Azərbaycan Müqəddəs Yazılarda

  Həzrət Bəhaullah və Həzrət Əbdül-Bəha tərəfindən Azərbaycan və onun bölgələri haqqında, görkəmli Azərbaycan bəhailəri haqqında çoxlu Lövhlər nazil olmuşdur. Bu Lövhlər Bakı, Naxçıvan, Şəki, Gəncə, Bərdə və Balaxanı bəhailərinə ünvanlanmışdır. Onlardan nümunələr aşağıda verilir.

Siz ey Məhbubun Dağında həmişəlik sığınacaq axtaranlar və Onun üzünün aşiqləri! Qafqaz Araz çayının axdığı bir bölgədir – bu həmin çaydır ki, Quranda ona “Rass əhli” kimi işarə edilir. Qədim zamanların adları unudulmuş bütün peyğəmbərləri o torpaqda öz missiyalarını elan etmişlər və bununla Mərhəmətlinin rayihələrini insanlıq aləminə yaymışlar. Eynilə, Əliül-Əla , Həzrət Bab (mənim həyatım Ona fəda olsun), missiyasının sonrakı dövründə Çehriqə sürgün olunmuş və orada məhbus edilmişdir. Hafiz Şirazi müşk ətrini duyaraq bu sözləri söyləmişdir: “Ey Səba! Əgər sən Araz çayının üstündən əssən, orada en, və o vadinin torpağını qucaqla və müşk ətirli rayihələri nəfəsinə çək.” Həzrət Zərdüşt uzun zamanlar o diyarlarda yaşamış və səyahət etmişdir, hədislərdə və müxtəlif hekayətlərdə adı çəkilən “Qaf” dağı isə məhz həmin Qafqazdır. Bundan əlavə, İranlılar inanırlar ki, o bölgə mistik bir quşun, Şərqin simurqunun yeri və yurdudur. Beləliklə ümid edirəm ki, müqəddəslik qanadlarını Şərqin və Qərbin üzərində gərmiş bu simurq yəni Rəbbin ecazkar Əmri – Qafqaz torpağında sakin olsun və yuva qursun. Allaha həmd olsun ki, Bakılı dostlar müharibə illəri boyunca bütün insanlar və icmalarla barış içində olmuşlar, İlahi Təlimlərə uyğun olaraq hər kəsə mehriban davranmışlar. Onlar Əmrdə fəal olmuş, rahatlıq bilməmiş, Allaha Məhəbbət şərabından cuşa gəlmiş və məst olmuşlar. İndi isə onlar nəhəng kimi nərə çəkməli, müharibə illərinin əvəzini çıxmalı, qalxmalı və o ölkəni sevinc və şadlıq təranəsi ilə ucaltmalıdırlar, ta ürəklər elə nurlansınlar ki, birlik şüaları parlaq şəfəq saçsın, yadlıq qaranlığı yox olsun, bütün icmalar birləşsin, onların kasaları ahəngdarlıq və sevginin şirin nektarı ilə dolub daşsın və elə bir şövq və atəş nümayiş etdirsinlər ki, ətraf bölgələr hərəkətə gəlsin və canlansın. Bəhaül-Əbha üzərinizə olsun. (Həzrət Əbdül-Bəhanın Bakı bəhailərinə Lövhü, 18 iyul 1919)

Siz Ey Allahın sevgili dostları! Həqiqət işığı İlahi Hidayət məşriqindən doğmuş, parlaq şəfəqlərini Şərqin və Qərbin üzərinə saçmış, şimaldan cənuba bütün dünyanı nurlandırmışdır. Gözləri iti, qulaqları eşidən, ürəkləri güzgü kimi olan möminlər qədim işıq vasitəsilə Düz Yolu tapmışlar, Allahla danışan Kəs (Musa) kimi ruhu titrədən çağırışdan məst olmuşlar, İnsan Ağacında alışıb yanan İlahi məhəbbət atəşindən gələn ilahi çağırışı eşitmişlər. Lakin Onun hidayət fəzlindən özlərini məhrum edən günahkarlar isə qəm-qüssə səbəbi olmuşlar. Zira baxmayaraq ki, mərhəmət buludlarından yağan bərəkət yağmurları bütün səhraları, düzləri, dağları, təpələri və vadiləri sulayır, onları təravətləndirib canlandırır: insanın tam itki çöllərində susuzluqdan yanan faydasız alaq otuna yazığı gəlir. Əgər biz İlahi Təlimlərə və Nəsihətlərə riayət etsək, bu şübhəsizdir ki, yer üzü uca Cənnnətə çevrilər, səadət ulduzu hamının yarı olar. Eynilə də, yəqindir ki, dostların sözləri şirin, gözləri iti, üzləri aşkar İşığa sübutdur, çünki İlahi Nəsihətlərin tələbləri belədir: bədxaha xeyirxah olmaq; düşmənə yaxın yoldaş; xəncəri ürəyə saplayan qatı düşmənə mehriban dost; pis xasiyyətli iftiraçını iltifat və təriflə qarşılamaq; heç kəsdən inciməmək, darılmamaq, sıxılmamaq və heç kəsdən qaçmamaq. Xeyr, bu nurlu əsrə yaraşan dünyanın xalqları və millətləri arasındakı kor-koranə fanatizmi aradan qaldırmaq; bəşərin birliyini göstərmək; yadları dost hiss etdirmək; düşmənə fəvalı dost kimi baxmaq; bütün icmaları və millətləri sevmək və onlara mehribanlıq göstərmək; hətta bütpərəsti belə məyus etməmək; bütün ixtilaf və ədavəti, rəqabət və münaqişəni, savaş və müharibəni aradan qaldırmaq; Sülh və firavanlıq səltənətini təbliğ etmək; bəşəriyyətin xeyirxahı olmaq; hər bir xainə sədaqətli olmaq, hər bir zalımı ədalətlə qarşılamaq; səltənətə etibar və dəyanətlə xidmət etmək; hakimiyyətə itaət etmək; dövlət üçün həyatı vermək; hər bir millətə sədaqətli olmaq və xidmət etmək; siyasi işlərə qarışmamaq; məmurlar haqqında pis danışmamaq; özümüzü Allaha təslim etmək; hər bir şəraitə qane olmaqdır. Salam və səna üzərinizə olsun. (Həzrət Əbdül-Bəhanın Azərbaycan Bəhailərinə Lövhü)

Ey mənim Allahım! Bu o şəhərdir ki, orada Sənin məhəbbət atəşi şölələnmiş, Səni tanımaq mərifətinin nuru parlamışdır. Elə isə onun üfüqlərindən Özünün İlahi Birlik nurunun bütün diyarlara parlaması ilə onun həndəvərini nurlu, onun ətrafını ətirli, meydanlarını geniş, xoşbəxtliyini sonsuz et. Sənin oradakı sevgili dostlarını Sənin birlik dənizinin dalğaları, mərifət ordularının dəstələri, bəxşiş bağının ağacları, inayət ağacının ən sevimli meyvələri eylə. Sən, həqiqətən, Kərəm Sahibi, Ən Ucasan! (Həzrət Əbdül-Bəhanın Azərbaycan Bəhailərinə Lövhü

Naxçıvan Bəhai icmasına yazılmış xeyir-dua (1896-ci il) Ey Allah! Onları bu dünyada Öz tövhid nişanələrin eylə və Sənin təyid nəsiminlə zirvədə dalğalanan tərif bayraqların eylə. Onları bu aləmdə tövhidin dan yerinin şəfəqləri, təcridin təzahürləri və Öz sifətlərinin nurunun məşriqləri eylə, ta ki, elə bir əxlaqa malik olsunlar ki, Şərq və Qərb onların pak nəfəslərindən ətirlənsin. Və onların üzünün nurundan yer kürəsinin cənubu və şimalı nurlansın.  Naxçıvan Bəhai icmasına yazılmış xeyir-dua, (1890-ci illərdə) Ey Allahın dostları! Deyilir ki, Qafqaz əslində Qaf dağıdır və Qaf dağı ilahi və səmavi Simurğun yuvasıdır. Allahın dostları gərək cəhd etsinlər və fədakarlıq göstərsinlər ki, həqiqətən, o ölkə Camalı -Əbhanın məhəbbət Simurğunun və uca üfüqün mərifət Ənqasının yuvası olsun. Və Salam və Səna sizin üzərinizə olsun.

Bakı Bəhai icmasına yazilan xeyir-dua (1902-ci il) Ey Allah! Bu o şəhərdir ki, orada Sənin məhəbbətinin atəşi şölələndi və Sənin mərifətinin işığı buradan saçdı. Elə isə onları hər tərəfi və hər yeri işıqlandıran və ətirləndirən eylə. Və qoy onlar o üfüqlərdən Sənin tövhid nurunun yayılması nəticəsində səadət və xoşbəxtlik fəzasının genişlənməsinə səbəb olsunlar. Onları Öz əhədiyyət dənizinin dalğalarından, Öz mərifət ordunun dəstələrindən, Öz bəxşiş bağının ağaclarından və Öz inayət ağacının meyvələrindən ən sevimliləri eylə. Həqiqətən Sən Ən Kərim və Ən Ucasan.

Ey Əbha Camalının dostları! Bilmirəm ki, hansı dil ilə söyləyim və nə cür yazım ki, az da olsa mənim ürəyimin dərinliyində Allahın dostlarına olan məhəbbəti bəyan edim. Allaha and olsun! Qələmlər bunu bəyan etməkdə acizdir və aqillər isə onu dərk edə bilməzlər. Ona görə də yaxşısı budur ki, bunu münacat dili ilə dua kimi söyləyim: Rəbbim, Rəbbim! Bunlar Sənin bəndələrindir ki, Sən bəxş etdiyin sığınacağa pənah gətiriblər. Və Sənin əzəmətli Əmrinin yanında pənah axtarmaq üçün gəliblər. Sənin dövründə əta dənizinin sahilinə can atıblar. Ya Rəbb! Onlara lütf və mərhəmət badələrini bəxş eylə. Comərdlik və bəxşiş buludlarını onların üzərinə yağdır. Onları fəzl və ehsan buludlarının kölgəsinə daxil et. Əhd və Misaq yolunda qədəmlərini möhkəmləndir. Ruh və bəxşiş nəsimlərini onlara göndər. Onları Öz varlıq və cəlal üfüqünə yüksəlt. Onların ürəklərini Öz tövhid nurunla ilhamlandır. Ruhlarını Sənin Camalını görməkdən məhrum edən şeylərdən pak et və qəlblərinə Öz münacatının ruhu ilə həyat ver. Və Öz müqəddəs rayihələrini onlara duydur. Ey Allahım, onları bu dünyada Özünün tövhid nişanələrin və vəsfetmə bayraqların eylə. Həqiqətən, Sən Ən Əziz və Ən Qüdrətlisən.

Ey Ələst piyaləsindən məst olmuşlar! Şükr olsun Qəyyum Tanrıya ki, əzəmətli çadırın kölgəsində və Əbha Cənnətindəsiniz və Ən nurlu bağa daxil olmusunuz. Ələst badəsindən heyrətdəsiniz. Və Allahın məhəbbət odunun hərarətindən həyəcana gəlmisiniz. Camalı-Əbhanın fəzl və lütflərindən ümid edirəm ki, azad insanların başçısı və nəcib adamların öndəri olasınız. Qəyyum Allahın varlığının nişanəsi olasınız və Aşkar Allahın dan yerinin şəfəqləri olasınız. Tövhid nişanələri və təcrid məqamında parlaq ulduzlar olasınız. Cahanın qəlbində və dünyanın özəyində eşqin atəşindən yanan bir çıraq olasınız və elə nur saçasınız ki, hər yan nurlansın və müqəddəs rayihələr irfan gülşənindən Qafqazın hər tərəfinə yayılsın. Ey mənim Allahım! Bu o şəhərdir ki, orada Sənin məhəbbətinin atəşi şölələndi və Sənin mərifətinin işığı buradan saçdı. Elə isə onları hər tərəfi və hər yeri işıqlandıran və ətirləndirən eylə. Və qoy onlar o üfüqlərdən Sənin tövhid nurunun yayılması nəticəsində səadət və xoşbəxtlik fəzasının genişlənməsinə səbəb olsunlar. Onları Öz əhədiyyət dənizinin dalğalarından, Öz mərifət ordunun dəstələrindən, Öz bəxşiş bağının ağaclarından və Öz inayət ağacının meyvələrindən ən sevimliləri eylə. Həqiqətən Sən Ən Kərim və Ən Ucasan.

Ey mənim Allahım, Ey mənim Allahım! Bunlar Sənin o bəndələrindir ki, onların batinləri xalisdir və onların niyyətləri pakdır. Və Sənin məhəbbətinin atəşi onların sinələrində alovlanıb və Sənin müqqəddəs ayələrini oxuyarkən onların nalələri Sənin Mələyi-Əlana və Sənin Əbha – Mələkutuna yüksəlir və onların ürəklərində Sənin məftunluq alovun şölələnib və onun hərarəti yüksəkliklərə və göyün ortasına çatıb. Ey mənim Allahım, Ey mənim Allahım, Bunlar həqiqətən, səqirdirlər, onları Öz Mələkutunda kübar, eylə, həqiqətən, onlar zəifdirlər, Öz Cəbərutunun gücü ilə onları güclü eylə, həqiqətən, onlar fəqirdirlər, Öz Lahut feyzinlə onları zəngin eylə.... Ey mənim Allahım! Ey mənim Allahım! Onları bu dünyada Öz tövhid nişanələrin eylə və Sənin təyid nəsiminlə zirvədə dalğalanan tərif bayraqların eylə. Onları bu aləmdə töhidin dan yerinin şəfəqləri, təcridin təzahürləri və Öz sifətlərinin nurunun məşriqləri eylə, ta ki, elə bir əxlaqa malik olsunlar ki, Şərq və Qərb onların pak nəfəslərindən ətirlənsin. Və onların üzünün nurundan yer kürəsinin cənubu və şimalı nurlansın. Həqiqətən, Sən İqtidar sahibi, Əziz, Güclü və Qadirsən.