizin qəlblərinizə baxır və sizin surətlərinizə baxmır". Sən gənc və təcrübəsiz bir qadın olsan da, şücaətdə və igidlikdə kişilər arasında da sənə bənzəri az tapılar. İndi isə get, müdafiə ilə məşğul ol, əshabələrə kömək göstər və müqəddəs dinin vacib buyurduğu əməllərin əksinə hərəkət etmə. Bizə cihad etmək vəzifəsi tapşırılmayıb, biz yalnız özümüzü müdafiə etməli və xain düşmənlərin hücumunun qarşısını almalıyıq".

Beş ay ərzində Rüstəməli hədsiz şücaət və misilsiz cəsarətlə ona tapşırılan vəzifəni yerinə yetirməklə məşğul oldu. Nə yatmaq, nə dincəlmək, nə də yemək barədə düşünmədi. Tərəddüd içərisində olan bəzi şəxslər onun bu misilsiz şücaətini görüb ürəkləndilər və itirdiklərini geri qaytarmağa çalışdılar. Rüstəməli daim əyri qılınc gəzdirərdi. Arabir yuxuya getdiyi zaman da zirehi əynində, qılıncı yanında olardı. Əshabələrin hərəsi üçün bir yer müəyyən edilmişdi. Onlar orada olmalı və lazım gəldikdə müdafiəyə qalxmalı idilər. Lakin Rüstəməli üçün xüsusi yer ayrılmamışdı, o, hara istəyirdisə gedirdi. Daim gözdə-qulaqda idi ki, düşmən hansı nöqtəyə hücum edəcək, dərhal həmən yerə tələsər, əshabələrə kömək edərdi, həmişə də müdafiənin ön sıralarında olurdu. Rüstəməlinin həyatının son çağlarında düşmənlər onun sirrini anlamışdılar və başa düşmüşdülər ki, onlara hücum edən, onların həmlələrini dəf edən bu şəxs kişi deyil, qadındır. Buna baxmayaraq, ondan bərk qorxurdular. Rüstəməlinin nərəsini eşidən kimi düşmənlərin qəlbini xof bürüyürdü, hamısı özünü itirirdi.

Bir gün Rüstəməli gördü ki, düşmənlər əshabələrdən bir dəstəsini mühasirəyə alıblar. Tez özünü cənab Hüccətin hüzuruna yetirdi, onun ayaqlarına düşüb ağlaya-ağlaya yalvararaq dedi: "İcazə verin, onların köməyinə gedim. Mən bilirəm ki, ömrümdən çox az qalıb. Bəlkə gedib şəhid ola bildim. Sizdən xahiş edirəm ki, mənim günahlarımı bağışlayın və canımı fəda etdiyim sevimli Ağamın yanında mənim tərəfimi saxlayın!". Cənab Hüccət həddən artıq təsirləndiyindən cavab verməyib susdu. Zeynəb cənab Hüccətin sükutunu razılıq əlaməti bilib dərhal qaladan çıxdı. O, yeddi dəfə "ya Sahib əz-Zaman!" deyə qışqırdıqdan sonra bir sıra əshabələri qətlə yetirmiş düşmənin üstünə hücum çəkdi və onun qolunu qılıncla kəsdi. O hədsiz qəzəblə deyirdi: "Nə üçün islamı rüsvay edirsiniz? Əgər doğru deyirsinizsə, nə üçün belə zəlil və biabırçı halda mənim qılıncımın qarşısından qaçırsınız?!". Sonra o, çəkinmədən düşmən səngərlərinə həmlə etdi. Üç səngəri dağıdıb oradakı əsgərləri öldürdü. Dördüncü səngərə daxil olanda onu gülləbaran etməyə başladılar. O, yerə yıxılıb canını tapşırdı. Düşmənlərin heç biri Zeynəbin paklığına, şücaətinə, dəyanətinə və imanına şəkk-şübhə etmirdi. Zeynəb düşmənlərin nəzərində adi kənd qadını deyildi, butün insani fəzilətlərin müçəssəməsi, gözəl rəftarın nümunəsi, igidlik ruhunun təzahürü idi və belə müqəddəs ruha malik şəxslərə yalnız Həzrət Babın dininin kölgəsində rast gəlmək olardı.

Zeynəbin vəfatından sonra onu tanıyan təqribən iyirmi nəfər qadın Həzrət Babın mübarək Əmrinə iman gətirmişdi.

Cənab Hüccət onun göstərişlərini əshabələrə çatdıran müəyyən şəxslər vasitəsilə öz tərəfdarlarına və səngərlərdə olan möminlərə xəbər göndərdi ki, Həzrəti-Əlanın buyuruğuna əsasən hər gecə on doqquz dəfə "Allahu əkbər, Allahu əzəm, Allahu əcməl, Allahu əbha və Allahu əthər" (Allah ən böyükdür, Allah ən əzəmətlidir, Allah ən gözəldir, Allah ən nurludur, Allah ən pakdır!) desinlər. Cənab Hüccətin əmri əshabələrə çatan gecə onlar itaət göstərdilər və bir ağızdan yuxarıdakı cümlələri təkrar etməyə başladılar.Əshabələrin sədası o qədər uca və əzəmətli idi ki, düşmənlər yuxudan ayılıb qorxu içərisində düşərgədən qaçdılar, böyük sürətlə,özlərini hakimin yaşadığı yerə çatdıraraq, qonşuluqdakı evlərdən sığınacaq istədilər. Bir çoxları qorxudan yıxılıb öldülər. Zəncan əhalisini elə vahimə bürüdü ki, çoxu ətraf kəndlərə qaçdı. Camaatın əksəriyyəti belə düşünürdü ki, bu fəryad qiyamət gününün başlanmasının əlamətidir. Bəzilərinə də elə gəlirdi ki, bu qışqırtı cənab Hüccətin öz əshabələrinə əvvəlkindən daha şiddətli hücuma başlamaq əmri verdiyini göstərir.

Cənab Hüccət düşmənlərin həyəcan və iztirabını müşahidə edib buyurdu: "Əgər sevimli Ağamız bizə cihad əmri versəydi, bunlar nə edərdilər?! Bizə müdafiə olunmaq tapşırılıb, cihad etmək yox. Bizə əmr edilib ki, insanların qəlbində məhəbbət və yaxşılıq hisslərini bərqərar edək, hər cür təzyiq və kobudluqdan uzaq olaq. Mənim və əshabələrimin məqsədi budur ki, öz başçımıza və şahımıza itaət göstərək, bütün insanlarla mehriban və dostcasına rəftar edək. Əgər mən Zəncanın digər üləmaları kimi rəftar etmək istəsəydim, elə olardım ki, bu camaat mənə pərəstiş edərdi, canlabaşla itaət göstərərdi. Lakin mən heç vaxt öz Ağamın əmrinin əksinə hərəkət etmərəm. Dünyanın bütün xəzinələrini və sərvətini mənə versələr də, bütün cah-cəlalını mənə bəxş etsələr də, mən heç vaxt öz Aqamın iradəsinin əleyhinə çıxmaram". Zəncan əhalisi hələ də o gecənin qorxusunu unutmayıb, o hadisələr daim gözlərinin önündə canlanır. Bir şəxs bu barədə belə danışırdı: "O gecə düşmən düşərgəsində qorxu, dəhşət və vahimə hökm sürürdü, qaladakı əshabələr isə dua və münacatla məşğul idilər. Cənab Hüccətin tərəfdarları zikr edib Tanrıdan hidayət və mərhəmət diləyən zaman, onların düşmənləri, yəni qoşun sərkərdələri və tayfa başçıları çirkin işlərlə və alçaq əməllərlə məşğul olurdular. Qaladakı əshabələr aclıq çəksələr də, yolları hər tərəfdən bağlı olsa da, daim dua edir və Həzrət Babın əmrinə uyğun olaraq ayələr oxuyurdular. Amma düşmən düşərgəsindən həmişə gülüş və söyüş səsləri, pis sözlər eşidilirdi. Əshabələrin sədası ucalan gecə bir çox sərkərdələr mey içməklə məşğul idilər. Əshabələrin səsini eşidən kimi onlar qədəhlərini atıb ayaqyalın qaçmağa başladılar. Bir çoxları da başıaçıq və yarıçılpaq halda biyabana üz tutdular. Qaçdıqları zaman onların qumar süfrələri və şərab piyalələri ayaq altında qaldı. Onlar o qədər qorxmuşdular ki, paltarlarını da geyməyə macal tapmadılar. Onların bəziləri üləmaların evlərinə gedib onları yuxudan oyatdılar, sərxoş halda üləmalara qarğış edib dedilər: "Allah sizə lənət eləsin, bu fitnə-fəsadı siz törətmisiniz". Bir müddətdən sonra düşmənlər əshabələrin fəryadının sirrini anladılar. O zaman onların qorxusu aradan qalxdı və hədsiz xəcalət içərisində hərə öz yerinə qayıtdı. Zabitlər əsgərlərə göstəriş verdilər ki,diqqətli olsunlar, haradan əshabələrin səsi eşidilsə, oranı nişan alıb atsınlar. Bu yolla hər gecə əshabələrdən bir neçəsi şəhid olurdu, amma onlar qorxu nə olduğunu bilmirdilər, başlarına gələn müsibətləri əhəmiyyətsiz sayırdılar. Əshabələrin təkbir sədaları kəsilmirdi, ayələrin və münacatın oxunması onların nəzərində hər cür çətinliyi asanlaşdırırdı, onların sayı nə qədər azalırdısa, səsləri bir o qədər ucadan və kur eşidilirdi. Onlar ölümdən qorxmurdular və daim öz Məhbublarını yad edirdilər.

Döyüşün bu qızğın çağında cənab Hüccət Nasirəddin şaha bir məktub yazdı. Məktubun məzmunu belə idi: "Əlahəzrət padşahın rəiyyətləri öz şahlarını çahanın hökmdarı, dinin və imanın ən böyük himayədarı sayırlar, şahın ədalətinə küvənir və öz hüquqlarının qorunmasında şəxsən şaha ümid bəsləyirlər. Bizim münaqişəmiz birbaşa Zəncan üləmalarına bağlıdır, onun şaha və Zəncan camaatına qətiyyən aidiyyəti yoxdur. Mərhum Məhəmməd şah məni Tehrana çağırıb buyurmuşdu ki, öz əqidəmin düzgünlüyünü sübuta yetirim. Mən də şahın hüzurunda bunu etdim və mərhum şahənşah mənə inayət göstərdi. Mən Zəncandan Tehrana köçdüm. Bu zaman mənim üləmaların yandırdıqları fitnə-fəsad tonqalını söndürməkdən və mənim barəmdə yaydıqları sözsöhbətə son qoymaqdan başqa bir məqsədim yox idi. Mənim Zəncana qayıtmağa icazəm olsa da, Tehranda qalıb padşahın ədalətinə sığınmağı üstün tutdum. Mərhum şahdan sonra, sizin səltənətinizin başlanğıcında Əmir Nizam məni Mazandaran hadisələrində iştirak etməkdə suçlandırıb qətlə yetirmək qərarına gəldi. Tehranda məni qoruyacaq bir kəs olmadığı üçün Zəncana qaçdım və islamın əsil mahiyyətini insanlar arasında yayıb onun şənini ucaltmaqla məşğul oldum. Bu zaman Məcdüd-dövlə mənim əleyhimə çıxdı. Mən bir neçə dəfə onu mənimlə ədalət və insafla davranmağa dəvət etdim, amma o, bunu qəbul etmədi. Həmişə ona yaltağlanan Zəncan üləmaları onu mənim həbsimə təhrik etdilər. Mənim dostlarım da bunun qarşısını almağa çalışdılar. Zəncan hakimi isə camaatı mənim üstümə qaldırdı və beləcə iş gəlib bu yerə çıxdı. Əlahəzrət, siz indiyə qədər zalımların əlində əsir olan biz günahsız şəxslər barədə bir söz deməmisiniz və bizim dadımıza yetməmisiniz. Digər tərəfdən, bizim düşmənlərimiz hər şeyi əlaHəzrətin nəzərinə başqa cür çatdırmağa, bizi səltənətin düşməni və şahın əleyhdarı kimi təqdim etməyə çalışırlar. Halbuki hər bir ədalətli şəxs təsdiq edə bilər ki, biz heç zaman xəyanət fikrində olmamışıq və indi də bu fikirdə deyilik. Bizim məqsədimiz hökumətin və rəiyyətin xeyrinə fəaliyyət göstərməkdir. Mən və mənim tərəfdarlarım Tehrana gəlib şahın hüzurunda düşmənlərimizlə qarşılaşmağa, öz işimizin və məsləkimizin doğruluğunu sübut etməyə hazırıq".

Bundan sonra cənab Hüccət öz sərkərdələrinə göstəriş verdi ki, hərəsi ayrılıqda şahın hüzuruna məktub yazıb ədalət tələb etsinlər. Məktubları Tehrana çatdırmaq bir şəxsə həvalə olundu. Lakin həmin şəxs yolda ələ keçdi və onu Zəncan hakiminin yanına apardılar. Hakim əshabələrin hərəkətindən hədsiz dərəcədə qəzəblənərək, əmr etdi ki, məktubları cırıb atsınlar və məktubları aparan şəxsi qətlə yetirsinlər. Sonra həmin məktubların əvəzinə cənab Hüccətin və əshabələrin adından söyüş, lənət və qarğış dolu başqa məktublar yazıb Tehrana şahın hüzuruna göndərdilər. Nasirəddin şah həmin məktubları oxuyub o qədər özündən çıxdı ki, iki alay əsgərin toplar və digər döyüş vasitələri ilə birlikdə Zəncana getməsi barədə əmr verdi. Qətiyyətlə tapşırdı ki, Hüccətin tərəfdarlarından bir nəfər də sağ qalmamalıdır.

Həzrət Babın şəhid olması xəbəri Azərbaycandan Qəzvinə gedən katib Seyyid Hüseynin qardaşı Seyyid Həsən tərəfindən cənab Hüccətin qaladakı əshabələrinə çatdırıldı və onların hədsiz kədərinə səbəb oldu. Bu xəbər düşmənlər arasında da yayıldı. Onlar bunu eşidən kimi gülüb qəhqəhə çəkdilər, əshabələri məsxərəyə qoyub təkəbbürlü bir ahənglə dedilər: "Niyə əbəs yerə özünüzü ölümə verirsiniz? Sizin yolunda canınızı fəda etdiyiniz Şəxs öz düşmənlərinin gülləsinə hədəf olub, Cəsədi də yoxa çıxıb. Daha bundan sonra inadkarlıq göstərməyinə dəyməz. Siz yalnız bir kəlmə ilə özünüzü xilas edə, bütün bu müsibətlərdən qurtula bilərsiniz". Düşmənlər nə qədər belə sözlər dedilərsə də, nəticəsi olmadı. Onlar əshabələrin heç birini mübarək Əmrdən döndərə bilmədilər, hətta ən zəif şəxslər də düşmənlərin təkidlərinə baxmayaraq, qalanı tərk etmədilər. Əmir Nizam daim şahı təhrik edirdi ki, Zəncana əsgər göndərsin. Nasirəddin şah Əmir Tuman [1] Məhəmməd xanı beş alay silahlı əsgərlə qalanı tutmaq və əshabələri öldürmək üçün Zəncana göndərdi. Düşmənlər iyirmi gün müddətində döyüş əməliyyatlarına fasilə verdilər.

Bu arada "Sərdari-güll" adı ilə tanınan Əziz xan Mokri döyüşmək üçün İrəvana doğru gedərkən, Zəncana gəldi və dostu Seyyid Əli xanın qonağı oldu. Ev sahibi öz qonağına cənab Hüccətlə görüşü barədə məlumat verdi. Əziz xan cənab Hüccətin nə etmək fikrində olduğu ilə maraqlandı. Cənab Hüccət ona belə bir xəbər göndərdi: "Zəncan hakimi mənim xahişimə qulaq asmadı. Səndən xahiş edirəm, elə bir iş gör ki, mən öz ailəmlə bu vilayətdən çıxıb gedə bilim. Əgər mənim bu xahişim yerinə yetirilməsə, mən qalada qalıb müdafiə olunmağa məcburam". Əziz xan danışıqda vasitəçilik edən Seyyid Əli xanı arxayın edib dedi: "Mən əlimdən gələn hər şeyi edəcəyəm ki, səlahiyyət sahiblərini tezliklə bu məsələni həll etməyə vadar edim". Seyyid Əli xan öz evinə qayıtdıqdan sonra qəflətən Əmir Nizamın fərraşlarından biri içəri daxil oldu və Əziz xana dedi: "Əmir Nizam mənə göstəriş verib ki, Əli xanı həbs et və Tehrana göndər". Əziz xan qorxuya düşüb hər hansı ittihamdan yaxa qurtarmaq üçün Əmir Nizamın fərraşının yanında Hüccəti pisləməyə və lənətləməyə başladı və bu yolla özünü ölüm təhlükəsindən xilas etdi.

Xülasə, Əmir Tuman Zəncana gəldikdən sonra müharibə alovu ilə elə şölələndi ki, Zəncan əhalisi o vaxta qədər belə bir hadisənin baş verdiyini xatırlamırdı. Əmir Tuman on yeddi süvari və piyada alayı ilə qalaya hücum çəkdi. On dörd top da qalaya doğru tuşlanmışdı. O, ətraf ərazilərdən daha beş alay toplamağa müvəffəq olmuşdu. Əmir Tuman elə Zəncana gəldiyi gecə hücum şeypuru çalmaq barədə göstəriş verdi. Topçulara da əmr etdi ki, qalanı top atəşinə tutsunlar. Topların səsi on dörd fərsəxlik məsafədə də eşidilirdi. Əshabələr qalada özləri iki top düzəltmişdilər. Toplardan birini Əmir Tumanın düşərgəsi ilə üzbəüz hündür bir yerə qoymuşdular. Cənab Hüccət əshabələrə həmin iki topdan istifadə etmək barədə göstəriş verdi. Mərmilərdən biri Əmir Tumanın çadırının yanına düşdü və onun atını ağır yaraladı. Əsgərlər hədsiz qəzəblə qalanı atəşə tutmuşdular. Onlar əmin idilər ki, bu qədər qüvvənin, silahın və təchizatın sayəsində qalanı ələ keçirəcəklər. Lakin bir neçə gündən sonra onların ümidi ümidsizliyə çevrildi və başa düşdülər ki, qalanı tutmaq onlara müyəssər olmayacaq. Hökumət qoşununun sərkərdələrindən biri, Yəhya xanın oğlu və Hacı Süleyman xanın qardaşı Fərrux xan döyüşdə həlak oldu. Əmir Nizam bunu eşidib çox pərişan oldu və hökumət qoşununun baş komandanına tənəli bir fərman göndərdi. Fərmanda deyilirdi: "Sən nə üçün qalanı ələ keçirə bilmədin? Nə üçün qaladakıları qeydşərtsiz təslim olmağa vadar edə bilmədin? Sən bu acizlik və gücsüzlüyünlə bütün məmləkəti rüsvay və bədnam etdin. Bizim qoşunumuzun ən böyük zabitlərini və ən qüdrətli sərkərdələrini ölümə verdin. Bunun nəticəsində əsgərlər öz döyüş ruhlarını və mənəvi güclərini itirmişlər. İndi çalışıb qarışıqlığı nizama çevir, ordudakı bütün pozğun və çirkin əməllərə son qoy! Zəncan şəhərinin böyükləri ilə bu barədə məsləhətləş. Yəqin bil ki, əgər bu vəzifənin öhdəsindən lazımınca gələ bilməsən, dərhal səni işdən azad edəcəyəm. Əgər sənin komandanlığın altında olan o boyda qoşun qalanı tuta bilməsə, əmin ol ki, özüm Zəncana gələcəyəm. Və əmr edəcəyəm ki, kimliyindən və hansı dinə qulluq etməsindən asılı olmayaraq, o şəhərin bütün əhalisini qılıncdan keçirsinlər. Çünki şahın və rəiyyətin rahatlığını pozan bir şəhər şahənşahın inayətinə, mərhəmətinə və məhəbbətinə layiq deyil".

Əmir Tuman Əmir Nizamın fərmanını oxuyub bir tərəfdən məyus oldu, digər tərəfdən də qəzəbləndi. Şəhərin bütün kəndxudalarını və böyüklərini yığıb Əmir Nizamın fərmanını onlara oxudu və onları ruhlandırmağa çalışdı. Bütün əhali hərəkətə gəldi. Ertəsi gün imkanı olan hər bir kişi Əmir Tumanın ordusuna qoşuldu. Kəndxudaların rəhbərliyi altında nəhəng bir qoşun yola düşdü və qalaya doğru hərəkət etdi. Hökumət qoşunundan dörd alay da təbil və şeypurla onların önündə qalaya hücum çəkdi. Cənab Hüccətin əshabələri bu qoşunun hay-küyünə əhəmiyyət verməyib bir ağızdan "ya Sahib əz-Zaman!" deyə qışqırdılar və qaladan çıxaraq, o nəhəng orduya hücum etdilər. Bu, əshabələrlə hökumət qüvvələri arasında baş vermiş ən şiddətli döyüş idi. Cənab Hüccətin dostları bu döyüşdə çox çətinliklər çəkdilər, çox məşəqqətlərə düçar oldular. Neçə-neçə oğullar analarının gözü qarşısında qətlə yetirildi, neçə-neçə qardaşların başı bacılarının gözü qarşısında düşmən nizəsinə taxıldı. Qadınlar kişilərlə çiyinciyinə düşmənə müqavimət göstərir, fəryad çəkib öz ərlərini dözümə və dəyanətə səsləyirdilər.

Həmən gün qadınların hərəkətləri qeyri-adi nəticələr verdi və əshabələrin qaniçən düşmən qarşısında duruş gətirməsinə mühüm təsir göstərdi. Qadınların fəryadı kişiləri daha şücaətli olmağa həvəsləndirdi. Bir çox qadınlar kişi paltarı geyinib şəhid olanların yerini tutur və müdafiə olunurdular.Bəziləri də su ilə dolu səhənkləri çiyinlərinə alıb döyüşən kişilərə su paylayır, yaralılara kömək göstərirdilər. Bu səbəbdən əshabələr qələbə çaldılar. Düşmən qoşunu məğlubiyyətə uğradı, onun sıraları pozuldu. Onların suyu da qurtarmışdı. Bir yandan da necə deyərlər, özlərini itirmişdilər, məğlub olmuş adamlar kimi vuruşurdular, nə üstün gələ bilirdilər, nə də geri çəkilə bilirdilər. Həmin döyüşdə cənab Hüccətin əshabələrindən təqribən üç yüz nəfəri şəhidlik şərbətini içdi.

Cənab Hüccətin əshabələri arasında Möhsün adlı bir şəxs vardı. Onun misilsiz dərəcədə xoş və yapışıqlı səsi vardı. Möhsün müəzzin idi. O, azan verəndə ətraf kəndlərin camaatı onun səsini eşidir və onun avazının sehrinə düşürdülər. Bir çox müsəlmanlar namaz vaxtı Möhsünün səsini eşidib təsirlənir və öz-özlərinə deyirdilər: “Necə ola bilər ki, Hüccət və onun tərəfdarları kafir olsun?!". Bu məsələ getdikcə yayılaraq, axırda Zəncanın böyük bir müctəhidinin qulağına yetişdi. O, camaatın qarşısını almaqda aciz olduğu üçün Əmir Tumanın yanına şikayətə gedib dedi: "Siz çalışın, bütün vasitələrlə camaatın Hüccət və əshabələri barədə yaxşı fikrə düşməsinə imkan verməyin. Mən gecə-gündüz çalışıb zəhmət çəkərək, Zəncan camaatını inandırmışam ki, Hüccət və onun tərəfdarları peyğəmbərin düşmənidir, islam dininin müxalifidir. Amma bu müəzzin Möhsünün səsi mənim böyük zəhmətimi yerə vurur və şəhər camaatının Hüccət və tərəfdarları barədə yaxşı fikrə düşməsinə səbəb olur. Sizin görməli oldurunuz ən birinci iş bu nacins müəzzini öldürməkdir". Əmir Tuman əvvəlcə müctəhidin fikirləri ilə razılaşmayıb dedi: "Bu müharibəni başlayan siz və sizin kimilərdir. Sizlər bu işlərə görə məsuliyyət daşıyırsınız. Biz hökumət məmuruyuq, yalnız hökumətin göstərişlərini yerinə yetiririk. Bu işin bizə aidiyyəti yoxdur. Əgər Möhsünü öldürmək istəyirsinizsə, fədakarlıq göstərin". Müctəhid Əmir Tumanın bu sözlərini eşidib onun məqsədini anladı. Dərhal öz evinə gedib Əmir Tumana yüz tümən peşkəş göndərdi. Əmir Tuman öz mahir atıcılarından bir neçəsinə göstəriş verdi ki, pusquda dayanıb gözləsinlər və Möhsün azan çəkəndə, ona atəş açsınlar. Dan yeri ağaranda Möhsün azan verməyə başladı. Elə "La ilahə illəllah" demişdi ki, ağzına bir güllə dəydi və o, həmin andaca şəhid oldu. Cənab Hüccət düşmənin bu vəhşi əməlindən xəbər tutduqda, göstəriş verdi ki, başqa bir şəxs gedib Möhsünün başladığı azanı axıra çatdırsın. Həmin şəxs azan verdiyi zaman öldürülməsə də, sonralar öz din qardaşları ilə birlikdə hədsiz əzab və əziyyət içərisində şəhidlik şərbətini içdi.

Cənab Hüccət mühasirənin sona yaxınlaşdığını duyub subay gənclərin hər biri üçün nişanlı seçdi və çoxsaylı toy məclisləri təşkil etdi. Bütün toyların xərcini də özü çəkdi. Zövcəsinin cəvahiratını satıb gənclərin toylarına sərf etdi. Toy məclisləri üç ay davam etdi. Bu məclislər düşmənin qalaya hücümundan doğan müxtəlif bəla və müsibətlərlə müşayiət olunurdu. Neçə-neçə bəylər gəlin gərdəyinə daxil olmağa hazırlaşarkən, müdafiəyə yollanmaq məcburiyyətində qalırdı."Ya Sahib əz-zaman!" sədası ucalan kimi bəy gəlinin yanından çıxıb düşmənə müqavimət göstərməyə başlayır və şəhid olmağı arzulayırdı. Gəlin öz ərinin şəhid olmağa hazırlaşdığını görüb onun ətəyindən yapışır və deyirdi: "Barı bir neçə dəqiqə gözlə!". Bəy cavab verirdi: "Vaxt yoxdur. Mən gedib əbədi iftixar tacını əldə etməliyəm. Biz bir də əbədiyyət dünyasında görüşəcəyik. Orada daha əzab və əziyyət yoxdur, ayrılıq və hicran mövcud deyil. Ora başdanbaşa cənnətdir və oradakı həyat əbədidir".

Xülasə, o fəlakətli günlərdə gənclərdən iki yüz nəfəri evləndi. Onlardan bəziləri bir neçə ay, bəziləri bir neçə həftə öz xanımı ilə yaşadı, bəziləri isə bir neçə dəqiqədən artıq bir yerdə olmadı. Onların içərisində eləsi tapılmadı ki, təbil sədasını eşitsin, amma müdafiəyə yollanmasın. Son nəticədə bu müqəddəs şəxslərin hamısı canlarını öz Məhbublarına fəda etdilər və hamılıqla şəhidlik şərbətini içdilər. Buna görə də təəccüblü deyil ki, Həzrət Bab belə ağır müsibətlərin baş verdiyi və sadiq tərəfdarlarının şəhid olduğu bu yeri "Ulu torpaq" adlandırmışdır. Həzrəti-Əlanın Zəncan şəhərinə verdiyi bu ad daim yaşayacaqdır, "Zəncan" və "Ulu torpaq" kəlmələri həmişə qoşa işlənəcəkdir.

Cənab Hüccətin tərəfdarları arasında Kərbəlayi Əbdülbaqi adlı bir şəxs vardı. Bu şəxsin yeddi oğlu vardı və onlardan beşini cənab Hüccət evləndirmişdi. Toy mərasimi başa çatan kimi əshabələrin "ya Sahib əz-Zaman!" nidası eşidildi. Bu, o demək idi ki, düşmənlər hücuma keçmişlər. Qardaşlar həmin səsi eşidən kimi durub gəlinləri tərk etdilər və düşmənin qarşısını almağa getdilər. Həmin döyüşdə yenicə evlənmiş beş qardaşın beşi də şəhid oldu. Onlardan ağlı və şücaəti ilə seçilən ən böyüyü düşmənlərin əlinə keçmişdi. Onu Əmir Tumanın yanına aparmışdılar. Əmir Tuman qəzəblənib əmr etmişdi ki, onu yerə yıxın və Hüccətə məhəbbətlə dolu olan sinəsini yandırın. Cavan oğlan bunu eşidib demişdi: "Ey nanəcib, sənin əsgərlərin necə tonqal qalasalar da, mənim qəlbimdəki məhəbbəti yandıra bilməzlər!". Bu gənc həyatının son dəqiqəsinə qədər öz sevimli Ağasını mədh edən sözlər söyləmişdi.

Güclü imana malik olan və Zəncan hadisələrini öz gözləri ilə görən qadınlardan biri də Ümməşrəf idi. O, qalada olduğu zaman oğlu Əşrəf dünyaya gəlmişdi və oğlu ilə birlikdə Zəncan hadisələrindən salamat çıxmışdı. Bir neçə ildən sonra oğlu həddi-büluğa çatıb qeyri-adi iman və irfan sahibi oldu. Düşmənlər nə qədər onu Əmrdən döndərməyə çalışsalar da, bir şey alınmadı. Axırda adam göndərib onun anasını, yəni həmən Ümməşrəfi çağırdılar ki, gəlib oğluna nəsihət versin, bəlkə Əmrdən üz döndərib ölümdən xilas oldu. Ümməşrəfin gözü oğluna sataşan kimi, qışqıraraq dedi: "Əgər bu bədxahların sözünə qulaq asıb haqqın Əmrindən boyun qaçırsan, mənim oğlum deyilsən!". Cənab Əşrəf hədsiz təmkin və dözümlə fədakarlıq meydanında şəhid oldu və Allah Əmrindən üz döndərmədi. Ümməşrəf oğlunun düşmənlərin zülm və sitəminə məruz qaldığını öz gözləri ilə görsə də, sızlayıb yalvarmadı, hətta gözlərindən yaş da axmadı, çünki oğlu Allah yolunda canını qurban verirdi. Həmən gün Ümməşrəf elə dözüm və dəyanət nümayiş etdirdi ki, hətta düşmənlər və oğlunu öldürən məmurlar da heyrətə düşdülər. Ümməşrəf oğlunun cansız cəsədinə baxıb deyirdi: "Ey oğul, sən dünyaya gəldiyin zaman mən əshabələrlə birlikdə Əlimərdan xan qalasında mühasirədə idim. Həmən gün Tanrı ilə əhd etdim ki, səni Onun yolunda fəda edəcəyəm. İndi bilsən, mən nə qədər sevinirəm! Çünki Tanrının mənə bəxş etdiyi yeganə oğlumu Onun yolunda qurban verib öz əhdimə vəfa etmişəm".

Xülasə, mən əshabələrin şücaət və fədakarlığını nə qədər dəqiqliklə və olduğu kimi qələmə almağa çalışıramsa, yenə də özümün aciz olduğumu görürəm. Düşmənlərin zülm və sitəm tufanı son dərəcə şiddətli idi, bununla belə vəfalı əshabələrin iman və şücaət alovunu söndürə bilmirdi. Düşmənlər qalanı dağıtmağa nə qədər səy göstərirdilərsə, qaladakı əshabələr kişiliqadınlı qalanın istehkamlarını təmir edib möhkəmləndirirdilər, işdən asudə vaxtlarında isə dua oxumaq və namaz qılmaqla məşğul olurdular. Onların bütün səyi ona yönəlmişdi ki, sığındıqları qalanı düşmənin hücumlarından qorusunlar. Qadınlar kişilərdən az iş görmürdülər, onların qocası da, cavanı da, kasıbı da, varlısı da kişilərlə bərabər fəaliyyət göstərirdi: paltar tikir, çörək bişirir, xəstələrə baxır, yaralılara kömək edirdilər, istehkamların qayğısına qalır, düşmənin atdığı güllə və mərmiləri toplayıb istehkamları təmir edirdilər, müdafiə zamanı kişiləri igidliyə və dözümə səsləyirdilər. Qaladakı uşaqlar da boş dayanmırdılar, ataları və anaları ilə birlikdə müxtəlif işlərdə iştirak edirdilər. Onların arasında hökm sürən bu birlik və əlbirlik ruhu sayəsində düşmənlər elə düşünürdülər ki, qaladakı əshabələrin sayı on min nəfərə çatır. Təəccüb doğuran başqa bir məsələ də bu idi ki, gizli yollarla daim əshabələrə ərzaq və sursat çatdırılırdı, Neyrizdən, Xorasandan və Təbrizdən onlara kömək gəlirdi. Belə təsəvvür yaranırdı ki, bu qalanı tutmaq heç vaxt mumkün olmayacaq.:

Tehrandan Əmir Tumana bir-birinin ardınca tənə və məzəmmət dolu məktublar gəlirdi, bu səbəbdən o, çox qəzəbli idi, bilmirdi ki, nə etsin. Axırda bu qərara gəldi ki, yalan və hiylə yolu ilə əshabələri məhv etsin. O, əmin idi ki, yalan və hiylədən istifadə etməsə, döyüş yolu ilə qaladakı əshabələrə qalib gələ bilməyəcək. Buna görə də döyüşü dayandırıb belə bir şayiə yaydı ki, padşah özü döyüşü saxlamaq barədə əmr verib. Guya şah deyib: "Mən əvvəldən bu cür döyüşlərin baş verməsini, Mazandarana və Neyrizə əsgər göndərilməsini istəmirdim. Bütün bunlar bir səhvdən irəli gəlib və mən çox təəssüf edirəm ki, bu qədər qan tökülüb". Bu söz hər tərəfə yayıldıqda, Zəncanın və qonşu kəndlərin əhalisi belə zənn etdi ki, Nasirəddin şah Əmir Tumana cənab Hüccətlə sülh bağlamaq və bu qarışıqlığa son qoymaq barədə fərman verib. Əmir Tuman bir qədər gözlədi ki, bütün camaat bu məsələnin doğruluğuna inansın. Sonra hiyləgərliklə qaladakı əshabələrə məktub yazıb onları sülhə dəvət etdi. O, cənab Hüccəti inandırmağa çalışdı ki, öz niyyətində səmimidir və onu arxayın etmək üçün bir Quranı möhürləyib məktubla birlikdə qalaya göndərdi. Məktubda.o, cənab Hüccətə müraciətlə belə yazmışdı: "Şah sizi bağışlayıb. Mən bu Qurana and içirəm ki, siz və sizin əshabələriniz padşahın himayəsində olacaq və qorunacaqsınız. Bu Allah Kitabı şahiddir ki, kim qaladan çıxsa, heç kəs ona toxunmayacaq və o, hər cür təhlükədən uzaq olacaq". Cənab Hüccət böyük ehtiramla Quranı əmirin nümayəndəsindən aldı və məktubu oxuduqdan sonra ona dedi: "Əmirə de ki, səhər tezdən sizə cavab verəcəyəm". Həmən gecə cənab Hüccət öz əshabələrini yanına çağırdı, məktub və Quranın göndərilməsi barədə məlumat verib onlara dedi: "Mən düşmənlərin sözünə inana bilmərəm. Onların Mazandaranda və Neyrizdə törətdikləri xəyanət hələ yaddan çıxmayıb. Onlar Neyrizdə və Mazandaranda əshabələrin başına gətirdiklərini indi də bizim başımıza gətirmək istəyirlər. Lakin Quranın ehtiramını saxlamaq üçün biz onların istəyinə uyğun hərəkət edəcəyik və əshabələrdən bir neçəsini düşərgəyə göndərəcəyik ki, onların yalanı və hiyləsi aşkara çıxsın".

Zəncan hadisələrindən salamat çıxmış dəmirçi Usta Mehrəli bu barədə mənə (müəllifə) belə danışmışdır: "Əmirin məktubundan sonra cənab Hüccət əshabələrdən bir neçəsini düşərgəyə göndərdi. On yaşlı doqquz oğlan uşağı da onlarla birlikdə yola düşdü. Mən də həmin uşaqlardan biri idim. Qalan şəxslər bizdən böyük idi, yaşları həştadı ötmüşdü. O cümlədən, Kərbəlayi Mövlaqulu, Ağadadaş, Dərviş Səlah, Məhəmməd Rəhim və Məhəmməd də onların arasında idi. Dərviş Səlah əzəmətli, vüqarlı, gözəl simalı, uca qamətli, ağ saqqallı bir şəxs idi. Mehriban davranışı və təvazökarlığı sayəsində hamının hörmətini qazanmışdı. Əmri qəbul etməzdən əvvəl səlahiyyət sahibləri də ona ehtiram göstərirdilər. Əmri qəbul etdikdən sonra o, bütün hörmətlərə və bəxşişlərə göz yumub əshabələrə kömək göstərməyə başladı və qalanın müdafiəçilərinə qoşuldu. Dərviş Səlah Əmirin möhürlədiyi Quranı götürdü və biz yola düşdük. Düşərgəyə çatıb Əmir Tumanın çadırına daxil olduq və göstəriş gözləməyə başladıq. İçəri girəndə salam verdik, lakin Əmir bizim salamımızı almadı və həqarətlə bizi süzdü. Yarım saat keçdi. Biz eləcə ayaq üstə qalmışdıq. Bu zaman Əmir Tuman kobud və təhqiramiz bir ahənglə bizə müraciət edib dedi: "Mən indiyədək sizin kimi alçaq və nanəçib adamlar görməmişəm". Sonra söyüş söyüb bizim yamanlamağa başladı. Bu arada əshabələrdən yaşca ən böyük, bədəncə ən zəif olan birisi irəli çıxıb bir neçə kəlmə söyləmək üçün Əmir Tumandan icazə istədi. Həmin şəxs savadsız olsa da, elə danışdı ki, hamını heyrətə saldı. O cümlədən, dedi: "Allah şahiddir ki, bizim öz şahənşahımıza hədsiz məhəbbət və sədaqətimiz var və bundan sonra da olacaq. Bizim dövlətin və rəiyyətin xeyrinə fəaliyyət göstərməkdən özgə niyyətimiz yoxdur. Lakin düşmənlərimiz bizim əleyhimizə qalxıb bizə qarşı cürbəcür ittihamlar irəli sürdülər və bizi gerçəkdə olduğumuzun əksinə təqdim etdilər. Şahənşahın ətrafında bir nəfər tapılmadı ki, bizə kömək göstərsin, bizi dinləsin və şahın yanında bizi müdafiə etsin. Bir neçə dəfə də şikayət etdik, lakin nəticəsi olmadı, sanki şahın qulağı bizim başımıza gətirilən zülmləri eşitmək istəmədi. Düşmənlərimiz şahın bizə diqqət yetirmədiyini görüb daha da cəsarətləndilər, hər tərəfdən bizə həmlə etdilər, nəyimiz vardısa, qarət etdilər, bizim namusumuzu ləkələməyə, uşaqlarımızı tutmağa başladılar. Biz də özümüzün arxasız olduğumuzu, hökumətin bizi müdafiə etmədiyini, düşmənlərin hər tərəfdən bizi əhatəyə aldığını görüb məcbur olduq ki, düşmənlərin qarşısını alaq və özümüzü müdafiə edək".

Əmir Tuman öz yavərinə üzünü tutub dedi: "Mən bu kişinin cavabını verə bilmirəm. Əgər mən qəlbən dindar olsaydım, yubanmadan bu Əmri qəbul edərdim. İndi səncə, nə etməliyik?". Yavər dilləndi: "Bunların cavabını yalnız qılınc verə bilər. Biz yalnız qılıncın köməyilə bunların əlindən qurtara bilərik". Dərviş Səlah dedi: "Siz Quranı möhürləyib and içərək, bizi bura gətirmisiniz. Həmin Quran indi mənim yanımdadır. Məgər siz bizimlə bu cür rəftar etmək üçün öz düşərgənizə gətirmisiniz?!". Əmir Tuman özündən çıxıb əmr etdi ki, Dərviş Səlahın saqqalını yolsunlar. Sonra onu digər əshabələrlə birlikdə bir zirzəmiyə saldılar. Biz uşaqlar bütün bunları görüb qorxduq və qaçmaq fikrinə düşdük."Ya Sahib əz-Zaman!" deyə qışqırıb tam sürətlə qalaya doğru qaçmağa başladıq. Qaçdığımız zaman bir nəfər arxadan mənə çatıb paltarımdan yapışdı. Mən dartınıb paltarımı cırdım və qaçağaca özümü qalanın qapısına yetirdim. Tamamilə əldən düşmüşdüm. Birdən gördüm ki, düşmənlər əshabələrdən biri olan İmamqulunu hədsiz qəddarlıqla parça-parça ediblər. Bunu görüb bərk qorxdum. Əmir Tuman əshabələrlə sülh bağlamaq, döyüşü dayandırmaq istəməsi barədə sözsöhbət yaysa da, onlar bu cür vəhşi əməllərini davam etdirirdilər. Mən sonradan öyrəndim ki, İmamqulunun qardaşı söz demək bəhanəsi ilə onu aldatmış və qaladan çıxararaq, hədsiz zülmkarlıqla düşmənlərə təhvil vermişdir. Mən dərhal cənab Hüccətin hüzuruna getdim. O, məni çox mehribanlıqla qarşıladı, üz-gözümün tozunu təmizləyib mənə təzə paltar verdi. Sonra məni öz yanında oturdub sorqusuala tutdu. Mən bütün hadisələri cənab Hüccətə nəql etdim. O, buyurdu: "Bu qiyamət gününün fəryadıdır. Elə bir fəryaddır ki, dünyanın gözləri hələ onun kimisini görməyib. Bu gün həmən gündür ki, Allah onun barəsində Quranda buyurub: "O gün insan qaçacaq öz qardaşından, anasından, atasından, zövçəsindən və oqullarından!" (Əbəsə surəsi, 34-36-cı ayələr). Bu gün elə bir gündür ki, insan nəinki öz qardaşından əl çəkməli, hətta özünün ən yaxın adamlarının qanını tökmək üçün öz mal-dövlətindən keçməlidir. Bu gün həmən gündür ki, Allah onun barəsində Quranda buyurub: "Onu görəcəyiniz gün hər bir əmzikli qadın əmizdirdiyi uşağını unudar, hər bir hamilə qadın yükünü vaxtından əvvəl yerə qoyar. İnsanları sərxoş görərsən, halbuki onlar sərxoş deyillər; bu ancaq Allahın əzabının şiddətli olmasındandır" (Həcc surəsi, 2-ci ayə).

Cənab Hüccət qalanın ortasındakı meydanda oturmuşdu. O, əshabələri yanına çağırıb dedi: "Mənim qardaşlarım, mən sizin dözüm və dəyanətinizdən çox razıyam. Düşmənlər qərara alıblar ki, bizi məhv etsinlər. Onların bundan başqa məqsədləri yoxdur. Onlar sizi hiylə ilə aldadıb qaladan çıxarmaq və qətlə yetirmək istəyirlər. İndi onlar sirlərinin açıldığını, hiylələrinin üzə çıxdığını görüb böyükləri və uşaqları həbs etməyə başlayıblar. Belə görünür ki, onlar sizi öldürüb qalanı tutmayana qədər müharibədən əl çəkməyəcəklər. Əgər siz bundan sonra da qalada qalsanız, mütləq düşmənin əlinə keçəcəksiniz, onlar sizi əsir edəcəklər. Yaxşı olar ki, gecə ikən arvaduşaqlarınızı götürüb qaçasınız və düşmənin əlinə keçməmiş özünüzü təhlükəsiz bir yerə çatdırasınız. Mən özüm tək qalıb düşmənlərin əlinə keçməyə hazıram. Düşmənlər təkcə məni öldürməklə kifayətlənsəydilər və sizə əziyyət verib qətlə yetirmək əvəzinə yalnız məni incidib qətlə yetirsəydilər, nə yaxşı olardı!". Əshabələr cənab Hüccətin sözlərini dinləyib kədərləndilər. Hamılıqla mütəəssir olub göz yaşı tökdülər və cənab Hüccətə dedilər: "Biz heç vaxt sizi qaniçən düşmənin əlində tək qoymarıq. Bizim canımız sizin canınızdan qiymətli deyil, bizim ailələrimiz sizin ailəniz və yaxınlarınızdan möhtərəm və şərəfli deyil. Biz sizin hüzurunuzda hər cür bəlaya sevinclə dözməyə hazırıq".

Cənab Hüccətin əshabələri zəif qəlbli bir neçə nəfər istisna olmaqla, onun yanında qaldılar. Yalnız bir neçə nəfər qaladakı şəraitin ağırlığına dözməyə taqətləri olmadığı üçün cənab Hüccətin buyuruğuna əsasən, qaladan çıxıb təhlükəsiz yerə getdilər".

Son dərəcə ümidsizliyə qapılmış Əmir Tuman Zəncandakı bütün qüvvələrə onun düşərgəsinin ətrafına toplaşmaq barədə əmr verdi. Bundan sonra öz qüvvələrini sıraya düzüb qoşun sərkərdələrini təyin etdi. Zəncandan yeniçə əsgərliyə çağırılmış şəxslər də Əmir Tumanın ordusuna daxil edildilər. Əmir Tuman göstəriş verdi ki, on altı alay toplarla birlikdə növbə ilə qalaya hücum etsin; səkkiz alay günortaya qədər, səkkiz alay isə günortadan axşama qədər döyüşsün. Əmir özü də döyüş meydanına atılıb günortadan əvvəl hücum edən alaylara başçılıq etdi. O, əsgərləri həvəsləndirmək üçün onlara yaxşı mükafatlar vəd edir və deyirdi: "Əgər qalib gəlsəniz, yaxşı mükafatlar alacaqsınız, əgər məğlub olsanız, şahənşahın cəzasına məruz qalacaqsınız". Bu hücum və qırğın həmin qayda ilə düz bir aya qədər davam etdi. Gündüz döyüşlərindən əlavə, düşmənlər bəzən gecələr də qalaya həmlə edirdilər. Əmir Tumana daim ətrafdan kömək gəlirdi, lakin əshabələrin vəziyyəti günbəgün ağırlaşırdı, onlar ərzaq sarıdan ciddi korluq çəkirdilər.

Bu arada Əmir Nizam qərara gəldi ki, Həsənəli xan Kərrusinin başçılığı ilə sünni əsgərlərdən ibarət iki alayı Əmir TuLana kömək üçün Zəncana göndərsin. Həmin iki alay da gəlib çıxdıqdan sonra Əmir Tuman ordusunun topxanası qalanı büsbütün dağıdıb viran qoymaq üçün onu şiddətli atəşə tutdu. Əshabələr bir neçə gün top mərmilərinin qarşısında duruş gətirdilər. Həmən günlər vəfalı əshabələr elə şücaət göstərdilər ki, ən qəddar düşmənlər də onların şücaət və mətanətinə heyran qaldılar.

Bir gün cənab Hüccətin sağ qoluna güllə dəyib namaz qıldığı zaman onu yaraladı. Cənab Hüccət dərhal öz nökərinə tapşırdı ki, bu məsələni zövcəsinə bildirməsin. Lakin həmin şəxs özünü o qədər itirmiş, o qədər mütəəssir olmuşdu ki, könlündəki sirr üzünün rəngindən bəlli oldu, göz yaşları gizli sirri aşkara çıxardı. Cənab Hüccətin zövcəsi hadisədən xəbər tutub hədsiz kədərlə onun yanına tələsdi. Gördü ki, cənab Hüccət namaz qılmaqla məşğuldur. Yarasından çoxlu qan axsa da, sakit halda üzünü Tanrıya tutub deyir: "Xudaya, bu camaatı bağışla, çünki onlar nə etdiklərini bilmirlər! Xudaya, bu camaata rəhm elə, çünki onlar bu işlərə görə məsuliyyət daşımırlar. Bu əməllərin əsas məsuliyyəti o kəslərin boynundadır ki, bu camaatı yolundan azdırıblar və öz çirkin məqsədlərini bu camaatın əli ilə həyata keçirirlər".

Cənab Hüccətin zövcəsi və digər qohumları yaradan axıb onun bütün bədənini bürüyən qanı gördükdə ağlayaraq, nalə çəkməyə başladılar. Cənab Hüccət onlara ürəkdirək vermək üçün dedi: "Sevinin, mən hələ sizinləyəm. Mən istəyirəm ki, siz Tanrıya təvəkkül edəsiniz və Onun iradəsi ilə razılaşasınız. Bu ki bir şey deyil, əhəmiyyətsiz məsələdir. Vəfatım zamanı mənim üçün müəyyən olunmuş bəla və müsibətlər bundan qat-qat ağırdır. İndi baş verənlər bir damladır, baş verəcək şeylər isə bir dəryadır. Yaxşı olar ki, biz İlahi təqdirlə razılaşaq".

Vəfalı əshabələr cənab Hüccətin yaralandığını eşitdikdə, silahlarını atıb onun hüzuruna tələsdilər. Düşmən qoşunu bu fürsəti qənimət bildi. Düşmən əsgərləri əshabələri öz qarşılarında görməyib güclü hücuma keçdilər, qalaya daxil olub yüzə yaxın qadını və uşağı əsir aldılar, onların nəyi vardısa, qarət etdilər. Bu zaman qış fəsli idi. Hava elə şaxtalı idi ki, o vaxta qədər Zəncanda belə soyuqlar nadir hallarda müşahidə olunardı. Əsir edilmiş qadın və uşaqlar on beş gün ərzində paltarsız həmin güclü şaxtada qaldılar. Onların hamısının əyni nazik idi, nə sığınacaqları, nə də üst geyimləri vardı. Hamısı da ac idi. Bəzilərinin örpəyi vardı və onunla özlərini isitməyə çalışırdılar. Şaxta qılınc kimi kəsirdi, qar yağır, güclü gülək əsirdi. Onlar nə qədər qızınmağa çalışırdılarsa, bir şey alınmırdı. Bu binəvaların ətrafına şəhərdən və qonşu kəndlərdən bir dəstə qadın toplaşmışdı. Onlar əsirləri lənətləyir, dəli kimi əsirlərin ətrafında rəqs edir və onları ələ salıb deyirdilər: "Tanrınız sizə yaxşı mükafat verdi. Sizin pərəstiş etdiyiniz Tanrı indi sizi cəzalandırır". Onlar hər tərəfdən əsirlərin üzünə tüpürür, əsirləri söyüb lənətləyirdilər.

Düşmən əsgərləri qalaya girib əshabələrin bir çox müdafiə vasitələrini və əmlakını aparsalar da, bir dəstə qadını və uşağı əsir götürsələr də, Hüccətin əshabələri dayanıb durmadılar. Onlar qalan qadınları və uşaqları götürüb cənab Hüccətin evinin ətrafına toplaşdılar və hərəsində on doqquz nəfər olmaqla beş dəstəyə bölündülər. Hər dəfə həmin dəstələrdən biri müdafiə üçün düşmənin qarşısına çıxır, "ya Sahib əz-Zaman!" deyə qışqıraraq, düşmənin sıralarını yarır və onları pərən-pərən salırdı. Bu doxsan beş nəfər nərə çəkəndə, düşmənlər lərzəyə gəlir və qorxudan özlərini itirirdilər.

Bir neçə gün bu minvalla keçdi. Düşmənə ağır xəsarət yetirildi, düşmən qoşununun bir çox əsgərləri öldürüldü, ümidlər ümidsizliyə çevrildi. Bir çox düşmən sərkərdələri döyüşdən əl çəkdilər, topçular atəşi dayandırdılar. Düşmənin sıraları pozuldu, onun qüvvələri azaldı.Əmir Tuman bilmirdi nə etsin ki, öz ordusunu pərişanlıq və ümidsizlikdən qurtarsın və yenidən döyüşə başlamağa həvəsləndirsin. Nəhayət, məcbur oldu ki, qoşunun qalan sərkərdələri ilə məsləhətləşsin və əvvəla, öz həyatını, ikincisi də, Zəncan əhalisini qorumaq üçün bir çarə tapsın. Sərkərdələr bir yerə yığışan kimi Əmir Tuman onlara dedi: "Mən daha yorulmuşam, Hüccətin əshabələrinin müqavimətindən tənkə gəlmişəm. Hüccətin əshabələrindəki şücaət və mənəvi güc heç vaxt şahın qoşununda olmayıb. Bizim qoşunumuzdakı əsgərlərdən heç biri Hüccətin əshabələri kimi sədaqət və fədakarlıq nümayiş etdirə bilməz. Bizim qoşunumuzdakı əsgərlər ümidsizliyə qapılıblar, onları bu ümidsizlikdən qurtarmaq mümkün deyil, çünki onlarda belə bir fikir yaranıb ki, əgər qalib gəlsələr də, əbədi ölümə düçar olaçağlar". Məsləhətləşmədən sonra bu qərara gəldilər ki, qalanın xaricindən cənab Hüccətin evinin altına qədər lağım atsınlar və bu yolla əshabələri qeydşərtsiz təslim olmağa vadar etsinlər. Bir ay da bu işə sərf olundu. Onlar belə qərara gəldilər ki, lağımları partlayıcı maddə ilə doldursunlar və partlayış vasitəsilə qaladakı əshabələrin hələ dağılmamış evlərini viran etsinlər. Eyni zamanda Əmir Tuman topxana zabitlərinə göstəriş verdi ki, düşərgə ilə cənab Hüccətin evi arasında yerləşən evlər dağıdıldıqdan sonra, cənab Hüccətin evini top atəşinə tutsunlar və qalanı yerləyeksan etsinlər. Bütün bu işlər həyata keçirildi. Cənab Hüccətin zövcəsi Xədicə Hadi adlı uşağını qucaqında tutub cənab Hüccətlə söhbət etdiyi zaman onların evinin bir hissəsi dağıldı. Cənab Hüccət zövcəsinə deyirdi: "Sən tezliklə bu uşaqla birlikdə əsir olacaqsan, özünü hazırla!". Xədiçə bu sözləri eşidəndə halsız olub qışqırdı. Birdən ona küplə dəydi və o, dərhal canını tapşırdı. oğlu Hadi isə top atəşinin doğurduğu alova düşdü və bir müddətdən sonra aldığı ağır yaralar nəticəsində Zəncan müctəhidi Mirzə Əbülqasimin evində vəfat etdi. Bu hadisə cənab Hüccətə çox təsir göstərsə də, o, şücaət və mətanətini qoruyub avazla münacat söyləyirdi: "Xudaya, vəd olunmuş Həzrəti tanıdığım və könlümün Məhbubunu tapdığım gündən bilirdim ki, mənim başıma nə müsibətlər və bəlalar gələcək. Mənim müsibətim ağır, kədərim sonsuz olsa da, Sənin Əmrinin qələbəsi yolunda bundan da artığına dözməyə hazıram. Mənim zövcəm əlimdən getdi, oğlum məhv oldu, əshabələrim şəhid oldu, qohumlarım öldü - lakin bütün bunlar Sənin mənə bəxş etdiyin iman neməti və irfan sərvəti qarşısında xatırlanmalı deyil. Əgər mənim min canım olsaydı, bütün dünya qızıla bürünüb mənə məxsus olsaydı, bütün aləmin hökmranlığı mənə mənsub olsaydı, mən bunların hamısını Sənin yolunda qurban verərdim, sonsuz sevinc və fərəhlə hər cür əzaba dözərdim".

Cənab Hüccətin vəfalı əshabələri onun zövçəsi və oğlunun vəfatından, eləcə də sevimli rəhbərlərinin yaralanmasından bərk qəzəblənib bu qərara gəlmişdilər ki, nə qədər canları bədənlərindədir, cənab Hüccəti müdafiə etsinlər və şəhid olmuş din qardaşlarının intiqamını düşmənlərdən alsınlar. Lakin cənab Hüccət onlara nəsihət verib dedi: "Məbada belə iş görüb müharibə alovunu qızışdırasınız. Allaha təvəkkül edin, Onun iradəsinə tabe olun. Son saatı gözləyin və bu uzun çəksə belə, tam təmkin və səbrlə dözün!". Əshabələrin sayı günbəgün azalır, onların müsibətləri çoxalırdı. Onların ixtiyarında olan sahə də getdikçə daralırdı. Nəhayət,cənab Hüccət qolundakı yaradan on doqquz gün əziyyət çəkdikdən sonra hicri 1267-ci il rəbiül-əvvəl ayının 5-də (1851-ci il yanvar ayının 8-də) sübh namazı vaxtı səcdə edərkən, vəfat etdi.

Cənab Hüccətin vəfatı onun əshabələri və qohumlarını dərin kədərə qərq etdi. Əshabələrdən ikisi - vəzir Din Məhəmməd və sərkərdə Mir Rza bu qərara gəldilər ki, cənab Hüccətin cəsədini əshabələrin və qohumlarının xəbəri olmadan dərhal dəfn etsinlər. Özü də bunu düşmənlər cənab Hüccətin vəfatından xəbər tutmamış həyata keçirsinlər. Onlar gecə ilə cənab Hüccətin cəsədini götürüb vəzir Din Məhəmmədin otağına apardılar və orada da dəfn etdilər. Sonra da otağı dağıtdılar ki, heç kəs cənab Hüccətin harada dəfn olunduğunu bilməsin. Çünki düşmənlər bundan xəbər tutsaydılar, cəsədi çıxarıb təhqir edə bilərdilər.

Cənab Hüccətin vəfatından sonra beş yüz nəfər qadın yas saxlamaq üçün cənab Hüccətin evinə toplaşdı. Vəfalı əshabələr düşmənə müqavimət göstərib müdafiə olunmağa başladılar. Hüccətin əshabələrindən yalnız iki yüz nəfər qalmışdı, qalanları ya şəhid olmuş, ya da yaralanıb sıradan çıxmışdı. Düşmənlər cənab Hüccətin vəfatından xəbər tutub qalanı dağıtmaq və əshabələri məhv etmək üçün güclü hücuma keçdilər. Onlar təbil və şeypur çalıb sevinc nidaları ilə əshabələr üzərinə həmlə etdilər və qısa zamanda əshabələri məqlubiyyətə uqratmaq üçün bütün qüvvələrini işə saldılar. Əshabələr işi belə görüb "ya Sahib əz-Zaman!" deyə fəryad çəkdilər və qorxub-çəkinmədən müdafiə olunmağa başladılar. Döyüş bir xeyli çəkdi. Nəhayət,düşmənlər əshabələrə qalib gəldilər. Əshabələrin bir qismi şəhid oldu, bir qismi də əsir götürüldü. Düşmənlər qarətə başlayıb yırtıçılar kimi əshabələri qırmaqla məşğul oldular.

Əmir Tuman göstəriş verdi ki, əsgərlər cənab Hüccətin evinə getməsinlər, onun əmlakını qarət etməsinlər, qohumlarını incitməsinlər. Əgər Əmir Tumanın bu göstərişi olmasaydı, Allah bilir, o qaniçənlər nələr edəcəkdilər. Əmir Tumanın məqsədi bu idi ki, hər şeyi Tehrana xəbər versin və oradan göstəriş gözləsin. Lakin o, camaatın qarşısını ala bilmədi. Xüsusən, Zəncan üləmaları bu qələbədən istifadə edib camaatı bəd əməllərə, əsirləri incidib təhqirə məruz qoymağa təhrik edirdilər. Bu səbəbdən qarət və tarac başladı. Camaat cənab Hüccətin evini qoruyan məmurlara hücum çəkdi və əsgərlərlə birlikdə sağ qalmış şəxsləri öldürməyə cəhd etdi. Zəncan əhalisi o qədər vəhşiləşmişdi ki, Əmir Tuman və Zəncan hakimi onların qarşısını almaqda aciz idi. Hər şey nəzarətdən çıxmışdı, adamlar istədiklərini edirdilər. Zəncan hakimi qoşun sərkərdələrini razı saldı ki, Tehrandan göstəriş gələnə qədər əsirləri Hacı Qulamın evində saxlasınlar. Ora gətirilən əsirlər məzlum qoyunlar kimi şaxtanın qarşısında qalmışdılar, çünki həmin yerdə nə tavan vardı, nə də döşənəcək. Onlar bir neçə gün acsusuz orada qaldılar. Sonra qadınları oradan müctəhid Mirzə Əbülqasimin evinə apardılar ki, bəlkə o, qadınları islam dininə qaytardı və bu yolla onlar həbsdən azad oldular. Bu tamahkar və həris müctəhid öz qadınlarını, qohumlarını və qızlarını təhrik etdi ki, əsir qadınlardan bütün qızıllarını və zinət əşyalarını tutub alsınlar. Hətta onların libasını da əyinlərindən çıxarıb əvəzində köhnə və cırılmış paltarlar verdilər. Sonra bu qadınlara icazə verdilər ki, öz qohumlarının evlərinə getsinlər. Onlardan bir çoxunu da ətraf kəndə göndərdilər. Kənd sakinləri Zəncan əhalisinin əksinə olaraq, bu məzlum qadınları hörmət və mehribanlıqla qarşıladılar və onları qonaq saxladılar. Cənab Hüccətin ailə üzvləri Tehrandan göstəriş gələnə qədər Zəncanda nəzarətə alınmışdılar. Yaralıları da saxlamışdılar ki, görsünlər, paytaxtdan onlar barəsində nə əmr veriləcək. Lakin bir neçə gün ərzində bir tərəfdən şiddətli soyuq, digər tərəfdən də məmurların kobud və amansız rəftarı onların həyatına son qoydu və onların hamısı son dərəcə məzlum bir halda vəfat etdilər.

Qalan əsirlər Əmir Tuman tərəfindən Kərrusi, Xəmsə və İraq alaylarına təhvil verildi. Onları təbil və şeypurla düşərgəyə apardılar. Həmin alaylar o biçarələrlə son dərəcə qəddarlıq və amansızlıqla rəftar etdilər. Bir dəstə adam qılınc və nizə ilə qaladakı əshabələrdən sağ qalmış bu 76 nəfərin üstünə düşüb onların bədənlərini tikə-tikə etdilər. Hər bir alay qəddarlıq və vəhşilikdə digərindən irəli getməyə can atırdı. Bu yırtıcılıq və vəhşiliyin baş verdiyi əsnada məzlum əshabələrdən biri, Əbabəsirin atası Hacı Məhəmməd Hüseyn ayağa qalxıb azan verməyə başladı. Onun səsi hamını vahiməyə saldı. Ölüm saatı yaxınlaşmış bu şəxs elə əzəmət və qüdrətlə "Allahu əkbər" söylədi ki, İraq alayı bunu eşidib öz biabırçı əməllərinə görə xəcalət çəkdi. Həmin alayın əsgərləri "ya Əli!" deyə qışqıraraq, silahlarını yerə atdılar, bu vəhşilikdən əl çəkib daha əshabələri incitmədilər və yola düzəlib getməyə başladılar. Onlar bir-birlərinə deyirdilər: "Allah Əmir Tumana lənət eləsin! O, bizi aldadıb hiyləgərcəsinə dedi ki, bu şəxslər Həzrət Əmirin və pak imamların düşmənləridir. Allah ona lənət eləsin! Bundan sonra bizi tikə-tikə doğrasalar da, biz onun sözünə qulaq asmayacağıq və bu cür çirkin işlərə qarışmayacağıq".

Xülasə, əsirlərin bəzisini topa bağlayıb atdılar, bəzilərini soyundurub üstlərinə soyuq su tökdülər və qam-cı ilə döydülər. Bəzilərinin də bədəninə şirə sürtüb qarın üstünə atdılar ki, ölsünlər. Vəfalı əshabələr bütün bu müsibətlərə dözdülər və son dəqiqəyə qədər öz imanlarına sadiq qaldılar. Onların heç biri peşmançılıq ifadə edən, yaxud yalvarış bildirən bir söz işlətmədi, heç birinin üzündə hüzn və kədər əlaməti görünmədi..

Qaniçən düşmənlər öz biabırçı əməllərini axıra çatdırdıqdan sonra cənab Hüccətin çəsədini tapmaq qərarına gəldilər. Onlar bir çox əshabələri incitdilər ki, cənab Hüccətin dəfn olunduğu yeri göstərsinlər, lakin məqsədlərinə nail ola bilmədilər. Hakim də nə qədər axtardısa, cənab Hüccətin dəfn olunduğu yeri tapmağa müvəffəq olmadı. Nəhayət, göstəriş verdi ki, cənab Hüccətin yeddi yaşlı oğlu Hüseyni onun yanına gətirsinlər. Uşaq gəlib çıxan kimi hakim hədsiz mehribanlıqla ona dedi: "Mən çox kədərlənir və təəssüflənirəm, çünki atanın başına nə müsibətlər gəldiyini bilirəm. Lakin mənim heç bir təqsirim yoxdur. Mən bu işə görə məsuliyyət daşımıram. Məsuliyyət Zəncan üləmalarının üzərinə düşür, bütün bu rüsvayçı əməllərin səbəbkarı onlardır. İndi mən atanın cəsədini tapıb ehtiramla müəyyən yerdə torpağa tapşırmaq istəyirəm. Bu işi görməklə, az da olsa, rüsvayçılığın əvəzini çıxmaq niyy ətindəy əm".

Hakim bu cür sözlərdən o qədər dedi ki, axırda uşağı aldatdı və öz məqsədinə çatdı. Uşağla birlikdə bir neçə məmuru göndərdi ki, gedib cənab Hüccətin cəsədini çıxarsınlar. Məmurlar cəsədi dəfn olunduğu yerdən çıxarıb hakimin yanına gətirdilər. Zalım hakim göstəriş verdi ki, çəsədi kəndirdən asıb təbil və şeypurla Zəncanın küçə və bazarlarında gəzdirsinlər. Üç gün üç gecə o müqəddəs bədən elə təhqirlərə məruz qaldı ki, bunu təsvir etmək mümkün deyil. Nəhayət, o müqəddəs bədəni camaatın tamaşa etməsi üçün meydanın ortasına qoydular. Deyilənə görə, üçüncü gecə bir neçə süvari gələrək, o pak cəsədi götürmüş və Qəzvinə apararaq, təhlükəsiz bir yerdə dəfn etmişlər.

Bir müddətdən sonra Tehrandan göstəriş gəldi ki, cənab Hüccətin yaxınlarını Şiraza aparsınlar. Şiraza çatan kimi onları hakimə təslim etdilər. Şiraz hakimi onların olanqalanını da əllərindən alıb onları xaraba bir evdə yerləşdirdi. Onlar yoxsulluq və səfalətə düçar oldular. Cənab Hüccətin kiçik oğlu Mehdi çəkdiyi əzablara dözməyib vəfat etdi və elə həmən xaraba evdə dəfn olundu.

Mən (müəllif) Zəncan hadisələrindən doqquz il sonra bu şəhərdə oldum və həmən qeyri-adi hadisələrin baş verdiyi yeri gördüm. Torpaq bir təpə olan Əlimərdan xan qalasını sonsuz hüzn və kədərlə ziyarət edib həmişəyaşar vəfalı əshabələrin qanı ilə suvarılmış məkana ayaq basdım. Qalanın düşmənlər tərəfindən dağıdılmış qapılarını və bürclərini gördüm, səngər kimi istifadə olunmuş və üzərinə çoxlu qan tökülmüş daşlara tamaşa etdim.

Zəncan şəhidlərinin sayı indiyə qədər məlum deyil. Aydın olan budur ki, bu hadisələr uzun müddət davam edib və çoxlu adamlar həmin hadisələrin iştirakçısı olub. Mən şəhidlərin adlarını tam şəkildə əldə edə bilmədim. İsmullahul-Mim və İsmullahul-Əsəd bir sıra Zəncan şəhidlərinin adlarını qeyd etmişlər. Möhtərəm oxucular həmin qeydlərə müraciət edə bilərlər. Hüccətin əshabələrinin və Zəncan şəhidlərinin sayı barədə yekdil fikir yoxdur. Bəziləri şəhidlərin sayının bir neçə min nəfər olduğunu göstərirlər. Bəziləri isə bundan da çox olduğunu söyləyirlər. Mənim eşitdiyimə görə, Hüccətin əshabələrindən biri şəhidlərin adlarını qeyd edirmiş. Onun qeydlərində cənab Hüccətin vəfatından əvvəl şəhid olanların sayı 1598 nəfərə çatırmış. Cənab Hüccətin vəfatından sonra isə 202 nəfər şəhid olmuşdur.

Zəncan hadisələrinin yazılmasında mübarək Əmrin şəhidləri olan cənab Mirzə Məhəmmədəli Təbib Zəncani, Əbabəsir və Seyyid Əşrəf mənə çox köməklik göstərmişlər. Mən bu müqəddəs şəxsləri yaxşı tanıyırdım. Bəzi mətləbləri də Molla Hüseyn Zəncaninin yazılarından iqtibas etmişəm. Molla Hüseyn Zəncan hadisələri barədə məlumatları müxtəlif mənbələrdən toplayıb qələmə almış və Həzrət Bəhaullahın Mübarək Hüzuruna göndərmişdi. Zəncan hadisələrini nəql edərkən mənim istinad etdiyim mənbələr bunlar olmuşdur. Bundan əvvəl qələmə aldığım Mazandaran hadisələrini isə Seyyid Əbu Talib Şahmirzadinin Mübarək Hüzura göndərdiyi yazılarından və eləcə də Mirzə Heydərəli Ərdistaninin müxtəsər qeydlərindən iqtibas etmişəm. Həmin hadisələrə dair bir sıra mətləbləri də Şeyx Təbərsi qalasında olmuş Molla Məhəmməd Sadiq Müqəddəs, Molla Mirzə Məhəmməd Füruği, mübarək Əmrin şəhidlərindən biri olan cənab Bədinin atası Hacı Əbdülməcid kimi şəxslər mənə danışmışlar. Neyriz hadisələri barədə yazdıqlarım Həzrət Vəhidin yaxın əshabələrindən biri olan cənab Rza ərRuhun dediklərinə əsaslanırdı. Neyrizdə baş vermiş son hadisələri isə dostlardan Molla Şəfi adlı bir nəfərin Mübarək Hüzura göndərdiyi son dərəcə müfəssəl mətn əsasında nəql etmişəm. Həmin Molla Şəfi Neyrizdəki hadisələrin son mərhələsi ilə əlaqədar geniş araşdırma aparmış və əldə etdiyi məlumatları yazıb Həzrət Bəhaullahın hüzuruna göndərmişdi. Mənim qələmə almadığım və bu kitaba daxil etmədiyim hadisələri isə gələcək nəsillər yazacaqlar. Əziz oxuçulardan xahişim budur ki, əgər mənim yazdığım bu tarixdə bir nöqsan görsələr, məni bağışlasınlar. Tezliklə gələcək nəsillər mübarək Əmrin müfəssəl tarixini yazacaqlar və mənim öz imkanım dərəcəsində əhəmiyyətini anladığım mübarək Əmrin qeyri-adi hadisələrini layiqincə qələmə alacağlar.

 


[1] "Əmir Tuman" - diviziya komandiri, yaxud general deməkdir.

 


Ý

Kitabın əvvəlinə

¬ Geri, XXIII fəsilə        İrəli, XXV fəsilə ®

 

©2003-2008 Azərbaycan Bəhailərinin Milli Ruhani Məhfili.

Digər təşkilatlar və fiziki şəxslər bu materiallardan sərbəst istifadə edə bilər, o şərtlə ki, burada olan məlumatlar təhrif olunmayacaq, materialların və ya onlardan olan çixarışların nəşrində aşağıdakılar qeyd olunacaq:
"Azərbaycanda Bəhai Dini icmasının rəsmi www.bahai.az internet saytının materiallarından istifadə olunmuşdur."
Nəbil Zərəndi.
Dan yerinin şəfəqləri
Yuxarı >