Allahın Elçiləri

Bütün dövrlərdə insanların ruhani, intellektual və əxlaqi inkişafları böyük Allahın Elçiləri tərəfindən bəslənmişdir. Bu İlahi Zühurlar Həzrət İbrahim, Həzrət Krişna, Həzrət Zərdüşt, Həzrət Musa, Həzrət Budda, Həzrət İsa, Həzrət Məhəmməd, Həzrət Bab və Həzrət Bəhaullahdır. Onlar, bəşəriyyətin maddi və ruhani təkamülündə müqayisə edilməz təsir yaratmış olan Allah Elçiləridir.
Hər birinin Özünə xas şəxsiyyəti və müəyyən bir vəzifəsi olsa da, bütün Allah Elçiləri bir İlahi Mənbədən Vəhy almış və tək bir məqsədə xidmət etmişlər ki, o da "ruhların tərbiyə edilməsi və dünyadakı bütün insanların əxlaqının düzəldilməsidir."

Allah Elçiləri dünyaya işıq saçmış, yazın gəlişi kimi Onların gəlişləri də yaradılışa təzə bir ruh üfürmüşdür. İnsanlıq "ən qaranlıq qışına" girdiyi zaman bu yeni "Günəşlər" üfüqdə görünür və "ruh aləminə, ürək və fikir aləminə nüfuz edirlər ..." ardından "ruhani bahar və yeni bir canlılıq görünür, yeni bir baharın qüvvəti cilvə göstərir və heyrətverici bir inayət havası əsir ."
Allah Elçilərinin gəlişi ilə yeni güclər yaranır. Bu güclər zamanla insan əlaqələrinə nüfuz edir, Vəhy prosesi vasitəsilə həm şüurun, həm də cəmiyyətin ictimai və ruhani tərəqqisi üçün lazım olan əsas hərəkətverici qüvvəni təmin edirlər. Əgər Allahı, günəş sistemimizi işıq və istiliklə təmin edən əlçatmaz günəşə bənzətsək, Allah Məzhərləri insanların günəşi qəbul edə biləcəkləri bir şəkildə günəş işığını mükəmməl əks etdirən aynalara bənzədilə bilər.
"Əzəli Mahiyyətə doğru yol hamının üzünə bağlı olmuş və bağlı da qalacaqdır. Heç kimin dərrakəsi heç vaxt Onun müqəddəs dərgahına yol tapmayacaqdır. Lakin Öz fəzli və inayətilə O, əhədiyyət üfüqündən parlayan Günəşləri insanlar arasında zühur etdirmiş və bu müqəddəs Şəxslərin tanınmasını Özünün tanınmasına bərabər tutmuşdur. Onları tanıyan Allahı tanımışdır, Onların sözlərini eşidən Allahın sözlərini eşitmişdir, Onların həqiqətini təsdiq edən Allahın həqiqətini təsdiq etmişdir. Və Onlardan üz döndərən Allahdan üz döndərmişdir, Onlara qarşı küfr edən Allaha qarşı küfr etmişdir. Onlar göylərlə yer arasında Allahın təzahürləri, bəndələr arasında Onun dəlilləri və məxluqat içərisində Onun sübutlarıdırlar".
Bütün bu ilahi "aynaların" məqsədi eyni olduğuna görə onlar arasında hər hansı bir ayrı-seçkilik yolverilməzdir. Həzrət Bəhaullah bu mövzuda belə yazmışdır: "Əgər onlara diqqətlə baxsan, görərsən ki, onların hamısı eyni çadırda yaşayır, eyni taxtda oturur, eyni nitqi söyləyir və bir dini elan edirlər."

Madam ki, bütün böyük dinlər Bir Mənbədəndirsə və eyni həqiqəti bəyan edirlərsə, Allahın Elçilərinin təlimləri arasındakı fərqlilikləri necə anlaya bilərik? Hər dəfə Peyğəmbər gələndə, Ondan əvvəlkilər tərəfin­dən başlanmış təlimin qurulması prosesi davam etdirilir, yeni Müjdə gətirilir və gələcək Zühurun gəlişi üçün əsas qoyulur. Peyğəmbərlər Öz mahiyyətlərinə görə bir-birindən fərqlən­mirlər. Lakin Allahın Onlara tapşırdığı vəzifələrdən, İlahi yükün ağırlığından və məsuliyyətindən asılı olaraq onlar fərdi məqam­lara malikdirlər. Həzrət Bəhaullah yazır: “Əlbəttə Allahın bütün Peyğəmbərləri Onun sevimliləri­dirlər, Onun Müqəddəsləri və Onun seçilmiş Müjdəçiləridir, hamısı bir nəfər kimi Onun adını daşıyır və Onun mükəm­məlli­yini təcəssüm etdirirlər. Onları bir-birindən ancaq Onların Vəhylərinin gücü və Onların halələrinin saçdığı nurun parlaq­lığı fərqləndirir”.
Hər bir Allahın Elçisi bəşəriyyətin həkimi kimi də qəbul edilə bilər. O, insanlığın diaqnozunu qoyur və dünyanın xəstəliklərinə uyğun müalicəni təyin edir. Bu, Onun zamanın ehtiyaclarına ən yaxşı cavab verən müalicədir. Həzrət Bəhaullah Öz zühuruna istinadən belə yazmışdır: "Hər şeyi bilən Həkimin barmaqları xəstə insanlığın nəbzindədir. Xəstəliyi diaqnoz edir və yanılmaz hikməti ilə dərman yazır."