|

|

Bəhai
dinində özündən əvvəlki islam dininə oxşar olaraq namaz və oruc vardır və vacib
və mühüm ibadət formaları kimi namaz və oruc xüsusi əhəmiyyətə malikdir. Bu iki
ibadət forması “dinin iki sütunu”, namazın din səmasının
“ayı”, orucun isə
onun “günəşi” adlandırılaraq icrası möminlər üçün vacib buyrulmuşdur. Lakin
namaz və orucun mahiyyəti eyni olsa da, bəzi məqamları ilə
bəhai
dinində bu
ibadət formaları fərqlənir. Bu hər şeydən əvvəl
bəhai
dinində üç cür namaz
olması və orucluğun isə
bəhai
(Badi) təqviminə uyğun olaraq bir
bəhai ayı müddətində,
yəni 19 gün davam etməsi və bu vaxtın yerini heç vaxt dəyişməməsidir. Namaz üçün
digər xarakter cəhət onun təklikdə icra olunması və camaat (toplum) namazının
olmamasıdır.
Deyildiyi kimi,
bəhai dinində üç cür namaz mövcuddur, və mömin bu üç
namazdan birini seçir və onu qılır. Bu namazlar "Qısa namaz", "Orta namaz" və
"Böyük namaz" adlanır. Onların sözləri və qılma qaydası ilə saytımızda
yerləşdirilmiş "Bəhai duaları"
kitabından tanış ola bilərsiniz. Qeyd edək ki, bəhai namazı başqa bəhai duaları kimi istənilən hər
bir dildə oxuna bilər. Əgər mömin qısa namazı seçmişsə, o bu namazı gündə bir
dəfə günortadan gün batana kimi qılmalıdır. Əgər o, orta namazı
seçmişsə, o bu namazı gündə üç dəfə qılmalıdır. Bunlardan birincisini səhər,
yəni gün çıxandan günortaya kimi müddətdə, ikincisini gunortadan gün batana
kimi, və üçüncüsünü gün batandan sonra iki saat ərzində qılmalıdır. Əgər mömin
böyuk namazı seçmişsə, o bu namazı iyirmi dörd saat müddətində bir dəfə istədiyi
vaxt qıla bilər. Namazdan qabaq dəstəmaz alınmalıdır, yəni namaz niyyəti ilə əl
və üz yuyulmalıdır. Əgər dəstəmaz orta namaz üçün alınırsa, dəstəmaz vaxtı
xüsusi sözlər söylənməlidir. Əgər dəstəmaz o biri namazlar üçün alınırsa, xüsusi
sözləri demək vacib deyildir. Namaz gılarkən mömin üzünü qibləyə tərəf tutmalıdır.
Bəhai qibləsi Əkka şəhərində yerləşir (coğrafi koordinatları: 32°55'
ş.e.d., 35°05'
ş.u.d.). Əkkanın məqamı barədə Hz. Məhəmməd Peyğəmbərin (s.ə.) buyurduqları ilə
burada tanış ola bilərsiniz.
“Şəhadət
verirəm, Ey mənim Allahım, Sən məni Səni tanımaq və Sənə ibadət etmək üçün
yaratmısan.” Bəhai dinindəki üç namazdan biri olan
kiçik namazın ilk ayəsi
budur. Və ibadətin çox mühüm forması olan namaz bəndənin öz Rəbbi ilə gündəlik
ünsiyyətini saxlayan, bəndənin öz Rəbbi ilə məhəbbət dili ilə danışmasını təmin
edən bir vasitə olması Bəhai dinində namazların icrasında aydın görünür. “İnsan
həyatının iki qanadı” olmaqla namaz və oruc Bəha Dinində də möminin və eləcə də
icmanın ibadət həyatının zənginləşməsi üçün ən mühüm faktorlardandır.
Bəhai orucu
Badi təqvimi ilə Əla ayı ərzində (Miladi təqvimi
ilə mart ayının 2-dən 20-dək) 19 gün müddətində tutulur. İslam orucunda
olduğu kimi, bəhai orucunda da səhər gün çıxandan axşam gün batana qədər
yemək və içmək tam qadağandır. Əlbəttə ki, orucluq təkcə yemək-içməkdən
çəkinməkdən ibarət deyil, bu ruhani addımdır, ibadətdir. Orucluq ayı Badi təqvimində son
aydır, və orucluq yeni ili başlayan Novruz bayramı ilə (21 mart) tamamlanır.
Nəzərə almaq lazımdır ki, bəzi hallarda astronomic səbəblərdən Novruz bayramı
mart ayının 20-nə düşür. Belə illərdə Novruzdan qabaq olan orucluq ayı da onunla
birlikdə bir gün sürüşür.
Bəhai
Dinində Namaz və Oruca baxış, onların vacibliyi və əhəmiyyəti barədə Müqəddəs
Yazılardan çıxarışlarla tanış olmaq üçün saytımızda yerləşdirilmiş “Namaz və
Orucun vacibliyi” məcmuəsini oxuya bilərsiniz.
Qeyd:
Azərbaycanda yaşayanlar üçün oruca aid zaman
cədvəllərı burada yerləşdirilmişdir.
|
 |