Həzrət Bab - Bəhai Dininin müjdəçisi (1819-1850)

XIX əsrin ortalarında – dünya tarixinin ən keşməkeşli dövründə – cavan bir tacir elan etdi ki, bəşərin ruhani və sosial həyatını dəyişəcək bir müjdənin daşıyıcısıdır. O zaman Onun ölkəsi İran geniş yayılmış mənəvi-əxlaqi tənəzzül yaşayırdı. Onun müjdəsi minlərlə insanı cəlb edərək bütün təbəqələrdə böyük sevinc və ümid doğurdu. O, ərəb dilində mənası “Qapı” olan Bab ləqəbini götürdü. Həzrət Babın ruhani və mənəvi islahata, qadınların və yoxsulların vəziyyətinin yaxşılaşdırılmasına çağırışı, Onun ruhani canlanma üçün gətirdiyi təlim inqilabi bir təlim idi. Eyni zamanda, O, müstəqil bir dinin əsasını qoydu, öz həyatlarını dəyişməkdə və çox böyük qəhrəmanlıq əməlləri göstərməkdə ardıcıllarını ruhlandırdı. Həzrət Bab elan etdi ki, bəşəriyyət yeni eranın astanasında dayanmışdır. Onun cəmi altı il çəkən missiyasının məqsədi bütün dünya dinlərində vəd olunmuş sülh və birlik erasının başlandığını elan etmək idi. “Onun həyatı cəsarətin ən möhtəşən nümunələrindən biridir ki, bəşərin ona baxması üçün bir imtiyazı vardır.”
--XIX əsr Fransız yazıçısı A.L.M.Nikolasın Həzrət Baba məftunluğunun ifadəsi

Həzrət Babın Həyatı

1844-cü ilin bir bahar axşamında iki gənc kişi arasında insan nəsli üçün yeni eranın gəlişindən xəbər verən bir söhbət baş verdi. Bir İran taciri Şiraz şəhərində bir müsafirə elan etdi ki, O, bəşərin ruhani və sosial həyatını dəyişmək məqsədi daşıyan İlahi Vəhyin Daşıyıcısıdır. Tacirin adı Seyid Əli Məhəmməd idi, tarixdə O, Həzrət Bab kimi tanınır (Bab- ərəb dilində qapı deməkdir). XIX əsrin ortaları dünya tarixinin ən keşməkeşli dövrlərindən biri idi. İki böyük inqilaba hazırlıq gedirdi: Qərbdə sənaye inqilabı demək olar ki, əsrlərlə, dəyişməmiş həyat modellərini, insanlar arasındakı münasibətləri və sosial şəraiti sınağa çəkirdi, Şərqdə isə cəhalət, mövhumat və qorxu içində saxlanılan kütlələri oyadan ruhani inqilab doğulmaqda idi. Bütün dünyada insanlarda yeni dövrü qarşılamaq üçün bir ayılma baş verməkdə idi. Həm xristianlar, həm də müsəlmanlar Vəd Olunmuşun gəlişinin yaxında olduğuna inanırdılar. Çoxları Onu axtarmağa hazırlaşır, onu tanıya bilmək üçün atəşlə dualar edirdilər.

Babilər Hərəkatı
Həzrət Babın müjdəsinin bəyanı İranda hətta təxminən iki min il əvvəl Müqəddəs Torpaqda İsa Məsihin gəlişini müşayiət edən hadisələrdən daha şiddətli bir iğtişaş yaratdı. 1845-ci ildən 1847-ci ilədək ehtiraslı bir axtarış bütün ölkəni bürüdü. Saysız-hesabsız qruplar Həzrət Babın ardıcıllarının sübutlarına heyrətlə qulaq asırdılar. Onların yaydıqları prinsiplər, meyarlar və qanunlar cəmiyyətin bütün strukturunu sual altına alırdı. Onun Müjdəsindən ilhamlanaraq, minlərlə insan Onun təlimlərini qəbul etdilər və babi kimi tanındılar. Onların üzləşdikləri və hakimiyyət tərəfindən qorxu və paxıllıqdan qaynaqlanan şiddətli müxalifətə baxmayaraq, Həzrət Babın ardıcıllarını saran sədaqət din xadimlərinə, tacirlər zümrəsinə və cəmiyyətin yüksək dairələrinə də yayıldı. Əmri qəbul etməsi ən az gözlənilənlər arasında ləqəbi Vahid olan parlaq bir ilahiyyatçı da vardı. Vahid şahın etibarlı məsləhətçisi kimi, ölkəsini bürümüş hərəkat barədə ilk əldən düzgün məlumat almaq istəyən şahın adından Həzrət Babı istintaq etmək üçün göndərilmişdi. Vahidin Həzrət Baba iman gətirməsini eşidən şah Həzrət Babı dərhal Tehrana gətirmək əmrini verdi. Şahın da Həzrət Babın təsiri altına düşəcəyi təqdirdə öz məqamının birdəfəlik çökəcəyindən qorxan Baş Nazir bunun yerinə əmr verdi ki, Onu Türkiyə ilə sərhəddə ucqar Maku Qalasında zindana salsınlar. Bunun üçün şaha belə bir bəhanə gətirdi ki, Həzrət Babın paytaxta gəlməsi böyük bədbəxtlik və hərc-mərclik yaradardı. Mirzə Hüseyn Əli Həzrət Babın Əmrini qəbul edən ən görkəmli Şəxsiyyət zəngin bir vəzirin oğlu idi. Mirzə Hüseyn Əli şahın sarayında vəzifədən imtina edib məzlum və yoxsulların qayğısına qalan böyük hörmət sahibi, əsilzadə bir gənc idi. Bir gün, Həzrət Baba ilk iman gətirmiş şəxs Molla Hüseyn Ağasının göstərişi ilə Onun müjdəsinə xüsusi həssas olacaq bir məşhur Şəxsi axtarmaq üçün Tehrana gəldi. Mirzə Hüseyn Əli Həzrət Babdan aldığı məktuba dərhal cavab verdi. Bu məktubda O, İlahi Vəhyin xüsusiyyətini etiraf etdi. “Kim ki Qurana inanır,” O bəyan etdi, “və onun İlahi mənşəyini qəbul edir, lakin bir anlıq da olsa, bu ürək titrədici sözlərin eyni dirildici güclə dolmuş olması barədə tərəddüd edir, o, heç şübhəsiz, öz mühakiməsində yanlışlığa düşmüş və insaf yolundan çıxmışdır.” Hərçənd Onlar heç vaxt görüşməmişdilər, Həzrət Bab bilirdi ki, Mirzə Hüseyn Əli “Allahın Zahir edəcəyi Kəs”, gəlişini Babın müjdələdiyi İlahi Tərbiyəçidir. Mirzə Hüseyn Əliyə Bəhaullah adını məhz Həzrət Bab vermişdi ki, O, bu adla da bütün dünyada tanınır.  

Tarixi Müşavirə

Həzrət Bab İranın şimalında zindanda ikən, Onun Əmri ölkə boyu yayılmaqda davam etdi. 1848-ci ilin iyun ayında Onun ardıcıllarının böyük bir qrupu Bədəşt kəndində toplaşdılar. Həzrət Bəhaullahın təşkil etdiyi bu toplantı bu hərəkatın tarixində həlledici bir an olmalı idi. Orada onlar öz hərəkatlarının nə uğrunda mübarizə aparması, qalxan müxalifət qarşısında öz məqsədlərinə necə çatmaları və Həzrət Babı necə azad etmək barədə müzakirə etdilər. Məhz Bədəştdə onlar başa düşdülər ki, Həzrət Babın missiyası keçmişin dini və sosial adət-ənənələrindən qəfil, birdəfəlik və kəskin ayrılmanı təmsil edir.   Burada olanların arasında şairə Tahirə də vardı. Müşavirə Həzrət Babın müjdəsinin mənalarının onun tərəfindən verilən aydın izahatı ilə həyəcana gəlirdi. O elan etdi ki, Həzrət Bab Allahın uzun zamandan bəri gözlənilən Elçisi və yeni və müstəqil bir dinin banisidir. Bunu nümayiş etdirmək üçün o, toplantıların birinə müsəlman adət-ənənəsinin tələb etdiyi çadranı örtməmiş gəldi. Babilər arasında ən mühafizəkar olanlardan bəziləri üçün onun hərəkəti kəskin bir iman sınağı oldu və bu hadisə barədə xəbər müsəlman din xadimlərinin düşmənçiliklərini daha da artırdı.  

İran Boyu Hərc-mərcliklər

Bədəşt müşavirəsindən sonra, 300-ə yaxın babi, Mazandaran vilayətində tək dayanan Şeyx Təbərsi məqbərəsinin ətrafında tez bir zamanda tikdikləri kiçik bir düşərgədə mühasirəyə alındıqlarını gördülər. Vilayət boyunca yürüş edərək Vəd Olunmuş Kəsin gəlişini bəyan edən qrup yerli mollalar tərəfindən kafir elan edildi. Mollalar bir neçə kəndin əhalisini onlara hücum etmək üçün qızışdırdılar. Yeni baş nazir göstəriş verdi ki, babilər məhv edilməlidirlər. Yerli mollaların səylərini dəstəkləmək üçün silahlı qüvvələr göndərildi.   Şeyx Təbərsi məqbərəsinin mühasirəsi Həzrət Babın əleyhdarlarının gözlənilməyən bir alçaqlığı idi. Bir neçə ay ərzində, bir-birinin dalınca bir neçə minlik ordu babiləri məğlub etmək üçün göndərildi. Təlim görməmiş, təchiz olunmamış, “Allahdan məst olmuş” ilk inananlar, din xadimlərindən xeyir-dua almış, dövlətin resurslarının arxa durduğu və insan kütlələri tərəfindən dəstəklənən və koordinasiya olunan ordu qarşısında özlərini qəhrəmancasına müdafiə etdilər.   Nəhayət babilər, aclıqdan və üzvlərinin böyük hissəsini, o cümlədən Həzrət Babın birinci həvvarisi olan Molla Hüseyni itirməkdən zəifləyərək və Quranın bir nüsxəsini gətirib ona and içərək onların azad olmalarına söz verən təntənəli bir vədə tovlanaraq təslim oldular.Qaladan çıxan kimi, onların üzərinə hücum edildi. Çoxları dərhal öldürüldü, bir hissəsi əsir alındı və onlara ölənə qədər işgəncə verildi, sağ qalanların isə əmlakı talan olundu və özləri isə kölə kimi satıldı.   Daha iki böyük yer eyni mənzərəyə şahid oldu. Neyriz və Zəncanda hökumətin silahlı qüvvələri azğınlaşmış qaragüruhun köməyinə gəldi. Neyrizdə hətta Vahid kimi görkəmli bir şəxsin rəhbərliyi yerli hökumətin və onların qızışdırdıqları qaragüruhun qəzəbini sakitləşdirə bilmədi. Mühasirəyə alınmış babilərin sığındıqları kiçik qala alındıqdan sonra baş verən qətliyamda Vahid həlak oldu. Təbərsidə olduğu kimi, Neyrizdə də babilərin təslimi Quranın bir nüsxəsi üzərində imzalanmış və möhürlənmiş saxta sülh və dostluq əhdnaməsi ilə təmin olundu. Bundan qısa bir vaxt sonra məhbusları vəhşicəsinə qətlə yetirdilər. Baş Nazir Əmir Kəbir bu iğtişaşı düz ürəyindən vurmaqda qətiyyətli idi. Həzrət Babı Təbrizə apardılar və orada nüfuzlu üləmalardan istədilər ki, bu işə mülki qanunla deyil, dini qanunlar əsasında qərar versinlər. Baş Nazirin gözlədiyi kimi, üləmalar bidət ittihamı əsasında rəsmi ölüm hökmünün imzalanmasında çox cəld bir əməkdaşlıq göstərdilər. Həzrət Bab 9 iyul 1850-ci ildə qeyri-adi bir şəraitdə camaat qarşısında güllələndi.   Dinin məşhur tərəfdarlarının qəddarcasına öldürülmələrindən çox keçməmiş Həzrət Babın edam edilməsi babilər üçün sarsıdıcı bir zərbə idi. Bu hadisə, icmanı, yalnızbaşına gələn və getdikcə artan təqiblərə davam gətirmək üçün deyil, həm də, Həzrət Babın öyrətdiyi davranış meyarlarının bütövlüyünü saxlamaq üçün ehtiyacı olduğu rəhbərlikdən məhrum etdi.. Babilər davamlı olaraq vurğulayırdılar ki, onların yeganə qayğısı Həzrət Babın nazil etdiyi yeni ruhani və sosial təlimləri yaymaqdır. Eyni zamanda, onlar inanırdılar ki, özlərini və ailələrini qəddarlığa yol vermədən müdafiə etməyə hər cür haqları vardır. Bunu öncədən bilmək olardı ki, Həzrət Babın müjdəsini başa düşənlərin istiqamətləndirici əlləri bu cür qəddar zülmlə kəsildiyindən, babilər arasında səbatsız ünsürlər ilkin intizamı saxlaya bilməyəcəkdilər. İki babinin 15 Avgust 1852-ci ildə şaha atəş açması bunun belə olmasını sübut etdi. Şaha ciddi bir zərər toxunmadı, çünki tapança quş qırması ilə doldurulmuşdu; lakin şahın həyatına qəsd cəhdi ölkədə indiyə kimi görünməmiş bir miqyasda təqib dalğasının qalxmasına rəvac verdi. Minlərlə kişi, qadın və uşaq vəhşətli bir şəraitdə qəddarlıqla qətlə yetirildilər. “Dindən dönmüşlərin malları müsadirə olunmalı” əmrini eşitdikdə, çoxlu yerli məmurlar Həzrət Babın ardıcıllarının “ovlanmasına” qoşuldular. Tehranda müxtəlif zümrələrdən olan adamlar –çörəkçilər, qəssablar, dülgərlər və digərləri – babiləri qrup halında tutur və ən qəddar işgəncə forması tapmaqda bir-birləri ilə yarışırdılar.   Həzrət Babın ardıcıllarının başına gətirilən acı təqiblər, Onun ruhlandırdığı təkanverici şücaət hərəkətləri, Onun Özünün dəfedilməz cazibəsi və parlaqlığı barədə çoxlu tarixçilər, şərhçilər və şahidlər yazmışlar. Yeni təqib dalğaları qətiyyətli və açıq fikirli Tahirəni susdurmaq istəyənləri də cürətləndirdi. Bununla belə, ölümə məhkum edildiyini eşidəndə, deyilənə görə Tahirə onu həbs edənə deyib: “Siz məni istədiyiniz kimi öldürə bilərsiniz, lakin qadınların azadlığını (emansipasiyasını) heç vaxt saxlaya bilməzsiniz.”  

Babi Zühur Dövrünün Sonu

Qısa bir dövrdə, bütün İran tüğyan edən sosial dəyişiklik astanasında asılıb qalmışdı. Bunun baş verməməsi dini və siyasi liderlərin müdaxiləsinin nəticəsi idi. Onlar Həzrət Babın onlara verilmiş səlahiyyətlər üçün təhlükə yaradacağından qorxurdular.   Həzrət Babın Mesajını rədd etmək və Onun təsirinin qarşısını almaqdan ötrü bu rəhbərlər dinin özü qədər qədim olan köhnə üsuldan istifadə etdilər. Fariseylərin 1800 il öncə İsa Məsihi onların gözlədikləri vəd olunmuş Messiyanın zühur edəcəyi kimi ortaya çıxmamasına əsaslanaraq rədd etdikləri kimi, Həzrət Babın zamanında da hakim dini zümrə nəinki öz hakimiyyətindən, həm də Vəd Olunmuşun zühurunu müşayiət edəcək gözlənilən əlamətlərin və peyğəmbərliklərin hərfi şərhlərindən yapışmışdı.   Həzrət Bab Öz Yazılarında bir çox belə peyğəmbərlikləri rəmzi mənada şərh etmişdi. Şiə müsəlmanlar inanırlar ki, dünya sıxıntı içində olanda, İmam Mehdi və ya Qaim qeybdən zühur edəcək, dünyanın fəlakətli sonundan və məhşər günündən öncə yer üzündə həqiqi dini bərqərar edəcək. Həzrət Bab təsdiq etdi ki, O, İmamın rəmzi qayıdışıdır, Onun fiziki olaraq yenidən peyda olması deyil. O öyrətdi ki, “Qiyamət”, “Məşhər”, “cənnət,” “cəhənnəm” kimi zamanın sonuna aid istilahlar da metaforalardır, təşbehlərdir. Onun Zühuru ilə qiyamət dövrü başlamışdır. Qadınların və kasıbların mövqelərinin yüksəldilməsində israrlı olması və cəmiyyətin ruhani və əxlaqi islahatlarına çağırışı ilə Həzrət Bab keçmişin Peyğəmbərləri ilə bir sırada dayandı.   Həzrət Babın ardıcılları sınmışdılar və tükənmişdilər, bütün resurslardan və rəhbərlərinin məsləhətlərindən məhrum qalmışdılar. Lakin onların fədakarlıqları əbəs deyildi. Keçmişin o uzaq gələcəyə (o zaman ki, “yer üzü Rəbbin cəlalı ilə dolacaq"-dı) ancaq baxa biləcək müdriklərindən fərqli olaraq, Həzrət Bab – Özünün məhz zühuru ilə - “Allahın Günü”nün doğmasını göstərdi və Həzrət Bəhaullahın vasitəsilə üzə çıxacaq daha əzəmətli bir Zühur üçün meydan hazırladı.
Həzrət Babın Məqamı
Həzrət Babın Məqamı Özünün məhbus olduğu və sədaqətli ardıcılları ilə ünsiyyətdən mərhum edildiyi o zülmət gecələrdə, düşmənlər Həzrət Baba hətta bir çırağı belə çox görmüşdülər. Lakin bu gün, hər il yüz minlərlə ziyarətçi Onun cismani qalıqlarını örtən işıqlı Məqama heyrətlə baxırlar. Nur dənizində qərq olunmuş kimi Həzrət Babın Məqamı hər gecə Müqəddəs Torpaqda Karmel Dağında yeganə müstəsna bir cəzbetmə nöqtəsi kimi dayanır. Binanın qeyri-adi yeri, Şərq və Qərb memarlığının ahəngdar qovuşması Aralıq Dənizi sahillərində onu tanınan və sevilən bir mayaka çevirmişdir.   1891-ci ilin yayında Həzrət Bəhaullah dağın çılpaq şimal ətəyinin yuxarı hissəsində sərv ağaclarının dövrə vurduğu yerdə dayanaraq, Oğlu Həzrət Əbdül-Bəhaya Həzrət Babın cənazəsini qəbul edəcək yaraşıqlı bir Məqamın tikiləcəyi yeri göstərdi. Həzrət Əbdül-Bəha orada torpaq almaq və sadə altı otaqlı bir Məqam tikmək kimi zəhmətli bir işə başladı. “O binanın hər bir daşını, ona aparan yolun hər bir daşını mən bitib-tükənməz göz yaşları və böyük əziyyətlər bahasına qaldırıb yerinə qoymuşam,” – Həzrət Əbdül-Bəhanın belə söylədiyini qeyd etmişlər. O öncədən demişdi ki, Məqam “ən nəfis bir formada, ən gözəl və büsatlı bir biçimdə tikilməlidir. Dağın ətəyindən başına qədər terraslar tikilməlidir. Dağın ətəyindən Məqama qədər doqquz terras, Məqamdan da dağın zirvəsinə qədər daha doqquz terras tikilməlidir. Bütün bu terraslarda rəngarəng çiçəklərlə bəzənmiş bağlar salınmalıdır.”   Həzrət Babın cənazəsi edamından sonra altmış il ərzində gizli saxlanıldı və gizli yollarla İrandan Müqəddəs Torpağa gətirildi və nəhayət 21 mart 1909-cu ildə uyumaq üçün dəfn edildi. Həzrət Əbdül-Bəhanın nəvəsi Şövqi Əfəndi yazırdı, “Hər şey tamamlanandan sonra, Şirazlı Şəhid Peyğəmbərin bu dünyadakı qalıqları, uzun çətinliklərdən sonra, nəhayət ki, öz əbədi məkanında uyumaq üçün Allahın müqəddəs dağının qoynunda təhlükəsiz bir şəkildə yerləşdirildi. Türbanını kənara atan Həzrət Əbdül-Bəha ayaqqabılarını çıxardı, əbasını atdı, hələ ki açıq olan sarkofaqın üzərinə əyildi, başında yanlardan dalğalanan gümüşü saçları, dəyişmiş və nurla parlayan çöhrəsi ilə O alnını taxta qutunun üzərinə qoydu və ucadan hönkürdü və elə bir sızıltı ilə ağladı ki, yanında olanların hamısı Onunla bərabər ağlaşdılar. O gecə Onu hisslər o qədər çulğamışdı ki, yata bilmədi.” Həzrət Əbdül-Bəhanın süudundan sonra, Şövqi Əfəndi Bəhai Dininin Mühafizi olandan çox keçməmiş, əsas binaya daha üç otağın əlavə olunmasına şəxsən rəhbərlik etdi və onu doqquz otaqlı simmetrik kvadrata çevirdi. 1940-cı illərin əvvəllərində, görkəmli Kanada memarı Uilyam Suzerland Maksvel Məqamın günbəzinin tərtibatını verdi. İkinci Dünya Müharibəsinin təsirlərinə və regionu bürümüş iğtişaşlara baxmayaraq, tikinti 1953-cü ilin oktyabr ayında tamamlandı və bu, Şövqi Əfəndini onu “Allahın dağında taxta çıxmış, parlaq qızılı taclı, bərq vuran ağ işığa bürünmüş, zümrüdü yaşılla qurşaqlanmış, havadan, dənizdən, düzdən və təpədən hər gözü ovsunlayan Karmel Kraliçası” kimi təsvir etməyə ilhamlandırmışdı.

Həzrət Babın Məqamı mənzərəli bağları və Terraslar

Ümumdünya Ədalət Evinin 1987-ci ildə terrasları Həzrət Əbdül-Bəhanın öncədən dediyi kimi tikilib başa çatdırılması barədə qərarı dünya bəhailərini hərəkətə gətirdi. Dünyanın hər yerindən ianələr axmağa başladı. Nə qədər az və ya çox olmasından asılı olmayaraq, hər bir məbləğ Bəhai icmasının üzvləri tərəfindən sədaqət və səxavət ruhunda, bu sevimli, müqəddəs yerin gözəlləşdirlməsində müəyyən bir töhfə vermək arzusu ilə könüllü olaraq bəxş edilmişdi. 1990-cı ildə on doqquz terrasın tikintisinə başlanıldı və 11 ildən sonra tamamlandı.   Bu terrasların açılışından bəri 10 il ərzində iki milyondan çox insan onları və ətraflarındakı bağları ziyarət etmişlər.2008-ci ildə Həzrət Babın Məqamı – Əkkada Həzrət Bəhaullahın Məqamı ilə birlikdə onların bəşərin ümumi irsinə “görkəmli ümumdünya dəyərlərə” malik olmaları səbəbilə UNESCO-nun Dünya İrsi siyahısına salınmışdır.   “Bağların və Terrasların gözəlliyi,” Ümumdünya Ədalət Evi yazırdı, “həm dünya xalqlarının ürəklərində, həm də planetin fiziki mühitində baş verməli olan transformasiyanın rəmzidir.”   Məhz bu transformasiya baxışı üçün Həzrət Bab və Onun on minlərlə ardıcılları öz həyatlarını fəda etdilər.