Uşaq programı

Bəhailər uşaqlara icmanın malik ola biləcəyi ən qiymətli xəzinə kimi baxırlar. Gələcəyin təminatı və ümidin gerçəkləşməsi üçün uşaqlar ruhani qida almalıdırlar. Dünyadakı uşaqların sevinci və məsumluğu maddi məqsədlərin arxasınca qaçmağın nəticəsində çox rahat əzilə bilər və belə bir şəraitdə onların mənəvi və ruhani tərbiyəsinin həyati vacibliyi üzə çıxır.

Bəhai icması gənc nəslin ruhani arzularına hər səviyyədə cavab verməyə ciddi münasibət göstərir. Böyük gənclər, adətən, ətraflarında onlardan kiçik olanların inkişafı üçün məsuliyyəti götürməyə can atırlar. Odur ki, uşaqların təlim-tərbiyəsi icmada ən vacib fəaliyyətlərin arasındadır.

“İnsana qiymətli gövhərlərlə dolu mədən kimi baxın, yalnız təlim-tərbiyə onun xəzinəsini açmağa və bəşərin ondan faydalanmasına imkan yarada bilər” -Həzrət Bəhaullah

Son illər, dünya üzrə uşaqların mənəvi təlim-tərbiyə dərslərini aparmaq üçün müəllimlərin hazırlığında təlim institutları getdikcə vacib rol oynayır. İnstitutlar tərəfindən tərtib olunan materiallar dürüstlük, səxavətlilik, qəlbin təmizliyi, mehribanlıq kimi bir çox ruhani keyfiyyətlərin əldə edilməsinin vacibliyini vurğulayır. Bu keyfiyyətlər Allahın insan qəlbinin güzgüsündə əks olunan sifətləri hesab olunur. İlbəil, materiallar bu keyfiyyətlər barədə anlayışın yüksəlməsi üzərində qurularaq ilahi nəsihətlər əsasında tərtib olunmuş mətnləri əhatə edir. Bunda məqsəd uşaqların elə bir səviyyəyə çatmasına nail olmaqdır ki, onlar özlərinin mənəvi inkişafının zərurətini anlayaraq hərəkət etsinlər və cəmiyyətin yaxşılaşmasına töhfə vermək üzərində düşünsünlər. Bu isə müvafiq anlayış və bacarıqların inkişaf etdirilməsini nəzərdə tutur. Uşaqların təlim-tərbiyəsinə kömək edə bilən insan resurslarının, xüsusilə gənc uşaq dərsi müəllimlərinin yetişdirilməsinə böyük ehtiyac vardır. İnsanın cəmiyyətə, bütövlükdə insanlığa edə biləcəyi ən böyük xidmətlərdən biri uşaq təlim-tərbiyəsidir.