Yeni Müjdənin gətirənlər

  Həzrət Bab öz missiyasını elan etdiyi vaxt onun şagirdlərindən biri Molla Sadıq Vənəndli Ordubadın Vənənd kəndinin və ətraf kəndlərin adamlarını öz ətrafına toplayaraq bu təlimi onlara çatdırır. Qısa vaxt ərzində bütün Naxçıvan və Zəngəzur mahalında on min nəfərə qədər onun tərəfdarı yaranır. Bu yeni hərəkat Araz çayının hər iki sahilində güclü çaxnaşma yaratdığı üçün Çar höküməti vəziyyəti nəzarətə almaq məqsədi ilə general Behbudovu beş min nəfərlik ordu ilə Ordubada göndərir. O zaman artıq hakimiyyətdən salınmış Naxçıvan xanı və onun naibi Şeyxəli bəy də bu təlimin tərəfdarlarından idilər (bax: M. S. Ordubadi «Həyatım və mühitim», Azərnəşr, Bakı, 1996).

Təzyiqlərə baxmayaraq, yeni din inkişaf etməkdə davam edir. 1850-ci illərdən başlayaraq Bakıda, Balaxanıda, Bərdədə, Şəkidə və Qarabağda icmalar formalaşır. Babi, daha sonra isə Bəhai qrupları, həmçinin Tiflisdə, Batumidə və Qərbi Azərbaycanda (indiki Ermənistan) da yaranmağa başlayır. Lakin Bakıda daha böyük sayda bəhailər vardı, hətta 1860-cı ildə icma dövlət tərəfindən tanınır. Onun fəaliyyətlərinin leqallaşmasında Mikayıl Müşfiqin atası Mirzə Əbdülqədir İsmayılzadə mühüm səyləri qoyur.

Rusiya dövrünün tarixi mənbələri və NKVD arxivləri göstərir ki, Mirzəağa Əliyev küçəsi 216-da (keçmiş Çadroviy) Bəhai icmasının ruhani mərkəzi yerləşirdi. Bu bina və onun ətrafında bütöv kvartal bəhailərə məxsus idi.