Allahın Əbədi Əhdi

Hər şeyin Yaradanı Tək, Bənzərsiz, Qəyyum Allahdır. Həzrət Bəhaullah bizə öyrədir ki, Allahın mahiyyəti insan ağlı üçün dərkolunmazdır, çünki məhdud qeyri-məhdudu dərk edə bilməz. İnsanların Onun barəsində yaratdıqları təsəvvürlər onların təxəyyül məhsulundan başqa bir şey deyil. Allah bir insan deyil, O, sadəcə kainat boyunca yayılmış bir qüvvə də deyil. Var olmağımızın Mənbəyinə xitab etmək üçün bizim zərurətən istifadə etdiyimiz Səmavi Ata, Səmavi Qüvvə, Böyük Ruh kimi sözlər Onun adlarını və sifətlərini insan dilində ifadə edir və Onu təsvir etmək üçün qətiyyən uyğun deyil.
Gizli Kəlamlarda oxuyuruq: “Ey İnsan Oğlu! Yaradılışını sevdim, odur ki, səni yaratdım! İndi Məni sev ki, səni anım və qəlbini həyat ruhu ilə doldurum.”

Həzrət Bəhaullah bu parçada bizə buyurur ki, Allahın bizi sevməsi bizim mövcudluğumuzun səbəbidir. Biz Onun bizi hifz edən, saxlayan, bizi həyat ruhu ilə dolduran məhəbbətindən həmişə agah olmalıyıq. Çətinlikdə, yaxud rahatlıqda, kədərdə ya sevincdə biz xatırlamalıyıq ki, Onun məhəbbəti həmişə bizimlədir.
Bəhai təlimlərindən öyrənirik ki, bizi sevgisindən yaratdıqdan sonra Allah bizimlə Əhd bağlayıb. “Əhd” sözü iki, yaxud daha çox şəxs arasında müqavilə və ya vəd deməkdir. Əbədi Əhdə əsasən, Kəramət Sahibi Allah bizi heç vaxt tərk etmir, yeri gəldikcə Öz İradə və Məqsədini Məzhərləri vasitəsilə bizə zahir edir.
“Zahir etmək” feli açmaq, əvvəllər məlum olmayan bir şeyi göstərmək deməkdir. Allahın Məzhərləri o xüsusi Varlıqlardır ki, Allahın Sözünü bizə açırlar. Onlar bizə Allahın İradəsinə uyğun necə yaşaya biləcəyimizi və əsl xoşbəxtliyə necə yetişə biləcəyimizi öyrədən universal Tərbiyəçilərdir. Bu Məzhərlər arasında Həzrət İbrahim, Həzrət Krişna, Həzrət Musa, Həzrət Zərdüşt, Həzrət Budda, Həzrət Məsih, Həzrət Məhəmməd və əlbəttə, bəşər tarixinin indiki dövrü üçün Allahın Qoşa Məzhərləri Həzrət Bab və Həzrət Bəhaullah vardır.
Beləliklə, Allahın əbədi Əhdində Onun etməli olduğu şeylər həmişə yerinə yetirilmişdir. Bizim hamımızın özümüzdən soruşmalı olduğumuz təməl sual budur: “Mən Əhddəki öhdəliyimi necə yerinə yetirirəm?” Bütün dini yazılarda qarşımıza çıxan cavab budur: Allahın Məzhərini tanımaq və Onun təlimlərinə riayət etməklə. Bu cavab bizə həyatımızın ümdə məqsədini göstərir – bu, Allahı tanımaq və Ona ibadət etməkdir. Qısa Namazda biz iqrar edirik:
“Ey mənim Allahım, Səni tanımaq və Sənə ibadət etmək üçün məni yaratdığına şəhadət verirəm. Bu anda öz acizliyimə və Sənin qüdrətinə, öz zəifliyimə və Sənin qüvvətinə, öz fəqirliyimə və Sənin zənginliyinə şəhadət verirəm. Səndən başqa Allah yoxdur, Sən İmdada Yetən və Qəyyumsan.”

Məzhərləri vasitəçi olmasa, bizim Allahı tanımağımız mümkün olmadığından, həyatımızın məqsədinə çatmağımızın yeganə yolu Onları tanımaq və təlimlərinə riayət etməkdir. Bu gün bizim qəlblərimiz bütün Müqəddəs Kitablarda verilmiş vədin, yer üzündə sülh və ədalətin bərqərar olması vədinin yerinə yetməkdə olduğu bir zamanda yaşamaq nemətinə görə minnətdarlıqla dolub daşır. Həzrət Bəhaullah bəyan edir:
“Bu Gün Allahın ən gözəl lütflərinin (nemətlərinin) insanların üzərinə yağdığı Gündür, o Gün ki, Onun ən böyük fəzli bütün yaradılmış şeylərə nüfuz etmişdir. Dünyanın bütün xalqları aralarındakı ixtilafı aradan qaldırmalı və tam birlik və sülh içində Onun inayət ağacının kölgəsinə sakin olmalıdırlar.”